Lixtenşteyn şahzadəsi II Hans-Adam Almaniyaya qarşı [BP] – ərizə № 42527/98
12.7.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Kompensasiya məqsədi ilə xaricdəki əmlakların müsadirə olunması ilə bağlı iddia tələblərinə Almaniya məhkəmələrinin yurisdiksiyasının şamil edilməməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi Lixtenşteyn monarxıdır. 1946-cı ildə keçmiş Çexoslovakiyada onun atasına məxsus olan mülkiyyət almanların və macarların kənd təsərrüfatı əmlaklarının müsadirəsinə dair fərmana uyğun olaraq Çexoslovakiyanın hakimiyyət orqanları tərəfindən müsadirə edilmişdi. Əmlaklar sırasına ərizəçinin ailəsinin sənət əsərləri kolleksiyasının tərkib hissəsini təşkil edən rəsm əsəri də daxil idi. Ərizəçinin atasının müsadirəyə qarşı verdiyi şikayət ərizəsi təmin edilmədi. Bratislava İnzibati Məhkəməsi bu nəticəyə gəldi ki, o, fərmanda nəzərdə tutulan mənada Almaniya vətəndaşı idi. 1991-ci ildə Köln bələdiyyəsi rəsm əsərini müvəqqəti istifadə üçün əldə etdi. Köln Regional Məhkəməsi müvəqqəti məhkəmə əmrinin qəbulu üçün ərizəçinin verdiyi vəsatəti təmin etdi, həmin əmrə görə, bələdiyyə rəsm əsərini məhkəmə icraçısına təhvil verməli idi. Ərizəçi rəsm əsərinin mərhum atasının mirası qismində ona qaytarılması üçün məhkəmədə iddia qaldırdı. 1995-ci ildə Köln Regional Məhkəməsi iddia ərizəsini qəbulolunmaz elan etdi və belə əsas gətirdi ki, üç işğalçı müttəfiq dövlətlə Almaniya arasında bağlanmış müqaviləyə, yəni Hərbi əməliyyatlar və işğal nəticəsində yaranan mübahisələrin həlli haqqında 1954-cü il tarixli Konvensiyaya əsasən, kompensasiya tədbirləri nəticəsində Almaniyanın xaricdə müsadirə olunmuş əmlakları üzərində mülkiyyət hüququ əldə etmiş şəxslərə qarşı qaldırılan iddialara Almaniyanın yurisdiksiyası şamil olunmur. Köln Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətini rədd etdi, Federal Məhkəmə isə onun kassasiya şikayətini təmin etməkdən imtina etdi. Nəhayət, Konstitusiya Məhkəməsi onun konstitusiya şikayətini təmin etməkdən imtina etdi. Nəticədə məhkəmə əmrinin icrası dayandırıldı və son nəticədə rəsm əsəri Çex Respublikasına qaytarıldı.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Məhkəmələr ərizəçinin arqumentlərini mahiyyəti üzrə araşdırmayaraq diqqətlərini Almaniyanın yurisdiksiyasının istisna olunub-olunmaması məsələsinə yönəltmiş və qərara almışdılar ki, qanun bu iddianın icraata qəbul edilməsinə icazə vermir. Beləliklə, beynəlxalq xüsusi hüquq normalarının tətbiqi nəticəsində ərizəçi mülkiyyətlə bağlı iddia tələbinin həll edilməsi hüququndan məhrum olmuşdu. Mübahisələrin həlli haqqında Konvensiyanın qəbulu və onunla əlaqədar sazişlərin bağlanması üzrə danışıqlarda iştirak edərkən Almaniya Federativ Respublikası müttəfiq dövlətlərin kompensasiya məqsədi ilə həyata keçirilən müsadirə tədbirlərinin Almaniya məhkəmələrinin icraatına qəbul edilməsini istisna etməyə yönələn niyyətləri qarşısında mövqeyini müdafiə etmək iqtidarında deyildi. Bundan başqa, Almaniya məsələsinin yekun olaraq həll edildiyi və Almaniyanın birləşdirildiyi 1990-cı ildə Almaniya Federativ Respublikasının mövqeyi dəyişməmişdi və o, bunu qəbul etməli olmuşdu ki, onun yurisdiksiyasına qoyulmuş xüsusi məhdudiyyətlər ləğv edilmir. Beləliklə, Almaniyanın yurisdiksiyasının istisna olunması beynəlxalq ümumi hüquqda Almaniyanın xüsusi statusunun nəticəsi idi və bu unikal durumda Almaniya məhkəməsinə müraciət hüququna qoyulmuş məhdudiyyət qanuni məqsəd daşıyırdı. Mübahisələrin həlli haqqında Konvensiyanın predmet və məqsədini və siyasi tarixçəsini nəzərə alsaq, Almaniya məhkəmələri məntiqə görə belə hesab etməli idilər ki, mövcud sistemin məntiqi kompensasiya məqsədi ilə həyata keçirilən müsadirə tədbirlərinə Almaniya məhkəmələri tərəfindən yenidən baxılmasını istisna edir. Beləliklə, demək olmazdı ki, Mübahisələrin həlli haqqında Konvensiyaya Almaniya məhkəmələri tərəfindən verilmiş şərh Almaniyanın əvvəlki presedent hüququna zidd idi, yaxud həmin şərhin tətbiqi açıq-aydın yanlış və ya əsassız idi. Bundan başqa, ərizəçinin mülkiyyətlə bağlı iddia tələblərinin xarakteri xüsusi əhəmiyyət kəsb edirdi: rəsm əsəri keçmiş Çexoslovakiyanın (sonradan Çex Respublikasının) ərazisində qalmışdı və kompensasiya tədbirləri ilə bağlı mübahisələrin həllinin əsil məkanı keçmiş Çexoslovakiyanın, sonradan isə Çex və Slovakiya Respublikalarının məhkəmələri idi. Müsadirə tədbirlərinin etibarlılığına və qanuniliyinə etiraz edərək Almaniya Federativ Respublikasında iddia qaldırmanın uğur qazanma ehtimalı isə çox az idi və bu tələbin faktoloji əsası ilə Almaniya məhkəmələrinin yurisdiksiyası arasında əlaqə təsadüfi xarakter daşıyırdı. Beləliklə, ərizəçinin məhkəmədə iddia qaldırmaq marağı Almaniyanın ərazi suverenliyinin bərpası və ölkənin birləşdirilməsi kimi mühüm ictimai maraqlardan üstün tutula biləcək maraq deyildi və Almaniya məhkəmələrinin qərarları qarşıya qoyulan qanuni məqsədə qeyri-mütənasib hesab edilə bilməzdi. Müvafiq olaraq, həmin qərarlar məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirməmişdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy