© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Rantsev Kiprə və Rusiyaya qarşı (Rantsev v. Cyprus and Russia), ərizə № 25965/04
07.01.2010-cu il tarixli qərar [I Bölmə]
Rantsev Kiprə və Rusiyaya qarşı (Rantsev v. Cyprus and Russia), ərizə № 25965/04
07.01.2010-cu il tarixli qərar [I Bölmə]
Maddə 4
İnsan alveri: 4-cü maddə bu işə tətbiq edilə bilər
Kiprin insan alverinə qarşı mübarizə üçün adekvat hüquqi baza yaratmaması və ya insan alveri qurbanlarının müdafiəsi üçün əməli tədbirlər görməməsi: pozuntu baş verib
Öz ərazisində gənc qadının insan alverçiləri tərəfindən insan alverinə cəlb olunması ilə bağlı Rusiyanın səmərəli araşdırma aparmaması: pozuntu baş verib
Maddə 1
Dövlətlərin yurisdiksiyası
Beynəlxalq insan alverinə aid işlərdə Məhkəmənin səlahiyyət hüdudları
Maddə 2
2-ci maddənin 1-ci bəndi
Səmərəli araşdırma aparmaq vəzifəsi
İnsan ölümü ilə bağlı Kiprin dövlət orqanları tərəfindən səmərəli araşdırma aparılmaması və xüsusən qarşılıqlı yardım haqqında beynəlxalq konvensiya əsasında müvafiq sübutların təmin edilməməsi: pozuntu baş verib
Faktlar – Ərizəçinin qızı, Rusiya vətəndaşı olan xanım Rantseva 2001-ci ilin martında Kiprdə naməlum şəraitdə şəxsi evin pəncərəsindən yerə yıxılaraq öldü. O, bundan bir neçə gün əvvəl Kiprə artist vizası ilə gəlmişdi, amma gəldikdən az sonra işini və yaşayış yerini tərk etdi və orada qoyduğu kağızda qeyd etdi ki, Rusiyaya qayıtmaq istəyir. Bir neçə gündən sonra Rantsevanı diskotekada tapan kabare müdiri onu saat 4.00 radələrində mərkəzi polis bölməsinə gətirdi və qanunsuz immiqrant kimi saxlanılmasını xahiş etdi. Polis immiqrasiya orqanı ilə əlaqə saxladı, oradan isə belə təlimat verdilər ki, Rantseva saxlanıla bilməz və Rantsevaya görə cavabdeh olan onun işəgötürəni onu polis bölməsindən götürməli və saat 7.00-da immiqrasiya idarəsinə gətirməlidir. Kabare müdiri saat 5.20 radələrində Ranstevanı bölmədən götürdü və özünün qaldığı şəxsi evə apardı. Saat 6.30 radələrində Rantsevanın cəsədi evin yanında küçədə aşkar edildi. Eyvanın məhəccərinə yataq örtüyü bağlanmışdı.
Kiprdə aparılmış təhqiqat nəticəsində bu qənaətə gəlindi ki, Rantseva qonaq olduğu mənzildən qaçmağa cəhd edərkən bədbəxt hadisəyə bənzər şəraitdə ölüb, amma cinayət baş verdiyi barədə sübut yoxdur. Cəsəd Rusiyaya gətirildikdən Rusiyanın hakimiyyət orqanları tərəfindən aparılmış patoloji anatomiya müayinəsi təhqiqatın nəticələrinin qaneedici olmadığını göstərsə də, Kiprin hakimiyyət orqanları təhqiqatın rəyinin qəti olduğunu bildirdilər və Rusiyanın hakimiyyət orqanları cinayət baş verdiyinə dair sübut təqdim etməyənə qədər əlavə araşdırma aparmaqdan imtina etdilər. Rusiyanın və Kiprin hakimiyyət orqanları Rusiyada yaşayan iki gənc qadının dindirilməsi üçün heç bir tədbir görmədilər, ərizəçinin məlumatlarına görə həmin qadınlar onun qızı ilə kabaredə işləmişdilər və orada baş vermiş seksual istismar faktını təsdiq edə bilərdilər.
2009-cu ilin aprelində Kiprin hakimiyyət orqanları Konvensiyanın 2, 3, 4, 5 və 6-cı maddələrinin pozulduğunu etiraf edən birtərəfli bəyanat verərək ərizəçiyə kompensasiya ödəməyi təklif etdilər və məlumat verdilər ki, xanım Rantsevanın Kiprdə ölümünün, habelə orada işə düzəlməsinin və qalmasının hallarının araşdırılması üçün müstəqil ekspertlər təyin olunub.
Kiprin ombudsmanı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş məruzələrdə Kiprdə kommersiya məqsədli seksual istismar üçün insan alveri geniş yayıldığı göstərilir və insan alverinə şərait yaradılmasında kabare sənayesinin və "artist vizalarının" rolu qeyd edilirdi.
Hüquqi məsələlər – 37-ci maddənin 1-ci bəndi: Məhkəmə ərizənin baxılmalı işlərin siyahısından çıxarılması barədə Hökumətin vəsatətini rədd etdi. O, bu qənaətə gəldi ki, Konvensiyanın pozulduğunu etiraf edən birtərəfli bəyanatın verilməsinə baxmayaraq, ərizədəki iddiaların ciddi xarakter daşıması, Kiprdə insan alveri və seksual istismar probleminin kəskin xarakteri, Konvensiyanın 4-cü maddəsinin insan alveri ilə əlaqədar şərhi və tətbiqi məsələsinə aid yetərli presedent hüququnun olmadığı nəzərə alınarsa, bütövlükdə insan hüquqlarına hörmətin təmin edilməsi işin araşdırılmasını davam etdirməyi tələb edir.
Nəticə: ərizə baxılmalı işlərin siyahısından çıxarılmalı deyil (yekdilliklə).
Maddə 1: Məkan meyarına (ratione loci) görə yurisdiksiya – Məhkəmə Rusiya Hökumətinin bu arqumentini qəbul etmədi ki, şikayət üçün əsas təşkil edən hadisələr Rusiyanın yurisdiksiyasına aid deyil və buna görə də Rusiya həmin hadisələrə görə məsuliyyət daşıya bilməz. İddia edilən insan alveri əvvəlcə Rusiyada başlandığına görə Məhkəmə bu məsələni araşdırmaq səlahiyyətinə malikdir ki, Rusiya ərizəçinin qızını insan alverindən qorumaq, bu barədə iddiaları və onun ölümünə səbəb olmuş halları araşdırmaq və bu məqsədlə konkret olaraq Rusiyada yaşayan şahidləri dindirmək üçün öz ərazi suverenliyinin hüdudları çərçivəsində nə kimi tədbirlər görə bilərdi.
Nəticə: Rusiya Hökumətinin ilkin etirazı rədd edildi (yekdilliklə).
Maddə 2: a) Kipr – i) 2-ci maddənin substantiv (maddi-hüquqi) aspekti: İnsan alverinin və istismarın qurbanı olan şəxslərin çox vaxt pis şəraitdə yaşamaq və işləmək məcburiyyətində qalması və işəgötürənləri tərəfindən zorakılığa və qəddar rəftara məruz qalması şübhə doğurmasa da, ümumən qəddar rəftar və zorakılıq təhlükəsinin mövcudluğu qurbanların həyatlarına real və birbaşa təhlükə yaratmır. Hazırkı işdə hətta polis Rantsevanın insan alveri qurbanı olduğunu anlamağa borclu olsa belə, polis bölməsində olduğu zaman onun həyatına qarşı real və birbaşa təhlükənin mövcud olduğunu göstərən əlamətlər yox idi və onu azad edərkən polis kabare müdirinin ixtiyarına verdikdə hadisələrin sonrakı gedişatının onun ölümünə gətirib çıxaracağını öncədən görə bilməzdi. Müvafiq olaraq, qurbanın həyatına qarşı təhlükəni aradan qaldırmaq üçün operativ tədbir görmək öhdəliyi mövcud deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
ii) 2-ci maddənin prosessual aspekti: Ölümlə əlaqədar Kiprin hakimiyyət orqanları tərəfindən aparılmış araşdırma bir çox cəhətdən qeyri-qənaətbəxş idi; sübutlar arasındakı uyğunsuzluqlar aradan qaldırılmamışdı; şahidlər dindirilməmişdi; polis bölməsində baş vermiş hadisələrin və konkret olaraq polislərin korrupsiyaya yol verib-verməməsinin araşdırılması üçün görülən tədbirlər yetərli deyildi; ərizəçi araşdırmada faktiki iştirak etmək imkanına malik deyildi; Kiprin hakimiyyət orqanları Rusiyanın yardım barədə təklifini rədd etmişdilər, halbuki bu yardım iki mühüm şahidin ifadələrini almağa imkan verə bilərdi. Məhkəmə bu sonuncu məsələyə aydınlıq gətirərək bildirdi ki, işə aid sübutların onların ərazisində olub-olmamasından asılı olmayaraq iştirakçı dövlətlər həmin sübutların əldə edilməsi üçün zəruri və mümkün olan tədbirləri görməyə borcludurlar və xüsusən hər iki dövlətin cinayət işlərində bir-birinə hüquqi yardım göstərmək barədə konvensiyanın iştirakçısı olduğu halda bunu etməlidirlər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Rusiya – 2-ci maddənin prosessual aspekti: 2-ci maddə heç də tələb etmir ki, vətəndaşlarının xaricdə baş vermiş ölümünə aid işlərdə iştirakçı dövlət universal yurisdiksiyaya malik olmalıdır. Buna görə də Rusiyanın hakimiyyət orqanları xanım Rantsevanın Kiprdəki ölümünün araşdırılması ilə bağlı müstəqil öhdəlik daşımırdılar. Ərazisində sübutların olduğu dövlət kimi Rusiyanın araşdırma aparan dövlətə (Kiprə) hüquqi yardım göstərmək öhdəliyinə gəlincə, Rusiyanın hakimiyyət orqanları Kiprin hakimiyyət orqanlarından müraciət daxil olmadığı halda öz təşəbbüsləri iki rusiyalı şahidin ifadələrinin alınmasını təmin etmək üçün tədbir görməyə borclu deyildilər. Nəhayət, Rusiyanın hakimiyyət orqanlarının cinayət işi başlanmasını tələb etmədikləri barədə ərizəçinin şikayətinə gəlincə, Məhkəmə qeyd etdi ki, onlar Kiprin hakimiyyət orqanları tərəfindən tədbir görülməsinə nail olma üçün hüquqi yardım haqqında müvafiq sazişlərin yaratdığı imkanlardan dəfələrlə və geniş şəkildə istifadə etmişdilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 4: a) 4-cü maddənin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Bu işdə köləlik, yaxud məcburi və ya icbari əmək məsələsi olmadığına görə Konvensiyanın 4-cü maddəsi üzrə şikayətin mahiyyət meyarına görə (ratione materiae) qəbul edilməyən olduğu barədə Rusiya hökumətinin arqumentinə cavab olaraq Məhkəmə qeyd etdi ki, bütün dünyada təsadüf edilən insan alveri son illər xüsusilə geniş yayılıb. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT Konvensiyasına əlavə olunmuş İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, kökünün kəsilməsi və cəzalandırılması haqqında 2000-ci il tarixli Protokolun ("Palermo Protokolu") və İnsan alverinə qarşı mübarizə tədbirləri haqqında 2005-ci il tarixli Avropa Şurası Konvensiyasının müddəaları insan alverinin yayılması faktının və onunla mübarizənin zəruriliyinin beynəlxalq aləmdə getdikcə daha çox etiraf edildiyini nümayiş etdirdi. Beləliklə, insan alverinin Konvensiyanın 4-cü maddəsinin ruhuna və məqsədinə zidd olub-olmadığını araşdırmaq məqsədəuyğundur. Təbiətinə və məqsədinə görə insan alveri mülkiyyət hüququna xas olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. İnsan alverçiləri insana əmtəə kimi baxırlar, elə bir əmtəə ki, onu almaq, satmaq və adətən seks sənayesində, lakin həm də digər yerlərdə işləməyə məcbur etmək olar, özü də bu işə görə ya az zəhmət haqqı verilir, ya da ümumiyyətlə heç bir haqq verilmir. İnsan alveri qurbanların fəaliyyətinə ciddi nəzarət edilməsini nəzərdə tutur, belə ki, çox vaxt onların hərəkətləri məhdudlaşdırılır. İnsan alveri həmçinin qeyri-qənaətbəxş şəraitdə yaşayan və işləyən bu cür şəxslərə qarşı zorakılıqdan və təhdidlərdən istifadəni özündə ehtiva edir. Şübhə edilməməlidir ki, insan alveri insanın ləyaqətinə və qurbanların əsas azadlıqlarına qarşı təhlükə təşkil edir və demokratik cəmiyyətlə və Konvensiyada əks olunmuş dəyərlərlə bir araya sığan hal sayıla bilməz. Məhkəmə Konvensiyanı müasir dövrün tələblərinə uyğun şəkildə şərh etmək vəzifəsini nəzərə alaraq, ərizəçinin şikayət etdiyi rəftarın "köləlik", yaxud "məcburi və ya icbari əmək" təşkil edib-etmədiyini müəyyənləşdirməyi zəruri hesab etmir. Belə ki, Palermo Protokolunun 3-cü maddəsinin "a" bəndində və İnsan alverinə qarşı Konvensiyanın 4-cü maddəsinin "a" bəndində nəzərdə tutulan mənada insan alveri Avropa Konvensiyasının 4-cü maddəsinin tətbiq dairəsinə düşür.
Nəticə: Rusiya hökumətinin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Pozitiv öhdəliklərə riayət edilib-edilməməsi məsələsi: Palermo Protokolunun və İnsan alverinə qarşı Konvensiyanın müddəalarından aydın görünür ki, iştirakçı dövlətlər insan alveri ilə mübarizədə yalnız müxtəlif tədbirlərin birgə tətbiqinin səmərəli ola biləcəyini hesab edirlər. Buradan da dövlətlərin insan alverinə qarşı mübarizə aparmaq, qurbanları və potensial qurbanları müdafiə etmək və insan alverində iştirak edənləri məsuliyyətə cəlb etmək və cəzalandırmaqdan ibarət pozitiv öhdəlikləri meydana çıxır. Cəzalandırma məsələsinə gəlincə, insan alverinin xüsusiyyəti ondan ibarətdir ki, bir çox hallarda bu əməl bir dövlətin ərazisi ilə məhdudlaşmır. Çox vaxt qurbanlar bir dövlətdən başqa dövlətə aparılırlar. Müvafiq sübutlar və şahidlər bir neçə dövlətin ərazisində ola bilər. Bu səbəbdən öz ərazilərində baş vermiş hadisələrlə bağlı milli səviyyədə araşdırma aparmaq vəzifəsindən əlavə, iştirakçı dövlətlər mənşə, tranzit və təyinat ölkələrində insan alverinə əhatəli beynəlxalq yanaşmanı təmin etmək məqsədi ilə sərhədlərarası insan alverinin araşdırılmasında bu məsələyə aidiyyəti olan digər dövlətlərlə səmərəli əməkdaşlıq etmək vəzifəsini də daşıyırlar.
i) Kiprin pozitiv öhdəliklərinə riayət edib-etməməsi məsələsi: Kipr Konvensiyanın 4-cü maddəsindən irəli gələn pozitiv öhdəliklərinə iki cəhətdən riayət etməyib: birincisi, o, insan alverinə qarşı mübarizə üçün adekvat hüquqi və inzibati baza yaratmayıb və ikincisi, polis xanım Rantsevanı insan alverindən müdafiə etmək üçün lazımi operativ tədbirlər görməyib. (Kiprin Konvensiyanın 2-ci maddəsi üzrə daşıdığı ümumi öhdəliklər onun insan alverinin araşdırılması üzrə prosessual öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsini tam əhatə edir, buna görə də bu məsələyə ayrıca baxmağa ehtiyac yoxdur.)
Yuxarıdakı birinci məsələyə gəlincə, insan alverinə dair milli qanunvericilik özlüyündə hər hansı ciddi narahatlıq doğurmasa da, həm Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, həm də Kipr ombudsmanı "artist vizaları" rejimini tənqid ediblər, onların fikrincə, bu rejim Kiprə insan alveri təhlükəsinə məruz qala biləcək gənc əcnəbi qadınların gətirilməsinə şərait yaradır. Bundan başqa, artist qadının iş yerini tərk etməsi barədə dövlət orqanlarını məlumatlandırmaq tələbi immiqrasiyaya nəzarət məqsədləri üçün qanuni tələb olsa da, immiqrasiya məsələlərinə aid funksiyalarını yerinə yetirmək vəzifəsi dövlətlərin üzərindən götürülmür. Kabare sahiblərinin və müdirlərinin artistlərin hərəkətlərini izləməsinə və onlara görə şəxsən məsuliyyət daşımasına şərait yaradan tədbirlər qəbuledilməzdir, kabare sahiblərindən və müdirlərindən artistlərin gətirilməsi ilə bağlı gələcək potensial xərcləri ödəmək üçün bank əmanətinin tələb edilməsi praktikası isə xüsusi narahatlıq doğurur. Bu amillər Rantsevanın işində xüsusi rol oynadı. Beləliklə, artist vizaları rejimi Rantsevanın insan alverindən və istismardan praktiki və səmərəli müdafiəsini təmin etməyib.
Yuxarıdakı ikinci məsələyə gəlincə, dövlət xanım Rantsevanın müdafiəsi üçün tədbirlər görməkdən ibarət pozitiv öhdəlik daşıyırdı, çünki onun real və birbaşa insan alveri və istismar təhlükəsinə məruz qaldığını göstərən bir sıra əlamətlər vardı ki, onlar polisdə əsaslı şübhə doğurmalı idi. Polis onun insan alverinə məruz qalıb-qalmaması ilə bağlı dərhal əlavə araşdırma aparmamaqla və onu azad etmək əvəzinə kabare müdirinin ixtiyarına verməklə qanunla müəyyən olunmuş vəzifəsini, yəni qurbanı müdafiə etmək vəzifəsini yerinə yetirmədi.
Nəticə: pozuntular baş verib (yekdilliklə).
ii) Rusiyanın pozitiv öhdəliklərinə riayət edib-etməməsi məsələsi: Məhkəmə müəyyən etdi ki, bu işdə müvafiq qanunvericilik bazasının və inzibati bazanın yaradılması və qoruyucu tədbirlərin görülməsi ilə bağlı pozitiv öhdəliklərə riayət edilməsi məsələsində Konvensiyanın 4-cü maddəsinin tələbləri Rusiya tərəfindən pozulmayıb. Rusiyada səmərəli araşdırma aparılmasının zəruriliyinə gəlincə, Rusiyanın hakimiyyət orqanları Rantsevanın Kipr kabaresindəki işə götürülməsi məsələsi ilə bağlı səmərəli araşdırma aparmaq imkanına tamamilə malik idilər, çünki onun bu işə götürülməsi öncə Rusiya ərazisində baş vermişdi. Amma belə araşdırma aparılmadı. Xanım Rantsevanın Rusiyadan müəmmalı şəraitdə çıxarıldığını və sonra öldüyünü nəzərə alsaq, belə araşdırmanın aparılmaması ciddi səhv idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 5: Xanım Rantsevanın polis bölməsində və daha sonra mənzildə saxlanılması azadlıqdan məhrumetmə təşkil edirdi. Belə güman olar ki, öncə o, immiqrasiya statusunun yoxlanılmasını təmin etmək məqsədi ilə saxlanılmışdı, amma bununla belə, onun sənədlərinin qaydasında olduğunu müəyyənləşdirdikdən sonra polislərin onu bölmədə saxlamaqda davam etməsi və ya kabare müdirinin ixtiyarına verməsi üçün milli qanunvericilikdə əsas yox idi. Kipr həmçinin xanım Rantsevanın mənzildə saxlanılmasına görə də məsuliyyət daşıyırdı, çünki məlum idi ki, onun fiziki şəxs tərəfindən orada saxlanılması polisin aktiv əməkdaşlığı olmadan mümkün deyildi. Onun mənzildə saxlanılması əsassız və qanunsuz idi.
Nəticə: Kipr tərəfindən pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə Kipr ərizəçiyə 40.000 avro, Rusiya isə 2.000 avro ödəməlidir.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy