© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BEŞİNCİ BÖLMƏ
RUSLAN YAKOVENKO (RUSLAN YAKOVENKO) UKRAYNAYA QARŞI məhkəmə işi
(Ərizə № 5425/11)
QƏRAR
Strasburq
4 iyun 2015-ci il
Qüvvəyə minmə tarixi:
04.09.2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Ruslan Yakovenko Ukraynaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə),
hakimlər:
Mark Villiger (Mark Villiger), sədr,
Angelika Nyussberger (Angelika Nußberger),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Qanna Yudkivska (Ganna Yudkivska),
Vinsent A. De Qaetano (Vincent A. De Gaetano),
Andre Potoki (André Potocki),
Aleş Peyçal (Aleš Pejchal),
habelə Bölmə katibinin müavini Milan Blaşkodan (Milan Blaško) ibarət tərkibdə Palatada iclas keçirərək,
21 aprel 2015-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ukrayna vətəndaşı cənab Ruslan Anatoliyeviç Yakovenko (Ruslan Anatoliyovych Yakovenko) (“ərizəçi”) tərəfindən 17 yanvar 2011-ci ildə Məhkəməyə təqdim edilmiş Ukraynaya qarşı ərizə (№ 5425/11) əsasında başlanıb.
2. Ərizəçini Kiyevdə vəkillik fəaliyyəti ilə məşğul olan cənab O.V. Levitski (O.V. Levytskyy) təmsil edib. Ukrayna Hökumətini (“Hökumət”) onun o vaxtkı nümayəndəsi cənab Nazar Kulçitski (Nazar Kulchytskyy) təmsil edib.
3. Ərizəçi həbsdə saxlanmasının qanunsuzluğundan və cinayət prosesində onun apellyasiya hüququnun pozulmasından şikayət etdi.
4. 12 dekabr 2012-ci ildə ərizə barədə Hökumətə məlumat verildi.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1979-cu ildə anadan olub və Kiyev vilayətində, Korolivkada yaşayır.
6. 12 iyul 2010-cu ildə Belaya Tserkov şəhər məhkəməsi ("Belaya Tserkov məhkəməsi") ərizəçini 12 may 2006-cı ildə cənab N. adlı birisinə ağır bədən xəsarəti yetirməkdə təqsirkar hesab etdi. Bu növ cinayət əməli beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılsa da, məhkəmə ərizəçiyə daha yüngül cəza tətbiq etməyi mümkün hesab etdi. Məhkəmə xüsusən bu faktı nəzərə aldı ki, o, təqsirini bonuna alıb və peşmançılıq keçirdiyini nümayiş etdirib. Beləliklə, məhkəmə ərizəçini dörd il yeddi ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. O həmçinin qərara aldı ki, başqa bir cinayət işi ilə əlaqədar olaraq ərizəçinin 20 oktyabr 2005-ci ildən 3 may 2006-cı ilədək həbsdə saxlanıldığı müddət (altı ay on dörd gün) onun cəza müddətinə daxil edilsin. Nəhayət, məhkəmə qeyd etdi ki, ərizəçiyə cəza təyin edərkən bu faktı nəzərə alıb ki, "o, dörd ildən artıq məhkəməyəqədər həbs müəssisələrində saxlanılıb, orada isə şərait cəzaçəkmə müəssisəsindəki şəraitə nisbətən çox ağırdır, həmçinin onun barəsindəki əvvəlki hökmlər ləğv edilib". Ərizəçi barəsində yuxarıda qeyd edilən həbsdə saxlama qərarlarına, yaxud onun barəsindəki digər cinayət işlərinə və ya ləğv edilmiş hökmlərə dair əlavə məlumat yoxdur.
7. Qərarın nəticə hissəsində Belaya Tserkov məhkəməsi həmçinin bildirdi ki, hökm qanuni qüvvəyə minənədək ərizəçi qətimkan tədbiri qismində istintaq təcridxanasında (SİZO) həbsdə saxlanmalıdır. O daha sonra qeyd etdi ki, hökm elan edildikdən sonra on beş gün ərzində ona qarşı apellyasiya şikayəti verilə bilər.
8. 15 iyul 2010-cu ildə ərizəçinin cəza müddəti başa çatdı və o, azadlığa buraxılması üçün SİZO müdiriyyətinə müraciət etdi. Onun xahişi rədd edildi. Lakin ərizəçi cəza müddətini tam çəkmiş olduğuna görə elə həmin gün SİZO müdiriyyəti ərizəçidən şəhəri tərk etməmək barədə iltizam almaqla onun azadlığa buraxılmasına icazə verilməsi üçün Belaya Tserkov məhkəməsinə müraciət etdi. Müraciətə cavab verilmədi.
9. 19 iyul 2010-cu ildə ərizəçinin vəkili ərizəçinin dərhal azadlığa buraxılması üçün bir daha SİZO müdiriyyətinə məktubla müraciət etdi. O konkret olaraq bildirdi ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanmasını davam etdirmək üçün heç bir əsas yoxdur. Məktubun surəti həmçinin Kiyev vilayət prokurorluğuna göndərildi.
10. 27 iyul 2010-cu ildə 12 iyul 2010-cu il tarixli hökmdən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş on beş günlük müddət başa çatdı və heç bir apellyasiya şikayəti verilmədiyinə görə hökm qüvvəyə mindi.
11. Elə həmin gün SİZO müdiriyyəti ərizəçinin vəkilinə yazdı ki, ərizəçi barəsindəki qətimkan tədbiri dəyişdirilməyənədək və ya hökm qüvvəyə minməyənədək onu azad edə bilməzlər. Məktubda qeyd edilmişdi ki, istənilən halda, ərizəçinin azadlığa buraxılmasına icazə vermək Belaya Tserkov məhkəməsinin səlahiyyətinə aiddir.
12. 29 iyul 2010-cu ildə SİZO yekun hökmü icra etmək barədə məhkəmə sərəncamını aldıqdan sonra ərizəçi azadlığa buraxıldı.
13. 5 avqust 2010-cu ildə Cəzaların icrası üzrə dövlət departamenti ərizəçinin azadlığa buraxılmasının gecikdirilməsi ilə bağlı ərizəçinin vəkilinin şikayətlərinə cavab olaraq ona yazdı ki, Cinayət Prosessual Məcəlləsinin pozuntusu baş verməyib.
II. ARAŞDIRILAN DÖVRDƏ QÜVVƏDƏ OLAN MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Cinayət Prosessual Məcəlləsi (1960)
14. 148-ci maddədə qətimkan tədbirlərinin məqsədi və vəzifələri göstərilir. Orada konkret olaraq deyilir ki, qətimkan tədbiri şübhəli şəxsin, təqsirləndirilən şəxsin, müttəhimin və ya məhkum olunmuş şəxsin ədalət mühakiməsindən gizlənməyə cəhd edəcəyini, prosessual qərarlara əməl etməyəcəyini, iş üzrə həqiqətin üzə çıxmasına əngəl törədəcəyini, yaxud da cinayətkar hərəkətlərini davam etdirəcəyini güman etmək üçün yetərli əsaslar olduqda tətbiq edilir.
15. Həbsə alınmış şəxs məhkəmə araşdırması mərhələsində yalnız hakimin və ya məhkəmənin müvafiq qərarı əsasında azad edilə bilər (165-ci maddə). 165-ci maddədə həmçinin nəzərdə tutulur ki, öncə təyin olunmuş tədbirin və ya hə hansı digər qətimkan tədbirinin tətbiqinə ehtiyac olmadıqda qətimkan tədbiri ləğv olunur və ya dəyişdirilir.
16. Həbsə alınmış şəxs məhkəməyəqədər istintaq zamanı onun saxlanma müddəti başa çatdıqda və ya həmin anadək onun saxlanma müddətinin uzadılması barədə məhkəmə qərarı olmadıqda müvafiq saxlama müəssisəsinin müdiriyyəti tərəfindən dərhal azad edilir (156-cı maddənin son hissəsi), lakin həbsə alınmış şəxsin məhkəmə araşdırması mərhələsində azad edilməsi barədə heç bir norma mövcud deyil.
17. 274-cü maddə qətimkan tədbirinin birinci instansiya məhkəməsi tərəfindən tətbiqinə, ləğvinə və ya dəyişdirilməsinə aiddir. Həmin maddəyə əsasən məhkəmə bu halda 13-cü fəslin müddəalarını rəhbər tutmağa borcludur ("Qətimkan tədbiri" – 148-165-3-cü maddələr).
18. 324-cü maddədə deyilir ki, hökm çıxaran məhkəmə konkret olaraq hökm qüvvəyə minənə qədər məhkuma hansı qətimkan tədbirinin tətbiq ediləcəyi barədə qərar verməlidir.
19. 343-cü maddədə mahiyyət etibarı ilə yuxarıdakı müddəa təkrarlanır və daha sonra qeyd edilir ki, məhkəmə qətimkan tədbiri qismində məhkumun həbsdə saxlanmasını yalnız 13-cü fəslin müvafiq müddəalarında nəzərdə tutulan əsaslara görə qərara ala bilər.
20. 358-ci maddədə apellyasiya məhkəməsinin hazırlıq iclasında baxa biləcəyi məsələlər sadalanır. O, konkret olaraq məhkum barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə, ləğvinə və ya tətbiqinə dair qərar çıxara bilər.
21. 401-ci maddəyə əsasən, hökm müəyyən edilmiş müddət ərzində (on beş gün müddətində – 349-cu maddə) ondan apellyasiya şikayət verilmədiyi təqdirdə qüvvəyə minir. Hökmdən apellyasiya şikayəti verildikdə o, işə apellyasiya məhkəməsi tərəfindən baxıldıqdan sonra qüvvəyə minir (ləğv edilmədiyi təqdirdə). Bəraət hökmü çıxarıldıqda və ya cəzanın ləğv edilməsi qərara alındıqda bu qərarlar dərhal icra edilməlidir, ittiham hökmü isə yalnız qüvvəyə mindikdən sonra icra edilə bilər. 404-cü maddədə nəzərdə tutulur ki, hökmü çıxarmış məhkəmə hökmün qüvvəyə minməsindən sonra üç gündən gec olmayaraq onu icra olunmaq üçün göndərməlidir.
B. Mülki Məcəllə (2003-cü il)
22. 1176-cı maddə dövlətin üzərinə "təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq qanunsuz məhkum olunma, cinayət məsuliyyətinə qanunsuz cəlb edilmə, qətimkan tədbirinin və ya həbsin qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş ziyanı tam həcmdə ödəmək" öhdəliyi qoyur (1-ci bənd). Həmin maddədə göstərilir ki, "təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın kompensasiya olunması hüququ qanunda nəzərdə tutulmuş hallarda yaranır" (2-ci bənd).
C. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vətəndaşa vurulmuş ziyanın kompensasiya olunması qaydası haqqında" 1994-cü il tarixli Ukrayna qanunu ("Kompensasiya qanunu")
23. 1-ci maddəyə əsasən, şəxs konkret olaraq qanunsuz məhkum olunma, qanunsuz ittiham olunma, qanunsuz tutulma və qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində ona vurulmuş ziyanın kompensasiya olunması hüququna malikdir. Sadalanan hallarda ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq kompensasiya olunur.
24. 2-ci maddədə kompensasiya hüququnun hansı hallarda yaranması sadalanır. Onlara aşağıdakılar aiddir: 1) bəraət hökmü çıxarıldıqda, (1-1) konkret olaraq şəxsin həbsdə saxlanmasının qanunsuz olduğunu təsdiqləyən qərar qəbul edildikdə; və 2) əməldə cinayət tərkibi olmadığına və ya təqsirləndirilən şəxsin təqsirini göstərən sübut olmadığına görə cinayət işinə xitam verildikdə.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
25. Ərizəçi şikayət etdi ki, 2010-cu il iyulun 15-dən 29-dək həbsdə saxlanması qanunsuz olub. O, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə istinad etdi, həmin bəndin müvafiq hissələrində deyilir:
"1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsin qanuni həbsə alınması;
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
..."
A. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
1. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
a) Tərəflərin arqumentləri
26. Hökumət iddia etdi ki, ərizəçi daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qaydaya riayət etməyib. O qeyd etdi ki, ərizəçinin 2010-cu il iyulun 15-dən 29-dək həbsdə saxlanması həqiqətən qanunsuz olub. Mülki Məcəllənin 1176-cı maddəsinə istinadən (yuxarıda 22-ci bəndə bax) Hökumət iddia etdi ki, ərizəçi ziyanın kompensasiyasını tələb edə bilərdi, amma bu hüquqi müdafiə vasitəsindən istifadə etməyib.
27. Ərizəçi bununla razılaşmadı. O konkret olaraq bildirdi ki, bu vasitənin onun işində səmərəli olması üçün həmin vasitə cəza müddətinin başa çatmasından dərhal sonra onun azadlığa buraxılmasını təmin etmək iqtidarında olmalı idi. O qeyd etdi ki, azad edilməsi üçün SİZO müdiriyyətinə və prokurorluq orqanlarına müraciət etmişdi. Lakin SİZO müdiriyyəti hesab etmişdi ki, hökm qüvvəyə minməyənə qədər bu mümkün deyil. Prokurorluğa gəlincə, o ümumiyyətlə məsələyə müdaxilə etməməyi lazım bilmişdi.
b) Məhkəmənin qiymətləndirməsi
i) Presedent hüququnun ümumi prinsipləri
28. Məhkəmə qeyd edir ki, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda Konvensiyanın 13-cü maddəsində öz əksini tapmış belə bir ehtimala əsaslanır ki, ölkənin hüquq sistemi Konvensiyaya əsaslanan və müvafiq kompensasiyanı təmin etməyə qadir olan əsaslı şikayətin mahiyyəti ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsini təmin edir. Beləliklə, bu prinsipin mühüm aspekti ondan ibarətdir ki, Konvensiyanın müəyyən etdiyi müdafiə mexanizmi insan hüquqlarının müdafiəsini təmin edən milli sistemlərə yardımçı xarakter daşıyır (bax: Ananyev və başqaları Rusiyaya qarşı, ərizələr № 42525/07 və 60800/08, 93-cü bənd, 10 yanvar 2012-ci il, sonrakı istinadlarla).
29. Bir qayda olaraq, ərizəçi iddia edilən pozuntuların düzəldilməsi üçün yalnız əlçatan və yetərli olan daxili hüquqi müdafiə vasitələrindən istifadə etməlidir. Bu vasitələr təkcə nəzəri cəhətdən deyil, həm də praktikada mövcud olmalıdır, əks halda onlar yetərincə əlçatan və səmərəli olmayacaq. Bu vasitələrin əlçatan olduğuna, habelə ərizəçinin şikayətləri ilə bağlı kompensasiyanı təmin etmək iqtidarında olduğuna və ağlabatan uğur perspektivinə malik olduğuna Məhkəməni inandırmaq vəzifəsi onların tükəndirilmədiyini iddia edən Hökumətin üzərinə düşür. Əgər Hökumət bunu sübut etmək vəzifəsinin öhdəsindən gələrsə, onda ərizəçilər sübut etməlidirlər ki, Hökumət tərəfindən göstərilən hüquqi müdafiə vasitəsi faktiki olaraq istifadə edilib, yaxud onların işində müəyyən əsaslara görə qeyri-adekvat və səmərəsiz olub, yaxud da işdə mövcud olan xüsusi hallar ərizəçiləri həmin vasitəni tükəndirmək tələbini yerinə yetirməkdən azad edir (misal üçün bax: Melnik Ukraynaya qarşı, ərizə № 72286/01, 67-ci bənd, 28 mart 2006-cı il).
30. Məhkəmə daha sonra qeyd edir ki, 5-ci maddənin 1-ci bəndinin pozuntusu araşdırılan hallarda Konvensiyanın 5-ci maddəsinin 4-cü və 5-ci bəndləri 13-cü maddənin ümumi xarakterli tələblərini konkretləşdirən xüsusi xarakterli müddəalardır (bax: Svetoslav Dimitrov Bolqarıstana qarşı (qərardad), ərizə № 55861/00, 9 may 2006-cı il). Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə aid şikayəti ilə əlaqədar olaraq daxili hüquqi müdafiə vasitələrinin ərizəçi tərəfindən tükəndirilməli olub-olmadığına dair qərar vermək üçün Məhkəmə həmin hüquqi müdafiə vasitəsinin yuxarıda qeyd edilən müddəaların tələbləri baxımından səmərəliliyini qiymətləndirməlidir.
ii) 5-ci maddənin 4-cü bəndinin tələblərinə uyğun preventiv hüquqi müdafiə vasitəsinin mövcudluğu
31. Məhkəmə qeyd edir ki, ittihamlarla bağlı qərar qəbul edildiyi gündən, hətta həmin qərar yalnız birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş olsa belə, müttəhim 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada "səlahiyyətli məhkəmə tərəfindən məhkum olunmuş" sayılır (Məhkəmənin presedent hüququnda müəyyən edilmiş müvafiq prinsiplərin daha ətraflı icmalı üçün aşağıda 46-51-ci bəndlərə bax).
32. Məhkəmə özünün presedent hüququnda bildirib ki, bu cür işlərdə azadlıqdan məhrumetmə hallarında 5-ci maddənin 4-cü bəndinin tələb etdiyi məhkəmə nəzarəti şəxsi məhkum edən və cəza təyin edən ilkin hökmün ayrılmaz tərkib hissəsi sayılır. Bununla belə, bu halda həbsdə saxlanmanın qanuniliyinə təsir göstərən yeni məsələlər ortaya çıxdıqda 5-ci maddənin 4-cü bəndi yenidən tətbiq olunur (son dövrlərə aid bu qərara bax: Stoiçkov Bolqarıstana qarşı, ərizə № 9808/02, 64-cü və 65-ci bəndlər, 24 mart 2005-ci il, sonrakı istinadlarla).
33. Məhkəmə bunu qəbul etməyə hazırdır ki, hazırkı işdə ərizəçinin cəzaçəkmə müddəti başa çatdıqdan sonra o azad edilmədikdə ərizəçinin həbsdə saxlanmasının qanuniliyinə aid yeni məsələlər ortaya çıxıb. Bu mərhələdə o, həbsdə qalmasının qanuniliyi məsələsinə yubadılmadan baxılması və azad edilməsi barədə qərar çıxarılması üçün məhkəməyə müraciət etmək imkanına malik olmayıb. Beləliklə, bu məsələ birinci instansiya məhkəməsi qarısında qaldırılmayıb. Adi qaydada apellyasiya şikayətinə gəlincə, ona baxılması, yəqin ki, barəsində ərizəçinin şikayət etdiyi saxlanmanın müddətindən (on iki gündən) uzun çəkəcəkdi. Üstəlik, apellyasiya şikayətinin verilməsi hökm qüvvəyə minənə qədər onun qətimkan tədbiri qismində həbsdə saxlanma müddətinin bir daha uzadılmasına səbəb olacaqdı. Lakin bu məsələ aşağıda daha ətraflı təhlil olunacaq.
34. Ərizəçinin SİZO müdiriyyətinə və prokurorluğa müraciətlərinə gəlincə, bu orqanlar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan mənada "məhkəmə" deyildilər.
35. Buradan belə nəticə çıxır ki, 5-ci maddənin 1-ci bəndinin iddia edilən pozuntusuna son qoyulması üçün ərizəçinin istifadə edə biləcəyi heç bir daxili hüquqi müdafiə vasitəsi yox idi.
iii) 5-ci maddənin 5-ci bəndində nəzərə tutulmuş kompensasiyanı təmin edən hüquqi müdafiə vasitəsinin mövcudluğu
36. Məhkəmə bir daha bildirir ki, 5-ci maddənin 5-ci bəndinin tələbləri o halda yerinə yetirilmiş sayılır ki, azadlıqdan məhrumetmənin 5-ci maddənin 1, 2, 3 və ya 4-cü bəndlərinə zidd olan şəraitdə baş verməsi milli orqan və ya Avropa Məhkəməsi tərəfindən müəyyən edilmiş olsun və bu zaman azadlıqdan məhrumetmə ilə bağlı kompensasiya üçün müraciət etmək imkanı mövcud olsun. 5-ci maddənin 5-ci bəndi ilə təmin edilən kompensasiya hüququnun real olaraq həyata keçirilməsinin mümkünlüyü kifayət qədər aydın şəkildə təmin edilməlidir (bax: Lobanov Rusiyaya qarşı, ərizə № 16159/03, 54-cü bənd, 16 oktyabr 2008-ci il, sonrakı istinadlarla).
37. Məhkəmə qeyd edir ki, hazırkı işdə Hökumət daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə etirazını əsaslandırmaq üçün ərizəçinin həbsdə saxlanmasının əsassız olduğunu və onun Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən ziyanın kompensasiyasını tələb etmək imkanına malik olduğunu bildirib. Lakin Məhkəmə qeyd edir ki, göstərilən maddənin müddəaları kifayət qədər ümumi şəkildə ifadə edilib: orada nə kompensasiya tələb etməyin hüquqi şərtləri müəyyən edilib, nə də konkret mexanizmləri və ya prosedurları nəzərdə tutulub. Bunun əvəzinə 1176-cı maddədə bu məsələləri tənzimləyən ayrıca qanuna istinad edilib. Belə görünür ki, burada söhbət kompensasiyaya dair xüsusi qanunun tətbiqindən gedir (yuxarıda 23-cü və 24-cü bəndlərə bax). Hökumət öz qeydlərində həmin qanuna istinad etməyib. O, ərizəçinin həbsdə saxlanması ilə bağlı daxili qanunvericiliyin hansı normasının pozulduğunu da göstərməyib. Hökumət həmçinin bu məsələyə aid müvafiq ölkədaxili presedent hüququndan nümunələr də gətirməyib. Buna görə də bu məsələ qaranlıq qalır ki, ərizəçi həbsdə saxlanmasının qanunsuz olduğu barədə milli səviyyədə məhkəmə qərarı çıxarılmasına hansı əsaslarla və hansı mexanizmlərdən istifadə etməklə nail ola və bunun əsasında kompensasiya ala bilərdi.
38. Belə olan halda Hökumətin göstərdiyi hüquqi müdafiə vasitəsinin səmərəli olduğu və ərizəçi tərəfindən tükəndirilməli olduğu barədə Hökumətin arqumenti Məhkəməyə inandırıcı görünmür.
iv) Nəticə
39. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə bu nəticəyə gəlir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə şikayəti ilə bağlı ərizəçinin ixtiyarında səmərəli daxili hüquqi müdafiə vasitələri olmayıb. Buna görə də Məhkəmə Hökumətin bu məsələ ilə bağlı etirazını rədd edir.
2. Şikayətin qəbulunun mümkünlüyü məsələsinə dair digər mülahizələr
40. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız şikayət deyil. O, hər hansı digər əsaslara görə də qəbulolunmaz deyil. Buma görə də o, qəbulolunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
41. Ərizəçi bildirdi ki, 2010-cu il iyulun 15-dən 29-dək həbsdə saxlanması əsassız idi və beləliklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd idi.
42. Bu şikayətin qəbulunun mümkünlüyü məsələsinə dair qeydlərində (yuxarıda 26-cı bəndə bax) Hökumət bu məsələdə ərizəçi ilə razılaşıb. Bununla belə, o, şikayətin mahiyyəti ilə bağlı heç bir qeyd təqdim etməyib.
2. Məhkəmənin qiymətləndirməsi
43. Məhkəmə hesab edir ki, aparılacaq təhlilin məqsədləri üçün ərizəçinin həbsdə saxlanma müddəti iki fərqli dövrə bölünməlidir:
1) 2010-cu il iyulun 15-dən 27-dək olan dövr, yəni birinci instansiya məhkəməsi tərəfindən hökmün elan edildiyi, amma hələ qüvvəyə minmədiyi dövr;
2) 2010-cu il iyulun 27-dən 29-dək olan dövr, yəni birinci instansiya məhkəməsinin hökmü qüvvəyə mindikdən sonra ərizəçini azadlığa buraxmaq məqsədi ilə bütün inzibati rəsmiyyətləri yekunlaşdırmaq üçün müvafiq orqanlara tələb olunan sonrakı iki günlük dövr.
44. Məhkəmə ərizəçinin həbsdə saxlanıldığı yuxarıdakı dövrlərin hər birinin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğunluğu məsələsinə ayrı-ayrılıqda baxacaq.
a) Ərizəçinin 2010-cu il iyulun 15-dən 27-dək həbsdə saxlanması
i) Ərizəçinin azadlıqdan məhrum edilməsi üçün əsaslar
α) Presedent hüququnun ümumi prinsipləri
45. Məhkəmə bir daha bildirir ki, 5-ci maddə təməl insan hüququnu, yəni şəxsin azadlıq hüququna dövlətin qanunsuz müdaxiləsindən şəxsin müdafiə edilməsi hüququnu təsbit edir. 5-ci maddənin 1-ci bəndinin "a"-"f" yarımbəndlərində şəxsin azadlıqdan məhrum edilməsinin yol verilən əsaslarının tam siyahısı verilir və azadlıqdan məhrumetmə həmin siyahıdakı əsaslardan hər hansı birinə uyğun gəlmədikdə 5-ci maddənin 1-ci bəndinə zidd sayılır (digər qərarlar arasında bax: Ostin və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizələr № 39692/09, 40713/09 və 41008/09, 60-cı bənd, 15 mart 2012-ci il).
46. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hökm elan edildikdən sonra, hətta həmin hökm hələ qüvvəyə minməsə belə və ondan apellyasiya şikayət vermək hələ mümkün olsa belə, müttəhim 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada "səlahiyyətli məhkəmə tərəfindən məhkum olunmuş" sayılır. Məhkəmə bununla bağlı bildirib ki, "məhkum olunduqdan sonra" ifadəsi yalnız yekun qərarla məhkum olunmanı bildirən ifadə kimi şərh oluna bilməz, çünki bu halda həmin ifadə azadlıqda olan, amma barəsində məhkəmə araşdırması aparılan və elə məhkəmə zalındaca həbsə alınan şəxslərə, onların ixtiyarlarında hansı hüquqi müdafiə vasitələri olursa-olsun, şamil olunmazdı (bax: Vemhoff Almaniyaya qarşı, 27 iyun 1968-ci il, səh. 23, 9-cu bənd, A seriyaları, № 7). Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunan və apellyasiya şikayəti verənə qədər həbsdə saxlanılan şəxs 5-ci maddənin 1-ci bəndinin "c" yarımbəndinin məqsədləri üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı səlahiyyətli məhkəmə orqanına gətirilən şəxs sayıla bilməz (xüsusən bu qərara bax: Solmaz Türkiyəyə qarşı, ərizə № 27561/02, 25-ci bənd, 16 yanvar 2007-ci il).
47. Məhkəmə özünün presedent hüququnda dəfələrlə bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin apellyasiya şikayətinə baxılana qədərki dövrdə həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxili edilib-edilməməsi məsələsində iştirakçı dövlətlərin qanunvericiliklərindəki mühüm fərqləri nəzərə alır. Bununla belə, Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 5-ci maddəsində yer alan mühüm təminatlar milli qanunvericilikdən asılı deyil (bax: B. Avstriyaya qarşı, 28 mart 1990-cı il, 39-cu bənd, A seriyaları, № 175; Solmazın işi üzrə yuxarıda istinad edilən qərar, 26-cı bənd). Beləliklə, hətta iştirakçı dövlətin daxili qanunvericiliyində hökmün yalnız bütün apellyasiya instansiyalarından keçdikdən sonra qüvvəyə minməsi nəzərdə tutulsa belə, məhkəməyəqədər həbsdə saxlanılma, Konvensiyanın məqsədləri üçün, birinci instansiya məhkəməsi tərəfindən təqsirin müəyyən edildiyi və hökmün çıxarıldığı andan başlayır (bax: Solmazın işi üzrə yuxarıda istinad edilən qərar, 26-cı bənd).
48. Məsələn, Qrubiç Xorvatiyaya qarşı işdə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş və otuz il müddətinə azadlıqdan məhrum edilmiş ərizəçi birinci instansiya məhkəməsinin hökmünün elan edilməsindən sonra bir neçə ay həbsdə saxlanmasının qanunsuz olmasından şikayət etmişdi. Daxili qanunvericiliyə əsasən həmin dövrdə onun həbsdə saxlanılması "məhkəməyəqədər həbsdə saxlanma" hesab olunurdu. Məhkəmə həmin şikayətə 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndi əsasında baxdı və heç bir qanunsuzluq aşkar etmədi (ərizə № 5384/11, 30-45-ci bəndlər, 30 oktyabr 2012-ci il).
49. Məhkəmə həmçinin fransız mətnində məhkum olunmanı bildirən sözə (condamnation) diqqəti cəlb edərək özünün presedent hüququnda bildirib ki, 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndinin məqsədləri üçün "məhkum olunma" dedikdə istər daxili qanunvericiliyə uyğun olaraq cinayət əməlinin törədildiyi müəyyən edildikdən sonra şəxsin təqsirkar sayılması, istərsə də cəzanın və ya azadlıqdan məhrumetmə ilə əlaqədar olan digər tədbirin təyin edilməsi başa düşülməlidir (bax: Qutsardi İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 100-cü bənd, A seriyaları, № 39; Van Droogenbrok Belçikaya qarşı, 24 iyun 1982-ci il, 35-ci bənd, A seriyaları, № 50; həminin son dövrlərə aid qərar üçün bax: Del Rio Prada İspaniyaya qarşı [BP], ərizə № 42750/09, 123-cü bənd, ECHR 2013).
50. Bundan başqa, 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndindəki "sonra" sözü təkcə o demək deyil ki, həbsdə saxlanılma zaman baxımından "məhkum olunmadan" sonra baş verməlidir, həm də o deməkdir ki, "həbsdə saxlanılma" "məhkum olunmadan" "irəli gəlməli və ondan asılı olmalı", yaxud onun "nəticəsində" baş verməlidir. Xülasə, məhkum olunma ilə azadlıqdan məhrum edilmə arasında yetərli səbəb-nəticə əlaqəsi mövcud olmalıdır (bax: Mürrey Niderlanda qarşı, ərizə № 10511/10, 77-ci bənd, 10 dekabr 2013-cü il, sonrakı istinadlarla).
51. Beləliklə, Məhkəmə əvvəlki işlərdə müəyyən edib ki, ittiham hökmü çıxarıldıqdan sonra tətbiq edilmiş qabaqlayıcı həbs tədbirinin müxtəlif formaları ərizəçinin "səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra" həbsdə saxlanmasına bərabərdir (misal üçün bax: Van Droogenbrokun işi üzrə yuxarıda istinad edilən qərar, 33-42-ci bəndlər; M. Almaniyaya qarşı, ərizə № 19359/04, 96-cı bənd, ECHR 2009; və Ceyms, Uells və Li Birləşmiş Krallığa qarşı, ərizələr № 25119/09, 57715/09 və 57877/09, 197-199-cu bəndlər, 18 sentyabr 2012-ci il). Belə halda həbsdə saxlanılma cəzanın tərkib hissəsi deyil, daha çox, "azadlıqdan məhrum edilmə ilə əlaqədar olan digər tədbirdir".
β) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
52. Məhkəmə qeyd edir ki, bu dövrdə ərizəçinin həbsdə saxlanması onun cinayət işi üzrə hökmün elan olunmasından sonra baş vermişdi, amma daxili qanunvericiliyə əsasən "məhkəməyəqədər həbs" sayılırdı.
53. Ölkədaxili qanunvericilikdəki təsnifatdan asılı olmayaraq, Məhkəmə qeyd edir ki, ərizəçinin həbsdə saxlanıldığı bu dövrə 5-ci maddənin 1-ci bəndinin "c" yarımbəndi daha şamil olunmurdu (konkret olaraq yuxarıda 46-cı bəndə bax). İndi isə onu aydınlaşdırmaq qalır ki, bu dövrdə həbsdə saxlanmaya Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin "a" yarımbəndi ilə haqq qazandırmaq olardımı, çünki bu bəndin qalan yarımbəndlərinin heç biri mövcud duruma tətbiq edilə bilməz.
54. Məhkəmə qeyd edir ki, 12 iyul 2010-cu il tarixli hökmdə ərizəçinin azadlıqdan məhrum edilməsi ilə əlaqədar olan iki ayrıca tədbir nəzərdə tutulmuşdu: birincisi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi və ikincisi, hökm qüvvəyə minənə qədər qətimkan tədbiri qismində ərizəçinin həbsdə saxlanılması. Təyin olunmuş cəzanın çəkilməsi üç gündən sonra başa çatmalı olsa da, apellyasiya şikayəti vermək üçün müddətin on beş gün olduğunu nəzərə alsaq, qeyd edilən tədbirlərdən ikincisinin müddəti bundan on iki gün artıq olmalı idi.
55. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, barəsində ərizəçinin şikayət etdiyi həbsdə saxlanılma onun barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti onun tərəfindən tam çəkildikdən sonra baş versə də, 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada "məhkum olunduqdan sonra" baş vermiş "azadlıqdan məhrum edilmə ilə əlaqədar olan digər tədbir" sayıla bilər.
56. Yekun olaraq Məhkəmə bu nəticəyə gəlir ki, 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndində göstərilən istisna hal ərizəçinin həbsdə saxlanmasının bu dövrünə şamil olunur. Lakin Məhkəmə hələ aydınlaşdırmalıdır ki, həmin bəndin tələblərinə əməl olunmuşdumu?
ii) Ərizəçinin 2010-cu il iyulun 15-dən 27-dək həbsdə saxlanmasının qanuniliyi
α) Presedent hüququnun ümumi prinsipləri
57. Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmə 5-ci maddənin 1-ci bəndinin "a"-"f" yarımbəndlərindən hər hansı birinin tətbiq dairəsinə düşməkdən əlavə, həm də "qanuni" olmalıdır. Həbsdə saxlanılmanın "qanuniliyi", o cümlədən "qanunla müəyyən olunmuş qaydada" həyata keçirilməsi araşdırıldığı hallarda Konvensiya mahiyyət etibarı ilə milli qanunvericiliyə istinad edir və onun maddi və prosessual hüquq normalarına əməl etmək öhdəliyini təsbit edir (bir çox qərarlar arasında bax: Erkalo Niderlanda qarşı, 2 sentyabr 1998-ci il, 52-ci bənd, Reports of Judgments and Decisions 1998‑VI; və Baranovski Polşaya qarşı, ərizə № 28358/95, 50-ci bənd, ECHR 2000‑III).
58. Həbsdə saxlanmanın qanuni olub-olmadığını qiymətləndirərkən Məhkəmə həmçinin müəyyən etməlidir ki, milli qanunvericiliyin özü Konvensiyaya, o cümlədən orada ifadə edilmiş və ya nəzərdə tutulmuş ümumi prinsiplərə uyğundurmu? "Qanunun keyfiyyəti" o deməkdir ki, milli qanunvericilik azadlıqdan məhrumetməyə icazə verdiyi hallarda əlçatan və dəqiq olmalı və hərəkətin nəticələrini öncədən görə bilməyə imkan yaratmalıdır. Konvensiyanın müəyyən etdiyi "qanunilik" standartının tələbinə görə, bütün qanunvericilik kifayət qədər dəqiq olmalıdır ki, şəxs müəyyən hərəkətin doğura biləcəyi nəticələri mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilmək imkanına (ehtiyac olduqda hüquqi məsləhət almaqla) malik olsun. Söhbət azadlıqdan məhrumetmədən getdiyi hallarda həbsdə saxlanma şərtlərinin daxili qanunvericilikdə dəqiq müəyyən edilməsi önəmlidir (bax: Del Rio Pradanın işi üzrə yuxarıda istinad edilən qərar, 125-ci bənd, sonrakı istinadlarla).
59. Bundan başqa, əsassız olaraq həbsdə saxlanılma 5-ci maddənin 1-ci bəndinə uyğun sayıla bilməz, bu kontekstdə "əsassız" ifadəsinin əhatə dairəsi həbsdə saxlanmanın milli qanunvericiliyə uyğun olmadığını bildirməkdən daha genişdir. Müvafiq olaraq, həbsdə saxlanma daxili qanunvericiliyə əsasən qanuni olsa belə, əsassız sayıla və beləliklə Konvensiyaya zidd ola bilər (bax: Mooren Almaniyaya qarşı [BP], ərizə № 11364/03, 77-ci bənd, 9 iyul 2009-cu il).
60. Məhkəmə əvvəlki işlərdə dövlət orqanlarının hansı hərəkətlərinin 5-ci maddənin 1-ci bəndinin məqsədləri üçün həbsin "əsassız" sayılmasına gətirib çıxarmasının ümumi anlayışını müəyyən etməyib. Bununla belə, ayrı-ayrı işlərdə onun formalaşdırdığı əsas prinsiplər göstərir ki, "əsassız" ifadəsinin 5-ci maddə kontekstində anlayışı həbsdə saxlanmanın növündən asılı olaraq müəyyən dərəcədə fərqlənir (bax: Saadi Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13229/03, 68-ci bənd, ECHR 2008; və Pleşo Macarıstana qarşı, ərizə № 41242/08, 57-ci bənd, 2 oktyabr 2012-ci il). Məhkəmənin presedent hüququnda müəyyən edilmiş ümumi prinsiplərdən biri ondan ibarətdir ki, həbsdə saxlanma o hallarda "əsassız" olur ki, milli qanunvericiliyin müddəalarına uyğun olsa belə, dövlət orqanları tərəfindən vicdanlı olmayan niyyətlə və ya aldatma yolu ilə həyata keçirilir, yaxud dövlət orqanları tərəfindən müvafiq qanunvericiliyi düzgün tətbiq etməmək cəhdi baş verir (bax: Moorenin işi üzrə yuxarıda istinad edilən qərar, 78-ci bənd).
61. Bundan başqa, həbsdə saxlanmanın əsassız olmaması tələbi həbsi əsaslandırmaq üçün gətirilən səbəblə həbsdə saxlanma arasında mütənasiblik əlaqəsi olmasının zəruriliyini nəzərdə tutur (bax: Ceyms, Uells və Linin işi üzrə yuxarıda istinad edilən qərar, 195-ci bənd). Konkret işdə mütənasiblik prinsipinə əməl olunub-olunmaması ilə bağlı aparılan yoxlamanın əhatə dairəsi həbsdə saxlanmanın növündən asılı olaraq dəyişir. 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndinə uyğun olaraq həyata keçirilən həbs kontekstində Məhkəmə, bir qayda olaraq, razılaşır ki, azadlıqdan məhrumetmə cəzasının təyin olunması barədə qərarım qəbulu və bu cəzanın müddəti Avropa Məhkəməsinin deyil, milli hakimiyyət orqanlarının səlahiyyətinə aid məsələlərdir (bax: T. Birləşmiş Krallığa qarşı [BP], ərizə № 24724/94, 103-cü bənd, ECHR 2000-I; və Saadinin işi üzrə yuxarıda istinad edilən qərar, 71-ci bənd). Eyni zamanda, ərizəçinin cəzaçəkmə müddətinin tərkib hissəsini təşkil etməyən, amma bununla belə 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndinin tətbiq dairəsinə düşən qabaqlayıcı həbsin əsassız olduğunu göstərən əlamətlərin mövcud olub-olmadığını qiymətləndirərkən Məhkəmə 5-ci maddənin 1-ci bəndinin "a" yarımbəndi əsasında həmin həbsin məqsədini müəyyənləşdirməyi zəruri hesab edib və daha sonra mütənasiblik məsələsini araşdırıb (bax: Ceyms, Uells və Linin işi üzrə yuxarıda istinad edilən qərar, 205-ci bənd).
β) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
62. Məhkəmə hökm qüvvəyə minənədək ərizəçinin həbsdə saxlanması barədə Belaya Tserkov məhkəməsinin qərarının daxili qanunvericiliyə zidd olduğunu göstərən heç bir əlamət görmür. Bundan başqa, qüvvədə olan hüquq normaları aydındır və hərəkətlərin nəticələrini öncədən görməyə imkan verir. Belə ki, Ukrayna Cinayət Məcəlləsində açıq-aydın bildirilir ki, hökm çıxaran məhkəmə həmin hökm qüvvəyə minənədək məhkum olunan şəxsə tətbiq ediləcək həbs qətimkan tədbiri barəsində qərar qəbul edir (yuxarıda 18-ci bəndə bax). Həmçinin daxili qanunvericilikdən belə məlum olur ki, müvafiq qətimkan tədbirinin müddəti məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddətindən asılı deyil və müvafiq olaraq, həmin müddətdən uzun ola bilər.
63. Məhkəmə hər halda əmin olmalıdır ki, barəsində şikayət edilən həbsdə saxlanılma, milli qanunvericiliyə uyğun olsa belə, əsassız deyildi və müvafiq olaraq, Konvensiyaya zidd deyildi.
64. Məhkəmə hesab etmir ki, Belaya Tserkov məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinə dair qərar çıxararkən vicdanlı olmayan niyyət güdüb. Eyni zamanda, Məhkəmə qeyd edir ki, həmin qərarda bu tədbir üçün heç bir əsas göstərilməyib, yalnız qərarın nəticə hissəsində onun tətbiqi barədə ümumi ifadə işlədilib. Hökm çıxaran məhkəməni ərizəçi barəsində həbs qətimkan tədbirini seçməyə nəyin vadar etdiyi izahsız qalır, belə ki, həmin tədbirin müddəti təyin olunmuş cəza müddətindən artıq idi.
65. Məhkəmə qəbul edir ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilibsə, təyin olunmuş cəzanın müddətindən asılı olmayaraq məhkumun apellyasiya icraatına gəlməsini təmin etmək üçün həbs qətimkan tədbirinin seçilməsinə haqq qazandıran xüsusi mülahizələr mövcud ola bilər. Lakin Belaya Tserkov məhkəməsinin 12 iyul 2010-cu il tarixli hökmündə nə belə mülahizələr göstərilib, nə də hökmün məzmunundan həmin mülahizələr barədə nəticə çıxarmaq olur. Əksinə, məhkəmə ərizəçinin istintaq orqanı ilə əməkdaşlıq etdiyini qeyd edib və bu səbəbdən ona qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin etməyi qərara alıb (yuxarıda 6-cı bəndə bax). Müvafiq olaraq, ərizəçinin ona təyin olunmuş cəza müddətindən artıq həbsdə saxlanması əsassız idi. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, Hökumət öz qeydlərində bunu etiraf edib (yuxarıda 26-cı bəndə bax).
66. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, 2010-cu il iyulun 15-dən 27-dək ərizəçinin həbsdə saxlanılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu təşkil edib.
a) Ərizəçinin 2010-cu il iyulun 27-dən 29-dək həbsdə saxlanması
67. Məhkəmə qeyd edir ki, Belaya Tserkov məhkəməsinin 12 iyul 2010-cu il tarixli hökmü 27 iyul 2010-cu ildə qüvvəyə minib. Müvafiq olaraq, yuxarıda qeyd edilən hökm qüvvəyə minənə qədər ərizəçini qətimkan tədbiri qismində həbsdə saxlamaq üçün mövcud olan əsaslar aradan qalxıb. Ərizəçinin həbsdə saxlanıldığı bu dövr ona təyin olunmuş ittiham hökmünün icrası ilə də əlaqədar deyildi, çünki cəza müddəti daha öncə başa çatmışdı.
68. Məhkəmə bir daha bildirir ki, həbsdə saxlanılan şəxsin azad edilməsi barədə qərarların icrasında müəyyən ləngimələr başa düşüləndir və məhkəmələrin iş prosesi ilə və müəyyən rəsmiyyətlərə riayət edilməsi ilə əlaqədar olan praktiki mülahizələrə görə həm də qaçılmazdır. Bununla belə, milli hakimiyyət orqanları bu ləngimələri minimuma endirməyə çalışmalıdırlar (bax: Kuinn Fransaya qarşı, 22 mart 1995-ci il, 42-ci bənd, A seriyaları, № 311; Culiya Manzoni İtaliyaya qarşı, 1 iyul 1997-ci il, 25-ci bəndin son hissəsi, Reports of Judgments and Decisions 1997‑IV; K.-F. Almaniyaya qarşı, 27 noyabr 1997-ci il, 25-ci bəndin son hissəsi, Reports 1997‑VII; Mançini İtaliyaya qarşı, ərizə № 44955/98, 24-cü bənd, ECHR 2001‑IX). Azadetmə ilə bağlı inzibati rəsmiyyətlər bir neçə saatdan artıq yubanmalara haqq qazandıra bilməz (bax: Nikolov Bolqarıstana qarşı, ərizə № 38884/97, 82-ci bənd, 30 yanvar 2003-cü il). İştirakçı dövlətlər öz hüquq sistemlərini elə təşkil etməlidirlər ki, onların hüquq mühafizə orqanları əsassız olaraq azadlıqda məhrumetməyə yol verməmək öhdəliyini yerinə yetirə bilsinlər (misal üçün bax: Şuxardin Rusiyaya qarşı, ərizə № 65734/01, 93-cü bənd, 28 iyun 2007-ci il; və Mokallal Ukraynaya qarşı, ərizə № 19246/10, 44-cü bənd, 10 noyabr 2011-ci il).
69. Hazırkı işdə 12 iyul 2010-cu il tarixli hökm qüvvəyə mindikdən və ərizəçinin həbsdə saxlanması üçün əsasların mövcudluğu aradan qalxdıqdan sonra onun azad edilməsini təşkil etmək üçün dövlət hakimiyyəti orqanlarına iki gün lazım gəlib. Azadlıq hüququnun demokratik cəmiyyətdə tutduğu önəmli yeri nəzərə alaraq, cavabdeh dövlət, müvafiq presedent hüququnun tələb etdiyi kimi, ərizəçinin azad edilməsi barədə qərarın icrasında ləngimələri minimuma endirmək üçün bütün müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməlidir (bax: Mokallalın işi üzrə yuxarıda qeyd edilən qərar, 44-cü bənd). Məhkəmə hazırkı işdə Ukraynanın dövlət orqanlarının bu tələbi yerinə yetirdiklərini hesab etmir.
70. Buradan belə nəticə çıxır ki, bu dövrdə ərizəçinin həbsdə saxlanılmasına Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi əsasında haqq qazandırmaq olmazdı.
a) Nəticə
71. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə bu nəticəyə gəlir ki, barəsində ərizəçinin şikayət etdiyi bütün həbs dövrü (2010-cu il iyulun 15-dən 29-dək) Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu təşkil edib.
II. 7 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
72. Ərizəçi həmçinin 7 saylı Protokolun 2-ci maddəsinə əsasən şikayət etdi ki, faktiki olaraq barəsindəki cinayət işi üzrə apellyasiya şikayəti vermək hüququndan məhrum edilib. Onun istinad etdiyi həmin maddədə deyilir:
"1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya yuxarı məhkəmədə yenidən baxılması hüququ var. Bu hüququn həyata keçirilməsi, o cümlədən onun həyata keçirilməsinin əsasları qanunla tənzimlənir.
2. Az əhəmiyyətli hesab olunan hüquqpozmalarla əlaqədar hallarda, yaxud müvafiq şəxsin işinə artıq birinci instansiyada ali məhkəmə orqanı tərəfindən baxıldığı və ya onun bəraət hökmündən verilmiş şikayətə baxılması nəticəsində həmin şəxsin məhkum edildiyi hallarda bu hüquqdan istisnaya yol verilir".
A. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
73. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız şikayət deyil. O, hər hansı digər əsaslara görə də qəbulolunmaz deyil. Buma görə də o, qəbulolunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
74. Ərizəçi bildirdi ki, bir tərəfdən barəsindəki cinayət işi ilə bağlı apellyasiya hüququndan istifadə etmək, digər tərəfdən isə azadlığa çıxmaq arasında seçim etməli olub. Başqa sözlə, o iddia etdi ki, apellyasiya şikayəti verməyi qərara alsaydı, bu onun azadlığa çıxmasını xeyli gecikdirəcəkdi.
75. Hökumət ərizəçinin yuxarıdakı arqumentinə dair şərh bildirmədi. O qeyd etdi ki, daxili qanunvericiliyə əsasən ərizəçi 12 iyul 2010-cu il tarixli hökmdən apellyasiya şikayəti vermək hüququna malik idi, amma bunu etməmək variantını seçdi. Müvafiq olaraq, Hökumət hesab etdi ki, ərizəçinin 7 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmayıb.
76. Məhkəmə qeyd edir ki, 7 saylı Protokolun 2-ci maddəsi ilə təmin edilən hüququn necə həyata keçirilməli olduğunu müəyyənləşdirmək məsələsində iştirakçı dövlətlər prinsipcə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər (bax: Krombax Fransaya qarşı, ərizə № 29731/96, 96-cı bənd, ECHR 2001‑II).
77. Məhkəmənin presedent hüququndan belə məlum olur ki, bu maddə əsasən təşkilati məsələləri, məsələn, apellyasiya məhkəməsinə müraciətin əlçatan olmasını və ya apellyasiya icraatında baxılacaq məsələlərin dairəsini tənzimləyir (misal üçün bax: Pesti və Frodl Avstriyaya qarşı (qərardad), ərizələr № 27618/95 və 27619/95, 18 yanvar 2000-ci il).
78. Şikayətin qəbulunun mümkünlüyü məsələsini araşdırarkən Məhkəmə bu halı qəbulolunan hesab edir ki, müəyyən ölkələrdə apellyasiya şikayəti vermək istəyən müttəhimdən bəzən bunun üçün icazə alması tələb oluna bilər. Lakin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş məhkəməyə müraciət hüququnda olduğu kimi, daxili qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə qərarına yenidən baxılması hüququna qoyulan hər hansı məhdudiyyət də qanuni məqsəd daşımalı və həmin hüququn mahiyyətinə xələl gətirməməlidir (bax: Krombaxən işi üzrə yuxarıda istinad edilən qərar, 96-cı bənd; Qurepka Ukraynaya qarşı, ərizə № 61406/00, 59-cu bənd, 6 sentyabr 2005-ci il; və Qalstyan Ermənistana qarşı, ərizə № 26986/03, 125-ci bənd, 15 noyabr 2007-ci il).
79. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın məqsədi nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməkdir. Bu mülahizə xüsusən məhkəməyə müraciət etmək hüququna aiddir, çünki ədalətli məhkəmə araşdırması hüququ demokratik cəmiyyətdə böyük əhəmiyyətə malikdir (bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il, 24-cü bənd, A seriyaları, № 32; və Qarsiya Manibardo İspaniyaya qarşı, ərizə № 38695/97, 43-cü bənd, ECHR 2000‑II). Yuxarıdakı prinsipi nəzərə alaraq, Məhkəmə həmçinin özünün presedent hüququnda müəyyən edib ki, bu hüququn həyata keçirilməsinə əngəl törədilməsi, hüquqi maneənin yaradıldığı hallarda olduğu kimi, Konvensiyanın müddəalarına zidd ola bilər (bax: Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il, 26-cı bənd, A seriyaları, № 18; və son dövrlərə aid iş: Valentin Kampeanunun adından Hüquqi Resurslar Mərkəzi Rumıniyaya qarşı [BP], ərizə № 47848/08, 113-cü bənd, ECHR 2014).
80. Hazırkı işə qayıdaraq Məhkəmə qeyd edir ki, cinayət proseslərində hökmdən apellyasiya şikayəti vermək hüququ Ukrayna qanunvericiliyində aydın şəkildə nəzərdə tutulub. Amma bu məsələni nəzərdən keçirmək lazımdır ki, ərizəçi apellyasiya şikayəti vermək hüququnu həyata keçirərkən maneə ilə qarşılaşıbmı və əgər qarşılaşıbsa həmin maneə onun 7 saylı Protokolun 2-ci maddəsində təsbit olunmuş hüququnun mahiyyətinə xələl gətirən maneə sayıla bilərmi?
81. Məhkəmə qeyd edir ki, milli məhkəmələr birinci instansiya məhkəməsinin hökmü qüvvəyə minənədək qətimkan tədbiri qismində ərizəçini həbsdə saxlamağı hətta ərizəçiyə təyin olunmuş cəzanın müddəti bitdikdən sonra da zəruri hesab ediblər. Heç bir apellyasiya şikayəti verilmədiyi üçün sözügedən müddət on iki gün davam edib. Ərizəçi apellyasiya şikayəti verməyi qərara alsaydı, bu, hökmün qüvvəyə minməsini qeyri-müəyyən müddətədək yubadacaqdı.
82. Müvafiq olaraq, Məhkəmə ərizəçinin bu arqumenti ilə razılaşır ki, apellyasiya hüququndan istifadə etməsi onun azadlığı bahasına başa gələ bilərdi, üstəlik, onun həbsdə qalacağı müddət qeyri-müəyyən olacaqdı. Buna görə də Məhkəmə hesab edir ki, bu hal ərizəçinin 7 saylı Protokolun 2-ci maddəsində təsbit olunmuş hüququnun mahiyyətinə xələl gətirib.
83. Beləliklə, həmin maddənin pozuntusu baş verib.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
84. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
85. Ərizəçi mənəvi ziyana görə 3.000 avro tələb etdi.
86. Hökumət bu tələbi əsassız və həddən artıq yüksək hesab edərək ona etiraz etdi.
87. Hazırkı işin bütün hallarını nəzərə alaraq Məhkəmə razılaşır ki, ərizəçi mənəvi ziyana məruz qalıb və sadəcə pozuntunun baş verdiyinin təsdiq edilməsi həmin ziyanı kompensasiya edə bilməz. Məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək, ərizəçinin tələbini tam həcmdə təmin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
88. Ərizəçi həmçinin Avropa Məhkəməsindəki icraat üçün çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.330 avro tələb etdi. O, Məhkəmədən xahiş etdi ki, həmin məbləğ onun nümayəndəsinin bank hesabına köçürülsün.
89. Hökumət yuxarıdakı tələbi həddən artıq yüksək hesab edərək ona etiraz etdi.
90. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilmiş olsun və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə sərəncamındakı sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, ərizəçinin tələbini bütünlüklə təmin edir və məhkəmə xərclərinə və digər məsrəflərə görə ona 1.330 avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
139. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ərizəni qəbulolunan elan edir;
2. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
3. Qərara alır ki, 7 saylı Protokolun 2-ci maddəsi pozulub;
4. Qərara alır ki:
a) bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə mindikdən sonra üç ay ərzində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin valyutasına çevrilməlidir:
i) mənəvi ziyana görə 3.000 (üç min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.330 (min üç yüz otuz) avro, üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği – bu məbləğ onun nümayəndəsinin bank hesabına köçürülməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 4 iyun 2015-ci ildə yazılı şəkildə elan olunub.
Mark Villger (Mark Villiger)
Sədr
Milan Blaşko (Milan Blaško)
Katib müavini
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy