Saqxinadze (Saghinadze) və başqaları Gürcüstana qarşı – ərizə № 18768/05
27.5.2010 tarixli qərar [II Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən maneəsiz istifadə hüququ
Mülkiyyətin mövcudluğu
Dövlətə məxsus yaşayış yerində vicdanlı sahiblik əsasında on il fasiləsiz yaraşdıqdan sonra məcburi köçkünün həmin evdən çıxarılması: pozuntu baş verib
Faktlar – Ərizəçilər 1992-1993-cü illərin silahlı münaqişəsindən sonra 1993-cü ildə evlərini və əmlaklarını Abxaziyada (Gürcüstan) qoyaraq oradan qaçmış məcburi köçkünlərdir. Abxaziya Daxili İşlər Nazirliyində yüksək vəzifəli şəxs olmuş birinci ərizəçiyə 1994-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəhbəri vəzifəsi təklif olundu. Daha sonra o və ailəsi Nazirliyə məxsus olan, köçkün əməkdaşların yerləşdirilməsi üçün nəzərdə tutulan kottec tipli evdə məskunlaşdılar. Birinci ərizəçi və ailəsi evsiz olan səkkiz nəfər digər qohumları ilə birlikdə evdə yaşamağa və həyətyanı torpaq sahəsindən istifadə etməyə, orada tərəvəz və meyvə yetişdirməyə, ev quşları və xırda buynuzlu mal-qara saxlamağa başladılar. 1998-ci ildə birinci ərizəçi Nazirlikdən istefaya çıxdı və ona və səlahiyyətli yerli dövlət orqanlarına ünvanlanmış məktubda təsdiq edildi ki, o, evin və onun ətrafındakı əmlakın qanuni sahibidir, amma bu sahiblik müvəqqəti xarakter daşıyır və bu əmlaklar ona qeyri-müəyyən müddətə verilib. 2003-cü ildəki "qızılgül" inqilabından sonra birinci ərizəçi yeni təyin olunmuş daxili işlər naziri tərəfindən istefadan geri çağırıldı və olduqca mühüm əhəmiyyətli cinayət işinin istintaqına rəhbərlik etməyə razılıq verdi. Onun sözlərinə görə, istintaqın gəldiyi nəticələr müəyyən yüksək vəzifəli şəxslər üçün narahatlıq yaratmış və o vaxtkı baş prokuror araşdırmaları dayandırmasını ondan şəxsən xahiş etmişdi. 2004-cü ildə həmin baş prokuror daxili işlər naziri təyin edildi və iddia edildiyinə görə birinci ərizəçini vəzifəsindən məhz o azad etmişdi. 2004-cü ilin noyabrında birinci ərizəçi evdə olmadığı zaman xüsusi təyinatlı qüvvələrin başlarına maska taxmış və silahlanmış altmışa yaxın üzvü evə girdilər və hərəkətlərinə sanksiya verildiyini təsdiqləyən heç bir sənəd göstərmədən onun həmin anda evdə olan ailə üzvlərini və qohumlarını zorla evdən çıxardılar. Onları çıxardıqdan polis əməkdaşları evdə və həyətyanı sahədə qaldılar. Məhkəmələr birinci ərizəçinin mülki iddialarını və cinayət işi qaldırılması üçün şikayət ərizələrini rədd etdilər. Sonradan birinci ərizəçi müxtəlif cinayətlərə görə məhkum edildi və yeddi il azadlıqdan məhrumetmə cəzası aldı.
Hüquqi məsələlər
Şikayətin qəbuledilənliyi: Milli məhkəmə orqanlarına şikayətlərlə yalnız birinci ərizəçi müraciət etmişdi. Müvafiq olaraq, qalan ərizəçilər Gürcüstanda mövcud olan daxili hüquqi müdafiə vasitələrini tükəndirmədiklərinə görə Məhkəmə onların şikayətlərini rədd etdi.
Maddə 3: Evdən çıxarılmanın alçaldıcı tərzdə həyata keçirildiyi barədə iddiaya gəlincə, evdən çıxarılma zamanı birinci ərizəçi orada yox idi və buna görə də şəxsən bu tədbirin qurbanı olduğunu iddia edə bilməz.
Nəticə: şikayət qəbuledilən deyil ("şəxs" meyarına görə).
1 saylı Protokolun 1-ci maddəsi: a) "Mülkiyyətin" mövcudluğu – Birinci ərizəçi evdə qanunsuz olaraq qalmırdı, belə ki, ev ona işəgötürəni, yəni Daxili İşlər Nazirliyi tərəfindən verilmişdi və nazirin əmrinə uyğun olaraq Nazirlik həmin evdən Abxaziyadan didərgin düşmüş personalı yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə istifadə etmək səlahiyyətinə malik idi. Hətta evin birinci ərizəçiyə verilməsinin daha münasib rəsmi prosedurunun mövcud olduğunu fərz etsək belə, həmin dövrdə qayğıya ehtiyac olan 300.000-ə yaxın məcburi köçkünün olduğunu nəzərə alsaq, dövlət orqanlarının yaşayış sahəsi ilə bağlı hər bir situasiyanı dəqiqliklə tənzimləmələrini tələb etmək doğru olmazdı. Ən önəmlisi, birinci ərizəçinin on ildən artıq müddət ərzində evdən və onun ətraflındakı əmlakdan müstəsna qaydada, fasiləsiz olaraq və açıq şəkildə istifadə etməsinə dövlət orqanlarının açıq-aydın sakit yanaşdıqlarını nəzərə alsaq, hətta mülkiyyət hüququ qeydiyyata alınmış olmasa belə, bu cür əmlak vicdanlı sahibin ixtiyarında olan əmlak sayıla bilərdi. Bundan başqa, müxtəlif hüquqi aktları qəbul etməklə dövlət mənzil təminatı sektorunda məcburi köçkünlərin hüquqlarını təsdiqləmiş və onların müdafiəsi üçün ciddi təminatlar müəyyən etmişdi. Bu aktların arasında ən diqqətçəkəni və önəmlisi "Məcburi köçkünlər və qaçqınlar haqqında" 28 iyun 1996-cı il tarixli qanun idi, həmin qanunda məcburi köçkünlərin yaşayış yeri üzərində vicdanlı sahibliyi əmlak xarakteri daşıyan hüquq kimi tanınırdı. Beləliklə, əvəzində digər analoji yaşayış yeri və ya pul kompensasiyası vermədən məcburi köçkünü məskunlaşdığı evdən öz istəyi əleyhinə çıxarmaq olmazdı.
Bir sözlə, birinci ərizəçi evdən özünün yaşayış yeri kimi istifadə etmək hüququna malik idi və bu hüquq açıq-aydın əmlak xarakteri daşıyırdı. Buna görə də həmin ev 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün mülkiyyət sayıla bilər.
b) Müdaxilənin mövcudluğu və əsaslandırılması – Tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, birinci ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə baş verib. Daxili İşlər Nazirliyinin evi ərizəçidən almaq üçün əl ata biləcəyi yeganə qanuni yol çəkişmə xarakterli məhkəmə iddiası qaldırmaq idi. Lakin evdən çıxarma və əmlakdan məhrum etmə hər hansı məhkəmə qərarı olmadan, daxili işlər nazirinin şifahi əmri əsasında baş vermişdi. Birinci ərizəçi tərəfindən başlanmış sonrakı məhkəmə prosesində məhkəmələr onun evə 10 ildən artıq fasiləsiz və vicdanla sahiblik etdiyini və evdən çıxarılmasının və evin əlindən alınmasının qanunsuz olduğunu qəbul etməmişdilər. Eləcə də onlar müvafiq daxili qanunvericilik normalarında məcburi köçkünlər üçün təmin edilən müdafiəni ona şamil etməmişdilər. Konkret olaraq, Ali Məhkəmə özünün əvvəlki presedent hüququna zidd hərəkət etmişdi, belə ki, əvvəllər o, dövlət orqanı tərəfindən məcburi köçkünlərin yaşayış yerinin alınmasına mane olmuşdu. Bir sözlə, birinci ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə qanuni deyildi, sonrakı məhkəmə araşdırması isə özbaşınalıq xarakteri daşıyırdı və ədalət mühakiməsini həyata keçirməkdən imtinaya bərabər idi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 8: On ildən artıq müddət ərzində ərizəçinin yaşayış yeri olmuş evin onun əlindən alınması həm də ərizəçinin evinin toxunulmazlığına hörmət hüququna qanunsuz müdaxilə təşkil edirdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ən münasib kompensasiya forması ərizəçinin Abxaziyada (Gürcüstan) adətən yaşadığı yerə təhlükəsiz və layiqli şəraitdə geri qayıdışına şərait yaranana qədər onun ev üzərində sahibliyinin bərpa edilməsidir. Yaxud alternativ olaraq, evə qayıtması mümkün olmadığı təqdirdə birinci ərizəçiyə məcburi köçkün kimi başqa bir münasib ev və ya ağlabatan kompensasiya verilməlidir, onun məbləği isə bu qərarın qüvvəyə minməsindən sonra alı ay ərzində tərəflər arasında razılaşdırılmalıdır. Tərəflər bu müddətdə razılığa gəlməsələr, Məhkəmə bu cür kompensasiyanın məbləğini özü müəyyənləşdirmək üçün Konvensiyasının 41-ci maddəsi üzrə icraatı bərpa etmək hüququnu özündə saxlayır. Məhkəmə həmçinin birinci ərizəçiyə mənəvi ziyana görə 15.000 avro təyin etdi.
Full & Egal Universal Law Academy