İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
SƏFƏROVA AZƏRBAYCANA QARŞI
(Şikayət № 35507/07)
Q Ə R A R
STRASBURQ
14 oktyabr 2010-cu il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.
Səfərova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Cebens,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
23 sentyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Zemfira Əli-hüseyn qızı Səfərovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 35507/07) iş 31 iyul 2007-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab M.Mustafayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, 03 iyul 2003-ci il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6, 13 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması, səmərəli hüquqi vasitə və mülkiyyət hüquqlarını pozmuşdur.
4. Bölmənin Sədri 07 noyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).
İŞİN HALLARI Ərizəçi 1960-cı ildə anadan olmuş və Bakıda yaşayır.
6. Ərizəçi Bakıda yerləşən 350 kv.m-lik qeyri-yaşayış sahəsinin (“qeyri-yaşayış sahəsi”) mülkiyyətçisi idi. Mülkiyyət hüququ haqqında şəhadətnamə ərizəçiyə 1998-ci il iyulun 17-də verilmiş və o, rəsmi qeydiyyatdan keçmişdir.
7. Qeyri-yaşayış sahəsi 1993-cü ildən Nərimanov rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsi (“Polis Bölməsi”) tərəfindən zəbt edilmişdir.
8. Ərizəçi Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ombudsman və digər orqanlara qeyri-yaşayış sahəsinin Polis Bölməsi tərəfindən qanunsuz zəbt edildiyini bildirən şikayətlər yazmışdır. 2002 və 2003-cü illərdə ərizəçi Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məktubları ilə məlumatlandırılmışdır ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən Polis Bölməsi üçün digər sahə veriləcəyi təqdirdə, sözügedən qeyri-yaşayış sahəsi dərhal boşaldılacaq.
9. 2003-cü il mayın 13-də ərizəçi Nərimanov rayon məhkəməsinə həmin qeyri-yaşayış sahəsinin qanuni mülkiyyətçisi olması ilə bağlı iddia ərizəsi vermiş və məhkəmədən polisin oradan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. 2003-cü il iyulun 3-də məhkəmə ərizəçinin iddiasını təmin etmişdir. Məhkəmə 17 iyul 1998-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsaslanaraq, ərizəçinin qanuni mülkiyyətçi olduğunu və Polis Bölməsinin orada yerləşməsi üçün heç bir qanuni əsasın olmadığını bildirmişdir. Məhkəmə, həmçinin İqtisadi İnkişaf Nazirliyinin Polis Bölməsini digər bir sahə ilə təmin etməli olduğunu bildirmişdir.
11. Qətnamədən apellyasiya şikayəti verilməmiş və daxili qanunvericiliyə müvafiq olaraq, o, 1 ay sonra qəti qüvvəyə minmişdir.
12. İş materiallarına görə, 2003-2006-cı illərdə İqtisadi İnkişaf Nazirliyi Polis Bölməsinə müxtəlif sahələr təklif etmişdir. Lakin Polis Bölməsinin rəisi həmin sahələrin polis bölməsi üçün uyğun olmadığını qeyd edərək, köçməkdən imtina etmişdir.
13. 2008-ci il noyabrın 10-da Nərimanov rayon İcra Hakimiyyəti Polis Bölməsi üçün bina tikintisinə torpaq sahəsi ayırmışdır.
14. 2009-cu ildə Daxili İşlər Nazirliyi ərizəçiyə qarşı iddia qaldıraraq, onun mülkiyyət hüququnu mübahisələndirmişdir. 2009-cu il aprelin 8-də Nərimanov rayon məhkəməsi Nazirliyin iddiasını rədd etmişdir. Məhkəmə Daxili İşlər Nazirliyinin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirmək hüququnun olmadığını, ərizəçinin mülkiyyət hüququnun mübahisələndirilməsi üçün zaman müddətinin bitdiyini və ərizəçinin mülkiyyət hüququnun 03 iyul 2008-ci il tarixli qətnaməsi ilə təsdiqləndiyi əsası ilə məsələnin res judicata olduğunu bildirmişdir.
15. 2009-cu il aprelin 15-də Daxili İşlər Nazirliyi tərəfindən qeyri-yaşayış sahəsinin ərizəçi və həyat yoldaşı tərəfindən qanunsuz əldə edilməsi ilə bağlı cinayət işi başlanılmışdır. 2009-cu il aprelin 17-də Səbail rayon məhkəməsi ərizəçinin həyat yoldaşının idarə etdiyi şirkətdə axtarış və müsadirə edilməsinə icazə vermişdir. İş materiallarından bu axtarışın və cinayət işinin sonrakı gedişi və nəticəsi bəlli olmur.
16. Bundan əlavə, iş materiallarından məlum olur ki, 2009-cu ilin aprel ayında Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ərizəçiyə qarşı iddia qaldıraraq, onun mülkiyyət hüququnun qanunsuz olduğunu bildirmişdir. İş materiallarında bu işin nəticəsi ilə bağlı heç bir məlumat yoxdur.
17. Məhkəmənin ərizəçi ilə saxladığı son əlaqəyə görə 03 iyul 2003-cü il tarixli qətnamə icrasız qalırdı.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6, 13 VƏ 1 SAYLI PROTOKOLUN 1-ci
MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTUSU
18. Konvensiyanın 6, 13 və 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, ərizəçi Nərimanov rayon məhkəməsinin 03 iyul 2003-cü il tarixli qətnaməsinin icrasız qalmasından şikayətlənmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir.”
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
Şikayətin məqbuliyyəti
19. Hökumət ərizəçinin bütün daxili hüquqi vasitələrdən istifadə etmədiyini bildirmişdir. Xüsusən, Hökumət iddia edib ki, o, 03 iyul 2003-cü il tarixli qətnaməni icra edə bilməyən müvafiq məhkəmə icraçılarına qarşı mülki iddia qaldırmaq imkanına malik olmuşdur. Lakin ərizəçi həmin vasitədən istifadə etməmişdir.
20. Ərizəçi Hökumətlə razı olmadığını bildirmiş və şikayətini bir daha təsdiq etmişdir.
21. Məhkəmə qeyd edir ki, əvvəl də oxşar etiraz irəli sürülmüş (baxın, məsələn, Mirzəyev Azərbaycana qarşı, № 50187/06, §§ 24-28, 03 dekabr 2009-cu il), lakin rədd olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan iş üzrə hüquqi mövqeyinə əsaslanır və ondan kənara çıxmaq üçün bir səbəb görmədiyini qeyd edir. Bu səbəbdən, Hökumətin etirazı rədd edilməlidir.
22. Bundan başqa, Məhkəmə qeyd edir ki, şikayət hər hansı bir digər əsasla qeyri-məqbul və ya Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
Tərəflərin dəlilləri
23. Hökumət bildirmişdir ki, 03 iyul 2003-cü il tarixli qətnamənin icrası üçün müəyyən işlər görülüb. Onlar İqtisadi İnkişaf Nazirliyinin Polis Bölməsinə müxtəlif sahələr təklif etdiyinə diqqəti çəkmişlər. Lakin Polis Bölməsinin rəisi həmin yerlərin uyğun olmaması səbəbi ilə köçməkdən imtina etmişdir. 2008-ci il noyabrın 10-da Nərimanov rayon İcra Hakimiyyəti Polis Bölməsi üçün bina tikintisinə torpaq sahəsi ayırmışdır. Hökumət ərizəçinin qeyri-yaşayış sahəsinin binanın tikintisi başa çatan kimi boşaldılacağını qeyd etmişdir.
24. Ərizəçi 03 iyul 2003-cü il tarixli qətnamənin icra olunmamasının davam etdirilməsinin onun ədalətli məhkəmə araşdırılması və mülkiyyətdən maneəsiz istifadə hüquqlarını pozduğunu qeyd edərək, şikayətini təkrarlamışdır.
Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 6 və 13-cü maddələri
25. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin – ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları – lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-II).
26. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin xeyrinə olan 03 iyul 2003-cü il tarixli qətnamənin icra edilməməsi onu mülkiyyət hüquqları ilə bağlı məhkəmə işində qalibiyyətindən faydalanmaq hüququndan məhrum etmişdir.
27. Məhkəmə qeyd edir ki, Nərimanov rayon məhkəməsinin 2003-cü il 03 iyul tarixli qətnaməsi yeddi il müddətində icrasız qalmışdır. Məhkəmə hesab edir ki, Hökumət tərəfindən həmin müddətin əsaslandırılması üçün heç bir dəlil irəli sürülməmişdir. Bu səbəbdən, Məhkəmə hazırkı işdə qəti qətnamənin icrası üçün zəruri addımların atılmaması ilə dövlət orqanlarının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün səmərəli təsirdən məhrum etdiyini hesab edir (baxın, yuxarıda qeyd edilmiş Burdov, § 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
28. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi üzrə şikayətin baxılmasını zəruri hesab etmir. Belə ki, 6-cı maddə şikayətin bu hissəsi baxımından lex specialis xüsusiyyəti daşıyır (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Jasiūnienė Litvaya qarşı, № 41510/98, § 32, 06 mart 2003-cü il).
(b) 1 saylı Protokolun 1-ci maddəsi
29. Məhkəmə, ilk növbədə ərizəçinin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğunu qeyd edir. Məhkəmə əlavə edir ki, qeyri-yaşayış sahəsi 1 saylı Protokolun 1-ci maddəsinin mənasında “mülkiyyəti” təşkil edir.
30. Bundan başqa, ərizəçinin mülkiyyət hüququ Polis Bölməsinin qeyri-yaşayış sahəsini boşaltmasını əmr edən 03 iyul 2003-cü il tarixli qətnamə ilə təsdiqlənmişdir. Qətnamə qəti qüvvəyə minmiş və ərizəçiyə qeyri-yaşayış sahəsindən istifadəni bərpa etməyə hüquq verən icra icraatı başlanılmışdır. Məhkəmə əlavə edir ki, ərizəçinin həmin qətnamənin icrasına nail ola bilməməsi onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində qeyd edilən mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxiləni təşkil etmişdir. Yuxarıda 28-ci paraqrafda qeyd edilən səbəblərə görə, Məhkəmə Hökumətin həmin müdaxilə üçün heç bir səbəb göstərə bilmədiyini qeyd edir. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
Zərər
Maddi zərər
32. Ərizəçi maddi zərərə görə 1.627.142 ABŞ dolları tələb etmişdir. O, qərarın icra edilməməsi səbəbindən, qeyri-yaşayış sahəsini kirayə verməklə əldə edə biləcəyi mənfəəti itirdiyini iddia etmişdir. İddia edilən məbləğ itirilmiş kirayə (187.592 ABŞ dolları) və qeyri-yaşayış sahəsinin bazar qiymətini (1.439.550 ABŞ dolları) özündə ehtiva edir. Qeyri-yaşayış sahəsinin təxmini kirayəsi və bazar qiymətinin hesablaması bu sahədə ixtisaslaşmış təşkilatdan əldə edilmişdir.
33. Hökumət ərizəçinin tələbinin həddən artıq və tamamilə əsassız olduğunu bildirmişdir. Hökumət ərizəçinin qeyri-yaşayış sahəsi üçün heç bir bazar qiyməti iddia edə bilməyəcəyini qeyd etmişdir. Belə ki, mülkiyyət ekspropriasiya edilməmişdir. Bundan başqa, Hökumət kirayə itkisi üçün təzminatın əsassız olduğunu bildirmişdir.
34. Ərizənin tələbinin qeyri-yaşayış sahəsinin bazar qiyməti ilə bağlı olan hissəsinə gəldikdə, Məhkəmə 03 iyul 2003-cü il tarixli qətnamənin icra edilməsi üzrə gecikdirmənin ərizəçini qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququndan həmişəlik məhrum etmədiyini qeyd edir. Bu səbəbdən, Məhkəmə ərizəçinin maddi zərərlə bağlı iddiasının bu hissəsinin rədd edilməli olduğunu hesab edir.
35. Bununla belə, Məhkəmə ərizəçinin qeyri-yaşayış sahəsi üzərində idarəetmənin itirilməsi səbəbindən maddi zərərə məruz qaldığını və təsbit edilən pozuntular və itirilmiş kirayəyə münasibətdə iddia edilən təzminat arasında səbəbli əlaqənin olduğunu hesab edir (müqayisə edin, Radanović Xorvatiyaya qarşı, № 9056/02, §§ 62-66, 21 dekabr 2006-cı il).
36. Tərəflərin dəlillərini nəzərdən keçirərək, Məhkəmə qətnamənin icra edilməməsi ilə bağlı Azərbaycana qarşı bir çox işlərdə Hökumət tərəfindən yerli təşkilatın hesablamalarına istinad edildiyini nəzərə alaraq, ərizəçi tərəfindən təqdim edilən həmin məbləği istinad nöqtəsi olaraq qəbul edir (baxın, məsələn, Gülməmmədova Azərbaycana qarşı, № 38798/07, 22 aprel 2010-cu il və Həsənov Azərbaycana qarşı, № 50757/07, 22 aprel 2010-cu il).
37. Qiymətləndirmə edərkən, Məhkəmə ərizəçinin müvafiq kirayəçilərin axtarışında şübhəsiz olaraq müəyyən zaman itirməsi və qeyri-yaşayış sahəsinin saxlanması ilə əlaqədar müəyyən xərclər çəkməsi faktını nəzərə alır. O, həmçinin vergilərə də cəlb edilməli olardı (baxın, Prodan Moldovaya qarşı, № 49806/99, §74, İHAM 2004‑III (çıxarışlar); Popov (no. 1) Moldovaya qarşı (ədalətli kompensasiya), № 74153/01, §13, 17 yanvar 2006-cı il və yuxarıda qeyd edilmiş Radanović, §65). Yuxarıda qeyd edilənləri nəzərə alaraq və ədalətli əsaslarla qərar qəbul edərək, Məhkəmə itirilmiş kirayə üçün 80.000 avro kompensasiya təyin edir.
Mənəvi zərər
Ərizəçi mənəvi zərərə görə 50.000 ABŞ dolları tələb etmişdir.
39. Hökumət məbləğin çox olduğunu iddia etmiş və Konvensiyanın müddəalarının pozuntusunun aşkar edilməsi halında, Məhkəmədən təzminat məbləğini nəzərdən keçirməsini xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, ərizəçi xeyrinə olan məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsi səbəbindən, mənəvi zərərə məruz qalmışdır. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 avro məbləğində kompensasiya təyin edir.
41. Bundan başqa, Məhkəmə hesab edir ki, 03 iyul 2003-cü tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçi bu qətnamənin icrasına nail olmaq hüququna hələ malikdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 03 iyul 2003-cü tarixli qətnamənin icrasını təmin etməlidir.
Xərc və məsrəflər
42. Ərizəçi Məhkəmə qarşısında xərc və məsrəflər üçün tələb irəli sürməmişdir. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ona bu hissə üzrə kompensasiya təyin edilməməlidir.
C. Faiz dərəcəsi
43. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayəti məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;
İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;
Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə daxili məhkəmənin 03 iyul 2003-cü il tarixli qətnaməsinin icrasını təmin etməlidir;
6. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində maddi zərərə görə 80.000 EUR (səksən min avro) və mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 14 oktyabr 2010-cu ildə göndərilib.
Andre UampaşXristos Rozakis
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy