Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 198
İyul 2016-cı il
***
Ruban (Ruban) Ukraynaya qarşı – ərizə № 8927/11
12.7.2016 tarixli qərar [V Bölmə]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Təyin edilməli cəzadan daha ağır cəzanın təyin olunması
Ölüm cəzasının ləğv edildiyi dövrlə qanunvericilikdə dəyişiklik edildiyi dövr arasındakı qısa müddətdə daha yüngül cəza təyin etməkdən imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi ağırlaşdırıcı hallarla adamöldürmə də daxil olmaqla 1996-cı ildə törətdiyi cinayətlərə görə 2010-cu ildə məhkum edilmişdi. Bu cinayətlər törədildiyi zaman 1960-cı il tarixli Cinayət Məcəlləsində adamöldürmə cinayətinə görə ölüm cəzası nəzərdə tutulmuşdu. 29 dekabr 1999-cu ildə Konstitusiya Məhkəməsi ölüm cəzasını konstitusiyaya zidd elan etdi və bu qərar dərhal qüvvəyə mindi. Üç ay sonra, 29 mart 2000-ci ildə parlament Cinayət Məcəlləsində dəyişiklik edərək ağırlaşdırıcı hallarla adamöldürmə cinayətinə görə ölüm cəzasını ləğv etdi və onu ömürlük həbs cəzası ilə əvəz etdi. Konvensiya üzrə icraatda ərizəçi iddia etdi ki, lexmitior (qanunda dəyişiklik edilərkən hüquqpozanın vəziyyətinin yüngülləşdirilməsi) prinsipi Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi ilə sonradan Cinayət Məcəlləsində dəyişiklik edilərək ömürlük həbs cəzasının tətbiq edilməsi arasındakı üç aylıq müddətdə ona daha yüngül cəzanın (on beş il azadlıqdan məhrumetmə) tətbiq olunmasını tələb edirdi.
Hüquqi məsələlər – Maddə 7: 7-ci maddənin 1-ci bəndi təkcə cinayət qanununun ağırlaşdırılmasının retrospektiv tətbiqinin yolverilməzliyi prinsipini təmin etmir, həm də dolayısı ilə cinayət qanununun yüngülləşdirilməsinin retrospektiv tətbiqi prinsipini təmin edir; başqa sözlə, cinayət törədildiyi anda qüvvədə olan cinayət qanunu ilə iş üzrə yekin məhkəmə qərarı qəbul edildiyi anadək qəbul edilmiş sonrakı cinayət qanunu arasında fərq olarsa, məhkəmələr qanunvericiliyin müttəhim üçün ən əlverişli olan normalarını tətbiq etməlidirlər. Birinci instansiya məhkəməsinin hər bir cinayətə görə qanunverici orqan tərəfindən mütənasib hesab edilən cəzanı təyin etməsi qanunun aliliyi prinsipinə uyğundur.*
Ölüm cəzasının ləğv edilməsi ilə sonradan Cinayət Məcəlləsində dəyişiklik edilməsi arasındakı üç aylıq müddətdə qanunvericilikdə boşluq yaranması bilərəkdən baş vermiş hal deyildi. Müvafiq dövrdə Cinayət Məcəlləsinin 1960-cı il redaksiyasında ərizəçi tərəfindən törədilmiş cinayət növünə görə qanunverici orqan tərəfindən mütənasib hesab edilən cəza nəzərdə tutulduğunu, çətin ki, iddia etmək olardı. Qanunverici orqanın cinayət qanununu humanistləşdirmək və daha yüngül cəza nəzərdə tutan qanunun retrospektiv tətbiqinə imkan yaratmaq niyyəti mühüm amil idi (bax: Quarre Patt Andorraya qarşı, ərizə № 33427/10, 12 yanvar 2016-cı il, 192 saylı Məlumat bülleteni). Lakin sərəncamındakı materiallardan Məhkəmə qanunverici orqanın və konkret olaraq dövlətin qanunu ərizəçi tərəfindən göstərilən dərəcədə yüngülləşdirmək niyyətində olduğunu aşkar etmədi. Ərizəçinin 1996-cı ildə törətdiyi cinayət həmin vaxt ölüm cəzası ilə cəzalandırılırdı. Parlament ölüm cəzasını mütənasib hesab etdiyi ömürlük həbs cəzası ilə əvəz etmişdi. Beləliklə, sözügedən üç aylıq müddətdə daxili məhkəmələrin Cinayət Məcəlləsinin 1960-cı il redaksiyasını yekun məhkəmə qərarının qəbulunadək ən yüngül cəza nəzərdə tutan versiya hesab etməkdən imtina etmələri və bunun əvəzinə qanunun parlament tərəfindən 29 mart 2000-ci ildə, yəni ərizəçinin məhkum edilməsindən xeyli əvvəl dəyişdirilən və həmin vaxtdan bəri qüvvədə olan redaksiyasını tətbiq etməyi qərara almaları ərizəçinin 7-ci maddə ilə təmin edilən hüquqlarını pozmamışdı. Müvafiq olaraq, ərizəçini cinayət törədildiyi dövrdə qanunla təyin edilə bilən cəzaya, yəni ölüm cəzasına deyil, ittiham hökmü çıxarıldığı dövrdə qanunla təyin edilə bilən cəzaya, yəni ömürlük həbs cəzasına məhkum etməklə daxili məhkəmələr faktiki olaraq daha yüngül cəza tətbiq etmişdilər.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
* Skoppola İtaliyaya qarşı (№ 2) [BP], ərizə № 10249/03, 17 sentyabr 2009-cu il, 122 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy