Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 195
Aprel 2016-cı il
***
R.B. Macarıstana qarşı – ərizə № 64602/12
12.4.2016 tarixli qərar [IV Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Qaraçı mənşəli qadına ünvanlanmış irqçi xarakterli təhqirlərin lazımi qaydada araşdırılmaması: pozuntu baş verib
Faktlar – 2011-ci ildə bir neçə sağçı qrup qaraçı mənşəli ərizəçinin yaşadığı Dyöndyöşpata (Gyöngyöspata) kəndində qaraçılar əleyhinə mitinq təşkil etdi. Mitinq zamanı dörd nəfər öz bağında uşağı və bir neçə tanışı ilə birlikdə olan ərizəçinin ünvanına irqçi xarakterli təhqirlər səsləndirdilər və onu balta ilə hədələdilər. Ərizəçi insidentlə bağlı cinayət işi başlanması üçün şikayət ərizəsi verdi. Lakin bunun ardınca başlanmış araşdırmalara son nəticədə xitam verildi.
Hüquqi məsələlər – Maddə 8: Qaraçılar əleyhinə mitinq zamanı ərizəçiyə ünvanlanan təhqirlərin səsləndirilməsi onun etnik azlığa mənsub olması səbəbindən baş vermişdi. Bu, şübhəsiz ki, onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına etnik mənsubiyyəti ilə əlaqədar olaraq təsir göstərə bilən davranış idi.
Zorakı insidentləri araşdırarkən dövlət orqanları əlavə olaraq Konvensiyanın 3-cü maddəsinə əsasən hər hansı irqçi motivləri aşkara çıxarmaq və etnik nifrətin və ya qərəzli niyyətin hadisələrdə rol oynayıb-oynamadığını müəyyənləşdirmək üçün bütün ağlabatan tədbirləri görmək öhdəliyini daşıyırlar. Bundan başqa, yetkinlik yaşına çatmayanlara fiziki xəsarətlər yetirmə və şifahi təhqirlər səsləndirmə kimi zorakılıq aktları cinayət əməlinə qarşı müdafiə sahəsində dövlətlər tərəfindən Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq adekvat pozitiv tədbirlər görülməsini tələb edə bilər. Müvafiq olaraq, qərəzli niyyətdən irəli gəldiyi iddia edilən rəftar 3-cü maddənin tətbiqi üçün zəruri olan həddə çatmadığı, amma hazırkı işdə olduğu kimi ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyatının toxunulmazlığı hüququna müdaxilə təşkil etdiyi hallarda analoji öhdəlik yarana bilər.
Sözügedən təhqirlər və hərəkətlər qaraçılar əleyhinə mitinq zamanı baş vermişdi və bu təhqirləri səsləndirən və hərəkətləri edən açıq-aydın yarımhərbi sağçı qrupun üzvü idi. Beləliklə, ərizəçinin qaraçı mənşəli olması səbəbindən təhqirlərə və təhdidlərə məruz qaldığını düşünmək üçün əsaslar vardı. Müvafiq olaraq, dövlət hakimiyyəti orqanları tərəfindən konkret olaraq bu kontekstdə araşdırma aparılması və insidentin kökündə duran irqçi motivlərin üzə çıxarılması üçün bütün ağlabatan tədbirlərin görülməsi zəruri idi. İnsidentin kökündə duran ayrı-seçkiliyin səmərəli şəkildə araşdırılması olduqca önəmli idi, belə ki, bu, yeganə hal deyildi və ümumilikdə Dyöndyöşpatada qaraçı icmasına qarşı düşmənçilik münasibətinin tərkib hissəsi idi. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları bu təhqirin kökündə duran irqçi motivlərə tamamilə etinasız yanaşmışdılar. Bundan başqa, irqçi motivlərdən irəli gəldiyi iddia edilən təhqirə qarşı ərizəçi üçün münasib hüquqi müdafiə vasitəsi həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında nəzərdə tutulmamışdı.
Beləliklə, cavabdeh dövlətin bu işdə tətbiq edilmiş cinayət hüququ mexanizmləri onun Konvensiyanın 8-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərinin pozuntusu hesab ediləcək dərəcədə nöqsanlı idi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Məhkəmə Konvensiyanın 14-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş 3-cü maddəsindən irəli gələn pozitiv öhdəliklərin dövlət orqanları tərəfindən yerinə yetirilmədiyi barədə ərizəçinin şikayətini açıq-aydın əsassız hesab edərək rədd etdi, belə ki, ərizəçinin məruz qaldığı irqçi xarakterli təhqirlər Konvensiyanın 3-cü maddəsinin tətbiq edilə bilməsi üçün tələb olunan minimal sərtlik dərəcəsinə çatmamışdı.
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
(İrqçi motivlərdən irəli gəldiyi iddia edilən zorakılıqla əlaqədar olaraq 3-cü maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə əsasında baxılmış iş üçün bu mənbəyə də bax: Naçova və başqaları Bolqarıstana qarşı [BP], ərizələr № 43577/98 və 43579/98, 6 iyul 20015-ci il, 77 saylı Məlumat bülleteni; və daha ümumi məlumat üçün Qaraçılar və köçərilər mövzusunda tematik materiala bax)
Full & Egal Universal Law Academy