Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 79
Oktyabr 2005-ci il
***
Roç (Roche) Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 32555/96
19.10.2005 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Müdafiə nazirinin şəhadətnaməsinin xardal qazının sınaqları səbəbindən ərizəçinin səhhətində baş verdiyi iddia edilən pisləşmə ilə bağlı işə məhkəmə nəzarəti qaydasında baxılmasının qarşısını alması: pozuntu baş verməyib
Maddə 8
Pozitiv öhdəliklər
Orduda qaz sınaqlarında iştirakı səbəbindən sağlamlığına qarşı yaranan təhlükənin qiymətləndirilməsinə imkan verən məlumatlara ərizəçinin çıxış əldə etməsinə şərait yaradan prosedurun təmin edilməməsi: pozuntu baş verib
Faktlar: Ərizəçi 1960-cı illərin sonlarında Britaniya ordusundan tərxis olundu. 1980-ci illərdə onda yüksək qan təzyiqi inkişaf etdi və hazırda o, yüksək arterial təzyiqdən, bronxitdən və bronxial astmadan əziyyət çəkir. O, əlil kimi qeydiyyata alınıb və iddia edir ki, bu durum 1960-cı illərdə Britaniya silahlı qüvvələrinin himayəsi altında Porton-Daun kazarmalarında həyata keçirilmiş xardal qazının və sinir sisteminə təsir edən qazın sınaqlarında iştirak etməsinin nəticəsidir.
Ərizəçi 1987-ci ildən etibarən tibbi və siyasi kanallardan istifadə edərək hərbi xidməti ilə əlaqədar sənədlərə çıxış əldə etmək üçün aktiv surətdə cəhd göstərirdi, amma cəhdləri çox az nəticə vermişdi. 1992-ci ildə müdafiə naziri onun əlilliyə görə hərbi pensiya təyin olunması barədə tələbini rədd etdi, çünki ərizəçi həmin sınaqlarla hazırkı sağlamlıq durumu arasında səbəb-nəticə əlaqəsinin mövcudluğunu sübuta yetirməmişdi. Ərizəçi, digər faktlarla yanaşı, Müdafiə Nazirliyinin səhlənkarlığı faktı əsasında məhkəmə nəzarəti qaydasında iş qaldıracağı barədə xəbərdarlıq etdikdə, müdafiə naziri "Taxt-taca qarşı iddialar" haqqında 1947-ci il tarixli qanunun 10-cu maddəsi əsasında şəhadətnamə qəbul etdi, bu sənəd faktiki olaraq 1987-ci ilədək baş vermiş hadisələrlə əlaqədar olaraq məhkəmələrdə bu cür iddiaların qaldırılmasının qarşısını alır, lakin eyni zamanda müvafiq şəxsin əlilliyə görə hərbi pensiya almaq üçün müraciət etməsinə icazə verirdi.
1998-ci ildə ərizəçi Pensiya məsələləri üzrə apellyasiya məhkəməsinə (PAM) şikayət etdi və xəstəliyinin qaz sınaqları ilə əlaqədar yaranması və ya ağırlaşması məsələsinin PAM tərəfindən həll edilə bilməsi üçün PAM-ın Reqlamentinə uyğun olaraq rəsmi məlumatların açıqlanması barədə vəsatət verdi. PAM Müdafiə Nazirliyinə müəyyən kateqoriyalara aid sənədlərin açıqlanması barədə göstəriş verdi və 2001 və 2002-ci illərdə həmin sənədlər açıqlandı. Son nəticədə ekspertizanın rəyinə istinadən PAM bu qənaətə gəldi ki, ərizəçinin qeyd edilən qazların təsirinə məruz qalması ilə hazırkı sağlamlıq durumu arasında əlaqə olduğunu göstərən heç bir sübut yoxdur. Xardal qazının sınaqları hərbi qulluqçuların geyimlərinin qazın təsirinə davamlılığını yoxlamaq üçün nəzərdə tutulmuşdu və bilavasitə qazın özü sınaqdan keçirilmirdi. Bundan başqa, 1953-cü ildə Porton-Daunda bir nəfər öldükdən sonra könüllülər üzərində yalnız sağlamlıq üçün təhlükəsiz dozalarda qaz sınaqlarının keçirilməsini təmin edən ehtiyat tədbirləri görülmüşdü. Bununla belə, PAM hesab etdi ki, PAM-a təqdim edilən sənədlərin əldə edilməsində ərizəçinin qarşılaşdığı "çətinliklər" "narahatlıq" doğurur. 2004-cü ildə Yüksək Məhkəmə ərizəçinin şikayətini təmin etdi və işi yenidən baxılmaq üçün PAM-a göndərdi. Hazırda işin icraatı davam edir. 2005-ci ildə Hökumət daha 11 sənədi açıqladı, onlardan səkkizi ərizəçinin əvvəllər görmədiyi sənədlər idi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Məhkəmə 1947-ci il tarixli qanunun 10-cu maddəsinin daxili qanunvericiliyə təsiri ilə bağlı Apellyasiya Məhkəməsinin və Lordlar Palatasının gətirdiyi əsaslarla razılaşdı. Lordlar Palatası müəyyən etmişdi ki, 10-cu maddənin məqsədi ziyanla əlaqədar olaraq hərbçilərə Krallığa qarşı iddia tələbi irəli sürmək kimi hər hansı substantiv hüquq vermək deyil. O, sadəcə olaraq mövcud olan və mübahisə doğurmayan belə bir qaydanı təsdiqləyir ki, bu maddədə göstərilən hallarda Krallıq mülki hüquq pozuntusu (delikt) ilə bağlı hərbçilər qarşısında məsuliyyət daşımır. Buna görə də, 10-cu maddə hər hansı iddia kateqoriyalarını daxili məhkəmələrin yurisdiksiyasından xaric etmir, yaxud məsuliyyətə qarşı öncə qəbul edilmiş olan immuniteti təmin etmir; belə iddia kateqoriyaları əvvəllər heç vaxt mövcud olmayıb və 1947-ci il tarixli qanunla da müəyyən edilməyib. Beləliklə, 10-cu maddə substantiv (maddi) hüquq norması sayılır və hərbçilərin ziyana görə kompensasiya almaq üçün Krallığa qarşı iddia qaldırmaq hüquqlarının hüdudlarını müəyyən edir və hərbi xidmət zamanı sağlamlığa dəymiş ziyana görə, hətta dövlətin təqsiri olmasa belə, substantiv hüquq məsələsi olaraq pensiya təyinatı sistemini nəzərdə tutur. Müvafiq olaraq, ərizəçi bu məsələdə ölkə qanunvericiliyində tanınan və 6-cı maddənin 1-ci bəndinin şamil oluna biləcəyi mülki "hüquqa" malik deyil.
Nəticə: Konvensiyanın 6-cı maddəsi pozulmayıb (səkkiz səsə qarşı doqquz səslə).
1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçi 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş "mülki hüquqa" malik olduğu barədə iddiasının əsaslandığı eyni səbəblərə istinad edərək mülkiyyətə malik olduğunu iddia etdi, lakin Məhkəmə hesab etdi ki, bu cür iddia irəli sürmək üçün daxili qanunvericilikdə heç bir əsas yoxdur.
Nəticə: 1 saylı Protokolun 1-ci maddəsi pozulmayıb (bir səsə qarşı on altı səslə).
Maddə 14: Məhkəmə ərizəçinin 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş "mülki hüquqa" və 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş "mülkiyyətə" malik olmadığı və bu maddələrin hər hansı birinin bu işə tətbiqinin mümkün olmadığı barədə gəldiyi qənaəti nəzərə alaraq, belə nəticəyə gəldi ki, 6-cı maddənin 1-ci bəndi ilə və ya 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş halda 14-cü maddənin bu işə tətbiqi də mümkün deyil.
Nəticə: Konvensiyanın 14-cü maddəsi pozulmayıb (yekdilliklə).
Maddə 13: 13-cü maddənin tətbiq dairəsi iştirakçı dövlətin birinci dərəcəli qanunvericiliyinin Konvensiyaya zidd olduğunu əsas gətirərək həmin qanunvericilikdən dövlət hakimiyyəti orqanına şikayət etməyə imkan yaradan hüquqi müdafiə vasitəsini təmin edə biləcək dərəcədə geniş deyil.
Nəticə: Konvensiyanın 13-cü maddəsi pozulmayıb (bir səsə qarşı on altı səslə).
Maddə 8: Əsaslı olaraq belə hesab etmək olar ki, Porton-Daunda həyata keçirilmiş qaz sınaqları səbəbindən təhlükəyə məruz qalıb-qalmaması məsələsində ərizəçinin qeyri-müəyyən vəziyyətdə olması onun əhəmiyyətli dərəcədə həyəcan və stress keçirməsinə səbəb olub. PAM qaz sınaqları ilə ərizəçinin sağlamlıq durumu arasında iddia edilən səbəb-nəticə əlaqəsinin olduğunu düşünməyə əsas verən mötəbər sübutların olmadığı qənaətinə gəlmişdi, Yüksək Məhkəmə isə bundan xeyli keçdikdən sonra yalnız 2004-cü ildə ərizəçinin apellyasiya şikayətini təmin etmiş və işi yenidən PAM-a göndərmişdi və hazırda iş PAM-ın icraatındadır. 1963-cü ildə keçirilmiş qaz sınaqlarına aid çoxlu sayda "müvafiq sənədlər" 1966-cı ildə hələ də mövcud idi. Lakin Hökumət bu sənədləri məxfi saxlamaq üçün hər hansı ciddi əsas olduğunu iddia etməyib. Öz mövqeyində müəyyən dəyişikliklər etdikdən və müəyyən sənədlərin üzərindən məxfiliyi götürdükdən sonra Hökumət həmçinin bildirdi ki, milli təhlükəsizlik mülahizələrinə görə məxfi saxlanıla bilən "heç bir əhəmiyyətli" sənəd qalmayıb. Belə olan halda Məhkəmə hesab etdi ki, ərizəçinin qaz sınaqlarında iştirak etdiyi zaman məruz qaldığı hər hansı təhlükəni qiymətləndirə bilməsi üçün bütün əhəmiyyətli və lazımi informasiyalara çıxışına imkan yaradan səmərəli və əlçatan proseduru təmin etməkdən ibarət pozitiv öhdəlik yaranmış olub. Hər hansı məhkəməyə müraciət etmədən bu cür informasiyaların açıqlanmasına ardıcıl olaraq nail olmağa çalışan ərizəçi kimi şəxsdən tələb etmək olmazdı ki, həmin informasiyaların açıqlanmasını məhkəmə qaydasında tələb etsin. Bundan əlavə, bu cür sınaqlarla bağlı məlumatlandırma xidmətlərinin göstərilməsi və tibbi araşdırmaların aparılması ərizəçinin müvafiq sənədlər üçün müraciət etməyə başlamasından və Avropa Məhkəməsinə şikayət ərizəsi verməsindən təxminən 10 il sonra həyata keçirilməyə başlayıb.
İnformasiyaların verilməsi ilə bağlı 1998-ci ildən tətbiq edilmiş qaydaya gəlincə, Məhkəmə xatırlatdı ki, hətta sənədlərin açıqlanmasının PAM-da aparılan icraat çərçivəsində məhkəmə qaydasında təmin edilməsində dövlət orqanları çətinliklərlə üzləşirdilər. Hətta təkcə 2001-ci ildə PAM-ın Reqlamentinin 6-cı qaydasında uyğun olaraq sənədlərin hissə-hissə açıqlanması barədə göstərişin verilməsindən sonrakı dövrü nəzərə alsaq, dörd il keçdikdən sonra da açıqlanma prosesi başa çatmamışdı. Bu bir həqiqətdir ki, PAM ərizəçinin sənədləri əldə edərkən çətinliklərlə qarşılaşmasını "narahatlıq" doğuran hal kimi qeyd etmişdi. Şübhəsiz ki, müəyyən sənədlər, onların illərini və xarakterini nəzərə alsaq, itirilmişdi, buna görə də bütün müvafiq sənədlərin yerini müəyyənləşdirmək çətin idi və yəqin ki, hələ də çətin olaraq qalır. Lakin bu da eyni dərəcədə həqiqətdir ki, sənədləri açıqlamaq və onlar barədə məlumat vermək öhdəliyinin olmaması onların itməsinə şərait yaratmış və ərizəçinin əhəmiyyətli və lazımi informasiyaların açıqlanması hüququna xələl gətirmişdi.
Bütövlükdə işin hallarını nəzərə alsaq, cavabdeh dövlət ərizəçinin qaz sınaqlarında iştirak etdiyi zaman məruz qaldığı hər hansı təhlükəni qiymətləndirə bilməsi üçün bütün əhəmiyyətli və lazımi informasiyalara çıxışına imkan yaradan səmərəli və əlçatan proseduru təmin etməkdən ibarət pozitiv öhdəliyini yerinə yetirməmişdi.
Nəticə: 8-ci maddə pozulub (yekdilliklə).
Maddə 10: Məlumat almaq azadlığı digər şəxslərin yaymaq istəyində olduqları və ya ola biləcəkləri məlumatları hər hansı şəxsin əldə etməsinin Hökumət tərəfindən məhdudlaşdırılmasını qadağan edir. Bu azadlıq ərizəçinin işindəki hallara bənzər hallarda dövlətin üzərinə məlumatları yaymaqdan ibarət pozitiv öhdəliklər qoyan azadlıq kimi şərh oluna bilməz. Buna görə də, ərizəçinin 10-cu maddə ilə qorunan məlumat almaq hüququna müdaxilə baş verməyib.
Nəticə: 10-cu maddə pozulub (yekdilliklə).
Maddə 41: Məhkəmə mənəvi ziyana görə ərizəçiyə 8.000 avro və həmçinin məhkəmə xərclərinə və digər məsrəflərə görə müəyyən məbləğ təyin etdi.
Full & Egal Universal Law Academy