İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
RZAXANOV AZƏRBAYCANA QARŞI
(4242/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
4 iyul 2013-cü il
Bu qərar 2013-cü il 4 oktyabr tarixində qüvvəyə minmişdir.
Rzaxanov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Palatası
Sədr İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Hakimlər
Elizabet Steyner (Elisabeth Steiner),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Cüliyə Lafranq (Julia Laffranque),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse)
və məhkəmə katibi Soren Nilsendən (Søren Nielsen) ibarət tərkibdə 2013-cü il iyunun 11-də qapalı müşavirə keçirərək yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Şakir Hacımurad oğlu Rzaxanovun (ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 8 yanvar 2007-ci ildə təqdim etdiyi ərizə (4242/07 nömrəli) ilə başlanmışdır. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab E.Zeynalov, Azərbaycan Hökuməti (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar. Ərizəçi, xüsusilə Qobustan həbsxanasında saxlanma şəraitinin ağır olduğunu iddia etmişdir. Bundan sonra o, həbsxananın nəzarətçiləri tərəfindən döyüldüyünü və pis rəftara məruz qaldığını, habelə aidiyyəti dövlət orqanları tərəfindən pis rəftara məruz qalması barədə şikayətləri ilə bağlı səmərəli istintaqın aparılmadığını iddia etmişdir. 2009-cu il noyabrın 26-da Məhkəmə şikayətə baxılmasının qismən mümkünsüz olduğunu bəyan etmiş və ərizəçinin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən, yəni 2002-ci il aprelin 15-dən sonra həbsxanada saxlanma şəraiti, habelə həbsxananın nəzarətçiləri tərəfindən pis rəftara məruz qalması ilə bağlı şikayətlərini Hökumətə göndərmək barədə qərar qəbul etmişdir. Məhkəmə, həmçinin şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmağı qət etmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
A. Ərizəçinin cinayət məsuliyyəti məsələsi və ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi
Ərizəçi 1957-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur və hazırda Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkir. Ərizəçi 1997-ci il iyulun 18-də Bakı şəhəri məhkəməsinin hökmü ilə iki epizod üzrə qəsdən adam öldürmədə və yanğınların törədilməsində iştirakçılıqda təqsirli bilinərək əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edilmişdir. 1997-ci il avqustun 19-da Ali Məhkəmə bu hökmü qüvvədə saxlamışdır. Məhkum edildikdən sonra ərizəçi Bayıl İstintaq Təcridxanasının ölüm cəzasına məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş 5-ci korpusuna keçirilmişdir. O zaman qüvvədə olmuş cinayət qanunvericiliyinə görə ölüm cəzası cəza növü kimi nəzərdə tutulsa da, Azərbaycan dövləti 1993-cü ilin iyunundan ölüm cəzasının ləğv edildiyi 1998-ci ilə qədər bu cəzanın icrası ilə bağlı de facto moratorium tətbiq etmişdir. 1998-ci il fevralın 10-da Parlament Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair qanun qəbul etmişdir. Bu qanuna görə bütün müvafiq dövlətdaxili hüquq normalarında dəyişiklik edilərək ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bununla ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 1998-ci il martın 28-də ərizəçi Qobustan həbsxanasına keçirilmişdir.
B. Ərizəçinin Qobustan həbsxanasında saxlanma şəraiti və onun birnəfərlik kameraya yerləşdirilməsi
1. Saxlanma şəraitinin ərizəçi tərəfindən təsviri
1998-ci il martın 28-də Qobustan həbsxanasına köçürüldükdən 2008-ci il fevralın 14-də birnəfərlik kameraya yerləşdirilənədək ərizəçi başqa bir məhkum ilə ölçüsü 9-10 kv.m. olan kamerada saxlanılırdı. Həbsxanada o, bir neçə dəfə kameraları dəyişərək müxtəlif məhbuslarla saxlanılırdı. Standart kamerada iki çarpayı, balaca şkaf, balaca stol və döşəməyə bərkidilmiş iki skamya yerləşirdi. Sanitariya qovşağı kameranın digər hissəsindən hündürlüyü bir metr olan daşdan hörülmüş divarla ayrılırdı. Döşəmə və tavan müvafiq olaraq daşdan və betondandır. Kameranın içərisində temperatur yayda çox yüksək, qışda çox aşağıdır. Mərkəzi istilik sistemi mövcud olsa da, qənaətbəxş səviyyədə deyil. Pəncərələrdə metal barmaqlıqlar mövcud olmuş və şüşə olmamış, qışda şəffaf polietilen örtük ilə bağlanılırdı. İçəridə hava ağır olmuş və kamerada təbii hava dövriyyəsi olmamışdır. 2001-ci ilədək məhbuslara ventilyatordan və radiodan istifadə etmək qadağan olunmuşdur. Bundan sonra balaca radiolardan və ventilyatorlardan istifadəyə icazə verilmişdir. Cəzaçəkmə müəssisəsində verilən yemək çox zaman aşağı keyfiyyətdə olur, tərkibində kifayət qədər ət və vitaminlər olmur, yemək çeşidləri müxtəlif deyil, monotondur. Məhkumlara gün ərzində yalnız 15-30 dəqiqəlik gəzintiyə icazə verilirdi. Digər əyləncəli və ya tədris fəaliyyətləri olmamışdır.Ərizəçi 2008-ci il fevralın 14-dən rəsmi qərar olmadan bundan əvvəl karser kimi istifadə edilmiş və ölçüsü 7,78 kv.metr olmuş birnəfərlik kameraya yerləşdirilmişdir. Ərizəçiyə birnəfərlik kameraya yerləşdirilməsi barədə qərarın surəti təqdim edilməmişdir.Ərizəçinin anasının (M.R.) sorğusuna cavab olaraq həbsxana rəhbərliyi 2008-ci il 27 fevral tarixli məktubu ilə ona məlumat vermişdir ki, ərizəçiyə qarşı cəza tədbirinin tətbiqi barədə qərarın surəti məxfi olduğuna və yalnız məhkəmə və ya hər-hansı digər ali qurum tərəfindən sorğu edilə biləcəyinə görə həmin sənədlər təqdim edilə bilməz.Həbsxana rəhbərliyinin 2008-ci il 10 aprel tarixli məktubu ilə M.R.-ə məlumat verilmişdir ki, məhkumların kameralarda yerləşdirilməsi Həbsxananın Daxili İntizam Qaydalarına əsasən həyata keçirilir və ərizəçinin saxlanıldığı kameranın şəraiti qanunvericiliyə uyğundur.
2. Saxlanma şəraitinin Hökumət tərəfindən təsviri
Ərizəçi Qobustan həbsxanasında iki məhkum üçün nəzərdə tutulmuş və ölçüsü ən azı 8 kv.m. olmuş kamerada saxlanılmışdır.Kameranın pəncərəsi içəridən açıla bilər. Pəncərə kifayət qədər genişdir, təbii işığın və təmiz havanın daxil olmasına mane olmur. Kamera, həmçinin elektrik lampaları, ventilyator və radio ilə təchiz olunmuşdur. Həmçinin ərizəçi adi günlərdə dörd saat, həftə sonları və bayramlarda isə altı saat televiziya verilişlərinə baxmaq hüququ vardır. Müəssisədə məhkumlar üçün kitabxana fəaliyyət göstərir. Sanitar şərait normaldır və yeməklərin keyfiyyəti yaxşıdır. Ərizəçinin hər gün bir saat gəzintiyə çıxmaq hüququ var. 2000-ci il sentyabrın 1-dən məhkumlar il ərzində uzunmüddətli bir görüş (bir gündən üç günədək) və qısamüddətli dörd görüş (dörd saatadək), dörd bağlama, sovqat və ya banderol (hərəsi 31,5 kq.) almaq və altı dəfə telefonla danışmaq (hər bir zəng 10 dəqiqə) hüququna malikdirlər. Onlar ən zəruri mallar əldə etmək üçün ayda 3,3 manatadək miqdarda pul xərcləyə bilərlər. 2008-ci il iyunun 24-dən ildə uzunmüddətli görüşlərin sayı 2-dək, qısamüddətli görüşlərin sayı 6-dək, bağlama, sovqat və ya banderolların sayı 8-dək və telefon danışıqların sayı 24-dək çatdırılmışdır. Xərclər üçün ayrılmış məbləğin limiti ayda 25 manatadək çatdırılmışdır. Məhbusların yazışmasına isə məhdudiyyətlər tətbiq edilmir. 2008-ci il fevral ayında digər məhbuslarla yola getmədiyinə və özünü mənfi cəhətdən xarakterizə etdiyinə görə, ərizəçi birnəfərlik kameraya yerləşdirilmişdir. Bununla Hökumət bildirmişdir ki, 1998-ci il martın 28-dən 2010-cu il yanvarın 28-dək ərizəçi on doqquz dəfə intizam qaydalarını pozmuşdur. Hökumət tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ərizəçinin birnəfərlik kameraya keçirilməsi barədə cəzaçəkmə müəssisənin qərarı birinci dəfə 2008-ci il iyulun 25-də qəbul edilmişdir. Qərarda birnəfərlik kamerada saxlanma müddəti göstərilməmişdir. Ərizəçinin birnəfərlik kameraya keçirilməsi aşağıdakı kimi əsaslandırılmışdır:
“Məhbus, Şakir Hacımurad oğlu Rzaxanov, cəza çəkdiyi dövr ərzində özünü mənfi xarakterizə etmiş, həbsxana daxili rejim qaydalarını qərəzli pozur, qaçmağa meyllidir, millətlərarası ziddiyyəti qızışdırmağa, həmçinin şüurlu sürətdə məhkumlar arasında psixoloji gərginlik yaratmaq və sair üsullarla həbsxananın ömürlük azadlıqdan məhrum edilmiş şəxslər və əməkdaşlar arasında normal fəaliyyətinin pozulmasına çalışır və bu cür qeyri-qanuni hərəkətlərə digər məhkumları cəlb etməyə cəhd göstərir. Hal-hazırda həbsxanada rejimin möhkəmləndirilməsinə yönələn tədbirlərə qarşı çıxaraq müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarına hədə-qorxu xarakterli əsassız müraciətlər edir və bu yolla öz məqsədinə nail olmağa çalışır. Qeyd olunanlarla yanaşı məhkum Ş.H.Rzaxanov əvvəllər onunla kamerada olan məhkumlarla münasibət qura bilməmiş və ya qəsdən ziddiyyətli münasibətə şərait yaratmışdır.”
Bununla bağlı 2009-cu il avqustun 4-də qəbul edilmiş ikinci qərar 2008-ci il 25 iyul tarixli qərara məzmunca oxşar olmuşdur və ərizəçinin birnəfərlik kameraya keçirilməsini eyniliklə əsaslandırılmışdır. 2009-cu il 4 avqust tarixli qərardan sonra ərizəçinin birnəfərlik kamerada saxlanılması hər dəfə iki ay müddətinə müəssisənin rəhbərliyi tərəfindən qəbul edilmiş qərarlarla uzadılmışdır. Həmin qərarlarda ərizəçinin birnəfərlik kameraya keçirilməsi barədə 2008-ci il 25 iyul tarixli qərara məzmunca oxşar əsaslandırma göstərilmişdir. Ərizəçinin birnəfərlik kamerada saxlanılması 2010-cu il dekabrın 16-da bitmişdir.
3. Ərizəçi tərəfindən istifadə edilmiş hüquqi vasitələr
2006-cı il martın 16-da və 20-də ərizəçi tibbi xidmətin və çörəyin keyfiyyəti, habelə sanitar qovşağının vəziyyəti barədə Ədliyyə Nazirliyinə şikayətlər göndərmişdir. 2006-cı il 26 aprel tarixli məktubu ilə Ədliyyə Nazirliyi ərizəçiyə bildirmişdir ki, çörəyin keyfiyyəti İşgəncələrin və qeyri-insani və ya alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) tərəfindən yoxlanılmış və onun bütün keyfiyyət tələblərinə cavab verdiyi göstərilmişdir. Ədliyyə Nazirliyi müəssisənin rəhbərliyinə ərizəçi tərəfindən göndərilmiş şikayətlərdə qaldırılan digər məsələləri araşdırmağı və zəruri tədbirləri görməyi tapşırmışdır. Məlum olmayan tarixdə M.R. (ərizəçinin anası) Qaradağ rayon məhkəməsində iddia qaldırmışdır. O, oğlunun bütövlükdə saxlanma şəraitindən və onun birnəfərlik kameraya keçirilməsindən şikayət etmişdir. Eyni zamanda, o bildirmişdir ki, oğlunun saxlanıldığı kameraya günəş işıqlarının keçmədiyinə və pəncərənin çox balaca olduğuna görə o standart tələblərə cavab vermir. 2008-ci il oktyabrın 31-də Qaradağ rayon məhkəməsi həmin iddianı rədd etmişdir. Həbsxanaya baş çəkdikdən sonra hakim qət etmişdir ki, ərizəçinin saxlanma şəraiti bütün müvafiq tələblərə cavab verir. O, ərizəçinin kamerasını aşağıdakı kimi təsvir etmişdir:
“Ərizəçi 4-cü rejim korpusunun 221 saylı kamerasında saxlanılır. Kamera korpusa daxil olarkən sağda yerləşir. Kamerada yaşayış sahəsi 2.75 x 2.90 metrdən ibarətdir. Kameranın yuxarısında uzunluğu 1 metr 50 sm, eni 21 sm ölçüdə pəncərə var. Həmin pəncərə açıqdır və oradan hava axını sərbəst olaraq otağa daxil olur. Həmin pəncərəyə əks istiqamətdə giriş qapısının üstündə pəncərə ilə eyni hündürlükdə təqribən 30 x 40 sm nəfəslik mövcuddur. Həmin nəfəslik məhkum Ş.Rzaxanov tərəfindən polietilen paketlə bağlanmışdır. Məhkum bunu otaqda pəncərədən daxil olan hava axımının hərəkət etməməsi üçün edildiyini bildirdi. Otağın döşəməsi taxtadandır. Otağın ortasında yataq yerindən təcrid olunmuş qaydada ayaqyolu quraşdırılmışdır. Kameraya su daimi olaraq daxil olur. Otaqda süni işıqlandırma sistemi işləyir. Korpusun qızdırıcı sisteminin tərkib hissəsini təşkil edən boru kamerada pəncərənin altından divara bərkidilmiş qaydada keçir. Məhkum soyuq havalarda qızdırıcı ilə bağlı problem olmadığı bildirdi. Kameraya daxil olarkən sağda televizor asılmışdır.”
Pəncərənin ölçüsü ilə bağlı şikayətlə əlaqədar hakim bildirmişdir ki, ərizəçinin saxlandığı kamerada mövcud olan pəncərə ölçülərinə görə müəyyən edilmiş standartlara uyğun gəlməsə də, pəncərə kameranın təmiz hava və gün işığı ilə təmin etməyə kifayətdir. Hakim ərizəçinin birnəfərlik kameraya yerləşdirilməsini qanuni hesab etmişdir. Bununla əlaqədar o bildirmişdir ki, 2008-ci il 25 iyul tarixli qərara əsasən ərizəçi daxili rejim qaydalarını mütəmadi olaraq pozduğuna görə birnəfərlik kameraya keçirilmişdir. Bundan sonra hakim qeyd etmişdir ki, ərizəçi ilə birlikdə saxlanmış məhkumun 2006-cı il dekabr ayında vəfat etməsindən sonra o, cəzaçəkmə müəssisənin rəhbərliyinə müraciət edərək kamera yoldaşının ildönümü çıxana qədər tək qalmasını xahiş etmişdir. Bir il keçdikdən sonra ərizəçi başqa məhkumun onun yanına köçürülməsinə etiraz etmişdir. Sonradan M.D. adlı məhkum ərizəçinin saxlandığı kameraya köçürülmüş, lakin ərizəçi müxtəlif orqanlara şikayət yazaraq onu birnəfərlik kameraya köçürülməsini xahiş etmişdir. Bundan sonra ərizəçi M.İ. adlı məhkumun onun yanına yerləşdirilməsini xahiş etmişdir. Lakin onların birlikdə saxlanması təhlükəsizlik baxımdan məqsədəmüvafiq hesab olunmamışdır. 2009-cu il martın 30-da Apellyasiya Məhkəməsi, 2009-cu il oktyabrın 27-də isə Ali Məhkəmə birinci instansiya məhkəməsinin 2008-ci il 31 oktyabr tarixli qətnaməsini qüvvədə saxlamışdır. 2009-cu ildə məlum olmayan tarixdə ərizəçi saxlanma şəraitindən şikayət edərək Qaradağ rayon məhkəməsi qarşısında yeni iddia qaldırmışdır. 2009-cu il noyabrın 20-də Qaradağ rayon məhkəməsi ərizəçinin iddiasını rədd etmişdir. 2010-cu il martın 19-da Bakı Apellyasiya Məhkəməsi, 2010-cu il noyabrın 20-də isə Ali Məhkəmə birinci instansiya məhkəməsinin 2009-cu il 20 noyabr tarixli qətnaməsini qüvvədə saxlamışdır.
C. Pis rəftara məruz qalması iddiası
1. Hadisələrin ərizəçi tərəfindən təsviri
2004-cü il yanvarın 11-də ərizəçi müəssisənin mühafizə xidmətinin rəhbər şəxsinin iş otağına gətirilmişdir. İlk növbədə ona Konstitusiya Məhkəməsinə həddindən artıq çox şikayətlərin göndərilməsinə görə xəbərdarlıq edilmişdir. Bundan sonra onun əllərinə qandal taxılmış və o, müəssisənin rəisi və bir neçə digər əməkdaşları tərəfindən dəyənəklə döyülmüşdür. Döyülmə təxminən qırx dəqiqə davam etmişdir. Bundan sonra onun dartıb karserə aparmışdırlar və burada o, 2004-cü il yanvarın 14-dək saxlanmışdır. Ona tibbi xidmət göstərilməmişdir. Ərizəçinin anası oğlunun pis rəftara məruz qaldığı barədə xəbər almışdır. 2004-cü il yanvarın 15-də ərizəçi vəkili, qohumları və müəssisə rəhbərliyinin iştirakı ilə Ombudsmanla görüşmüşdür. Ərizəçi Ombudsmanın səfərinin məqsədini izah etməmişdir. Ərizəçinin izahatlarına əsasən Ombudsman bununla bağlı heç bir tədbir görməmiş və yalnız onun bədəninin üzərində pis rəftarın izlərini müşahidə etmişdir. 2004-cü il yanvarın 17-də Avropa Şurası AQO Qrupunun (Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yetirilməsinə nəzarət edən Nazirlər Komitəsinin qrupu) üzvləri ərizəçiyə baş çəkmişdirlər. Ərizəçi iddia olunan pis rəftara məruz qaldığı barədə onlara danışmışdır. Nümayəndələr ərizəçinin anası ilə də görüşmüşdürlər. Nümayəndələr ərizəçinin şikayətləri ilə bağlı öz narahatlıqlarını ədliyyə nazirinə çatdırmışdırlar. Ədliyyə nazirinin müavini hadisə ilə bağlı istintaqın aparılmasına vəd vermişdir. Lakin bununla əlaqədar səmərəli istintaq aparılmamışdır. 2004-cü il iyul və avqust aylarında ərizəçi tibbi müayinənin aparılması üçün Ədliyyə Nazirliyinin tibb müəssisəsinə aparılmışdır. Lakin tibbi ekspert zədəli ayağının əvəzinə sağlam ayağının rentgenini eləmişdir və bununla zədələri gizlətməyə çalışmışdır. Bununla ərizəçiyə növbəti ekspertizanın keçirilməsindən imtina edilmiş və o, müəssisəyə qaytarılmışdır.
2. Saxlanma şəraitinin Hökumət tərəfindən təsviri
2004-cü ildə müəssisənin nəzarətçiləri digər məhkumların üzərində aclıq aksiyasına başlamağa çağırış haqqında ərizəçinin məktubunu aşkar etmişdirlər. Bundan sonra nəzarətçilər ərizəçinin üzərində axtarış keçirməyə cəhd göstərmiş lakin ərizəçi buna etiraz etmişdir. Həmin gün müəssisənin rəhbərliyi ərizəçinin on beş günlük karserə salınması barədə qərar qəbul etmişdir. 2004-cü il yanvarın 26-da ərizəçi on beş günlük müddətin tamamlanmasından sonra karserdən çıxmışdır. Ombudsmanın baş çəkməsi ilə əlaqədar 2004-cü il fevralın 14-də ərizəçi vəkilin və anasının iştirakı ilə Ombudsmanla görüşmüşdür. Həmin görüşün video yazısı Məhkəməyə təqdim edilmişdir. Videoya əsasən ərizəçinin vəkilinin və anasının iştirakı ilə Obbudsman ona pis rəftara məruz qalması iddiaları ilə əlaqədar suallar vermişdir. Ərizəçi Ombudsmana bildirib ki, o, Qobustan həbsxanasında saxlandığı dövr ərzində nəzarətçilər tərəfindən işgəncəyə və ya pis rəftara məruz qalmamışdır. Yekunda Hökumət bildirmişdir ki, Avropa Şurası AQO Qrupunun nümayəndələri 2004-cü il yanvarın 17-də ərizəçi ilə görüşməyiblər. Belə ki, nümayəndələr Qobustan həbsxanasına 2002-ci il mayın 14-də, 2003-cü il iyulun 11-də və 2004-cü il fevralın 4-də öz illik səfərləri çərçivəsində baş çəkmişdirlər.
3. Ərizəçi tərəfindən istifadə edilmiş hüquqi vasitələr
2004-cü ilin yayında ərizəçi Baş Prokurorluğa və Ədliyyə Nazirliyinə nəzarətçilər tərəfindən pis rəftara məruz qalması ilə əlaqədar şikayətlər göndərmişdir. Baş Prokurorluğa ünvanlanmış şikayətlərlə əlaqədar Qaradağ rayon prokurorluğu tərəfindən istintaq başlanmışdır. 2005-ci il noyabrın 24-də Qaradağ rayonu prokurorun müavini tərəfindən ərizəçinin 2004-cü il yanvarın 11-də döyülmədiyini müəyyən edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Xüsusilə prokuror bildirmişdir ki, ərizəçinin nəzarətçilər tərəfindən pis rəftara məruz qalmasını sübut edən dəlillər mövcud deyil. Həmin qərardan şikayət verilməmişdir. 2006-cı il mayın 28-də M.R. ərizəçinin adından Qaradağ rayon məhkəməsində iddia qaldıraraq oğlunun nəzarətçilər tərəfindən pis rəftara məruz qalması ilə əlaqədar təzminatın ödənilməsini tələb etmişdir. 2006-cı il iyunun 9-da Qaradağ rayon məhkəməsi şikayəti Mülki-Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsində təsbit edilmiş prosedur tələblərinə uyğun olmadığına görə, baxılmamış saxlamışdır. Xüsusilə M.R. cavabdehlərin adlarını və ünvanlarını göstərməmişdir. Həmin qərardaddan şikayət verilməmişdir. Məlum olmayan tarixdə M.R. Qaradağ rayon məhkəməsində yeni iddia qaldıraraq pis rəftarla əlaqədar təzminatın ödənilməsini tələb etmişdir. 2006-cı il sentyabrın 22-də Qaradağ rayon məhkəməsi şikayəti Mülki-Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrində təsbit edilmiş prosedur tələblərinə uyğun olmadığına görə baxılmamış saxlamışdır. Məhkəmə qeyd etmişdir ki, şikayəti imzalayan şəxsi müəyyən etmək mümkün olmamış və işdə həmin iddialarla əlaqədar müvafiq sənədlər mövcud deyil. Eyni zamanda, məhkəmə bildirmişdir ki, ərizəçi nəzarətçilərin iddia olunan cinayət xarakterli hərəkətlərdən prokurorluğa şikayət verməli və mülki iddia Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində təsbit edilmiş prosedur tələblərinə uyğun olmalıdır. Həmin qərardaddan şikayət verilməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Cəzaların İcrası Məcəlləsi (CİM)
CİM-in 122-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər, habelə il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq, səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Onlar hər gün bir saat gəzinti hüququna malikdirlər. CİM-in 121-ci maddəsinə əsasən zəruri hallarda məhkumlar həbsxana müdiriyyətinin əsaslandırılmış qərarı ilə birnəfərlik kameralarda saxlanıla bilərlər. Məhkumlar kamera tipli otaqlara və birnəfərlik kameralara bu tənbeh tədbirlərinin müddəti göstərilməklə keçirilirlər (109.3.-cü maddə). CİM-in 109.2.-ci maddəsinə əsasən məhkumun tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır.
B. Cinayət-Prosessual Məcəlləsi (CPM)
Cinayət-Prosessual Məcəlləsinin (CPM) LII fəsildə Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini tənzim edən prosedur təsbit edilir. 449-cu maddəyə əsasən zərərçəkmiş şəxs və ya onun qanuni nümayəndəsi cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarlarından şikayət verilə bilərlər. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi haqqında qərar çıxara bilər (451-ci maddə). Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması barədə hakimin qərarı CPM-in 452-453-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər.
C. Ədliyyə nazirinin 16-T nömrəli 2010-cu il 19 noyabr tarixli əmri ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrin daxili intizam qaydaları
Qaydaların 13-cü fəslinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar müdiriyyətin əsaslandırılmış qərarı ilə birnəfərlik kamerada saxlanıla bilərlər. Həbsxanada məhkumlar şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onların digər məhkumlarla saxlanılması mümkün olmadıqda birnəfərlik kamerada saxlanıla bilərlər. Məhkumun birnəfərlik kamerada saxlanması və saxlanılma müddətinin uzadılması barədə qərarlar məhkuma imza etdirilməklə elan edilir. Bu qərarlara müdiriyyət tərəfindən iki ayda bir dəfə yenidən baxılır, onlardan məhkum tərəfindən şikayət verilə bilər.
D. Ədliyyə nazirinin 13-T nömrəli 2004-cü il 24 mart tarixli əmri ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrin daxili intizam qaydaları (2010-cu il noyabrın 19-dək qüvvədə olan redaksiyası)
Qaydaların 52-ci fəslinə əsasən həbsxanada məhkumlar şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onların öz xahişi ilə birnəfərlik kamerada saxlanıla bilərlər.
III. MÜVAFİQ BEYNƏLXALQ VƏ MİLLİ SƏNƏDLƏR
A. İşgəncələrin və qeyri-insani və ya alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) 2-ci ümumi hesabatından (1991-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edən fəaliyyət) çıxarışlar
Hesabatın müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:
“48. Açıq havada gəzintilərə xüsusi diqqət yetirilməlidir. Məhkumlara hər gün bir saat ərzində açıq havada gəzintiyə icazənin verilməsi tələbi hamılıqla qəbul edilmiş əsas təminatdır (əsasən bu hər-hansı geniş proqramın tərkib hissəsi olmalıdır). CPT arzu edir ki, istisnasız bütün məhkumlar (o cümlədən cəzalandırılaraq birnəfərlik kameralarda saxlanılanlar) hər gün açıq havada məşğələlərə cəlb olunsunlar. Açıq havada gəzintilər üçün ayrılmış yerlər müəyyən ölçüdə və pis havadan qorunmaq üçün çətirlərlə təchiz olunmalıdırlar ...
56. CPT hər-hansı səbəblərə görə (nizam-intizama, təhlükəli olduqlarına və ya onların təhlükəli hərəkətlərinə görə, istintaqın maraqları naminə və ya öz xahişləri əsasında) birnəfərlik kameralarda və ya oxşar şəraitdə saxlanılan məhkumlara xüsusi diqqət ayırır.
Mütənasiblik prinsipi tələb edir ki, müvafiq şəxs üçün çox zərərli nəticələr verdiyinə görə işin halları ilə birnəfərlik kamerada saxlanılma rejiminin tətbiqi arasında müəyyən tarazlıq qorunmalıdır. Birnəfərlik kamerada saxlanılma müəyyən hallarda qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər; hər bir halda birnəfərlik kamerada saxlanılma müddəti mümkün qədər qısa olmalıdır ...”
B. CPT-nin 21-ci ümumi hesabatından (2010-cu il avqustun 1-dən 2011-ci il iyulun 31-dək olan müddəti əhatə edən fəaliyyət)
Hesabatın müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:
“52. Birnəfərlik kamerada saxlanılma məhkumların psixi, somatik və sosial durumuna mənfi təsir göstərdiyinə görə CPT həmişə birnəfərlik kameralarda saxlanılan məhkumlara xüsusi diqqət yetirmişdir.
Tədbirin uzun müddət ərzində tətbiqi və qeyri-müəyyənliyi zərərli təsiri artıra bilər. Birnəfərlik kameralarda saxlanılan məhkumlar arasında adi məhkumlarla müqayisədə baş verən intihar hallarının sayı həmin tədbirin mənfi təsirə malik olduğunun göstəricisidir. Şübhəsiz bununla əlaqədar birnəfərlik kamerada saxlanılma işgəncələrin və qeyri-insani və ya alçaldıcı rəftarın qarşısının alınması məsələsini qaldırır.”
C. Avropa Şurası Nazirlər Komitəsinin Üzv Dövlətlərə ünvanlamış Rec(2006)2 nömrəli 2006-cı il 11 yanvar tarixli Tövsiyələri (Avropa Penitensiar Qaydaları)
Avropa Penitensiar qaydalarının müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
Ciddi rejimli və ya xüsusi təhlükəsizlik tədbirləri
“53.1. Ciddi rejimli və ya xüsusi təhlükəsizlik tədbirləri müstəsna hallarda tətbiq olunur.
53.2. Belə tədbirlərin istənilən məhbus barədə tətbiqi zamanı gözlənilməsi tələb olunan şəffaf proseduralar müəyyən edilməlidir.
53.3. İstənilən belə tədbirin tətbiqi əsası, xarakteri və müddəti milli qanunvericiliklə müəyyən olunmalıdır.
53.4. Bu tədbirlərin hər bir halda tətbiqi səlahiyyətli orqan tərəfindən təsdiq olunmalıdır.
53.5. Müəyyən olunmuş bu müddətin artırılması üzrə istənilən qərar onun səlahiyyətli orqan tərəfindən yenidən təsdiqindən sonra qəbul edilə bilər.
53.6. Belə tədbirlər məhbus qruplarına yox, ayrı-ayrı şəxslərə tətbiq edilir.
53.7. Barəsində belə tədbirlər tətbiq edilən hər bir məhbusun 70-ci qaydada göstərilən şərtlərə uyğun şikayət etmək hüququ vardır.”
Müraciət və şikayətlər
“70.1. Məhbuslar ayrı-ayrılıqda və yaxud qrup şəklində penitensiar müəssisənin rəisinə və ya digər səlahiyyətli qurumlara xahiş və şikayətlərini bildirmək üçün geniş imkanlara malik olmalıdırlar.
...
70.3. Şikayət və yaxud xahiş təmin edilməyibsə, onun səbəbləri məhbusun nəzərinə çatdırılmalıdır, məhbusun bu qərardan müstəqil quruma şikayət etmək hüququ vardır.
70.4. Məhbuslar xahiş və şikayətlə müraciətlərə görə cəzalandırılmamalıdırlar.
70.5. Səlahiyyətli qurum məhbusların hüquqlarının pozulması ehtimalı ilə əlaqədar onların qohumlarının yazılı qaydada göndərdikləri bütün şikayətləri qəbul etməlidirlər. ...”
D. CPT-nin 2008-ci il 8-12 dekabr tarixli səfəri ilə bağlı Azərbaycan Hökumətinə ünvanladığı Hesabatdan çıxarışlar
CPT bir neçə dəfə Azərbaycana səfər etmiş və həmin səfərlər zamanı Komitə Qobustan həbsxanasındakı vəziyyətlə tanış olmaq imkanı əldə etmişdir. Xüsusilə CPT-nin 2005-ci ilin may ayında ad hoc səfərinin məqsədi Qobustan həbsxanasındakı vəziyyətlə tanış olmaq olmuşdur. Lakin CPT-nin həmin səfərinə dair hesabatı məxfi saxlanılmışdır. CPT-nin Azərbaycanla bağlı ictimaiyyətləşdirilmiş son hesabatı 2008-ci ilin dekabr ayında həyata keçirilmiş səfərə dair olmuşdur. Hesabatın müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:
“15. Rəsmən 700 nəfərlik olan Qobustan həbsxanasında səfər vaxtı 634 məhbus var idi. Onlardan 219 nəfər ömürlük, 60 nəfər uzunmüddətli həbsə məhkum edilənlər, 319 nəfər rejim pozuntularına görə digər müəssisələrdən köçürülmüş, 36 nəfər isə müəssisədə işə təyin edilmiş şəxslər olmuşlar. Nümayəndə heyəti diqqətini ömürlük məhbusların saxlanıldığı üç bölməyə yönəltmişdir (3, 4 və 6 nömrələr).
16. Ömürlük məhbuslar üçün yuxarıda qeyd edilən üş bölmədə, nümayəndə heyəti maddi şərait baxımından bəzi irəliləyişləri müşahidə etmişdir. Kameraların isidilməsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır, axar su kameralarda daimi əsasda verilirdi, 4 saylı bölmədəki duşlar yenilənmişdir (bu da məhbuslara daha tez-tez duş qəbul etmək imkanı verir). Əlavə olaraq, 6 saylı bölmədə duşların yenilənməsi işləri davam etməkdə idi. Habelə, müəssisəsinin mətbəxi tamamilə təmir və təchiz edilmişdir.
Bununla belə, ən təmirsiz vəziyyətdə olan 1 saylı bölmədəki vəziyyət əsasən olduğu kimi qalmışdır. Həmçinin həbsxana hələ də məhbusları tələblərə cavab verən qaydada şəxsi gigiyena məhsulları (müntəzəm əsasda yalnız sabun və yuyucu toz verilirdi) ilə təmin etmir və orada camaşırxana yox idi, beləcə, məhbuslar paltarlarnı və yataq ləvazimatlarnı özləri yumağa və ya ailələrinə bel bağlamağa məcbur olurdular.
Cəzaların İcrası Məcəlləsinə (CIM) 2008-ci ilin iyun ayında bir sıra düzəlişlər edilmişdir ki, bunlar da digər məsələlərlə yanaşı, ikidən artıq ömürlük məhbusun bir kamerada birgə saxlanılması üzərindəki məhdudiyyəti aradan qaldırmışdır. Nümayəndə heyəti bəzi kameralarda 3 məhbusun saxlanıldığını müşahidə etmişdir. Ümumiyyətlə, bir məhbus üçün 4 kv. m-lik yaşayış ərazi ilə bağlı hüquqi tələbə baş çəkilən bütün kameralarda əməl edilmişdir (yəni 7 və 8 kv. m-lik kamerada bir məhbus, 9 və 10 kv. m-lik kamerada iki məhbus, təxminən 17 kv. m-lik kamerada üç məhbus). Bununla belə, CPT tərəfindən əvvəlki səfərlərin hesabatlarında vurğulandığı kimi, məhbusların gün ərzində 23 saat öz kameralarında qapalı saxlanılmaları baxımından, yaşayış sahəsi gen-bol olmaqdan uzaq idi.
18. Ərzağa gəlincə, bir çox məhbuslar onun keyfiyyətinin son zamanlar yaxşılaşdığını bildirmişlər. Lakin verilən yeməyin, xüsusilə əlavə yemək məhsulları almaq imkanına malik olmayanlar üçün yeknəsəq olması və meyvənin verilməməsi ilə bağlı bir sıra şikayətlər səsləndirilmişdir.
19. Artıq qeyd edildiyi kimi (9-cu bəndə bax), 1500 nəfərlik, yüksək təhlükəsizliyə malik yeni həbsxananın tikintisi davam etməkdə idi. Nümayəndə heyətinə məlumat verilmişdir ki, yeni həbsxana istifadəyə verilən kimi Qobustan həbsxanası bağlanacaqdır. CPT yeni həbsxananın tikintisi, istifadəyə verilməsi üzrə vaxt cədvəlini və tikilinin sxemi barədə məlumat əldə etmək istəyir.
Bu arada CPT tövsiyə edir ki, Qobustan həbsxanasında aşağıdakıların təmin edilməsi üçün tədbirlər görülsün:
- məhbusların tələblərə cavab verən sayda şəxsi gigiyena vasitələri (diş pastası, diş fırçası, tualet kağızı və s. daxil olmaqla) ilə sistematik surətdə təmin edilməsi;
- məhbuslara verilən yeməyin çeşidinin yaxşılaşdırılması.
21. Məşğuliyyətlərə gəldikdə, CİM-ə edilmiş düzəlişlər ömürlük məhbuslara televiziyaya baxmaq imkanı vermişdir. Nümayəndə heyəti müşahidə etmişdir ki, ömürlük məhbuslar bölməsindəki bütün kameralar administrasiya tərəfindən verilən televizorla təmin edilmişdir. Həm məhbuslar, həm də heyət qeyd etmişdir ki, televiziyaya baxmaq imkanı müəssisədəki gərginliyi əhəmiyyətli dərəcədə azaltmışdır.
Bununla belə qeyd edilməlidir ki, bir çox məhbuslar gün ərzində yalnız bir neçə saat televiziyaya baxmağa icazə verildiyindən şikayət etmişlər. Nümayəndə heyətinin şərhlərinə cavab olaraq, Azərbaycan hakimiyyət qurumları 2009-cu il 4 mart tarixli məktubda qeyd etmişdir ki, "məhbusların tcleviziyaya baxnıaq vaxtıııın uzadılması" qərara almmışdır. CPT ömürlük məhbusların gün ərzində televiziyaya baxmasına icazə verilən dəqiq vaxt haqqında məlumat almaq istəyir.
22. Yuxarıda qeyd edilən irəliləyişlərə baxmayaraq, ömürlük məhbuslar zamanlarını heç bir mütəşəkkil məşğuliyyət formasına cəlb edilmədən, gün ərzində 23 saat öz kameralarında qapalı şəraitdə keçirməkdə davam edirdilər. Bu vəziyyət tamamilə qeyri-məqbuldur və uzun müddətdən bəri qalan CPT tövsiyələrinin yerinə yetirilməməsi deməkdir. CPT Azərbaycan hakimiyyət qurumlarmı Qobustan Həbsxanasında ömürlük məhbuslar üçün kameradankənar məşğuliyyət rejimini ləngimədən işləyib hazırlamağa və həyata keçirməyə çağırır.
Bu kontekstdə, Komitə bir daha ömürlük məhbusların digər məhbuslardan kənar saxlanılmasına haqq qazandırmır. Bununla bağlı, Avropa Şurası Nazirlər Komitəsinin 2003-cü il 9 oktyabr tarixli (2003) 23 saylı “Ömürlük və digər uzunmüddətli məhbusların həbsxana administrasiyası tərəfindən idarə olunması" haqqında Tövsiyəsinə istinad edilmişdir. CPT Azərbaycan hakimiyyət qurumlarını ömürlük məhbuslarla rəftar üzrə qaydaların formalaşdırılması zamanı (2003) 23 saylı Tövsiyədə əks olunmuş prinsiplərin lazımi şəkildə nəzərə alınmasına çağırır.
54. CPT Qobustan həbsxanasında məhbusların uzun müddət ərzində birnəfərlik kameralarda saxlanılması təcrübəsi ilə bağlı şübhələrə malikdir. 2008-ci ilin fevralından bəri tənha həbsdə saxlanılmış bir ömürlük məhbusun halına istinad edilməlidir. Toplanmış məlumata əsasən aydın olmuşdur ki, birnəfərlik kamerada saxlanılma barədə qərar həbsxana müdiriyyəti tərəfindən dustağın "dağıdıcı davranışına" (başqa məhbusları itaətsizliyə təhrik etməklə) görə verilir. Həbsxana rəisi CİM-in zərurət yarandığı zaman rəisin tutarlı qərarı əsasında dustağın birnəfərlik kamerada saxlanıla biləcəyini şərtləndirən 121.1-ci bölməsinə əsaslanır. Qərar qeyri-müəyyən müddətə verilir və mütəmadi olaraq yenidən araşdırılmır. Həmçinin sözügedən məhbus iddia etmişdir ki, direktorun qərarının surəti ona verilməmiş, yalnız 2008-ci ilin iyununda tənha həbs təsdiq edilmişdir və bundan sonra o, məhkəməyə şikayət ünvanlamışdır.
Birnəfərlik kamerada saxlanılmaı rejiminin tətbiq olunması aidiyyəti şəxsə çox zərərli nəticələr doğura biləcək addımdır və bəzi hallarda qeyri-insani və alçaldıcı rəftara gətirib çıxara bilər. CPT hesab edir ki, bu rejimin tətbiqi ciddi surətdə konkret məhbus üzrə fərdi risk dəyərləndirilməsinə əsaslanmalı, mümkün qədər qısa müddət üçün tətbiq edilməli və müntəzəm intervalla yenidən baxılmalıdır. Komitə Azərbaycan hakimiyyət qurumlarına aşağıdakıların təmin edilməsi üçün addımlar atılmasını tövsiyə edir:
- həbsxana rəhbərliyi tərəfindən birnəfərlik kamerada saxlanılan məhbusun bunun səbəbləri barədə yazılı surətdə məlumatlandırılması (göstərilən səbəblərin, təhlükəsizlik tələblərinin haqlı olaraq məhbusdan gizli saxlanmasına haqq qazandıran məlumatı əks etdirməməsinə anlaşıqla yanaşmaqla);
- barəsində bu tədbirin görüldüyü məhbusa məsələ ilə bağlı mövqeyini bildirmək imkanının verilməsi;
- birnəfərlik kamerada saxlanılması mümkün qədər qısa zaman üçün olması və məhbusun əsas həbsxana sakinlərinə yenidən inteqrasiya olunması üçün ən azı hər üç aydan bir yenidən baxılması. ...”
E. CPT-nin 2008-ci ilin 8-12 dekabr tarixlərində Azərbaycana növbəti səfəri ilə bağlı hesabatında əks etdirilmiş tövsiyələr üzrə görülmüş tədbirlər haqqında məlumatdan çıxarışlar
Məlumatın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“16, 18 və 19-cu bəndlər üzrə
Təmirlə bağlı qeyd olunmalıdır ki, hesabatda göstərildiyi kimi, həbsxananın bir sıra korpuslarında təmir işlərinin aparılması nəticəsində şərait xeyli yaxşılaşdırılmış və bu işlər davam etdirilir. Hazırda həbsxananın 1, 2, 3 saylı rejim korpuslarında su və kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə təmir işləri aparılır.
Məhkumların şəxsi gigiyena məsələləri ilə bağlı qeyd olunmalıdır ki, məhkumların paltarlarını yumaq məqsədilə hər bir rejim korpusuna paltar yuyan maşını verilmişdir. Eyni zamanda, mərkəzləşdirilmiş cəmaşirxananın təşkili ilə bağlı qərar qəbul edilmiş, 2009-cu ilin üçüncü rübündə stasionar paltaryuyan maşının quraşdırılması və istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra məhkumların paltarlarını, yataq ləvazimatlarını özləri tərəfindən yuyulması hallarına son qoyulacaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2001-ci il tarixli 154 saylı qərarının 24 saylı əlavəsində məhkumlara gigiyenik vasitələrin, yəni paltar sabunu (hər ay 250 qr.), əl-üz sabunu (hər ay 100 qr.), yuyucu toz ( hər ay 150 qr), diş fırçası (ildə bir ədəd), diş pastası (üç ayda bir ədəd) verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalar məhkumlar mütəmadi gigiyenik vasitələrlə təmin edilirlər. Həbsxanada saxlanılan bütün məhkumlar 2008-ci ilin sonunda və 2009-cu ilin iyul ayında yeni diş fırçaları və diş pastası ilə təmin edilmişlər. Eyni zamanda məhkumların tualet kağızı ilə, qadın məhkumların gigiyenik paketlərlə təmin olunması, habelə diş fırçasının və diş pastasının istifadə müddətinin azadılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əlavə və dəyişikliklər edilməsi məqsədilə təkliflər hazırlanmış və baxılması üçün təqdim edilmişdir.
Məhkumların ərzaqla təmin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2001-ci il tarixli 154 saylı qərarı ilə təsdiq edilmiş yemək normalarına əsasən təqsirləndirilən şəxslərə və məhkumlara, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara gündə üç dəfə müxtəlif isti yemək verilir. Yemək normalarının gündəlik tutumu 3 min koloriyaya bərabərdir. 2008-ci il və 2009-cu ilin 6 ayı ərzində təsdiq olunmuş normalara uyğun olaraq Penitensiar Xidmətin Təchizat idarəsindən digər cəzaçəkmə müəssisələri kimi həbsxanaya da 8 müxtəlif adda yarmalar, habelə ət, balıq və digər zəruri qida məhsulları buraxılmışdır. Eyni zamanda, yaşlı məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin meyvə və ya meyvə qurusu ilə təmin edilməsi üçün yuxarada qeyd olunan yemək təminatı ilə bağlı qərara dəyişikliklər edilməsi üçün Nazirlər Kabinetinə təkliflər hazırlanmış və təqdim edilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, həbsxanada saxlanılan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada bağlama, sovqat və banderol almaq, habelə pul xərcləmək hüququna malikdirlər.
Qobustan həbsxanasının köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2006-cı il tarixli sərəncamına uyğun olaraq Bakı şəhərinin Umbakı qəsəbəsində yeni müəssisənin inşası üçün 15 hektar torpaq sahəsi ayrılmış, 2007-ci ilin iyul ayından onun tikintisinə başlanılmışdır. Müəssisədə ümumən 1500 məhkumun saxlanılması planlaşdırılır. Həbsxanada bir mərtəbəli 22 rejim korpusunun tikintisi nəzərdə tutulmuş, hər rejim korpusunda 2, 4 və daha çox məhkumların saxlanması üçün kameralar nəzərdə tutulmuşdur. Hər kameranın qarşısında məhkumların gün ərzində sərbəst gəzmək imkanı olan üstüaçıq gəzinti otağı, o cümlədən sanitariya qovşağı, duş və masa ilə təchiz olunması, nəzərdə tutulur. Həbsxanada hər bir məhkuma 4 kvadratmetrdən az olmayaraq yaşayış sahəsi ayrılmışdır. Həbsxananın hər iki hissəsində ayrı-ayrılıqda zəruri infrastrukturun yaradılması, o cümlədən ictimai faydalı əməklə məşğul olmaq, təhsil almaq və s. üçün kameralar nəzərdə tutulur. Hal-hazırda müəssisənin inşası üzrə işlər davam etdirilir. Tikinti üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin tamlıqla ayrılması şərtilə həbsxananın 2011-ci ildə istismara verilməsi nəzərdə tutulur.
17-ci bənd üzrə
Ümumi qəbul olunmuş minimal standartlara görə bu norma çoxyerli kamerada hər məhbus üçün 4 kvadratmetr və biradamlıq kamerada 6 kvadratmetr təşkil edir. Bu minimal standartlar konkret həbsxana sistemində məhbusların öz kameralarında nə qədər real vaxt keçirdiklərinin geniş təhlilinə əsaslanmışdır.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 91.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması 4 kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz. CPT-nin hesabatında göstərildiyi kimi, 24 iyun 2008-ci ildə Cəzaların İcrası Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən iki nəfərdən artıq məhkumun bir kamerada birgə saxlanılması ilə bağlı qanunvericilikdə mövcud olmuş məhdudiyyət aradan qaldırılmışdır. Bunun təcrübədə tətbiqi nəticəsində nümayəndə heyəti bəzi kameralarda 3 nəfər məhkum edilmiş şəxsin saxlandığını və bu zaman yaşayış sahəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilməsini müşahidə etmişdir.
Nəzərə alınmalıdır ki, bu hal həbsxananın hazırki quruluşu və vəziyyəti, eləcə də cəza çəkən kontingentin xüsusiyyətləri ilə şərtləndirilmişdir. İnşa edilən yeni həbsxana istifadəyə verildikdən sonra məhkum edilmiş şəxslərin saxlanma şəraitində, o cümlədən onların yaşayış sahəsində müsbət dəyişikliklər təmin ediləcək.
21-ci bənd üzrə
Cəzaların İcrası Məcəlləsinə 24 iyun 2008-ci il tarixli qanunla edilmiş əlavə və dəyişikliklərlə bağlı “Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydaları”nın 243-cü bəndinə edilmiş əlavələrə əsasən cəzaçəkmə müəssisələrində və həbsxanada saxlanılan məhkumlara mərkəzləşdirilmiş qaydada hər gün televizor verilişlərinə baxmağa şərait yaradılmışdır. Televiziya verilişlərinə baxış vaxtı məhkumlar üçün yerinə yetirilməsi məcburi olan gündəlik qayda ilə iş günlərində 4, istirahət və bayram günlərində isə 6 saatdan artıq olmayaraq müəyyən edilir. Zərurət yarandıqda televiziya verilişlərinə baxılma müddəti müdiriyyət tərəfindən daha bir saatadək uzadıla bilər. Qeyd olunmalıdır ki, məhkumlara sərbəst olaraq istədikləri kanallarda verilişlərə baxmaq imkanı verilmişdir. Hal-hazırda həbsxanada məhkumların televiziya verilişlərinə baxılması saat 1800-dan 2200-dək həyata keçirilir. Gündəlik qaydaya əsasən gün ərzində, yəni saat 1800-dək müəssisədə məhkumların kameralarla gəzintiyə çıxarılması, onlara hamam verilməsi, həkim tərəfindən baxış keçirilməsi, müəssisə müdiriyyəti tərəfindən məhkumların qəbullarının aparılması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı, habelə qadağan olunmuş əşyaların aşkar edilməsi məqsədilə axtarış-baxış tədbirləri və s. keçirilir. Gələcəkdə yeni müəssisənin isifadəyə verilməsi zamanı məhkumların gəzintiyə çıxarılması, onlara hamam təqdim edilməsi məsələləri artıq bilavasitə onların saxlandıqları kamera vasitəsi ilə həyata keçirildiyindən, əlavə vaxt tələb etmədiyinə görə televiziya verilişlərinə baxış vaxtının artırılması məsələsinə bir daha baxıla bilər.
22-ci bənd üzrə
Yuxarıda qeyd edildiyi kimi, 6 fevral 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı» azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrin bərpasını və yeni sahələrin yaradılmasını nəzərdə tutur.
Qüvvədə olan qanunvericilik ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara həbsxana şəraitində ictimai faydalı əməklə məşğul olmaq hüququ vermişdir. Yeni inşa olunan həbsxanada cəza çəkəcək məhkumların, o cümlədən, ömürlük azadlıqdan məhrum edilmiş məhkumların işlə təmin olunması üçün istehsal sahələrinin və sexlərinin, peşə məktəbinin inşası nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd olunan məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə həbsxanada idman meydançasının və idman zalının da təşkili planlaşdırılır.
Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların digər məhkumlardan ayrılıqda saxlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı və Cəzaların İcrası Məcəlləsinin 72-ci maddələri ilə müəyyən edilmişdir. Belə yanaşma ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin törətdikləri cinayətin xüsusilə ağır olması, onların təhlükəlilik dərəcəsinin yüksəkliyi ilə şərtləndirilir.
54-cü bənd üzrə
Hal-hazırda həbsxanada müəssisə rəisinin müvafiq qərarlarına əsasən 6 məhkum müvafiq əsaslara istinadən birnəfərlik kameralarda saxlanılır. Cəzaların İcrası Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisə rəhbərinin qərarı ilə məhkumlar birnəfərlik kamerada saxlanılmasına keçirilə bilər, bu zaman onların şəxsiyyəti, psixoloji durumu, digər məhkumlarla yaranmış münasibətləri nəzərə alınır. Bu hal məhkuma tənbeh tədbiri kimi qiymətləndirilmir. Məcəllənin 109-cu maddəsinə əsasən məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir və məhkumun bu qərardan məhkəməyə və ya Ədliyyə Nazirliyinə şikayət etmək hüququ vardır.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq həbsxanalarda saxlanılan məhkumlar cəzanın icrası qaydalarını qərəzli pozduqda, onlar barəsində iki aydan altı ayadək müddətə ciddi saxlama şəraitinə keçirmək növündə tənbeh tədbiri tətbiq edilə bilər. CPT-nin tövsiyələri nəzərə alınaraq, Penitensiar Xidmət rəisinin 18 iyul 2009-cu il tarixli Sərəncamına əsasən həbsxana rəisinə birnəfərlik kamerada saxlanılma barədə qərara iki ayda bir dəfədən az olmayaraq yenidən baxılması barədə göstəriş verilmişdir.”
F. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin İllik Fəaliyyətinə dair (2011-ci il)” Hesabatdan çıxarışlar
İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə Milli Preventiv Mexanizm (MPM) Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli Sərəncamı ilə təsis edilmişdir. MPM-in funksiyalarını həyata keçirən təsisat qismində Azərbaycan Respublikasının Ombudsmanı müəyyən edilmişdir. Həmin qurum illik fəaliyyəti ilə bağlı Hesabatını dərc edir. Ombudsmanın İllik Hesabatında (2011-ci il) Qobustan həbsxanasında saxlanma şəraiti ilə bağlı aşağıdakılar qeyd edilmişdir:
“Kameraların vəziyyəti
Ömürlük məhkumlar üçün nəzərdə tutulmuş kameralar bir otaqdan ibarətdir. Burada 1, 2 v 4 nəfər saxlanılır. Ayaqyolu və su kranı kameranın içərisindədir və arakəsmə ilə əhatə olunur. Kameraların pəncərələri standartlara qismən uyğundur, döşəmələri daşdandır. Həbsxanada yer çatışmazlığı səbəbindən əvvəllər cərimə təcridxanası kimi istifadə edilən otaqların şəraiti yaxşılaşdırılaraq ümumi kamera kimi istifadə edilir. Kameralarda 2 yaruslu çarpayılar vardır. Məhkumların gün ərzində 4 saat baxması üçün televizor və bütün gün qulaq asmaqları üçün radio vardır. Onlar gün ərzində bir dəfə korpusda yerləşən gəzinti yerlərində 1 saat (xəstə məhkumlar 3 saatadək) gəzə bilər. Hər korpusda 4 gəzinti yeri və 1 hamam vardır. Məhkumlar həftə ərzində 1 dəfə hamamdan istifadə etmək hüququna malikdir. Hamamda bir duş vardır. Lakin mümkün imkanlar çərçivəsində məhkumların hamamdan istifadəsinin sayı artırılır.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİNİN 2002-ci il APRELİN 15-dən SONRA HƏBSXANADA SAXLANMA ŞƏRAİTİ İLƏ BAĞLI KONVENSİYANIN 3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçi xüsusilə Qobustan həbsxanasında saxlanma şəraitinin ağır olduğunu bildirmiş və bununla onun münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu iddia etmişdir. 3-cü maddədə aşağıdakılar qeyd edilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Mümkünlük
Məhkəmə şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən açıq-aşkar əsassız olmadığını qeyd edir. O, bundan əlavə bildirir ki, şikayətə baxılması digər əsaslara görə də qeyri-mümkün deyil. Buna görə də şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Tərəflərin izahatları
Hökumət bildirmişdir ki, ərizəçinin Qobustan həbsxanasında saxlanılma şəraiti CPT tərəfindən müəyyən edilmiş standartlara uyğun olmuş və ərizəçinin iddiaları əsassızdır. Eyni zamanda, Hökumət qeyd etmişdir ki, ərizəçinin birnəfərlik kamerada saxlanılması sonuncunun müəssisə müdiriyyətinə olan münasibəti, müəssisənin daxili qaydalarını qəsdən pozduğu və digər məhkumlarla yola getmədiyi ilə bağlı olmuşdur. Ərizəçi Hökumətin izahatları ilə razılaşmayaraq öz şikayətini təkrarlamışdır. Xüsusilə o, saxlanılmanın ümumi şəraitindən, açıq havada gəzintinin müddətindən və qidanın keyfiyyətindən şikayət etmişdir. Bundan sonra ərizəçi qeyd etmişdir ki, onun birnəfərlik kamerada saxlanılması qanunsuz və əsassız olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
Məhkəmə bir daha təsdiq edir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit edilir. Müəyyən hallardan və müvafiq şəxsin davranışından asılı olmayaraq, işgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalar tamamilə qadağan edilir (baxın: “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 119, ECHR 2000-IV). Məhkəmənin presedent hüququna əsasən 3-cü maddənin əhatə dairəsinə daxil olmaq üçün pis rəftar qəddarlığın minimal həddinə çatmalıdır. Qəddarlığın minimal həddinin qiymətləndirilməsi nisbi xarakter daşıyır; o, işin bütün hallarından, o cümlədən rəftarın müddətindən, onun fiziki və mənəvi təsirlərindən və bəzi hallarda zərərçəkmişin cinsindən, yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Rəftarın “alçaldan” olub- olmadığını müəyyən edərkən belə rəftarın məqsədi, xüsusilə onun qurbanını alçaltmaq və ya təhqir etmək niyyəti ilə edildiyi məsələsi nəzərə alınmalıdır. Belə bir məqsədin olmaması 3-cü maddənin pozuntusuna yol verilmədiyini müəyyən etmək üçün əsas deyil (baxın: “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, §§ 67-68 and 74, ECHR 2001‑III) və “Rohd Danimarkaya qarşı” (Rohde v. Denmark, no. 69332/01, § 90, 21 July 2005). Saxlanma şəraitini qiymətləndirən şəxs onun yığılmış təsirə malik olmasını və ərizəçinin xüsusi iddialarını nəzərə almalıdır (baxın: “Douqoz Yunanıstana qarşı” (Dougoz v. Greece, no. 40907/98, § 46, ECHR 2001-II). Bundan sonra Məhkəmə qeyd edir ki, təhlükəsizlik, intizam və ya qoruyucu tədbirlərin həyata keçirilməsi məqsədilə məhkumu kollektivdən ayrılması özü-özlüyündə qeyri-insani rəftar və ya alçaldıcı cəza hesab edilməməlidir (baxın: “Messina İtaliyaya qarşı” (qərardad) (Messina v. Italy (dec.), no. 25498/94, ECHR 1999-V), habelə birnəfərlik kamerada saxlanılma 3-cü maddəyə zidd deyil (baxın: yuxarıda qeyd edilən “Rohd Danimarkaya qarşı”, 93-cü bənd). Həmin tədbirin Konvensiyanın 3-cü maddəsinin əhatə dairəsinə düşüb-düşmədiyinin qiymətləndirilməsi zamanı tədbirin qətiyyəti, onu davamlığı, məqsədləri və müvafiq şəxsə təsiri nəzərə alınmalıdır (baxın: “Lorse və Digərləri Niderlanda qarşı” (Lorsé and Others v. the Netherlands, no. 52750/99, § 63, 4 February 2003). Digər tərəfdən şəxsin tam izolyasiyası, habelə onun ictimaiyyətdən tamamilə təcrid edilməsi şəxsiyyəti məhv edə bilər, bununla təhlükəsizlik və ya digər məqsədlərlə əsaslandırılması mümkün olmayan qeyri-insani rəftarın növü kimi hesab olunur (baxın: “Ramirez Sançez Fransaya qarşı” (Ramirez Sanchez v. France [GC], no. 59450/00, § 120, ECHR 2006‑IX). Hazırkı işdə ərizəçi daxili məhkəmələrdə və Məhkəmədə Qobustan həbsxanasında ümumi saxlanma şəraitindən və onun birnəfərlik kameraya yerləşdirilməsindən şikayət etmişdir. Məhkəmə müəyyən edir ki, ərizəçi 8 kvadrat metr sahəsi olan kamerada saxlanıldığını və Qobustan həbsxanasının həddindən artıq dolu olmadığını mübahisələndirməmişdir. Məhkəmə həmin saxlanılma standartlarını məqbul hesab edir. Kameranın digər şəraitləri ilə əlaqədar Məhkəmə qeyd edir ki, həbsxanada təbii işığa və havaya əlçatanlığı, istilik sisteminin normal işləməsi, minimal sanitar tələblərə uyğunluğu, sanitar qovşağından fərdi qaydada istifadəsi ventilyasiyanın vəziyyəti və açıq havada məşğələlərin təşkili kimi faktorlar iztirabların və alçaltmanın həddindən artıq olduğunun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır (baxın: misal üçün, “Vlasov Rusiyaya qarşı” (Vlasov v. Russia, no. 78146/01, § 84, 12 June 2008); “Babuşkin Rusiyaya qarşı” (Babushkin v. Russia, no. 67253/01, § 44, 18 October 2007); yuxarıda qeyd edilən “Pirs Yunanıstana qarşı”, 70‑72-ci bəndlər və “Skaçkov Rusiyaya qarşı” (Skachkov v. Russia, no. 25432/05, § 54, 7 October 2010). Hazırkı işdə sanitar qovşağı kameranın digər hissəsindən ayrılmışdır və ondan fərdi qaydada istifadə zamanı problemlər yaranmır. Kamera iki lampa ilə işıqlandırıla bilər. Kameralarda ventilyasiya sistemi və radio mövcuddur. Ərizəçinin gündə dörd saat, həftə sonu və bayram günləri isə gündə altı saat ərzində televizora baxmaq hüququ var. Eyni zamanda, o, həbsxananın kitabxanasından istifadə edə bilər. Lakin Məhkəmə müəyyən edir ki, açıq havada gəzinti gündə bir saatla məhdudlaşır və günün qalan vaxtı ərizəçi kamerada saxlanılır. Bununla əlaqədar Məhkəmə təkrarlayır ki, saxlanma şəraitinin qiymətləndirilməsi zamanı açıq havada məşğuliyyətlərin müddəti və məhkumların həmin məşğuliyyətlərdən istifadəsi şəraiti xüsusi nəzərə alınmalıdır. Məhkəmə müəyyən edir ki, açıq havada məşğuliyyətin gündə yalnz bir saatla məhdudlaşdırılması ərizəçinin vəziyyətini çətinləşdirir, bununla hərəkət azadlığı məhdudlaşdırılaraq o, günün qalan saatları ərzində kamerada saxlanılır (baxın: “Babar və Digərləri Birləşmiş Krallığa qarşı” (Babar Ahmad and Others v. the United Kingdom, nos. 24027/07, 11949/08, 36742/08, 66911/09 and 67354/09, § 213, 10 April 2012) və “Yevqeniy Alekseyenko Rusiyaya qarşı” (Yevgeniy Alekseyenko v. Russia, no. 41833/04, § 88, 27 January 2011). Eyni zamanda, Məhkəmə nəzərdən qaçırmır ki, ərizəçi ömürlük azadlıqdan məhrum edilmiş məhkumdur və bu rejim ona münasibətdə Qobustan həbsxanasına daxil olandan sonra tətbiq edilir. Bununla əlaqədar Məhkəmə hesab edir ki, ailə üzvləri ilə ildə iki uzunmüddətli və altı qısa müddətli görüşlər, habelə vəkili ilə kameradan kənarda təsadüfi görüşlər onun gündə iyirmi üç saat ərzində kamerada saxlanılması vəziyyətini mühüm dərəcədə dəyişdirmir (baxın: yuxarıda qeyd edilən, “Skaçkov Rusiyaya qarşı”, 54-cü bənd). Eyni zamanda, Məhkəmə qeyd edir ki, CPT-nin hesabatına əsasən (bax: yuxarıda qeyd edilən 55-ci bənd) Qobustan həbsxanasında saxlanılan ömürlük azadlıqdan məhkum edilmiş şəxslər üçün əyləncəli və ya maarifləndirmə məşğələləri təşkil edilmir, bununla burada insanlararası əlaqə kamera yoldaşı və nəzarətçilərlə olan əlaqə ilə məhdudlaşır. Həmçinin həmin vəziyyət ərizəçinin təxminən iki il on ay ərzində 2008-ci il fevralın 14-dən 2010-cu il dekabrın 16-dək birnəfərlik kamerada saxlanılması ilə ağırlaşmışdır və o, həmin müddət ərzində hər gün iyirmi üç saat kamerada tək saxlanılmışdır. Bununla əlaqədar Məhkəmə etiraf edir ki, ərizəçi həmin müddət ərzində ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə təqdim edilmiş televizora baxmaq, kamerada radiodan istifadə etmək, məktublar və bağlamalar göndərmək və almaq, kitabxanadan istifadə etmək, ailə üzvləri və vəkillə görüşmək kimi hüquqlardan istifadə etməyə davam edib, bununla ərizəçi tam deyil qismən təcrid edilmişdir (baxın: mutatis mutandis, yuxarıda qeyd edilən “Rohd Danimarkaya qarşı”, 97-ci bənd və “Csuloq Macarıstana qarşı” (Csüllög v. Hungary, no. 30042/08, §§ 32-33, 7 June 2011). Lakin bunun kimi qismən təcridetmə nəticəsində onun saxlanılma şəraiti pisləşmiş və ərizəçi kamera yoldaşları ilə saxlanılan digər ömürlük məhkumlarla müqayisədə insanlarla daha az əlaqədə olmuşdur. Ərizəçi yalnız bir saatlıq gəzinti zamanı məhkumlarla görüşə bilmiş və nəzarətçilərlə təsadüfi işlərlə əlaqədar əlaqə saxlaya bilmişdir (baxın: “Yorqov Bolqarıstana qarşı” (Iorgov v. Bulgaria, no. 40653/98, § 82, 11 March 2004). Məhkəmə təkrarlamaq istəyir ki, birnəfərlik kamerada saxlanılmanın uzadılması arzuolunmazdır (baxın: yuxarıda qeyd edilən, “Ramirez Sançez Fransaya qarşı”, 122-ci bənd) və CPT tərəfindən dəfələrlə qeyd edildiyi kimi həmin uzun müddət məhkumun psixiki durumuna zərərli təsirə malik olması təhlükəsi ilə əlaqədar müəyyən narahatlıqlar yarada bilər (baxın: yuxarıda qeyd edilən, “Rohd Danimarkaya qarşı”, 97-ci bənd). Eyni zamanda, hətta qismən təcridetmə zamanı birnəfərlik kamerada saxlanılma tədbir kimi məhkumlara qarşı qeyri müəyyən tərzdə tətbiq edilə bilməz və yalnız əsaslı şəkildə istisna hal kimi bütün zəruri prosedur təminatlarının yerinə yetirilməsindən sonra tətbiq edilməlidir (baxın: “Onufriu Kiprə qarşı” (Onoufriou v. Cyprus, no. 24407/04, § 70, 7 January 2010) və yuxarıda qeyd edilən, “Ramirez Sançez Fransaya qarşı”, 139-cu bənd). Bununla əlaqədar Məhkəmə müəyyən edir ki, ərizəçinin birnəfərlik kameraya yerləşdirilməsinin səbəbləri onun nəzarətçilərə qarşı münasibəti, daxili intizam qaydalarının pozulması və müxtəlif orqanlara iddia olunan əsassız şikayətlərin göndərilməsi olmuşdur. Məhkəmə təkrarlayır ki, cəza tədbiri kimi birnəfərlik kameraya yerləşdirilmə müxtəlif orqanlara şikayətlərin göndərilməsinə görə tətbiq edilə bilməz və ərizəçinin belə hərəkətləri onun birnəfərlik kamerada saxlanılması üçün əsas ola bilməzlər. Milli qanunvericilikdə müxtəlif orqanlara şikayətlərin göndərilməsi birnəfərlik kameraya yerləşdirilməsi üçün əsas kimi qeyd edilməmişdir. Bundan sonra Məhkəmə nəzərdən qaçırmır ki, Hökumət ərizəçinin digər məhkumlardan təcrid edilməsi üçün hər-hansı tutarlı səbəb göstərməmişdir. Birnəfərlik kamerada yerləşdirilməsi kimi tədbirlə əlaqədar prosedur təminatlarla bağlı qeyd olunmalıdır ki, ərizəçinin birnəfərlik kamerada saxlanılması barədə müəssisə müdiriyyətinin ilk rəsmi qərarı 2008-ci il iyulun 25-də qəbul edilmişdir. Belə olan halda ərizəçinin 2008-ci il fevralın 14-dən iyulun 25-dək birnəfərlik kamerada saxlanılmasının əsasını və bu barədə müvafiq qərarı müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Məhkəmə müəyyən edir ki, müəssisə müdiriyyəti 2008-ci il 25 iyul tarixli qərara ilk dəfə bir ildən artıq müddət keçdikdən sonra 2009-cu il avqustun 4-də yenidən baxmışdır. Həmin müddət ərzində ərizəçi onun şəxsi hallarını, vəziyyətini və davranışını nəzərə alaraq birnəfərlik kameraya yerləşdirilməsi haqqında qərara mütəmadi olaraq yenidən baxılması kimi prosedur təminatdan məhrum edilmişdir. Bununla ərizəçinin əsassız və prosedur təminatları təqdim edilmədən gecə-gündüz hər-hansı əyləncəli və ya maarifləndirmə məşğələlərə cəlb edilmədən birnəfərlik kamerada saxlanılmasını və bununla həmin vəziyyətin sonuncunun tək saxlanılması və insanlarla əlaqənin kəsilməsi ilə əlaqədar pisləşdiyini nəzər alaraq Məhkəmə hesab edir ki, ərizəçinin 2002-ci il aprelin 15-dən sonrakı müddətdə Qobustan həbsxanasında saxlanılması zamanı üzləşdiyi çətinliklər və əziyyət azadlıqdan məhrum edilmə zamanı mütləq müşayiət olunan məhdudiyyətlərin dərəcəsi həddindən artıq olmuş və qeyri-insani və alçaldıcı rəftar kimi hesab olunmalıdır. Bununla Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.
II. ƏRİZƏÇİNİN MÜƏSSİSƏNİN NƏZARƏTÇİLƏRİ TƏRƏFİNDƏN PİS RƏFTARA MƏRUZ QALMASI İLƏ ƏLAQƏDAR KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçi şikayət etmişdir ki, o, 2004-cü il yanvarın 11-də nəzarətçilər tərəfindən döyülmüşdür və daxili qurumlar onun pis rəftara məruz qalması iddiası üzrə səmərəli araşdırma aparmamışdırlar. 3-cü maddədə aşağıdakılar qeyd edilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
Hökumət bildirir ki, ərizəçi pis rəftara məruz qalması iddiası ilə əlaqədar dövlətdaxili hüquqi vasitələri tükəndirməmişdir. Hökumət qeyd edir ki, milli qanunvericilikdə müəssisənin nəzarətçilərinin hər-hansı hərəkətlərinə qarşı səmərəli hüquqi vasitələr mövcuddur. Eyni zamanda, Hökumət ərizəçinin pis rəftara məruz qalması barədə iddialarını rədd etmişdir. Xüsusilə Hökumət 2004-cü il fevralın 14-də ərizəçinin Ombudsmanla görüşünün video yazısına istinad etmişdir. Ərizəçi Hökumətin izahatları ilə razılaşmamışdır. Xüsusilə o, iddia etmişdir ki, dövlətdaxili hüquqi vasitələr səmərəli deyil və onun şikayətlərinə prosedur səbəblərə görə baxılmamışdır. Ərizəçi öz şikayətlərini təkrarlamışdır. Hazırkı işdə Məhkəmə müəyyən edir ki, ərizəçi prokurorluq orqanlarına şikayət etmiş və məhkəmələrdə mülki iddia qaldırmışdır. Məhkəmə təkrarlayır ki, dövlətdaxili hüquqi vasitələri tükəndirilməsi qaydası əsasında aidiyyəti yerli məhkəmələrə sadəcə ərizənin verilməsi tələb edilmir, belə ki, qəbul edilmiş qərarın mübahisələndirilməsi üçün yalnız müəyyən edilmiş səmərəli vasitələr istifadə edilməlidir. Adətən tələb edildiyi kimi, sonradan Strasburqa təqdim ediləcək şikayətlər milli qanunvericiliklə müəyyən edilmiş formal tələblərə və müddətlərə cavab verərək ən azı mahiyyəti üzrə həmin məhkəmələrə təqdim edilməlidirlər (baxın: inter alia “Kardo Fransaya qarşı” (Cardot v. France, 19 March 1991, § 34, Series A no. 200). Bununla əlaqədar Məhkəmə müəyyən edir ki, ərizəçinin şikayəti əsasında prokurorluq orqanlarında cinayət işinə başlanmışdır. Lakin 2005-ci il 24 noyabr tarixli qərarı ilə Qaradağ rayon prokurorunun müavini ərizəçinin pis rəftara məruz qalması iddiasını təsdiq edən sübutların olmaması ilə əlaqədar cinayət işinə başlanmasını rədd etmişdir. Cinayət işinə başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi kimi prokurorluq orqanının qərarından məhkəmələrə şikayət verilə bilər, lakin ərizəçi bu qərardan şikayət verməmişdir (müqayisə edin: “Məmmədov Azərbaycana qarşı” Mammadov v. Azerbaijan, no. 34445/04, §§ 22-27, 11 January 2007). Mülki iddia ilə əlaqədar Məhkəmə qeyd edir ki, ərizəçinin şikayətləri iddiaların təqdim edilməsi üzrə formal tələblərə cavab vermədiyinə görə baxılmamış saxlanmışdır. Ərizəçi həmin qərardadlardan şikayət verməmişdir. Hazırkı işdə ərizəçi cinayət işinə başlanmasının rədd edilməsi barədə prokurorun qərarının və mülki iddianın prosedur tələblərə cavab vermədiyinə görə baxılmamış saxlanması haqqında məhkəmənin qərarlarının mübahisələdirməsindən onu çəkindirmiş xüsusi səbəbləri göstərməmişdir. Məhkəmə təkrarlayır ki, hüquqi vasitənin səmərəliliyi barədə yalnız şübhələrin mövcudluğu bərpaedici vasitələrdən normal istifadə etmək tələbindən azad olunmaq üçün kifayət deyil (baxın: “Kunqurova Azərbaycana qarşı” Kunqurova v. Azerbaijan (dec.), no. 5117/03, 3 June 2005). Bununla həmin şikayət dövlətdaxili hüquqi vasitələrin tükəndirilmədiyinə görə Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
Ərizəçi ona vurulmuş mənəvi ziyana görə 14000 avro məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Hökumət ərizəçinin tələbinin əsassız və həddən artıq çox olduğunu bildirmişdir. Məhkəmə belə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulmuşdur və bu ziyanın ödənilməsi sadəcə pozuntu faktının müəyyən edilməsi ilə təmin oluna bilməz və buna görə kompensasiya verilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə aparan Məhkəmə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 7500 avro məbləğində kompensasiya verilməsini qət edir.
B. Xərclər və məsrəflər
Ərizəçi, həmçinin işə Məhkəmədə baxılması ilə əlaqədar çəkdiyi 2000 avro məbləğində xərcin ödənilməsini tələb etmişdir. Hökumət ərizəçinin tələbinin əsassız olduğunu və heç bir sənəd ilə təsdiq edilmədiyini bildirmişdir. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Məhkəmə qeyd edir ki, ərizəçi Məhkəmə qarşısında təmsil olunmuşdur və mübahisə edilmir ki, onun təmsilçisi Məhkəmənin tələbi ilə müvafiq sənədləri və qeydləri təqdim etmişdir. Belə olan hallarda Məhkəmə ərizəçiyə xərclər və məsrəflərə görə 2.000 avro məbləğində kompensasiya verilməsini qət edir.
C. Faizlərin ödənilməsi
Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəçinin Qobustan həbsxanasında 2002-ci il aprelin 15-dən sonra saxlanması şəraiti barədə Konvensiyanın 3-cü maddəsi əsasında verilmiş şikayətə baxılmasını mümkün və digər şikayətlərə baxılmasını mümkünsüz hesab edir;
2. Qobustan həbsxanasında 2002-ci il aprelin 15-dən sonra saxlanması şəraiti ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə vurduğu mənəvi ziyana görə, tutulacaq vergi də daxil olmaqla, 7.500 avro (yeddi min beş yüz avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il iyulun 4-də ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Katib Sədr
Full & Egal Universal Law Academy