Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 194
Mart 2016-cı il
***
Sakir (Sakir) Yunanıstana qarşı – ərizə № 48475/09
24.3.2016 tarixli qərar [I Bölmə]
Maddə 3
Səmərəli araşdırma
Miqranta qarşı hücumu araşdırarkən dövlət orqanlarının irqçilik zəminində zorakılıqların həmin yer üçün səciyyəvi hal olduğunu nəzərə almamaları: pozuntu baş verib
Faktlar – Əfqanıstan vətəndaşı olan ərizəçi ksenofobiya xarakterli zorakılıq insidentlərinin dəfələrlə baş verdiyi yer kimi tanınan Afinanın mərkəzi hissəsində bir qrup silahlı şəxsin hücumuna məruz qaldıqdan sonra 2009-cu ildə döş qəfəsinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanadan çıxdıqdan sonra o, ölkədə yaşayış icazəsi olmadığına görə ölkədən çıxarılması məqsədi ilə təxminən on gün müddətində polis bölməsində saxlanıldı və Yunanıstanı tərk etməsi barədə qərar ona təqdim edildikdən sonra azad edildi.
Bu işdəki şahid verdiyi ifadədən imtina etməzdən əvvəl iki şəxsi təqsirləndirərək onların adlarını çəkmişdi. Daha sonra bu şahid yalan ifadə verdiyinə görə cinayət təqibinə məruz qaldı. O, sonradan əvvəlki ifadəsini təsdiq etdi və son nəticədə yalan ifadə ittihamı onun üzərindən götürüldü.
Polis ibtidai istintaqa xitam verdikdən sonra iş prokurora göndərildi, o isə cinayətin naməlum şəxslər tərəfindən törədilməsi səbəbindən 2012-ci ildə işi arxivə göndərdi.
Hüquqi məsələlər – Maddə 3
a) 3-cü maddənin substantiv aspekti – Polis bölməsində həddən artıq adamın saxlanılması və belə görünür ki, qanunsuz miqrantların bir neçə ay ərzində saxlanıldığı yer kimi istifadə edilən həmin bölmədə saxlanma şəraitinin pis olması ərizəçi orada saxlanıldığı müddətdə milli ombdusman və BMT-nin İşgəncə məsələləri üzrə xüsusi məruzəçisi tərəfindən qeyd edilmişdi.*
Ərizəçinin konkret situasiyasına gəlincə, burada müxtəlif nöqsanları aşkar etmək olardı: həmin nöqsanlar polis orqanlarının onun sağlamlıq durumunu yetərincə nəzərə alıb-almaması məsələsi ilə və onun həbsdə saxlandığı müddətdə həssas durumda olması ilə əlaqədar idi.
Birincisi, o, xəstəxananı tərk etdikdən dərhal sonra polis bölməsində həbsdə saxlanılmışdı və polislər onun səhhətinin xəstəxanadan çıxan kimi həbsdə saxlanmasına imkan verib-vermədiyi barədə öncə xəstəxana müdiriyyətindən məlumat almağa cəhd etməmişdilər.
İkincisi, ərizəçi hücum zamanı əynində olan və qana bulaşan geyimi əvvəlkitək geyməkdə davam edirdi, polis orqanları isə sonradan hər hansı məqamda ona təmiz paltarlar təklif etməmiş, yaxud duş qəbul etməsinə və yaralarını sağaltmasına imkan yaratmamışdılar.
Üçüncüsü, xəstəxananın tibbi arayışında göstərilən tarixlərdə ərizəçinin əlavə analizlər üçün xəstəxanaya qayıtması barədə xəstəxananın göstərişimə riayət edilməmişdi.
Yuxarıdakıları nəzərə alsaq, dövlət orqanları ərizəçini 3-cü maddənin tələblərinə uyğun olan saxlanma şəraiti ilə təmin etməmiş və həmçinin onun sağlamlığını və rifahını adekvat şəkildə təmin etməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) 3-cü maddənin prosessual aspekti – Dövlət orqanları ərizəçiyə qarşı hücumu zəruri səylə və səmərəli şəkildə araşdırmamışdılar.
i) İfadələrin alınması
– Ərizəçidən ifadə alınması: Ərizəçinin özündən ifadə alınmamışdı, hərçənd ki, onun dindirilməsi üçün dövlət orqanlarının kifayət qədər vaxtı vardı, belə ki, o, təxminən on gün polis bölməsində saxlanılmışdı. Polis orqanları hətta ərizəçini hücum edənlər qrupuna daxil olan, əsas şahid tərəfindən ilkin olaraq təqsirləndirilən iki şəxsin tanınması üçün dəvət etməmişdilər. Afinanın mərkəzi hissəsində irqçilik zəminində hücumlar törətdiyi bəlli olan ekstremist qruplarla əlaqəli olan digər şəxslərin müəyyənləşdirilməsi üçün heç bir addım atılmamışdı.
– Həkimlərdən ifadə alınması: Nə polis orqanları, nə də prokuror ərizəçiyə yetirilmiş xəsarətlərin xarakterini və səbəbini, məsələn, məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə göstəriş verməklə təfsilatlı şəkildə müəyyənləşdirməyə cəhd etməmişdilər, halbuki həmin ekspertizanın rəyləri təqsirkarların müəyyənləşdirilməsinə kömək edə bilərdi.
– Şahidlərdən ifadə alınması: Polis yalnız iki şahidi dindirmişdi: insident zamanı hadisə yerində olan polis əməkdaşını və ərizəçinin hücum barəsində polisə məlumat vermiş həmyerlisini. Lakin birincinin ifadəsinə əsasən, hadisəni görmüş ən az daha bir şahid vardı, amma o heç vaxt dindirilmə üçün çağırılmamışdı.
Hadisəni görmüş şahid kimi ifadə verdiyi zaman ölkədə yaşayış icazəsi olmadığına görə polis bölməsində həbsdə saxlanılan əcnəbi şəxs olan ikinci şahidə gəlincə, şübhəsiz ki, o, həssas durumda idi. Buna görə də polis onun dindirilməsini ərizəçiyə qarşı hücum barəsində onun verə biləcəyi hər hansı məlumatların mötəbərliyini və həqiqətə uyğunluğunu təmin edə bilən şəraitdə aparmalı idi. Lakin o, hücumda əsas təqsirkar olan (kimlikləri bəlli olan) şəxsləri göstərdiyi ilkin ifadəsindən imtina etdikdən sonra bir neçə saat ərzində ifadəsini dəyişməsinin səbəbləri barədə hər hansı məqamda dindirilməmiş, əvəzində yalan ifadə verməyə görə cinayət təqibinə məruz qalmışdı. Həmin cinayət təqibinin əsassız olduğu müəyyənləşsə də, müvafiq məhkəmə orqanları onun ilkin ifadəsinin həqiqətə uyğunluğunu müəyyənləşdirmək üçün heç bir addım atmamış, məsələn, kimliyi müəyyənləşdirilmiş iki şəxsi, ola bilsin ki, şahidlə onların üzləşdirilməsini təşkil etmək yolu ilə, barəsində şikayət edilən insidentdəki rollarının yenidən qiymətləndirilməsi üçün məhkəməyə çağırmamışdılar.
ii) Afinada irqçilik zəminində baş verən ümumi zorakılıq kontekstinin nəzərə alınmaması – Bir neçə milli qurumun və beynəlxalq QHT-lərin hesabatlarında 2009-cu ildən bəri Afinanın mərkəzi hissəsində irqçilik zəminində zorakılıq insidentlərinin açıq-aydın artdığı vurğulanırdı, sözügedən hadisə də məhz həmin ildə baş vermişdi.
Hesabatlarda əcnəbilərə qarşı ekstremist qruplar tərəfindən həyata keçirilən hücum hallarının təkrar-təkrar baş verdiyi qeyd edilirdi, qeydə alınmış insidentlərin çoxu iki konkret rayonda baş vermişdi, ərizəçinin hücuma məruz qaldığı rayon da buraya daxil idi.
Hesabatlarda həmçinin polisin istər Afinanın mərkəzi hissəsində baş verən bu cür hücumlara müdaxilə etməsində, istərsə də sonradan aparılan polis araşdırmalarının səmərəliliyində ciddi çatışmazlıqların olduğu qeyd edilirdi.
Baxmayaraq ki, bu işdəki insident sözügedən iki rayondan birində baş vermişdi və həmin hücum irqçi hücumlara xas olan səciyyəvi cəhətlərə malik idi, polis həmin işi yuxarıdakı hesabatlarda qeyd edilən irqçi hücumlar silsiləsi nöqteyi-nəzərindən qiymətləndirməmiş və ona ayrıca insident kimi yanaşmışdı. Beləliklə, nə polis, nə də müvafiq məhkəmə orqanları hesabatlarda qeyd edilən insidentlərlə ərizəçiyə edilmiş hücum arasında mümkün əlaqəni aşkara çıxarmaq üçün addım atmamışdılar.
Halbuki dövlət orqanları qəddar rəftarın irqçilik zəminində törədilməsinin mümkünlüyü barədə iddiaları araşdırarkən onların qanunsuz hərəkətlərdə əlbir olması və ya belə hərəkətlərə dözümlü yanaşması təəssüratının aradan qalxması və qanunçuluq prinsipinə və qanunun aliliyinə sadiq olduqlarına ictimaiyyətin inamının qorunub saxlanması üçün belə hərəkətlərə adekvat reaksiya göstərmələri mühüm amil sayılmalıdır.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə müəyyən etdi ki, ərizəçinin polis bölməsində saxlanma şəraitindən şikayət etməsi üçün səmərəli hüquqi müdafiə vasitəsinin olmaması ilə əlaqədar olaraq 3-cü maddə ilə əlaqəli şəkildə götürülmüş 13-cü maddənin pozuntusu baş verib.
Maddə 41: ərizəçi ziyanla bağlı heç bir tələb irəli sürmədi.
* Bax: Ahmade Yunanıstana qarşı, ərizə № 50520/09, 25 sentyabr 2012-ci il – bu işdə Məhkəmə artıq müəyyən etmişdi ki, bu cür saxlanma şəraiti ilə əlaqədar olaraq 3-cü maddənin pozuntusu baş verib.
Full & Egal Universal Law Academy