© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Saadi Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Saadi v. UK [GC]), ərizə № 13229/03
29.01.2008-ci il tarixli qərar [Böyük Palata]
Maddə 5
5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndi
Ölkəyə icazəsiz girişin qarşısının alınması
Ölkədə qalmasına "müvəqqəti icazə" verilmiş sığınacaq axtaran şəxsin yeddi gün ərzində sığınacaq axtaranların qəbulu mərkəzində həbsdə saxlanılması: pozuntu baş verməyib
5-ci maddənin 2-ci bəndi
Tutulmanın səbəbləri barədə məlumatlandırılma
Ölkədə qalmasına "müvəqqəti icazə" verilən və sonradan sığınacaq axtaranların qəbulu mərkəzində həbsdə saxlanılan sığınacaq axtaran şəxsin həbsdə saxlanılmasının səbəbləri barədə məlumatlandırılmasının 76 saat gecikdirilməsi: pozuntu baş verib
Faktlar – İraq kürdü olan ərizəçi öz ölkəsindən qaçmış və 30 dekabr 2000-ci ildə Londonun Hitrou aeroportuna gəlmişdi. O, dərhal sığınacaq üçün müraciət etdi və onun ölkədə qalmasına "müvəqqəti icazə" verildi. 2 yanvar 2001-ci ildə immiqrasiya orqanlarına məlumat verildikdən sonra ərizəçi tutuldu və immiqrasiya orqanlarından gizlənməsi ehtimalı olmayan və ərizələrinə sürətləndirilmiş prosedur qaydasında baxılan sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulmuş Oukinqton qəbul mərkəzinə yerləşdirildi. Ona həbsdə saxlanmasının səbəblərini və hüquqlarını izah edən standart sənəd verildi, amma sənəddə işinə sürətləndirilmiş prosedur qaydasında baxılması məqsədləri üçün onun həbsdə saxlanılması göstərilməmişdi. 5 yanvar 2001-ci ildə immiqrasiya məmuru ərizəçinin nümayəndəsinə telefonla məlumat verdi ki, ərizəçinin həbsdə saxlanılmasının səbəbi onun qəbul mərkəzində həbsdə saxlanılma meyarlarına uyğun gələn İraq vətəndaşı olmasıdır. Ərizəçinin sığınacaq üçün müraciəti əvvəlcə 8 yanvar 2001-ci ildə rədd edildi və onun Birləşmiş Krallığa girişinə rəsmən icazə verilmədi. O, ertəsi gün azad edildi, daha sonra ölkəyə daxil olmasına icazə verilməməsi barədə qərardan şikayət verdi və şikayəti təmin edildikdən sonra ona sığınacaq verildi. O, həbsdə saxlanılması barədə qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılması üçün ərizə ilə müraciət etdi. Son nəticədə Lordlar Palatası onun ərizəsini rədd edərək bu qənaətə gəldi ki, onun Oukinqton qəbul mərkəzindəki həbs rejimində saxlanılması mütənasib və əsaslı tədbir idi. 11 iyul 2006-cı il tarixli qərarında Avropa Məhkəməsinin Palatası bu qənaətə gəldi ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmayıb, amma 5-ci maddənin 2-ci bəndi pozulub, belə ki, həbsin səbəbləri barədə dərhal məlumatlandırma tələbi yerinə yetirilməyib (88 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndi: a) "Şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq" ifadəsinin mənası: Əcnəbilərin ölkəyə girişinə və ölkədə yaşamasına nəzarət etmək hüququna malik olan dövlət sığınacaq almaq məqsədi ilə və ya hər hansı digər məqsədlə ölkəyə giriş üçün icazə istəyən potensial immiqrantları həbsdə saxlamaq hüququna malik olmalıdır. Belə "icazə" verilənə qədər ölkəyə giriş "qanunsuz" sayılır və ölkəyə giriş üçün icazə almalı olan, amma hələ onu almayan şəxsin həbsdə saxlanılması sözün əsil mənasında "şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq" məqsədi daşıyan tədbir sayıla bilər. Məhkəmə bununla razılaşa bilməz ki, ərizəçi ölkəyə daxil olub özünü hakimiyyət orqanlarının ixtiyarına verən kimi onun ölkəyə girişi "qanuni" şəkil alır. 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulmuş tədbir yalnız ölkəyə girişə qoyulan məhdudiyyətlərdən yayınmağa çalışan şəxslərin həbsə alınması məhdudlaşmır. Həmin yarımbənd yalnız belə şəxslərə şamil olunsaydı, bu cür məhdud şərh BMT-nin və Avropa Şurasının göstərişlərinə və tövsiyələrinə zidd olardı.
b) Həbsdə saxlanılmanın qanuniliyi məsələsi: Qanunsuz həbsə alınmanın qadağan olunması prinsipi 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndində nəzərdə tutulmuş ikinci müddəaya (barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması) tətbiq edildiyi kimi, eynilə həmin yarımbənddəki birinci müddəaya da (şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni tutulması və ya həbsə alınması) tətbiq edilir. Beləliklə, bu cür həbsdə saxlanılmanın əsaslı olaraq zəruri hesab edilməsi tələb olunmur, mütənasiblik prinsipi isə sadəcə bu cür həbsdə saxlanılmanın əsassız olaraq uzun müddət davam etməməsini tələb edir. Müvafiq olaraq, 5-ci maddənin 1-ci bəndinin "f" yarımbəndinin birinci müddəası əsasında həbsə alınma dörd meyara cavab verdiyi təqdirdə qanunsuz hesab edilmir: həbs vicdanlı niyyətlə həyata keçirilibsə; yalnız şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilibsə; ərizəçinin saxlanıldığı yer və saxlanma şəraiti müəyyən edilərkən onun öz həyatına görə ehtiyatlandığı üçün öz ölkəsindən qaçdığı nəzərə alınıbsa; həbsdə saxlanma müddəti həbsin məqsədinin tələb etdiyi müddətdən həddən artıq çox deyilsə.
Məhkəmə razılaşdı ki, Oukinqton qəbul mərkəzində həbsdə saxlanma rejiminin məqsədi araşdırılan dövrdə Birləşmiş Krallıqda il ərzində sığınacaq almaq üçün verilən 84 minə yaxın ərizədən təxminən 13 mininə sürətlə baxılmasını təmin etmək idi. Bu məqsədə nail olunması hər gün 150 müsahibənin aparılmasını tələb edirdi və hətta kiçik ləngimələr belə, bu proqramın icrasını poza bilərdi. Ərizəçi həbsdə saxlanılmaq üçün ona görə seçilmişdi ki, onun işi sürətləndirilmiş prosedurun meyarlarına cavab verirdi. Müvafiq olaraq, milli hakimiyyət orqanları ərizəçini həbsə alarkən vicdanlı niyyətlə hərəkət etmişdilər. Faktiki olaraq, Oukinqton rejiminin tətbiqi bütövlükdə sığınacaq axtaranların maraqlarına cavab verir və onların tələblərinə baxılmasını sürətləndirirdi. Həbsdə saxlanılma həmçinin ölkəyə qanunsuz girişin qarşısını almaq məqsədi ilə sıx bağlı idi çünki sığınacaq axtaranın tələblərinə sürətlə və səmərəli şəkildə baxılmasına imkan yaradırdı. Saxlanma yerinə və şəraitinə gəlincə, mərkəz xüsusi olaraq sığınacaq axtaranların tələbatlarına uyğunlaşdırılmışdı burada asudə vaxtın keçirilməsi, dini ayinlərin icrası, tibbi xidmətlərin göstərilməsi və ən əsası, hüquqi yardım göstərilməsi üçün imkanlar yaradılmışdı. Ərizəçi saxlanma şəraitindən şikayət etməmişdi. Nəhayət, sığınacaq barədə ərizəsi birinci instansiyada rədd edildiyi günün ertəsi günü azad edilmiş ərizəçinin buna qədər bir həftə həbsdə saxlanılması onun sığınacaq barədə tələbinə sürətlə baxılması üçün zəruri olan ağlabatan müddətin hüdudlarını aşmış müddət sayıla bilməzdi. Məhkəmə həmçinin qeyd etdi ki, sığınacaq verilməsi barədə çoxlu sayda müraciətlərə baxılması üçün daha səmərəli sistemin təmin olunması sayəsində həbsə alma səlahiyyətlərindən həddən artıq geniş istifadə olunmasına ehtiyac qalmamışdı.
Nəticə: pozuntu baş verməyib (altı səsə qarşı on bir səslə).
5-ci maddənin 2-ci bəndi: Böyük Palata Palatanın bu rəyi ilə razılaşdı ki, ümumi xarakterli açıqlamalar, məsələn, parlamentin bəyanatları şəxsə tutulmasının və ya həbsə alınmasının səbəbləri barədə məlumat verilməsinin zəruriliyini aradan qaldırmır. Ərizəçi həbsə alınmasının real səbəbini ilk dəfə nümayəndəsi vasitəsilə 5 yanvar 2001-ci ildə öyrənmişdi, bu müddətdə o, artıq 76 saat idi ki, həbsdə saxlanılırdı. Hətta həbsin səbəbləri barədə nümayəndənin şifahi şəkildə məlumatlandırılmasının 5-ci maddənin 2-ci bəndinin tələblərinə cavab verdiyini fərz etsək belə, məlumatın bu qədər gecikdirilməsi tutulmanın səbəbləri barədə dərhal məlumatlandırılma tələblərinə cavab vermirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi kifayət qədər ədalətli kompensasiya təşkil edir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy