Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BİRİNCİ BÖLMƏ
RANTSEV KİPR VƏ RUSİYAYA QARŞI İŞİ
(CASE OF RANTSEV v. CYPRUS AND RUSSIA)
( 25965/04 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
7 yanvar 2010-cu il
YEKUN
10/05/2010
Bu qərar Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hallarda yekun olacaqdır. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
Rantsev Kipr və Rusiyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Christos Rozakis, Sədr,
Anatoly Kovler,
Elisabeth Steiner,
Dean Spielmann,
Sverre Erik Jebens,
Giorgio Malinverni,
George Nicolaou, hakimlər,
və Søren Nielsen, Bölmə Katibi,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi
10 dekabr 2009-cu ildə qapalı müşavirə keçirərək,
sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Kipr Respublikasına və Rusiya Federasiyasına qarşı Rusiya vətəndaşı c-b Nikolay Mixayloviç Rantsev (“ərizəçi”) tərəfindən 26 may 2004-cü il tarixində Məhkəməyə təqdim edilmiş ərizə (25965/04 saylı) əsasında açılmışdır.
2. Hüquqi yardımla təmin edilmiş ərizəçi Yekaterinburqda vəkilliklə məşğul olan x-m L. Çurkina tərəfindən təmsil edilib. Kipr Hökuməti öz Nümayəndələri, Kiprin Baş Prokuroru c-b Clerides tərəfindən təmsil olunub. Rusiya Hökuməti öz Nümayəndələri c-b Q. Matyuşkin tərəfindən təmsil olunub.
3. Ərizəçi Konvensiyanın 2, 3, 4, 5 və 8-ci Maddələrinə əsasən Kipr polisi tərəfindən onun qızının ölüm işinin hallarının adekvat istintaqının aparılmaması, qızı hələ həyatda ikən onun Kipr polisi tərəfindən adekvat şəkildə qorunmaması və Kipr rəsmi dairələrinin onun qızının ölümündə və ona qarşı pis rəftar tətbiq edilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması üçün zəruri tədbirlər görmədiyindən şikayət etmişdir. O, eyni zamanda 2-ci və 4-cü Maddələrə əsasən şikayət etmişdir ki, Rusiya rəsmi dairələri onun qızının iddia edilən insan alverinə qurban olması və daha sonrakı ölümünün araşdırmasını aparmamış və onu insan alverinə qurban olmaqdan müdafiə etmək üçün tədbir görməmişlər. Nəhayət, o, Konvensiyanın 6-cı Maddəsinə əsasən meyitin tanınması ilə bağlı prosedur (inquest) və Kiprdə məhkəməyə çıxışının məhdudlaşdırılmasından şikayət etmişdir.
4. 19 oktyabr 2007-ci ildə Kipr və Rusiya Hökumətlərinə iki Hökumət arasında bu məsələ ilə bağlı aparılan bütün yazışmalar da daxil olmaqla, bütün istintaq materiallarını təqdim etməklə bağlı müraciət edilib. 17 dekabr 2007-ci il tarixində və 17 mart 2008-ci il tarixində Kipr və Rusiya Hökumətləri müvafiq olaraq bir sıra sənədləri təqdim ediblər.
5. 20 may 2008-ci ildə Birinci Bölmənin Sədri Məhkəmə Reqlamentinin 41-ci Qaydasına əsasən bu işə prioritet qaydada baxılması barədə qərar qəbul etdi.
6. 27 iyun 2008-ci il tarixində Birinci Bölmənin Sədri işlə bağlı cavabdeh ölkələrin hər birinə məlumat göndərməyi qərara alır. Eyni zamanda işə mahiyyəti üzrə qəbuledilənlik məsələsi ilə eyni vaxtda baxmaq barədə qərar qəbul edilir. (Maddə 29 § 3).
7. 27 və 28 oktyabr 2008-ci il tarixlərində müvafiq olaraq Kipr və Rusiya Hökumətləri ərizənin qəbuledilənliyi və mahiyyətinə dair yazılı müşahidələrini təqdim ediblər. Bundan əlavə, Londonda yerləşən qeyri-hökumət təşkilatları olan İnterights və AİRE Centre-dən üçüncü tərəf qismində öz şərhlərini təqdim etmək xahiş olunub. Onlara Sədr tərəfindən yazışma prosesində iştirak etmək icazəsi verilib (Konvensiyanın 36 § 2 Maddəsi və 44 § 2 Qaydası).
8. 12 dekabr 2008-ci ildə Birinci Bölmənin Sədri qərara gəldi ki, ərizəçi Məhkəmə qarşısında təmsil olunmaq üçün hüquqi yardımla təmin edilməlidir.
9. 16 dekabr 2008-ci il tarixində ərizəçi cavab olaraq yazılı müşahidələrini və onlarla birlikdə ədalətli kompensasiya ilə bağlı tələbini təqdim etdi.
10. Kipr və Rusiya Hökumətləri ərizəçinin ədalətli kompensasiya tələbi ilə bağlı müşahidələrini təqdim etdilər.
11. 10 aprel 2009-cu il tarixli məktubu ilə Kipr Hökuməti Məhkəmədən işi siyahısından çıxarmağı xahiş etdi və ərizəçi tərəfindən qaldırılan məsələlərin aradan qaldırılması ilə bağlı birtərəfli bəyannamənin mətnini Məhkəməyə göndərdi. Ərizəçi 21 may 2009-cu il tarixində Hökumətin xahişi ilə bağlı yazılı müşahidələrini təqdim etdi.
12. Ərizəçi şifahi dinləmələr keçirilməsi ilə bağlı müraciət etdi, lakin Məhkəmə hazırkı qərarı qəbul etməzdən əvvəl şifahi dinləmə keçirmənin zəruri olmadığına dair qərar qəbul etdi.
FAKTLAR
I. İŞİN HALLARI
13. Ərizəçi, Nikolay Mixayloviç Rantsev Rusiya vətəndaşıdır və 1938-ci ildə Rusiyanın Svetloqorsk şəhərində anadan olub. O Rusiya vətəndaşı olan 1980-ci il təvəllüdlü x-m Oksana Rantsevanın atasıdır.
14. İşin tərəflərin təqdimatlarına və onların təqdim etdikləri materiallara, xüsusilə də Kipr polisi tərəfindən alınmış şahid ifadələrinə əsasən müəyyən edilmiş faktları aşağıdakı xülasə şəklində şərh edilə bilər .
A. Ümumi xarakterli faktlar
15. Oksana Rantseva Kiprə 5 mart 2001-ci il tarixində gəlib. 13 fevral 2001-ci il tarixində Limassolda yerləşən kabarelərdən birinin sahibi X.A. Oksana Rantsevanın onun kabaresində ifaçılardan biri kimi işləyə bilməsi üçün ona “artist” vizası və işləmək icazəsi verilməsi ilə bağlı müraciət edib (bax aşağıda 15-ci bənd). Müraciət ərizəsinə Rantsevanın pasportunun surəti, tibbi arayış, əmək müqaviləsinin surəti (göründüyü kimi, hələ Rantseva tərəfindən imzalanmamış) və Agentliklər (X.A.) tərəfindən aşağıdakı şərtlərlə imzalanmış girov (öhdəlik kağızı) əlavə edilmişdi (orijinal ingilis dilindədir):
“BUNUNLA BƏYAN OLUNUR Kİ, Limasoldan olan Mən (X.A.) Kipr Respublikası Daxili İşlər Naziri qarşısında £150 (funt sterlinq) məbləğinin sözügedən Daxili İşlər Nazirinə və ya həmin vaxtda vəzifədə olan digər Daxili İşlər Nazirinə və ya onu təmsil edən şəxsə və ya şəxslərə ödəməyi öz üzərimə öhdəlik olaraq götürürəm.
Mənim möhürümlə möhürlənib.
13 fevral 2001-ci il tarixli
NƏZƏRƏ ALARAQ Kİ, x-n RUSİYADAN olan Oksana RANTSEVA
Bundan sonra immiqrant adlandırılacaq (bu ifadə kontekstə uyğun olduqda, onun varislərini, icraçılarını, inzibatçılarını və təmsilçilərini də əhatə edir) Kiprə daxil olur və mən öhdəlik olaraq öz üzərimə götürürəm ki, burada qeyd olunan tarixdən etibarən beş il müddətində immiqrant Kiprdən heç bir müavinət almaq ehtiyacında olmayacaq və mən Kipr Respublikası tərəfindən immiqranta müavinət və ya digər dəstək şəklində ödənən (həmin müavinət və ya dəstək şəklində ödənişə ehtiyac olması yalnız Nazir tərəfindən müəyyən edilə bilər) və ya immiqrantın burada göstərilən tarixdən etibarən beş il ərzində Kiprdən repatriasiya edilməsi üçün tələb olunan istənilən məbləğin geri ödənilməsini öz üzərimə götürürəm.
YUXARIDA GÖSTƏRİLƏN YAZILI ÖHDƏLİK SƏNƏDİNİN ŞƏRTLƏRİ ONDAN İBARƏTDİR Kİ, immiqrant və ya mən özüm, mənim varislərim, icraçılarım, inzibatçılarım və ya təmsilçilərim, tələb olunduqda Kipr Respublikasına immiqranta yuxarıda göstərilmiş müavinət və ya digər dəstək formasında və ya immiqrantın Kiprdən repatriasiya edilməsi (bu halda hazırkı öhdəlik sənədi qüvvədən düşür, bütün digər hallarda isə qüvvədə qalır) üçün tələb olunan və Kipr Respublikası tərəfindən ödənilmiş istənilən məbləği geri qaytarmalıdır.”
16. X-m Rantsevaya 9 mart 2001-ci il tarixinə qədər müvəqqəti yaşayış icazəsi verilmişdi. O, X.A.-nın kabaresində işləyən digər gənc qadınla birlikdə bir mənzildə qalırdı. 12 mart 2001-ci ildə ona 8 iyun 2001-ci il tarixinə qədər X.A.-ya məxsus olan və onun qardaşı M.A. tərəfindən idarə edilən kabaredə işləmək üçün icazə verilir. 16 mart 2001-ci il tarixində o, işləməyə başlayır.
17. 19 mart 2001-ci ildə səhər saat 11 radələrində mənzildə Rantseva ilə birlikdə qalan qadın M.A.-ya xəbər verir ki, Rantseva bütün əşyalarını götürərək mənzili tərk edib. Qadın bildirib ki, Rantseva rus dilində məktub yazıb qoyaraq artıq yorulduğunu və Rusiyaya qayıtmaq istədiyini bildirib. Həmin gün M.A Limasol İmmiqrasiya İdarəsinə xəbər verir ki, Rantseva iş və yaşayış yerini tərk edib. M.A.-nın daha sonra verdiyi yazılı ifadədə qeyd edilir ki, o, Rantsevanın həbs olunmasını və Kiprdən çıxarılmasını istəyirdi ki, o, kabareyə digər bir qız işə götürə bilsin. Lakin, x-m Rantsevanın adı polis tərəfindən axtarışda olan şəxslərin siyahısına daxil edilmir.
B. 28 mart 2001-ci ildə baş verən hadisələr
18. 28 mart 2001-ci il tarixində səhər saat 4 radələrində kabaredə işləyən digər qızlardan biri Rantsevanı Limasolda diskotekada görür. Kabaredə işləyən qızdan Rantsevanın diskotekada olduğu xəbərini alan M.A. polisə zəng vuraraq onun həbs edilməsini xahiş edir. Özü isə kabarenin təhlükəsizlik əməkdaşlarından biri ilə diskotekaya gedir. Diskotekanın işçisi x-m Rantsevanı onun yanına gətirir. Öz şahid ifadəsində M.A. daha sonra bildirir (tərcümə):
“[x-m Rantseva] mənim maşınıma minəndə o nə şikayət, nə də başqa bir hərəkət edirdi. O, sərxoş görünürdü və mən ona yalnız mənimlə gəlməsini söylədim. O sərxoş göründüyünə görə biz bir dialoqa girmədik və o, mənimlə ümumiyyətlə dansımadı. ”
19. M.A. x-m Rantsevanı Limasol Mərkəzi Polis İdarəsinə aparır; orada iki polis əməkdaşı növbədə idi. O, polisdə Rantsevanın Kiprə gəlməsi, işə düzəlməsi və daha sonra 19 mart 2001-ci il tarixində mənzildən yoxa çıxması ilə bağlı qısa ifadə verir. Onlar polis idarəsinə gəldikdə orada növbədə olan polis əməkdaşlarından birinin verdiyi ifadədə deyilir (tərcümə):
“28 mart 2001-ci il tarixində səhər saat 4-ə bir az qalmış [M.A.] [x-m Rantseva] –nı Titanik gecə klubunda tapır ... o x-m Rantsevanı oradan götürərək polis şöbəsinə gətirir və burada onun ölkədə qanunsuz olduğunu və bizim onu kameraya yerləşdirməli olduğumuzu bildirir. O, ([M.A.]) daha sonra oranı (polis şöbəsini) tərk edir.”
20. Polis əməkdaşları daha sonra pasport masasının növbədə olan əməkdaşının evinə zəng vuraraq ondan x-m Rantsevanın ölkədə qanunsuz olub-olmadığını aydınlaşdırmağı xahiş edirlər. Araşdırma apardıqdan sonra o, onlara məlumat verir ki, xanımın adı axtarışda olan şəxslərin siyahısında deyildir. Daha sonra o, bildirir ki, M.A.-nın 19 mart 2001-ci il tarixində şikayət etdiyinə dair heç bir qeydiyyat aparılmayıb və istənilən halda, şikayət edildikdən sonra 15 gün keçənə qədər şəxs ölkədə qeyri-qanuni qalan şəxsə çevrilmir. Pasport masasının əməkdaşı AİS (Xaricilərlə iş üzrə Polis və İmmiqrasiya Xidməti) ilə əlaqə saxlayır və orada ona təlimat verirlər ki, x-m Rantseva həbs olunmamalıdır və ona görə məsuliyyət daşıyan işəgötürəni həmin gün səhər saat 7-də gəlib onu götürməli və araşdırmanın davam etdirilməsi üçün onların Limasoldakı İdarəsinə aparmalıdır. Polis əməkdaşları M.A. ilə əlaqə saxlayırlar ki, ona gəlib Rantsevanı aparmasını söyləsinlər. M.A. polisin x-m Rantsevanı həbs etmədiyindən məyus olur və gəlib onu götürməkdən imtina edir. Polis əməkdaşları ona bildirirlər ki, onlara verilən təlimata görə əgər M.A. Rantsevanı götürməzsə onlar onu sərbəst buraxmalı olacaqlar. M.A. qəzəblənir və rəislə danışmaq istədiyini bildirir. Polis əməkdaşları M.A.- ya telefon nömrəsi verirlər. Daha sonra rəis polis əməkdaşlarına bildirir ki, M.A. gəlib Rantsevanı apara bilər. Hər iki polis əməkdaşı öz şahid ifadələrində Rantsevanın sərxoş görünmədiyini bildiriblər. Məsul əməkdaş bildirir (tərcümə):
“X-m Rantseva bizimlə qaldı ... O üzünə kosmetika çəkirdi və sərxoş görünmürdü ... Təqribən səhər saat 5.20-də . ... mənə məlumat verildi ki ... [M.A.] gəlib onu aparıb...”
21. M.A.-nın şahid ifadəsinə görə o, Rantsevanı polis şöbəsindən götürəndə onun pasportunu və onu gətirdiyi zaman polisə təqdim etdiyi digər sənədlərini də alır. Daha sonra o, Rantsevanı kabaredə işləyən kişilərdən biri olan M.P.-nin mənzilinə aparır. M.P.-nin arvadı D.P. ilə birlikdə yaşadığı mənzili iki mərtəbə arasında yerləşmiş və girişi beşinci mərtəbədə olan mənzil idi. M.A.-nın dediyinə görə, onlar Rantsevanı mənzilin ikinci mərtəbəsində yerləşən otağa salırlar. Polisə verdiyi ifadədə o, bildirir:
“O, sadəcə olaraq sərxoş görünürdü və nə isə etmək niyyətində olduğu sezilmirdi. Mən onu apardığım mənzildə saldığım otaqdan çıxmasının qarşısını almaq üçün heç nə etmədim.”
22. M.A. bildirir ki, M.P. və onun arvadı ikinci mərtəbədə yerləşən yataq otaqlarına yatmağa gedirlər, o, isə qonaq otağında qalır və orada da yuxuya gedir. Mənzildə otaqlar elə yerləşmişdi ki, mənzili giriş qapısından tərk etmək üçün mütləq qonaq otağından keçmək lazım idi.
23. M.P. bildirir ki, o, “Zygos” kabaresində işini səhər saat 3.30 radələrində bitirib və “Titanik” diskotekasına içki içməyə gedib. Oraya gəlib çatdıqda ona məlumat verirlər ki, axtardıqları rus mənşəli qız həmin diskotekadadır. Daha sonra M.A. kabaredən təhlükəsizlik əməkdaşının müşayiəti ilə gəlir və”Titanik”in işçilərindən qızı girişə gətirməyi xahiş edir. Bundan sonra M.A., x-m Rantseva və təhlükəsizlik əməkdaşı M.A.-nın maşınına minərək gedirlər. Səhər saat 4.30 radələrində M.P. öz evinə qayıdır və yatmağa gedir. Təqribən səhər saat 6-da arvadı onu yuxudan oyadır və deyir ki, M.A. Rantseva ilə birlikdə gəlib və İmmiqrasiya İdarəsi açılana qədər onlarda qalacaqlar. Daha sonra o, yuxuya gedir.
24. D.P. ifadə vermişdir ki, M.A. Rantsevanı onların mənzilinə təxminən səhər saat 5. 45-də gətirib. O, kofe hazırlayır, M.A. isə onun əri ilə qonaq otağında danışır. Sonra M.A. D.P.-dən x-m Rantsevaya yataq otağı verməyi xahiş edir ki, o, bir az dincələ bilsin. D.P. ifadəsində bildirir ki, x-m Rantseva sərxoş görünürdü və nə isə yemək və ya içmək istəməmişdi. D.P.-nin sözlərinə görə, o və əri təqribən səhər saat 6-da yatmağa gedir, bu zaman M.A. isə qonaq otağında qalır. Öz ifadəsini verdikdən sonra D.P. daha əvvəl hadisələri necə təsvir etdiyini bir daha gözdən keçirərək bu dəfə bildirir ki, M.A. Rantseva ilə birlikdə onların mənzilinə gəldikdə onun əri yatmışdı. O ifadə verir ki, o özbaşına mənzilin qapısını açdığını və M.A. ilə kofe içdiyini qəbul etməyə qorxub.
25. 28 mart 2001-ci tarixində təxminən səhər saat 6.30 radələrində x-m Rantseva mənzilin balkonunun altında küçədə ölü olaraq tapılır. Onun əl çantası çiynindən asılmışdı. Polis Rantsevanın qaldığı otağı mənzilin yuxarı mərtəbəsi ilə birləşdirən və aşağısında beşinci mərtəbənin balkonu yerləşən kiçik balkonunun dəmirlərindən asılmış döşəkağı tapır.
26. M.A. iddia edir ki, o, səhər saat 7-də oyanıb ki, x-m Rantsevanı İmmiqrasiya İdarəsinə aparsın. O, D.P. və M.P.-ni çağırır və D.P.-nin binanın qarşısında polis olduğunu dediyini eşidir. Onlar yataq otağına baxırlar, lakin Rantsevanın orada olmadığını görürlər. Onlar balkondan küçəyə baxdıqda küçədə yerdə cəsədin olduğunu görürlər. Daha sonra o, cəsədin Rantseva olduğunu öyrənir.
27. D.P. iddia edir ki, o, M.A. qapını döyməsi ilə oyanıb və onun Rantsevanın ortaqda olmadığını və onu axtarmalı olduqlarını dediyini eşidib. O, Rantsevanı bütün mənzildə axtarır və balkon qapısının açıq olduğu diqqətini çəkir. O, balkona çıxır və döşəkağını gördükdə x-m Rantsevanın nə etdiyini başa düşür. O, digər balkona çıxır və küçədə üstünə ağ parça çəkilmiş və ətrafına polis toplaşmış cəsəd olduğunu görür.
28. M.P. bildirir ki, o, təxminən səhər saat 7-də səs-küyə yuxudan ayılır və arvadının şok vəziyyətində olduğunu görür; arvadı ona Rantsevanın balkondan yıxıldığını deyir. O, qonaq otağına gedir və orada M.A. və bir neçə polisin olduğunu görür.
29. 28 mart 2001-ci ildə verdiyi ifadəsində G.A. bildirmişdir ki, 28 mart 2001-ci ildə təxminən səhər saat 6.30 radələrində o, M.P. və D.P.-nin yaşadığı binanın birinci mərtəbəsində yerləşən balkonunda siqaret çəkirdi. O, bildirib:
“Mən yuxarıdan düşən və düz önümdən keçən kölgəyə bənzər bir şey gördüm. Bundan dərhal sonra mən nəyinsə sınmasını xatırladan səs eşitdim ... Mən arvadıma polisə zəng vurmasını dedim ... Mən o düşmədən əvvəl heç nə eşitmədim və ondan sonra da heç bir səs gəlmədi. Düşdüyü zaman qadın qışqırmırdı. O, sanki şüursuz vəziyyətdəymiş kimi düşdü ... Hətta orada (beşinci mərtəbədəki mənzildə) dalaşmaq baş versəydi belə mən onu eşidə bilməzdim.”
C. Kiprdə aparılan araşdırma və meyitin yarılması (inquest)
30. Kipr Hökiməti Məhkəməyə bildirmişdir ki, orijinal istintaq materialları məhv edilib, belə ki, daxili qaydalara görə ölüm halının tərkibində cinayət əməli aşkar edilməyən işlərdən beş il sonra həmin işlərin materialları məhv edilir. Məlumat vərəqələri istisna olmaqla yerdə qalan bütün sənədlərin daxil olduğu materialın dublikatı Hökumət tərəfindən Məhkəməyə təqdim edilmişdir.
31. İşin materiallarına istintaq üzrə məsul əməkdaşın hesabatı da daxil edilib. Həmin hesabatda hadisənin arxasında duran və məhkəmə-tibb ekspertizası və cinayət yerinin təhqiq edilməsi vasitəsilə müəyyən edilmiş faktlar şərh edilir və 17 şahid müəyyən edilir: M.A., M.P. D.P., G.A., Limasol Polis Şöbəsində növbədə olan iki polis əməkdaşı, pasport masasının əməkdaşı, Rantseva düşdükdən sonra cinayət yerini təhqiq edən səkkiz polis əməkdaşı, məhkəmə-tibb eksperti və qan və sidik nümunələrinin müayinəsini keçirən laboratoriya işçisi.
32. Hesabatda göstərilir ki, G.A.-nın arvadı tərəfindən zəng edildikdən, yəni səhər saat 6.30-dan dəqiqələr sonra polis binaya gəlib. Onlar səhər saat 6.40-da hadisə yerini təcrid edib möhürləmiş və x-m Rantsevanın yıxılmasının səbəbini araşdırmağa başlamışlar. Onlar Rantsevanın qaldığı otaq və düşdüyü balkon da daxil olmaqla, hadisə yerinin şəkillərini çəkmişlər. Məhkəmə-tibb eksperti səhər saat 9.30-da gəlmiş və ölüm faktını təsdiq etmişdir. İlkin məhkəmə-tibb ekspertizası hadisə yerində aparılmışdır.
33. Eyni gündə, polis M.A., M.P. və D.P.-ni, eləcə də G.A.-nı dindirir. Bundan əlavə onlar x-m Rantsevanın ölümündən az əvvəl x-m Rantsevanı və M.A.-nı Limasol Polis şöbəsində görən iki polis əməkdaşının və pasport masasının əməkdaşının da ifadəsini alırlar (yuxarıdakı 17 – 29-cu bəndlərdə alınan ifadələrin müvafiq hissələri və xülasələri verilib). Hadisə yerini müayinə edən səkkiz polis əməkdaşından altısının verdiyi ifadə istintaq materiallarına daxil edilib ki, buraya da istintaq üzrə məsul əməkdaşın ifadəsi də daxildir. Materiallar arasında x-m Rantsevanın işlədiyi kabaredə işləyən digər işçilərdən və ya onunla qısa müddət eyni mənzildə qalan qadından alınmış ifadələrə dair heç bir qeyd yoxdur.
34. 28 mart 2001-ci ildə şahid ifadəsini verdiyi zaman M.A. x-m Rantsevanın pasportunu və digər sənədlərini polisə təhvil verib. İfadəsini tamamladıqdan və imzaladıqdan sonra o, pasportla bağlı izahat əlavə etmiş və bildirmişdir ki, x-m Rantseva 19 mart 2001-ci il tarixində mənzili tərk edərkən pasportunu və digər sənədlərini özü ilə götürüb.
35. 29 mart 2009-cu ildə Kipr rəsmi qurumları tərəfindən meyitin yarılması həyata keçirilib. Meyitin yarılması zamanı x-m Rantsevanın bədənində və onun daxili orqanlarında bir sıra xəsarətlər aşkar edilib. Ekspertiza belə qərara gəlib ki, xəsarətlər onun balkondan düşməsi nəticəsində meydana gəlib və ölümünün səbəbi də balkondan düşməsi olub. Ərizəçinin meyitin yarılmasının nəticələrinə dair nə zaman məlumatlandırıldığı aydın deyil. Ərizəçinin dediyinə görə, ona meyitin yarılmasına dair ekspertiza rəyinin bir surəti verilməmişdi və ümumiyyətlə ekspertizanın nəticələrinə dair hər hansı məlumatın ona çatdırılıb-çatdırılmaması aydın deyil. Həmin nəticələr daha sonra keçirilən araşdırmanın nəticələrinə qısaca xülasə şəklində daxil edilib.
36. 5 avqust 2001-ci ildə ərizəçi Limasol Polis Şöbəsinə vəkillə birlikdə gəlmiş və 28 mart 2001-ci ildə x-m Rantsevanı və M.A.-nı qəbul edən polis əməkdaşı ilə söhbət etmişdir. Ərizəçi işlə bağlı məhkəmə araşdırmasında iştirak etmək istədiyini bildirmişdir. Polis əməkdaşının 8 iyul 2002-ci il tarixində verdiyi sonuncu ifadəyə görə ərizəçi polis şöbəsində olduğu zaman ona bildirilmişdir ki, onun vəkilinə Limasol Rayon Məhkəməsində dinləmənin (inquest hearing) keçiriləcəyi tarixlə bağlı məlumat veriləcəkdir.
37. 10 oktyabr 2001-ci ildə ərizəçi Limasol Rayon Məhkəməsinə ərizə ilə müraciət edir; həmin ərizənin bir surəti Kipr Respublikası Baş Prokuroruna, digəri isə Rusiyanın Kipr Respublikasındakı Konsulluğuna göndərilir. O, 8 oktyabr 2001-ci il tarixli Çelyabinsk rayon Prokurorluğuna hüquqi yardımla bağlı (bax aşağıda 48-ci bənd) göndərdiyi müraciətə istinad edir və dinləmə keçirilməsindən əvvəl işin materialları ilə tanış olmaq hüququndan istifadə etmək istədiyini, dinləmədə iştirak etmək istədiyini və dinləmənin vaxtı ilə bağlı məlumat əldə etmək istədiyini bildirir. Bundan əlavə o, məhkəməyə əlavə sənədlər təqdim etmək istədiyini də bildirir.
38. Dinləmə prosesi 30 oktyabr 2001-ci il tarixinə təyin edilir və polis əməkdaşının 8 iyul 2002-ci ildə verdiyi ifadəyə əsasən (bax yuxarıda 36-cı bənd) ərizəçinin vəkilinə bu barədə tez bir şəkildə məlumat verilir. Lakin, nə vəkil, nə də ərizəçi Rayon Məhkəməsinə gəlmir. İşə baxılması 11 dekabr 2001-ci ilə qədər təxirə salınır və ərizəçini məlumatlandırmaq məqsədilə Rusiya Səfirliyinə işə baxılmasının yeni tarixi barədə məlumat verməyə dair əmr verilir.
39. 20 oktyabr 2001-ci il tarixli və Limasol Rayon Məhkəməsinə, bir surəti Kipr Respublikası Baş Prokurorluğuna, digəri isə Rusiyanın Konsulluğuna 31 oktyabr 2001-ci il tarixində göndərilmiş faks ilə ərizəçi dinləmənin yeni tarixi ilə bağlı məlumatı onun yeni yaşayış yerinə göndərməyi xahiş edir.
40. 11 dekabr 2001-ci ildə ərizəçi Rayon Məhkəməsinə gəlmir və işə baxılması 27 dekabr 2001-ci il tarixinə qədər təxirə salınır.
41. 27 dekabr 2001-ci ildə Limasol rayon Məhkəməsində ərizəçinin iştirakı olmadan dinləmə keçirilir. Məhkəmənin eyni tarixli qərarında, digər məsələlərlə yanaşı (inter alia) deyilir (tərcümə):
“[28 mart 2001-ci il tarixində] səhər təxminən saat 6.30-da mərhum yuxarıda qeyd olunmuş mənzildən qaçmağa cəhd edərkən qəribə şəraitdə boşluğa atılmış və bunun nəticəsində ölümcül xəsarət almışdır...
Mənim qərarım bundan ibarətdir ki. X-M OKSANA RANTSEVA 28 mart 2001-ci il tarixində, qəzaya bənzər şərtlər daxilində, qonaq qaldığı evdən qaçmağa cəhd edərkən vəfat etmişdir (εφιλοξενείτο).
Onun ölümündə üçüncü şəxsin iştirakı və cinayət tərkibinin olmasına dair mənə heç bir sübut təqdim olunmayıb”.
D. Rusiya və Kiprdə daha sonrakı məhkəmə prosesləri (icraatlar)
42. X-m Rantsevanın cəsədi 8 aprel 2001-ci il tarixində Rusiyaya göndərilib.
43. 9 aprel 2001-ci ildə ərizəçi Çelyabinsk rayon Tibbi Müayinə Bürosuna (“Çelyabinsk Bürosu”) müraciət edərək cəsədin yarılaraq müayinə edilməsini xahiş edir. Daha sonra o, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğuna müraciət edərək
x-m Rantsevanın Kiprdə ölməsinin araşdırılmasını aparmağı xahiş edir. 10 may 2001-ci il tarixində Çelyabinsk Bürosu cəsədin yarılmasına dair rəyini hazırlayır.
44. Məhkəmə-tibb ekspertizasının rəyində xüsusilə aşağıdakılar qeyd olunurdu (tərcümə təmin edilib):
“Yüksəklikdən müxtəlif səviyyəli səth üzərinə düşmə nəticəsində travma, açıq kranial (kəllə) travma; üz və kəllə sümüklərinin çoxsaylı ovulmuş çatları, ön kəllə çuxurunda, kəllə tağı və əsası nahiyələrində beyin qişalarının çoxsaylı çırılmaları yumşaq beyin membranı altında qan sızmaları, yumşaq toxumalarda qançırlar, çoxsaylı qançırlar, dəri üzərində iri ölçülü qançır və yaralar, başın öndən arxaya istiqamətdə aşkar deformasiyası, döş qəfəsində küt zərbə nəticəsində döş qəfəsi orqanlarının xəsarəti... kürək nahiyəsi boyunca ağ ciyərlərin xəsarəti, döş qəfəsi hissəsində onurğa sümüyünün iliyin tam zədələnməsi və eninə və uzununa yerdəyişməsi ilə müşayiət olunan sınığı (çatlaması)
Orta dərəcəli sərxoşluq: qanda etil spirtinin mövcudluğu 1,8%, sidikdə isə - 2,5 %”.
45. Hazırlanan rəydə aşağıdakı nəticələr qeyd olunmuşdu:
“Qançırların, sınıqların və yaraların, eləcə də hematomaların rəngi və görünüşü zədələnmiş toxumaların eyni tipli morfoloji dəyişikliyi ilə birlikdə aydın şəkildə, heç bir şübhə qalmadan, onu göstərir ki. xəsarətlər o, hələ həyatda ikən yetirilmiş və ölümdən qısa müddət əvvəl baş vermişdir; xəsarətlərin yetirilməsi çox qısa müddət ərzində, bir-birinin ardınca baş vermişdir.
Rantsevanın cəsədinin məhkəmə-tibb ekspertizası tərəfindən müayinəsi zamanı hər hansı odlu silah, kəsici alətlər və ya silahlardan istifadə etməklə kənardan tətbiq olunan zorakılıq hərəkətlərinin əlamətləri, fiziki və ya kimyəvi reagentlərin və ya təbii amillərin təsirinin izləri aşkar edilmədi... Qan və sidiyin, eləcə də cəsədin daxili orqanlarının ekspertiza tərəfindən müayinəsi zamanı narkotik maddələrin, güclü və ya toksik maddələrin izlərinə rast gəlinmədi. Yuxarıda göstərilən şərtlər O.N. Rantsevanın odlu silah, soyuq poladdan istifadə, fiziki, kimyəvi və təbii amillərin təsiri altında, eləcə də zəhərlənmə və müxtəlif orqanların və sistemlərin xəstələnməsi nəticəsində öldüyünü istisna edir. ...
Xəsarətlərin yerləşməsini, onların morfoloji xüsusiyyətlərini, eləcə də zədələnmiş toxumaların morfoloji və histoloji təhlili zamanı aşkar edilən nəticələri və həmin toxumaların reaksiyasını nəzərə alaraq inanırıq ki, bu halda bu zədələr böyük yüksəklikdən yıxılma nəticəsində, müxtəlif səviyyəli səthlər üzərinə növbə ilə düşmə nəticəsində baş vermişdir: bu zaman bədənin səth ilə birinci təması o kürəyi üstünə düşdüyü zaman, ikinci təması isə bədənin ön tərəfi, yəni üzü üstə düşdüyü zaman baş vermişdir; birinci təmas zamanı bədənin sürüşdüyü ehtimal edilir, ikinci təmas zamanı isə üzü üstə düşdüyündən şok-kompressiv təsir nəticəsində başın öndən arxaya istiqamətdə aşkar deformasiyası aşkar edilib...
O.N. Rantsevanın cəsədinin məhkəmə-tibb ekspertizası tərəfindən kimyəvi müayinəsi zamanı onun qanında və sidiyində etil spirti müvafiq olaraq 1.8 və 2.5 faiz miqdarında aşkar edilmişdir ki, bu da onun həyatda olarkən orta dərəcəli sərxoşluq vəziyyətində olduğuna dəlalət edə bilər; həmin vəziyyət emosional qeyri-sabitlik, psixoloji pozuntular və məkan və zaman istiqamətini (oriyentasiyasını) itirməklə səciyyələndirilə bilər.”
46. 9 avqust 2001-ci ildə Rusiyanın Kiprdəki Səfirliyi Limasol şəhər Baş Polis İdarəsinin Rəisindən x-m Rantsevanın ölümü ilə bağlı istintaq materiallarının surətinin təqdim edilməsini xahiş etdi.
47. 13 sentyabr 2001-ci ildə ərizəçi Çelyabinsk rayonunun Baş Prokuroruna müraciət edərək onun adından Kipr Baş Prokuroruna ona pulsuz hüquqi yardım göstərilməsi və onun qızının Kipr ərazisində baş vermiş ölüm hadisəsinin əlavə istintaqının aparılması ilə bağlı xərclərdən azad olunması ilə bağlı müraciət etməsini xahiş etdi.
48. 11 dekabr 2001-ci il tarixli məktubu ilə Rusiya Federasiyası Baş Prokurorunun müavini Kipr Respublikasının Ədliyyə Nazirinə məlumat verib ki, Çelyabinsk rayonunun Baş Prokurorluğu x-m Rantsevanın ölümü ilə bağlı, məhkəmə-tibb ekspertizasının araşdırması da daxil olmaqla, araşdırma aparıb. O, Cinayət İşləri ilə bağlı Qarşılıqlı Yardım haqqında Avropa Konvensiyasına (“Qarşılıqlı Yardım haqqında Konvensiya” – bax aşağıda 175-dən 178-ə qədər olan bəndlər) və “SSRİ və Kipr Respublikası arasında Mülki və Cinayət İşləri ilə bağlı Saziş 1984” (Hüquqi Yardım haqqında Saziş” – bax aşağıda 179-cu bənd Səhv! Mənbə tapilmayıb) əsasən 8 oktyabr 2001-ci il tarixində x-m Rantsevanın ölümü ilə bağlı işin bütün hallarını müəyyən etmək və təqsirli olanları Kipr qanunvericiliyinə əsasən məsuliyyətə cəlb etmək məqsədi ilə verilmiş müraciəti ona göndərir. Müraciətə Rusiyanın qurumları tərəfindən aşkar edilmiş nəticələr də daxil edilmişdi; bu nəticələrin hansı yolla əldə olunması və Rusiya dairələri tərəfindən hər hansı istintaqın aparılıb-aparılmaması, aparıldığı təqdirdə həmin istintaqın müstəqil olub-olmaması aydın deyildi.
49. Nəticələrə, digər məsələlərlə yanaşı (inter alia) aşağıdakılar daxil edilmişdi (tərcümə):
“Polis əməkdaşları O.N. Rantsevanın 14 gün ərzində, yəni 2 aprel 2001-ci il tarixinə qədər işləmək hüququ olmadan Kipr ərazisində qalmaq hüququ olduğuna görə onu həbs etməkdən imtina edirlər. Daha sonra c-b [M.A.] təklif edir ki, O.N.Rantsevanı sərxoş olduğuna görə səhərə kimi nəzarətdə saxlasınlar (həbs). Onun bu təklifi də imtina ilə qarşılaşır, belə ki, polis əməkdaşlarının verdiyi izahata görə O.N.Rantseva ayıq insan kimi görünürdü, özünü ədəbli aparırdı, sakit idi, və makiyaj çəkirdi. 28 mart 2001-ci il tarixində saat 5.30-da M.A. şəxsiyyəti müəyyən edilməmiş bir şəxslə birlikdə O.N.Rantsevani rayon polis şöbəsindən götürərək [D.P.]-nın mənzilinə gətirir... burada [onlar] yemək təşkil edirlər və daha sonra, saat 6.30-da O.N.Rantsevanı sözügedən evin 7-ci mərtəbəsində yerləşən çardaq tipli otağa bağlayırlar.”
50. Müraciətdə vurğulanırdı ki, Çelyabinsk Məhkəmə-Tibb Ekspertizası Bürosunun rəyində göstərildiyi kimi x-m Rantsevanın düşməsi iki mərhələdən ibarət olmuşdur; ilk o dəfə o kürəyi üstünə, ikinci dəfə üzü üstə düşmüşdür. Müraciətdə qeyd olunurdu ki, belə bir nəticə Kipr məhkəmə-tibb ekspertizası tərəfindən gəlinən nəticəyə, yəni Rantsevanın ölüm səbəbinin onun üzü üstə düşməsi olduğuna dair gəldiyi nəticəyə ziddiyyət təşkil edirdi. Burada daha sonra qeyd olunurdu:
“Ehtimal etmək olar ki, aşağı düşdüyü zaman qurban dəhşət hissi keçirdiyindən qışqırırmış. Lakin, bu istintaq materiallarına ziddiyyət təşkil edir, belə ki, orada həmin binanın ikinci mərtəbəsində yaşayan qonşunun verdiyi ifadəyə görə kimsə səssiz-səmirsiz asfaltın üstünə düşüb ...”
51. Rəydə yekun olaraq göstərilirdi:
“Müstəntiqin c-b Rantsev üçün hazırladığı hesabata əsasən istintaqın nəticəsi ondan ibarətdir ki, O.N.Rantsevanın ölümü qəribə və aydınlaşdırılmamış şərtlər altında baş vermişdi və həmin hadisə ilə bağlı əlavə istintaq aparılması tələb olunurdu.”
52. Çelyabinsk rayonunun Prokuroru buna görə də, Hüquqi Yardım haqqında Sazişə əsasən xahiş edir ki, x-m Rantsevanın ölümü ilə bağlı, ölüm səbəbini aydınlaşdırmaq və mövcud sübutlar arasındakı ziddiyyəti aradan qaldırmaq üçün əlavə istintaq aparılsın; ölüm hadisəsi ilə bağlı hər hansı məlumata malik olan şahidlər müəyyən edilsin və dindirilsin; müxtəlif tərəflərin davranışları adam öldürmə və/və ya adam oğurluğu və qanunsuz azadlıqdan məhrumetmə ittihamları perspektivindən nəzərdən keçirilsin və xüsusilə, M.A. ilə bağlı araşdırma (istintaq) aparılsın; ərizəçiyə istintaqın materiallarına dair məlumat verilsin; Rusiya rəsmi dairələrinə x-m Rantsevanın ölümü ilə bağlı yekun məhkəmə qərarının surəti təqdim edilsin; və ərizəçiyə pulsuz hüquqi yardım göstərilsin və o, məhkəmə xərclərinin ödənilməsindən azad edilsin.
53. 27 dekabr 2001-ci ildə Rusiya Federasiyası ərizəçinin adından Kipr Ədliyyə Nazirliyinə yazılı müraciət edərək x-m Rantsevanın ölümü ilə bağlı cinayət işi başlatmağı, ərizəçinin həmin işə zərərçəkmiş qismində cəlb edilməsini və ona pulsuz hüquqi yardım göstərilməsini xahiş etdi.
54. 16 aprel 2002-ci il tarixində Rusiyanın Kiprdəki Səfirliyi Kipr Ədliyyə və İctimai Asayiş Nazirliyinə Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Hüquqi Yardım haqqında Sazişə uyğun olaraq hazırlanmış 11 dekabr və 27 dekabr 2001-ci il tarixli x-m Rantsevanın ölümü ilə bağlı hüquqi yardımın göstərilməsinə dair müraciətini göndərir.
55. 25 aprel 2002-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğu x-m Rantsevanın ölümü ilə bağlı cinayət işi açılmasına və ərizəçinin yeni sübutlar təqdim edə bilmək üçün həmin cinayət işində zərərçəkmiş olaraq qeydə alınmasına dair müraciətini, eləcə də onun hüquqi yardım barədə müraciətini təkrarlayır. O, Kipr Hökumətindən qəbul edilmiş hər hansı qərarla bağlı məlumat təqdim etməyi xahiş edir.
56. 25 noyabr 2002-ci ildə ərizəçi Rusiya dövlət orqanlarına müraciət edərək onun qızının ölüm işinə dair icraatda zərərçəkmiş qismində tanınmasını xahiş etdi və bir daha hüquqi yardım almaq istədiyini bildirdi. Onun bu müraciəti Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Kipr Ədliyyə Nazirliyinə göndərildi.
57. Rusiya Federasiyası Baş Prokurorluğu 27 dekabr 2002-ci il tarixli məktubla Kipr Ədliyyə Nazirliyinə müraciət edərək ərizəçi tərəfindən onun qızının ölümü ilə bağlı cinayət işi başladılması və onun daha əvvəl Qarşılıqlı Hüquqi Yardım haqqında Konvensiyaya və Hüquqi Yardım haqqında Sazişə əsasən Kiprdə hüquqi yardımla təmin edilməsi ilə bağlı göndərilmiş məktubunun təfərrüatlarına istinad etdi. Məktubda bununla bağlı heç bir məlumat alınmadığı qeyd edilir və cavab verilməsi xahiş edilirdi.
I9. 13 yanvar 2003-cü ildə Rusiya Səfirliyi Kipr Xarici İşlər Nazirliyinə müraciət edərək x-m Rantsevanın ölüm işi ilə bağlı hüquqi yardım göstərilməsinə dair müraciətə təcili surətdə cavab verilməsini xahiş etdi. 58. 17 və 31 yanvar 2003-cü il tarixli məktubları ilə Rusiya Federasiyasının Baş Prokurorluğu əvvəlki müraciətinin mətnini təkrarlayaraq Kiprin dövlət orqanlarından heç bir cavab almadığını bildirir.
59. 4 mart 2003-cü ildə Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası baş Prokurorluğuna məlumat verir ki, onların müraciəti Kipr polisi tərəfindən lazımı qaydada yerinə yetirilib. Baş Polis İdarəsinin rəisindən alınan məktub və 8 iyul 2002-ci il tarixində polis tərəfindən ərizəçinin 2001-ci ilin avqustunda Limasol Polis şöbəsinə gəlməsi ilə bağlı hazırlanmış hesabat da əlavə edilir.
60. 19 may 2003-cü ildə Rusiya Səfirliyi Kipr Xarici İşlər Nazirliyinə yazılı şəkildə müraciət edərək x-n Rantsevanın ölümü ilə bağlı pulsuz yardım göstərilməsi ilə bağlı hüquqi yardım göstərilməsinə dair müraciətinə təcili cavab verilməsini xahiş edir.
61. 5 iyun 2003-cü ildə Rusiya Federasiyası Baş Prokurorluğu Hüquqi Yardım haqqında Sazişə əsasən yeni bir müraciət təqdim edir. Müraciətdə x-m Rantsevanın ölümü ilə bağlı çıxarılmış 27 dekabr 2001-ci il tarixli məhkəmə qərarı məqbul olmadığına görə həmin işin hallarının araşdırılmasına dair yeni istintaqın aparılması xahiş olunurdu. Burada xüsusilə qeyd olunurdu ki, hadisənin qəribə şəraitdə baş verməsinə və x-m Rantsevanın saxlandığı evdən qaçmağa cəhd etdiyinin bəlli olmasına baxmayaraq məhkəmə qərarında müvafiq şahidlərin verdikləri ifadələrdəki uyğunsuzluqlar, eləcə də Kipr dövlət orqanları tərəfindən həyata keçirilmiş meyitin yarılması ilə bağlı ekspertiza tərəfindən verilmiş rəyin detalları nəzərə alınmayıb.
62. 8 iyul 2003-cü ildə Rusiya Səfirliyi Kipr Xarici İşlər Nazirliyinə yazılı şəkildə müraciət edərək onun əvvəlki müraciətlərinə təcili surətdə cavab verməyi xahiş etdi.
63. 4 dekabr 2003-cü ildə Rusiya Federasiyası İnsan Hüquqları üzrə Komissarı ərizəçinin Kipr dövlət orqanlarından adekvat cavab ala bilmədiyinə dair şikayətini Kipr Ombudsmanına göndərir.
64. 17 dekabr 2003-cü ildə Rusiya dövlət orqanlarının müraciətinə cavab olaraq (bax yuxarıda 52-ci bənd) Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Baş Prokurorluğuna Kipr Polisi tərəfindən hazırlanmış 17 noyabr 2003-cü il tarixli daha bir hesabatı təqdim etdi. Hesabat 28 mart 2001-ci ildə hadisə yerini müayinə etmiş polis əməkdaşlarından biri tərəfindən hazırlanmışdı və Rusiya dövlət orqanları tərəfindən verilmiş suallara qısa cavabları ehtiva edirdi. Hesabatda bir daha qeyd olunurdu ki, şahidlər dindirilib və ifadələri alınıb. Orada xüsusilə vurğulanırdı ki, aparılan araşdırma zamanı bütün sübutlar və ifadələr nəzərə alınıb. Hesabatda qeyd edilirdi (tərcümə):
“28 mart 2001-ci ildə təqribən səhər saat 6.30-da mərhum otağındakı balkon qapısından keçərək balkona çıxıb və balkon dəmirlərinə bağladığı döşək ağından istifadə edərək birinci mərtəbənin balkonuna enib. Bu zaman onun şəxsi çantası onun çiynində idi. Bu nöqteyi-nəzərdən o, balkonun sürahisindən bərk-bərk tutaraq qaçmaq məqsədi ilə bir mərtəbə aşağıdakı mənzilin balkonuna sürüşərək enib. Məlum olduğu kimi daha sonra o, küçəyə yıxılıb və ölümcül xəsarət alıb.”
65. Hesabatda qeyd edilirdi ki, 19 mart 2001-ci ildə x-m Rantsevanın mənzili niyə görə tərk etdiyi məlum deyildi, lakin istintaq əsasında (tərcümə):
“... müəyyən edilib ki, mərhum Kiprdən qovulmaq istəmirdi və onun işəgötürəni qonaq olduğu mənzilin girişində olduğu üçün o, balkondan yıxılmaq riskinə baxmayaraq qaçmaq qərarına gəlir ki, bunun da nəticəsində o yıxılır və ani olaraq ölür.”
66. Kiprdə yerinə yetirilmiş meyitin yarılması və Kipr və Rusiya dövlət qurumları tərəfindən aparılmış istintaqlar nəticəsində əldə edilmiş sübutlar arasındakı iddia edilən uyğunsuzluqlarla bağlı tənqidə gəlincə, hesabatda bildirilirdi ki, bu qeydlər Kiprin cəsədin yarılmasını həyata keçirən məhkəmə-tibb ekspertizasına göndərilib. Onun cavabı ondan ibarət olub ki, onun özü tərəfində gəlinən nəticələr yetərli idi və əlavə heç bir məlumata ehtiyac yox idi. Nəhayət, hesabatda təkrarən qeyd edilirdi ki, araşdırma nəticəsində müəyyən edilib ki. x-m Rantsevanın ölümü ilə bağlı cinayət tərkibi aşkar edilməyib.
67. 17 avqust 2005-ci il tarixli məktubu ilə Rusiyanın Kiprdəki Səfiri 14 oktyabr 2005-ci il tarixinə təyin edildiyi məlum olan məhkəmə prosesi ilə bağlı yeni məlumatlar göndərilməsini xahiş etdi və ərizəçinin hüquqi yardımla bağlı xahişini təkrarladı. Kipr Ədliyyə Nazirliyi 21 sentyabr 2005-ci il tarixli faksla cavab verdi ki, Limasol Polis şöbəsi bu işlə bağlı 14 oktyabr 2005-ci il tarixinə təyin edilmiş məhkəmə prosesi ilə bağlı heç bir məlumat əldə edə bilməyib və Rusiya orqanlarından məsələni aydınlaşdırmağı xahiş etdi.
68. 28 oktyabr 2005-ci ildə ərizəçi Rusiya dövlət orqanlarına müraciət edərək x-m Rantseva ilə Limasoldakı kabaredə işləyən və artıq Rusiyada yaşayan iki gənc rus qadınının ifadələrini almağı xahiş etdi; həmin şahidlər sözügedən kabaredə cinsi istismara məruz qaldıqları barədə ifadə verə bilərdilər. O, öz xahişini 11 noyabr 2005-ci ildə təkrarlayır. Rusiya dövlət orqanları cavab verirlər ki, onlar bu ifadələrin alınmasını yalnız Kİpr dövlət orqanlarından alınan müraciət əsasında həyata keçirə bilərlər.
69. Rusiya Federasiyası Baş Prokurorluğu 22 dekabr 2005-ci il tarixli məktubu ilə Kipr Ədliyyə Nazirliyinə müraciət edərək x-m Rantsevanın ölümü ilə bağlı yeni araşdırma aparılması barəsində məlumat istədi və Kiprdə qəbul olunan məhkəmə qərarlarında şikayət verilməsi mexanizmi barəsində məlumat verilməsini xahiş etdi. Məktubda qeyd edilirdi ki, əldə olan məlumata əsasən 14 oktyabr 2005-ci il tarixinə təyin edilmiş məhkəmə prosesi x-m Rantseva ilə birlikdə kabaredə işləyən Rusiya vətəndaşlarından alınan ifadələr olmadığına görə təxirə salınıb. Məktubda yekun olaraq Kipr tərəfindən yeni sübutların toplanması və ifadələrin alınması ilə bağlı ediləcək istənilən müraciətə əsasən yardım göstəriləcəyi qeyd olunurdu.
70. Ərizəçinin qeyd etdiyinə görə 2006-cı ilin yanvarında Kiprin Baş Prokuroru ərizəçinin vəkilinə təsdiq formasında bildirmişdir ki, cinayət əməlinin törədilməsinə dair yeni ifadələr əldə etdiyi halda cinayət işinin yenidən açılması ilə bağlı əmr verməyə hazırdır.
71. 26 yanvar 2006-cı ildə Rusiyanın Səfiri Kipr Ədliyyə Nazirliyinə yazılı müraciət edərək 14 oktyabr 2005-ci il tarixinə təyin edilmiş və təxirə salınmış məhkəmə prosesi ilə bağlı yeni məlumat təqdim etməyi xahiş edir. Ədliyyə nazirliyi 30 yanvar 2006-cı il tarixli faks ilə cavab verərək təsdiq edir ki, nə Limasol rayon Məhkəməsi, nə də Kipr Ali Məhkəməsi belə bir proses barədə məlumatlı deyil və iddia edilən məhkəmə prosesi ilə bağlı izahat verməyi xahiş edir.
72. 11 aprel 2006-cı il tarixdə Rusiya Federasiyası Baş Prokurorluğu Kipr Ədliyyə Nazirliyinə yazılı müraciət edərək təxirə salınmış məhkəmə prosesinə dair yeni məlumat verməyi xahiş edir və Kiprdə qəbul edilmiş məhkəmə qərarlarından şikayət vermə mexanizmi barədə daha əvvəl göndərdiyi sorğusunu təkrarlayır.
73. 14 aprel 2006-cı ildə Rusiya dövlət orqanlarının məktubuna cavab olaraq Kiprin Baş Prokuroru bildirir ki, o, ərizəçi tərəfindən müəyyən edilmiş iki şahidin ifadəsini almaq üçün heç bir səbəb görmür. Əgər həmin şəxslər Kiprdə olsaydı, onların ifadəsi Kipr polisi tərəfindən alına bilərdi və onlar Rusiyada olduqlarına görə Rusiya qurumlarının onların ifadələrini almaq üçün Kiprin razılığını almasına ehtiyac yoxdur.
74. 26 aprel 2006-cı ildə Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Baş Prokurorluğuna cavab verir və təxirə salındığı iddia edilən məhkəmə prosesi ilə bağlı izahat verilməsinə dair xahişini təkrarlayır.
75. 17 iyun 2006-cı ildə Rusiya Federasiyası Baş Prokurorluğu Kipr Baş Prokuroruna yazılı müraciət edərək ona x-m Rantsevanın ölümü ilə bağlı yeni istintaq aparılması və məhkəmə icraatının gedişatı barədə əvvəllər göndərilən xahişləri xatırladır.
76. 22 iyun və 15 avqust 2006-cı ildə ərizəçi Rusiya dövlət orqanlarına iki rus qadının ifadələrinin alınması ilə bağlı təkrar müraciət edir.
77. 17 oktyabr 2006-cı ildə Kipr Ədliyyə Nazirliyi Rusiya Federasiyası Ədliyyə Nazirliyinə təsdiq edir ki, x-m Rantsevanın ölümü ilə bağlı araşdırmaya 27 dekabr 2001-ci ildə xitam verilib və onun ölümünün bədbəxt hadisə nəticəsində baş verdiyi müəyyən edilib. Məktubda qeyd edilirdi:
“Əlavə sübutlar olmadığına görə qərardan heç bir şikayət verilməyib”.
78. 25 oktyabr 2006-cı ildə, 27 oktyabr 2006-cı ildə, 3 oktyabr 2007-ci ildə və 6 noyabr 2007-ci ildə ərizəçi təkrarən Rusiya dövlət orqanlarına müraciət edərək iki rus qadının ifadəsinin alınmasını xahiş edib.
II. “ARTİST”LƏRİN KİPRDƏKİ VƏZİYYƏTİNƏ DAİR HESABATLAR
A.Kipr Ombudsmanının xarici qadınların artist qismində Kiprə daxil olması rejimi və orada əyləncə müəssisələrində işləməsinə dair hesabatı (Ex Officio), 24 noyabr 2003-cü il
79. 2003-cü ilin noyabrında Kipr Ombudsmanı Kiprdə “artist”lərlə bağlı hesabat dərc etdirdi. Öz təqdimatında xanım Ombudsman hesabatı hazırlamasının səbəblərini aşağıdakı şəkildə açıqladı (bütün sitatlar hesabatın Kipr Hökuməti tərəfindən təqdim olunmuş tərcüməsindən götürülüb):
“[Oksana] Rantsevanın həyatını itirdiyi şərtləri və Kiprə “artist” kimi işləmək üçün gəlmiş xarici qadınların məruz qaldıqları zorakılıq və ya istismar barədə ictimaiyyətin diqqətinə çatdırılan bənzər işləri nəzərə alaraq Mən rəsmi olaraq (ex officio) araşdırma aparmaq barədə qərar qəbul edirəm ...”
80. X-m Rantsevanın işinin xüsusi hallarına gəldikdə o aşağıdakıları qeyd edib:
“Rəsmi immiqrasiya prosedurlarını keçdikdən sonra o, 16 mart 2001-ci ildə işləməyə başlayıb. Üç gün sonra o, heç bir zaman aydınlaşdırılmamış səbəblər üzündən kabareni və qaldığı mənzili tərk edib. İşəgötürən bu faktla bağlı Limasol şəhəri Xaricilər və İmmiqrantlarla iş üzrə İdarəsinə məlumat verib. Lakin, yenə də aydınlaşdırlmamış səbəblər üzündən [Oksana] Rantsevanın adı Polis tərəfindən axtarışda olan şəxslərin siyahısına daxil edilməyib.”
81. Daha sonra o, bildirib:
“[Oksana] Rantsevanın polis tərəfindən azad edilmək əvəzinə (belə ki, onun barəsində [nə] həbs orderi [nə də] ölkədən çıxarılması ilə bağlı qərar var idi) onun işəgötürəninə təhvil verilməsinin səbəbləri də aydınlaşdırılmayıb.”
82. Ombudsmanın hesabatı xarici qadınların kabare artistləri kimi işləməsinin tarixçəsini nəzərdən keçirərək “artist” sözünün Kiprdə “fahişə” sözünün sinoniminə çevrildiyini qeyd edirdi. Onun hesabatında izah edilirdi ki, 1970-ci illərin ortalarından etibarən minlərlə qadın artist kimi işləmək üçün Kipr ərazisinə qanuni şəkildə daxil olmuşdu, lakin əslində Kiprdəki çoxsaylı kabarelərdən birində fahişə kimi işləməli olmuşdular. 1980-ci illərin əvvəllərindən başlayaraq rəsmi dairələr immiqrasiya prosesləri üzərində daha effektiv nəzarəti təmin etmək üçün daha ciddi rejim tətbiq etmək və “Kiprə artist kimi işləmək məqsədilə gəlmiş qadınların yaxşı bilinən və qəbul edilən fenomenini məhdudlaşdırmaq” üçün səylər göstərməyə başlayıblar. Lakin, təklif edilən bir sıra tədbirlər kabare menecerlərinin və artistlik agentlərinin etirazlarına görə həyata keçirilmədi.
83. Ombudsmanın hesabatında qeyd edilirdi ki, 1990-cı illərdə Kiprin fahişə bazarında əsasən keçmiş Sovet Respublikalarından gələn qadınlar işləyirdi. Hesabatda bildirilirdi:
“Həmin müddət ərzində həmin tədbirlərin və qəbul edilmiş normativ aktların icrası ilə bağlı vəziyyətdə irəliləyiş müşahidə etmək mümkün idi. Lakin, cinsi istismar, insan alveri və müasir köləlik rejimi altında qadınların yerdəyişməsi ilə bağlı vəziyyətdə heç bir yaxşılaşma yox idi.”
84. Artistlərin yaşayış və iş şəraitinə gəldikdə hesabatda bildirilirdi:
“Ölkə ərazisinə artist kimi işləmək məqsədilə gəlmiş qadınların əksəriyyəti keçmiş sosialist dövlətlərində yaşayan kasıb ailələrdən gəlirlər. Onların əksəriyyəti təhsilli qadınlardır ... Onlardan bir qismi həqiqətən artistdirlər. Bir qayda olaraq onlar fahişəliklə məşğul olmağa məcbur ediləcəklərindən xəbərdar olurlar. Lakin, əksər hallarda onlar bu işi hansı şərtlər daxilində icra edəcəklərindən xəbərsiz olurlar. Bundan əlavə bəzi hallarda xarici qadınlar Kiprə ofisiant və ya rəqqasə kimi işləmək üçün gəldiklərini düşünür və müştəri ilə yalnız içki içməli olacaqlarını zənn edirlər (‘consomation’). Onlar güc və təhdid tətbiq etməklə həqiqi iş şəraitinə uyğunlaşmağa məcbur edilirlər. ...”
Bu təzyiqə boyun əyməyən xarici qadınları işəgötürənlər Rayon Xaricilər və İmmiqrantlarla İş üzrə İdarəyə gedərək müqavilələrinə xitam vermək və Kipri aşkar səbəblər üzündən tərk etmək istədiklərini bəyan etməyə məcbur edirdilər. ... Daha sonra işəgötürənlər tez bir şəkildə onları yeni artistlərlə əvəz edə bilirdilər ...
Xarici artistlər Kipr Respublikasının ərazisinə daxil olduqları andan etibarən ölkəni tərk etdikləri ana qədər işəgötürənlərinin daimi nəzarəti və qoruması altında olurlar. İşlərini bitirdikdən sonra onlara istədikləri yerə getməyə icazə verilmir. Bəzi hallarda hətta artistlərin yaşadıqları yerlərdə kilid altında saxlandıqlarına dair şikayətlər olur. Bundan əlavə, onların pasportları və digər şəxsi sənədləri onların işəgötürənləri və ya incəsənət agentlikləri tərəfindən alınır. İtaət etməyənlərə zorakılıq tətbiq etməklə cəza verilir, ya da onlardan cərimə şəklində içdikləri içkilərin pulu çıxılır, onlar müştərilərlə içki içməyə və kommersiya məqsədli cinsi münasibətlərə girməyə məcbur edilirlər. Əlbəttə ki, bu məbləğlər artistlər tərəfindən imzalanan müqavilələrə daxil edilir.
...
Ümumilikdə, artistlər kabarelərə yaxın və ya onların üstündə yerləşən və incəsənət agentlikləri və ya kabare sahiblərinə məxsus olan bir və ya sıfır ulduzlu otellərdə, mənzillərdə və ya qonaq evlərində qalırlar. Həmin yerlər daimi nəzarət və qoruma altındadır. Hər otaqda üç və ya dörd qadın qalır. Polisdən alınan məlumata görə bu yerlərin əksəriyyəti yaşayış üçün yarasızdır və orada sanitariya qovşaqları yoxdur və ya çatışmır.
...Nəhayət, qeyd olunur ki, Kiprə gəldikləri zaman xarici artistlərə borcları olduğu bildirilir, misal olaraq onların yol xərcləri, onları Kiprə gətirən agentliklər və ya onları ölkədə yerləşdirən agent tərəfindən tutulan komisyon haqları və s. Buna görə də, onlar ən azından borclu olduqları məbləği qaytarmaq üçün istənilən şəraitdə işləməyə məcbur olurlar.” (haşiyə buraxılıb)
85. Qadınların öz mənşə ölkələrində işə cəlb olunması ilə bağlı hesabatda qeyd edilir:
“Kiprə işləmək üçün gələn qadınların yerləşdirilməsi bir qayda olaraq yerli incəsənət agentlikləri tərəfindən müxtəlif ölkələrdəki əməkdaşlıq etdikləri agentliklərlə birlikdə həyata keçirilir. Kiprdə ən çox altı ay işlədikdən sonra bu artistlər Livana, Suriyaya, Yunanıstana və ya Almaniyaya göndərilirlər.” (haşiyə buraxılıb)
86. Ombudsman polisə insan alveri qurbanlarından bir neçə şikayət daxil olduğunu müşahidə etmişdir:
“Polis izah edir ki, verilmiş şikayətlərin sayının az olmasına səbəb artistlərin keçirdikləri qorxu hissidir, belə ki, onlar işəgötürənlərindən həyatları ilə bağlı təhdidlər alırlar.”
87. Daha sonra o, qeyd edir ki, şikayət edən qurbanlar üçün nəzərdə tutulmuş müdafiə tədbirləri qənaətbəxş deyildir. Onlara istədikləri yerdə işləmək icazəsi verilsə də, onlardan eyni iş yerində işləməyi davam etdirmək tələb olunurdu. Buna görə də onlar keçmiş işəgötürənləri tərəfindən asanlıqla yerləşdirilə bilərdilər.
88. Ombudsman bildirmişdir:
“İnsan alveri fenomeni bütün dünyada olduqca geniş vüsət almışdır. İnsan alverinə yalnız başqalarının cinsi istismarı deyil, eyni zamanda onların köləlik və quldarlıq şərtləri ilə əmək istismarına məruz qalması da daxil edilir...
Bu hesabatın hazırlandığı tarixdən etibarən müşahidə edilmişdir ki, iki onillik ərzində Kipr yalnız təyinat ölkəsi deyil, eyni zamanda tranzit ölkəsi də olmuşdur ki, buradan qadınlar sistemli şəkildə fahişəlik bazarına cəlb ediliblər. Belə məlum olur ki, bu proses həqiqətdə baş verənlərdən tam xəbərdar olan immiqrasiya orqanlarının baş verənlərə göz yumması nəticəsində baş vermişdir.
Ölkəyə daxil olma və əyləncə və şou müəssisələrində işləmək icazəsi ilə bağlı siyasətə uyğun olaraq minlərlə xarici qadın heç bir təhlükəsizlik tədbiri olmadan ölkəyə qanuni şəkildə daxil olaraq artistlik müəssisələrində qeyri-qanuni surətdə işləyirlər. Müxtəlif şəkildə təzyiq və zor tətbiq edən işəgötürənlər bu qadınların əksəriyyətini qəddar şərtlər altında fahişəlik etməyə məcbur edir, bununla da onların ən əsas insan hüquqlarını, məsələn, şəxsi azadlıq və insan ləyaqəti hüquqlarını pozurlar.” (haşiyə buraxılıb)
89. Ombudsman insan alveri və cinsi istismara qarşı mübarizə sahəsindəki qanunvericiliyi qənaətbəxş saysa da, qeyd etmişdir ki, qəbul edilmiş qanunvericilik aktlarının icrası ilə bağlı praktiki addımlar atılmamışdır. O, aşağıdakıları qeyd edib:
“...Bu problemlə məşğul olan müxtəlif idarələr və xidmətlər əksər hallarda məsələlərdən xəbərsiz olurlar və ya düzgün təlim keçmiş olmurlar və ya Qanuna müvafiq olaraq daşıdıqları öhdəliklərinə göz yumurlar...”
B.Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 2003-cü ilin iyununda Kiprə etdiyi səfəri ilə bağlı hazırladığı 12 fevral 2004-cü il tarixli hesabatından çıxarışlar (CommDH(2004)2)
90. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Kiprə 2003-cü ilin iyun ayında səfər etmişdir və səfərin ardından 12 fevral 2004-cü il tarixli hesabatını hazırlamış və həmin hesabatda Kiprdə qadın alveri ilə bağlı məsələlərə toxunmuşdur. Hesabatda digər məsələlərlə yanaşı (inter alia), qeyd edilir:
“29. Kiprin iqtisadiyyat və turizm sahəsindəki nailiyyətlərini nəzərə aldıqda, bu ölkənin Şərqi Aralıq dənizi regionunun insan alveri sahəsində əsas təyinat ölkəsinə necə çevrildiyini başa düşmək bir o qədər də çətin deyil. İmmiqrasiya siyasətinin olmaması və həmin sahədə qanunvericiliklə bağlı nöqsanların olması sadəcə olaraq bu fenomenin vüsət almasına gətirib çıxarmışdır.”
91. Komissar Kiprdə mövcud olan qanunvericilik bazasına dair (bax aşağıda 127 - 131-ci bəndlər) aşağıdakıları qeyd etmişdir:
“30. Rəsmi dairələr normativ səviyyədə cavab vermişlər. 2000-ci il Qanunu (3(I) saylı, 2000-ci il) insan alveri və uşaqlara qarşı cinsi istismarın qarşısını almaq üçün uyğun qanunvericilik bazasını təmin edir. Qanuna müvafiq olaraq, İnsan Alveri və Digərlərinin İstismarı və Fahişəliyə Cəlb Olunmasının qarşısını Almağa dair Konvensiyaya müvafiq olaraq insan alveri kimi təsnifatlandırılan istənilən hərəkət, qanunla müəyyən edilmiş və eyni xarakterə malik olan digər əməllər kimi cinayət əməli hesab edilir və həmin əmələ görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur; qurban 18 yaşından kiçik olduqda, həmin müddət 15 ilə qədər artır. Cinsi istismar cinayətinə görə 15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əməl qurbanın əhatəsindən olan və ya onun üzərində səlahiyyəti və ya təsiri olan şəxslər tərəfindən törədildikdə cəza müddəti 20 ilə qədər artır. 4-cü Maddəyə uyğun olaraq uşaqlardan pornoqrafik materialların istehsalı və satışı üçün istifadə edilməsi cinayət əməli sayılır. 7-ci Maddəyə uyğun olaraq istismarın qurbanı olan şəxslərə Dövlət tərəfindən ağlabatan çərçivədə yardım göstərilir; buraya müavinətlərin verilməsi, müvəqqəti yaşayış yerinin, tibbi xidmətin və psixiatr dəstəyinin təmin edilməsi daxildir. 8-ci maddədə məhkəmə tərəfindən istismarın dərəcəsinə və ya təqsirləndirilən şəxsin qurban üzərində tətbiq etdiyi məhdudlaşdırmanın dərəcəsindən asılı olaraq cəza qismində kompensasiya təyin etməsi hüququ qeyd edilir. Kiprdə qanuni surətdə olan və istismara qurban olan şəxs dövlət orqanlarına müraciət edərək işləmək üçün verilən icazənin müddəti başa çatana qədər başqa iş ilə təmin edilməsini xahiş edə bilər (9-cu Maddə). Nəhayət, Nazirlər Şurası 10-cu maddəyə uyğun olaraq qurbanların qorunması üçün mühafizə təyin edir ki, həmin mühafizə əməkdaşlarının da əsas vəzifəsi qurbanlara məsləhətlər vermək, onlara yardım etmək, istismarla bağlı şikayətləri araşdırmaq, təqsirli olanları mühakiməyə cəlb etmək, eləcə də qanunvericilikdəki boşluqları və ya nöqsanları müəyyən etmək və onları aradan qaldırmaq üçün tövsiyələr verilməsindən ibarətdir.”
92. Praktiki tədbirlərlə bağlı Komissar qeyd etmişdir:
“31. Təcrübə səviyyəsində Hökumət öz işəgötürənlərindən şikayət edən qadınları qorumaq məqsədilə onlara iddialarını əsaslandırmaq məqsədilə ölkədə qalmağa icazə vermişdir. Müəyyən hallarda, istintaq müddətində qadınlar Kiprdə Hökumətin hesabına qalıblar.”
93. Lakin, Komissar Hökuməti Kiprin kabarelərində işləmək üçün ölkəyə gələn çoxsaylı qadın problemini həll etmək üçün tədbir görmədiyinə görə tənqid etdi:
“32. Lakin, cəza tədbirlərindən başqa qabaqlayıcı tədbirlər də tətbiq edilə bilərdi. Hakimiyyət dairələrinin də qəbul etdiyi kimi Kiprə gecə klublarında işləmək üçün gələn xarici qadınların sayı adanın əhalisinin sayına yüksək dərəcədə qeyri-mütənasibdir.”
C.Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının onun tövsiyələrinin icrası ilə bağlı irəliləyişlərə dair hazırladığı 26 mart 2006-cı il tarixli hesabatından çıxarışlar (CommDH(2006)12)
94. 26 mart 2006-cı il tarixində Avropa Şurası insan hüquqları üzrə Komissarı əvvəlki hesabatının davamı olan hesabat dərc etdirmişdir və həmin hesabatda əvvəlki hesabatında qeyd edilmiş tövsiyələrin icrası ilə bağlı Kipr Hökuməti tərəfindən əldə edilmiş nailiyyətləri qiymətləndirmişdir.
...
100. Hesabatda aşağıdakı nəticələrə gəlinmişdir:
“57. İnsan alveri Kipr də daxil olmaqla Avropa Şurasına üzv olan ölkələrdə rast gəlinən insan hüquqları ilə bağlı olan ən mürəkkəb və əhəmiyyətli məsələlərdən biridir. Aydın bir risk mövcuddur ki, artist vizası ilə Kiprə daxil olan qadınlar daha sonra insan alverinin qurbanına çevrilə və ya istismar və ya si-istifadəyə məruz qala bilərlər. Bu qadınlar rəsmi olaraq kabare rəqqasələri kimi işə götürülürlər, amma əksər hallarda onlardan fahişə kimi işləmək də tələb olunur. Onlar bir qayda olaraq əhalinin gəlir səviyyəsinin Kiprdən daha aşağı olduğu ölkələrdən gəlirlər və müştərilər və ya işəgötürənlərin dediklərindən imtina edə bilməyəcək dərəcədə həssas vəziyyətdə olurlar. Sistem özü-özlüyündə, işəgötürənin qadının adından icazə almaq üçün müraciət edib-etməməsindən asılı olmayaraq qadını işəgötürənindən və ya agentindən asılı vəziyyətə salır və onun insan alveri şəbəkələrinin əlinə düşməsinə şərait yaradır.
58. Komissar Kipr hakimiyyətini təcili surətdə vəziyyəti nəzarətdə saxlamağa və artist vizalarından insan alveri və ya fahişəliyə məcbur etmə məqsədilə istifadə edilməsinə qarşı daha sayıq olmağa dəvət edir. Bu kontekstdə, Komissar Lüksemburq Hökuməti tərəfindən bənzər problemləri həll etmək məqsədilə artist vizası rejiminin qaldırılmasını nümunəvi olaraq göstərir; həmin misal Komissarın ölkə üzrə hesabatına daxil edilmişdi. Mövcud olan təcrübəyə dəyişiklik edilməsinə ən azından viza üçün qadınların özlərinin müraciət etməsi və mümkün olan hallarda onlara, ölkəyə daxil olmazdan əvvəl məlumat vərəqələri paylanması daxil edilə bilər.
59. Komissar İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planını bu məsələnin həlli istiqamətində ilk addım olaraq alqışlayır və Daxili İşlər Nazirliyini onun tam icrasını təmin etməyə dəvət edir. İnsan alverinə qarşı qanun da qüvvəyə mindikdən sonra əhəmiyyətli rol oynayacaqdır. Bu fenomenə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər, məsələn, İnsan Alverinin Qarşısının Alınması və Ona Qarşı Mübarizə İdarəsinin yaradılması da alqışlanmalıdır.
60. İnsan alverinə məruz qalmış şəxslərin insan hüquqlarına hörmət bəslənməsi məqsədilə rəsmi dairələr qurbanları müəyyən edə bilməli və onları sığınacaq, qoruma və dəstək təmin edən xüsusi müəssisələrə göndərə bilməlidir. Komissar Kipr dövlət orqanlarını təcili surətdə polis əməkdaşlarının qurbanların müəyyən edilməsi və onların yönləndirilməsi üzrə təlimlərini davam etdirməyə və dövlət orqanlarını bu sahəyə qadın polis əməkdaşlarını cəlb etməyə çağırır. Bu sahədə QHT-lər və digər vətəndaş cəmiyyəti təşkilatları ilə daha səmərəli tərəfdaşlıq əlaqələrinə də xüsusi diqqət yetirilməlidir. Komissar Limasoldakı sığınacağın tez bir zamanda istifadəyə veriləcəyinə ümid etdiyini bildirmişdir.”
D.Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının Kiprə 7-10 iyul 2008-ci ildə etdiyi səfərlə bağlı hazırladığı 12 dekabr 2008-ci il tarixli hesabatından çıxarışlar (CommDH(2008)36)
101. İnsan Hüquqları üzrə Komissar yaxınlarda 2008-ci ilin iyununda Kiprə etdiyi növbəti səfərin ardından yeni bir hesabat hazırlamışdır. Hesabatda insan alveri ilə bağlı məsələlər sahəsində baş verən proseslərlə bağlı şərhlər verilmiş, və başlanğıcdan etibarən istismar məqsədilə həyata keçirilən qadın alverinin Kipr də daxil olmaqla, Avropa ölkələrinin əksəriyyətində əhəmiyyətli problem olduğu vurğulanmışdır. Hesabatda aşağıdakılar qeyd edilir:
“33. Hələ 2003-cü ildə Administrasiya üzrə Komissar (xanım Ombudsman) bəyan etmişdir ki, Kipr həm təyinat, həm də tranzit ölkəsi olaraq insan alverinə qarışmışdır və burada qadınların əksəriyyəti şantaja məruz qalaraq cinsi xidmətlər göstərməyə məcbur edilir. 2008-ci ildə ada hələ də Filippindən, Rusiyadan, Moldovadan, Macarıstandan, Ukraynadan, Yunanıstandan, Vyetnamdan, Özbəkistandan və Dominikan Respublikasından gələn və kommersiya məqsədli cinsi istismara məruz qalan çoxsaylı qadınlar üçün təyinat ölkəsi olaraq qalır. ... Qadınlara qazandıqları əmək haqqının hamısı və ya müəyyən hissəsi ödənilmir, onlar pasportlarını təhvil verməyə, müştərilərlə cinsi əlaqəyə girməyə məcbur edilirlər. Bu qadınlardan əksəriyyəti sərbəst hərəkət edə bilmir, normal iş saatlarından qat-qat artıq işləməyə məcbur edilir və acınacaqlı şəraitdə təcrid olunmuş şəkildə və ciddi nəzarət altında yaşamalı olurlar.
34. İnsan alveri qurbanları Kiprə əsasən üç aylıq “artist” və ya “əyləncə” vizası ilə gəlir və burada kabare sənayesində, gecə klubları və ya barlarda işləyirlər, ya da turist vizası ilə şəxsi evlərdə yerləşən masaj müəssisələrində işləmək üçün gəlirlər. ... Sözügedən qadınların icazə alması üçün müəssisənin, əksər hallarda belə adlandırılan “kabarelərin” sahibi müraciət edir.
35. Aralıq Dənizi Gender Məsələlərinin Təhlili üzrə İnstitutunun (MIGS) apardığı araşdırma nəticəsində 2007-ci ilin oktyabrında dərc etdirilmiş hesabat işlənib-hazırlanmışdır. Burada göstərilir ki, hər il adaya qısa müddətli “artist” vizası ilə təxminən 2000 xarici qadın daxil olur. 1982-2001-ci illər arasında, 20 ildən artıq bir müddət ərzində adada fəaliyyət göstərən kabarelərin sayında inanılmaz 111%-lik artım müşahidə edilmişdir. ...
36. Öz səfəri zamanı Komissar aşkar etmişdir ki, Kipr Respublikasında hazırda təqribən 120 kabare fəaliyyət göstərir ki, onlardan da hər birində təqribən 10-15 qadın işləyir...” (haşiyə buraxılıb)
102. Komissar qeyd etmişdir ki, Hökumət insan alverinə qarşı hərtərəfli qanunvericilik aktları qəbul etmiş və insan alveri ilə bağlı bütün növ hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən etmiş, cinsi istismara görə 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyən etmiş və qurbanları dəstəkləmək üçün tədbirlər görmüşdür (bax aşağıda 127 - 131-ci bəndlər). O, eyni zamanda 2007-ci ildə istifadəyə verilmiş yeni dövlət sığınacağına baş çəkmişdir; müəssisə və əməkdaşların işə can yandırması onda yüksək təəssürat hissi oyatmışdır:
“42. Komissar əmin edilmişdir ki, polis orqanlarında insan alveri ilə bağlı korrupsiya halları yalnız tək-tük hallarda baş verir. Hakimiyyət Komissara məlumat vermişdir ki, hal-hazıra qədər insan alveri/fahişəliklə bağlı üç intizam işi araşdırılıb: birində bəraət qazanılıb və ikisi ilə bağlı istintaq hələ də davam edir. Bundan əlavə 2006-cı ildə polis üzvlərindən biri 14 ay azadlıqdan məhrum edilmiş və insan alveri ilə bağlı ittihamlar səbəbilə xidmətdən kənarlaşdırılmışdır.”
103. Hesabat diqqəti Kiprdə artist icazə rejimi ilə bağlı nəticələrə çəkir:
“45. Komissar təkrarən qeyd edir ki, cinsi istismar məqsədilə qadın alveri Kipr də daxil olmaqla Avropa Şurasına üzv olan ölkələrin üzləşdiyi insan hüquqları ilə bağlı ən təcili və mürəkkəb məsələlərdən biridir. Ziddiyyət ondan ibarətdir ki, Kipr Hökuməti insan alverinə qarşı mübarizə aparmaq məqsədilə qanunvericilik səyləri göstərməsinə və 2005-ci il tarixli Milli Fəaliyyət Planı ilə insan alverinə qarşı mübarizə aparmaq iradəsini nümayiş etdirməsinə baxmayaraq belə adlanan kabare artistlərinə icazələr və kabare müəssisələrinin fəaliyyət göstərməsi üçün lisenziyalar verməyə davam edir. Kağız üzərində həmin qadınlara müəyyən incəsənət növləri ilə bağlı işləri icra etmək üçün icazə verildiyinə baxmayaraq, reallıqda onlardan çoxu, bəlkə də əksəriyyəti fahişəliklə məşğul olur.
46. “Artist” iş icazəsinin mövcud olması elə vəziyyətə gətirib çıxarır ki, orada hüquq-mühafizə orqanlarının məcbur etmə və insan alveri faktlarını müəyyən etməsi və onlara qarşı mübarizə aparması mürəkkəbləşir. Bu növ icazələr buna görə də insan alverinə qarşı həyata keçirilən tədbirlərə ziddiyyət təşkil edir və ya ən azından onların effektiv olmasına imkan vermir.
47. Bu səbəblərdən Komissar təəssüf edir ki, Hökumətin daha əvvəl ləğv etməklə bağlı iradəsini ifadə etməsinə baxmayaraq, bu gün hələ də “artist” iş icazəsi tətbiq olunur. Belə görünür ki, ölkəyə daxil olan qadınlara belə iş icazəsi ilə balı məlumat vərəqələrinin verilməsi az səmərə gətirir, baxmayaraq ki, həmin vərəqələri qadınlar məmurların yanında oxuyub imza atmalıdırlar.
48. Komissar Kipr hakimiyyət dairələrini hal-hazırda mövcud olan “kabare” iş icazələri sistemini ləğv etməyə çağırır ...”
...
E.İnsan Alverinə dair Hesabat, ABŞ Dövlət Departamenti, iyun 2008-ci il
105. 2008-ci ildə insan alveri ilə bağlı hazırladığı hesabatında ABŞ Dövlət Departamenti qeyd etmişdir:
“Kipr Filippindən, Rusiyadan, Moldovadan, Macarıstandan, Ukraynadan, Yunanıstandan, Vyetnamdan, Özbəkistandan və Dominikan Respublikasından gələn və kommersiya məqsədli cinsi istismara məruz qalan çoxsaylı qadınlar üçün təyinat ölkəsidir. ... Bu qadınlardan əksəriyyəti aldadılaraq Kiprə kabare müəssisələrində işləmək üçün üç aylıq “artist” iş icazəsi və ya şəxsi evlərdə yerləşən masaj salonlarında işləmək üçün turist vizası ilə daxil olurlar.”
106. Hesabatda müəyyən edilmişdir ki, Kipr əvvəlki illə müqayisədə insan alverinin kəskin formalarına qarşı mübarizə sahəsində səylərini artırdığına dair dəlillər təqdim edə bilməyib.
107. Hesabatda Kipr Hökumətinə aşağıdakı tövsiyələr verilmişdir:
“Artist iş icazələrinin ləğv edilməsi və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı planların icrasını təmin etmək; yeni yaradılmış sığınacaqda insan alveri qurbanlarına yardım göstərmək və onları qorumaq məqsədilə yeni standart prosedurlar işləyib hazırlamaq; insan alveri və kabare sənayesinə dair geniş yayılmış anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə müştəriləri və geniş ictimaiyyət kütlələrini hədəfləyən geniş tələbatazaltma kampaniyaları hazırlamaq və həyata keçirmək; insan alverinə qarşı mübarizə idarəsinə daha çox resurs cəlb etmək; və insan alverçilərinin məhkum edilməsi və cəzalandırılması məqsədilə insan alveri ilə bağlı işlərin araşdırılmasının keyfiyyətinin yaxşılaşdırılmaq.”
III. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A.Kipr
1.Konstitusiyadan çıxarışlar
108. Kipr Konstitusiyasına müvafiq olaraq yaşamaq və fiziki təhlükəsizlik hüququ 7-ci maddəyə əsasən qorunur.
109. 8-ci Maddədə nəzərdə tutulur ki, heç kim işgəncə və qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və ya davranışa məruz qala bilməz.
110. 9-cu Maddədə təmin edilir:
“Hər bir şəxsin ləyaqətli mövcud olma və sosial təhlükəsizlik hüququ vardır. Qanunvericiliyə uyğun olaraq işçilərin hüquqları, yoxsullara yardım və sosial təminat sistemi təmin edilməlidir.”
111. 10-cu Maddədə bildirilir:
“1. Heç kim quldarlıq və ya köləliyə məruz qala bilməz.
2. Heç kim icbari əməklə məşğul olmağa məcbur edilə bilməz ...”
112. 11(1)-ci maddə hər bir şəxsin azadlıq və şəxsi təhlükəsizlik hüququnu təmin edir. 11(2)-ci Maddə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilən və qanuna müvafiq olaraq müəyyən edilən hallar istisna olmaqla digər hallarda azadlıqdan məhrum edilə bilməz.
2. Artistlərin ölkəyə daxil olmaq, orada yaşamaq və işləmək icazəsi ilə bağlı müraciətləri
a. Sözügedən müddətdə mövcud olan prosedur
113. 2000-ci ildə Mülki Qeydiyyat və Miqrasiya Departamenti “artist” anlayışını aşağıdakı kimi müəyyən etmişdir:
“...kabare, musiqi-rəqs müəssisələrində və ya digər gecə əyləncə məkanında işləmək məqsədi ilə Kipr ərazisinə daxil olmaq niyyətində olan və 18 yaşına çatmış bütün xaricilər.”
114. Xaricilər və İmmiqrantlar haqqında Qanunun 20-ci Maddəsinə əsasən (105-ci fəsil) Nazirlər Şurası xaricilərin ölkəyə daxil olması tələblərinə dair, immiqrasiyaya və əcnəbilərin yerdəyişməsinə nəzarət edilməsi, eləcə də icazə almış əcnəbilərə müvafiq sənədlərin verilməsi və müvafiq rüsumların alınmasına nəzarət etmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlərin mövcud olmasına baxmayaraq, sözügedən vaxtda kabare artistləri qismində işləmək üçün Kipr ərazisinə daxil olanlarla bağlı prosedurlar Daxili İşlər Nazirinin, immiqrasiya rəsmilərinin və Nazirliyin baş direktorlarının təlimatlarına əsasən tənzimlənirdi.
115. 1987-ci ildə tətbiq edilmiş prosedura əsasən ölkəyə daxil olmaq, müvəqqəti yaşayış və iş icazəsi ilə bağlı müraciətlər gələcək işəgötürən (kabare meneceri) və incəsənət agentləri tərəfindən verilməli idi və buraya tərəflər arasında razılaşdırılmış şərtlərin də daxil edildiyi əmək müqaviləsi və artistin pasportunun müvafiq səhifələrinin foto surəti əlavə edilməli idi. İncəsənət agentlərindən eyni zamanda 10 000 Kipr funtu (CYP) (təqribən 17 000 avro) məbləğində bank təminat məktubu təqdim etmək tələb olunurdu ki, zərurət yarandıqda repatriasiya xərcləri ödənsin. Kabare menecerlərindən 2 500 CYP (təqribən 4200 avro) məbləğində depozit bank təminatı təqdim etmək tələb olunurdu ki, menecerin məsuliyyət daşıdığı repatriasiya həyata keçirilsin.
116. Bütün şərtlərə əməl olunduğu təqdirdə beş günlük ölkəyə daxil olmaq və müvəqqəti yaşamaq hüququ (icazəsi) verilirdi. Ölkəyə gəldikdən sonra artistdən QİÇS-lə və digər yoluxucu xəstəliklərlə bağlı müxtəlif tibbi müayinələrdən keçmək tələb olunurdu. Qənaətbəxş cavablar təqdim edildikdən sonra üç aylıq müvəqqəti yaşama və işləmə icazəsi verilirdi. İcazə daha üç ay müddətinə uzadıla bilərdi. Bir kabaredə məhdud sayda artist işə götürülə bilərdi.
117. Artistlərin müştərilərlə dolu kabareni tərk etməsinin qarşısını almaq məqsədilə artistlərdən, onların çıxışı cəmi bir saat sürsə belə, axsam saat 9 və gecə saat 3 arasında kabaredə olmaq tələb olunurdu. Xəstəlik halında kabareyə gəlməməyə görə həkim arayışının təqdim edilməsi vacib idi. Artistlər işə gəlmədikdə və ya müqavilənin şərtlərini digər şəkildə pozduqda kabare menecerlərindən bu barədə İmmiqrasiya İdarəsinə məlumat vermək tələb olunurdu. Bunu etmədikdə artist ölkədən çıxarıla bilərdi və onun repatriasiyasına tələb olunan xərclər bank məktubu ilə təmin edilən məbləğdən çıxarılardı. Əgər incəsənət agenti fahişəliklə bağlı cinayət əməlinə görə məhkum edilsəydi, ona artistlərin ölkəyə daxil olmasına görə icazə verilməyəcəkdi.
b. Aidiyyatı olan digər proseslər
118. 1986-cı ildə artistlərin fahişəliyinə dair hesabatın ardından Polis Direktoru Kiprə artist vizası ilə daxil olmaq niyyətində olanların həmin vizaya uyğun peşə göstəricilərinə malik olub-olmadığını yoxlamaq üçün xüsusi (ad hoc ) komitə yaradılmasını təklif edir. Lakin, həmin tədbir heç vaxt həyata keçirilmir. Daha məhdud səlahiyyətlərə (remit) malik komitə yaradılır, lakin vaxt keçdikcə tədricən zəifləyir.
119. 1987-ci ildə tətbiq edilmiş prosedura əsasən ölkəyə daxil olmaq üçün müraciət edən şəxs incəsənət işçisi olduğunu və ya bu sahədə ixtisası olduğunu sübuta yetirən sənəd təqdim etməli idi. Lakin bu tədbir həmin vaxt vəzifədə olan Daxili İşlər Nazirliyinin Baş Direktoru tərəfindən 1987-ci ildə verilən təlimata əsasən qeyri-müəyyən müddətə təxirə salınır.
120. 1990-cı ildə incəsənət agentlərinin eyni zamanda kabarelərin sahibi və ya menecerləri olması, eləcə də artistlərin qaldığı yaşayış yerlərinin sahibi olması ilə bağlı narahatlıq doğuran məsələ mövcud olduğuna görə Mülki Qeydiyyat və İmmiqrasiya Departamenti incəsənət agentlərini xəbərdar edir ki, 30 iyun 1990-cı ildən etibarən kabare sahiblərinin incəsənət agenti kimi işləməsinə icazə verilmir. Onlardan dövlət orqanlarına bu iki peşədən hansını seçdiklərinə dair məlumat vermək tələb olunurdu. Daha sonra bank təminatının məbləği artırıldı və incəsənət agentləri üçün 10,000 CYP-dan 15,000 CYP-a və kabare menecerləri üçün 2,500 CYP-dan 10,000 CYP-a çıxarıldı. Lakin, bu tədbirlər incəsənət agentlərinin və kabare menecerlərinin etirazları nəticəsində yerinə yetirilmədi. Həyata keçirilən yeganə dəyişiklik kabare menecerləri üçün bank təminat məbləğinin 2,500 CYP-dan 3,750 CYP-a (təqribən 6,400 avro) çıxarılması oldu.
...
4. İnsan alveri
127. Kiprdə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik 3(1) saylı 2000-ci il tarixli İnsan Alverinə və Uşaqların Cinsi İstismarına qarşı Mübarizə haqqında Qanundan ibarətdir. Qanunun 3(1) bölməsində aşağıdakı şəkildə qadağan edilir:
“a. Böyüklərin gəlir əldə etmək məqsədilə istismarı, əgər:
i. bu güc, zorakılıq və ya təhdid tətbiq etməklə həyata keçirilibsə; və ya
ii. dələduzluq baş veribsə; və ya
iii. bu səlahiyyətdən sui-istifadə etmək və ya digər növ təzyiqə məruz qoymaq nəticəsində elə formada həyata keçirilib ki, həmin şəxsin təzyiqə və ya pis rəftara itaət etməkdən başqa əhəmiyyətli və ya ağlabatan seçim etmək imkanı qalmayıb;
b. gəlir əldə etmək və yuxarıda (a) bəndində qeyd olunan məqsədlərlə böyüklərin insan alverinə məruz qalması ;
c. azyaşlıların insan alverinə və ya pis rəftara məruz qalması;
d. azyaşlıların cinsi istismar və ya pis rəftar məqsədilə insan alverinə məruz qalması.”
128. 6-cı bölmədə qeyd olunur ki, qurbanın razılığı insan alveri cinayətinə qarşı müdafiə deyildir.
129. 5(1) bölməsinə əsasən cinsi istismar məqsədilə böyüklərin insan alverinə məruz edilməsi cinayəti üzrə təqsirli bilinən şəxslər on ilə qədər azadlıqdan məhrum edilə və ya 10,000 CYP həcmində cərimə edilə və ya hər iki cəzanı ala bilərlər. 3(2)-ci maddə müəyyən hallarda daha böyük cəza nəzərdə tutur:
“Bu maddənin məqsədləri üçün qurbanla qan qohumluğu və ya üçüncü dərəcəyə qədər qohumluğu olan və ya öz mövqeyinə görə qurbanın üzərində təsirə və ya səlahiyyətə malik olan şəxslə istənilən münasibət (buraya qəyyum, təhsil işçiləri, qaldığı yerin, reabilitasiya evinin, cəzaçəkmə müəssisəsinin və ya bənzər müəssisələrin inzibatçıları və ya bənzər vəzifələri tutan və ya səlahiyyətlərdən sui-istifadə etməyə və ya digər şəkildə məcburetmə tətbiq eyməyə imkan verən mövqe daxildir):
a. 1(a) və (b) müddəalarına zidd olaraq hərəkət edən şəxs cinayət əməli törətmiş olur və təqsiri sübuta yetirildikdən sonra 15 il azadlıqdan məhrum edilir;
b. 1(c) və (d) müddəalarına zidd olaraq hərəkət edən şəxs cinayət əməli törətmiş olur və təqsiri sübuta yetirildikdən sonra iyirmi il azadlıqdan məhrum edilir.”
130. 7-ci maddə Dövlətin üzərinə insan alveri qurbanlarını sığınacaq, tibbi xidmət və psixiatriya xidməti də daxil olmaqla dəstəklə təmin etmək öhdəliyini qoyur.
131. 10-cu və 11-ci maddələrə uyğun olaraq Nazirlər Şurası istismar qurbanlarına məsləhət vermək və yol göstərmək; istismara dair şikayətləri qəbul etmək və araşdırmaq; qurbanları təhlükəsiz sığınacaq və müalicə ilə təmin etmək; bu əməli törədən cinayətkarları məsuliyyətə cəlb etmək istiqamətində tədbirlər görmək; qurbanların reabilitasiyası, yenidən işə düzəlməsi və ya repatriasiyası ilə bağlı tədbirlər görmək; və insan alverinə qarşı mübarizə sahəsində mövcud olan qanunvericilikdəki nöqsanları müəyyən etmək məqsədilə “qurbanın qəyyumunu” təyin edə bilər. Qəyyumun təyin edilməsinə baxmayaraq Kipr Ombudsmanının 2003-cü il hesabatı hazırlanan zaman (bax yuxarıda 80 – 90-cı bəndlər) onun rolu nəzəri olaraq qalırdı və qurbanların müdafiəsi üzrə heç bir proqram işlənib hazırlanmamısdı.
B. Rusiya
1. Rusiya Cinayət Məcəlləsinə müvafiq yurisdiksiya
132. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 11 və 12-ci Maddələri Rusiya Federasiyası cinayət hüququnun ərazi tətbiqini müəyyən edir. 11-ci maddə Rusiya Federasiyasının ərazisində törədilən cinayət əməlləri üzərində Rusiyanın yurisdiksiyasını müəyyən edir. 12(3) Maddəsi Rusiya ərazisindən kənarda Rusiyanın maraqlarına ziddiyyət təşkil edən cinayət əməlləri törədən və Rusiyanın vətəndaşı olmayan şəxslər üzərində və beynəlxalq sazişlərlə nəzərdə tutulan hallarda məhdud yurisdiksiya müəyyən edir.
...
IV.MÜVAFİQ BEYNƏLXALQ SAZİŞLƏR VƏ DİGƏR MATERİALLAR
...
2.Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yurisprudensiyası
142. Cinsi istismar məqsədilə bəşəriyyətə qarşı cinayət olan köləliyə çevirməyə dair ilk iş olan Prokuror Kunarac, Vukovic and Kovaca qarşı işinə, 12 iyun 2002-ci ildə baxan Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi müşahidə etmişdir:
“117. ...1926-cı il tarixli Köləliyə dair Konvensiyada müəyyən edilmiş ənənəvi köləlik konsepti inkişaf edərək köləliyin bir sıra yeni müasir formalarını əhatə etməyə başlamışdır ki, həmin formalar da sahiblik hüququna aid olan bir və ya bütün səlahiyyətlərin icrası ilə bağlıdır. Köləliyin bu müxtəlif müasir formaları baş verdiyi hallarda qurban köləlik sisteminə aid olan daha ekstremal sahiblik hüquqlarının həyata keçirilməsinə məruz qalmır, amma bütün hallarda sahiblik hüququna aid olan bir və ya bütün səlahiyyətlərin icrası nəticəsində hüquqi nöqteyi-nəzərdən şəxsiyyətin məhv edilməsi baş verir; köləlik sistemi ilə bağlı hallarda məhv etmə daha böyük olur, lakin burada dərəcə fərqi olur ...”
143. Belə nəticəyə gəlinir:
“119. ... hər hansı bir fenomenin köləyə çevirmək forması olub-olmadığını müəyyən etmək bir sıra amillərin fəaliyyətindən və köləliyin əlamətlərinin olub-olmamasından asılıdır. Həmin əlamətlərə aşağıdakılar daxildir: şəxsin hərəkəti üzərində nəzarət, fiziki mühit üzərində nəzarət, psixoloji nəzarət, şəxsin qaçmasının qarşısını almaq məqsədilə görülən tədbirlər, güc tətbiq edilməsi, güc tətbiq ediləcəyi ilə təhdid, məcburetmə, istisna xarakteri daşıyan müddət və təsdiq, qəddar rəftar və sui-istifadəyə məruz qoyma, cinsi həyat üzərində nəzarət və icbari əmək. Buna müvafiq olaraq, orijinal anlayışın genişlənməsi ilə meydana gələn köləliyin bütün müasir formalarının tam siyahısını vermək mümkün deyil. ...”
...
B. İnsan alveri
1. İnsan alverinə dair əvvəlki sazişlər
146. İnsan alverinə qarşı mübarizə sahəsində ilk saziş olan Ağ Qul Alverinin Qarşısının Alınması üzrə Beynəlxalq Saziş 1904-cü ildə qəbul edilmişdir. Bunun ardından 1910-cu ildə Ağ Qul Alverinin Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiya qəbul edilib. Daha sonra 1921-ci ildə Xalqlar Liqası Qadın və Uşaq Alverinin Qarşısının Alınması üzrə Konvensiyanı qəbul edir və həmin Konvensiya daha sonra 1933-cü ildə qəbul edilmiş Tam yaşda olan Qadınların İnsan Alverinə Məruz Qalmasına Qarşı Beynəlxalq Konvensiya ilə təsdiq edilir. 1949-cu il tarixli İnsan Alveri və Başqalarının Fahişəlik məqsədilə Cinsi istismara Məruz Qalmasının qarşısının Alınmasına dair Konvensiya bütün əvvəlki sənədləri BMT-nin himayəsi altında toplamışdır.
2.Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Qadağan Olunmasına dair Konvensiya
147. Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Qadağan Olunmasına dair Konvensiya (CEDAW) 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Rusiya CEDAW –nu 23 yanvar 1981-ci ildə ratifikasiya etmiş və Kipr həmin Konvensiyaya 23 iyul 1985-ci ildə qoşulmuşdur.
148. CEDAW 6-cı Maddəsində nəzərdə tutulur:
“Tərəf Dövlətlər qadın alveri və qadınların fahişəliyə cəlb olunma məqsədilə istismarının qarşısını almaq məqsədilə tələb olunan, qanunvericiliklə bağlı tədbirlər də daxil olmaqla, bütün tədbirləri görməlidirlər.”
3.Palermo Protokolu
149. BMT-nin 2000-ci il tarixli Transmilli Mütəşəkkil Cinayətə qarşı Konvensiyasına əlavə olan İnsanların, xüsusilə Qadın və Uşaqların Alverinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Protokol (Palermo Protokolu) Kipr tərəfindən 12 dekabr 2000-ci ildə, Rusiya tərəfindən isə 16 dekabr 2000-ci il tarixində imzalanmışdır. Protokol həmin ölkələr tərəfindən müvafiq olaraq 26 may 2004-cü il və 6 avqust 2003-cü ildə ratifikasiya edilmişdir. Protokolun preambulasında deyilir:
“Elan edilir ki, insanların, xüsusilə qadın və uşaqların alverinin qarşısını almaq məqsədilə səmərəli addımların atılması mənşə, tranzit və təyinat ölkələrində hərtərəfli beynəlxalq yanaşma tətbiq etməklə həyata keçirilməlidir ki, buraya da aşağıdakılar daxildir: belə alverin qarşısının alınması, həmin əməli törədənlərin cəzalandırılması və alver qurbanlarının beynəlxalq aləmdə tanınmış hüquqlarının müdafiəsi də daxil olmaqla müdafiəsi üçün tədbirlərin görülməsi.”
150. 3(a) maddəsi “insan alveri” anlayışını aşağıdakı şəkildə şərh edir:
“İnsan alveri güc işlətmə və ya güc işlədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. İstismara ən az başqalarının fahişəliyinin istismarı və ya cinsi istismarın bütün növləri, icbari əmək xidmətləri, köləlik və ya köləliyə bənzər fəaliyyətlər, qul vəziyyətinə salma və ya orqanların çıxarılması daxil edilməlidir..”
151. 3(b) Maddəsi müəyyən edir ki, 3(a) maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə halı mövcud olduqda istismara qurban tərəfindən razılıq verilməsi öz əhəmiyyətini itirir.
152. 5-ci maddə Dövlətlərin üzərinə aşağıdakı öhdəliyi qoyur:
“Bu Protokolun 3-cü maddəsində nəzərdə tutulan hərəkətlər qəsdən törədildikdə həmin hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən edilməsi məqsədilə qanunvericilik tədbirləri də daxil olmaqla, zəruri tədbirlərin görülməsi.”
153. İnsan alveri qurbanlarının müdafiəsi 6-cı Maddədə şərh olunub.
...
155. 10-cu Maddə müvafiq qurumlar arasında effektiv məlumat mübadiləsi aparılmasının və hüquq-mühafizə orqanları və immiqrasiya xidməti əməkdaşları üçün təlimlər keçirilməsinin əhəmiyyətini vurğulayır.
...
6 Avropa Şurasının İnsan Alverinə qarşı Fəaliyyət haqqında Konvensiyası, CETS No. 197, 16 may 2005-ci il
160. Avropa Şurasının İnsan Alverinə qarşı Fəaliyyət haqqında Konvensiyası (İnsan Alverinə qarşı Konvensiya) Kipr tərəfindən 16 may 2005-ci ildə imzalanıb və 24 oktyabr 2007-ci ildə ratifikasiya edilib. Konvensiya Kiprə münasibətdə 1 fevral 2008-ci il tarixindən etibarən qüvvəyə minib. Rusiya hələ Konvensiyanı imzalamayıb. Avropa Şurasına üzv olan cəmi 41 Dövlət İnsan Alverinə qarşı Konvensiyanı imzalayıb və 26 Dövlət onu həm də ratifikasiya edib.
161. İnsan Alverinə qarşı Konvensiyaya əlavə edilmiş izahat hesabatında bildirilir ki, insan alveri bu gün Avropada insan hüquqları və demokratik cəmiyyətlərin dəyərlərini təhdid edən ən əsas problemdir. Hesabatda daha sonra qeyd edilir:
“İnsan alveri qurbanların kölə vəziyyətində saxlanması ilə birlikdə dünyada qədim zamanlardan bəri mövcud olan qul ticarətinin müasir formasıdır. Burada insana alınıb satılan bir əmtəə kimi münasibət bəslənir, onlardan icbari əmək məqsədilə, bir qayda olaraq cinsi istismar sahələrində, lakin eyni zamanda kənd təsərrüfatı, qanuni və qanunsuz fəaliyyət göstərən və ağır əmək şəraiti müqabilində cüzi əmək haqqı ödənilən müəssisələrdə kiçik maaş və ya heç bir maaş ödəmədən işlətmək üçün istifadə edilir. İnsan alverinin aşkar edilmiş qurbanlarının əksəriyyəti qadınlardır, lakin onların arasında kişilərə də rast gəlinir. Bundan əlavə qurbanların böyük hissəsi gənclər, bəzi hallarda isə uşaqlardır. Onların hamısı yoxsul həyat üzündən çarəsiz vəziyyətə düşərək həyatlarını istismar və acgözlüyün qurbanına çevirirlər. Səmərəli olmaq üçün insan alverinə qarşı mübarizə strategiyası çoxşaxəli yanaşmadan ibarət olmalı və buraya qabaqlayıcı, qurbanların insan hüquqlarının qorunmasına və cinayətkarların cəzalandırılmasına yönəldilmiş tədbirlər daxil edilməlidir; bundan əlavə strategiya müvafiq qanunvericilik aktlarının uyğunluğuna və həmin aktların vahid qaydada və effektiv şəkildə tətbiq edilməsinə diqqət yetirməlidir.”
162. İnsan Alverinə qarşı Konvensiyanın preambulasında digər məsələlərlə yanaşı (inter alia), aşağıdakılar qeyd olunub:
“İnsan alverinin insan hüquqları pozuntusu təşkil etdiyini, insan ləyaqəti və təhlükəsizliyinə qarşı yönəldilmiş cinayət əməli olduğunu nəzərə alaraq;
İnsan alveri nəticəsində qurbanların kölə vəziyyətinə düşə biləcəyini nəzərə alaraq;
Qurbanların hüquqlarının qorunmasının, qurbanların qorunmasının və insan alverinə qarşı mübarizə tədbirlərinin müstəsna əhəmiyyət daşıdığını nəzərə alaraq;
...”
163. 1-ci Maddədə qeyd olunur ki, İnsan Alverinə qarşı Konvensiyanın məqsədləri insan alverinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq, insan alveri qurbanlarının insan hüquqlarını müdafiə etmək, qurbanların və şahidlərin müdafiəsi və onlara yardım göstərilməsi üçün hərtərəfli bazanın yaradılması və insan alveri hallarının effektiv araşdırılmasının və təqsirli bilinənlərin məsuliyyətə cəlb edilməsinin təmin edilməsindən ibarətdir.
164. 4(a) Maddəsi Palermo Protokolunun insan alveri anlayışını müəyyən edir və 4(b) Maddəsi Palermo Protokolunda istismar hallarında qurban tərəfindən razılıq verilməsinin mətləbə aid olmadığını vurğulayır (bax yuxarıda 150 - 151-ci bəndlər).
165. 5-ci Maddə Dövlətlərdən insan alverinin qarşısını almaq məqsədilə tədbirlər görməyi tələb edir və digər məsələlərlə yanaşı (inter alia) aşağıdakıları vurğulayır:
“1. Hər bir Tərəf insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində fəaliyyət göstərən müxtəlif qurumların fəaliyyətinin milli səviyyədə əlaqələndirilməsinin yaradılması və ya gücləndirilməsi məqsədilə tədbirlər görməlidir.
2. Hər bir Tərəf insan alverinin qarşısını almaq üçün aşağıdakılar da daxil olmaqla effektiv proqramlar və siyasətlər həyata keçirməli və ya onları gücləndirməlidir: tədqiqat, məlumat, şüurun artırılması və maarifləndirmə kampaniyaları, sosial və iqtisadi təşəbbüslər və təlim proqramları. Bütün tədbirlər xüsusilə insan alverinə qarşı həssas olan şəxslər və insan alveri sahəsində işləyənlər üçün nəzərdə tutulmalıdır. ...”
...
167. 10-cu maddədə təlim və əməkdaşlıqla bağlı tədbirlərdən bəhs edilir və qeyd olunur:
“1. Hər bir Tərəf səlahiyyətli qurumlarını insan alverinə qarşı mübarizə, uşaqlar da daxil olmaqla qurbanların müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində təlim keçmiş və təcrübə qazanmış kadrlarla təmin etməli və bu sahədə fəaliyyət göstərən müxtəlif qurumlar arasında və onlarla müxtəlif dəstək təşkilatları arasında əməkdaşlığın mövcud olmasına diqqət yetirməlidir; bu tədbirlərin məqsədi qurbanların müəyyən edilməsi proseduru zamanı uşaq və qadınların xüsusi həssas vəziyyətinin diqqətə alınmasını təmin etməkdən ibarətdir ...
2. Hər bir tərəf elə qanunvericilik aktları qəbul etməli və digər tədbirlər görməlidir ki, onların əsasında zəruri hallarda qurbanları digər qurumlarla və dəstək təşkilatları ilə əməkdaşlıq şəraitində müəyyən etmək mümkün olsun. Hər bir Tərəf təmin etməlidir ki, səlahiyyətli qurumların şəxsin insan alveri qurbanı olduğuna inanması üçün ağlabatan əsasları olsun, səlahiyyətli qurumlar tərəfindən bu Konvensiyanın 18-ci maddəsində göstərilmiş qurbanları müəyyən etmə proseduru başa çatana qədər şəxs həmin Dövlətin ərazisindən çıxarılmasın və ona 12 Maddənin 1 və 2-ci bəndlərində göstərildiyi kimi yardım göstərilsin. ...”
...
169. 18 – 21-ci Maddələr Dövlətlərdən aşağıdakı növ əməllərə görə cinayət məsuliyyəti müəyyən etməyi tələb edir:
...
172. 31 (1) Maddəsi jurisdiksiya məsələsini əhatə edir və Dövlətlərdən elə qanunvericilik və digər aktların qəbul edilməsini tələb edir ki, İnsan Alverinə qarşı Konvensiyaya uyğun olaraq cinayət əməli kimi təsnifatlandırılan əməllər törədildikdə onlar üzərində yurisdiksiya təsbit edilsin:
“a. öz ərazisində; və ya
...
d. onun vətəndaşlarından və ərazisində yaşayan ya vətəndaşlığı olmayan şəxslərdən biri tərəfindən törədilən əməl törədildiyi yerin cinayət qanunvericiliyinə uyğun olaraq cəzalandırılırsa və ya əməl istənilən Dövlətin ərazi yurisdiksiyasından kənarda törədilmişdirsə;
e. vətəndaşlardan birinə qarşı törədilmişdirsə.”
173. Dövlətlər 31-ci maddənin (1) (d) və (e) bəndlərində nəzərdə tutulan yurisdiksiya qaydalarını tətbiq etməmə və ya xüsusi hallarda və ya şərtlər daxilində tətbiq etmə hüququnu özlərində saxlaya bilərlər.
174. 32-ci Maddə Dövlətlərdən Konvensiyanın müddəalarına müvafiq olaraq və müvafiq beynəlxalq və regional instrumentlərin mümkün qədər geniş tətbiqi vasitəsilə aşağıdakı məqsədlər naminə bir-biri ilə əməkdaşlıq etməyi tələb edir:
“– insan alverinin qarşısının alınması və ona qarşı mübarizə;
– qurbanların müdafiəsi və onların yardımla təmin edilməsi;
– bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin istintaqı və ya məsuliyyətə cəlb edilməsi.”
C. Qarşılıqlı hüquqi yardım
1.Cinayət Məsələləri üzrə Qarşılıqlı Hüquqi Yardım üzrə Avropa Konvensiyası, CETS No. 30, 20 may 1959-cu il (“Qarşılıqlı Yardım haqqında Konvensiya”)
175. Qarşılıqlı Yardım haqqında Konvensiya Kipr tərəfindən 27 mart 1996-cı il tarixində imzalanıb. Konvensiya 24 fevral 2000-ci ildə ratifikasiya edilib və 24 may 2000-ci il tarixində qüvvəyə minib. Rusiya Federasiyası Konvensiyanı 7 noyabr 1996-cı ildə imzalayıb və 10 dekabr 1999-cu ildə ratifikasiya edib. Konvensiya Rusiyaya münasibətdə 9 mart 2000-ci ildə qüvvəyə minib.
176. 1-ci Maddə Konvensiyaya qoşulan tərəflər üzərinə aşağıdakı öhdəlikləri qoyur:
“bu Konvensiyanın müddəalarına uyğun olaraq bir-birinə qarşılıqlı hüquqi qardım haqqında müraciət edildiyi anda sorğu edən Tərəfin məhkəmə orqanlarının səlahiyyətində olan əməllərlə bağlı ən geniş miqyasda qarşılıqlı yardım göstərmək ”.
177. 3-cü Maddədə qeyd edilir:
“1. Sorğu edilən Tərəf cinayət işləri ilə bağlı məlumatlara aid olan və sorğu göndərən ölkənin ədliyyə orqanları tərəfindən sübutlar əldə etmək və ya sübut şəklində istifadə ediləcək əşyaların, yazıların və ya sənədlərin göndərilməsi ilə bağlı bütün məktubları öz qanunvericiliyində müəyyən edilmiş qaydada icra etməlidir.
2. Əgər sorğu göndərən Tərəf şahidlər və ya ekspertlərin and içərək ifadə verməsini istəyirsə, o müraciət məktubunda bunu aydın şəkildə ifadə etməli və sorğu edilən Tərəf öz ölkəsinin qanunvericiliyi bunu qadağan etmədiyi təqdirdə, həmin müraciəti təmin etməlidir.”
178. 26-cı Maddə Dövlətlərə Qarşılıqlı Yardım haqqında Konvensiyanın müddəalarına əlavə olaraq qarşılıqlı hüquqi yardım haqqında ikitərəfli sazişlərə daxil olmağa icazə verir.
2.SSRİ və Kipr Respublikası arasında 19 yanvar 1984-cü il tarixli mülki, ailə və cinayət məcəlləsi məsələlərinə dair hüquqi yardım haqqında Saziş (“Hüquqi Yardım haqqında Saziş”)
179. Hüquqi Yardım haqqında Sazişin 2-ci Maddəsi (SSRİ dağıldıqdan sonra Rusiya tərəfindən ratifikasiya edilib) hər iki tərəfin üzərinə Sazişin müddəalarına uyğun olaraq bir-birini mülki və cinayət işlərində hüquqi yardımla təmin etməyə dair ümumi öhdəlik qoyur.
180. 3-cü Maddə Sazişə uyğun olaraq tələb edilən hüquqi yardımın əhatə dairəsini müəyyən edir və aşağıdakıları nəzərdə tutur:
“Hüquqi yardıma mülki və cinayət işlərində hüquqi yardıma xidmət və sənədlərin göndərilməsi, qüvvədə olan qanunvericilik və hüquqi təcrübə ilə bağlı məlumatın təmin edilməsi və sorğu göndərən tərəfin qanunvericiliyində nəzərdə tutulmuş müəyyən prosedur hərəkətlərinin yerinə yetirilməsi, xüsusilə məhkəmə prosesinin tərəflərinin, cavabdehlərin, şahidlərin, ekspertlərin ifadələrinin alınması, eləcə də mülki işlərdə qərarların tanınması və icrası, cinayət işlərinin açılması və cinayətkarların ekstradisiyası daxildir.”
...
V. KİPR HÖKUMƏTİ TƏRƏFİNDƏN VERİLƏN BİRTƏRƏFLİ BƏYANAT
186. Kipr Respublikasının Baş Prokuroru 10 aprel 2009-cu il tarixli məktubu ilə Məhkəməyə aşağıdakıları bildirib:
“Nəzərə almanızı xahiş edirik ki, Hökumət bu ərizədə qaldırılan məsələləri həll etmək məqsədilə birtərəfli bəyanat vermək arzusundadır. Birtərəfli Bəyanatı ilə Hökumət Məhkəmədən Konvensiyanın 37-ci Maddəsinə uyğun olaraq ərizəni Məhkəmənin siyahısından çıxarmağı xahiş edir. ”
187. Təqdim olunmuş birtərəfli bəyanatın ayrı-ayrı hissələrində deyilir:
“... (a) Hökumət təəssüf edir ki, 28 mart 2001-ci ildə polis əməkdaşları tərəfindən ərizəçinin qızının sərbəst buraxılmasına deyil, qaçıb gizlənməyə çalışdığı [M.A.]-ya təhvil verməyə dair qərar qəbul edilib. Hökumət bildirir ki, sözügedən qərar onun Konvensiyanın 2-ci Maddəsinə uyğun olaraq ərizəçi və onun qızı qarşısında olan, ərizəçinin qızını digər şəxsin cinayət əməllərindən qorumaq üçün qabaqlayıcı tədbirlər görməklə bağlı pozitiv öhdəliyini pozmuşdur.
(b) Hökumət qəbul edir ki, bu işlə bağlı polis tərəfindən ərizəçinin qızının ölümündən əvvəl qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmadığını aydınlaşdırmaq məqsədilə aparılan araşdırma qeyri-effektiv olmuşdur.
(c) Hökumət qəbul edir ki, bunun nəticəsində Hökumət Konvensiyanın 4-cü Maddəsinə uyğun olaraq ərizəçi və onun qızı qarşısında daşıdığı pozitiv öhdəliyi pozmuşdur, belə ki, o, ərizəçinin qızının insan alveri və ya cinsi və ya digər növ istismarın qurbanı olub-olmadığını aydınlaşdırmaq üçün heç bir tədbir görməmişdir.
(d) Hökumət qəbul edir ki, ərizəçinin qızına 28 mart 2001-ci ildə polis şöbəsində tətbiq edilən rəftar, yəni onun sərbəst buraxılmaq əvəzinə, azadlıqdan məhrum edilməsi üçün heç bir əsasın olmadığına baxmayaraq [M.A.]-ya verilməsi Konvensiyanın 5(1) Maddəsinə ziddir.
(e) Hökumət qəbul edir ki, öz qurumları arasında real və effektiv əlaqələndirmə qurmamaqla o, ərizəçinin effektiv məhkəməyə çıxış hüququnu pozmuş və bununla da ərizəçini istifadə edə biləcəyi hüquqi vasitələrdən məhrum etmişdir.
3. Yuxarıdakı məsələlərlə bağlı Hökumət xatırladır ki, Nazirlər Şurası Baş Prokurorun – Dövlət Nümayəndəsinin məsləhətinə uyğun olaraq 5 fevral 2009-cu ildə cinayət məsələləri üzrə üç müstəqil müstəntiq təyin etmişdir ki, onlar da aşağıdakı məsələləri araşdırmalıdırlar:
(a) Ərizəçinin qızının ölümünün baş verdiyi şəraitin araşdırılması və onun ölümü ilə bağlı hər hansı şəxsin, respublikanın rəsmi qurumunun və ya polis əməkdaşının cinayət məsuliyyəti daşıyıb-daşımadığını aydınlaşdrmaq,
(b) onun işi və Kiprdə qalması ilə bağlı vəziyyətin, bununla birlikdə onun Respublikanın sözügedən vaxtda qüvvədə olan qanunvericiliyinə zidd olaraq qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəzaya və ya insan alverinə və/və ya cinsi və ya digər növ istismara məruz qalıb-qalmadığının (polis əməkdaşları, respublikanın rəsmi məmurları və ya üçüncü şəxslər tərəfindən) araşdırlmaq, və
(c) ona qarşı Respublikanın sözügedən vaxtda qüvvədə olan qanunvericiliyinə zidd olaraq hər hansı qanunsuz hərəkətin törədilib-törədilməməsini (polis əməkdaşları, respublikanın rəsmi məmurları və ya üçüncü şəxslər tərəfindən) aydınlaşdırmaq.
4. Hökumət xatırladır ki, müstəntiqlər polisdən asılı olmayan müstəqil müstəntiqlərdir (birinci müstəntiq Polisə qarşı İddia və Şikayətlərin yoxlanmasına dair müstəqil Qurumun Prezidentidir, ikincisi həmin qurumun üzvüdür, üçüncüsü isə cinayət işləri ilə məşğul olan vəkildir). Hökumət xatırladır ki, müstəntiqlər artıq istintaqa başlayıblar.
5. Belə olan şəraitdə və işin xüsusi hallarını nəzərə alaraq Hökumət ümumilikdə ərizəçiyə 37 300 (otuz yeddi min üç yüz) avro ödəməyə hazırdır (maddi və mənəvi zərərə görə kompensasiya və xərclər və ödəmələr daxil olmaqla). Hökumətin fikrincə bu məbləğ baş vermiş pozuntulara görə adekvat əvəz və kompensasiya təşkil edir və bu işdə işin hallarına görə qəbul edilən məbləğ ola bilər. Əgər Məhkəmə yuxarıda göstərilən məbləğin yetərli olmadığı qənaətindədirsə, Hökumət ərizəçiyə əvəzin ədalətli ödənilməsi qismində Məhkəmə tərəfindən təyin edilən istənilən məbləği ödəməyə hazırdır ...”
HÜQUQİ MƏSƏLƏLƏRKONVENSİYANIN 37-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN TƏTBİQİ188. Konvensiyanin 37-ci Maddəsinin 1-ci bəndinə əsasən Məhkəmə hər hansı bir ərizəni öz siyahısından çıxara bilər. Maddədə aşağıdakı kimi nəzərdə tutulur:
“1. Məhkəmə icraatın istənilən mərhələsində şərtlər aşağıdakı nəticələrə gəlməyə imkan verdikdə ərizəni öz siyahısından çıxara bilər...
(b) məsələ öz həllini tapdıqda; və ya
(c) Məhkəmə tərəfindən müəyyən edilmiş istənilən səbəbə görə ərizənin araşdırılmasının davamı artıq əsassız olduqda.
Lakin, Məhkəmə ərizənin Konvensiya və ona əlavə edilən Protokollarda göstərilən insan hüquqları aspektindən araşdırılmasını davam etdirməlidir.
...”
A. Məhkəməyə təqdimatlar
1. Kipr Hökuməti
189. Kipr Hökuməti öz təqdimatında bildirmişdir ki, işi dostca həll etmək səyləri boşa çıxdığına görə, Məhkəmə ərizəni öz siyahısından Konvensiyanın 37 § 1 (c) Maddəsində qeyd olunduğu kimi “istənilən digər səbəblər” üzündən birtərəfli bəyanat əsasında çıxara bilər və bununla da Məhkəmə ərizənin araşdırılmasına xitam verilməsinə dair qərarını əsaslandıra bilər. Birtərəfli bəyanatın məzmununa və x-m Rantsevanın ölümünün hallarının ölkə daxilində davam edən istintaqı (bax yuxarıda 187-ci bənd) əsasında Kipr Hökuməti belə düşünür ki, 37 § 1 (c) Maddəsinin tələblərinə tam uyğunluq təmin edilmişdir.
...
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
193. Məhkəmə başlanğıcdan etibarən müşahidə etmişdir ki, birtərəfli bəyanat yalnız Kipr Respublikasına aiddir. Rusiya Federasiyası tərəfindən birtərəfli bəyanat təqdim edilməyib. Buna müvafiq olaraq, Məhkəmə ərizəni yalnız Kipr Respublikası əleyhinə şikayətlərlə bağlı siyahıdan çıxarmanın əsaslı olub-olmayacağını nəzərdən keçirəcəkdir.
194. Məhkəmə xatırladır ki, müəyyən şərtlər daxilində 37 § 1 (c) Maddəsinə uyğun olaraq Məhkəmə cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında işi və ya onun müəyyən hissəsini, ərizəçi araşdırmanın davam etdirilməsini arzu etsə belə, siyahıdan çıxara bilər. Hər hansı bir işdə bunun uyğun olub-olmadığını müəyyən etmək üçün birtərəfli bəyanat kifayət qədər əsas yaratmalıdır ki, Konvensiyada təsbit edilmiş insan hüquqları Məhkəmədən araşdırmanı davam etdirməyi tələb etməsin (Ümumilikdə (in fine) 37 § 1 Maddəsi; bundan əlavə bax, digər işlərlə bərabər (inter alia), Tahsin Acar Türkiyəyə qarşı (Tahsin Acar v. Turkey (ilkin etiraz) [GC], no. 26307/95, § 75, ECHR 2003‑VI; və Radoşevska-Zakosçielna Polşaya qarşı (Radoszewska-Zakościelna v. Poland, no. 858/08, § 50, 20 oktyabr 2009).
195. Bu məsələylə bağlı müvafiq amillərə aşağıdakılar daxildir: şikayətin təbiəti, şikayətdə qaldırılan məsələlərin Məhkəmə tərəfindən daha əvvəl baxılmış işlərdə qaldırılmış məsələlərlə müqayisə edilə bilinib-bilinməməsi, Məhkəmə tərəfindən daha əvvəlki bənzər işlər üzrə qəbul edilmiş qərarların icrası ilə bağlı cavabdeh Hökumət tərəfindən hansı tədbirlərin görülməsi və həmin tədbirlərin sözügedən işə təsiri daxildir. Buraya eyni zamanda faktların tərəflər arasında mübahisə doğurub-doğurmaması, və mübahisə doğurduğu təqdirdə nə dərəcədə mübahisə doğurması, və tərəflərin faktlarla bağlı təqdimatlarına hansı prima facie dəyər əlavə olunacağı da daxil ola bilər. Aidiyyatı olan digər amillərə eyni zamanda cavabdeh Hökumət tərəfindən verilən birtərəfli bəyanatın çərçivəsində Konvensiyanın iddia edilən pozuntularını qəbul edib-etməməsi və qəbul etdiyi təqdirdə, qəbul edilən pozuntuların həcmi və həmin pozuntuların əvəzində Hökumətin ərizəçiyə hansı tədbirləri təklif etdiyi də daxildir. Son qeyd olunan məsələylə bağlı, iddia edilən pozuntunun təsirini aradan qaldırmağın mümkün olduğu hallarda və Hökumət bunu etməyə hazır olduğunu bildirdikdə, pozuntunun əvəzində görülməsi nəzərdə tutulan tədbir ərizənin Məhkəmənin siyahısından çıxarılması üçün əsas kimi götürülə bilər. Məhkəmə, hər zaman olduğu kimi, Konvensiyanın 37 § 2 Maddəsinə və Məhkəmə reqlamentinin 44 § 5 qaydasına əsasən işi öz siyahısında bərpa etmək hüququnu özündə saxlayır (bax Tahsin Acar, yuxarıda sitat gətirilib, § 76).
196. Yuxarıda qeyd olunan amillər aidiyyatı olan amillərin tam siyahısını təşkil etmək məqsədinə xidmət etmir. Hər bir işin xüsusi faktlarından asılı olaraq ehtimal edilə bilər ki, Konvensiyanın 37 § 1 Maddəsinə əsasən birtərəfli bəyanat qiymətləndirilərkən yeni məsələlər meydana çıxa bilər (bax Tahsin Acar, yuxarıda sitat gətirilib, § 77).
197. Nəhayət, Məhkəmə təkrar edir ki, onun tərəfindən qəbul edilən qərarların məqsədi yalnız ona edilən şikayətlər əsasında konkret işlərlə bağlı qərar qəbul etmək deyil, daha ümumi olaraq, Konvensiya tərəfindən təsbit edilmiş qaydaların izahını, təminatını və inkişafını təmin etməkdən, bununla da Müqaviləyə Qoşulan Dövlətlərin öz üzərlərinə götürdüyü öhdəliklərə əməl etməsinə töhfə verməkdən ibarətdir (bax İrlandiya Birləşmiş Krallığa qarşı ( Ireland v. the United Kingdom, 18 yanvar 1978-ci il, § 154, A Seriyası no. 25; Guzzardi İtaliyaya qarşı (Guzzardi v. Italy, 6 noyabr 1980-cı il, § 86, A Seriyası no. 39; və Karner Avstriyaya qarşı (Karner v. Austria, no. 40016/98, § 26, ECHR 2003‑IX). Konvensiya sisteminin əsas məqsədi fərdi şəkildə kömək göstərməkdən ibarət olsa da, onun missiyası eyni zamanda ümumi maraq kəsb edən və ictimai-siyasi əhəmiyyətə malik olan məsələləri müəyyən etməkdən və bununla da insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartları qaldırmaqdan və insan hüquqları ilə bağlı yurispridensiyanın Konvensiya Dövlətlərində geniş surətdə yayılmasını təmin etməkdən ibarətdir (bax Karner, yuxarıda sitat gətirilib, § 26; və Kapital Bank Bolqarıstana qarşı (and Capital Bank AD v. Bulgaria, no. 49429/99, §§ 78 - 79, ECHR 2005‑XII (çıxarışlar)).
2. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
198. Hazırkı ərizənin Kipr Respublikasına qarşı olan hissəsinin Kipr tərəfindən verilmiş birtərəfli bəyanata əsasən Məhkəmənin siyahısından çıxarılmasının uyğun olub-olmayacağını müəyyən edərkən Məhkəmə aşağıdakı müşahidələri etmişdir.
199. Birincisi, Məhkəmə hazırkı işdə insan alveri ilə irəli sürülən və Konvensiyanın 2, 3, 4 və 5-ci Maddələrinin pozuntusu ilə bağlı məsələni meydana gətirən ağır iddiaları vurğulayır. Bu nöqteyi-nəzərdən Məhkəmə qeyd etmişdir ki, insan alveri problemi ilə bağlı məlumatlılıq və ona qarşı mübarizə aparmaq zərurəti son illər ərzində olduqca artmışdır; buna misal olaraq beynəlxalq səviyyədə tədbirlərin qəbul edilməsi və Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətində müvafiq daxili qanunvericilik aktlarının qəbul edilməsini göstərmək olar (bax həmçinin aşağıda 264 və 269-cu bəndlər). Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının hesabatları və Kipr Ombudsmanının hesabatı bu problemin Kiprdə kəskin şəkildə mövcud olduğunu göstərmişdir; qeyd etmək lazımdır ki, həmin ölkədə kabare artistlərinin insan alveri və cinsi istismara məruz qalması məsələsi xüsusi narahatlıq doğurur (bax yuxarıda 82, 88, 90, 93, 100 - 101 və 103-cü bəndlər).
200. İkincisi, Məhkəmə diqqəti Konvensiyanın 4-cü Maddəsinin insan alveri kontekstində tətbiq edilməsi ilə bağlı presedent hüququnun çox az olduğuna çəkir. Xüsusilə əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, Məhkəmə hələ də müəyyən etməlidir ki, 4-cü Maddə üzv Dövlətlərdən insan alverinin potensial qurbanlarını cinayət işi üzrə istintaq və cinayət təqibindən kənarda müdafiə etmək üçün pozitiv addımlar atmağı tələb edirmi və edirsə, nə dərəcədə edir.
201. Kipr Hökuməti qəbul etmişdir ki, x-m Rantsevanın ölümünə qədərki müddətdə və ölümündən sonra Konvensiyanın müddəalarının pozulması baş vermişdir. Onlar x-m Rantsevanın ölümü ilə bağlı əlavə araşdırma aparmaq məqsədilə əlavə addımlar atmış və əvəzin ədalətli ödənilməsi qismində kompensasiya təklif etmişlər. Lakin, Məhkəmənin Konvensiyada təsbit edilmiş qaydaları izah, təmin və inkişaf etdirmək ilə bağlı vəzifəsini nəzərə alaraq, ərizənin araşdırılmasının davam etdirilməsinin artıq əsaslı olmadığı qənaətinə gəlmək üçün Məhkəməyə şərait yaratmaq yetərli deyildir. Yuxarıda göstərilən müşahidələr əsasında qeyd edilir ki, insan alveri ilə bağlı məsələlərin araşdırmasının davam etdirilməsinə ehtiyac vardır.
202. Nəticədə, Məhkəmə müəyyən edir ki, Konvensiyada nəzərdə tutulmuş insan hüquqlarına hörmət işə baxılmasının davam etdirilməsini tələb edir. Müvafiq olaraq, Məhkəmə Kipr Hökumətinin ərizəni Konvensiyanın 37 § 1 maddəsinə əsasən siyahıdan çıxarmaqla bağlı müraciətini rədd edir.
II.KONVENSİYANIN 2, 3, 4 VƏ 5-Cİ MADDƏLƏRİNƏ UYĞUN OLARAQ VERİLƏN ŞİKAYƏTLƏRİN QƏBULEDİLƏNLİYİ
A. Rusiya Hökumətinin etirazı ratione loci
1. Tərəflərin təqdimatları
203. Rusiya Hökuməti iddia etmişdir ki, ərizənin əsasını təşkil edən hadisələr onun ərazisindən kənarda baş verdiyindən, ərizənin Rusiya Federasiyasına qarşı olan hissəsi ratione loci qəbuledilməz hesab edilməlidir. Onlar bildirmişlər ki, onlar Kipr Respublikasının ərazisi üzərində həqiqi səlahiyyətə malik olmayıblar və Rusiya Federasiyasının hərəkətləri Kipr Respublikasının suverenliyi ilə məhdudlaşıb.
204. Ərizəçi bu təqdimatı rədd etmişdir. O iddia etmişdir ki, Məhkəmənin Drozd və Yanuşek Fransa və İspanyaya qarşı işində (Drozd and Janousek v. France and Spain, 26 iyun 1992, A Seriyası no. 240) Məhkəmənin qəbul etdiyi qərara əsasən Rusiya Federasiyası onun qurumları tərəfindən həyata keçirilən aktlar və yol verilən yanlışlar nəticəsində onun ərazisindən kənarda baş vermiş hərəkətlərə görə məsuliyyət daşıya bilməz.
2. Məhkəmənin qiymətləndirməsi
205. Konvensiyanın 1-ci Maddəsində nəzərdə tutulub:
“Yüksək müqavilə Tərəfləri öz yurisdiksiyalarında olan hər kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlarını təmin etməlidir.”
206. Məhkəmənin daha əvvəl də qeyd etdiyi kimi beynəlxalq ümumi (public) hüquq nöqteyi-nəzərindən Dövlətin yurisdiksiya səlahiyyəti əsasən ərazi xarakteri daşıyır. Buna müvafiq olaraq, Dövlətin xaricdə olan vətəndaşları üzərində yurisdiksiya səlahiyyətini həyata keçirməsi digər dövlətin ərazi səlahiyyətinə tabedir və Dövlət ümumilikdə digər Dövlətin ərazisində, onun razılığı və ya dəvəti olmadan, öz səlahiyyətini həyata keçirə bilməz. Konvensiyanın 1-ci maddəsi nəzərdən keçirilərkən məhz ərazi nöqteyi-nəzərindən zəruri olan bu yurisdiksiyanı əks etdirməlidir (bax Bankoviç və digərləri Belçika və 16 Digər Müqavilə Tərəfi Dövlətə qarşı (Banković and Others v. Belgium and 16 Other Contracting States (dec.) [GC], no. 52207/99, §§ 59-61, ECHR 2001‑XII).
207. Hazırki işdə ərizəçinin Rusiyaya qarşı şikayətləri sonuncunun x-m Rantsevanı insan alverinə və istismara məruz qalma riskindən qorumaq, eləcə də onun Kiprə gəlməsi, orada işləməsi və daha sonra ölümü ilə bağlı araşdırmanın aparılması üçün lazımı tədbirləri görməməsi ilə bağlı idi. Məhkəmə müşahidə edir ki, belə şikayətlər belə bir əminlik üzərində qurulmayıb ki, Rusiya Kiprdə və ya Kipr dövlət qurumları tərəfindən törədilmiş əməllərə görə məsuliyyət daşıyır. Belə bir faktı nəzərə alaraq ki, iddia edilən insan alveri Rusiyada başlamışdı və Rusiyanın insan alverinə qarşı mübarizə aparmaq öhdəliyini göz önündə tutaraq qeyd etmək lazımdır ki, Rusiyanın öz yurisdiksiyası və x-m Rantsevanı insan alveri qurbanı olmaqdan müdafiə etmək səlahiyyəti daxilində görməli olduğu tədbirlərlə və onun insan alveri qurbanı olması ehtimalı ilə bağlı hər hansı öhdəliyə əməl edib-etmədiyini araşdırmaq Məhkəmənin səlahiyyətindən kənarda deyildir. Buna bənzər olaraq, ərizənin 2-ci Maddəyə əsasən olan hissəsi Rusiya hakimiyyətinə qarşı Rusiyada yaşayan şahidlərdən ifadələrin alınması da daxil olmaqla, istintaq hərəkətlərinin aparılmamasına aid idi. Məhkəmə ərizəçinin 2-ci Maddəyə əsasən şikayətini mahiyyəti üzrə araşdırdığı zaman Rusiya dövlət orqanlarının üzərində olan prosedur öhdəliklərinin miqyasını və hazırkı işdə belə öhdəliklərdən hər hansı birinin yerinə yetirilib-yetirilmədiyini qiymətləndirməlidir.
208. Nəticədə, Məhkəmənin səlahiyyəti vardır ki, Rusiyanın öz ərazi suverenliyi hüdudları çərçivəsində ərizəçinin qızını insan alverindən qorumaq, iddia edilən insan alverinin istintaqını aparmaq və onun ölümünə səbəb olan halların araşdırılması üçün hansı miqyasda addımlar atdığını yoxlasın. Şikayət edilən məsələlərin hazırkı işdə Dövlətin məsuliyyəti məsələsini qaldırıb-qaldırmaması aşağıda verilmiş işin hallarının araşdırılması nəticəsində Məhkəmə tərəfindən müəyyən edilməlidir.
B. Rusiya Hökumətinin etirazı ratione materiae
1. Tərəflərin təqdimatları
209. Rusiya Hökuməti etiraz edərək bildirmişdir ki, Konvensiyanın 4-cü Maddəsinə əsasən şikayət ratione materiae qəbuledilməz olmalıdır, belə ki, bu işdə köləlik, qul vəziyyətinə salma, icbari və ya məcburi əmək mövcud olmamışdır. Onlar belə bir fakta istinad etmişlər ki, x-m Rantseva Kipr Respublikasına könüllü olaraq, könüllü surətdə iş icazəsi aldıqdan sonra bağladığı əmək müqaviləsinə əsasən işləmək məqsədilə daxil olmuşdur. X-m Rantsevanın kölə vəziyyətində olduğuna və ya öz vəziyyətini dəyişmək iqtidarında olmadığına və ya icbari əməklə məşğul olmağa vadar edildiyinə dair heç bir sübut olmamışdır. Rusiya Hökuməti daha sonra qeyd etmişdir ki, x-m Rantseva digər kabare artistləri ilə birgə yaşadığı mənzili heç bir maneə olmadan tərk etmişdir. Buna görə də onlar kabare artistlərinin mənzildə onların iradəsinə qarşı tutulduğunu mübahisələndiriblər. Rusiya Hökuməti əlavə etmişdir ki, x-m Rantsevanın polis məntəqəsini M.A. ilə birlikdə tərk etməsi faktı belə bir nəticəyə gəlməyə əsas verə bilməz ki, x-m Rantseva kölə vəziyyətində idi və ya icbari əməklə məşğul olurdu. Əgər o, öz həyatı və ya təhlükəsizliyi ilə bağlı narahatlıq keçirsəydi, polisdə olduğu zaman polis əməkdaşlarına bu barədə xəbər verərdi.
210. Ərizəçi təkid etmişdir ki, x-m Rantsevanın məruz qaldığı rəftar 4-cü Maddənin təsiri altına düşür.
2. Məhkəmənin qiymətləndirməsi
211. Məhkəmə aşkar edir ki, ərizəçinin şikayət etdiyi rəftarın 4-cü Maddənin əhatə dairəsinə düşüb-düşmədiyi bu işin mahiyyəti ilə sıx bağlı olan məsələdir. Buna görə də, Məhkəmə müəyyən edir ki, etiraz ratione materiae işin halları ilə birləşdirilməlidir.
C. Nəticə
212. 2, 3, 4 və 5-ci Maddələrə əsasən şikayətlər Konvensiyanın Rusiyaya münasibətdə müddəalarına ratione loci və ya ratione materiae uyğunsuz olaraq rədd edilə bilməz. Məhkəmə qeyd edir ki, bundan əlavə, həmin şikayətlər 35-ci maddənin 3-cü bəndinə əsasən də aşkar şəkildə əsassız deyildir. Daha sonra o, qeyd edir ki, onlar heç bir digər səbəbdən də qəbuledilməz deyildir. Buna görə də onlar qəbuledilən elan edilməlidir.
III. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
213. Ərizəçi iddia etmişdir ki, həm Rusiya, həm də Kipr dövlət qurumları tərəfindən Konvensiyanın 2-ci Maddəsinin pozuntusu baş vermişdir, belə ki, Kipr dövlət dairələri onun qızının həyatını müdafiə etmək üçün zəruri tədbirlər görməmiş və hər iki ölkənin dövlət orqanları onun ölümü ilə bağlı effektiv istintaq aparmamışlar. 2-ci Maddədə, digər məsələlərlə yanaşı (inter alia) qeyd olunur:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə məhkəmə tərəfindən çıxarılmış hökmün icrasından başqa hallarda həyatından məhrum edilə bilməz.
....”
A. Həyata qarşı riskə cavab olaraq tədbirlər görülmədiyinə dair iddialar
...
2. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
218. Aydındır ki, 2-ci Maddə Dövlətdən yalnız qeyri-qanuni və qəsdən həyatdan məhrum etməkdən çəkinməyi deyil, onun yurisdiksiyasında olan şəxslərin həyatını qorumaq üçün tədbirlər görməyi də tələb edir (bax L.C.B. Birləşmiş Krallığa qarşı ( L.C.B. v. the United Kingdom, 9 iyun 1998, § 36, Hesabatlar, 1998‑III; və Pol və Endryu Edvards (Paul and Audrey Edwards), yuxarıda sitat gətirilib, § 54). Hər şeydən əvvəl, bu öhdəlik Dövlətdən yaşamaq hüququnu təmin etmək üçün zəruri cinayət qanunvericiliyi müddəalarını qəbul etməyi, bununla da hüquq-mühafizə aparatı ilə müdafiə olunan şəxslərə qarşı törədilən cinayət əməllərinin qarşısının alınması və həmin müddəaların pozulmasının qarşısının alınması, aradan qaldırılması və həmin maddələri pozmağa görə cəzanın müəyyən edilməsi təmin edilmiş olsun. Lakin, müvafiq şəraitdə o, həmçinin dövlət orqanlarının pozitiv öhdəlik daşıdığını da nəzərdə tutur ki, onlar həyatı cinayət əməli və ya digər fərdi şəxs üzündən risk altında olan şəxsləri qorumaq üçün qabaqlayıcı əməliyyat tədbirləri görsünlər (bax Osman, yuxarıda sitat gətirilib, § 115; Medova Rusiyaya qarşı (Medova v. Russia, no. 25385/04, § 95, 15 January 2009); Opuz Türkiyəyə (Opuz v. Turkey), no. 33401/02, § 128, 9 iyun 2009).
219. Məhkəmə təkrar edir ki, istənilən pozitiv öhdəliyin əhatə dairəsi elə izah edilməlidir ki, o, müasir cəmiyyətlərdə polis fəaliyyətinin üzləşdiyi çətinliklər, insan davranışının əvvəlcədən proqnozlaşdırıla bilməyən təbiəti və prioritetlər və resurslar nöqteyi-nəzərindən edilməli olan əməliyyat seçimlərini nəzərə alaraq dövlət qurumları üzərinə qeyri-mümkün və ya qeyri-proporsional yük qoymasın. Həyat üçün mövcud olan heç də hər risk dövlət qurumlarının Konvensiyaya uyğun olaraq həmin riskin həyata keçirilməsinin qarşısını almaq məqsədilə əməliyyat tədbirləri görməsini zəruri etmir. Məhkəmənin həyatın müdafiəsi ilə bağlı pozitiv öhdəliyin pozulduğunu aşkar etməsi üçün müəyyən edilməlidir ki, hakimiyyət orqanları müəyyən şəxsin həyatı üçün cinayət əməli və ya üçüncü şəxs tərəfindən real və birbaşa risk olduğunu bilirdi və ya bilməli idi və onlar öz səlahiyyətləri çərçivəsində görməli olduqları və düzgün mühakimə edildikdə, həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər (Osman, yuxarıda sitat gətirilib, § 116; Paul and Audrey Edwards, yuxarıda sitat gətirilib, § 55; və Medova, yuxarıda sitat gətirilib, § 96).
b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
220. Məhkəmə təhlil etməlidir ki, Kipr dövlət orqanları x-m Rantsevanı sərbəst buraxarkən onu M.A.-ya havalə etməklə onun həyatının real və birbaşa risk altında olub-olmadığı əvvəlcədən görə bilərdilər ya yox.
221. Məhkəmə müşahidə edir ki, Opuz işində Dövlətin məsuliyyəti var idi, ona görə ki, daha sonra ərizəçinin anasını güllələyərək öldürən şəxs əvvəllər ərizəçini və onun anasını ölümlə hədələmiş və onlara qarşı zorakılıq aktları törətmişdi və bu, dövlət orqanlarına məlum idi (Opuz, yuxarıda sitat gətirilib, §§ 133 to 136). Bunun əksinə olaraq, Osman işində Məhkəmə müəyyən etmişdir ki, 2-ci Maddənin pozuntusu baş verməmişdir, belə ki, ərizəçi onun ərinin güllələnməsinə aparan hadisələr axarının hər hansı mərhələsində polisin Osman ailəsinin real və birbaşa risk altında olduğundan xəbərdar olduğunu və ya xəbərdar olmalı olduğunu göstərməmişdir (Osman, yuxarıda sitat gətirilib, § 121).
222. İnsan alveri və istismar qurbanlarının əksər hallarda ağır və qəddar şəraitdə yaşayıb işləməyə məcbur edildiyi və işəgötürənləri tərəfindən zorakılıq və pis-rəftara məruz qaldıqları mübahisədən kənar olsa da (bax yuxarıda 84, 86 to 87 və 101-ci bəndlər), xüsusi halda hansısa xüsusi göstəricilər olmadıqda, pis rəftar və zorakılıqla bağlı ümumi risk həyat üçün real və birbaşa risk sayıla bilməz. Hazırkı işdə hətta polisin x-m Rantsevanın insan alveri qurbanı olduğunu bilməli olduğu düşünülsə belə (ərizəçinin 4-cü Maddənin pozulmasına dair şikayəti kontekstində baxılmalı olan məsələ, aşağıda), x-m Rantsevanın polis bölməsində olduğu müddət ərzində onun real və birbaşa risk altında olduğuna dəlalət edən heç bir əlamət yox idi. Məhkəmənin fikrincə x-m Rantsevanın ölümünə aparan hadisələr zəncirini x-m Rantsevanı M.A.-nın himayəsinə sərbəst buraxan polis əməkdaşları əvvəlcədən görə bilməzdilər. Buna görə də, Məhkəmə belə nəticəyə gəlir ki, bu işdə həyat üçün riskin qarşısını almaq məqsədilə əməliyyat tədbirləri görməklə bağlı öhdəlik məsələsi mövcud deyil.
223. Yuxarıda göstərilən səbəblərdən, Məhkəmə belə nəticəyə gəlir ki, Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 2-ci Maddəsinə uyğun olaraq x-m Rantsevanın yaşamaq hüququnu qorumaq üçün pozitiv öhdəlik tələblərinin pozulması baş verməyib.
B. Effektiv araşdırma aparılması ilə bağlı prosedur öhdəlikləri
...
2. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
232. Məhkəmənin dəfələrlə və ardıcıl şəkildə müəyyən etdiyi kimi Konvensiyanın 2-ci Maddəsinə uyğun olaraq yaşamaq hüququnun müdafiəsi Dövlətin Konvensiyanın 1-ci Maddəsinə uyğun olaraq “öz yurisdiksiyasında olan hər kəsin Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarını qoruması” ilə bağlı ümumi vəzifəsi ilə birlikdə götürüldükdə tələb edir ki, fərdlər güc tətbiq etmə nəticəsində həyatlarını itirdikdə həyata keçirilməli olan müəyyən formada rəsmi araşdırma mövcud olsun (bax Mkkan və başqaları Birləşmiş Krallığa qarşı (McCann and Others v. the United Kingdom, 27 sentyabr 1995, § 161, A Seriyası no. 324); Kaya Türkiyəyə qarşı (Kaya v. Turkey), 19 fevral 1998, § 86, Hesabatlar 1998-I; Medova Rusiyaya qarşı (Medova v. Russia, yuxarıda sitat gətirilib, § 103). Effektiv rəsmi araşdırma aparma öhdəliyi ölüm Dövlət məmurlarına aid edilən şübhəli şəraitdə baş verdikdə də meydana gəlir (bax Menson Birləşmiş Krallığa qarşı (Menson v. the United Kingdom (dec.), no. 47916/99, ECHR 2003‑V). Belə araşdırmanın mühüm məqsədi yaşamaq hüququnu müdafiə edən ölkədaxili qanunvericiliyin effektiv şəkildə tətbiq edilməsini və dövlət məmurları və ya qurumlarının iştirakı təsbit edildikdə, onların məsuliyyəti altında baş verən ölüm hadisəsinə görə onların hesabatlılığını təmin etməkdən ibarətdir. Dövlət qurumları məsələ onların diqqətinə çatdıqda öz təşəbbüsləri ilə hərəkət etməlidirlər. Onlar məsələni ya formal şikayət etmək, ya da hər hansı istintaq prosedurlarının keçirilməsi üzrə məsuliyyəti öz üzərlərinə götürməklə bağlı təşəbbüsü qohumların ixtiyarına buraxa bilməzlər (bax, misal üçün, İlhan Türkiyəyə qarşı (İlhan v. Turkey [GC], no. 22277/93, § 63, ECHR 2000-VII; Paul and Audrey Edwards, yuxarıda sitat gətirilib, § 69).
233. Araşdırmanın səmərəli olması üçün onun həyata keçirilməsi üzrə məsuliyyət daşıyan şəxslər hadisələrdə iştirakı ehtimal edilənlərdən müstəqil olmalıdırlar. Bunun üçün yalnız rütbə üzrə (iyerarxiya) və ya institusional müstəqillik deyil, praktiki müstəqillik də tələb olunur (bax Haq Cordan Birləşmiş Krallığa qarşı (Hugh Jordan v. the United Kingdom, no. 24746/94, § 120, ECHR 2001‑III (çıxarışlar); və Kelli və Başqaları Birləşmiş Krallığa qarşı (Kelly and Others v. the United Kingdom, no. 30054/96, § 114, 4 may 2001-ci il). Araşdırma məsuliyyət daşıyan şəxsləri müəyyən etmək və cəzalandırmaq iqtidarında olmalıdır (bax Paul and Audrey Edwards, yuxarıda sitat gətirilib, § 71). Araşdırmanın cəld bir şəkildə təyin edilib həyata keçirilməsi və ağlabatan olması Konvensiyanın 2-ci Maddəsində göstərilən effektiv araşdırma kontekstindən irəli gəlir (bax Yaşa Türkiyəyə qarşı (Yaşa v. Turkey, 2 sentyabr 1998-ci il, §§ 102-104, Hesabatlar 1998-VI; Çakıcı Türkiyəyə qarşı (Çakıcı v. Turkey [GC], no. 23657/94, §§ 80-87 və 106, ECHR 1999-IV; və Kelli və Başqaları (Kelly and Others), yuxarıda sitat gətirilib, § 97). Bütün hallarda, qurbanın qohumu prosedura onun qanuni maraqlarını təmin etmək üçün zəruri olan dərəcədə cəlb olunmalıdır (bax, misal üçün, Güleç Türkiyəyə qarşı (Güleç v. Turkey, 27 iyul 1998, § 82, Qərarlar üzrə hesabatlar 1998‑IV; və Kelly and Others, yuxarıda sitat gətirilib, § 98).
b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
i. Kipr
234. Məhkəmə başlanğıcdan bəri qəbul edir ki, x-m Rantsevanın güc tətbiqi nəticəsində öldüyünə dair heç bir sübut yoxdur. Lakin, yuxarıda qeyd edildiyi kimi (bax yuxarıda 232-ci bənd), bu onun ölümünün 2-ci maddəyə uyğun olaraq araşdırılması ilə bağlı öhdəliyi aradan qaldırmır (bax həmçinin Kalvelli və Çiqlio İtaliyaya qarşı (Calvelli and Ciglio v. Italy [GC], no. 32967/96, §§ 48 - 50, ECHR 2002‑I;və Öneryıldız Türkiyəyə qarşı (Öneryıldız v. Turkey [GC], no. 48939/99, §§ 70 - 74, ECHR 2004‑XII). X-m Rantsevanın ölümünün ətrafındakı müəmmalı və izahı olmayan şəraitdə və onun ölümünə qədərki müddətdə insan alveri, pis rəftar və qeyri-qanuni saxlama ilə bağlı iddiaları nəzərə alaraq Məhkəmə düşünür ki, Kipr dövlət orqanlarının x-m Rantsevanın ölümünün araşdırlımasını aparmaqla bağlı pozitiv prosedur öhdəliyi məsələsi meydana çıxır. Zəruri olduğuna görə sadəcə x-m Rantsevanın balkondan düşmə hadisəsinin deyil, onun Kiprə gəlməsi və burada qalması ilə bağlı geniş kontekstdə araşdırma aparmaq tələb olunurdu ki, insan alveri ilə bağlı iddialar və x-m Rantsevanın ölümü arasında əlaqə olub-olmadığı aydınlaşdırılsın.
235. Araşdırmanın adekvatlığına gəldikdə Məhkəmə qeyd edir ki, polis tez bir zamanda gəlmiş və dəqiqələr ərzində hadisə yerini nəzarət altına almışdır. Fotoşəkillər çəkilmiş və məhkəmə-tibb ekspertizası keçirilmişdir (bax yuxarıda 32-ci bənd). Elə həmin səhər polis x-m Rantsevanın ölümü baş verdiyi zaman mənzildə olanların və onun düşməsinin şahidi olan qonşunun ifadəsini almışdır (bax yuxarıda 33-cü bənd). Meyitin yarılması keçirilmiş və araşdırma aparılmışdır (bax yuxarıda 35 - 41-ci bəndlər). Lakin, araşdırmanın qənaətbəxş olmayan bir sıra elementləri vardır.
236. Birincisi, mənzildə olanlar tərəfindən verilən ifadələrdə uyğunsuzluq olmasına baxmayaraq, Kipr istintaq orqanları onları aydınlaşdırmaq üçün heç bir addım atmamışdılar (bax yuxarıda 22 - 24 və 26 - 28-ci bəndlər). Buna bənzər olaraq, x-m Rantsevanın fiziki vəziyyəti ilə bağlı verilən ifadələrdə, xüsusilə onun nə dərəcədə sərxoş olması və bunun onun davranışına necə təsir etdiyinə dair ifadələrdə də uyğunsuzluqlar var idi (bax yuxarıda 18, 20, 21 və 24-cü bəndlər). Digər aşkar anormallıqlar, məsələn, Kipr və Rusiya orqanları tərəfindən hazırlanan məhkəmə-tibb ekspertizası rəyləri arasında iddia edilən uyğunsuzluqlar və x-m Rantsevanın balkondan yıxılarkən heç bir səs çıxarmaması və bunun heç bir qənaətbəxş izahatının olmaması göstərilə bilər (bax yuxarıda 29, 50 - 52 və 66-ci bəndlər).
237. İkincisi, araşdırma nəticəsində çıxarılan hökmdə x-m Rantsevanın “qonaq” olduğu evdən qaçmağa cəhd göstərərkən “qəribə şəraitdə” öldüyü qeyd edilib (bax yuxarıda 41-ci bənd). Onun ölümünü əhatə edən şəraitin qaranlıq qalmasına baxmayaraq Kipr polisi tərəfindən x-m Rantseva ilə birlikdə yaşayan və ya kabaredə işləyənləri dindirmək üçün heç bir cəhd göstərilməyib. Bundan əlavə, araşdırma nəticəsində x-m Rantsevanın mənzildən qaçmağa cəhd göstərməsi ilə bağlı qeyri-adi nəticəyə gəlinməsinə baxmayaraq onun mənzildən hansı səbəb üzündən qaçmaq istədiyini və ya mənzildə öz iradəsinə zidd olaraq saxlandığını aydınlaşdırmaq üçün heç bir cəhd göstərilməyib.
238. Üçüncüsü, növbədə olan iki polis əməkdaşı və pasport masası əməkdaşının 28 və 29 mart 2001-ci il tarixdə verdikləri ilkin ifadələrindən başqa polis bölməsində baş verənlərlə, xüsusilə polisin x-m Rantsevanı niyə görə M.A.-ya təslim etdiyi ilə bağlı heç bir araşdırma aparılmamışdı . Şahid ifadələrindən aydın olur ki, AİS M.A.-nın x-m Rantsevaya görə məsuliyyət daşıdığını düşünürdü, lakin belə bir nəticənin səbəbləri və münasib olub-olmaması heç vaxt araşdırılmamışdı. Daha sonra, polis əməkdaşlarının ifadələrində x-m Rantsevadan götürülən hər hansı ifadəyə heç bir istinad edilmir və istintaq materiallarında onun ifadəsinin niyə görə alınmadığına dair heç bir izahat yoxdur; ifadə M.A.-dan alınmışdı (bax yuxarıda 19-cu bənd). Məhkəmə xatırladır ki, Avropa Şurası Komissarı 2008-ci ildə hazırladığı hesabatda bildirmişdi ki, onu əmin ediblər ki, polis sıralarında insan alveri ilə bağlı korrupsiya halları olduqca nadirdir (bax yuxarıda 102-ci bənd). Lakin, hazırkı işin faktlarının fonunda Məhkəmə hesab edir ki, dövlət qurumlarının x-m Rantsevanın ölümünə gətirib çıxaran hadisələrlə əlaqədar polis əməkdaşları arasında insan alveri ilə bağlı korrupsiya olduğuna dair hər hansı bir əlamət olub-olmadığını araşdırmaq öhdəliyi var idi.
239. Dördüncüsü, ərizəçinin Kipr dövlət orqanlarına aydın şəkildə müraciət etməsinə baxmayaraq şəxsən ona məhkəmə araşdırmasının tarixi barədə məlumat verilməmiş və bunun da nəticəsində o, məhkəmə qərarı qəbul edilən zaman orada şəxsən iştirak edə bilməmişdir. Kipr Hökuməti ərizəçinin, ona məhkəmənin qərarı ilə bağlı həmin məhkəmə prosesi keçirildikdən yalnız 15 aydan sonra məlumat verildiyi ilə bağlı iddiasını mübahisələndirmir. Buna müvafiq olaraq, ərizəçinin təkidlə prosesdə iştirak etmək istədiyini bildirməsinə baxmayaraq, Kipr dövlət qurumları onun məhkəmə proseslərində effektiv iştirakını təmin edə bilməmişlər.
240. Beşincisi, ərizəçinin Rusiya dövlət orqanları tərəfindən istintaq aparılmasına dair davamlı müraciətlərinin Kipr dövlət qurumları tərəfindən nəzərə alınmadığı məlum olur. Xüsusilə, onun Kipr qanunvericiliyinə müvafiq olaraq işin yenidən açılmasına dair məlumat əldə etməklə bağlı müraciətləri və Kipr dövlətindən pulsuz hüquqi yardım almaq barədə müraciətləri qulaq ardına vurulmuşdur. Kipr Hökumətinin Məhkəməyə təqdim etdiyi yazılı müşahidələrdə ifadə olunmuş cavabı ondan ibarət olmuşdur ki, hüquqi yardım haqqında müraciət yanlış instrument əsasında verilmişdi; bu cavab qənaətbəxş deyildir. Ərizəçinin dəfələrlə təkrarlanan müraciətlərini və sözügedən işin ağırlığını nəzərə alaraq Kipr Hökuməti ən azından ərizəçiyə pulsuz hüquqi yardım almaq üçün müraciət etmə proseduru barəsində məlumat verməli idi.
241. Nəhayət, ölüm hadisəsinin istintaqının effektiv olması üçün üzv Dövlətlər, istintaqı aparan Dövlətin ərazisində yerləşib-yerləşməməsindən asılı olmayaraq müvafiq sübutların qorunması və təmin edilməsi üçün zəruri olan tədbirlər görməlidirlər. Məhkəmə müşahidə edir ki, həm Rusiya, həm də Kipr Qarşılıqlı Yardım haqqında Konvensiyanın üzvüdürlər və bundan əlavə, iki tərəfli Hüquqi Yardım Sazişinə də imza atıblar (bax yuxarıda 175 – 180-ci bəndlər). Bu sənədlər əsasında aydın şəkildə müəyyən edilmiş prosedurlara əsasən Kipr hakimiyyəti Rusiyadan x-m Rantsevanın Kiprdə qalması və onun daha sonrakı ölümü ilə bağlı halların istintaqını aparmaq üçün yardım istəyə bilərdi. Rusiya Federasiyası Baş Prokurorluğu könüllü surətdə bildirmişdir ki, Rusiya yeni sübutların toplanması ilə bağlı Kipr tərəfinə istənilən yardımı göstərə bilərdi (bax yuxarıda 70-ci bənd). Lakin, Kipr dövlət orqanlarının apardıqları istintaq çərçivəsində Rusiyaya hər hansı hüquqi yardım üçün müraciət etdiyinə dair heç bir sübut yoxdur. Belə olan şəraitdə, Məhkəmə Kipr dövlət orqanları tərəfindən Rusiyaya x-m Rantseva ilə eyni kabaredə işləyən iki qadının ifadəsini almaqla bağlı müraciət etməkdən imtina edilməsini xüsusilə uğursuz addım sayır, çünki həmin ifadələrin alınması istintaqın maraqları nöqteyi-nəzərindən mərkəzi rol oynayan faktlara aydınlıq gətirə bilərdi. X-m Rantsevanın 2001-ci ildə öldüyünə baxmayaraq, ərizəçi hələ də onun ölümü ilə bağlı faktların məqbul şəkildə açıqlanmasını gözləyir.
242. Buna müvafiq olaraq Məhkəmə müəyyən edir ki, Kipr hakimiyyət orqanları tərəfindən x-m Rantsevanın ölümünün effektiv istintaqının aparılması ilə bağlı Konvensiyanın 2-ci Maddəsinin prosedur pozuntusu baş vermişdir.
ii. Rusiya
243. Məhkəmə x-m Rantsevanın ölümünün Kiprdə baş verdiyini xatırladır. Buna uyğun olaraq, ümumi yanaşmadan kənarlaşmağın zəruri olduğuna dair xüsusiyyətlər olduğu göstərilmədiyi təqdirdə, effektiv araşdırma aparma öhdəliyi yalnız Kiprin üzərinə düşür (bax, mutatis mutandis, Əl-Ədsani Birləşmiş Krallığa qarşı (Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 38, ECHR 2001‑XI).
244. Özünəməxsus xüsusiyyətlərin olmasına gəlincə, ərizəçi belə bir fakta istinad edir ki, x-m Rantseva Rusiya vətəndaşı idi. Lakin, Məhkəmə hesab etmir ki, 2-ci Maddə üzv Dövlətlərdən onların vətəndaşlarından birinin ölümü ilə bağlı universal qüvvəyə malik olan cinayət qanunvericiliyi müddəaları qəbul etməyi tələb edir. Bundan başqa heç bir digər özünəməxsus xüsusiyyət yoxdur ki, ona istinad edərək Rusiyanın üzərinə özünün ayrıca istintaqını aparmaq öhdəliyi qoyulsun. Buna müvafiq olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, Rusiya rəsmi dairələrinin üzərində Konvensiyanın 2-ci Maddəsinə uyğun olaraq x-m Rantsevanın ölümü ilə bağlı ayrıca istintaq aparmağa dair heç bir öhdəlik yox idi.
245. Lakin, istintaqı aparan Dövlət üzərində olan öhdəlik məntiqi olaraq onun yurisdiksiyasından kənarda olan sübut və ya ifadələri əldə etmək üçün öz səlahiyyəti çərçivəsində zəruri yardım göstərməyi və hüquqi yardım göstərilməsi üçün zəruri olan vasitələri təmin etməyi tələb edirdi. Hazırkı işdə yuxarıda qeyd olunduğu kimi, Rusiya Federasiyasının Baş Prokuroru iki rus qadının ifadəsinin alınması ilə bağlı Rusiya dövlət dairələrinə göndərilmiş istənilən hüquqi yardım müraciətinə cavab olaraq tədbir görməyə hazır olduğunu bildirmişdi, lakin belə müraciət göndərilməmişdi (bax yuxarıda 241-ci bənd). Ərizəçi iddia etmişdir ki, Rusiya dövlət qurumları Kipr tərəfinin müraciəti olmadan iki rus qadının ifadəsini almalı idilər. Lakin, Məhkəmə xatırladır ki, x-m Rantsevanın ölümü ilə bağlı istintaq aparmaq öhdəliyi və məsuliyyəti Kiprin üzərində idi. Hüquqi yardımla bağlı müraciət edilmədiyi təqdirdə Rusiya dövlət orqanları 2-ci maddənin tələbinə uyğun olaraq özləri ifadəni almaq öhdəliyi daşımırdılar.
246. Ərizəçinin Rusiya dövlət orqanlarının cinayət işi başlamaqla bağlı müraciət etmədiyinə dair şikayətinə gəldikdə, Məhkəmə müşahidə edir ki, Rusiya hakimiyyəti qarşılıqlı hüquqi yardım sazişlərinin yaratdığı imkanlardan geniş şəkildə istifadə edərək Kipr hakimiyyətinin tədbir göstərməsi üçün təzyiq göstərməyə çalışıb (bax, misal üçün, yuxarıda 48, 52, 55, 57 və 60, 61-ci bəndlər). Xüsusilə, 11 dekabr 2001-ci il tarixli məktubla onlar x-m Rantsevanın ölümü ilə bağlı yeni istintaq aparılmasını, əlaqədar şahidlərin dindirilməsini və Kipr orqanlarının x-m Rantsevanın ölümü ilə bağlı adam öldürmək, adam oğurluğu və qeyri-qanuni azadlıqdan məhrum etmə ilə bağlı ittihamlar irəli sürməsini xahiş ediblər (bax yuxarıda 52-ci bənd). 27 dekabr 2001-ci il tarixli məktubla cinayət işi açılmasına dair xüsusi müraciət edilib (bax yuxarıda 53-cü bənd). Bu müraciət dəfələrlə təkrarlanıb.
247. Nəticədə, Məhkəmə müəyyən edir ki, Rusiya Federasiyası tərəfindən 2-ci maddənin prosedur pozuntusu baş verməyib.
IV. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
248. Ərizəçi Kipr dövlət qurumları tərəfindən x-m Rantsevanı pis rəftardan qorumaq və ölümündən əvvəlki müddət ərzində x-m Rantsevanın qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığını araşdırmaq məqsədilə tədbir görməməklə Konvensiyanın 3-cü Maddəsinin pozuntusuna yol verildiyini iddia etmişdir. 3-cü Maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
...
B. Məhkəmənin qiymətləndirməsi
252. Məhkəmə qeyd edir ki, x-m Rantsevanın ölümündən əvvəl pis rəftara məruz qalmasına dair heç bir dəlil yoxdur. Lakin, aydındır ki, zorakılıq tətbiq edilməsi və qurbanlara qarşı pis rəftar göstərilməsi insan alverinin səciyyəvi xüsusiyyətləridir (bax yuxarıda 84, 86 - 87 və 101-ci bəndlər). Buna görə də Məhkəmə hesab edir ki, pis rəftarla bağlı xüsusi iddiaların olmadığı təqdirdə, x-m Rantsevanın ölümündən əvvəl məruz qaldığı istənilən qeyri-insani və ya ləyaqəti alçaldan rəftar iddia edilən insan alveri ilə əlaqədardır. Buna müvafiq olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, ərizənin 3-cü Maddəyə əsasən şikayətini ayrıca araşdırmağa ehtiyac yoxdur və işə ərizəçinin Konvensiyanın 4-cü maddəsinə əsasən qaldırdığı şikayət əsasında nəzərdən keçirdiyi ümumi məsələlər kontekstində baxacaqdır.
V. KONVENSİYANIN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
253. Ərizəçi həm Rusiya, həm də Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü Maddəsinin pozulduğunu iddia etmişdir, belə ki, onlar onun qızını insan alverinə məruz qalmaqdan qoruya bilməmiş və onun Kiprə gəlməsinin və orada işlədiyi işin xarakterini aydınlaşdırmaq üçün effektiv araşdırma aparmamışlar. 4-cü Maddədə deyilir:
“1. . Heç kəs köləlikdə və ya qul vəziyyətində saxlanmamalıdır.
2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.
...”
A. Tərəflərin təqdimatları
...
B. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiyanın 4-cü Maddəsinin tətbiqi
272. Birinci sual hazırkı işin 4-cü Maddənin təsiri altına düşüb-düşməməsindən asılıdır. Məhkəmə xatırladır ki, 4-cü Maddə insan alverindən bəhs etmir və orada “köləlik”, “qul vəziyyəti” və “icbari və məcburi əmək” anlayışlarından istifadə edilmir”.
273. Məhkəmə indiyə qədər Konvensiyanın müddəalarını orada təsbit olunan hüquq və azadlıqların istinad edilməsi üçün yeganə çərçivə kimi nəzərdən keçirməyib (Dəmir və Baykara Türkiyəyə qarşı (Demir and Baykara v. Turkey [GC], no. 34503/97, § 67, 12 noyabr 2008-ci il). Məhkəmə bəyan etmişdir ki, Konvensiyanın müddəalarının tətbiq edilməsinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, o (Məhkəmə) onları vakuumda tətbiq etmir (bax Luazidou Türkiyəyə qarşı (Loizidou v. Turkey, 18 dekabr 1996, Qərarlar üzrə hesabatlar 1996-VI; və Öcalan Türkiyəyə qarşı (Öcalan v. Turkey [GC], no. 46221/99, § 163, ECHR 2005‑IV). Beynəlxalq saziş olaraq Konvensiya 23 may 1969-cu il tarixli Vyana Konvensiyasında təsbit edilən Sazişlər haqqında Qanunun müəyyən etdiyi qaydada interpretasiya edilməlidir.
274. Konvensiyaya uyğun olaraq Məhkəmədən sözlərə onların kontekstində və onların istifadə edildiyi müddəanın məqsədləri nöqteyi-nəzərindən verilən adi mənanı təsdiq etmək tələb olunur (bax Qolder Birləşmiş Kralliğa qarşı (Golder v. the United Kingdom, 21 February 1975, § 29, A Seriyası no. 18; Loizidou, yuxarıda sitat gətirilib, § 43; və Vyana Konvensiyasının 31 § 1 Maddəsi). Məhkəmə belə bir faktı nəzərə almalıdır ki, müddəanın istifadə edildiyi kontekst insan hüquqlarının effektiv mübarizəsi naminə qəbul edilmiş beynəlxalq sazişdir və Konvensiyanı bütövlükdə oxumaq (nəzərə almaq) və təfsir eləmək lazımdır ki, onun müxtəlif müddəaları və maddələri arasındakı daxili vəhdət və harmoniya təşviq edilmiş olsun (Stek və başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. the United Kingdom (dec.) [GC], nos. 65731/01 və 65900/01, § 48, ECHR 2005-X). Beynəlxalq hüququn Konvensiyaya tərəf olan Dövlətlər arasında mövcud olan əlaqələrə tətbiq edilən istənilən qayda və prinsipləri nəzərə alınmalı və Konvensiya mümkün olduğu qədər tərkib hissəsi olduğu beynəlxalq hüququn digər qaydaları ilə uyğunluq şəraitində interpretasiya edilməlidir (bax Əl-Ədsani Birləşmiş Krallığa qarşı (Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001‑XI; Demir and Baykara, yuxarıda sitat gətirilib, § 67; Saadi Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom [GC], no. 13229/03, § 62, ECHR 2008‑...; və Vyana Konvensiyasının 31-ci maddəsinin 3 (c) bəndi).
275. Nəhayət, Məhkəmə vurğulayır ki, ayrı-ayrı şəxslərin insan hüquqlarının müdafiəsi üzrə instrument olan Konvensiyanın məqsədi və hədəfi tələb edir ki, onun müddəaları elə qaydada interpretasiya və tətbiq edilsin ki, orada nəzərdə tutulmuş təminatlar mümkün qədər praktik və effektiv olsun (bax, digərləri ilə yanaşı (inter alia), Soering Birləşmiş Krallığa qarşı (Soering v. the United Kingdom, 7 iyul 1989, § 87, A Seriyası no. 161; və Artiko İtaliyaya qarşı (Artico v. Italy, 13 may 1980, § 33, A Seriyası no. 37).
276. Siliadin işində, 4-cü maddəyə uyğun olaraq “köləlik” ifadəsinin əhatə dairəsini nəzərdən keçirən Məhkəmə köləliyin 1926-cı il tarixli Köləlik haqqında Konvensiyada təsbit edilmiş klassik mənasına istinad edib; həmin mənaya uyğun olaraq həqiqi sahiblik hüquqlarının tətbiq edilməsi və şəxsin statusunun kiçildilərək “əşya” statusuna bərabər tutulmasını tələb edir (Siliadin, yuxarıda sitat gətirilib, § 122). “Qul vəziyyətinə salma” konseptinə gəldikdə isə Məhkəmə müəyyən etmişdir ki, burada qadağan edilən “azadlıqdan məhrum etmənin ən ağır forması”dır (bax Van Droqenbuk Belçikaya qarşı (Van Droogenbroeck v. Belgium, Komissiyanın 9 iyul 1980-ci il tarixli hesabatı, §§ 78-80, B Seriyası no. 44). “Qul vəziyyətinə salma” konsepti güc tətbiq etməklə digər şəxsə xidmət etmək öhdəliyini ehtiva edir və “köləlik” konsepti ilə əlaqəlidir (bax Seguin Fransaya qarşı (Seguin v. France (dec.), no. 42400/98, 7 mart 2000-ci il; və Siliadin,yuxarıda sitat gətirilib, § 124). “İcbari və ya məcburi əmək”lə bağlı məsələnin meydana gəlməsi üçün Məhkəmə müəyyən etmişdir ki, müəyyən fiziki və ya psixoloji məhdudlaşdırma yer almalı, eyni zamanda şəxsin iradəsinə müəyyən ziddiyyəti əks etdirməlidir (Van der Mussele Belçikaya qarşı (Van der Mussele v. Belgium, 23 noyabr 1983-cü il, § 34, A Seriyası no. 70; Siliadin, yuxarıda sitat gətirilib, § 117).
277. Konvensiyada insan alverinə açıq istinadın olmaması təəccüblü deyil. Konvensiya 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən bəyan edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ruhunu əks etdirərək yaradılmışdır ki, Bəyannamənin özündə belə insan alveri ilə bağlı heç bir müddəa yoxdur. 4-cü Maddəsində Bəyannamə “köləlik və kölə alverini bütün formalarda qadağan etmişdir”. Lakin, Konvensiyanın 4-cü Maddəsinin əhatə dairəsini qiymətləndirən zaman Konvensiyanın özünəməxsus spesifik xüsusiyyətləri və ya canlı mexanizm olduğu və bu günün tələblərinə uyğun olaraq interpretasiya edilməli olduğu unudulmamalıdır. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində getdikcə artmaqda olan standartlar demokratik cəmiyyətlərin dəyərləri ilə bağlı qanunpozmalarının qiymətləndirilməsi zamanı daha qəti və barışmaz mövqe nümayiş etdirməyi tələb edir (bax, digər bir çox hakimiyyətlərlə, Selmouni Fransaya qarşı (Selmouni v. France [GC], no. 25803/94, § 101, ECHR 1999‑V; Kristin Qudvin Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. the United Kingdom [GC], no. 28957/95, § 71, ECHR 2002‑VI; və Siliadin, yuxarıda sitat gətirilib, § 121).
278. Məhkəmə qeyd edir ki, insan alveri qlobal fenomen olaraq son illər ərzində xüsusilə geniş yayılmışdır (bax yuxarıda 88, 100, 103-cü bəndlər). Avropada onun artımı qismən keçmiş kommunist bloklarının dağılması üzündən baş vermişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan Alverinə qarşı Konvensiyanın imzalanması insan alverinin beynəlxalq səviyyədə artan bir şəkildə tanındığını və ona qarşı mübarizə aparmaq üçün tədbirlər görüldüyünü nümayiş etdirir.
279. Məhkəmə 4-cü Maddəyə əsasən şikayətlərə müntəzəm olaraq baxmalı olmur və hal-hazıra qədər yalnız bir işdə insan alveri ilə bağlı olan hansı rəftarın həmin Maddənin təsiri altına düşdüyünü araşdırmalı olub (Siliadin, yuxarıda sitat gətirilib). Həmin işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin məruz qaldığı davranış “qul vəziyyətinə salma və icbari və məcburi əmək” kateqoriyasına girir, baxmayaraq ki, köləliyə çatmırdı. Həm insan alverinin, həm də ona qarşı mübarizə tədbirlərinin yayılmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə insan alverinin Konvensiyanın ruhuna və məqsədinə nə dərəcədə zidd olduğunu, məsələn, yuxarıda qeyd edilən üç davranış növündən hansının sözügedən işə qarışdığını qiymətləndirmədən həmin Maddə tərəfindən təqdim edilən təminatların təsiri altına düşməni araşdırmaq məqsədəuyğun olardı.
280. Məhkəmə müşahidə edir ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “köləlik” konseptinin ənənəvi mənası təkamül prosesindən keçərək sahiblik hüququ formalarından hər hansı birini və ya hamısını tətbiq etməyi nəzərdə tutan müxtəlif müasir köləlik formalarını əhatə etməyə başlamışdır (bax yuxarıda 142-ci bənd). Vəziyyətin müasir köləlik forması olub-olmadığını qiymətləndirərkən Beynəlxalq Cinayət Məhkəməsi müəyyən etmişdir ki, aidiyyatı olan amillərə şəxsin hərəkəti və ya ətrafındakı fiziki mühit üzərində nəzarət qoyulub-qoyulmaması, psixoloji nəzarət elementinin olub-olmaması, şəxsin qaçmasının qarşısını almaq üçün tədbirlər görülüb-görülməməsi və şəxsin cinsi həyatı üzərində nəzarətin və məcburi əmək faktının olub-olmaması da daxildir (bax yuxarıda 143-cü bənd).
281. Məhkəmə hesab edir ki, insan alveri öz təbiəti və istismar məqsədinə görə sahiblik hüququna aid edilən səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O insanlara alınıb satılan və icbari əmək məqsədilə, əksər hallarda cüzi əmək haqqı ödəməklə və ya ümumiyyətlə əmək haqqı ödəməməklə, bir qayda olaraq seks sənayesində və ya digər sahələrdə istifadə edilən əmtəə kimi münasibət bəslənməsinə gətirib çıxarır (bax yuxarıda 101 və 161-ci bəndlər). O, hərəkətləri əksər hallarda məhdudlaşdırılan qurbanların həyatı üzərində yaxından izləməni nəzərdə tutur (bax yuxarıda 84 və 101-ci bəndlər). O, acınacaqlı şəraitdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıq və təhdid tətbiq edilməsini nəzərdə tutur (bax yuxarıda 84, 86 - 87 və 101-ci bənd). İnterights tərəfindən və İnsan Alverinə qarşı Konvensiyaya əlavə edilmiş izahat qeydlərində insan alveri bütün dünyada qədim dövrlərdən bəri mövcud olan kölə alverinin müasir forması olaraq təsvir edilmişdir (bax yuxarıda 161-ci bənd). Kipr Ombudsmanı “müasir köləlik rejimi altında” həyata keçirilən cinsi istismar və insan alverinə istinad etmişdir (bax yuxarıda 83-cü bənd).
282. İnsan alverinin qurbanların ləyaqət və əsas azadlıqlarını təhdid etdiyinə heç bir şübhə olmamalı və o, demokratik cəmiyyətə və Konvensiyada təsbit edilmiş dəyərlərə uyğun olaraq nəzərdən keçirilməlidir. Konvensiyanı müasir günün tələblərinə uyğun olaraq interpretasiya etmək öhdəliyini diqqətə alaraq Məhkəmə ərizəçinin şikayət etdiyi davranışın “köləlik”, “qul vəziyyəti” və ya “icbari və ya məcburi əmək olduğunu müəyyən etməyi lüzumsuz hesab edir. Əvəzində, Məhkəmə nəticəyə gəlir ki, insan alveri özü-özlüyündə Palermo Protokolunun 3(a) Maddəsi və İnsan Alverinə qarşı Konvensiyanın 4(a) Maddəsinin mənası çərçivəsində Konvensiyanın 4-cü Maddəsinin təsiri altına düşür. Buna müvafiq olaraq Rusiya Hökumətinin ratione materiae uyğunsuzluqla bağlı etirazı rədd edilir.
2. 4-cü Maddənin ümumi prinsipləri
283. Məhkəmə təkrarlayır ki, 2-ci və 3-cü Maddə ilə birlikdə 4-cü Maddə Avropa Şurasının əsasını təşkil edən demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təsbit edir (Siliadin, yuxarıda sitat gətirili, § 82). Konvensiyanın bir sıra maddi (substantiv) müddəalarından fərqli olaraq 4-cü Maddədən 15 § 2 Maddəsinə uyğun olaraq hətta xalqın həyatını təhdid edən fövqəladə vəziyyət mövcud olduqda belə geri çəkilməyə və ya istisnaya yol verilmir.
284. 4-cü Maddənin pozuntusu olub-olmadığını aşkar etmək üçün müvafiq hüquqi və ya tənzimləyici baza nəzərə alınmalıdır (bax, mutatis mutandis, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria [GC], nos. 43577/98 və 43579/98, § 93, ECHR 2005‑VII). Məhkəmə hesab edir ki, milli qanunvericilikdə nəzərdə tutulan təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanlarının hüquqlarını praktiki və effektiv şəkildə qorumaq üçün adekvat olmalıdır. Buna müvafiq olaraq, 4-cü Maddə üzv Dövlətdən insan alverçilərini məsuliyyətə cəlb etmək məqsədilə cinayət hüququ müddəaları qəbul etməklə yanaşı, əksər hallarda insan alverini gizləmək üçün istifadə edilən fəaliyyət növlərini tənzimləmək üçün də adekvat tədbirlər görməyi tələb edir. Bundan əlavə, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsi, həyata keçirilməsi və ya ona qarşı dözümlülük göstərilməsi ilə bağlı narahatlıq doğuran məsələləri tənzimləməlidir (bax, mutatis mutandis, Guerra və Başqaları İtaliyaya qarşı (Guerra and Others v. Italy, 19 February 1998, §§ 58 to 60, Qərarlar üzrə hesabatlar 1998‑I; Z və Başqaları Birləşmiş Krallığa qarşı (Z and Others v. the United Kingdom [GC], no. 29392/95, §§ 73 to 74, ECHR 2001‑V); və Naçova və Başqaları (Nachova and Others, yuxarıda sitat gətirilib, §§ 96 - 97 və 99-102).
285. Siliadin işindəki qərarında Məhkəmə təsdiq etmişdir ki, 4-cü Maddə Dövlətlər üzərində şəxsin köləlik, qul vəziyyətinə salınma və ya icbari və ya məcburi əmək vəziyyətinə salınması məqsədilə həyata keçirilən hər hansı hərəkəti effektiv şəkildə araşdırsın və cəzalandırsın (yuxarıda sitat gətirilib, §§ 89 və 112). Bu öhdəliyə əməl etmək üçün üzv Dövlətlərdən insan alverini qadağan etmək və cəzalandırmaq məqsədilə qanunverici və inzibati baza yaratmaq tələb olunur. Məhkəmə müşahidə edir ki, Palermo Protokolu və İnsan Alverinə qarşı Konvensiya insan alverinə qarşı mübarizə aparmaq üçün hərtərəfli kompleks yanaşmaya ehtiyac olduğunu nəzərdə tutur ki, buraya da insan alverinin qarşısını almağa yönəldilmiş qabaqlayıcı tədbirlər, qurbanların qorunmasına yönəldilmiş tədbirlər və bundan əlavə insan alverçilərini cəzalandırmaq üçün tədbirlər daxildir (bax yuxarıda 149 və 163-cü bəndlər). Bu iki instrumentin müddəalarından aydındır ki, Avropa Şurasına üzv olan Dövlətlər də daxil olmaqla, Müqaviləyə Qoşulan Dövlətlər belə bir fikir formalaşdırıblar ki, yalnız insan alverinə qarşı mübarizədə bütün bu aspektləri hədəf alan tədbirlərin kombinasiyası effektiv ola bilər .... Buna müvafiq olaraq, insan alverini təqib etmək və cəzalandırmaq üzv Dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində üzərlərinə götürdükləri öhdəliklərin yalniz bir aspektini təşkil edir. 4-cü Maddəyə əsasən meydana gələn pozitiv öhdəliyin əhatə dairəsi məhz bu geniş kontekstdə nəzərdən keçirilməlidir.
286. Konvensiyanın 2 və 3-cü Maddələrinə gəldikdə, 4-cü Maddə müəyyən şərtlər daxilində Dövlətdən insan alveri qurbanlarını və ya potensial qurbanlarını qorumaq üçün tədbirlər görməyi tələb edə bilər (bax, mutatis mutandis, Osman, yuxarıda sitat gətirilib, § 115; və Mahmut Kaya Türkiyəyə qarşı (Mahmut Kaya v. Turkey, no. 22535/93, § 115, ECHR 2000‑III). Pozitiv öhdəliyə uyğun olaraq müəyyən bir işin şərtləri daxilində əməliyyat tədbirləri görmək üçün nümayiş etdirilməlidir ki, Dövlət qurumları müəyyən edilmiş şəxsin Palermo Protokolunun 3(a) Maddəsi və İnsan Alverinə qarşı Konvensiyanın 4(a) Maddəsinin mənasına uyğun olaraq insan alverinə və ya istismara məruz qalacağı ilə bağlı real və birbaşa riskin olmasına dair etibarlı şübhənin yaranmasına səbəb olan vəziyyətdən xəbərdar idi və ya xəbərdar olmalı idi. Cavab müsbət olduqda və hakimiyyət öz səlahiyyətləri çərçivəsində şəxsləri həmin risk vəziyyətindən qurtarmaq üçün tədbirlər görmədikdə (bax, mutatis mutandis, Osman, yuxarıda sitat gətirilib, §§116 to 117; və Mahmut Kaya, yuxarıda sitat gətirilib, §§ 115 - 116).
287. Müasir cəmiyyətdə polis fəaliyyətinin nə qədər çətin olduğunu və prioritetlər və resurslar nöqteyi-nəzərindən əməliyyat seçimləri etmək tələb olunduğundan əməliyyat tədbirləri görmək öhdəliyi yenə də, hakimiyyət üzərinə qeyri-mümkün və ya qeyri-mütənasib yük qoyacaq şəkildə interpretasiya edilməməlidir (bax, mutatis mutandis, Osman, yuxarıda sitat gətirilib, § 116). Hazırkı işdə meydana gələn hər hansı pozitiv öhdəliyin mütənasib olub-olmaması nəzərdən keçirilərkən yadda saxlamaq lazımdır ki, həm Kipr, həm də Rusiya Federasiyası tərəfindən imzalanmış Palermo Protokolu Dövlətlərdən insan alveri qurbanları onların ərazisində olarkən onların fiziki təhlükəsizliyini qorumaq üçün tədbirlər görsünlər və insan alverinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq məqsədilə təfərrüatlı siyasətlər və proqramlar qəbul etsinlər .... Dövlətlərdən eyni zamanda hüquq mühafizə orqanları və immiqrasiya xidməti əməkdaşları üçün müvafiq təlimlər təşkil etmək tələb olunur (bax yuxarıda 155-ci bənd).
288. 2 və 3-cü Maddələrə bənzər olaraq 4-cü Maddə də potensial insan alveri vəziyyətlərinin istintaqını aparmaq öhdəliyi qoyur. İstintaq aparma öhdəliyi qurban və ya onun qohumları tərəfindən verilən şikayətdən asılı deyildir: məsələ dövlət qurumlarının diqqətini cəlb etdiyi andan etibarən onlar öz təşəbbüsləri ilə tədbir görməlidirlər (bax, mutatis mutandis, Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı (Paul and Audrey Edwards v. the United Kingdom, no. 46477/99, § 69, ECHR 2002‑II). Araşdırmanın effektiv olması üçün o, hadisələrə qarışan tərəflərdən asılı olmamalıdır. O, eyni zamanda məsuliyyətli şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxarmalı, nəticə deyil, vasitələrə əsaslanan öhdəlik olmalıdır. Cəldlik və ağlabatan sürətdə həyata keçirilmə tələbi bütün hallar üçün nəzərdə tutulmalıdır, lakin mümkün olan hallarda şəxsi zərərli vəziyyətdən xilas etmək mümkün olduqda, araşdırma təcili tədbir kimi həyata keçirilməlidir. Qurban və ya onun qohumları prosedurda onların qanuni maraqlarının qorunmasını təmin edəcək dərəcədə iştirak etməlidir (bax, mutatis mutandis, Paul and Audrey Edwards, yuxarıda sitat gətirilib, §§ 70 - 73).
289. Nəhayət, Məhkəmə təkrar edir ki, insan alveri elə bir problemdir ki, əksər hallarda daxili arenada davam etmir. Şəxs insan alveri məqsədilə bir Dövlətdən digərinə aparıldıqda insan alveri cinayəti mənşə ölkəsində, tranzit ölkəsində və ya təyinat ölkəsində törədilə bilər. Aidiyyatı olan sübutlar və şahidlər bütün Dövlətlərdə yerləşə bilər. Palermo Protokolu yurisdiksiya ilə bağlı heç bir müddəa təmin etməsə də, İnsan Alverinə qarşı Konvensiya üzv Dövlətlərdən aydın şəkildə onların ərazisində törədilmiş insan alveri cinayətləri üzərində yurisdiksiya yaratmağı tələb edir (bax yuxarıda 172-ci bənd). Məhkəmənin fikrincə belə yanaşma yalnız Konvensiyanın 4-cü Maddəsinə əsasən bütün Dövlətlərin üzərində olan iddia edilən insan alveri cinayətlərinin istintaqının aparılması ilə bağlı yuxarıda göstərilmiş ümumi öhdəlik nöqteyi-nəzərindən məntiqidir. Öz ərazilərində baş verən hadisələrin daxili istintaqını aparmaq öhdəliyinə əlavə olaraq üzv Dövlətlər eyni zamanda bir ölkədən digərinə keçməklə törədilən insan alveri hallarının effektiv araşdırılması ilə bağlı öhdəlik də daşıyırlar və bu öhdəliyi yerinə yetirmək və ərazilərindən kənarda baş vermiş hadisələrin araşdırılması üçün müvafiq Dövlətin müvafiq qurumları ilə əməkdaşlıq etməlidirlər. Belə bir öhdəlik Palermo Protokolunun preambulasında qeyd olunduğu kimi üzv Dövlətdən mənşə, tranzit və təyinat ölkələrində insan alverinə qarşı hərtərəfli beynəlxalq yanaşma qəbul etməyi tələb edir (bax yuxarıda 149-cu bənd). Bu eyni zamanda hazırkı işdə cavabdeh olan dövlətlərin iştirak etdiyi qarşılıqlı hüquqi yardım haqqında sazişlərə də uyğundur (bax yuxarıda 175 – 180-ci bəndlər).
3. Ümumi prinsiplərin hazırkı işə tətbiqi Kipr
i.Müvafiq qanunverici və inzibati bazanın yaradılmasına dair pozitiv öhdəlik
290. Məhkəmə müşahidə etmişdir ki, Kiprin insan alveri və cinsi istismarı qadağan edən qanunvericiliyi 2000-ci ildə qəbul edilmişdir (bax yuxarıda 127 - 131-ci bəndlər). Qanun Palermo Protokolunun müddəalarını əks etdirir və insan alveri və cinsi istismarı qadağan edir və razılığın cinayət əməlini əsaslandırmasına şərait yaratmır. Qanunvericilikdə olduqca ciddi cəzalar nəzərdə tutulmuşdur. Qanun eyni zamanda qurbanların müdafiəsini təmin edir və bu məqsədlə, digər məsələlərlə yanaşı, qurbanların qəyyumlarının təyin olunmasını nəzərdə tutur. Hakimiyyətin praktiki tədbirlər görməməsi Ombudsman tərəfindən tənqid edilsə də, o, qanunun qənaətbəxş olduğunu söyləmişdir (bax yuxarıda 89-cı bənd). Avropa Şurası İnsan hüquqları üzrə Komissarı da 3(1)2000-ci il tarixli qanun nəticəsində yaradılmış hüquqi bazanın “əlverişli” olduğunu bildirib (bax yuxarıda 92-ci bənd). Ərizəçinin Kiprin insan alverinə qarşı qanunvericiliyinin qənaətbəxş olmadığına dair şikayətinə baxmayaraq, Məhkəmə hesab etmir ki, hazırkı işin halları bu məsələ ilə bağlı hər hansı problem meydana çıxarır.
291. Lakin, ümumi hüquqi və inzibati bazaya və Kipr immiqrasiya siyasətinin adekvatlığına gəldikdə, bir sıra zəif məqamlar aşkar edilə bilər. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı 2003-cü il hesabatında qeyd etmişdir ki, immiqrasiya siyasətinin olmaması və bu sahədə mövcud olan qanunvericilikdəki nöqsanlar qadınların insan alverinin qurbanları olaraq Kiprə gətirilməsini həvəsləndirmişdir (bax yuxarıda 91-ci bənd). O, Kiprə kabare artistləri qismində işləmək üçün daxil olan gənc qadınların axını üzərində nəzarət həyata keçirmək üçün qabaqlayıcı nəzarət tədbirləri qəbul etməyə çağırırdı (bax yuxarıda 94-cü bənd). Daha sonrakı hesabatlarında Komissar qanunvericilik bazası ilə bağlı narahatlıqlarını ifadə etmiş və xüsusilə kabare artistlərinin iş icazəsi alması üçün kabare menecerlərinin müraciət etməsi sistemini tənqid etmişdi, çünki həmin sistem artistləri işəgötürənlərdən və ya agentlərdən asılı vəziyyətə salır və onların insan alverçilərinin əlinə düşməsi riskini artırırdı (bax yuxarıda 100-cü bənd). 2008-ci ildə hazırladığı hesabatda Komissar artist viza rejimini tənqid etmiş və həmin sistemin hüquq mühafizə orqanlarının insan alverinə qarşı mübarizə aparmaq məqsədilə zəruri addımlar atmasını çətinləşdirdiyini bildirərək artistlərə verilən icazənin insan alverinə qarşı mübarizə məqsədilə görülən tədbirlərə ziddiyyət təşkil etdiyini və ya ən azından onların səmərəsini azaltdığını qeyd etmişdir (bax həm də ABŞ Dövlət Departamentinin hesabatı, yuxarıda 105 və 107-ci bəndlər). Komissar təəssüfləndiyini bildirmişdir ki, əvvəlki hesabatlarda qaldırılmış narahatlıq doğuran məsələlərə və Hökumətin qadağan etmə öhdəliyi götürməsinə baxmayaraq, artist iş icazəsi hələ də tətbiq olunur (bax yuxarıda 103-cü bənd). Buna bənzər olaraq, Ombudsman 2003-cü il hesabatında minlərlə xarici qadının Kiprə artist viza rejimi ilə daxil olmasını və orada işəgötürənləri tərəfindən istismar edilərək qəddar yaşayış və iş şəraitində qalmağa məcbur edildiklərini pisləmişdir (bax yuxarıda 89-cu bənd).
292. Daha sonra, Məhkəmə vurğulayır ki, işəgötürənlərin artist işini tərk etdiyi hallarda hökumətə xəbər vermə öhdəliyi (bax yuxarıda 117-ci bənd) dövlət orqanlarına immiqrantların öz immiqrasiya öhdəliklərinə əməl etməsi üzərində nəzarət aparmaq üçün legitim vasitə olsa da, uyğunluğun təmin edilməsi və uyğunsuzluq hallarında tədbir görmə öhdəliyi dövlət orqanlarının üzərində qalmalıdır. Kabare sahiblərini və menecerlərini itkin düşmüş artistləri axtarmaq və ya digər bir formada artistlərin davranışına görə məsuliyyəti öz üzərinə götürməsini həvəsləndirən tədbirlər artistlərin Kiprdə insan alverinə məruz qalması ilə bağlı narahatlıq doğuran məsələlərin geniş kontekstində qəbuledilməzdir. Bunun müqabilində Məhkəmə hesab edir ki, kabare sahiblərindən və menecerlərindən işə götürdükləri artistlərlə bağlı gələcəkdə meydana çıxa biləcək xərclərin ödənilməsi üçün bank təminatı tələb edilməsi təcrübəsi xüsusilə problemlidir (bax yuxarıda 115-ci bənd). X-m Rantsevanın işində ayrıca imzalanan sənəd və AİS-in gədiyi izahı olmayan belə bir nəticə ki, M.A. x-m Rantsevaya görə məsuliyyət daşıyırdı və buna görə də ondan gəlib x-m Rantsevanı polis bölməsindən götürüb aparmaq (bax yuxarıda 20-ci bənd) tələb olunurdu.
293. Bu şərtlər daxilində Məhkəmə belə nəticəyə gəlir ki, Kiprdə artist vizası rejimi x-m Rantseva üçün insan alveri və istismardan praktik və effektiv qoruma təmin etmirdi. Buna görə də bu baxımdan 4-cü Maddənin pozuntusu baş vermişdir.
ii. Qoruyucu tədbirlər görməklə bağlı pozitiv öhdəlik
294. Bu işdə x-m Rantsevanı qorumaq üçün tədbirlər görülməsi ilə bağlı pozitiv öhdəliyin olub-olmadığını qiymətləndirərkən Məhkəmə hesab edir ki, aşağıdakıların əhəmiyyəti vardır. Birincisi, Ombudsmanın 2003-cü il hesabatından aydındır ki, Kiprdə 1970-ci illərdən bəri gənc xarici qadınların seks sənayesində işləməyə məcbur edilməsi ilə bağlı ciddi problem mövcud olmuşdur (bax yuxarıda 83-cü bənd). Hesabatda daha sonra qeyd olunub ki, Sovet İttifaqı dağıldıqdan sonra keçmiş sovet respublikalarından gələn artistlərin sayının (bax yuxarıda 84-cü bənd) əhəmiyyətli dərəcədə artması müşahidə olunub. Gəldiyi nəticələrdə Ombudsman vurğulamışdır ki, Kiprdə insan alverinin çiçəklənməsi immiqrasiya qurumlarının dözümlülük göstərməsi nəticəsində mümkün olmuşdur (bax yuxarıda 89-cu bənd). 2006-cı il hesabatında Avropa Şurası İnsan hüquqları üzrə Komissarı da qeyd etmişdir ki, dövlət orqanlarına Kiprə artist vizası ilə daxil olan qadınların əksəriyyətinin fahişəliyə cəlb ediləcəyi bəlli idi (bax yuxarıda 96-cı bənd). Buna görə də heç bir şübhə olmamalıdır ki, Kipr hakimiyyətinə məlum idi ki, xüsusilə keçmiş sovet respublikalarından olan əhəmiyyətli sayda xarici qadın, Kiprə insan alveri çərçivəsində artist vizası ilə gətirilir və gəldikdən sonra kabare sahibləri və menecerləri tərəfindən cinsi istismara məruz qalırlar.
295. İkincisi, Məhkəmə vurğulayır ki, x-m Rantseva öz işəgötürəni tərəfindən Limasol polis bölməsinə gətirilib. Polis bölməsinə gətirildikdən sonra M.A. polisə x-m Rantsevanın Rusiya vətəndaşı olduğunu və kabare artisti olaraq işə alındığını bildirmişdir. Daha sonra, o, izah etmişdir ki, x-m Rantseva Kiprə yenicə gəlib, xəbərdarlıq etmədən iş yerini tərk edib və ona verilmiş yaşayış yerindən də heç bir xəbərdarlıq etmədən çıxıb (bax yuxarıda 19-cu bənd).O, x-m Rantsevanın pasportunu və digər sənədlərini polisə təqsim etmişdir (bax yuxarıda 21-ci bənd).
296. Məhkəmə Kipr Hökumətinin Palermo Protokolu və daha sonra İnsan Alverinə qarşı Konvensiya çərçivəsində müvafiq sahələrdə işləyən əməkdaşları təlimlə təmin etməklə onların potensial insan alveri qurbanlarını müəyyən etməyə qadir olmasını təmin etməklə bağlı götürdüyü öhdəlikləri xatırladır (bax yuxarıda 155 və 167-ci bəndlər). Xüsusilə, Palermo Protokolunun 10-cu Maddəsinə uyğun olaraq Dövlətlər insan alveri sahəsində fəaliyyət göstərən hüquq mühafizə orqanları, immiqrasiya xidməti və digər aidiyyatı olan qurumların əməkdaşları üçün təlimlər təşkil etməyi və ya gücləndirməyi bir öhdəlik kimi öz üzərlərinə götürüblər. Məhkəmənin rəyinə görə polis qurumlarının əlində Kiprdə insan alveri məsələlərinə dair kifayət qədər göstərici var idi ki, x-m Rantsevanın insan alveri qurbanı olduğu və ya insan alveri və ya istismar qurbanı olmaqla bağlı real və birbaşa risk altında olduğu ilə bağlı əsaslı şübhələrə malik olsunlar. Buna müvafiq olaraq, x-m Rantsevanı qorumaq məqsədilə təxirəsalınmaz araşdırma aparmaq və zəruri əməliyyat tədbirləri görməklə bağlı pozitiv öhdəlik meydana gəlmişdi.
297. Lakin, hazırkı işdə belə görünür ki, x-m Rantseva polis bölməsinə gəldikdə polis onu ümumiyyətlə dindirməmiş və ifadəsini almamışdı. Polis mövcud olan faktların araşdırılması üçün heç bir araşdırma aparmamışdı. Onlar sadəcə olaraq x-m Rantsevanın adının polis tərəfindən axtarışda olan şəxslərin siyahısında olub-olmadığını yoxlamış, onun işəgötürəninə zəng edərək gəlib onu aparmasını xahiş etmişdilər. O, imtina etdikdə və x-m Rantsevanın həbsdə qalmalı olduğunu təkidlə bildirdikdə işi aparan polis əməkdaşı M.A.-nı müdiri ilə danışdırmışdı (bax yuxarıda 20-ci bənd). M.A. ilə polis əməkdaşının rəisi arasında olan danışığın təfərrüatı bəlli deyil, lakin həmin danışıq nəticəsində M.A. geri dönərək x-m Rantsevanı götürməyə razı olmuş və daha sonra doğurdan da gəlib götürmüşdü.
298. Hazırkı işdə, polis əməkdaşları bir neçə səhvə yol vermişdilər. Birincisi, onlar dərhal x-m Rantsevanın insan alverinə məruz qalıb-qalmadığını araşdırmamışlar. İkincisi, onlar onu sərbəst buraxmamış, əvəzində M.A.-ya həvalə etmişdilər. Üçüncüsü, 3(1) of 2000 Qanunun müddəalarına uyğunluğu təmin etmək və onu müdafiə etmək məqsədilə həmin Qanunun 7-ci Maddəsində göstərilən tədbirləri görmək üçün heç bir cəhd göstərilməmişdi (bax yuxarıda 130-cu bənd). Buna müvafiq olaraq Məhkəmə belə nəticəyə gəlir ki, x-m Rantsevanın insan alveri və ya istismar qurbanı olduğuna dair əsaslı şübhələr yaradan bu nöqsanlar Kipr polisinin x-m Rantsevanı qoruya bilməməsinə gətirib çıxarmışdır. Buna görə də bu baxımdan 4-cü Maddənin pozuntusu da baş vermişdir.
iii. İnsan alverinə dair araşdırma aparma ilə bağlı prosedur öhdəliyi
299. Daha sonra yeni bir sual meydana çıxır ki, həmin sual da Kipr dövlət orqanları tərəfindən ərizəçinin, onun qızının insan alverinə məruz qalması ilə bağlı iddialarına dair hər hansı effektiv araşdırma aparmaması ilə prosedur pozuntusunun baş verib vermədiyini aydınlaşdırmaqdan ibarətdir.
300. X-m Rantsevanın daha sonrakı ölümünün hallarını nəzərə almaqla Məhkəmə hesab edir ki, Kipr hakimiyyət dairələrinin üzərində olan insan alveri iddiaları ilə bağlı effektiv araşdırma aparma tələbi hazırkı işdə 2-ci Maddəyə uyğun olaraq x-m Rantsevanın ölümünə daır araşdırma aparmaqla bağlı ümumi effektiv araşdırma aparmaq öhdəliyinin tərkib hissəsidir (bax yuxarıda 234-cü bənd). Onun ölümü ilə bağlı araşdırmanın effektivliyi yuxarıda Məhkəmənin ərizəçinin 2-ci Maddəyə əsasən iddialarını araşdırması kontekstində nəzərdən keçirilmiş və pozuntu aşkar edilmişdir. Buna görə də 4-cü Maddəyə əsasən Kiprə qarşı ayrıca prosedur şikayətinə baxmağa ehtiyac yoxdur.
b. Rusiya
i.Müvafiq qanunverici və inzibati baza yaratmaqla bağlı pozitiv öhdəlik
301. Məhkəmə xatırladır ki, Rusiyanın hazırkı işdə məsuliyyəti onun yurisdiksiyasına aid olan hərəkətlərlə məhdudlaşır (bax yuxarıda 207 və 208-ci bəndlər). Sözügedən vaxtda cinayət qanunvericiliyində insan alveri cinayəti üzrə xüsusi müddəa nəzərdə tutulmasa da, Rusiya Hökuməti iddia etmişdir ki, ərizəçinin barəsində şikayət etdiyi davranış digər cinayət əməllərinin anlayışı ilə üst-üstə düşmüşdür.
302. Məhkəmə müşahidə edir ki, ərizəçi Rusiya cinayət hüququ müddəalarında hər hansı konkret nöqsanın olduğunu qeyd etməmişdir. Bundan əlavə, geniş qanunverici və inzibati çərçivəyə gəldikdə Məhkəmə Rusiya dövlət orqanları tərəfindən media vasitəsilə keçirilən kampaniya vasitəsilə insan alveri riskini ictimaiyyətə tanıdılması səylərini vurğulayır ....
303. Ona təqdim olunmuş sübutlara əsasən Məhkəmə hesab etmir ki, sözügedən vaxtda Rusiyada mövcud olan hüquqi və inzibati baza hazırkı işdə x-m Rantsevanı praktiki və effektiv qoruma ilə təmin edə bilməmişdir.
ii. Qoruma tədbirləri görməklə bağlı pozitiv öhdəliklər
304. Məhkəmə xatırladır ki, Rusiyanın üzərində əməliyyat tədbirləri aparmaqla bağlı olan istənilən pozitiv öhdəlik yalnız Rusiya ərazisində həyata keçirilən hərəkətlərlə bağlı meydana gələ bilər (bax, mutatis mutandis, Al-Adsani, yuxarıda sitat gətirilib, §§ 38 - 39).
305. Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanlarının gənc qadınların xarici dövlətlərdə sex sənayesində işlədilmək məqsədilə insan alveri qurbanlarına çevrilməsi ilə bağlı ümumi problemdən xəbəri olsa da, x-m Rantsevanın Kiprə yola düşməzdən əvvəl ona qarşı real və birbaşa riskin olduğuna dair əsaslı şübhələrin yaranacağına dəlalət edən heç bir sübut yox idi. Öhdəliyin təcili əməliyyat tədbirləri görülməsini tələb etməsi üçün artist vizası ilə Kiprə səyahət edən qızlara qarşı ümumi risk olduğunu göstərmək kifayət deyil. Bu ümumi riskə gəldikdə Məhkəmə xatırladır ki, Rusiya hakimiyyəti əhalini insan alveri ilə bağlı risklərdən xəbərdar etmək üçün tədbirlər görüb ....
306. Nəticədə, Məhkəmə hesab etmir ki, işin halları Rusiya hakimiyyətinin x-m Rantsevanı qorumaqla bağlı pozitiv öhdəliyini meydana gətirəcək qəbildən olmuşdır. Buna görə də, bu baxımdan Rusiya Hökuməti tərəfindən 4-cü Maddənin pozuntusu baş verməmişdir.
iii. Potensial insan alveri ilə bağlı araşdırma aparmaqla bağlı prosedur öhdəliyi
307. Məhkəmə xatırladır ki, bir-ölkədən digərinə keçməklə baş verən insan alveri halları və insan alveri cinayətləri mənşə ölkəsində, eləcə də təyinat ölkəsində baş verə bilər (bax yuxarıda 289-cu bənd). Kiprlə bağlı Ombudsmanın da öz hesabatında göstərdiyi kimi (bax yuxarıda 86-cı bənd) qurbanların cəlb edilməsi bir qayda olaraq Kiprdə fəaliyyət göstərən və digər ölkələrdəki agentliklərlə əməkdaşlıq edən incəsənət agentlikləri tərəfindən həyata keçirilir. İddia edilən insan alveri faktının cəlb etmə mərhələsinin araşdırılmaması insan alveri zəncirinin olduqca əhəmiyyətli hissəsinin cəzasız qalmasına səbəb ola bilərdi. Bu baxımdan Məhkəmə vurğulayır ki, insan alverinin həm Palermo Protokolunda, həm də İnsan Alverinə qarşı Konvensiyada təsbit edilmiş anlayışı aydın şəkildə qurbanların cəlb edilməsini də ehtiva edir (bax yuxarıda 150 və 164-cü bəndlər). İnsan alveri iddiaları ilə bağlı tam və effektiv araşdırmanın insan alveri ilə bağlı iddiaların cəlb olunmadan istismara qədər olan bütün mərhələlərini əhatə etməli olması sübhəsizdir. Rusiya dövlət orqanlarının buna görə də Rusiyada fəaliyyət göstərən fərdi agentliklərin və ya şəbəkələrin x-m Rantsevanın insan alveri qurbanı olaraq Kiprə aparılmasında iştirak edib-etmədiyini araşdırmaqla bağlı öhdəliyi var idi.
308. Lakin, Məhkəmə müşahidə edir ki, Rusiya hakimiyyət dairələri x-m Rantsevanın harada və necə cəlb olunduğuna dair heç bir araşdırma aparmayıblar. Xüsusilə, dövlət orqanları x-m Rantsevanın cəlb olunmasında iştirak edənləri müəyyən etmək və ya onun hansı metodlarla cəld edildiyini aydınlaşdırmaqla bağlı heç bir tədbir görməyiblər. Cəlb etmə Rusiya ərazisində baş verdiyinə görə x-m Rantsevanın necə cəlb olunduğu ilə bağlı araşdırma aparmaq üçün Rusiya hakimiyyəti ən yaxşı mövqeyə malik idi. Hazırkı işdə bunun edilməməsi x-m Rantsevanın daha sonra ölməsi ilə bağlı xüsusilə ciddi xarakter alır və onun Rusiyadan getməsi ətrafında sirlər yaranmasına gətirib çıxarır.
309. Buna görə də, Rusiya hakimiyyəti tərəfindən iddia edilən insan alveri ilə bağlı araşdırma aparılması ilə bağlı 4-cü Maddənin prosedur pozuntusu baş vermişdir.
VI. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
310. İddiaçı Kipr hakimiyyəti tərəfindən Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinin pozuntusu olduğuna dair şikayət etmişdir. Belə ki, onun qızı Kiprdə polis bölməsində saxlanmış, M.A.-nın himayəsinə buraxılmış və daha sonra M.A.-nın işçisinin evində saxlanmışdır. 5-ci Maddənin 1-ci bəndində digər məsələlərlə yanaşı (inter alia) qeyd edilir:
“Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
...
B. The Court’s assessment
1. Hazırkı işdə azadlıqdan məhrumetmənin mövcudluğu
314. Məhkəmə təkrar edir ki, “azadlıq hüququnu” təsbit etməklə 5-ci Maddənin 1-ci bəndi heç kəsin özbaşınalıq şəraitində fiziki azadlığından məhrum edilməməli olduğunu bir məqsəd kimi nəzərdə tutur. 5-ci maddənin 1-ci bəndinin təsiri altına düşmək üçün kifayət qədər ciddi olan hərəkətin məhdudlaşdırılması və 4-cü Protokolun 2-ci Maddəsinə əsasən azadlığın sadə məhdudlaşdırılması arasındakı fərqlər həmin tədbirlərin xarakteri və ya mahiyyəti ilə deyil, intensivliyi və ağırlıq dərəcəsi ilə bağlıdırlar (Guzzardi İtaliyaya qarşı (Guzzardi v. Italy, 6 November 1980, § 93, A Seriyası no. 39). Hər hansı bir şəxsin 5-ci Maddənin mənası baxımından azadlığından məhrum edildiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi həmin şəxsin konkret vəziyyəti olmalı və sözügedən tədbirin həyata keçirilməsi ilə bağlı bir sıra göstəricilər, məsələn, növü, müddəti və təsirləri də nəzərə alınmalıdır (bax Engel və Başqaları Niderlanda qarşı (Engel and Others v. the Netherlands, 8 iyun 1976, §§ 58-59, A Seriyası no. 22; Guzzardi, yuxarıda sitat gətirilib, § 92; və Riera Blum və Başqaları İspaniyaya qarşı (and Riera Blume and Others v. Spain, no. 37680/97, § 28, ECHR 1999‑VII).
315. Hazırkı işdə Məhkəmə müşahidə edir ki, ərizəçi M.A. tərəfindən polis bölməsinə aparılıb və o, orada təxminən bir saat saxlanıb. X-m Rantsevaya onun həbsinin səbəbləri barədə məlumat verildiyinə dəlalət edən heç bir sübut yox idi; şübhəsiz, Məhkəmənin yuxarıda qeyd etdiyi kimi (bax 297-ci bənd) x-m Rantsevanın polisdə olduğu bütün müddət ərzində onun ifadəsinin alındığına və ya ümumiyyətlə dindirildiyinə dair heç bir qeyd yoxdur. Polisin x-m Rantsevanın qeyri-qanuni miqrant olmadığı və onun həbsinin davam etdirilməsi üçün əsas olmadığı qənaətinə baxmayaraq onu dərhal azad etməyiblər. Bunun əvəzinə, Xaricilər və İmmiqrantlarla İş üzrə Xidmətdə (“AIS”) növbədə olan şəxsin xahişi əsasında polis M.A.-ya zəng edərək ondan gəlib x-m Rantsevanı götürməsini və araşdırmanın davamı üçün səhər saat 7-də AİS idarəsinə gətirməsini xahiş edib. M.A.-ya məlumat verilib ki, o, gəlib x-m Rantsevanı götürməsə onu sərbəst buraxacaqlar. X-m Rantseva M.A. gələnə qədər polis bölməsində saxlanmış və daha sonra onun himayəsinə sərbəst buraxılmışdı (bax yuxarıda 20-ci bənd).
316. X-m Rantsevanınm daha sonra M.P.-ın evində qalmasının ətrafında baş verənlər aydın deyil. Polisə verdiyi şahid ifadəsində M.A. x-m Rantsevanın mənzildə iradəsinin əleyhinə olaraq saxlandığını inkar etmiş və onun istədiyi vaxt çıxıb gedə biləcəyini təkidlə qeyd etmişdir (bax yuxarıda 21-ci bənd). Ərizəçi iddia edir ki, x-m Rantseva yataq otağında kilid altında saxlanmış və bununla da balkondan atılaraq qaçmağa cəhd etmişdir. Məhkəmə qeyd edir kİ, x-m Rantseva aydın şəkildə qaçmağa cəhd göstərərkən mənzilin balkonundan yıxılaraq həyatını itirmişdir (bax yuxarıda 41-ci bənd). Ehtimal etməyə əsas vardır ki, o, həmin mənzildə qonaq idi və istənilən vaxt oradan çıxıb gedə bilərdi, lakin bu zaman o, bunu qapıdan çıxmaqla edə bilərdi (bax Stork Almaniyaya qarşı (Storck v. Germany, no. 61603/00, §§ 76-78, ECHR 2005‑V). Buna müvafiq olaraq, Məhkəmə hesab edir ki, x-m Rantseva mənzildə öz iradəsinə uyğun olaraq qalmamışdı.
317. Bütövlükdə iddia edilən saxlama təxminən iki saat davam etmişdi. Müddətin qısa olmasına baxmayaraq, Məhkəmə saxlamanın ciddi xarakterini və nəticələrini vurğulayır və xatırladır ki, faktlar 5-ci maddənin 1-ci bəndi baxımından azadlıqdan məhrumetmə baş verdiyinə dəlalət etdikdə, azadlıqdan məhrumetmənin nisbətən qısa müddəti bu nəticəyə təsir göstərmir (bax Yarvinen Finlandiyaya qarşı (Järvinen v. Finland, no. 30408/96, Komissiyanın 15 yanvar 1998-ci il tarixli qərarı; və Novotka Slovakiyaya qarşı (Novotka v. Slovakia (dec.), no. 47244/99, 4 noyabr 2003-cü il, burada polis bölməsinə gətirilmə, axtarış və təxminən bir saat davam edən kamerada müvəqqəti saxlama 5-ci Maddənin mənası baxımından azadlıqdan məhrumetmə hesab edilmişdi).
318. Buna müvafiq olaraq, Məhkəmə müəyyən edir ki, x-m Rantsevanın polis bölməsində saxlanması və onun daha sonra mənzilə köçürülməsi və orada saxlanması Konvensiyanın 5-ci Maddəsinin mənasına uyğun olaraq azadlıqdan məhrum etmə hesab edilir.
2. Kiprin azadlıqdan məhrum etməyə görə məsuliyyəti
319. X-m Rantseva mülki şəxslər tərəfindən saxlandığına görə Məhkəmə polis əməkdaşları tərəfindən hansı rolun oynandığını nəzərdən keçirməli və mənzildə azadlıqdan məhrum etməyə görə dövlət orqanlarının, xüsusilə onların fərdləri özbaşına həbsdən qorumaqla bağlı pozitiv öhdəlikləri baxımından məsuliyyət daşıyıb-daşımadığını müəyyən etməlidirlər (bax Riera Blume, yuxarıda sitat gətirilib, §§ 32-35).
320. Məhkəmə artıq narahat olduğunu ifadə edib ki, polis x-m Rantsevanı sadəcə olaraq sərbəst buraxmaq əvəzinə M.A.-nın himayəsinə verib (bax yuxarıda 298-ci bənd). X-m Rantseva azyaşlı deyildi. Növbətçi polis əməkdaşlarının ifadəsinə görə, onun sərxoş olduğuna dəlalət edən heç bir əlamət yox idi (bax yuxarıda 20-ci bənd). Kipr dövlət orqanlarının x-m Rantsevanın M.A. ilə getməyə etiraz etmədiyini iddia etmək yetərli deyil: AİRE Mərkəzinin (AİRE Centre) qeyd etdiyi k bu travma onların özlərini qurban kimi qələmə verməsinə imkan vermir. Buna bənzər olaraq, 2003-cü il hesabatında Ombudsman qeyd etmişdir ki, qisas alınma qorxusu və qeyri-adekvat müdafiə tədbirləri nəticəsində yalnız məhdud sayda qurban Kipr polisinə şikayət etmişdir (bax yuxarıda 87 – 88-ci bəndlər).
321. Kiprdə kabare artistlərinin yaşayış və iş şərtləri ilə bağlı ümumi konteksti nəzərə aldıqda, eləcə də x-m Rantsevanın işi ilə bağlı xüsusi şərtlər daxilində Məhkəmə hesab edir ki, polis özü iddia edə bilməz ki, onlar vicdanlı hərəkət etmişdilər və x-m Rantsevanın daha sonra M.P.-nın mənzilində azadlıqdan məhrum edilməsi ilə bağlı məsuliyyət daşımamışdır. Aydındır ki, hazırkı işdə Kipr polisinin fəal əməkdaşlığı olmadan azadlıqdan məhrum etmə ümumiyyətlə baş verməzdi. Buna görə də Məhkəmə hesab edir ki, milli hakimiyyət x-m Rantsevanın azadlıqdan məhrum edilməsi ilə səssizcə razılaşmışdır.
3. Azadlıqdan məhrum etmənin 5-ci Maddənin 1-ci bəndi ilə uyğunluğu
322. Azadlıqdan məhrum etmənin 5-ci Maddənin 1-ci bəndində tam siyahısı göstərilən və icazə verilən saxlama kateqoriyalarından birinə aid olub-olmadığı müəyyən edilməlidir. Məhkəmə təkrarlayır ki, 5-ci maddənin 1-ci bəndi əsasən milli qanunvericiliyə istinad edir və onun maddi və prosedur qaydalarına uyğunluğu bir öhdəlik kimi müəyyən edir. Lakin həmin Maddə eyni zamanda fərdi azadlığından məhrum edən istənilən tədbir 5-ci Maddənin məqsədinə uyğun olmalı, daha konkret olaraq fərdləri özbaşınalıqdan müdafiə etməlidir (bax Riera Blume, yuxarıda sitat gətirilib, § 31).
323. Azadlıqdan məhrumetmənin “qanunla müəyyən edilmiş qaydaya uyğun” olmasını müəyyən etməklə 5-ci Maddə tələb edir ki, birincisi istənilən həbs və ya saxlama milli qanunvericiliklə əsaslandırılmış olsun. Kipr Hökuməti azadlıqdan məhrum etməni əsaslandırmaq üçün milli qanunvericilikdə hansısa bir əsasın olduğunu qeyd etməmiş, lakin belə nəticəyə gəlmək mümkündür ki, x-m Rantsevanın ilkin həbsinin səbəbi onun immiqrasiya qaydalarını pozub-pozmadığını aydınlaşdırmaqdan ibarət olmuşdur. Lakin, x-m Rantsevanın adının müvafiq siyahıda olmadığından əmin olduqdan sonra Kipr dövlət qurumları tərəfindən x-m Rantsevanın polis bölməsini tərk etməsinə icazə verilmədiyinə və onun M.A.-ya həvalə edildiyinə dair heç bir səbəb və ya hüquqi əsas gətirməmişlər. Yuxarıda qeyd olunduğu kimi, x-m Rantsevanın sərxoş olduğu ilə bağlı heç bir əlamət nümayiş etdirmir və özü üçün və ya başqaları üçün heç bir təhlükə törətmirdi (bax yuxarıda 20 və 320-ci bəndlər). M.A.-nın gəlib x-m Rantsevanı aparmasını x-m Rantsevanın özünün istədiyinə dair heç bir fakt yoxdur və heç kim tərəfində ifadə də olunmayıb. Polis əməkdaşlarının x-m Rantsevanı M.A.-nın gəlişinə qədər saxlama və daha sonra ona həvalə etmə barəsində qərarı ölkədaxili qanunvericiliklə əsaslandırılmayıb.
324. X-m Rantsevanın mənzildə saxlanmasının qanuni olduğu mübahisələndirilməyib. Məhkəmə müəyyən edir ki, bu həbs həm özbaşına, həm də qanunsuz olmuşdur.
325. Buna görə də Məhkəmə belə nəticəyə gəlir ki, x-m Rantsevanın qeyri-qanuni və özbaşına həbsi ilə bağlı 5-ci Maddənin 1-ci bəndinin pozuntusu baş vermişdir.
VII. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
326. Ərizəçi iddia etmişdir ki, Kipr hakimiyyəti onun məhkəmə prosesində iştirak etməsinə şərait yaratmamaqla, ona pulsuz hüquqi yardım göstərməməklə və ona Kiprdə mövcud olan hüquqi vasitələrlə bağlı məlumat verməməklə onun Konvensiyanın 6-cı Maddəsinə uyğun olaraq məhkəməyə çıxış hüququnu pozmuşlar. 6-cı Maddədə deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”
...
B. Qəbuledilənlik
331. Məhkəmə əvvəl başdan müşahidə edir ki, 6-cı maddə hər hansı bir işdə cinayət işi açılması hüququnu və ya üçüncü tərəflərin cinayət əməlinə görə ittiham edilərək məsuliyyətə cəlb edilməsini təşviq etmir (bax, misal üçün, Ramponya və Murgia İtaliyaya qarşı (Rampogna and Murgia v. Italy (dec.), no. 40753/98, 11 may 1999; Perez Fransaya qarşı (Perez v. France [GC], no. 47287/99, § 70, ECHR 2004‑I; və Dinçev Bolqarıstana qarşı (Dinchev v. Bulgaria, no. 23057/03, § 39, 22 yanvar 2009-cu il). Ərizəçinin Kipr hakimiyyət qurumlarının onun qızının ölümü ilə bağlı cinayət işi açmadığına dair şikayəti ilə bağlı şikayəti ratione materiae qəbuledilməzdir və Konvensiyanın 35-ci Maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
332. Məhkəmə araşdırması prosesində iştirakla bağlı şikayətə gəldikdə Məhkəmə müşahidə edir ki, məhkəmə proseslərində iştirakla bağlı prosedur təminatları Konvensiyanın 2-ci Maddəsində nəzərdə tutulub və ərizəçinin həmin kontekstdə şikayətlərinə artıq baxılıb (bax yuxarıda 239-cu bənd). 6-cı maddənin məhkəmə araşdırması prosesinə tətbiqi məsələsinə gəldikdə Məhkəmə hesab edir ki, ərizəçi üçün belə icraat kontekstində cinayət ittihamı və ya mülki hüquqla bağlı risk yoxdur. Buna müvafiq olaraq, şikayətin bu hissəsi də ratione materiae qəbuledilməzdir və Konvensiyanın 35-ci Maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
333. Nəhayət, ərizəçinin hüquqi vasitələrlə bağlı məlumatlandırmadığına və pulsuz hüquqi yardımla təmin edilmədiyinə dair şikayətlərinə gəldikdə, hüquqi yardımçılıq müqabilində ödəniş almaq Kiprdə qadağan edildiyinə görə Məhkəmə hesab edir ki, bu şikayətlər də ərizəçinin Konvensiyanın 2-ci Maddəsinə əsasən şikayətinə aiddir və xatırladır ki, onlara həmin kontekstdə baxılmalıdır (bax yuxarıda 240-cı bənd). Buna görə də bu şərtlər daxilində 6-cı maddəyə uyğun olaraq hər hansı ayrıca məsələ qaldırmanın nə dərəcədə zəruri olduğunu müəyyən etməyə ehtiyac yoxdur.
334. Buna müvafiq olaraq, 6-cı Maddənin 1-ci bəndinə əsasən şikayətlər qəbuledilməz elan edilməli və Konvensiyanın 35-ci Maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
VIII. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
335. Ərizəçi eyni zamanda Konvensiyanın 8-ci Maddəsinə də istinad etmişdir. Maddədə deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”
336. Ərizəçi Konvensiyanın 6-cı Maddəsinə əsasən şikayəti ilə bağlı başqa heç bir detal təqdim etməmişdir. İxtiyarında olan bütün materiallara və şikayət edilmiş məsələlərlə bağlı araşdırma aparmaq səlahiyyətinə dayanaraq Məhkəmə hesab edir ki, bu şikayətdə Konvensiyada və ya onun Protokollarında təsbit edilmiş hüquqların pozuntusuna dəlalət edən heç bir əlamət yoxdur. Buna görə də şikayət Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndinə əsasən qəbuledilməz hesab edilməlidir.
IX. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
337. Konvesiyanın 41-ci Maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir..”Ziyan
1. Tərəflərin təqdimatları
338. Ərizəçi onun qızının ölümü ilə bağlı meydana gələn mənəvi ziyana görə 100,000 avro tələb etmişdir. O, hazırkı işdəki pozuntuların ciddi xarakter daşıdığını və qızının ailənin yeganə gəlir gətirən üzvü olduğu faktına istinad etmişdir. O, eyni zamanda qızının ölümü ilə ona dəymiş emosional sarsıntını və daha sonra təqsirli olanları məsuliyyətə cəlb etmək üçün göstərdiyi səyləri vurğulamışdır.
339. Kipr Hökuməti iddia etmişdir ki, Məhkəmənin presedent hüququna əsasən tələb edilən məbləğ həddindən artıqdır. Onlar daha sonra qeyd etmişlər ki, ərizəçi maddi cəhətdən qızından asılı olduğuna dair heç bir sübut gətirməmişdir. Öz birtərəfli bəyanatında (bax yuxarıda 187-ci bənd) onlar ərizəçiyə dəymiş maddi və mənəvi ziyana görə xərclər və rüsumlar da daxil olmaqla 37,300 avro və ya Məhkəmə tərəfindən müəyyən edilən məbləği ödəməyi təklif etmişlər.
340. Rusiya Hökuməti təqdim etmişdir ki, hər hansı maddi ziyan ərizəçinin qızının təhlükəsizliyini təmin edə bilməyən və onun ölümü ilə bağlı effektiv araşdırma aparmayan Dövlət tərəfindən ödənilməlidir. Onlar qeyd etmişdirlər ki, ərizəçinin 2-ci Maddə ilə bağlı substantiv şikayəti ilə bağlı onlar cavabdeh dövlət deyildirlər.
2. Məhkəmənin qiymətləndirməsi
341. Məhkəmə qeyd edir ki, maddi dəstəyin itirilməsinə dair tələb daha uyğun olaraq maddi ziyan və ya itki kimi nəzərdən keçirilməlidir. Bu baxımdan, Məhkəmə təkrar edir ki, ərizəçinin tələb etdiyi ziyan və Konvensiyanın pozuntusu arasında daha aydın səbəbi-əlaqə olmalıdır və buraya uyğun şəraitdə qazancın itirilməsinə görə kompensasiya da daxil edilə bilər (bax, digər məsələlərlə yanaşı (inter alia), Aktaş Turkiyəyə qarşı (Aktaş v. Turkey, no. 24351/94, § 352, ECHR 2003‑V (çıxarışlar)). Hazırkı işdə Məhkəmə Kiprin x-m Rantsevanın ölümündə cavabdeh olduğunu müəyyən etmişdir və qərara almışdır ki, hazırkı işdə maddi deyil, 2-ci Maddənin prosedur pozuntusu baş vermişdir. Buna müvafiq olaraq, Məhkəmə ərizəçiyə x-m Rantsevanın ölümündən irəli gələn hər hansı maddi ziyanla bağlı kompensasiya ödəməyin zəruri olduğunu hesab etmir.
342. Mənəvi ziyana gəldikdə, Məhkəmə aşkar etmişdir ki, Kipr hakimiyyət dairələri x-m Rantsevanı insan alverindən qorumaq üçün tədbirlər görməyiblər və onun insan alverinin qurbanı olub-olmadığını araşdırmayıblar. Məhkəmə daha sonra müəyyən etmişdir ki, Kipr hakimiyyəti x-m Rantsevanın ölümü ilə bağlı effektiv araşdırma aparmayıblar. Buna müvafiq olaraq, Məhkəmə belə qənaətə gəlir ki, ərizəçiyə x-m Rantsevanın izah edilməyən şərtlər altında həyatını itirməsi və Kipr Hökumətinin onu insan alveri və istismardan qorumaq üçün tədbirlər görməməsi və onun hansı şəraitdə Kiprə gəlməsi və orada qalması ilə bağlı araşdırma aparmaması səbəbiylə sarsıntı və stressdən əziyyət çəkən insan kimi münasibət bəslənməlidir. Bərabər əsasda qərar çıxararaq Məhkəmə Kipr hakimiyyətinin davranışları nəticəsində ərizəçiyə dəyən ziyan müqabilində 40 000 avro və həmin məbləğdən tutula biləcək vergilərin ödənilməsini müəyyən edir.
343. Məhkəmə Rusiya ilə bağlı 4-cü Maddənin prosedur pozuntusunu aşkar etdiyini xatırladır. Bərabər əsasda qərar çıxararaq Məhkəmə Rusiya hakimiyyətinin davranışları nəticəsində ərizəçiyə dəyən mənəvi ziyan müqabilində 2 000 avro və həmin məbləğdən tutula biləcək bütün vergilərin ödənilməsini müəyyən edir.Xərclər
1. Tərəflərin təqdimatları
344. Ərizəçi təqribən 485,480 Rus Rublu (RUB) məbləğində çəkilən xərclərin geri qaytarılmasını xahiş etmişdir ki, buraya da yol xərcləri, sənədlərin surətinin çıxarılması, tərcümə və notariat xərcləri daxildir. Bu məbləğə bundan əlavə onun Rusiyada evini satması da daxil idi, belə ki, o, lazımı vəsaiti əldə etmək üçün bunun zəruri olduğunu qeyd edir; təqribən 46,310 rubl məbləğində dəfn xərcləri; və 2008-ci ildə Kiprdə insan alveri ilə bağlı keçirilən konfransda iştirak etmək üçün tələb olunan 26,661 rubl. Müvafiq qəbzlər təqdim olunub.
345. Kipr Hökuməti iddia etmişdir ki, ərizəçi yalnız Konvensiyanın müddəalarının pozuntusunu aradan qaldırmaq və ya həmin pozuntunun qarşısını almaq məqsədilə meydana gələn, ağlabatan məbləğdə olan və sözügedən pozuntu ilə səbəbi-əlaqədə olan xərcləri tələb edə bilər. Özü-özlüyündə onlar ərizəçinin evini satması ilə bağlı tələb etdiyi 233,600 rulbu, 2008-ci ildə konfransda iştirak etməsi üçün tələb edilmiş məbləği və barəsində qəbz təqdim edilməyən və ya ağlabatan məbləğdə olmayan ödəniş və xərcləri mübahisələndirmişlər.
346. Rusiya Hökuməti iddia etmişdir ki, ərizəçi öz evini satıb Kiprə gəlməli olduğu ilə bağlı iddiaları əsaslandıra bilməyib. Xüsusilə, onlar qeyd etmişlər ki, ərizəçi Rusiyanın müvafiq hüquq-mühafizə orqanlarına müraciət edərək Kipr hökumətindən lazımi sənədləri və dəlilləri tələb edə və Kiprdə vəkili təlimatlandıra bilərdi. Rusiya Hökuməti ərizəçinin 2008-ci ildə konfransda iştirakı ilə bağlı xərcləri mübahisələndirmişdir belə ki, onlar x-m Rantsevanın ölümünün istintaqı ilə birbaşa əlaqəli deyildi.
2. Məhkəmənin qiymətləndirməsi
347. Məhkəmə xatırladır ki, ərizəçi həqiqətən və zəruri olaraq çəkildiyi nümayiş etdirilən və ağlabatan kəmiyyətdə olan xərclərin və ödənişlərin geri qaytarılma hüququna malikdir. Hazırkı işdə ərizəçinin evini satması ilə bağlı itirdiyi gəlirə və ya 2008-ci ildə Kiprdə konfransda iştirak etmək üçün xərclədiyi yol məsrəflərinə görə vəsait tələb etmək hüququ yoxdur, belə ki, həmin xərclər birbaşa olaraq x-m Rantsevanın ölümü ilə əlaqədar deyil. Bundan əlavə, Məhkəmə xatırladır ki, o, 2-ci Maddənin yalnız prosedur pozuntusunu aşkar edib. Buna müvafiq olaraq, ərizəçinin dəfn xərclərinə görə vəsait tələb etmək hüququ da yoxdur.
348. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçiyə xərclər və ödənişlər müqabilində 4 000 avro üstəgəl həmin məbləğdən tutulmalı olan bütün vergilər ödənilməli və buradan Avropa Şurasından hüquqi yardım qismində alınmış 850 avro çıxılmalıdır. Hazırkı işin halları daxilində Məhkəmə hesab edir ki, xərclər və məsrəflərin Kipr tərəfindən ödənilməsi uyğundur.
C. İcranın gecikdirilməsinə görə faiz
349. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1.Kipr Hökumətinin ərizəni siyahıdan çıxarmaqla bağlı müraciətini rədd edir;
2.Rusiya Hökumətinin Konvensiyanın 4-cü Maddəsi ilə bağlı ratione materiae etirazını işin halları ilə birləşdirməyi qərara alır və onu rədd edir;
3.2, 3, 4 və 5-ci Maddələrə əsasən şikayətləri qəbuledilən, ərizənin yerdə qalan hissəsini isə qəbuledilməz elan edir.
4.Kipr hakimiyyət orqanlarının x-m Rantsevanın Konvensiyanın 2-ci Maddəsinə uyğun olaraq yaşamaq hüququnu qorumaqla bağlı pozitiv öhdəliyinin heç bir pozuntusu olmadığını müəyyən edir;
5. Müəyyən edir ki, Kipr tərəfindən Konvensiyanın 2-ci Maddəsinin prosedur pozuntusu baş vermişdir, belə ki, x-m Rantsevanın ölümü ilə bağlı effektiv araşdırma aparılmayıb;
6. Müəyyən edir ki, Rusiya tərəfindən Konvensiyanın 2-ci Maddəsinin pozuntusu baş verməyib;
7.Ərizəçinin Konvensiyanın 3-cü Maddəsinə əsasən şikayətinə ayrıca baxmağın zəruri olmadığını müəyyən edir;
8. Müəyyən edir ki, Kipr x-m Rantsevanı ümumilikdə insan alverinə və istismara qarşı praktiki və effektiv qoruma ilə təmin etməməklə və onu qorumaq üçün xüsusi tədbirlər görməməklə Konvensiyanın 4-cü Maddəsinin pozuntusuna yol vermişdir;
9.4-cü Maddənin Kiprin effektiv araşdırma aparmamağa davam etməsi ilə meydana gələn iddia edilən pozuntusunu ayrıca araşdırmağa ehtiyac olmadığını müəyyən edir;
10.Müəyyən edir ki, Rusiya tərəfindən x-m Rantsevanı insan alverindən qorumaq məqsədilə əməliyyat tədbirləri görmək baxımından Konvensiyanın 4-cü maddəsinə uyğun olaraq pozitiv öhdəliyini pozması halı baş verməmiş;
11. Müəyyən edir ki, Rusiya tərəfindən Konvensiyanın 4-cü Maddəsində nəzərdə tutulmuş prosedur öhdəliklərinin pozuntusu baş vermişdir;
12. Müəyyən edir ki, Kipr tərəfindən Konvensiyanın 5-ci Maddəsinin pozuntusu baş vermişdir;
13. Müəyyən edir ki
(a) qərarın Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə əsasən yekun qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində Kipr Hökuməti ərizəçiyə mənəvi ziyana görə 40 000 (qırx min) avro və xərclər və məsrəflərlə müqabilində isə 3 150 (üç min yüz əlli) avro məbləğini və həmin məbləğlərdən tutula biləcək bütün vergiləri ödəməlidir;
(b) qərarın Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə əsasən yekun qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində Rusiya Hökuməti ərizəçiyə mənəvi zərərə görə 2 000 (iki min avro) ödəməli, həmin məbləğ hesablaşma günü olan məzənnə ilə rus rubluna çevrilməli və ona həmin məbləğə tətbiq edilən bütün vergilər əlavə olunmalıdır;
(c) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan hesablaşma gününədək adi faiz yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
14. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 7 yanvar 2010-cu ildə göndərilib.
Søren NielsenChristos Rozakis
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy