İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
SALAYEV AZƏRBAYCANA QARŞI
(Şikayət № 40900/05)
QƏRAR
STRASBURQ
9 noyabr 2010-cu il
Salayev Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə),
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Corcio Malinverni,
Qeorqe Nikolau, hakimlər,
və Bölmə Katibi Soren Nilsendən ibarət tərkibdə Palatada iclas keçirərək,
18 oktyabr 2010-cu ildə qapalı müşavirə edərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan vətəndaşı cənab Eldar Salayev (“ərizəçi”) tərəfindən 10 noyabr 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (№ 40900/05) əsasında başlanmışdır.
2. Hüquqi yardımla təmin olunmuş ərizəçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan cənab M.Mustafayev təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququndan məhrum edilib. Belə ki, onun şübhəli şəxs qismində həbsdə saxlanma müddəti qanunla nəzərdə tutulmuş qırx səkkiz saatlıq həddi aşıb.
4. 28 noyabr 2006-cı ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin qərara alınıb ki, şikayətə mahiyyəti üzrə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1933-cü ildə anadan olub və Bakıda yaşayır.
6. Ərizəçi Azərbaycan Milli Elmlər Akademiyasının üzvü və sabiq prezidenti idi. O, fizika və riyaziyyat sahəsində elmi nailiyyətlərinə görə bir sıra sovet və Azərbaycan mükafatları ilə təltif olunub. Bir neçə dəfə SSRİ Ali Sovetinə deputat seçilib və 1995-ci illə 2000-ci il arasında Azərbaycan Respublikası Milli Məclisinin (Parlament) üzvü olub.
7. Nəzərdən keçirilən hadisələr baş verən vaxt o, pensiyaya çıxmışdır.
8. 27 oktyabr 2005-ci ildə ərizəçi bir neçə nəfər yüksək vəzifəli cari və sabiq dövlət məmurları, eləcə də vəzifədə olan səhiyyə və iqtisadi inkişaf nazirləri və Milli Məclisin istefa vermiş sabiq spikeri tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı cinayət işində şahid qismində Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırıldı. İddia edildiyinə görə, bu dövlət çevrilişi cəhdi 6 noyabr 2005-ci il tarixli parlament seçkilərindən sonra kütləvi iğtişaşlar təşkil etməklə cari hökumətin devrilməsi yolu ilə həyata keçirilməli idi.
A. Ərizəçinin həbs olunmasının halları
1. Hadisələrə dair ərizəçinin versiyası
9. 27 oktyabr 2005-ci ildə, təxminən səhər saat 10-da ərizəçi könüllü surətdə MTN-in binasına gəlmişdir.
10. Ərizəçinin sözlərinə görə, oraya gəldikdən sonra zorla MTN-in binası daxilində saxlanıldı və nahar etmək üçün oranı tərk etməsinə icazə verilmədi. Bu müddət ərzində onun ailəsi ilə və ya özünün seçdiyi vəkillə əlaqə saxlamasına icazə verilmədi və sonradan o, dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olundu.
11. Saat 20:15-də MTN-in istintaq şöbəsinin baş müstəntiqi ərizəçinin və dövlət tərəfindən təyin olunmuş vəkilin iştirakı ilə onun qırx səkkiz saatlığa şübhəli şəxs qismində saxlanılması barədə tutma protokolu tərtib etdi. Müstəntiq qeyd etdi ki, ərizəçi Cinayət Məcəlləsinin 28, 220 və 278-ci maddələrinə uyğun olaraq kütləvi iğtişaşların təşkilinə və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd etmə cinayətlərində şübhəli bilinir.
12. Ərizəçinin sözlərinə görə, o, bu sənədin ikinci səhifəsində öz əli ilə yazdı ki, bütün ittihamları inkar edir. Lakin onun vəkilinə bu iki səhifəli sənədin yalnız birinci səhifəsinin surəti verildi.
2. Hadisələrə dair Hökumətin versiyası
13. Ərizəçi cinayət işi çərçivəsində şahid qismində MTN-ə çağırıldı və təxminən səhər saat 10:45-də MTN-in binasına gəldi.
14. Onun müstəntiq tərəfindən dindirilməsi saat 11:40-da başladı və 14:30-dək davam etdi. Bu dindirmədən sonra müstəntiq ərizəçi ilə sözügedən cinayət işində təqsirləndirilən şəxsin üzləşdirilməsini həyata keçirməyi qərara aldı. Bu üzləşdirmə saat 17:10-da başladı və 18-dək davam etdi. Ərizəçinin dövlət tərəfindən təyin olunmuş vəkili MTN-in binasına saat 19:57-də daxil oldu və saat 20:15-də ərizəçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə tutulması barədə protokol tərtib edildi.
15. Ərizəçi MTN-in binasına gəldiyi andan üzləşdirmə başa çatanadək onun azadlığı məhdudlaşdırılmadı. O, xüsusi otaqda və ya kamerada saxlanılmadı və ona MTN-in binasını tərk etmək qadağan olunmadı. Bundan başqa, o, şahidlər üçün otaqda idi (orada telefon xətti vardı) və dindirmə başa çatdıqdan sonra təxminən saat 14:30-da müstəntiq ona nahara getməsini açıq-aydın təklif etməsinə baxmayaraq, ərizəçi nahara getmək istəməyərək qeyd etdi ki, oruc tutur.
B. Ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiqi
16. 29 oktyabr 2005-ci ildə Baş Prokurorluğun prokurorunun qərarı ilə ərizəçi Cinayət Məcəlləsinin 28, 220.1 və 278-ci maddələrində nəzərdə tutulan cinayət əməllərində rəsmən ittiham edildi.
17. 29 oktyabr 2005-ci il saat 17:30-da Nəsimi rayon məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş rəsmi ittihamlara və həbs qətimkan tədbirinin tətbiqi barədə prokurorun təqdimatına istinad edərək, ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçdi. Hakim bu tədbir üçün əsaslar qismində ərizəçinin ittiham edildiyi cinayət hərəkətlərinin ağırlığını, onun ədalət mühakiməsindən gizlənməsinin və istintaqa mane olmasının mümkünlüyünü göstərdi. Ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəmə iclası MTN-in binasında keçirildi.
18. 31 oktyabr 2005-ci ildə ərizəçi Nəsimi rayon məhkəməsinin 29 oktyabr 2005-ci il tarixli qərarından şikayət verərək bildirdi ki, qanunla nəzərdə tutulmuş qırx səkkiz saatlıq maksimum müddət həddi aşılmaqla şübhəli şəxs qismində bir neçə saat müddətinə həbsdə saxlanılıb. O, daha sonra iddia etdi ki, məhkəmə iclasının MTN-in binasında keçirilməsi müvafiq qanunun pozuntusu olub, hakim sadəcə prokurorun arqumentlərinə əsaslanıb və ərizəçinin cinayət əməli törətdiyinə dair əsaslı şübhə olub-olmadığını müəyyən etmək üçün hər hansı sübutu müstəqil şəkildə qiymətləndirməyib. O, həmçinin qeyd etdi ki, məhkəmə həbs qərarını qəbul edərkən onun yaşını, səhhətini və şəxsiyyəti ilə bağlı digər halları nəzərə almayıb.
19. 02 noyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Apellyasiya Məhkəməsi ərizəçinin həbsdə saxlanmasını təsdiqləyərək, onun ittiham edildiyi cinayət hərəkətlərinin ağırlığı və istintaqdan gizlənməsinin mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsinin qənaətlərini təkrar etdi.
20. 16 noyabr 2005-ci ildə Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi ərizəçi barəsindəki həbs qətimkan tədbirini məhkəməyə qədər polis nəzarətinə götürülmə tədbiri ilə əvəz etdi.
21. Bu arada ərizəçi ciddi göz problemindən əziyyət çəkdiyinə görə Baş Prokurorluqdan xahiş etdi ki, onun Azərbaycanda mümkün olmayan təcili tibbi müalicə alması üçün ABŞ-a səfər etməsinə icazə verilsin. 15 fevral 2006-cı il tarixli məktubla Baş Prokurorluq ərizəçiyə məlumat verdi ki, onun məhkəməyə qədər Azərbaycanı tərk etməsi qadağan olunub.
22. Ərizəçinin adından Azərbaycanın hakimiyyət orqanlarına bir neçə məşhur alimin müraciətlərindən sonra (onlar ərizəçinin kor olacağına dair birbaşa riskin mövcud olduğunu iddia edir və hakimiyyət orqanlarından onun müalicə almaq üçün ölkəni tərk etməsinə icazə vermələrini xahiş edirdilər) 26 may 2006-cı il tarixli məktubla Baş Prokurorluq ərizəçiyə məlumat verdi ki, onun zəruri müalicə almaq üçün xaricə səfər etməsinə müstəsna qaydada icazə verilir.
23. Tərəflərlə son yazışmalar zamanı ərizəçiyə qarşı cinayət icraatının sonrakı mərhələləri barədə Məhkəməyə hər hansı məlumat təqdim edilməyib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
24. İttiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs, yaxud cinayət törətməkdə şübhəli bilindiyinə görə tutulmuş şəxs, yaxud da haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs şübhəli şəxsdir (Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 90.1-ci maddəsi). İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma zamanı çağırılıb şahid qismində dindirilə bilər və şahid cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlməli və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab verməlidir (95.1 və 95.1.4-cü maddələr).
25. CPM-in XVI fəsli digər məsələlərlə yanaşı, cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulmasına (bundan sonra, həmçinin “ibtidai həbs”, bəzən isə “polis tərəfindən saxlanılma” adlandırılacaq) aiddir. Cinayət prosesində tutulma digər şəxslərlə yanaşı, aşağıdakı şəxslərə tətbiq oluna bilər: a) cinayət törətməkdə şübhəli olan şəxsə; və ya b) ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (147.1-ci maddə). Digər hallarla yanaşı, şəxsin cinayət törətməsinə şübhə yarandıqda; yaxud şəxsin cinayət törətməkdə ittiham olunması barədə cinayət təqibi orqanının müvafiq qərarı olduqda tutulma tətbiq edilə bilər (147.2.1-ci maddə).
26. CPM-in 148-ci maddəsi cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına aiddir. Təhqiqatçı, müstəntiq və ya prokuror şəxsin tutulmasını digər hallarla yanaşı, aşağıdakı hallarda tətbiq edə bilər: şəxs cinayət əməli törədərkən, yaxud bilavasitə cinayət əməli törətdikdən sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən şəxs cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət əməlinin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda (148.2.1-ci maddə).
27. 148.4-cü maddədə deyilir:
“Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Belə qərar qəbul olunsa da şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Tutulmuş şəxsə tutulduğu andan 48 saat keçənədək ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır”.
28. 153-cü maddəyə əsasən, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən müvafiq orqanlar digər hərəkətlərlə yanaşı, aşağıdakıları etməlidirlər: tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (153.2.1-ci maddə); tutulmuş şəxsi təxirə salınmadan müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (153.2.2-ci maddə); tutulmadan dərhal sonra şəxsin tutulması barədə qohumlarına xəbər vermək hüququnu təmin etmək (153.2.4-cü maddə); şəxsə tutulduğu andan vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə ünsiyyət saxlamaq imkanı yaratmaq (153.2.5-153.2.8-ci maddələr) və s.
29. 153.3-153.4-cü maddələrdə deyilir:
“153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:
153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;
153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;
153.3.3. ([2 iyul 2001-ci il tarixli qanunvericilik dəyişikliyi vasitəsilə çıxarılıb]);
153.3.4. ... tutulma anından 48 saat müddətində tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.
153.4. Bu Məcəllənin 153.3.1 və 153.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tutulmuş şəxs müvafiq olaraq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən, bu Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN
İDDİA EDİLƏN POZUNTUSU
30. Ərizəçi şikayət etdi ki, qanunsuz olaraq azadlıqdan məhrum edilib, ona görə ki, hakimin yanına gətirilənə qədər daxili qanunvericiliyin icazə verdiyi qırx səkkiz saatlıq maksimum müddətdən artıq həbsdə saxlanılıb.
Konvensiyanın 5-ci maddəsinin 1 “c” yarımbəndinin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:
...
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; ...”.
A. Şikayətin məqbuliyyəti
31. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O, daha sonra qeyd edir ki, şikayət hər hansı digər əsaslara görə də qeyri-məqbul deyil. Buna görə də, o, məqbul elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin dəlilləri
32. Hökumət ərizəçinin iddialarına etiraz etdi. O, qeyd etdi ki, ərizəçi MTN-in binasına saat 10:45-də gəlib və istintaqı aparan müstəntiq tərəfindən saat 11:40-dan 14:30-dək şahid qismində dindirilib. Daha sonra ərizəçi saat 17:10-dan 18:00-dək digər istintaq hərəkətində (üzləşdirmədə) iştirak edib. Hökumətin bildirdiyinə görə, ərizəçi MTN-in binasını tərk etməkdə sərbəst idi və xarici aləmlə sərbəst əlaqə yaratmaq imkanına malik idi. Bununla belə, Hökumət qəbul etdi ki, saat 20:15-də rəsmi protokol tərtib edilənə qədər ərizəçinin azadlığı ola bilsin ki məhdudlaşdırılıb, çünki təxminən saat 18:00-da üzləşdirmə başa çatdıqdan sonra ərizəçi MTN-in binasını tərk etməkdə sərbəst deyildi. Hökumət daha sonra bildirdi ki, hətta ərizəçinin həbsinin saat 18:00-da başlandığını fərz etsək belə, qanunla icazə verilən qırx səkkiz saatlıq müddətə riayət edilib, ona görə ki, ərizəçi 29 oktyabr 2005-ci ildə saat 17:30-da hakimin yanına gətirilib.
33. Ərizəçi Hökumətin dəlillərinə etiraz etdi. O, konkret olaraq iddia etdi ki, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb və MTN-in binasına gəldikdən sonra oranı tərk etməsinə icazə verilməyib. Bu iddiasının təsdiqi olaraq ərizəçi daxili məhkəmələrdə onu təmsil edən, dövlət tərəfindən təyin olunmuş vəkilin imzaladığı ərizəni təqdim etdi. Həmin ərizədə vəkil bildirirdi ki, təyin olunmuş vəkil qismində 27 oktyabr 2005-ci ildə təxminən saat 18-də MTN-ə dəvət olunub, əvvəllər ərizəçini tanımayıb və onun ailə üzvlərinə və ya tanıdığı vəkilə zəng vurmasına icazə verilməyib. O, həmçinin bildirirdi ki, ərizəçinin mobil telefonu əlindən alınıb.
2. Məhkəmənin qiymətləndirməsi
34. Məhkəmə bir daha bildirir ki, 5-ci maddənin 1-ci bəndində göstərilən “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyə istinad edir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətindən istifadə edə bilər və etməlidir (baxın, digər qərarlar arasında Duiyeb Niderlanda qarşı (BP), № 31464/96, §§ 44-45, 04 avqust 1999-cu il).
35. Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (baxın, digər qərarlar arasında Botsano Fransaya qarşı, 18 dekabr 1986-cı il, § 54, A seriyaları, № 111; və Vassink Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, § 24, A seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir. Belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız və beləliklə də Konvensiyaya zidd ola bilər (baxın, Saadi Birləşmiş Krallığa qarşı (BP), № 13229/03, § 67, İHAM 2008-...).
36. Ərizəçinin daxili qanunvericiliklə icazə verilən qırx səkkiz saatlıq maksimum müddət ötdükdən sonra hakimin yanına gətirilməsi və daxili qanunvericiliyin tələb etdiyi kimi həmin müddət bitdikdən sonra azad edilməməsi barədə şikayətinə gəldikdə, Məhkəmə qeyd edir ki, özlüyündə bu şikayətdə Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada ərizəçinin “dərhal hakimin yanına gətirilməsi” məsələsi qaldırılmır. Əslində, qaldırılan başlıca məsələ ondan ibarətdir ki, məhkəmənin həbs qərarına qədərki dövrdə ərizəçinin həbsdə saxlanması daxili qanunvericiliyin həmin həbs müddətinə tətbiq edilən konkret tələblərinə uyğun idimi? Beləliklə, şikayət ərizəçinin həmin müddət ərzində həbsdə saxlanmasının “qanuniliyinə” aid olduğuna görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə araşdırılmalıdır.
37. Bununla bağlı Məhkəmə, birincisi, ərizəçinin MTN-in binasına dəqiq nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, ərizəçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilib-edilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək.
38. Görünür, tərəflər razılaşırlar ki, ərizəçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin ərizəçinin MTN-in binasına dəqiq nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var. Ərizəçi iddia edir ki, oraya saat 10-da, Hökumət isə iddia edir ki, saat 10:45-də daxil olub.
39. Ərizəçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda, şübhə ərizəçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi ilk növbədə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, ərizəçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmə və sözügedən üzləşdirmə protokollarının surətini, ərizəçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya onun həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, ərizəçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub.
40. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə ərizəçi “azadlıqdan məhrum edilmişdirmi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli və konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (baxın, Qutsardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il, § 92, A seriyaları, № 39). Məhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (baxın, Van Droogenbrok Belçikaya qarşı, 24 iyun 1982-ci il, § 38, A seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (baxın, De Vilde, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il, § 65, A seriyaları, № 12).
41. Məhkəmə qeyd edir ki, ərizəçi dindirilmək üçün könüllü gəlib. Ərizəçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, onun dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlərin həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir.
42. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin qolları qandallanmasa, o, qapalı kameraya salınmasa və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür ki, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Məhkəmə Hökumətin belə bir dəlilini qəbul edə bilməz ki, ərizəçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hökumətin bu fərziyyəsi ərizəçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (baxın, yuxarıda 33-cü bənd). Bundan başqa, Hökumət öz dəlilini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə, həmçinin Hökumətin bu dəlilini də qeyri-real hesab edir ki, ərizəçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər ərizəçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, ərizəçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət onun hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin fərziyyəsinə əsasən dindirmənin başa çatdığı vaxtdan üzləşdirmənin başlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib.
43. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10-dan ərizəçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”.
44. Belə olan halda, 29 oktyabr 2005-ci ildə ərizəçi barəsində həbs qətimkan tədbiri haqqında məhkəmə qərarının çıxarıldığı vaxta qədərki dövrdə onun tutularaq ibtidai həbsə alınmasının 5-ci maddənin 1-ci bəndindəki “qanunilik” tələblərinə uyğun olub-olmadığını nəzərdən keçirmək qalır.
45. Məhkəmə qeyd edir ki, şəxsin cinayət törətdiyinə dair şübhə olduqda, daxili qanunvericilik hüquq-mühafizə orqanlarına məhkəmə qərarı olmadan şübhəli və ya təqsirləndirilən şəxsi tutmaq və həbs etmək səlahiyyətini verir, bunda məqsəd cinayət işinə başlamaq və həmin şəxsi onun həbsdə saxlanılmasının davam etdirilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik olan hakimin yanına gətirməkdir. Qanunvericilikdə göstərilir ki, həbsə alınmış şəxs tutulduqdan sonra qırx səkkiz saat ərzində hakimin yanına gətirilməli, o isə ya şəxsin həbsdə saxlanılması, ya da dərhal azad edilməsi barədə qərar verməlidir (baxın, yuxarıda 27-29-cu bəndlər). Bundan başqa, CPM-in 153.3.4-cü maddəsi birmənalı şəkildə tələb edir ki, tutulma anından qırx səkkiz saat müddətində tutulmuş şəxsin həbsi barədə məhkəmə qərarı verilmədikdə tutulmuş şəxs azad edilməlidir. Müvafiq olaraq, tutulmuş şəxs ilkin qırx səkkiz saatlıq müddətdən sonra yalnız onun həbsi barəsindəki məhkəmə qərarı əsasında həbsdə saxlanıla bilər. Hər hansı şəraitdə bu müddətin uzadılmasının mümkünlüyünü, yaxud bunun sadəcə qeyri-məcburi xarakterli indikativ müddət olduğunu göstərən əlamət də yoxdur və Hökumət bunun əksini göstərməyib və ya iddia etməyib (baxın, əks hal üçün (müvafiq dəyişikliklərlə), Kayzer Avstriyaya qarşı, № 17073/04, § 20 və 33, 15 mart 2007-ci il).
46. Bu işdə ərizəçi 27 oktyabr 2005-ci ildə saat 10 radələrində faktiki olaraq azadlıqdan məhrum edilib; onun barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclası isə 29 oktyabr 2005-ci ildə təxminən saat 17:30-da keçirilib. Müvafiq olaraq, hakimin yanına gətirilənə qədər ərizəçi təxminən əlli beş saat ərzində, yəni daxili qanunvericiliklə icazə verilən maksimum müddətdən təxminən yeddi saat artıq həbsdə saxlanılıb.
47. Beləliklə, məhkəmə qərarı olmadan ərizəçinin CPM-in 148-ci və 153-cü maddələrində nəzərdə tutulmuş qırx səkkiz saatlıq müddətdən artıq müddət ərzində həbsdə saxlanılması daxili qanunvericiliyə zidd və buna görə də, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada “qanunsuz” olub.
48. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub.
II. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR
POZUNTULARI
49. Ərizəçi Konvensiyanın 5-ci və 6-cı maddələrinə istinadən ümumi şəkildə şikayət etdi ki, onun tutularaq həbsə alınması qanunsuz olub və həbsi ilə bağlı ölkədaxili məhkəmə icraatı ədalətli olmayıb. O, daha sonra Konvensiyanın 13-cü və 14-cü maddələrinə əsasən şikayət etdi ki, daxili hüquqi müdafiə vasitələri səmərəsiz olub və siyasi baxışlarına görə ona qarşı ayrı-seçkilik edilib.
50. Lakin malik olduğu bütün materialları nəzərə alaraq və barəsində şikayət edilən məsələlərə səlahiyyəti çərçivəsində baxaraq, Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın pozuntusunun hər hansı əlamətini aşkara çıxarmır. Buradan belə nəticə çıxır ki, şikayətin bu hissəsi açıq-aydın əsassız olduğuna görə 35-ci maddənin 3-cü bəndinə əsasən qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsində göstərilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
52. Ərizəçi Məhkəmə Reqlamentinin 60-cı qaydasının tələb etdiyi şəkildə əvəzin ədalətli ödənilməsi barədə tələb irəli sürməyib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu səbəbdən ona hər hansı məbləğin təyin edilməsi tələb olunmur.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə şikayəti məqbul, şikayətin qalan hissəsini isə qeyri-məqbul elan edir;
2. İş üzrə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 09 noyabr 2010-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Bölmə Katibi Sədr
Full & Egal Universal Law Academy