Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 193
Fevral 2016-cı il
***
Rıvin (Rywin) Polşaya qarşı – ərizələr № 6091/06, 4047/07 və 4070/07
18.2.2016 tarixli qərar [I Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Müstəqil məhkəmə
Parlamentin təhqiqat komissiyasının və mediadakı materialların cinayət işi üzrə məhkəmə araşdırmasına təsir göstərdiyinin iddia edilməsi: pozuntu baş verməyib
6-cı maddənin 2-ci bəndi
Təqsirsizlik prezumpsiyası
Parlamentin təhqiqat komissiyasının və mediadakı materialların cinayət işi üzrə məhkəmə araşdırmasına təsir göstərdiyinin iddia edilməsi: pozuntu baş verməyib
Faktlar – 2002-ci ilin dekabrında aparıcı gündəlik milli qəzetdə "Yayım haqqında" qanuna dəyişikliklər edilməsi üçün başlanılan qanunvericilik proseduru ilə bağlı korrupsiya barəsində məqalə dərc olundu. Məqalədə tanınmış kinoprodüser olan ərizəçi və yüksək vəzifəli bir sıra dövlət məmurları tənqid edilmişdilər. Mətbuatda bu məsələnin işıqlandırılmasından sonra Apellyasiya Məhkəməsi nəzdindəki prokurorluq tamah məqsədi ilə nüfuzdan sui-istifadə etmə əməlinə görə ərizəçiyə qarşı cinayət işinə başladı. Bir neçə gün sonra parlamentin aşağı palatası parlamentin təhqiqat komissiyasının yaradılması barədə qərar qəbul etdi. Bu iş kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Ərizəçi, digər məhkəmə iddiaları ilə yanaşı, gündəlik qəzetə qarşı da iddia qaldıraraq təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət etdi. Onun iddia tələbi rədd edildi. Təhqiqat komissiyasının iclaslarının çoxu açıq keçirilir və radio və televiziyada birbaşa yayımlanırdı. Komissiyasının iclaslarının protokolları sistematik olaraq parlamentin saytında yerləşdirilir və mediada geniş şərhlər doğururdu. Komissiya ərizəçi barəsində cinayət istintaqı aparan prokurorluqla sıx əməkdaşlıq şəraitində işləyirdi. Komissiyanın sədri prokurorluqdan müəyyən istintaq hərəkətlərinin həyata keçirilməsini xahiş etmiş və onların arasında bir neçə dəfə məlumat mübadiləsi aparılmışdı. Komissiya tərəfindən yekun rəyin qəbul edilməsindən bir neçə gün sonra, 2004-cü ilin aprelində ərizəçi dələduzluq cəhdinə görə məhkum edildi. 2004-cü ilin mayında parlamentin aşağı palatası komissiyanın üzvlərindən biri tərəfindən yazılmış alternativ hesabatı təsdiq etdi. 2004-cü ilin dekabrında Apellyasiya Məhkəməsi ərizəçini tamah məqsədi ilə nüfuzdan sui-istifadə etməyə kömək etmə əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi.
Məhkəmədəki icraatda ərizəçi təqsirsizlik prezumspiyası prinsipinin və işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququnun pozulduğunu iddia etdi, belə ki, onun barəsindəki məhkəmə araşdırması ilə paralel olaraq parlamentin təhqiqat komissiyasında eyni faktlara və hallara aid olan təhqiqat aparılmış və cinayət prosesindəki eyni sübutlardan istifadə edilmişdi. Ərizəçi təhqiqat komissiyasının yaradılması barədə parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş qərardan və həmçinin komissiyanın yekun rəyindəki qənaətlərdən şikayət etdi. O həmçinin iddia etdi ki, hər iki araşdırmanın kütləvi informasiya vasitələrində işıqlandırılması onun barəsindəki cinayət prosesinin ədalətsiz xarakterini daha da ağırlaşdıran hal idi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci və 2-ci bəndləri
a) Təqsirsizlik prezumpsiyasına riayət edilməsi məsələsi – Barəsində ərizəçinin şikayət etdiyi fikirlər Apellyaiya Məhkəməsinin yekun qərarı ilə onun məhkum edilməsindən əvvəl bildirilmişdi. Beləliklə, müvafiq dövlət orqanları təqsirsizlik prezumpsiyası prinsipinə riayət etmək öhdəliyini daşıyırdılar.
Müvafiq daxili qanunvericilikdən aydın olurdu ki, parlamentin təhqiqat komissiyasının işi siyasi xarakter daşıyırdı. Komissiyasının rəyi dövlət orqanlarında və təsisatlarında müəyyən edilmiş pozuntularla əlaqədar olaraq parlament nəzarəti çərçivəsində mümkün parlament müzakirələrinin başlanılması və ya aparılan müzakirələrə yardım göstərilməsi məqsədini daşıyırdı. Rəsmi şəxs qismində hərəkət etməyən fərdlərin davranışı yalnız dövlət orqanlarında və təsisatlarında aşkar edilmiş nöqsanların aşkara çıxarılması üçün zəruri olan dərəcədə komissiya tərəfindən araşdırıla bilərdi. Komissiya rəsmi şəxs qismində hərəkət etməyən şəxslərin cinayət məsuliyyəti ilə bağlı qənaətini bildirməkdən çəkinməli idi. Parlamentin qərarında və ya parlamentin təhqiqat komissiyasının rəyində yer alan hər hansı bu cür "qənaət" Polşa Konstitusiyasına zidd idi. Bundan başqa, müvafiq daxili qanunvericilik komissiyanın cinayət prosesi ilə eyni vaxtda eyni faktlar və eyni hallarla bağlı təhqiqat aparmasına icazə verirdi. Belə hallarda komissiyadan tələb olunurdu ki, özünün rəy və qənaətlərinin eyni vaxtda barəsində cinayət araşdırması aparılan şəxslərin hüquqlarını, konkret olaraq təqsirsizlik prezumpsiyası hüququnu pozmamasını təmin etsin.
Mübahisələndirilən fikirlər hadisələrin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılması kontekstində bildirilmiş və məhz bu işıqlandırma qanunvericilik prosesində korrupsiya barəsində və yüksək vəzifəli dövlət rəsmilərinin qanunsuz müdaxiləsi haqqında iddiaları təhqiq etmək vəzifəsi həvalə olunmuş komissiyanın yaradılmasına səbəb olmuşdu. Müvafiq olaraq, inandırıcı səbəblər mövcud idi ki, ictimai maraqlar komissiyadakı araşdırmanın açıq və şəffaf şəkildə keçirilməsini və komissiyanın rəyində gəlinən qənaətlər barədə ictimaiyyətin məlumatlandırılmasını tələb edirdi.
Ərizəçinin sözlərinə görə, parlamentin qərarındakı ifadələrdən və xüsusən "maddi və siyasi mənfəət əldə etməyə cəhd etmə" barədə fikirlərdən aydın görünürdü ki, parlament üzvləri onun təqsirkar olduğuna öncədən əmin idilər. Məhkəmənin fikrincə, bütövlükdə qərarın işığında götürüldükdə sözügedən fikirlər, əksinə, komissiyanın araşdırmalı olduğu faktiki halları komissiyanın diqqətinə çatdırmaq məqsədini daşıyan vasitə hesab edilməlidir. Müvafiq olaraq, rəydə söhbət ərizəçinin həmin vaxt mətbuatda dərc olunmuş müəyyən materiallarda qeyd edilən davranışından getdiyinə görə, sözügedən qərarda təqsirin öncədən müəyyənləşdirilməsi kimi qəbul edilə bilən heç bir fikir yer almamışdı.
Parlamentin təhqiqat komissiyasının rəyinə gəlincə, bütövlükdə rəyin mətninin işığında və rəyin hazırlandığı kontekstdə götürülməklə rəydəki qənaətlər komissiyanın toplanmış sübutlar əsasında rəydə göstərilən yüksək vəzifəli rəsmilərin korrupsiya cinayətini törətdiklərinə dair ciddi şübhələr olduğu barədə parlamenti məlumatlandırmasının vasitəsi kimi başa düşülməlidir. Rəydə ərizəçi sözügedən şəxslərin "agenti" kimi göstərilsə də, o, rəyin mətnində birbaşa təqsirləndirilməmiş və ya davranışına hər hansı qiymət verilməmişdi. Rəydə gəlinən qənaətlərdə ərizəçiyə qarşı cinayət işi qaldırılmalı olduğu barədə hər hansı fikir, yaxud onun korrupsiya əməlinə kömək etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair hər hansı şərh yer almamışdı. Komissiyanın rəyində ərizəçiyə qarşı qaldırılmış cinayət işi, yaxud onun barəsində hansı cinayətlərə görə cinayət təqibi aparılması haqqında heç bir qeyd yox idi. Beləliklə, onların real mənasını və kontekstini nəzərə alsaq, nə parlamentin təhqiqat komissiyasının yaradılması barədə parlamentin qərarının mübahisələndirilən mətnində, nə də həmin komissiyanın rəyində gəlinən qənaətlərdə ərizəçinin təqsiri məsələsinə toxunulmamışdı – bu məsələ açıq-aydın komissiyanın səlahiyyəti xaricində idi.
b) Ərizəçinin işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna riayət edilməsi məsələsi – Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyətinin həyata keçirilməsinə komissiyanın müdaxilə etməsinə icazə verilmirdi. Buna görə də, komissiya tərəfindən araşdırılan eyni faktlar üzrə cinayət icraatı aparıldığı təqdirdə komissiya öz təhqiqatı ilə həmin cinayət icraatı arasında tələb olunan məsafəni saxlamağa borclu idi. Konkret olaraq, o, məhkəmələr tərəfindən qəbul edilmiş qərarların mahiyyəti ilə və ya məhkəmələr tərəfindən araşdırmanın necə aparılması ilə bağlı hər hansı rəy bildirməkdən çəkinməli idi. Belə hallarda qanuna görə komissiya məhkəmə araşdırmasının yekun nəticəsini gözləyərək öz işini dayandırmağa borclu deyildi, amma öz təşəbbüsü ilə bu seçimi edə bilərdi. Bundan başqa, bu iki araşdırmanın kökündə fərqli məqsədlər dayanırdı. Komissiya dövlət orqanlarının və ya rəsmi şəxs qismində hərəkət edən şəxslərin "Yayım haqqında" qanuna dəyişikliklər edilməsi proseduru ilə bağlı iddia edilən qüsurlu davranışlarını araşdırmaq üçün yaradılmışdı. O, ərizəçinin cinayət məsuliyyəti məsələsinə toxunmamış və onun təqsirsizlik prezumpsiyası hüququnu pozan heç bir rəy bildirməmişdi.
Polşa qanunvericiliyinə əsasən, parlament komissiyası apardığı araşdırma ilə paralel olaraq eyni faktlar və hallar üzrə aparılan cinayət prosesinə təsir göstərmək səlahiyyətinə malik deyildi. Birincisi, belə komissiyanın üzvləri tərəfindən bildirilən fikirlər və komissiyanın rəyində gəlinən qənaətlər işin cinayət hüquqi aspektlərini araşdıran məhkəmələr üçün heç bir hüquqi nəticələrə səbəb olmurdu. İkincisi, təhqiqat komissiyası nə cinayət prosesinə üçüncü tərəf qismində qatıla, nə də həmin prosesin nəticəsinə, prosessual normaların tətbiqinə, yaxud işə baxan məhkəmə heyətinin tərkibinə təsir göstərə bilməzdi. Komissiya ilə məhkəmə orqanları arasında əməkdaşlığa gəlincə, buna icazə verilirdi və hətta daxili qanunvericiliyə əsasən müəyyən hallarda bu tələb olunurdu; lakin bu əməkdaşlıq məhkəmənin müstəqilliyini və qərəzsizliyini birmənalı olaraq təmin etmək məqsədi daşıyan daxili qanunvericilik normalarına uyğun olmalı idi. Parlament komissiyası ilə cinayət ədliyyəsi orqanları arasında aparılan məlumat mübadiləsi komissiyanı bu nəticəyə gətirmişdi ki, topladığı məlumatları prokurorluğun və məhkəmələrin diqqətinə çatdırmalıdır. Bundan başqa, müdafiə tərəfi özü tələb etmişdi ki, komissiyadakı təhqiqatın protokolları cinayət işinin materiallarına əlavə edilsin. Sözügedən məlumatların cinayət prosesində müvafiq hüquq normaları pozulmaqla sübut qismində istifadə edildiyini düşünməyə əsas verən heç nə yox idi.
Hazırkı iş, şübhəsiz ki, ictimai maraq doğuran mühüm məsələ ilə əlaqədar idi və mətbuat sərəncamında olan məlumatları yaymaq hüququna malik idi və hətta buna borclu idi. İctimaiyyətin nəzərində bu işin əhəmiyyəti onun bənzərsiz xarakteri və faktların ciddiliyi ilə əlaqədar idi və tanımış şəxs olan ərizəçi həmin məsələlərdə iştirakda şübhəli bilinirdi. Beləliklə, dövlətin yüksək vəzifəli rəsmilərinin mənəviyyatını şübhə altına alan bu cür həssas işlə və siyasətçilərlə iş adamları arasındakı əlaqələrlə bağlı mətbuatın sərt tənqidlər səsləndirməsi qaçılmaz idi. Sözügedən mətbuat materiallarında ifadə edilmiş rəylər dövlət orqanlarının rəyləri deyildi və heç bir vəchlə dövlət orqanlarının nümayəndələrinin təşviqi və ya təhriki ilə səsləndirilmiş rəylər də deyildi, onlar sadəcə olaraq jurnalistlərin öz fikirləri idi. Bundan başqa, ərizəçi həftəlik qəzetə qarşı qaldırdığı iddia tələbini rədd etmiş məhkəmə qərarından apellyasiya şikayəti verməmişdi. Ərizəçi nə başqa bir nəşrdə çıxmış məqalədən, nə də komissiya üzvlərinin bildirdiyi qeydlərdən dövlət orqanlarına şikayət etməmişdi, halbuki bunu etmək imkanına malik idi.
İşə baxmış məhkəmələr bütünlüklə peşəkar hakimlərdən təşkil olunmuşdu və onların təcrübəsi və peşə hazırlığı adətən onlara imkan verirdi ki, xarici mənbələrdən daxil olan hər hansı mülahizələri nəzərə almasınlar. Bundan başqa, ərizəçi mətbuatdakı fikirlərin ona qarşı cinayət işində hakimlərin rəyinə və ya hakimlərin müzakirələrinin nəticəsinə təsir göstərə biləcəyinə dair heç bir sübut təqdim etməyib.
Ərizəçi çəkişmə xarakterli məhkəmə prosesindən sonra məhkum edilmişdi və bu proses zamanı o öz müdafiəsi üçün faydalı hesab etdiyi istənilən arqumentləri təqdim edə bilərdi. Məhkəmə qərarını əsaslandıran səbəblər arasında belə düşünməyə əsas verən heç nə aşkar edilmədi ki, ölkədaxili qanunvericiliyi şərh edərkən və ya tərəflərin arqumentlərini və ittiham tərəfinin sübutlarını qiymətləndirərkən hakimlər komissiya üzvlərinin bildirdiyi fikirlərin və ya komissiyanın rəyində yer alan qənaətlərin təsirinə məruz qalmışdılar.
Xülasə, ərizəçiyə qarşı cinayət prosesinin ədalətliliyinə və konkret olaraq onun işinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququna xələl gətirilməmişdi.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı dörd səslə).
Məhkəmə həmçinin qərara aldı ki, ərizəçinin səhhətinin onun həbsdə saxlanmasına uyğunluğu məsələsində Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verməyib.
Full & Egal Universal Law Academy