İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
RAFİQ ƏLİYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 45875/06)
Q Ə R A R
STRASBURQ
06 dekabr 2011-ci il
Rafiq Əliyev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Nina Vajiç, Sədr,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose, hakimlər,
və Bölmə katibinin müavini Andre Vampaş,
15 noyabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin gün aşağıdakı qərarı qəbul edib.
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə uyğun olaraq bu iş Azərbaycan vətəndaşı Rafiq Şövlət oğlu Əliyevin Azərbaycana qarşı 13 noyabr 2006-cı ildə təqdim etdiyi şikayət (no. 36122/06) ilə başlanmışdır.
2. Ərizəçi Londonda fəaliyyət göstərən hüquqşünaslar xanım L.Ceyms və Herne Hill QC Lordu Lester və Bakıda fəaliyyət göstərən hüquqşünas cənab M.Mustafayev, Azərbaycan Hökuməti (bundan sonra - “Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi, xüsusilə iddia edir ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqi zamanı Konvensiyanın 3, 5, 6, 8, 13 və 14-cü maddələri, habelə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüquqları müxtəlif yerli dövlət orqanları və vəzifəli şəxsləri tərəfindən pozulmuşdur.
4. 2007-ci il aprelin 4-də Birinci Bölmənin sədri şikayət barədə Hökuməti məlumatlandırmaq haqqında qərar qəbul etmişdir. Həmçinin, şikayətin məqbuliyyəti və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərdən biri olan Azpetrol Beynəlxalq Holdinqə (bundan sonra müxtəlif şirkətlər və bölmələr daxil olan - “Azpetrol”) məxsus bir neçə Azərbaycan şirkətlərinə rəhbərlik edib.
A. Ərizəçi barəsində cinayət təqibi
1. Ərizəçinin tutulmasının xüsusiyyətləri
(a) Hadisələrin ərizəçi tərəfindən təsviri
6. 2005-ci il 19 oktyabr tarixdə təxminən səhər saat 7-də ərizəçi Moldovanın Kişinyov şəhərinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına gəlmişdir. Gömrük və sərhəd nəzarətindən keçərək ərizəçi bəyan etmişdir ki, onun üzərində 900 ABŞ dolları məbləğində xarici valyuta olmuşdur. Göstərilən məbləğ həmin vaxt gömrük bəyannaməsi üçün müəyyən edilmiş 1.000 ABŞ dolları məbləğində minimal həddən az olmuşdur.
7. Gömrükdən keçdikdən sonra ərizəçi 25-30 dəqiqə ərzində öz uçuşunu VİP zalda gözləmişdir. Onun baqajı VİP xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və sonuncu baqajın təyyarəyə yerləşdirilməsinə cavabdeh idi. Minik elan edildikdən sonra VİP zalda gözləyən sərnişinlər mikroavtobusla təyyarəyə aparılmışdırlar. Lakin ərizəçi təyyarəyə minəndə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış və hava limanının gömrük məntəqəsinə aparılmışdır. Burada ərizəçiyə elan etmişdilər ki, o öz əl baqajında külli miqdarda xarici valyutanın keçirilməsində şübhəli bilinir.
8. Əl baqajının axtarılması zamanı çantanın çöl cibində ümumilikdə 30.000 ABŞ dolları məbləğində üç paketə bükülmüş əskinazlar aşkar edilmişdir. Ərizəçi buna etiraz edərək bildirib ki, həmin pul ona məxsus deyil və baqaj VİP xidmətinin əməkdaşında olarkən oraya qoyulub.
9. Ərizəçi saat 7.00-dan 16.00-dək Dövlət Gömrük Komitəsi tərəfindən hava limanında saxlanılmışdır. Həmin vaxt ərzində ona həm ailəsi, həm də öz seçimi üzrə müdafiəçi ilə əlaqə saxlamağa icazə verilməmişdir. Saat 16.00-da ərizəçi Dövlət Sərhəd Xidmətinin İstintaq idarəsinə aparılmışdır. Saat 21.00-da ərizəçiyə qardaşı Əlipənah Əliyevlə əlaqə saxlamağa və ona saxlanıldığı yer barədə məlumat verməyə icazə verilmişdir.
10. Ərizəçi barəsində işin istintaqını aparan müstəntiq ona bildirdi ki, barəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə (Qaçaqmalçılıq; gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) cinayət işi başlanılıb.
11. Təxminən saat 23.55-də müstəntiq ərizəçini dövlət tərəfindən təyin edilmiş müdafiəçinin iştirakı ilə dindirməyə cəhd göstərmiş, lakin ərizəçi həmin vəkildən imtina etmişdir. Bununla əlaqədar protokolda imtina barədə qeyd daxil edilmişdir.
(b) Hadisələrin Hökumət tərəfindən təsviri
12. 19 oktyabr 2005-ci il tarixdə təxminən səhər saat 7-də ərizəçi Bakı Beynəlxalq Hava Limanına gəlmişdir. Ərizəçi gömrük nəzarətindən keçərkən rentgen monitoru vasitəsilə onun baqajında bir neçə kağıza bükülmüş paket aşkar edilmişdir. Gömrük əməkdaşları ərizəçidən soruşublar ki, o özü ilə hər hansı əşyanı bəyan etməməklə keçirirmi? Ərizəçi buna mənfi cavab verib. Ərizəçi VİP zalına daxil olandan sonra gömrük əməkdaşı öz şübhələri barəsində rəhbərinə məruzə edib. Təxminən saat 7.30-da hava limanının gömrük xidmətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və iki hal şahidi ilə birlikdə ərizəçinin baqajı üzərində axtarış həyata keçiriblər və orada bəyan edilməmiş 30.000 ABŞ dolları aşkar ediblər.
13. Gömrük əməkdaşları ilkin sorğunu həyata keçirmiş, ərizəçinin və hal şahidlərinin izahatlarını və aşkar edilmiş hər əskinazı siyahıya almışlar. Bu prosedur bir neçə saat ərzində keçirilib və saat təxminən 17.50-də yekunlaşmışdır. Gömrük əməkdaşları sonradan müvafiq sənədləri Baş Prokurorluğa göndərmişdilər.
14. Saat təxminən 21.30-da ərizəçi müdafiəçinin çağırılması ilə əlaqədar qardaşlarından biri ilə telefon vasitəsilə əlaqə saxlayıb. Ərizəçinin seçdiyi müdafiəçi gəlmədiyinə görə Dövlət Sərhəd Xidmətinin İstintaq idarəsinin müstəntiqi dövlət hesabına müdafiəçini təyin edib. Lakin ərizəçi dövlət hesabına təyin edilmiş müdafiəçinin xidmətindən imtina edərək müdafiəsini öz müdafiəçisi gələnədək özü tərəfindən həyata keçirdiyini yazılı şəkildə bildirmişdir.
15. Saat 22.30-da müstəntiq ərizəçinin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib etdi. Ərizəçiyə onun hüquqları izah olundu və o, saat 22.50-dən 11.15-dək dindirildi.
16. 2005-ci il 20 oktyabr tarixdə ərizəçinin ailəsi tərəfindən müəyyən edilmiş iki vəkil gəlmişdir. Bundan sonra ərizəçi öz vəkillərinin iştirakı ilə istintaqa cəlb edilərək dindirilmişdir.
2. Ərizəçinin tutulması zamanı baş vermiş digər hadisələr
(a) Ərizəçinin qardaşı Fərhad Əliyevin tutulması və
qohumlarının təqibinin iddia edilməsi
17. Həmin gün ərizəçinin qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hakimiyyətin zorla ələ keçirilməsini təşkil etməkdə şübhəli bilinərək, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulmuşdur (baxın, həmin işlə əlaqədar ətraflı məlumat almaq üçün Fərhad Əliyev Azərbaycana qarşı, no. 37138/06, 09 noyabr 2010-cu il).
18. Ərizəçinin ifadələrinə görə, onun digər qardaşları ya tutduqları vəzifələrindən azad olunmuş, ya da tutulmuşdular. Əlipənah Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sədri, tutduğu vəzifəsindən azad edildi. Əşəd Əliyev, kommersiya təşkilatının icraçı direktoru, vergi ödəməkdən yayınmaya görə istintaqa cəlb olunub, lakin sonradan ödəməli olduğu məbləği ödəməyə razılaşandan sonra buraxılıb. Sudeyif Əliyev, kiçik xalça toxuculuq fabrikinin rəhbəri, vergi ödəməkdən yayınmaya görə təqsirləndirilib. Milli Məclisə seçkilərdə namizəd olan Əlövsət Əliyevin namizədliyi məhkəmə tərəfindən ləğv edilib. Ərizəçinin ifadəsinə görə, bir neçə həmkarları tutduqları vəzifələrdən azad ediliblər.
(b) Axtarışlar
19. Ərizəçinin ifadələrinə əsasən, onun tutulması günü Vergilər Nazirliyinin əməkdaşları Azpetrolun Bakıdakı ofislərində yoxlamalar həyata keçirmiş və şirkətin mühasibatlığında pozuntular aşkar edilərək şirkətin xəzinədarlığından külli miqdarda nağd pul götürülmüşdür.
20. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra - “MTN”) əməkdaşları ərizəçinin şəxsi mənzilində və Azpetrolun iki inzibati binasında axtarışlar həyata keçirmişlər. Ərizəçinin ifadələrinə görə, MTN-in əməkdaşları bir neçə şəxsi və ev əşyaları, o cümlədən uşaqların kompüterlərini, telefon kitabçalarını, iki ədəd videokaseti, habelə qiymətli əşyaları, o cümlədən bahalı saatları, həmçinin ərizəçiyə və həyat yoldaşına məxsus zinət əşyalarını mənzildən götürmüşdülər. Azpetrol şirkətinin ofislərindən sənədlər və şirkətin mühafizəçilərinin istifadəsində olan qeydiyyata alınmış silahlar götürülmüşdür. Bu hadisələrdən sonra 2006-cı ilin mart ayında ərizəçi götürülmüş şəxsi əşyalarının qaytarılması üçün istintaqı həyata keçirən orqana vəsatət vermiş, lakin bu vəsatət 2006-cı il martın 26-da Cinayət-Prosessual Məcəlləsinin 129.4-cü maddəsinə əsasən (Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır) rədd edilmişdir.
(c) Ərizəçiyə, onun qardaşı Fərhad Əliyevə və digər şəxslərə qarşı həyata keçirilən cinayət təqibinə dair hüquq mühafizə orqanları tərəfindən mətbuata verilmiş məlumatlar
21. 2005-ci il 20 və 21 oktyabr tarixlərində rəsmi mətbuatda və digər kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin xüsusi məlumatı” başlığı ilə iki mətbuat məlumatı dərc edilmişdir. Həmin məlumat vasitəsilə bir sıra tanınmış vəzifədə olan və vəzifədə olmuş dövlət xadimlərinin həbsi və onlara qarşı sürülmüş ittihamlar barədə ictimaiyyətə məlumat verilmiş, həmçinin onların seçkilər zamanı “ölkənin siyasi vəziyyətində demokratik dəyişikliklərə nail olması” adı ilə “hakimiyyəti zorla ələ keçirmə”yə dair güman edilən planları ilə əlaqədar əldə edilmiş sübutların xülasəsi təqdim edilmişdir. Xüsusilə, sözügedən sübutlar tutulan şəxslərin birinin həmin dövlət xadimlərinin maliyyələşdirilməni təqdim edənlər arasında baş vermiş məxfi görüş barədə ifadələrindən, habelə onların evlərində aşkar edilmiş külli məbləğdə nağd pullardan və digər qiymətli əşyalardan ibarət olmuşdur. Eyni zamanda, tutulan şəxslərin bir neçəsi dövlət əmlakının mənimsənilməsində və vəzifə səlahiyyətlərini aşmada şübhəli biliniblər. Xüsusilə, həmin məlumatda ərizəçinin qardaşı Fərhad Əliyev, Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev, keçmiş maliyyə naziri Fikrət Yusifov, səhiyyə naziri Əli İnsanov, həmçinin digər aşağı vəzifəli şəxslərin adları hallanmışdır. İş materiallarından görünür ki, qeyd olunan şəxslər (Rəsul Quliyev istisna olmaqla, o, Azərbaycanın hüdudlarından kənarda olmuşdur) mətbuat məlumatının dərc olunmasından əvvəl tutulmuşdular.
22. Ərizəçinin adı da aşağıda göstərildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsini təşkil etməkdə şübhəli bilinən digər şəxslərlə birlikdə həmin mətbuat məlumatlarında göstərilir. Lakin həmin mətbuat məlumatlarının dərc olunması zamanı ərizəçinin tutulmasına, şübhəli şəxs qismində istintaqa cəlb olunmasına və ya ona aid olmayan cinayətlərlə əlaqədar təqibinə dair heç bir fakt göstərilməyib.
23. 2005-ci il oktyabrın 20-də dərc edilmiş mətbuat məlumatında, xüsusilə, aşağıdakılar qeyd olunur:
“Bundan başqa, qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmiş və o, oktyabr ayının 16-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin müvafiq qərarına əsasən həbs edilmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100.000 avro və 60.000 ABŞ dolları götürülmüşdür.
2005-ci il 18 oktyabr tarixdə Fikrət Yusifov Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə ilə müraciət edərək, Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü olaraq məlumat vermək istədiyini bildirmişdir.
Fikrət Yusifov ifadəsində göstərmişdir ki, 2005-ci ilin iyul ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı əvvəllər də sıx əlaqədə olduğu Rəsul Quliyev onun mobil telefonuna zəng vuraraq, ölkədəki hakimiyyətin ələ keçirilməsi prosesini maliyyələşdirmək barədə tapşırıqlarını Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyevə və maliyyə imkanları olan digər tərəfdaşlarına çatdırmaq barədə göstəriş vermişdir.
Bununla əlaqədar, Fikrət Yusifov cari ilin avqust ayında Fərhad Əliyevlə onun qardaşı Rafiq Əliyevə məxsus ofisdə görüşmüş və Rəsul Quliyevin tapşırığını ona çatdırmışdır. Fərhad Əliyev bu məsələdə hər cür kömək göstərəcəyini və öz əlaqələri vasitəsilə əlavə tədbirlər görəcəyini vəd etmişdir. Avqust ayının sonlarında Fikrət Yusifov Sankt-Peterburq şəhərinə qayıdaraq, Fərhad Əliyevin razılığını telefon vasitəsilə Rəsul Quliyevə xəbər vermişdir.
Rəsul Quliyevin növbəti tapşırığına əsasən, o, sentyabrın 23-də Bakı şəhərinə qayıdaraq, həmin ofisdə yenidən Fərhad Əliyevlə görüşmüş və sonuncu istənilən köməyi göstərəcəyini, eyni zamanda, 3 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa və ondan asılı olan bütün işləri təşkil etməyə hazır olduğunu bir daha bildirmişdir.
2005-ci il oktyabrın 3-də Fikrət Yusifov Berlin şəhərində Rəsul Quliyevlə görüşmüşdür. Bu görüşdə cari il oktyabr ayının ortalarında Bakı şəhərinə dönəcəyini bildirən Rəsul Quliyev onu böyük insan kütləsinin qarşılamasının, bununla da həbsinə imkan verilməməsinin, kütləvi iğtişaşlar törətməklə hakimiyyətin zorla ələ keçirilməsinin vacibliyini vurğulamışdır. Rəsul Quliyev, həmçinin bu işlərin təşkili üçün Fərhad Əliyevin real maliyyə yardımı göstərməsi barədə konkret tapşırıq vermişdir.
Bakı şəhərinə qayıdan Fikrət Yusifov Fərhad Əliyevlə görüşərək, bu tapşırığı ona çatdırmışdır. Oktyabrın 15-də Fərhad Əliyev hakimiyyətin zorla ələ keçirilməsinin maliyyələşdirilməsi üçün 100.000 avro məbləğində pulu şəxsən Fikrət Yusifova vermişdir. Həmin pullar 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı aşkar edilərək, maddi sübut kimi götürülmüşdür.
İstintaq gedişində aparılmış axtarış zamanı Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.
Əməliyyat tədbirləri nəticəsində həmçinin müəyyən olunmuşdur ki, Fərhad Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət əmlakının özəlləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verərək dövlət əmlakını cüzi qiymətlərlə sənədləşdirərək və öz qohum və yaxınlarının adına rəsmiləşdirərək, faktiki olaraq öz mülkiyyətinə keçirmişdir.
Hazırda Fərhad Əliyevə məxsus çoxsaylı kommersiya obyektlərində, o cümlədən AZPETROL şirkətində qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir. AZPETROL şirkətinin sahibi Rafiq Əliyev ölkənin hüdudlarını tərk etmək istərkən hava limanında yaxalanmışdır.
Toplanmış materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorunun qərarı ilə 2005-ci il 18 oktyabr tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 28, 220 (kütləvi iğtişaşa hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə cinayət işi başlanılmış və Fərhad Əliyev 2005-ci il 19 oktyabr tarixdə həmin iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.”
24. 2005-ci il oktyabrın 21-də dərc edilmiş pres relizdə, xüsusilə, aşağıdakılar qeyd olunur:
“Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3, 308.2, 28, 220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.
Belə ki, aparılmış axtarışlar nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50 min 500 ABŞ dolları, 6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, «Qızıl Şərq» hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyevə məxsus «Azpetrol» şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda həmçinin külli miqdarda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunmuşdur. Fərhad Əliyevə faktiki məxsus olan çoxsaylı kommersiya obyektlərində korrupsiya və digər qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir. Törədilmiş cinayət əməllərinin bütün xüsusatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.”
3. Ərizəçinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar və ərizəçinin işinin Fərhad Əliyevin işi ilə birləşdirilməsi
25. 2005-ci il oktyabrın 20-də Dövlət Sərhəd Xidmətinin müstəntiqi ərizəçiyə qarşı cinayət işinin başlanılması haqqında qərar çıxarıb (iş no. 76587) və ərizəçini Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə bəyan etməməklə külli məbləğdə xarici valyutanın gömrükdən keçirilməsinə cəhd edilməsində təqsirləndirilən şəxs qismində cəlb edib.
26. Həmin gün saat 18.00-da ərizəçi Səbail rayon məhkəməsinə aparılmışdır. Məhkəmə iclası təxminən 10-15 dəqiqə davam etmişdir. Ərizəçiyə qarşı sürülən ittihamlara və həbs qətimkan tədbirinin tətbiqi barədə prokurorluğun təqdimatına əsaslanaraq, hakim ərizəçi barəsində iki ay müddətində həbs qətimkan tədbiri seçmişdir. Hakim bu tədbirin seçilməsini ərizəçinin törətdiyi ehtimal olunan cinayətin ağırlığı və azadlıqda olarkən cinayət prosesini həyata keçirən orqandan gizlənmək ehtimalı ilə əsaslandırmışdır. Bu iclas ərizəçinin iştirakı ilə keçirilmiş yeganə iclas olmuşdur. Növbəti məhkəmə iclaslarında ərizəçi müdafiəçiləri tərəfindən təmsil olunmuşdur, onun iştirakına isə icazə verilməmişdir.
27. Görünür ki, Səbail rayon məhkəməsinin qərarından sonra ərizəçi 1 saylı İstintaq təcridxanasına aparılmışdır.
28. Həbsdə saxlanılması üçün sübutların və müvafiq əsasların kifayət qədər olmamasını iddia edərək, ərizəçi Səbail rayon məhkəməsinin 2005-ci il 20 oktyabr tarixli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi 2005-ci il 27 oktyabr tarixli qərarı ilə ərizəçinin apellyasiya şikayətini rədd edərək aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ərizəçi tərəfindən verilən bir sıra iddialar araşdırılmamış və onlara Apellyasiya Məhkəməsinin qərarında hüquqi qiymət verilməmişdir.
29. 2005-ci il 22 oktyabr tarixdə ərizəçi MTN-in İstintaq təcridxanasına keçirilmişdir. Onun müdafiəçisi bu barədə məlumatlandırılmamışdır. Bununla əlaqədar, müdafiəçi ərizəçinin saxlanıldığı yer barədə məlumatın verilməsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavininə sorğu göndərmişdir.
30. 2005-ci il noyabrın 10-da ərizəçinin müdafiəçisinə rəsmi bildirilmişdir ki, 2005-ci il 22 oktyabr tarixdə ərizəçi barəsində qaldırılmış 76587 saylı iş Baş Prokurorluğa təqdim edilmiş və Fərhad Əliyev barəsində başlanılmış 76586 saylı işlə birləşdirilmişdir. Ərizəçinin müdafiəçisi cinayət işlərinin birləşdirilməsi haqqında qərarın surətinin ona verilməsi barədə vəsatət verib. Noyabrın 25-də həmin vəsatət Cinayət-Prosessual Məcəlləsində bu kimi qərarların ərizəçinin müdafiəçisinə təqdim edilməsi nəzərdə tutulmadığına görə rədd edilmişdir.
31. 2005-ci il dekabrın 2-də ərizəçi onun işinin Fərhad Əliyevin işi ilə birləşdirilməsi üçün heç bir hüquqi əsasın olmadığını iddia edərək (onlara qarşı bir- birindən tamamilə fərqli olan cinayətlərin törədilməsində ittiham elan edilmişdir) Baş Prokurora şikayət vermişdir. 2005-ci il dekabrın 8-də Baş Prokuror həmin şikayəti rədd etmişdir.
4. Həbs qətimkan tədbirinin müddətinin uzadılması
32. 2005-ci il noyabrın 25-də ərizəçi həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün Səbail rayon məhkəməsinə müraciət edib. Ərizəçi öz müraciətində qeyd edib ki, sübutların mübahisəli olduğunu nəzərə alaraq, tərəfindən törədildiyi iddia edilən cinayətlərlə əlaqədar əsaslandırıcı şübhələrin olmamasına görə barəsində qəbul edilmiş həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar əsaslandırılmayıb. 2005-ci il 6 dekabr tarixli qərarı ilə Səbail rayon məhkəməsi ərizəçinin cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyini, ictimaiyyətə təhlükə yaradacağını və cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməyini istisna edən halların mövcud olmadığını nəzərə alaraq, ərizəçinin müraciətini rədd edib.
33. Nəsimi rayon məhkəməsi (həmin məhkəmə ərizəçinin işinin birləşdiyi 76586 saylı işə məhkəmə nəzarətini həyata keçirirdi) 2005-ci il 13 dekabr tarixli qərarı ilə ərizəçinin həbsdə saxlama müddətini iki ayadək (2006-cı il fevralın 19-dək) uzatmışdır. Hakim bu qərarını aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
“Ərizəçinin həbsdə saxlama müddətinin başa çatmasınadək zəruri istintaq hərəkətlərinin tam yerinə yetirilməsi mümkün deyildir.
Buna görə də, ərizəçiyə istinad edilən əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənmək, çağırışa gəlməmək ehtimalının kifayət qədər əsas verdiyini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır.”
34. Apellyasiya Məhkəməsi 2005-ci il 20 dekabr tarixli qərarı ilə Nəsimi rayon məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.
35. Nəsimi rayon məhkəməsi 2006-cı il 10 fevral tarixli qərarı ilə növbəti üç ay müddətinə (2006-cı il aprelin 19-dək) ərizəçinin həbsdə saxlama müddətini uzatmışdır. Apellyasiya Məhkəməsi 2006-cı il 16 fevral tarixli qərarı ilə bu qərarı qüvvədə saxlamışdır.
36. Nəsimi rayon məhkəməsi 2006-cı il 13 aprel tarixli qərarı ilə növbəti üç ay müddətinə (2006-cı il iyulun 19-dək) ərizəçinin həbsdə saxlama müddətini uzatmışdır. Apellyasiya Məhkəməsi 2006-cı il 21 aprel tarixli qərarı ilə bu qərarı qüvvədə saxlamışdır.
37. Həbsin uzadılması ilə bağlı qəbul edilmiş hər bir qərardan əvvəl ərizəçi istintaqdan qaçmağa niyyəti olmadığını nəzərə alaraq, onun həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təqdimatı məhkəməyə verməmək barədə Baş Prokurorluğa bir sıra müraciətlər etmişdir. Ərizəçinin bununla əlaqədar bütün müraciətləri rədd edilmişdir.
38. Həbsin uzadılması ilə əlaqədar keçirilmiş həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəmələrinin iclaslarında ərizəçi müdafiəçisi (və ya müdafiəçiləri) tərəfindən təmsil olunmuşdur. O, şəxsən həmin iclaslarda iştirak etməmişdir.
39. Nəsimi rayon məhkəməsinin ərizəçinin həbsdə saxlanılması müddətinin uzadılması barədə qəbul edilmiş qərarlarının təsviri hissəsi yuxarıda 33-cü bənddə göstərildiyi kimi təkrarlanmış və ya ona oxşar olmuşdur. Həmin qərarlarla bağlı verdiyi apellyasiya şikayətlərində ərizəçi iddia etmişdir ki, birinci instansiya məhkəməsi onun həbsdə saxlanılmasının zəruriliyini qiymətləndirərkən bir sıra məsələləri, o cümlədən, onun cinayət törətməkdə şübhəli bilinməsi üçün əsaslı sübutların mövcud olmamasını, barəsində elan edilmiş sadə ittiham üzrə aparılmış istintaqın əsassız uzadılmasını, həbsdə saxlanılması müddətinin uzadılması barədə qəbul edilmiş qərarlarda birinci instansiya məhkəməsinin yalnız ittiham tərəfinin təqdim etdiyi dəlillərə əsaslandığını və məhkəmə tərəfindən sübutların müstəqil baxılmamasını, istintaqın normal gedişinə mane olmasına və ya istintaqdan gizlənməsinə kifayət qədər əsasların olmamasını, habelə onun şəxsi xüsusiyyətlərini nəzərə almayıb. Ərizəçi barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması haqqında qərarları qüvvədə saxlayarkən Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarlarını təkrarlamış və ərizəçi tərəfindən apellyasiya şikayətlərində qaldırılmış spesifik məsələlərə hüquqi qiymət verməmişdir.
5. Ərizəçinin əmlakı üzərinə həbs qoyulması
40. İttiham tərəfindən aşkar edilən ərizəçinin ona məxsus bir sıra kommersiya təşkilatlarının rəhbəri kimi 2005-ci ilin iyun və sentyabr aylarında digər iştirakçıların köməyi ilə mütəşəkkil dəstə yaradaraq sənədlərin saxtalaşdırılması vasitəsilə Azərbaycanla Gürcüstan sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla dövlətə məxsus külli miqdarda neft məhsullarının keçirilməsi faktları üzrə qeyri-müəyyən tarixdə 2006-cı ilin iyun ayında Baş Prokurorluq ərizəçinin bir neçə əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, ittiham tərəfi ərizəçinin “faktiki nəzarəti” altında olan “Prestige” MMC-də vergilərdən yayınma, həmçinin digər şəxslərə məxsus mülkiyyətin mənimsənilməsi və israf etmə faktlarını aşkar etmişdir. Baş Prokurorluq tərəfindən həmin təqdimatın təqdim edilməsinədək ərizəçiyə yuxarıda göstərildiyi kimi neft məhsullarının qaçaqmalçılığı, vergilərdən yayınma, həmçinin mülkiyyətin mənimsənilməsi və israf olunması faktları ilə əlaqədar ittihamlar elan edilməyib.
41. Baş Prokurorluğun qeyd olunan təqdimatına əsasən Nəsimi rayon məhkəməsi 2006-cı il 8 iyun tarixli qərarı ilə ərizəçiyə məxsus “Bank of Baku” ASC-nin 381.310 səhmləri (nizamnamə kapitalının 11,215 %-i), eyni zamanda “de facto” ərizəçinin sahibliyində olan “Azinvest” MMC-yə məxsus həmin Bankın 336.430 səhmləri (nizamnamə kapitalının 9,895 %-i) üzərinə həbs qoyulmuşdur. Həmin qərarı qəbul edərkən məhkəmə qeyd etmişdir ki, ittiham tərəfinin əmlak üzərinə həbs qoyulması ilə bağlı təqdimatında göstərilən cinayət hərəkətlərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələrində əmlakın müsadirəsi sanksiyası nəzərdə tutulmuşdur. Eyni zamanda, məhkəmə qeyd edib ki, “Bank of Baku”nun səhmlərinin əldə edilməsi üçün ərizəçi həmin cinayət əməllərindən əldə edilmiş vəsaitlərdən istifadə etmişdir. Bununla əlaqədar məhkəmə vurğulayıb ki, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda və məhkəmə tərəfindən təyin edilə biləcək əmlak müsadirəsini təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 248-ci, 249-cu və 250-ci maddələri ilə ərizəçinin əmlakı üzərinə həbs qoymaq üçün əsaslar mövcuddur.
42. Həmin qərardan ərizəçinin şikayət etmək üçün nəzərdə tutulmuş müddəti ötürərək şikayətin verilməsinə baxmayaraq, məhkəmə ərizəçi tərəfindən apellyasiya şikayətinin verilməsi müddətini üzrlü səbəblərə görə ötürdüyünü nəzərə alaraq, həmin şikayəti icraata qəbul etmişdir. Lakin Apellyasiya Məhkəməsi 2006-cı il 10 oktyabr tarixli qərarı ilə ərizəçinin apellyasiya şikayətini rədd etmiş və Nəsimi rayon məhkəməsinin 2006-cı il 8 iyun tarixli qərarını qüvvədə saxlamışdır.
6. Ərizəçiyə qarşı elan edilmiş yeni ittihamlar və həbsdə saxlanılma müddətinin yenidən uzadılması
43. 2006-cı il iyulun 5-də müstəntiq ərizəçiyə qarşı yeni ittihamların elan edilməsi haqqında yeni qərar qəbul edib. Həmin qərara əsasən ərizəçiyə Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq təkrarən törədildikdə), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə əlaqədar ittiham elan edilmişdir. Xüsusilə, həmin ittihamlar yuxarıda 40-cı bənddə göstərildiyi kimi 2005-ci ilin iyun və sentyabr aylarında Gürcüstana güman edilən qaçaqmalçılıq yolu ilə külli miqdarda yanacağın göndərilməsi, həmçinin 2005-ci il oktyabrın 19-da 30.000 ABŞ dollarının bəyan etməməklə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi ilə əlaqədar elan edilmişdir.
44. Bundan sonra, qeyri-müəyyən tarixdə müstəntiq ərizəçinin həbsdə saxlanılması müddətinin uzadılması ilə əlaqədar Nəsimi rayon məhkəməsinə təqdimat vermişdir. Ərizəçiyə 2006-cı il 5 iyul tarixdə elan edilmiş yeni ittihamlara əlavə olaraq təqdimatda göstərilmişdir ki, ittiham tərəfinin ərizəçinin qardaşı Fərhad Əliyev və digər şəxslərə ittiham edilmiş hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamaya cəhddə ərizəçinin iştirakına dair sübutları mövcuddur.
45. 2006-cı iyulun 14-də Nəsimi rayon məhkəməsi ərizəçiyə elan edilmiş yeni ittihamlara və müstəntiqin təqdimatına əsasən ərizəçinin həbsdə saxlanılmasını yenidən üç ay müddətinə (2006-cı il 19 oktyabr tarixinədək) uzatmışdır. Ərizəçinin həbsdə davamlı saxlanılmasını əsaslandıraraq məhkəmə qərarının təsviri hissəsi bundan əvvəl qəbul edilmiş həbs qətimkan tədbirinin uzadılması barədə qərarlara oxşar olmuşdur.
46. 2006-cı il sentyabrın 28-də müstəntiq ərizəçiyə ittihamların elan edilməsi barədə yeni qərar qəbul etmişdir. Bu qərara əsasən ərizəçiyə Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq təkrarən törədildikdə), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 28/220.1 (kütləvi iğtişaşlara hazırlıq), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində ittiham elan edilmişdir. Əvvəllər elan edilmiş ittihamlara əlavə olaraq ərizəçi qardaşı Fərhad Əliyev daxil olmaqla bir sıra digər şəxslərlə birlikdə 2005-ci il 6 noyabr tarixli Milli Məclisə seçkilərdən sonra kütləvi iğtişaşları və hakimiyyəti zorla ələ keçirməyi təşkil etməkdə ittiham olunmuşdur. Xüsusilə, ərizəçi hakimiyyəti zorla ələ keçirmək üçün həyata keçirilən təşkilati tədbirlərə maliyyə vəsaitlərinin ayrılmasında və təşkilatçıların gizli görüşlərinin keçirilməsi məqsədilə öz iş yerində şəraitin yaradılmasında ittiham edilmişdir.
47. 2006-cı il oktyabrın 2-də Nəsimi rayon məhkəməsi ərizəçinin həbsdə saxlanılmasını altı ay müddətinə (2007-ci il 19 aprel tarixinədək) uzatmışdır. 2006-cı il oktyabrın 10-da Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır.
48. 2007-ci il 1 mart tarixdə müstəntiq ərizəçiyə qarşı ittihamların elan edilməsi barədə yeni qərar qəbul etmişdir. Bu qərara əsasən ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma), 192.2.1 (qanunsuz sahibkarlıq külli miqdarda ziyan vurduqda), 192.2.2 (qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 206.3.1 (qaçaqmalçılıq təkrarən törədildikdə), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.4 (vergi ödəməkdən yayınma), 28/220.1 (kütləvi iğtişaşlara hazırlıq), 259 (qanunsuz ağac kəsmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində ittiham elan edilmişdir.
49. 2007-ci il martın 5-də 76586 nömrəli cinayət işindən yeni 76961 nömrəli cinayət işi ayrılmışdır. Ayrılmış 76961 nömrəli cinayət işi üzrə ərizəçiyə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 188, 192.2.1, 192.2.2, 206.3.1, 206.4, 213.4, 259 və 313-cü maddələri ilə ittiham elan edilmişdir.
50. 76961 nömrəli cinayət işi üzrə istintaq 2007-ci il martın 5-də tamamlanmışdır.
51. 2007-ci il aprelin 16-da müstəntiq 76961 nömrəli cinayət işi üzrə ittiham aktı tərtib etmişdir. Həmin gün ittiham aktı Baş Prokuror tərəfindən imzalanmış və Ağır cinayətlərə dair işlər üzrə Məhkəməyə göndərilmişdir.
52. Bununla da, 76961 nömrəli cinayət iş məhkəmə baxışı üçün Ağır cinayətlərə dair işlər üzrə Məhkəməyə göndərilmişdir. Həmin iş üzrə ərizəçi və onun qardaşı Fərhad Əliyev daxil olmaqla ümumilikdə on doqquz müttəhim bir sıra cinayətlərdə, o cümlədən mənimsəmə və israf etmə, həmçinin korrupsiya cinayətlərində ittiham olunaraq məhkəməyə təqdim olunmuşlar. Eyni zamanda, ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 28/220.1 (kütləvi iğtişaşlara hazırlıq) və 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə elan edilmiş ittihamlarla əlaqədar və hal-hazırda istintaqda olan 76586 nömrəli ilkin cinayət işi həm məhkəməyə göndərilməmiş, həm də ona xitam verilməmişdir.
53. 2007-ci il mayın 15-də ərizəçinin müdafiəçisi həbs qətimkan tədbirinin seçilməsi barədə qərarda müəyyən edilmiş həbsdə saxlanılma müddətinin 2007-ci il aprelin 19-da bitməsini qeyd edərək ərizəçinin həbsdən azad edilməsi barədə Ağır cinayətlərə dair işlər üzrə Məhkəməyə vəsatət təqdim etmişdir. İş üzrə materiallardan göründüyü kimi, ən azı digər altı müttəhim müxtəlif əsaslarla həbsdən azad edilməsi barədə vəsatətlər qaldırmışdılar.
54. 2007-ci il 21 may tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə ərizəçinin və digər müttəhimlərin həbsdən azad edilməsi barədə vəsatətlərini rədd edərək onların həbsdə saxlanılması müddətini uzatmışdır. Ərizəçinin həbsdə saxlanılma müddətinin 2007-ci il 19 aprel tarixdə bitməsi ilə onun həbsdə saxlanılmasının qanunauyğun olmadığı barədə təqdim edilən dəlilləri qiymətləndirərək, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qeyd edib ki, cinayət işi məhkəməyə 2007-ci il 19 aprel tarixdən bir neçə gün əvvəl təqdim edilmiş və bununla ərizəçinin istintaq altında olarkən həbsdə saxlanılması müddəti həmin gün bitmişdir. Nəticədə, ərizəçinin həbsdə saxlanılması qanunla müəyyən edilmiş müddətləri ötməmişdir.
55. Eyni zamanda, bütün müttəhimlərin vəziyyətini qiymətləndirərək, Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə qərara gəlmişdir ki, “həbs qətimkan tədbiri düzgün seçilmiş və dəyişdirilmədən saxlanılmalıdır”. Məhkəmə qeyd edib ki “həbsdə saxlanılan müttəhimlər” kifayət qədər maliyyə imkanlarına və xaricdə işgüzar əlaqələrə malikdirlər, bununla onlar məhkəmədən gizlənmək məqsədilə Azərbaycanın hüdudlarını tərk edə bilərlər. Eyni zamanda qeyd olunmuşdur ki, müttəhimlər geniş maliyyə vəsaitlərindən istifadə edərək məhkəmə baxışında iştirak edən şəxslərə qanunsuz təsir göstərə bilərlər.
7. Ərizəçinin məhkum edilməsi və bununla əlaqədar olan şikayətlər
56. Ərizəçi və onun qardaşı Fərhad Əliyev daxil olmaqla ümumilikdə on səkkiz müttəhimin işinə Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə baxılmışdır.
57. Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə ərizəçi 76961 nömrəli cinayət işində ona qarşı elan edilmiş bütün ittihamlar üzrə təqsirli bilinərək, əmlakı müsadirə edilməklə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
58. Bakı Apellyasiya Məhkəməsinin 2008-ci il 16 iyul tarixli qərarı ilə Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılmışdır. Ali Məhkəmə 2009-cu il 6 iyul tarixli qərarı ilə ərizəçiyə münasibətdə qəbul edilmiş aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlamışdır.
B. Saxlanılma şəraiti
1. Hadisələrin ərizəçi tərəfindən təsviri
59. Barəsində məhkəmə hökmü çıxarılanadək istintaq və məhkəmə baxışı zamanı, yəni 2005-ci il oktyabrın 22-dən 2007-ci il oktyabrın 25-dək ərizəçi MTN-in İstintaq təcridxanasında saxlanılmışdır. Ərizəçi yalnız bir nəfərin yerləşdirilməsi üçün kifayət edən ölçülü kamerada saxlanılmışdır. Lakin ola bilsin ki həmin kamera iki nəfərin saxlanılması üçün nəzərdə tutulmuşdur. Səlahiyyətli qurumun kameraya ikinci təqsirləndirilən şəxsin yerləşdirilməsi barədə təklifini verənədək, ərizəçi təxminən bir il ərzində həmin kamerada tək saxlanılmışdır. Ərizəçi bu təklifdən imtina etmişdir. Kamera çirkli və təxminən 8 kv.m. ölçüdə olmuşdur. Kamera sahəsinin təxminən 4,2 kvadrat metrində mebel yerləşdirilmişdir. Pəncərənin uzunluğu 0,7 metr, eni isə 1,1 metr olmuşdur. Lakin pəncərə çərçivəsinin qalınlığını (5 sm) nəzərə alaraq ölçüsü - uzunluğu 0,5 m., eni isə 1 m. olmuşdur. Pəncərə bağlı idi, və yalnız açıq olan yuxarı hissəsindən təbii işıq otağa daxil olurdu. Ventilyasiya və istilik sistemi nasaz vəziyyətdə idi, nəticədə kamerada qışda çox soyuq, yayda isə çox isti idi. Divarda asılmış lampa gecə-gündüz yanaraq, ərizəçini daim narahat edir, gecələr yatmaq üçün çətinliklər yaradırdı.
60. Ərizəçiyə gündə bir dəfə bir saat ərzində kameradan kənar olan məşğuliyyətlərə icazə verilirdi. Ərizəçi MTN-nin İstintaq təcridxanasının idman zalına idmanla məşğul olmaq üçün sərbəst buraxılmırdı, bu ona təhkim olunmuş mühafizəçinin icazəsindən asılı olmuşdur.
61. Normal fəaliyyət göstərən camaşırxana mövcud deyildi, nəticədə ərizəçi paltarlarını yuyulması üçün evə göndərirdi. Ərizəçiyə həftədə bir dəfə çimməyə icazə verilirdi. Hamamda suyun hərarətini çöldən mühafizəçilər tənzimləyirdi. Yemək aşağı keyfiyyətli idi. Ərizəçinin kamerasında televizor quraşdırılmamış və onun radio və televiziyadan məlumat almaq imkanları məhdud idi, ərizəçiyə yalnız “iqtidar yönümlü” qəzetləri oxumağa verirdilər.
62. Müdafiəçisi ilə görüşlərə və dindirmələrə müşayiət ediləndə ərizəçinin əllərini qandallarla bağlayırdılar. Qandallar görüşlər və dindirmələr zamanı əllərindən çıxarılırdı. Ərizəçiyə həyat yoldaşına və ailəsinə zəng vurmağa və ya məktub yazmağa icazə verilmirdi, eyni zamanda ailəsinə də ərizəçi ilə görüşməyə və ya ona məktub yazmağa icazə verilmirdi. Ərizəçinin istintaq zamanı ailəsi ilə görüşməyə və ya ailəsinə məktub yazmağa imkanın yaradılması barədə vəsatətləri rədd edilmişdir.
2. Hadisələrin Hökumət tərəfindən təsviri
63. MTN-in İstintaq təcridxanasında ərizəçi öz istəyi nəzərə alınaraq, iki nəfərlik kamerada tək saxlanılmışdır. Kameranın sahəsi təxminən 10 kv.m. olmuşdur. Kamera pəncərəsinin uzunluğu 1,2, eni isə 1,4 metr olmuşdur. Kamera MTN binasının ümumi mərkəzləşdirilmiş ventilyasiya və istilik sisteminə qoşulmuşdur, bununla kifayət qədər isidilmiş və ventilyasiya edilmişdir. Müvafiq təlimata uyğun olaraq elektrik lampasının müəyyən qaydada yerləşdirilərək gecə-gündüz yanması ərizəçinin yatmasına heç bir mənfi təsir göstərə bilməzdi.
64. Ərizəçi gündə iki saat kameradan kənarda gəzə və idman zalından istifadə edə bilərdi. Yemək gündə üç dəfə verilirdi. Üstəlik digər təqsirləndirilən şəxslər kimi ərizəçi həftədə bir dəfə evdən beş kiloluq yemək sovqatı ala bilərdi. Ərizəçi təcridxananın camaşırxanasında yuyulan təmiz dəsmal və yataq ləvazimatları ilə təmin edilmişdir. Həftədə bir dəfə ona evdən təmiz geyim gətirilirdi, bununla, o, həmişə mövsümə uyğun geyinirdi. Dindirmə və ya digər istintaq tədbirləri zamanı ərizəçinin əlləri heç vaxt qandalla bağlanılmamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Həbs
65. Tutulma, həbs və həbs qətimkan tədbiri ilə bağlı verilən şikayətlər üzrə məhkəmə baxışlarına dair Cinayət-Prosessual Məcəllənin (bundan sonra - “CPM”) müvafiq müddəaları yuxarıda qeyd olunan Fərhad Əliyevin işində göstərilmişdir (baxın, 83-102-ci paraqraflar).
B. Cinayət prosesində əmlak üzərinə həbs qoyulması
66. CPM-in 248 və 249-cu maddələrinə əsasən mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə müstəntiq və ya prokuror cinayəti törətməkdə ittiham olunan şəxsin əmlakına həbsin qoyulması üçün məhkəməyə təqdimat verə bilər. Əmlak üzərinə həbsin qoyulması mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Xüsusilə, 248-ci maddə aşağıdakı kimi nəzərdə tutulur:
Maddə 248. Əmlak üzərinə həbs qoyulmasının mahiyyəti
“248.1. Əmlak üzərinə həbs:
248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir;
248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir;
248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir.
248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.
248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur.
Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. ...”
67. CPM-in 249-cu maddəsi (Əmlak üzərinə həbs qoyulmasının əsasları) əsasında Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar kifayət qədər əsas verdikdə qoyula bilər. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. CPM-in 250-ci maddəsi üzərinə həbs qoyulmalı olan əmlakın dəyərinin müəyyən edilməsi məsələlərini tənzimləyir.
68. Aşağıda qeyd olunanlar Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasından çıxarışlardır (elmi müəllifi: Prof. C.Mövsümov, 1-ci cild, s.166, Bakı 2003):
“6. Əmlak müsadirəsinin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs yalnız o hallarda qoyula bilər ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə CM-in müvafıq maddəsinin sanksiyasında əlavə cəza növü qismində əmlak müsadirəsinin tətbiqi imkanı nəzərdə tutulmuş olsun. Bu halda əmlak müsadirəsinin tətbiqinin CM-in müvafıq maddəsinin sanksiyasında məcburi olaraq nəzərdə tutulub-tutulmamasının əhəmiyyəti yoxdur.
7. Əmlak üzərinə həbs qoyulmasının faktiki əsası qismində mülki iddianın və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə (zədələnməsinə) dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Belə ehtimallar cinayət təqibi üzrə konkret faktlar, məsələn, əmlakın satılması üçün cəhdlər edilməsi, vurulmuş zərəri ödəməkdən imtina edilməsi, çağırış üçün gəlməkdən boyun qaçırılması və s. əsasında formalaşa bilər.
8. CPM-in şərh olunan 248.2-ci maddəsinə görə, həbs aşağıda sadalanan şəxslərin əmlakı üzərinə qoyula bilər: a) təqsirləndirilən şəxslərin; b) üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin. Sonuncu halda təqsirləndirilən şəxsin əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər nəzərdə tutulur. Bu kateqoriya şəxslərə daxildir: a) təqsirləndirilən şəxsin işəgötürəni (MM-in 1099-cu maddəsi); b) vəzifəli şəxslərin hərəkətlərinə görə (MM-in 1100-cü və 1102-ci maddələri) müvafiq orqanların maliyyə qurumları; c) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin, habelə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərin qanuni nümayəndələri (MM-in 1104-cü və 1105-ci maddələri); ç) yüksək təhlükə mənbəyinin sahibi (MM-in 1108-ci maddəsi). Sadalanan şəxslər mülki iddia üzrə mülki cavabdeh (CPM-in 93-cü maddəsi) qismində tanınırlar.”
CPM-in 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. İŞİN ƏHATƏSİ
69. Hazırkı şikayət ərizəçi barəsində həyata keçirilmiş cinayət mühakimə icraatından və onun məhkum edilməsi ilə əlaqədar hadisələrdən əvvəl olan müddətlərlə, Konvensiyanın 3-cü, 5-ci, 6-cı maddəsinin 2-ci bəndi, 8-ci və 13-cü maddələrinin, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin əsasında 2007-ci il 4 aprel tarixdə cavabdeh Hökumətə göndərilmiş işlə məhdudlaşır. Məhkəmə qeyd edir ki, işlə əlaqədar Hökumətlə yazışmalar başlayandan sonra ərizəçi sonrakı cinayət mühakimə icraatı və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tərəfindən verilmiş apellyasiya və kasassiya şikayətlərinə baxılması zamanı “digər yeni davamlı pozuntular” barədə bir sıra yeni izahatlar təqdim etmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş şərhlərin altıncı səhifəsində qeyd olunur ki, “yeni davamlı pozuntular” ilə bağlı olan şikayətlər tərəfindən Məhkəməyə verilməsi planlaşdırılan yeni şikayətin mövzusu olacaq. Əvvəlki işlər üzrə qəbul edilmiş qərarlarda qeyd edilir ki, Məhkəmə iş üzrə cavabdeh Hökumətlə yazışmaların başlanılmasından sonra ilkin şikayətin dəqiqləşdirilməsi məqsədilə verilmiş izahatlar istisna olmaqla, hər hansı digər yeni faktlarla əlaqədar araşdırma aparmış (baxın, Nuray Şen Türkiyəyə qarşı (no.2), no. 25354/94, § 200, 30 mart 2004-cü il; Piryanik Ukraynaya qarşı, no. 75788/01, § 20, 19 aprel 2005-ci il; Kovaç Ukraynaya qarşı, no. 39424/02, § 38, ECHR 2008-...; Kats və digərləri Ukraynaya qarşı, no. 29971/04, § 88, ECHR 2008-...; Yusupov və digərləri Rusiyaya qarşı, no. 5428/05, § 51, 09 iyul 2009-cu il; Saginadze və digərləri Gürcüstana qarşı, no. 18768/05, § 72, 27 may 2010-cu il; Ruza Latviyaya qarşı, no. 44798/05, § 30, 11 may 2010-cu il).
70. İş üzrə Hökumətlə yazışmaların başlanılmasından və işin məqbuliyyətinə və mahiyyətinə birgə baxılması barədə qərardadın qəbul edilməsindən əvvəl qeyd olunan sonrakı hadisələrlə əlaqədar heç bir şikayətlərin verilməməsini nəzərə alaraq, həmin işə baxılmasının hədləri ərizəçi barəsində cinayət mühakimə icraatından öncə onun həbsdə saxlanılması, yəni şikayətin rəsmi verilməsinədək baş vermiş faktlarla məhdudlaşır. Lakin ərizəçi baş vermiş sonrakı hadisələrlə bağlı hər hansı yeni şikayətləri təqdim etmək hüququna malikdir (baxın, Dimitriu və Dumitraş Rumıniyaya qarşı, no. 35823/03, §§ 23-24, 20 yanvar 2009-cu il).
II. KONVENSİYANIN 5-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI
A. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi
71. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə, habelə 6-cı və 13-cü maddələrinə istinadən şikayət etmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsi müvafiq qaydada sübut olunmadan tutulmuş və həbs edilmişdir. O bildirmişdir ki, həmin pullar özünün xəbəri olmadan hava limanında onun baqajına qoyulmuşdur, həmçinin ona qarşı olan ilkin sübutların əldə edilməsi və sənədləşdirilməsi zamanı bir sıra pozuntulara yol verilmişdir.
72. Məhkəmə hesab edir ki, həmin şikayətlər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi əsasında araşdırılmalıdır. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində bildirilir:
“Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında dirmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;...”
73. Hökumət ərizəçinin izahatlarını mübahisələndirərək bildirmişdir ki, ərizəçi qaçaqmalçılığın törədilməsi ilə əlaqədar tutulmuş və bununla bağlı onun tutulması cinayətin məhz onun tərəfindən törədilməsini mümkün edən şübhələr əsasında həyata keçirilmişdir.
74. Ərizəçi bildirmişdir ki, onun çantasında tapılmış 30.000 ABŞ dolları ona məxsus deyil və onun baqajı hava limanının işçisində olarkən həmin pullar oraya qoyulmuşdur. Ərizəçi iddia edir ki, onun müvafiq sorğularına baxmayaraq şübhənin ilkin mənbəyi olan rentgen mühafizə monitorundan videogörüntülər təqdim edilməmişdir. Ərizəçi həmçinin bildirib ki, axtarışın keçirilməsi barədə protokollar da səhv tərtib edilmişdir. Ərizəçinin izahatlarına əsasən onun tutulmasının əsasları saxtalaşdırılıb və əvvəlcədən hazırlanıb. Bunu təsdiq edən fakt kimi ərizəçinin tutulmasında iştirak edən dövlət qurumları əməkdaşlarının iş vaxtından əvvəl işə gəlməsini qeyd etmək olar. Yekunda ərizəçi bildirib ki, daxili qurumlar cinayət əməlinin onun tərəfindən törədilməsindən şübhələnməyə kifayət qədər əsas verən və qanunla nəzərdə tutulmuş qaydada əldə edilmiş sübutları təqdim etməyiblər.
75. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin mənasında əsaslı şübhələr əsasında tutulmasından ötrü polis ərizəçinin həm tutulması, həm də həbsdə saxlanılması zamanı ittihamların elan edilməsi üçün kifayət qədər mötəbər sübutlara malik olmalıdır (baxın, Broqan və digərləri Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988-ci il, § 53, A Seriyası, № 145-B və Erdagöz Türkiyəyə qarşı, 22 oktyabr 1997-ci il, § 51, Qərar və Qərardadların Hesabatı, 1997-VI). Bu halda vacib deyil ki, həbs edilmiş şəxsə mütləq ittiham elan olunsun və ya o məhkəməyə təqdim edilsin. Şəxsi dindirmək üçün tutulmasının məqsədi həbsin əsaslandırılmasını təmin edən şübhələrin təsdiq edilməsi və ya bu şübhələrə son qoyulmasıdır. Bununla şübhələri yaradan halların cinayət təqibinin sonrakı mərhələsində şəxsin təqsirli bilinməsi və ya hətta ona qarşı ittihamın elan edilməsi üçün kifayət edən hallarla eyni dərəcəli olması mütləq deyil (baxın, Murey Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1994-cu il, § 55, A Seriyası, № 300-A). Lakin şübhələrin ağlabatan dəlillərə əsaslanması tələbi özbaşına və əsassız tutulmadan və həbsə alınmadan vacib zəmanət aləti kimi tanınır. Şübhənin əminlik üzərində yaranması qənaətbəxş deyildir. “Ağlabatan şübhə” anlayışı obyektiv müşahidəçi üçün cinayətin məhz müəyyən şəxs tərəfindən törədilməsini sübut edən faktların və məlumatların mövcudluğudur (baxın, Fox, Kembel və Hartley Birləşmiş Krallığa qarşı, 30 avqust 1990-ci il, § 32, A Seriyası, № 182).
76. Hazırkı işdə ərizəçi külli miqdarda xarici valyutada nağd pulun Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar bəyan etməməklə keçirilməsinə cəhddə şübhələnilmişdir. Həmin hərəkətin milli qanunvericilikdə cinayət kimi tövsif edilməsi mübahisələndirilmir.
77. Şübhə ərizəçinin əl çantasında 30.000 ABŞ dolları məbləğində nağd pulun aşkar edilməsi ilə əsaslandırılmışdır. Məhkəmə yuxarıda qeyd olunan presedent hüququna əsaslanaraq hesab edir ki, ərizəçinin əl çantasında bəyan edilməmiş nağd pulun aşkar edilməsi faktı obyektiv olaraq ərizəçini iddia olunan cinayətlə bağlı edir və ona qarşı “ağlabatan şübhənin” yaranması üçün kifayətdir.
78. Sübutların əldə edilməsi və protokollaşdırılması zamanı bir sıra ciddi səhvlərə yol verilməsi və bununla həmin pulların ərizəçinin baqajına qəsdən qoyulmasını mümkün edən ciddi göstəricilərin mövcud olması barədə ərizəçinin dəlilləri ilə əlaqədar Məhkəmə hesab edir ki, bu dəlillər sübutların əldə edilməsi prosesinin qanuniliyinə, sübutların mümkünlüyü və mötəbərliyinə aiddir. Həmin məsələ isə Konvensiyanın 6-cı maddəsi əsasında cinayət prosesinin ədalətliliyi mənasında araşdırılmalıdır (baxın, 6-cı maddə əsasında baxılmış məsələlərə aid aşağıda göstərilən 138-ci paraqrafa).
79. Nəticədə, şikayət Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi mənasında açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd edilməlidir.
80. Eyni zamanda, Məhkəmə qeyd edir ki, Fərhad Əliyev Azərbaycana qarşı işdə ərizəçinin qardaşının (o, həmin iş üzrə ərizəçi olmuşdur) qanuni əsas və müvafiq məhkəmə qərarı olmadan 2007-ci il aprelin 19-dan mayın 21-dək həbsdə saxlanılması faktı ilə əlaqədar Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu aşkar edilmişdir (baxın, yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı iş üzrə qərar, 72-79-cu paraqraflar). Hazırkı işdə mövcud olan sənədlərə əsasən ərizəçi həmin müddət ərzində eyni vəziyyətdə olmuşdur. Lakin ərizəçinin dəlillərini araşdıraraq Məhkəmə hesab edir ki, ərizəçi bununla əlaqədar Məhkəməyə şikayət verməmişdir. Qeyd olunanları nəzərə alaraq, həmin məsələnin araşdırılması üçün əsas mövcud deyil.
B. Konvensiyanı 5-ci maddəsinin 3-cü bəndi
81. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə, həmçinin 6-cı və 13-cü maddələrinə əsasən verilən şikayətdə qeyd edir ki, o, uzun müddət ərzində həbsdə saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbirinin davamlılığı kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, həmin şikayət Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi əsasında araşdırılmalıdır. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində bildirilir:
“Bu maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”
1. Şikayətin məqbuliyyəti
82. Məhkəmə həmin şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını qeyd edir. Bundan əlavə, o bildirir ki, şikayətə baxılması digər əsaslara görə də qeyri-məqbul deyil. Buna görə də, şikayət baxış üçün məqbul hesab edilir.
2. İşin mahiyyəti
(a) Tərəflərin izahatları
83. Hökumət qeyd etmişdir ki, ərizəçinin həbsə alınması cinayətin onun tərəfindən törədilməsinə ağlabatan əsasların olması ilə təsdiqlənir. Eyni zamanda Hökumət bildirmişdir ki, dövlətdaxili məhkəmələr ittiham tərəfinin ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatları ilə əlaqədar qərar qəbul edərək, həmin təqdimatlara haqq qazandırmaq üçün qeyd olunan bütün əsaslara nəzər yetirmiş, iki tərəfin təqdim etdiyi dəlilləri qiymətləndirmişdilər.
84. Ərizəçi öz şikayətini təkrarlayaraq iddia edir ki, ondan başqa yerə getməmək barədə iltizam alınaraq, məhkəmədən əvvəl azad olunması davamlı olaraq əsassız həbsdə saxlanılmasından daha məqsədəuyğun olardı. Ərizəçi, həmçinin bildirmişdir ki, onun cinayət prosesini həyata keçirən orqandan gizlənməsi və ya onun tərəfindən cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi riskləri mövcud olmamışdır. Eyni zamanda yuxarıda göstərilən risklər mövcud olsa da, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılmalı idi.
(b) Məhkəmənin qiymətləndirməsi
85. Məhkəmənin presedent hüququna əsasən 5-ci maddə mənasında azad olunmaya üstünlük verilir. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə digər yanaşmaya əsasən təqsirləndirilən şəxsin ağlabatan müddətdə məhkəməyə təqdim edilməsi və ya onun məhkəmədən əvvəl azad olunması məsələlərində məhkəmə hakimiyyəti orqanlarına seçim verilmir. Cinayətin törədilməsində təqsirli bilinənədək, o, təqsirsiz hesab olunmalıdır. Ərizəçinin davamlı olaraq həbsdə saxlanılması əsassız kimi qiymətləndirilirsə, həmin müddəanın mənasında onun azad olunmasının təmin edilməsi mütləqdir (baxın, MakKey Birləşmiş Krallığa qarşı (BP), no. 543/03, § 41, İHAM 2006-X və Bıkov Rusiyaya qarşı (BP), no. 4378/02, § 61, İHAM 2009-...).
86. Nəticədə, həbs qətimkan tədbirinin hər bir iş üzrə davamlı olaraq tətbiq edilməsi üçün təqsirsizlik prezumpsiyasını nəzərə almadan və Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq şəxsin azadlığına hörmətlə yanaşmaq qaydasına uyğun olaraq, həqiqi ictimai maraqların xüsusi göstəricilərinin mövcud olması mütləqdir (baxın, digər qərarlarla yanaşı, Kudla Polşaya qarşı (BP), no. 30210/96, § 110, İHAM 2000-XI).
87. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqi nəticəsində ağlabatan müddətin pozulmamasının təmin edilməsi üzrə məsuliyyəti ilk növbədə milli hakimiyyət orqanları daşıyırlar. Bununla əlaqədar məhkəmə hakimiyyəti orqanları həbsdən azad olunma qərarını qəbul edərkən təqsirsizlik prezumpsiyasını mütləq nəzərə almalıdır, həmçinin Konvensiyanın 5-ci maddəsi ilə müəyyən edilmiş qaydalardan uzaqlaşmasına haqq qazandıran yuxarıda göstərilmiş ictimai maraq tələblərinin lehinə və əleyhinə olan bütün faktları tam araşdırmalıdır. Məhkəmə mütləq həbs qətimkan tədbirinin seçilməsi barədə qərarların təsviri hissəsində göstərilən əsasları və ərizəçinin şikayətlərində qeyd olunan faktlar üzrə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində təsbit edilmiş hüquqların pozulmasının olub-olmamasını müəyyən edir (baxın, Veinsztal Polşaya qarşı, no. 43748/98, § 50, 30 may 2006-cı il; Labita İtaliyaya qarşı, no. 26772, § 152, İHAM 2000-IV və yuxarıda qeyd olunan MakKey Birləşmiş Krallığa qarşı, § 43).
88. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə əsaslı şübhələrin mövcud olması seçilmiş həbs qətimkan tədbirinin qanuniliyini şərtləndirən mütləq amildir. Lakin müəyyən vaxt keçəndən sonra hadisələr inkişaf etdikcə bu amillə kifayətlənməyərək, Məhkəmə milli məhkəmə hakimiyyəti orqanları tərəfindən həbs qətimkan tədbirinin tətbiq edilməsinə haqq qazandıran digər əsasları araşdırmalıdır. Həmin əsasların “məqsədəmüvafiqliyini” və “qənaətbəxş olmasını” araşdıraraq, Məhkəmə prosesin keçirilməsi zamanı prosedur qaydalarına riayət edilməsinə də “xüsusi diqqət” yetirməlidir (baxın, digər qərarlarla yanaşı, Letellier Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyası, № 207 və Yağcı və Sargin Türkiyəyə qarşı, 08 iyun 1995-ci il, § 50, A Seriyası, № 319-A). Bununla bağlı ərizəçinin azadlığa buraxılmasını təmin edən əsasların nümayiş etdirilməsi vəzifəsi həbsdə saxlanılan şəxsin üzərinə qoyulmamalıdır (baxın, İlijkov Bolqarıstana qarşı, no. 33977/96, § 85, 26 iyul 2001-ci il).
89. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi mənasında həbsdə saxlanılmasının ümumi müddətini nəzərə alaraq, həmin müddətin axımı təqsirləndirilən şəxsin tutulmasından başlanılır və işlə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən şəxsin təqsirini müəyyən edən hökmün qəbul edilməsi tarixində bitir (baxın, Kalashnikov Rusiyaya qarşı, no. 47095/99, § 110, İHAM 2002-VI və yuxarıda qeyd olunan Labita İtaliyaya qarşı, § 147). Hazırkı işdə həmin müddətin axımı ərizəçinin tutulması tarixindən, yəni 2005-ci il 19 oktyabrda başlanır və Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə tərəfindən onun təqsirli bilinməsi barədə hökmün qəbul olunduğu tarixdə, yəni 2007-ci il 25 oktyabrda bitir. Bununla ərizəçinin həbsdə saxlanılması ümumilikdə iki il altı gün davam edib.
90. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə əsaslı şübhələrin mövcud olması ərizəçinin həbsdə saxlanılması üçün ilkin olaraq kifayət etsə də, vaxt ötdükcə həmin əsaslar öz məqsədəmüvafiqliyini itirir (baxın, § 88) və onun davamlı olaraq həbsdə saxlanılması digər müvafiq dəlillərlə, o cümlədən şəxsi vəziyyəti nəzərə alınaraq əsaslandırılmalıdır.
91. İbtidai istintaq zamanı ərizəçinin həbsdə saxlanılması müddəti Nəsimi rayon məhkəməsinin 2005-ci il 13 dekabr, 2006-cı il 10 fevral, 2006-cı il 13 aprel, 2006-cı il 14 iyul və 2006-cı il 2 oktyabr tarixli qərarları ilə 5 dəfə uzadılmışdır. Bütün bu qərarlarla əlaqədar ərizəçi tərəfindən onun azad olunması barədə apellyasiya şikayətləri verilmiş, Apellyasiya Məhkəməsi öz növbəsində bu qərarları qüvvədə saxlamışdır. Sonuncu dəfə ərizəçinin həbsdə saxlanılması müddəti Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə işə baxılarkən həmin məhkəmə tərəfindən uzadılmışdır. CPM-in 173.2-ci maddəsinə əsasən həmin qərardan apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır.
92. İbtidai istintaq zamanı ərizəçinin həbsdə saxlanılması müddətinin uzadılması barədə birinci və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarına gəldikdə isə, ərizəçinin davamlı olaraq həbsdə saxlanılması hər dəfə sonuncuya ittiham elan edilən cinayətlərin ağırlığı və ya onun cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, ya da onun tərəfindən cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi ilə əsaslandırılmışdır. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi riskinin qiymətləndirilməsi üçün təyin oluna biləcək mümkün cəzanın ağırlığı vacib element kimi müəyyən olunsa da, elan edilmiş ittihamların ağırlığı özü-özlüyündə uzun müddət ərzində həbsdə saxlanılma üçün əsas kimi götürülə bilməz (baxın, yuxarıda qeyd olunan İlijkov Bolqarıstana qarşı, §§ 80-81). Eyni zamanda, həbsi əsaslandıran amil kimi cinayət prosesini həyata keçirən orqandan gizlənmə riski yalnız təyin oluna biləcək cəzanın ağırlıq dərəcəsi ilə qiymətləndirilə bilməz. Bu halda cinayət prosesini həyata keçirən orqandan gizlənmə riskinin mövcudluğu və ya həbsdə saxlanılmanı əsaslandıran dəlillərin zəif olması bir sıra digər faktorlarla qiymətləndirilməlidir (baxın, Panchenko Rusiyaya qarşı, no. 45100/98, § 106, 08 fevral 2005-ci il və yuxarıda qeyd olunan Letellier Fransaya qarşı, § 43). Lakin hazırkı iş üzrə yerli məhkəmələrin qərarlarında CPM-in müddəaları təkrarlanaraq yalnız yuxarıda göstərilən əsaslar sadalanmışdır (baxın, müqayisə etmək üçün Qiorqi Nikolaişvili Gürcüstana qarşı, no. 37048/04, §§ 23-24, 28, 76 və 79, 13 yanvar 2009-cu il və yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, § 191). Həmin qərarlarla həbs qətimkan tədbirinin tətbiqi müvafiq və kifayət edən faktlarla əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, yerli məhkəmələr tərəfindən ərizəçinin həbsdə saxlanılması müddətinin uzadılması barədə qəbul edilmiş qərarlarda dəfələrlə eyni məzmunlu ifadələrdən istifadə edilmiş, hadisələrin inkişafına və həmin dəlillərin cinayət prosesinin sonrakı mərhələlərində əsaslı olduğuna qiymət verilməmişdir.
93. Məhkəmə istisna etmir ki, ərizəçinin həbsdə saxlanılmasının əsaslarını təsdiq edən müvafiq xüsusi dəlillər mövcud ola bilər. Lakin həmin dəlillər mövcud olsa da, yerli məhkəmələrin qərarlarında öz əksini tapmamışdır. Həmin dəlillərin müəyyən olunması Məhkəmənin səlahiyyətində deyil və Məhkəmə bununla əlaqədar yerli məhkəmələrin səlahiyyətlərini mənimsəyə bilməz (baxın, yuxarıda qeyd olunan İlijkov Bolqarıstana qarşı, § 86, Panchenko Rusiyaya qarşı, § 105, Qiorqi Nikolaşvili Gürcüstana qarşı, § 77).
94. Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin 2007-ci il 21 may tarixli qərarını qiymətləndirərək Məhkəmə qeyd edir ki, həmin qərarda müttəhimlərin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi və ya onlar tərəfindən cinayət prosesində iştirak edən şahidlərə qanunsuz təsir (müttəhimlərin maliyyə imkanları və xaricdəki əlaqələri) göstərməsi riskinin qiymətləndirilməsi zamanı müvafiq dəlillərə diqqət yetirilmişdir. Lakin Ağır cinayətlərə dair işlər üzrə Məhkəmə müttəhimlərin işlərinə birlikdə baxmış, ərizəçi də daxil olmaqla hər bir müttəhimin işində mövcud olan əsasları ayrılıqda qiymətləndirməmişdir. Hər bir müttəhimin şəxsi hallarını nəzərə almadan onların həbsdə saxlanılmasının uzadılmasına dair bu kimi “kollektiv” qərarların qəbul edilməsi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində təsbit edilmiş tələblərə uyğun deyil (baxın, Xudoyorov Rusiyaya qarşı, no. 6847/02, § 186, İHAM 2005-X (çıxarışlar) və yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, § 193).
95. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə yekunda qeyd edir ki, ərizəçinin işində xüsusi dəlillərə nəzər yetirmədən onun həbsdə saxlanılmasının əsasları kimi oxşar ifadələri təkrarlayaraq, səlahiyyətli qurumlar ərizəçinin həbsdə saxlanılmasının iki il altı gün müddətinə uzadılması üçün “məqsədəmüvafiq” və “qənaətbəxş olan” əsasları təqdim etməmişdirlər.
96. Beləliklə də, bu işdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
C. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi
97. Ərizəçi Konvensiyanın 5, 6 və 13-cü maddələrinə istinadən iddia edir ki, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə baxışları ədalətsiz keçirilmiş və çəkişmə prinsipinə uyğun olmamışdır. Xüsusilə, o qeyd edib ki, məhkəmələr barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması barədə qərarları onun iştirakı olmadan qəbul etmiş, ədalət mühakiməsi açıq aparılmamış, ona ittiham tərəfinin həbs qətimkan tədbirinin seçilməsi və onun müddətinin uzadılması haqqında təqdimatlarını əsaslandıran sənədlərlə tanış olmaq üçün imkan yaradılmamış, həbsdən azad olunmasına dair onun tərəfindən məhkəməyə təqdim edilmiş xüsusi dəlillər araşdırılmamış, həmçinin tərəflərin bərabərliyi prinsipinə əməl olunmamışdır.
98. Qeyd olunan iddianın yalnız həbs qətimkan tədbirinin seçilməsinə dair keçirilmiş məhkəmə baxışları ilə bağlı olduğunu və bütövlükdə cinayət prosesi ilə əlaqədar olmadığını nəzərə alaraq, şikayət Konvensiyanın 6-cı maddəsi əsasında araşdırılan məsələlərə aid deyil (baxın, Quliyev Azərbaycana qarşı (qərardad), no. 35584/02, 27 may 2004-cü il). Bununla Məhkəmə hesab edir ki, həmin şikayət Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında araşdırılmalıdır. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində bildirilir:
“Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”
1. Şikayətin məqbuliyyəti
99. Həmin şikayətlə əlaqədar qaldırılan bir sıra dəlillərlə yanaşı ərizəçi iddia edir ki, barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə məhkəmə baxışları açıq aparılmamışdır. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin mənasında həbs qətimkan tədbirinin qanuniliyinin araşdırılması məqsədilə məhkəmə baxışlarının keçirilməsi tələb olunsa da, həmin baxışların ümumi qayda kimi ictimaiyyət üçün açıq aparılması mütləq deyil (baxın, Reynprext Avstriyaya qarşı, no. 67175/01, §§ 34-41, İHAM 2005-XII və yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, § 198). Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiqinə dair məhkəmə baxışlarının açıq aparılmasını tələb edən xüsusi hallar mövcud deyil. Bununla, həmin şikayət bu hissədə açıq-aşkar əsassız hesab edilir və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd olunmalıdır.
100. Şikayətdə qaldırılan digər məsələlərlə əlaqədar Məhkəmə qeyd edir ki, həmin şikayət müəyyən hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, o bildirir ki, digər əsaslara görə də şikayətə baxılması qeyri-mümkün deyil. Buna görə də, şikayət baxış üçün mümkün hesab edilir.
2. İşin mahiyyəti
(a) Tərəflərin izahatları
101. Hökumət qeyd edir ki, həbs qətimkan tədbirinin tətbiq edilməsinin qanuniliyinin mübahisələndirilməsi üçün səmərəli prosedurlar ərizəçinin sərəncamında olmuşdur. Hökumət hesab edir ki, həmin prosedurlar təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi hüququnu təsbit edən CPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur.
102. Ərizəçi öz iddialarını təkrarlayaraq qeyd edib ki, barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə və həbsdə saxlanılma müddətinin uzadılmasına dair qərarların qanuniliyinin mübahisələndirilməsi zamanı cinayət mühakimə icraatının bərabərlik və ədalətlilik prinsiplərinə əməl olunmamışdır.
(b) Məhkəmənin qiymətləndirməsi
103. İşin xüsusi hallarını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, hazırkı şikayətin hədləri ibtidai istintaq zamanı ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinin qanuniliyinin araşdırılmasına dair keçirilmiş məhkəmə proseslərinə aid faktlarla məhdudlaşır.
104. Məhkəmə təkrar edir ki, tutulmuş və ya həbsə alınmış şəxs Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun alaraq azadlığın məhdudlaşdırılmasının “qanuniliyinin” mübahisələndirilməsi üçün vacib olan prosedur və mahiyyət şərtlərinin araşdırılması məqsədilə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə müraciət edə bilər. Bununla səlahiyyətli məhkəmələr özlərini yalnız milli qanunvericilik tələblərinə uyğunluğun araşdırılması ilə məhdudlaşdırmamalıdır. Həmçinin, məhkəmələr həbsə alınmanın səbəbi kimi yaranan şübhələrin əsaslı olmasını və həbsdə saxlanılmanın qanuniliyini təmin edən məqsədləri araşdırmalıdır (baxın, yuxarıda qeyd olunan Broqan və digərləri Birləşmiş Krallığa qarşı, § 65). Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi üzrə keçirilən məhkəmə prosesi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində cinayət və mülki işlər üzrə məhkəmə baxışlarına dair tələblərə həmişə mütləq uyğun olmamalıdır. Həmin məhkəmə prosesləri mühakimə xarakterli olmalı və həbs qətimkan tədbirinə uyğun təminatlar verməlidir. Məhkəmə prosesi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə əsaslanmalıdır. Şəxsin həbsdə saxlanılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin tənzimetmə dairəsinə düşürsə, məhkəmə baxışının keçirilməsi mütləqdir (baxın, Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, § 162, Hesabatlar, 1998-VIII). Həbsə alınmış şəxsin birbaşa və ya nümayəndəsi vasitəsilə dinlənməsinin mümkünlüyü həbs qətimkan tədbirinin tətbiq edilməsi üzrə proseduru digər fundamental təminatlardan fərqləndirir (baxın, Kampanis Yunanıstana qarşı, 13 iyul 1995-ci il, § 47, A Seriyası, № 318-B). Eyni zamanda, həbsə alınmış şəxsə və ya onun müdafiəçisinə həbs qətimkan tədbirinin səmərəliliyinin və qanuniliyinin mübahisələndirilməsi üçün vacib olan istintaq materialları ilə tanış olmaq imkanı yaradılmamışdırsa, bu halda tərəflərin bərabərlik prinsipi pozulmuş hesab olunur.
105. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi Razılığa gələn Dövlətləri həbsdən azad olunma barədə şikayətlərin araşdırılması üçün ikinci məhkəmə instansiyasını təyin etməyə məcbur etmir. Lakin milli məhkəmə sistemində apellyasiya instansiyası mövcuddursa, apellyasiya məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğun fəaliyyət göstərməlidir (baxın, Toth Avstriyaya qarşı, 12 dekabr 1991-ci il, § 84, A Seriyası, № 224). Baxmayaraq ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində həbs qətimkan tədbirinin seçilməsi və uzadılması barədə qərarlarla bağlı apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmayıb, lakin həmin məsələlərin azı bir məhkəmə instansiyasında araşdırılması Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğun olmalıdır (baxın, Jecius Litvaya qarşı, no. 34587/97, § 100, İHAM 2000-IX).
106. Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, Nəsimi rayon məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 2005-ci il 20 oktyabr tarixli qərar qəbul etmişdir. Milli qanunvericiliyə əsasən ərizəçinin bu qərardan apellyasiya şikayəti vermək hüququ olmuşdur. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin tələbləri həmin apellyasiya instansiyası məhkəməsinin baxışlarında tətbiq olunmalı idi. Həmin baxışlar zamanı ərizəçinin maraqlarını müdafiəçisi qoruyurdu, yekunda Apellyasiya Məhkəməsi 2005-ci il 27 oktyabr tarixli qərar qəbul etmişdir.
107. Bundan sonra, ibtidayi istintaq zamanı ərizəçinin həbsdə saxlanılması müddəti Nəsimi rayon məhkəməsinin 2005-ci il 13 dekabr, 2006-cı il 10 fevral, 2006-cı il 13 aprel, 2006-cı il 14 iyul və 2006-cı il 2 oktyabr tarixli qərarları ilə 5 dəfə uzadılmışdır. Ərizəçinin həmin qərarların qanuniliyinin mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətlərini araşdıran Apellyasiya Məhkəməsinin baxışları Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi apellyasiya instansiyası məhkəməsinin baxışlarında şəxsən iştirak etməmiş, onun maraqları müdafiəçisi tərəfindən təmsil olunurdu.
108. İstintaq zamanı ərizəçinin həbsdə saxlanılmasının uzun müddətlərə uzadılması, ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında ilkin qərardan aylar sonra keçirilmiş həmin apellyasiya məhkəmələrinin baxışlarında iştirak edə bilməmişdir. Həbs qətimkan tədbirinin seçilməsi barədə ilkin məhkəmə baxışı ilə həbsdə saxlanılma müddətinin uzadılması ilə əlaqədar keçirilmiş məhkəmə baxışları arasında müəyyən vaxtın keçməsini nəzərə alaraq, Məhkəmə hesab edir ki, yerli məhkəmələr ərizəçinin həmin baxışlarda iştirakının və azad olunmasına haqq qazandıran dəlillərin məhkəməyə şəxsən təqdim etməsinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirə bilərdilər (baxın, müqayisə üçün Qrauzinis Litvaya qarşı, no. 37975/97, §§ 33-34, 10 oktyabr 2000-ci il; Mamedova Rusiyaya qarşı, no. 7064/05, § 91, 01 iyun 2006-cı il və yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, § 207). Lakin həmin tədbirlər həyata keçirilmədiyinə görə ərizəçinin maraqlarının müdafiəçisi tərəfindən səmərəli təmsil olunmasının təmin edilməsi məqsədilə müəyyən səylər göstərilməli idi. Lakin həmin tədbirlərin həyata keçirilməsi barədə Məhkəmə inandırılmamışdır. Ərizəçinin müdafiəçisinin apellyasiya şikayətlərinin araşdırılması zamanı məhkəmə baxışlarında iştirakına baxmayaraq, Məhkəmə işdə mövcud olan sənədlərə nəzər yetirərək hesab edir ki, həmin məhkəmə baxışları çəkişmə prinsipinə uyğun olmayaraq formal keçirilmişdir. Razılaşmaq olar ki, ərizəçinin müdafiəçiləri apellyasiya şikayətləri verərək öz izahatlarını yazılı şəkildə təqdim edə bilərdilər, lakin bu fakt özü-özlüyündə bərabərlik prinsipinin təmin edilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, nə ərizəçinin özünə, nə də onun müdafiəçilərinə ittiham tərəfinin həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatları ilə tanış olmaq imkanı yaradılmışdır. Bununla onlar ittiham tərəfinin həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı əsaslandırılmasının səmərəli mübahisələndirilməsi üçün yazılı və şifahi qaydada öz izahatlarını təqdim etmək imkanlarından məhrum edilmişdirlər.
109. Hər halda məhkəmələr ərizəçinin uzun müddət ərzində həbsdə saxlanılmasının mübahisələndirilməsi məqsədilə təqdim edilmiş yazılı izahatlarında göstərilmiş xüsusi dəlilləri araşdırmamışdırlar (baxın, 39-cu paraqrafda). Baxmayaraq ki, həmin dəlillər məsələyə aid olmayan və ya mənasız kimi qiymətləndirilə bilməz. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi həbsə alınmış şəxsin izahatlarında göstərilən hər bir dəlilə qiymət vermək öhdəliyi qoymur. Həbs qətimkan tədbirinin ləğv edilməsi ilə əlaqədar verilən apellyasiya şikayətlərini araşdıran hakim həbsin “qanuniliyini” Konvensiyanın mənasında şübhə altına qoyan və həbsə alınmış şəxs tərəfindən təqdim edilmiş izahatlarda göstərilmiş faktların mövcudluğunu nəzərə almalıdır (baxın, Nikolova Bolqarıstana qarşı (BP), no. 31195/96, § 61, İHAM 1999-II). Ərizəçinin uzun müddət ərzində həbsdə saxlanılması ilə əlaqədar xüsusi dəlillər nəzərə alınmayıbsa, məhkəmə araşdırılması yerli məhkəmələr tərəfindən Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin təbiəti və hədlərinə uyğun olaraq keçirilməmiş kimi hesab olunur.
110. Beləliklə də, bu işdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
III. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN
İDDİA OLUNAN POZUNTULARI
111. Ərizəçi iddia etmişdir ki, evində və iş yerində keçirilmiş axtarışlar zamanı ona və digər ailə üzvlərinə məxsus bir sıra şəxsi əşyalar, o cümlədən ərizəçinin və onun həyat yoldaşının zinət əşyaları, iki noutbuk kompüteri, bəzi şəxsi sənədlər, telefon kitabçaları, iki ədəd videokaset götürülmüşdür. Ərizəçi iddia edir ki, həmin əşyalar cinayət prosesi üçün mənasız olmuş və maddi sübut kimi istifadə edilməmişdir.
Ərizəçi, həmçinin, ona qarşı ittihamın elan edilməsi haqında qərar qəbul etmədən mülkiyyətində olan əmlakın (xüsusilə, “Bank of Baku”nun səhmləri) üzərinə həbsin qoyulmasını iddia etmişdir.
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində bildirilir:
“Hər bir fiziki şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
A. Şikayətin məqbuliyyəti
112. Ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətində olan bir sıra şəxsi əşyaların iddia olunduğu kimi maddi sübut qismində əsassız götürülməsi ilə əlaqədar Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi ərizəçi ittiham tərəfinin onun evində və iş yerində keçirdiyi axtarışlar və əşyaların götürülməsi barədə məhkəmə nəzarətini həyata keçirən aidiyyəti məhkəmələrə müvafiq şikayətlər verməmişdir. Buradan belə nəticə çıxır ki, dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən, həmin şikayət bu hissədə Konvensiyasının 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyun olaraq rədd edilməlidir.
113. Həmin şikayətdə qaldırılan digər məsələlərlə əlaqədar Məhkəmə qeyd edir ki, həmin şikayət müəyyən hissədə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Bundan əlavə, o bildirir ki, digər əsaslara görə də şikayətə baxılması qeyri-məqbul deyil. Buna görə də, şikayət baxış üçün məqbul hesab edilir.
B. İşin mahiyyəti
1. Tərəflərin izahatları
114. Hökumət qeyd edir ki, ərizəçinin mülkiyyətində olan “Bank of Baku”nun səhmləri məhkəmənin 2006-cı il 8 iyun tarixli qərarı ilə müsadirə edilməmiş, həmin səhmlər üzərinə cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə həbs qoyulmuşdur. Bununla həmin qərarın cinayət işi üzrə məhkəmənin yekun hökmünün qəbul edilməsindən əvvəl çıxarılması özü-özlüyündə ərizəçini ona məxsus mülkiyyətindən məhrum etmir. Hökumət bildirir ki, həmin tədbir qanuna müvafiq olmuş və milli qanunvericiliyinin müddəaları (xüsusilə, CPM-in 248-ci maddəsi) hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən idi. Eyni zamanda, Hökumətin şərhlərində qeyd edilmişdir ki, ərizəçinin əmlakı üzərinə həbsin qoyulması ictimaiyyətin maraqları naminə, ədalət mühakiməsinin düzgün aparılması məqsədilə tətbiq edilmişdir.
115. Ərizəçi iddia etmişdir ki, yuxarıda qeyd olunan tədbir qanunsuz və özbaşına həyata keçirilmiş, həmçinin müvafiq qaydada əsaslandırılmamışdır, eyni zamanda həmin tədbir qanuni tələblərə cavab vermir. Xüsusilə, ərizəçi qeyd edib ki, onun əmlakı üzərinə həbsin qoyulması cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilməsinə baxmayaraq, əmlak üzərinə həbsin qoyulması barədə qərarın qəbul edildiyi zaman ona qarşı müsadirə növündə sanksiyanı nəzərdə tutan cinayətin törədilməsi ilə əlaqədar ittiham elan edilməmişdir. Bununla ərizəçi bildirir ki, ona qarşı ittiham elan edilmədən əmlakı üzərinə həbsin qoyulması barədə məhkəmə qərarı qanunsuz hesab olunmalıdır.
2. Məhkəmənin qiymətləndirməsi
116. Nəsimi rayon məhkəməsi ərizəçiyə məxsus “Bank of Baku”nun səhmlərinə həbsin qoyulması barədə 2006-cı il 8 iyun tarixli qərarını həmin səhmlərin ərizəçi tərəfindən yanacaq məhsullarının qaçaqmalçılığı, vergi ödəməkdən yayınma, mənimsəmə və israf etmə kimi cinayətlərin törədilməsi nəticəsində əldə edilmiş vəsaitlərlə alınmasını təsdiq edən ittiham tərəfinin sübutları ilə əsaslandırmışdır. CPM-in 248-250-ci maddələrini rəhbər tutaraq Nəsimi rayon məhkəməsi əmlak üzərinə həbsin qoyulması haqqında qərarda qeyd etmişdir ki, yuxarıda sadalanan cinayətlərin törədilməsinə görə cinayət qanununda əmlak müsadirəsi növündə cəza nəzərdə tutulmuşdur. Əmlak üzərinə həbsin qoyulması haqqında qərarın qəbul edildiyi anda ərizəçiyə həmin qərarda göstərilən cinayətlərin törədilməsi ilə əlaqədar ittiham elan edilməmişdir. Həmin vaxta qədər ərizəçiyə yalnız külli miqdarda xarici valyutanın bəyan etmədən gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə cəhdlə əlaqədar ittiham elan edilmişdir. Bundan sonra 2006-cı il 5 iyul tarixdə ərizəçiyə yanacaq məhsullarının qaçaqmalçılığı (Cinayət Məcəlləsinin 206.3.1-ci və 206.4-cü maddələri) və vergi ödəməkdən yayınma, mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci və 213.4-cü maddələri) kimi cinayətlərin törədilməsi ilə əlaqədar ittiham elan edilmişdir.
117. Hər iki tərəfin izahatlarına əsasən ərizəçi üzərinə həbs qoyulmuş səhmlərin sahibidir; başqa sözlə, həmin əmlak ərizəçinin mülkiyyətində idi. Mübahisə edilmir ki, həbsin qoyulması barədə qərar ərizəçinin öz mülkiyyətindən dinc istifadə etmək hüququnu məhdudlaşdırır. Bununla həmin məsələ ilə əlaqədar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq edilməlidir.
118. Məhkəmə qeyd edir ki, səhmlərin üzərinə həbsin qoyulması ərizəçini ona məxsus mülkiyyətindən məhrum etmir. Lakin bununla cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə ərizəçinin səhmlərdən istifadə etmək və sərəncam vermək hüququ məhdudlaşdırılır. Məhkəmə təkrar edir ki, hüquqi prosedurlar çərçivəsində əmlak üzərinə həbsin qoyulması həmin əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqəlidir. Bununla həmin məsələ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 2-ci bəndinin qüvvəsi altına düşür (baxın, digər qərarlarla yanaşı, Raymondo İtaliyaya qarşı, 22 fevral 1994-cü il, § 27, A Seriyası, № 281-A və Borjonov Rusiyaya qarşı, no. 18274/04, 22 yanvar 2009-cu il, § 57).
119. Məhkəmə bildirir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).
120. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-I).
121. Hazırkı şikayətlə əlaqədar ərizəçinin ilkin iddiası ondan ibarət olmuşdur ki, əmlak üzərinə həbsin qoyulması haqqında qərarın qəbul edildiyi anda ərizəçiyə qarşı əmlak həbsinin əsası kimi göstərilmiş cinayətlərin törədilməsi ilə əlaqədar ittiham elan edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı ittihamın elan edilməsindən əvvəl cinayət prosesinin məqsədləri üçün ona məxsus əmlakın üzərinə həbsin qoyulmasının Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə uyğunluğunun müəyyən edilməsi hazırkı işin kontekstində ümumən xahiş edilməmişdir. Hazırkı iş üzrə baş vermiş müdaxilənin qüvvədə olmuş milli qanunvericiliyə əsasən “qanuni” olduğunun müəyyən edilməsi daha vacib məsələdir.
122. CPM-in 248-ci maddəsinə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur (baxın, 248-ci maddə ilə tanış olmaq üçün 66-cı paraqrafa və həmin maddənin kommentariyası ilə tanış olmaq üçün 68-ci paraqrafa). CPM-in 91-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır (CPM-in 91.1-ci maddəsi). CPM-in 248-ci maddəsinə əsasən barələrində ittiham elan edilməmiş digər kateqoriyadan olan şəxslərin (misal üçün, şübhəli şəxs) əmlakı üzərinə həbsin qoyulması nəzərdə tutulmamışdır.
123. Əmlak üzərinə həbsin qoyulması haqqında qərarda qeyd olunan cinayətlərlə əlaqədar ərizəçi təqsirləndirilən şəxs kimi tanınmamış, ona qarşı həmin cinayətlərin törədilməsi ilə əlaqədar ittiham elan edilməmişdir. Həmçinin, ərizəçi digər təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlə əlaqədar “üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxs” kimi tanınmamışdır. O, şübhəli şəxs kimi tanınmış, eyni zamanda, göstərilən cinayətlərlə əlaqədar heç bir şəxsə qarşı ittihamlar elan edilməmişdir.
124. Bununla da, CPM-in 248-ci maddəsinin mətninə uyğun olaraq əmlak üzərinə həbsin qoyulması haqqında qərarın qəbul edilməsi anında ərizəçi göstərilən hər iki kateqoriyalı şəxs kimi tanınmamışdır. Beləliklə, göstərilən anda ərizəçinin mülkiyyət hüququ həmin müddəaya uyğun olaraq məhdudlaşdırıla bilməzdi. Yerli məhkəmələr tərəfindən müdaxilənin əsası kimi hər-hansı digər hüquqi müddəalar göstərilməmişdir.
125. Məhkəmə qeyd edir ki, onun müdaxilənin milli qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi səlahiyyəti məhduddur. Qanunun təfsiri və tətbiqi ilk növbədə yerli məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin Məhkəmə bildirir ki, həm Nəsimi rayon məhkəməsi, həm də Apellyasiya Məhkəməsinin əmlak üzərinə həbsin qoyulması haqqında qərarlarında CPM-in 248-ci maddəsinin ərizəçinin işində tətbiq edilməsi mümkünlüyünə dair izahat verilməmişdir.
126. Hökumət müdaxilənin CPM-in 248-ci maddəsi mənasında qanuni olduğunu qeyd edərək, həmin müddəanın müvafiq cinayətin törədilməsi ilə əlaqədar barəsində ittiham elan edilməmiş şəxsə münasibətdə tətbiqinin mümkünlüyünü izah etməmiş, halbuki qeyd olunan müddəanın mətnində göstərilən məsələ nəzərdə tutulmamışdır. Eyni zamanda, Hökumət həmin maddənin qeyd olunan şəxslərə münasibətdə tətbiq edilməsinin mümkünlüyünü izah edən və müvafiq tələblərə cavab verən hər hansı yuxarı instansiya məhkəməsinin qərarına istinad etməmişdir.
127. Nəticədə Məhkəmə hesab edir ki, qeyd olunan halda ərizəçinin mülkiyyət hüququna müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi mənasında qanuni hesab edilə bilməz. Bununla da, ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsinin araşdırılmasına ehtiyac duyulmur.
128. Beləliklə, bu işdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
IV. KONVENSİYANIN DİGƏR MADDƏLƏRİNİN
İDDİA OLUNAN POZUNTUSU
A. Konvensiyanın 3-cü maddəsi
129. Ərizəçi MTN-in İstintaq təcridxanasında ağır şəraitdə saxlanılmasını iddia edərək Konvensiyanın 3-cü maddəsi əsasında şikayət vermişdir. Konvensiyanın 3-cü maddəsində bildirilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
130. Hökumət qeyd etmişdir ki, ərizəçi hazırkı şikayətlə əlaqədar yerli məhkəmələrə şikayət etməmiş, bununla, o, dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir.
131. Eyni zamanda, Hökumət bildirmişdir ki, ərizəçinin həbsdə saxlanılması şəraiti qeyri-insani və ya ləyaqəti alçaldan olmamış, ərizəçi standart şəraitdə yerləşdirilmiş və həmin tədbir ərizəçinin ləyaqətini alçaltmaq məqsədi daşımamışdır. Hökumət qeyd etmişdir ki, CPT-nin 2002-ci il Hesabatına əsasən MTN-in İstintaq təcridxanasında saxlanılma şəraiti bütövlükdə qənaətbəxş hesab olunmuşdur.
132. Ərizəçi onun tərəfindən həmin şikayətlə əlaqədar dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsini həmin vasitələrin nəzəri cəhətdən səmərəsizliyi ilə əlaqələndirərək iddia etmişdir ki, aidiyyəti qurumların onun şikayətlərinə əsassız olaraq baxmaması nəticəsində qeyd olunan vasitələr mənasız hesab edilməlidir.
133. Ərizəçi MTN-in İstintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar təqdim edilmiş Hökumətin dəlillərini (baxın, yuxarıda qeyd olunan 63-64-cü paraqraflara) mübahisələndirərək qeyd etmişdir ki, faktiki saxlanma şəraiti ilə əlaqədar onun tərəfindən təqdim edilmiş sübutlara (baxın, yuxarıda qeyd olunan 59-62-ci paraqraflara) əsasən o, Konvensiyanın 3-cü maddəsi mənasında ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Eyni zamanda, ərizəçi bildirmişdir ki, Hökumət CPT-nin 2002-ci il tarixli Hesabatının seçilmiş hissələrinə istinad etmişdir, halbuki həmin Hesabatda kifayət qədər tənqidedici məqamlar da qeyd olunmuşdur. Ərizəçi qeyd etmişdir ki, hər halda CPT-nin 2002-ci il tarixli Hesabatı köhnəlmiş məlumatlara əsaslanır və saxlanılma şəraitinə dair məlumatlar ərizəçinin MTN-in İstintaq təcridxanasında saxlanıldığı müddətə uyğun təqdim edilməmişdir.
134. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlətdaxili vasitələrin tükəndirildiyi güman edilsə də, şikayətin araşdırılması digər səbəblərə görə mümkünsüz hesab edilməlidir və Hökumətin ərizəçi tərəfindən dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etirazlarına baxılmasına ehtiyac duyulmur.
135. Məhkəmə bildirir ki, tərəflərin həbsdə saxlanılma şəraiti ilə əlaqədar olan izahlarının fərqli olmasına baxmayaraq, hər tərəfin izahı Fərhad Əliyevin işində (baxın, yuxarıda qeyd olunan 75-82-ci paraqraflar) göstərilənlərə uyğundur. İşdə mövcud olan sənədlərə əsasən Məhkəmə hesab edir ki, ərizəçinin saxlanılma şəraiti MTN-in İstintaq təcridxanasında eyni şəraitdə və həmin müddətdə saxlanılmış qardaşı Fərhad Əliyevin saxlanılma şəraiti ilə demək olar ki eyni olmuşdur.
136. Eyni zamanda, Məhkəmə qeyd edir ki, Fərhad Əliyevin işində tərəflərin izahatlarını və CPT-nin 2002-ci il tarixli Hesabatını qiymətləndirərək ərizəçinin faktiki saxlanılma şəraiti bütövlükdə məqbul hesab edilmiş və ləyaqəti alçaldan kimi müəyyənləşdirilməmişdir (baxın, yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, 117-119-cu paraqraflar). Nəzərə alaraq ki, hazırkı işdə saxlanılma şəraiti Fərhad Əliyevin işindəki ilə eyni olmuş, Məhkəmə hesab edir ki, bununla əlaqədar yeni araşdırmaların aparılmasına ehtiyac yoxdur. Bəzi problemli xüsusiyyətlər istisna olmaqla, bütövlükdə ərizəçinin MTN-in İstintaq təcridxanasında həbsdə saxlanılması Konvensiyanın 3-cü maddəsi mənasında qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla nəticələnməmişdir.
137. Nəticədə, şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd edilməlidir.
B. Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndi
138. Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə əsasən ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi haqqında keçirilmiş məhkəmə baxışları ilə əlaqədar bir sıra şikayətlər vermişdir. Lakin həmin şikayətlər Konvensiyanın 5-ci maddəsi rəhbər tutularaq Məhkəmə tərəfindən artıq araşdırılmışdır. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi tərəfindən verilmiş şikayətlərin bütövlükdə onun barəsində keçirilmiş cinayət prosesinin ədalətsizliyi ilə əlaqədar olduğunu nəzərə alaraq Məhkəmə qeyd edir ki, hazırkı şikayətə baxılması həddi ərizəçi barəsində aparılmış cinayət mühakiməsindən, çıxarılmış hökmdən və sonrakı mərhələdə onun tərəfindən verilmiş apellyasiya və kasassiya şikayətlərindən öncə baş vermiş hadisələrlə məhdudlaşır. Bununla da, ona qarşı elan edilmiş ittihamların araşdırılması məqsədilə keçirilmiş məhkəmə prosesləri Məhkəmə baxışının predmeti deyil (baxın, 69-70-ci paraqraflara). Baxmayaraq ki, cinayət mühakiməsindən əvvəl baş vermiş faktiki hadisələr bütövlükdə məhkəmə prosesinin ədalətliliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir, həmin hissədə iddialar hazırkı şikayətin kontekstində vaxtından əvvəl qaldırıldığına görə rədd olunmalıdır.
C. Konvensiyanı 6-cı maddəsinin 2-ci bəndi
139. Ərizəçi iddia etmişdir ki, o, yerli məhkəmələrin həbs qətimkan tədbirinin tətbiqi və onun müddətinin uzadılması haqqında qərarlarında onun təqsiri nəzərdə tutulmuş qaydada sübuta yetirilmədən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan təqsirli sayılmışdır. Eyni zamanda, ərizəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin 2005-ci il 20 və 21 oktyabr tarixli birgə məlumatlarının yayılması nəticəsində onun təqsirsizlik prezumpsiyası hüququ pozulmuşdur. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində bildirilir:
“Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.”
140. Hökumət bildirmişdir ki, milli müstəvidə hüquq pozuntusunun bərpa edilməsi üçün mümkün vasitələrin mövcudluğuna baxmayaraq, ərizəçi tərəfindən həmin şikayətlə əlaqədar dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilməmişdir. Eyni zamanda, Hökumət qeyd etmişdir ki, cinayət mühakiməsindən əvvəl istintaq zamanı müxtəlif məsələlərlə əlaqədar qəbul edilmiş məhkəmə qərarlarında ərizəçi hər hansı cinayətin törədilməsində təqsirli bilinməmişdir. Həmçinin, Hökumət bildirmişdir ki, hüquq mühafizə orqanları tərəfindən yayılmış 2005-ci il 20 və 21 oktyabr tarixli məlumatlarda ərizəçi cinayətkar kimi göstərilməmişdir. Lakin həmin məlumatlar vasitəsilə ictimaiyyət ərizəçinin həbsi və onun evində və iş yerində aparılmış axtarışlar zamanı müvafiq sübutların aşkar edilməsi barədə məlumatlandırılmışdır. Həmin məlumatlar “onlara dair hər hansı hüquqi qiymət verilmədən” yayılmışdır.
141. Ərizəçi öz iddialarını təkrarlayaraq bildirmişdir ki, o, “cinayətkar” kimi sayılmasa da, həmin məlumatların yayılmasının məqsədi və effekti onu məhz cinayətkar kimi göstərmək olmuşdur.
142. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirildiyi güman edilsə də, Hökumətin ərizəçi tərəfindən həmin vasitələrin tükəndirilməməsi ilə bağlı etirazlarına baxılmasına ehtiyac duyulmur və şikayətin araşdırılması aşağıda göstərilən səbəblərə görə tamamilə qeyri-məqbul hesab edilməlidir.
143. Yerli məhkəmələrin həbs qətimkan tədbirinin tətbiqi və onun müddətinin uzadılması haqqında qərarlarında təqsiri nəzərdə tutulmuş qaydada sübuta yetirilmədən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan təqsirli sayılması nəticəsində ərizəçinin təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı şikayəti Məhkəmə tərəfindən tam araşdırılmışdır. Bununla da, Məhkəmə müvafiq yerli məhkəmələrin qərarlarını öyrənərək hesab edir ki, həmin qərarların mətnində ərizəçinin ona qarşı ittihamlar elan edilmiş cinayətlərin törədilməsində təqsirli bilinməsini göstərən qeydlər öz əksini tapmamışdır.
144. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin 2005-ci il 20 və 21 oktyabr tarixli birgə məlumatlarına gəlincə, Məhkəmə xatırladır ki, Fərhad Əliyevin işində aparılmış araşdırmalar nəticəsində F.Əliyev tərəfindən cinayətlərin törədilməsi həmin məlumatlarda qeyd-şərtsiz qeyd olunmuşdur. Beləliklə, qeyd olunan məlumatlarda ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi əsasında qorunan təqsirsizlik prezumpsiyası həmin işdə pozulmuşdur (baxın, yuxarıda qeyd olunan Fərhad Əliyev Azərbaycana qarşı, §§ 217-227). Lakin həmin məlumatları hazırkı iş üzrə araşdıraraq, Məhkəmə hesab edir ki, məlumatlarda ərizəçi ilə əlaqədar göstərilən hallar Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmayan kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə məlumatlarda ərizəçinin həbsə alınması və onun ofisindən bəzi əşyaların götürülməsi barədə qısaca qeyd olunmuşdur. Həmçinin, məlumatlarda göstərilmişdir ki, ərizəçinin iş yeri Fərhad Əliyevlə Fikrət Yusifov arasında görüşlərin keçirilməsi üçün istifadə olunmuşdur. Məlumatlarda ərizəçinin hansı cinayətlərin törədilməsində şübhəli bilinməsi ilə əlaqədar həbsə alınmasının dəqiq göstərilməməsi nəticəsində onun həbsinin əsas səbəbləri qeyd edilməmişdir. Habelə, həmin məlumatlarda ərizəçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinməsi haqqında qeydlər göstərilməmişdir.
145. Nəticədə, şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd edilməlidir.
D. Konvensiyanın 8-ci maddəsi
146. Ərizəçi iddia etmişdir ki, həbsdə saxlanıldığı dövrdə onun ailə üzvləri və britaniyalı müdafiəçisi ilə yazışmalarına və görüşlərinə məhdudiyyətlər qoyulmuşdur. O iddia etmişdir ki, onun məktubları qanuni əsaslar olmadan senzuradan keçirilmişdir. Konvensiyanın 8-ci maddəsində bildirilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”
147. Hökumət bildirmişdir ki, ərizəçi bununla əlaqədar Konvensiyanın 8-ci maddəsinə və ya milli qanunvericiliyin müvafiq müddəalarına istinad edərək aidiyyəti qurumlara şikayət verməmiş, bununla da, onun tərəfindən həmin şikayətlə əlaqədar dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilməmişdir. Hökumət qeyd etmişdir ki, CPM-in 449-cu maddəsinə əsasən ərizəçi məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın səlahiyyətli şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verə bilərdi.
148. Ərizəçi Hökumətin dəlillərini mübahisələndirərək qeyd etmişdir ki, yerli məhkəmələr müstəqil və qərəzsiz olmamışlar və onun barəsində siyasi sifarişlə qaldırılmış cinayət işində hüquq müdafiə vasitələri səmərəsiz hesab olunmalıdır.
149. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi mənasında dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası Razılığa gələn Dövlətə şikayətin Məhkəməyə təqdim edilməsindən öncə pozuntunun qarşısının alınması və ya pozulmuş hüquqların bərpası üçün imkanlar yaradır (baxın, digər qərarlarla yanaşı, Hacıbəyli Azərbaycana qarşı, no. 16528/05, 10 iyul 2008-ci il, § 35 və yuxarıda qeyd edilən Fərhad Əliyev Azərbaycana qarşı, § 232). Hüquq müdafiə vasitələrinin səmərəliliyinin şübhə altına qoyulması həmin vasitələrdən istifadə etmək vəzifəsindən azad etmir (baxın, digər qərarlarla yanaşı, Məmmədov Azərbaycana qarşı, no. 34445/04, 11 yanvar 2007-ci il, § 52). Məhkəmə ərizəçinin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın səlahiyyətli şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayətin verilməsinin mümkünlüyü barədə Hökumətin dəlillərini qəbul edir. Lakin ərizəçi həbsdə saxlanıldığı dövrdə onun ailə üzvləri və müdafiəçisi ilə yazışmalarına və görüşlərinə məhdudiyyətlərin qoyulması ilə əlaqədar yerli məhkəmələrə şikayət etməmişdir. Eyni zamanda, ərizəçi bununla əlaqədar dövlətdaxili hüquq müdafiə vasitələrinin səmərəliliyini şübhə altına qoyaraq həmin şübhələrin səbəblərini göstərməmişdir.
150. Nəticədə, dövlətdaxili hüquq müdafiə vasitələri tükəndirilmədiyindən həmin şikayət bu hissədə Konvensiyasının 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
E. İddia olunan digər pozuntular
151. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən iddia edərək vurğulamışdır ki, tutulmadan dərhal sonra ona tutulmanın və ittihamın əsasları bildirilməmişdir. Eyni zamanda, ərizəçi digər şikayətlərlə birlikdə Konvensiyanın 13-cü və 14-cü maddələri əsasında iddia etmişdir ki, o, Fərhad Əliyevin qardaşı olduğuna görə siyasi motivlərlə ayrı-seçkiliyə məruz qalmış və onun pozulmuş hüquqlarının bərpası üçün səmərəli dövlətdaxili hüquq müdafiə vasitələri mövcud olmamışdır.
152. Lakin iddia olunan pozuntuların araşdırılmasının Məhkəmənin səlahiyyətlərinə aidiyyətini və işdə olan sənədləri qiymətləndirərək Məhkəmə hesab edir ki, qeyd olunan iddialarla əlaqədar Konvensiyada və ya onun Protokollarında təsbit edilmiş hüquq və azadlıqların pozulmasına dəlalət edən hər hansı hallar mövcud deyil. Nəticədə, şikayət açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə əsasən rədd edilməlidir.
V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
153. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Razılığa Gələn Yüksək Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
154. Ərizəçi ona vurulmuş maddi ziyana görə 4.500.184,58 ABŞ dolları məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Həmin məbləğ aşağıda göstərildiyi kimi müəyyənləşdirilib: a) 428.451,84 ABŞ dolları – 2005-ci il oktyabrın 1-dən 2007-ci il oktyabrın 1-dək məcburi işburaxmaya görə ona ödənilməli olan Azpetrol və Azertrans şirkətlərində aldığı əmək haqqı, həmçinin, 2007-ci il oktyabrın 1-dən Məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilənədək həmin qaydalara əsasən hesablanan digər əldən çıxmış gəlirlər; b) Azpetrolun ofisindən qanunsuz götürülmüş 1.300.000 ABŞ dolları məbləğində şəxsi əmanətlər; c) üzərinə həbs qoyulmuş 1.686.815,51 ABŞ dolları dəyərində “Bank of Baku”nun səhmləri və 2004-2007-ci illər ərzində 1.084.306,23 ABŞ dolları məbləğində həmin səhmlər üzrə ödənilməli olan dividendlər; d) evindən götürülmüş 36.611 ABŞ dolları dəyərində şəxsi əşyalar.
155. Hökumət ərizəçinin məcburi işburaxmaya görə ona ödənilməli olan əmək haqqı üzrə tələbinin həddən artıq böyük olduğunu və heç bir sənədlə təsdiq edilmədiyini bildirmişdir. Eyni zamanda, Hökumət qeyd etmişdir ki, maddi ziyanla əlaqədar ərizəçi tərəfindən təqdim edilmiş sübutlar müfəssəl olmamışdır. Yekunda Hökumət bildirmişdir ki, şikayətin Məhkəməyə təqdim edilməsi zamanı ərizəçi əmlakından məhrum edilməmiş, əmlakın müsadirəsi məsələsi yerli məhkəmələrin baxışında olmuşdur.
156. Məhkəmə aşkar edilmiş pozuntularla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair tələb arasında heç bir səbəbli əlaqənin mövcudluğunu müəyyən etməmişdir. Ərizəçiyə məxsus digər əşyaların götürülməsi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin məsələ ilə əlaqədar təqdim edilmiş şikayətlərin bir hissəsi əsassız hesab edilmişdir. Ərizəçinin mülkiyyətində olmuş “Bank of Baku”nun səhmlərinə gəldikdə isə Məhkəmə bildirir ki, Məhkəmə tərəfindən həmin şikayətə baxılması həddi yalnız ərizəçinin mülkiyyət hüququnu müvəqqəti məhdudlaşdıran tədbirin qanuniliyinin araşdırılması ilə məhdudlaşır. Ərizəçinin mülkiyyət hüququndan məhrum edilməsi məsələsi Məhkəmə baxışının predmeti deyil. Nəticədə, Məhkəmə aşkar edilmiş pozuntularla üzərinə həbs qoyulmuş səhmlərin və onlara əlavə olunan dividendlərin ödənilməsinə dair tələb arasında heç bir səbəbli əlaqənin mövcudluğunu müəyyən etməmişdir.
157. Bununla, Məhkəmə maddi ziyanla bağlı tələbi rədd edir.
2. Mənəvi ziyan
158. Ərizəçi bildirmişdir ki, Konvensiya ilə təsbit olunmuş hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan vurulmuş, reputasiyasına zərər dəymişdir. Müvafiq məbləği göstərmədən ərizəçi Məhkəmədən hazırkı işdə iddia olunan pozuntulara uyğun təzminatın təyin edilməsini xahiş etmişdir.
159. Hökumət bildirmişdir ki, pozuntunun aşkar edilməsi özü-özlüyündə mənəvi ziyanın ədalətli şəkildə bərpası kimi qiymətləndirilə bilər.
160. Məhkəmə hesab edir ki, ərizəçiyə müəyyən mənəvi ziyan dəymiş və həmin ziyan yalnız pozuntunun aşkar edilməsi ilə bərpa oluna bilməz. Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 7.000 avro məbləğində kompensasiya verilməsini qət edir.
B. Xərclər və məsrəflər
161. Ərizəçi, həmçinin işə Məhkəmədə baxılması ilə əlaqədar çəkdiyi 172.737 Böyük Britaniya funt sterlinqi xərcin və əlavə olaraq görülməli işlər üzrə 9.619,50 Böyük Britaniya funt sterlinqinin ödənilməsini tələb etmişdir. Həmin məbləğlər “Trowers&Hamlins” hüquq şirkətinin bir sıra hüquqşünasları və Herne Hill QC Lordu Lester tərəfindən görülmüş işlərlə əlaqədar tələb edilmişdir. Bu tələbi əsaslandırmaq üçün ərizəçi yuxarıda qeyd olunan hüquqşünaslar tərəfindən hazırlanmış müxtəlif invoysları və müdafiəçilərin görülmüş işləri ilə bağlı hər saat üzrə məvaciblərini təsdiq edən sənədlər də daxil olmaqla bir sıra digər sübutları təqdim etmişdir.
162. Hökumət bildirmişdir ki, ərizəçinin çəkdiyi xərc və məsrəflər həddindən artıq şişirdilmiş və zəruri olaraq çəkilməmişdir. Hökumət qeyd etmişdir ki, həmin invoyslarda göstərilən məlumatlar ümumi xarakter daşıyır və faktiki görülmüş işlər üzrə qeydlər müfəssəl şəkildə göstərilməmişdir. Eyni zamanda bildirilmişdir ki, invoyslarda göstərilən bəzi işlər Məhkəməyə müvafiq etibarnamələri təqdim edilməmiş şəxslər tərəfindən həyata keçirilmişdir.
163. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.
164. Məhkəmə qeyd edir ki, ərizəçinin müdafiəçiləri tərəfindən təqdim edilmiş dəlillərin böyük qismi ya əsassız hesab edilmiş şikayətlərlə əlaqədar olmuş, ya da Məhkəmənin hazırkı iş üzrə səlahiyyətləri çərçivəsinə daxil olmamışdır. Bununla, həmin dəlillərlə əlaqədar çəkilmiş xərc və məsrəflərin ödənilməsinə dair tələblər rədd edilməlidir.
165. Eyni zamanda, Məhkəmə bildirir ki, xərc və məsrəflərin ödənilməsi ilə əlaqədar təqdim edilmiş bir sıra tələblər müvafiq sənədlərlə təsdiq olunmamışdır. Lakin Məhkəmə hesab etmir ki, ərizəçi tərəfindən xərc və məsrəflərin ödənilməsi ilə əlaqədar təqdim edilmiş bütün tələblər həqiqətən də və zəruri olaraq çəkilməmişdir. Ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçi tərəfindən təqdim edilmiş iddiaların detallarını və onun Böyük Britaniyadan olan vəkilinə təyin edilmiş məbləği nəzərə alaraq, ərizəçidən tutulacaq vergi də daxil olmaqla, ona 25.000 avro məbləğində kompensasiya verilməsini qərara alır.
C. Faiz dərəcəsi
166. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üz faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 5-ci maddəsinin 3-cü və 4-cü bəndləri (həbs qətimkan tədbiri seçilməsinin qanuniliyinin məhkəmələr tərəfindən araşdırılmasının ədalətliliyi ilə əlaqədar) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (ərizəçiyə məxsus “Bank of Baku”nun səhmləri üzərinə həbsin qoyulması barədə qərarla əlaqədar) əsasında verilmiş şikayəti məqbul və digər şikayətləri qeyri-məqbul elan edir;
2. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulduğunu qərara alır;
3. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin (həbs qətimkan tədbiri seçilməsinin qanuniliyinin məhkəmələr tərəfindən araşdırılmasının ədalətliliyi ilə əlaqədar) pozulduğunu qərara alır;
4. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (ərizəçiyə məxsus “Bank of Baku”nun səhmləri üzərinə həbsin qoyulması barədə qərarla əlaqədar) pozulduğunu qərara alır;
5. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə aşağıda göstərilən məbləğləri ödəməlidir:
i) vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 7.000 (yeddi min) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
ii) çəkilmiş xərc və məsrəflərə görə, tutulacaq vergi də daxil olmaqla, 25.000 (iyirmi beş min) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Böyük Britaniya funt sterlinqi ilə ərizəçinin müdafiəçisinin bank hesabına ödəməlidir;
(b) yuxarıda qeyd edilən ödəmənin üç ayın keçməsindən sonra həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qərara alır.
Qərar Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2011-ci il dekabrın 6-da ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampaş Nina Vajiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy