© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
ROHLENA (ROHLENA) ÇEXİYA RESPUBLİKASINA QARŞI məhkəmə işi
(Ərizə № 59552/08)
QƏRAR
Strasburq
27 yanvar 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Rohlena Çexiya Respublikasına qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Casadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
İzabella Berro (Isabelle Berro),
Elizabet Ştayner (Elisabeth Steiner),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
İşıl Karakaş (Işıl Karakaş),
Kristina Pardalos (Kristina Pardalos),
Paulo Pinto de Albukerke (Paulo Pinto de Albuquerque),
Aleş Peyçal (Aleš Pejchal),
Valeriu Qritço (Valeriu Griţco),
Faris Vehaboviç (Faris Vehabović),
Dmitri Dedov (Dmitry Dedov),
Egidyus Kuris (Egidijus Kūris),
Robert Spano (Robert Spano),
habelə Katib müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
9 aprel 2014-cü ildə və 19 noyabr 2014-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Çexiya vətəndaşı cənab Petr Rohlena (Petr Rohlena) (“ərizəçi”) tərəfindən 4 dekabr 2008-ci ildə Məhkəməyə təqdim edilmiş Çexiya Respublikasına qarşı ərizə (№ 59552/08) əsasında başlanıb.
2. Ərizəçini Brnoda vəkillik fəaliyyəti ilə məşğul olan cənab İ. Krujik (J. Kružík) təmsil edib. Çexiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Ədliyyə Nazirliyindən olan cənab V.A. Şorm (V.A. Schorm) təmsil edib.
3. Konvensiyanın 7-ci maddəsinə istinadən ərizəçi konkret olaraq iddia etdi ki, onu davamedici cinayət əməlinə görə məhkum etməklə ölkədaxili məhkəmələr cinayət qanunvericiliyinin qüvvəsini onun zərərinə olaraq geriyə şamil ediblər.
4. Ərizə Məhkəmənin Beşinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 14 noyabr 2011-ci ildə Beşinci Bölmənin sədri ərizə barədə Hökumətə məlumat verməyi qərara aldı. 18 aprel 2013-cü ildə hakimlər Mark Villiger (Mark Villiger) (sədr), Angelika Nussberger (Angelika Nußberger), Qanna Yudkivska (Ganna Yudkivska), Andre Potoki (André Potocki), Pol Lemmens (Paul Lemmens), Helena Yaderblom (Helena Jäderblom), Aleş Peyçal (Aleš Pejchal), habelə Bölmənin katibi Klaudiya Vesterdikdən (Claudia Westerdiek) ibarət tərkibdə təşkil edilmiş həmin Bölmənin Palatası qərar qəbul etdi. Onlar yekdilliklə Konvensiyanın 7-ci maddəsi üzrə şikayəti qəbul olunan, ərizədəki qalan şikayətləri isə qəbul olunmayan elan etdilər və qərara aldılar ki, 7-ci maddənin pozuntusu baş verməyib. Hakim Lemmens çoxluğun rəyi ilə üst-üstə düşən ayrıca rəyini ifadə etdi və həmin rəy qərara əlavə olundu.
5. 9 sentyabr 2013-cü ildə ərizəçinin 11 iyul 2013-cü il vəsatətinə uyğun olaraq Böyük Palatanın kollegiyası Konvensiyanın 43-cü maddəsinə müvafiq olaraq işi Böyük Palataya göndərməyi qərara aldı.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
7. 16 yanvar 2014-cü ildə Məhkəmənin sədri iş üzrə təyin olunmuş şifahi dinləməni ləğv etməyi və işin yazılı prosedur vasitəsilə aparılmasını qərara aldı.
8. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi) və Böyük Palatanın onlara verdiyi konkret sualları cavablandırdılar.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1966-cı ildə doğulub və Brnoda yaşayır.
10. 29 may 2006-cı ildə ərizəçi rəsmən ittiham olundu. Brno bələdiyyə prokuroru onu ən azı 2000-ci ildən 8 fevral 2006-cı ilədək sərxoş olduğu vaxtlarda arvadı ilə dəfələrlə fiziki və ruhi cəhətdən qəddar rəftar etməkdə ittiham etdi. O, arvadını sözlərlə təhqir etməkdə, ovucu və yumruğu ilə başına vurmaqda, onu şillələməkdə, boğazından yapışaraq boğmağa cəhd etməkdə, onu mebelə və ya yerə çırpmaqda, pilləkənlərlə aşağı itələməkdə və təpikləməkdə təqsirləndirildi. Daha sonra o, uşaqları vurmaqda, ailənin pullarını oyun maşınlarında qumara qoymaqda və qab-qacağı sındırmaqda təqsirləndirildi. Nəticədə arvadının bədənində uzunmüddətli qançırlar, göyərmə yerləri əmələ gəldi, burnu sındı və o, 24 iyun 2000-ci ildə, 17 iyul 2003-cü ildə və 8 fevral 2006-cı ildə məruz qaldığı hücumlardan sonra, müvafiq olaraq, 26 iyun 2000-ci ildə, 18 iyul 2003-cü ildə və 8 fevral 2006-cı ildə bu xəsarətlər səbəbindən tibbi yardım üçün müraciət etməli oldu. İddia edildiyinə görə, ərizəçi arvadını psixoloji sarsıntıya məruz qoymaq istəyirdi ki, onu nəzarəti altında saxlasın. Prokurorun bildirdiyinə görə, bununla da ərizəçi Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş əməli, yəni onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməklə "davamedici" cinayət əməlini (trvající trestný čin) törətmişdi, belə ki, həmin cinayət əməli 1 iyun 2004-cü ildə qanunvericiliyə daxil edilənə qədər onun davranışı Cinayət Məcəlləsinin 197a maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni şəxsə və ya şəxslər qrupuna qarşı zorakılıq etmə və həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş bədən xəsarətinə səbəb olan hücum hesab olunurdu.
11. 18 aprel 2007-ci ildə Brno bələdiyyə məhkəməsi ərizəçini ittiham aktında göstərilən cinayəti, yəni onunla bir evdə yaşayan şəxslə ən azı 2000-ci ildən 8 fevral 2006-cı ilədək qəddar rəftar etmə cinayətini törətməkdə təqsirkar hesab etdi, ittiham aktında həmçinin qəddar rəftarın dəfələrlə baş verildiyi göstərilmişdi. Məhkəmə onu iki il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və hökmün icrası təxirə salınmaqla ona beş il sınaq müddəti təyin etdi. Ərizəçi həmçinin nəzarətə götürüldü və alkoqol asılılığından müalicə olunması qərara alındı. Məhkəmə qərarını ərizəçinin, zərərçəkənin (ərizəçinin arvadının) və bir neçə şahidin, o cümlədən ər-arvadın iki uşağının ifadələri əsasında (sonuncular digər insidentlərlə yanaşı bu barədə məlumat verdilər ki, ərizəçi on dəfə arvadını təhqir edib, dörd dəfə onu tutaraq qolları ilə boğub və fasilələrlə hər ay arvadını təhdid edib və ona fiziki hücumlar edib), habelə yazılı sübutların və ekspert rəylərinin əsasında qəbul etdi. O həmçinin bu faktı nəzərə aldı ki, ərizəçi arvadı ilə münasibətlərində mübahisələrin və fiziki zorakılıqların olduğunu etiraf edib; o konkret olaraq boynuna almışdı ki, bəzən arvadını şillələyib və ya yumruğu ilə vurub.
Məhkəmə bu cinayət əməlini 1 iyun 2004-cü ildən qüvvədə olan Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş əməl kimi, yəni şəxsin onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməsi kimi tövsif etdi və hesab etdi ki, bu tövsif həmçinin ərizəçi tərəfindən həmin tarixədək törədilmiş əməllərə də şamil olunur, çünki həmin dövrdə onlar cəzalandırılmalı əməllər sayılırdı və ən azı Cinayət Məcəlləsinin 197a maddəsində nəzərdə tutulmuş cinayət əməlini, yəni şəxsə və ya şəxslər qrupuna qarşı zorakılıq etmə əməlini təşkil edirdi. Nəhayət, məhkəmə sözügedən davranışın müddətini nəzərə alınaraq hesab etdi ki, hazırkı işdə törədilmiş cinayət əməli ağırlıq dərəcəsi nisbətən yüksək olan və Cinayət Məcəlləsinin 215a maddəsinin 2-ci bəndinə əsasən iki ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən əməl idi. Yüngülləşdirici halları (konkret olaraq ərizəçinin təqsirini etiraf etdiyini və əvvəllər məhkum olunmadığını) nəzərə alaraq, o, nisbətən yüngül cəza təyin etdi və cəzanın çəkilməsini təxirə saldı.
12. 6 sentyabr 2007-ci ildə Brno regional məhkəməsi ərizəçinin apellyasiya şikayətini rədd etdi, həmin şikayətdə ərizəçi bələdiyyə məhkəməsinin müəyyən etdiyi faktlara etiraz etmiş və sübutlara birtərəfli qiymət verildiyini bildirmişdi. Regional məhkəmə iş üzrə əvvəlki icraatda heç bir nöqsan aşkar etmədi və hesab etdi ki, ərizəçinin davranışının tövsifi Cinayət Məcəlləsinin müddəalarına uyğundur.
13. 21 fevral 2008-ci ildə Ali Məhkəmə hüquqi məsələlərə dair ərizəçinin təqdim etdiyi şikayəti açıq-aydın əsassız sayaraq rədd etdi, həmin şikayətində ərizəçi bildirmişdi ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 215a maddəsini hətta onun 1 iyun 2004-cü ilə qədərki hərəkətlərinə də tətbiq edib, halbuki həmin dövrdə qəddar rəftar cinayəti daxili qanunvericilikdə mövcud deyildi. Bu məsələ ilə bağlı Ali Məhkəmə 8 dekabr 1993-cü il tarixli tarixli Tzn 12/93 saylı qərarına istinadən qeyd etdi ki, hazırkı işdə olduğu kimi vahid bir akt hesab olunan "davamedici cinayət əməli" (pokračování v trestném činu) mövcud olduqda, cinayət qanunvericiliyində onun tövsifi cinayət əməlinin sonuncu aktı yekunlaşdığı anda qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir. Buna görə də həmin qanunvericilik əvvəlki hərəkətlərə də şamil olunur, bu şərtlə ki, həmin hərəkətlər əvvəlki qanunvericiliyə əsasən cinayət əməli təşkil etsin. Hazırkı işdə Ali Məhkəmə hesab etdi ki, ərizəçinin 2004-cü il iyunun 1-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə qədərki davranışı ən azı Cinayət Məcəlləsinin 197a maddəsi və ya 221-ci maddəsinin 1-ci bəndi əsasında cəzalandırılmalı olan cinayət əməli təşkil edirdi. İşin materiallarını araşdırdıqdan sonra o həmçinin bu qənaətə gəldi ki, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsinin hökmünün nəticə hissəsində göstərilmiş hərəkətləri Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş əməlin, yəni şəxsin onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməsi cinayətinin bütün hüquqi elementlərini özündə ehtiva edirdi. Cinayətin davamedici xarakterinə gəlincə, Ali Məhkəmə qeyd etdi ki, özlüyündə qəddar rəftar müəyyən müddət ərzində davam etməsi ilə xarakterizə olunan pis rəftara bərabərdir. Cinayət əməlinin uzun müddət davam edən əməl hesab edilməsi üçün o, bir neçə ay davam etməlidir. Ərizəçi sözügedən cinayəti ən azı 2000-ci ildən 8 fevral 2006-cı ilədək, yəni bir neçə il ərzində törətdiyinə görə onun davranışı, şübhəsiz ki, davamedici Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş davamedici cinayət əməlinin mühüm elementini özündə ehtiva edirdi.
14. 10 iyun 2008-ci ildə Konstitusiya Məhkəməsi ərizəçinin təqdim etdiyi konstitusiya şikayətini açıq-aydın əsassız sayaraq rədd etdi, həmin şikayətində ərizəçi bildirmişdi ki, məhkəmə prosesi ədalətsiz keçirilib və Cinayət Məcəlləsinin qüvvəsi onun ziyanına olaraq geriyə şamil olunub (retroaktiv qaydada tətbiq edilib). Ali Məhkəmənin qərarına və özünün müvafiq presedent hüququna istinadən Konstitusiya Məhkəməsi qərara aldı ki, hazırkı işdə məhkəmələrin qəbul etdikləri qərarlar məntiqli və ziddiyyətsiz idi və Konstitusiya ilə qadağan olunan hər hansı retroaktiv təsirə malik deyildi.
15. Ərizəçi sınaq müddətində ikən başqa bir cinayət əməli törətdiyinə və alkoqol asılılığından müalicə olunmadığına görə 18 aprel 2007-ci il tarixli hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkməli idi. O, 3 yanvar 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasını çəkməyə başladı. Hökumətin bildirdiyinə görə, 17 may 2012-ci ildə o, şərti azadlığa buraxıldı.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Cinayət Məcəlləsi (31 dekabr 2009-cu ilədək qüvvədə olmuş 140/1961 saylı qanun)
16. 16-cı maddənin 1-ci bəndinə əsasən, əməlin cinayət xarakteri daşıması həmin əməl törədildiyi zaman qüvvədə olan qanun əsasında qiymətləndirilir. Sonradan qəbul edilmiş qanun həmin əmələ o halda tətbiq edilə bilər ki, onun müddəaları cinayət törədənin xeyrinə olsun.
17. 34k maddəsinə əsasən, cəza təyin edərkən məhkəmə konkret olaraq cinayətkarın bir neçə cinayət əməli törətməsi faktını ağırlaşdırıcı hal kimi nəzərə almalıdır.
18. 25-ci maddənin 1-ci bəndində deyilirdi ki, məhkəmə cinayət törədəni iki və ya daha artıq cinayət əməlinə görə məhkum etdikdə həmin cinayət əməllərindən ən ağırına aid hüquq norması əsasında vahid cəza (úhrnný trest) təyin edilməlidir. Minimal azadlıqdan məhrumetmə müddətləri fərqli olduqda, həmin vahid cəzanın məqsədi üçün daha uzun olan müddət tətbiq edilməlidir.
19. 67-ci maddənin 1(d) bəndinə əsasən, ən çoxu üç ildən az müddətə cəzalandırılmalı olan əmələ görə cinayət məsuliyyətinə cəlb edilmə qanunla nəzərdə tutulmuş üç illik müddət bitdikdən sonra qadağan olunurdu. 67-ci maddənin 3-cü və 4-cü bəndlərinə əsasən, aşağıdakı hallarda həmin müddətin axımı dayandırılır və yeni müddətin axımı başlayırdı: a) sözügedən cinayət əməlinə görə cinayətkara ittiham irəli sürüldükdə və ona qarşı cinayət təqibi məqsədi ilə sonrakı tədbirlər görüldükdə (məsələn, prokurorun ittiham aktı, məhkəmə çağırışları və s.); yaxud b) həmin dövrdə cinayətkar eyni və ya daha ağır cəza ilə cəzalandırılmalı olan növbəti cinayət törətdikdə.
20. 1 yanvar 1994-cü ildə qüvvəyə minmiş 290/1993 saylı qanunla Cinayət Məcəlləsinə daxil edilmiş 89-cu maddənin 3-cü bəndinə əsasən, davamedici cinayət əməli (pokračování v trestném činu) eyni məqsəd daşıyan, eyni cinayət əməlinin elementlərini özündə ehtiva edən, tərkib elementləri eyni və ya oxşar şəkildə həyata keçirilməsi ilə bir-biri ilə əlaqəli olan, zaman etibarı ilə bir-birinə yaxın olan və eyni obyektə yönələn ayrı-ayrı aktlardan ibarət əməl (jednotlivé dílčí útoky) kimi başa düşülməli idi.
21. 197(a) maddəsinin 1-ci bəndinə əsasən, digər şəxsin qorxması üçün əsaslı səbəb olmaqla onu ölümlə və ya ona bədən xəsarəti yetirməklə və ya digər ciddi ziyan vurmaqla hədələmiş şəxs bir ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılırdı.
22. 1 iyun 2004-cü ildə məcəlləyə daxil edilmiş 215a maddəsinin 1-ci bəndinə əsasən, qohumu və ya onunla bir evdə yaşayan digər şəxslə qəddar rəftar edən şəxs üç ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunurdu. 2-ci bəndə əsasən, belə cinayət əməli törətmiş şəxs aşağıdakı hallarda iki ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası alırdı: a) hərəkətləri xüsusi qəddarlıqla və ya bir neçə şəxsə qarşı törətdikdə; yaxud b) uzun müddət bu cür davranmaqda davam etdikdə.
23. Müvafiq izahedici məruzədə deyilirdi ki, yuxarıdakı müddəanın məcəlləyə daxil edilməsində məqsəd bu sahədə konkret qanunvericiliyin olmamasının qarşısını almaq idi, belə ki, cinayət hüququnun qüvvədə olan ümumi müddəaları yalnız ən ağır fiziki məişət zorakılığı aktları baş verdikdə cinayət təqibinin həyata keçirilməsinə icazə verirdi (məsələn, 197a və ya 221-ci maddələrdə nəzərdə tutulmuş cinayət əməlləri, məhkəmə praktikasına əsasən, ən azı yeddi gün müddətinə əmək qabiliyyətinin itirilməsinə səbəb olduqda cinayət təqibinə səbəb olurdu, bu isə məişət zorakılığı zamanı nadir hallarda baş verirdi). Yeni maddəyə əsasən, cinayət təqibi üçün nə fiziki zorakılığın olması, nə də zərərçəkənin sağlamlığı üçün onun müvafiq nəticələr doğurması tələb olunurdu. Bu maddə həm də məişət zorakılığının spesifik xüsusiyyətləri nəzərə alınmaqla cinayət təqibi orqanlarının qarşılaşdırdığı çətinlikləri aradan qaldırmaq məqsədini daşıyırdı.
O da qeyd edilmişdi ki, "qəddar (pis) rəftar" termini yeni deyil, belə ki, hər hansı şəxsin himayəsində olan şəxslə qəddar (pis) rəftar etməsindən ibarət cinayət əməli məcəllədə artıq nəzərdə tutulmuşdu. Bu əməl xüsusilə ağır dərəcədə qəddarlığı və soyuqqanlılığı özündə ehtiva edən və zərərçəkən tərəfindən ciddi pozuntu kimi qəbul edilən daimi pis rəftar kimi şərh olunmuşdu. Davranışın mütəmadi baş verməsi və ya zaman baxımından uzun sürməsi vacib deyildi.
23. 221-ci maddənin 1-ci bəndinə əsasən, şəxsə bədən xəsarəti yetirmək niyyəti ilə törədilmiş qəddar rəftar kimi cinayət əməli iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. 2-ci bənddə nəzərdə tutulurdu ki, digər amillərlə yanaşı, cinayətkar zərərçəkənə ciddi bədən xəsarəti yetirdikdə bir ildən beş ilədək müddətə azadlıqdan məhrum edilir; 3-cü bənddə isə deyilirdi ki, cinayətkarın hərəkəti ölümlə nəticələndikdə ona üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası verilir.
B. Hüquq ədəbiyyatı və Ali Məhkəmənin presedent hüququ
24. Çexiyanın hüquq ədəbiyyatına əsasən, davamedici cinayət, yəni "uzanan" cinayət əməli (pokračující trestný čin) vahid akt təşkil edən əməl sayılırdı; Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndində göstərilən elementlərdən biri mövcud olmadıqda isə sözügedən cinayət əməli təkrarən törədilən cinayət kimi xarakterizə olunurdu.
25. Ali Məhkəmənin uzun müddətdən bəri oturuşmuş presedent hüququnda müəyyən edildiyi kimi (Ali Məhkəmənin 3 Tz 155/2000, 3 Tdo 1115/2003, 6 Tdo 1314/2003, 11 Tdo 272/2007, 6 Tdo 181/2012, 11 Tdo 258/2012 və 6 Tdo 1553/2012 saylı qərarları), davamedici cinayət əməli cinayətin sonuncu aktı yekunlaşdığı anda başa çatmış sayılır. Əlavə olaraq, Hökumət 103/1953, 44/1970 və 7/1994 nömrəsi altında "Məhkəmə qərarları və rəyləri toplusu"nda dərc olunmuş qərarlara və Ali Məhkəmənin 5 Tdo 593/2005 saylı qərarına istinad etdi. Beləliklə, davamedici cinayət əməlinin davamı qüvvədə olan qanunvericilik dəyişdiyi dövrə təsadüf etdikdə, hesab edilir ki, yeni qanunvericilik həmin əmələ şamil olunur, bu şərtlə ki, cəzalandırılmalı olan aktların ən azı bəziləri yeni qanunvericilik qüvvəyə mindikdən sonra törədilmiş olsun və əvvəlki aktlar törədildiyi dövrdə cinayət əməli (hətta həmin cinayət əməlinə daha yüngül cəza düşsə belə) təşkil etmiş olsun (bax: Ali Məhkəmənin 5 Tzn 12/93 saylı qərarı).
26. Faktiki olaraq buna bənzər işdə qəbul etdiyi 27 avqust 2007-ci il tarixli 11 Tdo 272/2007 saylı qərarla Ali Məhkəmə müvafiq şəxsin iki cinayət əməlində (1 iyun 2004-cü ilədək törədilmiş olan, 197a maddəsinin birinci bədində nəzərdə tutulan əməldə: şəxsə qarşı zorakılıq törətməkdə; habelə həmin tarixdən sonra törədilmiş əməldə: onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməkdə) təqsirkar olduğu barədə aşağı məhkəmələrin qərarlarını ləğv etdi və ona iki il altı aylıq vahid cəza təyin etdi. Ali Məhkəmə qərara aldı ki, aşağı məhkəmələrin əmələ şərh verərkən Cinayət Məcəlləsinin 215a maddəsi qüvvəyə minənə qədər və qüvvəyə mindikdən sonra törədilmiş aktlar arasında fərq qoyması düzgün deyildi, çünki həmin situasiya davamedici cinayət situasiyası idi; amma bununla belə, məhkəmə ittiham hökmünü qüvvədə saxladı. O, konkret olaraq aşağıdakıları bildirdi:
"Sual ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinin müddəalarının pozulmaması şərti ilə, davamedici cinayət əməli epizodlarının bir qismi qüvvədə olan cinayət qanunvericiliyi normaları qüvvəyə minənə qədər, digər qismi isə onların qüvvəyə minməsindən sonra baş vermiş əməli əhatə edə bilərmi? ... Maddi-hüquqi nöqteyi-nəzərdən vahid akt (skutek) kimi başa düşülə bilən davamedici cinayət əməlindən söhbət getdikdə, həmin əməlin sonuncu aktının yekunlaşdığı an (həmin sonuncu akt əvvəlkilərlə vəhdət təşkil edir) həmin əməlin törədildiyi an hesab olunur. Buradan belə nəticə çıxır ki, davamedici cinayətə yeni qanunvericilik əsasında baxılmalıdır və hətta cinayət əməlinin bir hissəsi (əhatə dairəsindən asılı olmayaraq) zaman baxımından keçmiş cinayət qanunvericiliyi normalarının tətbiq dairəsinə düşsə belə, cinayət əməli yekunlaşdığı anda qüvvədə olan qanunvericilik normaları əvvəllər qüvvədə olan və cinayətkar üçün daha əlverişli olan normalardan daha sərt ola bilər.
Bu nəticə mövcud presedent hüququna uyğundur, belə ki, sonuncuya əsasən, davamedici cinayətlər yeni (sonradan qüvvəyə minmiş) qanunvericilik qüvvədə olduğu dövrdə törədilmiş sayılır, bu şərtlə ki, həmin cinayətin ən azı bir hissəsi (yəni ayrı-ayrı aktları) yeni qanunvericilik qüvvəyə mindikdən sonra törədilmiş olsun. Belə cinayət əməllərinin bütünlüklə yeni, sonradan qüvvəyə minmiş qanunvericiliyin dövründə törədildiyi hesab edilir, ... bu şərtlə ki, sözügedən əməl həm də əvvəlki qanunvericiliyə əsasən cəzalandırılmalı əməl olsun".
27. Konkret olaraq Cinayət Məcəlləsinin 197a, 215a və 221-ci maddələrinin şamil olunduğu davranışa Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinin tətbiqinə gəlincə, Çexiya Hökuməti həmçinin Ali Məhkəmənin 10 yanvar 2007-ci il tarixli 3 Tdo 1431/2006 saylı, 28 may 2008-ci il tarixli 6 Tdo 548/2008 saylı və 21 may 2013-cü il tarixli 7 Tdo 415/2013 saylı qərarlarına istinad etdi. O, konkret olaraq qeyd etdi ki, həmin qərarlarda Ali Məhkəmə təsdiq edib ki, sıx zaman əlaqəsi termininin dəqiq anlayışı verilməyib və buna görə də hər bir konkret halda işin bütün hallarının və 89-cu maddənin 3-cü bəndində təsbit olunmuş müvafiq formal meyarların hərtərəfli qiymətləndirilməsi tələb olunur. Bundan başqa, cinayətin tərkib elementləri müxtəlif yollarla müəyyən edilə bilər; müvafiq olaraq, hərəkət qanunla qorunan eyni maraqlara qarşı yönəldiyi hallarda cinayətin törədilmə üsulu həmişə eyni olmaya bilər.
III. MÜVAFİQ MÜQAYİSƏLİ VƏ BEYNƏLXALQ HÜQUQ
A. Terminologiya
28. İştirakçı dövlətlərin hüquq sistemlərindən belə nəticə çıxır ki, aşağıdakı iki situasiyanı fərqləndirmək lazımdır, onlardan ikincisi hazırkı işin predmetidir:
a) müəyyən müddət ərzində davam etməli olan hərəkət (və ya hərəkətsizlik) kimi xarakterizə olunan "davamedici" cinayət əməlinin (trvající trestný čin, Dauerdelikt, infraction continue, reato permanente) – məsələn, Ecer və Zeyrek Türkiyəyə qarşı işdə (ərizələr № 29295/95 və 29363/95, ECHR 2001‑II) Məhkəmə tərəfindən araşdırılmış qanunsuz təşkilatın üzvlərinə kömək etmək və sığınacaq vermək əməlinin baş verdiyi situasiyanı; və
b) müəyyən müddət ərzində törədilən və hamısı eyni (və ya oxşar) cinayətin elementlərini özündə ehtiva edən bir neçə aktdan ibarət cinayət kimi xarakterizə olunan "davamedici" cinayət əməlinin (pokračující trestný čin, fortgesetzte Handlung, infraction continuée, reato continuato) – məsələn, Veeber Estoniyaya qarşı (№ 2) işdə (ərizə № 45771/99, ECHR 2003‑I) Məhkəmə tərəfindən araşdırılmış vergiyə cəlb edilməli məbləğləri bilərəkdən, davamlı şəkildə və iri həcmdə gizlətmə əməlinin baş verdiyi situasiyanı.
29. Bundan başqa, iştirakçı dövlətlərdə birdən artıq cinayət əməli törədildiyi təqdirdə təyin olunan bir neçə cəza növü var:
a) konsekutiv (ardıcıl olaraq çəkilən) və ya kumulyativ (məcmu halında çəkilən) cəza (peine cumulée ou peines consécutives) – bu zaman törədilmiş cinayət əməllərinin hər birinə görə cəza təyin olunur və bu cəzaların hər biri digərinin üzərinə əlavə olunur və ya biri digərindən sonra çəkilir;
b) eyni vaxtda çəkilən cəza (úhrnný trest, peine confondue ou peines simultanées) – bu zaman törədilmiş cinayətlərdən ən ağırına dair hüquq normasına uyğun olaraq cinayətkara cəzaların ən ağırı verilir və ya ona eyni vaxtda çəkməli olduğu bir neçə cəza verilir;
c) vahid cəza (souhrnný trest, peine globale ou peine d’ensemble) – cəzanın eyni vaxtda və ya ardıcıl surətdə törədilmiş cinayətlərə görə təyin olunmasından və ya əvvəllər təyin olunmuş digər cinayətləri əhatə edib-etməməsindən asılı olaraq bu cəzanın müddəti müxtəlif metodlar əsasında hesablanır; onun müddəti ayrı-ayrı cəzaların hamısından tutmuş ən ağırının müddətinə qədər dəyişə bilər.
B. Müqayisəli hüquq
30. Hazırkı işdə başa düşülən mənada davamedici cinayət əməli anlayışı Avropa hüququna orta əsrlərdə "quod criminae tot poenae" (başqa sözlə, bütün cəzaların məcmusu) adlanan sərt cəza qaydasını yüngülləşdirmək məqsədi ilə Roma hüququ əsasında daxil edilib. Davamedici cinayət əməli anlayışına subyektiv və obyektiv baxış əsasında alimlər və qanunvericilər tərəfindən iki müxtəlif yanaşma formalaşdırılıb. Məsələn, İtaliyada mövcud olmuş subyektiv baxışa əsasən (misal üçün 1930-cu il tarixli İtaliya Cinayət Məcəlləsinin 81-ci maddəsinə bax), davamedici cinayət əməli vahid niyyət, vahid cinayət planı vasitəsilə birləşən aktlar qrupudur. Əsas etibarı ilə Almaniyada formalaşmış obyektiv baxışa əsasən (misal üçün 1813-cü il tarixli Bavariya Cinayət Məcəlləsinin 110-cu maddəsinə bax), davamedici cinayət əməli cinayətkarın eyni və ya analoji obyekti və ya qanunla qorunan marağı (Rechtsgut) hədəfə almaqdan ibarət təkrarlanan niyyətinə əsaslanır. Bundan başqa, cinayət aktlarının və cinayət niyyətinin təkrarlanmasına işin faktiki hallarının şərait yaratması (bu hallara cinayətkarın şəxsiyyəti, cinayət aktlarının zaman baxımından yaxınlığı və onların qanunla qorunan hansı marağa təsir göstərməsi daxildir) cinayətkara daha yüngül cəza təyin olunmasına haqq qazandıran hal sayılır. Bu obyektiv baxış bütün Avropada dəstək qazandı və bəzi ölkələr onu öz qanunvericiliklərinə daxil etdilər. Lakin təkrar cinayətlər törədənlərə qarşı həddən artıq yumşaqlıq göstərilməsinə yol verməmək üçün müəyyən qanunverici orqanlar bu konsepsiyanın tətbiqini cinayətlərin müəyyən kateqoriyaları ilə məhdudlaşdırdılar.
31. Obyektiv nöqteyi-nəzərdən başa düşülən davamedici cinayət əməlinə dair Avropa ənənəsinin mövcudluğunu Məhkəmə tərəfindən Avropa Şurasına üzv olan qırx yeddi dövlətin hamısı ilə əlaqədar aparılmış araşdırma təsdiqləyir. Həqiqətən, onların böyük əksəriyyəti davamedici cinayət anlayışını ya konkret hüquq normaları vasitəsilə, ya da hüquq ədəbiyyatı və (və ya) məhkəmə praktikası vasitəsilə öz hüquq sistemlərinə daxil ediblər.
32. Bu müqayisəli araşdırmanın əsasında iştirakçı dövlətləri üç müxtəlif qrupa bölmək olar:
a) davamedici cinayət anlayışının ölkə qanunvericiliyində təsbit edildiyi otuz üzv dövlət: Andorra (Cinayət Məcəlləsinin 59-cu maddəsi), Ermənistan (Cinayət Məcəlləsinin 21-ci maddəsinin 2-ci bəndi), Belçika (Cinayət Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndi), Bosniya və Herseqovina (Cinayət Məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndi), Bolqarıstan (Cinayət Məcəlləsinin 26-cı maddəsi), Xorvatiya (Cinayət Məcəlləsinin 52-ci maddəsi), Çexiya Respublikası (Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndi), Keçmiş yuqoslav respublikası Makedoniya (Cinayət Məcəlləsinin 45-ci maddəsi), Gürcüstan (Cinayət Məcəlləsinin 14-cü maddəsi), Yunanıstan (Cinayət Məcəlləsinin 98-ci maddəsinin 1-ci bəndi), Macarıstan (Cinayət Məcəlləsinin 6-cı maddəsinin 2-ci bəndi), İtaliya (Cinayət Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndində davamedici cinayət anlayışına birbaşa istinad edilib), Latviya (Cinayət Məcəlləsinin 23-cü maddəsi), Malta (Cinayət Məcəlləsinin 18-ci maddəsi), Moldova (Cinayət Məcəlləsinin 29-cu maddəsi), Monteneqro (Cinayət Məcəlləsinin 49-cu maddəsi), Niderland (Cinayət Məcəlləsinin 56-cı maddəsi), Norveç (Cinayət Məcəlləsinin 219-cu maddəsi konkret olaraq məişət zorakılığına aiddir), Polşa (Cinayət Məcəlləsinin 12-ci maddəsi), Portuqaliya (Cinayət Məcəlləsinin 30-cu maddəsinin 2-ci bəndi), Rumıniya (yeni Cinayət Məcəlləsinin 35-ci maddəsi), San-Marino (Cinayət Məcəlləsinin 50-ci maddəsi), Serbiya (Cinayət Məcəlləsinin 61-ci maddəsi), Slovakiya (Cinayət Məcəlləsinin 122-ci maddəsinin 10-cu bəndi), Sloveniya (Cinayət Məcəlləsinin 54-ci maddəsinin 1-ci bəndi), İspaniya (Cinayət Məcəlləsinin 74-cü maddəsi), İsveç (Cinayət Məcəlləsinin 4-cü fəslinin 4a maddəsi), Türkiyə (Cinayət Məcəlləsinin 43-cü maddəsi), Ukrayna (Cinayət Məcəlləsinin 32-ci maddəsi) və Birləşmiş Krallıq (Cinayət Prosessual Qaydaları, 14.2(2)-ci qayda);
b) davamedici cinayət anlayışının hüquq nəzəriyyəsi və praktikası vasitəsilə formalaşdığı on dörd üzv dövlət: Albaniya, Avstriya, Azərbaycan, Danimarka, Estoniya, Fransa, Almaniya, İslandiya, Lixtenşteyn, Litva, Lüksemburq, Monako, Rusiya və İsveçrə;
c) qanunvericiliyində və ya hüquq nəzəriyyəsində hazırkı işdə başa düşülən mənada davamedici cinayət anlayışının mövcudluğu barədə məlumat verməyən üç üzv dövlət: Kipr, Finlandiya və İrlandiya.
33. Davamedici cinayət əməli konsepsiyasının mövcudluğu ilə bağlı Məhkəmənin sərəncamında olan müqayisəli hüquq materialları (yuxarıda 31-32-ci bəndlərə bax) bu konkret sahədə Avropa Şurasına üzv olan dövlətlərin ölkədaxili hüquq sistemləri arasında yüksək dərəcədə yaxınlığın olduğunu göstərir. Belə görünür ki, müvafiq cinayət aktlarının hüquqi cəhətdən vahidliyinə dəlalət edən obyektiv (actus reus) və subyektiv (mens rea) elementləri özündə ehtiva edən davamedici cinayət əməlinin aşağıdakı cəhətləri ilə əlaqədar uzunmüddətli Avropa ənənəsindən irəli gələn (yuxarıda 30-cu bəndə bax) həqiqi konsensus mövcuddur:
a) cinayətkar qanunla qorunan eyni marağa (Rechtsgut, bien juridique, bene giuridico) qarşı bir neçə eyni, oxşar və ya fərqli cinayət aktları törədir; bundan əlavə, çox zaman hər bir halda cinayətkarın və qurbanın eyni adamlar olması tələb olunur;
b) ən azı ayrı-ayrı aktların törədilməsi üsulunda (modus operandi) oxşarlıq olur, yaxud həmin aktlarla əlaqədar olan, vahid bir tam təşkil edən (actus reus) digər əhəmiyyətli hallar mövcud olur;
c) ayrı-ayrı aktlar arasında zaman baxımından yaxınlıq olur və bu yaxınlıq hər bir işin konkret halları baxımından qiymətləndirilməlidir;
d) hər bir ayrı-ayrı aktda eyni və təkrarlanan cinayətkar niyyət və ya məqsəd (mens rea) var, hərçənd ki, onların hamısı öncədən planlaşdırılmaya bilər;
e) ayrı-ayrı aktlar açıq-aydın və ya dolayısı ilə cinayət əməlinin (əməllərinin) tərkib elementlərini təşkil edir.
34. Həmçinin bu prinsiplə bağlı razılıq var ki, davamedici cinayət fəaliyyəti başa çatdığı anda qüvvədə olan qanunvericilik onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara da şamil olunur, bu şərtlə ki, həmin faktlar yeni qanunvericiliyin (bir çox ölkələrdə həm də əvvəlki qanunvericiliyin) tələblərinə cavab vermiş olsun. Bir çox üzv dövlətlərdə bu qayda yeni qanunvericiliyin daha sərt olduğu hallara da şamil olunur, bu zaman belə ehtimal edilir ki, qanunvericilikdəki dəyişiklikdən sonra qanunsuz hərəkətlərini davam etdirməklə cinayətkar daha sərt cəza almağa razılaşmış olur.
35. Bundan başqa, davamedici cinayət əməli törədən cinayətkara bütün üzv dövlətlərdə bir cəza təyin olunur. Davamedici cinayət əməlini təşkil edən ayrı-ayrı aktlar bir neçə müxtəlif hüquq normalarında nəzərdə tutulduqda, ən ağır cəzanı nəzərdə tutan norma tətbiq edilir.
36. Nəhayət, davamedici cinayət əməlinə görə təyin olunan cəza təkrarən törədilən cinayət əməllərinə görə təyin olunan kumulyativ, konsekutiv və ya vahid cəzalara nisbətən bütün hallarda daha yüngül olur.
37. Yuxarıdakı mülahizələrin əsasında Məhkəmə qeyd edir ki, davamedici cinayət anlayışı təkcə konkret davranış növünü cəzalandırmaq üçün qanunverici və məhkəmə praktikasında geniş şəkildə istifadə olunmur, həm də konkret olaraq daha yüngül cəza normalarının təyin olunması məqsədini daşıyır (müqayisə üçün bax: Maktuf və Damyanoviç Bosniya və Herseqovinaya qarşı [BP], ərizələr № 2312/08 və 34179/08, 70-ci bənd, ECHR 2013, çıxarışlar). Belə demək olar ki, davamedici cinayət konsepsiyası cinayətkara iki cür fayda verir:
a) ona yalnız kumulyativ, konsekutiv və ya vahid cəza əvəzinə bircə cəza təyin olunur; və
b) cinayətin yeni qanunvericilikdə nəzərdə tutulmuş tərkib elementlərinin (əgər belələri varsa) lap başlanğıcdan cinayət əməlində mövcudluğunun müəyyən edilməsi tələb olunur, yəni bu tələb yeni qanunvericilik qüvvəyə minənə qədər baş vermiş faktlara da şamil olunur.
C. Beynəlxalq hüquq
1. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə aparılması haqqında Avropa Şurasının Konvensiyası (7 aprel 2011-ci ildə Nazirlər Komitəsi tərəfindən qəbul edilib və 1 avqust 2014-cü ildə qüvvəyə minib)
38. Çexiya Respublikasının ratifikasiya etmədiyi bu Konvensiyaya əsasən, dövlət qadınlara qarşı zorakılığın bütün formaları ilə hərtərəfli mübarizə aparmalı və onun qarşısını almaq, qurbanlarını müdafiə etmək və onu törədənləri məhkəmə qaydasında təqib etmək üçün tədbirlər görməlidir. Konvensiyada digər məsələlərlə yanaşı aşağıdakılar nəzərdə tutulur:
Maddə 46. Ağırlaşdırıcı hallar
"Tərəflər bu Konvensiyaya uyğun olaraq müəyyən edilən hüquq pozuntularına görə cəzanın müəyyənləşdirilməsində aşağıdakı halların, əgər həmin hallar artıq hüquq pozuntusunun tərkib elementlərini təşkil etmirlərsə, daxili qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq ağırlaşdırıcı hallar kimi nəzərə alınmasının mümkünlüyünü təmin etmək üçün zəruri qanunvericilik tədbirlərini və ya digər tədbirləri görürlər:
...
b. hüquq pozuntusunun və ya əlaqəli hüquq pozuntularının dəfələrlə törədilməsi;
..."
39. Yuxarıda adı çəkilən Konvensiyaya əlavə olunmuş izahedici məruzəyə əsasən, 46-cı maddənin "b" bəndində qeyd edilən ağırlaşdırıcı hallar təkrarən törədilən hüquq pozuntularına aiddir. Bu müddəa Konvensiyada müəyyən edilən, eyni hüquqpozan tərəfindən müəyyən müddət ərzində bir dəfədən artıq törədilmiş olan hər hansı hüquq pozuntusunu, habelə əlaqəli hüquq pozuntularını nəzərdə tutur. Beləliklə, sənədi tərtib edənlər eyni növ cinayət aktına dəfələrlə məruz qalan qurbana bu əməlin xüsusilə sarsıdıcı təsirini vurğulamağı qərara alıblar. Bu hal məişət zorakılığı zamanı tez-tez baş verir ki, bu da sənədi tərtib edənləri məhkəmə cəzalarının müddətinin artırılmasının mümkünlüyü tələbini sənədə daxil etməyə sövq edib. Qeyd etmək vacibdir ki, eyni cinayətkarın məhkum olunmasına gətirib çıxaran analoji xarakterli cinayət faktları "b" bəndində qeyd edilmiş təkrarlanan hüquq pozuntusu sayılmaya da bilər, amma "i" bəndinə əsasən özlüyündə ağırlaşdırıcı hal təşkil edə bilər.
2. Avropa İttifaqının Ümumi Yurisdiksiyalı Məhkəməsinin presedent hüququ
40. Trelleborg Industrie SAS və Trelleborg AB Avropa Komissiyasına qarşı iş (bir icraatda birləşdirilmiş işlər: T-147/09 və T-148/09) üzrə 17 may 2013-cü il tarixli qərarında Ümumi Yurisdiksiyalı Məhkəmə "davamedici" və "təkrarlanan" hüquq pozuntusu arasındakı fərq məsələsinə toxunub.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
41. Ərizəçi onun işində Cinayət Məcəlləsinin qüvvəsinin geriyə şamil olunmasından şikayət edərək qeyd etdi ki, onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməkdən ibarət davamedici cinayət əməlinə görə məhkum olunub və məhkəmələrin rəyinə görə, həmin cinayət əməli hətta ərizəçinin qanunvericilikdə dəyişiklik edildiyi tarixdən əvvəlki hərəkətlərini də özündə ehtiva edir. O həmçinin iddia idi ki, məhkəmələr onun həmin tarixə qədərki hərəkətlərinin köhnə qanunvericiliyə əsasən cinayət əməli sayılıb-sayılmadığını lazımi qaydada araşdırmayıblar. O, bununla əlaqədar olaraq Konvensiyanın 7-ci maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməli törədildiyi zaman tətbiq olunandan daha ağır cəza təyin edilə bilməz.
2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur".
42. Hökumət bu arqumentə etiraz etdi.
A. Palatanın qərarı
43. 18 aprel 2013-cü il tarixli qərarında Palata müəyyən etdi ki, Konvensiyanın 7-ci maddəsinin pozuntusu baş verməyib. O razılaşdı ki, Çexiya qanunvericiliyi nöqteyi-nəzərindən Cinayət Məcəlləsinin mətninin 1 iyun 2004-cü ildən sonrakı redaksiyasının ərizəçi tərəfindən həmin tarixdən əvvəl törədilmiş əməllərə şamil olunması cinayət qanunvericiliyinin retroaktiv tətbiqi (geriyə şamil olunması) demək deyildi. O həmçinin qeyd etdi ki, Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndində müəyyən edilmiş davamedici cinayət əməlinin ümumi konsepsiyasının şərhi Ali Məhkəmənin aydın və oturuşmuş presedent hüququna əsaslanır və həmin presedent hüququ ərizəçinin ilk dəfə arvadına hücum etdiyi tarixdən əvvəl formalaşıb. Ərizəçinin rəyinə görə faktiki olaraq qanunvericiliyin retroaktiv tətbiqi ilə nəticələnmiş olan bu şərhin nəticələrinə ərizəçinin etiraz etməsinə gəlincə, Palata qərara aldı ki, hazırkı işdə məhkəmələrin qəbul etdiyi şərh özlüyündə məntiqsiz deyildi, belə ki, davamedici cinayət əməli mahiyyət etibarı ilə müəyyən zaman çərçivəsində davam edirdi və bu əməlin sonuncu cinayət baş verdiyi anda başa çatdığını hesab etmək əsassız deyildi. Bundan başqa, Çexiyanın hakimiyyət orqanları qeyd etdilər ki, ərizəçinin hər dəfə etdiyi hərəkətlər cinayət əməli kimi cəzalandırılmalı hərəkətlər idi. Belə olan halda müvafiq hüquq normaları şərhedici presedent hüququ ilə birlikdə ərizəçiyə imkan verirdi ki, hərəkətlərinin hüquqi nəticələrini öncədən görə bilsin və davranışını müvafiq qaydada nizamlasın.
B. Tərəflərin Böyük Palataya təqdim etdikləri arqumentlər
1. Ərizəçi
44. Ərizəçi Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinə daxili məhkəmələrin verdiyi şərhin anlaşılan və hamılıqla qəbul edilən şərh olduğunu etiraf etsə də, iddia etdi ki, bu şərh onun işinə şamil oluna bilməzdi, çünki sözügedən bəndin tətbiqi üçün şərtlər yerinə yetirilməmişdi. Onun rəyinə görə, dövlət hakimiyyəti orqanları onun hərəkətlərini davamedici cinayət kimi tövsif etməməli idilər, çünki onun etdiyi hücumlar eyni niyyətdən qaynaqlanmırdı, həm də zaman baxımından onların arasında sıx yaxınlıq yox idi, belə ki, müxtəlif hücumların arasında bir neçə illik zaman fasiləsi vardı. O həmçinin qeyd etdi ki, birinci instansiya məhkəməsində icraat aparılarkən iki konkret hücuma görə məhkəmə təqibi üçün qanunla müəyyən edilmiş müddət başa çatmışdı və buna görə də onlar cinayət prosesinin predmeti ola bilməzdi.
45. Bundan başqa, daxili məhkəmələr 1 iyun 2004-cü ilədək qüvvədə olmuş Cinayət Məcəlləsində müəyyən edilmiş cinayət əməllərinin (197a maddədə nəzərdə tutulan mənada şəxsə və ya şəxslər qrupuna qarşı zorakılığın, yaxud 221-ci maddədə nəzərdə tutulan mənada bədən xəsarətinə səbəb olan hücumun) bütün tərkib elementlərinin mövcudluğunu heç vaxt müəyyən etməyiblər. Ərizəçinin rəyinə görə, onun hərəkətləri cinayət əməli kimi cəzalandırılmalı olan hərəkətlər deyil, sadəcə requlyativ hüquqpozmalar idi. Beləliklə, o, törədildiyi anda milli və ya beynəlxalq hüquqa əsasən cinayət əməli təşkil etməyən hərəkətlərə görə məhkum olunmuşdu ki, bu da Konvensiyanın 7-ci maddəsinin pozuntusu idi.
46. Nəhayət, ərizəçi iddia etdi ki, cinayət törədilən anda qüvvədə olan cəzaya nisbətən daha ağır cəzanın təyin olunmasına qarşı yetərli təminatlara malik olmayıb. Əks halda, əgər onun ayrı-ayrı hərəkətləri ayrı-ayrı məhkəmə proseslərində araşdırılsaydı, ona belə ağır cəzanın təyin edilməsi mümkün olmazdı.
2. Hökumət
47. Hökumət qeyd etdi ki, Cinayət Məcəlləsinin həm 89-cu maddəsinin 3-cü bəndi, həm də 215a maddəsi ərizəçinin 2006-cı ilin fevralında cinayətkar hərəkətlərini başa çatdırmasından xeyli əvvəl Çexiyanın hüquq sisteminə daxil edilib. Həmin dövrdə davamedici cinayətlərlə bağlı geniş həcmli presedent hüququ da vardı, habelə Cinayət Məcəlləsinin 89-cu maddəsinin 3-cü bəndinin hazırkı işdə tətbiq edilən şərh ilə eyni məntiqə əsaslanan şərhi mövcud idi. Beləliklə, aydın şəkildə müəyyən edilmişdi ki, bu davranış onun başa çatdığı anda qüvvədə olan qanunvericiliyə əsasən vahid bir cinayət kimi qiymətləndirilməlidir. Bundan başqa, Hökumətin rəyinə görə, 1 iyun 2004-cü ildə Cinayət Məcəlləsinin 215a maddəsinin qanunvericiliyə daxil edilməsi ərizəçinin cinayət məsuliyyətinə cəlb olunması ehtimalının daha aydın və anlaşılan olmasına səbəb olmuşdu. Həqiqətən, Cinayət Məcəlləsinin yeni 215a maddəsi 197a və 221-ci maddələrə nisbətən bu qanunsuz davranışı daha əhatəli şəkildə tənzimləyirdi. Ərizəçi qanunsuz hərəkətlərini 1 iyun 2004-cü ildən sonra da davam etdirdiyi üçün bütün hərəkətlərinə, o cümlədən qanunvericilikdə dəyişikliyin baş verməsindən əvvəlki hərəkətlərinə görə Cinayət Məcəlləsinin 215a maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağını ehtimal edə bilərdi və etməli idi.
48. Ərizəçinin bildirdiklərinin əksinə olaraq, Hökumət iddia etdi ki, bu iş davamedici cinayət təşkil edən hücumlar arasında zaman baxımından sıx yaxınlığın olması tələbinə də uyğun gəlirdi. O, razılaşdı ki, zaman baxımından sıx yaxınlığın ölkədaxili məhkəmə praktikasında müəyyən edilmiş anlayışı günləri, həftələri və ya ayları nəzərdə tutur. Lakin hər hansı maksimal müddət həddi müəyyən edilməyib və bu anlayış sözügedən cinayətin xarakterindən asılı olaraq labüd surətdə müddətin dəyişkənliyinə imkan verir. İş üzrə toplanmış sübutlardan və daxili məhkəmələrin izahlarından görünürdü ki, 24 iyun 2000-ci il, 17 iyul 2003-cü il və 8 fevral 2006-cı il tarixli insidentlər ən zorakı insidentlər kimi götürülüb. Məhkəmələr dəfələrlə bildiriblər ki, ərizəçinin qanunsuz davranışı yeddi il ərzində uzanıb, onun etdiyi ayrı-ayrı hücumların şiddət dərəcəsi müxtəlif olub və onların hər biri həftələr ərzində baş verməklə xarakterinə görə təkrarlanan hücumlar olub. Bundan başqa, ittiham aktında, eləcə də daxili məhkəmələrin qərarlarında açıq-aydın deyilirdi ki, ərizəçi 215a maddəsinin qüvvəyə minməsinə qədər və qüvvəyə minməsindən sonra etdiyi hərəkətlərə görə məhkəməyə cəlb olunub və onları bir-birindən ayırmaq olmazdı. Beləliklə, cinayət təqibi orqanı və məhkəmələr tərəfindən işin ziddiyyətsiz qiymətləndirilməsi nəticəsində hüquqi müəyyənlik tələbinə riayət edilib (əks hala misal olaraq Hökumət bu işə istinad etdi: Ecer və Zeyrek Türkiyəyə qarşı, ərizələr № 29295/95 və 29363/95, 33-35-ci bəndlər, ECHR 2001‑II). İttiham hökmünün özündən aydın olurdu ki, məhkəmələr həmçinin bu rəydə olublar ki, bütövlükdə götürüldükdə ərizəçinin hərəkətləri Cinayət Məcəlləsinin 215a maddəsində müəyyən edilmiş cinayət əməlinin elementlərini özündə ehtiva edir.
49. Beləliklə, Hökumət bu nəticəyə gəldi ki, kifayət qədər aydın və anlaşılan hüquqi bazanın olması tələbi yerinə yetirilib, yeni cinayət qanunvericiliyi retroaktiv qaydada tətbiq edilməyib və ərizəçiyə köhnə qanunvericilikdə nəzərdə tutulandan daha ağır cəza verilməyib. Bununla əlaqədar olaraq Hökumət hesab etdi ki, Çexiya məhkəmələrinin başa düşdüyü mənada davamedici cinayət konsepsiyasından imtina edilsəydi və ərizəçinin 1 iyun 2004-cü ildən əvvəlki və sonrakı hərəkətləri ayrı-ayrı qiymətləndirilsəydi, ərizəçinin mümkün cəzası faktiki olaraq təyin edilmiş cəza ilə ya eyni, ya da daha ağır olardı. Həqiqətən, bu halda ərizəçi vahid cəza ilə cəzalandırılan təkrar cinayətlərə görə məhkəməyə cəlb olunardı və cəza ən ağır cinayət əməlinə aid olan maddə əsasında, yəni Cinayət Məcəlləsinin 215a maddəsi əsasında müəyyən edilmiş olardı. Üstəlik, təkrarən törədilən cinayət əməllərinin mövcudluğu və sözügedən davranışın müddəti ağırlaşdırıcı hal təşkil etmiş olardı.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
50. Məhkəmə xatırladır ki, Böyük Palatanın Konvensiyanın 7-ci maddəsinə aid ən son qərarı olan Del Rio Prada İspaniyaya qarşı iş üzrə qərarında ([BP], ərizə № 42750/09, ECHR 2013) o, hazırkı işin həlli üçün əhəmiyyətli olan aşağıdakı ümumi prinsipləri bəyan edib:
"a) Nullum crimen, nulla poena sine lege (törədildiyi zaman cinayət sayılmayan əmələ görə cəzalandırılmamaq) prinsipi
77. 7-ci maddədə təsbit olunan və qanunun aliliyinin mühüm elementi olan təminat Konvensiya üzrə müdafiə sistemində önəmli yer tutur, bunu o fakt da göstərir ki, bu maddədəki öhdəlikdən hətta müharibə və ya millətin həyatını təhdid edən fövqəladə hallar zamanı da 15-ci maddə əsasında geri çəkilməyə yol verilmir. Bu maddə, obyekt və məqsədindən göründüyü kimi, elə şərh və tətbiq edilməlidir ki, qanunsuz cinayət təqibinə, məhkum edilməyə və cəzaya qarşı səmərəli təminatları təmin etmiş olsun (bax: S.W. Birləşmiş Krallığa qarşı və C.R. Birləşmiş Krallığa qarşı işlər üzə 22 noyabr 1995-ci il tarixli qərarlar, müvafiq olaraq, 34-cü bənd, A seriyaları, № 335-B; və 32-ci bənd, A seriyaları, № 335-C; və Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 137-ci bənd).
78. Konvensiyanın 7-ci maddəsi cinayət qanunvericiliyinin qüvvəsinin təqsirləndirilən şəxsin zərərinə olaraq geriyə şamil olunmasını (retrospektiv tətbiqini) qadağan etməklə məhdudlaşmır (cəzanın retrospektiv tətbiqi ilə bağlı bu işlərə bax: Uelç Birləşmiş Krallığa qarşı, 9 fevral 1995, 36-cı bənd, A seriyaları, № 307-A; Jamil Fransaya qarşı, 8 iyun 1995, 35-ci bənd, A seriyaları, № 317-B; Ecer və Zeyrek Türkiyəyə qarşı, ərizələr № 29295/95 və 29363/95, 36-cı bənd, ECHR 2001‑II; və Mixay Toma Rumıniyaya qarşı, ərizə № 1051/06, 26-31-ci bəndlər, 24 yanvar 20012-ci il). O həm də ümumi şəkildə belə bir prinsipi təsbit edir ki, cinayəti və cəzanı yalnız qanun müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege) (bax: Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il, 52-ci bənd, A seriyaları, № 260-A). O, konkret olaraq mövcud cinayətlərə dair normaların qüvvəsinin əvvəllər cinayət sayılmayan əməllərə şamil olunmasını qadağan etməklə yanaşı, həm də belə bir prinsipi təsbit edir ki, cinayət qanunvericiliyi təqsirləndirilən şəxsin zərərinə olaraq geniş çərçivədə, məsələn, analogiya prinsipi əsasında şərh oluna bilməz (bax: Koem və başqaları Belçikaya qarşı, ərizələr № 32492/96, 32547/96, 32548/96, 33209/96 və 33210/96, 145-ci bənd, ECHR 2000‑VII; cəzanın analogiya prinsipi əsasında tətbiqinə misal olaraq bu işə bax: Başkaya və Okçuoğlu Türkiyəyə qarşı [BP], ərizələr № 23536/94 və 24408/94, 42-43-cü bəndlər, ECHR 1999‑IV).
79. Buradan belə nəticə çıxır ki, cinayətlər və müvafiq cəzalar qanunla aydın şəkildə müəyyən edilməlidir. Şəxs müvafiq normanın mətnindən (ehtiyac olduqda həmin normaya verilmiş məhkəmə şərhinin köməyi ilə və müvafiq hüquqi məsləhət aldıqdan sonra) hansı hərəkətlərin və hərəkətsizliyin cinayət məsuliyyətinə səbəb olacağını və bu üzdən hansı cəza ilə qarşılaşacağını anlaya bilirsə, yuxarıdakı tələb yerinə yetirilmiş olur (bax: Kantoni Fransaya qarşı, 15 noyabr 1996-cı il, 29-cu bənd, Reports of Judgments and Decisions 1996‑V, və Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 140-cı bənd).
80. Beləliklə, Məhkəmə yoxlamalıdır ki, təqsirləndirilən şəxs cinayət təqibinə məruz qalmasına və məhkum olunmasına səbəb olmuş hərəkəti törətdiyi anda həmin hərəkətin cəzalandırılmasını nəzərdə tutan hüquq norması qüvvədə idimi və təyin olunmuş cəza həmin normada müəyyən edilmiş müddətin hüdudlarını aşmışdımı (bax: Koem və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar, 145-ci bənd; və Aşur Fransaya qarşı [BP], ərizə № 67335/01, 43-cü bənd, ECHR 2006‑IV).
b) "Cəza" anlayışı və onun əhatə dairəsi
...
c) Cinayət qanunvericiliyinin anlaşılan olması
91. 7-ci maddədə "qanundan" bəhs edilərkən Konvensiyanın mətnində bu terminin işləndiyi hər bir yerdə nəzərdə tutulanla eyni anlayış nəzərdə tutulur, həmin anlayış qanunvericilik aktlarını, habelə presedent hüququnu nəzərdə tutur və keyfiyyət tələblərini müəyyən edir, yəni qanun əlçatan və anlaşılan olmalıdır (bax: Kokkinakisin işi üzrə yuxarıda qeyd edilən qərar, 40-41-ci bəndlər; Kantoninin işi üzrə yuxarıda qeyd edilən qərar, 29-cu bənd; Koem və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar, 145-ci bənd; və E.K. Türkiyəyə qarşı, ərizə № 28496/95, 51-ci bənd, 7 fevral 2002-ci il). İstər cinayət əməlinin anlayışı, istərsə də həmin əmələ düşən cəza bu keyfiyyət tələblərinə cavab verməlidir.
92. Bu prinsipdən belə bir məntiqi nəticə çıxır ki, qanunlar hamıya şamil olunmalıdır və qanunvericilik aktlarının mətni həmişə dəqiq olmaya bilər. Hüquq normaları vasitəsilə tənzimləmənin standart üsullarından biri əməllərin tam siyahını göstərmək əvəzinə onları ümumi kateqoriyalara ayırmaqdır. Müvafiq olaraq, bir çox qanunlar az və ya çox dərəcədə qeyri-müəyyən şəkildə ifadə olunur və onların şərhi və tətbiqi məsələsi praktikaya aid məsələdir (bax: Kokkinakisin işi üzrə yuxarıda qeyd edilən qərar, 40-cı bənd; və Kantoninin işi üzrə yuxarıda qeyd edilən qərar, 31-ci bənd). Lakin hüquq norması istənilən hüquq sistemində, o cümlədən cinayət hüququnda nə qədər aydın şəkildə tərtib olunursa-olunsun, məhkəmə şərhi elementinə ehtiyac qaçılmaz olur. Şübhəli məqamlara aydınlıq gətirilməsinə və müddəaların dəyişən şəraitə uyğunlaşdırılmasına həmişə ehtiyac olur. Normada müəyyənlik son dərəcə arzuedilən olsa da, bu onu həddən artıq qeyri-mütəhərrik edə bilər, halbuki qanun dəyişən şəraitlə ayaqlaşa bilməlidir (bax: Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 141-ci bənd).
93. Məhkəmələrə həvalə olunmuş qərar çıxarma funksiyası, şübhəsiz ki, normaların şərhi ilə bağlı qalan şübhələri aradan qaldırmağa xidmət edir (yenə həmin bəndə bax). Məhkəmələrin normayaradıcı fəaliyyəti vasitəsilə cinayət qanunvericiliyinin mütərəqqi inkişafı dərin köklərə malikdir və Konvensiya iştirakçısı olan dövlətlərin hüquq ənənəsinin zəruri tərkib hissəsidir (bax: Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il, 29-cu bənd, A seriyaları, № 176-A). Konvensiyanın 7-ci maddəsi bu və ya digər işdə məhkəmə şərhi vasitəsilə cinayət məsuliyyəti normalarının izahının tədricən verilməsini qanunsuz elan edən maddə kimi başa düşülə bilməz, bu şərtlə ki, həmin izah cinayət əməlinin mahiyyətinə uyğun olsun və anlaşılan olsun (bax: S.W. və C.R. Birləşmiş Krallığa qarşı işlər üzə yuxarıda qeyd edilən qərarların, müvafiq olaraq, 36-cı və 34-cü bəndləri; Strelets, Kessler və Krensin işi üzə yuxarıda qeyd edilən qərar, 50-ci bənd; K.-H.W. Almaniyaya qarşı [BP], ərizə № 37201/97, 85-ci bənd, ECHR 2001-II, çıxarışlar; Korbeli Macarıstana qarşı [BP], ərizə № 9174/02, 71-ci bənd, ECHR 2008; Kononov Latviyaya qarşı [BP], ərizə № 36376/04, 185-ci bənd, ECHR 2010). Məhkəmə şərhi əlçatan və anlaşılan olmazsa, bu hal hətta təqsirləndirilən şəxsin 7-ci maddədə nəzərdə tutulmuş hüquqlarının pozulduğunun müəyyən edilməsinə gətirib çıxara bilər (cinayətin tərkib elementləri ilə bağlı bu işlərə bax: Pessino Fransaya qarşı, ərizə № 40403/02, 35-36-cı bəndlər, 10 oktyabr 2006-cı il; və Draqotoniu və Militaru-Pidhorni Rumıniyaya qarşı, ərizələr № 77193/01 və 77196/01, 43-44-cü bəndlər, 24 may 2007-ci il; cəza ilə bağlı bu işlərə bax: Alimuçay Albaniyaya qarşı, ərizə № 20134/05, 154-162-ci bəndlər, 7 fevral 2012-ci il). Belə olmasaydı, bu maddənin obyekt və məqsədi (yəni heç kim qanunsuz cinayət təqibinə, məhkum edilməyə və ya cəzaya məruz qalmamalıdır) mənasını itirmiş olardı".
51. Məhkəmə onu da xatırladır ki, faktların qiymətləndirilməsində və onlara hüquqi tövsif verilməsində daxili məhkəmələri əvəzləmək onun vəzifəsi deyil, bu şərtlə ki, onların qərarları sübutların ağlabatan şəkildə qiymətləndirilməsinə əsaslanmış olsun (bax (müvafiq dəyişikliklərlə): Florin İonesku Rumıniyaya qarşı, ərizə № 24916/05, 59-cu bənd, 24 may 2011-ci il). Ümumiyyətlə, Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyin şərhi problemlərinin həlli ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir. Beləliklə, onun funksiyası həmin şərhin Konvensiyaya uyğun olub-olmadığını aydınlaşdırmaqla məhdudlaşır (bax: Ueyt və Kennedi Almaniyaya qarşı [BP], ərizə № 26083/94, 54-cü bənd, ECHR 1999‑I; Korbeli Macarıstana qarşı [BP], ərizə № 9174/02, 72-73-cü bəndlər, ECHR 2008; və Kononov Latviyaya qarşı [BP], ərizə № 36376/04, 197-ci bənd, ECHR 2010).
52. Bununla belə, Konvensiyada (hazırkı işdə 7-ci maddədə) yer alan hüquq ittiham hökmü və cəza üçün hüquqi əsasın olmasını tələb etdikdə, Məhkəmənin məsələyə yenidən baxma səlahiyyətləri daha geniş olur. 7-ci maddənin 1-ci bəndi Məhkəmədən tələb edir ki, ərizəçinin məhkum edilməsi üçün hal-hazırda hüquqi bazanın olub-olmadığını araşdırsın və o, konkret olaraq əmin olmalıdır ki, müvafiq ölkədaxili məhkəmələrin gəldiyi nəticə Konvensiyanın 7-ci maddəsinə uyğundur. Məhkəməyə verilən yenidən baxma səlahiyyəti bundan az olsaydı, 7-ci maddənin məqsədi heçə endirilmiş olardı (bax: Kononovun işi üzrə yuxarıda qeyd edilən qərar, 198-ci bənd).
53. Xülasə, Məhkəmə ərizəçinin məhkum edilməsi üçün kifayət qədər aydın hüquqi əsasın olub-olmadığını araşdırmalıdır (bax: Kononovun işi üzrə yuxarıda qeyd edilən qərar, 199-cu bənd).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
54. Məhkəmə qeyd edir ki, ərizəçinin arqumentləri aşağıdakıların iddia edilməsindən ibarətdir: birincisi, onun 1 iyun 2004-cü ilə qədərki hərəkətləri onların törədildiyi anda qüvvədə olan cinayət qanunvericiliyinə əsasən cəzalandırılmalı hərəkətlər deyildi, belə ki, onlar dövlət orqanlarının qeyd etdikləri cinayət əməllərinin, yəni Cinayət Məcəlləsinin 197a və (və ya) 221-ci maddələrinin şamil olunduğu əməllərin tərkib elementlərini özündə ehtiva etmirdi, onlar yalnız requlyativ hüquq pozuntuları idi; və ikincisi, ayrı-ayrı hücumlar davamedici cinayət əməli sayıla bilməzdi, çünki onlar eyni niyyətdən qaynaqlanmırdılar və ya zaman baxımından sıx yaxınlığa malik deyildilər və bu baxımdan heç bir həqiqi sübut yox idi.
55. Lakin yuxarıda 51-52-ci bəndlərdə qeyd edilən məhdudiyyətlərdən belə nəticə çıxır ki, Məhkəmədən ərizəçinin fərdi cinayət məsuliyyəti məsələsi barədə qərar vermək tələb olunmur, bu ilk növbədə daxili məhkəmələr tərəfindən qiymətləndirilməli olan məsələdir. Həqiqətən, faktlara dair qənaətləri və ərizəçinin niyyətini onlara təqdim edilmiş sübutlar əsasında qiymətləndirmək və ərizəçinin davranışının davamedici cinayət, uzanan cinayət, yaxud təkrarlanan və ya kumulyativ cinayət kimi tövsif edilməli olub-olmadığına dair qərar vermək dövlət hakimiyyəti orqanlarının işi idi. Beləliklə, ərizəçi tərəfindən 1 iyun 2004-cü ilədək törədilmiş hərəkətlərin yuxarıda qeyd edilən maddələrdə müəyyən edilmiş cinayət əməllərinin tərkib elementlərini özündə ehtiva edib-etmədiyi (bax: (müvafiq dəyişikliklərlə), Leidye və İzorni Fransaya qarşı, 23 sentyabr 1998-ci il, 50-ci bənd, Reports of Judgments and Decisions 1998‑VII), yaxud ərizəçinin davranışının davamedici cinayət kimi tövsif edilməli olub-olmadığı barədə rəy bildirmək Məhkəmənin funksiyasına aid deyil.
56. Əslində hazırkı işdə 7-ci maddənin 1-ci bəndi ilə bağlı Məhkəmənin funksiyası ikiqat funksiyadır. Birincisi, o araşdırmalıdır ki, ərizəçinin hərəkətləri, o cümlədən 1 iyun 2004-cü ildə Cinayət Məcəlləsinin 215a maddəsi qüvvəyə minənə qədər etdiyi hərəkətlər, törədildikləri anda daxili qanunvericilikdə kifayət qədər anlaşılan şəkildə müəyyən edilmiş cinayət əməli təşkil edirdimi (Strelets, Kessler və Krens Almaniyaya qarşı [BP], ərizələr № 34044/96, 35532/97 və 44801/98, 51-ci bənd, ECHR 2001-II, Veeber Estoniyaya qarşı (№ 2) iş üzrə yuxarıda qeyd edilən qərar, 33-cü bənd; və Korbelinin işi üzrə yuxarıda qeyd edilən qərar, 72-73-cü bəndlər), qanunvericiliyin əlçatan olması isə bu işdə araşdırma predmeti deyil. İkincisi, Məhkəmə müəyyən etməlidir ki, həmin maddənin milli məhkəmələr tərəfindən 1 iyun 2004-cü ilə qədər ərizəçinin törətdiyi hərəkətlərə şamil olunması ərizəçinin Konvensiyanın 7-ci maddəsi pozulmaqla daha ağır cəzaya məruz qalmasının real surətdə mümkün olmasına gətirib çıxarmışdımı (bax: (müvafiq dəyişikliklərlə), Maktuf və Damyanoviçin işi üzrə yuxarıda qeyd edilən qərar, 70-ci bənd)?
a) Cinayət əməli qanunda kifayət qədər anlaşılan şəkildə müəyyən edilmişdimi?
57. Məhkəmə bundan öncə davamedici və ya uzanan cinayət əməlinə görə ərizəçinin məhkum edilməsinə aid olan iki işi mahiyyəti üzrə araşdırmalı olub, hərçənd ki, bu iki növ cinayət əməli arasında fərq qoymayıb (bax: Ecer və Zeyrekin işi və Veeberin işi (№ 2), yuxarıda 28-ci bənddə hər iki işə istinad edilib). Yuxarıda adı çəkilən işlər üzrə qərarlarında o qeyd edib ki, mahiyyətcə bu cür cinayət əməli müəyyən müddət ərzində törədilən cinayət növüdür (bax: Veeberin işi (№ 2) üzrə yuxarıda qeyd edilən qərar, 35-ci bənd). O daha sonra bildirib ki, təqsirləndirilən şəxs davamedici cinayətdə ittiham olunub və hüquqi müəyyənlik prinsipi tələb edirdi ki, həmin cinayəti təşkil edən və ərizəçinin cinayət məsuliyyətinə səbəb olan hərəkətlər ittiham aktında aydın əks olunsun. Bundan başqa, ölkədaxili məhkəmənin çıxardığı qərarda həmçinin müəyyən edilməli idi ki, təqsirləndirilən şəxsin məhkum edilməsi və cəzalandırılması "davamedici" cinayət əməlinin elementlərinin cinayət təqibi orqanı tərəfindən müəyyən edildiyi barədə məhkəmənin gəldiyi qənaətin nəticəsidir (bax: Ecer və Zeyrekin işi üzrə yuxarıda qeyd edilən qərar, 33-cü bənd).
58. Məhkəmə həmçinin xatırladır ki, istənilən hüquq sistemində hər bir cinayət əməlinin strukturuna əsaslanaraq cəzalandırılmalı əməlin törədildiyi tarixi (cinayət əməlinin mövcudluğuna dair bütün tələblərin ödənildiyi tarixi) müəyyənləşdirmək məqsədi ilə cinayət qanunvericiliyinin maddi hüquq normalarını şərh etmək ölkədaxili məhkəmələrin işidir. Konvensiya bu cür məhkəmə şərhinə maneə yaradan sənəd kimi fəaliyyət göstərə bilməz, bu şərtlə ki, daxili məhkəmələrin gəldiyi nəticələr Məhkəmənin presedent hüququnda nəzərdə tutulan mənada ağlabatan dərəcədə anlaşılan olsun (bax: Previti İtaliyaya qarşı (qərardad), ərizə № 45291/06, 283-cü bənd, 8 dekabr 2009-cu il).
59. Hazırkı işin konkret hallarına gəlincə, Məhkəmə öncə qeyd edir ki, ərizəçi konkret olaraq ən azı 2000-ci ildən 6 fevral 2006-cı ilədək sərxoş olduğu vaxtlarda arvadı ilə dəfələrlə fiziki və ruhi cəhətdən qəddar rəftar etməkdə ittiham olunaraq məhkum edilib (əlavə təfsilatlar üçün yuxarıda 10-cu bəndə bax). Nəticədə onun arvadı ciddi bədən xəsarətlərinə məruz qalıb və 26 iyun 2000-ci ildə, 18 iyul 2003-cü ildə və 8 fevral 2006-cı ildə tibbi yardım üçün müraciət etməli olub (yuxarıda 10-cu bəndə bax). 21 fevral 2008-ci il tarixli qərarında Ali Məhkəmə bu cinayət əməlinə aşağı məhkəmələrin 1 iyun 2004-cü ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin 215a maddəsində nəzərdə tutulmuş əməl kimi, yəni bir evdə yaşayan şəxslə qəddar rəftar etmə əməli kimi hüquqi tövsif vermələrini dəstəklədi və həmin maddəni ərizəçinin arvadına qarşı həmin tarixdən əvvəl törətdiyi qəddar rəftar hallarına da tətbiq etdi. Bununla əlaqədar olaraq Ali Məhkəmə özünün 8 dekabr 1993-cü il tarixli (Tzn 12/93 saylı) qərarına istinad etdi, qərarda deyilirdi ki, vahid bir akt hesab olunan davamedici cinayət əməli (pokračování v trestném činu) mövcud olduqda, cinayət qanunvericiliyində onun tövsifi cinayət əməlinin sonuncu aktı yekunlaşdığı anda qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir. Buna görə də 215a maddəsi əvvəlki hücumlara da şamil olunurdu, bu şərtlə ki, onlar əvvəlki qanunvericiliyə əsasən cinayət əməli təşkil etsin, ərizəçinin 2004-cü il iyunun 1-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə qədərki davranışı ən azı Cinayət Məcəlləsinin 197a maddəsi və ya 221-ci maddəsinin 1-ci bəndi əsasında cəzalandırılmalı olan cinayət əməli təşkil edirdi. İşin materiallarını araşdırdıqdan sonra Ali Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin hərəkətləri Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş əməlin, yəni şəxsin onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməsi cinayətinin bütün hüquqi elementlərini özündə ehtiva edirdi. Sözügedən cinayət ən azı 2000-ci ildən 8 fevral 2006-cı ilədək, yəni bir neçə il ərzində törədildiyinə görə, Cinayət Məcəlləsinin 215a maddəsinin 2(b) bəndinə uyğun olaraq cinayət əməlinin uzun müddət davam etməsini ağırlaşdırıcı hal hesab etmək üçün əsas şərtlər mövcud idi (yuxarıda 13-cü bəndə bax).
60. Məhkəmə daha sonra qeyd edir ki, Ali Məhkəmənin 8 dekabr 1993-cü il tarixli qərara istinadən verdiyi yuxarıda qeyd edilən izahdan belə nəticə çıxır ki, onun verdiyi şərh 89-cu maddənin 3-cü bəndində yer alan konkret normaya aid idi, presedent hüququ vasitəsilə formalaşmış davamedici cinayət əməli konsepsiyası həmin norma vasitəsilə 1994-cü ildə, yəni ərizəçinin arvadına qarşı törətdiyi və törədilməsinə görə məhkum olunduğu ilk hücumdan əvvəl Cinayət Məcəlləsinə daxil edilmişdi (əks situasiya üçün bax: Veeberin işi üzrə yuxarıda qeyd edilən qərar, 37-ci bənd). Həqiqətən, ərizəçi Məhkəməyə təqdim etdiyi çəkişmə sənədlərində 89-cu maddənin 3-cü bəndində yer alan normanın milli məhkəmələr tərəfindən onun işinə tətbiq ediləcəyini öncədən görməyin mümkün olduğunu şübhə altına almamışdı.
61. Həmin bəndə əsasən, davamedici cinayət əməli eyni məqsəd daşıyan, eyni cinayət əməlinin elementlərini özündə ehtiva edən, tərkib elementləri eyni və ya oxşar şəkildə həyata keçirilməsi ilə bir-biri ilə əlaqəli olan, zaman etibarı ilə bir-birinə yaxın olan və eyni obyektə yönələn ayrı-ayrı aktlardan ibarət əməl kimi müəyyən edilmişdi. Ali Məhkəmənin aydın və oturuşmuş presedent hüququndan (yuxarıda 25-27-ci bəndlərə bax) və hüquq ədəbiyyatında ifadə edilmiş rəylərdən (yuxarıda 24-cü bəndə bax) aydın göründüyü kimi, davamedici cinayət əməli vahid bir akt hesab olunurdu və Çexiya cinayət qanunvericiliyi əsasında onun tövsifi həmin əməlin sonuncu aktı yekunlaşdığı anda qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməli idi, bu şərtlə ki, əvvəlki qanunvericiliyin dövründə törədilmiş hərəkətlər həmin köhnə qanunvericiliyə əsasən cinayət əməli təşkil etmiş olsun.
62. Ərizəçinin 1 iyun 2004-cü ilə qədərki davranışı Cinayət Məcəlləsinin 197a maddəsi və 221-ci maddəsinin 1-ci bəndi əsasında cəzalandırılmalı olan cinayət əməli təşkil etdiyinə və 215a maddəsində müəyyən edilmiş cinayətin tərkib elementlərini özündə ehtiva etdiyinə görə, Məhkəmə razılaşır ki, ərizəçinin həm də həmin tarixdən əvvəl törətdiyi aktlara görə yuxarıda qeyd edilən maddə əsasında məsuliyyətə cəlb olunması cinayət qanunvericiliyinin ərizəçinin zərərinə olaraq və Konvensiyanın qadağan etdiyi şəkildə retroaktiv tətbiqini təşkil etmirdi. Bundan başqa, 10 iyun 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdi ki, ərizəçinin işində milli məhkəmələrin qərarları məntiqli və ziddiyyətsiz idi və Konstitusiya ilə qadağan olunan hər hansı retroaktiv təsirə malik deyildi. Məhkəmə Konvensiyanın 7-ci maddəsinin qadağan etdiyi hal olan qanunvericiliyin anlaşılmaz olması səbəbindən bu mövqeyin hər hansı şəkildə şübhə altına alındığını göstərən heç bir şey aşkar etmədi.
63. Belə olan halda, müvafiq daxili qanunvericilik normalarının aydın ifadə olunduğunu və daha sonra milli məhkəmələr tərəfindən izah edildiyini nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, şəxsin onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməsi cinayətinin Cinayət Məcəlləsinə daxil edildiyi tarixdən – 1 iyun 2004-cü ildən sonra da ərizəçinin davranışı davam etdiyinə görə, ərizəçi sonuncu hücumu törətdiyi anda qüvvədə olan qanunvericiliyə, yəni Cinayət Məcəlləsinin 215a maddəsinə əsasən davamedici cinayət kimi qiymətləndirilən əmələ görə cinayət məsuliyyətinə cəlb olunacağını, zərurət olduqda hüquqi məsləhət almaqla, ehtimal edə bilərdi və etməli idi. O, ərizəçinin təkcə 1 iyun 2004-cü ildə bu maddənin qüvvəyə minməsindən sonrakı hərəkətləri ilə deyil, həm də 2000-ci ildən həmin tarixə qədərki hərəkətləri ilə əlaqədar olaraq yuxarıda qeyd edilən davamedici cinayətə görə məsuliyyətə cəlb oluna biləcəyini öncədən görmək və davranışını müvafiq qaydada nizamlamaq imkanına malik olmasını şübhə altına almaq üçün heç bir səbəb görmür (bax (müvafiq dəyişikliklərlə): Strelets, Kessler və Krensin işi üzrə yuxarıda qeyd edilən qərar, 82-ci bənd; və Aşur Fransaya qarşı [BP], ərizə № 67335/01, 52-53-cü bəndlər; ECHR 2006‑IV).
64. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə razılaşır ki, ərizəçinin məhkum olunduğu cinayət əməli nəinki "törədildiyi anda qüvvədə olan müvafiq milli ... qanunvericilikdə" nəzərdə tutulmuşdu, həm də həmin qanunvericilikdə bu cinayət əməli kifayət qədər aydın şəkildə müəyyən edilmişdi və Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulmuş "milli hüquq" anlayışının müstəqil mənasından irəli gələn tələbə, yəni qanunun anlaşılan olmasından ibarət keyfiyyət tələbinə cavab verirdi.
b) 215a maddəsi əsasında ərizəçiyə təyin olunmuş cəza daha ağır cəza idimi?
65. Bundan əlavə, Məhkəmə ərizəçinin bu arqumentini qəbul edə bilməz ki, milli məhkəmələrin 215a maddəsi əsasında 1 iyun 2004-cü ilə qədər törədilmiş hərəkətlərə görə də cəza təyin etmələri onun əks halda almalı olduğu cəzadan daha ağır cəza alması ilə nəticələnib.
66. Artıq yuxarıda qeyd edildiyi kimi, daxili məhkəmələrin izahlarından və konkret olaraq Ali Məhkəmənin 21 fevral 2008-ci il tarixli qərarında verdiyi izahdan belə nəticə çıxarmaq olar ki, Cinayət Məcəlləsinin 215a maddəsinin 1-ci və 2(b) bəndlərində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib elementləri 1 iyun 2004-cü ildə həmin maddənin qüvvəyə minməsinə qədər ərizəçinin etdiyi hərəkətlərdə də mövcud idi. Məhkəmələr həmin hərəkətləri nəzərdə tutaraq bunu da aydın şəkildə qeyd etmişdilər ki, köhnə qanunvericiliyə əsasən onlar cəzalandırılmalı hərəkətlər idi.
67. Daxili məhkəmələrin yuxarıda qeyd edilən yanaşmasının ərizəçinin cəzasına mənfi təsir göstərərək onu ağırlaşdırdığını göstərən heç bir şey yoxdur (əks situasiya üçün bax: Veeberin işi (№ 2) üzrə yuxarıda qeyd edilən qərar, 36-cı bənd). Əksinə, onun 1 iyun 2004-cü ilə qədər törətdiyi hərəkətlər həmin tarixdən sonra törətdiklərindən ayrılıqda qiymətləndirilsəydi, Cinayət Məcəlləsinin 35-ci maddəsinin 1-ci bəndində yer alan müvafiq cəza norması cəzanın ən ağır cinayətlərə aid hüquq norması əsasında, yəni Cinayət Məcəlləsinin 215a maddəsi əsasında təyin olunması ilə nəticələnəcəkdi. Bu halda o, Hökumətin qeyd etdiyi kimi, ən azı təyin olunanla eyni, yaxud hətta daha ağır cəza alacaqdı, belə ki, təkrarən törədilən cinayətlərin mövcudluğu, yəqin ki, Cinayət Məcəlləsinin 34k maddəsinə əsasən ağırlaşdırıcı hal sayılacaqdı.
68. Məhkəmə həmçinin ərizəçinin bu mülahizəsini də qeyri-inandırıcı hesab edir ki, onun hücumları ayrı-ayrılıqda nəzərdən keçirilsəydi onların ikisi (güman ki, 24 iyun 2000-ci il və 17 iyul 2003-cü il tarixli hücumlar) barəsində cinayət təqibi üçün qanunla müəyyən edilmiş müddət bitmiş sayılardı. Cinayət Məcəlləsinin 67-ci maddəsinin 1(d) bəndinə əsasən, ən çoxu üç ildən az müddətə cəzalandırılmalı olan cinayət əməllərinə görə cinayət təqibinin qanunla müəyyən edilmiş müddəti üç il idi. Buna görə də, hətta o yalnız daxili məhkəmələrin göstərdikləri üç insidentə görə cinayət təqibinə məruz qalsaydı belə, istənilən halda ən azı 17 iyul 2003-cü ildə törədilən və köhnə qanunvericilikdə nəzərdə tutulan hücuma görə və 8 fevral 2006-cı ildə törədilən və yeni qanunvericilikdə nəzərdə tutulan hücuma görə məsuliyyətə cəlb olunacaqdı.
69. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə əmindir ki, yeni qanunvericilik qüvvəyə minməzdən əvvəl törədilmiş hərəkətlərin həmin qanun əsasında qiymətləndirilməsi faktı cəza məsələsində ərizəçinin ziyanına işləməyib. Həqiqətən, ona vahid bir cəza verilib və o, yeni qanunvericilik qüvvəyə mindikdən sonra törətdiyi hərəkətlərə görə istənilən halda cəza çəkməli idi (yuxarıda 37-ci bəndə bax; həmçinin əks situasiya üçün bax: Maktuf və Damyanoviçin işi üzrə yuxarıda qeyd edilən qərar, 70-ci bənd).
c) Nəticə
70. Yuxarıdakı mülahizələr Məhkəmənin bu qənaətə gəlməsi üçün kifayətdir ki, onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməkdən ibarət davamedici cinayət əməlində təqsirli bilinmiş ərizəçiyə təyin olunmuş cəza bu cinayət əməli yekunlaşmış hesab edildiyi anda qanunvericiliyə uyğun olaraq həmin əmələ tətbiq edilə bilərdi və həmin qanunvericiliyin doğuracağı nəticələri öncədən görmək mümkün idi. Cinayət qanunvericiliyinin retroaktiv tətbiqi baş verməmişdi və ərizəçiyə tətbiq edilmiş normalar onun bir neçə ayrıca cinayət əməlinə görə məsuliyyətə cəlb olunacağı halda qüvvədə olan normalara nisbətən daha ağır cəza nəzərdə tutan normalar deyildi.
71. Məhkəmə razılaşır ki, hazırkı işdə Çexiya məhkəmələrinin qəbul etdiyi yanaşma Konvensiyanın 7-ci maddəsinin obyekt və məqsədinə, yəni heç kimin qanunsuz cinayət təqibinə, məhkum edilməyə və ya cəzaya məruz qalmamasını təmin etmək məqsədinə uyğundur (yuxarıda 50-ci bəndə bax). Bundan əlavə, milli qanunvericilikdə məişət zorakılığına qarşı müdafiənin gücləndirilməsi (qadınlara qarşı törədilən bu cür zorakılıq müasir Avropa cəmiyyətlərində hələ də böyük narahatlıq doğuran məsələ olaraq qalır – yuxarıda 38-ci bəndə bax və həmçinin bu işə bax: Opuz Türkiyəyə qarşı, ərizə № 33401/02, ECHR 2009) həmçinin mahiyyətini insanın ləyaqət və azadlığına hörmət təşkil edən Konvensiyanın fundamental məqsədlərinə də uyğundur (bax (müvafiq dəyişikliklərlə): C.R. Birləşmiş Krallığa qarşı, 22 noyabr 1995-ci il tarixli qərar, 42-ci bənd, A seriyaları, № 335-C).
72. Yuxarıdakı nəticələrə gələrkən Məhkəmə ərizəçinin şikayətini Çexiya qanunvericiliyində nəzərdə tutulmuş davamedici cinayətə, yəni ərizəçinin onunla bir evdə yaşayan şəxslə qəddar rəftar etməsinə dair işə Konvensiyanın 7-ci maddəsinin tətbiqi nöqteyi-nəzərindən araşdırdı. Bu kontekstdə müqayisəli şəkildə qeyd etmək lazımdır ki, Çexiya qanunvericiliyində müəyyən edilmiş davamedici cinayət anlayışı Avropa Şurasına üzv olan dövlətlərin böyük əksəriyyətinin milli qanunlarında öz əksini tapmış Avropa ənənəsinə uyğundur (yuxarıda 31-ci və 33-cü bəndlərə bax) və müvafiq olaraq, hazırkı işdə qaldırılmış qanunvericiliyin anlaşılan olması məsələsi, belə görünür ki, Konvensiyanın iştirakçısı olan dövlətlərin milli hüquq sistemlərində bu cür cinayət əməlləri ilə bağlı mövcud olan vəziyyətdən nəzərə çarpan dərəcədə fərqlənmir. Dövlət hakimiyyəti orqanları tərəfindən təsvir edilmiş ərizəçinin davranışından görmək olar ki, onun hərəkətləri konkret qurbana, yəni arvadına və xüsusən də arvadının fiziki və psixi toxunulmazlığı ilə bağlı qanuni maraqlarına, eləcə də mənliyinə qarşı yönəlmişdi. Həmçinin bunlar da aydındır ki, davranış tərzi eyni idi, yəni ərizəçinin onunla bir evdə yaşayan şəxsə qarşı törətdiyi hücumlardan ibarət idi; bir neçə il davam etmiş müxtəlif aktlar arasında zaman baxımından əlaqə vardı; bu müddət ərzində törədilmiş hər bir hücum eyni cinayətkar niyyətdən qaynaqlanırdı; hər bir halda ərizəçinin davranışı cinayət qanunvericiliyini pozurdu. Başqa sözlə, ərizəçinin məhkum edildiyi cinayət əməli Konvensiyanın üzvü olan ölkələrin cinayət ədliyyəsi sistemində bu cür cinayətlər üçün ümumi olan bir çox xarakteristikalara malik idi və belə cinayətlərə cəza təyin olunarkən hökm vahid bir cinayət əməlinə görə çıxarılırdı (yuxarıda 33-37-ci bəndlərə bax).
73. Xülasə, Konvensiyanın 7-ci maddəsinin pozuntusu baş verməyib.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
Qərara alır ki, Konvensiyanın 7-ci maddəsi pozulmayıb.
Qərar ingilis dilində tərtib edilib və 27 yanvar 2015-ci ildə yazılı şəkildə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Maykl O’Boyl (Michael O’Boyle)
Katib müavini
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy