Ramadan (Ramadan) Maltaya qarşı – ərizə № 76136/12
21.6.2016 tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Saxta nikahın ləğvindən sonra vətəndaşlıqdan məhrum edilmə: pozuntu baş verməyib
Faktlar – Misir vətəndaşı olan ərizəçi 1993-cü ildə Malta vətəndaşı ilə evlənməsi ilə əlaqədar olaraq Malta vətəndaşlığı əldə etdi. 1998-ci ildə bu nikah ləğv olundu. Sonradan ərizəçi Maltada Rusiya vətəndaşı ilə evləndi və ondan iki uşağı oldu, onların hər ikisi Malta vətəndaşı idi. 2007-ci ildə dövlət orqanları ərizəçinin birinci nikahının ləğv edilməsindən xəbər tutdular. Bundan sonra onun vətəndaşlığı ləğv olundu və belə əsas gətirildi ki, nikahı saxta olub, belə ki, onun evlənməkdə yeganə məqsədi Maltada qalmaq və Malta vətəndaşlığı əldə etmək olub.
Hüquqi məsələlər – 8-ci maddə: Sonradan və ya doğulan zaman əldə edilmiş vətəndaşlığın itirilməsi insanın şəxsi və ailə həyatına vətəndaşlıq əldə etmək hüququnu tanımaqdan imtina qədər (bəlkə də daha çox) təsir göstərə bilər. Beləliklə, vətəndaşlığın ləğvi fərdin şəxsi həyatına təsir göstərdiyinə görə müəyyən hallarda Konvensiyanın 8-ci maddəsi üzrə məsələni meydana çıxara bilər.
Ərizəçini vətəndaşlıqdan məhrum etmək qərarı qanuna uyğun olaraq qəbul edilmişdi. Üstəlik, ərizəçi zəruri prosessual təminatlarla müşayiət olunan prosesdə öz mövqeyini müdafiə etmək imkanına malik idi (və bu imkandan istifadə etmişdi). Bundan başqa, baxmayaraq ki, dövlət orqanlarının səylə və cəldliklə hərəkət etdiklərini sual altına almaq olardı, hər hansı yubanma ərizəçini əlverişsiz vəziyyətə salmamışdı və o, yaranmış vəziyyətdən yararlanmaqda davam edirdi. Bundan əlavə, ərizəçi bilirdi ki, nikahı ləğv olunduğu zaman vətəndaşlığı da istənilən vaxt ləğv oluna bilər və buna görə də vəziyyəti risklidir. Nəhayət, barəsində şikayət edilən vəziyyət ərizəçinin saxtakar davranışının nəticəsi idi və ərizəçinin şikayətləndiyi nəticələr əsas etibarı ilə onun öz seçiminin və hərəkətinin nəticəsi idi. Buradan belə qənaətə gəlmək olar ki, ərizəçinin Malta vətəndaşlığından məhrum edilməsi barədə qərar əsassız deyildi.
Barəsində şikayət edilən tədbirin nəticələrinə gəlincə, ərizəçi Malta ərazisindən çıxarılmaqla təhdid edilməmişdi. Ən önəmlisi, ərizəçinin rusiyalı arvadı hərəkət azadlığı məhdudlaşdırılmayan şəxs statusunu itirsə də, ərizəçinin oğlu Malta vətəndaşlığını itirməmişdi və ərizəçinin Malta vətəndaşlığından məhrum edildiyi doqquz il ərzində Maltanın hakimiyyət orqanları onun oğlunu bu vətəndaşlıqdan məhrum etməyə cəhd etməmişdilər. Ərizəçi biznesi ilə məşğul olmaq imkanına malik idi və Maltada yaşamaqda davam edirdi. Ölkədə hansı statusla qalmasını tənzimləməsi üçün müxtəlif imkanlar mövcud olsa da, ərizəçi bu addımı atmamışdı. Ərizəçinin hazırda vətəndaşlığı olmayan şəxsə çevrildiyi barədə iddiasına gəlincə, o, Misir vətəndaşlığından imtina etdiyi barədə iddiasını sübut etməyib, yaxud əgər imtina edibsə, onu yenidən əldə etmək imkanına malik olmadığını sübuta yetirməyib. Əcnəbi vətəndaşın öz vətəndaşlığından imtina etməsi prinsipcə o demək deyil ki, ərazisində yaşadığı dövlət onun ölkədə hansı statusla qalmasını tənzimləməyə borcludur.
Buradan belə nəticə çıxır ki, hazırkı işdə Konvensiyanın 8-ci maddəsi əsasında dövlətin üzərinə neqativ öhdəliklərin düşüb-düşmədiyini qiymətləndirməyə ehtiyac yoxdur, həmçinin Məhkəmə ərizəçinin deportasiya riski altında olmadığını nəzərə alaraq dövlətin pozitiv öhdəliklərini də qiymətləndirməyə ehtiyac görmür.
Nəticə: pozuntu baş verməyib.
Həmçinin bax: Savoiya və Bouneqru İtaliyaya qarşı (qərardad), 8407/05, 11 iyul 2006-cı il; və Cenoveze Maltaya qarşı, 53124/09, 11 oktyabr 2011-ci il, 145 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy