Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 142
İyun 2011-ci il
***
Sabeh Əl-Leyl (Sabeh El Leil) Fransaya qarşı [BP] – ərizə № 34869/05
29.6.2011 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Mülki hüquq və vəzifələr
Xarici ölkənin səfirliyində çalışan, həmin ölkənin vətəndaşı olmayan işçinin işdən azad edilməsi barədə qərardan şikayət etməsinin qarşısını alan yurisdiksiya immunitetinin mövcud olması: 6-cı maddə bu işə tətbiq edilə bilər; pozuntu baş verib
Faktlar – Ərizəçi Fransa vətəndaşıdır. 1980-ci ilin avqustunda o, Parisdəki Küveyt Səfirliyində qeyri-müəyyən müddətə mühasib vəzifəsinə işə götürüldü. 1985-ci ildə o, baş mühasib vəzifəsinə irəli çəkildi. 2000-ci ilin martında səfirlik maliyyə səbəblərindən onun əmək müqaviləsinə xitam verdi. Ərizəçi bu qərardan Məşğulluq məsələləri üzrə Paris məhkəməsinə şikayət etdi, həmin məhkəmə isə müəyyən etdi ki, işdən azad edilmənin real və ya ciddi əsası yoxdur və qərar çıxardı ki, Küveyt Hökuməti itkilərin kompensasiyası və ziyana görə təzminat qismində ona müxtəlif məbləğlər ödəməlidir. Ərizəçi təyin olunmuş məbləğlərlə razılaşmayaraq bu qərardan şikayət etdi. Paris Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək müəyyən etdi ki, bütövlükdə ərizəçinin işinin məsuliyyətinin səviyyəsini və funksiyalarının xarakterini nəzərə alsaq, o, Küveyt dövlətinin Fransadakı diplomatik nümayəndəliyi vasitəsilə həmin dövlətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində iştirak edirdi. Buna görə də onun Küveytə qarşı iddia tələbləri qəbuledilməzdir, çünki xarici dövlətlər yurisdiksiya immunitetinə malikdirlər. Kassasiya məhkəməsi ərizəçinin kassasiya şikayətini rədd etdi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi
a) Şikayətin qəbuledilənliyi – Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi: Kassasiya şikayətində ərizəçi vəzifələrinin dəqiq hüdudları barədə Apellyasiya Məhkəməsinin gəldiyi nəticələrə etiraz etdi. O, Küveyt dövlətinin diplomatik xidmətinin mənafelərinə uyğun müstəqil funksiyaları yerinə yetirdiyini, yaxud dövlət hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsində iştirak etdiyini təkzib etdi. O həmçinin yurisdiksiya immuniteti barədə qaydanın onun işinə tətbiq edilməsindən şikayət etdi. Beləliklə, yuxarıdakıları nəzərə alsaq, Məhkəməyə təqdim edilən şikayət mahiyyət etibarı ilə daxili məhkəmələr qarşısında qaldırılmışdı.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi: (yekdilliklə).
b) 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Məhkəmə qeyd etdi ki, Vilho Eskelinen və başqalarının işi* üzrə onun qərarına əsasən, ərizəçinin 6-cı maddə ilə təmin edilən müdafiənin şamil olunmadığı mülki dövlət qulluqçusu statusuna malik olduğunu cavabdeh dövlətin iddia edə bilməsi üçün iki şərt mövcud olmalıdır. Birincisi, dövlətin milli qanunvericiliyində müvafiq vəzifəni tutan və ya müvafiq işçi kateqoriyasına aid olan şəxsin məhkəməyə müraciət hüququnu istisna edən müddəa aydın şəkildə əks olunmalıdır. İkincisi, bu istisna dövlətin mənafelərinin qorunmasına yönələn obyektiv əsaslarla əsaslandırılmalıdır. Lakin hazırkı işdə özü-özlüyümdə ərizəçinin səfirlikdəki funksiyaları dövlətin mənafelərinin qorunmasına yönələn obyektiv əsaslara istinadən onun məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına əsas vermirdi. Bundan başqa, ərizəçinin Fransa məhkəmələrində qaldırdığı iddia real və ciddi əsas olmadan işdən azad edilməsi ilə bağlı kompensasiya tələbinə aid idi. Beləliklə, onun açdığı mübahisə mülki hüquqlara aid idi və 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
Nəticə: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər (yekdilliklə).
c) Şikayətin mahiyyəti – Məhkəməyə müraciət etmək hüququ 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğu kimi, bu hüquqa tətbiq edilən müəyyən məhdudiyyətlər də həmin hüququn ayrılmaz tərkib hissəsi sayılmalıdır, buna misal olaraq dövlət immunitetinə dair qaydanın tərkib hissəsini təşkil edən və millətlər birliyi tərəfindən hamılıqla qəbul edilən məhdudiyyətləri göstərmək olar. Lakin dövlətin yurisdiksiya immunitetinə dair qaydanın tətbiqi məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırırsa, Məhkəmə müəyyənləşdirməlidir ki, işin halları bu cür məhdudiyyətin tətbiqinə haqq qazandırırmı?
Hazırkı işdə məhkəməyə müraciət etmək hüququna qoyulmuş məhdudiyyətlər, Çudakın işində** olduğu kimi, qanuni məqsəd daşıyırdı. Müvafiq olaraq, Məhkəmə ərizəçinin hüququna tətbiq edilən və barəsində şikayət edilən məhdudiyyətin qarşıya qoyulan məqsədə mütənasib olub-olmadığını araşdırmağa keçdi. Bu baxımdan nəzərə almaq lazımdır ki, Dövlətlərin yurisdiksiya immunitetləri və mülkiyyətləri haqqında 2004-cü il tarixli Konvensiyanın 11-ci maddəsində belə bir prinsip təsbit edilib ki, immunitetə dair qayda dövlət ilə onun xaricdəki diplomatik missiyalarının işçiləri arasındakı əmək müqavilələrinə şamil olunmur və yalnız həmin maddədə sadalanan hallar istisna təşkil edir. Küveytin nə diplomatik, nə də konsulluq korpusunun nümayəndəsi olan, nə də bu ölkənin vətəndaşı olan ərizəçiyə həmin Konvensiyanın 11-ci maddəsində sadalanan istisna hallar şamil olunmur. Küveyt Səfirliyində işə qəbul edildiyi andan işdən azad edildiyi anadək o əvvəlcə mühasib, sonra isə baş mühasib funksiyalarını uğurla yerinə yetirmişdi. Rəsmi notada səfirliyin mühasibat şöbəsinin rəhbəri qismində onun funksiyaları sadalanırdı və şöbə daxilində və ya xaricində daşıdığı hər hansı başqa funksiyalar orada göstərilməmişdi. Eynilə, yanvar 2000-ci il tarixli məşğulluq barədə arayışda onun yalnız mühasibat şöbəsinin rəhbəri vəzifəsini tutduğu göstərilmişdi. Onun yeganə başqa fəaliyyəti personalın nümayəndəsi qismində qeyri-rəsmi qaydada fəaliyyəti idi. Nə daxili məhkəmələr, nə də Hökumət onun funksiyalarının obyektiv baxımdan Küveyt dövlətinin suveren maraqları ilə əlaqəli olduğunu göstərməyiblər. Apellyasiya Məhkəməsi sadəcə olaraq "əlavə vəzifələrin" mövcudluğunu qeyd etmiş, amma qərarında bu qənaətə gəlməsinin nəyə əsaslandığına dair izahat verməmişdi (diqqətinə çatdırılan hər hansı sənədləri və ya faktları göstərməmişdi). Kassasiya Məhkəməsi öz qərarında daha geniş izahat verməmişdi. O, işi kassasiya şikayətlərinin qəbuledilənliyi üzrə ilkin prosedur kontekstində araşdırmaqla kifayətlənmişdi, bu prosedur apellyasiya şikayətinin mahiyyətinin hüquqi baxımdan müəyyən dərəcədə araşdırılmasına imkan verirdi, amma bu araşdırmanın hüdudları olduqca məhdud idi. Bundan əlavə, Apellyasiya Məhkəməsi və Kassasiya Məhkəməsi həmçinin 2004-cü il Konvensiyasının 11-ci maddəsinin müddəalarını nəzərə almamış, konkret olaraq orada sadalanan istisna halların ciddi surətdə məhdud çərçivədə şərh edilməli olduğuna əhəmiyyət verməmişdilər. Yekun olaraq, hazırkı işdə əvvəlcə dövlət immunitetinə qarşı ərizəçinin şikayətini təmin etməklə, sonra isə münasib və yetərli əsaslar gətirmədən onun iddia tələbini rədd etməklə və beynəlxalq hüququn qüvvədə olan normalarını nəzərə almamaqla Fransa məhkəmələri mütənasiblik prinsipinə riayət etməmişdilər. Beləliklə, onlar ərizəçinin məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətiriblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi və mənəvi ziyana görə 60.000 avro təyin edildi.
*Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı [BP], ərizə № 63235/00, 19 aprel 2007-ci il, 96 saylı Məlumat bülleteni.
**Çudak Litvaya qarşı [BP], ərizə № 15869/02, 23 mart 2010-cu il, 128 saylı Məlumat bülleteni.
Full & Egal Universal Law Academy