Primov (Primov) və başqaları Rusiyaya qarşı – ərizə № 17391/06
12.6.2016 tarixli qərar [I Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Dinc nümayiş keçirilməsinə cavab olaraq kəndin tamamilə mühasirəyə alınması: pozuntu baş verib
Faktlar – 10 aprel 2006-cı ildə bir qrup şəxs rayon hakimiyyət orqanlarına yazılı bildiriş göndərdilər ki, aprelin 25-də Usuxçay kəndidəki parkda 5.000 nəfərlik nümayiş keçirmək istəyirlər. Bir həftə sonra hakimiyyət orqanları bildirişi aldılar, amma aşağıdakı üç əsasa görə nümayişin keçirilməsinə icazə verməkdən imtina etdilər: bildiriş "Toplantılar haqqında" qanunla müəyyən edilmiş beş günlük müddət haqqında qaydaya riayət edilmədən təqdim edilmişdi; parkın sahəsi 500-dən artıq adamın toplaşmasına imkan vermirdi; və nümayişçilərin iddiaları həqiqətə uyğun deyildi və rəsmi araşdırmanın nəticələri ilə təkzib olunurdu. Buna baxmayaraq, təşkilatçılar planlaşdırılmış nümayişi keçirdilər və birinci və üçüncü ərizəçilər nümayişdə iştirak etdilər. Polislər nümayişçilərin kəndin mərkəzinə gəlib çıxmasının qarşısını almaq üçün kəndi mühasirəyə aldılar və buna görə də etirazçılar qonşu Miskincə kəndinə yürüş etdilər. Saat 13 radələrində nümayişçilər federal səviyyəli yolu bağladılar. Polislər yolu açmağa cəhd edərkən nümayişçilərin bəziləri onlara daş atmağa başladılar. Bunun cavabında polislər odlu silahdan və xüsusi avadanlıqdan istifadə etməyə başladılar. Qarşıdurmanın sonunda bir neçə mülki şəxs və polis əməkdaşları xəsarət aldılar, bir mülki şəxs isə öldü. Sonradan birinci ərizəçi bu hadisə ilə bağlı həbs edildi, iki aya yaxın məhkəməyəqədər həbsdə saxlanıldı və sonda azad edildi.
Hüquqi məsələlər – Maddə 11: Ərizəçilər şikayət etdilər ki, hakimiyyət orqanlarının 25 aprel 2006-cı il tarixli nümayişin keçirilməsinə icazə verməmələri, nümayişin zorakılıqla dağıdılması və üç ərizəçinin həbs olunması onların ifadə azadlığı və dinc toplaşmaq azadlığı hüququnu pozub.
a) Nümayiş və onun dağıdılması – Nümayişin dağıdılmasının əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün Məhkəmə əvvəlcə rayon hakimiyyət orqanlarının nümayişə icazə verməmək üçün gətirdikləri əsasları araşdırdı və rədd etdi. Birincisi, "Toplantılar haqqında" qanunda bildiriş üçün müəyyən edilmiş beş günlük müddətin bildirişin göndərilməsinə, yoxa alınmasına aid olduğu qeyri-müəyyən idi, buna görə də təşkilatçıların qanunu yanlış anlamalarını üzrlü saymaq olardı. Bundan əlavə, qanunda bildirişin verilməsi üçün nəzərdə tutulan müddət olduqca qısa idi; təşkilatçılar tədbir gününün yaxınlaşmasını gözləməyərək bildirişi müəyyən edilmiş müddətin birinci günündə göndərmişdilər və beləliklə, qanunun olduqca sərt tələbinə riayət etmək üçün ağlabatan səylər göstərmişdilər. İkincisi, parkın sahəsinin azlığı nümayişin tam qadağan olunması üçün yetərli əsas deyildi; hakimiyyət orqanları nümayişçilərə başqa yer təklif etməli idilər. Üçüncüsü, ölkənin siyasi həyatına aid olan ictimai toplantılara 11-ci maddədə nəzərdə tutulmuş müdafiə xüsusilə şamil olunur və yalnız nadir hallarda toplantı onun iştirakçılarının çatdırmaq istədiyi ismarıcla əlaqədar olaraq qanunla qadağan edilə bilər. Dövlət orqanı sadəcə nümayişçilərin ismarıclarını düzgün hesab etmədiyinə görə nümayişi qadağan edə bilməz, xüsusən də tənqidin əsas hədəfi onun özüdürsə. Beləliklə, nümayişin keçirilməsinə icazə verməmək barədə qərar əsassız idi. Lakin bu qənaət belə nəticəyə gəlmək üçün yetərli deyil ki, nümayişin dağıdılması əsassız idi. Məhkəmə 25 aprel 2006-cı il hadisələrini iki mərhələyə bölərək onların araşdırılmasını davam etdirdi.
i) Usuxçay kəndinin mühasirəyə alınması – Özü-özlüyündə mühasirə qanuni idi və iğtişaşın və cinayətin qarşısını almaq məqsədini daşıyırdı. Lakin o, qarşıya qoyulmuş qanuni məqsədə mütənasib deyildi. Əsas yolun müvəqqəti olaraq bağlanması və qarşıdurma riski kəndin tamamilə mühasirəyə alınmasına haqq qazandırmaq üçün yetərli deyildi, xüsusən ona görə ki, nümayişçilərin niyyəti dinc toplantı keçirmək idi və həqiqətən nümayiş Miskincə kəndi yaxınlığındakı toqquşmaya qədər dinc şəkildə yekunlaşmışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
ii) Miskincə kəndi yaxınlığında etirazçılarla polis arasında toqquşma – Hətta nümayişin qadağan edilməsi barədə qərar yanlış olsa belə və Usuxçay kəndinin mühasirəsi qeyri-mütənasib addım olsa belə, bu, etirazçılara federal yolu bağlamaq və polisə hücum etmək hüququ vermirdi. Müvafiq olaraq, polisin müdaxiləsi milli hakimiyyət orqanlarının qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdı. Birinci və üçüncü ərizəçilərin hər hansı zorakılıq aktında şəxsən iştirak etdiklərinə dair ciddi sübut olmasa da, çoxlu sayda nümayişçilər nümayişin dinc xarakterini pozmuş, polislər daşlar, dəmir çubuqlar, taxta dəyənəklər və bıçaqlarla hücum edərək onların bəzilərinə ciddi xəsarət yetirmişdilər. Bu hadisələrin fonunda polislərin xüsusi avadanlıqdan və hətta odlu silahdan istifadə etmələri əsassız sayıla bilməzdi, belə ki, odlu silahdan kimisə qəsdən öldürmək və ya yaralamaq niyyəti ilə istifadə edildiyinə dair sübut yox idi.
Bununla belə, Məhkəmə vurğuladı ki, toqquşma zamanı polisin xəsarət yetirdiyi şəxslərdən və ya ölmüş şəxsin qohumlarından şikayət almayıb. 11-ci maddənin kontekstində Məhkəmə bu qənaətə gəlməyə hazırdır ki, ümumilikdə hakimiyyət orqanlarının yolun bağlanmasına və çoxsaylı etirazçılar qrupunun aqressiv davranışına reaksiyası qeyri-mütənasib deyildi.
Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı beş səslə).
b) Tutulma və həbsdə saxlanma – İkinci və üçüncü ərizəçilərin ayrıca insidentə aid olan şikayətləri açıq-aydın əsassız elan edildi. Birinci ərizəçiyə gəlincə, onun həbsi açıq-aydın 25 aprel 2006-cı il hadisələrindəki rolu ilə əlaqədar idi. Hakimiyyət orqanları onun insanları polislərə hücum etməyə təhrik etməsindən həqiqətən şübhələnirdilər, buna görə də onun tutulması və həbsdə saxlanması qanuni əsasa malik idi və iğtişaşın və ya cinayətin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı. 11-ci maddə ictimai toplantılar zamanı törədilmiş zorakılıq aktlarına görə məhkəmə təqibindən müdafiəni təmin etmir, xüsusən də zorakılığın şiddəti yüksəkdirsə. Hakimiyyət orqanlarının qərəzli niyyətlə hərəkət etdiklərini göstərən heç bir sübut yoxdur və işin mürəkkəbliyini nəzərə alsaq, istintaq müddətində ərizəçinin iki ay həbsdə saxlanması əsaslı tədbir idi. Nəhayət, onun azadlığa buraxılması və yetərli sübutlar olmadığına görə üzərindən ittihamların götürülməsi onun göstəricisi idi ki, hakimiyyət orqanlarının niyyəti hadisələrə görə etirazçıların rəhbərlərini təqsirkar hesab etmək deyil, həqiqəti üzə çıxarmaq idi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə birinci və üçüncü ərizəçilərin hər birinə 7.500 avro təyin edildi.
Full & Egal Universal Law Academy