© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
ROMAN ZAXAROV (ROMAN ZAKHAROV) RUSİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 47143/06)
QƏRAR
Strasburq
4 dekabr 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Roman Zaxarov Rusiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
Luis Lopes Gerra (Luis López Guerra),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Angelika Nyussberger (Angelika Nußberger),
Yuliya Laffrank (Julia Laffranque),
Linos-Aleksandr Sitsilianos (Linos-Alexandre Sicilianos),
Erik Mos (Erik Møse),
Andre Potoki (André Potocki),
Pol Lemmens (Paul Lemmens),
Helena Yaderblom (Helena Jäderblom),
Fars Vehaboviç (Faris Vehabović),
Kseniya Turkoviç (Ksenija Turković),
Dmitri Dedov (Dmitry Dedov),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
24 sentyabr 2014-cü ildə və 15 oktyabr 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PRODESUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı cənab Roman Andreyeviç Zaxarov (Roman Andreyevich Zakharov) (“ərizəçi”) tərəfindən 20 oktyabr 2006-cı ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (№ 47143/06) əsasında başlanıb.
2. Əvvəlcə ərizəçini Sankt-Peterburqda vəkillik fəaliyyəti ilə məşğul olan cənab B. Qruzd (B. Gruzd) təmsil edib. Sonradan onu "EHRAC/Memorial" insan hüquqları mərkəzinin Moskva bölməsinin vəkilləri təmsil ediblər. Rusiya Federasiyası Hökumətini (“Hökumət”) Avropa İnsan Hüquqları Məhkəməsində Rusiya Federasiyasının nümayəndəsi cənab G. Matyuşkin (G. Matyushkin) təmsil edib edib.
3. Ərizəçi iddia etdi ki, Rusiyada mobil telefon danışıqlarının gizli dinlənilməsi sistemi onun şəxsi həyatının və yazışmalarının toxunulmazlığına hörmət edilməsi hüququnu pozub və o, bu məsələ ilə bağlı hər hansı səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıb.
4. 19 oktyabr 2009-cu ildə ərizə barədə Hökumətə məlumat verildi.
5. Hakimlər İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre) (sədr), Xanlar Hacıyev, Yuliya Laffrank, Linos-Aleksandr Sitsilianos, Erik Mos, Kseniya Turkoviç, Dmitri Dedov, habelə Bölmənin katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə təşkil olunan, işin icraatını aparan Birinci Bölmənin Palatası (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi) 11 mart 2014-cü ildə Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etdi və tərəflərin heç biri bu imtinaya etiraz etmədi (Konvensiyanın 30-cu maddəsi və 72-ci Qayda).
6. 24 sentyabr 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
nümayəndə:
cənab G. Matyuşkin (G. Matyushkin), Avropa İnsan Hüquqları Məhkəməsində Rusiya Federasiyasının nümayəndəsi
məsləhətçilər:
xanım O. Sirotkina (O. Sirotkina),
xanım İ. Koryeva (I. Korieva),
xanım O. Yurçenko (O. Iurchenko),
cənab O. Afanasyev (O. Afanasev),
cənab A. Lakov (A. Lakov);
b) ərizəçinin adından:
vəkillər:
cənab P. Liç (P. Leach),
xanım K. Levayn (K. Levine),
cənab K. Koroteyev (K. Koroteev),
xanım A. Rajikova (A. Razhikova),
məsləhətçi:
xanım Ye. Levçişina (E. Levchishina).
Məhkəmə cənab Matyuşkinin, cənab Liçin, xanım Levaynın, xanım Rajikovanın və cənab Koroteyevin çıxışlarını, habelə hakimlər tərəfindən verilmiş suallara cənab Matyuşkinin və cənab Liçin cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçi 1977-ci ildə anadan olub və Sankt-Peterburqda yaşayır.
8. Ərizəçi nəşriyyat şirkətinin və aviasiyaya aid jurnalın baş redaktorudur. O həmçinin Rusiyanın regionlarında media azadlığının durumunu monitorinq edən, regional kütləvi informasiya vasitələrinin müstəqilliyini, söz azadlığını və jurnalistlərin hüquqlarına hörməti təşviq edən və jurnalistlərə hüquqi yardım göstərən, o cümlədən məhkəmədə onları təmsil edən QHT-nin – Aşkarlığın Müdafiəsi Fondunun Sankt-Peterburq bölməsinin sədridir.
9. O, bir neçə mobil şəbəkə operatorunun abonenti idi.
10. 23 dekabr 2003-cü ildə o, üç mobil şəbəkə operatoruna qarşı məhkəmə iddiası qaldıraraq iddia etdi ki, onlar onun telefon danışıqlarının məxfiliyi hüququna müdaxilə ediblər. O iddia etdi ki, Rabitə Nazirliyinin sələfi olmuş Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə Dövlət Komitəsinin 70 saylı əmrinə uyğun olaraq (aşağıda 115 və 122-ci bəndlərə bax) mobil şəbəkə operatorları Federal Təhlükəsizlik Xidmətinin ("FSB") ilkin məhkəmə icazəsi olmadan bütün telefon danışıqlarını dinləməsinə imkan verən avadanlıqlar quraşdırıblar. Ərizəçi iddia etdi ki, heç vaxt dərc olunmamış 70 saylı əmr onun şəxsi həyatının toxunulmazlığı hüququnu əsassız olaraq məhdudlaşdırıb. O, məhkəmədən xahiş etdi ki, 70 saylı əmrə uyğun olaraq quraşdırılmış avadanlıqların götürülməsini tələb edən məhkəmə qadağası tətbiq etsin və mobil telefon danışıqlarını dinləmək imkanının yalnız buna səlahiyyəti çatan şəxslər üçün əlçatan olmasını təmin etsin. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra "Rabitə Nazirliyi" adlandırılacaq) və FSB-nin Sankt-Peterburq və Leninqrad vilayət idarəsi üçüncü tərəf qismində prosesə qatıldılar.
11. 5 dekabr 2005-ci ildə Sankt-Peterburqun Vasileostrovski rayon məhkəməsi ərizəçinin tələblərini rədd etdi. O, bu qənaətə gəldi ki, ərizəçi mobil şəbəkə operatorlarının hər hansı qorunan məlumatları səlahiyyəti olmayan şəxslərə ötürdüyünü, yaxud danışıqların məhdudiyyətsiz və ya icazəsiz dinlənilməsinə icazə verdiyini sübuta yetirməyib. Qeyd edilən avadanlıqlar hüquq-mühafizə orqanlarının qanunla nəzərdə tutulan qaydada əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirmələrinə imkan yaratmaq üçün quraşdırılmışdı. Belə avadanlıqların quraşdırılması özlüyündə ərizəçinin danışıqlarının məxfiliyinə müdaxilə təşkil etmirdi. Ərizəçi onun telefon danışıqlarının məxfiliyi hüququnun pozulduğu barədə qənaətini təsdiqləyən heç bir fakt göstərə bilmədi.
12. Ərizəçi qərardan apellyasiya şikayəti verdi. O, konkret olaraq iddia etdi ki, rayon məhkəməsi bir neçə sənədi sübut qismində qəbul etməkdən imtina edib. Həmin sənədlərə mobil telefon danışıqlarının sonrakı tarixlərdə dinlənilməsinə icazə verən iki məhkəmə qərarı və mobil şəbəkə operatorlarından biri tərəfindən təqdim edilmiş xidmətlərin göstərilməsi haqqında standart müqaviləyə əlavə daxil idi. 8 oktyabr 2002-ci ildə qəbul edilmiş sözügedən məhkəmə qərarlarından birində 2001-ci il aprelin 1-dən 5-dək, iyunun 19-dan 23-dək, iyunun 30-dan iyulun 4-dək və oktyabrın 16-dan 20-dək olan dövrlərdə bir neçə şəxsin mobil telefon danışıqlarının dinlənilməsinə icazə verilmişdi. 18 iyul 2003-cü ildə qəbul edilmiş digər məhkəmə qərarı ilə 2003-cü il aprelin 11-dən oktyabrın 11-dək olan dövrdə cənab E.-nin mobil telefon danışıqlarının dinlənilməsinə icazə verilmişdi. Yuxarıda qeyd edilən əlavəyə gəlincə, orada abonentə məlumat verilirdi ki, onu nömrəsi terror təhdidlərindən ötrü istifadə edilərsə mobil şəbəkə operatoru telefon xidmətinin göstərilməsini dayandıra və toplanmış məlumatları hüquq-mühafizə orqanlarına göndərə bilər. Ərizəçinin rəyinə görə, məhkəmə qərarları və bu əlavə sübut edirdi ki, mobil şəbəkə operatorları və hüquq-mühafizə orqanları ilkin məhkəmə icazəsi almadan texniki cəhətdən bütün telefon danışıqlarını dinləyə və icazəsiz dinləmə tədbirinə adi qaydada əl ata bilərlər.
13. 26 aprel 2006-cı ildə apellyasiya icraatında Sankt-Peterburq şəhər məhkəməsi bu məhkəmə qərarını qüvvədə saxladı. O, rayon məhkəməsinin bu qənaətini təsdiqlədi ki, ərizəçi telefon danışıqlarının dinlənildiyini sübuta yetirə bilməyib. Həmçinin onun telefon danışıqlarının məxfiliyinin qanunsuz olaraq pozulması təhlükəsinin olduğu da sübut edilməyib. Belə təhlükənin mövcudluğunu nümayiş etdirmək üçün ərizəçi cavabdehlərin qanunsuz hərəkət etdiklərini sübut etməli idi. Lakin qanunla mobil şəbəkə operatorlarından tələb olunurdu ki, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirmələrinə imkan yaratmaq üçün avadanlıqlar quraşdırsın və bu avadanlıqların mövcudluğu özlüyündə ərizəçinin danışıqlarının məxfiliyinə müdaxilə təşkil etmirdi. 8 oktyabr 2002-ci il və 18 iyul 2003-cü il tarixli məhkəmə qərarlarını sübut qismində qəbul etməkdən imtina edilməsi qanuni idi, çünki həmin məhkəmə qərarları üçüncü şəxslər barəsində qəbul edilmişdi və ərizəçinin işinə onların aidiyyəti yox idi. Şəhər məhkəməsi daha sonra xidmət göstərilməsi haqqında müqaviləyə əlavəni sübut qismində qəbul etməyi qərara aldı, amma orada rayon məhkəməsinin qərarına yenidən baxmağa əsas verən hər hansı məlumatın olmadığını müəyyən etdi.
14. Ərizəçinin təqdim etdiyi sənəddən görmək olar ki, 2007-ci ilin yanvarında "Vətəndaş Nəzarəti" adlı QHT baş prokurorluqdan xahiş etmişdi ki, telefon danışıqlarının dinlənilməsi sahəsinə aid olan Rabitə Nazirliyinin əmrlərinin federal qanunlara uyğunluğunu yoxlasın. 2007-ci ilin fevralında baş prokurorluqdan "Vətəndaş Nəzarəti" təşkilatına zəng vurmuş və dərc olunmayan 70 saylı əmrə əlavələrin surətlərinin təqdim edilməsini xahiş edərək bildirmişdilər ki, baş prokurorluq onları Rabitə Nazirliyindən əldə edə bilmir. 2007-ci ilin aprelində baş prokurorluq tələb olunan yoxlamanı aparmaqdan imtina etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Şəxsi həyatın və yazışmaların toxunulmazlığına hörmət edilməsi hüququ
15. Konstitusiya hər kəsin şəxsi həyatına, şəxsi və ailə sirlərinə hörmət edilməsi hüququnu və şərəf və nüfuzunun müdafiəsi hüququnu təmin edir (23-cü maddənin 1-ci bəndi). O, daha sonra yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf göndərişlərinin və digər məlumatların məxfiliyinə hörmət edilməsi hüququnu təmin edir. Bu hüquq yalnız məhkəmə qərarı əsasında məhdudlaşdırıla bilər (23-cü maddənin 2-ci bəndi).
16. Konstitusiyada həmçinin nəzərdə tutulur ki, şəxsin öz razılığı olmadan şəxsi həyatı barədə məlumatları toplamağa, saxlamağa, istifadə etməyə və ya yaymağa icazə verilmir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, dövlət və bələdiyyə orqanları hər kəsin öz hüquq və azadlıqlarına təsir göstərən sənədlərlə və materiallarla tanış ola bilməsini təmin etməlidirlər (24-cü maddə).
17. "Rabitə haqqında" 7 iyul 2003-cü il tarixli (126‑FZ saylı) qanun poçt, teleqraf göndərişlərinin və telekommunikasiya şəbəkələri və ya poçt-rabitə xidmətləri vasitəsilə ötürülən digər məlumatların məxfiliyini təmin edir. Ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız federal qanunlarda göstərilən hallarda icazə verilir (63-cü maddənin 1-ci bəndi). Federal qanunlarda göstərilən hallar istisna olmaqla, məlumatlar yalnız ilkin məhkəmə icazəsi olduqda məxfi qaydada dinlənilə və ya oxuna bilər (63-cü maddənin 3-cü bəndi).
18. 2 oktyabr 2003-cü ildə 345-O saylı qərarında Konstitusiya Məhkəməsi müəyyən etdi ki, telefon danışıqlarının məxfiliyi hüququ telefon avadanlıqları vasitəsilə ötürülən, saxlanılan və ya aşkar edilən bütün məlumatları, o cümlədən müvafiq informasiyanın məzmununa aid olmayan məlumatları, məsələn, konkret abonentin telefonuna daxil olan və çıxan zənglər barədə məlumatları əhatə edir. Belə məlumatların yoxlanılması üçün də ilkin məhkəmə qərarı olmalıdır.
B. Məxfilik hüququnun pozulmasına görə məsuliyyət
19. Şəxsin öz razılığı olmadan şəxsi və ya ailə həyatı barədə məlumatların icazəsiz toplanması və ya yayılması, tamah və ya hər hansı digər şəxsi maraq məqsədi ilə törədilməsindən və vətəndaşların hüquqlarına və qanuni maraqlarına zərər vurub-vurmamasından asılı olmayaraq, cərimə ilə, islah işləri ilə və ya dörd ayadək həbs cəzası ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədilmiş eyni hərəkətlər cərimə ilə, müəyyən vəzifələri tutmağın qadağan olunması ilə və ya altı ayadək həbs cəzası ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 137-ci maddəsi).
20. Vətəndaşın poçt, teleqraf göndərişlərinin, telefon danışıqlarının və ya digər formada kommunikasiyalarının məxfiliyi hüququnun pozulması cərimə ilə və ya islah işləri ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədilmiş eyni hərəkət cərimə ilə, müəyyən vəzifələri tutmağın qadağan olunması ilə və ya dörd ayadək həbs cəzası ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 138-ci maddəsi).
21. Vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, tamah və ya hər hansı digər şəxsi maraq məqsədi ilə törədilməsindən və fiziki və ya hüquqi şəxsin hüquqlarını və qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozub-pozmamasından asılı olmayaraq, cərimə ilə, yaxud beş ilədək müddətə müəyyən vəzifələri tutmağın və ya müəyyən fəaliyyətlərlə məşğul olmağın qadağan olunması ilə, yaxud da dörd ilədək islah işləri ilə və ya dörd aydan dörd ilədək azadlıqdan məhrumetmə həbs cəzası ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 285-ci maddəsinin 1-ci bəndi).
22. Vəzifəli şəxsin vəzifə səlahiyyətlərini açıq-aydın aşan və fiziki və ya hüquqi şəxsin hüquqlarını və qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan hərəkətləri cərimə ilə, yaxud beş ilədək müddətə müəyyən vəzifələri tutmağın və ya müəyyən fəaliyyətlərlə məşğul olmağın qadağan olunması ilə, yaxud da dörd ilədək islah işləri ilə və ya dörd aydan dörd ilədək azadlıqdan məhrumetmə həbs cəzası ilə cəzalandırılır (Cinayət Məcəlləsinin 286-cı maddəsinin 1-ci bəndi).
23. Ali Məhkəmənin Plenumunun 16 oktyabr 2009-u il tarixli 19 saylı qərarında nəzərdə tutulur ki, Cinayət Məcəlləsinin 285 və 286-cı maddələrinin məqsədləri üçün "fiziki və ya hüquqi şəxsin hüquqlarını və qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan" hərəkətlər dedikdə beynəlxalq hüquqda və Rusiya Federasiyasının Konstitusiyasında müəyyən edilmiş ümumi prinsip və normalarla təmin edilən hüquq və azadlıqların, məsələn, şəxsin şərəf və ləyaqətinə, şəxsi və ya ailə həyatına, yazışmalarının, telefon danışıqlarının, poçt, teleqraf göndərişlərinin və digər kommunikasiyalarının məxfiliyinə, mənzilinin toxunulmazlığına və sairəyə hörmət hüququnun pozulması nəzərdə tutulur. Hüquqi şəxsə qarşı pozuntunun "əhəmiyyətli" olub-olmadığını qiymətləndirərkən qanunsuz hərəkət nəticəsində onun məruz qaldığı ziyanın həcmini, maddi ziyanın xarakterini və miqdarını, pozuntunun təsirinə məruz qalan şəxslərin sayını və onların məruz qaldığı fiziki, maddi və ya mənəvi ziyanın ağırlıq dərəcəsini nəzərə almaq lazımdır (18.2-ci bənd).
24. Cinayət əməlinin törədildiyini göstərən kifayət qədər faktlar olarsa, cinayət işi açılır (Cinayət Prosessual Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndi).
C. Telefon danışıqlarının dinlənilməsinə dair ümumi müddəalar
25. Telefon danışıqlarının dinlənilməsi istər cinayət prosesi çərçivəsində, istərsə də onun xaricində telefon danışıqlarının dinlənilməsinə şamil olunan "Əməliyyat-axtarış fəaliyyəti haqqında" 12 avqust 1995-ci il tarixli qanunla (№ 144‑FZ, bundan sonra "ƏAFQ" adlandırılacaq) və yalnız cinayət prosesi çərçivəsində telefon danışıqlarının dinlənilməsinə şamil olunan 18 dekabr 2001-ci il tarixli Cinayət Prosessual Məcəlləsi (№ 174‑FZ, 1 iyul 2002-ci ildən qüvvədədir – bundan sonra "CPM" adlandırılacaq) ilə tənzimlənir.
26. Əməliyyat-axtarış fəaliyyətlərinin məqsədləri bunlardır: 1) cinayətlərin aşkar edilməsi, profilaktikası, qarşısının alınması və araşdırılması və cinayət əməlini hazırlayan, törətməkdə olan və ya törətmiş olan şəxslərin müəyyən edilməsi; 2) ədalət mühakiməsindən gizlənən və itkin düşən şəxslərin axtarılması; 3) Rusiya Federasiyasının milli, hərbi iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya hərəkətlər barəsində məlumat əldə edilməsi (ƏAFQ-nin 2-ci maddəsi). 25 dekabr 2008-ci ildə bu maddəyə dəyişiklik edildi və məqsədlərin sırasına müsadirə edilməli əmlak barədə məlumat əldə edilməsi məqsədi əlavə olundu.
27. Əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxslər və dövlət orqanları vətəndaşların şəxsi və ailə həyatına, mənzil toxunulmazlığına və yazışmalarının məxfiliyinə hörmət etməlidirlər. Əməliyyat-axtarış fəaliyyətlərinin sözügedən qanunda göstərilənlərdən savayı digər məqsəd və ya vəzifələr üçün həyata keçirilməsi qadağandır (ƏAFQ-nin 5-ci maddəsinin 1-ci və 2-ci hissələri).
28. Vəzifəli şəxslər və dövlət orqanları: 1) hər hansı siyasi partiyanın, ictimai və ya dini təşkilatın maraqları naminə əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirə; 2) onların hərəkətlərinə və ya qərarlarına təsir göstərmək məqsədi ilə federal, regional və ya bələdiyyə orqanlarına, siyasi partiyalara, yaxud ictimai və ya dini təşkilatlara münasibətdə əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirə; 3) əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış məlumatlar vətəndaşların şəxsi və ya ailə həyatına aiddirsə, yaxud onların nüfuzuna və ya təmiz adına zərər yetərə bilərsə, həmin məlumatları, federal qanunlarda göstərilən hallar istisna olmaqla, hər hansı şəxsə açıqlaya; 4) şəxsləri hüquqa zidd hərəkətlərin törədilməsinə təhrik edə, sövq edə və ya həvəsləndirə; 5) əməliyyat-axtarış fəaliyyətlərinin nəticələrini saxtalaşdıra bilməzlər (ƏAFQ-nin 5-ci maddəsinin 8-ci hissəsi).
29. Əməliyyat-axtarış fəaliyyətlərinə, digərləri ilə yanaşı, bunlar daxildir: poçt, teleqraf göndərişlərinə baxılması, telefon danışıqlarının dinlənilməsi və digər formada kommunikasiyaların izlənilməsi və texniki rabitə kanallarından götürülən məlumatların toplanması. Sözügedən qanunda nəzərdə tutulur ki, əməliyyat-axtarış fəaliyyətləri zamanı video və audioyazı, kino və foto çəkilişləri, habelə insanların həyatına və ya sağlamlığına, yaxud ətraf mühitə zərər yetirməyən digər texniki vasitələr istifadə oluna bilər. Rabitə xidmətlərinin təchizatçıları tərəfindən quraşdırılan avadanlıqlar vasitəsilə poçt, teleqraf göndərişlərinə baxılması, telefon danışıqlarının dinlənilməsi və digər formada kommunikasiyaların izlənilməsi və texniki rabitə kanallarından götürülən məlumatların toplanması müvafiq orqanların qərarlarına və onlar arasında imzalanmış razılaşmalara uyğun olaraq FSB və Daxili İşlər Nazirliyi tərəfindən texniki vasitələrdən istifadə edilməklə həyata keçirilir (ƏAFQ-nin 6-cı maddəsi).
30. Prezidentin 1 sentyabr 1995-ci il tarixli 891 saylı fərmanında nəzərdə tutulur ki, poçt, teleqraf göndərişləri və digər kommunikasiyalar üzərində bütün hüquq-mühafizə orqanlarının maraqları naminə nəzarət FSB tərəfindən həyata keçirilir (1-ci bənd). FSB-nin sərəncamında zəruri texniki avadanlıqlar olmadıqda kommunikasiyalar üzərində bütün hüquq-mühafizə orqanlarının maraqları naminə nəzarət daxili işlər orqanları tərəfindən həyata keçirilə bilər (2-ci bənd). Analoji müddəalar 27 avqust 2005-ci ildə Hökumət tərəfindən qəbul edilmiş 538 saylı qərarın 2-ci və 3-cü bəndlərində də var.
D. Kommunikasiyalar üzərində nəzarətə səbəb ola bilən hallar
31. Vətəndaşların poçt, teleqraf göndərişlərinin və telekommunikasiya şəbəkələri vasitəsilə göndərilən digər kommunikasiyalarının məxfiliyinə, habelə mənzillərinin toxunulmazlığına dair konstitusiya hüququna müdaxiləni özündə ehtiva edən əməliyyat-axtarış fəaliyyətləri: 1) hazırlanan, törədilməkdə olan və ya törədilmiş olan hüquqa zidd əməl haqqında; 2) hüquqa zidd əməli hazırlayan, törətməkdə olan və ya törətmiş olan şəxs barəsində; yaxud da 3) Rusiya Federasiyasının milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlər haqqında məlumat alındıqdan sonra həyata keçirilə bilər (ƏAFQ-nin 8-ci maddəsinin 2-ci hissəsi).
32. ƏAFQ-də nəzərdə tutulur ki, telefon danışıqlarının dinlənilməsinə və digər kommunikasiyalar üzərində nəzarətin tətbiqinə yalnız şəxsin orta ağır cinayət, ağır cinayət və ya xüsusilə ağır cinayət törətməkdə şübhəli bilindiyi və ya ittiham olunduğu, yaxud da belə cinayət barəsində məlumatının olduğu hallarda icazə verilə bilər (ƏAFQ-nin 8-ci maddəsinin 4-cü hissəsi). CPM-də nəzərdə tutulur ki, şübhəli, təqsirləndirilən və ya digər şəxsin telefon danışıqlarının dinlənilməsinə və digər məlumatlarının izlənilməsinə yalnız o hallarda icazə verilə bilər ki, həmin məlumatlarda orta ağır cinayət, ağır cinayət və ya xüsusilə ağır cinayət əməli ilə bağlı aparılan cinayət işi üçün əhəmiyyətli olan informasiyaların ola biləcəyini düşünmək üçün əsaslar olsun (CPM-in 186-cı maddəsinin 1-ci bəndi).
33. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, "orta ağır cinayətlər" qəsdən törədilən elə cinayətlərdir ki, onların törədilməsinə görə Cinayət Məcəlləsində maksimum üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, yaxud da ehtiyatsızlıqdan törədilən elə cinayətlərdir ki, onların törədilməsinə görə Cinayət Məcəlləsində üç ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. "Ağır cinayətlər" qəsdən törədilən elə cinayətlərdir ki, onların törədilməsinə görə Cinayət Məcəlləsində maksimum beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. "Xüsusilə ağır cinayətlər" qəsdən törədilən elə cinayətlərdir ki, onların törədilməsinə görə Məcəllədə on ildən artıq müddətə azadlıqdan məhrumetmə və ya daha ağır cəza nəzərdə tutulur.
E. İcazənin verilməsi qaydası və müddətləri
1. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanun
34. Poçt, teleqraf göndərişlərinin və telekommunikasiya şəbəkələri və ya poçt-rabitə xidmətləri vasitəsilə göndərilən digər kommunikasiyaların məxfiliyinə, yaxud mənzilin toxunulmazlığına dair konstitusiya hüququna müdaxiləni (məsələn, otaqlara və ya binalara baxış keçirilməsini, poçt, teleqraf göndərişləri, telefon danışıqları və digər formada kommunikasiyalar üzərində və ya texniki rabitə kanalları vasitəsilə məlumatların toplanması üzərində nəzarəti) özündə ehtiva edən əməliyyat-axtarış tədbirləri ilkin məhkəmə icazəsinin alınmasını tələb edir (ƏAFQ-nin 8-ci maddəsinin 2-ci hissəsi).
35. Ağır və ya xüsusilə ağır cinayətin törədilə biləcəyinə dair real təhlükənin, yaxud milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan hadisələr və ya hərəkətlər barədə məlumatların mövcud olduğu təxirəsalınmaz hallarda 8-ci maddəsinin 2-ci hissəsində göstərilən əməliyyat-axtarış tədbirləri ilkin məhkəmə icazəsi olmadan həyata keçirilə bilər. Belə hallarda əməliyyat-axtarış fəaliyyətlərinin başlanmasından sonra iyirmi dörd saat ərzində hakimə məlumat verilməlidir. Əməliyyat-axtarış fəaliyyətlərinin başlanmasından sonra qırx səkkiz saat ərzində məhkəmə icazəsi alınmadıqda həmin fəaliyyətlər dərhal dayandırılmalıdır (Qanunun 8-ci maddəsinin 3-cü hissəsi).
36. Telefon danışıqlarının, poçt, teleqraf göndərişlərinin və telekommunikasiya şəbəkələri və ya poçt-rabitə xidmətləri vasitəsilə göndərilən digər kommunikasiyaların məxfiliyinə, yaxud mənzilin toxunulmazlığına dair konstitusiya hüququna müdaxiləni özündə ehtiva edən tədbirlərin görülməsinə dair vəsatətlərə baxılması vəsatətdə göstərilən tədbirin həyata keçiriləcəyi ərazidəki və ya vəsatəti verən orqanın yerləşdiyi ərazidəki məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətə hakim tərəfindən dərhal təkbaşına baxıla bilər (Qanunun 9-cu maddəsinin 1-ci hissəsi).
37. Hakim əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirmək səlahiyyətinə malik olan orqanlardan birinin rəhbərinin əsaslandırılmış vəsatəti əsasında qərar çıxarır. Məxfi agentlər və ya polis informatorları barəsində, yaxud əməliyyat-axtarış tədbirlərinin təşkili və taktikaları haqqında məlumatların yer aldığı materiallar istisna olmaqla, hakimin tələbi əsasında müvafiq təsdiqedici materiallar da təqdim edilə bilər (Qanunun 9-cu maddəsinin 2-ci və 3-cü hissələri).
38. Vəsatətə baxan hakim yuxarıda qeyd edilən konstitusiya hüquqlarına müdaxiləni özündə ehtiva edən tədbirlərə icazə verilməsi barədə qərar çıxarır, yaxud icazə verməkdən imtina edir və qərarını əsaslandırır. Hakim icazənin hansı müddətə verildiyini göstərməlidir, adətən həmin müddət altı aydan çox olmamalıdır. Zərurət olduqda hakim bütün müvafiq materiallara yenidən baxdıqdan sonra icazənin müddətini uzada bilər (Qanunun 9-cu maddəsinin 4-cü və 5-ci hissələri).
39. Əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsinə icazə verən məhkəmə qərarı və həmin qərar üçün əsas təşkil etmiş materiallar yalnız əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanında saxlanmalıdır (Qanunun 12-ci maddəsinin 3-cü hissəsi).
40. 14 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsi 86-O saylı qərarı ilə ƏAFQ-nin müəyyən müddəalarının konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatəti qəbul olunmayan elan edərək rədd etdi. O konkret olaraq qərara aldı ki, hakim konstitusiya hüquqlarına müdaxiləni özündə ehtiva edən istintaq tədbirlərinə yalnız o halda icazə verməlidir ki, həmin tədbirlərin qanuni, zəruri və əsaslı olduğuna, yəni ƏAFQ-nin bütün tələblərinə uyğun olduğuna əmin olsun. Tədbirlərin zəruriliyini sübut etmək vəzifəsi vəsatəti vermiş dövlət orqanının üzərinə düşür. Təsdiqedici materiallar hakimin tələbi əsasında ona təqdim edilməlidir. Həmin materialların bəzilərində dövlət sirlərinin ola biləcəyini nəzərə alaraq, icazə barədə vəsatətlərə yalnız məxfi məlumatlarla işləmək səlahiyyəti olan hakimlər tərəfindən baxıla bilər. Bundan başqa, müşahidə tədbirlərini məxfi saxlamağın zəruriliyinə istinadən Konstitusiya Məhkəməsi qərara aldı ki, açıq və çəkimə xarakterli məhkəmə araşdırması prinsipləri icazə ilə bağlı icraata şamil oluna bilməz. Buna görə də, maraqlı şəxsin icazə ilə bağlı icraatda iştirak etmək, qəbul edilmiş qərar barədə məlumatlandırılmaq və ya yuxarı məhkəməyə apellyasiya şikayəti vermək hüququna malik olmaması həmin şəxsin konstitusiya hüquqlarını pozmur.
41. 2 oktyabr 2003-cü ildə Konstitusiya Məhkəməsi 345-O saylı qərarında müəyyən etdi ki, hakim telefon danışıqlarının dinlənilməsi barədə vəsatətin əsaslandırılması üçün ona təqdim edilmiş materialları hərtərəfli və diqqətlə araşdırmaq vəzifəsini daşıyır. Vəsatət yetərincə əsaslandırılmayıbsa, hakim əlavə məlumatlar tələb edə bilər.
42. Bundan başqa, 8 fevral 2007-ci ildə Konstitusiya Məhkəməsi 1-O saylı qərarı ilə ƏAFQ-nin 9-cu maddəsinin konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatəti qəbul olunmayan elan edərək rədd etdi. Məhkəmə müəyyən etdi ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməzdən əvvəl hakim tədbirin əsaslarını yoxlamaq vəzifəsini daşıyır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verən məhkəmə qərarında həmin qərarın əsasları əks olunmalı və cinayət əməlinin törədilmiş olmasından, yaxud davam etməsindən və ya planlaşdırılmasından, yaxud da milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan fəaliyyətlərin həyata keçirilməsindən, habelə barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət verilmiş şəxsin həmin cinayətkar hərəkətlərdə və ya digər təhlükəli fəaliyyətlərdə iştirak etməsindən şübhələnməyə əsas verən konkret səbəblər göstərilməlidir.
43. 15 iyul 2008-ci ildə Konstitusiya Məhkəməsi 460-O-O saylı qərarı ilə ƏAFQ-nin 5, 11 və 12-ci maddələrinin konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatəti qəbul olunmayan elan edərək rədd etdi. Məhkəmə müəyyən etdi ki, kommunikasiyaları nəzarətə götürülən şəxs bu tədbirə icazə vermiş məhkəmə qərarından nəzarət qaydasında şikayət vermək hüququna malikdir. Onda həmin qərarın surətinin olmaması onun məhkəmə nəzarəti qaydasında şikayət verməsinə mane olmur, belə ki, müvafiq məhkəmə həmin qərarı səlahiyyətli orqanlardan tələb edə bilər.
2. Cinayət Prosessual Məcəlləsi
44. Şəxsin evində axtarış aparılmasını və ya telefon danışıqlarının dinlənilməsini və digər kommunikasiyalarının nəzarətə götürülməsini özündə ehtiva edən istintaq tədbirləri üçün ilkin məhkəmə icazəsi olmalıdır. Şəxsin evində axtarış aparılması və ya telefon danışıqlarının dinlənilməsi barədə vəsatət prokurorun razılığı ilə müstəntiq tərəfindən təqdim edilməli və iyirmi dörd saat ərzində hakim tərəfindən təkbaşına araşdırılmalıdır. Prokuror və müstəntiq araşdırmada iştirak etmək hüququna malikdirlər. Vəsatəti araşdıran hakim vəsatətdə göstərilən tədbirə icazə verilməsi barədə qərar çıxarır, yaxud icazə verməkdən imtina edir və qərarını əsaslandırır (CPM-in 165-ci maddəsi).
45. Telefon danışıqlarında cinayət işi üçün əhəmiyyət daşıyan məlumatların müzakirə oluna biləcəyini düşünmək üçün əsaslar olarsa, məhkəmə şübhəli, təqsirləndirilən və ya digər şəxslərin telefon danışıqlarının dinlənilməsinə icazə verə bilər (CPM-in 186-cı maddəsinin 1-ci bəndi).
46. Telefon danışıqlarının dinlənilməsinə icazə üçün vəsatətdə aşağıdakılar aydın şəkildə göstərilməlidir: 1) vəsatətin aid olduğu cinayət işi; 2) vəsatətdə göstərilən tədbirlərin həyata keçirilməsi üçün əsaslar; 3) telefon danışıqları dinləniləcək şəxsin soyadı, adı və atasının adı; 4) vəsatətdə göstərilən tədbirin müddəti; 5) danışıqların dinlənilməsini həyata keçirəcək dövlət orqanı (CPM-in 186-cı maddəsinin 3-cü bəndi).
47. Müstəntiq telefon danışıqlarının dinlənilməsinə icazə verən məhkəmə qərarını həmin qərarın icrasına görə cavabdeh olan dövlət orqanına göndərməlidir. Telefon danışıqlarının dinlənilməsinə altı aydan artıq olmayan müddətə icazə verilə bilər və bu tədbirə daha ehtiyac olmadıqda müstəntiq ona xitam verir. İstənilən halda, istintaq yekunlaşdıqdan sonra bu tədbirə xitam verilməlidir (CPM-in 186-cı maddəsinin 4-cü və 5-ci bəndləri).
48. Şəxsin telefon və ya digər simsiz rabitə bağlantıları barədə məlumatların cinayət işi üçün əhəmiyyət daşıdığını düşünmək üçün yetərli əsaslar olarsa, məhkəmə həmin məlumatların da nəzarətə götürülməsinə icazə verə bilər. İcazə üçün vəsatətdə yuxarıdakı 46-cı bənddə göstərilmiş elementlər yer almalıdır. Şəxsin rabitə bağlantıları barədə məlumatların nəzarətə götürülməsinə icazə verən məhkəmə qərarının surəti müstəntiq tərəfindən müvafiq kommunikasiya xidməti təchizatçısına göndərilir, o isə bu halda tələb olunan məlumatları ən azı həftədə bir dəfə mütəmadi qaydada müstəntiqə təqdim etməlidir. Rabitə bağlantıları barədə məlumatların nəzarətə götürülməsinə altı aydan artıq olmayan müddətə icazə verilə bilər və bu tədbirə daha ehtiyac olmadıqda müstəntiq ona xitam verir. İstənilən halda, istintaq yekunlaşdıqdan sonra bu tədbirə xitam verilməlidir (1 iyul 2010-cu ildə CPM-ə əlavə olunmuş 186.1-ci maddə).
F. Toplanmış məlumatların saxlanması, istifadəsi və məhv edilməsi
1. Toplanmış məlumatların saxlanması
49. ƏAFQ-nin 10-cu maddəsində nəzərdə tutulur ki, əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən hüquq-mühafizə orqanları məlumat bazalarını yarada və onlardan istifadə edə və ya şəxsi işlər aça bilərlər. Qanunun 2-ci maddəsində göstərilən məqsədlərə nail olunduqda və ya onlara nail olmağın mümkünsüzlüyü müəyyən edildikdə şəxsi iş bağlanmalıdır.
50. 14 iyul 1998-ci il tarixli (yuxarıda 40-cı bənddə istinad edilən) qərarında Konstitusiya Məhkəməsi əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən hüquq-mühafizə orqanları tərəfindən 10-cu maddədə nəzərdə tutulmuş məlumat bazalarının yaradılmasının və ya şəxsi işlərin açılmasının mümkünlüyü ilə əlaqədar olaraq qeyd etdi ki, həmin məlumat bazalarına və ya şəxsi işlərə yalnız cinayətlərin qarşısının alınmasına və ya araşdırılmasına aid olan məlumatlar daxil edilə bilər. Şəxsi həyata hörmət edilməsi hüququnun cinayətkar fəaliyyətlərə şamil olunmadığını nəzərə alsaq, bu cür cinayətkar fəaliyyətlər haqqında məlumatların toplanması şəxsi həyata hörmət edilməsi hüququna müdaxilə təşkil etmir. Şəxsin cinayətkar fəaliyyətləri barədə şəxsi işə daxil edilmiş məlumatlar sonradan təsdiqlənməzsə, şəxsi iş bağlanmalıdır.
51. Qeydə alınmış telefon danışıqları və digər kommunikasiyalar onların dinlənilməsi və ya surətlərinin çıxarılması riskini istisna edən şəraitdə möhür altında qorunmalıdır (ƏAFQ-nin 8-ci maddəsinin 4-cü hissəsi).
52. Əməliyyat-axtarış fəaliyyətlərində istifadə edilən vasitələr, tətbiq edilən metodlar, iştirak edən əməkdaşlar barədə informasiyalar və toplanmış məlumatlar dövlət sirrini təşkil edir. Onların üzərindən məxfilik yalnız əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanının rəhbərinin xüsusi qərarı ilə götürülə bilər (ƏAFQ-nin 12-ci maddəsinin 1-ci hissəsi və "Dövlət sirri haqqında" 21 iyul 1993-cü il tarixli 5485-1 saylı qanunun 5-ci maddəsinin 4-cü hissəsi).
53. Dövlət sirri təşkil edən məlumatların daşıyıcılarının üzərində aşağıdakı informasiyaları özündə ehtiva edən rekvizitlər əks etdirilir: məxfilik dərəcəsi, məlumatların məxfiliyi barədə qərar qəbul etmiş dövlət orqanı, qeydiyyat nömrəsi və məlumatların üzərindən məxfiliyin götürülməsinin tarixi və ya şərtləri ("Dövlət sirri haqqında" qanunun 12-ci maddəsi).
2. Toplanmış məlumatların istifadəsi və açıqlanmasının şərtləri
54. Dövlət sirri təşkil edən məlumat yalnız həmin məlumatın məxfiliyi barədə qərar qəbul etmiş dövlət orqanının icazəsi ilə digər dövlət orqanına, təşkilata və ya şəxsə açıqlana bilər. O, yalnız xüsusi lisenziyası olan dövlət orqanlarına və ya təşkilatlara, yaxud məxfi məlumatlarla işləmək səlahiyyəti olan şəxslərə verilə bilər. Məxfi məlumatın açıqlandığı dövlət orqanı və ya təşkilat həmin məlumatın yetərincə qorunmasını təmin etməlidir. Həmin dövlət orqanının və ya təşkilatın rəhbəri başqalarının həmin məlumatla tanışlığa icazəsiz buraxılmasından və ya həmin məlumatın icazəsiz açıqlanmasından həmin məlumatı qorumağa görə şəxsən cavabdehdir ("Dövlət sirri haqqında" qanunun 16-cı və 17-ci maddələri).
55. Təşkilatın və ya şirkətin dövlət sirri ilə tanış olmasına lisenziya yalnız o halda verilir ki, məlumatların qorunmasına görə cavabdeh olan xüsusi təşkilatdaxili bölmələrin, yəni məxfi məlumatlarla işləmək səlahiyyətinə malik işçilərin mövcudluğu və həmin təşkilatda məlumatların qorunması üçün təsdiqlənmiş sistemlərin istifadə edilməsi təsdiq edilmiş olsun ("Dövlət sirri haqqında" qanunun 27-ci maddəsi).
56. Məxfi məlumatlarla işləmək səlahiyyəti yalnız o vəzifəli şəxslərə verilir ki, onların həmin məlumatlarla işləmələri vəzifələrinin icrası üçün zəruridir. İşin materiallarında dövlət sirri təşkil edən məlumatlar varsa, bu səlahiyyət həmçinin qulluq müddəti ərzində hakimlərə və cinayət işində iştirak edən vəkillərə verilir. Məxfi məlumatlarla işləmək səlahiyyəti olan hər kəs ona etibar edilən məxfi məlumatı açıqlamayacağı barədə yaxılı öhdəlik götürməlidir (Rusiya Federasiyası Hökumətinin 6 fevral 2010-cu il tarixli 63 saylı qərarının 7, 11 və 21-ci bəndləri).
57. Sərəncamında dövlət sirri təşkil edən məlumat olan dövlət orqanının və ya təşkilatın rəhbəri vəzifəli şəxslərə və digər səlahiyyətli şəxslərə həmin məlumatla tanış olmaq imkanı yaradılmasına görə cavabdehdir. O, məlumatı alan şəxsə yalnız onun qulluq vəzifələrini yerinə yetirməsi üçün zəruri olan məlumatın açıqlanmasını təmin etməlidir ("Dövlət sirri haqqında" qanunun 25-ci maddəsi).
58. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində əldə edilmiş məlumatlarda cinayət əməlinin törədildiyi barədə informasiya yer alıbsa, həmin informasiya zəruri təsdiqləyici materiallarla, məsələn, fotoşəkillərlə, audio və ya videoyazılarla birlikdə səlahiyyətli istintaq orqanlarına və ya məhkəməyə göndərilməlidir. Həmin informasiya poçt, teleqraf göndərişlərinin və telekommunikasiya şəbəkələri və ya poçt-rabitə xidmətləri vasitəsilə göndərilən digər kommunikasiyaların məxfiliyi və ya mənzilin toxunulmazlığı hüququna müdaxiləni özündə ehtiva edən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilibsə, istintaq və ya prokurorluq orqanlarına həmin tədbirlərə icazə vermiş məhkəmə qərarı ilə birlikdə göndərilməlidir. Əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanı həmin informasiyanın üzərindən məxfiliyi götürmək barədə qərar qəbul etməyibsə, o, məxfi məlumatlarla işə dair xüsusi prosedura uyğun qaydada göndərilməlidir (Daxili İşlər Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 776/703/509/507/1820/42/535/398/68 saylı əmrinin 1, 12, 14 və 16-cı bəndləri).
59. Telefon danışıqları və ya digər telekommunikasiyaları nəzarətə götürülmüş şəxs cinayət əməlində ittiham olunarsa, onun danışıqlarının qeydə alındığı daşıyıcı müstəntiqə təqdim edilir və cinayət işinin materiallarına əlavə olunur (ƏAFQ-nin 8-ci maddəsinin 5-ci hissəsi).
60. Əməliyyat-axtarış fəaliyyətləri nəticəsində əldə edilmiş məlumatlar istintaqın və məhkəmə prosesinin hazırlanması və aparılması üçün istifadə edilə və sübutların toplanması, təhlili və və qiymətləndirilməsini tənzimləyən qanunvericilik normalarına uyğun olaraq cinayət prosesində sübut kimi istifadə oluna bilər. Toplanmış məlumatların digər hüquq-mühafizə orqanlarına və ya məhkəməyə göndərilməsi barədə qərar əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilir (ƏAFQ-nin 11-ci maddəsi).
61. Telefon danışıqlarına nəzarətə cinayət prosesi çərçivəsində icazə verilibsə, müstəntiq nəzarətin qüvvədə olduğu bütün müddət ərzində istənilən vaxt həmin nəzarəti həyata keçirən orqandan danışıqların qeydə alındığı daşıyıcını ala bilər. Daşıyıcı möhürlənməli və məktubla müşayiət olunmalı, məktubda danışıqların qeydə alınmasının başlanğıc və son tarixləri və saatları, habelə onların dinlənilməsi üçün istifadə edilmiş texniki vasitələr göstərilməlidir. Müstəntiq daşıyıcıda qeydə alınmış danışıqlara hal şahidlərinin və zərurət olduqda ekspertlərin, habelə danışıqları dinlənilmiş şəxslərin iştirakı ilə qulaq asa bilər. Müstəntiq rəsmi protokol tərtib etməlidir, orada danışıqların cinayət işinə aidiyyəti olan hissələri sözbəsöz əks olunmalıdır (CPM-in 186-cı maddəsinin 6-cı və 7-ci bəndləri). 4 mart 2013-cü ildə 186-cı maddənin 7-ci bəndinə dəyişiklik edildi və hal şahidlərinin iştirakı barədə tələb mətndən çıxarıldı.
62. Daşıyıcılar, habelə danışıqlarla bağlı toplanmış məlumatlar cinayət işinin materiallarına əlavə olunmalıdır. Onlar möhürlənməli və səlahiyyəti olmayan şəxslər tərəfindən onların dinlənilməsi və ya surətinin çıxarılması riskini istisna edən şəraitdə saxlanmalıdır (CPM-in 186-cı maddəsinin 8-ci bəndi və 1 iyul 2010-cu ildə CPM-ə əlavə olunmuş 186.1-ci maddə).
63. Yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf göndərişlərinin və ya digər kommunikasiyaların məxfiliyinə hörmət hüququnun məhdudlaşdırılmasını özündə ehtiva edən əməliyyat-axtarış fəaliyyətlərinin nəticələrindən cinayət prosesində sübut qismində yalnız o halda istifadə edilə bilər ki, onlar məhkəmə qərarı əsasında əldə edilmiş olsun və həmin əməliyyat-axtarış fəaliyyətləri cinayət prosessual qanunvericiliyinə uyğun qaydada həyata keçirilsin (Rusiya Federasiyası Ali Məhkəməsinin Plenumunun 31 oktyabr 1995-ci il tarixli 8 saylı qərarının 14-cü bəndi).
64. Əməliyyat-axtarış fəaliyyətləri nəticəsində əldə edilən, sübutların qəbulunun mümkünlüyü barədə CPM-in tələblərinə cavab verməyən məlumatların sübut qismində istifadəsi qadağandır (CPM-in 89-cu maddəsi). CPM-in müddəaları pozulmaqla əldə edilmiş sübutlar qəbul edilməyən hesab olunur. Qəbul edilməyən sübutlar hüquqi qüvvəyə malik deyil və cinayət ittihamları üçün əsas qismində, yaxud cinayət prosesində sübut edilməsi tələb olunan hər hansı halların sübutu qismində onlara istinad edilə bilməz. Məhkəmə sübutu sübutlar siyahısından çıxarmağı qərara aldıqda həmin sübut hüquqi qüvvəyə malik deyil və hökm və ya digər məhkəmə qərarı ona əsaslana bilməz, yaxud da məhkəmə araşdırmasında ona baxıla bilməz (CPM-in 75-ci və 235-ci maddələri).
3. Toplanmış məlumatların məhv edilməsi
65. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində təqsiri qanunla müəyyən edilən qaydada sübut olunmayan şəxsin barəsində toplanmış məlumatlar bir il ərzində saxlanmalı, sonra isə, əgər xidməti maraqlar və ya ədalət mühakiməsinin maraqları üçün zəruri deyilsə, məhv edilməlidir. Telefon danışıqlarına və digər kommunikasiyalara nəzarət edilməsi nəticəsində toplanmış audioyazılar və digər materiallar altı ay ərzində saxlanmalı və şəxsə qarşı cinayət ittihamı irəli sürülmədikdə məhv edilməlidir. Telefon danışıqlarının dinlənilməsinə icazə vermiş hakim həmin materialların məhv edilməsinin planlaşdırıldığı tarixdən üç ay əvvəl bu barədə məlumatlandırılmalıdır (ƏAFQ-nin 5-ci maddəsinin 7-ci hissəsi).
66. Şəxsə qarşı cinayət ittihamı irəli sürüldükdə işə baxan məhkəmə cinayət prosesinin sonunda sübut qismində istifadə edilmiş materialların saxlanması və ya məhv edilməsi barədə qərar çıxarır. Məhv edilmə istintaq orqanının rəhbəri tərəfindən imzalanmış protokolda qeydə alınmalı və işin materiallarına daxil edilməlidir (CPM-in 81-ci maddəsinin 3-cü bəndi və İstintaq Komitəsinin 30 sentyabr 2011-ci il tarixli 142 saylı əmrinin 49-cu bəndi).
G. Kommunikasiyaların izlənilməsinə nəzarət
67. Əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanların rəhbərləri bütün əməliyyat-axtarış fəaliyyətlərinin qanuniliyinə görə şəxsən məsuliyyət daşıyırlar (ƏAFQ-nin 22-ci maddəsi).
68. Əməliyyat-axtarış fəaliyyətləri üzərində ümumi nəzarəti öz səlahiyyətləri daxilində Rusiya Federasiyasının prezidenti, parlamenti və hökuməti həyata keçirirlər (ƏAFQ-nin 20-ci maddəsi).
69. Baş prokuror və aşağı səviyyələrdən olan səlahiyyətli prokurorlar həmçinin əməliyyat-axtarış fəaliyyətləri üzərində nəzarəti həyata keçirə bilərlər. Əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanının rəhbəri səlahiyyətli prokurorun tələbi əsasında əməliyyat-axtarış materiallarını, o cümlədən şəxsi işləri, texniki avadanlıqların istifadəsi barədə informasiyaları, uçot-qeydiyyat sənədlərini və daxili təlimatları təqdim etməlidir. Məxfi agentlər və ya polis informatorları barədə məlumatların yer aldığı materiallar yalnız həmin agentin və ya informatorun razılığı ilə prokurora açıqlana bilər, lakin həmin şəxsə qarşı cinayət işinin aparıldığı hallar istisna təşkil edir. Dövlət orqanının rəhbəri prokurorun tələbini yerinə yetirməməsinə görə qanuna uyğun olaraq məsuliyyətə cəlb edilə bilər. Prokuror ona təqdim edilmiş materiallarda yer alan məlumatların qorunmasını təmin etməlidir (ƏAFQ-nin 21-ci maddəsi).
70. "Prokurorluq haqqında" qanunda (17 yanvar 1992-ci il tarixli 2202-I saylı qanun) nəzərdə tutulur ki, baş prokuror prezidentin təqdimatı əsasında Federasiya Şurası (parlamentin yuxarı palatası) tərəfindən vəzifəyə təyin olunur və ya vəzifədən azad edilir (12-ci maddə). Aşağı səviyyələrdən olan prokurorların təyinatını regional icra hakimiyyəti orqanları ilə məsləhətləşdikdən sonra baş prokuror həyata keçirir (13-cü maddə). Prokuror təyin ediləcək şəxs Rusiya vətəndaşı olmalı və Rusiyada tanınan hüquqşünas diplomuna malik olmalıdır (40.1-ci maddə).
71. İttiham funksiyalarından əlavə, prokurorlar penitensiar müəssisələrin idarə olunmasının, məhkəmə icraçılarının (pristavların) fəaliyyətlərinin, əməliyyat-axtarış fəaliyyətlərinin və cinayət işlərinin istintaqının Rusiya Konstitusiyasına və Rusiya qanunlarına uyğun qaydada aparılmasına nəzarət etməyə görə cavabdehdirlər (1-ci maddə). Prokurorlar həmçinin bütün hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə fəaliyyətlərini koordinasiya edirlər (8-ci maddə).
72. Əməliyyat-axtarış fəaliyyətlərinə nəzarətə gəlincə, prokurorlar əməliyyat-axtarış fəaliyyətlərinin gedişində görülmüş tədbirlərin qanuniliyini və həmin tədbirlər zamanı insan hüquqlarına hörmət edilib-edilmədiyini yoxlaya bilərlər (29-cu maddə). Bu cür nəzarət kontekstində prokurorların verdikləri göstərişlər təyin olunmuş müddətdə yerinə yetirilməlidir. Onların yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb ola bilər (6-cı maddə).
73. Prokurorlar həmçinin qanun pozuntuları barədə şikayətlərə baxa və hər bir şikayət üzrə əsaslandırılmış qərar çıxara bilərlər. Həmin qərarı çıxarılması eyni şikayətin məhkəməyə təqdim edilməsinə mane olmur. Prokuror qanun pozuntusunu aşkar edərsə, təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün tədbirlər görməlidir (10-cu maddə).
74. "Federal Təhlükəsizlik Xidməti haqqında" 3 aprel 1995-ci il tarixli qanunda (40-FZ saylı qanun – bundan sonra "FSB haqqında" qanun adlandırılacaq) nəzərdə tutulur ki, təhlükəsizlik xidmətlərinin məxfi agentləri haqqında, eləcə də onların istifadə etdikləri taktika, metod və vasitələr barəsində məlumatlar prokurorların nəzarət dairəsi xaricindədir (24-cü maddə).
75. Əməliyyat-axtarış fəaliyyətlərinə prokurorlar tərəfindən nəzarət edilməsi qaydası baş prokurorluq tərəfindən 15 fevral 2011-ci ildə qəbul edilmiş 33 saylı əmrdə əks olunub.
76. 33 saylı əmrdə nəzərdə tutulur ki, prokuror əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanlarda ümumi qaydada yoxlamalar apara, eləcə də hər hansı şəxsdən şikayət aldıqdan və ya potensial pozuntular barədə məlumat aldıqdan sonra xüsusi yoxlamalar apara bilər. FSB tərəfindən əks-kəşfiyyat sahəsində həyata keçirilən əməliyyat-axtarış fəaliyyətləri yalnız fərdi şikayətdən sonra yoxlanıla bilər (33 saylı əmrin 5-ci bəndi).
77. Yoxlama zamanı prokuror aşağıda göstərilən tələblərə riayət edilib-edilmədiyini yoxlayır:
- vətəndaşların konstitusiya hüquqlarına, məsələn, onların şəxsi və ailə həyatının, mənzilinin, yazışmalarının toxunulmazlığı, telefon danışıqlarının, poçt, teleqraf göndərişlərinin və digər kommunikasiyalarının məxfiliyi hüququna əməl olunması;
- məhkəmənin icazəsi ilə görülən tədbirlər də daxil olmaqla əməliyyat-axtarış fəaliyyətlərinin gedişində görülən tədbirlərin qanuni və əsaslı olması (33 saylı əmrin 4-cü və 6-cı bəndləri).
78. Yoxlama zamanı prokuror müvafiq əməliyyat-axtarış materiallarının əsil (orijinal) nüsxələri ilə, o cümlədən şəxsi işlərlə, texniki avadanlıqlardan istifadəyə dair informasiyalarla, uçot-qeydiyyat sənədləri ilə və daxili təlimatlarla tanış olmalıdır, o həmçinin səlahiyyətli şəxslərdən izahatlar tələb edə bilər. Prokurorlar onlara etibar edilmiş həssas məlumatları başqalarının icazəsiz olaraq onlarla tanış olmasından və ya onları açıqlamasından qorumalıdırlar (33 saylı əmrin 9-cu və 12-ci bəndləri).
79. Prokuror qanun pozuntusunu aşkar edərsə, pozuntuya görə məsuliyyət daşıyan vəzifəli şəxsdən pozuntunun aradan qaldırılmasını tələb etməlidir. O həmçinin vətəndaşların hüquqlarının pozulması hallarına son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün tədbirlər görməlidir (33 saylı əmrin 9-cu və 10-cu bəndləri). Prokurorun göstərişlərinə əməl etməkdən imtina edən vəzifəli şəxs qanuna uyğun olaraq məsuliyyətə cəlb oluna bilər (11-ci bənd).
80. Əməliyyat-axtarış fəaliyyətləri üzərində nəzarətin həyata keçirilməsinə görə məsul olan prokurorlar altı aylıq dövr üçün yoxlamaların nəticələri barədə baş prokurorluğa təfsilatlı hesabat təqdim etməlidirlər (33 saylı əmrin 15-ci bəndi). Prokurorlar tərəfindən doldurulmalı olan hesabat forması 33 saylı əmrə əlavə olunub. Formada qeyd olunub ki, oradakı məlumatlar məxfidir. Formada iki bölmə var və onların hər ikisi cədvəl formasındadır. Birinci bölmə hesabat dövrü ərzində aparılmış yoxlamalara aiddir və yoxlamaların, yoxlanılmış materialların və aşkar edilmiş pozuntuların sayını özündə əks etdirir. İkinci bölmə vətəndaşların şikayətlərinə aiddir və yoxlanılmış və təmin edilmiş şikayətlərin sayı barədə məlumatları özündə əks etdirir.
H. Telefon danışıqları dinlənilərkən fərdlərin onlar barəsində toplanmış məlumatlarla tanış olması
81. Rusiya qanunvericiliyində telefon danışıqları dinlənilən şəxsin hər hansı məqamda bu barədə məlumatlandırılması nəzərdə tutulmayıb. Bununla belə, cinayətdə təqsiri sübut olunmayan, yəni cinayət hadisəsinin olmaması və ya əməldə cinayət tərkibinin olmaması səbəbindən barəsində cinayət işi başlamaqdan imtina edilən və ya barəsindəki cinayət işinə xitam verilən şəxs onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi barədə faktlara malikdirsə və bu zaman hüquqlarının pozulduğunu düşünürsə, əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirmiş orqandan onun haqqında əldə edilmiş məlumatlar barədə informasiya tələb etmək hüququna malikdir və bu tələb məxfilik (“конспирация”) tələblərinin yol verdiyi hədlər daxilində və dövlət sirrinin yayılmasını istisna edən çərçivədə olmalıdır (ƏAFQ-nin 5-ci maddəsinin 4-6-cı hissələri).
82. 14 iyul 1998-ci il tarixli qərarında (yuxarıda 40-cı bənddə bu qərara istinad edilib) Konstitusiya Məhkəməsi qeyd etdi ki, onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi barədə faktlara malik olan hər hansı şəxs həmin fəaliyyətlərin gedişində toplanmış məlumatlar barədə informasiya almaq hüququna malikdir, bu şərtlə ki, həmin məlumatlar dövlət sirri təşkil etməsin. ƏAFQ-nin 12-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış məlumatlar (məsələn, cinayət əməlləri və onların törədilməsində iştirak etmiş şəxslər haqqında informasiyalar) dövlət sirridir. Lakin hakimiyyət orqanları tərəfindən vətəndaşların hüquqlarının pozulması və ya qanunsuz hərəkətlərə yol verilməsi barədə məlumatlar dövlət sirri kimi təsnifləşdirilə bilməz və açıqlanmalıdır. Beləliklə, 12-ci maddə şəxsin hüquqlarına təsir göstərən məlumatlarla onu tanış etməkdən imtina üçün əsas təşkil edə bilməz, bu şərtlə ki, belə məlumatlar əməliyyat-axtarış fəaliyyətlərinin məqsədlərinə və ya səbəblərinə aid olmamalıdır. Yuxarıdakıları nəzərə alsaq, etiraz edilən Qanuna əsasən şəxsin ona qarşı toplanmış məlumatlarla bütünlüklə tanış olmaq hüququna malik olmaması həmin şəxsin konstitusiya hüquqlarının pozuntusunu təşkil etmir.
I. Məhkəmə nəzarəti
1. ƏAFQ-də nəzərdə tutulmuş telefon danışıqlarının dinlənilməsi üzərində məhkəmə nəzarətinə dair ümumi müddəalar
83. Əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxs tərəfindən hüquqlarının pozulduğunu və ya pozulmaqda olduğunu iddia edən şəxs həmin vəzifəli şəxsin rəisinə, prokurora və ya məhkəməyə şikayət edə bilər. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində vəzifəli şəxs tərəfindən vətəndaşın hüquqları pozulubsa, həmin vəzifəli şəxsin rəisi, prokuror və ya məhkəmə pozuntunun aradan qaldırılması və ziyanın kompensasiyası üçün tədbirlər görməlidirlər (ƏAFQ-nin 5-ci maddəsinin 3-cü və 9-cu hissələri).
84. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində onun barəsində toplanmış məlumatlarla şəxsin tanış olmasına icazə verməkdən imtina edilərsə, o, imtinanın səbəblərini bilmək və imtina qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Bu halda hüquq mühafizə orqanları imtinanın əsaslı olduğunu sübut etmək vəzifəsini daşıyırlar. Məhkəmə araşdırmasının dolğun və hərtərəfli şəkildə aparılmasının təmin edilməsi üçün əməliyyat-axtarış fəaliyyətlərinə görə məsuliyyət daşıyan hüquq-mühafizə orqanı təqdim olunmasından imtina edilmiş informasiyaların yer aldığı əməliyyat-axtarış materiallarını hakimin tələbi əsasında təqdim etməlidir, məxfi agentlər və ya polis informatorları barədə informasiyaların yer aldığı materiallar istisna təşkil edir. Məhkəmə məlumatlarla tanış olmağa icazə verməkdən əsassız olaraq imtina edildiyini müəyyən edərsə, materialların müvafiq şəxsə açıqlanması barədə hüquq-mühafizə orqanı üçün məcburi olan qərar qəbul edə bilər (ƏAFQ-nin 5-ci maddəsinin 4-cü və 6-cı hissələri).
85. 14 iyul 1998-ci il tarixli qərarında (yuxarıda 40-cı bənddə bu qərara istinad edilib) Konstitusiya Məhkəməsi qeyd etdi ki, barəsində əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirildiyini öyrənmiş şəxs vəzifəli şəxslərin hərəkətlərinin onun malik olduğu hüquqları pozduğunu hesab edərsə, ƏAFQ-nin 5-ci maddəsinə əsasən həmin fəaliyyətlərin həyata keçirilməsinin, eləcə də bu cür fəaliyyətlərin gedişində səlahiyyətli orqanların həyata keçirdiyi konkret hərəkətlərin əsaslarına etiraz etmək üçün məhkəməyə şikayət edə bilər, buraya həmin orqanların hərəkətlərinə məhkəmənin icazə verdiyi hallar da daxildir.
86. Prosessual məsələlərə gəlincə, Konstitusiya Məhkəməsi qərara aldı ki, əməliyyat-axtarış fəaliyyətlərinin və ya səlahiyyətli orqanların konkret hərəkətlərinin əsaslarına etiraz edilməsi ilə əlaqədar məhkəmə prosesində, eləcə də toplanmış məlumatlarla tanışlığa icazə verməkdən imtina edilməsi ilə əlaqədar məhkəmə prosesində hüquq-mühafizə orqanları hakimin tələbi əsasında bütün müvafiq əməliyyat-axtarış materiallarını təqdim etməlidirlər, məxfi agentlər və ya polis informatorları barədə informasiyaların yer aldığı materiallar istisna təşkil edir.
87. Telefon danışıqlarının dinlənilməsindən şikayət etmək istəyən şəxs CPM-in 125-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 25-ci fəslinə və "Məhkəməyə şikayət verilməsi haqqında" qanuna (qeyd edilən fəsil və qanun 15 sentyabr 2015-ci ildən ləğv edilib və "İnzibati məhkəmə icraatı məcəlləsi" ilə əvəz olunub) uyğun olaraq məhkəməyə şikayət verə, yaxud Mülki Məcəllənin 1069-cu maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) ilə əlaqədar mülki iddia qaldıra bilər.
2. CPM-in 125-ci maddəsinə əsasən məhkəməyə verilən şikayət
88. Ali Məhkəmənin Plenumu 10 fevral 2009-cu il tarixli 1 saylı qərarında müəyyən etdi ki, müstəntiqin vəsatəti əsasında əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxslərin və ya dövlət orqanlarının hərəkətlərindən CPM-in 125-ci maddəsində nəzərdə tutulan qaydada şikayət verilə bilər (qərarın 4-cü bəndi). Həmin maddə əsasında təqdim edilən şikayətlərə yalnız cinayət işinin istintaqı aparıldığı dövrdə baxıla bilər. İş artıq məhkəməyə göndərilibsə, hakim şikayəti qəbul olunmayan elan edir və şikayətçiyə izah edir ki, şikayətlərini müvafiq birinci instansiya məhkəməsindəki icraatda irəli sürə bilər (9-cu bənd).
89. CPM-in 125-ci maddəsində cinayət prosesinin iştirakçılarının konstitusiya hüquqlarına və ya azadlıqlarına mənfi təsir göstərə bilən müstəntiq və ya prokurorun qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə məhkəmə qaydasında baxılması nəzərdə tutulur. Müstəntiq, prokuror və ya məhkəmə başqa cür qərar qəbul etməyiblərsə, şikayətin verilməsi etiraz edilən qərarın icrasını və ya hərəkəti dayandırmır. Məhkəmə şikayətə beş gün ərzində baxmalıdır. Şikayətçi, onun vəkili, müstəntiq və prokuror məhkəmə iclasında iştirak etmək hüququna malikdirlər. Şikayətçi şikayətini əsaslandırmalıdır (CPM-in 125-ci maddəsinin 1-4-cü bəndləri).
90. Məhkəmə iclasının iştirakçıları məhkəməyə təqdim edilmiş bütün materiallarla tanış olmaq və şikayətlə əlaqədar əlavə materiallar təqdim etmək hüququna malikdirlər. Cinayət işinin materiallarının açıqlanmasına yalnız o halda icazə verilir ki, bu, istintaqın maraqlarına zidd olmasın və cinayət prosesinin iştirakçılarının hüquqlarını pozmasın. Hakim tərəflərdən tələb edə bilər ki, etiraz edilən qərar üçün əsas təşkil etmiş materialları və ya hər hansı digər əhəmiyyətli materialları təqdim etsinlər (Rusiya Federasiyası Ali Məhkəməsinin Plenumunun 10 fevral 2009-cu il tarixli 1 saylı qərarının 12-ci bəndi).
91. Şikayətə baxdıqdan sonra məhkəmə ya etiraz edilən qərarı, hərəkəti və ya hərəkətsizliyi qanunsuz və ya əsassız elan edir və buna görə məsuliyyət daşıyan vəzifəli şəxsə göstərilən nöqsanları aradan qaldırmaq barədə göstərişlər verir, ya da şikayəti rədd edir (CPM-in 125-ci maddəsinin 5-ci bəndi). Göstərilən nöqsanları aradan qaldırmaq barədə vəzifəli şəxsə göstərişlər verərkən məhkəmə həmin vəzifəli şəxs tərəfindən həyata keçirilməli olan hər hansı konkret tədbirləri göstərməyə bilər, yaxud qanunsuz və ya əsassız hesab edilmiş qərarı ləğv edə və ya onun ləğv edilməsi barədə həmin vəzifəli şəxsə göstəriş verə bilər (Rusiya Federasiyası Ali Məhkəməsinin Plenumunun 10 fevral 2009-cu il tarixli 1 saylı qərarının 21-ci bəndi).
3. Mülki Prosessual Məcəllənin 25-ci fəslinə, "Məhkəməyə şikayət verilməsi haqqında" qanuna və "İnzibati məhkəmə icraatı məcəlləsi"nə əsasən məhkəməyə verilən şikayət
92. Rusiya Federasiyası Ali Məhkəməsinin Plenumunun 10 fevral 2009-cu il tarixli 2 saylı qərarında nəzərdə tutulur ki, əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxslərin və ya orqanların cinayət prosesi çərçivəsində şikayət edilə bilməyən qərarlarından və hərəkətlərindən verilən şikayətlərə, eləcə də əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış məlumatlar barədə informasiyalarla tanışlığa icazə verməkdən imtina ilə əlaqədar şikayətlərə Mülki Prosessual Məcəllənin 25-ci fəslində müəyyən edilən qaydada baxıla bilər (qərarın 7-ci bəndi).
93. Mülki Prosessual Məcəllənin 15 sentyabr 2015-ci ilədək qüvvədə olmuş 25-ci fəslində vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan hərəkət və qərarlarından şikayətlərə baxılması qaydası müəyyən edilmiş və həmin qayda "Məhkəməyə şikayət verilməsi haqqında" qanunda ("Vətəndaşların hüquq və azadlıqlarını pozan hərəkət və qərarlardan məhkəməyə şikayət verilməsi haqqında" 27 aprel 1993-cü il tarixli 4866-1 saylı qanun) daha ətraflı əks olunmuşdu. 15 sentyabr 2015-ci ildə MPM-in 25-ci fəsli və "Məhkəməyə şikayət verilməsi haqqında" qanun ləğv edildi və həmin tarixdə qüvvəyə minmiş "İnzibati məhkəmə icraatı məcəlləsi" (8 mart 2015-ci il tarixli 21-FZ saylı qanun – bundan sonra "İMİM" adlandırılacaq) ilə əvəz olundu. İMİM-də mahiyyət etibarı ilə MPM-in 25-ci fəslinin və "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun müddəaları təsdiqləndi və daha da aydın şəkildə ifadə edildi.
94. MPM-də, "Məhkəməyə şikayət verilməsi haqqında" qanunda və İMİM-də nəzərdə tutulur ki, vətəndaş hər hansı dövlət və ya bələdiyyə orqanının və ya vəzifəli şəxsin hərəkətinin və ya qərarının onun hüquq və azadlıqlarını pozduğunu hesab edərsə, həmin hərəkət və ya qərardan məhkəməyə şikayət verə bilər (MPM-in 254-cü maddəsi və "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 1-ci maddəsi). Şikayət vətəndaşın hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarını həyata keçirməsinə maneə yaradan, yaxud onun üzərinə öhdəlik və ya məsuliyyət qoyan qərar, hərəkət və ya hərəkətsizliklə əlaqədar verilə bilər (MPM-in 255-ci maddəsi, "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 2-ci maddəsi və İMİM-in 218-ci maddəsinin 1-ci bəndi).
95. Şikayət şikayətçinin hüquqlarının pozulduğunu bildiyi gündən üç ay ərzində ümumi yurisdiksiyalı məhkəməyə verilməlidir. Üzrlü səbəblər olduqda bu müddət uzadıla bilər (MPM-in 255-ci maddəsi, "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 4-cü və 5-ci maddələri və İMİM-in 218-ci maddəsinin 5-ci bəndi və 219-cu maddəsinin 1-ci və 7-ci bəndləri). Şikayətdə etiraz edilən qərarın nömrəsi və tarixi, yaxud etiraz edilən hərəkətin törədildiyi tarix və yer göstərilməlidir (İMİM-in 220-ci maddəsinin 2.3-cü bəndi). Şikayətçi təsdiqedici sənədləri təqdim etməli və ya onları təqdim edə bilməməsinin səbəblərini izah etməlidir (İMİM-in 220-ci maddəsinin 2.8-ci və 3-cü bəndləri). Şikayətçi yuxarıdakı tələbləri yerinə yetirmədikdə hakim şikayəti qəbul olunmayan elan edir (İMİM-in 222-ci maddəsinin 3-cü bəndi).
96. Etiraz edilən qərarın, hərəkətin və ya hərəkətsizliyin qanuniliyini sübut etmək vəzifəsi müvafiq orqanın və ya vəzifəli şəxsin üzərinə düşür. Lakin şikayətçi sübut etməlidir ki, etiraz etdiyi qərar, hərəkət və ya hərəkətsizlik onun hüquq və azadlıqlarını pozub ("Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 6-cı maddəsi və İMİM-in 226-cı maddəsinin 11-ci bəndi).
97. MPM-ə əsasən, şikayətə on gün ərzində (MPM-in 257-ci maddəsi), İMİM-ə əsasən isə iki ay ərzində baxılmalıdır (İMİM-in 226-cı maddəsinin 1-ci bəndi). Məhkəmə şikayətin əsaslı olduğunu müəyyən edərsə, etiraz edilən qərarın və ya hərəkətin ləğv edilməsini nəzərdə tutan, yaxud vətəndaşın hüquqlarının pozuntusunun müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən tam aradan qaldırılmasını tələb edən qərar çıxarır (MPM-in 258-ci maddəsinin 1-ci bəndi, "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 7-ci maddəsi və İMİM-in 227-ci maddəsinin 2-ci və 3-cü bəndləri). Məhkəmə pozuntunun aradan qaldırılması üçün və (və ya) pozuntunun tam aradan qaldırılmasından ötrü tələb olunan konkret tədbirlərin görülməsi üçün müddət təyin edə bilər (Rusiya Federasiyası Ali Məhkəməsinin Plenumunun 10 fevral 2009-cu il tarixli 2 saylı qərarının 28-ci bəndi və İMİM-in 227-ci maddəsinin 3-cü bəndi). Bundan başqa, şikayətçi ayrıca mülki prosesdə maddi və mənəvi ziyana görə kompensasiya tələb edə bilər ("Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 7-ci maddəsi).
98. Məhkəmə səlahiyyətli orqanın və ya vəzifəli şəxsin etiraz edilən hərəkətinin və ya qərarının qanuni olduğunu və vətəndaşın hüquqlarını pozmadığını müəyyən edərsə, şikayəti rədd edə bilər (MPM-in 258-ci maddəsinin 4-cü bəndi və İMİM-in 226-cı maddəsinin 9-cu bəndi və 227-ci maddəsinin 2-ci bəndi).
99. Prosesin iştirakçısı olan tərəf yuxarı məhkəməyə apellyasiya şikayəti verə bilər (MPM-in 1 yanvar 2012-ci ilədək qüvvədə olmuş 336-cı maddəsi və 1 yanvar 2012-ci ildən sonra qüvvəyə minmiş 320-ci maddəsi və İMİM-in 228-ci maddəsi). Apellyasiya şikayəti üzrə qərar qəbul edildiyi gündən qüvvəyə minir (MPM-in 1 yanvar 2012-ci ilədək qüvvədə olmuş 367-ci maddəsi və 1 yanvar 2012-ci ildən sonra qüvvəyə minmiş 329-cu maddəsinin 5-ci bəndi və İMİM-in 186-cı maddəsi və 227-ci maddəsinin 5-ci bəndi).
100. MPM-də nəzərdə tutulurdu ki, şikayəti təmin edən və müvafiq orqandan və ya vəzifəli şəxsdən vətəndaşın hüquqlarının pozuntusunu aradan qaldırmağı tələb edən məhkəmə qərarı qüvvəyə minməsindən sonra üç gün ərzində müvafiq orqanın rəhbərinə, müvafiq vəzifəli şəxsə və ya onun rəisinə göndərilməlidir (MPM-in 258-ci maddəsinin 2-ci bəndi). "Məhkəməyə şikayət verilməsi haqqında" qanun məhkəmə qərarının qüvvəyə minməsindən sonra on gün ərzində göndərilməsini tələb edirdi (8-ci maddə). İMİM məhkəmə qərarının qüvvəyə mindiyi gündə göndərilməsini tələb edir (227-ci maddənin 7-ci bəndi). Qərar alındıqdan sonra bir aydan gec olmayaraq onun icrası üçün görülmüş tədbirlər barədə məhkəməyə və şikayətçiyə məlumat verilməlidir (MPM-in 258-ci maddəsinin 3-cü bəndi, "Məhkəməyə şikayət verilməsi haqqında" qanunun 8-ci maddəsi və İMİM-in 227-ci maddəsinin 9-cu bəndi).
4. Mülki hüquq pozuntusu (delikt) ilə əlaqədar olaraq Mülki Məcəllənin 1069-cu maddəsinə əsasən qaldıran mülki iddia
101. Şəxsə dəymiş və ya vətəndaşın əmlakına yetirilmiş zərər hüquqpozan tərəfindən tam həcmdə kompensasiya olunmalıdır. Hüquqpozan zərərin baş verməsində təqsirkar olmadığını sübut edərsə, məsuliyyətə cəlb olunmur (Mülki Məcəllənin 1064-cü maddəsinin 1-ci və 2-ci bəndləri).
102. Dövlət və bələdiyyə orqanları və vəzifəli şəxslər qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində vətəndaşa dəymiş zərərə görə məsuliyyət daşıyırlar (Mülki Məcəllənin 1069-cu maddəsi). Vətəndaşın: i) cinayət işi üzrə qanunsuz məhkum edilməsi və ya qanunsuz cinayət təqibinə məruz qalması; ii) qətimkan tədbirinin qanunsuz tətbiqi; və iii) qanunsuz inzibati cəza səbəbindən məruz qaldığı ziyan, vəzifəli şəxslərin təqsirkar olub-olmadıqlarından asılı olmayaraq, dövlət və ya regional xəzinədarlığın vəsaiti hesabına ödənilir (Mülki Məcəllənin 1070-ci maddəsi).
103. Məhkəmə hüquqpozanın üzərinə qeyri-maddi (fiziki və ya mənəvi) ziyanı kompensasiya etmək vəzifəsini qoya bilər. Qeyri-maddi ziyana görə kompensasiyanın maddi ziyana görə təyin olunmuş hər hansı kompensasiyaya aidiyyəti yoxdur (Mülki Məcəllənin 151-ci maddəsinin 1-ci bəndi və 1099-cu maddəsi). Kompensasiyanın məbləği hüquqpozanın təqsirinin ağırlıq dərəcəsi və digər əhəmiyyətli hallar nəzərə alınmaqla müəyyənləşdirilir. Məhkəmə həmçinin zərərçəkənin fərdi xüsusiyyətləri ilə bağlı fiziki və mənəvi iztirablarının dərəcəsini nəzərə alır (Mülki Məcəllənin 151-ci maddəsinin 2-ci bəndi və 1101-ci maddəsi).
104. Hüquqpozanın təqsirkar olub-olmadığından asılı olmayaraq: i) yüksək təhlükə mənbəyi səbəbindən; ii) cinayət işi üzrə qanunsuz məhkum edilmə və ya qanunsuz cinayət təqibinə məruz qalma, yaxud qətimkan tədbirinin qanunsuz tətbiqi və ya qanunsuz inzibati cəza səbəbindən; iii) şərəf, ləyaqət və ya nüfuza zərər yetirən məlumatların yayılması səbəbindən dəymiş mənəvi ziyan kompensasiya olunmalıdır (Mülki Məcəllənin 1100-cü maddəsi).
105. Federal qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki prosesdə hər hansı tərəf nəyi iddia edirsə, onu sübut etməlidir (Mülki Məcəllənin 56-cı maddəsinin 1-ci bəndi).
5. Konstitusiya Məhkəməsinə şikayət
106. "Konstitusiya Məhkəməsi haqqında" qanunda (21 iyul 1994-cü il tarixli 1-FKZ saylı qanun) nəzərdə tutulur ki, qanunvericilik müddəasına məhkəmə praktikası və digər hüquq tətbiqetmə praktikası vasitəsilə verilən şərhin Konstitusiyaya uyğun olub-olmadığı barədə Konstitusiya Məhkəməsinin rəyi onun qərarında öz əksini tapıbsa, həmin rəy qərarın çıxarıldığı tarixdən etibarən məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmalıdır (79-cu maddənin 5-ci bəndi).
J. Kommunikasiya xidməti təchizatçılarının öhdəlikləri
1. Fərdi məlumatları və kommunikasiyaların məxfiliyini qorumaq öhdəliyi
107. "Rabitə haqqında" qanunda nəzərdə tutulur ki, kommunikasiya xidmətlərinin təchizatçıları kommunikasiyaların məxfiliyini təmin etməlidirlər. Telekommunikasiya şəbəkələri və ya poçt-rabitə xidmətləri vasitəsilə ötürülən kommunikasiyalar və onların məzmunu, federal qanunlarda göstərilən hallar istisna olmaqla, yalnız onları göndərənə və alana və ya onların səlahiyyətli nümayəndələrinə açıqlana bilər ("Rabitə haqqında" qanunun 63-cü maddəsinin 2-ci və 4-cü bəndləri).
108. Abonentlər və onlara göstərilən xidmətlər barədə məlumatlar məxfidir. Abonentlər haqqında məlumatlara bunlar daxildir: fiziki şəxsdirlərsə onların soyadları, adları, atalarının adı və şərti adları; hüquqi şəxsdirlərsə direktorlarının və işçilərinin soyadları, adları, atalarının adı; abonentlərin ünvanları, nömrələri və onları və ya terminal avadanlıqlarını identifikasiya etməyə imkan verən digər məlumatlar; ödəniş sisteminin məlumat bazasının informasiyaları, o cümlədən abonentin bağlantıları, trafiki və ödənişləri barədə məlumatlar. Federal qanunlarda göstərilən hallar istisna olmaqla, abonentlər haqqında məlumatlar abonentin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz ("Rabitə haqqında" qanunun 53-cü maddəsi).
2. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək öhdəliyi
109. "Rabitə haqqında" qanun kommunikasiya xidməti təchizatçılarının üzərinə federal qanunlarda göstərilən hallarda hüquq-mühafizə orqanlarına abonentlər və onların aldığı xidmətlər haqqında məlumatları və həmin orqanların məqsəd və vəzifələrinə nail olmaları üçün tələb etdikləri istənilən digər informasiyaları təqdim etmək öhdəliyi qoyur ("Rabitə haqqında" qanunun 64-cü maddəsinin 1-ci bəndi).
110. 31 mart 2008-ci ildə Moskva şəhər şurası "Rabitə haqqında" qanunun 64-cü maddəsinin 1-ci bəndinə belə bir tələbi nəzərdə tutan dəyişiklik edilməsi təklifini müzakirə etdi ki, hüquq-mühafizə orqanları abonentlər barədə məlumat istəyərkən kommunikasiya xidməti təchizatçılarına məhkəmə icazəsini göstərsinlər. FSB və Daxili İşlər Nazirliyinin nümayəndələri müzakirədə iştirak edənlərə məlumat verilər ki, telefon danışıqlarının dinlənilməsinə icazə verən məhkəmə qərarları məxfi sənəd sayılır və buna görə də kommunikasiya xidməti təchizatçılarına göstərilə bilməz. Dəyişiklik barədə təklif sonradan rədd edildi.
111. Kommunikasiya xidməti təchizatçıları öz şəbəkə və avadanlıqlarının Rabitə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları ilə birlikdə hazırlanmış texniki tələblərə cavab verməsini təmin etməlidirlər. Kommunikasiya xidməti təchizatçıları həmçinin hüquq-mühafizə orqanlarının tətbiq etdiyi metod və taktikaların məxfi qalmasını təmin etməlidirlər ("Rabitə haqqında" qanunun 64-cü maddəsinin 2-ci bəndi).
112. Federal qanunlarda göstərilən hallarda kommunikasiya xidməti təchizatçıları əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən və ya milli təhlükəsizliyi qoruyan hüquqi-mühafizə orqanının rəhbərinin əsaslandırılmış qərarını aldıqdan sonra abonentə xidmət göstərilməsini dayandırmalıdırlar ("Rabitə haqqında" qanunun 64-cü maddəsinin 3-cü bəndi).
113. "FSB haqqında" qanun kommunikasiya xidməti təchizatçılarından tələb edir ki, FSB-nin əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirməsinə imkan verən avadanlıqlar quraşdırsınlar (15-ci maddə).
3. Kommunikasiya xidməti təchizatçıları tərəfindən quraşdırılmalı olan avadanlıqlar üçün texniki tələblər
114. Əməliyyat-axtarış tədbirlərinin funksiyalarının təmin edilməsi üçün texniki vasitələr sisteminin ("Система технических средств для обеспечения функций оперативно-разыскных мероприятий" – “СОРМ”) (bundan sonra "SORM" adlandırılacaq) əsas xüsusiyyətləri Rabitə Nazirliyi tərəfindən qəbul edilmiş bir sıra əmr və qərarlarda öz əksini tapıb.
a) 70 saylı əmr
115. Telekommunikasiya şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin funksiyalarının təmin edilməsi üçün texniki vasitələr sisteminə irəli sürülən texniki tələblər haqqında Rabitə Nazirliyi tərəfindən 20 aprel 1999-cu ildə qəbul edilmiş 70 saylı əmrdə nəzərdə tutulur ki, kommunikasiya xidməti təchizatçılarının quraşdırdıqları avadanlıqlar müəyyən texniki tələblərə cavab verməlidir və həmin tələblər Əmrə əlavələrdə göstərilib. Əmr əlavələrlə birlikdə Rabitə Nazirliyinin "Svyazinform" adlı rəsmi jurnalında dərc olunub və jurnal abunə yolu ilə yayılır. Onu həmçinin İnternetdə özəl idarəçi tərəfindən idarə olunan hüquqi məlumat bazasından əldə etmək olar, orada "Svyazinform"un buraxılışları yerləşdirilir.
116. 1 və 3 saylı Əlavələrdə mobil telefon şəbəkələrində SORM üçün texniki tələblər əks olunub. Orada göstərilir ki, hüquq-mühafizə orqanları tərəfindən kommunikasiyaların izlənməsi mobil şəbəkə operatorlarının quraşdırdıqları izləmə avadanlıqlarına qoşulan məsafədən idarəetmə terminalı vasitəsilə aparılır. Avadanlıqlar digər imkanlarla yanaşı aşağıdakı imkanlara malik olmalıdırlar: a) izlənilən subyektlərin məsafədən idarə olunan məlumat bazalarının yaradılması; b) kommunikasiyaların izlənməsi və bu yolla əldə edilmiş məlumatların məsafədən idarəetmə terminalına ötürülməsi; c) məlumatların icazəsiz girişdən, o cümlədən mobil şəbəkə operatorunun işçilərinin girişindən qorunması; d) abonentlərin ünvanlarının olduğu məlumat bazalarına girişin təmin edilməsi (1 saylı Əlavənin 1.1 və 1.6-cı bəndləri).
117. Daha dəqiq desək, avadanlıqlar bunları təmin etməlidir: a) izlənilən subyektin telefonuna gələn və telefonundan çıxan bütün zənglərin izlənməsi; b) onun yeri barədə məlumat əldə edilməsi; c) müxtəlif mobil şəbəkə operatorlarının şəbəkələri arasında davamlı rabitə əlaqələri zamanı davamlı izləmə imkanının təmin edilməsi; d) zəngin başqa nömrəyə yönləndirilməsi, gözləmə rejiminə qoyulması və ya konfrans zənglər kimi yardımçı xidmətlər göstərilən zaman zəngin yönləndirildiyi nömrəni və ya nömrələri qeydə almağa imkan verən davamlı izləmə imkanının təmin edilməsi; e) faks, qısa mesaj (SMS) və ya digər formada bütün növ bağlantılarla əlaqədar kommunikasiya məlumatlarının toplanması; f) izlənilən subyektə göstərilən bütün xidmətlər barədə məlumatlara girişin olması (1 saylı Əlavənin 2.1.2-ci bəndi).
118. Kommunikasiyaların izlənməsinin iki növü var: "total izləmə" və "statistik monitorinq". Total izləmə kommunikasiya məlumatlarının, habelə izlənən subyektin telefonuna gələn və ya çıxan bütün kommunikasiyaların məzmununun real vaxt rejimində izlənməsidir. Statistik monitorinq yalnız kommunikasiya məlumatlarının real vaxt rejimində monitorinq olunmasıdır və bu zaman kommunikasiyaların məzmunu izlənilmir. Kommunikasiya məlumatlarına bunlar daxildir: izlənilən subyektin zəng etdiyi və ya ona zəng edən telefonun nömrəsi, bağlantının başlandığı və bitdiyi vaxt, istifadə edilmiş yardımçı xidmətlər, izlənilən subyektin yeri və onun bağlantısının vəziyyəti (1 saylı Əlavənin 2.2 və 2.4-cü bəndləri).
119. Quraşdırılmış avadanlıqlar məsafədən idarəetmə terminalından komanda alınan kimi otuz saniyə ərzində kommunikasiyaların izlənilməsinə başlamağa imkan verməlidir (1 saylı Əlavənin 2.5-ci bəndi).
120. Subyektlərin izlənilməsi haqqında və ya hər hansı məlumatların məsafədən idarəetmə terminalına göndərilməsi barədə informasiyalar yazıla və ya qeydə alına bilməz (1 saylı Əlavənin 5.4-cü bəndi).
121. Məsafədən idarəetmə terminalına mobil şəbəkə operatoru tərəfindən parol verilir ki, bu da onun SORM-a tam girişinə imkan yaradır. Bundan sonra məsafədən idarəetmə terminalı parolu dəyişir ki, səlahiyyəti olmayan şəxslər SORM-a tam giriş imkanı əldə edə bilməsinlər. Məsafədən idarəetmə terminalından SORM-a digər komandalarla yanaşı aşağıdakı komandaları vermək olar: abonentin kommunikasiyalarının izlənilməsinə başlanması, izləmənin müvəqqəti dayandırılması və ya xətm olunması, abonentin kommunikasiyalarının fasiləsiz izlənilməsi və abonent haqqında göstərilən məlumatların təqdim edilməsi (3 saylı Əlavənin 3.1.2-ci bəndi).
122. Məsafədən idarəetmə mərkəzi izlənilən subyektlər barədə aşağıdakı avtomatik bildirişləri qəbul edir: izlənilən subyekt tərəfindən göndərilən və ya qəbul edilən qısa mesajlar (SMS), o cümlədən onların məzmunu; yığılan telefon nömrəsi; xətdə bağlantı yaradılması; bağlantının kəsilməsi; yardımçı xidmətlərdən istifadə; subyektin bağlantısının vəziyyətində və ya subyektin məkanında dəyişiklik baş verməsi (3 saylı Əlavənin 3.1.4-cü bəndi).
b) 130 saylı əmr
123. Əməliyyat-axtarış tədbirlərinin təmin edilməsi üçün texniki vasitələrin quraşdırılması qaydası haqqında Rabitə Nazirliyi tərəfindən 25 iyul 2000-ci ildə qəbul edilmiş 130 saylı əmrdə nəzərdə tutulurdu ki, kommunikasiya xidməti təchizatçıları 70 saylı əmrdə göstərilmiş texniki tələblərə cavab verən avadanlıqlar quraşdırmalıdırlar. Quraşdırmanın qaydası və müddətləri FSB tərəfindən təsdiq edilməlidir (1.4-cü bənd).
124. Kommunikasiya xidməti təchizatçıları əməliyyat-axtarış fəaliyyətləri zamanı tətbiq dilən metod və taktikalar barədə məlumatların qorunması üçün tədbirlər görməlidirlər (2.4-cü bənd).
125. Kommunikasiya xidməti təchizatçıları kommunikasiyaların izlənilməsinə və ya kommunikasiya məlumatlarına giriş əldə edilməsinə yalnız məhkəmə qərarı əsasında və ƏAFQ-də müəyyən edilən qaydada icazə verilməsini təmin etməlidirlər (2.5-ci bənd).
126. Kommunikasiya xidməti təchizatçılarına abonentlərin kommunikasiyalarının izlənilməsi barədə məlumat verilmir. Eləcə də izləmələrə icazə verən məhkəmə qərarları onlara təqdim edilmir (2.6-cı bənd).
127. Kommunikasiyaların izlənilməsi FSB-nin və Daxili İşlər Nazirliyi orqanlarının texniki vasitələrindən istifadə edilməklə onların əməkdaşları tərəfindən həyata keçirilir (2.7-ci bənd).
128. 130 saylı əmrin 1.4 və 2.6-cı bəndlərinin qanuniliyi cənab N. tərəfindən Ali Məhkəmədəki icraatda şübhə altına alındı. Cənab N. iddia etdi ki, 1.4-cü bənd qanunsuzdur, çünki 70 saylı əmr dərc olunmayıb və etibarsızdır. 2.6-cı bəndə gəlincə, o, "Rabitə haqqında" qanuna zidd idi, sonuncuda nəzərdə tutulurdu ki, kommunikasiya xidməti təchizatçıları kommunikasiyaların məxfiliyini təmin etmək öhdəliyini daşıyırlar. 25 sentyabr 2000-ci ildə Ali Məhkəmə bu qənaətə gəldi ki, 1.4-cü bənddə 70 saylı əmrə istinad edilməsi qanunidir, çünki 70 saylı əmr texniki xarakterlidir və buna görə də hamı üçün əlçatan olan rəsmi nəşrdə dərc edilməsinə lüzum yoxdur. Bu səbəbdən o, yalnız ixtisaslaşmış jurnalda dərc olunub. 2.6-cı bəndə gəlincə, Ali Məhkəmə hesab etdi ki, o, kommunikasiya xidməti təchizatçılarının məhkəmənin icazəsi olmadan hüquq-mühafizə orqanlarına abonentlər barədə məlumatları təqdim etmələrini tələb edən müddəa kimi şərh oluna bilər. Lakin belə tələb "Rabitə haqqında" qanuna ziddir. Buna görə də Ali Məhkəmə bu qənaətə gəldi ki, 2.6-cı bənd qanunsuzdur və tətbiq edilə bilməz.
129. 25 oktyabr 2000-ci ildə Rabitə Nazirliyi 130 saylı əmrdə dəyişiklik edərək 2.6-cı bəndi oradan çıxardı.
130. "Vətəndaş Nəzarəti" adlı QHT-nin informasiya sorğusuna cavab olaraq Rabitə Nazirliyi 20 avqust 2006-cı il tarixli məktubda bildirdi ki, 130 saylı əmrin 2.6-cı bəndinin ləğv edilməsi o demək deyil ki, kommunikasiya xidməti təchizatçılarına abonentlər barəsində həyata keçirilən əməliyyat-axtarış təbirləri haqqında məlumat verilməli, yaxud bu cür nəzarətə icazə verən müvafiq məhkəmə qərarının surəti təqdim edilməlidir.
131. 16 yanvar 2008-ci ildə 130 saylı əmr ləğv olundu (aşağıda 134-cü bəndə bax).
c) 538 saylı qərar
132. Hökumət tərəfindən 27 avqust 2005-ci ildə qəbul edilmiş kommunikasiya xidməti təchizatçıları ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında 538 saylı qərarda nəzərdə tutulur ki, kommunikasiya xidməti təchizatçıları abonentlər və onlara göstərilən xidmətlər barədə informasiyaların yer aldığı məlumat bazalarını təzələyərkən diqqətli olmalıdırlar. Bu informasiyalar üç il ərzində saxlanmalıdır. Hüquq-mühafizə orqanları məsafədən idarəetmə sistemi vasitəsilə məlumat bazalarına istənilən vaxt daxil olmaq imkanına malik olmalıdırlar (12-ci bənd).
133. Məlumat bazalarında abonentlər haqqında aşağıdakı informasiyalar yer almalıdır: a) fiziki şəxsdirsə adı, atasının adı və soyadı, ev ünvanı və pasport nömrəsi; b) şirkətdirsə adı, ünvanı və terminal avadanlıqlarına giriş imkanına malik olan şəxslərin siyahısı, o cümlədən onların adı, atasının adı və soyadı, ev ünvanı və pasport nömrəsi; c) bağlantılar, trafik və ödənişlər barədə informasiyalar (14-cü bənd).
d) 6 saylı əmr
134. 16 yanvar 2008-ci ildə 130 saylı əmr ləğv olundu və əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı telekommunikasiya şəbəkələrinə irəli sürülən tələblər haqqında (I hissə) Rabitə Nazirliyi tərəfindən qəbul edilmiş 6 saylı əmr ilə əvəzləndi.
135. Orada bu tələb saxlanıldı ki, kommunikasiya xidməti təchizatçıları müvafiq hüquq-mühafizə orqanının məsafədən idarəetmə terminalına aşağıdakı məlumatların ötürülməsini təmin etməlidirlər: a) abonentlərin adları və identifikasiya kodları; və b) onların kommunikasiyalarının məzmunu. Məlumatlar məsafədən idarəetmə terminalının tələbindən sonra real vaxt rejimində ötürülməlidir. Kommunikasiya xidməti təchizatçıları həmçinin abonentin olduğu məkanın müəyyənləşdirilməsini təmin etməlidirlər (2, 3 və 5-ci bəndlər).
136. Məsafədən idarəetmə terminalı abonentlər haqqında, o cümlədən onların nömrələri və identifikasiya kodları barəsində informasiyaların yer aldığı məlumat bazasına giriş imkanını təmin etməlidir (7-ci və 8-ci bəndlər).
137. Kommunikasiya xidməti təchizatçıları kommunikasiyaları izlənilən subyektin bu izləmədən xəbər tutmamasını təmin etməlidirlər (9-cu bənd). Hazırkı və ya əvvəlki izləmələrə aid məlumatlar kommunikasiya xidməti təchizatçılarının işçilərinin icazəsiz girişindən qorunmalıdır (9-cu bənd).
e) 73 saylı əmr
134. Əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı telekommunikasiya şəbəkələrinə irəli sürülən tələblər haqqında (II hissə) Rabitə Nazirliyi tərəfindən 27 may 2010-cu ildə qəbul edilmiş 73 saylı əmrdə öncə 6 saylı əmrdə yer almış müəyyən tələblər ətraflı şəkildə əks olundu. Konkret olaraq, bu əmrdə nəzərdə tutulur ki, kommunikasiya xidməti təchizatçıları tərəfindən quraşdırılmış avadanlıqlar əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanların telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən bütün məlumatlara girişi imkanına, habelə məlumatları seçmək və seçilmiş məlumatları öz idarəetmə terminallarına ötürmək imkanına malik olmasını təmin etməlidirlər (2-ci bənd).
III. MÜVAFİQ BEYNƏLXALQ VƏ AVROPA SƏNƏDLƏRİ
A. Birləşmiş Millətlər Təşkilatı
139. Baş Assabmleya tərəfindən 18 dekabr 2013-cü ildə qəbul edilmiş "Rəqəmsal texnologiyalar əsrində şəxsi həyatın toxunulmazlığı hüququ haqqında" 68/167 saylı qətnamədə deyilir:
"Baş Aassambleya,
...
4. Bütün dövlətləri aşağıdakıları etməyə çağırır:
...
c) insan hüquqlarına dair beynəlxalq normalar əsasında daşıdıqları bütün öhdəliklərin effektiv şəkildə yerinə yetirilməsini təmin etmək yolu ilə şəxsi həyatın toxunulmazlığı hüququnu müdafiə etmək məqsədi ilə, məlumatların izlənilməsinə, ələ keçirilməsinə və fərdi məlumatların toplanmasına, o cümlədən kütləvi surətdə izlənməsinə, əldə edilməsinə və toplanmasına aid prosedurlarını, praktikalarını və qanunvericiliklərini yenidən nəzərdən keçirsinlər;
d) dövlət tərəfindən məlumatların izlənilməsi, ələ keçirilməsi və fərdi məlumatların toplanması ilə əlaqədar olaraq müvafiq hallarda şəffaflığı və hesabatlılığı təmin etməyə qadir olan yeni effektiv daxili nəzarət mexanizmləri yaratsınlar və ya artıq mövcud olanlardan istifadə etsinlər..."
B. Avropa Şurası
140. "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" 28 yanvar 1981-ci il tarixli Konvensiya (Avropa müqavilələr seriyası (CETS) № 108 – bundan sonra "108 saylı Konvensiya" adlandırılacaq) dövlət və özəl sektorlarda fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi sahəsində məlumatların qorunması standartlarını müəyyən edir. Orada deyilir:
"Maddə 8. Məlumat subyekti üçün əlavə məlumat
İstənilən şəxsə aşağıdakı hüquqlar verilir:
a. avtomatlaşdırılmış fərdi məlumat faylının mövcudluğunu, onun əsas məqsədlərini, eləcə də məlumat faylının nəzarətçisi, onun daimi yaşayış yeri və ya iş ünvanı haqqında məlumatı müəyyənləşdirmək;
b. müəyyən vaxt ərzində və əlavə vaxt itkisi və ya vəsait xərcinə yol vermədən ona aid fərdi məlumatların avtomatlaşdırılmış məlumat faylında saxlanıb-saxlanmadığının təsdiqini və belə məlumatlar barədə aydın formada məlumat almaq;
c. belə məlumatlar bu Konvensiyanın 5 və 6-cı maddələrində müəyyən edilən əsas prinsiplərin qüvvəyə minməsinə imkan verən dövlətdaxili qanunvericiliyin müddəalarına uyğun olmadan işləndikdə vəziyyətdən asılı olaraq onların düzəldilməsinə və ya silinməsinə nail olmaq;
d. bu maddənin "b" və "c" bəndlərində qeyd edilən təsdiq və ya, vəziyyətdən asılı olaraq, məlumat, düzəliş və ya silinmə haqqında müraciət yerinə yetirilmədikdə hüquqi müdafiə vasitələrindən istifadə etmək.
Maddə 9. İstisna və məhdudiyyətlər
1. Bu maddədə müəyyən edilənlərdən başqa bu Konvensiyanın 5, 6 və 8-ci maddələrinin müddəalarından heç bir istisnaya yol verilmir.
2. Bu Konvensiyanın 5, 6 və 8-ci maddələrinin müddəalarından qismən çəkilməyə, Tərəfin qanunlarında belə ləğv etmə nəzərdə tutulduqda və demokratik cəmiyyətdə aşağıdakı maraqlar naminə zərurət yaratdıqda icazə verilir:
a. dövlət təhlükəsizliyinin, ictimai asayişin, dövlətin maliyyə maraqlarının qorunması və yaxud cinayətlərin qarşısının alınması;
b. məlumat subyektinin və ya başqa şəxslərin hüquq və azadlıqlarının qorunması...
Maddə 10. Sanksiyalar və hüquqi müdafiə vasitələri
Hər bir Tərəf bu fəsildə müəyyən edilən məlumatların qorunması üzrə əsas prinsiplərin tətbiqini nəzərdə tutan dövlətdaxili hüququn müddəalarının pozulması hallarında müvafiq sanksiyalar və hüquqi müdafiə vasitələrini müəyyən etməyi öz üzərinə götürür".
141. 108 saylı Konvensiya Rusiya tərəfindən 15 may 2013-cü ildə ratifikasiya edildi və 1 sentyabr 2013-cü ildə Rusiya barəsində qüvvətə mindi. 15 may 2013-cü ildə Rusiya Federasiyası tərəfindən saxlanc üçün verilmiş təsdiqnamədə aşağıdakı bəyanat yer alıb:
"Rusiya Federasiyası bəyan edir ki, Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinin "a" yarımbəndinə uyğun olaraq, Konvensiyanın müddəalarını aşağıdakı fərdi məlumatlara şamil etməyəcək:
...
b) dövlət sirri haqqında Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq dövlət sirri sayılan məlumatlara.
Rusiya Federasiyası bəyan edir ki, Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə uyğun olaraq, Konvensiyanın müddəalarını avtomatik qaydada işlənməyən fərdi məlumatlara şamil etməyəcək, bu şərtlə ki, Konvensiyanın tətbiqi avtomatik vasitələrdən istifadə edilmədən fərdi məlumatlara münasibətdə həyata keçirilən hərəkətlərin xarakterinə uyğun olsun.
Rusiya Federasiyası bəyan edir ki, Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndinin "a" yarımbəndinə uyğun olaraq, dövlət təhlükəsizliyinin və ictimai qaydanın qorunmasının məqsədləri üçün məlumat subyektinin özü barəsindəki fərdi məlumatlarla tanış olmaq hüququnu məhdudlaşdırmaq hüququnu özündə saxlayır".
142. "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyaya əlavə olunan, Rusiya tərəfindən imzalanan, amma ratifikasiya olunmayan "Müşahidə orqanları və məlumatların sərhədlərarası ötürülməsi haqqında" 8 noyabr 2001-ci il tarixli Əlavə Protokolda (CETS № 181) aşağıdakılar nəzərdə tutulur:
"Maddə 1. Müşahidə orqanları
1. Hər bir Tərəf Konvensiyanın II və III fəsillərində və bu Protokolda bəyan edilən prinsiplərin həyata keçirilməsinə yönələn tədbirlərin təmin edilməsinə görə cavabdeh olan bir və ya daha artıq müşahidə orqanının öz daxili qanunvericiliyində nəzərdə tutulmasını təmin edir.
2. a. Bu məqsədlə, qeyd edilən orqanlar, konkret olaraq, bu Protokolun 1-ci maddəsinin 1-ci bəndində qeyd edilmiş prinsiplərin həyata keçirilməsinə yönələn daxili qanunvericilik normalarının pozuntularını araşdırmaq və onlara müdaxilə etmək, habelə onlarla bağlı məhkəmə proseslərində iştirak etmək və ya onları səlahiyyətli məhkəmə orqanlarının diqqətinə çatdırmaq səlahiyyətinə malik olmalıdırlar.
b. Hər bir müşahidə orqanı hər hansı şəxsin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı irəli sürdüyü iddialara səlahiyyəti daxilində baxmalıdır.
3. Müşahidə orqanları öz funksiyalarını tam müstəqil şəkildə həyata keçirirlər.
4. Müşahidə orqanlarının şikayətlərə səbəb olan qərarlarımdan məhkəmələrə şikayət verilə bilər".
143. Nazirlər Komitəsi tərəfindən 17 sentyabr 1987-ci ildə qəbul edilən, polis sektorunda fərdi məlumatların istifadəsini tənzimləyən (R(87)15 saylı) tövsiyədə deyilir:
"1.1. Hər bir üzv dövlət polis sektoru xaricində olan, bu tövsiyədə yer alan prinsiplərə hörmətin təmin edilməsinə görə cavabdeh olan müstəqil müşahidə orqanına malik olmalıdır...
2.1. Polisin məqsədləri üçün fərdi məlumatların toplanması konkret cinayətin törədiləcəyinə dair real təhlükənin qarşısını almaq və ya həmin cinayəti dayandırmaq üçün zəruri olan hədd ilə məhdudlaşmalıdır. Bu qaydadan hər hansı istisna milli qanunvericiliyin konkret müddəasında nəzərdə tutulmalıdır.
2.2. Şəxs barəsində onun xəbəri olmadan məlumatlar toplandıqda və saxlanıldıqda və sonradan silinmədikdə, polis fəaliyyətlərinin məqsədinə artıq ziyan dəyməyəcəyi hesab edilərsə, imkan yaranan kimi ona məlumat verilməlidir ki, onun barəsində məlumatlar saxlanılır...
3.1. Polisin məqsədləri üçün fərdi məlumatların saxlanılması mümkün qədər dəqiq məlumatlarla və polis orqanlarının milli qanunvericilik çərçivəsində öz qanuni vəzifələrini və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirə bilmələri üçün zəruri olan məlumatlarla məhdudlaşmalıdır...
5.2.i. Məlumatların digər polis orqanlarına verilməsinə yalnız aşağıdakı xüsusi hallarda icazə verilə bilər:
a. dəqiq qanuni öhdəlik və ya icazə mövcud olduqda, yaxud müşahidə orqanının icazəsi ilə; yaxud
b. bu məlumatlar onları alanın öz qanuni vəzifəsini yerinə yetirməsi üçün zəruridirsə (bu şərtlə ki, məlumatları alan tərəfindən onların toplanmasının və işlənməsinin məqsədi onların ilkin olaraq işlənməsinin məqsədlərinə zidd olmamalıdır və onları verən orqanın qanuni öhdəlikləri bununla ziddiyyət təşkil etməməlidir).
5.2.ii. Bundan başqa, məlumatların digər dövlət orqanlarına verilməsinə aşağıdakı xüsusi hallarda müstəsna qaydada icazə verilə bilər:
a. məlumatların verilməsi, şübhəsiz ki, məlumat subyektinin marağında olarsa və o buna razılıq verərsə, yaxud da mövcud vəziyyət açıq-aydın bu cür razılığın olduğunu düşünməyə imkan verərsə, yaxud da
b. məlumatların verilməsi ciddi və real təhlükənin qarşısını almaq üçün zəruri olarsa.
5.3.i. Məlumatların fiziki şəxslərə verilməsinə yalnız dəqiq qanuni öhdəliyin və ya icazənin mövcud olduğu xüsusi hallarda, yaxud müşahidə orqanının icazəsi olduqda yol verilə bilər...
6.4. [Məlumat subyektinin] məlumatlarla tanış olmaq, onlarda düzəliş edilməsinə və ya onların silinməsinə nail olmaq hüquqlarını həyata keçirməsi yalnız polisin qanuni vəzifəsini yerinə yetirməsi, yaxud məlumat subyektinin müdafiəsi və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri olan dərəcədə məhdudlaşdırılmalıdır...
6.5. Bu hüquqların rədd edilməsi və ya məhdudlaşdırılması yazılı şəkildə əsaslandırılmalıdır. Səbəbləri göstərməkdən imtina edilməsi yalnız polisin qanuni vəzifəsini yerinə yetirməsi, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri olan hallarda mümkün ola bilər.
6.6. Məlumat subyektinin məlumatlarla tanış olmasına icazə verilmədikdə, o, müşahidə orqanına və ya digər müstəqil orqana şikayət etmək imkanına malik olmalı və həmin orqan imtinanın əsaslılığını müəyyənləşdirməlidir.
7.1. Polisin məqsədləri üçün saxlanılan fərdi məlumatların müvafiq məqsədlər üçün saxlanılmasına daha zərurət olmadıqda onların silinməsi üçün tədbirlər görülməlidir.
Bu məqsədlə xüsusən aşağıdakı meyarlar nəzərə alınmalıdır: konkret iş üzrə təhqiqatın nəticələrinin işığında məlumatların saxlanmasına ehtiyacın olması; yekun məhkəmə qərarının, xüsusən bəraət hökmünün olması; şəxsə bəraət verilməsi; məhkumluğun ödənilməsi; amnistiya aktlarının olması; məlumat subyektinin yaşı və məlumatların xüsusi kateqoriyaları.
7.2. Fərdi məlumatların müxtəlif kateqoriyaları üçün saxlanma müddətlərinin, eləcə də onların mütəmadi yoxlanılması müddətlərinin təyin edilməsinə yönələn qaydalar müşahidə orqanı ilə razılaşdırılmaqla və ya daxili qanunvericilik əsasında müəyyən edilməlidir.
8. Cavabdeh orqan məlumatların müvafiq fiziki və məntiqi mühafizəsini təmin etmək və onlarla icazəsiz tanış olmanın, onların icazəsi ötürülməsinin və dəyişdirilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə materialların müxtəlif xüsusiyyətləri və məzmunları nəzərə alınmalıdır".
144. Nazirlər Komitəsi tərəfindən 7 fevral 1995-ci ildə qəbul edilən, telekommunikasiya xidmətləri, xüsusilə telefon xidmətləri sahəsində fərdi məlumatların müdafiəsinə aid olan (R(95)4 saylı) tövsiyənin bu işə aidiyyəti olan hissələrində deyilir:
"2.4. Dövlət orqanları tərəfindən kommunikasiyaların məzmununa müdaxilə edilməsi, o cümlədən kommunikasiyaları dinləyən və ya yazan qurğuların, yaxud digər müşahidə və ya izləmə qurğularının istifadəsi yalnız qanunla nəzərdə tutulduğu və aşağıdakı maraqlar naminə demokratik cəmiyyətdə zəruri olduğu hallarda həyata keçirilməlidir:
a. dövlət təhlükəsizliyinin, ictimai təhlükəsizliyin, dövlətin maliyyə maraqlarının qorunması və ya cinayətlərin qarşısının alınması;
b. məlumat subyektinin müdafiəsi, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması.
2.5. Dövlət orqanları tərəfindən kommunikasiyaların məzmununa müdaxilə edildiyi halda aşağıdakılar daxili qanunvericilikdə tənzimlənməlidir:
a. məlumat subyektinin məlumatlarla tanış olmaq və onlara düzəliş etmək hüquqlarının həyata keçirilməsi;
b. cavabdeh dövlət orqanlarının hansı hallarda müvafiq şəxsə məlumat verməkdən imtina etmək və ya məlumat verilməsini yubatmaq hüququna malik olması;
c. bu cür məlumatların saxlanması və ya məhv edilməsi.
Dövlət orqanı şəbəkə operatoruna və ya xidmət təchizatçısına məlumatlara müdaxilə etmək tapşırığı veribsə, bu yolla toplanılan məlumatlar yalnız müdaxilə üçün icazədə göstərilmiş orqana verilməlidir..."
C. Avropa İttifaqı
145. Telekommunikasiyaların qanuni şəkildə izlənilməsi haqqında Avropa İttifaqı Şurasının 17 yanvar 1995-ci il tarixli qətnaməsində (96/C 329/01) aşağıdakılar nəzərdə tutulur:
"Bu bölmə telekommunikasiyaların qanuni şəkildə izlənilməsinə dair hüquq-mühafizə orqanlarının tələblərini əks etdirir. Bu tələblər milli qanunvericiliklə şərtlənir və qüvvədə olan milli siyasətə uyğun şəkildə şərh olunmalıdır...
1.3. Hüquq-mühafizə orqanları telekommunikasiyaları qəbul edən və göndərən müvafiq xidmətdən tələb edirlər ki, izləmə icazəsinin tətbiq dairəsində olmayan hər hansı telekommunikasiyaları izlənilən telekommunikasiyalar sırasından xaric etsinlər.
2. Hüquq-mühafizə orqanları telekommunikasiyaların izlənilməsi üçün real vaxt rejimində, bütün gün ərzində monitorinq aparmaq imkanının olmasını tələb edirlər. Zənglərlə əlaqədar məlumatlar da real vaxt rejimində təqdim edilməlidir. Zənglərlə əlaqədar məlumatların real vaxt rejimində təqdim edilməsi mümkün deyilsə, hüquq-mühafizə orqanları zəng başa çatdıqdan sonra məlumatların mümkün qədər tezliklə təqdim edilməsini tələb edirlər...
3. Hüquq-mühafizə orqanları şəbəkə operatorlarından və ya xidmət təchizatçılarından tələb edirlər ki, izlənilən kommunikasiyaları hüquq-mühafizə orqanlarının monitorinq avadanlıqlarına ötürə biləcək bir və ya bir neçə interfeysin olmasını təmin etsinlər. Bu interfeyslərin təmin edilməsi adətən izləməni aparan orqanlarla şəbəkə operatorları və ya xidmət təchizatçıları arasında razılaşdırılmalıdır. Bu interfeyslərlə bağlı digər məsələlər ayrı-ayrı ölkələrdə qəbul edilmiş praktikaya uyğun şəkildə həll olunur...
5. Hüquq-mühafizə orqanları izləmənin elə təşkil olunmasını və həyata keçirilməsini tələb edirlər ki, izləmə ilə bağlı məlumatların icazəsiz və ya hüquqa zidd istifadəsinin qarşısı alınsın və onlar qorunsun...
5.2. Hüquq-mühafizə orqanları şəbəkə operatorlarından və ya xidmət təchizatçılarından tələb edirlər ki, izlənilən kommunikasiyaların yalnız izləmə icazəsində göstərilən izləmə orqanına ötürülməsini təmin etsinlər..."
146. Yuxarıdakı tələblər ictimai telekommunikasiya xidmətləri və şəbəkələri ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməliyyat tələbatları haqqında Aİ Şurasının 20 iyun 2001-ci il tarixli 9194/01 saylı qətnaməsində təsdiq edildi və daha ətraflı izah olundu.
147. Bir icraatda birləşdirilmiş "Dicital Rayts Ayrlənd" (Digital Rights Ireland) məhdud məsuliyyətli şirkətinin işi ilə Saytinger (Seitinger) və başqalarının işində Avropa İttifaqı Məhkəməsi (AİM) 8 aprel 2014-cü ildə qəbul etdiyi qərarda Məlumatların saxlanmasına dair 2006/24/EC saylı direktivi etibarsız elan etdi, həmin direktivdə ictimaiyyət üçün təmin edilən elektron kommunikasiya xidmətlərinin və ya ictimai kommunikasiya şəbəkələrinin təchizatçılarının öhdəliyi, yəni hər bir üzv dövlətin öz milli qanunvericiliyində müəyyən etdiyi ağır cinayətlərin istintaqı, açılması və məhkəmə qaydasında təqib olunması məqsədləri üçün istifadəçilərin trafikinə və olduqları məkana aid bütün məlumatların əlçatan olmasını təmin etməkdən ötrü onları altı aydan iki ilədək qoruyub saxlamaq öhdəliyi nəzərdə tutulmuşdu. AİM qeyd etdi ki, direktiv kommunikasiyanın məzmununu qoruyub saxlamağa icazə verməsə də, onun şamil olunduğu trafik və məkan məlumatları imkan verirdi ki, barələrindəki məlumatlar qorunub saxlanılan şəxslərin şəxsi həyatları haqqında çox dəqiq nəticələr çıxarılsın. Müvafiq olaraq, həmin məlumatları qoruyub saxlamaq öhdəliyinin özü Əsas hüquqlar haqqında Aİ Xartiyasının 7-ci maddəsi ilə təmin edilən şəxsi həyata və kommunikasiyalara hörmət edilməsi hüququna və Xartiyanın 8-ci maddəsində nəzərdə tutulmuş fərdi məlumatların qorunması hüququna müdaxilə təşkil edirdi. Bundan başqa, bu məlumatların səlahiyyətli orqanlar üçün əlçatan olması bu əsas hüquqlara əlavə müdaxilə təşkil edirdi. AİM daha sonra bildirdi ki, müdaxilə xüsusilə ciddi idi. Abonentin və ya qeydiyyatdan keçmiş istifadəçinin xəbəri olmadan məlumatların saxlanması və sonradan istifadə edilməsi faktı müvafiq şəxslərdə belə hisslər yarada bilərdi ki, şəxsi həyatları daimi nəzarət altındadır. Müdaxilə ümumi maraqların məqsədinə, yəni ağır cinayətlərə və terrorizmə qarşı mübarizəyə kömək və beləliklə son nəticədə ictimai təhlükəsizliyə yardım məqsədinə uyğun idi. Lakin o, mütənasiblik tələbinə uyğun deyildi. Birincisi, direktiv ağır cinayətə qarşı mübarizə aparmaq məqsədinin işığında heç bir fərq, məhdudiyyət və ya istisna nəzərdə tutmadan ümumən bütün şəxsləri və bütün elektron kommunikasiya vasitələrini, eləcə də trafik məlumatlarını əhatə edirdi. Buna görə də o, praktiki olaraq bütün Avropa əhalisinin əsas hüquqlarına müdaxilə təşkil edirdi. O hətta elə şəxslərə şamil olunurdu ki, onların davranışlarının ağır cinayətlə hətta dolayı və ya uzaq əlaqəsinin olduğunu düşünməyə əsas verən heç bir sübut mövcud deyildi. İkincisi, direktivdə səlahiyyətli milli orqanların məlumatlara çıxış imkanına malik olması və sonradan onlardan istifadə etməsi ilə bağlı maddi-hüquqi və ya prosessual şərtlər yer almamışdı. Sadəcə olaraq "hər bir üzv dövlətin öz milli qanunvericiliyində müəyyən etdiyi ağır cinayətlər" ifadəsinin yer aldığı direktivdə hansı cinayətlərin Xartiyanın 7-ci və 8-ci maddələrində təsbit olunmuş əsas hüquqlara bu qədər geniş müdaxilə edilməsinə haqq qazandırmaq üçün kifayət qədər ağır hesab edilə biləcək cinayətlər olduğunu müəyyənləşdirmək üçün hər hansı obyektiv meyar göstərilməmişdi. Üstəlik, səlahiyyətli milli orqanların qorunub saxlanılan məlumatlara çıxışının olması öncə bunun qanuniliyinin məhkəmə və ya müstəqil inzibati orqan tərəfindən yoxlanılmasından asılı deyildi, halbuki bu orqanların qərarı məlumatlara çıxışın məhdudlaşdırılmasına və onların qarşıya qoyulan məqsədə nail olmaq üçün yalnız ciddi zərurət olduqda istifadə edilməsinə nail olmağa şərait yaradardı. Üçüncüsü, direktiv bütün məlumatların ən azı altı aylıq müddət ərzində saxlanmasını tələb edir və bu zaman məlumatların qarşıya qoyulan məqsədə nail olmaq baxımından faydalılığına əsaslanan kateqoriyaları arasında və ya müvafiq şəxslər arasında heç bir fərq qoymurdu. AİM bu nəticəyə gəldi ki, direktiv Xartiyanın 7-ci və 8-ci maddələrində təsbit olunmuş əsas hüquqlara geniş və xüsusilə ciddi müdaxiləyə gətirib çıxarır və bu müdaxilənin həqiqətən ciddi şəkildə zəruri olan dərəcə ilə məhdudlaşmasını təmin edə biləcək müddəalar yoxdur. AİM həmçinin qeyd etdi ki, saxlanılan məlumatların sui-istifadə riskindən və qanunsuz giriş və istifadədən effektiv müdafiəsini təmin edən texniki və ya təşkilati tədbirlər vasitəsilə qorunması üçün yetərincə təminatlar direktivdə nəzərdə tutulmayıb.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
148. Ərizəçi şikayət etdi ki, Rusiyada mobil telefon danışıqlarının gizli dinlənilməsi sistemi Konvensiyanın 8-ci maddəsinin tələblərinə cavab vermir, həmin maddədə deyilir:
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
A. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
149. Hökumət bildirdi ki, ərizəçi şəxsi həyatının və ya yazışmalarının toxunulmazlığına hörmət hüququnun pozulmasının qurbanı olduğunu iddia edə bilməz (aşağıda 152-157-ci bəndlərə bax). Bundan əlavə, o, daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib (aşağıda 219-226-cı bəndlərə bax).
150. Məhkəmə hesab edir ki, Hökumətin etirazları ərizəçinin şikayətinin mahiyyəti ilə o dərəcədə əlaqəlidir ki, bu etirazlara baxılmasını şikayətin mahiyyətinə baxılması ilə birləşdirmək lazımdır.
151. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3"a" bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Ərizəçinin qurban statusu və müdaxilənin hüdudları
a) Tərəflərin arqumentləri
i) Hökumət
152. Hökumət bildirdi ki, ərizəçi Konvensiyanın 8-ci maddəsinin pozuntusunun qurbanı olduğunu iddia edə bilməz və onun hüquqlarına heç bir müdaxilə baş verməyib. O, kommunikasiyalarının izlənildiyini iddia etməyib. Onun daxili məhkəmələr və bu Məhkəmə qarşısında şikayətinin mahiyyəti ondan ibarətdir ki, kommunikasiya xidməti təchizatçıları hakimiyyət orqanlarının əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirmələrinə imkan verən xüsusi avadanlıqlar quraşdırıblar. Hökumətin rəyinə görə, "Orange Slovensko, A. S." Slovakiyaya qarşı iş (ərizə № 43983/02, 24 oktyabr 2006-cı il tarixli qərardad) təsdiq edib ki, özəl şirkətlər tərəfindən izləmə avadanlıqlarının quraşdırılması, yaxud hətta maliyyələşdirilməsi özlüyündə Konvensiyaya zidd deyil.
153. Hökumət daha sonra bildirdi ki, 34-cü maddə ictimai iddia (actio popularis) xarakteri daşıyan şikayət ərizəsi təqdim etmək üçün istifadə edilə bilməz və həmçinin qanunun Konvensiyaya zidd olduğu barədə mücərrəd iddia irəli sürmək üçün əsas təşkil edə bilməz (o, Aalmus və digər 112 şəxs Niderlanda qarşı iş üzrə qərardada istinad etdi – ərizə № 16269/02, 25 noyabr 2004-cü il). O iddia etdi ki, Klass və başqaları Almaniyaya qarşı (6 sentyabr 1978-ci il, 34-cü bənd, A seriyaları, № 28) və Meloun Birləşmiş Krallığa qarşı (2 avqust 1984-cü il, 64-cü bənd, A seriyaları, № 82) işlərdə çıxarılmış qərarlar cavabdeh dövlətdə yaşayan, təhlükəsizlik xidmətlərinin onun barəsində məlumatlar toplamasından ehtiyatlanan hər bir şəxsi əhatə edən qərarlar kimi şərh oluna bilməz (həmin qərarlara əsasən, şəxs müəyyən hallarda sadəcə olaraq məxfi tədbirlərin və ya məxfi tədbirlərə icazə verən qanunvericiliyin mövcudluğu səbəbindən pozuntunun qurbanı olmasından, hətta həmin tədbirlərin faktiki olaraq ona tətbiq edildiyini təsdiqləməsə belə, şikayət edə bilər). Ərizəçi məxfi xidmətlərin onun şəxsi həyatı ilə bağlı məlumatları topladıqlarına və saxladıqların dair "ağlabatan ehtimalın" mövcud olduğunu sübut etməli idi (Hökumət bu işlərə istinad etdi: Esbester Birləşmiş Krallığa qarşı, ərizə № 18601/91, Komissiyanın 2 aprel 1993-cü il tarixli qərarı; Redqreyv Birləşmiş Krallığa qarşı, ərizə № 20271/92, Komissiyanın 1 sentyabr 1993-cü il tarixli qərarı; Mettyuz Birləşmiş Krallığa qarşı, ərizə № 28576/95, Komissiyanın 16 oktyabr 1996-cı il tarixli qərarı; Halford Birləşmiş Krallığa qarşı, 25 iyun 1997-ci il, 17-ci bənd, Reports of Judgments and Decisions 1997‑III; Veber və Saraviya Almaniyaya qarşı (qərardad), ərizə № 54934/00, 4-6 və 78-ci bəndlər, ECHR 2006-XI; Kennedi Birləşmiş Krallığa qarşı, ərizə № 26839/05, 122 və 123-cü bəndlər, 18 may 2010-cu il).
154. Hökumət iddia etdi ki, "ağlabatan ehtimal" haqqında qaydadan istisnalara yalnız xüsusi əsaslara görə yol verilə bilər. Şəxs sadəcə olaraq məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin mövcudluğu nəticəsində hüquqlarına müdaxilə edildiyini yalnız müstəsna hallarda iddia edə bilər və bu zaman milli səviyyədə bütün hüquqi müdafiə vasitələrinin mövcudluğu və məxfi müşahidə tədbirlərinin ona tətbiq edilməsi riskinin mövcud olub-olmadığı nəzərə alınmalıdır (o, Kennedinin işi üzrə yuxarıda qeyd edilən qərarın 124-cü bəndinə istinad etdi). Hökumətin bildirdiyinə görə, hazırkı işdə hər hansı belə xüsusi əsaslar müəyyənləşdirilə bilməz.
155. Birincisi, ərizəçinin müşahidə tədbirlərinə məruz qalacağına dair hər hansı "ağlabatan ehtimal", yaxud hər hansı risk mövcud deyildi, çünki o, hər hansı cinayət əməlində şübhəli bilinməmişdi. Onun nəşriyyat şirkətinin baş redaktoru olması faktı Rusiya qanunvericiliyinə əsasən onun telefon danışıqlarının dinlənilməsi üçün əsas təşkil edə bilməzdi. Hökumət iddia etdi ki, ərizəçinin telefon danışıqları heç vaxt dinlənilməmişdi. Ərizəçi bunun əksini göstərən heç bir sübut təqdim etməyib. Ölkədaxili icraatda onun təqdim etdiyi sənədlər üçüncü şəxslərə aid idi və orada onun telefonunun dinlənildiyini göstərən heç bir sübut yox idi.
156. İkincisi, istər sui-istifadə hallarına, istərsə də şəxsə hər hansı konkret məxfi müşahidə tədbirlərinin tətbiqinə qarşı Rusiya qanunvericilində yetərincə təminatların olmamasından şikayət etmək üçün milli səviyyədə hüquqi müdafiə vasitələri mövcud idi. Konstitusiya Məhkəməsinə sorğu vermək olardı ki, ƏAFQ-nin Konstitusiyaya uyğunluğunu yoxlasın. Həmçinin Ali Məhkəməyə şikayət etmək olardı, necə ki, bunu cənab N. etmiş və Rabitə Nazirliyinin 130 saylı əmrinin müddəasının qanunsuz olduğu barədə qərar çıxarılmasına nail olmuşdu (yuxarıda 128-ci bəndə bax). 70 saylı əmrə gəlincə, ərizəçinin iddialarının əksinə olaraq, o, lazımi qaydada dərc olunmuşdu (aşağıda 181-ci bəndə bax) və buna görə də həmin əmrlə bağlı məhkəmələrə şikayət vermək olardı. Kommunikasiyaları ilkin məhkəmə icazəsi olmadan qanunsuz olaraq izlənilmiş şəxs həmçinin mülki məhkəmədə də hüquqlarının bərpasına nail ola bilərdi. Hökumət Ali Məhkəmənin 15 iyul 2009-cu il tarixli qərarına istinad etdi, həmin qərarda o müəyyən etmişdi ki, iddiaçının ofisində videokameranın quraşdırılması və ofisindəki telefon danışıqlarının dinlənilməsi qanunsuz idi, çünki bu müşahidə tədbirləri ilkin məhkəmə icazəsi olmadan həyata keçirilmişdi (həmçinin aşağıda 219-224-cü bəndlərə bax). Nəhayət, Rusiya qanunvericiliyində kommunikasiyaların izlənilməsinə müstəqil orqan, yəni prokurorluq tərəfindən nəzarət edilməsi nəzərdə tutulmuşdu.
157. Yuxarıdakıları nəzərə alaraq Hökumət bu nəticəyə gəldi ki, hazırkı iş "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyev Bolqarıstana qarşı işdən (ərizə № 62540/00, 28 iyun 2007-ci il) fərqlənir, həmin işdə Məhkəmə "ağlabatan ehtimal" meyarını tətbiq etməkdən ona görə imtina etmişdi ki, Bolqarıstanda kommunikasiyaların qanunsuz izlənilməsinə qarşı heç bir təminat mövcud deyildi. Rusiya qanunvericiliyində kommunikasiyaların izlənilməsi sahəsində sui-istifadə hallarına qarşı adekvat və yetərli təminatların mövcud olduğu, o cümlədən hüquqi müdafiə vasitələrinin mövcudluğu nəzərə alınarsa, Hökumətin rəyinə görə, ərizəçi sadəcə olaraq məxfi müşahidəyə icazə verən qanunvericiliyin mövcudluğu nəticəsində hüquqlarına müdaxilə edildiyini iddia edə bilməz. Ərizəçinin telefon danışıqlarının dinlənildiyinə dair "ağlabatan ehtimal" mövcud olmadığına görə, o, Konvensiyanın 8-ci maddəsinin iddia edilən pozuntusunun qurbanı olduğunu iddia edə bilməz.
ii) Ərizəçi
158. Ərizəçi bildirdi ki, kommunikasiyaların məxfi qaydada izlənməsi sisteminin qurulmasına icazə verən qanunvericiliyin sadəcə mövcudluğu səbəbindən 8-ci maddəsinin pozuntusunun qurbanı olduğunu iddia edə bilər və bu zaman belə tədbirlərin faktiki olaraq ona tətbiq edildiyini onun sübut etməsinə ehtiyac yoxdur. Bu cür qanunvericiliyin mövcudluğu telekommunikasiya xidmətlərinin bütün istifadəçilərinin müşahidə təhlükəsinə məruz qalmasına gətirib çıxarıb və buna görə də özlüyündə onun 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxiləyə bərabərdir. O, bu mövqeyini müdafiə etmək üçün Klass və başqalarının işinə (yuxarıda istinad edilən bu iş üzrə qərarın 34 və 37-ci bəndlərinə), "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işinə (yuxarıda istinad edilən bu iş üzrə qərarın 58-ci bəndinə) və Kennedinin işinə (yuxarıda istinad edilən bu iş üzrə qərarın 123-cü bəndinə) istinad etdi.
159. Ərizəçi iddia etdi ki, "ağlabatan ehtimal" meyarı Məhkəmə tərəfindən yalnız o işlərdə tətbiq edilib ki, həmin işlərdə ərizəçi kommunikasiyalarının faktiki izlənildiyini iddia edib, məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericilik və praktikaya aid ümumi xarakterli işlərdə isə Klass və başqalarının işi üzrə qərarda müəyyən edilmiş "sadəcə mövcudluq" meyarı tətbiq edilib (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 122 və 123-cü bəndlər, sonrakı istinadlarla). "Liberti" və başqaları Birləşmiş Krallığa qarşı işdə (ərizə № 58243/00, 56 və 57-ci bəndlər, 1 iyul 2008-ci il) Məhkəmə müəyyən etdi ki, hakimiyyət orqanlarına kommunikasiyaları izləmək imkanı verən səlahiyyətlərin mövcudluğu ərizəçilərin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edib, belə ki, onlar həmin səlahiyyətlərin tətbiq edilə biləcəyi şəxslər idi. Kennedinin işində (yuxarıda istinad edilən bu iş üzrə qərarın 124-cü bəndi) bu meyar daha da təkmilləşdirildi və milli səviyyədə hər hansı hüquqi müdafiə vasitəsinin mövcudluğunun və məxfi müşahidə tədbirlərinin ərizəçiyə tətbiq edilməsi riskinin qiymətləndirilməsini özündə ehtiva etdi. Nəhayət, Merş və başqaları Lüksemburqa qarşı işdə (ərizələr № 10439/83 və s., Komissiyanın 10 may 1985-ci il tarixli qərarı) Komissiya müəyyən etdi ki, hakimiyyət orqanları müvafiq şəxslərə tətbiq etdikləri müşahidə tədbirləri barədə onları məlumatlandırmaq vəzifəsini daşımadığı hallarda, ərizəçilər hətta şikayətlərini müdafiə etmək üçün müşahidə tədbirinə faktiki məruz qaldıqlarını iddia edə bilməsələr belə, sadəcə olaraq məxfi müşahidə barədə qanunvericiliyin mövcudluğu səbəbindən Konvensiyanın pozuntusunun "qurbanı" olduqlarını iddia edə bilərlər.
160. Ərizəçi iddia etdi ki, istər sadəcə olaraq məxfi müşahidə barədə qanunvericiliyin mövcudluğu səbəbindən, istərsə də fərdi durumu ilə əlaqədar olaraq 8-ci maddənin pozuntusunun qurbanı olduğunu iddia edə bilər. "FSB haqqında" qanunla, "Rabitə haqqında" qanunla və Rabitə Nazirliyi tərəfindən qəbul edilmiş əmrlərlə, məsələn, 70 saylı əmrlə birlikdə götürülmüş halda ƏAFQ təhlükəsizlik xidmətlərinə icazə verirdi ki, texniki vasitələrdən istifadə etməklə istənilən şəxsin kommunikasiyalarını ilkin məhkəmə icazəsi olmadan izləsinlər. Konkret olaraq, təhlükəsizlik xidmətləri izləmə üçün icazəni hər hansı şəxsə, o cümlədən kommunikasiya xidməti təchizatçılarına təqdim etmək vəzifəsi daşımırdılar. Buna görə də, barəsində şikayət edilən qanunvericilik kommunikasiyaların qeyd-şərtsiz izlənilməsinə icazə verirdi.
161. Həmin qanunvericilikdən şikayət etmək üçün Rusiya qanunvericiliyində heç bir hüquqi müdafiə vasitəsi mövcud deyildi. Belə ki, 70 saylı əmrdən şikayət etmək imkanı ilə bağlı ərizəçi cənab N.-in şikayəti üzrə Ali Məhkəmənin qəbul etdiyi 25 sentyabr 2000-ci il tarixli qərara istinad etdi (yuxarıda 128-ci bəndə bax), qərarda müəyyən edilmişdi ki, həmin əmr hüquqi xarakterli deyil, texniki xarakterlidir və buna görə də onun rəsmi nəşrdə dərc edilməsinə lüzum yoxdur. O həmçinin Ali Arbitraj Məhkəməsinin 24 may 2010-cu il tarixli qərarının surətini təqdim etdi, qərarda müəyyən edilmişdi ki, hakimiyyət orqanlarının əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirə bilmələri üçün kommunikasiya təchizatçıları tərəfindən avadanlıqların quraşdırılmasını tələb edən Rabitə Nazirliyinin əmrlərinin qanuniliyinə arbitraj məhkəmələri tərəfindən baxıla bilməz. Ərizəçinin başladığı ölkədaxili məhkəmə prosesləri göstərdi ki, 70 saylı əmrdən Rusiya məhkəmələrinə faktiki olaraq şikayət edilə bilməz. Bundan əlavə, ƏAFQ-yə gəlincə, Konstitusiya Məhkəməsi artıq bir sıra hallarda onun Konstitusiyaya uyğunluğunu yoxlamış və müəyyən etmişdi ki, o, Konstitusiyaya uyğundur. Nəhayət, konkret müşahidə tədbirlərindən şikayət etmək imkanına gəlincə, ərizəçi bildirdi ki, müvafiq şəxs, ona qarşı cinayət prosesində izləmə materiallarının sübut qismində istifadə edildiyi hallar istisna olmaqla, izlənildiyi barədə məlumatlandırılmırdı. Məlumatlandırma olmadığına görə daxili hüquqi müdafiə vasitələri səmərəsiz idi (aşağıda 217-ci bəndə bax).
162. Ərizəçinin fərdi durumuna gəlincə, o bildirdi ki, jurnalistdir və media azadlığının vəziyyətini monitorinq edən və peşə hüquqları pozulmuş jurnalistlərə hüquqi yardım göstərən Aşkarlığın Müdafiəsi Fondunun Sankt-Peterburq bölməsinin sədridir (yuxarıda 8-ci bəndə bax). Bu hal onun kommunikasiyalarının izlənməsi riskini artırırdı. Ərizəçi bununla əlaqədar olaraq qeyd etdi ki, "Sanoma Uitgevers B.V." Niderlanda qarşı iş üzrə qərarında Böyük Palata jurnalistlərin mənbələrinin müdafiəsinin fundamental əhəmiyyət daşıdığını vurğulayıb ([BP], ərizə № 38224/03, 50-ci bənd, 14 sentyabr 2010-cu il).
b) Məhkəmənin qiymətləndirməsi
163. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi ona tətbiq edilmiş hər hansı konkret izləmə tədbirləri nəticəsində deyil, mobil telefon danışıqlarının gizli dinlənilməsinə icazə verən qanunvericiliyin mövcudluğu və kommunikasiyalarının izlənilməsi tədbirlərinə məruz qalması riskinin mövcud olması nəticəsində hüquqlarına müdaxilə baş verdiyini iddia edir.
i) Məhkəmənin presedent hüququnun qısa icmalı
164. Məhkəmə özünün presedent hüququnda dəfələrlə bildirib ki, Konvensiyada ictimai iddia (actio popularis) xarakteri daşıyan şikayətlərin verilməsi nəzərdə tutulmayıb və onun vəzifəsi adətən müvafiq qanunvericiliyi və praktikanı mücərrəd şəkildə nəzərdən keçirmək deyil, onun ərizəçiyə tətbiqinin və ya təsirinin Konvensiyanın pozuntusuna səbəb olub-olmadığını müəyyənləşdirməkdir (digər qərarlar arasında bax: N.C. İtaliyaya qarşı [BP], ərizə № 24952/94, 56-cı bənd, ECHR 2002‑X; "Krone Verlag GmbH & Co. KG" Avstriyaya qarşı (№ 4), ərizə № 72331/01, 26-cı bənd, 9 noyabr 2006-cı il; və Valentin Kampeanunun adından Hüquqi Resurslar Mərkəzi Rumıniyaya qarşı [BP], ərizə № 47848/08, 101-ci bənd, ECHR 2014). Müvafiq olaraq, şəxs 34-cü maddəyə uyğun olaraq şikayət ərizəsi verə bilmək üçün sübut etməlidir ki, barəsində şikayət etdiyi tədbir ona "birbaşa təsir" göstərib. Bu, Konvensiyanın müdafiə mexanizminin işə düşməsi üçün vacibdir, hərçənd ki, bu meyar bütün proses boyu formal, mexaniki və qeyri-adaptiv tərzdə tətbiq edilməməlidir (bax: Valentin Kampeanunun adından Hüquqi Resurslar Mərkəzinin qaldırdığı iş üzrə yuxarıda istinad edilən qərar, 96-cı bənd).
165. Beləliklə, Məhkəmə məxfi müşahidə tədbirlərinin konkret xüsusiyyətlərini və onlar üzərində səmərəli nəzarət və müşahidənin vacibliyini nəzərə alaraq, məxfi müşahidə sahəsində müvafiq qanunvericilik rejiminə qarşı ümumi xarakterli şikayətlərin verilməsinə icazə verir. Klass və başqaları Almaniyaya qarşı işdə Məhkəmə qərara aldı ki, şəxs müəyyən vəziyyətlərdə məxfi tədbirlərin və ya məxfi tədbirlərə icazə verən qanunvericiliyin sadəcə mövcudluğu səbəbindən pozuntu qurbanı olduğunu iddia edə bilər və bu halda həmin tədbirlərin ona faktiki tətbiq edildiyini onun təsdiqləməsinə ehtiyac yoxdur. Hər bir halda belə vəziyyətlər Konvensiyada nəzərdə tutulmuş hansı hüququn və ya hüquqların pozulduğunun iddia edilməsindən, barəsində şikayət edilən tədbirlərin məxfi xarakterindən və ərizəçi ilə həmin tədbirlər arasında əlaqədən asılı olaraq müəyyən edilməlidir (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 34-cü bənd). Məhkəmə bu yanaşmasının səbəblərini aşağıdakı kimi izah etdi:
"36. Məhkəmə qeyd edir ki, dövlət məxfi müşahidə tətbiq edirsə və bu, nəzarət altında olan şəxslər üçün naməlum qalırsa və bunun nəticəsində həmin şəxslərin şikayət vermələri mümkün deyilsə, o halda 8-ci maddənin əhəmiyyəti xeyli dərəcədə heçə endirilmiş olur. Belə olan halda şəxslə bu cür rəftar edilməsi 8-ci maddəyə zidd ola bilər və ya həmin maddənin ona verdiyi hüquqdan şəxsi tamamilə məhrum edə bilər, bundan xəbərsiz olan həmin şəxs isə nə milli səviyyədə, nə də Konvensiya orqanları qarşısında hüquqi müdafiə vasitəsi əldə edə bilər...
Məhkəmə bunu qəbuledilməz hesab edir ki, Konvensiya ilə təmin edilən hüquqdan istifadəyə verilən təminat sadəcə olaraq ona görə aradan qalxmış olur ki, müvafiq şəxs pozuntu barədə məlumatsız vəziyyətdə saxlanılır. 25-ci [hazırda 34-cü] maddədən belə nəticə çıxarmaq olar ki, məxfi müşahidənin potensial təsirinə məruz qalan şəxslərin mənafeləri naminə Komissiyaya müraciət etmək olar, çünki əks halda 8-ci maddənin əhəmiyyətini itirməsi təhlükəsi yaranmış olar.
37. Konkret olaraq bu işin faktlarına gəlincə, Məhkəmə qeyd edir ki, barəsində şikayət edilən qanunvericilikdə elə bir müşahidə sisteminin yaradılması nəzərdə tutulub ki, həmin sistemə əsasən Almaniya Federativ Respublikasındakı bütün şəxslərin məktubları, poçt göndərişləri və telefon danışıqları, informasiya sızması olmazsa və ya Federal Konstitusiya Məhkəməsinin qərarında göstərilən hallarda bildiriş göndərilməzsə, özlərinin heç vaxt xəbəri olmadan potensial olaraq yoxlanıla bilər... Bu baxımdan şikayət edilən qanunvericilik Almaniya Federativ Respublikasının poçt və ya telefon rabitəsi xidmətlərinin bütün istifadəçilərinə və ya potensial istifadəçilərinə birbaşa təsir göstərir. Bundan başqa, Komissiya nümayəndələrinin haqlı olaraq qeyd etdikləri kimi, bu müşahidə təhlükəsi özlüyündə poçt və telefon rabitəsi xidmətlərinin vasitəsilə ünsiyyətdə olmaq azadlığının məhdudlaşdırılması hesab oluna bilər və beləliklə o, bütün istifadəçilərin və ya potensial istifadəçilərin 8-ci maddə ilə təmin edilən hüquqlarına birbaşa müdaxilə təşkil edir...
38. Hazırkı işin konkret hallarını nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçilərin hər biri, hətta hər hansı konkret müşahidə tədbirinə məruz qaldığını təsdiqləyə bilməsə belə, Konvensiyanın "pozuntusunun qurbanı olduğunu iddia etmək" hüququna malikdir. Ərizəçilərin Konvensiyanın pozuntusunun faktiki qurbanı olub-olmadıqları məsələsinin həlli üçün barəsində şikayət edilən qanunvericiliyin özünün Konvensiyanın müddəalarına uyğun olub-olmadığını müəyyənləşdirmək lazımdır..."
166. Klass və başqalarının işi üzrə qərardan sonra Konvensiya orqanlarının presedent hüququnda məxfi müşahidəyə aid işlərdə qurban statusuna iki paralel yanaşma formalaşdı.
167. Bir neçə işdə Komissiya və Məhkəmə qərara aldılar ki, Klass və başqalarının işində müəyyən edilmiş meyar cavabdeh dövlətdə yaşayan, təhlükəsizlik xidmətlərinin onun barəsində məlumatlar toplamasından ehtiyatlanan hər bir şəxsi əhatə edəcək dərəcədə geniş çərçivədə şərh oluna bilməz. Bununla belə, şəxsi həyatına aid məlumatların toplandığının və saxlandığının sübut edilməsini ərizəçidən gözləmək məntiqə görə doğru olmazdı. Məxfi tədbirlərdən söhbət getdikdə, məxfi müşahidəyə icazə verən praktikanın mövcud olduğunu və nəzarət xidmətlərinin onun şəxsi həyatına aid məlumatları topladıqlarına və saxladıqlarına dair ağlabatan ehtimalın mövcud olduğunu şəxsin sübut etməsi kifayətdir (bax: Esbesterin işi üzrə yuxarıda istinad edilən qərar; Redqreyvin işi üzrə yuxarıda istinad edilən qərar; Kristi Birləşmiş Krallığa qarşı, ərizə № 21482/93, Komissiyanın 27 iyun 1994-cü il tarixli qərarı; Mettyuzun işi üzrə yuxarıda istinad edilən qərar; Halfordun işi üzrə yuxarıda istinad edilən qərar, 47 və 55-57-ci bəndlər; İliya Stefanov Bolqarıstana qarşı, ərizə № 65755/01, 49 və 50-ci bəndlər, 22 may 2008-ci il). Yuxarıdakı işlərin hamısında ərizəçilər kommunikasiyalarının faktiki izlənildiyini iddia etmişdilər. Bu işlərin bəzilərində onlar həmçinin məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericilik və praktika ilə bağlı ümumi xarakterli şikayətlər də irəli sürmüşdülər (Esbesterin, Redqreyvin, Mettyuzun və Kristinin işləri üzrə yuxarıda istinad edilən qərarlara bax).
168. Digər işlərdə Məhkəmə Klass və başqalarının işində tətbiq etdiyi yanaşmanı təkrarlayaraq bildirdi ki, kommunikasiyaların məxfi müşahidəsinə icazə verən və bu müşahidənin həyata keçirilməsi sistemini bərqərar edən qanunvericiliyin və praktikanın sadəcə mövcudluğu həmin qanunvericiliyin şamil olunduğu bütün şəxslərin müşahidə təhlükəsi altında olması ilə nəticələnir. Bu təhlükə telekommunikasiya xidmətlərinin istifadəçiləri arasında ünsiyyət azadlığına qaçılmaz olaraq təsir göstərir və beləliklə, ərizəçilərə hər hansı tədbirlərin faktiki olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, özlüyündə onların 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edir (bax: Melounun işi üzrə yuxarıda istinad edilən qərar, 64-cü bənd; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 78-ci bənd; "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 58, 59 və 69-cu bəndlər; "Liberti" və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 56 və 57-ci bəndlər; və Yordaçi və başqaları Moldovaya qarşı, ərizə № 25198/02, 30-35-ci bəndlər, 10 fevral 2009-cu il). Yuxarıdakı işlərin hamısında ərizəçilər məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericilik və praktika ilə bağlı ümumi xarakterli şikayətlər irəli sürmüşdülər. Onların bəzilərində ərizəçilər həmçinin kommunikasiyalarının faktiki izlənildiyini iddia etmişdilər (bax: Melounun işi üzrə yuxarıda istinad edilən qərar, 62-ci bənd; "Liberti" və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 41 və 42-ci bəndlər).
169. Nəhayət, bu məsələyə aid ən son dövrün işi olan Kennedi Birləşmiş Krallığa işdə Məhkəmə qərara aldı ki, məxfi tədbirlərə aid işlərdə şəxslərin qanundan mücərrəd şəkildə şikayət etmək hüququnun inkar edilməsini nəzərdə tutan ümumi yanaşmadan Məhkəmənin kənara çıxmasına haqq qazandıran xüsusi əsasları nəzərdən qaçırmaq olmaz. Əsas məqsəd onu təmin etməkdən ibarətdir ki, bu cür tədbirlərin məxfiliyi nəticəsində həmin tədbirlərdən şikayət verilməsi faktiki olaraq mümkünsüz hala gəlməsin və belə tədbirlər milli məhkəmə orqanlarının və Avropa Məhkəməsinin nəzarəti xaricində qalmasın. Konkret işdə məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin sadəcə mövcudluğu nəticəsində hüquqlarına müdaxilənin baş verdiyini şəxsin iddia etməsinin mümkün olub-olmadığını qiymətləndirmək üçün Məhkəmə milli səviyyədə hər hansı hüquqi müdafiə vasitələrinin və həmin şəxsə məxfi müşahidə tədbirlərinin tətbiq edilməsi riskinin mövcud olub-olmadığını nəzərə almalıdır. Ölkədaxili səviyyədə məxfi müşahidə tədbirlərinin tətbiqindən şikayət etmək imkanı yoxdursa, məxfi müşahidə səlahiyyətlərindən sui-istifadə ediləcəyinə dair ictimaiyyət arasında geniş yayılmış şübhə və narahatlığın əsassız olduğunu söyləmək olmaz. Bu cür hallarda hətta faktiki müşahidə təhlükəsi az olsa belə, Məhkəmə tərəfindən daha çox nəzarətin olmasına ehtiyac olur (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 124-cü bənd).
ii) Tətbiq edilməli olan vahid yanaşmanın müəyyənləşdirilməsi
170. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin hansı hallarda məxfi müşahidə tədbirlərinin ona faktiki olaraq tətbiq edilməsini sübut etmədən 8-ci maddənin pozuntusunun qurbanı olduğunu iddia etməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirmək lazımdır ki, vahid və aydın bir yanaşma qəbul etmək mümkün olsun.
171. Məhkəmənin rəyinə görə, Kennedinin işindəki yanaşma müşahidə tədbirlərinin məxfiliyi səbəbindən həmin tədbirlərdən şikayət verilməsinin faktiki olaraq mümkünsüz hala gəlməməsini və həmin tədbirlərin milli məhkəmə orqanlarının və Avropa Məhkəməsinin nəzarəti xaricində qalmamasını təmin etmək tələbatına ən yaxşı şəkildə yarayır. Müvafiq olaraq, Məhkəmə qəbul edir ki, aşağıdakı şərtlərin mövcud olduğu hallarda ərizəçi məxfi müşahidə tədbirlərinin və ya məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin sadəcə mövcudluğu səbəbindən pozuntu qurbanı olduğunu iddia edə bilər. Birincisi, Məhkəmə məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin tətbiq dairəsini nəzərə alacaq və bunun üçün o, ərizəçinin etiraz edilən qanunvericiliyin hədəfə aldığı müəyyən şəxslər qrupuna mənsub olması səbəbindən, yaxud da istənilən şəxsin kommunikasiyalarının izlənilməsinə imkan verən sistemin bərqərar edilməsi vasitəsilə kommunikasiya xidmətlərinin bütün istifadəçilərinə qanunvericiliyin birbaşa təsir göstərməsi səbəbindən həmin qanunvericiliyin təsirinə məruz qalmasının mümkün olub-olmadığını araşdıracaq. İkincisi, o, milli səviyyədə hüquqi müdafiə vasitələrinin mövcud olub-olmadığını araşdıracaq və aparacağı araşdırmanın səviyyəsini həmin vasitələrin səmərəliliyindən asılı olaraq tənzimləyəcək. Kennedinin işində Məhkəmənin vurğuladığı kimi, məxfi müşahidəyə mərz qalmasından şübhələnən şəxs üçün ölkədaxili sistemdə səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmayıbsa, məxfi müşahidə səlahiyyətlərindən sui-istifadə ediləcəyinə dair ictimaiyyət arasında geniş yayılmış şübhə və narahatlığın əsassız olduğunu söyləmək olmaz (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 124-cü bənd). Belə vəziyyətdə iddia etmək olar ki, müşahidə təhlükəsinin özü poçt və telekommunikasiya xidmətləri vasitəsilə sərbəst ünsiyyətdə olmanı məhdudlaşdırır və beləliklə bütün istifadəçilərin və ya potensial istifadəçilərin 8-ci maddə ilə təmin edilən hüququna birbaşa müdaxilə təşkil edir. Buna görə də bu halda Məhkəmə tərəfindən daha çox nəzarətə ehtiyac var və fərdlərin qanundan mücərrəd şikayət etmək hüququnu rədd edən qaydadan istisnaya yol verilməsi əsaslıdır. Belə hallarda məxfi müşahidə tədbirlərinin ona tətbiq ediləcəyinə dair hər hansı riskin mövcudluğunun şəxs tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Milli sistemdə səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulduqda isə, əksinə, sui-istifadə hallarına dair geniş yayılmış şübhəni əsaslandırmaq daha çətindir. Belə vəziyyətlərdə şəxs sadəcə olaraq məxfi tədbirlərin və ya məxfi tədbirlərə icazə verən qanunvericiliyin mövcudluğu səbəbindən pozuntunun qurbanı olduğunu yalnız o halda iddia edə bilər ki, fərdi durumu ilə əlaqədar olaraq belə tədbirlərə məruz qalmaq riski altında olduğunu sübut etmiş olsun.
172. Buna görə də Kennedinin işində tətbiq etdiyi yanaşma Məhkəməyə imkan verir ki, məxfi müşahidə kontekstində yarana bilən müxtəlif situasiyalarla bağlı araşdırmasını vəziyyətə zəruri dərəcədə uyğunlaşdırsın və bu zaman üzv dövlətlərin hüquq sistemlərinin xüsusiyyətlərini, yəni hüquqi müdafiə vasitələrinin mövcudluğunu, habelə ərizəçilərin fərqli durumlarını nəzərə alsın.
iii) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
173. Bu məsələdə tərəflər arasında fikir ayrılığı yoxdur ki, 8-ci maddənin 1-ci bədindəki "şəxsi həyat" və "yazışma" anlayışları mobil telefonla ünsiyyətə şamil olunur (misal üçün bax: "Liberti" və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar. 56-cı bənd).
174. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi hər hansı konkret müşahidə tədbirlərinin ona tətbiq edilməsi nəticəsində deyil, sadəcə olaraq məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin və belə tədbirlərə məruz qalma riskinin mövcudluğu nəticəsində onun hüquqlarına müdaxilə baş verdiyini iddia edir.
175. Məhkəmə qeyd edir ki, etiraz edilən qanunvericilik məxfi müşahidə sistemini təsis edib ki, həmin sistemə əsasən Rusiyanın xidmət təchizatçılarının mobil telefon xidmətlərindən istifadə edən istənilən şəxsin mobil telefon danışıqları, hətta müşahidə altında olduğu barədə ona xəbər verilmədən, dinlənilə bilər. Bu baxımdan sözügedən qanunvericilik bu mobil telefon xidmətlərinin bütün istifadəçilərinə birbaşa təsir göstərir.
176. Bundan başqa, aşağıda göstərilən səbəblərə görə (286-300-cü bəndlərə bax), məxfi müşahidəyə məruz qalmasından şübhələnən şəxs üçün Rusiya qanunvericiliyində səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulmayıb.
177. Yuxarıdakı qənaəti nəzərə alsaq, ərizəçinin, öz fərdi durumu ilə əlaqədar olaraq, məxfi müşahidəyə məruz qalma riski altında olduğunu sübut etməsinə ehtiyac yoxdur.
178. Etiraz edilən qanunvericilikdə nəzərdə tutulmuş müşahidə tədbirlərinin məxfi xarakterini, geniş tətbiq dairəsini, mobil telefon kommunikasiyalarının bütün istifadəçilərinə təsir göstərdiyini və məxfi müşahidə tədbirlərinin iddia edilən tətbiqindən şikayət vermək üçün ölkədaxili səviyyədə səmərəli vasitələrin olmadığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, müvafiq qanunvericiliyin mücərrəd şəkildə araşdırılması əsaslıdır.
179. Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçi, hətta şikayətini müdafiə etmək üçün konkret müşahidə tədbirinə məruz qaldığını təsdiqləyə bilməsə belə, Konvensiyanın pozuntusunun qurbanı olduğunu iddia etmək hüququna malikdir. Eyni səbəblərə görə, etiraz edilən qanunvericiliyin sadəcə mövcudluğu özlüyündə onun 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarını həyata keçirməsinə müdaxilə təşkil edir. Buna görə də Məhkəmə ərizəçinin qurban statusuna malik olmadığı barədə Hökumətin etirazını rədd edir.
2. Müdaxilənin əsaslandırılması
a) Tərəflərin arqumentləri
i) Daxili qanunvericiliyin əlçatan olması məsələsi
180. Ərizəçi bildirdi ki, kommunikasiya xidməti təchizatçıları tərəfindən quraşdırılmalı olan avadanlıqlara irəli sürülən texniki tələbləri əks etdirən 70 saylı əmrə əlavələr heç vaxt rəsmi qaydada dərc olunmamışdı və ictimaiyyət üçün əlçatan deyildi. Ərizəçinin rəyinə görə, həmin əlavələr məxfi müşahidə ilə bağlı hüquq-mühafizə orqanlarının səlahiyyətlərini müəyyənləşdirdiyinə görə vətəndaşların hüquqlarına təsir göstərirdi və buna görə də dərc olunmalı idi. Ərizəçinin son nəticədə ölkədaxili məhkəmə icraatında həmin əlavələrlə tanış ola bilməsi onların dərc olunmaması faktını aradan qaldıran hal sayıla bilməz (o, bu işə istinad etdi: Kasımaxunov və Saybatalov Rusiyaya qarşı, ərizələr № 26261/05 və 26377/06, 92-ci bənd, 14 mart 2013-cü il). Vətəndaşlardan tələb etmək olmaz ki, onlara şamil olunan normativ aktlarla tanış olmaq üçün məhkəmə işi qaldırsınlar. Məhkəmə artıq öncə bu qənaətə gəlib ki, məxfi müşahidə tədbirlərinin tətbiqinə dair aydın, təfsilatlı və əlçatan normaların olması önəmlidir (bax: Şimovolos Rusiyaya qarşı, ərizə № 30194/09, 68-ci bənd, 21 iyun 2011-ci il).
181. Hökumət bildirdi ki, 70 saylı əmr texniki xarakterli idi və buna görə onun rəsmi qaydada dərc olunmasına lüzum yox idi. O, ixtisaslaşmış "Svyazinform" jurnalının 1999-cu il 6 nömrəli buraxılışında dərc olunmuşdu. Onu həmçinin İnternetdəki "ConsultantPlus" hüquqi məlumat bazasından ödənişsiz əsasda tapmaq olardı. Ərizəçi əlavələrlə birlikdə əmrin surətini Məhkəməyə təqdim etmişdi ki, bu da onların ərizəçi üçün əlçatan olduğunu göstərirdi. Beləliklə, daxili qanunvericilik əlçatan idi.
ii) Məxfi müşahidə tədbirlərinin tətbiq dairəsi
182. Ərizəçi bildirdi ki, Məhkəmə ƏAFQ-nin "öncəgörmə" (qanunun müddəaları əsasında davranışın nəticələrini öncədən görə bilmə) tələbinə cavab vermədiyini artıq müəyyən edib, belə ki, hakimiyyət orqanlarının ötürücü radioqurğular vasitəsilə şəxsin danışıqlarının qeydə alınmasını özündə ehtiva edən "əməliyyat eksperimenti" barədə göstəriş verməkdən ibarət hüquqi diskresion səlahiyyəti heç bur şərtlə məhdudlaşdırılmamış və bu səlahiyyətin hüdudlarının və həyata keçirilməsi üsulunun anlayışı müəyyən edilməmişdi (bax: Bıkov Rusiyaya qarşı [BP], ərizə № 4378/02, 80-ci bənd, 10 mart 2009-cu il). Hazırkı iş Bıkovun işinə bənzəyir. Konkret olaraq, Rusiya qanunvericiliyində izləmə tədbirlərinə məruz qala bilən şəxslərin kateqoriyaları aydın şəkildə göstərilməyib. Məsələn, müşahidə tədbirləri cinayət əməllərində şübhəli bilinən və ya təqsirləndirilən şəxslərlə məhdudlaşmırdı. Cinayət barədə məlumatı olan istənilən şəxsin telefonu dinlənilə bilərdi. Bundan başqa, kommunikasiyaların izlənməsi ağır və xüsusilə ağır cinayətlərlə məhdudlaşmırdı. Rusiya qanunvericiliyi orta ağır cinayətlərlə, məsələn, cibgirliklə bağlı bu cür izləmə tədbirlərinə icazə verirdi.
183. Hökumət bildirdi ki, kommunikasiyaların izlənməsi yalnız cinayət əməlinin törədildiyi və ya törədilməkdə olduğu, yaxud planlaşdırıldığı haqqında; cinayət əməli törətmək üçün sövdələşməyə girən, yaxud onu törətməkdə olan və ya törətmiş olan şəxslər barəsində; yaxud da Rusiya Federasiyasını milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və fa fəaliyyətlər haqqında məlumat alındıqdan sonra həyata keçirilə bilərdi. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci il tarixli qərarında bildirmişdi ki, fərdin şəxsi həyatı barədə məlumatların toplanmasına yalnız cinayət əməllərinin qarşısını almaq, onları aşkara çıxarmaq və araşdırmaq məqsədi üçün, yaxud da ƏAFQ-də sadalanan digər qanuni məqsədlərin həyata keçirilməsi üçün icazə verilirdi.
184. Yalnız orta ağır, ağır və xüsusilə ağır cinayətlər kommunikasiyaların izlənməsi barədə qərar çıxarılmasına səbəb ola bilərdi və yalnız belə cinayətlərdə şübhəli bilinən, yaxud bu cür cinayətlər barədə məlumatı olan şəxslər izləmə tədbirlərinə məruz qala bilərdilər. Hökumət bununla bağlı bildirdi ki, Məhkəmə artıq müəyyən edib ki, hər hansı cinayətdə şübhəli bilinən şəxs barəsində müşahidə tədbirlərinə Konvensiya əsasında haqq qazandırıla bilər (bax: Qroyter Niderlanda qarşı (qərardad), ərizə № 40045/98, 19 mart 2002-ci il).
185. Bundan başqa, milli təhlükəsizlik məqsədləri üçün kommunikasiyaların izlənməsinə gəlincə, Hökumət iddia etdi ki, qanun barəsində irəli sürülən "öncəgörmə" tələbi elə başa düşülməməlidir ki, dövlət "milli təhlükəsizlik" səbəblərinə görə şəxs barəsində müşahidə tətbiq edilməsinə dair qərara səbəb ola biləcək bütün hərəkətləri təfsilatlı şəkildə sadalayan hüquq normalarını qəbul etməlidir (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd).
iii) Məxfi müşahidə tədbirlərinin müddəti
186. Ərizəçi bildirdi ki, ƏAFQ-də izləmənin hansı hallarda altı aydan artıq davam edə biləcəyi izah edilməyib. Həmçinin orada izləmə tədbirlərinin maksimal müddəti göstərilməyib.
187. Hökumət bildirdi ki, Rusiya qanunvericiliyinə əsasən, kommunikasiyaların izlənməsinə hakim tərəfindən maksimum altı müddətinə icazə verilə və zərurət olduqda bu müddət uzadıla bilər. İstintaq yekunlaşıbsa, izləməyə son qoyulmalıdır. O iddia etdi ki, hər hansı konkret işin mürəkkəbliyini və istintaqın müddətini nəzərə alsaq, izləmə müddətinin müəyyənləşdirilməsini hakimiyyət orqanlarının ixtiyarına buraxmaq əsaslı addım idi (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar). O, Van Pelt Niderlanda qarşı iş üzrə qərara (ərizə № 20555/92, Komissiyanın 6 aprel 1994-cü il tarixli qərarı) istinad etdi, həmin işdə Komissiya müəyyən etmişdi ki, ərizəçinin telefon danışıqlarının az qala iki il ərzində dinlənilməsi Konvensiyanı pozmayıb.
iv) Əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi qaydası
188. Ərizəçi daha sonra bildirdi ki, əldə edilmiş məlumatların araşdırılması, saxlanması, əlçatanlığı və ya istifadəsi qaydası, yaxud məlumatların digər şəxslərə ötürülməsi zamanı görülməli ehtiyat tədbirləri ƏAFQ-də göstərilməyib. Orada nəzərdə tutulub ki, məlumatlar xidməti maraqlar və ya ədalət mühakiməsinin maraqları üçün zəruri deyilsə, altı ay ərzində məhv edilməlidir. Amma "xidməti maraqlar və ya ədalət mühakiməsinin maraqları" ifadəsinin mənasının anlayışı verilməyib. Həmçinin Rusiya qanunvericiliyi sübut qismində istifadə edilmiş məlumatların məhkəmə araşdırması bitdikdən sonra saxlanması və ya məhv edilməsi məsələsində birinci instansiya məhkəməsinin hakiminə tam sərbəstlik verib.
189. Hökumət bildirdi ki, ƏAFQ-yə əsasən kommunikasiyaların izlənilməsindən əldə edilmiş məlumatları özündə əks etdirən daşıyıcılar onların səlahiyyətsiz şəxslər tərəfindən dinlənilməsi və ya surətinin çıxarılması riskini istisna edən şəraitdə saxlanmalıdır. Kommunikasiyaların izlənməsinə icazə verən məhkəmə qərarı, həmin qərar üçün əsas təşkil etmiş materiallar və izləmə nəticəsində toplanmış məlumatlar dövlət sirri təşkil edir və yalnız izləmələri həyata keçirmiş dövlət orqanı tərəfindən saxlanmalıdır. Onları müstəntiqə, prokurora və ya məhkəməyə vermək zəruri olarsa, əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanların rəhbərləri onların üzərindən məxfiliyi götürə bilər. İzləmə barədə icazələrin üzərindən məxfiliyin götürülməsi həmin icazələri vermiş məhkəmələr tərəfindən həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış məlumatların səlahiyyətli istintaq orqanlarına və ya məhkəməyə verilməsi qaydası Daxili İşlər Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli əmrində əks olunub (yuxarıda 58-ci bəndə bax).
190. Əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış məlumatlar bir il ərzində saxlanmalı və əgər xidməti maraqlar və ya ədalət mühakiməsinin maraqları naminə daha onlara ehtiyac yoxdursa, məhv edilməlidir. Daşıyıcılar altı ay ərzində saxlanmalı və sonra məhv edilməlidir. Beləliklə, Rusiya qanunvericiliyi "öncəgörmə" tələbinə uyğun idi və orada kifayət qədər təminatlar yer almışdı.
v) Məxfi müşahidə tədbirlərinə icazə verilməsi
α) Ərizəçi
191. Ərizəçi bildirdi ki, daxili qanunvericilik kommunikasiyaların izlənməsi üçün ilkin məhkəmə icazəsinin olmasını tələb etsə də, icazə prosedurunda sui-istifadə hallarına qarşı yetərli təminatlar nəzərdə tutulmamışdı. Birincisi, təxirəsalınmaz hallarda kommunikasiyalar qırx səkkiz saat ərzində məhkəmə icazəsi olmadan izlənə bilərdi. İkincisi, CPM-dən fərqli olaraq, ƏAFQ-də izləmə icazəsinin məzmunu ilə bağlı hər hansı tələb nəzərdə tutulmamışdı. Konkret olaraq, sonuncu tələb etmirdi ki, icazədə izləmə subyektinin adı, telefon nömrəsi və ya ünvanı göstərilməklə onun kimliyi aydın şəkildə əks olunsun (müqayisə üçün bu işlərdə təqdim edilmiş Birləşmiş Krallıq və Bolqarıstan qanunvericiliklərinin müddəalarına bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərarın 41 və 160-cı bəndləri; və "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərarın 13-cü bəndi). Eləcə də daxili qanunvericilik müşahidə tədbirlərinin müəyyənləşdirilməsində hüquq-mühafizə orqanlarının diskresion səlahiyyətlərinin məhdudlaşdırılması üçün hansı kommunikasiyaların və ya hansı kommunikasiya növlərinin izlənərək qeydə alınmalı olduğunun icazədə göstərilməsini tələb etmirdi. Rusiya qanunvericiliyində həssas situasiyalarda, məsələn, söhbət jurnalist mənbələrinin konfidensiallığından getdiyi hallarda və ya müşahidə tədbiri müdafiə imtiyazının şamil olunduğu vəkil-müştəri əlaqələrinə aid olduğu hallarda müşahidə üçün hər hansı xüsusi qaydalar müəyyən edilməmişdi.
192. Ərizəçi daha sonra bildirdi ki, müvafiq şəxsə qarşı "əsaslı şübhənin" mövcudluğunun, yaxud tədbirin "zəruriliyinin" və ya "mütənasibliyinin" hakim tərəfindən yoxlanılması üçün daxili qanunvericilikdə hər hansı tələb nəzərdə tutulmamışdı. İzləmə üçün müraciət edən orqanlar izləmə barədə müraciətlərinə hər hansı əsaslandırıcı materiallar əlavə etmək öhdəliyini daşımırdılar. Üstəlik, ƏAFQ müəyyən materialların (məxfi agentlər və ya polis informatorları barəsində, yaxud əməliyyat-axtarış tədbirlərinin təşkili və taktikası haqqında informasiyaların yer aldığı materialların) hakimə təqdim edilməsini açıq-aydın qadağan edir və beləliklə "əsaslı şübhənin" mövcudluğunun hakim tərəfindən faktiki yoxlanılmasını mümkünsüz edirdi. Rusiya qanunvericiliyində belə tələb yox idi ki, hakim yalnız hüquqlara daha az müdaxiləni özündə ehtiva edən vasitələrlə qanuni məqsədlərə nail olmaq mümkün olmadığı təqdirdə kommunikasiyaların izlənməsinə icazə verməlidir.
193. Müvafiq şəxsə qarşı "əsaslı şübhənin" mövcudluğunun, yaxud tədbirin "zəruriliyinin" və ya "mütənasibliyinin" hakimlər tərəfindən yoxlanılmadığı barədə iddiasını təsdiq etmək üçün ərizəçi Rusiyanın müxtəlif regionlarında (Tambov regionu, Tula regionu və Dağıstan Respublikası) üç rayon məhkəməsinin tərtib etdiyi analitik icmalların surətlərini təqdim etdi. Məhkəmələr 2010-cu ildən 2013-cü ilədək olan dövrdə kommunikasiyaların məxfiliyinə və ya mənzilin toxunulmazlığına müdaxiləni özündə ehtiva edən əməliyyat-axtarış tədbirləri ilə bağlı özlərinin presedent hüququnun qısa xülasəsini əks etdirmişdilər. Məhkəmələrin biri qeyd etmişdi ki, o, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməkdən aşağıdakı hallarda imtina edib: həmin tədbir ƏAFQ-də sadalanan əməliyyat-axtarış tədbirlərinin siyahısında yoxdursa, yaxud icazə üçün vəsatət səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanmayıbsa və ya əsaslandırılmayıbsa, yaxud da bu cür tədbirlərin tətbiqinə qanunla qoyulan məhdudiyyətlər müvafiq işə şamil olunursa (məsələn, şəxsin statusu və ya cinayətin xarakteri ilə əlaqədar hallarda). İcazə o halda verilir ki, vəsatət yuxarıdakı şərtlərin hamısına uyğun olsun. Digər məhkəmə bildirmişdi ki, yalnız aşağıdakı hallarda icazə verməkdən imtina edilə bilər: vəsatət yetərincə əsaslandırılmayıbsa, yaxud orada tədbirin qanuni və əsaslı olub-olmadığının hakim tərəfindən müəyyənləşdirilməsinə imkan verən yetərincə informasiyalar yoxdursa. Üçüncü məhkəmə bildirmişdi ki, icazə üçün vəsatət hüquq-mühafizə orqanları tərəfindən verildikdə o, icazənin verilməsi barədə qərar çıxarır. O, icazə üçün verilmiş vəsatəti təmin etməkdən heç vaxt imtina etməyib. Hər üç məhkəmə hesab edirdilər ki, vəsatətdə ƏAFQ-nin 8-ci maddəsinin 2-ci hissəsində sadalanan informasiyaların mövcudluğu qeyd edilibsə (yuxarıda 31-ci bəndə bax), vəsatət yetərincə əsaslandırılmış sayılır. Məhkəmələrin biri qeyd etmişdi ki, təsdiqləyici materiallar icazə üçün vəsatətlərə heç vaxt əlavə olunmayıb; digər məhkəmə qeyd etmişdi ki, təsdiqləyici materiallar icazə üçün vəsatətlərin hamısına olmasa da bir qisminə əlavə olunub; üçüncü məhkəmə isə qeyd etmişdi ki, təsdiqləyici materiallar icazə üçün vəsatətlərin hamısına əlavə olunub. Hər üç məhkəmədə hakimlər heç vaxt hüquq-mühafizə orqanlarından əlavə təsdiqləyici materiallar, məsələn, kommunikasiyaların izlənməsinin səbəblərini təsdiq edən və ya dinlənilməli olan telefon nömrəsinin müvafiq şəxsə məxsus olduğunu sübut edən materiallar təqdim etmələrini tələb etməmişdirlər. Məhkəmələrdən ikisi kimliyi bilinməyən şəxslərin kommunikasiyalarının izlənməsinə icazələri vermiş və onlardan biri qeyd etmişdi ki, belə icazələr yalnız texniki kommunikasiya kanallarından toplanan məlumatlara aiddir. Belə icazələrdə izlənilən şəxsin adı və ya telefon nömrəsi göstərilmir və sadəcə cinayət əməlinin törədildiyi ərazidə aparılan bütün telefon danışıqlarının dinlənilməsinə icazə verilirdi. Məhkəmələrdən biri heç vaxt belə icazə verməmişdi. Məhkəmələrdən ikisi qeyd etmişdilər ki, icazələrdə həmişə izləmə icazəsinin müddəti göstərilirdi, bir məhkəmə isə bildirmişdi ki, onun verdiyi icazələrdə izləmə icazəsinin müddəti göstərilmirdi. Nəhayət üç məhkəmənin heç biri kommunikasiyaları izlənilən şəxslərin şikayətlərinə baxmamışdı.
194. Ərizəçi həmçinin Ali Məhkəmənin 2009-cu ildən 2013-cü ilədək olan dövr üçün rəsmi statistik məlumatlarını təqdim etdi. Bu statistik məlumatlardan görünürdü ki, 2009-cu ildə Rusiya məhkəmələri kommunikasiyaların izlənməsi üçün CPM əsasında verilmiş 132.821 vəsatətdən 130.083-ünü, ƏAFQ əsasında verilmiş 246.228 vəsatətdən isə 245.645-ini (99%) təmin ediblər. 2010-cu ildə məhkəmələr kommunikasiyaların izlənməsi üçün CPM əsasında verilmiş 140.372 vəsatətdən 136.953-ünü, ƏAFQ əsasında verilmiş 284.137 vəsatətdən isə 276.682-sini təmin etmişdilər. 2011-ci ildə məhkəmələr kommunikasiyaların izlənməsi üçün CPM əsasında verilmiş 144.762 vəsatətdən 140.047-sini, ƏAFQ əsasında verilmiş 329.415 vəsatətdən isə 326.105-ini təmin etmişdilər. 2012-ci ildə məhkəmələr kommunikasiyaların izlənməsi üçün CPM əsasında verilmiş 163.469 vəsatətdən 156.751-ini, ƏAFQ əsasında verilmiş 376.368 vəsatətdən isə 372.744-ünü (99%) təmin etmişdilər. 2013-cü ildə məhkəmələr kommunikasiyaların izlənməsi üçün CPM əsasında verilmiş 189.741 vəsatətdən 178.149-unu, ƏAFQ əsasında verilmiş 420.242 vəsatətdən isə 416.045-ini (99%) təmin etmişdilər. Ərizəçi Məhkəmənin diqqətini bu fakta cəlb etdi ki, izləmə icazələrinin sayı 2009-cu ildən 2013-cü ilədək az qala iki dəfə artıb. O həmçinin iddia etdi ki, icazələrin verilməsinin yüksək faizi göstərir ki, hakimlər izləmə subyektinə qarşı "əsaslı şübhənin" mövcudluğunu yoxlamayıblar və məsələni diqqətlə və dərindən araşdırmayıblar. Nəticədə hüquqlara daha az müdaxilə təşkil edən vasitələrlə məlumatların əldə edilməsinin mümkün olduğu situasiyalarda çoxlu sayda insanların barəsində izləmə qərarları qəbul edilib.
195. Ərizəçi yuxarıdakıların əsasında bu nəticəyə gəldi ki, icazə vermə proseduru qüsurlu idi və buna görə də məxfi müşahidə tədbirlərindən istifadəni demokratik cəmiyyətdə zəruri olan hədd ilə məhdudlaşdıra bilməzdi.
196. Kommunikasiyaların icazəsiz izlənilməsinə qarşı təminatlara gəlincə, ərizəçi bildirdi ki, daxili qanunvericiliyə əsasən hüquq-mühafizə orqanlarından tələb olunmurdu ki, şəxsin kommunikasiyalarına giriş əldə etməzdən öncə kommunikasiya xidməti təchizatçılarına məhkəmə icazəsini göstərsinlər. Bütün məhkəmə icazələri məxfi sənəd sayılırdı və yalnız hüquq-mühafizə orqanlarının sərəncamında idi. İzləmə icazələrini kommunikasiya xidməti təchizatçılarına göndərmək öhdəliyinin adı Rusiya qanunvericiliyində yalnız bir yerdə çəkilirdi ki, bu da CPM-ə əsasən şəxsin rabitə bağlantıları barədə məlumatların nəzarətə götürülməsi məsələsi ilə bağlı idi (yuxarıda 48-ci bəndə bax). Kommunikasiya xidməti təchizatçılarının avadanlıqları Rabitə Nazirliyi tərəfindən verilmiş əmrlərə, konkret olaraq 70 saylı əmrin dərc olunmamış əlavələrinə uyğun olaraq quraşdırılırdı ki, bu da bütün istifadəçilərin bütün mobil telefon əlaqələrinə hüquq-mühafizə orqanlarının birbaşa və məhdudiyyətsiz çıxış əldə etməsinə imkan verirdi. Kommunikasiya xidməti təchizatçıları həmçinin 538 saylı əmrə əsasən bütün abonentlər barədə və onlara göstərilən xidmətlər haqqında informasiyaların üç il ərzində saxlanıldığı məlumat bazasını yaratmaq vəzifəsini daşıyırdılar. Məxfi xidmətlər bu məlumat bazalarına məsafədən birbaşa giriş imkanına malik idilər. Məxfi müşahidə sisteminin bu qaydada fəaliyyət göstərməsi təhlükəsizlik xidmətlərinin və polisin texniki vasitələrinə imkan verirdi ki, icazə prosedurundan yan keçsinlər və ilkin məhkəmə icazəsi almadan istənilən kommunikasiyaları izləsinlər. Beləliklə, ilkin məhkəmə icazəsi almağa zərurət yalnız izləmə yolu ilə əldə edilmiş məlumatların cinayət prosesində sübut qismində istifadə edilməli olduğu hallarda yaranırdı.
197. Ərizəçi, özünün rəyinə görə, ilkin məhkəmə icazəsi olmadan hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri tərəfindən telefon danışıqlarının qanunsuz dinlənildiyini və qeydə alınmış telefon danışıqlarının buna səlahiyyəti olmayan şəxslərə açıqlandığını sübut edən sənədləri təqdim etdi. Məsələn, o, siyasətçilərin İnternetdən əldə edilmiş şəxsi telefon söhbətlərinin çap olunmuş stenoqramını təqdim etdi. O həmçinin polisin texniki departamentinin bir neçə yüksək vəzifəli əməkdaşına qarşı cinayət prosesini təsvir edən xəbər materiallarını təqdim etdi. Həmin əməkdaşlar siyasətçilərin və iş adamlarının şəxsi söhbətlərini onların rəqibləri olan siyasətçilərdən və iş adamlarından aldıqları rüşvətin müqabilində qanunsuz olaraq dinləməkdə şübhəli bilinirdilər. Xəbər materiallarında belə bir şahid ifadələri əks olunmuşdu ki, rüşvət müqabilində telefon söhbətlərinin dinlənilməsi geniş yayılmış praktikadır və istənilən şəxs digər şəxsin telefon danışıqlarının stenoqramını pulla polisdən ala bilər.
β) Hökumət
198. Hökumət bildirdi ki, telefon danışıqlarının və ya digər kommunikasiyaların izlənməsi üçün məhkəmənin icazəsi olmalıdır. Məhkəmə hüquq-mühafizə orqanının əsaslandırılmış vəsatəti əsasında qərar çıxarır. İzləmə tədbirlərinin əsaslılığını sübut etmək vəzifəsi vəsatəti vermiş orqanın üzərinə düşür. Bu sübutetmə vəzifəsini yerinə yetirmək üçün vəsatəti vermiş orqan vəsatətə bütün müvafiq təsdiqedici materialları əlavə edir, lakin məxfi agentlər və ya polis informatorları barəsində, yaxud əməliyyat-axtarış tədbirlərinin təşkili və taktikaları haqqında məlumatların yer aldığı materiallar istisna təşkil edir. Bu istisna məxfi agentlərin və polis informatorlarının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək zərurətinə əsaslanır və buna görə də Konvensiyaya uyğundur.
199. Hökumət daha sonra Ali Məhkəmənin Plenumunun 27 iyun 2013-cü il tarixli qərarına istinad etdi, qərarda aşağı məhkəmələrə izah edilmişdi ki, insan hüquqlarına və azadlıqlarına qoyulan hər hansı məhdudiyyətlər qanunla nəzərdə tutulmalı və demokratik cəmiyyətdə zəruri olmalıdır, yəni qanuni məqsədə mütənasib olmalıdır. Məhkəmələrə təlimat verilmişdi ki, sübut edilmiş faktlara əsaslansınlar, şəxsin hüququnun məhdudlaşdırılması üçün münasib və yetərli əsasların olub-olmadığını və şəxsin məhdudlaşdırılan hüquqları ilə digər şəxslərin, dövlətin və cəmiyyətin maraqları arasında balansın gözlənilib-gözlənilmədiyini yoxlasınlar. ƏAFQ məhkəmələrdən aydın şəkildə tələb edirdi ki, izləmə icazəsi barədə qərarlarını əsaslandırsınlar. Konstitusiya Məhkəməsinin 8 fevral 2007-ci il tarixli qərarına uyğun olaraq (yuxarıda 42-ci bəndə bax), barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən şəxsin cinayət əməlində, yaxud milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan fəaliyyətlərdə şübhəli bilinməsinin konkret səbəbləri izləmə icazəsində göstərilməlidir. 2 oktyabr 2003-cü il tarixli qərarında (yuxarıda 41-ci bəndə bax) Konstitusiya Məhkəməsi həmçinin bildirdi ki, hakimlər onlara təqdim edilmiş materialları diqqətlə və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.
200. Hökumətin bildirdiyinə görə, praktiki olaraq hər bir izləmə icazəsində izləməni həyata keçirən dövlət orqanının adı, müşahidə tədbirlərinin həyata keçirilməsinin əsasları və zəruri olmasının səbəbləri, tətbiq edilən qanunvericilik normaları, kommunikasiyaları izlənilən şəxsin kimliyi, konkret cinayət əməlinin törədilməsində şəxsin iştirakından şübhələnmək üçün əsaslar, həmin şəxsin telefonunun nömrəsi və ya IMEI kodu, icazənin hansı müddətə verilməsi və digər zəruri informasiyalar göstərilir. Müstəsna hallarda kimliyi bilinməyən şəxslərin kommunikasiyalarının izlənilməsinə icazə verilə bilər. Bir qayda olaraq, belə hallarda hakim cinayət əməlinin törədildiyi vaxtda müvafiq şəxslərin müəyyən məkanda olub-olmadıqlarını müəyyənləşdirmək üçün məlumatların texniki kommunikasiya kanallarından toplanmasına icazə verir. Bu praktika Məhkəmənin presedent hüququnda müəyyən edilmiş prinsiplərə uyğundur, çünki belə hallarda izləmə icazəsində yalnız vahid bir tikililər (məkanlar) qrupunun adı göstərilir və icazənin həmin tikililər (məkanlar) barəsində verildiyi qeyd edilir (Hökumət Kennedinin işi üzrə yuxarıda qeyd edilən qərara istinad etdi).
201. Rusiya qanunvericiliyi təxirəsalınmaz hallarda ilkin məhkəmə icazəsi olmadan kommunikasiyaların izlənilməsinə icazə verirdi. Hakim hər hansı belə hal barəsində iyirmi dörd saat ərzində məlumatlandırılmalı və izləmənin davam etdirilməsi üçün qırx səkkiz saat ərzində məhkəmə icazəsi alınmalı idi. Hökumətin bildirdiyinə görə, hətta bu cür hallarda izləmə artıq başa çatmış olsaydı belə, hakim izləmənin qanuniliyini yoxlamalı idi. O, cinayət işi üzrə apellyasiya icraatında qəbul edilmiş 13 dekabr 2013-cü il tarixli qərarı qeyd etdi, həmin işdə Ali Məhkəmə ilkin məhkəmə icazəsi olmadan təxirəsalınmaz prosedur çərçivəsində əldə edilmiş telefon danışıqlarının audioyazılarını qəbuledilməz sübut elan etmişdi. Ali Məhkəmə qərarında bildirmişdi ki, izləmə barədə hakimə məlumat verilməməsi ilə yanaşı, onun qanuniliyi və zəruriliyi haqqında məhkəmə qərarı da heç vaxt qəbul edilməmişdi.
vi) Məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət
α) Ərizəçi
202. İzləmələr üzərində nəzarətə gəlincə, ərizəçi öncə iddia etdi ki, izləməni həyata keçirən hakimiyyət orqanlarının apardıqları izləmələr barədə protokol tərtib etmək öhdəliyi daşımaması Rusiyada hər hansı nəzarətin səmərəliliyinə xələl gətirir. Üstəlik, 70 saylı əmrdə aydın şəkildə nəzərdə tutulurdu ki, izləmələr barədə informasiyalar yazıla və ya qeydə alına bilməz.
203. Ərizəçi daha sonra bildirdi ki, Rusiyada nə izləmə icazəsi verən hakim, nə də məhkəmə funksiyalarını müstəqil surətdə həyata keçirmək səlahiyyətinə malik hər hansı digər vəzifəli şəxs izləmənin həyata keçirilməsinə nəzarət etmək və konkret olaraq müşahidənin izləmə icazəsində göstərilən hədlər daxilində aparılıb-aparılmadığını və daxili qanunvericilikdə yer alan müxtəlif tələblərə uyğun olub-olmadığını yoxlamaq səlahiyyətinə malik deyildi.
204. Daxili qanunvericilikdə izləmələrə prezident, parlament və hökumət tərəfindən nəzarət edilməsi üçün hər hansı prosedurlar göstərilməmişdi. Şübhəsiz ki, onlar konkret hallarda izləmə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət səlahiyyətlərinə malik deyildilər.
205. Baş prokurorun və aşağı səviyyələrdən olan prokurorların həyata keçirdikləri nəzarətə gəlincə, onlar cinayət ədliyyəsi sistemindəki mövqeləri və ittiham funksiyaları səbəbindən müstəqil sayıla bilməzdilər. Konkret olaraq, prokurorlar cinayət prosesi çərçivəsində kommunikasiyaların izlənməsi üçün müstəntiqlərin təqdim etdiyi bütün vəsatətləri təsdiq edir və müvafiq məhkəmə iclaslarında iştirak edirdilər. Sonradan onlar izləmə nəticəsində əldə edilmiş məlumatlardan ittiham funksiyaları çərçivəsində istifadə edir, konkret olaraq onları məhkəmə araşdırmasında sübut qismində təqdim edirdilər. Buna görə də, prokurorun ikili funksiyası, yəni cinayət prosesində tərəf funksiyası və izləmələr üzərində nəzarəti həyata keçirən orqan funksiyası arasında maraqlar münaqişəsi yaranmış olurdu.
206. Ərizəçi daha sonra bildirdi ki, prokurorların nəzarət funksiyaları məhdud idi, çünki müəyyən materiallar, xüsusən məxfi agentlərin kimliyini, yaxud əməliyyat-axtarış xidmətlərinin istifadə etdiyi taktika, metod və ya vasitələri aşkara çıxarmaq onların nəzarətinin hüdudları xaricində idi. Prokurorların nəzarət səlahiyyətləri həmçinin əks-kəşfiyyat sahəsində də məhdud idi, orada yoxlamalar yalnız fərdi şikayətdən sonra həyata keçirilə bilərdi. İzləmə tədbirlərinin məxfiliyini və müvafiq şəxsə bu barədə məlumat verilmədiyini nəzərə alsaq, həmin fərdi şikayətləri, çətin ki, vermək olardı, nəticədə əks-kəşfiyyatla əlaqədar müşahidə tədbirləri faktiki olaraq prokurorların diqqətindən kənarda qalırdı. Önəmli olan həm də bu idi ki, prokurorlar izləmə icazəsini ləğv etmək, qanunsuz izləmələrə xitam vermək və ya qanunsuz yolla əldə edilmiş məlumatların məhv edilməsi barədə göstəriş vermək səlahiyyətinə malik deyildilər.
207. Bundan başqa, iki illik hesabatlar dərc edilmir və ya ictimaiyyət arasında müzakirə olunmurdu. Bu hesabatlar məxfi sənədlər idi və orada yalnız statistik məlumatlar yer alırdı. Onlar əməliyyat-axtarış fəaliyyətləri sahəsində qanunçuluğun vəziyyətinin mahiyyət etibarı ilə təhlilini, yaxud hansı qanun pozuntularının aşkar edildiyi və onları aradan qaldırmaq üçün hansı tədbirlərin görüldüyü barədə məlumatları özündə əks etdirmirdi. Üstəlik, hesabatlarda bütün növ əməliyyat-axtarış fəaliyyətləri vahid şəkildə əks olunur və kommunikasiyaların izlənilməsi digər tədbirlərdən ayrılıqda götürülmürdü.
β) Hökumət
208. Hökumət bildirdi ki, əməliyyat-axtarış fəaliyyətləri, o cümlədən telefon danışıqlarının dinlənilməsi üzərində nəzarət prezident, parlament və hökumət tərəfindən həyata keçirilirdi. Konkret olaraq, prezident milli təhlükəsizlik strategiyasını müəyyən edir və hüquq-mühafizə orqanlarının rəhbərlərini vəzifəyə təyin edir və ya vəzifədən azad edirdi. Həmçinin prezident administrasiyası nəzdində hüquq-mühafizə orqanlarının fəaliyyətlərinə, o cümlədən əməliyyat-axtarış fəaliyyətlərinə nəzarət edən xüsusi bölmə vardı. Həmin bölmə Daxili İşlər Nazirliyinin və FSB-nin əməkdaşlarından ibarət idi və onlar təhlükəsizlik sahəsində lazımi səviyyədə səriştəli idilər. Parlament əməliyyat-axtarış fəaliyyətlərini tənzimləyən qanunları qəbul etmək və onlara dəyişikliklər etmək yolu ilə nəzarət prosesində iştirak edirdi. O həmçinin komitə və komissiyalar təşkil edə, bütün məsələlərlə, o cümlədən əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı parlament dinləmələri keçirə və zərurət olduqda hüquq-mühafizə orqanlarının rəhbərlərini dinləyə bilərdi. Hökumət əməliyyat-axtarış fəaliyyətlərini tənzimləyən fərman və sərəncamlar qəbul edir və hüquq-mühafizə orqanlarına büdcə vəsaitləri ayırırdı.
209. Nəzarət həmçinin baş prokuror və aşağı səviyyələrdən olan prokurorlar tərəfindən həyata keçirilirdi, onlar federal, regional və yerli hakimiyyət orqanlarından müstəqil idilər. Baş prokuror və onun müavinləri parlamentin yuxarı palatası olan Federasiya Şurası tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirdi. Prokurorlar izləmə vəsatətləri vermək hüququna malik deyildilər. Belə vəsatətlər ya ƏAFQ əsasında əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən dövlət orqanı, ya da CPM əsasında müstəntiq tərəfindən verilə bilərdi. Prokuror müstəntiqə hər hansı təlimat verə bilməzdi. Prokuror yoxlaması zamanı izləməni həyata keçirən orqan prokurorun tələbi əsasında bütün müvafiq materialları ona təqdim etməyə borclu idi və bunu etmədiyi halda məsuliyyətə cəlb oluna bilərdi. Əməliyyat-axtarış fəaliyyətləri üzərində nəzarətə görə cavabdeh olan prokurorlar baş prokurora altı aylıq hesabatlar təqdim edirdilər. Lakin hesabatlarda kommunikasiyaların izlənməsi əməliyyat-axtarış tədbirlərindən ayrılıqda təhlil olunmurdu.
vii) Məxfi müşahidə tədbirləri barədə məlumatlandırma
α) Ərizəçi
210. Ərizəçi daha sonra bildirdi ki, Rusiya qanunvericiliyində kommunikasiyaları izlənilən şəxsin izləmədən əvvəl, izləmə zamanı və ya izləmədən sonra bu barədə məlumatlandırılması nəzərdə tutulmayıb. O razılaşdı ki, şəxsin izləmədən əvvəl və ya izləmə zamanı məlumatlandırılmamasını qəbul etmək olar, çünki tədbirin məxfiliyi onun səmərəliliyi üçün vacib idi. Lakin o iddia etdi ki, izləmə başa çatdıqdan sonra bu "məhdudiyyət tədbirinin məqsədinə xələl gətirmədən imkan yaranan kimi tez bir zamanda" şəxsi məlumatlandırmaq olardı (o, Klass və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərara istinad etdi). Rusiyada müvafiq şəxs heç bir məqamda məlumatlandırılmırdı. Buna görə də o, yalnız informasiya sızması olduqda və ya ona qarşı cinayət prosesi aparıldıqda və izləmə nəticəsində əldə edilmiş məlumatlar sübut kimi istifadə edildikdə izlənmiş olduğunu öyrənə bilərdi.
211. İzlənmənin gedişində toplanmış məlumatlarla tanış olmaq imkanına gəlincə, ərizəçi bildirdi ki, bu cür tanışlıq yalınız çox məhdud hallarda mümkün idi. Əgər cinayət işi heç vaxt açılmazdısa və ya irəli sürülmüş ittihamlar ƏAFQ-də sadalanan digər əsaslara görə götürülərdisə, müvafiq şəxs həmin məlumatlarla tanış olmaq hüququna malik olmurdu. Bundan başqa, şikayətçi məlumatlarla tanış olmazdan əvvəl kommunikasiyalarının izlənildiyini sübut etməli idi. Müşahidə tədbirlərinin məxfiliyini və məlumatlandırmanın olmadığını nəzərə alsaq, izləmə barədə informasiya sızması olmadığı təqdirdə bu sübutetmə vəzifəsini yerinə yetirmək mümkün deyildi. Hətta bütün ilkin şərtləri yerinə yetirmiş olsaydı belə, şəxs məlumatların özü ilə tanış olmaq əvəzinə "yalnız toplanmış məlumatlar barədə informasiya" ala bilərdi. Nəhayət, yalnız dövlət sirri barədə informasiyaların yer almadığı məlumatlar açıqlana bilərdi. ƏAFQ-yə əsasən aparılan əməliyyat-axtarış fəaliyyətlərinin gedişində toplanmış bütün məlumatların dövlət sirri təşkil etdiyini və onların üzərindən məxfiliyi götürmək səlahiyyətinin izləməni həyata keçirmiş orqanın rəhbərinə məxsus olduğunu nəzərə alsaq, izləməyə aid sənədlərlə tanışlıq imkanı bütünlüklə izləməni həyata keçirmiş orqanın ixtiyarına buraxılmışdı.
212. Toplanmış məlumatlarla tanış olmağa icazə verməkdən imtina edilməsinə qarşı məhkəməyə şikayət verilə bilərdi və ƏAFQ tələb edirdi ki, izləməni həyata keçirmiş orqanlar şəxsin "tanış olmasına icazə vermədikləri məlumatlar barədə informasiyaların yer aldığı əməliyyat-axtarış materiallarını" hakimin tələbi əsasında təqdim etsinlər. Önəmli olan bu idi ki, izləməni həyata keçirmiş orqanların məlumatların özlərini deyil, "məlumatlar barədə informasiyaları" təqdim etmələri tələb olunurdu. Məxfi agentlər və ya polis informatorları barədə informasiyaların yer aldığı materiallar məhkəməyə təqdim edilə bilməzdi və beləliklə məhkəmənin aparacağı araşdırmanın əhatə dairəsi xaricində idi.
β) Hökumət
213. Hökumət bildirdi ki, Rusiya qanunvericiliyinə əsasən məxfi müşahidə tədbirlərinə məruz qalmış şəxs hər hansı məqamda bu tədbirlər barədə məlumatlandırılmamalı idi. Konstitusiya Məhkəməsi qərara almışdı ki (yuxarıda 40-cı bəndə bax), müşahidə tədbirlərini məxfi saxlamağın zəruriliyi nəzərə alınaraq, açıq və çəkimə xarakterli məhkəmə araşdırması prinsipləri izləmə icazəsi ilə bağlı icraata şamil oluna bilməz. Buna görə də müvafiq şəxs izləmə icazəsi ilə bağlı icraatda iştirak etmək və ya qəbul edilmiş qərar barədə məlumatlandırılmaq hüququna malik deyildi.
214. İstintaq başa çatdıqdan sonra müttəhim cinayət işinin bütün materialları ilə, o cümlədən əməliyyat-axtarış fəaliyyətlərinin gedişində əldə edilmiş məlumatlarla tanış olmaq hüququna malik idi. Müstəntiqin izləmə subyektinə qarşı cinayət işi açmamağı, yaxud iddia edilən cinayət hadisəsinin olmaması və ya əməldə cinayət tərkibinin bir və ya bir neçə elementinin olmaması səbəbindən cinayət işinə xitam verməyi qərara aldığı hallarda isə, əksinə, izləmə subyekti toplanmış məlumatlar barədə informasiya tələb etmək və almaq hüququna malik idi. Belə informasiyanı verməkdən imtina edilməsinə qarşı məhkəməyə şikayət verilə bilərdi və məhkəmə imtinanı əsassız hesab etdiyi təqdirdə informasiyanın açıqlanması barədə qərar çıxarmaq səlahiyyətinə malik idi. Hökumət Belqorod vilayətinin Alekseyevski rayon məhkəməsinin 4 avqust 2009-cu il tarixli qərarının surətini təqdim etdi, qərarda polisə göstəriş verilmişdi ki, "məxfilik tələblərinin icazə verdiyi hədd çərçivəsində və dövlət sirrinin açıqlanmasına səbəb ola biləcək məlumatlar istisna olmaqla" bir ay ərzində izləmə subyektinə izləmənin gedişində onun barəsində toplanmış məlumatlar haqqında informasiya təqdim etsin.
215. Hökumət iddia etdi ki, Rusiya qanunvericiliyi "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işində (yuxarıda istinad edilən bu iş üzrə qərarın 91-ci bəndində) Məhkəmə tərəfindən tənqid edilmiş Bolqarıstan qanunvericiliyindən fərqlidir, belə ki, birincidə izləmə materiallarının üzərindən məxfiliyin götürülməsinin və müvafiq şəxsin həmin materiallarla tanış olmasına imkan verilməsinin mümkünlüyü nəzərdə tutulub. Bu iddiasını təsdiq etmək üçün o, Zabaykalsk vilayət məhkəməsinin 11 iyul 2012-ci il tarixli ittiham hökmünü qeyd etdi. Hökumətin bildirdiyinə görə, (surəti Məhkəməyə təqdim edilmiş) həmin hökm müttəhimin telefon danışıqlarının izlənməsinə icazə verən məhkəmə qərarına əsaslanmış, işə baxan hakimin tələbi əsasında həmin izləmə nəticəsində əldə edilmiş məlumatların üzərindən məxfilik götürülmüş və həmin məlumatlar ona təqdim edilmişdi. Hökumət həmçinin daha iki məhkəmə qərarını (Krasnodar vilayət məhkəməsinin rəyasət heyətinin və Mari-El Respublikasının Ali Məhkəməsinin rəyasət heyətinin qərarlarını) qeyd etdi, həmin qərarlar kommunikasiyaların izlənilməsinə icazə verən məhkəmə qərarlarını məhkəmə nəzarəti qaydasında ləğv etmişdi. Hökumət həmin qərarların surətlərini təqdim etmədi.
viii) Mövcud hüquqi müdafiə vasitələri
α) Ərizəçi
216. Ərizəçi bildirdi ki, müşahidə tədbirləri barədə məlumatlandırma və hüquqi müdafiə vasitəsi qismində məhkəmələrə müraciətin səmərəliliyi məsələləri bir-biri ilə qırılmaz surətdə əlaqəlidir, belə ki, şəxs onun xəbəri olmadan görülmüş tədbirlər barədə məlumatlandırılmayıbsa və beləliklə sonradan həmin tədbirlərin qanuniliyindən şikayət etmək imkanı əldə etməyibsə, prinsipcə onun müvafiq məhkəmələrə müraciət etmək imkanı çox cüzi olur (o, Veber və Saraviyanın işi üzrə yuxarıda qeyd edilən qərara istinad etdi).
217. Ərizəçi iddia etdi ki, Rusiya qanunvericiliyində nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri səmərəsiz idi. Müşahidə subyektinin tətbiq edilmiş tədbirlərə məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət etməsi imkanına gəlincə, telefon danışıqlarının dinlənildiyini sübut etmək vəzifəsi şikayətçinin üzərinə düşürdü. Lakin müşahidə altında olmuş şəxslər cinayətdə ittiham olunmadıqları təqdirdə müşahidə tədbirləri barədə məlumatlandırılmadığına görə sübutetmə vəzifəsini yerinə yetirmək mümkünsüz idi. Surətləri Hökumət tərəfindən təqdim edilmiş məhkəmə qərarları axtarış və müsadirə tədbirlərinə, yəni müvafiq şəxsin xəbərdar olduğu əməliyyat-axtarış tədbirlərinə aid idi (aşağıda 220, 221 və 223-cü bəndlərə bax). İzləmə subyektinin qanunsuz izlənildiyinə dair şikayətini təmin etmiş olan və ictimaiyyət üçün əlçatan olan hər hansı məhkəmə qərarının mövcud olması faktı ərizəçiyə məlum deyildi. O da önəmlidir ki, Hökumətin təqdim etdiyi məhkəmə qərarlarını heç birində daxili məhkəmələr etiraz edilən əməliyyat-axtarış tədbirlərinin mütənasibliyini qiymətləndirməmişdilər. Ərizəçinin başladığı ölkədaxili məhkəmə icraatı da aydın şəkildə göstərdi ki, Rusiya qanunvericiliyində nəzərdə tutulmuş mövcud hüquqi müdafiə vasitələri səmərəsizdir. Bundan əlavə, Avanesyan Rusiyaya qarşı işdə (ərizə № 41152/06, 18 sentyabr 2014-cü il) Məhkəmə artıq müəyyən edib ki, əməliyyat-axtarış tədbirlərindən şikayət etmək üçün Rusiya qanunvericiliyində səmərəli hüquqi müdafiə vasitələri mövcud deyil.
218. Nəhayət, ərizəçi bildirdi ki, izləmə subyekti və ya kommunikasiya xidməti təchizatçıları kommunikasiyaların məxfi qaydada izlənməsini tənzimləyən nazirlik əmrlərindən şikayət verə bilməzdilər, çünki həmin əmrlər hüquqi xarakterli deyil, texniki xarakterli sayılırdı və buna görə də, yuxarıda 161-ci bənddə qeyd edilən qərarlardan göründüyü kimi, məhkəmə baxışının predmeti ola bilməzdi.
β) Hökumət
219. Hökumət iddia etdi ki, Rusiyada əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxs tərəfindən hüquqlarının pozulduğunu və ya pozulmaqda olduğunu iddia edən şəxs ƏAFQ-nin 5-ci maddəsinə uyğun olaraq həmin vəzifəli şəxsin rəisinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir (yuxarıda 83-cü bəndə bax).
220. Ali Məhkəmənin Plenumunun izah etdiyi kimi, müvafiq şəxs kommunikasiyalarının izlənməsindən xəbər tutduğu təqdirdə Mülki Prosessual Məcəllənin 25-ci fəslində müəyyən edilən qaydada ümumi yurisdiksiyalı məhkəməyə şikayət edə bilərdi (yuxarıda 92-ci bəndə bax). Hökumətin bildirdiyinə görə, şikayətçi izləmə tədbirləri nəticəsində hüququnun pozulduğunu sübut etməyə borclu deyildi. Sübutetmə yükü, yəni izləmə tədbirlərinin qanuni və əsaslı olduğunu sübut etmək vəzifəsi izləməni həyata keçirən orqanların üzərinə düşürdü. Rusiya qanunvericiliyində nəzərdə tutulmuşdu ki, mülki prosesdə məhkəmə iddiaçının hüquqlarının pozulduğunu müəyyən edərdisə, pozuntunun aradan qaldırılması və ziyanın kompensasiya olunması üçün tədbirlər görməli idi (yuxarıda 97-ci bəndə bax). Hökumət Mülki Prosessual Məcəllənin 25-ci fəslinə uyğun olaraq çıxarılmış iki məhkəmə qərarının surətini təqdim etdi, həmin qərarlarda əşyaların və sənədlərin axtarışı və müsadirəsi qanunsuz elan olunmuş və polisə göstəriş verilmişdi ki, pozuntuların aradan qaldırılması üçün konkret tədbirlər görülsün.
221. Bundan başqa, Hökumətin bildirdiyinə görə, Konstitusiya Məhkəməsinin 15 iyul 2008-ci il tarixli qərarında izah etdiyi kimi (yuxarıda 43-cü bəndə bax), izləmə subyekti izləməyə icazə vermiş məhkəmə qərarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərdi. Eynilə, o, apellyasiya və kassasiya şikayəti vermək hüququna da malik idi.
222. İzləmə cinayət prosesi çərçivəsində həyata keçirilirdisə, müvafiq şəxs həm də CPM-in 125-ci maddəsi əsasında şikayəti verə bilərdi. Hökumət Ali Məhkəmənin 26 oktyabr 2010-cu il tarixli qərarını qeyd etdi, həmin qərar kommunikasiyalarının izlənildiyi barədə məhkəmə qərarının surətini ona verməkdən imtina etmiş müstəntiqin imtina qərarından CPM-in 125-ci maddəsi əsasında K. tərəfindən verilmiş şikayətin qəbul olunmayan elan edildiyi barədə aşağı məhkəmələrin qərarlarını məhkəmə nəzarəti qaydasında ləğv etmişdi. Ali Məhkəmə qərara almışdı ki, şikayətçi artıq məhkum edildiyinə baxmayaraq, şikayətə CPM-in 125-ci maddəsi əsasında baxılmalı idi və o, izləmə icazəsinin surətini almaq hüququna malik idi. Hökumət əşyaların və ya sənədlərin qanunsuz axtarışı və müsadirəsi barədə CPM-in 125-ci maddəsi əsasında verilən şikayətləri təmin etmiş on məhkəmə qərarının surətlərini təqdim etdi. O həmçinin apellyasiya icraatında müttəhimə bəraət vermiş məhkəmə qərarını təqdim etdi, qərarda müəyyən edilmişdi ki, onun birinci instansiya məhkəməsi tərəfindən məhkum edilməsi narkotik vasitənin qanunsuz şərti alışı nəticəsində əldə edilmiş olan qəbuledilməz sübuta əsaslanıb.
223. Hökumət daha sonra bildirdi ki, müvafiq şəxs Mülki Məcəllənin 1069-cu maddəsi əsasında kompensasiya üçün müraciət edə bilərdi (yuxarıda 102-ci bəndə bax). Həmin maddədə dövlət və bələdiyyə orqanlarının və vəzifəli şəxslərin fiziki və ya hüquqi şəxsə yetirdikləri maddi və mənəvi ziyana görə kompensasiya nəzərdə tutulmuşdu, bu şərtlə ki, həmin orqanın və ya vəzifəli şəxsin təqsiri sübut edilməli idi. Mənəvi ziyana görə kompensasiya Mülki Məcəllənin 1099-1011-ci maddələrində əks olunmuş normalara uyğun olaraq müəyyən edilirdi (yuxarıda 103 və 104-cü bəndlərə bax). Hökumət xüsusilə vurğuladı ki, şəxsin şərəf, ləyaqət və ya nüfuzuna xələl gətirən məlumatların yayılması vasitəsilə yetirilən mənəvi ziyan hüquqpozanın təqsirinin olub-olmamasından asılı olmayaraq kompensasiya oluna bilərdi. Hökumət İvanovo vilayətinin Viçuqa şəhər məhkəməsinin 9 dekabr 2013-cü il tarixli qərarının surətini təqdim etdi, qərarda şübhəli şəxsin telefon danışıqlarının dinlənilməsi nəticəsində əldə edilmiş sübutlar işə baxan məhkəmə tərəfindən qəbuledilməz elan olunduqdan sonra həmin dinləmə səbəbindən ona dəymiş mənəvi ziyana görə kompensasiya təyin olunmuşdu. Hökumət həmçinin sənədlərin qanunsuz axtarışına və müsadirəsinə görə kompensasiya təyin edilməsi barədə məhkəmə qərarını, habelə bəraət almış şəxsə qanunsuz cinayət təqibinə məruz qaldığı üçün kompensasiya təyin edilməsi barədə məhkəmə qərarını təqdim etdi.
224. Rusiya qanunvericiliyində səlahiyyətdən sui-istifadə edilməsinə (Cinayət Məcəlləsinin 285 və 286-cı maddələri), fərdin şəxsi və ailə həyatı haqqında məlumatların icazəsiz toplanmasına və yayılmasına (Cinayət Məcəlləsinin 137-ci maddəsi) və vətəndaşların kommunikasiyalarının toxunulmazlığı hüququnun pozulmasına (Cinayət Məcəlləsinin 138-ci maddəsi) görə cinayət hüququ sistemində hüquqi müdafiə vasitələri nəzərdə tutulmuşdu (yuxarıda 19-22-ci bəndlərə bax). Hökumət bununla əlaqədar olaraq Ali Məhkəmənin 24 oktyabr 2002-ci il tarixli qərarını qeyd etdi, həmin qərarla bir neçə telefon nömrələrinin sahiblərinin adlarını və həmin telefon nömrələrinə daxil olan və çıxan zənglər barədə ətraflı məlumatları ona verməyə vəzifəli şəxsi təhrik etdiyinə görə E.S. adlı şəxs Cinayət Məcəlləsinin 138-ci maddəsi əsasında məhkum edilmişdi. O həmçinin Ali Məhkəmənin 15 mart 2007-ci il tarixli qərarını qeyd etdi, həmin qərarla gömrük orqanının əməkdaşı P. adlı şəxsin telefon danışıqlarını dinlədiyinə görə Cinayət Məcəlləsinin 138-ci maddəsi əsasında məhkum edilmişdi. O, Cinayət Məcəlləsinin 138-ci maddəsi əsasında qəbul edilmiş daha iki ittiham hökmünün sürətlərini təqdim etdi: birinci ittiham hökmü casus avadanlıqlarının, yəni içərisində kamera quraşdırılmış qələmlərin və qol saatlarının satışı ilə, ikinci ittiham hökmü isə istifadəçilərin telefon zəngləri barədə qeydə alınmış məlumatları öyrənmək üçün kommunikasiya xidməti təchizatçısının məlumat bazasına gizli daxil olma ilə əlaqədar idi.
25. Nəhayət, Hökumət iddia etdi ki, Rusiya qanunvericiliyində həmçinin kommunikasiyaların izlənilməsi sahəsində sui-istifadə hallarına qarşı yetərincə təminatların olmamasından şikayət etmək üçün hüquqi müdafiə vasitələri mövcud idi (yuxarıda 156-cı bəndə bax).
226. Hökumət bildirdi ki, ərizəçi Rusiya qanunvericiliyi əsasında sərəncamında olan yuxarıda qeyd edilmiş hüquqi müdafiə vasitələrinin heç birindən istifadə etməyib. Konkret olaraq, o, mobil şəbəkə operatorlarına qarşı məhkəmə iddiası qaldırmaq variantını seçə bilərdi və Rabitə Nazirliyi bu prosesə yalnız üçüncü tərəf qismində cəlb oluna bilərdi.
b) Məhkəmənin qiymətləndirməsi
i) Ümumi prinsiplər
227. Məhkəmə bir daha xatırladır ki, hər hansı müdaxiləyə 8-ci maddənin 2-ci bəndi əsasında o halda haqq qazandırmaq olar ki, həmin müdaxilə qanunla nəzərdə tutulmuş olsun, 8-ci maddənin 2-ci bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi daşısın və hər hansı belə məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri olsun (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 130-cu bənd).
228. Məhkəmə bir daha özünün oturuşmuş presedent hüququnu xatırladır, həmin presedent hüququna əsasən, "qanunla nəzərdə tutulmuş" ifadəsi tələb edir ki, həm etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalı, həm də hüququn aliliyi prinsipinə uyğun olmalıdır, həmin prinsip Konvensiyanın preambulasında açıq-aydın qeyd edilib və 8-ci maddənin məqsəd və vəzifəsinin ayrılmaz tərkib hissəsidir. Beləliklə, qanun keyfiyyət tələblərinə cavab verməlidir: o, müvafiq şəxs üçün əlçatan olmalı və onun doğura biləcəyi nəticələri öncədən görmək ("öncəgörmə") mümkün olmalıdır (bir çox digər qərarlar arasında bax: Rotaru Rumıniyaya qarşı [BP], ərizə № 28341/95, 52-ci bənd, ECHR 2000‑V; S. və Marper Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 30562/04 və 30566/04, 95-ci bənd, ECHR 2008; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 151-ci bənd).
229. Məhkəmə bir neçə dəfə bildirib ki, kommunikasiyaların izlənilməsi kontekstində "öncəgörmə" tələbi bir çox digər sahələrdəki bu tələblə eyni ola bilməz. Xüsusi xarakterli məxfi müşahidə tədbirləri kontekstində, məsələn, telefon danışıqlarının izlənilməsi kontekstində "öncəgörmə" tələbi o demək deyil ki, şəxs hakimiyyət orqanlarının nə zaman onun telefon danışıqlarını izləyə biləcəklərini öncədən görə bilməlidir ki, davranışını buna uyğunlaşdıra bilsin. Bununla belə, xüsusən icra hakimiyyəti orqanına məxfi səlahiyyət verilirsə, bu halda açıq-aydın sui-istifadə riskləri mövcud olur. Buna görə də, xüsusən istifadə üçün nəzərdə tutulan texnologiyaların daim təkmilləşdirildiyini nəzərə alsaq, telefon danışıqlarının dinlənilməsinə dair aydın və ətraflı normaların olması önəmlidir. Daxili qanunvericilik kifayət qədər aydın olmalıdır ki, vətəndaş hakimiyyəti orqanlarının hansı hallarda və hansı şərtlərlə hər hansı bu cür tədbirlərə əl atmaq səlahiyyətinə malik olduqlarını təyin edə bilsin (bax: Melounun işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd; Leander İsveçə qarşı, 26 mart 1987-ci il, 51-ci bənd, A seriyaları, № 116; Hyuviq Fransaya qarşı, 24 aprel 1990-cı il, 29-cu bənd, A seriyaları, № 176-B; Valensuela Kontreras İspaniyaya qarşı, 30 iyul 1998-ci il, 46-cı bənd, Reports of Judgments and Decisions 1998‑V; Rotarunun işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 93-cü bənd; və "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 75-ci bənd).
230. Bundan əlavə, kommunikasiyaların məxfi izlənilməsi tədbirlərinin praktikada tətbiqi üzərində müvafiq şəxslərin və ya geniş ictimaiyyətin nəzarəti olmadığına görə, icra hakimiyyəti orqanına və hakimə qeyri-məhdud diskresion səlahiyyətin verilməsi hüququn aliliyi prinsipinə zidd olardı. Müvafiq olaraq, qanunvericilikdə səlahiyyətli orqanlara verilən hər hansı bu cür diskresion səlahiyyətin hüdudları və tətbiqi üsulu kifayət qədər aydın göstərilməlidir ki, şəxs hüquqlarına edilən əsassız müdaxiləyə qarşı adekvat müdafiə ilə təmin edilsin (digər qərarlar arasında bax: Melounun işi üzrə yuxarıda istinad edilən qərar, 68-ci bənd; Leanderin işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; Hyuviqin işi üzrə yuxarıda istinad edilən qərar, 29-cu bənd; və Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 94-cü bənd).
231. Məxfi müşahidə tədbirlərinə dair özünün presedent hüququnda Məhkəmə bu sahədə səlahiyyətdən sui-istifadə hallarına yol verilməməsinin təmin edilməsi üçün qanunvericilikdə ən azı aşağıdakılar barədə müddəaların nəzərdə tutulmalı olduğunu müəyyən edib: izləmə qərarının çıxarılmasına səbəb ola bilən hüquq pozuntularının xarakteri; telefon danışıqları izlənilə bilən şəxslərin kateqoriyaları; əldə edilmiş məlumatların araşdırılması, istifadəsi və saxlanması qaydası; məlumatlar üçüncü şəxslərə verilərkən görülməli olan ehtiyat tədbirləri; və qeydə alınmış məlumatların silinməsinin və ya məhv edilməsinin hansı hallarda mümkün olması (bax: Hyuviqin işi üzrə yuxarıda istinad edilən qərar, 34-cü bənd; Amann İsveçrəyə qarşı [BP], ərizə № 27798/95, 56-58-ci bəndlər, ECHR 2000‑II; Valensuela Kontrerasın işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd; Prado Buqallo İspaniyaya qarşı, ərizə № 58496/00, 30-cu bənd, 18 fevral 2003-cü il; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 95-ci bənd; və "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 76-cı bənd).
232. Qanuni məqsədə nail olmaq üçün müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmaması məsələsinə gəlincə, Məhkəmə təsdiq edib ki, cavabdeh dövlətin məxfi müşahidə tədbirləri vasitəsilə öz milli təhlükəsizliyini qorumaq marağı ilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilənin ciddiliyi arasında balansı təyin edərkən milli hakimiyyət orqanları milli təhlükəsizliyin qorunmasından ibarət qanuni məqsədə nail olmaq üçün vasitələri seçməkdə müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Lakin bu sərbəstlik Avropa orqanlarının nəzarəti ilə şərtlənir və bu nəzarət həm qanunvericiliyi, həm də onun tətbiqinə yönələn qərarları əhatə edir. Milli təhlükəsizliyin qorunması üçün təsis edilmiş məxfi müşahidə sisteminin demokratiyanı qorumaq adı altında ona ziyan yetirməsi, yaxud hətta onu məhv etməsi riskini nəzərə alaraq, Məhkəmə əmin olmalıdır ki, sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminatlar mövcuddur. Bunun qiymətləndirilməsi işin bütün hallarından, məsələn, mümkün tədbirlərin xarakterindən, tətbiq dairəsindən və müddətindən, həmin tədbirlər barədə qərar verilməsi üçün tələb olunan əsaslardan, həmin tədbirlərə icazə vermək, onları həyata keçirmək və onlara nəzarət etmək səlahiyyətinə malik hakimiyyət orqanlarından və milli qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsinin növündən asılıdır. Məhkəmə onu müəyyənləşdirməlidir ki, məhdudlaşdırıcı tədbirlərə icazə verilməsi və onların həyata keçirilməsi üzərində nəzarət prosedurları "müdaxilənin" "demokratik cəmiyyətdə zəruri" olan çərçivə ilə məhdudlaşmasını təmin edirmi (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 49, 50 və 59-cu bəndlər; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 106-ci bənd; Kvasnitsa Slovakiyaya qarşı, ərizə № 72094/01, 80-ci bənd, 9 uyun 2009-cu il; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 153 və 154-cü bəndlər)?
233. Məxfi müşahidə tədbirlərinin yoxlanılması və onlar üzərində nəzarət üç mərhələdə baş verə bilər: müşahidə barədə qərar qəbul edilərkən, müşahidə həyata keçirilərkən və müşahidə başa çatdıqdan sonra. Birinci iki mərhələyə gəlincə, məxfi müşahidənin xarakteri və məntiqi bunu diqtə edir ki, təkcə müşahidənin özü deyil, həm də onun yoxlanılması şəxsin xəbəri olmadan həyata keçirilməlidir. Müvafiq olaraq, şəxsin münasib bildiyi səmərəli hüquqi müdafiə vasitəsindən istifadə etmək, yaxud hər hansı yoxlama prosedurlarında bilavasitə iştirak etmək imkanının qarşısı qaçılmaz olaraq alındığına görə, müəyyən edilmiş prosedurların özlərində onun hüquqlarının qorunmasını təmin edən adekvat və ekvivalent təminatların yer alması önəmlidir. Bundan əlavə, nəzarət prosedurlarında 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş zəruri həddin keçilməməsi üçün demokratik cəmiyyətin dəyərlərinə mümkün qədər vicdanla riayət edilməlidir. Bu və ya digər sahələrdə sui-istifadə halları asanlıqla baş verə bilərsə və bütövlükdə demokratik cəmiyyət üçün zərərli nəticələrə səbəb ola bilərsə, prinsipcə nəzarət səlahiyyətinin hakimə həvalə olunması daha yaxşı olar və bu zaman məhkəmə nəzarətinin müstəqil, qərəzsiz və düzgün qaydada həyata keçirilməsi üçün təminatlar mövcud olmalıdır (Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 55 və 56-cı bəndlər).
234. Üçüncü mərhələyə gəlincə, müşahidə başa çatdıqdan sonra şəxsin müşahidə tədbirləri barədə məlumatlandırılması məhkəmələrə müraciət etmə kimi hüquqi müdafiə vasitələrinin səmərəliliyi ilə və müvafiq olaraq, müşahidə səlahiyyətlərindən sui-istifadəyə qarşı səmərəli təminatların mövcudluğu ilə qırılmaz surətdə bağlıdır. Prinsipcə əgər müvafiq şəxs onun xəbəri olmadan görülmüş tədbirlər barədə sonradan məlumatlandırılmazsa və beləliklə onların qanuniliyi məsələsinə etiraz etmək imkanı əldə etməzsə (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci bənd; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 135-ci bənd), yaxud alternativ olaraq, kommunikasiyalarının izlənildiyindən və ya izlənilməkdə olduğundan şübhələnən şəxs məhkəməyə müraciət edə bilməzsə və beləliklə də məhkəmələrin yurisdiksiyası izləmə subyektinin kommunikasiyalarının izlənildiyi barədə məlumatlandırılmasından asılı hala salınarsa (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 167-ci bənd), onun məhkəməyə müraciət etmək imkanı çox cüzi olar.
ii) Ümumi prinsiplərin bu işə tətbiqi
235. Məhkəmə mobil telefon danışıqlarının gizli qaydada dinlənilməsini tənzimləyən Rusiya qanunvericiliyinə qarşı ərizəçinin ümumi xarakterli şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlara müdaxilənin baş verdiyini artıq müəyyən edib. Müvafiq olaraq, müdaxiləyə 8-ci maddənin 2-ci bəndi üzrə haqq qazandırmağın mümkünlüyü məsələsini araşdırarkən Məhkəmədən tələb olunur ki, etiraz edilən qanunvericiliyin özünün Konvensiyaya uyğun olub-olmadığını araşdırsın.
236. Məxfi müşahidəyə icazə verən qanunvericilikdən Məhkəməyə şikayət verildiyi işlərdə müdaxilənin qanuniliyi məsələsi həmin müdaxilənin "zərurilik" meyarına uyğun olub-olmaması məsələsi ilə sıx əlaqəlidir və buna görə də müdaxilənin "qanunla nəzərdə tutulmuş" olması və "zəruriliyi" barədə tələblərin Məhkəmə tərəfindən birgə araşdırması məqsədəuyğundur (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 155-ci bənd; və Kvasnitsanın işi üzrə yuxarıda istinad edilən qərar, 84-cü bənd). Bu baxımdan "qanunun keyfiyyəti" barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də məxfi müşahidə tədbirlərinin yalnız "demokratik cəmiyyətdə zəruri" olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanunda sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır.
237. Tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, mobil telefon danışıqlarının dinlənilməsi daxili qanunvericilikdə əsasa malik idi. Belə hallar konkret olaraq CPM və ƏAFQ ilə, habelə "Rabitə haqqında" qanunla və Rabitə Nazirliyi tərəfindən qəbul edilən əmrlərlə tənzimlənirdi. Bundan başqa, Məhkəmə bunun şübhə olmadığını hesab edir ki, Rusiya qanunvericiliyi ilə icazə verilən müşahidə tədbirləri milli təhlükəsizliyin və ictimai asayişin qorunmasından, cinayətin qarşısını alınmasından və ölkənin iqtisadi rifahının qorunmasından ibarət qanuni məqsədlər daşıyırdı (yuxarıda 26-cı bəndə bax). Beləliklə, indi onu müəyyənləşdirmək qalır ki, daxili qanunvericilik əlçatan idimi və orada "öncəgörmə" və "demokratik cəmiyyətdə zərurilik" tələblərinə cavab verən adekvat və səmərəli təminat və zəmanətlər yer almışdımı?
238. Buna görə də Məhkəmə növbə ilə aşağıdakıları qiymətləndirəcək: daxili qanunvericiliyin əlçatan olub-olmadığını; məxfi müşahidə tədbirlərinin tətbiq dairəsini və müddətini, izləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi qaydasını; icazə vermə prosedurlarını, məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət tədbirlərini; və milli qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məlumatlandırma mexanizmlərini.
α) Daxili qanunvericiliyin əlçatan olub-olmaması
239. Tərəflər arasında bu məsələdə yekdil fikir var ki, məxfi müşahidəni tənzimləyən hüquq normalarının demək olar hamısı (CPM, ƏAFQ, "Rabitə haqqında" qanun və Rabitə Nazirliyi tərəfindən qəbul edilmiş əmrlərin əksəriyyəti də daxil olmaqla) rəsmən dərc olunmuşdu və ictimaiyyət üçün əlçatan idi. Lakin Rabitə Nazirliyinin 70 saylı əmrinə əlavələrin əlçatanlıq tələblərinə uyğunluğu məsələsində tərəflər arasında fikir ayrılığı var.
240. Məhkəmə qeyd edir ki, 70 saylı əmrə əlavələr geniş ictimaiyyət arasında yayılan rəsmi nəşrdə heç vaxt dərc olunmayıb, çünki onlar texniki xarakterli hesab edilib (yuxarıda 128-ci bəndə bax).
241. Məhkəmə razılaşır ki, 70 saylı əmrdə əsasən kommunikasiya xidməti təchizatçıları tərəfindən quraşdırılmalı olan izləmə avadanlıqları üçün texniki tələblər sadalanır. Eyni zamanda, sözügedən avadanlıqların hüquq-mühafizə orqanlarını bütün istifadəçilərin mobil telefon əlaqələrinə birbaşa girişlə təmin etməsini tələb etməklə və hüquq-mühafizə orqanlarının apardığı izləmələr barədə məlumatların yazılmasına və ya qeydə alınmasına icazə verməməklə (yuxarıda 115-122-ci bəndlərə bax) 70 saylı əmrə əlavələr istifadəçilərin şəxsi həyatının və yazışmalarının məxfiliyinə hörmət edilməsi hüququna təsir göstərmək iqtidarında idi. Buna görə də Məhkəmə hesab edir ki, onlar ictimaiyyət üçün əlçatan olmalı idi.
242. Rabitə Nazirliyinin abunə yolu yayılan rəsmi jurnalı olan "Svyazinform"da dərc olunmaları onları geniş ictimaiyyət üçün deyil, yalnız kommunikasiya mütəxəssisləri üçün əlçatan etmişdi. Eyni zamanda, Məhkəmə qeyd edir ki, əlavələrlə birlikdə əmrin mətnini İnternetdə özəl idarəçi tərəfindən idarə olunan hüquqi məlumat bazasından əldə etmək olardı, orada "Svyazinform"un buraxılışları yerləşdirilirdi (yuxarıda 115-ci bəndə bax). Məhkəmə 70 saylı əmrin geniş ictimaiyyət üçün əlçatan olmayan formada dərc olunmasını təəssüfləndirici hal hesab edir. Bununla belə, onun nazirliyin rəsmi jurnalında dərc olunması faktını və üstəlik geniş ictimaiyyətin onu İnternetdəki hüquqi məlumat bazasından əldə etmək imkanına malik olduğunu nəzərə alaraq, Məhkəmə daxili qanunvericiliyin əlçatan olub-olmaması məsələsinin araşdırılmasını davam etdirməyə ehtiyac görmür. Bunun əvəzinə o, diqqətini "öncəgörmə" və "zərurilik" tələblərinin üzərində cəmləşdirəcək.
β) Məxfi müşahidə tədbirlərinin tətbiq dairəsi
243. Məhkəmə bir daha bildirir ki, milli qanunvericilikdə məxfi müşahidə tədbirlərinin tətbiq dairəsi müəyyən edilməlidir ki, vətəndaşlar hakimiyyət orqanlarının hansı hallarda bu tədbirlərə əl ata biləcəyini təyin edə bilsinlər, xüsusən qanunvericilikdə izləmə qərarının çıxarılmasına səbəb ola bilən hüquq pozuntularının xarakteri və telefon danışıqları izlənilə bilən şəxslərin kateqoriyaları göstərilməlidir (yuxarıda 231-ci bəndə bax).
244. Hüquq pozuntularının xarakterinə gəlincə, Məhkəmə vurğulayır ki, "öncəgörmə" haqqında şərt dövlətlərdən tələb etmir ki, izləmə qərarına səbəb ola biləcək hüquq pozuntularının konkret adlarını çəksinlər. Bununla belə, qanunvericilikdə sözügedən hüquq pozuntularının xarakteri barədə yetərincə təfsilatlar öz əksini tapmalıdır (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd). Həm ƏAFQ-də, həm də CPM-də nəzərdə tutulur ki, telefon danışıqları və digər kommunikasiyalar artıq törədilmiş olan, törədilməkdə olan və ya planlaşdırılan orta ağır, ağır və xüsusilə ağır cinayətlərlə (yəni törədilməsinə görə Cinayət Məcəlləsində üç ildən artıq cəza nəzərdə tutulan cinayətlərlə) əlaqədar izlənilə bilər (yuxarıda 31-33-cü bəndlərə bax). Məhkəmə hesab edir ki, izləmə qərarının çıxarılmasına səbəb ola bilən hüquq pozuntularının xarakteri kifayət qədər aydındır. Eyni zamanda, o, narahatlıqla qeyd edir ki, Rusiya qanunvericiliyi məxfi müşahidə tədbirlərinin geniş çeşidli cinayət əməllərinə, o cümlədən, məsələn, ərizəçinin qeyd etdiyi kimi, cibgirlik cinayətinə şamil olunmasına icazə verir (yuxarıda 182-ci bəndə bax; həmçinin analoji mülahizə üçün bax: Yordaçi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 43 və 44-cü bəndlər).
245. Məhkəmə daha sonra qeyd edir ki, izləmə qərarları yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində deyil, həm də cinayət haqqında və ya cinayət işinə aidiyyəti olan məlumata malik şəxs barəsində çıxarıla bilər (yuxarıda 32-ci bəndə bax). Məhkəmə əvvəlki işdə müəyyən edib ki, hər hansı hüquq pozuntusunda şübhəli bilinməyən, amma həmin hüquq pozuntusu barəsində məlumatı olan şəxsə qarşı izləmə tədbirlərinə 8-ci maddə əsasında haqq qazandırmaq olar (Qroyterin işi üzrə yuxarıda istinad edilən qərar). Eyni zamanda, Məhkəmə qeyd edir ki, Rusiyanın qanunvericiliyi və ya oturuşmuş presedent hüququ "cinayət haqqında məlumata malik şəxs" və "cinayət işinə aidiyyəti olan məlumata malik şəxs" terminlərinin praktikada necə tətbiq edilməli olması məsələsinə aydınlıq gətirmir (analoji mülahizə üçün bax: Yordaçi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 44-cü bənd).
246. Məhkəmə həmçinin qeyd edir ki, izləmələrin cinayət əməllərinin qarşısının alınması və ya aşkar edilməsi məqsədi ilə həyata keçirilməsindən əlavə, ƏAFQ-də həmçinin nəzərdə tutulur ki, telefon danışıqlarının və ya digər kommunikasiyaların izlənməsi Rusiyanın milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlər haqqında məlumat alındıqdan sonra da həyata keçirilə bilər (yuxarıda 31-ci bəndə bax). Hansı hadisələrin və ya fəaliyyətlərin bu cür təhlükəsizlik maraqlarına təhlükə yaradan hallar hesab edilməsi Rusiya qanunvericiliyində heç bir yerdə müəyyən edilməyib.
247. Məhkəmə əvvəlki işlərdə müəyyən edib ki, qanun barəsində irəli sürülən "öncəgörmə" tələbi elə başa düşülməməlidir ki, dövlət "milli təhlükəsizlik" səbəblərinə görə şəxs barəsində müşahidə tətbiq edilməsinə dair qərara səbəb ola biləcək bütün hərəkətləri təfsilatlı şəkildə sadalayan hüquq normalarını qəbul etməlidir. Aydın məsələdir ki, milli təhlükəsizliyə qarşı təhlükələr xarakterinə görə müxtəlif ola bilər və onları öncədən görə bilmək mümkünsüz ola bilər, yaxud onları qanunvericilikdə öncədən müəyyən etmək çətin ola bilər (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 159-cu bənd). Eyni zamanda, Məhkəmə onu da vurğulayıb ki, söhbət təməl hüquqlardan getdiyi hallarda milli təhlükəsizlik sahəsində icra hakimiyyətinə qeyri-məhdud diskresion səlahiyyətlərin verilməsi demokratik cəmiyyətin Konvensiyada təsbit olunmuş əsas prinsiplərindən biri olan qanunun aliliyinə zidd olardı. Müvafiq olaraq, qanunvericilikdə konkret tədbirin məqsədinin qanuniliyini nəzərə almaq şərti ilə səlahiyyətli orqanlara verilən hər hansı bu cür diskresion səlahiyyətin hüdudları və tətbiqi üsulu kifayət qədər aydın göstərilməlidir ki, şəxs hüquqlarına edilən əsassız müdaxiləyə qarşı adekvat müdafiə ilə təmin edilsin (bax: Lyu Rusiyaya qarşı, ərizə № 42086/05, 56-cı bənd, 6 dekabr 2007-ci il, sonrakı istinadlarla).
248. Bu da önəmli amildir ki, Rusiyanın milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlərlə əlaqədar olaraq şəxsin kommunikasiyalarının izlənməsinə əsas verən halların hansı hallar olduğu ƏAFQ-də müəyyən edilməyib. Bununla da, bu cür təhlükə təşkil edən hadisələrin və ya hərəkətlərin hansılar olduğunu və təhlükənin məxfi müşahidəyə haqq qazandıracaq dərəcədə ciddi olub-olmadığını müəyyənləşdirməkdə hakimiyyət orqanlarına, demək olar ki, qeyri-məhdud diksresion səlahiyyət verilmiş olur və beləliklə, sui-istifadə üçün imkanlar yaranmış olur (analoji mülahizə üçün bax: Yordaçi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd).
249. Bundan başqa, Məhkəmə bu faktı da nəzərdən qaçırmır ki, Rusiyada kommunikasiyaların izlənməsi üçün ilkin məhkəmə icazəsi tələb olunur. Belə ilkin məhkəmə icazəsi hüquq-mühafizə orqanlarının diksresion səlahiyyətlərindən istifadə edərək "cinayət haqqında məlumata malik şəxs", "cinayət işinə aidiyyəti olan məlumata malik şəxs" və "Rusiyanın milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlər" terminlərini geniş çərçivədə şərh etmələrinin məhdudlaşdırılmasına xidmət edə və hər bir halda konkret şəxsin kommunikasiyalarının izlənilməsi üçün yetərli əsasların olub-olmadığını yoxlayarkən bu terminlərə məhkəmə tərəfindən verilmiş şərhlərə və ya bu sahədə oturuşmuş praktikaya həmin orqanların riayət etməsini təmin edə bilər. Məhkəmə qəbul edir ki, ilkin məhkəmə icazəsi barədə tələb sui-istifadə hallarına qarşı mühüm təminat təşkil edir. Həmin təminatın səmərəliliyi aşağıda araşdırılacaq.
γ) Məxfi müşahidə tədbirlərinin müddəti
250. Məhkəmə qərarlarında bildirib ki, izləmələrin ümumi müddətinin təyin olunmasını yeni izləmə qərarlarını qəbul etmək və yeniləmək səlahiyyətinə malik olan müvafiq dövlət hakimiyyəti orqanlarının ixtiyarına buraxmaq heç də əsassız deyil, bu şərtlə ki, adekvat təminatlar mövcud olmalıdır, məsələn, daxili qanunvericilikdə aydın şəkildə göstərilməlidir ki, izləmə qərarının müddəti nə zaman başa çatır, həmin qərar hansı şərtlərlə yenilənə bilər və hansı hallarda ləğv edilməlidir (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 161-ci bənd; Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd; və Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 98-ci bənd).
251. Birinci təminata gəlincə, həm CPM-də, həm də ƏAFQ-də nəzərdə tutulur ki, izləmələrə hakim tərəfindən altı aydan artıq olmayan müddətə icazə verilə bilər (yuxarıda 38 və 47-ci bəndlərə bax). Beləliklə, daxili qanunvericilikdə izləmə icazəsinin hansı müddətdə başa çatmalı olduğu aydın şəkildə göstərilib. İkincisi, icazə qərarının hansı şərtlərlə yenilənə biləcəyi də qanunvericilikdə əks olunub. Konkret olaraq, həm CPM-ə, həm də ƏAFQ-yə əsasən, hakim işə aid bütün materiallara yenidən baxdıqdan sonra izləmə icazəsinin müddətini ən çoxu altı aylığa uzada bilər (id.). Lakin üçüncü təminata, yəni izləməyə hansı hallarda xitam verilməsinə gəlincə, Məhkəmə qeyd edir ki, yalnız CPM-də göstərilib ki, izləməyə daha ehtiyac olmadığı halda ona xitam verilir. Təəssüf ki, ƏAFQ-də belə bir tələb əks olunmayıb (id.). Praktiki olaraq bu o deməkdir ki, cinayət prosesi çərçivəsində kommunikasiyaların izlənməsi həmin çərçivənin xaricində aparılan izləmələrə, konkret olaraq, "milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlərlə" əlaqədar izləmələrə nisbətən daha çox təminatlarla müşayiət olunur.
252. Məhkəmə yuxarıdakıların əsasında bu nəticəyə gəlir ki, Rusiya qanunvericiliyində izləmələrin müddətinə və yenilənməsinə dair aydın normalar var ki, onlar da sui-istifadə hallarına qarşı adekvat təminatların olmasını təmin edir, lakin müşahidə tədbirlərinə xitam verilməsi barədə ƏAFQ-nin müddəaları əsassız müdaxilələrə qarşı yetərli təminat təşkil etmir.
δ) İzləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması, əlçatanlığı, araşdırılması, istifadəsi, ötürülməsi və məhv edilməsi qaydası
253. Rusiya qanunvericiliyində nəzərdə tutulur ki, məxfi müşahidə tədbirləri nəticəsində toplanmış məlumatlar dövlət sirri təşkil edir və onlarla icazəsiz tanışlıq riskini istisna edən şəraitdə möhür altında qorunmalıdır. Onlar yalnız xidməti vəzifələrinin icrası üçün həmin məlumata həqiqətən ehtiyacı olan və məxfi məlumatlarla işləmək səlahiyyəti olan şəxslərə verilə bilər. Təqdim edilən məlumatların yalnız onları alanın xidməti vəzifələri üçün ehtiyac duyduğu həcmdə olmasını və bundan artıq olmamasını təmin etmək üçün tədbirlər görülməlidir. Məlumatların təhlükəsiz şəraitdə saxlanmasına və həmin məlumatlarla işləmək səlahiyyəti olmayan şəxslər üçün əlçatmaz olmasına görə cavabdeh olan vəzifəli şəxs qanunvericilikdə aydın müəyyən edilib (yuxarıda 51-57-ci bəndlərə bax). Daxili qanunvericilikdə həmçinin izləmə nəticəsində əldə edilən, cinayət hadisəsi barədə informasiyaları özündə əks etdirən məlumatların ittiham orqanlarına verilməsinin şərtləri və qaydası əks olunub. Onların təhlükəsiz şəraitdə saxlanmasının və cinayət prosesində sübut qismində istifadə edilməsinin şərtləri orada konkret olaraq göstərilir (yuxarıda 58-64-cü bəndlərə bax). Məhkəmə razılaşır ki, Rusiya qanunvericiliyində izləmə nəticəsində əldə edilmiş məlumatların saxlanması, istifadəsi və ötürülməsini tənzimləyən aydın normalar yer alıb ki, bu da onlara icazəsiz giriş və ya onların icazəsiz açıqlanması riskini minimuma endirməyə imkan verir (analoji mülahizə üçün bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 62 və 63-cü bəndlər).
254. İzləmə nəticəsində əldə edilmiş materialların məhv edilməsinə gəlincə, daxili qanunvericilikdə nəzərdə tutulur ki, şəxsə qarşı cinayət ittihamı irəli sürülmədiyi təqdirdə izləmə nəticəsində əldə edilmiş materiallar altı ay saxlandıqdan sonra məhv edilməlidir. Şəxsə qarşı cinayət ittihamı irəli sürüldükdə isə işə baxan hakim cinayət prosesinin sonunda sübut qismində istifadə edilmiş izləmə materiallarının saxlanması və ya məhv edilməsi barədə qərar çıxarmalıdır (yuxarıda 65 və 66-cı bəndlərə bax).
255. Müvafiq şəxsə qarşı cinayət ittihamının irəli sürüldüyü hallara gəlincə, ərizəçinin bu arqumenti Məhkəməni inandırmadı ki, Rusiya qanunvericiliyi izləmə nəticəsində əldə edilmiş materialların qanunla müəyyən edilmiş müddətdən artıq saxlanmasına icazə verir (yuxarıda 188-ci bəndə bax). Belə görünür ki, ərizəçinin qeyd etdiyi norma konkret olaraq kommunikasiyaların izlənməsi nəticəsində toplanmış məlumatların saxlanması halına şamil olunmur. Məhkəmə hesab edir ki, bu cür məlumatların saxlanması üçün Rusiya qanunvericiliyində müəyyən edilmiş altı aylıq müddət ağlabatandır. Eyni zamanda, o, əldə edilməsinin məqsədlərinə aidiyyəti olmayan hər hansı məlumatların dərhal məhv edilməsi barədə tələbin olmamasından təəssüflənir (müqayisə üçün bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 162-ci bənd). Məqsədlərə açıq-aydın aidiyyəti olmayan məlumatların avtomatik olaraq altı ay saxlanmasına 8-ci maddə əsasında haqq qazandırmaq olmaz.
256. Bundan başqa, şəxsə qarşı cinayət ittihamının irəli sürüldüyü hallara gəlincə, Məhkəmə narahatlıqla qeyd edir ki, Rusiya qanunvericiliyi işə baxan hakimə məhkəmə araşdırması başa çatdıqdan sonra sübut qismində istifadə edilmiş materialların saxlanması və ya məhv edilməsi məsələsində qeyri-məhdud diskresion səlahiyyət verir (yuxarıda 66-cı bəndə bax). Rusiya qanunvericiliyi vətəndaşlara hansı hallarda izləmə materiallarının məhkəmə araşdırması başa çatdıqdan sonra saxlanıla biləcəyini müəyyənləşdirmək imkanı vermir. Buna görə də Məhkəmə hesab edir ki, bu məsələdə daxili qanunvericilik kifayət qədər aydın deyil.
ε) İzləmələrə icazə verilməsi
İcazə vermə prosedurları
257. Məhkəmə icazə prosedurlarının məxfi müşahidəyə dair qərarların sistemsiz və təsadüfi şəkildə, yaxud da məsələyə lazımi qaydada və düzgün şəkildə baxılmadan qəbul edilməməsini təmin edib-etmədiyini qiymətləndirərkən bir sıra amilləri nəzərə alacaq. Bu amillər sırasına, konkret olaraq, müşahidəyə icazə vermək səlahiyyətinə hansı orqanın malik olması, onun məsələni araşdırmaq səlahiyyətinin hüdudları və izləmə icazəsinin məzmunu daxildir.
258. Müşahidəyə icazə vermək səlahiyyətinə hansı orqanın malik olmasına gəlincə, telefon danışıqlarının izlənilməsinə qeyri-məhkəmə orqanı tərəfindən icaz verilməsi Konvensiyaya uyğun ola bilər (misal üçün bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; Veber və Saraviyanın işi işi üzrə yuxarıda istinad edilən qərar, 115-ci bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd), bu şərtlə ki, həmin orqan icra hakimiyyətindən kifayət qədər müstəqil olmalıdır (bax: Dumitru Popesku Rumıniyaya qarşı (№ 2), ərizə № 71525/01, 71-ci bənd, 26 aprel 2007-ci il).
259. Rusiya qanunvericiliyində məxfi müşahidənin əsassız şəkildə və heç bir fərq qoyulmadan aparılmasına qarşı mühüm təminat yer alıb. Orada belə bir göstəriş əks olunub ki, telefon danışıqlarının və ya digər kommunikasiyaların izlənilməsinə icazə məhkəmə tərəfindən verilməlidir (yuxarıda 34 və 44-cü bəndlərə bax). Kommunikasiyaları izləmək üçün icazə almaq istəyən hüquq-mühafizə orqanı bu barədə hakimə əsaslandırılmış vəsatət təqdim etməlidir, hakim isə həmin orqanın təsdiqedici materiallar təqdim etməsini tələb edə bilər (yuxarıda 37 və 46-cı bəndlərə bax). Hakim izləmələrə icazə verən qərarını əsaslandırmalıdır (yuxarıda 38 və 44-cü bəndlərə bax).
260. İcazəni verən orqanın məsələni araşdırmaq səlahiyyətinin hüdudlarına gəlincə, Məhkəmə bir daha bildirir ki, o, müvafiq şəxsə qarşı əsaslı şübhənin mövcudluğunu, həmin şəxsin məxfi müşahidə tədbirlərinə səbəb ola biləcək cinayət hərəkətlərini və ya digər hərəkətləri, məsələn, milli təhlükəsizliyə qarşı təhlükə yaradan hərəkətləri planlaşdırmasından, törətməkdə olmasından və ya törətmiş olmasından şübhələnməyə əsas verən faktların olub-olmadığını yoxlamaq səlahiyyətinə malik olmalıdır. O həmçinin barəsində vəsatət verilmiş izləmənin Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş "demokratik cəmiyyətdə zəruri" olma tələbinə cavab verib-vermədiyini, o cümlədən qarşıya qoyulan qanuni məqsədlərə mütənasib olub-olmadığını müəyyənləşdirməli və bunun üçün, məsələn, həmin məqsədlərə daha az məhdudlaşdırıcı vasitələrlə nail olmağın mümkün olub-olmadığını yoxlamalıdır (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 79 və 80-ci bəndlər; Yordaçi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 31 və 32-ci bəndlər).
261. Məhkəmə qeyd edir ki, Rusiyada məhkəmə nəzarətinin tətbiq dairəsi məhduddur. Belə ki, məxfi agentlər və ya polis informatorları barəsində, yaxud əməliyyat-axtarış tədbirlərinin təşkili və taktikaları haqqında informasiyaların yer aldığı məlumatlar hakimə təqdim edilə bilməz və beləliklə, hakimin nəzarət dairəsi xaricindədir (yuxarıda istinad edilən qərar, 37-ci bəndə bax). Məhkəmə hesab edir ki, müvafiq məlumatların məhkəmələrə açıqlanmaması məhkəmələri əməliyyat-axtarış tədbirlərinin görülməsi üçün verilmiş vəsatətdə göstərilən şəxsin cinayət törətməsindən, yaxud milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəyə qarşı təhlükə yaradan hərəkətlər etməsindən şübhələnmək üçün yetərincə faktoloji əsasların olub-olmadığını qiymətləndirmək səlahiyyətindən məhrum edir (bax (müvafiq dəyişikliklərlə): Lyunun işi üzrə yuxarıda istinad edilən qərar, 59-63-cü bəndlər). Məhkəmə əvvəlki işlərdə artıq müəyyən edib ki, həm məxfi informasiyanın təhlükəsizliyi, xarakteri və mənbələri ilə bağlı narahatlıqları nəzərə almağa, həm də şəxs üçün kifayət qədər prosessual təminatların olmasını təmin etməyə imkan verən üsullar mövcuddur (bax (müvafiq dəyişikliklərlə): Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, 131-ci bənd, Reports of Judgments and Decisions 1996‑V).
262. Bundan başqa, Məhkəmə qeyd edir ki, Rusiyada istər CPM-də, istərsə də ƏAFQ-də belə göstəriş yoxdur ki, hakimlər müvafiq şəxsə qarşı "əsaslı şübhənin" mövcudluğunu yoxlamalı, yaxud "zərurilik" və "mütənasiblik" meyarını tətbiq etməlidirlər. Eyni zamanda, Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi qərarlarında izah edib ki, izləmənin zəruri olduğunu sübut etmək vəzifəsi izləmə barədə vəsatət verən orqanın üzərinə düşür, hakim isə izləmə barədə vəsatəti araşdırarkən həmin tədbirin əsaslarını yoxlamalı və yalnız izləmənin qanuni, zəruri və əsaslı olduğuna əmin olduqdan sonra izləməyə icazə verməlidir. Konstitusiya Məhkəməsi həmçinin bildirib ki, kommunikasiyaların izlənməsinə icazə verən məhkəmə qərarında həmin qərarın əsasları əks olunmalı və cinayət əməlinin törədilmiş olmasından, yaxud davam etməsindən və ya planlaşdırılmasından, yaxud da milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan fəaliyyətlərin həyata keçirilməsindən, habelə barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət verilmiş şəxsin həmin cinayətkar hərəkətlərdə və ya digər təhlükəli fəaliyyətlərdə iştirak etməsindən şübhələnməyə əsas verən konkret səbəblər göstərilməlidir (yuxarıda 40-42-ci bəndlərə bax). Buna görə də Konstitusiya Məhkəməsi mahiyyət etibarı ilə tövsiyə edib ki, izləmə icazəsi üçün verilən vəsatətləri araşdırarkən Rusiya məhkəmələri müvafiq şəxsə qarşı əsaslı şübhənin olub-olmadığını yoxlamalı və yalnız izləmə zərurilik və mütənasiblik tələblərinə cavab verdiyi təqdirdə izləməyə icazə verməlidirlər.
263. Lakin Məhkəmə qeyd edir ki, daxili qanunvericilikdə belə bir dəqiq tələb yoxdur ki, qanunvericilik normasının necə şərh edilməli olduğu barədə Konstitusiya Məhkəməsinin rəyi onun qərarında deyil, qərardadında ifadə edilibsə, ümumi yurisdiksiyalı məhkəmələr həmin rəyə əməl etməlidirlər (yuxarıda 106-cı bədə bax). Doğrudan da ərizəçinin təqdim etdiyi materiallar göstərir ki, daxili məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən tövsiyələrinə heç də həmişə əməl etmirlər və bu halların hamısı həmin tövsiyələrin qərardadlarda əks olunduğu hallara təsadüf edir. Beləliklə, rayon məhkəmələrinin tərtib etdiyi analitik icmallardan belə nəticə çıxır ki, izləmə vəsatətləri çox vaxt təsdiqedici materiallarla müşayiət olunmur, rayon məhkəmələrinin hakimləri izləməni həyata keçirən orqanın bu cür materialları təqdim etməsini heç vaxt tələb etmirlər və sadəcə olaraq cinayət əməlinin, yaxud milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan fəaliyyətlərin mövcudluğu barədə informasiyanın qeyd olunması icazənin verilməsi üçün yetərli sayılır. İzləmə icazəsi üçün vəsatət yalnız o halda rədd edilir ki, səlahiyyətli şəxs tərəfindən imzalanmamış olsun, hansı cinayətlə əlaqədar olaraq verildiyi orada göstərilməmiş olsun, yaxud da daxili qanunvericiliyə əsasən barəsində izləmə tədbirinə icazə verilməsi yolverilməz olan cinayətə aid olsun (yuxarıda 193-cü bəndə bax). Beləliklə, ərizəçi tərəfindən təqdim edilmiş rayon məhkəmələrinin tərtib etdikləri analitik icmallar, 2009-cu ildən 2013-cü ilədək olan dövrün statistik məlumatları ilə birlikdə götürülməklə (yuxarıda 194-cü bəndə bax), göstərir ki, gündəlik praktikalarında Rusiya məhkəmələri müvafiq şəxsə qarşı "əsaslı şübhənin" olub-olmadığını yoxlamır və "zərurilik" və "mütənasiblik" meyarını tətbiq etmirlər.
264. Nəhayət, izləmə icazəsinin məzmununa gəlincə, orada müşahidə altına alınmalı olan konkret şəxs aydın şəkildə göstərilməli, yaxud izləmə icazəsinin hansı tikililər barəsində verildiyi qeyd edilməlidir. Belə qeydlərə adlar, ünvanlar, telefon nömrələri və ya digər müvafiq informasiyalar aid edilə bilər (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd; "Liberti" və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 64 və 65-ci bəndlər; Dumitru Popeskunun işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 78-ci bənd; "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 80-ci bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 160-cı bənd).
265. Məhkəmə qeyd edir ki, CPM izləmə icazəsi üçün vəsatətdə kommunikasiyaları izlənilməli olan konkret şəxsin, habelə izləmə tədbirinin müddətinin aydın şəkildə göstərilməsini tələb edir (yuxarıda 46-cı bəndə bax). ƏAFQ-də isə, əksinə, izləmə vəsatətinin və ya izləmə icazəsinin məzmununa dair hər hansı tələb yoxdur. Nəticədə bəzən məhkəmələr kommunikasiyaları izlənilməli olan konkret şəxsin və ya dinlənilməli telefonun nömrəsinin göstərilmədiyi, amma cinayət törədilmiş ərazidə bütün telefon danışıqlarının dinlənilməsinin istənildiyi vəsatətləri təmin edirlər. Bəzi izləmə icazələrinin hansı müddətədək verildiyi göstərilmir (yuxarıda 193-cü bəndə bax). Məhkəmə hesab edir ki, ƏAFQ-də aydın şəkildə qadağan olunmayan belə icazələr hansı kommunikasiyaların və hansı müddətədək izlənməsi məsələsində hüquq-mühafizə orqanlarına olduqca geniş diskresion səlahiyyətlər verir.
266. Məhkəmə daha sonra qeyd edir ki, təxirəsalınmaz hallarda kommunikasiyalar ilkin məhkəmə icazəsi olmadan qırx səkkiz saatadək izlənilə bilər. Belə hallarda əməliyyat-axtarış fəaliyyətlərinin başlanmasından sonra iyirmi dörd saat ərzində hakimə məlumat verilməlidir. Qırx səkkiz saat ərzində məhkəmə icazəsi alınmadıqda izləmə dərhal dayandırılmalıdır (yuxarıda 35-ci bəndə bax). Məhkəmə Bolqarıstan qanunvericiliyində nəzərdə tutulmuş "təxirəsalınmaz" proseduru artıq araşdırıb və onun Konvensiyaya uyğun olduğunu müəyyən edib (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 16 və 82-ci bəndlər). Lakin Bolqarıstan qanunvericiliyindən fərqli olaraq, Rusiya qanunvericiliyindəki "təxirəsalınmaz" prosedur onun az çox hallarda və yalnız bunun üçün əsas olduğu təqdirdə istifadə edilməsini təmin edən yetərli təminatları özündə ehtiva etmir. Belə ki, ƏAFQ cinayət hüququ sahəsində təxirəsalınmaz prosedurun istifadəsini ağır və ya xüsusilə ağır cinayətin törədiləcəyinə dair real təhlükənin mövcud olduğu hallarla məhdudlaşdırsa da, milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə təhlükə yaradan hadisələr və ya hərəkətlərlə bağlı məxfi müşahidə məsələsində hər hansı bu cür məhdudiyyətlər orada əks olunmayıb. Daxili qanunvericilik təxirəsalınmaz prosedurun istifadəsini milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyə qarşı real təhlükənin mövcud olduğu hallarla məhdudlaşdırmır. O, məhkəmə icazəsinin tələb olunmadığı təxirəsalınmaz prosedurun istifadəsinə haqq qazandıran halların müəyyənləşdirilməsində hakimiyyət orqanlarına qeyri-məhdud dərəcədə diskresion səlahiyyətlər verir ki, bu da həmin prosedurdan sui-istifadə edilməsinə imkanlar yaradır (müqayisə üçün bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 16-cı bənd). Bundan başqa, Rusiya qanunvericiliyi təxirəsalınmaz izləmənin tələb olunduğu hər bir halda hakimin dərhal məlumatlandırılmasını tələb etsə də, onun səlahiyyəti izləmə tədbirinin müddətini qırx səkkiz saatdan sonra daha artıq müddətə uzatmaqla məhdudlaşır. O, təxirəsalınmaz prosedurun istifadəsinin əsaslı olub-olmadığını qiymətləndirmək, yaxud əvvəlki qırx səkkiz saat ərzində əldə edilmiş materialların saxlanması və ya məhv edilməsi məsələsini həll etmək səlahiyyətinə malik deyil (müqayisə üçün bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 16-cı bənd). Beləliklə, Rusiya qanunvericiliyində təxirəsalınmaz prosedur üzərində səmərəli məhkəmə nəzarəti nəzərdə tutulmayıb.
267. Yuxarıdakı mülahizələri nəzərə alaraq Məhkəmə hesab edir ki, Rusiya qanunvericiliyində nəzərdə tutulmuş icazə prosedurları məxfi müşahidə tədbirlərinə dair qərarların sistemsiz və təsadüfi şəkildə, yaxud da məsələyə lazımi qaydada və düzgün şəkildə baxılmadan qəbul edilməməsini təmin etmək iqtidarında deyil.
Hakimiyyət orqanlarının kommunikasiyalara giriş imkanı
268. Məhkəmə ərizəçinin bu arqumentini qeyd edir ki, təhlükəsizlik xidmətləri və polis məhkəmənin icazəsini almadan kommunikasiyaları izləmək üçün texniki vasitələrə malikdirlər ki, beləliklə də bütün kommunikasiyalara birbaşa giriş imkanına malikdirlər və onların konkret şəxsin və ya şəxslərin kommunikasiyalarını izləmək imkanı kommunikasiya xidməti təchizatçılarına izləmə icazəsini təqdim etmələrindən asılı deyil.
269. Məhkəmə hesab edir ki, şəxsin kommunikasiyalarına giriş əldə etməzdən əvvəl izləmə icazəsini kommunikasiya xidməti təchizatçılarına təqdim etmək tələbi hüquq-mühafizə orqanları tərəfindən sui-istifadə hallarına qarşı mühüm təminatlardan biridir və bütün izləmə hallarında lazımi qaydada icazə alınmasını təmin edir. Daxili qanunvericiliyə əsasən Rusiyada şəxsin kommunikasiyalarına giriş əldə etməzdən əvvəl hüquq-mühafizə orqanlarının kommunikasiya xidməti təchizatçılarına məhkəmə icazəsi təqdim etmələri tələb olunmur (müqayisə üçün Avropa İttifaqı Şurasının yuxarıda 145-ci bənddə verilmiş qətnaməsinə bax), lakin CPM əsasında rabitə bağlantıları barədə məlumatların izlənildiyi hallar istisna təşkil edir (yuxarıda 48-ci bəndə bax). Həqiqətən, Rabitə Nazirliyi tərəfindən qəbul edilmiş əmrlərə, konkret olaraq 70 saylı əmrin əlavələrinə əsasən, kommunikasiya xidməti təchizatçıları bütün istifadəçilərin bütün mobil telefon əlaqələrinə hüquq-mühafizə orqanlarının birbaşa giriş əldə etməsinə imkan verən avadanlıqlar quraşdırmalıdırlar (yuxarıda 115-122-ci bəndlərə bax). Kommunikasiya xidməti təchizatçıları həmçinin 538 saylı əmrə əsasən bütün abonentlər və onlara göstərilən xidmətlər barədə informasiyaların üç il ərzində saxlandığı məlumat bazaları yaratmaq öhdəliyini daşıyırlar və məxfi xidmətlər bu məlumat bazalarına məsafədən birbaşa giriş imkanına malikdirlər (yuxarıda 132 və 133-cü bəndlərə bax). Beləliklə, hüquq-mühafizə orqanları bütün mobil telefon əlaqələrinə və müvafiq telefon bağlantıları ilə bağlı məlumatlara birbaşa giriş imkanına malikdirlər.
270. Məhkəmə hesab edir ki, Rusiyada məxfi müşahidə sisteminin iş üsulu təhlükəsizlik xidmətlərinə və polisə imkan verir ki, texniki vasitələrdən istifadə etməklə icazə prosedurundan yan keçsinlər və ilkin məhkəmə icazəsi almadan istənilən kommunikasiyaları izləsinlər. Baxmayaraq ki, istənilən sistemdə vicdansız, səhlənkar və ya həddən artıq canfəşanlıq edən əməkdaşın hüquqa zidd davranması ehtimalını heç vaxt istisna etmək olmaz (Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd), Məhkəmə hesab edir ki, izləmə icazəsini kommunikasiya xidməti təchizatçılarına və ya hər hansı digər subyektə təqdim etmələri tələb olunmadan məxfi xidmətlərin və polisin hər bir vətəndaşın kommunikasiyalarını birbaşa izləməsinə imkan verən Rusiyadakı kimi bir sistem sui-istifadə hallarına xüsusilə meylli olur. Beləliklə, bu halda özbaşınalıq və sui-istifadə hallarına qarşı təminatlara xüsusilə böyük ehtiyac var.
271. Buna görə də Məhkəmə Rusiya qanunvericiliyində nəzərdə tutulmuş nəzarət tədbirlərinin lazımi qaydada alınmış məhkəmə icazəsi əsasında bütün izləmələrin qanuni şəkildə həyata keçirilməsini təmin etmək iqtidarında olub-olmadıqlarını xüsusi diqqətlə araşdıracaq.
ζ) Məxfi müşahidə tədbirlərinin həyata keçirilməsi üzərində nəzarət
272. Məhkəmə öncə qeyd edir ki, 70 saylı əmrin tələbinə əsasən kommunikasiya xidməti təchizatçıları tərəfindən quraşdırılmış avadanlıqlar izləmələr haqqında informasiyaları yaza və ya qeydə ala bilməzlər (yuxarıda 120-ci bəndə bax). Məhkəmə hesab edir ki, izləməni həyata keçirən orqanların üzərinə izləmələri qeydə almaq vəzifəsinin qoyulması müşahidə fəaliyyətlərinin təfsilatları ilə nəzarət orqanının faktiki tanış ola bilməsini təmin etmək üçün xüsusilə vacibdir (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 165-ci bənd). Rusiya qanunvericiliyində izləmələr haqqında informasiyaların yazılmasının və ya qeydə alınmasının qadağan edilməsi lazımi məhkəmə icazəsi olmadan aparılmış izləmələrin nəzarət orqanı tərəfindən aşkar edilməsini mümkünsüz edir. 70 saylı əmrə uyğun olaraq hüquq-mühafizə orqanlarının bütün kommunikasiyaları birbaşa izləmək üçün texniki imkanlara malik olması ilə birlikdə bu hal qanunsuz izləmələrin aşkar edilməsinə yönələn hər hansı nəzarət tədbirlərini heçə endirir və beləliklə də səmərəsiz edir.
273. Lazımi qaydada alınmış məhkəmə icazələri əsasında aparılmış izləmələr üzərində nəzarətə gəlincə, Məhkəmə müşahidə tədbirlərinin həyata keçirilməsinə, izləmə yolu ilə əldə edilmiş materialların saxlanması, əlçatanlığı, istifadəsi, işlənməsi, ötürülməsi və məhv edilməsinə aid qanunvericilik tələblərinin gündəlik praktikada yerinə yetirilməsini təmin etməyə Rusiyada mövcud olan nəzarət tədbirlərinin qadir olub-olmadıqlarını araşdıracaq.
274. İzləmə icazəsi verən məhkəmə onun icrasına nəzarət etmək səlahiyyətinə malik deyil. O, izləmələrin nəticələri barədə məlumatlandırılmır və icazə verilməsi barədə qərarındakı tələblərə riayət edilib-edilmədiyini yoxlamaq səlahiyyətinə malik deyil. Eləcə də ümumən Rusiya məhkəmələri izləmələr üzərində ümumi nəzarəti həyata keçirmək səlahiyyətinə malik deyillər. Məhkəmə nəzarəti ilkin icazə mərhələsi ilə məhdudlaşır. Sonrakı nəzarət isə prezidentə, parlamentə, hökumətə, baş prokurora və aşağı səviyyələrdən olan səlahiyyətli prokurorlara həvalə olunub.
275. Məhkəmə əvvəlki işlərdə müəyyən edib ki, müşahidələr üzərində nəzarətin hakimə həvalə olunması arzu edilən olsa da, qeyri-məhkəmə orqanları tərəfindən nəzarət Konvensiyaya uyğun hesab edilə bilər, bu şərtlə ki, nəzarət orqanı müşahidəni həyata keçirən orqanlardan müstəqil olmalı və səmərəli və davamlı nəzarəti həyat keçirmək üçün kifayət qədər səlahiyyət və hüquqlara malik olmalıdır (Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd).
276. Prezidentə, parlamentə və hökumətə gəlincə, onların izləmələrə hansı qaydada nəzarət etmələri Rusiya qanunvericiliyində əks olunmayıb. Onların nəzarətinin tətbiq dairəsini, nəzarətin hansı şərtlərlə həyata keçirilməli olduğunu, müşahidə tədbirlərinə nəzarət edilməsi və ya aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün prosedurları göstərən və ictimaiyyət üçün əlçatan olan hər hansı qaydalar və ya təlimatlar yoxdur (analoji mülahizələr üçün bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 88-ci bənd).
277. Müşahidələr üzərində prokurorların nəzarətinə gəlincə, Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə əməliyyat-axtarış fəaliyyətləri üzərində prokuror nəzarətinin tətbiq dairəsi və qaydası öz əksini tapıb (yuxarıda 69-80-ci bəndlərə bax). Qanunvericilikdə nəzərdə tutulur ki, prokurorlar əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən orqanların yoxlanılmasını adi qaydada həyata keçirə və xüsusi yoxlamalar apara bilərlər və məxfi sənədlər də daxil olmaqla müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. Onlar aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və ya düzəldilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması üçün tədbirlər görə bilərlər. Onlar baş prokurorluğa yoxlamaların nəticələrini təfsilatlı şəkildə əks etdirən yarım illik hesabatlar təqdim etməlidirlər. Məhkəmə razılaşır ki, məxfi müşahidə tədbirlərinə prokurorlar tərəfindən müəyyən nəzarətin həyata keçirilməsini nəzərdə tutan hüquqi baza mövcuddur. Daha sonra o, prokurorların müşahidəni həyata keçirən orqanlardan müstəqil olub-olmadıqlarını və səmərəli və davamlı nəzarəti həyata keçirmək üçün kifayət qədər səlahiyyət və hüquqlara malik olub-olmadıqlarını araşdıracaq.
278. Müstəqillik tələbinə gəlincə, Məhkəmə əvvəlki işlərdə nəzarət orqanının üzvlərinin təyin olunma qaydasını və hüquqi statusunu nəzərə alıb. Konkret olaraq, o, parlamentdəki çoxluğun və müxalifətin üzvlərindən ibarət olan orqanları, yaxud parlament və ya baş nazir tərəfindən təyin olunan və məhkəmə funksiyalarını həyata keçirmək səlahiyyətinə malik olan şəxsləri kifayət qədər müstəqil hesab edib (misal üçün bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 21 və 56-cı bəndlər; Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 24, 25 və 117-ci bəndlər; Leanderin işi üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd; L. Norveçə qarşı, ərizə № 13564/88, Komissiyanın 8 iyun 1990-cı il tarixli qərarı; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 57 və 166-cı bəndlər). Daxili işlər naziri isə (o nəinki vəzifəyə siyasi rəhbərlik tərəfindən təyin olunurdu və icra hakimiyyətinin üzvü idi, həm də xüsusi müşahidə vasitələrinin tətbiqi barədə göstərişlərin verilməsində birbaşa iştirak edirdi), əksinə, yetərincə müstəqil hesab edilməyib (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 85 və 87-ci bəndlər). Eynilə, baş prokuror və aşağı səviyyələrdən olan səlahiyyətli prokurorlar da yetərincə müstəqil hesab edilməyiblər (bax: Yordaçi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd).
279. Yuxarıda göstərilən nəzarət orqanlarından fərqli olaraq, Rusiyada prokurorları regional icra hakimiyyəti orqanları ilə məsləhətləşdikdən sonra baş prokuror vəzifəyə təyin edir və vəzifədən azad edir (yuxarıda 70-ci bəndə bax). Bu fakt onların icra hakimiyyətindən müstəqilliyi məsələsində şübhələr yarada bilər.
280. Bundan başqa, o da önəmlidir ki, ümumən insan hüquqlarının müdafiəsi sahəsində prokurorların oynadığı rol hər hansı maraqlar münaqişəsinə səbəb olmamalıdır (bax: Mençinskaya Rusiyaya qarşı, ərizə № 42454/02, 19 və 38-ci bəndlər, 15 yanvar 2009-cu il). Məhkəmə qeyd edir ki, prokurorluqlar izləmələrə nəzarət üzrə ixtisaslaşmayıblar (yuxarıda 71-ci bəndə bax). Belə nəzarət onların cinayət təqibini və cinayətlərin istintaqına nəzarəti özündə ehtiva edən geniş və çoxşaxəli funksiyalarının yalnız bir hissəsidir. Cinayət təqibi funksiyaları çərçivəsində prokurorlar cinayət prosesi çərçivəsində müstəntiqlərin təqdim etdikləri izləmə barədə bütün vəsatətləri təsdiq edirlər (yuxarıda 44-cü bəndə bax). Bu funksiyaların prokurorluğun əlində cəmləşməsi, yəni eyni orqanın izləmə barədə vəsatətləri təsdiq etməsi və sonra onların icrasına nəzarət etməsi də prokurorların müstəqilliyi məsələsində şübhələr yarada bilər (müqayisə üçün bax: Ananyev və başqaları Rusiyaya qarşı, ərizələr № 42525/07 və 60800/08, 215-ci bənd, 10 yanvar 2012-ci il – saxlama müəssisələri üzərində prokurorların nəzarətinə aid olan bu işdə müəyyən edilmişdi ki, penitensiar sistemin orqanlarına münasibətdə prokurorlar müstəqillik tələbinə cavab verirlər).
281. Prokurorların səlahiyyət və hüquqlarına gəlincə, Məhkəmə qeyd edir ki, nəzarət orqanının bütün müvafiq sənədlərlə, o cümlədən məxfi materiallarla tanışlıq imkanına malik olması önəmlidir və izləmə fəaliyyətlərində iştirak edənlərin hamısı onun tələb etdiyi istənilən materialı ona açıqlamağa borcludur (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 166-cı bənd). Rusiya qanunvericiliyində nəzərdə tutulur ki, prokurorlar məxfi sənədlər də daxil olmaqla müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər. Lakin qeyd etmək önəmlidir ki, məxfi xidmətlərin məxfi agentləri, habelə həmin xidmətlərin istifadə etdikləri taktika, metod və vasitələr prokurorların nəzarət dairəsi xaricindədir (yuxarıda 74-cü bəndə bax). Beləliklə, onların nəzarət dairəsi məhduddur. Üstəlik, əks-kəşfiyyat sahəsində FSB tərəfindən kommunikasiyaların izlənilməsi yalnız fərdi şikayətdən sonra yoxlanıla bilər (yuxarıda 76-cı bəndə bax). İzləmələr barədə şəxslərə məlumat verilmədiyinə görə (yuxarıda 81 və 289-cu bəndlərə bax), nə vaxtsa belə bir şikayətin verilə biləcəyi ehtimalı çox azdır. Nəticədə əks-kəşfiyyat sahəsində müşahidə tədbirləri faktiki olaraq prokurorların nəzarətinə məruz qalmır.
282. Nəzarət orqanının aşkar edilmiş hər hansı pozuntularla bağlı səlahiyyətləri də nəzarətin səmərəliliyinin qiymətləndirilməsində mühüm elementdir (misal üçün bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 53-cü bənd – bu işdə izləməni həyata keçirən orqandan izləməni dərhal dayandırması tələb olunmuşdu, çünki G10 Komissiyası izləməni qanunsuz və lüzumsuz hesab etmişdi; həmçinin bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 168-ci bənd – bu işdə Kommunikasiyaların izlənilməsi üzrə komissar izləmənin qanunsuz olduğunu aşkar etdikdə hər hansı izləmə materialı dərhal məhv edilməli idi). Məhkəmə razılaşır ki, prokurorlar aşkar etdikləri pozuntularla bağlı müəyyən səlahiyyətlərə malik idilər. Belə ki, onlar aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və ya düzəldilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması üçün tədbirlər görə bilərdilər (yuxarıda 79-cu bəndə bax). Lakin qanunsuz yolla əldə edilmiş izləmə materiallarının məhv edilməsini tələb edən heç bir konkret norma yox idi (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 168-ci bənd).
283. Məhkəmə həmçinin nəzarət orqanının fəaliyyətlərinin ictimaiyyətin nəzarəti üçün açıq olub-olmadığını araşdırmalıdır (misal üçün bax: L. Norveçə qarşı iş üzrə yuxarıda istinad edilən qərar – bu işdə nəzarət funksiyası Nəzarət Komitəsi tərəfindən həyata keçirilir və o, hökumətə illik hesabat verirdi və onun hesabatları dərc olunur və parlament tərəfindən müzakirə edilirdi; Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 166-cı bənd – bu işdə izləmələr üzərində nəzarət Kommunikasiyaların izlənilməsi üzrə komissar tərəfindən həyata keçirilir və o, baş nazirə illik hesabat verirdi və onun hesabatları parlament qarşısına çıxarılan açıq sənəd idi; həmçinin müqayisə üçün bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 88-ci bənd – bu işdəki nəzarət sistemi Məhkəmə tərəfindən qüsurlu hesab edildi, belə ki, nə daxili işlər nazirinin, nə də hər hansı digər vəzifəli şəxsin müstəqil orqana və ya geniş ictimaiyyətə sistemin ümumi fəaliyyəti barədə və ya ayrı-ayrı hallarda görülmüş tədbirlər haqqında hesabat verməsi tələb olunmurdu). Rusiyada prokurorlar baş prokurorluğa yarım illik hesabatlar təqdim etməli və orada yoxlamaların nəticələrini təfsilatlı şəkildə göstərməlidirlər. Lakin bu hesabatlar vahid halda götürülmüş bütün növ əməliyyat-axtarış tədbirlərinə aiddir və bu və ya digər izləmə tədbirləri ayrı-ayrılıqda götürülmür. Üstəlik, hesabatlarda sadəcə olaraq həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə bağlı yoxlamaların sayı və aşkar edilmiş pozuntuların sayı barədə statistik məlumatlar əks olunur, pozuntuların xarakteri və onların aradan qaldırılması üçün görülmüş tədbirlər isə göstərilmir. Bu da önəmli amildir ki, hesabatlar məxfi sənədlər sayılır. Onlar dərc olunmur, yaxud hər hansı digər formada ictimaiyyət üçün əlçatan deyil (yuxarıda 80-ci bəndə bax). Buradan belə nəticə çıxır ki, Rusiyada prokurorların həyata keçirdiyi nəzarət ictimaiyyətin nəzarəti və məlumatlılığı üçün açıq deyil.
284. Nəhayət, Məhkəmə qeyd edir ki, nəzarət tədbirlərinin praktiki səmərəliliyini müvafiq nümunələr gətirməklə nümayiş etdirmək Hökumətin vəzifəsidir (bax: (müvafiq dəyişikliklərlə): Ananyev və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 109 və 110-cu bəndlər). Lakin Rusiya Hökuməti yoxlamalara dair prokurorun hər hansı hesabatını, yaxud aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və ya düzəldilməsi üçün tədbirlərin görülməsi barədə prokurorun göstərişinin yer aldığı hər hansı qərarı təqdim etməyib. Buradan belə nəticə çıxır ki, Hökumət məxfi müşahidə tədbirləri üzərində prokurorların nəzarətinin praktiki səmərəliyini nümayiş etdirməyib. Məhkəmə bununla bağlı ərizəçi tərəfindən təqdim edilən və prokurorların izləmələrə aid məxfi materiallara giriş əldə etmək iqtidarında olmadıqlarını nümayiş etdirən sənədləri nəzərə alır (yuxarıda 14-cü bəndə bax). Bu nümunə həm də prokurorların nəzarətinin praktiki səmərəliliyinə şübhələr yaradır.
285. Yuxarıda müəyyən edilmiş qüsurları, habelə hüquq-mühafizə orqanlarının bütün kommunikasiyalara birbaşa giriş imkanına malik olduqları sistemdə nəzarətin xüsusilə önəmli olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırda izləmələr üzərində təşkil olunmuş prokurorların nəzarəti sui-istifadə hallarına qarşı adekvat və yetərli təminatları təmin etmək iqtidarında deyil.
η) Kommunikasiyaların izlənməsi barədə məlumatlandırılma və mövcud hüquqi müdafiə vasitələri
286. İndi isə Məhkəmə kommunikasiyaların izlənməsi barədə məlumatlandırılma məsələsinə qayıdır, bu məsələ daxili məhkəmələrə müraciət etmə kimi hüquqi müdafiə vasitələrinin səmərəliliyi ilə qırılmaz surətdə əlaqəlidir (yuxarıda 234-cü bənddə istinad edilən presedent hüququna bax).
287. Bütün hallarda sonradan məlumatlandırılmanın tələb edilməsi praktiki cəhətdən real olmaya bilər. Müəyyən silsilə müşahidə tədbirlərinin hədəfə aldığı fəaliyyət və ya təhlükə bu tədbirlər dayandırıldıqdan sonra bir il və hətta onilliklər boyu davam edə bilər. Dayandırılan tədbirə məruz qalmış hər bir şəxsin sonradan məlumatlandırılması müşahidənin aparılmasına səbəb olmuş uzunmüddətli məqsədə ziyan yetirə bilər. Bundan başqa, bu cür məlumatlandırılma kəşfiyyat xidmətlərinin iş metodlarının və fəaliyyət sahələrinin üzə çıxmasına və hətta onların agentlərinin müəyyənləşdirilməsinə gətirib çıxara bilər. Buna görə də, məxfi müşahidə tədbirlərinin təsirinə məruz qalan şəxslərin müşahidə başa çatdıqdan sonra məlumatlandırılmaması özlüyündə belə nəticə çıxarmağa əsas vermir ki, bu müdaxilə "demokratik cəmiyyətdə zəruri" deyildi, çünki bu halda məhz müşahidə barədə məlumatsızlıq müdaxilə tədbirinin səmərəliliyini təmin edir. Lakin müşahidə tədbiri başa çatdıqdan sonra bu məhdudlaşdırıcı tədbirin məqsədinə ziyan yetirmədən şəxsin məlumatlandırılması mümkün olan kimi müvafiq şəxs bu barədə məlumatlandırılmalıdır (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 58-ci bənd; və Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 135-ci bənd). Məhkəmə həmçinin Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş polis sektorunda fərdi məlumatların istifadəsini tənzimləyən tövsiyəni nəzərə alır, həmin tövsiyədə nəzərdə tutulur ki, şəxs barəsində onun xəbəri olmadan məlumatlar toplandıqda və saxlanıldıqda və sonradan silinmədikdə, polis fəaliyyətlərinin məqsədinə artıq ziyan dəyməyəcəyi hesab edilərsə, imkan yaranan kimi ona məlumat verilməlidir ki, onun barəsində məlumatlar saxlanılır (yuxarıda 143-cü bənddə verilmiş həmin tövsiyənin 2.2-ci bəndinə bax).
288. Klass və başqalarının işində və Veber və Saraviyanın işində Məhkəmə Almaniya qanunvericiliyini araşdırdı, həmin qanunvericilikdə nəzərdə tutulurdu ki, müşahidə başa çatdıqdan onun məqsədinə ziyan yetirmədən şəxsin məlumatlandırılması mümkün olan kimi şəxs bu barədə məlumatlandırılmalıdır. Məhkəmə bunu nəzərə alır ki, müşahidə altında olmuş şəxsin müşahidə barədə məlumatlandırılmalı olub-olmadığına dair qərar vermək səlahiyyətinə malik olan G10 Komissiyası müstəqil orqan idi. Məhkəmə müəyyən etdi ki, sözügedən qanunvericilik norması səmərəli məlumatlandırma mexanizmini təmin edir və həmin mexanizm telekommunikasiyaların məxfiliyi hüququna müdaxiləni qarşıya qoyulmuş qanuni məqsədlərə nail olmaq üçün zəruri olan hədd ilə məhdudlaşdırmağa imkan verir (bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 58-ci bənd; və Veber və Saraviyanın işi üzrə yuxarıda istinad edilən qərar, 136-cı bənd). "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işində və Dumitru Popeskunun işində (№ 2) Məhkəmə müəyyən etdi ki, izləmə subyektini hər hansı məqamda məlumatlandırmaq tələbinin olmaması Konvensiyaya ziddir, belə ki, bu hal izləmə subyektini 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına qanunsuz müdaxilələr nəticəsində pozulmuş hüquqlarını bərpa etmək imkanından məhrum edir və milli qanunvericilikdə nəzərdə tutulmuş hər hansı mövcud hüquqi müdafiə vasitələrini praktiki və səmərəli deyil, nəzəri və xəyali vasitəyə çevirir. Beləliklə, daxili qanunvericilik xüsusi müşahidə tədbirlərinin hüquqa zidd istifadəsinə qarşı mühüm təminatı özündə əks etdirmirdi (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 90 və 91-ci bəndlər; və Dumitru Popeskunun işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 77-ci bənd). Kennedinin işində isə, əksinə, izləmə subyektinin hər hansı məqamda məlumatlandırılması barədə tələbin olmaması Konvensiyaya uyğun idi, çünki Birləşmiş Krallıqda kommunikasiyalarının izlənməkdə olmasından və ya izlənmiş olmasından şübhələnən istənilən şəxs araşdırma səlahiyyətlərinə malik məhkəməyə müraciət edə bilərdi və sonuncunun yurisdiksiyası izləmə subyektinə kommunikasiyalarının izlənildiyi barədə məlumat verilməsindən asılı deyildi (bax: Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 167-ci bənd).
289. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, Rusiyada kommunikasiyaları izlənilən şəxslər hər hansı məqamda və ya hər hansı şəraitdə bu fakt barədə məlumatlandırılmırlar. Buradan belə nəticə çıxır ki, izləmə subyektinə qarşı cinayət işi açılmayıbsa və izləmə yolu ilə əldə edilmiş məlumatlar sübut kimi istifadə edilmirsə, yaxud informasiya sızması baş verməyibsə, müvafiq şəxs, yəqin ki, kommunikasiyalarının izlənilməsindən heç vaxt xəbər tutmayacaq.
290. Məhkəmə bu faktı qeyd edir ki, kommunikasiyalarının izlənilməsindən hansısa yolla xəbər tutan şəxs müvafiq məlumatlar barədə informasiya tələb edə bilər (yuxarıda 81-ci bəndə bax). Bununla bağlı qeyd etməyə dəyər ki, bu tələblə müraciət etmək hüququna malik olmaq üçün şəxs məruz qaldığı əməliyyat-axtarış tədbirlərinə dair faktlara malik olmalıdır. Buradan belə nəticə çıxır ki, şəxsin həmin informasiyalarla tanış ola bilməsi onun kommunikasiyalarının izlənildiyini sübut edə bilməsi ilə şərtlənir. Bundan başqa, izləmə subyekti kommunikasiyalarının izlənildiyinə aid sənədlərlə tanış olmaq hüququna malik deyil və ən yaxşı halda toplanmış məlumatlar barəsində "informasiya" almaq hüququna malikdir. Bu cür informasiya yalnız məhdud hallarda, yəni şəxsin təqsiri qanunla müəyyən edilən qaydada sübut olunmadıqda, yəni ona qarşı ittiham irəli sürülmədikdə və ya cinayət hadisənin olmaması və cinayət tərkibi elementlərinin birinin və ya bir neçəsinin olmaması səbəbindən onun üzərindən ittihamlar götürüldükdə təqdim edilir. Bu da önəmli amildir ki, izləmə subyektinə yalnız dövlət sirri təşkil etməyən informasiyalar açıqlana bilər və Rusiya qanunvericiliyinə əsasən əməliyyat-axtarış fəaliyyətlərində istifadə edilən vasitələr, tətbiq edilən metodlar, iştirak edən əməkdaşlar barədə informasiyalar və toplanmış məlumatlar dövlət sirrini təşkil edir. Rusiya qanunvericiliyinin yuxarıdakı xüsusiyyətlərini nəzərə alsaq, izləmələr barədə informasiya əldə etmək imkanı mümkünsüz görünür.
291. Məhkəmə Rusiya qanunvericiliyində nəzərdə tutulmuş mövcud hüquqi müdafiə vasitələrinin səmərəliliyini qiymətləndirərkən yuxarıdakı amilləri (məlumatlandırmanın olmamasını, hakimiyyət orqanlarından izləmələr barədə informasiyaları tələb etmək və əldə etmək üçün real imkanın olmamasını) nəzərə alacaq.
292. Rusiya qanunvericiliyində nəzərdə tutulur ki, əməliyyat-axtarış fəaliyyətlərini həyata keçirən vəzifəli şəxs tərəfindən hüquqlarının pozulduğunu və ya pozulmaqda olduğunu iddia edən şəxs həmin vəzifəli şəxsin rəisinə, prokurora və ya məhkəməyə şikayət edə bilər (yuxarıda 83-cü bəndə bax). Məhkəmə bir daha bildirir ki, bilavasitə hərəkətlərindən şikayət edilən orqanın yuxarı vəzifəli şəxsinə şikayət etmək imkanı hakimiyyət səlahiyyətindən sui-istifadəyə qarşı yetərli müdafiənin təmin edilməsi üçün tələb olunan zəruri müstəqillik standartlarına cavab vermir (analoji mülahizələr üçün bax: Xan Birləşmiş Krallığa qarşı, ərizə № 35394/97, 45-47-ci bəndlər, ECHR 2000‑V; Dumitru Popeskunun işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd; və Avanesyanın işi üzrə yuxarıda istinad edilən qərar, 32-ci bənd). Yuxarıda göstərildiyi kimi, prokuror da müstəqilliyə malik deyil və onun nəzarət funksiyalarının əhatə dairəsi məhduddur (yuxarıda 277-285-ci bəndlərə bax). O halda bunu müəyyənləşdirmək qalır ki, məhkəməyə verilən şikayəti səmərəli hüquqi müdafiə vasitəsi hesab etmək olarmı?
293. Hökumətin bildirdiyinə görə, kommunikasiyalarının izlənməsindən şikayət etmək istəyən şəxsin istifadə edə biləcəyi dörd məhkəmə proseduru var: kommunikasiyaların izlənməsinə icazə vermiş məhkəmə qərarına qarşı şikayətlə əlaqədar apellyasiya icraatı, kassasiya icraatı, yaxud həmin şikayətə məhkəmə nəzarəti qaydasında baxılması; CPM-in 125-ci maddəsi əsasında verilmiş şikayətə məhkəmə qaydasında baxılması; "Məhkəməyə şikayət verilməsi haqqında" qanun və Mülki Prosessual Məcəllənin 25-ci fəsli əsasında verilmiş şikayətə məhkəmə qaydasında baxılması; və Mülki Məcəllənin 1069-cu maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) ilə əlaqədar mülki iddia qaldırılması. Məhkəmə onları növbə ilə araşdıracaq.
294. Hökumətin qeyd etdiyi prosedurlardan birincisi kommunikasiyaların izlənməsinə icazə vermiş məhkəmə qərarına qarşı şikayətlə əlaqədar apellyasiya icraatı, kassasiya icraatı, yaxud həmin şikayətə məhkəmə nəzarəti qaydasında baxılmasıdır. Lakin Konstitusiya Məhkəməsi aydın şəkildə bildirib ki, izləmə subyekti kommunikasiyalarının izlənməsinə icazə vermiş məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququna malik deyil (yuxarıda 40-cı bəndə bax; həmçinin Avanesyanın işi üzrə yuxarıda istinad edilən qərarın 30-cu bəndinə bax). Daxili qanunvericilikdə kassasiya şikayəti verilməsinin mümkünlüyü barədə bir söz deyilmir. Hökumətin ölkədaxili praktikada kassasiya şikayətlərinə baxılmasına dair hər hansı nümunə təqdim etmədiyini nəzərə alaraq, Məhkəmədə kommunikasiyaların izlənməsinə icazə vermiş məhkəmə qərarından kassasiya şikayəti vermək imkanının mövcudluğuna qarşı ciddi şübhələr var. Eyni zamanda, şübhəsiz ki, izləmə subyekti məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququna malikdir (yuxarıda 43-cü bəndə bax). Lakin kommunikasiyaların izlənməsinə icazə vermiş məhkəmə qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək üçün müvafiq şəxs həmin qərarın mövcudluğundan xəbərdar olmalıdır. Konstitusiya Məhkəməsi məhkəmə nəzarəti qaydasında verilən şikayətə etiraz edilən məhkəmə qərarının surətini əlavə etməyin zəruri olmadığını bildirsə də (ibid.), təsəvvür etmək çətindir ki, şəxs etiraz etdiyi qərar barəsində ən azı minimum informasiyaya, məsələn, onun tarixi və hansı məhkəmə tərəfindən qəbul edildiyi barədə məlumata malik olmadan həmin qərardan necə şikayət edə bilər. Rusiya qanunvericiliyində nəzərdə tutulmuş müşahidə tədbirləri barədə məlumatlandırılmayan şəxs, əgər həmin məlumat ona qarşı cinayət prosesi kontekstində açıqlanmayıbsa, yaxud ehtiyatsızlıq səbəbindən aşkara çıxmayıbsa, çətin ki, həmin məlumatı nə vaxtsa əldə edə bilər.
295. Bundan əlavə, CPM-in 125-ci maddəsi əsasında şikayət yalnız cinayət işinin istintaqı davam etdiyi müddətdə cinayət prosesinin iştirakçısı tərəfindən verilə bilər (yuxarıda 88 və 89-cu bəndlərə bax). Beləliklə, bu hüquqi müdafiə vasitəsi yalnız o şəxslər üçün əlçatandır ki, onlar kommunikasiyalarının izlənməsindən barələrində aparılan cinayət prosesi çərçivəsində xəbər tuturlar. Kommunikasiyaları izləndikdən sonra barəsində cinayət prosesi aparılmayan və beləliklə kommunikasiyalarının izlənilməsindən xəbərsiz qalan şəxs bu vasitədən istifadə edə bilməz. Onu da qeyd etməyə dəyər ki, Hökumət kommunikasiyaların izlənildiyi barədə CPM-in 125-ci maddəsi əsasında verilmiş şikayətlə bağlı hər hansı məhkəmə qərarlarını təqdim etməyib. Bununla da o, qeyd etdiyi bu hüquqi müdafiə vasitəsinin səmərəliliyini daxili məhkəmələrin presedent hüququndan gətirilən nümunələr vasitəsilə nümayiş etdirə bilməyib (analoji mülahizələr üçün bax: Rotarunun işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd; və Ananyev və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 109 və 110-cu bəndlər).
296. "Məhkəməyə şikayət verilməsi haqqında" qanun, Mülki Prosessual Məcəllənin 25-ci fəsli və yeni "İnzibati məhkəmə icraatı məcəlləsi" əsasında verilmiş şikayətə, habelə Mülki Məcəllənin 1069-cu maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) ilə əlaqədar qaldırılan mülki iddiaya gəlincə, sübuetmə yükü, yəni izləmənin baş verdiyini və onun nəticəsində hüquqlarının pozulduğunu sübut etmək vəzifəsi şikayətçinin (iddiaçının) üzərinə düşür (yuxarıda 85, 95, 96 və 105-ci bəndlərə bax). İzləmələr barədə məlumatlandırmanın və ya izləmələrə aid rəsmi sənədlərlə tanışlıq imkanının olmadığı bir şəraitdə bu sübutetmə vəzifəsini yerinə yetirmək faktiki olaraq mümkünsüzdür. Həqiqətən də ərizəçinin məhkəmə qaydasında verdiyi şikayət daxili məhkəmələr tərəfindən bu əsasa görə rədd edilib ki, o öz telefon danışıqlarının dinlənildiyini sübut edə bilməyib (yuxarıda 11 və 13-cü bəndlərə bax). Məhkəmə qeyd edir ki, Hökumət Mülki Prosessual Məcəllənin 25-ci fəsli və ya Mülki Məcəllənin 1069-cu maddəsi əsasında qəbul edilmiş bir neçə məhkəmə qərarını təqdim edib (yuxarıda 220-223-cü bəndlərə bax). Lakin həmin qərarların biri istisna olmaqla hamısı sənədlərin və ya əşyaların axtarışına və ya müsadirəsinə, yəni müvafiq şəxsin xəbərdar olduğu əməliyyat-axtarış tədbirlərinə aiddir. Yalnız bir məhkəmə qərarı kommunikasiyaların izlənməsinə aiddir. Həmin işdə izləmə subyekti sübutetmə vəzifəsini ona görə yerinə yetirə bilmişdi ki, kommunikasiyalarının izlənilmiş olduğunu cinayət prosesinin gedişində öyrənmişdi.
297. Bundan başqa, Məhkəmə Hökumətin bu arqumentini qeyd edir ki, Rusiya qanunvericiliyində səlahiyyətdən sui-istifadə edilməsinə, fərdin şəxsi və ailə həyatı haqqında məlumatların icazəsiz toplanmasına və yayılmasına və vətəndaşların kommunikasiyalarının toxunulmazlığı hüququnun pozulmasına görə cinayət hüququ sistemində hüquqi müdafiə vasitələri nəzərdə tutulub. Əvvəlki bəndlərdə göstərilmiş səbəblərə görə bu hüquqi müdafiə vasitələri də yalnız o şəxslər üçün əlçatandır ki, onlar cinayət təqibi orqanlarına kommunikasiyalarının izlənildiyi barədə ən azı bəzi faktoloji informasiyaları təqdim edə bilirlər (yuxarıda 24-cü bəndə bax).
298. Məhkəmə yuxarıdakıların əsasında bu nəticəyə gəlir ki, Hökumətin qeyd etdiyi hüquqi müdafiə vasitələri yalnız kommunikasiyalarının izlənildiyi barədə məlumata malik olan şəxslər üçün əlçatandır. Beləliklə, izləmə subyektinin hər hansı məqamda məlumatlandırılması barədə tələbin olmaması, yaxud hakimiyyət orqanlarından izləmələr barədə informasiyaları tələb etmək və əldə etmək üçün adekvat imkanın olmaması həmin vasitələrin səmərəliliyinə xələl gətirir. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, izləmə subyektinə qarşı cinayət prosesi aparılmayan hallarda Rusiya qanunvericiliyində məxfi müşahidə tədbirlərinə qarşı məhkəməyə müraciət etmə kimi səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmayıb. Şəxsin kommunikasiyalarının izlənməsindən ona qarşı cinayət prosesinin gedişində xəbər tutduğu hallarda bu vasitələrin səmərəli olub-olmadığı barədə qərar vermək hazırkı işdə Məhkəmənin vəzifəsi deyil (lakin Avanesyanın işinə də bax, həmin işdə ərizəçinin mənzilində "axtarış" aparılmasına qarşı şikayətlə əlaqədar olaraq bu hüquqi müdafiə vasitələrinin bəziləri səmərəsiz hesab edilib).
299. Nəhayət, sui-istifadə hallarına qarşı Rusiya qanunvericiliyində yetərli təminatların olmaması barədə Rusiya məhkəmələrinə şikayətlə bağlı hüquqi müdafiə vasitələrinə gəlincə, həmin hüquqi müdafiə vasitələrinin səmərəli olduğu barədə Hökumətin arqumenti Məhkəməni inandırmadı (yuxarıda 145 və 225-ci bəndlərə bax). ƏAFQ-dən Konstitusiya Məhkəməsinə şikayət etmək imkanına gəlincə, Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi ƏAFQ-nin Konstitusiyaya uyğunluğu məsələsinə dəfələrlə baxıb və müəyyən edib ki, o, Konstitusiyaya uyğundur (yuxarıda 40-43, 50, 82 və 85-87-ci bəndlərə bax). Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçinin artıq bu məsələyə baxmış olan Konstitusiya Məhkəməsinə eyni məsələ barədə şikayəti, çətin ki, hər hansı uğur perspektivinə malik ola bilər. Məhkəmə bunu da inandırıcı hesab etmir ki, 70 saylı əmrdən Ali Məhkəməyə və ya aşağı məhkəmələrə verilən şikayət səmərəli hüquqi müdafiə vasitəsi təşkil edə bilər. Əslində ərizəçi 70 saylı əmrdən ölkədaxili məhkəmə icraatında şikayət edib. Lakin rayon və şəhər məhkəmələrinin hər ikisi müəyyən ediblər ki, ərizəçi həmin əmrdən şikayət vermək hüququna malik deyil, çünki həmin əmr əsasında avadanlıqların quraşdırılması özlüyündə onun telefon danışıqlarının məxfiliyi hüququnu pozmayıb (yuxarıda 10, 11 və 13-cü bəndlərə bax). Bu da önəmli amildir ki, Ali Məhkəmə 70 saylı əmri hüquqi xarakterli deyil, texniki xarakterli sənəd hesab edib (yuxarıda 128-ci bəndə bax).
300. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, Rusiya qanunvericiliyində məxfi müşahidəyə məruz qalmasından şübhələnən şəxs üçün səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulmayıb. İzləmə subyektini sonradan izləmələrdən şikayət verməsi üçün faktiki imkandan məhrum etməklə Rusiya qanunvericiliyi məxfi müşahidə tədbirlərinin istifadəsinə qarşı mühüm təminatı özündə əks etdirmir.
301. Bu əsaslara görə Məhkəmə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin etirazını da rədd edir.
θ) Nəticə
302. Məhkəmə bu nəticəyə gəlir ki, kommunikasiyaların izlənilməsini tənzimləyən qanunvericilik normaları istənilən məxfi müşahidə sisteminə xas olan özbaşınalıq hallarına və sui-istifadə riskinə qarşı adekvat və səmərəli təminatları özündə əks etdirmir, özü də bu risk məxfi xidmətlərin və polisin texniki vasitələrlə bütün mobil telefon danışıqlarını birbaşa izləmək imkanına malik olduqları sistemdə xüsusilə yüksəkdir. Konkret olaraq, dövlət hakimiyyəti orqanlarının məxfi müşahidə tədbirlərinə əl atmaq səlahiyyətinə malik olduqları hallar kifayət qədər aydın şəkildə müəyyənləşdirilməyib. Məxfi müşahidə tədbirlərinə xitam verilməsinə dair müddəalar özbaşına müdaxilələrə qarşı yetərli təminatları özündə əks etdirmir. Daxili qanunvericilik məsələyə açıq-aydın aidiyyəti olmayan məlumatların avtomatik olaraq saxlanmasına icazə verir və izləmə nəticəsində əldə edilmiş materialların məhkəmə araşdırması başa çatdıqdan sonra hansı hallarda saxlanmalı və hansı hallarda məhv edilməli olduğunu aydın şəkildə əks etdirmir. İcazə prosedurları məxfi müşahidə tədbirlərinə icazə verən qərarların yalnız "demokratik cəmiyyətdə zəruri" olan hallarda qəbul edilməsini təmin etməyə qadir deyil. Hazırda izləmələr üzərində təşkil edilmiş nəzarət müvafiq nəzarət orqanının müstəqil, səlahiyyətli və səriştəli olması tələblərinə cavab vermir və səmərəli və davamlı nəzarətin, habelə ictimaiyyətin nəzarətinin həyata keçirilməsi və praktiki cəhətdən effektivliyin təmin edilməsi üçün yetərli deyil. İzləmələrin hər hansı məqamında məlumatlandırmanın olmaması hüquqi müdafiə vasitələrinin səmərəliliyinə, yaxud izləmələrlə bağlı sənədlərə yetərincə çıxış əldə etmək imkanına xələl gətirir.
303. Bu fakt önəmlidir ki, hüquqi bazada yuxarıda müəyyən edilmiş qüsurlar, belə görünür ki, Rusiyada mövcud olan məxfi müşahidə sisteminin faktiki fəaliyyətinə təsir göstərir. Hökumətin bu iddiası Məhkəməni inandırmadı ki, Rusiyada bütün izləmələr lazımi məhkəmə icazəsi əsasında qanuni şəkildə həyata keçirilir. Ölkədaxili icraatda (yuxarıda 12-ci bəndə bax) və Avropa Məhkəməsindəki icraatda (yuxarıda 197-ci bəndə bax) ərizəçinin təqdim etdiyi nümunələr əsassız şəkildə və sui-istifadə yolu ilə müşahidə aparmaq praktikasının mövcud olduğunu göstərir və belə görünür ki, bunun səbəbi qanunvericilikdə adekvat təminatların nəzərdə tutulmamasıdır (analoji əsaslandırma üçün bu qərara bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 92-ci bənd; həmçinin müqayisə üçün bax: Klass və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd; və Kennedinin işi üzrə yuxarıda istinad edilən qərar, 168 və 169-cu bəndlər).
304. Yuxarıda qeyd edilən qüsurları nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, Rusiya qanunvericiliyi "qanunun keyfiyyətinə" aid tələbə cavab vermir və "müdaxilənin" "demokratik cəmiyyətdə zəruri" olan hədd daxilində olmasını təmin etməyə qadir deyil.
305. Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
306. Ərizəçi şikayət etdi ki, 8-ci maddə üzrə şikayəti ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmayıb. O, Konvensiyanın 13-cü maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir".
307. Yuxarıda 286-300-cü bəndlərdə Konvensiyanın 8-ci maddəsi üzrə gəldiyi qənaətləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayət Konvensiyanın 8-ci maddəsi üzrə şikayətlə sıx əlaqəli olsa da və bu səbəbdən qəbul olunan elan edilməli olsa da, onu ayrıca araşdırmağa ehtiyac yoxdur (bax: "Liberti" və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 73-cü bənd).
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
308. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
309. Ərizəçi mənəvi ziyana görə 9.000 avro tələb etdi.
310. Hökumət bildirdi ki, ərizəçinin etiraz etdiyi Rusiya qanunvericiliyinin təsirinə bilavasitə məruz qalmadan həmin qanunvericilikdən mücərrəd şəkildə şikayət etdiyini nəzərə alsaq, bu tələb həddən artıq yüksəkdir. Buna görə də, pozuntunun müəyyən edilməsinin özü yetərincə ədalətli təzminat təşkil etmiş olar.
311. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq məhkəmə qərarlarının icrası kontekstində Konvensiyanın və ya onun Protokollarının pozuntusunu müəyyən etmiş qərar cavabdeh dövlətin üzərinə belə bir hüquqi öhdəlik qoyur ki, nəinki ədalətli təzminat qismində təyin edilmiş hər hansı məbləğləri müvafiq şəxslərə ödəsin, həm də Nazirlər Komitəsi tərəfindən nəzarətin olması ilə şərti ilə, Məhkəmənin müəyyən etdiyi pozuntuya son qoymaq üçün özünün daxili hüquq sistemində qəbul edilməli olan ümumi və (və ya) lazımi hallarda fərdi tədbirləri seçsin və pozuntunun nəticələrini aradan qaldırmaq məqsədi ilə pozuntu baş verənə qədər mövcud olmuş vəziyyətin bərpası üçün mümkün olan bütün addımları atsın. Bundan əlavə, Konvensiyanı ratifikasiya edərkən iştirakçı dövlətlər daxili qanunvericiliklərinin ona uyğun olmasını təmin etməyi öhdələrinə götürüblər (bax: "Avropaya inteqrasiya və insan hüquqları uğrunda assosiasiya" və Ekimciyevin işi üzrə yuxarıda istinad edilən qərar, 111-ci bənd, sonrakı istinadlarla).
312. Məhkəmə hesab edir ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
313. Ərizəçi Palatadakı icraatda çəkmiş olduğu poçt və tərcümə xərclərinə görə 26.579 rus rublu (RUB, ərizənin verildiyi tarixdə təxminən 670 avro) tələb etdi. O, poçt və faks xidmətlərinin hesab-fakturasına və tərcümə xidmətləri haqqında müqaviləyə istinad etdi.
314. Ərizəçi Böyük Palatadakı icraatda ödədiyi vəkil qonorarlarına görə 22.800 funt sterlinq (GBR, ərizənin verildiyi tarixdə təxminən 29.000 avro) və 13.800 avro tələb etdi. O, vəkillərin işə sərf etdikləri vaxt qrafikinə istinad etdi. O həmçinin qəbzlərə və hesab-fakturalara istinad edərək tərcümə xərclərinə, səfər xərclərinə və digər inzibati xərclərə görə 6.833,24 GBR (ərizənin verildiyi tarixdə təxminən 8.700 avro) tələb etdi.
315. Hökumət Palatadakı icraatda çəkilmiş məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələbi qəbul etdi, çünki həmin tələb sübutedici sənədlərlə təsdiqlənirdi. Böyük Palatadakı icraatda çəkilmiş məhkəmə xərclərinə və digər məsrəflərlə gəlincə, Hökumət bildirdi ki, tələblər dinləmədən bir aydan artıq vaxt keçdikdən sonra təqdim edilib. Vəkil qonorarlarına gəlincə, Hökumət bildirdi ki, həmin qonorarların bir hissəsi etibarnamə formasının ərizəçi tərəfindən imzalanmasından əvvəl hüquqi nümayəndələrin gördükləri işi əhatə edir, xanım Levaynın adına isə etibarnamə forması yoxdur. Bundan başqa, nümayəndələrin sayı və işin hazırlanmasına onların sərf etdikləri saatların miqdarı həddən artıq çoxdur. Üstəlik, ərizəçinin sözügedən vəkil qonorarlarını ödədiyini, yaxud qanunla və ya müqavilə ilə onları ödəmək öhdəliyi daşığını göstərən sübut yoxdur. Tərcümə xərclərinə və digər inzibati xərclərə gəlincə, Hökumət bildirdi ki, ərizəçi tələb olunan məbləğləri ödədiyini göstərən heç bir sənəd təqdim etməyib. Eləcə də ərizəçinin vəkillərinin bəzilərinin rusdilli vəkillər olduğunu nəzərə alsaq, o, tərcümə xərclərinin zəruri olduğunu sübut etməyib. Tərcüməçilərin tələb etdikləri qiymət həddən atıq yüksəkdir. Nəhayət, səfər xərcləri də həddən atıq yüksəkdir.
316. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin kompensasiyası hüququna malik olur ki, həmin xərclərin faktiki və zəruri olaraq çəkildiyini sübut etsin və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə sərəncamındakı sənədləri və yuxarıdakı meyarları z6. Ərizəçi həmçinin kayətləriblərin şikayətləribə lefon danışılqaırınn ir. edən oxzdyda ilə təşkil edəninin 11111111111111111 nəzərə alaraq, Məhkəmə bütün bəndlər üzrə məhkəmə xərclərinin müqabilində ərizəçiyə 40.000 avro məbləğini, üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləğini təyin etməyi ağlabatan hesab edir.
C. İcranın gecikdirilməsinə görə faiz dərəcəsi
317. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz dərəcəsi Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Ərizəçinin qurban statusunun olmaması və daxili hüquqi müdafiə vasitələrini tükəndirməməsi barədə Hökumətin etirazlarına baxılmasını işə mahiyyəti üzrə baxılması ilə birləşdirməyi yekdilliklə qərara alır və ərizəni yekdilliklə qəbul olunan elan edir;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulub və Hökumətin yuxarıda qeyd edilən etirazlarını rədd edir;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac yoxdur;
4. Bir səsə qarşı on altı səslə qərara alır ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir;
5. Yekdilliklə qərara alır ki:
a) cavabdeh dövlət məhkəmə xərclərinə və digər məsrəflərə görə üç ay ərzində ərizəçiyə 40.000 (qırx min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini ödəməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
6. Ədalətli təzminat haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 4 dekabr 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy