Rusiya Respublikaçılar Partiyası Rusiyaya qarşı – ərizə № 12976/07
12.4.2011 tarixli qərar [I Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Üzvlərinin və regional bölmələrinin minimal sayı ilə bağlı qanunvericilik tələblərinə cavab vermədiyinə görə partiyanın ləğv edilməsi: pozuntular baş verib
Faktlar – Ərizəçi partiya 1990-cı ildə SSRİ Kommunist Partiyasının demokratik qanadının birləşməsi və sonra bu partiyadan ayrılması yolu ilə yaradılmışdı. O, 2002-ci ildə siyasi partiya kimi qeydiyyata alındı. 2006-cı ildə Ədliyyə Nazirliyi növbədənkənar qurultayın qərarı əsasında partiyanın ünvanında və rəhbərliyində baş vermiş dəyişiklikləri qeydiyyata almaqdan imtina edərək belə əsas gətirdi ki, partiya qurultayın qanuna və partiyanın nizamnaməsinə uyğun şəkildə keçirildiyini sübut edən sənədləri təqdim etməyib. Ərizəçi bu qərardan məhkəmələrə şikayət etdi, amma cəhdləri uğursuz oldu. Ayrıca icraatda Ali Məhkəmə ərizəçi partiyanın ləğv edilməsi barədə qərar çıxardı və belə əsas gətirdi ki, Nazirliyin yoxlaması nəticəsində müəyyən edilib ki, onun 500-dən çox üzvü olan regional bölmələrinin sayı kifayət qədər deyil və bütövlükdə üzvlərinin sayı qanunla müəyyən edilmiş 50.000 nəfərlik minimal səviyyəyə çatmır.
Hüquqi məsələlər – Maddə 11
a) Dəyişiklikləri qeydiyyata almaqdan imtina – Ərizəçi partiyanın yeni seçilmiş nümayəndələrini qeydiyyata almaqdan imtina etməklə dövlət orqanları onun gündəlik fəaliyyətlərinə ciddi çətinliklər yaratmış və beləliklə onun birləşmək azadlığına müdaxilə etmişdilər. Daxili qanunvericilikdə dəyişiklikləri qeydiyyata alma qaydasının təfsilatları nəzərdə tutulmamışdı. Dəyişiklikləri qeydiyyata aldırmaq istəyən siyasi partiyanın adi bildirişdən əlavə hansı sənədləri təqdim etməli olması orada göstərilməmişdi. Eləcə də qanunvericilikdə qeydiyyat orqanının onları yoxlamaq səlahiyyəti aydın şəkildə göstərilməmişdi. Ərizəçinin Nazirlik tərəfindən tələb edilən müəyyən sənədləri təqdim etməsi barədə tələbə haqq qazandırmaq üçün daxili məhkəmələr yalnız Nazirliyin dəyişiklikləri qeydiyyata almaqdan imtina etməsindən sonra qüvvəyə minmiş müddəaya istinad etmişdilər. Beləliklə, qeydiyyat orqanları tərəfindən görülmüş tədbirlər kifayət qədər aydın hüquqi əsasa malik deyildi.
Bu qənaət özü-özlüyündə 11-ci maddənin pozulmuş olduğunun müəyyən edilməsi üçün kifayət etsə də, Məhkəmə araşdırmanı davam etdirərək müdaxilənin ərizəçi partiyanın üzvlərinin hüquqlarını qorumaq üçün "demokratik cəmiyyətdə zəruri" olduğu barədə Hökumətin arqumentini nəzərdən keçirdi. O razılaşdı ki, ağlabatan hüquqi rəsmiyyətlərə riayət edilmədiyi və ya ciddi və uzunmüddətli təşkilatdaxili münaqişə baş verdiyi təqdirdə müəyyən hallarda dövlətin qiymətləndirmə sərbəstliyi assosiasiyanın (birliyin) daxili təşkilati strukturuna və fəaliyyətinə müdaxiləni özündə ehtiva edə bilər. Lakin dövlət orqanları müdaxilə edərkən assosiasiyanın öz nizamnaməsində nəzərdə tutulmuş hər bir ayrıca rəsmiyyətə riayət etməsini tələb edəcək dərəcədə uzağa getməməlidirlər. Qurultayların təşkil edilməsi qaydasını müəyyənləşdirmək və bu qaydaya riayət edilməsini təmin etmək dövlət orqanlarının deyil, assosiasiyanın öz işidir. 2005-ci ilin dekabrında keçirilmiş qurultayın təşkili ilə bağlı ərizəçi partiyanın üzvlərinin heç bir şikayəti olmadığı bir vəziyyətdə Məhkəmə əmin deyil ki, dövlət orqanlarının ərizəçinin daxili işlərinə müdaxiləsi onun üzvlərinin hüquqlarının müdafiəsi üçün zəruri idi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
b) Ləğv edilmə - Məhkəmə Hökumətin bu arqumentini rədd etdi ki, ərizəçi partiya ictimai birlik formasında yenidən təşkil oluna bilərdi və qeyd etdi ki, bu, onu əsas məqsədlərindən birini təşkil edən seçkidə iştirak etmək imkanından məhrum etmiş olardı. Məhkəmə etiraz edilən qanunvericilik tələblərinin məqsədinin milli təhlükəsizliyi qorumaqdan, iğtişaşın qarşısını almaqdan və digər şəxslərin hüquqlarını təmin etməkdən ibarət olması ilə razılaşmağa hazır olsa da, qeyd etdi ki, ərizəçi Rusiyanın ən yaşlı siyasi partiyalarından biri idi və onun demokratik partiya olmadığını güman etməyə əsas verən heç nə yox idi. Onun ləğv edilməsinin yeganə səbəbi minimal üzvlük və regional təmsilçilik tələblərinə cavab verməməsi idi.
i) Üzvlərin minimal sayı ilə bağlı tələb: Siyasi partiyaların müəyyən edilmiş minimal sayda üzvlərinin olması tələbi Avropa Şurasına üzv olan dövlətlər üçün naməlum tələb olmasa da, Rusiya qanunvericiliyində müəyyən edilmiş say həddi 2001-ci ildə artırılaraq 10.000 üzvdən 50.000 üzvə çatdırılmışdı ki, bu da Avropada ən yüksək hədd idi. Dövlət hakimiyyəti orqanları iddia etdilər ki, belə yüksək hədd həm dövlət büdcəsini seçki kampaniyaları dövründə qeyri-mütənasib məsrəflərdən qorumaq, həm də parlamentin həddən artıq fraksiyalara bölünməsinin qarşısını almaqla siyasi sistemin stabilliyinə şərait yaratmaq üçün zəruri idi. Məsrəflər məsələsinə gəlincə, Məhkəmə qeyd etdi ki, müəyyən sayda kiçik partiyaların mövcudluğu dövlət xəzinədarlığı üçün əhəmiyyətli maliyyə yükü təşkil etmirdi, belə ki, daxili qanunvericiliyə əsasən, seçkilərdə iştirak edən və səslərin 3 faizindən çoxunu qazanan partiyalar dövlət tərəfindən maliyyələşdirilmək hüququna malik idilər. Parlamentin həddən artıq fraksiyalara bölünməsinin qarşısını almaq məqsədinə gəlincə, buna Rusiyada tələb edilən 7 faizlik seçki baryerinin müəyyən edilməsi yolu ilə, habelə yalnız Dövlət Dumasında deputat yerlərinə malik olan və ya müəyyən sayda imzalar təqdim edən partiyaların seçkidə namizədlərini irəli sürə biləcəyini müəyyən edən qaydanın vasitəsilə nail olunmuşdu. Müvafiq olaraq, Məhkəmə əsassız dərəcədə yüksək sayda üzvlük tələbləri kimi əlavə məhdudiyyətlərin zəruri olduğuna əmin deyil. Belə tələbə yalnız o halda haqq qazandırmaq olardı ki, o, əhalinin müxtəlif qruplarını, hətta azsaylı qruplarını təmsil edən və onların siyasi arenaya çıxışını təmin edən çoxlu sayda siyasi partiyaların maneəsiz olaraq təsis edilməsinə və fəaliyyət göstərməsinə imkan yaratmış olsun. 1990-cı ildən bəri mövcud olan və seçkilərdə iştirak edən ərizəçi partiya üzvlərin minimal sayı barədə tələbin kəskin şəkildə, yəni beş dəfə artmasından sonra 2007-ci ildə ləğv edildi. Uzun müddətdən bəri mövcud olan və qanunlara tabe olan siyasi partiyaya tətbiq edilmiş bu cür radikal tədbir "demokratik cəmiyyətdə zəruri" tədbir kimi qəbul edilə bilməz.
ii) Regional təmsilçilik: Hökumət iddia etdi ki, siyasi partiyanın 500 nəfərdən artıq üzvü olan yetərli sayda regional bölmələrinin olması barədə tələbin məqsədi regional partiyaların təsis edilməsinin və seçkilərdə iştirakının qarşısını almaq idi, çünki bu, ölkənin ərazi bütövlüyünə təhlükə yarada bilərdi. Lakin Məhkəmə bir daha xatırlatdı ki, yalnız dövlətin əhalisinin bir hissəsinin vəziyyəti barədə müzakirə aparmaq, yaxud hətta bölücü ideyaları təşviq etmək istədiyinə görə siyasi partiyanın fəaliyyətinə maneə yaradılmasına haqq qazandırmaq olmaz. Rusiyanın konkret tarixi və siyasi kontekstini nəzərə alsaq, baxmayaq ki, Sovet İttifaqının dağılmasının ardınca regional siyasi partiyaların təsis edilməsinin qadağan olunmasına haqq qazandırmaq olardı, Rusiyanın demokratiyaya keçid prosesinə başlamasından təxminən on il ötənədək, yəni 2001-ci ilədək bu cür qadağa qoyulmamışdı. Beləliklə, bu cür tədbirə yalnız xüsusilə təkzibolunmaz əsaslarla haqq qazandırmaq olardı, Hökumət isə həmin əsasları təqdim etməyib. Heç vaxt regional maraqları və ya separatçı baxışları dəstəkləməyən, yaxud da hər hansı digər yolla Rusiyanın ərazi bütövlüyünə xələl gətirməyə çalışmayan ümumrusiya siyasi partiyası olan ərizəçi sadəcə belə bir formal əsasa görə ləğv edilib ki, yetərli sayda regional bölmələri yoxdur. Belə bir vəziyyətdə Məhkəmə başa düşə bilmir ki, bu tədbirin vasitəsilə Hökumətin qeyd etdiyi qanuni məqsədlərə, yəni iğtişaşın qarşısını almaq, yaxud milli təhlükəsizliyi və ya digər şəxslərin hüquqlarını qorumaq məqsədlərinə necə nail olmaq olardı.
Bir sözlə, daxili məhkəmələr ərizəçinin birləşmək azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün "münasib və yetərli" əsaslar gətirməyiblər və minimal üzvlük və regional təmsilçilik tələbələrinə cavab vermədiyinə görə ərizəçi partiyanın ləğv edilməsi Hökumətin qeyd etdiyi qanuni məqsədlərə mütənasib deyil.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
(Həmçinin bax: "Təbiəti Mühafizə Cəmiyyəti" və İsrafilov Azərbaycana qarşı, ərizə № 37083/03, 8 oktyabr 2009-cu il, 123 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy