BÖYÜK PALATA
SARQSYAN AZƏRBAYCANA QARŞI
(40167/06 nömrəli ərizə)
QƏRAR
(Ərizənin mahiyyəti üzrə)
STRASBURQ
16 iyun 2015-ci il
Bu qərar qüvvəyə minmiş, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Sarqsyan Azərbaycana qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palata qismində:
Dean Spielmannın sədrliyi ilə
hakimlər Josep Casadevall,
Guido Raimondi,
Mark Villiger,
İsabelle Berro,
İneta Ziemele,
Boštjan M. Zupančič,
Alvina Gyulumyan,
Xanlar Hacıyev,
George Nicolaou,
Luis López Guerra,
Ganna Yudkivska,
Paulo Pinto de Albuquerque,
Ksenija Turković,
Egidijus Kūris,
Robert Spano,
İulia Antoanella Motoc
və Məhkəmə katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə
2014-cü il fevralın 5-də və 2015-ci il yanvarın 22-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilən sonuncu tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Hazırkı iş üzrə icraat 2006-cı il avqustun 11-də Ermənistan Respublikasının vətəndaşı Minas Sarqsyan (“ərizəçi”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı verilmiş ərizəyə (40167/06 nömrəli) əsasən başlanmışdır. Ərizəçi 2009-cu ildə vəfat etmişdir. Bundan sonra, ərizə onun arvadı, 1936-cı il təvəllüdlü Lena Sarqsyan, müvafiq olaraq 1957, 1959 və 1966-cı il təvəllüdlü oğlu Vladimir və qızları Tsovinar və Nina tərəfindən davam etdirilmişdir. Lena Sarqsyan 2014-cü ilin yanvarında vəfat etmişdir. Ərizə Vladimir və Tsovinar Sarqsyan tərəfindən davam etdirilmişdir
2. Pulsuz hüquqi yardım Məhkəmə tərəfindən təmin edilmiş ərizəçini Yerevanda fəaliyyət göstərən vəkillər N.Gasparyan və K.Ohanyan təmsil etmişlər. Azərbaycan Hökumətini (“Hökumət”) Məhkəmə yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi iddia etmişlər ki, onun Gülüstan kəndinə qayıtmaq və orada olan əmlakından istifadə etmək, yaxud dəymiş ziyana görə kompensasiya almaq hüququndan, habelə öz evindən və isifadə etmək və qohumlarının qəbirlərini ziyarət etmək imkanından məhrum olunması Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin davamlı pozuntusunu təşkil etmişdir. Bundan başqa yuxarıdakı şikayətlər ilə bağlı hər hansı səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmadığına görə o, Konvensiyanın 13-cü maddəsi pozulduğunu iddia etmişdir. Nəhayət, o, yuxarıda göstərilən bütün şikayətlərlə əlaqədar olaraq iddia etmişdir ki, Konvensiyanın 14-cü maddəsinə zidd olaraq etnik mənşəyinə və dini mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmışdır.
4. İşin baxılması Məhkəmənin Birinci Bölməsinə tapşırılmışdır (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci hissəsi). Konvensiyanın 36-cı maddəsinin 1-ci hissəsinə əsasən Ermənistan Hökuməti işdə iştirak etmək hüququndan istifadə etmişdir. Onu Məhkəmə yanında səlahiyyətli nümayəndəsi G.Kostanyan təmsil etmişdir.
5. 2010-cu il martın 11-də hakimlər Christos Rozakis, Nina Vajić, Xanlar Hacıyev, Dean Spielmann, Sverre Erik Jebens, Giorgio Malinverni və George Nicolaou, habelə Seksiya katibi Søren Nielsendən ibarət tərkibdə Birinci Bölmənin Palatası yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etmiş, tərəflər isə buna etiraz bildriməmişdir (Konvensiyanın 30-c u maddəsi və Reqlamentin 72-ci qaydası).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci hissələrinə və Məhkəmə Reqlamentinin 24-cü qaydasına müvafiq olaraq müəyyən edilmişdir. Məhkəmə sədri qərara gəlmişdir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş və Çıraqov və digərləri Ermənistana (13216/05 nömrəli ərizə) Böyük Palatanın eyni tərkibinə tapşırılmalıdır (24-cü qayda, 42-ci qaydanın 2-ci hissəsi və 71-ci qayda).
7. Ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə açıq məhkəmə iclası 2010-cu il sentyabrın 15-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
8. 2011-ci il dekabrın 14-də hakimlər Nicolas Bratza, Jean-Paul Costa, Christos Rozakis, Françoise Tulkens, Josep Casadevall, Nina Vajić, Corneliu Bîrsan, Peer Lorenzen, Boštjan M. Zupančič, Elisabet Fura, Alvina Gyulumyan, Khanlar Hajiyev, Egbert Myjer, Sverre Erik Jebens, Giorgio Malinverni, George Nicolaou və Luis López Guerra, habelə Məhkəmə katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə Böyük Palata tərəfindən ərizə qəbuledilən elan edilmişdir.
9. Ərizəçi və cavabdeh Hökumət yazılı ifadələrini təqdim etmişlər (59-cu qaydanın 1-ci hissəsi). Bundan əlavə, Ermənistan Hökuməti tərəfindən üçüncü tərəfin şərhləri daxil olmuşdur.
10. 2013-cü il sentyabrın 12-də Məhkəmə qərara alımışdır ki, Elmin Təşviqi üzrə Amerika Birliyindən (American Association for the Advancement of Science (“AAAS”)) onun “Geoməkani texnologiyalar və insan hüquqları proqramı” çərçivəsində faktiki məlumat sorğu edilsin (Məhkəmə Reqlamentinə Əlavənin A1 qaydasının 1 və 2-ci hissələri). 2013-cü ilin noyabrında AAAS “2002-2012-ci illərdə peykdən çəkilmiş Azərbaycandakı Gülüstanın yüksək dəyərli görüntülərinin təhlili” adlı hesabatı (AAAS hesabatı) təqdim etmişdir. Cavabdeh Hökumət bir neçə görüntülərin açıqlanmasına etiraz etmişdir. 2013-cü il dekabrın 10-da sədr etirazı təmin etmişdir. Hesabatın yalnız açıqlana bilən hissələri işin materiallarına əlavə edilmişdir.
11. 2014-cü il fevralın 3-də Məhkəmə ərizəçinin, cavabdeh Hökumətin və üçüncü tərəf qismində çıxış edən Hökumətin təqdim etdiyi Gülüstanın və ətraf ərazilərin görüntülərini əks etdirən DVD-lərə və AAAS hesabatının müvafiq hissələrinə baxmışdır.
12. Ərizənin mahiyyəti üzrə açıq məhkəmə iclası 2014-cü il fevralın 5-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu qaydanın 3-cü hissəsi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişlər:
a) cavabdeh Hökumət tərəfindən
cənab Ç.Əsgərov,səlahiyyətli nümayəndə,
cənab M.N.Shaw, QC,
cənab G.Lansky, vəkillər,
cənab O.Qvaladze,
cənab H.Tretter,
xanım T.Urdaneta Wittek,məsləhətçilər
b) ərizəçi tərəfindən
cənab P.Leach,
xanım N.Gasparyan,vəkillər,
xanım K.Ohanyan,
xanım A.Aloyan,
cənab V.Grigoryan,məsləhətçilər;
c) Ermənistan Hökuməti tərəfindən
cənab G.Kostanyan,səlahiyyətli nümayəndə,
cənab E.Babayan,məsləhətçi.
13. Məhkəmə iclasında cənab Muller, cənab Swaroop, cənab Leach, xanım Gasparyan, cənab Grigoryan, cənab Shaw və cənab Kostanyan çıxış etmişlər.
FAKTLAR
I. İŞİN HALLARI
A. Ümumi məlumat
14. SSRİ-nin dağılması zamanı Dağlıq Qarabağ Muxtar Vilayəti (“DQMV”) Azərbaycan Sovet Sosialist Respublikasının (“Azərbaycan SSR”) muxtar bölgəsi olmuşdur. Azərbaycan SSR-nin ərazisinin tərkibində olmuş bu bölgənin sahəsi 4388 kv. km. təşkil etmişdir. Dağlıq Qarabağla Ermənistan Sovet Sosialist Respublikası (“Ermənistan SSR”) arasında ümumi sərhəd olmamış, onlar Azərbaycan ərazisi, ən qısa məsafədə Laçın rayonu, o cümlədən enliyi on kilometrdən az olan və adətən “Laçın dəhlizi” adlandırılan torpaq zolağı ilə ayrılmışdır.
15. 1989-cu ildə SSRİ-də aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən DQMV-də 189 min əhali yaşamış, onların 77 faizini ermənilər, 22 faizini azərbaycanlılar təşkil etmiş, qalan əhali isə rus və kürd azlıqlarından ibarət olmuşdur.
16. 1988-ci ilin əvvəllərində DQMV-nin paytaxtı Stepanakertdə və Ermənistanın paytaxtı İrəvanda Dağlıq Qarabağın Ermənistana daxil olması tələbi ilə nümayişlər keçirilmişdir. 1988-ci il fevralın 20-də DQMV-nin Xalq Deputatları Soveti DQMV-nin Azərbaycandan ayrılaraq Ermənistanın tərkibinə verilməsi barədə Ermənistan SSR, Azərbaycan SSR və SSRİ-nin Ali Sovetinə müraciət etmişdir. Martın 23-də SSRİ-nin Ali Soveti tərəfindən müraciət rədd edilmişdir. İyunda müraciət həmçinin Azərbaycanın Ali Soveti tərəfindən rədd edilmiş, Ermənistanın Ali Soveti isə birləşmənin lehinə səs vermişdir.
17. 1988-ci ildə birləşmə uğrunda nümayişlər davam etdirilmişdir. Laçın rayonu yol blokadasına və hücumlara məruz qalmışdır. Toqquşmalar bir çox insan tələfatına və Ermənistanla Azərbaycan arasında yüz minlərlə qaçqının axınına gətirib çıxarmışdır. Bunun nəticəsində, 1989-cu il yanvarın 12-də SSRİ Hökuməti tərəfindən DQMV Moskvanın birbaşa tabeliyinə verilmişdir. Eyni zamanda, həmin ilin noyabrın 28-də bölgəyə nəzarət Azərbaycana qaytarılmışdır. Bir neçə gün sonra, dekabrın 1-də Ermənistan SSR və Dağlıq Qarabağın regional şurası “Dağlıq Qarabağın Ermənistanla yenidən birləşməsi barədə” birgə qətnamə qəbul etmişlər.
18. 1990-cı ilin əvvəllərində münaqişənin artmasından sonra Bakıya və Dağlıq Qarabağa Sovet ordusu daxil olmuş, bölgədə fövqəladə vəziyyət elan edilmişdir. Sovet ordusunun arabir müdaxilələrinə baxmayaraq, ermənilərlə azərbaycanlılar arasında zorakı toqquşmalar davam etmişdir.
19. 1991-ci il avqustun 30-da Azərbaycan Sovet İttifaqından müstəqilliyini bəyan etmişdir. Sonradan bu qərar 1991-ci il 18 oktyabr tarixli “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə rəsmiləşdirilmişdir. Sentyabrın 2-də DQMV-nin Soveti Azərbaycanın DQMV və Şaumyan rayonun ərazilərindən ibarət “Dağlıq Qarabağ Respublikasının” (bundan sonra “DQR”) yaradılmasını elan etmiş və Azərbaycanın yurisdiksiyasında olmayacağını bəyan etmişdir. 1991-ci il noyabrın 26-da Azərbaycan Parlamenti Dağlıq Qarabağın muxtariyyətini ləğv etmişdir. 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda təşkil edilmiş referendumda əhalinin 99,9 faizi ayrılmanın lehinə səs vermişdir. Eyni zamanda, Azərbaycan əhalisi referendumu boykot etmişdir. Həmin ay Sovet İttifaqı süqut etmiş və Sovet ordusu bölgədən çıxmağa başlamışdır. Dağlıq Qarabağ üzərində hərbi nəzarət sürətlə Qarabağ ermənilərinə keçmişdir. 1992-ci il yanvarın 6-da “DQR” referendumun nəticələrini nəzərə alaraq Azərbaycandan müstəqilliyini bir daha təsdiq etmişdir.
20. 1992-ci ilin əvvəllərində münaqişə tədricən tam-həcmli müharibəyə çevrilmişdir. 1993-cü ilin sonunadək erməni qüvvələri keçmiş DQMV-nin demək olar ki, bütün ərazisi, habelə ətrafdakı Azərbaycanın yeddi dörd rayonu (Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Ağdam və Füzulinin böyük hissəsi) üzərində nəzarəti ələ keçirmişlər.
21. 1994-cü il mayın 5-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan, Azərbaycan və “DQR” tərəfindən atəşkəs barədə razılaşma (“Bişkek protokolu”) imzalanmışdır. O, mayın 12-də qüvvəyə minmişdir.
22. “Human Rights Watch” təşkilatının təşkilatının hesabatına əsasən (“Dağlıq Qarabağda münaqişənin yeddi ili”, dekabr 1994-cü il) 1988 və 1994-cü illər arasında 750-800 min azərbaycanlı Dağlıq Qarabağ, Ermənistan və Dağlıq Qarabağın ətrafındakı yeddi Azərbaycan rayonundan çıxmışdır. Ermənistan Hökumətinin məlumatına əsasən Azərbaycandan 350 min erməni qaçqın, 78 min isə məcburi köçkün (Ermənistanın Azərbaycanla sərhədində olan rayonlardan) vəziyyətinə düşmüşdür .
B. Hazırkı vəziyyət
23. Ermənistan Hökumətinin məlumatına görə “DQR” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 4061 kv. km.-nə nəzarət edir. Qismən işğal edilmiş iki rayonun işğal altında olan ərazisinin sahəsi ilə bağlı mübahisə olsa da, görünür ki, ətrafdakı yeddi rayonun işğal edilmiş ərazisi 7500 kv. km. təşkil edir.
24. Hal-hazırda Dağlıq Qarabağda 120-145 min arasında əhalinin olması ehtimal olunur ki, onlardan 95 faizini ermənilər təşkil edir. Faktiki olaraq bir nəfər də azərbaycanlı qalmayıb.
25. İndiyədək münaqişənin siyasi həllinə nail olmaq mümkün olmamışdır. “DQR”-in özbaşına bəyan edilmiş müstəqilliyi heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. 1994-cü il atəşkəs sazişinin sərhədboyu davamlı şəkildə pozulması nəticəsində bir çox insanlar həlak olmuş, rəsmi şəxslərin bəyanatları isə düşmənçilik xarakteri daşıyır. Bundan başqa, beynəlxalq hesabatlara görə, son dövrdə gərginlik daha da artmış, Ermənistanın və Azərbaycanın hərbi xərclər xeyli dərəcədə artmışdır.
26. Münaqişənin sülh yolu ilə həll edilməsinə dair bir sıra təkliflər uğursuz olmuşdur. Sülh danışıqları ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) və onun Minsk Qrupu çərçivəsində aparılır. 2007-ci ilin noyabrında Madriddə Qrupun üç həmsədri – Fransa, Rusiya və ABŞ razılaşmanın Əsas Prinsiplərini Ermənistana və Azərbaycana təqdim etmişdir. Sonradan təkmilləşdirilmiş Əsas prinsiplərdə digər məsələlər ilə yanaşı Dağlıq Qarabağ ətrafında olan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə təminatlarını verən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin müəyyən edilməsi, gələcəkdə Dağlıq Qarabağın yekun hüquqi statusunun referendum vasitəsilə müəyyən edilməsi, bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun təmin edilməsi, habelə sülh-yaradıcı əməliyyatı ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatların verilməsi əks etdirilmişdir. Fikir ondan ibarətdir ki, həmin prinsiplərin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi hərtərəfli razılaşmanın layihəsinin hazırlanması üçün imkan yaradacaqdır. 2009-cu ildə Minsk Qrupu diplomatlarının intensiv qayıq diplomatiyası aparmasından və iki ölkənin prezidentləri arasında bir neçə görüş keçirilməsindən sonra 2010-cu ildə prosesin səmərəliliyi zəifləmişdir. Bu günədək münaqişə tərəfləri Əsas prinsiplər üzrə rəsmi razılaşmanı imzalamamışlar.
27. 2011-ci il martın 24-də Minsk Qrupu tərəfindən təqdim edilmiş “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal edilmiş ərazilərinə qiymətləndirmə missiyasının hesabatının” xülasəsində aşağıdakılar bildirilmişdir:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri 7-12 noyabr 2010-cu ildə Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycanın işğal olunmuş yeddi rayonunda ümumi vəziyyətin qiymətləndirilməsi məqsədi ilə sahə qiymətləndirmə missiyasını həyata keçiriblər. Həmsədrlərə ATƏT sədrinin şəxsi nümayəndəsi və onun maddi-texniki dəstək göstərən komandası, BMT-nin Ali Komissarlığın qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü qoşulmuşdu. Bu, 2005-ci ildən bəri beynəlxalq birliyin bu ərazilərə ilk missiyası və BMT üzvlərinin 18 il ərzində ilk səfəri olmuşdur.
1000 km-dən çox məsafəni qət edəndən sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəvi nəticələrinin və sülhün əldə olunması prosesinin uğursuzluğunun danılmaz sübutlarının şahidi olublar. “Münaqişədən əvvəl mövcud olmuş şəhər və kəndləri əhali tərk etmiş və onlar viran edilmişlər. Dəqiq məlumat olmasa da, Kəlbəcər və Laçın rayonlarında yerləşən şəhərciklərdə və yaşayış məntəqələrdə 14000-ə yaxın adamın yaşaması güman edilir. Həmsədrlərin qiymətləndirməsinə görə 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin artımı müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Azərbaycanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar çox ağır şəraitdə yaşayır, burada inkişaf etməmiş iqtisadiyyat və infrastruktur mövcuddur. Çoxunun şəxsiyyəti təsdiq edən sənədi yoxdur. İnzibati məqsədlər üçün yeddi ərazi, keçmiş Dağlıq Qarabağ bölgəsi və başqa bölgələr yeni səkkiz rayona daxil edilib.
Bu ərazilərdə mövcud olan ağır reallıq status-kvonun qəbul edilməsinin mümkün olmaması və yalnız danışıqlar yolu ilə həyata keçirilən sülh nizamlanmasının bu ərazilərdə vaxtilə yaşamış və hal-hazırda yaşayan əhaliyə daha yaxşı gələcək vəd edə biləcəyi ilə bağlı həmsədrlərin fikrini möhkəmləndirib. Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar. Onlar qəbiristanlıqların qorunmasını və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusunun müəyyən edilməsini məsləhət ediblər. Həmsədrlər sonrakı missiyaları Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş başqa rayonlarda aparmaq niyyətindədirlər və bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan dinc nizamlama prosesində iştirak edə biləcək mütəxəssislər daxil etmək fikrindədirlər.”
28. 2013-cü il iyunun 18-də Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat vermişlər:
“Biz, ATƏT Minsk Qrupu həmsədr ölkələrinin – Fransa, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sabit və dinc yolla həllinə nail olmaq üçün münaqişə tərəflərinə kömək etməyə sadiq qalırıq. Biz dərindən təəssüfləndiyimizi bildiririk ki, tərəflər danışıqlar prosesində qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan həll yolu tapmağa çalışmaq əvəzinə, birtərəfli mənfəət əldə etmək səylərini davam etdirmişlər.
Biz qəti əminik ki, bizim ölkələrin son dörd ildə verdikləri bəyanatların müddəaları Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı tənzimlənməsinin əsası ola bilər Bu müddəaları vahid bir tam kimi nəzərdən keçirmək lazımdır, çünki onlardan birinə digərləri qarşısında üstünlük vermək üçün göstərilən hər hansı cəhd tarazlaşdırılmış qərar qəbul edilməsinin mümkünlüyünü istisna edir.
Biz təkrarən bildiririk ki, yalnız danışıqlar yolu ilə tənzimləmə regional inkişaf və əməkdaşlıq üçün imkanlar yaratmaqla sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər. Cari qarşıdurma və qeyri-sabitlik vəziyyətinə gətirib çıxarmış hərbi qüvvə tətbiq edilməsi münaqişəni həll etməyəcəkdir. Hərbi əməliyyatların yenidən başlanması region əhalisi üçün fəlakətli nəticələr doğurar, insan tələfatına, yeni dağıntılara, qaçqınların sayının artmasına, çox böyük maliyyə məsrəflərinə gətirib çıxarar. Biz bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusən, zor tətbiq edilməməsi və ya zor tətbiq ediləcəyi barədə hədələməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların təyini-müqəddərat hüququ prinsiplərinə sadiq olduqlarını bir daha təsdiqləməyə qətiyyətlə çağırır. Biz həmçinin onlardan təkidlə xahiş edirik ki, regionda gərginliyin artmasına və münaqişənin genişlənməsinə gətirib çıxara biləcək hərəkətlərdən və bəyanatlardan çəkinsinlər. Rəhbərlər xalqları müharibəyə deyil, sülhə hazırlamalıdırlar.
Bizim ölkələrimiz tərəflərə kömək etməyə hazırdırlar, lakin münaqişəyə son qoymaq üçün məsuliyyət tərəflərin özlərinin üzərinə düşür. Biz qəti əminik ki, münaqişənin dinc yolla hərtərəfli tənzimlənməsinə doğru aparan tarazlaşdırılmış çərçivə razılığına nail olmaqda bundan sonra da ləngimə qəbuledilməzdir, buna görə də Azərbaycan və Ermənistan liderlərini səylərini hələ açıq qalan məsələlərin həlli üzərində yeni əzmlə cəmləşdirməyə çağırırıq.”
C. Ərizəçi və Gülüstanda onun mülkiyyətində olması iddia edilən əmlak
29. Erməni əsilli olan ərizəçi bildirir ki, o, ailəsi ilə birlikdə Azərbaycan SSR Şaumyan rayonunun Gülüstan kəndində yaşamışdır. O, iddia edir ki, orada onun evi və həyatdaxili tikililəri var idi.
30. Coğrafi baxımdan Şaumyan DQMV ilə sərhəddə, onun şimalıənda olmuşdur. Rayon DQMV-yə daxil olmamış, lakin sonra “DQR” tərəfindən onun ərazisi bəyan edilmişdir (yuxarıda 19-cu abzasa bax). Ərizəçiyə görə, münaqişədən qabaq Şaumyan əhalisinin 82 faizini ermənilər təşkil etmişlər.
31. 1991-ci ilin fevralında Şaumyan müstəqil inzibati vahidi kimi ləğv edilmiş və Azərbaycan Respublikasının mövcud Goranboy rayonuna daxil edilmişdir.
32. 1991-ci ilin mayında SSRİ Daxili Qoşunları və Azərbaycan SSR Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) rayonda “pasport rejiminin yoxlaması” və yerli erməni quldurların silahsızlaşması məqsədilə hərbi əməliyyata başlamışdır. Eyni zamanda, müxtəlif mənbələrə görə, hökumət qüvvələri əməliyyatın rəsmi məqsədindən istifadə edərək Şaumyan rayonunun bir neçə kəndindən erməni əhalisini qovmuş və onları Dağlıq Qarabağa və ya Ermənistana getməyə məcbur etmişlər. Əməliyyat həbslər və mülki əhaliyə qarşı zorakılıq ilə müşayiət olmuşdur. 1992-ci ildə münaqişə tam-miqyaslı müharibəyə çevrildikdə Azərbaycan qüvvələri Şaumyan rayonuna hücum etmişlər.
1. Tərəflərin ifadələri və təqdim etdiyi sübutlar
33. Ərizəçinin Gülüstandakı yaşayış yeri və əmlakı ilə əlaqədar tərəflərin mövqeləri fərqlidir.
a) Ərizəçi
34. Ərizəçi bildirmişdir ki, 1992-ci ildə məcburi qaydada köçənədək ömrünün böyük qismini Gülüstanda yaşamışdır. Bu iddianı müdafiə edərək o, ərizəçinin Gülüstanda anadan olmasını bildirən 1979-cu ildə verilmiş sovet pasportunun surətini təqdim etmişdir. O, həmçinin Gülüstanda anadan olmuş arvadı ilə onun arasında 1955-ci ildə orada nikah bağlanmasını göstərən nikah haqqında şəhadətnaməni təqdim etmişdir. Bundan əlavə, ərizəçi bildirmişdir ki, Gülüstanda böyüyərək hərbi xidmət keçmək və Sumqayıt şəhərində işləmək üçün oranı tərk etmişdir. Nikah bağladıqdan bir neçə il sonra o, Gülüstana qayıtmış və 1992-ci ilin iyununa qədər orada yaşamışdır.
35. Ərizəni verərkən ərizəçi rəsmi şəhadətnamənin surətini (“texniki pasport”) təqdim etmişdir. 1991-ci il 20 may tarixli bu sənədə əsasən, ərizəçinin adına Gülüstanda ümumi sahəsi 167 kv.m. olan ikimərtəbəli ev və həyətdaxili tikililər və 2160 kv.m torpaq sahəsi qeydiyyatda olmuşdur. Bundan başqa, o, evin təfərrüatlı planını təqdim etmişdir.
36. Texniki pasporta uyğun olaraq, 167 kv.m sahəsindən 76 kv.m ev, 91 kv.m. isə həyətdaxili tikililər, o cümlədən pəyə təşkil etmişdir. 2160 kv.m. torpaq sahəsində 1500 kv.m. sahəsini meyvə -tərəvəz bağı tutmuşdur. Sənəddə həmçinin əsas ev və həyətdaxili tikililər ilə bağlı texniki xarakterli məlumat (misal üçün, istifadə olunan tikinti materialları) vardır.
37. Ərizəçi izah etmişdir ki, onun atasına məxsus torpaq sahəsinin onunla qardaşı arasında bölünməsi barədə Kənd Sovetinin qərarı əsasında torpaq sahəsi ona verilmişdir. Qərar Kənd Sovetinin kitabında qeydiyyata alınmışdır. 1962-1963-cü illərdə qohumların və dostların köməyi ilə o, arvadı ilə birlikdə həmin torpaq sahəsində ev tikmişlər. Onların dörd uşağı həmin evdə böyümüş, onunla arvadı isə 1992-ci ilin iyununda köçənədək həmin evdə yaşamışlar. Bundan başqa, ərizəçi izah etmişdir ki, o, Gülüstanda orta məktəb müəllimi işləmiş və qazancını qismən əmək haqqından, qismən də kənd təsərrüfatından əldə etmiş, arvadı isə 1970-ci illərdən başlayaraq kolxozda işləmişdir.
38. Yuxarıda qeyd edilən texniki pasportdan və evin planında əlavə olaraq ərizəçi evin fotoşəkillərini və Kənd Sovetinin iki sabiq işçisi Xaçatryan və Meqryanın 2010-cu il avqust tarixli ifadələrini təqdim etmişdir. Birincisi bildirmişdir ki, 1952-1976-cı illərdə Kənd Sovetinin katibi işləmişdir. O, təsdiq edir ki, Kənd Soveti ərizəçiyə atasının torpaq sahəsini özü ilə qardaşı arasında bölməsinə icazə vermişdir. Həm Xaçatryan, həm də 1970-ci illərdə bir müddət Kənd Sovetinin üzvü olduğunu bildirən Meqryan iddia edirlər ki, torpaq sahələrinin kəndlilərə verilməsi barədə qeyd Kənd Sovetinin kitabına edilmişdir. Ailə üzvlərinin (o cümlədən ərizəçinin arvadının, iki uşağının və kürəkəninin), keçmiş qonşularının və Gülüstandan olan dostlarının 2010-cu il may tarixli yazılı ifadələrində Gülüstaın təsviri verilərək təsdiq olunur ki, ərizəçi orta məktəb müəllimi işləmiş və onun kənddə torpaq sahəsi və ikimərtəbəli evi olmuşdur. Onlar həmçinin təsdiq edirlər ki, ərizəçinin 1992-ci ilin iyununa qədər ailəsi ilə yaşadığı evin həyətində bir neçə həyətdaxili tikili və meyvə-tərəvəz bağı olmuşdur.
39. Ərizəçi göstərmişdir ki, 1990-ci illərin əvvəllərində Şaumyan rayonu Azərbaycan Hökuməti tərəfindən mühasirəyə alınmışdır. 1992-ci ildə silahlı qüvvələr rayona hücum etməyə başlamışlar. 1992-ci ilin iyununda Azərbaycan qüvvələri Gülüstana hücum etmişlər. 1992-ci ilin 12-13 iyun tarixlərində kənd bombalanmışdır. Kəndin əhalisi, o cümlədən ərizəçi və onun ailəsi, öz həyatlarında qorxaraq kəndi tərk etmişlər. Bir sıra şahidlərin yuxarıdakı ifadələrində də münaqişə zamanı Şaumyan rayonunun mühasirəsi, kəndə hücum və əhalisinin qaçması təsvir edilir.
40. Ərizəçi ilə ailəsi Ermənistana köçmüşdür. Sonradan, ərizəçi ilə arvadı İrəvanda qaçqın kimi yaşamışlar. 2002-ci ildə ərizəçi Ermənistan vətəndaşlığını əldə etmişdir. 2004-cü ildən o, ciddi xəstə olmuş və 2009-cu il aprelin 13-də İrəvanda vəfat etmişdir.
b) Cavabdeh Hökumət
41. Cavabdeh Hökumət bildirmişdir ki, ərizəçinin həqiqətən Gülüstanda yaşayəb-yaşamadığını və orada mülkiyyətə saxib olub-olmadığını yoxlaya bilmir. Goranboy rayonunun müvafiq idarələrində 1988-ci ildən bu günə kimi olan sənədlərdə ərizəçinin guya torpaq sahəsinə, evə və ya başqa tikililərə sahib olması barədə məlumat yoxdur. Bundan əlavə, keçmiş Şaumyan rayonundakı, o cümlədən Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsi və Pasport şöbəsinin müəyyən arxivləri hərbi əməliyyatlar zamanı məhv edilmişdir. Hal-hazırda Goranboy rayon arxivlərində ərizəçi ilə bağlı hər hansı sənədlər mövcud deyil.
42. Öz mövqeyini müdafiə edərək Hökumət bir sıra sənədləri təqdim etmişdir: keçmiş Şaumyan rayonunun Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Şöbəsi və Pasport şöbəsinin arxivlərinin münaqişə zamanı məhv olunduğu barədə Goranbor Rayon Polis İdarəsinin rəisi polkovnik Məhərrəmovun 2007-ci il 22 iyul tarixli məktubu; müvafiq regional idarənin arxivlərində ərizəçinin mülkiyyət hüquqları ilə bağlı hər hansı sənədin olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2007-ci il 31 iyul tarixli məktubu; Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən torpaq sahələrini ayırmaq səlahiyyyətinin yalnız Rayon )Şəhər) Xalq Deputatları Sovetinin İcraiyyə Komitələrinə aid olması barədə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Məmmədovun 2012-ci il 5 mart tarixli məktubu.
D. Gülüstanda olan vəziyyət
43. Gülüstanda olan mövcud vəiyyətlə də bağlı tərəflərin mövqeyi fərqlənir. Üçüncü tərəf qismində çıxış etmiş Ermənistan hökuməti həmçinin bu məsələ ilə bağlı ifadələrini təqdim etmişdir.
1. Tərəflərin ifadələri
a) Ərizəçi
44. Gülüstandakı vəziyyətlə əlaqədar olaraq ərizəçi bildirmişdir ki, Azərbaycan Respublikası kənd üzərində nəzarəti həyata keçirir və, xüsusən, kəndin özündə və ətrafında hərbi mövqeləri mövcuddur. Onun fikrincə, cavabdeh Hökumətin iddia etdiyi kimi, Gülüstanın Azərbaycan və “DQR” qüvvələri arasında təmas xəttində (TX) olmasının sübutları mövcud deyil.
45. Ərizənin qəbuledilənliyi barədə qərardan əvvəlki proses zamanı ərizəçi tərəfindən təqdim edilmiş “DQR” silahlı qüvvələrinin yüksək rütbəli anonim zabitinin 2010-cu il 11 avqust tarixli yazılı ifadəsində bildirilmişdir ki, Gülüstan de facto Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır (aşağıda 51 və 58-ci abzaslara bax). Bundan əlavə, ərizəçi bildirmişdir ki, onun həmkəndliləri bir neçə dəfə Gülüstana qayıtmağa cəhd etmiş, lakin Azərbaycan hərbçiləri tərəfindən öldürülmək təhlükəsi altında kəndə daxil ola bilməmişlər.
b) Cavabdeh Hökumət
46. Prosesin hər bir mərhələsində Hökumət göstərmişdir ki, Gülüstan Azərbaycan Respublikasının beynəlxalq qaydada tanınmış ərazisində yerləşir.
47. Ərizənin qəbuledilənliyi barədə qərardan əvvəlki ifadələrində Hökumət bildirmişdir ki, Gülüstan 1994-cü il may tarixli atəşkəs sazişi ilə müəyyən edilmiş Azərbaycan və Ermənistan qüvvələri arasındakı TX-də yerləşmişdir. Kənd boşaldılmış, TX isə hər iki tərəfdən silahlı qüvvələrin mövqelərinin olması və minalardan istifadə olunması ilə qorunub saxlanılmışdır. Buna görə, cavabdeh Hökumət ərazi üzərində hər hansı nəzarəti həyata keçirə və ya ora daxil ola bilməmişdir.
48. Ərizənin qəbuledilənliyi barədə qərar qəbul edildikdən sonra Hökumət öz ifadələrində bildirmişdir ki, kənd üzərində kifayət qədər nəzarət həyata keçirilmir. Göranboy rayonunda xidmət etmiş və Gülüstandakı vəziyyət barədə məlumat vermiş bir neçə hərbi zabitin ifadələrinə (aşağıda 62-ci abzasa bax) istinad edərək Hökumət xüsusən bildirmişdir ki, İncəçayın şimali tərəfində ki “v” formalı dərədə yerləşən kənd TX-dədir, yəni bir tərəfdən (şimaldan və şərqdən) Azərbaycan qüvvələri, digər tərəfdən (cənubdan və qərbdən) isə Ermənistan qüvvələrinin mövqeləri vardır. Erməni qüvvələri çaydan cənubdakı meşəli üstünlükdə yerləşərək daha üstün mövqelərə malikdir, Azərbaycan mövqeləri isə çaydan şimalda nisbətən açıq olan yerdədir. Hökumət bildirmişdir ki, əslində Gülüstan heç bir tərəfin səmərəli nəzarəti altında deyil. Bu ərazi mübahisəli olaraq təhlükəlidir. Kənd və onun ətrafı minalanmışdır. Tez-tez atəşkəs rejimi pozulur. Kənd tamamilə dağıdılmış və boşaldılmış olduğundan ərazidə təhlükəsiz yer yoxdur.
49. 2014-cü il 5 fevral tarixli məhkəmə iclasında Hökumət vurğulamışdır ki, Gülüstan çayın digər tərəfindəki yüksəkliklərdə yerləşən Ermənistan hərbi mövqelərindən atəşə açıqdır. Bundan əlavə, Gülüstan üzrə AAAS hesabatına istinad edərək (aşağıda 74 və 75-ci abzaslara bax) qeyd etmişdir ki, hesabatda Gülüstanın Azərbaycan ərazisində olmasından başqa təsdiq edilmişdir ki, Gülüstan dağlıq ərazidə yerləşir, onun ətrafında davamlı hərbi fəaliyyət həyata keçirilir, kənd isə dağıdılmışdır. Hökumət iddia etmişdir ki, ərazi minalanmış və mülki əhali üçün yanaşılmazdır.
c) Üçüncü tərəf qismində çıxış edən Ermənistan Hökuməti
50. Prosesin hər bir mərhələsində üçüncü tərəf qismində çıxış edən Hökumət göstərmişdir ki, cavabdeh Hökumət Gülüstan üzərində tam və səmərəli nəzarəti həyata keçirir.
51. 2010-cu il 15 sentyabr tarixli məhkəmə iclasında o, Gülüstanın XT-də olması barədə cavabdeh Hökumətin iddiasını mübahisələndirmişdir. Ərizəçinin təqdim etdiyi Gülüstanın yanında xidmət etmiş “DQR” silahlı qüvvələrinin yüksək rütbəli anonim zabitinin ifadələrinə istinad edərək Ermənistan Hökumətinin səlahiyyətli nümayəndəsi bəyan etmişdir ki, ifadə verilərkən özü şəxsən orada olmuş və düzgünlüyünü təsdiq etmişdir. Bu bəyanat əsasında Ermənistan Hökuməti bildirmişdir ki, müvafiq ərazidə “DQR” və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında ayırıcı xətt İncəçayın axdığı dərədən keçir. Gülüstan çaydan şimalda yerləşir və kəndin özündə və ətrafında hərbi mövqeləri olan Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır, “DQR” qüvvələri isə çayın başqa tərəfində yerləşir. O, həmçinin ərizəçinin 2008-ci ildə Məhkəməyə təqdim etdiyi kəndi göstərən DVD-yə (aşağıda 56-cı abzasa bax) istinad edərək iddia etmişdir ki, evlər arasında görünən şəxs Azərbaycan əsgəri idi. Ermənistan Hökuməti iddia etmişdir ki, “DQR” qüvvələrinin və ya hər hansı erməninin kəndə girməsi qeyri-mümkündür.
52. Ərizənin qəbuledilənliyi barədə qərar qəbul edildikdən sonra Ermənistan Hökuməti Məhkəmənin xahişi ilə yüksək rütbəli “DQR” zabitinin şəxsiyyətini açıqlamışdır. Bu, “DQR” müdafiə ordusunun polkovniki Manukyan idi. Bundan əlavə, Ermənistan Hökuməti bildirmişdir ki, onun səlahiyyətli nümayəndəsi Kostanyan “DQR” dövlət orqanlarından icazə alaraq 2012-ci ilin mayında Gülüstana yaxın əraziyə səfər etmişdir. O, DVD materialları və Gülüstanda və onun ətrafında vəziyyəti şərh edən “DQR”-in üç zabitinin ifadələrini (aşağıda 71-ci abzasa bax) əldə etmişdir. Ermənistan Hökuməti həmçinin 2008-ci ildə ərizəçinin təqdim etdiyi DVD-də viranə arasında gəzən şəxsin Azərbaycan əsgəri olması barədə 2010-cu il 15 sentyabr tarixli məhkəmə iclasında verdiyi ifadə ilə bağlı Məhkəmənin sualına cavab vermişdir: bu insanın şəxsiyyətinə dair şərh vermək iqtidarında olmadığını bildirərək o, Gülüstanda Azərbaycan hərbi mövqelərinin olması və mülki əhalinin olmaması barədə “DQR” hərbi qulluqçularının ifadələrinə istinad etmişdir.
53. 2014-cü il 5 fevral tarixli məhkəmə iclasında Ermənistan Hökuməti Gülüstanda olan vəziyyətlə bağlı öz mövqeyini təkrarən bildirmişdir. Bundan əlavə, o, iddia etmişdir ki, ərazidə Azərbaycan silahlı qüvvələrinin olması həmçinin AAAS hesabatında təsdiq edilir.
2. Tərəflərin təqdim etdiyi sübutlar
54. Tərəflər öz mövqeyini müdafiə edərək çoxsaylı maddi sübutları təqdim etmişlər. Aşağıdakı abzaslarda əsas sübutların qısa təsviri verilir.
a) Ərizəçi
i) Gülüstanın xəritəsi
55. Gülüstanın və onun ətrafının xəritəsi: görünür ki, bu, kəndin çayın (İncəçay) şimal sahilində yerləşdiyini göstərən və Azərbaycan dilində olan rəsmi xəritənin surətidir. Azərbaycan qüvvələri mövqelərinin aşağıdakı qaydada yerləşməsi iddia edilir: biri kəndin ortasında, bir neçəsi şimal kənarında, digərləri isə çayın şimal sahilində olsa da, kəndin ətrafındaki yüksəkliklərdə olaraq bir az uzaqdadır.
ii) DVD-lər
56. 2008-ci il 21 fevral tarixli ifadələrinə əlavə edilmiş, Gülüstanı və onun ətrafını əks etdirən DVD. Kənd yamacda yerləşir. Evlərin çoxu dağıdılmış, bir neçəsinin isə damı vardır. Bəzilərinin bacalarından tüstü çıxır. Bir məqamda dağıntılar arasında gəzən kişi görünür. Kənddən arada olan yamacda atəş nöqtəsinə oxşayan qurğular görünür.
iii) “DQR” rəsmilərinin və Gülüstanın keçmiş sakinlərinin ifadələri
57. Gülüstanda olan mövcud vəziyyəti təsvir edən və Azərbaycan Silahlı Qüvvələrinin kəndin özündə bir neçə atəş nöqtələrinə malik olduğunu xüsusən iddia edən “DQR müdafiə nazirinin” 2008-ci il 14 fevral tarixli məktubu.
58. 2005-ci ildən Gülüstan kəndinin yanında hərbi mövqedə xidmət edən “DQR” qüvvələrinin yüksək rütbəli zabitinin 2010-cu il 11 avqust tarixli ifadəsi (ifadənin xülasəsinə yuxarıda 51-ci abzasda bax). İfadəyə Gülüstanın əllə çəkilmiş xəritəsi və ərazini göstərən bir neçə fotoşəkil əlavə edilmişdir. Əvvəlcədən anonim olmuş zabit – “DQR” müdafiə ordusunun polkovniki Manukyandır.
Yerdə, yəni Gülüstanın yanındakı hərbi mövqedə “DQR” zabitinin ifadəsini yazmış, həmin zabitin ifadəsinin məzmununu və fotoşəkillərin “DQR” hərbi mövqeyindən çəkildiyini təsdiq etmiş ərizəçinin nümayəndəsinin köməkçisi Aloyanın ifadəsi.
Gülüstana yaxın olan hərbi hissədə “DQR” yüksək rütbəli zabitinin ifadə verməsində iştirak etmiş Ermənistan Hökumətinin səlahiyyətli nümayəndəsi Kostanyanın ifadəsi.
59. 2002-2004-cü illərdə Gülüstan kəndinə qayıtmaq üçün uğursuz cəhd etdiyini iddia edən Gülüstanın keçmiş üç sakininin 2012-ci il mart tarixli ifadələri. Onlar iddia etmişlər ki, əraziyə atəşkəs xəttinin “DQR” tərəfindən yaxınlaşmışlar; onlardan ikisi bildirmişdir ki, Napat adlı yüksəklikdən kəndi görə bilmiş, lakin qarşı tərəfdən snayper atəşi təhlükəsinə görə onları müşayiət etmiş “DQR” əsgərləri tərəfindən dayandırılmışlar. Onlardan biri bildirmişdir ki, binokl vasitəsilə kənddə bir neçə səngər və orada duran əsgəri görə bilib.
b) Cavabdeh Hökumət
i) Xəritələr
60. Gülüstan və ətrafının xəritəsi. Xəritədə kənd İncəçayın şimal sahilində, Azərbaycan hərbi mövqeləri həmçinin çayın şimal sahilində, əksəriyyəti kəndin ətrafındakı yüksəkliklərdə göstərilir. “DQR” mövqeləri çayın cənub sahilində, ən yaxını düz kəndlə üzbəüz yerləşir.
Çıraqov və digərləri Ermənistana qarşı (yuxarıda qeyd edilən”) işində Ermənistan Hökuməti tərəfindən təqdim edilmiş Dağlıq Qarabağın xəritəsi. Xəritədə Gülüstan “DQR”-in lap sərhədində çaydan şimalda göstərilir.
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-cı ildə dərc edilmiş xəritə. Xəritədə Gülüstan “DQR”-in işğal etdiyi ərazinin lap sərhədində göstərilir. Xəritədə işğal edilmiş ərazilər qırmızı xətlə dövrəyə alınmış və üstündə cızıqlar çəkilmişdir; Gülüstan həmin qırmız xəttin üstndədir, lakin cızıq çəkilmiş ərazidən kənarda, çaydan şimaldadır.
ii) DVD-lər
61. Gülüstan və ətrafını əks etdirən iki DVD (biri 2008-ci ilin sentyabrında, digəri isə 2012-ci ilin iyulunda təqdim edilmişdir). Birincidə kəndin təpəli landşaftda yerləşməsi, evlərin əksəriyyətinin dağılması, həmçinin atəş mövqelərinə oxşayan bəzi qurğuların təpənin qılıcında göstərilir. İkincidə yenidən kənd (dağılmış evlər və kənd təsərrüfatı maşınları) və ətrafı göstərilir, kənddə yaşayışın olmaması, erməni mövqelərin meşəli yamacda olaraq kəndə iri kalibrli silahla nəzarət etməsi, Azərbaycan mövqelərinin isə təxminən 2,5 km məsafədə olaraq kəndə yalnız əyani nəzarət edə bilməsi barədə izahat verilir.
iii) Azərbaycan zabitlərinin, vəzifəli şəxslərinin və qonşu kəndlərin sakinlərinin ifadələri
62. Gülüstanda olan mövcud vəziyyəti aşağıdakı kimi təsvir edən Azərbaycan ordusunun altı zabiti, 1994-1997-ci illərdə Goranboy rayonundakı hərbi hissədə xidmət etmiş polkovnik Babayevin, 1999-2009-cu illər arasında müxtəlif vaxtlarda Goranboy rayonundakı hərbi hissələrdə xidmət etmiş podpolkovniklər Əbdülov, Məmmədov, Əhmədov, Abbasov və Hüseynovun 2012-ci ilin martında verilmiş ifadələri:
- Gülüstan İncəçayın şimal sahilində yerləşir;
- Azərbaycan hərbi mövqeləri çayın şimal sahilində Gülüstan yaşayış məntəqəsindən şərqdə və şimal-şərqdə, vadidə dağıdılmış kənddən 1-3 km məsafədədirlər;
- Erməni hərbi mövqeləri çayın cənub sahilində, Gülüstan yaayış məntəqəsindən qərbdə və cənub-qərbdə olaraq strateji baxımdan üstün mövqedədirlər (meşəli yamaclarda). Ermənilərin ən yaxın mövqelərinin yerləşməsi ilə bağlı zabitlərin verdiyi dəyərləndirmə 200-300 m ilə 1 km arasındadır;
- Erməni qüvvələri tez-tez atəşkəs rejimini pozurlar;
- onlar kənddəki bəzi evlərin təmir olunması və Azərbaycan qüvvələri tərəfindən hərbi mövqe kimi istifadə olunması barədə Ermənistan Hökumətinin iddiasını mübahisələndirirlər;
- Azərbaycan mövqeləri və kəndin özü erməni mövqelərinin vurmaq (iri kalibrli silahdan) məsafəsi daxilindədir; buna görə hərbçilər ərazidə müəyyən edilmiş yollardan kənar sərbəst gəzə bilmir;
- kənddə mülki əhali yoxdur;
- kənddəki tikililərin əksəriyyəti (təxminə 100) hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Kənd 1992-cı ildən boş qaldıqdan evlər çürümüş, damlar dağılmış, dağıdılmış evlərin içində ağaclar bitir. Hal-hazırda yaşayış üçün yararlı olan bina yoxdur; hərbi əməliyyatlardan sonra Ermənistan silahlı qüvvələri kəndin ərazisini minalamış, bəzən heyvanlar həmin minalar üstündə partlayır;
- Podpolkovnik Əbdülov Gülüstan yaşayış məntəqəsinin cənub hissəsində dağıntılar arasında erməni hərbçilərinin hərəkətdə olmasını müşahidə etdiyini bildirir, podpolkovnik Məmmədov isə erməni hərbçilərinin öz mövqelərindən çayın istiqamətində hərəkət etməsini gördüyünü iddia edir. Podpolkovnik Abbasov və podpolkovnik Hüseynov bildirirlər ki, erməni hərbçiləri tərəfindən tikintilərin dağıdılması və materialların öz istehkamları üçün istifadə etməsini müşahidə etmişlər.
63. 2003-2010-cu illərdə Gülüstan ərazisində atəşkəs rejiminin pozulması, o cümlədən 2008-ci ildən bu halların sayının artması (2008-ci ildə 20, 2009-cu ildə 35 və 2010-cu ildə 52), habelə mina partlayışı və atəşkəsin pozulması nəticəsində ölüm halları () müvafiq olaraq 2003-cü il avqustun 5-də 5 əsgər, 2005-ci il fevralın 25-də bir əsgər) barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı.
64. Goranboy rayonu Gülüstan kəndinin “genişmiqyaslı mina və partlamamış mərmilərlə zəhərlənmiş ərazi kimi müəyyən olunması” barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi direktorunun 2010-cu il 12 avqust tarixli məktubu..
65. Qonşu Meşəli kəndinin və Yuxarı Ağcakənd qəsəbəsinin səkkiz sakinin 2012-ci il mart tarixli ifadələri. Onlar göstərirlər ki, Gülüstan kəndi boşdur, onun ətrafı isə minalanmış və erməni mövqelərində tez-tez atəşə tutulmuşdur.
iv) Mətbuat üçün bəyanatlar
66. Dağlıq Qarabağla Azərbaycan arasında təmas xəttində Gülüstan kəndinin yaxınlığında ATƏT-in monitorinq missiyası barədə Ermənistan mənbələrindən 2006-cı il oktyabr tarixli mətbuat üçün bəyanatlar.
67. Müxtəlif istiqamətlərdə, o cümlədən Gülüstan ərazisində atəşkəs rejiminin pozulması barədə iyun 2010-cu il – may 2012-ci il arasında Azərbaycan Mətbuat Agentliyi tərəfindən verilmiş çoxsaylı məlumatlar. Bu məlumatlarda aşağıdakı ifadələr tez-tez istifadə edilir: “Ermənistan Silahlı Qüvvələri Gülüstan kəndi yaxınlıqda qarşı Azərbaycan Silahlı Qüvvələrini atəşə tutmuşlar”, yaxud “... Gülüstan kəndi yaxınlıqda adsız yüksəkliklərdəki mövqelərdən”, yaxud “düşmən Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndi yaxınlıqda ... postlardan Azərbaycan Silahlı Qüvvələrinə atəş açmışdır”. Bu məlumatların birində, yəni 2012-ci il 3 mart tarixli məlumatda bildirilir ki, “Azərbaycan ordusunun leytenantı Qurban Hüseynov Goranboy rayonunun cəbhə xəttində Gülüstan kəndində minaya düşmüşdür. Nəticədə, o, ayağını itirmişdir”.
68. Ermənistan-Azərbaycan təmas xətti boyu mübahisələndirilən ərazidən şərq və şimal istiqamətində Dağlıq Qarabağ tərəfindən piyadaya qarşı minaların artıq dərəcədə böyük sayda yerləşdirməsindən narahatlıq bildirən Minaların Qadağan edilməsi Naminə Beynəlxalq Kampaniyanın (International Campaign to Ban Landmines) 2013-cü il 20 sentyabr tarixli bəyanatı.
c) Üçüncü tərəf qismində çıxış edən Ermənistan Hökuməti
i) Xəritə
69. Kəndin İncəçayın şimal sahilində yerləşdiyini göstərən Gülüstanın xəritəsi. Azərbaycan mövqeləri də çayın şimal sahilində kəndə çox yaxın (şərq və qərb tərəfdən, həmçinin şimal qırağından), “DQR” mövqeləri isə çayın cənub sahilində, ən yaxını kəndlə üzbəüz yerləşir.
ii) DVD
70. Gülüstan və ətrafını göstərən və Hökumətin səlahiyyətli nümayəndəsi Kostanyanın Gülüstan yanında hərbi hissədə xidmət edən “DQR”-in üç zabiti ilə söhbətini (məzmunu üçün aşağıda 71-ci abzasa bax) əks etdirən 2012-ci ilin iyul ayında təqdim edilmiş DVD. Burada əksər evləri dağıdılmış vəziyyətdə olan kənd və ətrafı göstərilir. Video çəkilişin sonuna yaxın kəndin arxasında qoyun sürüsü və bir neçə insan görünür.
iii) “DQR” zabitlərinin ifadələri
71. Gülüstanın yanındakı hərbi hissənin komandiri Sevoyan, serjant Petrosyan və zabit Vardanyan ilə 2012-ci il may tarixli söhbətin protokolu. Onlar vəziyyəti aşağıdakı kimi təsvir edir:
- Azərbaycan hərbi qüvvələrinin kənddə mövqeləri vardır və orada növbə ilə xidmət gedir, əsas mövqe isə kəndin arxasındadır;
- kənddə mülki əhali yoxdur;
- kəndin özündə minalar yoxdur, lakin ətrafdakı ərazi Azərbaycan qüvvələri tərəfindən minalanmışdır (onlar qeyd etmişlər ki, bəzən heyvanlar minalara düşür);
- bəzən Azərbaycan tərəfi atəşkəs rejimini pozur; etinasiz davrandıqda Azərbaycan mövqelərdən atəş altına düşmək təhlükəsi vardır;
- bir neçə dəfə Gülüstan sakinləri öz kəndinə girmək üçün əraziyə gəlmişlər. Azərbaycan tərəfindən snayper və ya avtomat atəşi təhlükəsi mövcud olduqdan, onlar həmin şəxslərə kəndə keçməyə icazə verməmişlər.
3. Məhkəmə tərəfindən əldə edilmiş sübutlar
72. 2013-cü il sentyabrın 12-də Məhkəmə Elmin Təşviqi üzrə Amerika Birliyindən (American Association for the Advancement of Science (“AAAS”)) onun “Geoməkani texnologiyalar və insan hüquqları proqramı” çərçivəsində aşağıdakı məsələlərlə bağlı məlumatı sorğu etmişdir: Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən (15 aprel 2002-ci il) hal-hazıradək Gülüstan kəndi və onun ətrafında səngərlər və istehkamlar daxil olmaqla hərbi mövqelərin yeri, habelə Konvensiyanın qüvvəyə mindiyi tarixdə (15 aprel 2002-ci il) kənddəki tikintilərin və qəbiristanlığın vəziyyəti.
73. 2013-cü ilin noyabrında AAAS “2002-2012-ci illərdə peykdən çəkilmiş Azərbaycandakı Gülüstanın yüksək dəyərli görüntülərinin təhlili” adlı hesabatı (AAAS hesabatı) təqdim etmişdir. Cavabdeh Hökumət bir neçə görüntülərin açıqlanmasına etiraz etmişdir. 2005, 2009 və 2012-ci illərdə açıq mənbədən əldə olunmuş yüksək dəyərli peyk çəkilişi görüntülərinin şərhinə əsasən hesabatda aşağıdakı məlumat verilir.
74. Hərbi strukturlarla əlaqədar olaraq qeyd edilir ki, 2005 və 2009-cu illərin şəkillərində kənddə və onun yaxınlığında səngərlər və istehkamlar, müəyyən müddətdə aparılan tikinti işləri vardır, 2012-ci ilin şəkillərində isə səngərlərin vizual gürünüşü qaraldığı üçün görünür ki, 2009-cu ildən sonra həmin səngərlər işlənməmişdir. Gülüstan ətrafında hərbi fəaliyyət aydın olmuşdur. 2005-2009-cu illərdə səngərlər, istehkamlar, hərbi tikintilər və yük maşınları ilə bağlı aparılmış hərbi quruculuq 2009-2012-ci illərdə digər növ hərbi fəaliyyətlə davam etdirilmiş, səngərlər və istehkamlar istifadəsiz qalmış, hərbi tikintilərin və nəqliyyatın sayı isə artmışdır.
75. Tikililərin dağılması ilə əlaqədar olaraq hesabatda göstərilir ki, kənddəki təxminən 250 tikintinin əksəriyyəti dağılmış, yəni zədələnməmiş deyil. Hesabatda qeyd edilir ki, tikililərin sökülməsi və yaşıllığın artması nəticəsində tikintiləri çəkmək və struktur vahidləri saymaq çətin olmuşdur. 2005-ci ildə təxminən 33 tikili, 2009-cu ildə 17, 2012-ci ildə isə 13 tikili zədələnməmiş olmuşdur. Sökülmüş tikililərin əksəriyyətinin daxili və xarici divarları mövcud olmuş, dam örtükləri isə dağılmışdır. Tikililərin vəziyyətinə görə onların dağılması səbəbi kimi yanğının olmasını ehtimal etmək olarsa da, hesabatda vurğulanır ki, dağıntının səbəblərini peyk çəkilişi vasitəsilə müəyyən etmək mümkün deyil, xüsusən də, tikililərin qəsdən sökülməsinin bildirilməsi mümkün deyil. Peyk çəkilişində qəbiristanlıq müəyyən olunmur. Hesabatda ehtimal edilir ki, bu, yaşıllığın artmasına görə ola bilər.
II. ERMƏNİSTAN VƏ AZƏRBAYCANIN BİRGƏ ÖHDƏLİYİ
76. Avropa Şurasına üzv olmamışdan öncə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı Nazirlər Komitəsi və Parlament Assambleyası qarşısında üzərilərinə öhdəlik götürmüşlər (bax: Parlament Assambleyasının 221 (2000) və 222 (2000) saylı Rəyləri və Nazirlər Komitəsinin (2000)13 və (2000)14) saylı Qətnaməsi).
Azərbaycanın Avropa Şurasında üzvlüyə müraciəti ilə bağlı Parlament Assambleyasının 222 (2000) saylı Rəyinin müvafiq hissəsində aşağıdakılar bildirilir:
“11. Assambleya Azərbaycan Prezidentinin onun ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq olduğunu bir daha təsdiq etdiyi və Azərbaycanın Avropa Şurasına daxil olmasının danışıqlar prosesinə və bölgədə sülhə böyük töhfə verəcəyini vurğuladığı məktubu qeyd edir.
...
14. Parlament Assambleyası Azərbaycan Prezidenti, parlamentin spikeri, Baş nazir və parlamentdə təmsil olunan siyasi partiyaların sədrlərinin məktublarını nəzərə alır və qeyd edir ki, Azərbaycan aşağıdakı öhdəliklərə əməl etməsini üzərinə götürür:
...
ii. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar:
a. münaqişənin yalnız dinc yolla həlli istiqamətində səylərini davam etdirmək;
b. qonşulara qarşı güc tətbiq etmək hədəsindən qətiyyətlə imtina edərək beynəlxalq və daxili mübahisələri yalnız dinc yolla və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll etmək (Avropa Şurasının üzvü olan bütün dövlətlərə aid öhdəlik;”
Azərbaycanın Avropa Şurasının üzvlüyünə dəvət edilməsinə dair Nazirlər Komitəsinin (2000)14 saylı qətnaməsi Azərbaycan ilə bağlı 222 (2000) saylı Rəydə təsbit edilmiş öhdəliklərə və onların Azərbaycan Hökuməti tərəfindən yerinə yetiriləcəyi barədə təminatlara istinad edir.
III. MÜVAFİQ MİLLİ HÜQUQ
A. Azərbaycan SSR-in qanunvericiliyi
77. Ərizəçinin mülkiyyət hüququ Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası, 1970-ci il Torpaq Məcəlləsi və 1983-cü il Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
1. 1978-ci il Konstitusiyası
78. Konstitusiyada aşağıdakılar bildirilir:
Maddə 13
“Azərbaycan SSR vətəndaşlarının şəxsi mülkiyyətinin əsasını əməkli gəlir təşkil edir. Şəxsi mülkiyyətdə məişət avadanlığı, şəxsi istehlak və rahatlıq şeyləri, yardımçı ev təsərrüfatı şeyləri, yaşayış evi və əməklə qazanılmış vəsait yığımı ola bilər. Vətəndaşların şəxsi mülkiyyəti və ona vərəsəlik hüququ dövlət tərəfindən mühafizə olunur.
Vətəndaşların istifadəsində yardımçı təsərrüfat üçün (o cümlədən mal-qara və quş saxlamaq üçün), bağçılıq və bostançılıq, habelə fərdi mənzil tikintisi üçün qanunla müəyyən edilmiş qaydada verilən torpaq sahələri ola bilər. Vətəndaşlar onlara verilən torpaq sahələrindən səmərəli istifadə etməlidirlər. Dövlət və kolxozlar yardımçı təsərrüfatın idarə olunmasında vətəndaşlara kömək edirlər.
Vətəndaşların şəxsi mülkiyyətində və ya istifadəsində olan əmlak əməksiz gəlir mənbəyi olmamalı, ondan cəmiyyətin mənafeyi zərərinə istifadə edilməməlidir.”
2. 1970-ci il Torpaq Məcəlləsi
79. Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 4. Torpaq üzərində dövlət (ümumxalq) mülkiyyəti
“SSRİ Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir—bütün sovet xalqının ümumi malıdır.
SSRİ-də torpaq ancaq dövlət mülkiyyətidir və yalnız istifadəyə verilir. Torpaq üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan hərəkətlər qadağan edilir”
Maddə 24. Torpaqdan istifadə hüququnu təsdiq edən aktlar
“Kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur.
Aktların formaları SSR İttifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi Əsaslarına uyğun olaraq, SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilir.
Torpaqdan müvəqqəti istifadə hüququ Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən forma üzrə şəhadətnamə ilə təsdiq olunur.”
Maddə 25. Torpaqdan istifadə hüququ barəsində aktların verilmə qaydası
“Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir.”
Maddə 27. Torpaq sahələrindən məqsədli təyinata görə istifadə
“Torpaq istifadəçiləri torpaq sahələri onlara hansı məqsədlər üçün verilmişsə, o sahələrdən həmin məqsədlər üçün istifadə hüququna malikdirlər və istifadə etməlidirlər.”
Maddə 28. Torpaq istifadəçilərinin verilən torpaq sahələrindən istifadə hüquqları
“İstifadəyə verilən hər torpaq sahəsinin hansı məqsəd üçün təyin edildiyindən asılı olaraq, torpaq istifadəçiləri müəyyən olunmuş qaydada aşağıdakı işləri görə bilərlər:
– yaşayış, istehsalat, mədəni-məişət binaları və başqa binalar və qurğular tikmək;
– kənd təsərrüfatı bitkiləri əkmək, meşə salmaq, meyvə, bəzək ağacları və başqa ağaclar basdırmaq;
– biçənəklərdən, otlaqlardan və digər təsərrüfat yerlərindən istifadə etmək;
– torpaq sahəsindəki geniş yayılmış faydalı qazıntılardan, torfdan və su obyektlərindən təsərrüfatın ehtiyacları üçün istifadə, habelə torpağın digər faydalı xassələrindən istifadə etmək.
Maddə 126-1. Tikili üçün mülkiyyət hüququ vərəsəlik üzrə keçdikdə torpaqdan istifadə hüququ
“Kənd yaşayış məntəqəsində yerləşən tikili üçün mülkiyyət hüququ vərəsəlik üzrə vərəsələrə keçdikdə, əgər onlar müəyyən edilmiş qaydada həyətyanı torpaq sahəsi almaq hüququna malik deyildirsə, onda torpaq sahəsinin həmin tikilini saxlamaq üçün zəruri olan və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi ölçüdə olan hissəsindən istifadə hüququ verilir.”
Maddə 131. Fərdi mənzil tikintisi üçün vətəndaşlara torpaq sahələri verilməsi
“Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından və kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpaqlarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verilir. Göstərilən məqsəd üçün torpaqlar bu Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada verilir.
Şəhərlərdə və fəhlə qəsəbələrində fərdi mənzil tikintisi istifadə və texniki hazırlıq üçün xərclər tələb etməyən boş ərazidə, bir qayda olaraq, müntəzəm sərnişin rabitəsi olan dəmir yolların və avtomobil yollarının yaxınlığında ayrı-ayrı yaşayış rayonları və ya qəsəbələri şəklində həyata keçirilməlidir.”
3. 1983-cü il Mənzil Məcəlləsi
80. Mənzil Məcəlləsinin 10.3-cü maddəsində aşağıdakılar bildirilir:
“SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətdə yaşayış evi (evin bir hissəsi) ola bilər.”
4. Mənzil Fondunun Qeydiyyatı Qaydaları haqqında 1985-ci il Təlimatı
81. 1985-ci il Təlimatının 2-ci maddəsində yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı müəyyən edilir. Təlimat SSRİ Mərkəzi Statistika İdarəsinin 1985-ci il 15 iyul tarixli 380 nömrəli əmri ilə təsdiq edilmişdir. 2.1-ci maddədə mülkiyyət hüququnun birinci dərəcəli sübutu kimi çıxış edən sənədlər göstərilir.
2.2-ci maddədə bildirilmişdir ki, birinci dərəcəli sübut itirildikdə, mülkiyyət dolayısı ilə digər sənədlər, o cümlədən aşağıdakılar vasitəsilə göstərilə bilər:
“texniki inventarizasiya sənədləri, bu sənədlərdə mülkiyyətçinin yaşayış evinə hüququnu təsdiq edən qanuni sənədin mövcud olması birbaşa bildirildikdə”
2.3.-cü maddədə nəzərdə tutulmuşdur ki,
“Kənd yerlərində, habelə kənd məntəqələri şəhər (kənd) hüdudlarına daxil edildikdə, yaxud şəhər (kənd) kimi müəyyən edildikdə, bu Təlimata uyğun qaydada qeydiyyat üçün əsası ev dəftərləri, onlardan çıxarışlar, Kənd və ya Rayon Xalq Deputatları Sovetlərinin arayışları, habelə bu Təlimatın 2.1 və 2.2-ci bəndlərində müəyyən edilmiş tikililər üzrə mülkiyyət hüququnu təsdiq edən digər sənədlər təşkil edir.”
5. Azərbaycan SSR Zəhmətkeş deputatlarının kənd sovetləri haqqında 1958-ci il Əsasnaməsi
82. Bundan əlavə, ərizəçiyə görə, “Azərbaycan SSR Zəhmətkeş deputatlarının kənd sovetləri haqqında” 1958-ci il 23 aprel tarixli Əsasnamənin də (“Kənd sovetləri haqqında 1958-ci il Əsasnaməsi”) 1960-cı illərin əvvəllərində onun torpaq üzərində hüquqların müəyyən edilməsi üçün aidiyyəti vardır. Hökumət buna etirazını bildirmişdir.
Bu sənədin 2-ci bəndinin 9-cu yarımbəndində nəzərdə tutulur ki,
“Kənd təsərrüfatı sahəsində Zəhmətkeş Deputatlarının Kənd Sovetləri:
...
j) kəndlərin dövlət torpaq fondlarını idarə edir; bu fondlardan sakinlərə şəxsi tikinti üçün torpaq sahələrini ayırır; torpaq istifadəsinə dair qanunvericiliyə əməl olunması üzərində nəzarəti həyata keçirir.”
Bu sənədin 2-ci bəndinin 19-cu yarımbəndində nəzərdə tutulur ki,
“İctimai qaydanın və sakinlərin hüquqlarının təmin edilməsi sahəsində Zəhmətkeş Deputatlarının Kənd Sovetləri:
...
e) kolxozlarda ailələrin əmlakının bölünməsinin (kəndli təsərrüfatların) mülkiyyətinin qeydiyyatını aparır.”
B. Azərbaycan Respublikasının qanunvericiliyi
1. “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” 1991-ci il Qərarı
83. 1991-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Ali Soveti “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərar qəbul etmişdir. Bu qərarda, inter alia, Azərbaycanı tərk edən ermənilərlə Ermənistandan, Dağlıq Qarabağdan və ətrafdakı rayonlardan gələn azərbaycanlılar arasında evlərin dəyişdirilməsi təcrübəsi əks etdirilir.
8-ci bənd
“Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar.
Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər.
1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın.
Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin.”
84. 1991-ci il Qərarı hal-hazırda qüvvədədir. Bu qərardan başqa, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı tərk etmiş ermənilərin qoyduğu əmlakla bağlı heç bir qanun qəbul edilməmişdir. Buna görə, qərar şamil edilmədiyi əmlak növü üçün aşağıdakı abzaslarda izah edilən mülkiyyətə dair müddəalar tətbiq edilir.
85. Müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasında 1991-ci il noyabrın 9-da birinci dəfə torpağı xüsusi mülkiyyət obyekti kimi göstərmiş, mülkiyyət haqqında qanunvericilik qəbul edilmişdir. Eyni zamanda, vətəndaşlara ayrılan torpaq sahələrinin özəlləşdirilməsinə dair təfərrüatlı qaydalar daha sonra, “Torpaq islahatı haqqında” 1996-cı il qanunu ilə müəyyən edilmişdir.
2. “Mülkiyyət haqqında” 1991-ci il qanunu
86. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” qanun 1991-ci il dekabrın 1-də qüvvəyə minmişdir. Qanunda, inter alia, aşağıdakılar nəzərdə tutulur:
Maddə 21. Vətəndaşın mülkiyyət hüququnun obyektləri
“1. Vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər:
– torpaq sahələri;
– yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;
– pul vəsaiti;
– səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar;
– kütləvi informasiya vasitələri;
– mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri;
– dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlak.
...
5. Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bumları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.”
3. 1992-ci il Torpaq Məcəlləsi
87. 1992-ci il yanvarın 31-də qüvvəyə minmiş yeni Torpaq Məcəlləsində aşağıdakı müddəalar əks etdirilir:
Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət
“Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir:
1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün – həmin ərazidə daimi yaşayanlara;
2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün;
3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün;
4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün;
5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər.”
Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri
“Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir.
Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.
Xarici vətəndaşların, habelə xarici hüquqi şəxslərin mülkiyyətinə, həmçinin irsən keçən ömürlük sahibliyinə torpaq sahəsi verilmir.
Keçmiş mülkiyyətçilərə və onların vərəsələrinə torpaq sahələri qaytarılmır. Onlar torpaq sahələrini mülkiyyətə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar üzrə ala bilərlər.”
Maddə 23. Torpaq sahələrinin verilməsi
“Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir.
Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır.”
Maddə 30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər
“Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir.
Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”
4. 1995-ci il Konstitusiyası
88. 1995-ci il Konstitusiyasında mülkiyyət hüququ qorunaraq dövlət orqanları və vəzifəli şəxslərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş hər hansı ziyana görə dövlətin cavabdehliyi müəyyən edilir.
Konstitusiyanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 29
“I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Dövlət vərəsəlik hüququna təminat verir.”
Maddə 68
“I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.”
5. Mülki Məcəllə
89. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları:
Maddə 8. Digər müttəfiq respublikaların mülki qanunvericiliyinin
Azərbaycan SSR-də tətbiqi
“Digər müttəfiq respublikaların mülki qanunvericiliyi Azərbaycan SSR-də aşağıdakı qaydalara əsasən tətbiq edilir:
1) mülkiyyət hüququndan irəli gələn münasibətlərə əmlakın olduğu yerin qanunu tətbiq edilir.
...
4) ziyan vurmaqdan əmələ gələn öhdəçiliklərə mübahisənin baxıldığı yerin qanunu, zərər çəkən şəxsin vəsatəti üzrə isə, ziyan vurulan yerin qanunu tətbiq edilir; ...”
Maddə 142. Başqasının qanunsuz sahib olduğu əmlakın
mülkiyyətçi tərəfindən tələb edilməsi
“Mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.”
Maddə 144. Qanunsuz özgəninkiləşdirilmiş dövlət, kooperativ
və sair ictimai əmlakın tələb edilməsi
“Hər hansı bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı, habelə kolxozların, sair kooperativ təşkilatlarının və digər ictimai təşkilatların əmlakı müvafiq təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər.”
Maddə 146. Şeylərin qanunsuz sahiblikdən qaytarılmasında hesablaşmalar
“Mülkiyyətçi, başqasının qanunsuz sahibləndiyi əmlakı tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlak onda olduğu zaman onun əldə etdiyi və ya əldə edə biləcəyi bütün gəlirləri tələb edə bilər; əmlaka vicdanlı sahibdən isə, onun əmlaka sahib olmasının qanunauyğun olmadığını bildiyi və ya bilməli olduğu vaxtdan və ya mülkiyyətçinin əmlakı qaytarılmağa dair iddiası üzrə çağırış vərəqəsi aldığı vaxtdan sonra əldə etdiyi və ya əldə etməli olduğu gəlirləri tələb etməyə haqlıdır. Əmlaka vicdanlı və ya vicdansız sahib olan isə, öz növbəsində əmlakdan əldə edilmiş gəlirin mülkiyyətçiyə çatası vaxtdan sonra, əmlaka sərf etdiyi lazımi xərclərin əvəzini ödəməyi mülkiyyətçidən tələb etməyə haqlıdır.”
Maddə 147. Mülkiyyətçinin hüquqlarının sahiblikdən məhrum
edilməklə əlaqədar olmayan pozğunluqlardan müdafiəsi
“Pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər.”
Maddə 148. Sahiblik edən, lakin mülkiyyətçi olmayanın hüquqlarının müdafiəsi
“Bu Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur.”
Maddə 571-3. Mülkiyyət hüququna tətbiq edilən qanun
“Əşya üzərində mülkiyyət hüququ həmin əşyanın olduğu ölkənin qanunu ilə müəyyən edilir.
Əşya üzərində mülkiyyət hüququnun əmələ gəlməsi və xitam edilməsi SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışsa, əşya üzərində mülkiyyət hüququnun əmələ gəlməsi və xitam edilməsi üçün əsas olan hərəkəti və ya digər vəziyyətin baş verdiyi vaxt bu əşyanın olduğu ölkənin qanunu ilə müəyyən edilir.”
Maddə 571-4. Ziyan vurma nəticəsində əmələ gələn öhdəçiliklərə
tətbiq edilən qanun
“Ziyan vurma nəticəsində əmələ gələn öhdəçiliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələb irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin qanunu ilə müəyyən edilir.”
90. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin müddəaları:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
“21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların
vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət
“Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.”
6. Mülki-Prosessual Məcəllə
91. 2000-ci il iyunun 1-dək qüvvədə olmuş Mülki-Prosessual Məcəllənin müddəaları:
Maddə 118. İddianın cavabdehin olduğu yerə görə verilməsi
“İddia cavabdehin yaşadığı yerin məhkəməsinə verilir.
Hüquqi şəxsə iddia, hüquqi şəxsin orqanının və ya əmlakının olduğu yerə görə verilir.”
Maddə 119. İddiaçının seçməsinə görə aidiyyət
“...Vətəndaşın və ya hüquqi şəxsin əmlakına vurulan ziyanın ödənilməsi haqqında iddialar ziyan vurma yerinə görə də verilə bilər.”
92. 2000-ci il iyunun 1-dən qüvvədə olan Mülki-Prosessual Məcəllənin müddəaları:
Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik
“8.1 Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
8.2 Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.”
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər
“307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
307.2 Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
...
307.2.6 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının ...”
Maddə 309. Ərizənin verilməsi
“309.1 Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
309.2 Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.”
Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti
“443.0 Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: ...
443.0.6 əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə.”
IV. CAVABDEH HÖKUMƏTİN KONVENSİYAYA TƏRƏFDAR ÇIXMASI ZAMANI VERDİYİ BƏYANAT
93. Azərbaycan Respublikasının 2002-ci il aprelin 15-də verilmiş ratifikasiya sənədində aşağıdakı məzmunda bəyanat verilmişdir:
“Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.”
V. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
94. 1907-ci il oktyabrın 18-də Haaqada qəbul edilmiş “Quruda müharibənin qanunları və adətlərinə dair Nizamnamə”nin (bundan sonra – “1907-ci il Haaqa Nizamnaməsi”) 42-ci maddəsində hərbi işğal aşağıdakı qaydada müəyyən edilir:
“Ərazi düşmən ordusunun hakimiyyəti altında həqiqətən olduqda işğal edilmiş hesab edilir. İşğal yalnız belə hakimiyyətin yaradıldığı və yerinə yetirildiyi əraziyə şamil olunur.”
Bununla da, 1907-ci il Haaqa Nizamnaməsinin mənasında dövlət düşmən dövlətin ərazisi, yaxud ərazisinin bir hissəsi üzərində həqiqi hakimiyyəti yerinə yetirdikdə işğal mövcuddur[1]. Həqiqi hakimiyyət tələbi geniş surətdə təsirli nəzarət tələbi ilə sinonim hesab edilir.
Aşağıdakı əsaslar göstərilə bildikdə ərazidə, yaxud ərazinin bir hissəsində hərbi işğalın mövcud olması qəbul edilir: hakimiyyət sahibinin razılığı olmadan təsirli nəzarəti həyata keçirmək iqtidarında olan xarici qoşunların mövcudluğu. Geniş yayılmış ekspert rəyinə görə, xarici qoşunların fiziki mövcudluğu işğalın sine qua non tələbidir [2], yəni “çəkmələr yerdə” olmadan işğal inanılan deyil, dənizdən və ya havadan mühasirə vasitəsilə havadan və ya dənizdən nəzarət edən qüvvələrin olması isə kifayət deyil[3].
95. Beynəlxalq humanitar hüququn müddəalarında ev və mülkiyyətdən istifadə etmək imkanının qarşısının alınması məsələsi dəqiq əks etdirilmir. Eyni zamanda, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının (№ 4) (“Dördüncü Cenevrə Konvensiyası”) 49-cu maddəsində işğal edilmiş ərazilərə və ya belə ərazilərdən məcburi köçürmə məsələləri nizamlanır. Orada aşağıdakılar nəzərdə tutulur:
“Deportasiyalar, köçürmələr, təxliyələr Səbəblərindən asılı olmayaraq, himayədə olan şəxslərin işğal edilmiş ərazidən İşğalçı Dövlətin ərazisinə və ya işğal edilib-edilməməsinə baxmayaraq hər hansı digər dövlətin ərazisinə fərdi və ya kütləvi surətdə köçürülməsi, habelə deportasiya edilməsi qadağandır.
Bununla belə, əhalinin təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı Dövlət müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata keçirə bilər. Belə təxliyələr zamanı himayədə olan şəxslər yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər, lakin bunun praktik cəhətdən mümkün olmadığı hallar istisna təşkil edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş əməliyyatları başa çatan kimi öz evlərinə qaytarılmalıdırlar.
İşğalçı Dövlət bu cür köçürmələri və ya təxliyələri həyata keçirərkən mümkün dərəcədə təmin etməlidir ki, himayədə olan şəxslərə lazımi qalmaq yerləri verilsin və bu yerdəyişmələr gigiyena, sağlamlıq, təhlükəsizlik və qida baxımından qənaətbəxş şəraitdə həyata keçirilsin və eyni ailənin üzvləri ayrı salınmasın. Bu köçürmələr və ya təxliyələr həyata keçirilən kimi onların barəsində Himayəçi Dövlətə məlumat verilməlidir.
Əhalinin təhlükəsizliyinin və ya əsaslı hərbi mülahizələrin tələb etdiyi hallar istisna olmaqla, işğalçı Dövlət himayədə olan şəxsləri müharibə təhlükəsinə xüsusilə məruz qalan ərazidə saxlaya bilməz.
İşğalçı Dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz.”
Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsi işğal edilmiş ərazilərdə tətbiq olunsa da, münaqişə tərəfinin ərazisində məcburi köçürmə ilə bağlı xüsusi müddəalar mövcud deyil. Buna baxmayaraq, məcburi köçkünlərin “onların köçürülməsi səbəbləri aradan qalxdıqda öz evlərinə və ya daimi yaşayış yerlərinə könüllü olaraq qayıtmaq” hüququ hər hansı növ əraziyə münasibətdə tətbiq olunan beynəlxalq adət hüququnun norması sayılır (bax: Rule 132 of the ICRC Study on Customary International Humanitarian Law[4]).
VI. BMT VƏ AVROPA ŞURASININ MÜVAFİQ MATERİALLARI
A. BMT-nin materialları
96. “Qaçqın və Məcburi Köçkünlərin Yaşayış Yeri və Əmlakının Restitusiyasına dair Prinsiplər” (Commission on Human Rights, Sub-Commission on the Promotion and Protection of Human Rights, 28 June 2005, E/CN.4/Sub.2/2005/17, Annex) məsələ ilə bağlı ən hərtərəfli standartları təşkil edir. Onlar həmçinin Pinheiro prinsipləri kimi tanınır. Mövcud beynəlxalq insan hüquqları və humanitar hüquqda əsasını tapmış həmin prinsiplərin məqsədi – dövlətlər, BMT agentlikləri və daha geniş beynəlxalq ictimaiyyət üçün yaşayış yeri və əmlakın restitusiyası ilə bağlı mürəkkəb hüquqi və texniki məsələlərin həll edilməsinə dair beynəlxalq standartları müəyyən etməkdir.
Onlarda, inter alia, aşağıdakıları nəzərdə tutulur:
2. Yaşayış yeri və əmlakın restitusiyası hüququ
“2.1 Dünyada mövcud olan bütün qaçqın və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası hüququna malikdirlər. Bu mümkün olmayan hallarda isə müstəqil və tərəfsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.
2.2 Dövlətlər məcburi köçkünlüyün başa çatdırılması və ədalətli sülhə nail olunması istiqamətində restitusiyanı prioritet alət hesab etməlidirlər. Restitusiya hüququ bütün digər hüquqlardan fərqlidir və qaçqın və məcburi köçkünlərin geri qayıdıb, qayıtmamasından asılı olmayaraq onların yaşayış yeri, torpaq və əmlaka olan hüquqlarını təsdiq və təmin edir.”
3. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ
“3.1 Heç bir şəxs irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidəsi, milli və ya sosial mənşəyi, doğum və ya digər statusuna görə ayrı seçkiliyə məruz qala bilməz.
3.2 Dövlətlər yuxarıda göstərilmiş əsaslarla, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı mövcud olan ayrı-seçkiliyin de fakto və de jure qadağan edilməsi istiqamətində tədbirlər görməlidirlər. Bütün insanlar qanun qarşısında bərabər hesab edilmlidirlər.”
12. Milli təsisatlar, mexanizm və prosedurlar
“12.1 Dövlətlər yaşayış yeri, torpaq və əmlakın restitusiyasına dair iddiaların təmin olunması məqsədilə, bərabər, vaxtında, müstəqil, şəffaf və ayrı-seçkiliyi qadağan edən prosedurlar, təsisat və mexanizmlər yaratmalıdırlar. ...
...
12.5 Dövlətlər bu proseslərə mübahisələrin həlli üzrə alternativ və ya qeyri-formal mexanizmləri inteqrasiya edə bilər. Bununla belə, bu mexanizmlər beynəlxalq insan hüquqları, qaçqın hüququ və humanitar hüququn tələblərinə, o cümlədən ayrı-seçkiliyin qadağan olunması tələbinə cavab verməlidir.
12.6 Qanunun aliliyi pozulduğu hallarda, dövlətlər yaşayış yeri, torpaq və əmlakın restitusiyası ilə bağlı iddiaların ədalətli və vaxtında təmin edilməsi üçün müvafiq beynəlxalq təşkilatlara müraciət edə bilərlər. ...”
13. Restitusiya iddiasi ilə bağlı prosedurlar
“13.1 Özbaşına və qeyri-qanuni olaraq öz yaşayış yeri, torpağı və əmlakından məhrum edilmiş hər bir şəxsin restitusiya və ya kompensasiya iddiası ilə neytral və müstəqil quruma müraciət etmək hüququ vardır. Dövlətlər restitusiya iddiasının təqdim edilməsi ilə bağlı heç bir ilkin şərt müəyyən edə bilməzlər.
...
13.5 Dövlətlər potensial iddiaçıların olduğu bütün ərazilərdə restitusiya iddialarının qəbul edilməsi üzrə mərkəzlər və ofislər yaratmalıdırlar. Təsirə məruz qalmış ərazilərdə iddiaların verilməsi işini asanlaşdırmaq məqsədilə, vasitəçilər təyin edilməli və ya şəxslərin birbaşa olaraq öz iddialarını təqdim etmək imkanları olmalıdır. ...
...
13.7 Restitusiya iddası formaları sadə, başa düşülən və təsirə məruz qalmış qrupların dilində hazırlanmalı və təqdim edilməlidir. ...
...
13.11 Restitusiya iddiaları ilə çıxış edən şəxslərə dövlətlər tərəfindən pulsuz hüquqi yardım təqdim edilməlidir. ...
...”
15. Yaşayış yeri, torpaq və mülkiyyətin qeydiyyatı və sənədləşdirilməsi
“...
15.7 Kütləvi məcburi köçkünlük hallarında, sənədlərin nümayişi mümkün olmadığı hallarda, dövlətlər məcburi köçkünlərin sənədlərə çıxışının məhdud olmasını nəzərə alaraq, onların mənşə yerlərində yaşayış yeri, torpaq və mülkyyət hüquqlarını tanıya və restitusiya ilə bağlı iddiaları kütləvi halda qəbul edə bilər. Bu halda, inzibati və məhkəmə hakimiyyəti orqanları sənədləri olmayan iddialara dair qərarlar çıxara bilər.
...”
21. Kompensasiya
“21.1 Bütün qaçqın və məcburi köçkünlərin restitusiya prosesinin tərkib hissəsi olaraq, səmərəli kompensasiya almaq hüququ vardır. Kompensasiya pul və ya digər formada ola bilər. Dövlətlər bərpaedici ədalətin komponenti olaraq, kompensasiyanın yalnız restitusiya iddiasının təmin olunması mümkün olmadığı hallarda ödənilməsini icra edə bilərlər. Bu zaman qaçqın və məcburi köçkün könüllü olaraq kompensasiyanın alınmasını qəbul edə bilərlər.
...”
B. Avropa Şurasının materialları
97. Avropa Şurasının orqanları məcburi köçkünlərin və qaçqınların əmlak restitusiyası məsələsini nəzərdən keçirmişdir. Hazırkı işin kontekstində aşağıdakı qətnamələr və tövsiyələr xüsusi əhəmiyyət kəsb edir:
1. “Qaçqınların və məcburi köçkünlərin əmlak məsələlərinin həll edilməsi”, Parlament Assambleyasının (PA) 1708(2010) saylı Qətnaməsi
98. Parlament Assambleyası qeyd etmişdir ki, Avropa Şurasının üzv dövlətlərində, xüsusilə Şimali və Cənubi Qafqazda, Balkan ölkələrində şərqi Aralıq Dəniz bölgəsində 2,5 milyon qaçqın və məcburi köçkün öz yurdlarından köçürülmüş, belə köçürmə nəticəsində isə müvafiq şəxslər 1990-cı və əvvəlki illərdən bəri öz evlərinə və torpaqlarına qayıtmaq imkanından məhrumdurlar (2-ci abzas). Burada restitusiyanın vacibliyi vurğulanmışdır:
“3. Tərk edilmiş əmlakın dağıdılması, zəbt edilməsi və ya müsadirəsi müvafiq şəxslərin hüquqlarını pozur, köçürməni əbədiləşdirir, barışmanı və sülhün yaradılmasını mürəkkəbləşdirir. Buna görə, əmlakın restitusiyası, yəni köçürülmüş keçmiş sakinlərin xeyrinə hüquqların və fiziki sahibliyin bərpa edilməsi, yaxud kompensasiya şəxsi hüququn və qanun aliliyinin bərpası üçün zəruri olan ödəmə formalarıdır.
4. Parlament Assambleyası hesab edir ki, restitusiya yaşayış yeri, torpaq və əmlakdan istifadə etməkdən və onlar üzərində hüquqlardan məhrum etməyə optimal cavabdır, çünki digər ödəmə formaları sırasında bu, köçürülmənin üç “davamlı həlli”, yəni öz evinə təhlükəsiz və ləyaqətlə qayıtma, yaxud köçürüldüyü yerdə inteqrasiya olunma, yaxud ölkə daxilində və ya xaricdə başqa yerdə məskunlaşma arasında seçmək imkanı yaradır.”
Parlament Assambleyası həmçinin Avropa Şurasının insan hüquqları instrumentlərinə, xüsusilə İnsan hüquqlarına dair Avropa konvensiyasına, Avropa Sosial Xartiyasına və Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına, habelə BMT-nin Pinheiro prinsiplərinə istinad etmiş, üzv dövlətləri aşağıdakı tədbirləri həyata keçirməyə dəvət etmişdir:
“9. Yuxarıdakıları nəzərə alaraq Assambleya üzv dövlətləri Pinheiro prinsipləri, Avropa Şurasının müvafiq instrumentləri və Nazirlər Komitəsinin Rec (2006)6 saylı Tövsiyəsi nəzərə alınaraq qaçqınların və məcburi köçkünlərin münaqişə-sonrakı yaşayış yeri, torpaq və əmlak problemlərini həll etməyə çağırır.
10. Bu müvafiq beynəlxalq standartlar və Avropada bu günədək yerinə yetirilmiş əmlak məsələlərinin həll edilməsinə və kompensasiyaya dair proqramlar nəzərə alınaraq üzv dövlətlər aşağıdakıları etməyə dəvət olunur:
10.1. silahlı münaqişənin həll olunması və ya müəyyən ərazinin statusu ilə bağlı danışıqların gedişindən asılı olmayaraq, qaçqınlar və məcburi köçkünlər tərəfindən tərk edilmiş yaşayış yeri, torpaq və əmlakdan istifadə etmək imkanının və onlara hüquqların itirilməsinə görə vaxtında və səmərəli ödəmənin təmin edilməsi;
10.2. bu cür ödəmənin qaçqınların və məcburi köçkünlərin mülkiyyət hüququnun təsdiq olunması və onların bu əmlakdan təhlükəsiz istifadəsi və ona sahib olması formasında baş verməsinin təmin edilməsi. Restitusiya mümkün olmadıqda, əvvəlki mülkiyyət hüququnun təsdiq edilməsi və bazar qiymətinə uyğun pul vəsaitin və əşyaların verilməsi, yaxud digər formada ədalətli qaydada əvəzin ödənilməsi yolu ilə münasib kompensasiya ödənilməlidir;
10.3 köçürülmədən qabaq öz hüquqlarını rəsmi qaydada təsdiq edə bilməmiş, lakin əmlakdan istifadəsi dövlət orqanları tərəfindən faktiki olaraq tanınmış qaçqınlar və məcburi köçkünlər üçün hüquqi müdafiə vasitələrindən və itkilərin əvəzinin ödənilməsindən eyni və səmərəli surətdə istifadə etmək imkanının təmin edilməsi. Bu, müvafiq şəxslərin sosial baxımdan zəif olması və ya azlıq təşkil edən qruplara aid olması hallarında xüsusi əhəmiyyət kəsb edir;
...
10.5 öz evlərini tərk etməyə məcbur edilmiş, yaşayış və icarə hüququna malik olanların yaşayış yerində olmamasının təhlükəsiz və ləyaqətli qaydada könüllü olaraq qayıtmağa imkan verən şərait bərpa edilənədək üzrlü hesab olunmasının təmin edilməsi;
10.6 ödəməni tələb etmək üçün tez, əlverişli və səmərəli prosedurların nəzərdə tutulması. Köçürmə və əmlakdan məhrum etmə sistematik surətdə baş verdiyi hallarda tələbləri öyrənmək üçün xüsusi arbitraj orqanları təsis edilməlidir. Bu orqanlar sübut etməyə dair sərbəst standartları və asan prosedurları ehtiva edən tezləşdirilmiş prosedurları tətbiq etməlidir. Köçürülmüş şəxslərin yaşayışı və dolanışığı ilə bağlı olan əmlakın bütün növləri, o cümlədən evlər, kənd təsərrüfatı üçün torpaq sahələri və kommersiya obyektləri onların səlahiyyətlərinə aid edilməlidir;
10.7 arbitraj orqanlarının üzvlüyünə əcnəbilərin daxil olmasına yol verən onların tərkibinə dair münasib qaydaların qəbul edilməsi daxil olmaqla bu orqanların müstəqilliyinin, qərəzsizliyinin və səriştəliliyinin təmin edilməsi. ...”
2. “Ermənistanda, Azərbaycanda və Gürcüstanda qaçqınlar və məcburi köçkünlər”, PA-nın 1497 (2006) saylı Qətnaməsi
99. Bu qətnamədə Parlament Assambleyası Ermənistanı, Azərbaycanı və Gürcüstanı aşağıdakıları etməyə çağırmışdır:
“12.1. qaçqınların və məcburi köçkünlərin öz mənşə yerlərinə təhlükəsiz və ləyaqətlə könüllü olaraq qayıtması üçün şəraiti yaratmaq məqsədilə bütün səylərini bölgədə münaqişələrin dinc yolla həllinə yönəltmək;
...
12.4. köçürülmüş şəxslərin qayıtması məsələsini prioritet kimi müəyyən etmək və münaqişələrin hətta tam həllinə nail olanadək bu şəxslərin təhlükəsiz qayıtmasını mümkün etmək üçün danışıqlarda bütün imkanlardan istifadə etmək;
...
12.15. itkin düşmüş şəxslərin taleyinin araşdırılması ilə bağlı praktiki əməkdaşlığı inkişaf etdirmək və, xüsusilə oxşar problemlərin Balkan bölgəsində həll edilməsi təcrübəsindən istifadə etməklə şəxsiyyəti təsdiq edən sənədlərin qaytarılmasına və əmlakın restitusiyasına kömək etmək.”
3. Məcburi köçkünlər barədə Nazirlər komitəsinin Rec(2006)6 saylı Tövsiyəsi
100. Nazirlər Komitəsi aşağıdakıları tövsiyə etmişdir:
“8. İnsan hüquqları hüququna uyğun olaraq məcburi köçkünlərin mülkiyyət hüququ vardır. Xüsusilə, məcburi köçkünlərin köçürülmə nəticəsində tərk edilmiş əmlaka yenidən sahib çıxmaq hüququ vardır. Məcburi köçkünlər öz əmlakından məhrum edildikdə, bu cür məhrum etmə münasib kompensasiyaya səbəb olur.”
HÜQUQ
I. GİRİŞ
101. Ərizəçi 2009-cu ildə vəfat etmişdir. Hazırkı işin qəbuedilənliyi barədə qərardadda Məhkəmə qeyd etmişdir ki, onun arvadı Lena Sarqsyan və uşaqları Vladimir, Tsovinar və Nina Sarqsyan Məhkəmədə prosesi davam etdirmək niyyətlərini bildirmiş və bunun üçün icazə almışlar (Sarqsyan Azərbaycana qarşı [BP] (qərardad), 40167/06 nömrəli ərizə, §§ 1 və 51, 14 dekabr 2011-ci il).
102. Sonradan ərizəçinin nümayəndəsi bildirmişdir ki, Nina Sarqsyan ərizəni davam etdirmək arzusunda deyildi. Ərizəçinin arvadı Lena Sarqsyan 2014-cü ilin yanvarında vəfat etmişdir. Ərizəçinin oğlu Vladimir və qızı Tsovinar Sarqsyan Məhkəmədə prosesi davam etdirmək niyyətindədir. Məhkəmə onların bu hüquqa malik olduğu barədə artıq qərara gəlmişdir və bu mövqedən kənarlaşmaq üçün səbəb görmür.
103. Bundan başqa, Məhkəmə təkrar edir ki, hazırkı işdə ərizənin qəbuledilənliyi barədə 2011-ci il 14 dekabr tarixli qərardadda Hökumətin irəli sürdüyü aşağıdakı etirazlar rədd edilmişdir: ratifikasiya sənədi ilə verilmiş Hökumətin bəyanatı əsasında etiraz, Məhkəmənin yurisdiksiyaya ratione temporis malik olmadığı və altı ay müddəti qaydasına əməl olunmadığı barədə etirazlar (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), §§ 71, 92 və 147). Hökumətin irəli sürdüyü aşağıdakı etirazlar ərizənin mahiyyəti üzrə baxılması mərhələsinə saxlanılmışdır: birincisi, cavabdeh Hökumətin yurisdiksiyası və məsuliyyətinin olmaması, ikincisi, ərizəçinin qohumlarının qəbirlərinə dair şikayəti ilə bağlı onun zərərçəkmiş olmaması və, üçüncüsü, daxili hüquqi müdafiə vasitələrinin tükəndirməsi ilə bağlı etirazlar (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), §§ 76, 99 və 111).
104. Məhkəmə daxili hüquqi müdafiə vasitələrinin tükəndirməsi və cavabdeh Hökumətin yurisdiksiyası və məsuliyyətinin olmaması məsələlərinə ayrıca baxılmasını, ərizəçinin qohumlarının qəbirlərinə dair şikayəti ilə bağlı onun zərərçəkmiş olmaması barədə Hökumətin etirazına isə Konvensiyanın 8-ci maddəsinin pozulması barədə iddiaya baxılmasını məqsədəuyğun hesab edir.
II. DÖVLƏTDAXİLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏNDİRİLMƏSİ
105. Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsində aşağıdakılar nəzərdə tutulur:
“Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.”
A. Tərəflərin ifadələri
1. Ərizəçi
106. Ərizəçi ondan dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirilməsi tələb edilmədiyini göstərmək üçün üç əsas dəlili irəli sürmüşdür.
107. Birincisi, o, iddia etmişdir ki, Azərbaycan qanunvericiliyinə əsasən təcrübədə mümkün və kifayət olan səmərəli hüquq müdafiə vasitələri olmamışdır. O, xüsusən bildirmişdir ki, hökumət belə vasitələrin mövcudluğunu təsdiq edən sübutları təqdim etməmişdir. Ermənilərin Azərbaycan məhkəmələrinə qaldırılması iddia edilən mülki işlərlə bağlı hər hansı məlumat hökumət tərəfindən təqdim edilməmişdir. Fərdi qaydada istinad edilən işlər miras ilə bağlı olmuş və ərizəçinin vəziyyətində olan şəxsə bilavasitə aid olmamışdır. Qısa olaraq, hökumət ərizəçinin vəziyyəti ilə müqayisə oluna biləcək hallarda erməni iddiaçı tərəfindən təzminat almasının misalı gətirə bilməmişdir. Bundan əlavə ərizəçi iddia etmişdir ki, Məhkəmə qarşısında prosesdə hökumətin tutduğu mövqe ərizəçinin Azərbaycan məhkəmələrinə verə bildiyi hər hansı iddianın necə nəticələnəcəyini göstərir. Hökumətə görə, müvafiq dövlət orqanları ərizəçinin Gülüstanda əmlakının olması və ya orada yaşamasını göstərən hər hansı sənədlərə malik deyillər. Buna görə, Azərbaycanda dövlətdaxili prosedurlara müraciət etmənin perspektivi yoxdur.
108. Müqayisə üçün ərizəçi Məhkəmənin beynəlxalq münaqişə kontekstində əmlakın və evin itirilməsinə görə təzminatı təmin etmək üçün nəzərdə tutulmuş hüquq müdafiə vasitəsinin səmərəliliyinin qiymətləndirilməsinə dair meyarları inkişaf etdirdiyi Demopoulos and Others v. Turkey [BP] (qərardad) (№ 46113/99, 3843/02, 13751/02, 13466/03, 10200/04, 14163/04, 19993/04 və 21819/04, ECHR 2010) işi üzrə qərarına istinad etmişdir. Hökumətin göstərdiyi hüquq müdafiə vasitələri bu meyarlardan heç birinə cavab vermir.
109. İkincisi, ərizəçi bildirmişdir ki, mövcud hüquq müdafiə vasitələrini istifadə etmək cəhdini mənasız edəcək, Konvensyaya zidd olan əməllərin təkrarən törədimənin və dövlət orqanlarının buna dözülməsini təşkil edən inzibati təcrübənin mövcud olmasına görə hazırkı işdə tükəndirmə qaydası tətbiq edilə bilməz. BMT-nin müxtəlif orqanlarının, o cümlədən İnsan Hüquqları Komitəsinin və İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitənin sənədlərinə istinad edərək ərizəçi bildirmişdir ki, adətən qaçqınlar və ya məcburi köçkünlər tərəfindən zəbt edilmiş, ermənilərin qoyduğu əmlakı qorumağa və ya ona görə kompensasiya ödəməyə cavabdeh hökumətin siyasi iradəsi olmamışdır. Bundan əlavə, ermənilərə onların əmlakları ilə bağlı sənədlərin verilməməsi təcrübəsi mövcud olmuşdur. Belə təcrübələrin dəyişməsinə işarə edən hallar yoxdur. Ərizəçi həmçinin Azərbaycanda hər hansı məhkəmə işinin aparılması ilə bağlı praktiki çətinliklərə diqqət yetirmişdir. Ermənistanla Azərbaycan arasında sərhədlər bağlıdır. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin olmadığına görə, erməni qaçqınlar və ya Ermənistan vətəndaşları yalnız qonşu ölkələrdəki konsul xidmətləri vasitəsilə viza ala bilərlər. Vizalar yalnız beynəlxalq təşkilatların təşkil etdiyi rəsmi səfərlər və ya diplomatik missiyalar kontekstində verilmişdir. İki ölkə arasında poçt xidməti həmçinin işləmir.
110. Nəhayət, ərizəçi iddia etmişdir ki, o, hər halda şəxsi vəziyyətinə görə hər hansı hüquq müdafiə vasitələrindən istifadə etmək vəzifəsindən azad olmuşdur. 1992-ci ildə Gülüstandan çıxaraq o, bütün əmlakını, evini və gəlir mənbələrini itirmiş və buna görə təhlükə və zəiflik vəziyyətində qalmışdır. Bundan əlavə, 2004-cü ildən o, ciddi xəstə olmuşdur.
2. Cavabdeh Hökumət
111. Cavabdeh hökumət bildirmişdir ki, Gülüstanda olmadığı kimi, Azərbaycan Respublikasının ərazisinə səmərəli nəzarət etdiyi üçün səmərəli hüquq mürafiə vasitələri mövcuddur. İlk növbədə 1995-ci il Konstitusiyasının 29-cu maddəsində mülkiyyət hüququ təmin edilmişdir. Bundan əlavə, Konstitusiyanın 68-ci maddəsində dövlət orqanlarının, yaxud vəzifəli şəxslərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş hər hansı zərərə görə təzminatın ödənilməsinə dair dövlətin məsuliyyəti nəzərdə tutulmuşdur. Mülki Məcəllədə və Mülki-Prosessual Məcəlləsində, öz növbələrində, həm əmlakın sahibliyi, həm də ondan istifadə edilməsi qorunan ətraflı müddəalar əks etdirilir. Həm vətəndaşlar, həm də xaricilər üçün Azərbaycan ərazisində dəymiş hər hansı ziyan və ya zərər ilə əlaqədar olaraq Azərbaycan məhkəmələrinə iddia ilə müraciət etmək imkanı yaradan müvafiq prosedurlar mövcuddur ətraflı təsvir üçün bax, müvafiq qanunvericiliyə, yuxarıda 88-
92-ci abzaslar). Hökumət mövcud hüquq müdafiə vasitələrinin istifadəsini mənasız edə biləcək inzibati təcrübənin mövcud olması barədə dəlili mübahisə etmişdir.
112. Bu mövqeni müdafiə edərək Hökumət Ədliyyə Nazirliyinin ermənilər tərəfindən verilmiş iddialara dair statistik məlumatlarını təqdim etmişdir: misal üçün, 1991-2006-cı illərdə Bakının birinci instansiya məhkəmələri ermənilər tərəfindən verilmiş iddialar üzrə 243 mülki işə, o cümlədən mənzil mübahisələrinə aid 98 işə baxaraq qətnamələr çıxarmışlar. Bundan əlavə, hökumət miras mübahisələrinə aid iki iş üzrə qətnamələrin surətlərini təqdim etmişdir ki, apelyasiya məhkəmələri tərəfindən xaricdə yaşayan ermənilərin xeyrinə qərar verilmişdir. Məmmədova Ziba Sultan qızının Məmmədova Zoya Sergeyenvaya və Məmmədov Fərhad Tarif oğluna qarşı iş (Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2007-ci il 24 may tarixli qərarı) cavabdehlərin Amerika Birləşmiş Ştatlarında yaşayan, vəfat etmiş şəxsin erməni arvadı və oğlu olduğu miras qalmış əmlaka dair mübahisə ilə bağlı olmuşdur. Apellyasiya Məhkəməsi cavabdehlərin vicdansız vərəsə olması barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Sinyukova, Korovkova və Zaimkina işində (‘Çagaryan’, Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2007-ci il 7 noyabr tarixli qərarı) apelyasiya məhkəməsi qərara almışdır ki, Mingəçevir şəhərinin Dövlət Notariusu xaricdə yaşayan erməninin qızları olan üç iddiaçıya vərəsəlik haqqında şəhadətnaməni verməli idi, çünki onlar vərəsə ilə bağlı bəyanatı vaxtında vermişlər. Bu işlərin ərizəçinin işi ilə müqayisə oluna bilən vəziyyətlə bağlı olmadığını etiraf edərək Hökumət bildirmişdir ki, ermənilərin mülkiyyət və digər qorunan hüquqlar ilə bağlı iddialara Azərbaycan hüquq sistemində səmərəli surətdə baxıla bilər.
113. Buna görə, Hökumət belə nəticəyə gəlmişdir ki, səmərəli hüquqi müdafiə vasitələrin mövcud olması göstərilmişdir. Bu səbəbdən ərizəçi belə vasitələrin onun halında səmərəsiz olmasını nümayiş etdirlməlidir. Eyni zamanda, ərizəçi mövcud hüquqi müdafiə vasitələrindən istifadə etmədiyini etiraf etmiş və buna görə, iddia olunan hüquq pozuntularına qarşı zəruri müdafiə ilə Azərbaycan hüquq sistemi tərəfindən təmin olunmadığını iddia etmək haqqı olmamışdır..
3. Üçüncü tərəf qismində çıxış edən Ermənistan Hökuməti
114. Ermənistan hökuməti Azərbaycanda münaqişə zamanı qaçmış ermənilərin və ya erməni əsilli hər hansı digər şəxslərin Azərbaycana qayıtmasının və ya baş çəkməsinin qadağan edilməsinə dair inzibati təcrübənin olması barədə ərizəçinin mövqeyini dəstəkləmişdir.
B. Məhkəmənin mövqeyi
115. Məhkəmə bir daha təsdiq edir ki, Konvensiya ilə yaradılmış müdafiə mexanizmi ilk növbədə insan hüquqlarının təminatı üzrə milli sistemlərə köməkçi funksiyasını yerinə yetirir. Məhkəmə iştirakçı dövlətlərin Konvensiyaya əsasən öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etməklə məşğuldur. O, Konvensiyada təsbit edilmiş əsas hüquq və azadlıqların dövlət daxilində hörmət edilməsi və qorunmasını təmin etmək öhdəliyi olan iştirakçı dövlətlərin rolunu qəsb edə bilməz. Buna görə, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydası bu müdafiə sisteminin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Dövlətlər öz hüquq sistemi vasitəsilə məsələni həll etmək imkanında olmaqdan qabaq öz hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verməkdən azaddır və buna görə, dövlətə qarşı şikayətlə bağlı Məhkəmənin nəzarət yurisdiksiyasını hərəkətə gətirmək istəyənlər dövlətin hüquq sistemində nəzərdə tutulan hüquqi müdafiə vasitələrindən istifadə etməyə məcburdur (bax: müxtəlif qərarlar sırasında, Akdivar and Others v. Turkey, 16 September 1996, § 65, Reports of Judgments and Decisions 1996‑IV)). Məhkəmə olduqca birinci instansiya məhkəməsi olmadığını vurğulayır; əsas faktların müəyyən edilməsini və ya maliyyə kompensasiyasının hesablanmasını tələb edən çox sayda işləri həll etmək onun səlahiyyətində deyil və beynəlxalq məhkəmə qismində funksiyalarına uyğun gəlmir – bu məsələlər, prinsip etibarilə və səmərəli təcrübə baxımından dövlətin yurisdiksiyasına aiddir (bax: yuxarıda qeyd edilən Demopoulos and Others v. Turkey (dec.) [GC], nos. 46113/99, 3843/02, 13751/02, 13466/03, 10200/04, 14163/04, 19993/04 and 21819/04, § 69, ECHR 2010; və Niazi Kazali and Hakan Kazali v. Cyprus (dec.), no. 49247/08, § 132, 6 March 2012).
116. Məhkəmənin bir sıra qərarlarında dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsinə dair ümumi prinsiplər müəyyən edilmişdir. Akdivar and Others qərarında (yuxarıda qeyd edilən) aşağıdakılar müəyyən edilmişdir (mötərizələrdə digər işlərə istinadlar silinib):
“65. Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsində göstərilən dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi qaydasına görə, dövlətə qarşı öz işini beynəlxalq məhkəmə və ya arbitraj orqanının qarşısına çıxarmaq istəyənlər ilk növbədə dövlətin hüquq sistemində nəzərdə tutulan hüquqi müdafiə vasitələrindən istifadə etməyə məcburdur. Nəticə etibarilə, öz hüquq sistemi vasitəsilə məsələni həll etmək imkanında olmaqdan qabaq öz hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verməkdən azaddır. Bu qayda böyük oxşarlığı olduğu Konvensiyanın 13-cü maddəsində əks etdirilmiş belə fikrə əsaslanır ki, Konvensiya müddəalarının milli qanunvericiliyə inkorporasiyası olub-olmadığından asılı olmayaraq, iddia edilən pozuntu ilə bağlı dövlətdaxili sistemdə səmərəli hüquqi müdafiə vasitəsi mövcuddur. Bununla da, bu, Konvensiya ilə yaradılmış mexanizmin insan hüquqlarının təminatı üzrə milli sistemlərə köməkçi olması barədə prinsipin vacib aspektidir (...).
66. 35-ci maddəyə müvafiq olaraq, ərizəçi iddia edilən pozuntularla bağlı əvəzini ödəmək üçün mövcud və kifayət olan hüquqi müdafiə vasitələrinə müraciət etməlidir. Müvafiq hüquqi müdafiə vasitələrinin mövcudluğu nəinki nəzəriyyədə, həmçinin təcrübədə kifayət qədər yəqin olmalı, əks təqdirdə isə onlar tələb edildiyi kimi, mümkün və səmərəli olmayacaq (...).
35-ci maddədə həmçinin tələb edilir ki, sonradan Strasburqa göndərilməsi ehtimal olunan şikayətlər heç olmazsa mahiyyət etibarilə və qanunvericilikdə təsbit edilmiş formal tələblərə və müddətlərə uyğun qaydada müvafiq yerli orqana təqdim edilməli, həmçinin Konvensiyanın pozulmasının qarşısını ala biləcək hər bir prosessual vasitələrdən istifadə edilməlidir (...).
67. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, qeyri-münasib və ya səmərəsiz olan hüquqi müdafiə vasitələrinə müraciət etmək öhdəliyi yoxdur. Bundan əlavə, “beynəlxalq hüququn hamılıqla tanınmış normalarına” müvafiq olaraq, ərizəçini mümkün olan dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmək öhdəliyindən azad edən xüsusi hallar ola bilər (...). Həmçinin Konvensiyaya zidd hərəkətlərin təkrarlanmasından və dövlət orqanlarının rəsmi dözümlülüyündən ibarət inzibati təcrübənin mövcud olması, habelə onun öz xarakterinə görə prosesi mənasız və səmərəsiz etməsi göstərildikdə bu qayda tətbiq edilə bilməz (...).
68. Dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi sahəsində sübut etmə vəzifəsi bölüşdürülür. Hüquqi müdafiə vasitələrinin tükənmədiyini iddia edən dövlət Məhkəməni qane etməlidir ki, həmin vasitələr müvafiq vaxtda həm nəzəriyyədə, həm də təcrübədə mövcud olaraq səmərəli, yəni mümkün, ərizəçinin şikayətləri ilə bağlı əvəzi ödəmək iqtidarında olan və ağlabatan şəkildə perspektivli olmuşdur. Eyni zamanda, həmin sübut etmə vəzifəsi yerinə yetirildikdə, artıq ərizəçi göstərməlidir ki, Hökumətin qeyd etdiyi hüquqi müdafiə vasitəsindən əslində istifadə edilmiş, yaxud işin xüsusi hallarında hər hansı səbəbdən o, qeyri-münasib və ya səmərəsiz olmuş və yaxud onu bu tələbə əməl etməkdən azad edən xüsusi şərait mövcud olmuşdur (...). Dövlətin nümayəndələri tərəfindən qeyri-qanuni hərəkətlərə yol verməsi və ya zərər yetirməsi barədə ciddi iddialar qarşısında dövlət orqanları tamamilə ətalətli olduqda, misal üçün araşdırma aparmadıqda və ya yardım göstərmədikdə belə səbəblərdən biri ortaya çıxır. Bu halda deyilə bilər ki, sübut etmə vəzifəsini daşıyan tərəf yenidən dəyişir, yəni cavabdeh Hökumət şikayət edilən məsələlərin miqyası və ciddiliyi ilə əlaqədar olaraq həyata keçirilmiş tədbirləri göstərməlidir.
69. Məhkəmə vurğulamalıdır ki, həmin qayda tətbiq olunarkən onun iştirakçı dövlətlərin razılığı ilə yaradılmış insan hüquqlarının müdafiəsi mexanizmi kontekstində tətbiq olması faktı nəzərə alınmalıdır. Buna görə də, o, qəbul edir ki, 35-ci maddə müəyyən dərəcədə çevik, artıq formalizm olmadan tətbiq edilməlidir (...). O, həmçinin qəbul etmişdir ki, hüquqi müdafiə vasitələrin tükənməsi qaydası mütləq deyil və avtomatik şəkildə tətbiq edilə bilməz; ona əməl olunması məsələsi nəzərdən keçirilərkən hər bir fərdi işin xüsusiyyətlərinə diqqət yetirmək vacibdir (...). Bu, digər məsələlər ilə yanaşı deməkdir ki, müvafiq iştirakçı dövlətin hüquq sistemində formal hüquqi müdafiə vasitələrinin mövcud olmasından əlavə olaraq, həmçinin onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, habelə ərizəçilərin xüsusi şəraiti nəzərə alınmalıdır.”
117. Hazırkı işin hallarına müraciət edərək Məhkəmə hesab edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinin tətbiqi məsələsi Dağlıq Qarabağ münaqişəsinin ümumi fonunda qiymətləndirilməlidir. Münaqişənin müharibə mərhələsi 1994-cü ilin mayında bağlanmış atəşkəs barədə razılaşma ilə bitsə də, hal-hazıradək hər hansı sülh müqaviləsi bağlanmayıb. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin olmaması və sərhədlərin bağlı olması mübahisələnmir. Bundan əlavə, iki ölkə arasında poçt xidmətləri göstərilmir. Belə vəziyyətdə etiraf edilməlidir ki, ədalət mühakiməsi sisteminin lazımi qaydada fəaliyyəti üçün maneələr yarana bilər. Xüsusən, başqa ölkədə məhkəməyə müraciət etməkdə və prosesdə iştirak etməkdə mühüm praktiki çətinliklər ola bilər (bax: mutatis mutandis, yuxarıda qeyd edilən Akdivar and Others, § 70).
118. Məhkəmə qeyd edir ki, Hökumət Konstitusiyada və Mülki Məcəllədə təsbit edilmiş mülkiyyətin qorunmasına və qanunsuz əməllər və ya hərəkətsizlik nəticəsində dəymiş zərərə görə kompensasiyaya dair ümumi sxemi təsvir etmişdir. Eyni zamanda, Hökumət spesifik şəraitdə, ərizəçinin vəziyyətində olan şəxsin, yəni Dağlıq Qarabağ münaqişəsi kontekstində əmlakını və evini tərk etmiş erməni qaçqınının mülkiyyətinə görə restitusiyanı və ya ondan istifadə etmək imkanının itirilməsinə görə kompensasiyanı tələb etmək niyyətində olduqda bu müddəaların tətbiq edilməsi qaydasını izah edə bilməmişdir. Hökumət erməni əsilli şəxslər tərəfindən verilmiş iddialar və onlara Azərbaycan məhkəmələri tərəfindən baxılması üzrə statistik məlumatları təqdim etmişdir. Bu işlərin mənzil mübahisələri ilə bağlı olmasını göstərdikdən savayı, Hökumət baxılan işlərin xarakteri və ya nəticələri ilə bağlı hər hansı detalları təqdim etməmişdir. Hökumətin nümunə kimi təqdim etdiyi 2007-ci ilin iki məhkəmə qərarına gəldikdə, Məhkəmə qeyd edir ki, onların hər iki vərəsəlik məsələsi ilə bağlı olaraq Dağlıq Qarabağ münaqişəsi kontekstində köçmüş şəxslər tərəfindən əmlakdan və ya evdən istifadə etmək imkanının itirilməsi barədə iddialarla əlaqədar olmamışdır. Faktiki olaraq, Hökumət ərizəçinin vəziyyətində olan şəxsin Azərbaycan məhkəmələrində uğur qazanması barədə bir dənə də misal göstərməmişdir.
119. Nəticədə, Məhkəmə hesab edir ki, Hökumət ərizəçi üçün onun Konvensiyaya əsasən şikayətləri ilə bağlı əvəzi ödəmək qabiliyyətində olan və ağlabatan perspektivləri olan hüquqi müdafiə vasitəsinin mümkün olmasını sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə, ərizəçinin iddia etdiyi kimi, Azərbaycanda ərizəçi tərəfindən mövcud hüquqi müdafiə vasitələrindən istifadə etməsinin qarşısını alan inzibati təcrübənin olub-olmaması məsələsinin həll edilməsi zəruri deyil. Eyni qaydada, səmərəli hüquqi müdafiə vasitələrin mövcud olması göstərilmədiyi üçün, müvafiq ərazi üzrə səmərəli nəzarətin olmamasının dövlətdaxili hüquqi müdafiə vasitələrinin fəaliyyətinə təsirini araşdırmaq zəruri deyil.
120. Buna görə, dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə Hökumətin etirazı rədd edilir.
III. KONVENSİYANIN 1-Cİ MADDƏSİNƏ ƏSASƏN AZƏRBAYCAN RESPUBLİKASININ YURİSDİKSİYASI VƏ MƏSULİYYƏTİ
A. Tərəflərin ifadələri
1. Ərizəçi
121. Ərizəçi qeyd etmişdir ki, Gülüstan Azərbaycan Respublikasının beynəlxalq qaydada tanınmış ərazisindədir. Bunun nəticəsində, 2002-ci il aprelin 15-dən sonrakı müddətdə Gülüstan ərazisi ilə bağlı yurisdiksiya prezumpsiyasını təkzib etmək vəzifəsi cavabdeh hökumət üzərindədir. Ərizəçinin fikrincə, cavabdeh hökumət belə sübutları təqdim edə bilməmişdir, çünki Gülüstan üzərində nəzarəti həyata keçirmədiyini göstərməmişdir. O, qeyd etmişdir ki, dakitiki vəziyyətlə bağlı Hökumətin mövqeyi ziddiyyətli olmuş, lakin Hökumət etiraf etmişdir ki, Gülüstan Ermənistanın nəzarəti altında deyil. Buna görə, Hökumət ərizəçinin Konvensiya hüquqlarının təmin olunmasına görə tam məsuliyyəti daşıyır.
122. Alternativ olaraq, ərizəçi iddia etmişdir ki, hətta Azərbaycanın əmüvafiq ərazi üzrə yurisdiksiyaya malik olmaması müəyyən edildiyi təqdirdə, Konvensiyanın 1-ci maddəsinə əsasən ərizəçinin Konvensiya hüquqlarını təmin etmək üçün diplomatik, iqtisadi, məhkəmə və digər tədbirlərin həyata keçirilməsinə dair müsbət öhdəlikləri nəticəsində Hökumət məsuliyyət daşıyır (bax: Ilaşcu and Others v. Moldova and Russia [GC], no. 48787/99, §§ 331 and 333, ECHR 2004-VII). Ərizəçinin iddia etdiyi kimi, Hökumət bir çox illər ərzində münaqişəni həll etmək üçün siyasi iradəni nümayiş etdirmədiyi və ərizəçinin qayıtmaq və ya kompensasiya almaq hüququnu təmin etmək üçün tədbir gösrmədiyi üçün öz müsbət öhdəliklərinə əməl etməmişdir (aşağıda 208-ci abzasa bax).
2. Cavabdeh Hökumət
123. Cavabdeh Hökumət Gülüstanın Azərbaycan Respublikasının beynəlxalq qaydada tanınmış ərazisində yerləşdiyini etiraf etmişdir. 2014-cü il 5 fevral tarixli məhkəmə iclasında Hökumət iddia etmişdir ki, dövlətin yurisdiksiyanı bütün ərazisi üzərində həyata keçirməsi barədə prezumpsiya yalnız digər tərəfin işğal etdiyi ərazilər ilə bağlı deyil, həmçinin “müəyyən şəraitdə daxil olmaq mümkün olmayan” kiçik sahələrlə əlaqədar məhdudlaşdırıla bilər. Gülüstan belə sahədir. O, təmas xəttində yerləşir, yəni bir tərəfdən (şimal və şərqdən) Azərbaycan silahlı qüvvələri, digər tərəfdən isə (cənub və qərbdən) Ermənistan silahlı qüvvələri mövqe tutaraq, heç biri ona səmərəli nəzarəti həyata keçirmir. Hökumət vurğulamışdır ki, kənd çayın üstündəki yamacda yerləşən erməni mövqelərinin atəşi üçün açıq olmuşdur. Buna görə, Azərbaycan Hökuməti ərazidə qanuni səlahiyyətlərini həyata keçirmək imkanında deyil.
124. Belə ki, Hökumətin əsas dəlili – Hökumət Konvensiyanın 1-ci maddəsinin başlıca mənasında məsuliyyət daşımır. Əmlakı əlindən alınmış mülkiyyətçi kimi, o, yalnız səlahiyyətləri çərçivəsində və beynəlxalq hüquqa uyğun bütün tədbirlərin həyata keçirilməsinə dair müsbət öhdəliyi yerinə yetirmək üçün məhdud məsuliyyət daşımışdır (yuxarıda qeyd edilən İlaşcu and Others, § 331). O, iddia etmişdir ki, bu cür müsbət öhdəliklər işin faktiki hallarından asılı olaraq, dövlət üzərində qeyri-mütənasib yük müəyyən olunan qaydada şərh edilə bilməz (ibid., § 332). Hökumət iddia etmişdir ki, ondan gözlənilə biləcək bütün ümumi və fərdi xarakterli tədbirlər görülmüşdür (aşağıda 210-cu abzasa bax).
3. Üçüncü tərəf qismində çıxış edən Ermənistan hökuməti
125. Ermənistan Hökuməti öz mövqeyini təkrar etmişdir ki, Azərbaycan Gülüstana tam, səmərəli nəzarəti həyata keçirir. Gülüstandakı vəziyyət ilə bağlı ifadələrinə (yuxarıda 50-53-cü abzaslara bax) və təqdim etdiyi sübutlara (yuxarıda 69-71-ci abzaslara bax) istinad edərək O, bildirmişdir ki, Azərbaycan silahlı qüvvələrinin kəndin özündə və ətrafında hərbi mövqeləri vardır, “DQR” qüvvələri isə dərənin əks tərəfində yerləşdirilir.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ərazi üzrə yurisdiksiyaya dair prezumpsiya ilə bağlı müvafiq presedent hüququ prinsipləri
126. Müvafiq prinsiplər Məhkəmə tərəfindən Assanidze Gürcüstana qarşı [BP], 71503/01 nömrəli ərizə, §§ 137-143, ECHR 2004‑II və sonradan İlasçu və digərləri (yuxarıda qeyd edilən, §§ 311-313, və §§ 333‑335).
127. Assanidze işində Məhkəmə “səlahiyyət prezumpsiyasının”, yəni “dövlətin ərazisi ilə bağlı yurisdiksiya prezumpsiyasının tətbiq etmişdir. Həmin qərarın müvafiq abzaslarında aşağıdakılar bildirilir:
“137. Konvensiyanın 1-ci maddəsi iştirakçı dövlətlərdən tələb edir ki, “onların yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etsinlər”. Bu maddədən belə nəticə çıxır ki, iştirakçı dövlətlər onların “yurisdiksiyasında” (və ya səlahiyyətində) olan hər kəsin Konvensiya ilə qorunan hüquq və azadlıqlarının istənilən pozuntusu baş verən vaxt həmin pozuntuya görə cavabdehlik daşıyırlar.
...
139. Acarıstan Muxtar Respublikası, şübhəsiz ki, Gürcüstan ərazisinin tərkib hissəsidir və onun səlahiyyəti və nəzarəti altındadır. Başqa sözlə, burada səlahiyyət prezumpsiyası (ehtimalı) vardır. İndi Məhkəmə həmin prezumpsiyanı təkzib edən etibarlı sübutun olub-olmadığını müəyyən etməlidir.
140. Bu məsələ ilə bağlı Məhkəmə əvvəla qeyd edir ki, Gürcüstan Konvensiyanı özünün bütün ərazisi üçün ratifikasiya edib. Bundan başqa, belə bir ümumi fikir vardır ki, Acarıstan Muxtar Respublikasının separatçı istəkləri olmayıb və həmin ərazi üzərində hər hansı başqa dövlətin real şəkildə tam nəzarəti olmayıb (bu mülahizənin əksi ilə bağlı bax: İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı (qərardad), [BP], 48787/99 nömrəli ərizə, 4 iyul 2001-ci il; və Loizidunun işi üzrə yuxarıda adı çəkilən qərar). Konvensiyanı ratifikasiya edərkən Gürcüstan Acarıstan Muxtar Respublikası ilə bağlı və ya həmin ərazidə öz yurisdiksiyasını həyata keçirməkdə çətinlik çəkməsi ilə bağlı Konvensiyanın 57-ci maddəsi əsasında hər hansı xüsusi qeyd-şərt etməyib. İstənilən halda bu cür qeyd-şərt səmərəsiz olacaqdı, çünki presedent hüququ Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndində qeyd edilən hallardan savayı (dövlətin məsuliyyət daşıdığı ərazilər) digər ərazi istisnalarına yol vermir (bax: Matthews v. the United Kingdom [GC], no. 24833/94, § 29, ECHR 1999-I)
...
142. Beləliklə, yuxarıda 139-cu bənddə qeyd edilən prezumpsiya doğru hesab edilir. Həqiqətən hüquq siyasəti məqsədlərindən ötrü (iştirakçı dövlətlər arasında bərabərliyi qoruyub saxlamaq və Konvensiyanın səmərəliliyini təmin etməkdən ötrü) başqa cür ola da bilməz. Lakin bu prezumpsiya doğru olsaydı, Konvensiya yalnız müəyyən iştirakçı dövlətlərin ərazisinin bir hissəsinə şamil olunmaqla seçmə qaydasında məhdudlaşdırıla bilərdi ki, bu da bütövlükdə Konvensiyanın təməlini təşkil edən insan hüquqlarının səmərəli müdafiəsi anlayışını mənasız edər, həm də eyni zamanda, iştirakçı dövlətlər arasında, yəni Konvensiyanın onun bütün ərazisinə tətbiq edilməsini qəbul edən iştirakçı dövlətlərlə bunu qəbul etməyən iştirakçı dövlətlər arasında ayrı-seçkiliyə imkan yaradardı.
143. Buna görə də Məhkəmə hesab edir ki, pozuntular barədə iddiaların kökündə duran real faktlar Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada Gürcüstan dövlətinin “yurisdiksiyasında” idi (bax: Bertrand Russell Peace Foundation Ltd v. the United Kingdom, no. 7597/76, Commission decision of 2 May 1978, Decisions and Reports (DR) 14, pp. 117 and 124).”
128. İlasçu və digərləri işində (yuxarıda qeyd edilən) Məhkəmə yurisdiksiya prezumpsiyası anlayışını inkişaf etdirmişdir. Həmin qərarın müvafiq abzaslarında aşağıdakılar bildirilir:
“311. 1-ci maddədən belə nəticə çıxır ki, üzv dövlətlər onların “yurisdiksiyasında” olan fərdlərin Konvensiya ilə qorunan hüquq və azadlıqlarının hər hansı pozuntusuna görə cavab verməlidirlər.
Yurisdiksiyanın həyata keçirilməsi iştirakçı dövlət tərəfindən törədilən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların pozulduğunun iddia edilməsinə səbəb olan hərəkətlərə və ya hərəkətsizliyə görə həmin dövlətin cavabdehlik daşıya bilməsi üçün zəruri şərtdir.
312. Məhkəmə bu məsələ ilə bağlı özünün presedent hüququna istinad edərək bildirir ki, Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün “yurisdiksiya” anlayışına bu terminin beynəlxalq ümumi hüquqdakı mənasını əks etdirən anlayış kimi baxmaq lazımdır (bax: Gentilhomme and Others v. France, nos. 48205/99, 48207/99 and 48209/99, § 20, judgment of 14 May 2002; Banković and Others v. Belgium and Others (dec.) [GC], no. 52207/99, §§ 59-61, ECHR 2001‑XII; and Assanidze v. Georgia [GC], no. 71503/01, § 137, ECHR 2004-II).
Beynəlxalq ümumi hüquq nöqteyi-nəzərindən Konvensiyanın 1-ci maddəsindəki “yurisdiksiyasında olan” sözləri ilk növbədə dövlətin ərazi səlahiyyəti mənasını verən sözlər kimi başa düşülməlidir (bax: yuxarıda qeyd edilən Banković and Others, § 59), həmçinin ehtimal edilir ki, bu yurisdiksiya normal halda dövlətin bütün ərazisinə şamil olunur.
Bu ehtimal müstəsna hallarda, xüsusən dövlət öz ərazisinin bir hissəsində hakimiyyət səlahiyyətini həyata keçirə bilmədikdə, məhdudlaşdırıla bilər. Bu, müvafiq əraziyə faktiki nəzarət edən digər dövlətin silahlı qüvvələri tərəfindən hərbi işğal nəticəsində (bax: Loizidou v. Turkey (preliminary objections), judgment of 23 March 1995, Series A no. 310, və yuxarıda qeyd edilən Cyprus v. Turkey, §§ 76-80, həmçinin yuxarıda qeyd edilən Banković and Others decision, §§ 70‑71-də istinad edilən), müharibə və ya qiyam aktları nəticəsində, yaxud müvafiq dövlətin ərazisində separatçı dövlətin qurulmasını dəstəkləyən xarici dövlətin hərəkətləri nəticəsində baş verə bilər.
313. Həmin müstəsna halın mövcud olduğu qənaətinə gələ bilmək üçün Məhkəmə bir tərəfdən dövlətin öz ərazisi üzərindəki hakimiyyət səlahiyyətini faktiki həyata keçirə bilməsini məhdudlaşdıran bütün obyektiv faktları, digər tərəfdən isə dövlətin öz davranışını araşdırmalıdır. İştirakçı dövlətin Konvensiyanın 1-ci maddəsi üzrə götürdüyü öhdəliklər Konvensiya ilə təmin olunan hüquq və azadlıqların həyata keçirilməsinə müdaxilə etməkdən çəkinmək öhdəliyi ilə yanaşı, həm də öz ərazisində həmin hüquq və azadlıqlara hörmət edilməsini təmin etmək üçün müvafiq addımlar atmaqdan ibarət pozitiv öhdəlikləri özündə ehtiva edir (digər qərarlar arasında bax: Z and Others v. the United Kingdom [GC], no. 29392/95, § 73, ECHR 2001-V).
Bu öhdəliklər, hətta dövlətin hakimiyyəti onun ərazisinin bir hissəsində məhdudlaşdırılsa belə, qüvvədə qalır, belə ki, o, hələ də səlahiyyəti çərçivəsində olan bütün zəruri tədbirləri görmək vəzifəsini daşıyır.
...
333. Məhkəmə hesab edir ki, iştirakçı dövlət de fakto situasiyanın, məsələn, separatçı rejim qurulduqda yaranan vəziyyətin doğurduğu məhdudiyyətlər ucbatından öz hakimiyyətini bütün ərazisi üzərində həyata keçirə bilmirsə (bunun digər dövlətin hərbi işğalı ilə müşayiət olunub-olunmamasından asılı olmayaraq), bununla Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan mənada qiyamçı qüvvələr və ya digər dövlət tərəfindən dəstəklənən yerli hakimiyyətin müvəqqəti tabeçiliyində ərazisi hissəsi üzərində dövlətin yurisdiksiyasına son qoyulmur.
Bununla belə, bu cür faktiki vəziyyət həmin yurisdiksiyanı məhdudlaşdırır, belə ki, 1-ci maddə üzrə dövlətin götürdüyü öhdəlik Məhkəmə tərəfindən yalnız iştirakçı dövlətin ərazisindəki şəxslərə münasibətdə həmin dövlətin daşıdığı pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir. Sözügedən dövlət xarici dövlətlərə və beynəlxalq təşkilatlara münasibətdə ixtiyarında olan bütün hüquqi və diplomatik vasitələrlə Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların həyata keçirilməsini təmin etməkdə davam etməyə çalışmalıdır.
334. Öhdəliklərinə ən səmərəli şəkildə riayət etmək üçün hakimiyyət orqanları tərəfindən hansı tədbirlərin görülməli olduğunu göstərmək Məhkəmənin vəzifəsi olmasa da, hazırkı işdə o, görülmüş faktiki tədbirlərin münasib və yetərli olduğunu yoxlamalıdır. Məhkəmə qismən və ya tam hərəkətsizliklə qarşılaşdıqda onun vəzifəsi minimum səylərin nə dərəcədə mümkün olduğunu və belə səylərin nə dərəcədə edildiyini müəyyən etməkdir. Bu məsələnin müəyyən edilməsi xüsusən Konvensiyanın 2-ci və 3-cü maddələri ilə təmin edilən hüquqlar kimi mütləq hüquqların pozulduğuna dair iddialarla bağlı işlərdə zəruridir.
335. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, ərizəçilər Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Moldova Respublikasının yurisdiksiyasındadırlar, amma onun faktiki hakimiyyəti həyata keçirə bilmədiyi “MPR” ərazisində törədilən, barəsində şikayət edilən hərəkətlərə görə məsuliyyəti onun Konvensiya üzrə pozitiv öhdəliklərinin işığında nəzərdən keçirilməlidir.”
129. Yuxarıda istinad edilən presedent hüququndan belə bir prezumpsiya irəli gəlir ki, Konvensiyanın 1-ci maddəsinin mənasında yurisdiksiya iştirakçı dövlətin bütün ərazisində həyata keçirilir. 1-ci maddəyə əsasən iştirakçı dövlətin öz üzərinə götürdüyü öhdəliyə adi qaydada iki aspekt, yəni bir tərəfdən təmin olunan hüquq və azadlıqların həyata keçirilməsinə müdaxilədən çəkinmək üzrə mənfi vəzifə, digər tərəfdən isə öz ərazisində həmin hüquq və azadlıqların təmin olunması üçün zəruri addımları atmaq üzrə müsbət öhdəlik daxildir (yuxarıda qeyd edilən İlasçu and Others, § 313).
130. Hətta müstəsna hallarda, başqa dövlətin silahlı qüvvələri tərəfindən silahlı işğal, hərbi təcavüz, yaxud üsyan və ya ərazidə separatist rejimin yaradılmasına görə öz ərazisinin bir hissəsində dövlətin öz səlahiyyətlərini həyata keçirməsinin qarşısı alındıqda, bu dövlətin Konvensiyanın 1-ci maddəsi mənasında yurisdiksiyaya malik olması dayandırılmır (yuxarıda qeyd edilən İlasçu and Others, § 333; həmçinin, bax: Catan and Others v. Moldova and Russia [GC], nos. 43370/04, 8252/05 and 18454/06, § 109, ECHR 2012 (extracts)).
131. Eyni zamanda, dövlətin öz ərazisinin bir hissəsində hakimiyyəti həyata keçirməsinin qarşısı alındıqda Konvensiyaya əsasən onun məsuliyyəti müsbət öhdəliklərlə məhdudlaşır (ibid., § 335). Bunlar həm yurisdiksiyanın bir ifadəsi kimi, müvafiq ərazi üzərində nəzarəti bərpa etmək üçün zəruri olan tədbirləri, həm ərizəçinin fərdi hüquqlarını təmin etmək üçün tədbirləri əhatə edir (ibid., § 339). Birinci halda, dövlətin ərazi üzər suverenliyini təsdiq etmək və ya yenidən təsdiq etmək və separatist rejimi dəstəkləyən hər hansı əməllərdən çəkinmək vəzifəsi vardır (ibid., §§ 340-345). İkinci halda dövlət ərizəçinin fərdi hüquqlarını təmin etmək üçün məhkəmə, siyasi, yaxud inzibati tədbirləri həyata keçirməlidir (ibid., § 346).
2. Bu prinsiplərin hazırkı işə tətbiqi
a) Məhkəmə tərəfindən faktiki halların müəyyən etməsi
132. Hazırkı işdə Gülüstandakı vəziyyət barədə məlumatla bağlı tərəflər arasında mübahisə vardır. Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002-ci il 15 aprel tarixindən bu günə qədər olan müddət nəzərdən keçirməlidir.
133. Aşağıda göstərilən faktların müəyyən edilməsində Məhkəmə tərəflərin yazılı və şifahi ifadələrini, Gülüstan və ətrafının xəritələrini, ərazinin görüntülərini əks etdirən DVD-ləri və tərəflərin təqdim etdiyi digər sübutları nəzərə almışdır. Məhkəmə həmçinin yüksək dəyərli peyk şəkilləri əsasında Gülüstan üzrə AAAS hesabatını nəzərə almışdır.
134. Məhkəmə qeyd edir ki, tərəflər bir sıra məsələlər üzrə razılaşır: Gülüstanın Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazidə yerləşməsi mübahisələndirilmir. Kənd İncəçayın şimal sahilində “v” formalı dərədə yerləşir. Azərbaycan hərbi mövqeləri çayın şimal sahilində, “DQR” hərbi mövqeləri isə çayın cənub sahilindədir. Kənddə mülki əhali yoxdur. Ən azı, kəndin ətrafı minalanıb və atəşkəs rejiminin pozulması tez-tez baş verir.
135. Eyni zamanda, tərəflərin ifadələri bir sıra digər məsələlərlə bağlı fərqlənir. Ən ciddi fərq Azərbaycan hərbi mövqelərinin kənddə olub-olmaması ilə bağlıdır. Hər iki tərəfin hərbi mövqelərinin kənddən hansı məsafədə olması və kəndin özünün minalanması məsələsi də mübahisələndirilir.
136. Əldə olan materiallardan və xüsusən, tərəflərin və üçün tərəf qismində çıxış edən Hökumətin təqdim etdiyi xəritələrdən görünür ki, kənd və Azərbaycan hərbi mövqeləri təbii ayırıcı xətti təşkil edən İncəçayın şimal sahilində yerləşir. “DQR” mövqeləri çayın cənub sahilində, ən yaxını kəndlə üzbəüz yamacda yerləşir.
137. Kəndin özündə Azərbaycan hərbi qüvvələrin mövcudluğuna dair mübahisələndirilən məsələ ilə əlaqədar Məhkəmə qeyd edir ki, kənddə Azərbaycan mövqelərinin və buna görə, Azərbaycan əsgərlərinin olmasına dəlalət edən bir sıra elementlər mövcuddur. 2005, 2009 və 2012-ci ildə peykdən çəkilmiş şəkillərin təhlili əsasında verilmiş AAAS hesabatında göstərilir ki, kəndin işində və ən azı kənarında səngərlər vardır. Bu səngərlər 2005 və 2009-cu il şəkillərində çox yaxşı görünür, lakin 2012-ci il şəkilində daha az dərəcədə aydındır. Kənd çayın şimal sahilində yerləşdiyi və orada yalnız Azərbaycan mövqeləri olduğu üçün Məhkəmə hesab edir ki, əldə olan sübutlara əsasən səngərlərin Azərbaycan hərbi mövqelərinə aid olması kifayət dərəcədə müəyyən edilir. Bu, həmçinin göstərir ki, səngərləri qoruyub saxlamaq zəruri olduğu üçün Azərbaycan hərbi heyət də orada vardır (AAAS hesabatından görünür ki, 2009-2012-ci illərdə səngərlər istifadəsiz qalıb və buna görə daha az aydın görünüb). Bununla əlaqədar Məhkəmə təkrarən bildirir ki, kənddə mülki əhalinin olmaması mübahisəlndirilmir. Bundan əlavə, yenə də AAAS hesabatından və 2012-ci ildə üçüncü tərəf qismində çıxış edən Hökumət tərəfindən təqdim edilmiş DVD-dən görünür ki, kənddən şimalda olan ərazi və buna görə, kəndə gedən yollar Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır. 2008-ci ildə ərizəçinin təqdim etdiyi DVD-də də əlavə işarələr vardır: bəzi evlərin damlarından tüstü çıxır və dağıntılar arasında bir nəfər gəzir.
138. Azərbaycan silahlı qüvvələrinin kəndin özündə olmasını göstərən müəyyən işarələr olsa da, Məhkəmə onun ratione temporis səlahiyyətinə olan bütün müddət ərzində, yəni 2002-ci il aprelin 15-dən hal-hazıradək Gülüstanda Azərbaycan qüvvələrinin olmasını müəyyən etmək üçün kifayət qədər işarələrə malik deyil. Eyni zamanda, qeyd edilməlidir ki, nəzərə alınan müddətdə “DQR”-in mövqelərinin və ya qoşunlarının nəinki kəndin özündə, hətta çayın şimal sahilində olması iddia edilməmiş və Məhkəməyə təqdim edilmiş materiallarda göstərilməmişdir.
b) Faktların hüquqi əhəmiyyətinin qiymətləndirilməsi
139. Gülüstanın Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazidə yerləşdiyi nəzərə alınaraq yurisdiksiya prezumpsiyası tətbiq edilir (yuxarıda qeyd edilən İlasçu and Others, § 312). Məhkəmənin fikrincə, buna görə Hökumət Konvensiyanın 1-ci maddəsinə əsasən məsuliyyətini məhdudlaşdıracaq müstəsna halların mövcud olduğunu göstərməlidir.
140. Məhkəmə qeyd edir ki, dövlətin öz ərazisində məsuliyyətinin müsbət öhdəliklərlə məhdudlaşması yalnız digər dövlətin və ya separatist rejimin səmərəli nəzarət keçirdiyi ərazilərlə bağlı qəbul edilmişdir. İlasçu and Others işində Məhkəmə müəyyən etmişdir ki, Moldova Hökuməti öz ərazisinin bir hissəsində, yəni Moldova Dnestryanı Respublikasının (“MDR”) nəzarət etdiyi ərazilərdə dövlət hakimiyyətini həyata keçirmir. (yuxarıda qeyd edilən, § 330). Məhkəmə eyni nəticəyə İvanţoc and Others v. Moldova and Russia (23687/05 nömrəli ərizə, § 105, 15 noyabr 2011-ci il) işində əsaslanmışdır. Catan and Others işində (yuxarıda qeyd edilən, § 109), Məhkəmə həmçinin qət etmişdir ki, Moldova Dnestr çayının şərqində “MDR” tərəfindən nəzarət olunan ərazidə dövlət hakimiyyətini həyata keçirmir. Əksinə, Assanidze işində (yuxarıda qeyd edilən, §§ 139-140) Məhkəmə aidiyyəti olan hal kimi qəbul etmişdir ki, Acarıstan Muxtar Respublikasının separatist cəhdləri olmamış və hər hansı digər dövlət bu əraziyə nəzarət etməmişdir.
141. Yuxarıdakı Moldova işlərində müvafiq ərazinin, yəni Dnestryanının “MDR”-in səmərəli nəzarəti altında olması mübahisə edilməmişdir. Konvensiya baxımından Rusiyanın onun “MDR” üzərində səmərəli hakimiyyəti həyata keçiridiyinə, yaxud, heç olmazsa, ona həlledici təsir göstərdiyinə və hərbi, iqtisadi, maliyyə və siyasi dəstək verilməsi nəticəsində onun mövcudluğunu təmin etdiyinə görə “MDR” tə\rəfindən nəzarət olunan ərazidə yurisdiksiyaya malik olması və müəyyən edilmiş pozuntulara görə məsuliyyət daşıması qət edilmişdir (bax: yuxarıda qeyd edilən İlasçu and Others, §§ 392-394; yuxarıda qeyd edilən İvanţoc and Others, §§ 118-120; yuxarıda qeyd edilən Catan and Others, § 122).
142. Hazırkı iş yuxarıda göstərilə işlərdən fərqlənir: Gülüstan Azərbaycan və “DQR” qüvvələrinin arasında cəbhə xəttində yerləşir, Azərbaycanın kənd üzərində səmərəli nəzarət etməsi mübahisələndirilir. Məhkəmə qeyd edir ki, presedent hüququna əsasən cavabdeh Hökumət Konvensiyanın iddia edilən pozuntuları baş verdiyi Gülüstan üzərində digər dövlətin və ya separatist rejimin səmərəli nəzarət etməsini göstərməlidir.
143. Bu məqamda Məhkəmə təkrarlamağı zəruri hesab edir ki, Azərbaycan ratifikasiya sənədi ilə bəyanat təqdim edir ki, o, “Ermənistan Respublikasının işğal etdiyi ərazilərdə Konvensiya müddəalarının tətbiqini təmin etmək imkanında deyil” (yuxarıda 93-cü abzasa bax). Hazırkı işin qəbuledilənliyi barədə qərara Məhkəmə qət etmişdir ki, bəyanat nə Konvensiyanın Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazisinin müəyyən hissələrində ərazi üzrə tətbiqini məhdudlaşdıra bilməz (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), §§ 63-65), nə də etibarlı qeyd-şərt tələblərinə cavab vermir (ibid., §§ 66-70).
144. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqa əsasən (xüsusən, 1907-ci il Haaqa Nizamnaməsinin 42-ci maddəsi) ərazi düşmən ordunun hakimiyyəti altında həqiqətən olduqda işğal altında sayılır, “həqiqi hakimiyyət” isə səmərəli nəzarətə çevrilən və hökumətin razılığı olmadan səmərəli nəzarəti həyata keçirmək iqtidarında olan xarici qoşunların olması kimi elementləri tələb edən məfhum kimi geniş qəbul olunur (yuxarıda 94-cü abzasa bax). Əldə etdiyi bütün materiallar əsasında və yuxarıdakı faktları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, Gülüstan xarici qüvvələr tərəfindən işğal edilməmiş və onların nəzarəti altında deyil, çünki bu, xarici qoşunların Gülüstanda olmasını tələb edərdi.
145. Əslində, görünür ki, cavabdeh Hökumət Gülüstan üzərində səmərəli nəzarət etmədiyi barədə ilkin mövqeyi müdafiə etməmişdir. Əksinə, O, bu kəndin mübahisəli ərazidə yerləşdiyini iddia etmiş və onun minalarla, çayın hər sahilində olan qarşı tərəflərin hərbi mövqeləri ilə əhatə olunduğunu və erməni qüvvələrin atəşi üçün açıq olduğunu vurğulamışdır.
146. Mahiyyət etibarilə, Hökumət iddia etmişdir ki, İlaşcu and Others və sonrakı işlərdə Məhkəmənin inkişaf etdirdiyi, öz ərazisinin bir hissəsi üzərində nəzarəti digər dövlətə və ya separatist rejimin xeyrinə itirmiş dövlətin Konvensiyaya əsasən məhdud məsuliyyətə malik olmasını qəbul edən presedent hüququ eyni dərəcədə mübahisəli zonalara, yaxud, 2014-cü il 5 fevral tarixli məhkəmə iclasında bildirdiyi kimi, “müəyyən şəraitdə daxil olma mümkün olmayan ərazilərə” münasibətdə tətbiq edilməlidir.
147. Bu məsələyə baxarkən Məhkəmə Konvensiyanın fərdi insanların müdafiəsinə dair Avropa ictimai qaydasının (ordre public) konstitusiya sənədi qismində xüsusi xarakterini və Konvensiyanın 19-cu maddəsində təsbit edildiyi kimi, onun Razılığa gələn Yüksək Tərəflərin öz üzərilərinə götürdükləri öhdəliklərə riayət olunması təmin etmək” rolunu nəzərə almalıdır (bax: Loizidou v. Turkey (preliminary objections), 23 March 1995, §§ 75 and 93, Series A no. 310; Al-Skeini and Others v. the United Kingdom [GC], no. 55721/07, § 141, ECHR 2011). Azərbaycan 2002-ci il aprelin 15-də Konvensiyaya qoşulduqda, onun bütün ərazisi “Konvensiya hüquq məkanına” daxil olmuşdur.
148. Moldova ilə bağlı yuxarıda göstərilən işlərdə bir dövlətin Konvensiyaya əsasən məhdud məsuliyyət daşımasının qəbul edilməsi Konvensiyaya tərəfdar çıxmış digər dövlətin öz ərazisindən kənar müstəsna qaydada yurisdiksiyanın həyata keçirməsi və buna görə konvensiyaya əsasən tam məsuliyyət daşıması barədə nəticə ilə kompensasiya edilmişdir. Əksinə, hazırkı işdə müəyyən edilməmişdir ki, Gülüstan digər dövlətin silahlı qüvvələri tərəfindən işğal edilmiş və ya separatist rejimin nəzarəti altındadır. Bu şəraitdə Məhkəmə Konvensiyanın müdafiə sistemində vakuum yaranmasından çəkinmək zərurətini nəzərə alaraq hesab etmir ki, cavabdeh Hökumət Konvensiyaya əsasən məsuliyyətini məhdudlaşdıracaq xarakterli müstəsna halların mövcud olmasını nümayiş etdirə bilməmişdir.
149. Bununla da, Hökumətin dəlili Məhkəməni inandırmır. İlaşcu and Others işində inkişaf etdirilmiş istisna (yuxarıda qeyd edilən, §§ 312-313), yəni dövlətin onun beynəlxalq qaydada tanınmış ərazinin işğal altında olan və ya başqa qurumun səmərəli nəzarəti altında olan bir hissəsi ilə bağlı ərazi üzrə məsuliyyətinin məhdudlaşması Hökumətin təklif etdiyi kimi, mübahisəli ərazilərə şamil oluna bilməz.
150. Əslində, hazırkı işdə olan vəziyyət daha çox Assanidze işində (yuxarıda qeyd edilən, § 146) olan vəziyyətə oxşayır, yəni Azərbaycan Hökuməti dövlət kimi yurisdiksiyaya və Konvensiyaya əsasən tam məsuliyyətə malikdir, lakin Gülüstan ərazisində hakimiyyəti həyata keçirməkdə praktiki səviyyədə çətinliklərlə üzləşir. Məhkəmənin fikrincə, bu cür çətinliklər ərizəçinin şikayət etdiyi əməllərin və ya hərəkətsizliyin mütənasibliyi araşdırılarkən nəzərə alınmalıdır.
151. Nəticədə, Məhkəmə müəyyən edir ki, iddia edilən pozuntular əmələ gəldiyi faktlar Konvensiyanın 1-ci maddəsinin mənasında Azərbaycanın “yurisdiksiyasına” daxildir və cavabdeh Hökumətin məsuliyyətinə səbəb ola bilər. Bununla da, ərizənin qəbuledilənliyi barədə qərardadda ərizənin mahiyyəti üzrə baxılması mərhələsinə saxlanılmış, Hökumətin yurisdiksiyanın və məsuliyyətin olmaması barədə etirazı rədd edilir (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 76).
IV. KONVENSİYANIN 1 NÖMRƏLİ PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
152. Ərizəçi şikayət etmişdir ki, Gülüstan kəndinə qayıtmaq və öz əmlakı üzərində nəzarətin, habelə ondan istifadə etmək və ona malik olmaq, yaxud dəymiş zərərə görə komöensasiya almaq hüququnun rədd edilməsi aşağıdakılar nəzərdə tutulan 1 nömrəli Protokolun 1-ci maddəsinin davam edən pozuntusunu təşkil etmişdir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
153. Hökumət üç əsas dəlili irəli sürərək ərizəçinin mövqeyini mübahisələndirmişdir: birincisi, Hökumət bildirmişdir ki, Gülüstanın Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazidə və bununla Konvensiyanın 1-ci maddəsinin mənasında Azərbaycanın yurisdiksiyası daxilində olmasına baxmayaraq, iddia edilən pozunutlara görə məsuliyyət daşıması üçün əraziyə kifayət qədər dərəcədə nəzarət edə bilməmişdir. Ikincisi, iddia edilmişdir ki, ərizəçi Gülüstanda həqiqətən evə və torpaq sahəsinə malik olduğunu göstərə bilməmişdir. Üçüncüsü, Hökumət bildirmişdir ki, Məhkəmə yuxarıdakı iki dəlili rədd etsə də belə, Konvensiyaya əsasən öhdəliklərə əməl edildikdən ərizəçinin hüquqları pozulmamışdır.
A. Ərizəçinin Gülüstanda əmlaka malik olub-olmaması
Tərəflərin ifadələri
(a) Ərizəçi
154. Ərizəçi bildirmişdir ki, o, 1992-ci ilə qədər Gülüstanda öz ailəsi ilə birlikdə yaşadığını və evə, 2100 kv. m. torpaq sahəsinə və digər əmlaka sahib olduğunu göstərmək üçün kifayət qədər sübut təqdim etmişdir. O, xüsusilə, 1991-ci ilin mayında verilmiş evin texniki pasportuna və evin planına istinad edərək vurğulamışdır ki, hər iki sənədi ərizəsi ilə birlikdə təqdim etmişdir.
155. O, iddia etmişdir ki, 1960-cı illərin əvvəllərində qardaşı ilə onun arasında atasının torpaq sahəsinin bölünməsi barədə Kənd Sovetinin qərarına əsasən ona torpaq sahəsi verilmişdir. O, Kənd Sovetinin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olmadığı barədə Hökumətin dəlilini mübahisələndirmişdir. Birincisi, o, qeyd etmişdir ki, Hökumət torpaq sahələrinin ayırmaq səlahiyyətinin rayon və şəhər xalq deputatları sovetlərinin icraiyyə komitələrinə məxsus olması nəzərdə tutulan 1970-ci il Torpaq Məcəlləsinə istinad etmişdir. 1960-cı illərin əvvəllərində kənd sovetləri torpaq sahələrini ayırmaq səlahiyyətinə malik olmuşdur. Onlar həmçinin digər məlumatlar arasında kənddəki təsərrüfatların əmlakın qeydiyyatı aparıldığı kitablar saxlamışdır. Bu səlahiyyətlər 1958-ci il aprelin 23-də qüvvəyə minmiş və o zaman, yəni 1960-cı illərin əvvəllərində qüvvədə olmuş Kənd sovetləri haqqında Əsasnamədə (yuxarıda 82-ci abzasa bax) nizamlanmışdır. Kənd sovetləri haqqında Əsasnamənin 2-ci maddəsinin 9 (j) bəndində kənd sovetlərinin kəndin hüdudlarında dövlət torpağının vətəndaşlara şəxsi tikinti üçün ayırmaq səlahiyyəti nəzərdə tutulmuşdur. Kənd sovetləri haqqında Əsasnamənin 2-ci maddəsinin 19 (e) bəndinə müvafiq olaraq kənd sovetləri kənddəki təsərrüfatların əmlakının qeydiyyatını aparmaq səlahiyyət olmuşdur.
156. Bundan başqa, ərizəçi təkrarən bildirmişdir ki, ərizəyə əlavə edilmiş “texniki pasport” lazımi qaydada tərtib edilmiş, qanuni sənəd olaraq onun ev və torpaq sahəsinə hüququnun sübutudur. O, texniki pasportun natamam olması barədə Hökumətin iddiasını mübahəsələndirərək Hökumətin qaldırdığı hər bir məsələyə münasibət bildirmişdir.
157. Texniki pasportda mülkiyyət hüququnu müəyyən edən sənəd göstərilmədiyi üçün onun natamam olması barədə Hökumətin iddiasına gəldikdə, ərizəçi iddia etmişdir ki, onun halında bu, tələb edilməmişdir. 1985-ci il Təlimatının (yuxarıda 81-ci abzasa bax) qeydiyyat prosesinə tətbiq edilməsi barədə Hökumətlə razılaşsa da, o, bildirmişdir ki, kənd yerlərində mülkiyyətin qeydiyyatı həmin təlimatın 2.3-cü bəndi ilə nizamlanmış, “təsərrüfatların siyahısı, onlardan çıxarışlar, Kənd və ya Rayon Xalq deputatları sovetlərinin İcraiyyə komitələrinin arayışları” qeydiyyat üçün əsas təşkil etmişdir. O, bildirmişdir ki, təsərrüfatlar siyahısı (yaxud bəzən həyətlər siyahısı deyilən) Kənd Sovetinin qeydiyyat kitabıdır. Nəhayət, o, qeyd etmişdir ki, onun təqdim etdiyi texniki pasport SSRİ Mərkəzi Statistika İdarəsinin müəyyən etdiyi forma əsasında tərtib edilmişdir. Bu formada mülkiyyət hüququnu müəyyən edən sənədin göstərilməsi tələb olunmamışdır.
158. Texniki pasportda “rəsmi sənədlərə əsasən torpaq sahəsinin ölçüləri” qrafasının boş olduğu üçün onun natamam olması barədə Hökumətin iddiasına gəldikdə, ərizəçi iddia etmişdir ki, texniki pasport Şaumyan rayonu Texniki İnventarizasiya Bürosunun əməkdaşları tərəfindən tərtib edilmiş və texniki pasport natamam olduğu təqdirdə onlar imza ilə onu təsdiq etməzdi. Bundan əlavə, onun, 1991-ci ildə Gülüstanın digər sakinlərinə verilmiş və həmin qrafa boş olmuş texniki pasportları təqdim edərək iddia etmişdir ki, onun texniki pasportu o zaman müvafiq qeydiyyat təcrübəsinə uyğun olmuşdur.
159. Nəhayət, Hökumət iddia etmişdir ki, 1991-ci il may tarixli texniki pasport saxta olmuşdur, çünki 1991-ci ilin fevralında dövlətin adının “Azərbaycan Respublikasına” dəyişməsinə və Şaumyan rayonunun Goranboy rayonuna daxil olmasına baxmayaraq, texnik pasportdakı möhürdə “Azərbaycan SSR” və “Şaumyan rayonu” göstərilmişdir. Buna cavab olaraq ərizəçi özünün 2006-cı il 10 iyul tarixli ifadəsinə və Gülüstandan keçmiş qonşuları və dostlarının 2010-cu ildə təqdim edilmiş ifadələrinə istinad etmişdir ki, hamısı əhalisinin əksəriyyəti ermənilərdən ibarət olmuş və Gülüstan tərkibinə daxil olmuş Şaumyan rayonunun 1989-1992-ci illərdən Azərbaycan tərəfindən mühasirə olunmasını təsdiq etmişdir. Mühasirəyə görə bütün rayon təcrid olunmuşdur: televiziya stansiyaları bombalanmış, işıq olmamış, Gülüstan sakinləri və hətta vəzifəli şəxsləri Azərbaycan SSR və Şaumyan rayonun adını dəyişməsindən xəbərdar olmamış və dövlət orqanlarından bu barədə məlumat almamışlar. Bundan əlavə, ərizəçi qeyd etmişdir ki, Hökumət Azərbaycan Respublikasının yeni möhürünün istifadə olunması zəruriliyini yalnız iddia edərkən o zaman möhürlərin əvəzlənməsinin hər hansı sübutunu təqdim etməmişdir.
160. Bundan başqa, ərizəçinin evinin 1992-ci ildə dağıdılması məsələsi ilə bağlı ərizə formasında mümkün ziddiyyətlə bağlı Məhkəmənin sualına cavab olaraq ərizəçi izah etmişdir ki, ziddiyyət onun özünün və valideynlərinin evləri arasında anlaşılmazlıqdan irəli gəlir. Ərizəçi qeyd etmişdir ki, onun nümayəndəsi tərəfindən hazırlanmış ərizə forması 2006-cı il iyulun 10-da verdiyi ifadəyə əsaslanmışdır. Həmin ifadədə o, öz evinin dağıdılması barədə danışmamış, əslində “anam Gülüstan kəndində yaşamış və evimiz dağıdılmışdır” ifadəsini işlətmişdir. Kənddə valideynlərin evinin öz ev kimi adlandırılması adi hal olmuşdur.
161. Evin hazırkı durumu ilə bağlı ərizəçi bildirmişdir ki, Gülüstana qayıtmaq mümkün olmadıqdan məlumatı əldə etmək çətin olmuşdur. Ən yaxşı halda kəndi “DQR” sərhədindən binokl vasitəsilə görmək olardı. Bununla əlaqədar o, keçmiş üç kənd sakininin 2012-ci il mart tarixli ifadəsinə istinad etmişdir (yuxarıda 59-cu abzasa bax). Ərizəçi Gülüstanın keçmiş sakininin 2013-cü il 12 avqust tarixli əlavə ifadəsini təqdim etmişdir ki, həmin şəxs “DQR”-də Gülüstan yanındakı bir yerdə tikinti işlərini aparmış, bir dəfə baxşı yerinə gedərək binokl vasitəsilə kəndə baxmış və ərizəçinin evini tanımışdır. Onun sözlərinə görə, evin divarları qalmış, damı isə yarımsökülmüş idi.
162. Qısa sözlə, ərizəçi onun təqdim etdiyi texniki pasport evdən “istifadə etmək, ona sahib olmaq və ondan bəhrələnmək” hüququnun sübutu olduğunu bildirərək etiraf etmişdir ki, onun köçdüyü zaman qüvvədə olmuş qanunvericiliyə görə evi satmaq hüququna malik olmamışdır. Eyni zamanda, Mülkiyyət haqqında 1991-ci il qanununda nəzərdə tutulduğu kimi, şəxsi mülkiyyət hüququnu əldə edə bilərdi. Onun bildiyinə görə, hüquqları ləğv edilməmiş və buna görə bu əmlak üzərində qanuni hüquqlara malik olmuşdur.
b) Cavabdeh Hökumət
163. Hökumət bildirmişdir ki, ərizəçinin ərizənin predmeti olan əmlaka sahib olmasını və ya ona dair mülkiyyət hüququna malik olmasını əsaslı şübhə olmadan sübut etmək vəzifəsi ərizəçiyə məxsusdur.
164. Hökumət bildirmişdir ki, ərizəçinin Gülüstanda yaşayıb-yaşamamasını, yaxud orada hər hansı əmlaka malik olub-olmamasını yoxlamaq mümkün deyil. Ərizəçiyə, yaxud onun iddia etdiyi kimi sahib olduğu torpaq sahəsi, ev və ya başqa tikililərə dair hər hansı sənədlər Goranboy rayon arxivlərində olmamışdır. Bundan əlavə, keçmiş Şaumyan rayonunun müəyyən arxivləri, o cümlədən VVAQ və pasport şöbələrinin arxivləri hərbi əməliyyatlar zamanı məhv olunmuşdur. Ərizəçinin təqdim etdiyi əsas sənəd, yəni evin texniki pasportu natamam olmuş və buna görə, onun evin və torpaq sahəsinin mülkiyyətçisi olduğunu sübut etməmişdir. Onun ifadələrində və təqdim etdiyi şahid ifadələrində bir çox ziddiyyətlər, misal üçün, ərizəçinin evində otaqların sayı və torpaq sahəsinin ölçüsü ilə bağlı ziddiyyətlər mövcuddur və buna görə, tamamilə bunlar etibarsızdır.
165. Ərizəçinin iddia etdiyi Gülüstandakı əmlakla bağlı Hökumət ilk növbədə bildirmişdir ki, o, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən əvvəl dağıdılmış evlə əlaqədar şikayət etmişdir. Buna görə, onun şikayəti Məhkəmənin ratione temporis səlahiyyətindən kənardır.
166. Ərizəçinin torpaq sahəsi ilə bağlı şikayət etdiyi ehtimal edilsə, Hökumət iddia etmişdir ki, onun atasının torpaq sahəsini bölmək üçün Kənd Sovetindən icazə aldığı barədə ifadəsi bir sıra səbəblərə görə etibarsızdır. Ərizəçinin təqdim etdiyi Kənd Sovetinin keçmiş üzvlərinin ifadələri ziddiyyətlidir. İki ifadəyə görə, Kənd Soveti ərizəçinin atasının torpaq sahəsini onunla qardaşı arasında bölmüş, digər ifadəyə görə isə, Kənd Soveti torpaq sahəsinin ərizəçiyə verilməsi barədə qərar qəbul etmişdir. Hər halda, ərizəçinin təsvir etdiyi prosedura 1960-cı illərdə mövcud olmuş inzibati struktura və qanunvericiliyə uyğun deyil: Kənd Soveti torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olmamışdır. 1960-cı illərdə Konstitusiyadan savayı, torpaqdan istifadə etmək hüququ ilə bağlı heç bir xüsusi qanunvericilik aktı mövcud deyildi. Əvvəllər artıq mövcud olmuş təcrübə Azərbaycan SSR Torpaq Məcəlləsində kodifikasiya edilmişdir: təsbit edilmişdir ki, yalnız Xalq deputatları sovetlərinin İcraiyyə komitələri şəxsi evin tikintisi üçün torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olmuşdur. Bir qayda olaraq, müvafiq şəxsə qərardan çıxarı verilmişdir.
167. Hərbi əməliyyatlar aparıldığı vaxt Azərbaycanda mərkəzləşmiş torpaq reyestri mövcud deyildi. Evlərin qeydiyyatı və texniki inventarizasiyası yerli inzibati orqanlar tərəfindən 1985-ci il Təlimatına əsasən həyata keçirilmişdir ki, onu 2.1 və 2.2-ci maddələrində mülkiyyət hüququnun birinci və ikinci dərəcəli sübutları təşkil edən sənədlər göstərilmişdir. Hökumət bildirmişdir ki, ərizəçi əmlak üzərində mülkiyyət hüququnun birinci dərəcəli sübutu təşkil edən sənəd təqdim etməmişdir. Hökumət nümunə kimi göstərmişdir ki, Çıraqov və digərləri Ermənistana qarşı [BP] (qərardad) (13216/05 nömrəli ərizə, 14 dekabr 2011-ci il) işində ərizəçilərin biri tərəfindən təqdim edilmiş Laçın Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1974-cü il 29 yanvar tarixli qərarı bu cür sübutu təşkil etmişdir.
168. Hökumət izah etmişdir ki, texniki pasport ilk növbədə “texniki inventarizasiya” sənədidir. Hökumət etiraf etmişdir ki, evin texniki pasportu yalnız əmlak üzərində mülkiyyət hüququ olan şəxsə verildiyi üçün o, ikinci dərəcəli sübutu təşkil edə bilərdi. Eyni zamanda, ərizəçinin təqdim etdiyi texniki pasport aşağıdakı səbəblərə görə natamam və ya hətta saxta olduğuna görə hər hansı mülkiyyət hüququnun sübutu ola bilməz:
169. Texniki pasportda ev və torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən sənəd göstərilməmişdir: Hökumət texniki pasportda, bir qayda olaraq, mülkiyyət hüququnu müəyyən edən sənədin göstərilməli olması barədə öz mövqeyini müdafiə edərək qeyd edilən Təlimatın 2.3-cü bəndinin aid olması barədə ərizəçinin mövqeyini mübahisələndirmişdir. Hər halda, bu müddəada göstərilən “təsərrüfatlar siyahısı” Kənd Sovetinin reyestri ilə eyni deyildi.
170. 2012-ci ilin iyulunda Hökumət yeni dəlil irəli sürərək bildirmişdir ki, texniki pasportda torpaq sahəsinin rəsmi sənədlərə əsasən ölçüləri göstərilmədən yalnız mövcud ölçülərin qeyd edildiyi üçün o, natamam olmuşdur.
171. 2012-ci ilin iyulunda Hökumət başqa bir yeni dəlil irəli sürərək bildirmişdir ki, 1991-ci il 20 may tarixli texniki pasportda olmuş Azərbaycan SSR Şaumyan rayonunun möhürü artıq rəsmi istifadədə olmamışdır, çünki 1991-ci ilin fevralında dövlətin adı Azərbaycan Respublikası olmuş, Şaumyan rayonu isə Goranboy rayonunun tərkibinə daxil edilmişdir. Hökumət iddia etmişdir ki, dövlətin adının Azərbaycan SSR-dən Azərbaycan Respublikasına dəyişməsindən sonra köhnə möhürlər saxta sənədlər üçün tez-tez istifadə edilmişdir. Bundan əlavə, Hökumət keçmiş Şaumyan rayonu əhalisinin dəyişikliklərdən xəbərdar olmaması barədə ərizəçinin iddiasını rədd etmişdir. Hökumət qeyd etmişdir ki, ərizə formasında ərizəçinin özü Şaumyan rayonunun qonşu rayonu ilə birlikdə yeni Goranboy rayonuna birləşməsini göstərmişdir. Nəhayət, Hökumət qeyd etmişdir ki, 1991-ci ilin mayında, yəni artan gərginlik və mülki müharibə dövründə müvafiq dövlət orqanları tərəfindən texniki pasportların verilməsi heç də inandırıcı deyil.
172. Nəticə olaraq Hökumət bildirmişdir ki, ərizəçi iddia edilən hüquqlarla bağlı sübut təqdim edə bilmədikdən 1 nömrəli Protokolun 1-ci maddəsi tətbiq oluna bilməz.
173. Hökumət bildirmişdir ki, buna baxmayaraq Məhkəmə ərizəçinin ev və ya torpaq sahəsi üzərində hüquqlara malik olması barədə qənaətə gəldiyi təqdirdə, hərbi əməliyyatlar aparıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR qanunvericiliyində xüsusi mülkiyyət nəzərdə tutulmamış, evlərin vətəndaşların şəxsi mülkiyyətində olmasına yol verilmişdir. Torpaq sahələri vətəndaşların istifadəsinə evin tikintisi və ya kənd təsərrüfatı məqsədləri üçün qeyri-müəyyən müddətə verilə bilərdi. Torpaq sahəsi verildiyi şəxsin bu torpaq üzərində qanunla qorunan istifadə hüququ olmuşdur. Azərbaycan Respublikasının 1991-ci il Mülkiyyət haqqında Qanununda və 1992-ci il Torpaq Məcəlləsində vətəndaşlara ayrılmış torpaq sahələrini özəlləşdirmək imkanı nəzərdə tutulmuşdur. Vətəndaşlara verilmiş torpaq sahələrinin, o cümlədən fərdi evlərinin özəlləşdirilməsinə dair qaydalar sonradan Torpaq islahatı haqqında 1996-cı il Qanunu ilə müəyyən edilmişdir.
174. Hökumət əvvəllər bildirmişdir ki, münaqişə nəticəsində Azərbaycandan getmiş ermənilərin qoyduğu əmlakla bağlı qanunvericilik qəbul olunmamışdır. 2013-cü ilin sentyabrında Hökumət bu ifadəni dəyişdirərək bildirmişdir ki, 1991-ci il Fərman (yuxarıda 83-cü abzasa bax) əmlakın dəyişdirilməsi təcrübəsi ilə bağlı qəbul edilmişdir (Azərbaycandan gedən ermənilər Ermənistandan, Dağlıq Qarabağdan və Ermənistan tərəfindən işğal edilmiş rayonlardan getmiş azərbaycanlılarla əmlakı dəyişdirmişlər). Eyni zamanda, bu, ərizəçinin iddia olunan əmlakına aid olmamışdır.
c) Üçüncü tərəf qismində çıxış edən Ermənistan hökuməti
175. Ermənistan Hökuməti ərizəçinin dəlilləri ilə razılaşmışdır.
2. Məhkəmənin qiymətləndirməsi
a) Məcburi köçkünlərin əmlakı və evləri ilə bağlı iddiaların qiymətləndirməsinə dair tətbiq olunan prinsiplər
176. Məhkəmə beynəlxalq və ya daxili silahlı münaqişə nəticəsində məcburi qaydada köçmüş şəxslərin əmlak və mənzil hüquqları ilə bağlı işlərə əvvəllər artıq baxmışdır. Bu məsələlər şimali Kiprin işğalı, Türkiyə və Rusiyada təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə bəzi başqa münaqişələr kontekstində ortaya çıxmışdır.
177. Məhkəmə ilk dəfə məcburi köçkünlərin öz evlərinə və əmlakına hörmət hüququnu Loizidou v. Turkey işində ((merits), 18 December 1996, Reports 1996-VI) araşdırmışdır. Ərizəçi şimali Kiprdə bir neçə torpaq sahələrinin mülkiyyətçisi olduğunu iddia etmişdir. Türkiyə Hökuməti ərizəçinin hüququnun qanuniliyini mübahisə etməsə də, iddia etmişdir ki, ərizəçi tərk edilmiş bütün daşınmaz əmlakının “Şimali Kipr Türk Respublikası”nın (“ŞKTR”) mülkiyyətinə keçməsini bəyan etmiş “ŞKTR”-ın 1985-ci il Konstitusiyasının 159-cu maddəsinə əsasən torpaq üzərində öz hüququnu itirmişdir. Məhkəmə “ŞKTR”-ın dövlət kimi beynəlxalq aləmdə tanımadığını nəzərə alaraq bu müddəaya heç bir hüquqi əhəmiyyət verməyərək hesab etmişdir ki, ərizəçi bunun nəticəsində mülkiyyət hüququnu itirmiş hesab edilə bilməzdi (§§ 42-47).
178. Yuxarıda göstərilən münaqişə ilə bağlı bir sıra işlərdə Məhkəmə Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsi mənasında ərizəçilərin “mülkiyyəti”ni Hökumətin inandırıcı surətdə təkzib edə bilmədiyi prima facie sübutlara, o cümlədən əsl şəhadətnamənin surəti, qeydiyyat şəhadətnaməsi, satınalma haqqında müqavilələr və Kipr Respublikası tərəfindən verilmiş mülkiyyətə dair arayışlara əsasən müəyyən etmişdir. Solomonides v. Turkey işində (16161/90 nömrəli ərizə, § 31, 20 yanvar 2009-cu il) ərizəçinin izah etdiyi kimi, onun mülkiyyət hüququ Rayon Torpaq Şöbəsində qeydiyyata alınmışdır. Eyni zamanda, Türkiyənin hərbi müdaxiləsi zamanı o, köçməyə məcbur edilmiş və mülkiyyət haqqında şəhadətnaməni özünlə götürə bilməmişdir. Kipr respublikasının dövlət orqanları torpaq reyestrlərini bərpa etmiş və mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri vermişdir. İlkin qeydiyyat və ya sənədlər olmadığı yerdə bu şəhadətnamələr mümkün olan ən yaxşı sübut olmuşdur. Diqqətəlayiqdir ki, Saveriades v. Turkey işində (16160/90 nömrəli ərizə, 22 sentyabr 2009-cu il) ərizəçinin mülkiyyət haqqında əsl şəhadətnaməni təqdim edə bilməməsinin səbəbləri xüsusi olaraq nəzərə alınmışdır. Ərizəçi iddia etmişdir ki, sənədlər saxlanıldığı yeri qaç-qovda tərk etməyə məcbur olmuş və ora qayıtmaq, yaxud başqa cür şəhadətnaməni götürmək imkanında olmamışdır. Məhkəmə ərizəçinin təqdim etdiyi sənədlərin (satınalma haqqında müqavilə, şəhadətnamə və tikinti üçün icazə) onun müvafiq əmlak üzərində mülkiyyət hüququna malik olmasının prima facie sübutlarını təşkil etməsini qəbul edərək bildirmişdir ki, (§ 18):
“...Cavabdeh Hökumət təkzib etmə üçün heç bir inandırıcı sübut təqdim etmədiyi üçün, habelə ərizəçinin şimali Kipri tərk etmək məcburiyyətində qaldığı şəraiti nəzərə alaraq Məhkəmə hesab edir ki, onun 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyəti” olmuşdur.”
179. Cənubi-şərqi Türkiyədə fövqəladə vəziyyət elan edildiyi bölgədə kəndlilərin məcburi köçürülməsi və bir neçə il ərzində qayıtmalarına icazə verilməməsi ilə bağlı olan Doğan and Others v. Turkey işində (8803-8811/02, 8813/02 və 8815-8819/02 nömrəli ərizələr, ECHR 2004-VI) cavabdeh Hökumət etiraz etmişdir ki, bəzi ərizəçilər müvafiq kənddə əmlaka sahib olmasını təsdiq edən mülkiyyət haqqında şəhadətnaməni təqdim etməmişlər. Məhkəmə hesab etmişdir ki, mülkiyyət haqqından şəhadətnamə olmadığı yerdə ərizəçilərin qanunvericiliyə əsasən mülkiyyət hüququna malik olub-olmaması məsələsini həll etməyə ehtiyac yox idi. Əslində, ərizəçinin ümumiyyətlə həyata keçirdiyi iqtisadi fəaliyyətin 1 nömrəli Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan “mülkiyyət” təşkil edib-etməməsi məsələsi ortaya çıxmışdır. Bu suala müsbət cavab verərək Məhkəmə aşağıdakıları bildirmişdir (§ 139):
“...Məhkəmə qeyd edir ki, ərizəçilərin 1994-cü ilə qədər Boydaş kəndində yaşadıqları mübahisə edilmir. Onların qeydiyyata alınmış əmlakı olmasa da, onlar əcdadlarının torpaqlarında tikilmiş öz evlərində yaşamış, yaxud atalarının mülkiyyətində olan evlərdə yaşayaraq torpaqlarını becərmişlər. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçilər kənddəki otlaq, çəmən və meşə torpağı kimi ümumi torpaq üzərində mübahisələnməyən hüquqlara malik olmuş və çörəkpulunu heyvandarlıqdan və taxta-şalban hazırlama ilə qazanmışlar. Nəticə etibarilə, Məhkəmənin fikrincə, bütün bu iqtisadi ehtiyatlar və ərizəçilərin onlardan çıxardığı qazanc 1-ci maddənin mənasında “mülkiyyət” kimi müəyyən edilə bilər.”
180. Mülkiyyət” anlayışının müstəqil mənası Məhkəmənin bir çox qərarları və qərardadlarında bildirilmişdir. Öneryıldız v. Turkey işində (no. 48939/99, § 124, ECHR 2004-XII) bu, aşağıdakı kimi ümumiləşdirilmişdir:
“Məhkəmə təkrarlayır ki, 1-ci Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışının müstəqil mənası vardır ki, bu, fiziki əşyalara sahibliklə məhdudlaşmır və qanunvericilikdə formal təsnifatdan asılı deyil: araşdırmalı olan məsələ ondan ibarətdir ki, bütövlükdə götürüldükdə işin halları ərizəçiyə bu müddəada qorunan maddi maraq üzərində hüququ verən kimi sayıla bilərmi ... . Nəticə etibarilə, fiziki əşyalar olduğu kimi, əmlakı təşkil edən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüququ” və buna görə, bu müddəanın məqsədləri üçün “mülkiyyət” sayıla bilər ... . “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edir ... .”
Həmin işdə Məhkəmə hesab etmişdir ki, zibilliyin yanındakı ictimai torpaqda qanunsuz tikilmiş və ərizəçinin və onun ailəsinin bələdiyyə vergisini və kommunal xərcləri ödəməklə icazəsiz olsa da, dinc yaşadığı yaşayış yeri de facto dövlət tərəfindən tanınmış və 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında mülkiyyəti təşkil edəcək xarakterə malik olan mülkiyyət hüququnu təşkil etmişdir.
181. Ərizəçilərin 1 nömrəli Protokolun 1-ci maddəsinə uyğun tələblərinin əsaslandırılması məsələsi həmçinin ərizəçilərin evləri və ya başqa əmlakı yaşadıqları şəhərlərə hava hücumu nəticəsində dağıdılması ilə bağlı Rusiyaya qarşı bir sıra işlərdə ortaya çıxmışdır. Misal üçün, Kerimova and Others v. Russia işində (17170/04, 20792/04, 22448/04, 23360/04, 5681/05 və 5684/05 nömrəli ərizələr, § 293, 3 may 2011-ci il) Məhkəmə bəzi ərizəçilərin mülkiyyət tələblərini hücumdan sonra şəhər administrasiyası tərəfindən tərtib edilmiş və ərizəçilərin öz evlərinə sahib olmasını göstərən evlərin inventarizasiya aktından çıxarışlara əsasən qəbul etmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmiş ərizəçilər ilə əlaqədar olaraq Məhkəmə onların mülkiyyət hüququnu başqa sübutlar, o cümlədən şəhər administrasiyası tərəfindən verilmiş yaşayış yeri barədə arayışlar əsasında müəyyən etmişdir. Məhkəmə həmçinin ərizəçilərin evlər üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlərin hücum zamanı məhv edildiyini ehtimal etmişdir.
182. Ərizəçinin evin sahibi olması müəyyən edildiyi hallarda Məhkəmə binanın Konvensiyanın 8-ci maddəsi mənasında “ev” təşkil etməsini göstərmək məqsədilə ərizəçinin orada yaşadığını sübut etmək üçün əlavə sənədlərin təqdim olunmasını tələb etməmişdir. Misal üçün, Orphanides v. Turkey işində (36705/97 nömrəli ərizə, § 39, 20 yanvar 2009-cu il) Məhkəmə aşağıdakıları bildirmişdir:
“Məhkəmə qeyd edir ki, ərizəçinin onun türk basqını zamanı daimi Laptada yaşaması və onun yaşadığı binanın özü və ailəsi tərəfindən ev sayılması barədə bəyanatını şübhə altına qoyacaq heç bir sübut Hökumət tərəfindən təqdim edilməmişdir.”
183. Eyni zamanda, ərizəçi mülkiyyəti və ya yaşayış yerini təsdiq edən hər hansı sübutu təqdim etmədikdə, onun şikayətləri mütləq rədd edilir (bax, misal üçün: sahibliyin sübutu olmadığı halda Məhkəmə şikayəti rationae materiae əsassız elan etdiyi Lordos and Others v. Turkey, 15973/90 nömrəli ərizə, § 50, 2 noyabr 2010-cu il; həmçinin yuxarıda qeyd edilən Kerimova and Others işindəki bəzi ərizəçilər ilə bağlı nəticələr). Bəzi işlərdə Məhkəmə təkrarlamışdır ki, ərizəçilərdən öz şikayətlərini müdafiə etmək üçün kifayət qədər prima facie sübutların təqdim edilməsi tələb edilir. Damayev v. Russia işində (36150/04 nömrəli ərizə, §§ 108-111, 29 may 2012-ci il) Məhkəmə hesab etmişdir ki, evinin dağıdılması barədə şikayət edən ərizəçi heç olmazsa müvafiq əmlakın qısa təsvirini təqdim etməlidir. Heç bir sənəd və ya təfərrüatlı tələb təqdim edilmədiyindən onun şikayəti əsassız hesab edilmişdir. Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, misal üçün: Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-XI, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, 15 noyabr 2005-ci il).
184. Yekun olaraq, Məhkəmənin presedent hüququnda beynəlxalq və ya daxili silahlı münaqişə şəraitində öz əmlakını və evini itirdiyini iddia edən ərizəçilər tərəfindən təqdim edilməli sübutlar ilə əlaqədar çevik yanaşma inkişaf etdirilmişdir. Məhkəmə qeyd edir ki, eyni yanaşma BMT-nin Pinheiro Prinsiplərinin 15-ci maddəsinin 7-ci hissəsində əks etdirilir (yuxarıda 96-cı abzasa bax).
b) Bu prinsiplərin hazırkı işin faktiki hallarında tətbiqi
i) Əmlakın sübutu
185. Birincisi, Məhkəmə ərizəçinin şikayətinin yalnız Konvensiyanın qüvvəyə mindiyi tarixdən əvvəl dağıdılmış evlı çağlı olması barədə Hökumətin dəlilinə baxacaqdır. Məhkəmə ərizənin qəbuledilənliyi barədə qərardadda artıq qeyd etmişdir ki, ərizəçi əvvəlcədən həmçinin evin yerləşdiyi torpaq sahəsinə istinad etmişdir (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 88). Buna görə, Məhkəmə belə qəbul edir ki, ərizəçinin şikayəti həm evi, həm torpaq sahəsini əhatə edir.
186. Tərəflərin ifadələri iki əsas məsələ ilə bağlı olmuşdur: birincisi, ərizəçinin təqdim etdiyi “texniki pasportun” sübut dəyəri və, ikincisi, ərizəçinin iddia etdiyi kimi, 1960-cı illərin əvvəllərində torpaq sahəsini və ev tikməyə icazəni vermiş Kənd Sovetinin o zaman torpağı ayırmaq səlahiyyətinə malik olub-olmaması məsələsi.
187. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, Kənd sovetlərinin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olmadığı iddia edərkən Hökumət Azərbaycan SSR-in ümumi inzibati strukturunu əsas gətirmişdir. Ərizəçi, öz növbəsində, Kənd Sovetləri haqqında 1958-ci il Əsasnaməsinə (yuxarıda 82-ci abzasa bax) istinad etmişdir ki, bu, Kənd Sovetinin şəxsi tikinti üçün torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olduğu barədə onun mövqeyini dəstəkləyir. Eyni zamanda, aşağıdakı səbəblərə görə bu məsələnin həll edilməsi Məhkəmə üçün zəruri deyil.
188. Mübahisə edilmir ki, texniki pasport, bir qayda olaraq, ev üzərində mülkiyyət hüququ olan şəxsə verilmişdir. Hazırkı işdə ərizəçi onun adına verilmiş və Gülüstanda ev və 2100 kv.m. ölçüsündə torpaq sahəsi ilə bağlı texniki pasportu, o cümlədən evin təfərrüatlı planını təqdim etmişdir. Məhkəmənin fikrincə, texniki pasport prima facie sübutu təşkil edir. Texniki pasportun qanuni sənəd sayılması şərtilə Məhkəmə hesab edir ki, 1960-cı illərin əvvəllərində torpaq sahəsinin ayrılmasına dair Azərbaycan SSR qanunvericiliyi ilə bağlı tərəflərin dəlillərinə baxılması tələb olunmur. Bununla da, Məhkəmə, birincisi, ərizəçinin təqdim etdiyi texniki pasportun qanuniliyinə baxacaqdır. Məhkəmə qeyd edir ki, hər iki tərəf evlərin qeydiyyatının 1985-ci il Təlimatına əsasən aparıldığı barədə razılaşmışdır (yuxarıda 81-ci abzasa bax). Məhkəmə texniki pasportunun natamam və ya saxta olması barədə Hökumətin irəli sürdüyü dəlillərə bir-bir baxacaqdır.
189. Hökumətin iddia etdiyi kimi, texniki pasportda mülkiyyət hüququnu müəyyən edən sənədin göstərilmədiyinə gəldikdə Məhkəmə qeyd edir ki, ərizəçinin işində tətbiq olunan 1985-ci Təlimatının müddəaları ilə bağlı tərəflər mübahisə etmişlər. Məhkəmə texniki pasportun verildiyi 1991-ci ilin mayında Azərbaycanda qüvvədə olmuş qanunvericiliyin düzgün şərhini müəyyən etmək iqtidarında deyil. Məhkəmə qeyd edir ki, ərizəçi, ən azı, onun işində bu işarənin tələb olunmadığının mümkün izahatını təqdim etmişdir. Həmçinin düzdür ki, ərizəçi qeyd etdiyi kimi, istifadə olunmuş formada bu cür işarə üçün qrafa göstərilməmişdir. Nəhayət, ərizəçinin təqdim etdiyi Gülüstanın keçmiş sakinlərinin evlərinin texniki pasportlarında da bu, göstərilməmişdir.
190. Bundan başqa, Hökumət iddia etmişdir ki, ərizəçinin təqdiyi texniki pasportda “sənədlər üzər torpaq sahəsinin şərhi” qrafası boşdur. Yenə də, ərizəçi Texniki İnventarizasiya Bürosunun əməkdaşları tərəfindən texniki pasportun verilməsi barədə ətraflı məlumat və həmin qrafa həmçinin boş olmuş Gülüstanın keçmiş sakinlərinin evlərinin texniki pasportlarını təqdim etmişdir.
191. Nəhayət, Məhkəmə texniki pasportda yanlış möhürün olması barədə Hökumətin dəlilinə gəlir. Eyni zamanda, Məhkəmə hesab edir ki, ərizəçinin, onun ailə üzvlərinin və keçmiş kənd sakinlərinin 2010-cu ildə təqdim etdiyi, Hökumətin yanlış möhür barədə dəlilin irəli sürməsindən xeyli qabaq verilmiş ifadələrində 1991-ci ildəki hallar, yəni ümumi mülki qarşıdurma və Şaumyan rayonunun mühasirəsi vəziyyəti barədə məlumat nəzərə alınaraq, rayon əhalisinə və vəzifəli şəxslərinə dövlət orqanları tərəfindən rayonun adının dəyişməsi barədə məlumatın verilmədiyi müəyyən dərəcədə yəqin ola bilər. Belə olub-olmadıqdan asılı olmayaraq Məhkəmə ərizəçinin evinə dair texniki pasportun verildiyi 1991-ci ilin mayından qabaq (keçmiş) Şaumyan rayonunun müvafiq yerli dövlət orqanlarına yeni möhürlərin verilməsinin Hökumət tərəfindən nəinki iddia etməsi, hətta göstərməməsi barədə dəlilə əhəmiyyət verir.
192. Yekun olaraq, Məhkəmə qəbul edir ki, ərizəçinin təqdim etdiyi texniki pasport ev və torpaq sahəsi üzərində mülkiyyət hüququnun prima facie sübutunu təşkil edir ki, bu, bir çox əvvəlki işlərdə qəbul etdiyi sübutla eyni olaraq (yuxarıda 178-183-cü abzaslara bax) və Hökumət tərəfindən inandırıcı surətdə təkzib edilməmişdir.
193. Bundan başqa, Məhkəmə nəzərə alır ki, əvvəldən ərizəçi bir-birinə uyğun ifadələr verərək iddia etmişdir ki, 1992-ci ilin iyununa qədər Gülüstanda yaşamış və orada torpaq sahəsinə və evə sahib olmuşdur. O, keçmiş Sovet pasportunun, habelə Gülüstanda 1929-cu ildə anadan olmasını və 1955-ci ildə nikah bağlamasını göstərən nikah haqqında şəhadətnamənin surətlərini təqdim etmişdir. Ərizəçinin onun torpaq sahəsinin və ev tikmək icazəsinin alması, həmçinin 1960-cı illərin əvvəllərində qonşuların və dostların köməyi ilə ev tikməsi barədə ifadələri bir sıra ailə üzvlərinin və keçmiş kənd sakinlərinin ifadələri ilə dəstəklənir. Məhkəmə bu ifadələrin dindirmə yolu ilə yoxlanılmamış yazılı ifadələrin olmasını nəzərə almaqla yanaşı qeyd edir ki, bunlarda çoxsaylı detallar vardır və müvafiq şəxslərin təsvir edilən hallarda yaşadığını nümayiş edilir. Kənd sakinlərinin köçməsi vaxtından uzun müddət keçməsini nəzərə alaraq Məhkəmə, Hökumətin qeyd etdiyi kimi, bu ifadələrin bir-biri ilə bütün detallarda uyğun gəlmədiyinə həlledici əhəmiyyət vermir.
194. Həmçinin Məhkəmə kənd hərbi hücum başladıqda ərizəçinin köçməyə məcbur olması şəraiti nəzərə alır. Onun özünlə bütün sənədlərin götürə bilməməsi təəccüblü deyil. Bununla da, təqdim edilmiş sübutları məcmusunu nəzərə alaraq Məhkəmə müəyyən edir ki, ərizəçi 1992-ci ilin iyununda köçdüyü vaxt Gülüstanda evə və torpaq sahəsinə sahib olması barədə iddiasını kifayət qədər əsaslandırmışdır.
195. Nəhayət, Məhkəmə evin 2002-ci il aprelin 15-də Konvensiyanın qüvvəyə minməsi gündən qabaq dağılması və, nəticə etibarilə, ərizənin evlə bağlı hissəsində Məhkəmənin ratione temporis səlahiyyətindən kənara çıxması barədə Hökumətin dəlilinə gəlib çıxır. Hazırkı işdə ərizənin qəbuledilənliyi barədə qərardadda Məhkəmə qeyd etmişdir ki, ərizəçinin evinin dağılıb-dağılmadığı aydın deyil. Məhkəmə həmçinin bildirmişdir ki, bu mərhələdə o, yalnız işin faktiki hallarının onun ratione temporis səlahiyyətinə aid olmasına baxmış, işin faktiki hallarının və hüquqi məsələlərinin öyrənilməsi isə ərizənin mahiyyətinə baxılması mərhələsinə saxlanılmışdır (yuxarıda qeyd edilən Sarqsyan (qərardad, § 88). Məhkəmənin presedent hüququ nəzərə alınaraq hesab edilmişdir ki, ərizəçinin Gülüstanda öz iddia olunan əmlakından, evindən istifadə etmək və qohumlarının qəbirlərini ziyarət etmək imkanında olmaması Məhkəmənin 2002-ci il aprelin 15-dən sonra araşdırmaq səlahiyyətinə malik olduğu davam edən vəziyyət sayılmalıdır. Bununla da, Hökumətin ratione temporis etirazı rədd edilmişdir (ibid., §§ 91-92). Eyni zamanda, Məhkəmə işin faktiki hallarının hərtərəfli araşdırılmasını ərizənin mahiyyətinə baxılması mərhələsinə saxladığı üçün, evin Konvensiyanın qüvvəyə minməsi günündən qabaq dağıdılıb-dağıdılmadığı və, bununla da, evlə bağlı Hökumətin ratione temporis etirazı üçün faktiki əsasların olub-olmadığı hələ də müəyyən edilməlidir. Ev Konvensiyanın qüvvəyə minməsi günündən qabaq dağıdıldığı təqdirdə bu, həqiqətən Məhkəmənin ratione temporis səlahiyyətindən kənar olan ani əməli təşkil etmişdir (bax: Moldovan and Others and Rostaş and Others v. Romania (dec.), nos. 41138/98 and 64320/01, 13 March 2001).
196. Məhkəmə qeyd edir ki, evin dağıdılıb-dağılmadığı barədə ərizəçinin ərizədə ifadələri ziddiyyətlidir (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 24). Məhkəmənin bu açıq-aşkar ziddiyyəti izah etmək sorğusuna cavab olaraq ərizəçi bildirmişdir ki, ərizənin onun 2006-cı il 10 iyul tarixli ifadələrinə əsasən nümayəndəsi tərəfindən yazılması zamanı onun evi ilə valideynlərinin evi arasında dolaşıqlığa yol verilmişdir, çünki ifadədə “anam Gülüstan kəndində yaşamış və evimiz dağıdılmışdır” sözləri deyilmişdir. Birincisi, Məhkəmə qeyd edir ki, həmin ifadə ərizə ilə birlikdə təqdim edilmişdir. Məhkəmə qəbul edir ki, “evimiz” sözləri istifadə edildiyi xüsusi şərait müxtəlif şərhlər üçün yol açır, ərizə formasında ərizəçinin evinin dağıdılmasını göstərən müvafiq ifadə isə anlaşılmazlığın nəticəsi ola bilər.
197. Məhkəmə qarşısında olan sübutları, xüsusilə tərəflərin və üçüncü tərəf qismində çıxış edən Hökumətin təqdim etdiyi DVD-ləri, tərəflərin təqdim etdiyi digər sübutları və AAAS hesabatını nəzərə alaraq Məhkəmə qeyd edir ki, Gülüstan 1992-ci ilin ortalarından boşaldılmış və kənddəki tikililərin əksəriyyəti yarımsökülmüş, yəni xarici və daxili divarlar durmiuş, damlar isə sökülmüşdür. Ərizəçinin evinin Konvensiyanın qüvvəyə minməsi günündən qabaq tamamilə dağılmasına dəlalət edən tutarlı sübutların olmadığı halda Məhkəmə güman edir ki, ev xarabalıq vəziyyətdə olsa da, hələ mövcuddur. Nəticədə, Hökumətin ratione temporis etirazı üçün faktiki əsaslar yoxdur.
198. Yekun olaraq Məhkəmə ərizəçinin Gülüstanda evə və torpaq sahəsinə sahib olması və hal-hazırda olduğunu müəyyən edərək Məhkəmənin evlə bağlı şikayətə baxmaq səlahiyyətinə ratione temporis malik olmaması barədə Hökumətin etirazını rədd edir.
ii) 1 nömrəli Protokolun 1-ci maddəsinin ərizəçinin hüquqlarına şamil olub-olmaması
199. Daha sonra Məhkəmə yerli qanunvericiliyə əsasən ərizəçinin mülkiyyət hüquqlarına malik olması və hal-hazırda olub-olmadığını, habelə bu hüquqların 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyət” sayıla bilib-bilməməsi məsələlərini araşdıracaq.
200. Hökumət izah etmişdir ki, ərizəçinin köçdüyü zaman qüvvədə olmuş Azərbaycan SSR müvafiq qanunlarına əsasən ev və torpaq vətəndaşların xüsusi mülkiyyətində ola bilməzdi. Eyni zamanda, ev şəxsi mülkiyyətdə ola bilərdi. Bundan əlavə, torpaq sahəsi vətəndaşlara kənd təsərrüfatı və ya yaşayış məqsədilə müddətsiz verilə bilərdi. 1991-ci il Mülkiyyət haqqında Qanununda və 1992-ci il Torpaq Məcəlləsində vətəndaşlara ayrılmış torpaq sahələrini özəlləşdirmək imkanı ilk dəfə nəzərdə tutulsa da, vətəndaşlara verilmiş torpaq sahələrinin, o cümlədən fərdi evlərinin özəlləşdirilməsinə dair qaydalar sonradan Torpaq islahatı haqqında 1996-cı il Qanunu ilə müəyyən edilmişdir.
201. Buna görə, Məhkəmə qeyd edir ki, ərizəçin 1992-ci ilin iyununda Gülüstanı tərk etdikdə vətəndaşlara verilmiş torpaq sahələrinin, o cümlədən fərdi evlərinin özəlləşdirilməsinə dair qaydalar müəyyən edilməmişdir. İddia edilməmişdir ki, ərizəçi bu imkandan sonradan istifadə etmişdir. Köhnə qanunvericiliyə əsasən onun əldə etdiyi hüquqlar 1991-ci il Mülkiyyət haqqında Qanununun və 1992-ci il Torpaq Məcəlləsinin qəbul edilməsi nəticəsində ləğv edilmədiyi üçün, onun köçdüyü zaman malik olduğu ev və torpaq sahəsi üzərində hüquqlara Azərbaycan SSR qanunvericiliyi nəzərə alınmaqla baxılmalıdır.
202. Məhkəmə qeyd edir ki, bu qanunvericilik aktlarına, xüsusilə 1978-ci il Konstitusiyasının 13-cü maddəsinə və 1983-cü il Mənzil Məcəlləsinin 10.3-cü maddəsinə müvafiq olaraq yaşayəş evləri vətəndaşların şəxsi mülkiyyətində ola bilərdi. Şəxsi mülkiyyət hüququ və varislik hüququ dövlət tərəfindən qorunurdu. Əksinə, torpaq dövlətin mülkiyyətində olmuşdur. Torpaq sahələri vətəndaşlara kənd təsərrüfatı və ya fərdi yaşayış evinin tikilməsi kimi müəyyən məqsədlər üçün verilə bilərdi. Belə halda vətəndaş torpaqla bağlı “istifadə hüququna” malik olmuşdur. Bu, yenə də 1978-ci il Konstitusiyasının 13-cü maddəsindən və Torpaq Məcəlləsinin 4-cü maddəsindən irəli gəlir. “İstifadə hüququ” istifadəçi üzərində onun nəzərdə tutulmuş məqsədlər üçün istifadə etmək vəzifəsini müəyyən etsə də, qanunla qorunmuşdur. Hökumət bunu mübahisə etməmişdir. Bundan əlavə, bu hüquq vərəsə ilə keçirdi.
203. Bununla da, şübhə yoxdur ki, ev və torpaq sahəsi ilə bağlı ərizəçiyə verilmiş hüquqlar əhəmiyyətli iqtisadi marağı təmsil edən qorunan hüquqları təşkil etmişlər. 1 nömrəli Protokolun 1-ci maddəsinin müstəqil mənası nəzərə alınaraq torpaq sahəsindən “istifadə hüququ” bu müddəaya əsasən “mülkiyyəti” təşkil edir. Bu nəticə həmçinin ərizəçilərin yaşayış evləri və daşınar əmlak üzərindəki hüquqlara aiddir 1 nömrəli Protokolun 1-ci maddəsinin müstəqil mənası nəzərə alınaraq ərizəçinin ev üzərində şəxsi mülkiyyət hüququ və torpaq sahəsindən “istifadə hüququ” bu müddəaya əsasən “mülkiyyəti” təşkil edir.
204. Hökumət bildirmişdir ki, münaqişə nəticəsində Azərbaycanı tərk etmiş ermənilərin qoyduğu mülkiyyətlə bağlı qanunlar qəbul edilməmişdir. Hökumət bir istisnanı göstərmişdir ki, 1991-ci il Fərman (yuxarıda 83-cü abzasa bax) Azərbaycandan gedən ermənilər Ermənistandan, Dağlıq Qarabağdan və Ermənistan tərəfindən işğal edilmiş rayonlardan getmiş azərbaycanlılarla əmlakın dəyişdirilməsi təcrübəsi ilə bağlı qəbul edilmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, bu, ərizəçinin əmlakına aid olmamışdır.
205. Nəticədə, 1992-ci ilin iyununda Gülüstandan köçdüyü zaman ərizəçi 1 nömrəli Protokolun 1-ci maddəsi mənasında “mülkiyyət” təşkil edən ev və torpaq sahəsi üzərində hüquqlara malik olmuşdur. Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsindən əvvəl və ya sonra bu hüquqlara qanuni, yaxud başqa yolla xitam verilməsinə dəlalət edən heç nə yoxdur. Buna görə, ərizəçinin mülkiyyət hüquqları hələ də qüvvədədir. Ərizəçi müvafiq olaraq mövcud mülkiyyətə malik olduğu üçün onun Mülkiyyət haqqında 1991-ci il Qanununa əsasən hüquqların xüsusi mülkiyyət hüquqların çevrilməsi barədə “qanuni ümidlərin” olmasına dair iddiaya baxmağa ehtiyac yoxdur
B. 1 nömrəli Protokolun 1-ci maddəsinin davam edən pozuntusunun olub-olmaması
1. Tərəflərin ifadələri
a) Ərizəçi
206. Ərizəçi bildirmişdir ki, onun Gülüstana qayıtmaq və mülkiyyətinə daxil olmaq, ona nəzarət etmək, ondan istifadə etmək və bəhrələnmək, yaxud onun itirilməsinə görə kompensasiya almaq hüququndan məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu təşkil etmişdir (bax: yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 149). O, Şimali Kiprlə bağlı Məhkəmənin presedent hüququna istinad edərək iddia etmişdir ki, hələ də Gülüstandakı əmlakının qanuni sahibi olmuş, lakin qayıtmaq, yaxud hüquqların məhdudlaşmasına görə kompensasiya almaq imkanında olmamışdır.
207. Ərizəçi bildirmişdir ki, Konvensiyanın 2002-ci ildə qüvvəyə minməsindən sonra cavabdeh Hökumət onun kimi qaçqınların hüquqlarının, xüsusilə öz evinə və torpağına qayıtmaq və ya kompensasiya almaq hüququnun bərpa olunması üçün hər hansı müəyyən tədbirləri görməmişdir. O, qeyd etmişdir ki, qaçqınların və məcburi köçkünlərin könüllü olaraq qayıtmaq və ya kompensasiya almaq hüququ daima beynəlxalq sənədlərdə, o cümlədən ATƏT-in Minsk prosesi çərçivəsində hazırlanmış 2007-ci il Madrid Əsas Prinsiplərində (yuxarıda 26-cı abzasa bax), BMT Təhlükəsizlik Şurasının qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin tövsiyələrində müdafiə edilmişdir.
208. Hökumətin öhdəliklərinin xarakteri və əhatə dairəsi ilə bağlı ərizəçi təklif etmişdir ki, müvafiq beynəlxalq standartlar, xüsusilə həmçinin Pinheiro Prinsipləri kimi tanına “Qaçqın və Məcburi Köçkünlərin Yaşayış Yeri və Əmlakının Restitusiyasına dair Prinsiplər” (yuxarıda 96-cı abzasa bax) Məhkəmə tərəfindən nəzərə alınsın. Ərizəçinin fikrincə, Hökumət üçün bir sıra tədbirlər mümkün olacaqdır. Bu cür tədbirlər qaçqınlar və məcburi köçkünlər üçün müharibədən əvvəlki əmlak üzərində mülkiyyət hüququnu bərpa etmək və onun qaytarılmasını iddia etmək imkanını yaradacaq əmlakın qeydiyyatı üzrə orqanın və prosesin təsis edilməsini əhatə edə bilər. Həmçinin, qarşı duran silahlı qüvvələrini atəşkəs xətindən geri çəkməklə və beynəlxalq sülh qoruyucu qüvvələrin nəzarəti altında demilitarizasiya zonasını yaratmaqla ayrılma zonası yaradıla bilər. Bu zona sonradan qaçqınların qayıtması üçün birinci yer ola bilərdi. Ərizəçi bildirmişdir ki, Hökumət hətta bu cür tədbirlərin görməyə cəhd etdiyini belə iddia etməmişdir.
b) Cavabdeh Hökumət
209. Ərizənin qəbuledilənliyi barədə qərardan əvvəl cavabdeh Hökumətin başlıca mövqeyi ondan ibarət olmuşdur ki, Gülüstan hər hansı səmərəli nəzarəti altında deyildir və buna görə Hökumət ərizəçiyə onun iddia edilən mülkiyyətinə daxil olmaq icazəsini verə bilməz və, nəticə etibarilə, iddia edilən davamlı pozuntuya görə məsuliyyət daşıya bilməz (bax: yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 155).
210. Sonrakı mərhələdə Hökumət əraziyə kifayət qədər nəzarət edə bilmədiyi üçün Gülüstanla bağlı Konvensiyaya əsasən yalnız məhdud məsuliyyət daşıdığına dair mövqeyinə uyğun olaraq ilk növbədə bildirmişdir ki, Konvensiyanın 1-ci maddəsinə əsasən qalan müsbət öhdəliyi həm ümumi xarakterli, həm də fərdi xarakterli tədbirlər baxımından yerinə yetirilmişdir. Hökumət qeyd etmişdir ki, o, Dağlıq Qarabağın vəətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz işğalına davamlı olaraq müqavimət göstərmişdir. Buna paralel olaraq, bütün mümkün diplomatik vasitələrlə, o cümlədən ATƏT Minski qrupu çərçivəsindəki sülh danışıqlarda iştirak etməklə ərazi üzrə nəzarəti bərpa etməyə cəhd göstərilmişdir. Bu qrupun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri və prezidentləri ilə müntəzəm görüşlər keçirmişlər. Qaçqınların və məcburi köçkünlərin məsələsini həll etmək üçün tələb olunan fərdi xarakterli tədbirlərə gəldikdə, Hökumət Ermənistandan, Dağlıq Qarabağdan və ətraf rayonlardan köçmüş azərbaycanlılarla Azərbaycandan köçmüş ermənilər arasında şəxsi mülkiyyətin dəyişməsini qanuniləşdirən 1991-ci il Fərmana istinad etmişdir (yuxarıda 83-cü abzasa bax). Bu, qaçqınların və məcburi köçkünlərin kütləvi axını nəticəsində yaradılmış tamamilə müstəsna fövqəladə vəziyyəti həll etmək üçün görülmüş tədbir olmuşdur. Eyni zamanda, Hökumətdə olan məlumata görə, ərizəçi öz əmlakını dəyişməmidir.
211. Alternativ olaraq Hökumət etiraf etmişdir ki, onun Konvensiyaya əsasən tam məsuliyyət daşıması Məhkəmə tərəfindən müəyyən edildiyi təqdirdə ərizəçinin Gülüstana buraxılmaması Konvensiyanln 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən onun hüquqları ilə müdaxiləni təşkil edə bilər.
212. Hökumət bildirmişdir ki, milliyyətindən asılı olmayaraq hər hansı mülki şəxsə Gülüstana buraxılmaması ərazidə təhlükəsizlik mülahizələri ilə əsaslandırılır. Ərizəçinin hüquqları ilə hər hansı müdaxilə qanuni olmuş və ümumi marağa xidmət etmişdir. Bununla əlaqədar olaraq Hökumət qeyd etmişdir ki, hüquqi vəziyyəti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 1993-cü il Qanunu ilə müəyyən olunan Azərbaycan silahlı qüvvələri Azərbaycan sərhədlərinin qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsinə məsuliyyət daşıyır. Hərbi əməliyyatlar zonasında yerləşən Gülüstana buraxılış müdafiə nazirinin əmri ilə qadağan edilmiş, bu əmr tam məxfi olduqdan onun mətni açıqlana bilməz. Müdafiə nazirinin bu cür əmrlər vermək səlahiyyəti “Azərbaycan Respublikasının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndində müəyyən olunur. Azərbaycan silahlı qüvvələri yuxarıda göstərilən vəzifələri yerinə yetirməkdə Konvensiyaya və beynəlxalq humanitar hüquqa riayət etməlidir. Bununla da, onlar təhlükəli ərazilərə mülki əhaliyə icazə verməməklə onlara mümkün zərəri minimuma endirməyə görə məsuliyyət daşıyırlar. Əslində, mülki əhalinin kəndə buraxılması Azərbaycanın Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnu qorumaq öhdəliyinin pozulması kimi qiymətləndirilə bilər. Aydındır ki, ərazinin minalanması və hərbi əməliyyatlar təhlükəsi nəzərə alınaraq, Gülüstan təhlükəli zonadır.
213. Bundan başqa, Hökumət Doğan and Others işinə (yuxarıda qeyd edilən) istinad edərək qeyd etmişdir ki, bu növ işlərdə Məhkəmə müdaxilənin mütənasibliyi məsələsinə diqqət yetirmişdir. Hökumət iddia etmişdir ki, hazırkı iş 1 nömrəli Protokolun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin pozulması Məhkəmə tərəfindən müəyyən edildiyi Doğan and Others işindən fərqlidir. Əslində Hökumət qeyd etmişdir ki, hazırkı işdə ərizəçi məcburi köçkün deyil. O, Ermənistanda yaşamış və buna görə, onun yurisdiksiyasında olmuşdur. Cavabdeh Hökumət minlərlə məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün onların yaşayışla və bir çox sosial xidmətlərlə təmin olunması daxil olmaqla mühüm tədbirlər həyata keçirmişdir. Eyni zamanda, ərizəçinin Ermənistanda yaşaması nəzərə alınaraq Hökumət ona praktiki yardım göstərə bilməmişdir.
c) Üçüncü tərəf qismində çıxış edən Ermənistan hökuməti
214. Ermənistan Hökuməti ərizəçinin dəlilləri ilə razılaşmışdır.
2. Məhkəmənin qiymətləndirməsi
215. Məhkəmə bir sıra giriş qeydlərini etmək faydalı bilir. Hazırkı işdə ərizənin qəbuledilənliyi barədə qərardadda (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), §§ 89-91) və yuxarıdakı mülahizələrdə müəyyən edildiyi kimi, Məhkəmənin ratione temporis səlahiyyətinin qəbul edilməsi ərizəçinin Gülüstandakı ev və torpaq sahəsi üzərində mülkiyyət hüququnun hələ də qüvvədə olması barədə nəticəyə əsaslanır (yuxarıda 205-ci abzasa bax). Əksinə, 1992-ci ilin iyununda ərizəçinin Gülüstandan köçməsi Məhkəmənin ratione temporis səlahiyyətindən kənardır (yuxarıda qeyd edilən Sarqsyan (qərardad), § 91). Bununla belə, hazırkı işdə Ermənistanla Azərbaycan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin bilavasitə nəticəsi olan yaranmış vəziyyətdə cavabdeh Hökumət tərəfindən ərizəçinin hüquqlarının pozulub-pozulmaması araşdırılmalıdır.
216. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, ərizəçi münaqişə zamanı Azərbaycandan getmiş və əmlakla evlərini qoymuş yüz minlərlə ermənilərdən biridir. Hal-hazırda münaqişə zamanı köçürülmüş insanlar tərəfindən mindən artıq ərizə Məhkəməyə verilmiş, onların yarısından çoxu Ermənistana qarşı, qalanları isə Azərbaycana qarşı verilmişdir. Qaldırılan məsələlər Konvensiyanın 32-ci maddəsində müəyyən edilmiş Məhkəmənin yurisdiksiyasına daxil olsa da, münaqişənin siyasi həllinin tapılması münaqişədə iştirak edən iki dövlətin məsuliyyətidir (bax: mutatis mutandis, Kovačić and Others v. Slovenia, nos. 44574/98, 45133/98 and 48316/00, §§ 255-256, 3 October 2008; Demopoulos and Others (yuxarıda qeyd edilən, § 85). Qaçqınların keçmiş yaşayış evlərinə qayıtması, əmlakın qaytarılması və ya kompensasiyanın ödənilməsi kimi məsələlərin hərtərəfli həllinə yalnız sülh sazişi yolu ilə nail oluna bilər. Əslində, Ermənistan və Azərbaycan Avropa Şurasına daxil olduqdan qabaq Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək öhdəliyini öz üzərinə götürmüşdür (yuxarıda 76-cı abzasa bax). Danışıqların ATƏT Minsk qrupu çərçivəsində aparılmasına baxmayaraq, 1994-cü ilin mayında atəşkəs barədə razılığın əldə etməsindən iyirmi ildən çox, 2002-ci il aprelin 15-də və 26-da Azərbaycanın və Ermənistanın Konvensiyaya qoşulmasından isə on iki ildən çox keçmiş və münaqişənin siyasi həlli hələ görünmür. 2013-cü ilin iyununda Minsk qrupu həmsədrləri olan ölkələrin, yəni Fransa, Rusiya Federasiyası və ABŞ-ın prezidentləri “dərindən təəssüfləndiyi bildirmişlər ki, tərəflər danışıqlar prosesində qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan həll yolu tapmağa çalışmaq əvəzinə, birtərəfli mənfəət əldə etmək səylərini davam etdirmişlər” (yuxarıda 28-ci abzasa bax). Məhkəmə yalnız qeyd edə bilər ki, yuxarıda göstərilən öhdəlik hələ də yerinə yetirilməmişdir.
a) 1 nömrəli Protokolun 1-ci maddəsinin tətbiq olunan norması
217. Məhkəmə təkrarən bildirir ki, 1 nömrəli Protokolun 1-ci maddəsinə üç fərqli norma daxildir. Birinci hissənin birinci cümləsində təsbit olunmuş birinci norma ümumi xarakter daşıyaraq mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir. Birinci hissənin ikinci cümləsində əks etdirilən ikinci norma mülkiyyətdən məhrum etməyə və bunun müəyyən şərtlərinə aiddir. İkinci hissədə nəzərdə tutulmuş üçüncü normada təsbit edilir ki, iştirakçı dövlətlərin, digər tədbirlərlə bərabər, zəruri hesab etdiyi qanunları tətbiq etmək yolu ilə ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququ vardır. Eyni zamanda, bu normalar “fərqli”, yəni əlaqəsiz deyil. İkinci və üçüncü norma mülkiyyətdən maneəsiz istifadə hüququ ilə müdaxilənin müəyyən növlərinə aiddir və buna görə, birinci normada təsbit olunmuş ümumi prinsip baxımından şərh edilməlidir (bax: digər qərarlar arasında, Broniowski v. Poland [GC], no. 31443/96, § 134, ECHR 2004‑V).
218. Məhkəmə qeyd edir ki, tərəflər işdə tətbiq olunan normanı şərh etməmişlər. Məhkəmə xatırladır ki, ərizəçinin Gülüstandakı ev və torpaq sahəsi üzərində hüquqlardan məhrum olunmadığı barədə nəticəyə gəlmişdir. Bununla da, 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi mənasında mülkiyyətdən məhrum etmə hazırkı işdə yoxdur. Həmçinin, şikayət olunan halların mülkiyyətdən istifadəyə nəzarət etmə məqsədilə görülmüş tədbirlər nəticəsində yaranması iddia edilməmişdir. Buna görə, Məhkəmə hesab edir ki, ərizəçinin şikayət etdiyi vəziyyət ərizəçinin mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı olduqdan birinci hissənin birinci cümləsinə əsasən baxılmalıdır (bax: yuxarıda qeyd edilən Loizidou (merits), § 63; Cyprus v. Turkey [GC], no. 25781/94, § 187, ECHR 2001‑IV; yuxarıda qeyd edilən Doğan and Others, § 146).
b) İddia edilən pozuntunun xarakteri
219. 1 nömrəli Protokolun 1-ci maddəsinin məqsədi – şəxsi onun mülkiyyətdən maneəsiz istifadəsinə dövlət tərəfindən əsassız müdaxilədən qorumaqdır. Eyni zamanda, Konvensiyanın 1-ci maddəsinə müvafiq olaraq hər bir iştirakçı dövlət “onun yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada ... müəyyən olunmuş hüquq və azadlıqları təmin edir”. Bu ümumi vəzifənin yerinə yetirilməsi Konvensiyada nəzərdə tutulan hüquqların səmərəli surətdə həyata keçirilməsinin təminatının ayrılmaz tərkib hissəsi olan müsbət öhdəlikləri əhatə edə bilər. 1 nömrəli Protokolun 1-ci maddəsinin kontekstində həmin müsbət öhdəliklər nəticəsində dövlətdən mülkiyyət hüququnu qorumaq üçün zəruri olan tədbirlərin görülməsi tələb oluna bilər (bax: yuxarıda qeyd edilən Broniowski, § 143; Sovtransavto Holding v. Ukraine, no. 48553/99, § 96, ECHR 2002‑VII).
220. Eyni zamanda, 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən dövlətin müsbət və mənfi öhdəliklərinin hüdudları dəqiq müəyyən olunmur. Buna baxmayaraq, tətbiq olunan prinsiplər eynidir. İş dövlətin müsbət öhdəlikləri baxımından və ya dövlət orqanı tərəfindən əsaslandırma tələb olunan müdaxilə baxımından təhlil edildikdə, tətbiq edilməli meyarlar mahiyyətcə fərqli deyil. Hər iki kontekstdə şəxsin və ümumiyyətlə cəmiyyətin toqquşan maraqları arasında nail olunmalı ədalətli tarazlığa nəzər yetirilməlidir. Həmçinin həqiqətdir ki, cəlb olunmuş ictimai maraqlar tələbi ilə ərizəçinin əsas mülkiyyət hüququ arasında ədalətli tarazlığa nail olub-olmamasının qiymətləndirilməsi üçün bu müddəada göstərilən məqsədlərin aidiyyəti ola bilər. Hər iki kontekstdə Konvensiyaya uyğunluğu təmin etmək üçün görülməli tədbirlərin müəyyən edilməsində dövlətin müəyyən mülahizə sərbəstliyi vardır (yuxarıda qeyd edilən Broniowski, § 144).
221. Məhkəmə qeyd edir ki, ərizəçi Gülüstanda mülkiyyətindən istifadə etməsinin qarşısının alınması və onun hüquqları ilə müdaxiləyə görə hər hansı kompensasiyanın cavabdeh Hökumət tərəfindən ödənilməməsi barədə şikayət etmişdir. Bununla da, ərizəçi öz şikayətini müdaxilə baxımından ifadə etmişdir. Eyni qaydada, Hökumət, onun Konvensiyanın 1-ci maddəsinə əsasən yalnız məhdud məsuliyyət daşıması barədə iddiasının Məhkəmə tərəfindən rədd etməsi təqdirdə, ərizəçinin şikayətlərini onun mülkiyyət hüquqları ilə müdaxiləyə qarşı yönəlmiş kimi qəbul etmişdir.
222. Müqayisə oluna bilən bir sıra işlərdə Məhkəmə qaçqınların və ya məcburi köçkünlərin mülkiyyətdə istifadə etmək imkanından məhrum olması barədə şikayətlərinə onların 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən hüquqları ilə müdaxiləyə kimi baxmışdır (bax: misal üçün, yuxarıda qeyd edilən Loizidou (merits), § 63; yuxarıda qeyd edilən Cyprus v. Turkey, § 187; yuxarıda qeyd edilən Doğan and Others, § 143). Hazırkı işdə Məhkəmə aşağıdakı səbəblərə görə bu yanaşmanı rəhbər tutmağı məqsədəuyğun hesab etmir.
223. Hazırkı iş şimali Kiprlə bağlı işlərdən fərqlidir ki, həmin işlərdə Türkiyə Hökumətinin kiprli yunan mülkiyyətçilərinin, işğal və tabeli yerli administrasiyanın yaradılması nəticəsində Türkiyə Hökumətinin səmərəli nəzarəti altında olan “ŞKTR”-də olan mülkiyyətindən istifadə etmək imkanının rədd edilməsinə görə məsuliyyəti müəyyən edilmişdir. Həmin işlərdə kiprli yunan mülkiyyətçilərin əmlak hüquqları ilə müdaxilə işğal “ŞKTR”-in yaradılması ilə birbaşa əlaqəli olmuşdur (yuxarıda qeyd edilən Loizidou, §§ 52-56 və 63; yuxarıda qeyd edilən Cyprus v. Turkey, §§ 75-80 və § 187). Hazırkı işdə isə, əksinə, cavabdeh Hökumətin beynəlxalq qaydada tanınmış öz ərazisindəki əməlləri və ya hərəkətsizliyi ortadadır.
224. Hazırkı iş – birinci işdir ki, Məhkəmə müharibə və işğal nəticəsində öz ərazisinin bir hissəsi üzərində nəzarəti itirmiş dövlətə qarşı, lakin onun nəzarəti altında qalan ərazidə məcburi köçkünə öz mülkiyyətindən istifadə etməyə icazə verməməsi iddia edilən şikayətin mahiyyəti üzrə qərar çıxarılmalıdır. Hazırkı işlə müqayisə oluna biləcək yeganə işlər – kiprli türklər tərəfindən Kipr Respublikasına qarşı verilmiş, həmçinin Kipr Hökumətinin nəzarəti altında qalan ərazidə yerləşən torpaq və evlərdən istifadə etmək imkanının məhdudlaşması şikayət olunan ərizələrdir. Eyni zamanda, bunlar ya həll edildiyi (Sofi v. Cyprus (dec.), no. 18163/04, 14 January 2010), ya da tərk edilmiş mülkiyyətlə bağlı Kipr Respublikasının təklif etdiyi hüquqi müdafiə vasitələrinin tükənməməsinə görə rədd edildiyi (bax: xüsusən, yuxarıda qeyd edilən Niazi Kazali and Hakan Kazali (dec.), §§ 152-153) üçün mahiyyət üzər baxış mərhələsinə gəlib çıxmamışlar.
225. Doğan and Others işində (yuxarıda qeyd edilən), təhlükəsizlik qüvvələri ilə PKK (Kürdüstan Fəhlə Partiyası) arasında silahlı münaqişə kontekstində cənubi-şərqi Türkiyədə fövqəladə vəziyyət elan edilmiş bölgədə kənddən çıxarılmış kənd sakinlərinə kənddə və onun ətrafında terror hadisələrinin baş verməsinə görə təxminən doqquz il ərzində qayıtmağa dövlət orqanları tərəfindən icazə verilməmişdir (ibid., §§ 142-143). Qeyd edilməlidir ki, Məhkəmə, ərizəçilərin şikayətlərini kənddəki mülkiyyətindən istifadə etmək imkanının rədd edilməsini müdaxilə kimi təhlil etsə də, onların mülkiyyətdən maneəsiz istifadə etmək hüququ ilə müdaxilənin qanuni olub-olmaması və qanuni məqsədə xidmət edib-etməməsi məsələsi açıq qoymuş və diqqəti mütənasiblik məsələsinə yönəltmişdir (ibid., §§ 147-149).
226. Hazırkı işin hallarını nəzərə alaraq Məhkəmə ərizəçinin şikayətlərinin cavabdeh Hökumətin 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən müsbət öhdəliklərə əməl edib-etməməsini müəyyən etmək məqsədilə araşdırılmasını məqsədəuyğun hesab edir. Buna görə, araşdırma zamanı Məhkəmə öz diqqətini ictimai maraqlar və ərizəçinin əsas mülkiyyət hüququ arasında ədalətli tarazlığa nail olub-olmaması məsələsinə yönəldəcəkdir.
c) İctimai maraqlar və ərizəçinin əsas mülkiyyətdən maneəsiz istifadə etmək hüququ arasında ədalətli tarazlığa nail olub-olmaması
227. Presedent hüququnda inkişaf etdirilmiş prinsipləri hazırkı işin xüsusi hallarına tətbiq edərək Məhkəmə hesab edir ki, həm ərizəçinin mülkiyyətdən maneəsiz istifadə etməsi ilə müdaxilə, həm də hərəkət etməkdən çəkinmə nəticəsində Hökumətin istinad etdiyi təhlükəsizlik mülahizələri ilə ərizəçinin mülkiyyət hüququnu qorumaq tələbi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə təkrarlayır ki, bu tarazlığa nail olmaq tələbi 1 nömrəli Protokolun 1-ci maddəsinin bütöv strukturunda əks etdirilir. Xüsusilə, istifadə edilmiş vasitələrlə dövlətin tətbiq etdiyi hər hansı tədbirlər, o cümlədən şəxsləri mülkiyyətdən məhrum edən tədbirlər yolu ilə əldə edilməli niyyət arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Bununla da, bu maddənin pozulması barədə iddia ilə bağlı hər bir işdə Məhkəmə dövlətin əməli və ya hərəkətsizliyi səbəbindən müvafiq şəxsin üzərində qeyri-mütənasib və həddən artıq yükün olub-olmasını müəyyən etməlidir (yuxarıda qeyd edilən Broniowski, § 150 oradakı istinadlarla). 1 nömrəli Protokolun 1-ci maddəsi ilə uyğunluğu araşdırarkən Məhkəmə, Konvensiyanın “praktiki və səmərəli” olan hüquqların təmin olunması üçün hazırlanmasını nəzərə alaraq, işdə olan müxtəlif maraqlara ümumiyyətlə qiymət verməlidir. Məhkəmə xarici görünüşün arxasına baxmalı və şikayət edilən vəziyyətin gerçəklərini araşdırmalıdır (ibid., § 151).
228. Məhkəmə hesab edir ki, ərizəçinin şikayətində iki məsələ qaldırılır: birinci, cavabdeh Hökumətin onun Gülüstandakı torpağa və evə daxil olmağa icazə vermək öhdəliyinin olub-olmaması və, ikinci, cavabdeh Hökumətin ərizəçinin mülkiyyət hüququnu qorumaq üçün hər hansı başqa tədbirləri görmək və ya vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin olub-olmamasıdır.
229. Ərizəçinin Gülüstandakı mülkiyyətinə daxil olmağa icazə vermək məsələsi ilə əlaqədar Məhkəmə qeyd edir ki, Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə vəziyyəti ərizəçinin şəraitində olan şəxslərin nəinki mülkiyyətə daxil olmasını, hətta Ermənistandan Azərbaycana səyahətini çətin, bəlkə də qeyri-mümkün edə bilər. Eyni zamanda, tərəflərin dəlilləri Gülüstandakı xüsusi vəziyyətə yönəlmişdir. Məhkəmə də bu məsələni araşdıracaqdır.
230. Hökumət xüsusən iddia etmişdir ki, hər hansı mülki şəxsin Gülüstana buraxılmaması kənddə və ətrafında olan şəraitlə əsaslandırılır. Beynəlxalq humanitar hüquqa əsasən öz öhdəliklərinə qısa şəkildə istinad edərək Hökumət, əsas etibarilə, müdafiə və milli təhlükəsizlik maraqlarına, habelə Konvensiyanın 2-ci maddəsinə əsasən minalardan və ya hərbi fəaliyyətdən irəli gələn təhlükədən həyatı qorumaq öhdəliyinə əsaslanmışdır.
231. Hökumət mülki əhalinin Gülüstana buraxılmamasının beynəlxalq humanitar hüquqa əsaslanması barədə iddiası ilə bağlı hər hansı təfərrüatlı dəlil irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, beynəlxalq humanitar hüquqda işğal olunmuş ərazidə məcburi köçürülməyə dair normalar olsa da, mcəburi köçkünlərin evə və ya digər əmlaka buraxılması məsələsi dəqiq əks etdirilmir. Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsində (yuxarıda 95-ci abzasa bax) işğal olunmuş əraziyə və ya işğal olunmuş ərazidən fərdi və ya kütləvi qaydada məcburi köçürülmə, yaxud çıxarılma qadağan olunur və yalnız əhalinin təhlükəsizliyi və ya qaçılmaz hərbi səbəblər tələb etdikdə müəyyən ərazidən təxliyəyə yol verilir; bu halda, köçürülmüş şəxslərin ərazidə hərbi əməliyyatlar bitdikdə qayıtmaq hüququ vardır. Eyni zamanda, Gülüstanın cavabdeh Hökumətin beynəlxalq qaydada tanınmış öz ərazisində yerləşməsi nəzərə alınaraq, bu normalar yalnız işğal olunmuş ərazidə tətbiq edildiyi üçün hazırkı işdə tətbiq oluna bilməz.
232. Beynəlxalq humanitar adət hüququnun bütün, yəni “işğal olunmuş” və ya “öz” əraziyə münasibətdə tətbiq olunan norması sayılan məcburi köçkünlərin onların köçürülməsi səbəbləri aradan qaldırıldığı halda öz evlərinə və ya daimi yaşayış yerlərinə könüllü olaraq və təhlükəsiz qayıtmaq hüququnun hazırkı işə daha çox aidiyyəti vardır (yuxarıda 95-ci abzasa bax: Rule 132 of the ICRC Study on Customary International Humanitarian Law). Eyni zamanda, ərizəçinin köçürülməsi üçün səbəblərin aradan qalxması məsələsi müzakirələr üçün açıqdır. Yekun olaraq, Məhkəmə qeyd edir ki, ərizəçinin Gülüstana buraxmamaqla Hökumətin haqlı olub-olmaması sualına beynəlxalq humanitar hüquqda qəti cavab verilmir.
233. Məhkəmənin əldə etdiyi sübutlara əsasən müəyyən edilmişdir ki, Gülüstan hərbi fəaliyyət ərazisində yerləşir. Ən azı, onun ətrafında ərazi minalanmış və atəşkəs rejiminin pozulması halları tez-tez baş verir. Konvensiyanın qüvvəyə minməsi gündən bu günə qədər həmin vəziyyətin hər hansı əsaslı yolla dəyişməsi iddia edilməmiş və ya göstərilməmişdir. Hər halda, vəziyyətin yaxşılaşmasına işarə edən heç nə yoxdur. Məhkəmə qarşısındakı sübutlar, əksinə, ərazidə hərbi fəaliyyətin və atəşkəs rejiminin pozulması hallarının artmasını göstərir. Məhkəmə qəbul edir ki, mülki əhalinin, o cümlədən ərizəçinin, Gülüstana buraxılmaması təhlükəsizlik mülahizələri, xüsusilə minalanmış əraziyə buraxılmama və belə ərazidə olan təhlükədən mülki əhalinin qorunması ilə əsaslandırılır (bax: mutatis mutandis, Konvensiyanın 2-ci maddəsinə əsasən dövlətin hərbi atışma zonasının yanında yaşayan mülki əhalinin partlamamış döyüş sursatdan irəli gələn təhlükədən qorumaq üçün zəruri tədbirlər həyata keçirmək öhdəliyi ilə bağlı Oruk v. Turkey, no. 33647/04, §§ 58-67, 4 February 2014). Hal-hazırda Gülüstanın hərbi baxımdan həssas zonada olmasından asılı olmayaraq, Azərbaycan Hökumətindən ərizəçinin Gülüstana daxil olmasının və ya oradakı mülkiyyətinə yenidən sahib olmasının təmin etməsini gözləmək qeyri-real olardı (bax: mutatis mutandis, yuxarıda qeyd edilən Demopoulos and Others (dec.), § 112).
234. Eyni zamanda, Məhkəmə hesab edir ki, mülkiyyətə buraxılma mümkün olmadığı halda, mülkiyyət hüququnu təmin etmək üçün dövlətin alternativ tədbirləri həyata keçirmək vəzifəsi vardır. Bununla əlaqədar olaraq Məhkəmə kənd sakinlərinin məcburi köçürülməsi ilə bağlı Doğan and Others işinə istinad edərək bildirir ki, həmin işdə kənd sakinlərinin qayıtmasına yardım göstərmək və ya məcburi köçkünləri alternativ yaşayış yerləri ilə və ya digər formada yardımla təmin etmək üçün Türkiyə Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər ətraflı araşdırılmışdır (yuxarıda qeyd edilən, §§ 153-156). Məhkəmə vurğulamalıdır ki, alternativ tədbirləri həyata keçirmək öhdəliyi dövlətin köçürülməyə görə məsuliyyət daşımasından asılı deyil. Doğan and Others işində Məhkəmə qeyd etmişdir ki, ərizəçilərin köçürülməsinin dəqiq səbəbinin müəyyən edilməsi mümkün olmamış və buna görə, araşdırma onların öz mülkiyyətinə buraxılmaması barədə şikayətləri ilə kifayətlənmişdir (ibid., § 143). Həyata keçirilməli tədbirlərin növü işin hallarından asılıdır.
235. Məhkəmə ərizəçinin mülkiyyət hüquqlarının qorunması üçün Hökumət tərəfindən tədbirlərin həyata keçirib-keçirməməsi məsələsini araşdıracaqdır. Hökumət xüsusən sülh danışıqlarında iştirak etdiyini bildirmişdir. Bundan əlavə, Hökumət qeyd etmişdir ki, çoxsaylı məcburi köçkünlərin tələbatını ödəməlidir. Ərizəçi Azərbaycanda artıq olmadığı üçün Hökumət ona yardım göstərə bilmir. Ərizəçi, öz tərəfindən, iddia etmişdir ki, Hökumət məcburi köçkünlərin və qaçqınların evlərinin və mülkiyyətinin restitusiyası ilə bağlı beynəlxalq standartlara uyğun hərəkət etdiyi halda onun mülkiyyət hüquqlarını qorumaq üçün görməli olduğu tədbirlərin heç birini həyata keçirməmişdir.
236. Hökumətin sülh danışıqlarda iştirak etməsini bildirməsi ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin və qaçqınların keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ ATƏT Minsk qrupu çərçivəsində işlənib hazırlanmış və sülh danışıqların əsasını təşkil edən 2007-ci il Madrid Əsas Prinsiplərində nəzərdə tutulmuş elementlərdən biridir (yuxarıda 26-cı abzasa bax). Bununla da, Hökumətin bu danışıqlarda iştirak etməsinin toqquşan ictimai və fərdi maraqlar arasında ədalətli tarazlığa nail olmaq üçün kifayət olub-olmaması məsələsi ortaya çıxır. Məhkəmə bu danışıqların əhəmiyyətini yalnız vurğulaya bilsə də, o, artıq qeyd etmişdir ki, bu danışıqlar 1994-cü ilin mayında atəşkəs əldə etdikdən iyirmi il sonra və Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsi gündən on iki il sonra davam edir və hər hansı görünən nəticə verməyib.
237. Məhkəmə hesab edir ki, sülh danışıqların davam etdirilməsi faktı, xüsusilə danışıqlar bu qədər uzun müddət aparıldıqda, Hökuməti digər tədbirləri həyata keçirməkdən azad etmir (bax: mutatis mutandis, yuxarıda qeyd edilən Loizidou, § 64; yuxarıda qeyd edilən Cyprus v. Turkey, § 188). Bununla əlaqədar olaraq Məhkəmə Qaçqınların və məcburi köçkünlərin əmlak məsələlərinin həll edilməsi”, Avropa Şurası Parlament Assambleyasının 1708(2010) saylı Qətnaməsinə istinad edir ki, burada müvafiq beynəlxalq standartlara əsaslanaraq üzv dövlətlər “silahlı münaqişənin həll olunması və ya müəyyən ərazinin statusu ilə bağlı danışıqların gedişindən asılı olmayaraq, qaçqınlar və məcburi köçkünlər tərəfindən tərk edilmiş yaşayış yeri, torpaq və əmlakdan istifadə etmək imkanını və onlara hüquqların itirilməsinə görə vaxtında və səmərəli ödəməni təmin etməyə” dəvət olunmuşdur (yuxarıda 98-ci abzasa bax).
238. Ərizəçinin mülkiyyət hüquqlarını qorumaq üçün cavabdeh Hökumət tərəfindən görə bilmiş və görməli olduğu tədbirlərə dair rəhbərlik müvafiq beynəlxalq standartlardan, xüsusilə BMT-nin Pinheiro Prinsiplərindən (yuxarıda 96-cı abzasa bax) və Avropa Şurası Parlament Assambleyasının yuxarıda göstərilən Qətnaməsindən götürülə bilər. Hazırkı mərhələdə və hərtərəfli sülh sazişi əldə edilənədək, istifadəsi sərbəst olan və asan sübut etmə standartları tətbiq edilən prosedurlar nəzərdə tutulan, ərizəçiyə və onun vəziyyətində olan başqalarına mülkiyyət hüquqlarını bərpa etmək və vurulmuş zərərin əvəzini əldə etmək imkanını yaradan mülkiyyətlə bağlı iddia mexanizminin yaradılması xüsusilə vacibdir.
239. Məhkəmə tam xəbərdardır ki, cavabdeh Hökumət yüz minlərlə məcburi köçkünlərə, yəni Ermənistandan, Dağlıq Qarabağdan və ətrafdakı yeddi rayondan köçmüş azərbaycanlılara yardım göstərməlidir. Əslində, Hökumət qeyd etmişdir ki, məcburi köçkünləri yaşayış yeri və digər formada yardımla təmin etmək üçün mühüm səylər göstərmişdir. Hökumət tərəfindən erməni qaçqınların faydalana biləcək yeganə tədbir kimi, şəxslər arasında əmlak dəyişməsini qanuniləşdirən 1991-ci il Fərmanı göstərilmişdir. Bu cür əmlak dəyişməsinin Konvensiyaya əsasən mümkünlüyü hətta qəbul edilsə də, Məhkəmə qeyd edir ki, ərizəçi belə dəyişmədə iştirak etməmişdir.
240. Məhkəmə hesab edir ki, böyük sayda məcburi köçkünlərin təminatı zəruriliyi tarazlıqda nəzərə alınmalı vacib amil olsa da, bu qrupun müdafiəsi Hökuməti digər qrupa, yəni ərizəçi kimi münaqişə zamanı köçmüş ermənilərə münasibətdə öhdəliklərdən tamamilə azad etmir. Bununla bağlı Məhkəmə yuxarıda göstərilən Pinheiro Prinsiplərinin 3-cü maddəsində təsbit olunmuş ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə müraciət edir. Nəhayət, Məhkəmə qeyd edir ki, bu vəziyyət çox uzun müddət davam edir.
241. Yekun olaraq Məhkəmə hesab edir ki, ərizəçinin mülkiyyət hüquqlarını bərpa etmək və ya vurulmuş zərərin əvəzini ödəmək üçün Hökumət tərəfindən hər hansı alternativ tədbirlər həyata keçirilmədiyi halda, ərizəçinin Gülüstandakı mülkiyyətinə daxil olmaq imkanında olmaması onun üzərində həddən artıq yük müəyyən etmişdir.
242. Nəticədə, 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin hüquqlarının davam edən pozuntusu baş vermişdir.
V. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
243. Ərizəçi iddia etmişdir ki, onun Gülüstan kəndinə qayıtmaq hüququndan məhrum olunması, evinə daxil olmaq və qohumların qəbirlərini ziyarət etmək imkanında olmaması aşağıdakılar nəzərdə tutulan Konvensiyan 8-ci maddəsinin davam edən pozunutusunu təşkil etmişdir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq, sağlamlığı, yaxud mənəviyyatı qorumaq və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Tərəflərin ifadələri
1. Ərizəçi
244. Ərizəçi iddia etmişdir ki, o, Gülüstanda anadan olmuş, böyümüş və 1960-cı illərin əvvəllərindən 1992-ci ilin iyununa qədər ailəsi ilə birlikdə öz evində yaşamışdır. O, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən şikayəti ilə bağlı təqdim edilmiş sübutlara istinad etmişdir. Bundan əlavə, o, 1929-cu ildə Gülüstanda anadan olması göstərilən keçmiş Sovet pasportunun surətinə və 1955-ci ildə Gülüstanda nikaha daxil olması göstərilən nikah haqqında şəhadətnamənin surətinə istinad edərək vurğulamışdır ki, hər iki sənədi ərizəsi ilə birlikdə artıq təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, 2002-ci ildə Ermənistan pasportunu aldığı zaman keçmiş Sovet pasportu məhv edildikdən, onun tam surətini (o cümlədən onun Gülüstanda yaşadığını təsdiq edən qeydiyyat möhürü olan səhifənin surətini) təqdim edə bilməmişdir.
245. Ərizəçi iddia etmişdir ki, 8-ci maddənin tətbiq edilməsi Gülüstandakı evi ilə əlaqədar olaraq yerinə yetirdiyi meyarlardan – “müəyyən yerlə kifayət qədər və davamlı əlaqələrin” və ya “müvafiq mülkiyyətlə konkret və möhkəm əlaqələrin” mövcud olmasından asılıdır. Məhkəmənin şimali Kiprlə bağlı presedent hüququndan göründüyü kimi, həmin əlaqələr onun həmin yerdə özündən asılı olmayan səbəblərdən uzun müddət olmaması nəticəsində pozulmamışdır. O, əlavə etmişdir ki, bu cür qiymətləndirmə və buna görə 8-ci maddənin tətbiq edilməsi məsələsi müvafiq “mənzilə” sahiblik məsələsindən asılı deyildir. Qohumlarının qəbirləri ilə əlaqədar olaraq o, iddia etmişdir ki, onları ziyarət etmək imkanından məhrum etmə nəticəsində onun 8-ci maddə ilə təmin olunan “şəxsi və ailə hüququna” hörmət hüququ pozulmuşdur. O, iddia etmişdir ki, öz qohumlarının qəbirlərini ziyarət etmək imkanında olmadığından başqa o, xüsusilə onların taleyindən xəbərsiz olmasından əziyyət çəkmişdir.
246. Nəticə etibarilə, ərizəçi iddia etmişdir ki, onun evinə daxil olmaq və ya kompensasiya almaq imkanından məhrum edilməsi, həmçinin qohumlarının qəbirlərini ziyarət etmək imkanından məhrum edilməsi və onların vəziyyəti barədə xəbərsiz olması Konvensiyanın 8-ci maddəsinin davamlı pozuntusunu təşkil etmişdir.
2. Cavabdeh Hökumət
247. Cavabdeh Hökumət iddia etmişdir ki, ərizəçi onun həqiqətən Gülüstanda yaşaması və ya evə malik olmasını göstərən kifayət qədər sübut təqdim etməmişdir. Hökumət izah etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatla bağlı Sovet sisteminə (propiska sistemi) əsasən hər kəs onun yaşadığı yer üzrə qeydiyyatdan keçməli idi, qeydiyyat faktı vətəndaşın pasportundakı və yerli dövlət orqanlarının arxiv sənədlərində qeydiyyat möhürü ilə təsdiq edilmişdir. Hazırkı işdə hərbi əməliyyatlar zamanı müvafiq arxivlər məhv olunmuş, ərizəçinin təqdim etdiyi keçmiş sovet pasportun surətində isə qeydiyyat barədə möhür yoxdur.
248. 8-ci maddənin tətbiqi məsələsi ilə bağlı Hökumət etiraf etmişdir ki, evə daxil olmaq və qohumların qəbirlərini ziyarət etmək “ev” və “şəxsi həyat” anlayışlarına və bununla 8-ci maddənin əhatə dairəsinə daxildir. Eyni zamanda, Demopoulos and Others işinə ((dec.), yuxarıda qeyd edilən, § 136)istinad edərək Hökumət bildirmişdir ki, 8-ci maddə müvafiq mülkiyyətlə “davamlı əlaqə” olmadıqda 8-ci maddə tətbiq edilə bilməz. Hökumət belə fikri müdafiə etmişdir ki, hətta ərizəçinin Gülüstanda yaşaması və orada evə sahib olması ehtimal edilsə də, bu ev 1992-ci ildə hərbi əməliyyatlar zamanı məhv edilmişdir. Nəticədə, ərizəçi Gülüstanda “evlə” davamlı əlaqəyə malik olmasını daha iddia edə bilməz.
249. Ərizəçinin şikayətinin onun qohumlarının qəbirləri ilə bağlı hissəsi ilə əlaqədar olaraq Hökumət qeyd etmişdir ki, birincisi, o, Azərbaycanda erməni qəbirlərin məhv olunması barədə şikayət etsə də, Gülüstanda onun qohumlarının qəbirlərinin olmasını və onların məhv olduğunu göstərmək üçün kifayət qədər sübut təqdim etməmişdir. Buna görə, o, Konvensiyanın 8-ci maddəsinin pozulması nəticəsində zərərçəkmiş olduğunu iddia edə bilməz. Bu qəbirlər həqiqətən mövcud olduğu təqdirdə, ehtimal ki, onlar hərbi əməliiyatlar zamanı, yəni Konvensiyanın qüvvəyə minməsi günündən qabaq məhv edilmiş və bununla şikayətin bu hissəsi ratione temporis əsasları ilə qəbuledilməzdir.
250. Hökumət iddia etmişdir ki, Məhkəmə, buna baxmayaraq, ərizəçinin Gülüstanda evinin və qohumlarının qəbirlərinin olmasına görə 8-ci maddənin tətbiq edilməsi qərarına gəldiyi təqdirdə, Hökumət onun hüquqlar ilə hər hansı iddia edilən müdaxiləyə görə məsuliyyətə cəlb oluna bilməz. Ərazidə təhlükəli şəraitin olması nəzərə alınaraq Hökumət ərizəçini və ya hər hansı mülki şəxsi Gülüstana buraxa bilməz.
3. Üçüncü tərəf qismində çıxış edən Ermənistan hökuməti
251. Üçüncü tərəf qismində çıxış edən hökumət ərizəçinin təqdim etdiyi dəlillərlə razılaşmışdır. O, vurğulamışdır ki, ərizəçinin Gülüstandakı evinə daxil ola və qohumlarının qəbirlərini ziyarət edə bilməməsi mübahisə edilmir. Beynəlxalq ictimaiyyət tərəfindən pislənmiş, erməni qəbirlərin kütləvi şəkildə məhv edilməsini (misal üçün, Azərbaycanın Naxçıvan bölgəsində Cuqa adlı qədim erməni qəbiristanlığın məhv edilməsi) nəzərə alaraq ərizəçi onun qohumlarının qəbirləri ilə əlaqədar olaraq təhlükə və narahatlıq vəziyyətində yaşamışdır.
B. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiyanın 8-ci maddəsinin tətbiq olunması
252. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti iki aspektə toxunur: Gülüstanda onun evinə daxil ola bilməməsi və qohumlarının qəbirlərini ziyarət edə bilməməsi. Hökumət ərizəçinin onun qohumlarının qəbirləri ilə bağlı şikayət üzrə zərərçəkmiş şəxs statusunu mübahisə etmişdir. Ərizənin qəbuledilənliyi barədə qərardadda Məhkəmə ərizəçinin zərərçəkmiş şəxs statusu ilə bağlı Hökumətinin etirazına baxılmasını ərizənin mahiyyətinə baxılması mərhələsinə saxlamışdır (yuxarıda qeyd edilən Sargsyan (qərardad), § 99).
253. Məhkəmə təkrarlayır ki, onun müəyyən edilmiş presedent hüququna müvafiq olaraq “ev” dövlətdaxili qanunvericilikdə kvalifikasiyadan asılı olmayan müstəqil anlayışdır. Müəyyən yaşayış yerinin 8-ci maddənin 1-ci hissəsinin müdafiəsini cəlb edən “evi” təşkil edib-etməməsi faktiki hallardan, yəni müəyyən yerlə kifayət qədər və davam edən əlaqələrin mövcud olmasından asılıdır (bax: misal üçün, yuxarıda qeyd edilən , Prokopovich, § 36; Gillow v. the United Kingdom, 24 November 1986, § 46, Series A no. 109).
254. Oxşar işlərdə Məhkəmə hesab etmişdir ki, uzunmüddətli könülsüz olmama məcburi köçkünün əlaqəni pozmaq qabiliyyətində deyil (bax: yuxarıda qeyd edilən Cyprus v. Turkey, §§ 173-175; yuxarıda qeyd edilən Doğan and Others, §§ 159-160). Eyni zamanda, Məhkəmənin presedent hüququ tələb edir ki, ilk növbədə kifayət qədər möhkəm əlaqə mövcud olsun: misal üçün, Loizidou işində (yuxarıda qeyd edilən, § 66) Məhkəmə qəbul etməmişdir ki, ərizəçinin yaşayış məqsədləri üçün tikməyə planlaşdırdığı ev Konvensiyanın 8-ci maddəsi mənasında “ev” təşkil etmişdir. Demopoulos and Others işində (yuxarıda qeyd edilən (dec.), §§ 136-137) Məhkəmə qəbul etməmişdir ki, o zaman kiprli yunan ailəsinin ata-baba mülkü olan ev ərizəçilərdən biri, ailənin evdə yaşadığı zaman hələ çox gənc olan qız üçün “ev” sayıla bilməz.
255. Bundan başqa, Məhkəmə bir daha bildirir ki, “şəxsi həyat” anlayışı – tükəndirici şərhi mümkün olmayan geniş məfhumdur. Buna, digər məsələlər arasında, başqa insanlarla və xarici dünya ilə münasibətlər qurmaq və inkişaf etdirmək hüququ daxildir (bax: misal üçün, Pretty v. the United Kingdom, no. 2346/02, § 61, ECHR 2002‑III). 8-ci maddədəki hüquqların, o cümlədən şəxsi və ailə həyatına hüquqların başlıca olaraq yaşayan insanlar arasında münasibətlərə xas olması deyilə bilsə də, həmin anlayışların ölümdən sonrakı vəziyyətə şamil olması istisna edilə bilməz (bax: xüsusən, ərizəçiyə onun qızının qəbrinin üstündə şəkilin vurulmasına dövlət orqanları tərəfindən icazə verməməsi ilə bağlı Jones v. the United Kindgom (dec.), no. 42639/04, 13 September 2005, ərizəçinin ərinin külü saxlanılan urnanın bir qəbiristanlıqdan başqa qəbiristanlığa köçürməsinə dövlət orqanları tərəfindən icazə verməməsi ilə bağlı Elli Poluhas Dödsbo v. Sweden, no. 61564/00, § 24, ECHR 2006‑I və ərizəçinin ölü doğulmuş uşağının dövlət orqanları tərəfindən dəfn edilməsi və onun dəfn mərasimində iştirak etmək imkanının verməməsi ilə bağlı Hadri‑Vionnet v. Switzerland, no. 55525/00, § 52, 14 February 2008). Bu yaxınlarda çıxarılmış qərarda Məhkəmə müəyyən etmişdir ki, dövlət orqanları tərəfindən ərizəçilərin qohumlarının cənazələrinin qaytarmaqdan imtina etməsi və onların naməlum yerdə dəfn etməsi, bununla da ərizəçilərin dəfn yeri barədə xəbərdar olmaq və onu ziyarət etmək imkanından məhrum etməsi onların şəxsi və ailə həyatına hörmət hüququ ilə müdaxiləni təşkil etmişdir (bax: Sabanchiyeva and Others v. Russia, no. 38450/05, §§ 122‑123, ECHR 2013 (extracts)).
256. Hazırkı işdə ərizəçi onun 1929-cu ildə Gülüstanda anadan olmasını və 1955-ci ildə orada nikah bağlamasını göstərən keçmiş sovet pasportunun və nikah haqqında şəhadətnamənin surətlərini təqdim etmişdir. Bundan əlavə, Məhkəmə müəyyən etmişdir ki, ərizəçi Gülüstanda dağıdılmış olsa da, hal-hazırda mövcud olan evə sahib olmuşdur (yuxarıda 197-ci abzasa bax). 196-cı illərin əvvəllərində ev tikməsi, orada ailəsi ilə birlikdə 1992-ci ilin iyununa qədər yaşaması barədə iddiaları bir sıra şahid ifadələri ilə müdafiə olunur. Nəhayət, tərəflərin üçüncü tərəf qismində çıxış edən hökumətin təqdim etdiyi Gülüstanın xəritələrində göstərilir ki, kənddə qəbiristanlıq olmuşdur. Ərizəçi Gülüstandan olduğu və bir çox qohumlarının orada yaşadığı üçün kəndin qəbiristanlığında qohumların qəbirlərinin olması faktı həmçinin etimad doğurur.
257. Buna görə, Məhkəmə qəbul edir ki, ərizəçinin Gülüstanda “evi” olmuş və o, 1992-ci ilin iyununda oranı könülsüz tərk etmişdir. Onun şikayətinin mahiyyəti – o vaxtdan oraya qayıtmaq imkanına malik olmamasıdır. Bu şəraitdə hesab edilə bilməz ki, onun uzun müddət evdə olmaması onunla ev arasında davamlı əlaqəni pozmuşdur. Bundan başqa, Məhkəmə ərizəçinin ömrün böyük hissəsini Gülüstanda yaşamasını və buna görə orada ictimai əlaqələrin əksəriyyətini qurduğunu müəyyən edilmiş hesab edir. Buna görə, onun kəndə qayıda bilməməsi həmçinin “şəxsi həyatına” təsir göstərir. Nəhayət, Məhkəmə hesab edir ki, işin hallarında ərizəçinin öz mərhum qohumlarının qəbirləri ilə mədəni və dini bağlılığı həmçnin “ şəxsi və ailə həyatı” anlayışına daxil ola bilər. Yekun olaraq, ərizəçinin keçmiş yaşayış yerinə qayıtmaq imkanında olmaması onun “şəxsi və ailə həyatına” və “evinə” təsir edir.
258. Nəticədə, Məhkəmə ərizəçinin onun qohumlarının qəbirləri ilə bağlı zərərçəkmiş şəxs statusu barədə Hökumətin etirazını rədd edərək hesab edir ki, işin halları “şəxsi və ailə həyatı” və “ev” anlayışlarına aiddir. Bununla da, 8-ci maddə tətbiq edilir.
2. Konvensiyanın 8-ci maddəsinin davam edən pozuntusunun olub-olmaması
259. Məhkəmə 1 nömrəli Protokolun 1-ci maddəsinin davam edən pozuntusunun müəyyən olunmasına gətirib çıxarmış yuxarıdakı mülahizələrə müraciət edir. Məhkəmə müəyyən etmişdir ki, Gülüstandakı vəziyyətə görə ərizəçinin və ya hər hansı mülki şəxsin buraxılmaması mülki əhalinin ərazidə mövcud olan təhlükələrdən qorunması məqsədinə xidmət etmişdir. Eyni zamanda, ərizəçinin mülkiyyət hüquqlarını bərpa etmək və ya vurulmuş zərərin əvəzini ödəmək üçün Hökumət tərəfindən hər hansı alternativ tədbirlər həyata keçirilmədiyi halda, ərizəçinin Gülüstandakı mülkiyyətinə daxil olmaq imkanında olmaması onun üzərində həddən artıq yük müəyyən etmişdir.
260. Ərizəçinin Konvensiyanın 8-ci maddəsinə əsasən şikayətlərinə eyni mülahizələr aiddir. Ərizəçinin hüquqlarını bərpa etmək və ya vurulmuş zərərin əvəzini ödəmək üçün Hökumət tərəfindən hər hansı alternativ tədbirlər həyata keçirilmədiyi halda, ərizəçinin Gülüstandakı evinə daxil olmaq və qohumların qəbirlərini ziyarət etmək imkanında olmaması onun üzərində həddən artıq yük müəyyən etmiş və müəyyən etməkdə davam edir.
261. Bununla da, Məhkəmə nəticəyə gəlir ki, ərizəçinin Konvensiyanın 8-ci maddəsinə əsasən hüquqlarının davam edən pozuntusu baş vermişdir.
VI. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
262. Ərizəçi iddia etmişdir ki, yuxarıdakı bütün şikayətləri ilə bağlı hər hansı səmərəli hüquqi müdafiə vasitəsi mövcud olmamışdır. O, aşağıdakılar nəzərdə tutulan 13-cü maddəyə istinad etmişdir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Tərəflərin ifadələri
1. Ərizəçi
263. Ərizəçi, birincisi, dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi ilə bağlı irəli sürülmüş dəlillərə müraciət etmişdir. İkincisi, o, daha təfərrüatlı iddia etmişdir ki, oxşar vəziyyətdə səmərəli hüquqi müdafiə vasitələr tələbinə dair faydalı nəticələr Şimali Kiprdə kiprli yunanların əmlakına dair Məhkəmənin presedent hüququndan çıxarıla bilər.
264. Xenides-Arestis v. Turkey (dec.), (no. 46347/99, 14 March 2005) işində Məhkəmə müəyyən etmişdir ki, əmlakdan və evdən istifadə etmək imkanından məhrum olma ilə bağlı “ŞKTR”-də mövcud olan hüquqi müdafiə vasitələr bir sıra səbəblərdən səmərəsiz olmuşdur. Sonrakı Demopoulos and Others, (yuxarıda qeyd edilən (dec.), §§ 104-129) işində Məhkəmə arada dəyişdirilmiş hüquqi müdafiə vasitələrinin səmərəliliyi məsələsini araşdırmışdır. Təfərrüatlı araşdırmanı apararaq Məhkəmə qənaətə gəlmişdir ki, Daşınmaz Əmlak Komitəsi qarşısında prosedurlar səmərəli hüquqi müdafiə vasitəsini təşkil etmişdir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iki müstəqil beynəlxalq üzvü olan həmin komissiya dörd il ərzində fəaliyyət göstərmişdir; o, səksən beş ərizə üzrə icraatı başa vurmuş, üç yüzə yaxın ərizə isə icraatında olmuşdur; prosedurların əsassız olaraq uzun müddətdə aparılmasına dəlalət edən sübutlar olmamışdır; kompensasiya yolu ilə komissiya tərəfindən böyük məbləğdə pul ödənilmişdir; həmçinin mənəvi zərər, o cümlədən evdə bəhrələnməkdən məhrum olma ilə bağlı iddiaları irəli sürmək mümkün olmuşdur; bi neçə işdə əmlakın dəyişməsi baş vermişdir; məhkəməyə müraciət etmək hüququ olmuşdur. Demopoulos qərarı göstərmişdir ki, Məhkəmə təklif olunan hüquqi müdafiə vasitəsinin təcrübədə səmərəli olmasının mühüm sübutları tələb etmişdir.
265. Bəzən oxşar vəziyyətdə Məhkəmə tərəfindən səmərəli müəyyən olunmuş hüquqi müdafiə vasitələrin nümunələri cənubi-şərqi Türkiyədə kənd sakinlərinin çıxarılması ilə bağlıdır (bax: Içyer v. Turkey (dec.), no. 18888/02, ECHR 2006-I).
266. Hazırkı işdə, əksinə, səmərəli olması Hökumətin iddia etdiyi hüquqi müdafiə vasitələri bu tələblərdən heç birinə cavab verməmişdir.
2. Cavabdeh Hökumət
267. Hökumət əsas etibarilə dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsi ilə bağlı ifadələrinə müraciət etmişdir. Hökumət xüsusən bildirmişdir ki, Azərbaycan qanunvericiliyində həm mülkiyyət, həm də mülkiyyətdən istifadə qorunmuş və müvafiq prosedurlar nəzərdə tutulmuşdur ki, bunlar vətəndaşlar və əcnəbilər üçün mümkün olaraq Azərbaycan ərazisində hər hansı vurulmuş ziyanla bağlı məhkəmələrə müraciət etmək üçün yol açmışlar.
3. Üçüncü tərəf qismində çıxış edən Ermənistan Hökuməti
268. Üçüncü tərəf qismində çıxış edən Ermənistan hökumət ərizəçi ilə razılamışdır. Ermənistan hökuməti Azərbaycanda məcburi çıxarılmış ermənilərin və ya erməni əsilli hər hansı digər şəxslərin Azərbaycana qayıtmasının və ya baş çəkməsinin qadağan edilməsinə dair inzibati təcrübənin olması barədə öz mövqeyini yenidən bildirmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
269. Ərizəçinin 1 nömrəli Protokolun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin pozulması Məhkəmə tərəfindən artıq müəyyən edilmişdir. Buna görə, ərizəçinin şikayətləri 13-cü maddənin məqsədləri üçün “sübut oluna biləndir” (bax: misal üçün, Doğan and Others v. Turkey (yuxarıda qeyd edilən, § 163).
270. Bu başlıq altında ərizəçinin şikayəti dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməsinə dair ilkin etiraz kontekstində baxılmış elementlərlə eyni və ya oxşar elementlərdən ibarətdir. Bundan əlavə, ərizəçi iddia etmişdir ki, Məhkəmənin presedent hüququnda qaçqınların və ya məburi köçkünlərin mülkiyyət və evə dair hüquqlarının pozulmasını həll etmək üçün nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrin səmərəli olması üçün cavab verməli müəyyən tələblərə dair göstərişlər vardır.
271. Məhkəmə bir daha təsdiq edir ki, cavabdeh Hökumət ərizəçi üçün onun Konvensiyaya əsasən şikayətləri ilə bağlı əvəzi ödəmək qabiliyyətində olan və ağlabatan perspektivləri olan hüquqi müdafiə vasitəsinin mümkün olmasını sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir (yuxarıda 119-cu abzasa bax).
272. Bundan başqa Məhkəmə qeyd edir ki, 1 nömrəli Protokolun 1-ci maddəsi və 8-ci maddə ilə bağlı yuxarıdakı nəticələr cavabdeh dövlətin ərizəçi və oxşar vəziyyətdə olan başqaları üçün mülkiyyət və evə dair hüquqların bərpa olunması və dəymiş zərərə görə kompensasiya almasına icazə verəcək mexanizmi yarada bilməməsi ilə bağlıdır. Buna görə, Məhkəmə hazırkı işdə bir tərəfdən 1 nömrəli Protokolun 1-ci maddəsinə və Konvensiyanın 8-ci maddəsinə əsasən müəyyən olunmuş pozuntularla, digər tərəfdən 13-cü maddənin tələbləri arasında sıx əlaqənin olmasını dərk edir.
273. Nəticə etibarilə, Məhkəmə müəyyən edir ki, ərizəçinin 1 nömrəli Protokolun 1-ci maddəsinə və Konvensiyanın 8-ci maddəsinə əsasən hüquqlarının pozulması ilə bağlı mümkün səmərəli hüquqi müdafiə vasitələri olmamış və olmamaqda davam edir.
274. Bununla da, Məhkəmə nəticəyə gəlir ki, Konvensiyanın 13-cü maddəsinin davam edən pozuntusu baş vermişdir.
VII. KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
275. Nəhayət, ərizəçi iddia etmişdir ki, yuxarıda qeyd edilən şikayətlərlə əlaqədar olaraq o, etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmışlar. O, aşağıdakılar nəzərdə tutulan 14-cü maddəyə istinad etmişdir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
A. Tərəflərin ifadələri
1. Ərizəçi
276. Ərizəçinin fikrincə, ermənilərə qarşı ayrı-seçkilik bu işin əsas aspektidir. O, bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi kontekstində yalnız ermənilər Azərbaycan hərbi qüvvələri tərəfindən öz mülkiyyətini və evlərini tərk etməyə məcbur edilmişlər. Onlar hələ də qayıda və ya hər hansı səmərəli hüquq müdafiə vasitəsindən istifadə edə bilməmişlər. Azərbaycanlı məcburi köçkünlərə Hökumət yardım göstərdiyi halda, ərizəçinin vəziyyətində olan ermənilər üçün heç nə edilməmişdir.
2. Cavabdeh Hökumət
277. Hökumət ərizəçinin etnik mənsubiyyətinə və ya dini etiqadına görə hər hansı ayrı-seçkilik tədbirinə məruz qalması barədə iddiasını rədd etmişdir. Onun Gülüstana qayıtması məsələsinə gəldikdə, Hökumət bildirmişdir ki, ərazidə təhlükəsizliklə bağlı vəziyyət hər hansı mülki şəxsin ərazidə olmasını qeyri-mümkün etmişdir. Nəhayət, Hökumət iddia etmişdir ki, bütün qaçqınların və məcburi köçkünlərin keçmiş yaşayış yerlərinə qayıtmasına yol verəcək qaydada münaqişəni həll etməyə öz siyasi iradəsini kifayət qədər surətdə göstərmişdir.
3. Üçüncü tərəf qismində çıxış edən Ermənistan Hökuməti
278. Ermənistan hökuməti ərizəçi ilə razılaşaraq vurğulamışdır ki, onun şikayətinə Dağlıq Qarabağ münaqişəsi fonunda baxılmalıdır: yalnız ermənilər Azərbaycandan məcburi köçürülməyə məruz qalmış, ərizəçinin qayıtmaq hüququnun rədd edilməsi isə həmçinin onun etnik mənsubiyyəti ilə bağlı olmuşdur.
B. Məhkəmənin qiymətləndirməsi
279. Məhkəmə hesab edir ki, Konvensiyanın 14-cü maddəsinə əsasən ərizəçinin şikayətləri 1 nömrəli Protokolun 1-ci maddəsinə və Konvensiyanın 8 və 13-cü maddələrinə əsasən Məhkəmə tərəfindən artıq araşdırılmış şikayətlərlə mahiyyətcə eynidir. Həmin maddələrlə bağlı pozuntuların müəyyən edilməsini nəzərə alaraq Məhkəmə hesab edir ki, 14-cü maddəyə əsasən ayrıca məsələ ortaya çıxmır (bax: misal üçün, yuxarıda qeyd edilən Cyprus v. Turkey, § 199; Xenides-Arestis v. Turkey, 46347/99 nömrəli ərizə, § 36, 22 dekabr 2005-ci il; yuxarıda qeyd edilən Catan and Others, § 160).
VIII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
280. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
281. Ərizəçi ilk növbədə və başlıca olaraq onun mülkiyyətinin, o cümlədən Gülüstanda öz evinə və mülkiyyətinə qayıtmaq hüququnun restitusiyasını tələb etmişdir. Bundan başqa, o, təklif etmişdir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən Məhkəmə tərəfindən Hökumətə ümumi xarakterli tədbirlərin göstərilməsi məqsədəuyğun olardı. Ərizəçi maddi ziyana görə 374.814 avro məbləğində kompensasiyanı tələb etmişdir. Bundan başqa, mənəvi ziyana görə o, 190 min avro məbləğində kompensasiya tələb etmişdir. Nəhayət, o, Məhkəmədəki proses zamanı çəkilmiş xərclərin ödənilməsini tələb etmişdir.
282. Hökumət ərizəçilərin bütün tələblərini rədd etmişdir.
283. Məhkəmə işin müstəsna xarakterini nəzərə alaraq hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi həll edilməsi üçün hazır deyil. Buna görə, buna baxılması təxirə salınmalı, Hökumətlə ərizəçi arasında əldə edilə biləcək hər hansı razılaşma nəzərə alınaraq sonrakı prosedur müəyyən edilməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
1. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Hökumətin dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsi barədə ilkin etirazını rədd edir;
2. On beş səs lehinə və iki səs əleyhinə olmaqla şikayət edilən məsələlərin Azərbaycan Respublikasının yurisdiksiyasında olduğunu və cavabdeh Hökumətin məsuliyyət daşıdığını qət edir, cavabdeh Hökumətin yurisdiksiya və məsuliyyət ilə bağlı ilkin etirazını isə rədd edir;
3. On beş səs lehinə və iki səs əleyhinə olmaqla ərizəçinin şikayətinin evlə bağlı hissəsinin Məhkəmənin ratione temporis yurisdiksiyasından kənar olması barədə Hökumətin etirazını rədd edir;
4. On beş səs lehinə və iki səs əleyhinə olmaqla ərizəçinin şikayətinin onun qohumlarının qəbirləri ilə bağlı hissəsində zərərçəkmiş şəxs statusuna malik olmaması barədə Hökumətin ilkin etirazını rədd edir;
5. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
6. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Konvensiyanın 8-ci maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
7. On beş səs lehinə və iki səs əleyhinə olmaqla Konvensiyanın 13-cü maddəsinin davam edən pozuntusunun baş verdiyini qət edir;
8. On altı səs lehinə və bir səs əleyhinə olmaqla Konvensiyanın 14-cü maddəsinə əsasən ayrıca məsələnin ortaya çıxmadığını qət edir;
9. On beş səs lehinə və iki səs əleyhinə olmaqla 41-ci maddənin tətbiqi məsələsinin həll edilməsi üçün hazır olmadığını qət edir; və buna görə,
a) qeyd edilən məsələyə baxılmasını təxirə salır;
b) cavabdeh Hökuməti və ərizəçini bu qərar barədə bildirişin tarixindən sonra on iki ay müddətində məsələ ilə bağlı öz ifadələrini təqdim etməyə və, xüsusilə, əldə oluna biləcək hər hansı razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
c) prosesi təxirə salır və zəruri halda onu müəyyən etmək səlahiyyətini Məhkəmənin sədri üzərində müəyyən edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2015-ci il iyunun 16-da Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
Məhkəmə sədrinin müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı xüsusi rəylər bu qərara əlavə edilir:
a) Hakim Ziemelenin qərarla razılaşması barədə xüsusi rəyi;
b) Hakim Yudkivskanın qərarla razılaşması barədə xüsusi rəyi;
c) Hakim Gyulumyanın qərarla qismən razılaşmaması barədə xüsusi rəyi;
d) Hakim Hacıyevin qərarla razılaşmaması barədə xüsusi rəyi;
e) Hakim Pinto de Albuquerquenin qərarla razılaşmaması barədə xüsusi rəyi.
D.S.
M.O’B.
[1]. Bax: misal üçün, E. Benvenisti, “The International Law of Occupation” (Oxford: Oxford University Press, 2012), at səh. 43; Y. Arai-Takahashi, “The Law of Occupation: Continuity and Change of International Humanitarian Law, and Its Interaction with International Human Rights Law (Leiden: Martinus Nijhoff Publishers, 2009), səh. 5-8; Y. Dinstein, “The International Law of Belligerent Occupation” (Cambridge: Cambridge University Press, 2009), səh. 42-45, §§ 96-102; və A. Roberts, “Transformative Military Occupation: Applying the Laws of War and Human Rights”, 100 American Journal of International Law 580 (2006), səh. 585-586.
[2]. İşğal və xarici ərazinin digər formada idarə etməsinə dair layihə çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məsləhət aldığı mütəxəssislərin əksəriyyəti razılaşmışdır ki, işğalın müəəyən edilməsi üçün “çəkmələrin yerdə” olması zəruridir – bax: T. Ferraro, “Occupation and other Forms of Administration of Foreign Territory” (Geneva: ICRC, 2012), səh. 10, 17 və 33; həmçinin, bax: yuxarıda qeyd edilən E. Benvenisti, səh. 43ff; və V. Koutroulis, “Le debut et la fin de l’application du droit de l’occupation” (Paris: Editions Pedone, 2010), səh. 35-41.
[3]. Yuxarıda qeyd edilən T. Ferraro, səh. 17 və 137; yuxarıda qeyd edilən Y. Dinstein, səh. 44, § 100.
[4]. J.-M. Henckaerts and L. Doswald-Beck, “Customary International Humanitarian Law” (Geneva/Cambridge: ICRC/Cambridge University Press, 2005).
Full & Egal Universal Law Academy