Saxnovskiy (Sakhnovskiy) Rusiyaya qarşı [BP] - 21272/03
Qərar 2.11.2010 [BP]
Maddə 6
6-cı Maddənin 3 “c” bəndi
Müdafiəçi vasitəsilə müdafiə
Digər vəkilin təqdimatları əsasında ərizəçinin işi üzrə çıxış etməli olan hüquqi yardım göstərən vəkil ilə apellyasiya məhkəməsində işə baxılmasından əvvəl şəxsən görüşməməsi: pozuntu
Faktlar - 2001-ci ildə ərizəçi qətl törətməkdə ittiham olunmuş və həbs cəzasına məhkum olunmuşdur. 2002-ci ildə Ali Məhkəmə onun apellyasiya şikayətini rədd etmişdir. 2007-ci ildə Ali Məhkəmə Rəyasət Heyəti nəzarət ilə bağlı müraciəti təmin etmiş, ərizəçinin hüquqi yardım almaq hüququnun apellyasiya prosesi zamanı pozulduğunu qeyd etmiş, apellyasiya qərarını ləğv etmiş və işi yenidən baxılması üçün geri göndərmişdir. Yeni apellyasiya prosesində Ali Məhkəmə, iclasları həbsxanada keçirmək müraciətini rədd etdiyindən, ərizəçi iclası kamerasından video link vasitəsilə izləyirdi. İclas başlamazdan öncə ona məhkəmə zalında iştirak edən yeni vəkili təqdim edilmiş və onlara video link vasitəsilə on beş dəqiqə müddətində gizli danışıqların aparılması üçün icazə verilmişdir. Ərizəçi heç bir zaman görüşmədiyini əsas gətirərək, vəkildən imtina etməyə cəhd etmişdir. Ali Məhkəmə onun vəkil yardımından imtina etməsinin əsassız olduğunu qeyd edərək, etirazını rədd etmiş və ərizəçinin vəkilin əvəz olunması və ya vəkillə şəxsən görüş barədə müraciət etmədiyini bildirmişdir. Digər bir qərarda, Ali Məhkəmə ərizəçi tərəfindən yeni apellyasiya şikayətinin qəbul etməyəcəyi haqqında qərar qəbul etmiş və onun mövqeyini 2002-ci ildəki apellyasiya prosesi zamanı keçmiş vəkilinin təqdimatları əsasında nəzərdən keçirəcəyini bildirmişdir. Həmin gün Ali Məhkəmə işin mahiyyətini nəzərdən keçirmiş və 2001-ci ildə qəbul olunmuş qərarı qüvvədə saxlamışdır.
Hüquqi məsələlər - Maddə 6 § 3 (c) ilə birgə götürülməklə Maddə 6 §1: (a) Qurban statusu - Səlahiyyətli orqanlar 6-cı Maddəyə əsasən ərizəçinin hüquqlarının pozulduğunu, ən azı 2002-ci ildə keçirilən apellyasiya prosesində müvafiq hüquqi yardımın olmamasını qəbul etmişlər. Buna baxmayaraq, Məhkəmənin nəzərincə, işə yenidən baxılması onun qurban statusunun itirilməsi üçün kifayət deyildi. Bu yanaşma Rusiyanın, o zaman qüvvədə olduğu şəkildə xüsusi nəzarət sisteminin xüsusiyyətləri ilə əlaqəli idi. Birincisi, işə yenidən baxılması üzrə say və şərt məhdudiyyəti yox idi. İkincisi, işə yenidən baxılması qərarı nəzarət baxışı keçirilməsi üzrə şikayət və ya apellyasiya müraciətinin nəzərdən keçirilməsinin lazım olub-olmaması barədə qərar prokuroru və ya hakimin diskresiyasındadır. Bu qərar, işə yenidən baxılması ilə bağlı müraciət edən prokuror və ya nəzarət-baxış şikayətinə yenidən baxmamaq barədə hakim qərarını ləğv edən məhkəmə sədri tərəfindən verilməsindən asılı olmayaraq, proprio motu (öz təşəbbüsü ilə) qəbul edilə bilərdi. Bu, cavabdeh Dövlətə, məhkəmə prosesinə yenidən baxılmasını dəfələrlə təmin etməklə, işin Məhkəmə tərərfindən baxılmasından yayınmaq imkanı verə bilərdi. Bundan əlavə, yerli məhkəmə prosesləri işlərin Strasburqda baxılmaq üçün qəbul edildiyi haqqında məlumat əldə edildikdən sonra, Rusiya orqanlarının təşəbbüsü ilə tez-tez yenidən açılır. Bəzən yenidən açılma səmərəli məqsədə xidmət edir və ərizəçinin xeyrinə olur. Bundan əlavə, Hökumətin bu prosesdən asanlıqla istifadəsini nəzərə alaraq, burada həm də sui-istifadə riski mövcuddur. Əgər Məhkəmə, prosesin yenidən açılması faktının ərizəçinın zərərçəkmiş statusunun itirilməsi ilə bağlı avtomatik təsirə malik olduğu faktını qeydi-şərtsiz qəbul etsəydi, cavabdeh Dövlət baxılmaqda olan hər hansı işə, ərizəçi üçün ədalətli məhkəmə təşkil edərək keçmiş pozuntuları düzəltməklə deyil, nəzarət baxış mexanizmi vasitəsilə dəfələrlə yenidən açaraq mane olmaq imkanı qazanar. Ərizəçinın qurban statusunu qoruyub saxlayıb-saxlamadığını müəyyən etmək üçün Məhkəmə yenidən baxılmadan sonrakı proseslər daxil olmaqla məhkəmə prosesini bütövlükdə nəzərdən keçirməlidir. Bu yanaşma Konvensiya mexanizminin subsidiarlığı və effektivliyi prinsipi arasında balansın yaradılmasına şərait yaradır. Hazırki işdə nəzarət yoxlama əsasında məhkəmə prosesinin yenidən açılması ərizəçi üçün uyğun və kafi çarə təmin edə bilməmişdir.
Nəticələr: ilkin etirazlar qəbul edilmir (yekdilliklə).
(b) Ərizəçinin şikayətinin yenidən kommunikasiya edilməsi - Hökumət Məhkəmənin ərizəçinın apellyasiya prosesinin ikinci hissəsi ilə bağlı şikayətlərinin onların diqqətinə çatdırmalı olduğunu bildirmişdir. Ərizəçi 2008-ci ilin mart ayında əlavə müraciətlər edərək 2007-ci ilin noyabr ayında keçirilən ikinci apellyasiya prosesi ilə bağlı şikayət vermişdir. Həmin müraciətlərin bir nüsxəsi vaxtında Hökumətə təqdim olunmuşdur. Rusiya dövlət orqanlarına bunlarla bağlı şərh vermək üçün heç bir maneə yox idi. Məhkəmə daha sonra Hökumətin işin Böyük Palata tərəfindən nəzərdən keçirilməsi ilə bağlı müraciətini qəbul etdiyinə görə, Hökumət şərh vermək üçün yeni imkana malik olmuşdur. Bu səbəbdən, Hökumət bu iş üzrə öz mövqeyini bildirmək üçün ərizəçi ilə eyni imkana malik idi.
(c) Hüquqi yardımdan imtina - 2007-ci ildə ərizəçi Ali Məhkəmə tərəfindən təşkil olunan hüquqi yardımdan məmnun olmadığını ifadə etmiş və yeni təyin edilmiş vəkilin xidmətlərini qəbul etməkdən imtina etmişdir. Əslində o, vəkilin əvəz olunması və ya iclasın təxirə salınmasını xahiş etməmişdir, lakin onun hüquqi savadı olmadığından, ondan xüsusi hüquqi iddiaların edilməsi gözlənilə bilməzdi. Onun bunu etməməsi, bu səbəbdən hüquqi yardım almaq hüququndan imtinası hesab oluna bilməz.
(d) Hüquqi yardımın səmərəliliyi - Səlahiyyətli orqanlar üçün aşkar idi ki, iş kifayət qədər mürəkkəb idi və peşəkar vəkil yardımı lazım idi. Yeni təyin olunmuş vəkil ixtisaslı və ərizəçiyə yardım etmək üçün a priori hazırlıqlı olsa da, bu arqumentlər həlledici deyildi. Ərizəçi vəkil ilə iclasdan əvvəl yalnız on beş dəqiqə müddətində ünsiyyətdə olmaq imkanına malik olmuşdu. İşin mürəkkəbliyi və ciddiliyini nəzərə aldıqda, ayrılmış zamanın ərizəçi üçün işi müzakirə etmək və vəkilin işi bilməsi və uyğun hüquqi mövqe seçdiyini müəyyənləşdirməsi üçün açıq-aşkar kifayət deyildi. Bundan əlavə, video link vasitəsilə ünsiyyətin kifayət qədər məxfi olub-olmadığı sual altında idi. Hazırki azHaı işdə ərizəçi Dövlət tərəfindən quraşdırılmış və idarə olunan video-konfrans sistemindən istifadə etmək məcburiyyətində idi. Onun vəkili ilə işini müzakirə etdiyi zaman narahatlıq keçirməsi legitim hesab oluna bilər. Hökumət, ərizəçinın hüquqi yardım alması üçün müxtəlif tədbirlərin təşkil edilməsinin nə üçün mümkün olmadığına açıqlama gətirməmişdir. Ərizəçinin Moskvaya öz vəkili ilə görüşməsi üçün nəql edilməsinin uzun və vəsait tələb edən əməliyyat olduğu doğru idi. Səmərəli hüquqi yardımın əhəmiyyətini vurğulasa da, Məhkəmə bu coğrafi maneələr nəzərə alınmaqla Hökumətin ərizəçinın hüquqlarına edilmiş məhdudiyyətin kompensasiya edilməsi üçün başqa tədbirləri görüb-görmədiyi ilə bağlı məsələni araşdırmalıdır. Heç nə səlahiyyətli orqanları iclaslardan öncə ərizəçi ilə vəkilinin telefon danışığını təşkil etməsinə mane ola bilməzdi. Həmçinin, heç nə dövlət orqanlarını ərizəçinin saxlanıldığı şəhərdə vəkil təyin etməkdən və bununla vəkilin saxlanma yerində olan ərizəçi ilə görüşməsini və iclaslar zamanı birgə olması üçün şərait yaratmağa maneə törədə bilməzdi. Bundan əlavə, Ali Məhkəmənin ərizəçini artıq birinci instansiya məhkəməsində müdafiə etmiş və ilkin apellyasiya şikayətini hazırlamış vəkili nə üçün yenidən təyin etmədiyi də aydın deyil. Son olaraq, Ali Məhkəmə ərizəçinin yeni vəkili ilə işini müzakirəsinə kifayət edəcək zamanı olması üçün öz təşəbbüsü ilə iclası təxirə sala bilərdi. Ali Məhkəmə tərəfindən görülən tədbirlər kifayət etməmiş və apellyasiya prosesinin ikinci mərhələsi zamanı ərizəçi üçün səmərəli hüquqi yardım təmin edilməmişdir. Müvafiq olaraq, apellyasiya prosesinin ikinci mərhələsi birinci mərhələnin yanlışlarını bərpa etməyə qabil deyildi: ərizəçi nə 2002-ci ildə, nə də 2007-ci ildə lazımi hüquqi yardım almamışdı.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy