Redfirn (Redfearn) Birləşmiş Krallığa qarşı – ərizə № 47335/06
6.11.2012 tarixli qərar [IV Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
İşçiləri siyasi əqidələrinə və ya mənsubiyyətlərinə əsaslanan ayrı-seçkilikdən qorumaqdan ibarət pozitiv öhdəlik: pozuntu baş verib
Faktlar – Ərizəçi əsasən Asiya mənşəli əlilləri daşıyan özəl avtobusun sürücüsü idi. O, bu vəzifəsini saxlamaqla yanaşı, Britaniya Milli Partiyasının yerli müşaviri vəzifəsinə seçildi. Həmin dövrdə bu partiyanın üzvləri yalnız ağ dərili vətəndaşlar ola bilərdi. Müvafiq olaraq, ərizəçi yekunda işdən azad edildi, belə ki, onun sərnişinlər arasında təşviş hissinə səbəb ola biləcəyindən ehtiyatlanırdılar. Həmin vaxt qüvvədə olan daxili qanunvericiliyə əsasən, ərizəçi bir ildən az müddət ərzində işlədiyi üçün işdən haqsız olaraq çıxarıldığına görə məhkəmə işini yalnız o halda qaldıra bilərdi ki, işdən çıxarılması onun hamiləliyinə, irqi, cinsi və ya dini mənsubiyyətinə əsaslanmış olsun. Siyasi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia etmək imkanına malik olmayan ərizəçi daxili məhkəmələrdə irqi ayrı-seçkilik barəsində iddia qaldırdı, amma cəhdi uğursuz oldu.
Hüquqi məsələlər – 10-cu maddə ilə birlikdə götürülmüş halda 11-ci maddə: Məhkəmə təsdiq etdi ki, bəzi hallarda milli hakimiyyət orqanları birləşmək azadlığı hüququndan faktiki istifadə imkanını təmin etmək üçün fiziki şəxslər arasındakı münasibətlərə müdaxilə etməkdən ibarət pozitiv öhdəlik daşıyırlar. Əvvəllər ərizə barəsində heç bir şikayətin olmadığını və 56 yaşında onun başqa işə düzəlməsinin çətin olduğunu nəzərə alaraq, Məhkəmə razılaşdı ki, onun işdən çıxarılması Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının mahiyyətinə təsir göstərib. Əgər işdən haqsız olaraq azad edilməyə qarşı iddia qaldırmaq üçün bir illik sınaq müddəti tələb olunmasaydı, ərizəçi müvafiq hüquqi müdafiə vasitəsindən istifadə edə bilərdi. Beləliklə, məhkəmənin qarşısında duran əsas sual ondan ibarət idi ki, həmin sınaq müddətinin qoyulması ərizəçinin 11-ci maddədə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üçün əsaslı və münasib idimi?
Məhkəmə razılaşdı ki, sınaq müddətini əsaslandırmaq üçün irəli sürülən iqtisadi səbəblər (işdən haqsız azad edilmə barədə yeni işçilər tərəfindən iddia qaldırılmasının qarşısını almaqla milli əmək bazarının müdafiə edilməsi) prinsipcə əsaslı və münasibdir. Lakin demokratiyanın lazımi qaydada fəaliyyət göstərməsi üçün siyasi partiyaların əhəmiyyətini nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəldi ki, işçinin yalnız siyasi partiyaya üzvlüyü səbəbindən işdən azad edilməsinə icazə verən hüquqi sistem məhkəmə təminatlarının olmadığı bir şəraitdə potensial sui-istifadə hallarına yol açır. Müvafiq olaraq, dövlət ərizəçini işdən azad edilməsindən şikayət etmək imkanı ilə təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyırdı. İddia etmək olmaz ki, siyasi partiyaya üzvlük əsasında işdən azad edilməyə heç bir halda haqq qazandırıla bilməz, amma bunun üçün iş yerindəki stajdan asılı olmayaraq bu tədbirdən şikayət etmək imkanı həmişə mövcud olmalıdır.
Nəticə: pozuntu baş verib (dörd səsə qarşı on üç səslə).
Maddə 41: Ziyanla bağlı heç bir tələb irəli sürülmədi.
Full & Egal Universal Law Academy