© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Roman Zaxarov Rusiyaya qarşı [BP] – ərizə № 47143/06 4.12.2015 tarixli qərar [BP]
Maddə 34
Qurban statusu
Mobil telefon istifadəçisinin məxfi müşahidə sistemindən şikayəti ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrinin olmaması: qurban statusu təsdiq edildi
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Mobil telefon əlaqələrinin məxfi izlənilməsini tənzimləyən qanunvericilik bazasında qüsurların olması: pozuntu baş verib
Faktlar – Nəşriyyat şirkətinin baş redaktoru olan ərizəçi üç mobil şəbəkə operatoruna qarşı məhkəmə iddiası qaldıraraq şikayət etdi ki, onlar onun telefon danışıqlarının məxfiliyi hüququna müdaxilə ediblər. O iddia etdi ki, müvafiq daxili qanunvericiliyə uyğun olaraq mobil şəbəkə operatorları Federal Təhlükəsizlik Xidmətinin ("FSB") ilkin məhkəmə icazəsi olmadan bütün telefon danışıqlarını dinləməsinə imkan verən avadanlıqlar quraşdırıblar. O, məhkəmədən xahiş etdi ki, avadanlıqların götürülməsini tələb edən məhkəmə qadağası tətbiq etsin və mobil telefon danışıqlarını dinləmək imkanının yalnız buna səlahiyyəti çatan şəxslər üçün əlçatan olmasını təmin etsin.
Ölkədaxili məhkəmələr ərizəçinin iddiasını rədd edərək müəyyən etdilər ki, o öz telefon danışıqlarının dinlənildiyini və ya mobil telefon operatorlarının onun qorunmalı olan məlumatlarını səlahiyyəti çatmayan şəxslərə verdiyini sübut edə bilməyib. Onun qeyd etdiyi avadanlıqların quraşdırılması özlüyündə onun telefon danışıqlarının məxfiliyini pozmayıb.
O, Konvensiya üzrə şikayətinə dair icraatda şikayət etdi ki, Rusiyada mobil telefon danışıqlarının gizli dinlənilməsi sistemi Konvensiyanın 8-ci maddəsinin tələblərinə cavab vermir. 11 mart 2014-cü ildə Məhkəmənin Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etdi.
Hüquqi məsələlər – Maddə 8
a) Qurban statusu – Kennedi Birləşmiş Krallığa qarşı işdə Məhkəmənin istifadə etdiyi yanaşma müşahidə tədbirlərinin məxfiliyi səbəbindən həmin tədbirlərdən şikayət verilməsinin faktiki olaraq mümkünsüz hala gəlməməsini və həmin tədbirlərin milli məhkəmə orqanlarının və Avropa Məhkəməsinin nəzarəti xaricində qalmamasını təmin etmək tələbatına ən yaxşı şəkildə yarayır. Müvafiq olaraq, aşağıdakı şərtlərin mövcud olduğu hallarda ərizəçi məxfi müşahidə tədbirlərinin və ya məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin sadəcə mövcudluğu səbəbindən pozuntu qurbanı olduğunu iddia edə bilər.
i) Qanunvericiliyin tətbiq dairəsi – Məhkəmə məxfi müşahidə tədbirlərinə icazə verən qanunvericiliyin tətbiq dairəsini nəzərə alacaq və bunun üçün o, ərizəçinin etiraz edilən qanunvericiliyin hədəfə aldığı müəyyən şəxslər qrupuna mənsub olması səbəbindən, yaxud da istənilən şəxsin kommunikasiyalarının izlənilməsinə imkan verən sistemin bərqərar edilməsi vasitəsilə kommunikasiya xidmətlərinin bütün istifadəçilərinə qanunvericiliyin birbaşa təsir göstərməsi səbəbindən həmin qanunvericiliyin təsirinə məruz qalmasının mümkün olub-olmadığını araşdıracaq.
ii) Milli səviyyədə hüquqi müdafiə vasitələrinin mövcud olub-olmaması – Məhkəmə milli səviyyədə hüquqi müdafiə vasitələrinin mövcud olub-olmadığını araşdıracaq və aparacağı araşdırmanın səviyyəsini həmin vasitələrin səmərəliliyindən asılı olaraq tənzimləyəcək. Məxfi müşahidəyə mərz qalmasından şübhələnən şəxs üçün ölkədaxili sistemdə səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmayıbsa, məxfi müşahidə səlahiyyətlərindən sui-istifadə ediləcəyinə dair ictimaiyyət arasında geniş yayılmış şübhə və narahatlığın əsassız olduğunu söyləmək olmaz. Belə vəziyyətdə iddia etmək olar ki, müşahidə təhlükəsinin özü poçt və telekommunikasiya xidmətləri vasitəsilə sərbəst ünsiyyətdə olmanı məhdudlaşdırır və beləliklə bütün istifadəçilərin və ya potensial istifadəçilərin 8-ci maddə ilə təmin edilən hüququna birbaşa müdaxilə təşkil edir. Buna görə də bu halda Məhkəmə tərəfindən daha çox nəzarətə ehtiyac var və fərdlərin qanundan mücərrəd şikayət etmək hüququnu rədd edən qaydadan istisnaya yol verilməsi əsaslıdır. Belə hallarda məxfi müşahidə tədbirlərinin ona tətbiq ediləcəyinə dair hər hansı riskin mövcudluğunun şəxs tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Milli sistemdə səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulduqda isə, əksinə, sui-istifadə hallarına dair geniş yayılmış şübhəni əsaslandırmaq daha çətindir. Belə vəziyyətlərdə şəxs sadəcə olaraq məxfi tədbirlərin və ya məxfi tədbirlərə icazə verən qanunvericiliyin mövcudluğu səbəbindən pozuntunun qurbanı olduğunu yalnız o halda iddia edə bilər ki, fərdi durumu ilə əlaqədar olaraq belə tədbirlərə məruz qalmaq riski altında olduğunu sübut etmiş olsun. Etiraz edilən qanunvericilik mobil telefon rabitəsi xidmətlərinin bütün istifadəçilərinə birbaşa təsir göstərirdi, belə ki, o, məxfi müşahidə sistemini təsis etmişdi ki, həmin sistemə əsasən milli xidmət təchizatçılarının mobil telefon xidmətlərindən istifadə edən istənilən şəxsin mobil telefon danışıqları, hətta müşahidə altında olduğu barədə ona xəbər verilmədən, dinlənilə bilərdi. Bundan başqa, məxfi müşahidəyə məruz qalmasından şübhələnən şəxs üçün daxili qanunvericilikdə səmərəli hüquqi müdafiə vasitələri nəzərdə tutulmamışdı. Buna görə də müvafiq qanunvericiliyin mücərrəd şəkildə araşdırılması əsaslı idi. Ərizəçinin, öz fərdi durumu ilə əlaqədar olaraq, məxfi müşahidəyə məruz qalma riski altında olduğunu sübut etməsinə ehtiyac yox idi. Beləliklə, o, Konvensiyanın pozuntusunun qurbanı olduğunu iddia etmək hüququna malik idi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – Etiraz edilən qanunvericiliyin sadəcə mövcudluğu özlüyündə ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarını həyata keçirməsinə müdaxilə təşkil edirdi. Mobil telefon danışıqlarının dinlənilməsi daxili qanunvericilikdə əsasa malik idi və milli təhlükəsizliyin və ictimai asayişin qorunmasından, cinayətin qarşısını alınmasından və ölkənin iqtisadi rifahının qorunmasından ibarət qanuni məqsədlər daşıyırdı. İndi onu müəyyənləşdirmək qalırdı ki, daxili qanunvericilik əlçatan idimi və orada "öncəgörmə" (qanunun müddəaları əsasında davranışın nəticələrini öncədən görə bilmə) və "demokratik cəmiyyətdə zərurilik" tələblərinə cavab verən adekvat və səmərəli təminat və zəmanətlər yer almışdımı?
i) Daxili qanunvericiliyin əlçatan olub-olmaması – Tərəflər arasında bu məsələdə yekdil fikir var idi ki, məxfi müşahidəni tənzimləyən daxili qanunvericilik normalarının demək olar hamısı rəsmən dərc olunmuşdu və ictimaiyyət üçün əlçatan idi. Bəzi müddəaların əlçatanlığı məsələsində tərəflər arasında fikir ayrılığı olsa da, Məhkəmə qeyd etdi ki, onlar nazirliyin rəsmi jurnalında dərc olunmuşdular və onları İnternetdəki hüquqi məlumat bazasından əldə etmək olardı, buna görə də bu məsələnin araşdırılmasını davam etdirməyə ehtiyac yox idi.
ii) Məxfi müşahidə tədbirlərinin tətbiq dairəsi – İzləmə qərarının çıxarılmasına səbəb ola bilən hüquq pozuntularının xarakteri kifayət qədər aydın idi. Narahatlıq doğuran məsələ bu idi ki, daxili qanunvericilik məxfi müşahidə tədbirlərinin geniş çeşidli cinayət əməllərinə şamil olunmasına icazə verirdi. Bundan başqa, izləmə qərarları yalnız şübhəli və ya təqsirləndirilən şəxs barəsində deyil, həm də cinayət haqqında məlumata malik şəxs barəsində çıxarıla bilərdi. Baxmayaraq ki, Məhkəmə əvvəlki işdə* hüquq pozuntusu barəsində məlumatı olan şəxsə qarşı izləmə tədbirlərinə 8-ci maddə əsasında haqq qazandırmağın mümkün olduğunu müəyyən etmişdi, hazırkı işdə o qeyd etdi ki, daxili qanunvericilik praktiki olaraq hansı şəxslərin bu kateqoriyaya aid edildiyinə aydınlıq gətirmir. Eləcə də Rusiyanın milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəsizliyinə qarşı təhlükə yaradan hadisələr və ya fəaliyyətlərlə əlaqədar olaraq şəxsin kommunikasiyalarının izlənməsinə əsas verən halların hansı hallar olduğu qanunvericilikdə müəyyən edilməmişdi. Bununla da, bu cür təhlükə təşkil edən hadisələrin və ya hərəkətlərin hansılar olduğunu və təhlükənin məxfi müşahidəyə haqq qazandıracaq dərəcədə ciddi olub-olmadığını müəyyənləşdirməkdə hakimiyyət orqanlarına, demək olar ki, qeyri-məhdud diksresion səlahiyyət verilmişdi. Bu isə sui-istifadə üçün imkanlar yaradırdı.
iii) Məxfi müşahidə tədbirlərinin müddəti – Rusiya qanunvericiliyində izləmələrin müddətinə və yenilənməsinə dair aydın normalar vardı ki, onlar da sui-istifadə hallarına qarşı adekvat təminatların olmasını təmin edirdi, lakin müşahidə tədbirlərinə xitam verilməsi barədə müvafiq müddəalar əsassız müdaxilələrə qarşı yetərli təminat təşkil etmirdi.
iv) İzləmə yolu ilə əldə edilmiş məlumatların saxlanması və məhv edilməsi qaydası – Daxili qanunvericilikdə izləmə nəticəsində əldə edilmiş məlumatların saxlanması, istifadəsi və ötürülməsini tənzimləyən aydın normalar yer almışdı ki, bu da onlara icazəsiz giriş və ya onların icazəsiz açıqlanması riskini minimuma endirməyə imkan verirdi. Lakin Məhkəmə şəxsə qarşı cinayət ittihamı irəli sürülmədiyi hallarda izləmə yolu ilə əldə edilmiş materialların saxlanması üçün müəyyən edilmiş altı aylıq müddəti ağlabatan hesab etsə də, əldə edilməsinin məqsədlərinə aidiyyəti olmayan hər hansı məlumatların dərhal məhv edilməsi barədə tələbin olmamasından təəssüfləndiyini bildirdi. Məqsədlərə açıq-aydın aidiyyəti olmayan məlumatların avtomatik olaraq altı ay saxlanmasına 8-ci maddə əsasında haqq qazandırmaq olmazdı. Bundan başqa, şəxsə qarşı cinayət ittihamının irəli sürüldüyü hallarda daxili qanunvericilik işə baxan hakimə məhkəmə araşdırması başa çatdıqdan sonra sübut qismində istifadə edilmiş materialların saxlanması və ya məhv edilməsi məsələsində qeyri-məhdud diskresion səlahiyyət verirdi. Beləliklə, adi vətəndaşlar hansı hallarda izləmə materiallarının məhkəmə araşdırması başa çatdıqdan sonra saxlanıla biləcəyini müəyyənləşdirmək imkanına malik deyildilər. Buna görə də bu məsələdə daxili qanunvericilik kifayət qədər aydın deyildi.
v) İzləmələrə icazə verilməsi – İcazə prosedurlarına gəlincə, telefon danışıqlarının və ya digər kommunikasiyaların izlənilməsinə icazə məhkəmə tərəfindən verilməli idi. Lakin məhkəmə nəzarətinin tətbiq dairəsi məhdud idi. Konkret olaraq, məxfi agentlər və ya polis informatorları barəsində, yaxud əməliyyat-axtarış tədbirlərinin təşkili və taktikaları haqqında informasiyaların yer aldığı məlumatlar hakimə təqdim edilə bilməzdi və bu səbəbdən hakimin nəzarət dairəsi xaricində idi. Beləliklə, müvafiq məlumatların məhkəmələrə açıqlanmaması məhkəmələri əməliyyat-axtarış tədbirlərinin görülməsi üçün verilmiş vəsatətdə göstərilən şəxsin cinayət törətməsindən, yaxud milli, hərbi, iqtisadi və ya ekoloji təhlükəyə qarşı təhlükə yaradan hərəkətlər etməsindən şübhələnmək üçün yetərincə faktoloji əsasların olub-olmadığını qiymətləndirmək səlahiyyətindən məhrum edirdi. Həqiqətən də Rusiya qanunvericiliyində belə göstəriş yox idi ki, hakimlər müvafiq şəxsə qarşı "əsaslı şübhənin" mövcudluğunu yoxlamalı, yaxud "zərurilik" və "mütənasiblik" meyarlarını tətbiq etməlidirlər. Bundan əlavə, daxili qanunvericilikdə izləmə vəsatətinin və ya izləmə icazəsinin məzmununa dair hər hansı tələb yox idi. Nəticədə bəzən məhkəmələr kommunikasiyaları izlənilməli olan konkret şəxsi və ya dinlənilməli telefonun nömrəsini göstərmədən cinayət törədilmiş ərazidə bütün telefon danışıqlarının dinlənilməsinə icazə verirdilər. Bəzi izləmə icazələrinin hansı müddətədək verildiyi göstərilmirdi. Belə icazələr hansı kommunikasiyaların və hansı müddətədək izlənməsi məsələsində hüquq-mühafizə orqanlarına olduqca geniş diskresion səlahiyyətlər verirdi.
Bundan başqa, təxirəsalınmaz hallarda kommunikasiyalar ilkin məhkəmə icazəsi olmadan 48 saatadək izlənilə bilərdi. Lakin təxirəsalınmaz prosedur onun az çox hallarda və yalnız bunun üçün əsas olduğu təqdirdə istifadə edilməsini təmin edən yetərli təminatları özündə ehtiva etmirdi. Daxili qanunvericilik təxirəsalınmaz prosedurun istifadəsini real təhlükənin mövcud olduğu hallarla məhdudlaşdırmır və beləliklə hakimiyyət orqanlarına qeyri-məhdud dərəcədə diskresion səlahiyyətlər verirdi ki, bu da həmin prosedurdan sui-istifadə edilməsinə imkanlar yaradırdı. Bundan başqa, daxili qanunvericilik təxirəsalınmaz izləmənin tələb olunduğu hər bir halda hakimin dərhal məlumatlandırılmasını tələb etsə də, onun səlahiyyəti izləmə tədbirinin müddətini 48 saatdan sonra daha artıq müddətə uzatmaqla məhdudlaşırdı. Beləliklə, Rusiya qanunvericiliyində təxirəsalınmaz prosedur üzərində səmərəli məhkəmə nəzarəti nəzərdə tutulmamışdı.
Xülasə, Rusiya qanunvericiliyində nəzərdə tutulmuş icazə prosedurları məxfi müşahidə tədbirlərinə dair qərarların sistemsiz və təsadüfi şəkildə, yaxud da məsələyə lazımi qaydada və düzgün şəkildə baxılmadan qəbul edilməməsini təmin etmək iqtidarında deyildi.
Əlavə çətinlik yaradan məsələ ondan ibarət idi ki, hüquq-mühafizə orqanları ümumiyyətlə abonentlər barədə məlumat istəyərkən kommunikasiyalara giriş əldə etməzdən əvvəl kommunikasiya xidməti təchizatçılarına məhkəmə icazəsini göstərmək vəzifəsini daşımırdılar, xidmət təchizatçıları isə öz növbəsində bütün istifadəçilərin bütün mobil telefon əlaqələrinə hüquq-mühafizə orqanlarının birbaşa giriş əldə etməsinə imkan verən avadanlıqlar quraşdırmalı idilər. Beləliklə, bu sistem sui-istifadə hallarına xüsusilə meylli idi.
vi) Nəzarət – Daxili qanunvericilikdə izləmələr haqqında informasiyaların yazılmasının və ya qeydə alınmasının qadağan edilməsi lazımi məhkəmə icazəsi olmadan aparılmış izləmələrin nəzarət orqanı tərəfindən aşkar edilməsini mümkünsüz edirdi. Hüquq-mühafizə orqanlarının bütün kommunikasiyaları birbaşa izləmək üçün texniki imkanlara malik olması ilə birlikdə bu hal qanunsuz izləmələrin aşkar edilməsinə yönələn hər hansı nəzarət tədbirlərini heçə endirir və beləliklə də səmərəsiz edirdi.
Lazımi qaydada alınmış məhkəmə icazələri əsasında aparılmış izləmələr üzərində nəzarətə gəlincə, bu halda məhkəmə nəzarəti ilkin icazə mərhələsi ilə məhdudlaşırdı. Sonrakı nəzarət isə prezidentə, parlamentə, hökumətə, baş prokurora və aşağı səviyyələrdən olan səlahiyyətli prokurorlara həvalə olunmuşdu. Prezidentə, parlamentə və hökumətə gəlincə, onların izləmələrə hansı qaydada nəzarət etmələri daxili qanunvericilikdə əks olunmamışdı. Onların nəzarətinin tətbiq dairəsini, nəzarətin hansı şərtlərlə həyata keçirilməli olduğunu, müşahidə tədbirlərinə nəzarət edilməsi və ya aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün prosedurları göstərən və ictimaiyyət üçün əlçatan olan hər hansı qaydalar və ya təlimatlar yox idi.
Qanunvericilik bazasında ən azı nəzəri cəhətdən prokurorların müəyyən nəzarət funksiyaları nəzərdə tutulsa da, həmin nəzarət sui-istifadə hallarına qarşı adekvat və yetərli təminatları təmin etmək iqtidarında deyildi. Konkret olaraq:
– prokurorların müstəqilliyi ilə bağlı şübhələr vardı, çünki baş prokuror onları regional icra hakimiyyəti orqanları ilə məsləhətləşdikdən sonra vəzifəyə təyin edir və vəzifədən azad edirdi və prokurorlarla bu orqanların funksiyaları qismən üst-üstə düşürdü, belə ki, onların hər ikisi izləmə vəsatətlərini təsdiq edir, sonra isə onların icrasına nəzarət edirdilər;
– onların nəzarətinin tətbiq dairəsi məhdud idi (prokurorlar məxfi agentlərin işi barədə məlumata malik deyildilər və əks-kəşfiyyat sahəsində müşahidə tədbirləri faktiki olaraq onların nəzarətinə məruz qalmırdı, çünki müvafiq şəxs müşahidə tədbirinə məruz qalmasından xəbərsiz olur və beləliklə şikayət vermək imkanına malik olmurdu);
– onların səlahiyyətləri məhdud idi, məsələn, baxmayaraq ki, onlar aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və ya düzəldilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması üçün tədbirlər görə bilərdilər, qanunsuz yolla əldə edilmiş izləmə materiallarının məhv edilməsini tələb edən heç bir konkret norma mövcud deyildi;
– onların həyata keçirdiyi nəzarət ictimaiyyətin nəzarəti və məlumatlılığı üçün açıq deyildi, belə ki, onların hesabatları dərc olunmurdu, yaxud hər hansı digər formada ictimaiyyət üçün əlçatan deyildi;
– Hökumət yoxlamalara dair prokurorun hər hansı hesabatını, yaxud aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və ya düzəldilməsi üçün tədbirlərin görülməsi barədə prokurorun göstərişinin yer aldığı hər hansı qərarı təqdim etməmişdi.
vii) Kommunikasiyaların izlənməsi barədə məlumatlandırılma və mövcud hüquqi müdafiə vasitələri – Kommunikasiyaları izlənilən şəxslər bu barədə məlumatlandırılmırdılar. Müvafiq şəxsə qarşı cinayət işi açılmadığı və izləmə yolu ilə əldə edilmiş məlumatlar sübut kimi istifadə edilmədiyi təqdirdə, yaxud informasiya sızması baş vermədiyi halda, həmin şəxs, yəqin ki, kommunikasiyalarının izlənilməsindən heç vaxt xəbər tutmayacaqdı.
Kommunikasiyalarının izlənilməsindən hansısa yolla xəbər tutan şəxslər müvafiq məlumatlar barədə informasiya tələb edə bilərdilər. Lakin bu tələblə müraciət etmək üçün onlar məruz qaldıqları əməliyyat-axtarış tədbirlərinə dair faktlara malik olmalı idilər. Beləliklə, şəxsin həmin informasiyalarla tanış ola bilməsi onun kommunikasiyalarının izlənildiyini sübut edə bilməsi ilə şərtlənirdi. Bundan başqa, izləmə subyektləri kommunikasiyalarının izlənildiyinə aid sənədlərlə tanış olmaq hüququna malik deyildilər və ən yaxşı halda toplanmış məlumatlar barəsində "informasiya" almaq hüququna malik idilər. Bu cür informasiya yalnız məhdud hallarda, yəni şəxsin təqsiri qanunla müəyyən edilən qaydada sübut olunmadıqda və məlumatlarda dövlət sirri təşkil edən informasiyalar olmadıqda təqdim edilirdi. Rusiya qanunvericiliyinə əsasən əməliyyat-axtarış fəaliyyətlərində istifadə edilən vasitələr, tətbiq edilən metodlar, iştirak edən əməkdaşlar barədə informasiyalar və toplanmış məlumatlar dövlət sirri təşkil etdiyinə görə, izləmələr barədə informasiya əldə etmək imkanı mümkünsüz görünürdü.
Hökumət tərəfindən qeyd edilən məhkəməyə müraciət etmə kimi hüquqi müdafiə vasitələri yalnız o şəxslər üçün əlçatan idi ki, onlar kommunikasiyalarının izlənməsindən xəbər tuturdular. Beləliklə, izləmə subyektinin məlumatlandırılması barədə tələbin olmaması, yaxud hakimiyyət orqanlarından izləmələr barədə informasiyaları tələb etmək və əldə etmək üçün adekvat imkanın olmaması həmin vasitələrin səmərəliliyinə xələl gətirirdi. Müvafiq olaraq, izləmə subyektinə qarşı cinayət prosesi aparılmayan hallarda Rusiya qanunvericiliyində məxfi müşahidə tədbirlərinə qarşı məhkəməyə müraciət etmə kimi səmərəli hüquqi müdafiə vasitəsi nəzərdə tutulmamışdı.
Xülasə, kommunikasiyaların izlənilməsini tənzimləyən daxili qanunvericilik normaları özbaşınalıq hallarına və sui-istifadə riskinə qarşı adekvat və səmərəli təminatları özündə əks etdirmirdi. Daxili qanunvericilik "qanunun keyfiyyətinə" aid tələbə cavab vermirdi və "müdaxilənin" "demokratik cəmiyyətdə zəruri" olan hədd daxilində olmasını təmin etməyə qadir deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsinin özü hər hansı mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir.
(Bax: Veber və Saraviya Almaniyaya qarşı (qərardad), ərizə № 54934/00, 29 iyun 2006-cı il, Məlumat bülleteni № 88; Kennedi Birləşmiş Krallığa qarşı, ərizə № 26839/05, 18 may 2010-cu il, Məlumat bülleteni № 130; həmçinin ümumi məlumat üçün bax: Handbook on European data protection law).
* Yordaçi və başqaları Moldovaya qarşı, ərizə № 25198/02, 10 fevral 2009-cu il, Məlumat bülleteni № 116.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy