İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
RİZVANOV AZƏRBAYCANA QARŞI
(31805/06 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
17 aprel 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi əsasında 2012-ci il iyulun 17-də qanuni qüvvəyə minmişdir. Lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Rizvanov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Palatası (Birinci Bölmə)
Sədr Nina Vajiç (Nina Vajić),
Hakimlər
Pir Lorenzen (Peer Lorenzen),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Mariyana Lazarova Trayakovska (Mirjana Lazarova Trajkovska),
Culiya Lafranq (Julia Laffranque),
Linos-Aleksandr Sisilianos (Linos-Alexandre Sicilianos),
Erik Mose (Erik Møse)
və katibin müavini Andre Vampaç (André Wampach) ibarət tərkibdə
2012-ci il martın 27-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş Azərbaycanın vətəndaşı cənab Sarvan Səməd oğlu Rizvanov tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2006-cı il iyulun 27-də təqdim edilmiş ərizə (31805/06 nömrəli) əsasında başlanmışdır. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir. Ərizəçi iddia etmişdir ki, nümayiş zamanı ona qarşı polis tərəfindən zor tətbiq edilmiş və aidiyyəti qurumlar bu hadisənin səmərəli araşdırılmasını təmin etməmişlər. 2008-ci il yanvarın 7-də ərizə Hökumətə göndərilmişdir. Eyni zamanda, Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə əsasən ərizənin mümkünlüyü və mahiyyəti üzrə bir yerdə araşdırılması qərara alınmışdır.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1966-cı ildə Qəbələdə anadan olmuş və hal-hazırda Almaniyada yaşayır.
A. İddia olunan pis rəftar
Hadisə baş verdiyi zaman ərizəçi Bakıda yerləşən Turan İnformasiya Agentliyində jurnalist kimi çalışmışdır.
2005-ci il noyabrın 9-da müxalifəti təmsil edən siyasi partiyalar Bakının Qələbə meydanında razılaşdırılmış nümayiş keçirmişlər. Nümayişi işıqlandıran ərizəçi mətbuatın nümayəndəsi kimi göy rəngli gödəkcədə olmuşdur. Meydanın kənarında hündür dəmir nərdivan quraşdırılmışdır. Ərizəçi nümayişin fotolarının çəkilməsi məqsədilə həmin nərdivanın üstünə dırmaşmışdır. Bundan əvvəlki nümayişlər zamanı həmin nərdivan eyni məqsədlərlə digər jurnalistlər tərəfindən istifadə edilmişdir. Ərizəçi şəkilləri çəkərkən Yasamal rayon Polis İdarəsinin rəis müavini polkovnik C.M. onu dəyənəklə bir neçə dəfə vurmuşdur. Bir qrup jurnalist həmin hadisənin şahidi olmuşlar.Hadisədən dərhal sonra C.M. jurnalistlərə bildirmişdir ki: “Mən onu astaca vurmuşdum, bərk vursaydım, ölərdi.” Jurnalistlərdən biri rəis müavininin sözlərini diktafona yazmağa çalışmışdır.2005-i il noyabrın 10-da ərizəçi tibbi yardım almaq üçün xəstəxanaya getmişdir. Ambulator müalicə almaq üçün ona şifahi qaydada məsləhətlər verilmiş, lakin heç bir yazılı resept verilməmişdir. Ərizəçini müayinə edən həkim tibbi arayış vermişdir. Arayışda aşağıdakılar göstərilmişdir:
“Tam diaqnoz: sol ayağın əzilməsi, sol əlin yuxarı hissəsinin əzilməsi.
Xəstənin sözlərinə əsasən o, 2005-ci il noyabrın 9-da saat təxminən 15.00 radələrində nümayiş zamanı döyülmüşdür. Xəstə tibbi müayinə və məsləhət almışdır. Bu sertifikat 2005-ci il noyabrın 10-da verilmişdir.”
B. Cinayət prosesi
2005-ci il noyabrın 11-də ərizəçi cinayət hadisəsi ilə əlaqədar Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Ərizəçi iddia etmişdir ki, C.M. ona qarşı əsassız zor tətbiq etmiş və bir neçə jurnalist bu hadisənin şahidi olmuş, eyni zamanda onda ərizəçinin dəyənəklə vurulması barədə C.M-in ifadələrinin yazısı olan kaset vardır. Azərbaycan Mətbuat Şurası daxil olmaqla digər mətbuat təşkilatları ərizəçiyə qarşı pis rəftara yol vermiş şəxsin cəzalandırılması barədə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət etmişlər.Hökumətin qeydlərinə əsasən ərizəçinin 2005-ci il 11 noyabr tarixli müraciəti Baş Prokurorluğa 2005-ci il noyabrın 14-də daxil olmuş və dərhal Yasamal rayon prokurorluğuna göndərilmişdir. Müraciət sonuncu ünvana 2005-ci il noyabrın 28-də daxil olmuşdur.Prokurorun 2005-ci il 1 dekabr tarixli qərarı əsasında ərizəçi tibbi məhkəmə eksperti tərəfindən müayinə edilmişdir. Müayinə zamanı ərizəçinin bədənində 2005-ci il 9 noyabr tarixinə aid ola bilən xəsarətlər aşkar edilməmişdir. Xüsusilə ekspertiza rəyində aşağıdakılar göstərilmişdir:
“Təsvir: Sol baldırının yan səthinin yuxarı üçdə birində qeyri-müəyyən formalı aydın konturlu 3,5x2,5 sm sahədə tünd göyümtül-bənövşəyi rəngli qançır vardır. Bədən səthinin digər nahiyələrində, eləcə də sol bazu nahiyəsində hər hansı bir xəsarət izi aşkar olunmadı.
Nəticə: 1. Rizvanov Sarvan Səməd oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun sol baldırının yan səthinin yuxarı üçdə birində bir ədəd qançır aşkar olundu, hansı ki, küt əşya təsirindən törənmişdir (xəsarət nahiyəsində təsir göstərmiş küt əşyanın fərdi əlamətləri saxlanmadığından konkret olaraq küt əşya haqqında dəqiq fikir söyləmək mümkün olmur), müddəti müayinədən təxminən iki-dörd gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir.
2. S.S.Rizvanovun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində qərarda göstərilən tarixdə, yeni 09.11.2005-ci ildə törənməyə uyğun gələn hər hansı bir xəsarət ve onun izi aşkar olunmadığından, eləcə də onun adına olan xəstəxana tərəfindən verilmiş arayışda hər hansı bir xəsarətin obyektiv əlamətləri göstərilmədiyindən (yəni, tibbi arayışdakı “əzilmə” obyektiv əlamətlərlə - qançır, sıyrıq, yara və s. təsdiqini tapmamışdır) onun həmin tarixdə xəsarət alıb-almaması barədə fikir söyləmək mümkün olmadı.”
2005-ci il dekabrın 3-də Yasamal rayon prokurorunun müavini cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Prokuror iki jurnalistin ərizəçinin xeyrinə vermiş ifadələrini və ərizəçiyə qarşı zor tətbiq etmədiyi, lakin nümayiş iştirakçılarına müəyyən təhlükəni nəzərə alaraq ərizəçinin dəmir nərdivandan aşağı düşməsini xahiş etməsi barədə C.M. tərəfindən verilmiş ifadəni araşdırmışdır. İki polis əməkdaşı C.M. tərəfindən verilmiş ifadələri təkrarlamışlar. Eyni zamanda, prokuror tibb ekspertizasının 2005-ci il 1 dekabr tarixli rəyinə istinad edərək qərara almışdır ki, əldə edilmiş sübutlar vasitəsilə cinayət hadisəsinin olması müəyyən edilməmişdir.Ərizəçi həmin qərardan Yasamal rayon məhkəməsinə şikayət vermişdir. O iddia etmişdir ki, prokurorun həmin qərarı əsassızdır. Xüsusilə, prokuror şahid ifadələrini, 2005-ci il 10 noyabr tarixli tibbi arayışı, kaset yazısını və onun tərəfindən təqdim edilmiş fotoşəkilləri nəzərə almamışdır. Həmçinin, ərizəçi prokurorun əsaslandığı 2005-ci il 1 dekabr tarixli məhkəmə-tibb ekspertizasının rəyinin qərəzsizliyini mübahisələndirmişdir. Öz iddialarının əsaslandırılması üçün ərizəçi 2005-ci il 10 noyabr tarixli tibbi arayışı, kaset yazısını və fotoşəkilləri təqdim etmişdir.2006-cı il yanvarın 26-da Yasamal rayon məhkəməsi ərizəçinin şikayətini rədd edərək qərara almışdır ki, prokurorun 2005-ci il 3 dekabr tarixli qərarı qanunidir və düzgün əsaslandırılmışdır. Məhkəmə hesab etmişdir ki C.M. öz səlahiyyətləri çərçivəsində hərəkət etmiş və ərizəçini dəmir nərdivandan düşürdərək öz vəzifələrini ətrafda olan insanların təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirmişdir. Eyni zamanda, məhkəmə-tibbi ekspertizanın 2005-ci il 1 dekabr tarixli rəyinə istinad edərək qeyd etmişdir ki, ərizəçinin bədənində 2005-ci il 9 noyabr tarixinə aid ola bilən xəsarətlər aşkar edilməmişdir.Qərarda ərizəçi tərəfindən təqdim edilmiş sübutlara, 2005-ci il 10 noyabr tarixli tibbi arayışa, kaset yazısına və fotoşəkillərə istinad edilməmişdir. Məhkəmə protokollarından göründüyü kimi məhkəmə şahidlərin dindirilməsini həyata keçirməmişdir.2006-cı il yanvarın 27-də ərizəçi həmin qərardan apellyasiya şikayəti təqdim edərək öz əvvəlki dəlillərini təkrarlamışdır.2006-cı il fevralın 8-də Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin 2006-cı il 26 yanvar tarixli qərarını qüvvədə saxlamışdır.
C. Mülki proses
2006-cı il martın 22-də ərizəçi C.M-ə qarşı mülki iddia qaldıraraq şərəf və ləyaqətinə dəymiş mənəvi ziyana görə təzminatın ödənilməsini tələb etmişdir. Eyni zamanda, ərizəçi C.M-in cinayət məsuliyyətinin yenidən araşdırılması məqsədilə iş materiallarının prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.2006-cı il aprelin 10-da Yasamal rayon məhkəməsi ərizəçinin şikayətinin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin şikayət yerli məhkəmələrin qərarı əsasında rədd edilmiş iş üzrə əvvəlki şikayətlə mahiyyətcə eynidir.Ərizəçinin bir neçə şikayətlərindən sonra Ali Məhkəmə 2006-cı il 5 oktyabr tarixli qərarı ilə ərizəçinin döyülməsi faktı ilə bağlı hissədə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlamışdır. Lakin Ali Məhkəmə ərizəçinin şərəf və ləyaqətinə dəymiş mənəvi ziyana görə təzminatın ödənilməsi hissədə qərarı ləğv edərək həmin şikayətin yenidən baxılmasını qərara almışdır.2007-ci il iyulun 15-də Yasamal rayon məhkəməsi mahiyyət üzrə qərar qəbul etmişdir. Məhkəmə ərizəçinin təzminatın ödənilməsinə dair şikayətini rədd edərək qeyd etmişdir ki, o, C.M. tərəfindən hər hansı mənəvi ziyanın vurulması ilə əlaqədar müvafiq sübutlar təqdim etməmişdir.2007-ci il oktyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi 2007-ci il 15 iyul tarixli qərarı qüvvədə saxlamışdır.Ərizəçi hüquqi məsələlərlə əlaqədar kassasiya şikayət vermişdir. 2007-ci il dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamış və ərizəçi qanunvericiliyin tələb etdiyi kimi vəkil tərəfindən təmsil olunmamışdır.2008-ci il iyunun 25-də Ali Məhkəmə şikayətin mümkünsüzlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 2007-ci il 29 dekabr tarixli qərarını qüvvədə saxlamışdır.Eyni zamanda, 2006-cı ilin avqust ayında ərizəçi onun mülki iddiasını baxılmaq üçün qəbul etməyən Yasamal rayon məhkəməsinin hakiminin intizam məsuliyyətinə cəlb edilməsi üçün Məhkəmə Hüquq Şurasına şikayət etmişdir. Şura onun şikayətinin baxılmasından imtina edib. Bununla əlaqədar ərizəçi həmin imtinanın mübahisələndirilməsi üçün yerli məhkəmələrə şikayət etmiş, lakin bu şikayətlər heç bir nəticə verməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndində aşağıdakılar göstərilir:
“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.”
B. 1999-cu il 28 oktyabr tarixli “Polis haqqında” Qanun
Polis əməkdaşı hər hansı şəxsin özünə və ya ətrafındakılara zərər yetirə biləcəyini ehtimal etdikdə ona qarşı xüsusi vasitələri tətbiq edə bilər (26-cı maddənin 2-ci bəndi). Xüsusi vasitələr aşağıdakılardır: dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr (1-ci maddə). Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiqinin qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (26-cı maddənin 7-ci bəndi). Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır (26-cı maddənin 7-ci bəndi).İnsana qarşı fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir (27-ci maddənin 1-ci bəndinin 1-ci yarımbəndi). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir (27-ci maddənin 1-ci bəndinin 5-ci yarımbəndi). Fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir (27-ci maddənin 1-ci bəndinin 7-ci yarımbəndi). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir (27-ci maddənin 1-ci bəndinin 8-ci yarımbəndi).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçi iddia edir ki, nümayiş zamanı ona qarşı polis tərəfindən tətbiq edilmiş zor nəticəsində fiziki və mənəvi əziyyət çəkmiş və bununla əlaqədar aidiyyəti qurumlar məsuliyyət daşıyan polis əməkdaşının müəyyən edilməsi və cəzalandırılması üçün səmərəli araşdırmanı həyata keçirməmişlər. Konvensiyanın 3-cü maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Mümkünlük
Hökumət bildirmişdir ki, ərizəçi dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir. Xüsusilə, Hökumət qeyd etmişdir ki, ərizəçi mülki proses zamanı mənəvi ziyana görə təzminatın ödənilməsi tələbi ilə bağlı kassasiya şikayətini müvafiq qaydada təqdim etməmişdir.Ərizəçi Hökumətin dəlilləri ilə razılaşmamışdır.Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində təsbit edilmiş dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi qaydası Məhkəmə qarşısında iddia qaldırmaq istəyənləri ilk öncə iddia olunan hüquq pozuntularının bərpası məqsədilə milli hüquq sistemləri tərəfindən təmin edilən vasitələrdən istifadə etməyə məcbur edir. Mövcud dövlətdaxili hüquqi vasitələr nəzəriyə və təcrübə baxımından mümkün və qənaətbəxş olmalıdır. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi tələb edir ki, Məhkəməyə təqdim edilən şikayətlər ilk öncə milli qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətli daxili qurum tərəfindən mahiyyəti üzrə araşdırılmalıdır. Eyni zamanda, qeyri-adekvat və səmərəsiz hüquqi vasitələr nəzərə alınmır (baxın, “Akdivar Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey, 16 September 1996, §§ 65-67, Reports of Judgments and Decisions 1996‑IV).Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi cinayət işi üzrə şikayəti prokurorluq orqanlarına təqdim etmiş, həmçinin daxili məhkəmələrdə mülki iddia qaldırmışdır.Ərizəçinin təzminatın ödənilməsinə dair mülki prosesə gəldikdə Məhkəmə qeyd edir ki, həmin hüquqi vasitə Razılığa gəlmiş Dövlətlərin Konvensiyanın 3-cü maddəsi üzrə götürülmüş öhdəliklər mənasında polis tərəfindən pis rəftara məruz qalması iddiasına dair bunun kimi işlərdə qənaətbəxş hesab olunmur. Belə ki, həmin işlərdə iddia olunan pozuntunun bərpasının əsas məqsədi vurulmuş ziyanın müəyyən edilməsi deyil, məsuliyyət daşıyan şəxslərin aşkar edilməsi və cəzalandırılmasıdır (baxın, “Qladişev Rusiyaya qarşı” (Gladyshev v. Russia, no. 2807/04, § 49, 30 July 2009) və “Yaşa Türkiyəyə qarşı” (Yaşa v. Turkey, 2 September 1998, § 74,Reports of Judgments and Decisions 1998‑VI).Bununla, Hökumətin dəlilləri dövlətdaxili hüquqi vasitələrin tükəndirilməməsi ilə əlaqədar olduğundan, Məhkəmə qeyd edir ki, hazırkı işdə aparılmış istintaq prosesinin səmərəliliyi şikayətin mahiyyəti ilə bağlıdır. Məhkəmə həmin məsələnin Konvensiyanın 3-cü maddəsi mənasında prosedur pozuntusu ilə birlikdə mahiyyəti üzrə araşdırılmasını qərara alır.Məhkəmə qeyd edir ki, həmin şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə uyğun olaraq açıq-aşkar əsassız deyil və şikayətə baxılması digər əsaslara görə də mümkünsüz hesab olunmamalıdır. Buna görə də, şikayət baxılması üçün mümkün hesab edilir.
B. Mahiyyət
1. Polis əməkdaşı tərəfindən ərizəçiyə qarşı tətbiq edilmiş
pis rəftar iddiası
(a) Tərəflərin izahatları
Hökumət bildirir ki, polis əməkdaşı tərəfindən ərizəçiyə qarşı pis rəftar edilməmişdir. Hökumət ərizəçinin bədənində 2005-ci il 9 noyabr tarixinə aid ola bilən xəsarətlərin aşkar edilmədiyi məhkəmə-tibb ekspertizasının 2005-ci il 1 dekabr tarixli rəyinə istinad etmişdir. Eyni zamanda, Hökumət 2005-ci il 10 noyabr tarixli tibbi arayışın mötəbərliyini mübahisələndirərək qeyd etmişdir ki, həmin arayışda zədələrin növü düzgün müəyyən edilməmiş və onların səbəbləri əsaslandırılmamışdır.Bundan başqa, Hökumətın izahatlarına əsasən polisin ərizəçiyə qarşı fiziki qüvvə tətbiq etdiyini güman etsək də belə, həmin fiziki qüvvə həddindən artıq olmamışdır. Xüsusilə, ərizəçi polisin dəmir nərdivandan düşmək kimi qanuni tələbinə qəsdən tabe olmamışdır və bununla o özünə və ya ətrafındakılara zərər yetirə bilərdi. Bununla Hökumət hesab edir ki, polis əməkdaşı hər hansı şəxsin özünə və ya ətrafındakılara zərər yetirə biləcəyini ehtimal etsə, dəyənəkdən istifadə edə bilər.Ərizəçi bildirmişdir ki, o, pis rəftara məruz qalmış və ona qarşı polis əməkdaşı tərəfindən tətbiq edilmiş fiziki qüvvə həddindən artıq olmuş və əsaslandırılmamışdır. Bununla əlaqədar ərizəçi şahid ifadələrinə, fotoşəkillərə, kaset yazısına və 2005-ci il 10 noyabr tarixli tibbi arayışa istinad etmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
Məhkəmə təkrarlayır ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999‑V) və “Assenov və digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports 1998‑VIII).Konvensiyanın 3-cü maddəsinin dairəsinə düşmək üçün işgəncə qəddarlığın minimum dərəcəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbidir; o, rəftarın davamiyyəti, onun fiziki və psixiki nəticələri və müəyyən hallarda qurbanın cinsi, yaşı və səhhətinin vəziyyəti kimi işin bütün hallarından asılıdır (baxın, “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25); “Kudla Polşaya qarşı” (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III). Məhkəmə rəftarı «qeyri-insani» hesab edib, ona görə ki, inter alia, qəsdən törədilib, gərginlikdə dörd saat ərzində tətbiq edilib və həqiqi bədən zədəsinə və ya güclü fiziki və mənəvi sarsıntıya səbəb olub. Məhkəmə rəftarı «alçaldıcı» kimi qəbul edir, ona görə ki, bu rəftar qurbanları təhqir və məhv edə bilən qorxu, ağrı və bütövsüzlük hissiyyatının onlarda əmələ gəlməsinə səbəb ola bilər (baxın, yuxarıda qeyd olunmuş “Kudla Polşaya qarşı”, 92-ci bənd).Bu sübutları qiymətləndirərkən, Məhkəmə, bir qayda olaraq, «əsaslı şübhələr olmadan» sübut etmə standartını tətbiq edib. Hər bir halda, belə sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin və ya oxşar təkzibedilməz fakt ehtimallarının həm-mövcudluğundan irəli gələ bilər (baxın, yuxarıda qeyd olunmuş “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001‑VII ). Məhkəmə öz rolunun subsidiar xarakterinə incə yanaşır və tanıyır ki, o, konkret işin halları ilə qaçılmaz olaraq çevrilməyən fakt üzrə birinci instansiya məhkəməsinin rolunu götürməkdə ehtiyatlı olmalıdır (baxın, “MakKeri Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000). Buna baxmayaraq, iddiaların Konvensiyanın 3-cü maddəsinə əsasən edildiyi hallarda, Məhkəmə, hətta müəyyən daxili araşdırmalar və istintaqlar artıq aparılsa belə, xüsusilə dəqiq araşdırmanı tətbiq etməlidir (baxın, “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009; və yuxarıda qeyd edilmiş “Avşar Türkiyəyə qarşı”, 283-284-cü bəndlər).Hazırkı işin hallarına qayıdaraq Məhkəmə müəyyən edir ki, tərəflər həm ərizəçiyə qarşı tətbiq edilmiş fiziki qüvvənin həddindən artıq olub-olmadığını həm də ümumiyyətlə ərizəçiyə qarşı fiziki qüvvənin istifadə edilib-edilmədiyini mübahisələndirirlər (baxın, müqayisə üçün yuxarıda qeyd edilmiş “Muradova Azərbaycana qarşı” iş, 107-ci bənd).Məhkəmə hesab edir ki, ərizəçi ona qarşı fiziki qüvvənin tətbiq edilməsini təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilərdi. Xüsusilə, ərizəçi hadisədən bir gün sonra 2005-ci il noyabrın 10-da tərtib edilmiş tibbi arayışı təqdim etmişdir. Qəbul edildiyi kimi, həmin tibbi arayış tibbi ekspert tərəfindən verilməmişdir. Həmçinin, həmin tibbi arayışda zədələrin növü barədə təfsilatlı məlumat əks olunmamış və onların səbəbləri ekspertiza metodlarının istifadəsi ilə müəyyən edilməmişdir. Lakin tibbi arayışda göstərilmişdir ki, ərizəçinin sol ayağı və sol əlinin yuxarı hissəsi əzilmişdir. Eyni zamanda, hadisədən bir gün sonra ərizəçi prokurorluq orqanlara şikayət etmişdir. Həmin şikayət əsasında aidiyyəti qurumların zədələrin mahiyyəti üzrə məhkəmə-tibbi ekspertizanın keçirilməsi öhdəliyi yaranır. Lakin iş üzrə məhkəmə-tibbi ekspertizası çox gec, hadisədən iyirmi bir gün sonra təyin edilmişdir. Bununla, Məhkəmə Hökumətin gecikdirilmiş məhkəmə-tibbi ekspertizasının 2005-ci il 1 dekabr tarixli rəyinə əsaslanan izahatlarını qəbul edə bilməz. Belə ki, həmin rəyə əsasən ərizəçinin bədənində 2005-ci il 9 noyabr tarixinə aid ola bilən xəsarətlər aşkar edilməmişdir (baxın, hazırkı qərarın 58-59-cu bəndlərinə). Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, 2005-ci il 10 noyabr tarixli tibbi arayış bir neçə çatışmazlıqlar istisna olmaqla, 2005-ci il 1 dekabr tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müqayisədə daha mötəbər sübut hesab olunur. Hazırkı şikayətin araşdırılması məqsədilə onun məzmunu əsasında nəticəyə gəlmək olar ki, ərizəçinin sol ayağı və sol əlinin yuxarı hissəsi əzilmişdir.Eyni zamanda, ərizəçinin təqdim etdiyi şahid ifadələri vasitəsilə onun C.M. tərəfindən döyülməsi faktı təsdiq edilir. Ərizəçi hadisənin öz versiyasını sübut etmək üçün fotoşəkillər və kaset yazısını təqdim etmişdir. Fotoşəkillər əsasında müəyyən edilir ki, C.M. nümayiş zamanı əlində dəyənəklə hadisə yerində olmuşdur. Bununla əlaqədar Məhkəmə 2005-ci il 10 noyabr tarixli tibbi arayışda göstərilən zədələrin 2005-ci il noyabrın 9-da polis tərəfindən yetirilməsi barədə ərizəçinin dəlillərini ziddiyyətli hesab etmir. Məhkəməyə təqdim edilmiş mötəbər sübutlar ən azı polis əməkdaşının ərizəçini dəyənəklə vurması faktını təsdiq edir. Məhkəmə hesab edir ki, həm Hökumətin izahatları, həm də daxili qurumların qərarlarında göstərilən nəticələr bu prezumpsiyanı təkzib etmir.Bununla, Məhkəmə tətbiq edilmiş fiziki qüvvənin həddindən artıq olub- olmadığını araşdıracaq. Məsələ ilə əlaqədar Məhkəmə fiziki qüvvənin tətbiq edilməsinin hallarına xüsusi diqqət ayırır (baxın, “Gözel Şahin və digərləri Türkiyəyə qarşı” (Güzel Şahin and Others v. Turkey, no. 68263/01, § 50, 21 December 2006) və “Timtik Türkiyəyə qarşı” (Timtik v. Turkey, no. 12503/06, § 49, 9 November 2010). Hər hansı şəxs polis və ya dövlətin digər əməkdaşı ilə qarşı-qarşıya duranda həmin şəxsin hərəkətləri nəticəsində fiziki qüvvənin tətbiqinə ciddi zərurət olmadıqda, həmin qüvvə insanın ləyaqətini alçaldır və bütövlükdə Konvensiyanın 3-cü maddəsində təsbit edilmiş hüququ pozur (baxın, “Kop Türkiyəyə qarşı” (Kop v. Turkey, no. 12728/05, § 27, 20 October 2009) və yuxarıda qeyd olunan “Timtik Türkiyəyə qarşı” iş, 47-ci bənd).Məhkəmə Hökumətin bu dəlilini qəbul etmir ki, ərizəçiyə qarşı fiziki qüvvə tətbiq edilmişdirsə də, həmin fiziki qüvvə həddindən artıq olmamış və ərizəçinin polisin qanuni tələbinə qəsdən tabe olmaması nəticəsində istifadə edilmişdir. Məhkəmə o fakta məhəl qoymur ki, razılaşdırılmış nümayişi jurnalist kimi (ərizəçi bunu göstərən göy rəngli gödəkcədə olmuşdur) işıqlandırarkən ərizəçi polis tərəfindən fiziki qüvvəyə məruz qalmışdır. Mübahisələndirilmir ki, ərizəçi polis əməkdaşlarına qarşı güc tətbiq etməmiş və ya onlara təhlükə yaratmamışdır. Eyni zamanda, Hökumətin dəlillərinə baxmayaraq həm cinayət hadisənin araşdırılması, həm səlahiyyətli orqanlar tərəfindən keçirilmiş digər proseslər zamanı müəyyən edilməmişdir ki, ərizəçi dəmir nərdivandan istifadə edərkən ətrafdakı insanlara təhlükə yaratmış və polis əməkdaşı fiziki qüvvəni tətbiq etməkdən öncə ona xəbərdarlıq etmiş və bu tələbə tabe olmaq üçün ona ağlabatan vaxt vermişdir. Bununla əlaqədar Məhkəmə ərizəçinin izahatlarına əsaslanaraq qeyd edir ki, həmin dəmir nərdivan eyni məqsədlərlə əvvəlki nümayişdə istifadə edilmişdir. Belə olan halda Məhkəmənin gəldiyi nəticəsinə əsasən polis əməkdaşı tərəfindən ərizəçinin hərəkətləri nəticəsində fiziki qüvvənin tətbiq edilməsinin zəruriliyini Hökumət sübut etməmişdir. Bununla Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı tətbiq edilmiş fiziki qüvvə həddindən artıq olmuşdur.Məhkəmə zədələrin yüngül olmasını və bununla hər hansı xüsusi tibbi müalicənin tətbiq olunmasının tələb edilmədiyini nəzərə alaraq hesab edir ki, ərizəçi ciddi və uzunmüddətli ağrı və əziyyət hissləri çəkməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia olunan pis rəftar ərizəçidə qorxu və əzab hissləri yaratmış və onu alçaltmışdır. Bununla, həmin pis rəftar Konvensiyanın 3-cü maddəsinin mənasında qeyri-insani və alçaldıcı kimi tövsif edilməsi üçün qəddarlığın minimum dərəcəsində müəyyən edilmişdir.Nəticədə, Konvensiyanın 3-cü maddəsi maddi-hüquqi aspekti baxımından pozulmuşdur.
2. Səmərəli araşdırmanın aparılmaması iddiası
(a) Tərəflərin izahatları
Hökumət bildirir ki, səlahiyyətli daxili qurumlar ərizəçinin pis rəftara məruz qalması şikayəti ilə əlaqədar səmərəli araşdırma aparmışlar. Hökumət qeyd etmişdir ki, ərizəçinin şikayətinin Yasamal rayon prokurorluğuna göndərilməsi səbəbindən işin araşdırılması zamanı müəyyən ləngimə baş vermişdir (baxın, yuxarıda qeyd edilən 13-cü bənd). Lakin məhkəmə-tibbi ekspertizası şikayət Yasamal rayon prokurorluğuna daxil olduqdan sonra qısa müddət ərzində keçirilmiş və araşdırma bütövlükdə səmərəli olmuşdur. Eyni zamanda Hökumət vurğulamışdır ki, səlahiyyətli daxili qurumlar aidiyyəti sübutları qiymətləndirmiş, lakin ərizəçi tərəfindən təqdim edilmiş bəzi sübutlar (fotoşəkillər, kaset yazıları və sair) qanunla müəyyən edilmiş qaydada əldə olunmamış və onların əldə edilməsi halları müəyyən şübhələr doğurmuşdur.Ərizəçi bildirmişdir ki, səlahiyyətli daxili qurumlar onun pis rəftara məruz qalması şikayəti ilə əlaqədar səmərəli araşdırma aparmamışlar. O qeyd etmişdir ki, yerli məhkəmələr ona qarşı polis tərəfindən tətbiq edilmiş zorakılığı təsdiq edən sübutları nəzərə almaqdan imtina etmişdir. Ərizəçi vurğulamışdır ki, 2005-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi hadisədən on doqquz gün sonra çıxarılmış, bununla həmin rəy mötəbər sübut kimi hesab oluna bilməz.
(b) Məhkəmənin qiymətləndirməsi
Konvensiyanın 3-cü maddəsinə zidd olaraq polis tərəfindən ciddi şəkildə pis rəftara qaldığı barədə mübahisəli iddia ilə fərdi şəxs çıxış etdikdə, bu müddəa «Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının yurisdiksiyası altında olan hər kəs üçün təmin etmək» üzrə Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin ümumi vəzifəsi ilə birgə oxunulmaqla öz növbəsində tələb edir ki, səmərəli rəsmi istintaq aparılmalıdır. Bu istintaq məsuliyyət daşıyanların müəyyən olunmasına və cəzalandırılmasına gətirib çıxara bilməlidir. Əks halda, işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi hüquqi qadağası fundamental əhəmiyyətinə baxmayaraq, təcrübədə səmərəsiz olar və müəyyən işlərdə dövlət qulluqçularına mümkün olacaq ki, həqiqi cəzasızlıq şəraitində nəzarəti altında olanlara qarşı hüquqlarından sui-istifadə etsinlər (baxın, yuxarıda qeyd olunmuş “Assenov və digərləri Bolqarıstana qarşı” iş, 102-ci bənd və “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 131, ECHR 2000‑IV).Pis rəftarın ciddi şikayətlərinə dair istintaq hərtərəfli olmalıdır. Bu onu nəzərdə tutur ki, hakimiyyət orqanları nəyin baş verdiyinin aşkar edilməsi üçün ciddi səy göstərməli və istintaqı bağlamaq üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud da əsassız qənaətlərə əsaslanmamalıdırlar (baxın, yuxarıda qeyd olunmuş “Assenov və digərləri Bolqarıstana qarşı”, 103-cu bənd və s.). Onlar hadisəyə aid sübutları, o cümlədən, inter alia, şahidlərin ifadələrini və tibbi ekspertiza rəylərini qorumaq üçün mümkün olan bütün əsaslı addımları atmalıdırlar (baxın, “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-IV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Zədənin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin şəxsiyyətini müəyyən etmək qabiliyyətini aradan qaldıran hər hansı istintaq çatışmazlığı bu standartı pozmaq təhlükəsi ilə üzləşir (baxın, “Batı və digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos. 33097/96 and 57834/00, § 134, ECHR 2004‑IV).Məhkəmə müəyyən etmişdir ki, hazırkı işdə cinayət araşdırılması aparılmışdır. Bununla, həmin istintaqın Konvensiyanın 3-cü maddəsi mənasında səmərəliliyi məsələsi araşdırılmalıdır.Məhkəmə qeyd edir ki, istintaq zamanı 2005-ci il 10 noyabr tarixli tibbi arayışa heç bir hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, ərizəçinin hadisədən 2 gün sonra pis rəftara məruz qalması ilə əlaqədar Baş Prokurorluğa şikayət verməsinə baxmayaraq, səlahiyyətli qurum yalnız iyirmi bir gün sonra məhkəmə-tibbi ekspertizanı təyin etmişdir. Məhkəmə Hökumətin bu izahatlarını qəbul edə bilməz ki, məhkəmə-tibbi ekspertizanın təyin edilməsində yubanmaya səbəb şikayətin Yasamal rayon prokurorluğuna göndərilməsi üçün müəyyən vaxtın tələb olunması olmuşdur. Ərizəçinin şikayətinin araşdırılması üçün kifayət qədər səy göstərilməmiş və 2005-ci il dekabrın 1-dək müvafiq prosessual tədbirlər həyata keçirilməmişdir.Bununla əlaqədar Məhkəmə təkrarlayır ki, pis rəftara məruz qalma şikayəti üzrə aparılmış cinayət araşdırılmasının səmərəliliyinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizanın vaxtında təyin edilməsi məsələsi vacib faktorlardan biri sayılır (baxın, “Məmmədov Azərbaycana qarşı” (Mammadov v. Azerbaijan, no. 34445/04, § 74, 11 January 2007). Yuxarıda qeyd edildiyi kimi məhkəmə-tibbi ekspertizanın tez bir zamanda keçirilməsi çox vacib hesab olunur, əks təqdirdə bədəndə olan müəyyən zədələr yox ola bilər və bununla ekspertizanın keçirilməsindən əvvəl müvafiq sübutlar itəcəkdir. Vaxtında keçirilən tibbi müayinə məhkəmə-tibbi ekspertə zədələrin mövcudluğunu və yaranma vaxtını müəyyən etməyə imkan yaradır. Lakin hazırkı işdə istintaq orqanları 2005-ci il 10 noyabr tarixli tibbi arayışın tam olmadığını qeyd edərək onun nəzərə alınmasından imtina etmiş, eyni zamanda məhkəmə-tibbi ekspertizanın vaxtında keçirilməsini təşkil etməmişlər. Məhkəmə hesab edir ki, təkçə həmin çatışmazlıq istintaqın səmərəliliyini şübhə altına qoyur.Eyni zamanda, işdə digər çatışmazlıqlar da mövcud olmuşdur. Xüsusilə, prokuror ərizəçinin xeyrinə ifadə vermiş iki şahidi və bunun əksinə, onun əleyhinə ifadə vermiş iki polis əməkdaşını dindirmişdir. Lakin cinayət işinin rədd edilməsi barədə qərarda ərizəçinin xeyrinə olan şahidlərin ifadələrinə qiymət verilməmişdir. Prokuror həmin ifadələrin polis əməkdaşlarının ifadələri ilə müqayisədə etibarsız olduğunu izah etməmişdir. Bundan başqa, istintaq orqanları ərizəçi tərəfindən təqdim edilmiş kaset yazısını və fotoşəkilləri qəbul etməmiş, lakin həmin sübutlar prima facie işə aiddirlər. Həmin sübutların qəbul edilməməsi və qiymətləndirilməməsi ilə əlaqədar həm müvafiq daxili orqanlar, həm də Hökumət tərəfindən heç bir tutarlı izah verilməmişdir.Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, ərizəçinin pis rəftara məruz qalması şikayəti ilə əlaqədar aparılmış araşdırma Konvensiyanın 3-cü maddəsinin tələblərinə cavab vermir. Bununla əlaqədar Məhkəmə Hökumətin daxili hüquq vasitələrin tükəndirilməməsi barədə dəlillərini rədd edərək müəyyən edir ki, Konvensiyanın 3-cü maddəsi prosessual-hüquqi aspekti baxımından pozulmuşdur.
II. KONVENSİYANIN 13-cü MADDƏSİNİN POZULMASI İDDİASI
Ərizəçi iddia edir ki, daxili orqanlar tərəfindən aparılmış cinayət araşdırması səmərəsiz olmuşdur.Konvensiyanın 13-cü maddəsində aşağıdakılar təsbit edilmişdir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
Tərəflərin izahatları Konvensiyanın 3-cü maddəsinin prosessual aspekti ilə əlaqədar təqdim edilmiş izahatlarla mahiyyətcə eynidir.Məhkəmə qeyd edir ki, hazırkı şikayət yuxarıda araşdırılmış şikayətlə bağlıdır və bununla onu baxılması üçün mümkün hesab edir.Lakin Konvensiyanın 3-cü maddəsinin prosessual-hüquqi aspekti baxımından pozuntusunun aşkar edilməsini nəzərə alaraq, Konvensiyanın 13-cü maddəsi üzrə ayrıca araşdırmanın aparılmasına zərurət yoxdur.
III. KONVENSİYANIN 6-cı və 10-cu MADDƏLƏRİNİN POZULMASI
İDDİASI
Ərizəçi iddia edir ki, mülki iş üzrə daxili prosedurlar ədalətsiz olmuşdur. Həmçinin, ərizəçi bildirmişdir ki, o, jurnalist fəaliyyətinin qarşısının alınması üçün pis rəftara məruz qalmışdır.Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsində aşağıdakılar qeyd edilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”
Konvensiyanın 10-cu maddəsində aşağıdakılar təsbit edilmişdir:
“1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
Hökumət bildirir ki, ərizəçi dövlətdaxili hüquqi vasitələri tükəndirməyib. Xüsusilə, onun Apellyasiya Məhkəməsinin 2007-ci il 3 oktyabr tarixli qərarından hüquqi məsələlərə dair verdiyi kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq təqdim edilmədiyinə görə Ali Məhkəmə tərəfindən rədd edilmişdir. Eyni zamanda, Hökumət bildirmişdir ki, ərizəçi ifadə azadlığının pozulması ilə əlaqədar məhkəmələrdə heç vaxt iddia qaldırmamışdır.Ərizəçi öz iddiasını müdafiə etmişdir.Konvensiyanın 6-cı maddəsi ilə əlaqədar verdiyi şikayəti araşdırarkən Məhkəmə müəyyən etmişdir ki, ərizəçi kassasiya şikayətini qanunla müəyyən edilmiş qaydada təqdim etmədiyinə görə dövlətdaxili hüquqi vasitələri tükəndirməmişdir. Bununla, həmin şikayət dövlətdaxili hüquqi vasitələrin tükəndirilməməsinə görə Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd olunmalıdır.Konvensiyanın 10-cu maddəsinin pozulması iddiası ilə əlaqədar bildirilməlidir ki, ərizəçi bununla əlaqədar dövlətdaxili vasitələri tükəndirmiş hesab olunsaydı belə, Məhkəmə işdə olan materiallara və öz səlahiyyətinə əsaslanaraq hesab edir ki, həmin şikayət üzrə Konvensiyanın hər hansı müddəasının pozuntusu aşkar edilmir. Bununla, həmin şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə uyğun olaraq açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 14-cü MADDƏSİNİN POZULMASI İDDİASI
Eyni zamanda ərizəçi iddia etmişdir ki o, jurnalist kimi nümayişdə iştirakına görə polis tərəfindən ayrı-seçkiliyə məruz qalmışdır.Lakin Məhkəmə işdə olan materiallara və öz səlahiyyətinə əsaslanaraq hesab edir ki, həmin şikayət üzrə Konvensiyanın hər hansı müddəasının pozuntusu aşkar edilmir. Bununla, həmin şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə uyğun olaraq açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
Ərizəçi tibbi müalicənin alınması ilə əlaqədar maddi ziyana görə 2 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət həmin tələbi mübahisələndirərək onun müvafiq sübutlarla təsdiq olunmadığını bildirmişdir.Məhkəmə qeyd edir ki, Məhkəmənin Prosedur Qaydalarının 60-cı Qaydasına əsasən ədalətli təzminatla əlaqədar olan bütün tələblər bəndlər üzrə göstərilməli və müvafiq qəbzlər və invoyslarla təsdiq edilərək təqdim edilməlidir.Hazırkı işdə iddia olunan ziyanla aşkar edilmiş pozuntu arasında hər hansı səbəbiyyət əlaqəsi mövcud olsa belə, ərizəçi həmin tələbi təsdiq edən müvafiq sənədləri təqdim etməmişdir. Xüsusilə, ərizəçi hər hansı qəbzi və ya tibbi müalicənin aparılmasını sübut edən digər sənədləri təqdim etməmişdir.Yuxarıda göstərilənlərlə əlaqədar Məhkəmə ərizəçinin maddi ziyana görə təzminatın ödənilməsinə dair tələbini rədd edir.
2. Mənəvi zərər
Ərizəçi mənəvi zərərə görə 10 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət bildirmişdir ki, həmin məbləğ əsassız və həddindən artıq çoxdur.Məhkəmə hesab edir ki, ərizəçiyə dəymiş mənəvi ziyan sadəcə pozuntunun aşkar edilməsi ilə kompensasiya edilə bilməz, bununla müəyyən təzminat təyin olunmalıdır. Məhkəmə ədalətli qiymətləndirmə apararaq ödənilməli olan vergilər də daxil olmaqla ərizəçiyə 4 500 avro məbləğində vəsaitin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
Ərizəçi daxili məhkəmələrdə aparılmış cinayət işi ilə əlaqədar 750 avro, mülki işi ilə əlaqədar 2 000 avro və hakimin intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar prosedurla bağlı 2 000 avro məbləğində xərclərin ödənilməsini tələb etmişdir. Eyni zamanda, işin Məhkəmədə baxılması ilə bağlı 2 700 avro məbləğində xərclərin ödənilməsini tələb etmişdir. Ərizəçi tərcümə xidmətlərinə görə ödənilmiş 2 550 avro və poçt xidmətlərinə görə ödənilmiş 500 avro məbləğində vəsaitin qaytarılmasını tələb etmişdir. Öz iddiasının müdafiəsi məqsədilə ərizəçi daxili məhkəmələrdə ona göstərilmiş hüquqi xidmət üzrə müqavilələri təqdim etmişdir. Həmin müqavilələrə əsasən Məhkəmə tərəfindən hüquq pozuntusu aşkar olunarsa, müvafiq məbləğlər ödənilməlidir.Hökumət tələbin əsassız və həddindən artıq çox olduğunu bildirmişdir. Xüsusilə, Hökumət qeyd etmişdir ki, ərizəçi tələbinin təsdiqi üçün bütün zəruri sənədləri təqdim etməmiş və məhkəmə xərcləri faktiki olaraq ərizəçi tərəfindən ödənilməmişdir.Məhkəmənin Konvensiyanın 41-ci maddəsi ilə əlaqədar olan presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.Məhkəmə ərizəçinin mülki işi və hakimin intizam məsuliyyətinə cəlb edilməsi proseduru ilə əlaqədar xərclərə dair tələbini rədd edərək hesab edir ki, həmin tələb baxılmaq üçün mümkün hesab edilmiş şikayətlərə aid deyil.Tələbin digər hissəsi üzrə Məhkəmə hesab edir ki, ərizəçi müvafiq məhkəmə xərclərini faktiki olaraq ödəməsə də, o, həmin xərcləri müqavilə üzrə götürdüyü öhdəlik əsasında ödəməlidir. Bununla, vəkilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar müvafiq vəsaitin ödənilməsi zəruriliyini nəzərə alaraq ərizəçi məhkəmə xərclərinin kompensasiyasını tələb edə bilər (baxın, “Namət Əliyev Azərbaycana qarşı” (Namat Aliyev v. Azerbaijan, no. 18705/06, § 109, 8 April 2010). Lakin ərizəçi tərəfindən təqdim edilmiş müqavilədə göstərilən hüquqi xidməti və hazırkı işdə zəruri olan hüquqi işin həcmini nəzərə alaraq Məhkəmə hesab edir ki, tələb olunan məbləğ hədindən artıq çoxdur və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərcümə və poçt xidmətləri ilə əlaqədar tələblərə dair ərizəçi tərəfindən təqdim edilmiş heç də bütün sənədlər qeyd olunan məbləğlərin mahiyyəti üzrə əsaslı və zəruri olduğunu sübut etmir. Bununla, Məhkəmə işdə olan materiallara əsaslanaraq məhkəmə xərclərinin kompensasiya edilməsi tələbi ilə əlaqədar 3 000 avro məbləğində vəsaitin ödənilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Hökumətin dövlətdaxili hüquqi vasitələrin tükəndirilməməsi ilə bağlı etirazının işə mahiyyəti üzrə baxılması zamanı araşdırılmasını qət edir və onları rədd edir;
2. Konvensiyanın 3-cü və 13-cü maddələri üzrə şikayətləri mümkün, digərlərini isə mümkünsüz bəyan edir;
3. Ərizəçinin polis əməkdaşı tərəfindən pis rəftara məruz qalması ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
4. Ərizəçinin pis rəftara məruz qalmasına dair şikayəti üzrə səmərəli araşdırmanın aparılmaması ilə əlaqədar Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
5. Konvensiyanın 13-cü maddəsi əsasında verilmiş şikayətin araşdırılmasının zəruri olmadığını qət edir;
6. Qərara alır ki,
(a) Cavabdeh dövlət qərar qanuni qüvvəyə mindikdən sonra üç ay ərzində Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi əsasında ərizəçiyə ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aşağıdakı məbləğləri ödəməlidir:
(i) ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 4 500 avro;
(ii) ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 3 000 avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və bura üç faiz də əlavə edilməlidir;
7. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndinə əsasən 2012-ci il aprelin 17-də yazılı şəkildə təqdim edilmişdir.
Andre VampaçNina Vajiç
Katibin müaviniSədr
Full & Egal Universal Law Academy