© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
KEÇMİŞ BEŞİNÇİ BÖLMƏ
SAŠO GORGIEV KEÇMİŞ YUQOSLAV RESPUBLİKASI MAKEDONİYAYA QARŞI İŞİ
(CASE OF SAŠO GORGIEV v. THE FORMER YUGOSLAV REPUBLIC OF MACEDONIA)
(49382/06 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
19 Aprel 2012
YEKUN
19/07/2012
Şaşa Gorgiev keçmiş Yuqoslav Respublikası Makedoniyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Peer Lorenzen, Sədr,
Karel Jungwiert,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Mirjana Lazarova Trajkovska,
Ganna Yudkivska,
Julia Laffranque, hakimlər,
və Claudia Westerdiek, Katib,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Keçmiş Beşinci Bölmə) 27 mart 2012-ci il tarixində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd olunan tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (Konvensiya) 34-cü Maddəsinə əsasən Keçmiş Yuqoslaviya Respublikası Makedoniyana qarşı Makedoniya vətəndaşı c-b Sašo Gorgiev (ərizəçi) tərəfindən 27 noyabr 2006-cı il tarixində Məhkəməyə təqdim edilmiş ərizə (49382/06 saylı) əsasında açılmışdır.
2. Ərizəçi Skopyedə fəaliyyət göstərən hüquqşünas olan c-b P. Šilegov tərəfindən təmsil olunmuşdur. Makedoniya Hökuməti (Hökumət) öz Nümayəndəsi x-m R. Lazareska Gerovska tərəfindən təmsil olunub.
3. Ərizəçi, xüsusilə, Dövlətin Nümayəndəsi olan R.D.-nin ərizəçinin həyatı üçün təhlükə yaradan hərəkətinə görə Konvensiyanın 2-ci maddəsinə əsasən Dövlətin məsuliyyət daşıdığını iddia etmişdir.
4. 5 oktyabr 2009-cu il tarixində, Beşinçi Bölmənin Sədri bu şikayəti Hökumətə kommunikasiya etmək və Məhkəmə Qaydalarının 41-ci Qaydasına əsasən ərizəyə prioritet qaydada baxmaq haqqında qərar verdi. Həmçinin, ərizəyə qəbuledilənliyi ilə bağlı və mahiyyəti üzrə eyni vaxtda baxmaq barədə qərar çıxarıldı (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1972-ci ildə doğulmuşdur və Skopyedə yaşayır.
A. İş barədə ümumi məlumat
6. Ərizəçi Skopye şəhərindəki bir barda ofisiant işləyirdi. 2002-ci il yanvar ayının 6-sı, saat 3.50-də ehtiyatda olan polis əməkdaşı-R.D. barda atəş açaraq ərizəçini sinəsindən yaralamışdır. Skopye Klinik Mərkəzinin verdiyi 12 sentyabr 2002-ci il tarixli tibbi arayışa əsasən ərizəçi “ağır vəziyyətli” (тешка општа состојба) xəstə kimi dərhal mərkəzə qəbul edilmişdir. Ərizəçinin aldığı xəsarət aşağıdakı şəkildə təsvir edilmişdir: sağ körpücük sümüyü və dörd qabırğası sınmışdır, körpüçükaltı arteriya zədələnmişdir, daxili qanaxması vardır və brakial pleksus sinirləri tutulmuşdur. Onun sağ qolu iflic olmuşdur. Yekun qərar bundan ibarət olmuşdur ki, ərizəçi həyat üçün təhlükə daşıyan və davamlı fəsadlara səbəb olan ağır bədən xəsarətlərinə məruz qalmışdır (витална загрозеност и трајни последици). O, ikinci dəfə 2002-ci ilin aprel ayında Serbiyada yerləşən Belqrad Klinik Mərkəzində olmaqla, iki dəfə əməliyyat olunmuşdur.
B. R.D əleyhinə cinayət işi
7. 27 mart 2003-cü il tarixində R.D-nin iştirakı olmadan (in absentia) Skopye Birinci İnstansiya Məhkəməsi (məhkəmə) R.D.-ni “ictimai təhlükəsizlik əleyhinə ağır cinayət”də (тешки дела против општата сигурност) təqsirli bildi. O, iki il müddətinə azadlıqdan məhrum edildi. Məhkəmə R.D., ərizəçi və altı nəfər şahidin şifahi ifadələrini dinlədikdən və digər maddi sübutları təhlil etdikdən sonra müəyyən etmişdir ki, R.D. xidməti silahın tətiyini sərxoş vəziyyətdə bilməyərəkdən çəkmiş və ondan bir metr uzaqlıqda dayanan ərizəçini yaralamışdır. Təzminat almaq barədə iddiasının təmin edilməsi üçün ərizəçiyə ayrıca mülki qaydada iddia qaldırmaq məsləhət görülmüşdür. Məhkəmə qərarı 8 may 2003-cü il tarixində yekun qüvvəyə minmişdir.
8. R.D. 6 iyun 2008-ci il tarixindən etibarən cəzasını çəkməyə başlamışdır. 23 iyun 2008-ci il tarixində birinci instansiya məhkəməsi R.D.-nin müraciəti əsasında məhkəmə icraatını yenidən açmışdır. 12 mart 2009-cu il tarixində birinci instansiya məhkəməsi R.D.-ni təkrarən təqsirli bilir və iki il müddətinə azadlıqdan məhrum edir. Bu qərardan appelyasiya şikayəti verilib-verilmədiyi və ya bu qərarın yekun olub-olmadığı barədə heç bir məlumat verilməmişdir.
C. Dəymiş ziyana görə mülki proses
9. P. Silegov tərəfindən təmsil olunan ərizəçi 11 noyabr 2002-ci il tarixində R.D.-nin əməli nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə təzminatın ödənilməsi barədə Daxili İşlər Nazirliyinə (“Nazirlik”) qarşı iddia qaldırmışdır. O, iddia etmişdir ki, R.D. polis məntəqəsində qalıb vəzifələrini icra etməli olduğu halda, bara gəlib ona atəş açdığı üçün Dövlət məsuliyyət daşımalıdır. O, öz xidməti silahından istifadə etmiş və rəsmi geyimdə olmuşdur. Ərizəçi təzminat olaraq mənəvi ziyana görə 28,000,000 Makedoniya dinarı (MKD), maddi ziyana (tibbi müalicəsi ilə bağlı xərclər) görə isə 208,480 MKD məbləğində təzminat tələb etmişdir.[1].
10. İşin baxılmasını beş dəfə təxirə saldıqdan sonra, Skopye Birinci İnstansiya Məhkəməsi, ehtiyatda olan polis əməkdaşı olduğu üçün dövlət məmuru sayılan R.D.-nin əməli nəticəsində dəymiş ziyana görə ittiham edilməsi üçün Nazirliyin müvafiq səlahiyyətə malik olmadığını əsas gətirərək, 12 dekabr 2003-cü il tarixində ərizəçinin iddiasını rədd etdi. Məhkəmə müəyyən etdi ki, R.D. 5 yanvar 2002-ci il saat 19.30-dan 6 yanvar 2002-ci il saat 7.30-a qədər Skopyedəki polis məntəqəsində öz vəzifəsini icra etmişdir. O, 6 yanvar 2002-ci il tarixində gecə yarısından saat 1-ə və saat 6-dan saat 7-yə qədər səyyar gözətçi (службена задача – стража) təyin edilmişdir. R.D. 6 yanvar 2002-ci il tarixində saat 1-dən sonra polis məntəqəsinə qayıtmaq əvəzinə, rəisinə və ya onu əvəz edən şəxsə məlumat vermədən, öz təşəbbüsü ilə bara getmişdir. O, rəsmi geyimdə olmuşdur və xidməti silahı özü ilə daşıyırdı. Barda digər müştərilərin gözü qarşısında və alkoqolun təsiri ilə silahını çıxarmış və təxminən 1.5 metr uzaqlıqda qarşısında dayanan ərizəçiyə atəş açmışdır. Məhkəmə müəyyən etmişdir ki, ərizəçiyə ziyan R.D.-nin əməli nəticəsində dəymişdir. Buna baxmayaraq, məhkəmə Nazirliyin Öhdəliklər haqqında Qanunun 157-ci maddəsinə (bax aşağıda 17-ci bənd) əsasən məsuliyyət daşıması ilə bağlı olaraq aşağıdakıları qeyd etmişdir:
“... müəyyən şərtlər mövcud olmalıdır: ziyan məmur tərəfindən vurulmalıdır (овластено службено лице), ziyan fiziki və ya hüquqi şəxsə dəyməlidir və xüsusilə də, ziyan öz vəzifələrini icra edən məmur tərəfindən vurulmalıdır. Həmçinin, ziyan qanunsuz əməlin nəticəsində dəyməlidir. Cavabdeh (Dövlət) yalnız rəsmi vəzifələrin icrası zamanı və ya bununla bağlı olaraq vurulmuş ziyana görə məsuliyyət daşıyır. Əməl məmur vəzifələrinin (функција) bir hissəsi olduqda vəzifənin icrası zamanı törədilmiş hesab edilir. Bu, iş saatları ərzində törədilən, törədən şəxsin rəsmi səlahiyyətləri və ya onun məmur vəzifələrinin bir hissəsi şəklində törədilmiş zərərli əməldir. Xəsarət rəsmi vəzifələrdən kənarda yetirilə bilər, lakin, vəzifənin icrası və ya vəzifənin özü ilə səbəbi-əlaqəsi olmalıdır... hazırkı məhkəmə işində, R.D. barda məmur qismində olmamışdır.... beləliklə, hətta, xəsarət yetirilən zaman R.D.-nin vəzifə başında olması gözlənilirdisə də, həmin xəsarət Nazirliyin vəzifələrinin icrası ilə bağlı olaraq yetirilməmişdir. Əməlin iş saatları ərzində törədildiyinə, R.D.-nin rəsmi geyimdə olduğuna və xidməti silahından istifadə etdiyinə baxmayaraq, R.D. kritik zamanda və məkanda rəsmi səlahiyyətlərinin çərçivəsində deyil, adi vətəndaş kimi davranmışdır. Onun törətdiyi əməl və vəzifəsi arasında səbəbi-əlaqə yoxdur ...
R.D.-nin rəsmi geyimdə olması və xidməti silahdan istifadə etməsi faktı, özü-özlüyündə, onun rəsmi səlahiyyətləri çərçivəsində davrandığı demək deyildir. R.D. xidməti silahından öz vəzifələrinin icrası ilə bağlı olaraq deyil, barın müştərisi kimi istifadə etmişdir...
Xəsarət yetirildiyi zaman, R.D.- ehtiyatda olan polis əməkdaşı qismində yetkinlik yaşına çatmış şəxs olub və silahdan istifadə edilməsi ilə bağlı təlim keçib. Silahın sahibi olan Cavabdeh, Öhdəliklər haqqında Qanunun 163(2)-ci maddəsinə əsasən məsuliyyətdən azad edilir və buna da səbəb ondan ibarətdir ki, xəsarət onun nümayəndəsinin, nəticələrinin qarşısını almaq və ya onları aradan qaldırmaq mümkün olmayan, əvvəlcədən görülə bilməyən əməli nəticəsində yetirilib.”
11. Məhkəmə nəticəyə gəlmişdir ki, ərizəçinin Öhdəliklər haqqinda Qanunun 141-ci maddəsinə (bax aşağıda 16-cı bənd) əsasən R.D.-dən təzminat tələb etmək səlahiyyəti vardır.
12. Ərizəçi R.D-nin vəzifə başında, rəsmi geyimdə olduğu və xidməti silahdan atəş açdığı üçün Nazirliyin məsuliyyət daşıdığını əsas gətirərək 3 mart 2004-cü il tarixində apelyasiya şikayəti vermişdir. Onun təqdim etdiyi məlumatlarda bildirilir ki, Nazirliyin məsuliyyəti Nazirliyə R.D.-dən əvəzin ödənilməsini tələb etmək səlahiyyəti verən Məşğuliyyət Qanununun 103-cü maddəsindən qaynaqlanır. Nəhayət, o, məlumat verir ki, o, bərpa edilməyən xəsarət almışdır, belə ki, onun sağ qolu ömürlük iflic olmuşdur.
13. Skopye Apelyasiya Məhkəməsi, aşağı instansiya məhkəməsinin R.D.-nin bardakı əməlinin R.D.-nin polis əməkdaşı kimi rəsmi vəzifəsi ilə bağlı olmadığı barədə çıxardığı qərarı dəyişmək üçün heç bir əsasın aşkar edilməməsi səbəbi ilə, 27 aprel 2004-cü il tarixində ərizəçinin appelyasiya şikayətini rədd etmişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, R.D. ərizəçiyə atəş açdığı zaman polis əməkdaşı kimi fəaliyyət göstərməmiş və öz polis əməkdaşı vəzifələrini icra etməmişdir. Müvafiq olaraq, Nazirliyin üzərinə heç bir məsuliyyət düşmür. Məhkəmə ərizəçinin R.D.-dən təzminat tələb etmək səlahiyyətini təsdiq etmişdir.
14. Ərizəçi , digər müddəalarla yanaşı (inter alia) Məşğuliyyət haqqında Qanuna əsasən Nazirliyin məsuliyyət daşıması ilə bağlı irəli sürdüyü dəlillərin Apelyasiya Məhkəməsi tərəfindən nəzərə alınmadığını əsas gətirərək 21 iyul 2004-cü il tarixində Ali Məhkəməyə kasasiya şikayəti (ревизија) vermişdir.
15. Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin əsaslandırmalarını təkrar edərək ərizəçinin kasasiya şikayətini rədd etmişdir.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Öhdəliklər haqqında Qanun
16. Öhdəliklər haqqında Qanunun 141-ci maddəsi təzminatın verilməsi barədə mülki iddiaları tənzimləyən ümumi prinsipləri nəzərdə tutur.
17. 157-ci bölmədə bildirilir ki, öz vəzifələrini icra edərkən və ya bunlar ilə bağlı fəaliyyət göstərərkən, işçi tərəfindən vurulmuş ziyana görə işəgötürən məsuliyyət daşıyır. Əgər, ziyan qəsdən vurulmuşdursa, zərərçəkmiş şəxs birbaşa işəgötürəndən təzminat tələb edə bilər. Əgər, işçi qəsdən və ya ehtiyatsızlıq nəticəsində zərər vurmuşdursa, işəgötürən zərərçəkmiş şəxsə ödədiyi təzminatın əvəzini işçidən ala bilər.
18. 160-cı maddəyə əsasən, təhlükəli əşyanın sahibi bu əşya ilə vurulmuş hər hansı bir zərərə görə məsuliyyət daşıyır.
19. 163 (2)-ci bölmədə qeyd edilir ki, əgər, zərərin müstəsna olaraq zərərçəkmiş şəxsin və ya üçüncü şəxsin əvvəlcədən görülə bilməyən əməli nəticəsində vurulduğu və doğurduğu nəticələrin qarşısını almaq və ya onları aradan qaldırmağın mümkün olmadığı sübut olunarsa, bu zaman, təhlükəli əşyanın sahibi məsuliyyətdən azad oluna bilər.
B. 1993-cü il tarixli Məşğuliyyət haqqında Qanun
20. Həmin vaxt qüvvədə olan 1993-cü il tarixli Məşğuliyyət haqqında Qanunun 103-cü maddəsinə əsasən, işəgötürən işçinin öz öhdəliklərini və ya bununla bağlı olan işləri icra edərkən vurduğu hər hansı bir zərərə görə məsuliyyət daşıyır. Əgər, işçi qəsdən və ya ehtiyatsızlıq nəticəsində zərər vurmuşdursa, işəgötürən ödədiyi təzminatın əvəzini işçidən geri ala bilər.
C. Daxili İşlər haqqında Qanun (19/1995 saylı Rəsmi Qəzet)
21. Həmin vaxt qüvvədə olan Daxili İşlər haqqında Qanunun 24-cü maddəsində Dövlət məmuru hesab edilən nümayəndələr sadalanır.
22. 26-cı maddənin tələbinə əsasən Dövlət məmurları vəzifə başında olub-olmadıqlarından asılı olmayaraq hər zaman öz vəzifələrini icra etməlidirlər.
23. Müharibə və ya fövqəladə vəziyyət zamanı ictimai təhlükəsizliyin təmin edilməsi və kütləvi iğtişaşın qarşısının alınması üçün (Daxili İşlər haqqında Qanunun 45(2)-ci maddəsi) Nazirlik ehtiyatda olan polis əməkdaşlarını səfərbər edə bilər. Ehtiyatda olanlar təlim və ya təcrübə keçmək üçün çağırıla bilərlər. Bu cür xidmət dövrü ərzində ehtiyatda olanlar Qanunun (46-cı maddə) 24-cü maddəsinin mənasına əsasən Dövlət məmurları hesab edilirlər.
...
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
A. 1990-cı il 27 avqust-7 sentyabr tarixlərində Cinayətin qarşısının alınması və Cinayətkarların cəzalandırılması mövzusunda Kubanın Havana şəhərində keçirilmiş Səkkizinçi Birləşmiş Millətlər Təşkilatı Konqresi tərəfindən qəbul edilmiş Hüquq Mühafizə Orqanlarının İşçiləri tərəfindən Güc və Odlu Silahlardan istifadə edilməsinə dair Əsas Prinsiplər (“Əsas Prinsiplər”)
25. Əsas Prinsiplərin 11-ci maddəsi digər məsələlərlə yanaşı (inter alia) aşağıdakıları nəzərdə tutur:
“Hüquq mühafizə orqanlarının işçiləri tərəfindən odlu silahlardan istifadə edilməsini tənzimləyən qaydalara:
(a) Hüquq mühafizə orqanlarının işçilərinin hansı şəraitdə odlu silah gəzdirmək səlahiyyəti olduğunu müəyyən edən ...
(b) odlu silahın yalnız müvafiq vəziyyətlərdə və silahdan qeyri-zəruri zərər riskini azaldacaq şəkildə istifadə edilməsinə təminat verən;
...
(d) Hüquq mühafizə orqanlarının işçilərinin onların adına qeydiyyatdan keçmiş odlu silah və sursata görə cavabdehlik daşımasına təminat verən qaydalar da daxil olmaqla, odlu silahlardan istifadə edilməsi, saxlanılması və silahların təhkim edilməsini tənzimləyən
qaydalar daxil edilməlidir”
B. Polis Etikası haqqında Avropa Məcəlləsinə (Məcəllə)2 qoşulan Dövlətlərə Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsi(2001)10 və Tövsiyələrə dair İzahlı Memorandum
26. Məcəllənin 37-ci maddəsində qeyd edilir ki, “polis yalnız qəti şəkildə zəruri olduqda və legitim məqsədin əldə olunması üçün tələb edilən dərəcədə güc tətbiq edə bilər”.
27. Məcəllənin 37-ci maddəsinə verilmiş şərhdə digər məsələlərlə yanaşı (inter alia) aşağıdakılar qeyd edilir:
“... Polis işi üçün yararlı olan işçilərin toplanması və həmçinin, onlara təlim keçirilməsinə lazımi dərəcədə önəm verilməlidir...”
HÜQUQI MƏSƏLƏLƏR
I. KONVENSIYANIN 2-Cİ MADDƏSİNİN IDDIA EDILƏN POZUNTUSU
28. Ərizəçi Konvensiyanın 2-ci maddəsinə əsaslanaraq iddia etmişdir ki, o, Dövlət məmuru olan R.D.-nin həyat üçün təhlükə yaradan əməlinin qurbanı olmuşdur. Həmçinin, ərizəçi 6-cı Maddəyə əsaslanaraq yerli məhkəmələrin Dövlətin məsuliyyətini müəyyən etməməsindən şikayət etmişdir. Qanunda nəzərdə tutulanların işin faktları üçün xarakterizə edilməsi üzrə peşəkar olan Məhkəmə (bax Akdəniz Türkiyəyə qarşı işi (Akdeniz v. Turkey, no. 25165/94, § 88, 31 may 2005), nəzərə alır ki, ərizəçinin bu başlıq altında təqdim etdiyi sübutlar yalnız Konvensiyanın 2-ci Maddəsinə əsasən məsələ qaldırır. Konvensiyanın 2-ci Maddəsində deyilir:
“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir:
(a) hər hansı bir şəxsi hüquqa zidd zorakılıqdan qorumaq üçün;
(b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbs olunmuş şəxsin qaçmasının qarşısını almaq üçün;
(c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.”
A. Qəbuledilənlik
1. Konvensiyanin 2-ci Maddəsinin tətbiqi
29. Məhkəmə əvvəl başdan bildirir ki, ərizəçiyə tətbiq edilən güç ölümcül olmamışdır. Bu, ərizəçinin şikayətinə Konvensiyanın 2-ci Maddəsi çərçivəsində baxılmasını istisna etmir. Faktiki olaraq, Məhkəmə artıq bu Maddə altında zərərçəkənin törədilmiş əməl nəticəsində vəfat etmədiyi şikayətlərə baxmışdır (bax Makaratzis Yunanıstana qarşı işi (Makaratzis v. Greece [GC], no. 50385/99, §§ 49-55, ECHR 2004‑XI; Osman Birləşmiş Krallığa qarşı işi (Osman v. the United Kingdom), 28 oktyabr 1998, §§ 115-22, Qətnamə və qərarların hesabatı 1998‑VIII; və Yaşa Türkiyəyə qarşı işi (Yaşa v. Turkey, 2 sentyabr 1998, §§ 92-108, Hesabatlar 1998‑VI).
...
B. İşə mahiyyəti üzrə baxılması
1. Tərəflərin təqdimatları
34. Ərizəçi bir daha iddia etmişdir ki, Dövlət R.D.-nin qanunsuz hərəkətinə görə məsuliyyət daşımalıdır. R.D.-nin cinayət hüququna əsasən təqsirli bilinməsi, Dövləti R.D.-nin vəzifə başında olarkən vurduğu zərərə görə məsuliyyət daşımaqdan azad etmir. Hətta, hökumət tərəfindən təqdim edilmiş birinci instansiya məhkəməsinin qərarı belə müvafiq qanunun yerli məhkəmələr tərəfindən səhv tətbiq edildiyinin güclü sübutudur.
35. Hökumət R.D.-nin ərizəçini öldürmək niyyətinin olmadığını bildirmişdir. Bu, onun əleyhinə aparılmış cinayət prosesi zamanı müəyyən edilmişdir (bax yuxarıda 7-ci bənd). Buna baxmayaraq, onlar razılaşıblar ki, vurulmuş xəsarətin ağırlığı baxımından, ərizəçi Konvensiyanın 3-cü maddəsinin tətbiq çərçivəsinə düşə biləcək pis rəftar faktına məruz qalmışdır, lakin, iddia etmişlər ki, Dövlət həmin maddənin mahiyyəti baximindan heç bir məsuliyyət daşımır. Dövlətin məsuliyyəti R.D.-nin təqsirli bilinməsi və cəzalandırılması ilə yekunlaşan cinayət prosesinin həyata keçirilməsi ilə sona çatmışdır. Mülki məhkəmələr, R.D.-nin hərəkəti və onun rəsmi vəzifələri arasında səbəbi-bağlılıq olmadığı üçün Dövlətin məsuliyyət daşımadığını əsas gətirərək, ərizəçinin iddiasını üç instansiyada rədd etmişdir. Bununla bağlı olaraq, onlar bir daha vurğulamışdırlar ki, sözügedən vaxtda R.D. rəislərinin icazəsi olmadan iş saatları ərzində öz iş yerini tərk etmişdir. Hadisə, onun rəsmi vəzifəsini, yəni, səyyar gözətçi vəzifəsinin icrasını tamamladıqdan sonra baş vermişdir. O, barda heç bir rəsmi vəzifə və ya bununla bağlı iş icra etmirdi. Əksinə, o, yerli məhkəmələrin müəyyən etdiyi kimi, əməli adi vətəndaş qismində törətmişdi.
2. Məhkəmənin dəyərləndirməsi
(a) Konvensiyanın 2-ci maddəsinin tətbiq edilib-edilməməsi
36. Məhkəmənin presedent hüququna əsasən, Dövlət məmuru tərəfindən tətbiq edilmiş və ölümlə nəticələnməyən fiziki zorakılıq yalnız müstəsna vəziyyətlərdə Konvensiyanın 2-ci maddəsinin pozulmasına gətirib çıxara bilər. Doğrudur ki, mübahisəli gücdən istifadə edənlərin cinayət məsuliyyəti Konvensiyaya əsasən həyata keçirilən icraatların predmeti olmur. Buna baxmayaraq, müəyyən bir məhkəmə işində , istifadə edilmiş gücün dərəcəsi, növü və gücdən istifadə edilməsinin arxasında dayanan niyyət və məqsəd, digər faktorlar ilə birlikdə, ölümlə nəticələnməyən xəsarətin vurulması zamanı Dövlət məmurlarının hərəkətlərinin Konvensiyanın 2-ci Maddəsində təmin edilən qoruma sahəsinin hüdudlarında olub-olmadığı təhlil edilə bilər. Şəxsin polis əməkdaşları və ya əsgərlərin hücumuna və ya zorakılığına məruz qalması ilə bağlı olan bütün məhkəmə işlərində, onların şikayətləri daha çox Konvensiyanın 3-cü Maddəsinə əsasən araşdırılır (bax Makaratzis, yuxarıda istinad edilmişdir, § 51, və İlhan Türkiyəyə qarşı (İlhan v. Turkey [GC], no. 22277/93, § 76, ECHR 2000‑VII).
37. Hazırki məhkəmə işində, yerli məhkəmələr tərəfindən aşkar edilmiş faktlardan aydın olur ki, R.D. ərizəçinin sinəsinin sağ tərəfinə atəş açmışdır. Məhkəmə R.D.-nin ərizəçini qətl etmək niyyətinin olmadiğina dair Hökumətin təqdim etdiklərini qəbul edir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, ərizəçi təsadüf nəticəsində qətl edilməmişdir. Bu səbəbdən, Məhkəmə daha çox R.D.-nin ərizəçiyə yaxın məsafədən (1-1.5 metr arası, bax yuxarıda 6 və 10-cu bənd) atəş açması faktı üzərində dayanır. Ərizəçi həyat üçün təhlükəli olan ağır xəsarətlərə məruz qalmışdır. Bu onun ömürlük əlil qalmasına səbəb olmuşdur. O, dərhal xəstəxanaya qəbul edilmiş və iki dəfə əməliyyat keçirmişdir. Onun məruz qaldığı xəsarətlərin ağırlığı tərəflər arasında mübahisə mövzusu deyildir.
38. Yuxarıda sadalanan şərtlərin kontekstində, Məhkəmə bu nəticəyə gəlir ki, R.D.-nin həqiqətən ərizəçini qətl etmək niyyətinin olub-olmamasından asılı olmayaraq, ərizəçi, hətta, sağ qalmışdırsa belə, xarakter etibarilə, onun həyatını risk altında qoyan hərəkətin qurbanı olmuşdur. Buna görə də, 2-ci Maddə bu məhkəmə işinə tətbiq olunur.
(b) Konvensiyanın 2-ci Maddəsinə əsasən Dövlətin birbaşa məsuliyyəti
(i) Ümumi prinsiplər
39. Məhkəmə bir daha qeyd edir ki, yaşamaq hüququnu qoruyan və həyatdan məhrum etməyə bəraət qazandıran halları müəyyən edən 2-ci Maddə dərəcə etibarilə Konvensiyanın ən fundamental şərtlərindən biridir və heç bir halda bu Maddədə nəzərdə tutulan öhdəliklərdən geri çəkilməyə icazə verilmir. (bax Velikova Bolqarıstana qarşı (Velikova v. Bulgaria, no. 41488/98, § 68, ECHR 2000-VI).
40. 2-ci maddənin demokratik cəmiyyətdəki əhəmiyyətini göz önündə saxlayaraq, Məhkəmə, təkcə faktiki olaraq güc tətbiq etmiş Dövlət məmurunun hərəkətlərini deyil, həmçinin, bunu müşayiət edən bütün şərtləri nəzərə alaraq, bu Maddənin pozulması ehtimalını çox diqqətlə təhlil etməlidir (bax McCann və Digərləri Birləşmiş Krallığa qarşı ( McCann and Others v. the United Kingdom, 27 sentyabr 1995, § 150, Series A no. 324).
41. 2-ci Maddə təkcə Dövlət məmurunun tətbiq etdiyi güc nəticəsində baş verən ölüm halını nəzərdə tutmur, həmçinin, bu Maddənin birinci bəndinin birinci cümləsi Dövlətin öz yurisdiksiyasında olan şəxslərin həyatlarını qorumaq üçün müvafiq addımlar atmaq öhdəliyini nəzərdə tutur (bax Makaratzis, yuxarıda istinad edilmişdir, § 57).
42. Bu pozitiv öhdəlik, hər şeydən öncə, effektiv mühafizəni təmin etmək üçün qurulmuş qanunverici və inzibati strukturun yaradılması vəzifəsini doğurur. Bu struktura müəyyən fəaliyyətlərin xüsusi cəhətlərini, xüsusilə, insan həyatı üçün yaranmış potensial riskin dərəcəsini nizamlayan qaydalar daxil edilməlidir. Dövlət hüquq mühafizə işçilərinə odlu silahlardan istifadə etmək imkanı verən məhdud halları müəyyən edən bütün cəhdləri sərgiləməlidir. (bax Abdullah Yılmaz Türkiyəyə qarşı (Abdullah Yilmaz v. Turkey, no. 21899/02, §§ 56 və 57, 17 iyun 2008, və Makaratzis, yuxarıda istinad edilmişdir, § 59).
43. Məhkəmənin fikrincə və onun presedent hüququna əsasən, Dövlətin yaşamaq hüququnu mühafizə etmək vəzifəsinə ictimai yerlərdə şəxslərin təhlükəsizliyinin təmin edilməsi və ağır xəsarət və ya ölüm halında, faktları aşkar etmək qabiliyyəti olan hüquqi vasitələrin mövcudluğunu təmin edən, təqsirli şəxsləri mühakimə edən və zərərçəkmiş şəxsi müvafiq təzminat ilə təmin edən effektli, müstəqil məhkəmə sisteminin yaradılması da daxil olmalıdir (bax Ciechonska Polşaya qarşı işi (Ciechońska v. Poland, no. 19776/04, § 67, 14 iyun 2011).
44. Buna baxmayaraq, xüsusilə də, insan davranışını təxmin etməyin mümkünsüzlüyünü, prioritet və resurslar ilə bağlı edilməli olan əməliyyat seçimlərini göz önündə saxlayaraq, pozitiv öhdəlik dövlət orqanlarının üzərinə hədsiz məsuliyyət qoyacaq şəkildə təfsir edilməməlidir (bax Keenan Birləşmiş Krallığa qarşı ( Keenan v. the United Kingdom, no. 27229/95, § 90, ECHR 2001-III, və A. və Digərləri Türkiyəyə qarşı (A. and Others v. Turkey, no. 30015/96, §§ 44-45, 27 iyul2004). Xüsusilə də, 2-ci Maddəyə əsasən pozitiv öhdəliklərin icrası üçün istifadə edilən vasitələrin seçimi, prinsip olaraq, Üzv Dövlətlərin mülahizə sərbəstliyi çərçivəsinə düşən məsələdir. Konvensiyada nəzərdə tutulan hüquqlara təminat verməyin müxtəlif yolları vardır və hətta, əgər, Dövlət daxili hüququn təmin etdiyi müəyyən bir vasitəni tətbiq edə bilməmişdirsə, o, öz pozitiv öhdəliyini digər vasitələr ilə icra edə bilər (bax Ciechońska, yuxarıda istinad edilmişdir, § 65, və Fadeyeva Rusiyaya qarşı ( Fadeyeva v. Russia, no. 55723/00, § 96, ECHR 2005‑IV).
(ii) Yuxarıda sadalanan prinsiplərin hazırkı məhkəmə işinə tətbiqi
45. Məhkəmə R.D.-nin ərizəçiyə atəş açdığı şəraiti nəzərə alır. Bununla bağlı olaraq, Məhkəmə nəzərə alır ki, R.D. ehtiyatda olan polis əməkdaşı və nəticə etibarı ilə, Dövlət məmuru olmuşdur. Bu mülki məhkəmələr tərəfindən təsdiq edilmişdir (bax yuxarıda 10-cu bənd) və həmin vaxt qüvvədə olan Daxili İşlər haqqında Qanunun 46-cı maddəsinə uyğundur. Sözügedən vaxtda, daha dəqiq desək, 2002-ci il yanvar ayının 5-dən 6-na keçən gecə R.D. polis məntəqəsində vəzifə başında olmuş və hər növbə müddəti bir saat olmaqla gecəyarısı (yanvarın 5-i) və səhər saat 6.00-da (6 yanvar 2002-ci il) səyyar gözətçi təyin edilmişdir. 6 yanvar 2002-ci il tarixində saat 1.00-da, o, gözətçi növbəsi bitdikdən sonra, öz rəislərinə məlumat vermədən məntəqəni tərk etmiş və bara getmişdir. O, rəsmi geyimdə olmuş və xidməti silahı üzərində daşımışdır. Həmin gün saat 3.50-də, o, silahından atəş açaraq ərizəçini sinəsindən vurmuşdur. İlkin olaraq, R.D. öz iştirakı olmadan ehtiyatsızlıqla ictimai təhlükəsizlik əleyhinə ağır cinayət törətməkdə təqsirli bilinmiş və iki il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışdır. İcraat yenidən açıldıqdan sonra, o, yenidən təqsirli bilinmiş və (bax yuxarıda 7-ci və 8-ci bənd) şərti həbs cəzasını çəkməyə məhkum edilmişdir. Təzminat almaq barədə iddiasının təmin edilməsi üçün ərizəçiyə ayrıca mülki iddia qaldırmaq məsləhət görülmüşdür.
46. Mülki proses zamanı, ərizəçi yerli məhkəmələrdən tələb etmişdir ki, ona dəymiş ziyana görə Dövlətin məsuliyyəti müəyyən edilsin. Məhkəmə Dövlətin ittiham edilmək üçün müvafiq səlahiyyətdə olmadığını əsas gətirərək ərizəçinin iddiasını rədd etmişdir, çünki, R.D. əməli məmur qismində deyil, adi vətəndaş kimi törətmişdir və zərər onun vəzifələrinin icrası zamanı və ya bununla bağlı olaraq vurulmamışdır
47. Məhkəmə öz presedent hüququnda polis əməkdaşlarının öz vəzifələrini icra edərkən yol verdikləri zorakılıq halına görə Dövlətin məsuliyyət daşıdığını vurğulayır (bax Krastanov Bolqarıstana qarşı (Krastanov v. Bulgaria, no. 50222/99, § 53, 30 sentyabr 2004). Hazırkı məhkəmə işi Krastanov işindən fərqləndirilməlidir, çünki, bu məhkəmə işi Dövlət məmurunun öz vəzifəsinin icrasından kənarda törətdiyi ziyanlı əməl ilə bağlıdır.
48. Dövlətin öz məmuru tərəfindən vəzifələrinin icrasından kənarda yol verilmiş qanunsuz hərəkətə görə məsuliyyət daşıyıb-daşımadığını müəyyən etmək üçün, Məhkəmə bütövlükdə şəraiti dəyərləndirməli və mübahisə mövzusu olan hərəkətin xarakterini və baş verdiyi şəraiti nəzərə almalıdır.
49. Bununla bağlı olaraq, Məhkəmə müşahidə edir ki, hadisə R.D.-nin iş saatları ərzində baş vermişdir. Heç kimdə şübhə doğurmur ki, R.D. sözügedən vaxtda polis məntəqəsində vəzifə başında olmalı idi. O, rəislərinin icazəsi olmadan vəzifəsini tərk etmiş və sərxoş vəziyyətdə ərizəçinin həyatı üçün təhlükədə yaradan hərəkətə yol vermişdir. Bununla da R.D.-nin iş qaydalarını kobud şəkildə pozması və nəticə etibarı ilə, hazırkı mühakimə mövzusu olan hadisəyə səbəb olması tərəflər arasında mübahisə doğurmur. Bu vəziyyətdə, ictimaiyyətin onu hüquq mühafizə orqanının işçisi kimi qəbul etməsi ağlabatandır. Bundan əlavə, o, ərizəçiyə səlahiyyətli orqanlar tərəfindən ona təhkim edilmiş silahdan atəş açmışdır.
50. Məhkəmə qəbul edir ki, səlahiyyətli orqanlar R.D.-nin subordinasiyanı pozacağını və sonradan barda yol verdiyi hərəkətləri əvvəlcədən təxmin edə bilməzdi. Lakin, Məhkəmə vurğulayır ki, Dövlət öz məmurlarının, xüsusilə də, müvəqqəti olaraq səfərbər edilmiş rezervistlərin rəsmi vəzifələrin icrası üçün onlara təhkim edilmiş silahlardan qanunsuz istifadəsinin qarşısını almaq üçün adekvat və effektiv mühafizə sistemi yaratmalı və ciddi şəkildə tətbiq etməlidir. Hökumət Məhkəməyə bununla bağlı qüvvədə olan heç bir qanun təqdim etməmişdir. Bununla bağlı olaraq, Məhkəmə Daxili İşlər haqqında Qanunun 26-cı bölməsinə istinad edir. Bu bölmənin tələbinə əsasən R.D. kimi Dövlət məmurları öz vəzifələrini “vəzifə başında olub-olmadıqlarından asılı olmayaraq hər zaman” icra edirlər. Aydındır ki, bu şərtin tətbiqinin cəmiyyət üçün aşkar faydaları vardır, lakin, bunun, həmçinin, bəzi potensial riskləri də vardır. Vəzifələrini daimi icra etmək öhdəliyinin tələbinə əsasən, polis əməkdaşı kimi Dövlət məmurları öz vəzifələrini icra etmək üçün xidməti silahlarını daima öz üzərlərində gəzdirirlər.
51. Bundan əlavə, Məhkəmə vurğulayır ki, Dövlətlər hüquq mühafizə sistemi çərçivəsində yüksək peşəkar standartlar müəyyən etməli və bu sistemdə xidmət göstərən şəxslərin tələb olunan kriteryalara uyğunluğunu təmin etməlidir (bax, mutatis mutandis, Abdullah Yılmaz, yuxarıda istinad edilmişdir, §§ 56-57). Xüsusilə də, polis qüvvələrini odlu silahla təmin edərkən yalnız lazımi texniki təlim keçilməməli, həmçinin, bu cür odlu silahları daşımaq icazəsi olan polis əməkdaşlarının seçiminə xüsusi nəzarət edilməlidir.
52. Hazırkı işdə, Hökumət R.D.-nin işə götürülməsi və silahla təmin edilməsi üçün yararlı olub-olmadığını müəyyən etmək məqsədilə dövlət orqanları tərəfindən hər hansı bir dəyərləndirmə aparıldığı barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Bu şəraitdə, Məhkəmə nəzərə alır ki, R.D. tərəfindən barda törədilmiş ziyanlı əmələ görə cavabdeh Dövlət məsuliyyət daşıya bilər.
53. Ərizəçinin Dövlətə qarşı qaldırdığı iddia R.D.-nin ərizəçinin Konvensiyanın 2-ci Maddəsində nəzərdə tutulan hüquqlarının pozulması ilə nəticələnən əməllərinə görə məsuliyyətin müəyyən edilməsi üçün müvafiq vasitə təmin edir. Onun R.D.-dən təzminat tələb etməməsi faktı həlledici deyildir, cünki, onun iddiasının, həmçinin, Məhkəməyə təqdim etdiyi ərizənin məqsədi Dövlət məsuliyyətinin müəyyən edilməsi idi.
54. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 2-ci Maddəsinin mahiyyət etibarı ilə pozulduğunu müəyyən edir.
55. Ərizəçinin bununla bağlı açıq şəkildə şikayəti olmadığı üçün, Məhkəmə Dövlətin Konvensiyanın 2-ci Maddəsində nəzərdə tutulan prosessual öhdəliklərə əməl edib-etmədiyini araşdırmağa ehtiyac görmür.
...
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
62. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər, Məhkəmə Konvensiya və ya onun Protokolların pozulduğunu, lakin, Üzv Dövlətin müvafiq daxili hüququnun bu pozuntunun nəticələrinin yalnız qismən aradan qaldırılmasını nəzərdə tutduğunu aşkar edirsə, Məhkəmə, zəruri olduğu halda, tərəfə əvəzin ədalətli ödənilməsini təyin edə bilər.”
A. Ziyan
63. Ərizəçi ona dəymiş maddi ziyanın əvəzində 3,390 avro (EUR) tələb etmişdir. Buna onun tibbi müalicə xərcləri daxil idi. O, sübut kimi, müvafiq hesab fakturaların surətini təqdim etdi. O, həmçinin, aldığı xəsarətlərin nəticəsində keçirdiyi ağrı, qorxu hissləri, əmək qabiliyyətinin azalması və bədən quruluşunun pozulduğuna görə ona dəyən mənəvi zərərin müqabilində 455,300 AVRO məbləğində təzminat tələb etmişdir. Hər iki rəqəm ərizəçinin mülki icraat zamanı tələb etdiyi məbləğlərə uyğun gəlirdi (yuxarıda 9-cu bəndə bax). O, əlavə olaraq, 2-ci Maddənin iddia edilən pozuntusuna görə 10,000 avro və ədalətli araşdırma aparılması hüququnun iddia edilən pozuntusuna görə də 10,000 avro tələb etmişdir.
64. Hökumət, dəymiş zərər və iddia edilən pozuntu halları arasında səbəbi-əlaqənin olmadığını əsas gətirərək, bu iddiaları mübahisələndirdi. Onlar, maddi ziyan iddiası ilə bağlı olaraq, bildirmişdilər ki, ərizəçi cinayəti törədən və dəymiş zərərə görə birbaşa məsuliyyət daşıyan R.D.-dən təzminat tələb etməmişdir. Mənəvi ziyan iddiası ilə bağlı olaraq isə, bunun sübutlar ilə təsdiq olunmadığını iddia etmişdirlər. Bu eyniliklə onun 2-ci və 6-ci Maddələrin iddia edilən pozuntusu ilə bağlı iddialarına da aiddir. Nəhayət, onlar iddia etmişdirlər ki, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın həyat standartları nəzər alınmalıdır və Konvensiyanın pozulması faktı yalnız əvəzin ədalətli ödənilməsi üçün kafidir.
65. Məhkəmə hesab edir ki, iddia edilən maddi ziyan R.D tərəfindən vurulmuş xəsarətin birbaşa nəticəsi olaraq ərizəçinin çəkdiyi tibbi xərclər ilə bağlıdır. Məhkəmə təsdiqləyici sənədləri və Hökumətin həmin məbləği mübahisələndirməməsi faktını nəzərə alaraq, bu başlıq altında iddia edilən məbləğin tam ödənilməsi qərarını verir.
66. Daha sonra, məhkəmə ərizəçiyə mənəvi ziyan dəydiyini təsdiqləyir, lakin, təkcə Konvensiyanın 2-ci Maddəsinin pozulması fakti bu ziyana görə təzminatın ödənilməsi üçün kifayət etmir. Məhkəmə, öz dəyərləndirməsini ədalətli əsasda apararaq, bu başlıq altında ərizəçiyə 12,000 avro və bu məbləğdən tutula biləcək bütün vergilərin ödənilməsi qərarını verir.
...
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
...
2. Qərara alır ki, Konvensiyanın 2-ci Maddəsi hazırkı məhkəmə işinə tətbiq edilir;
...
5. Qərara alır ki, Konvensiyanın 2-ci maddəsi pozulmuşdur;
6. Qərara alır ki,
(a) Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq yekun qərarın verilmə tarixindən sonrakı üç ay müddətində qərarın icra edildiyi tarixdə mövcud olan mübadilə kursuna əsasən cavabdeh Dövlətin milli valyutasına çevrilməli olan aşağıdakı məbləğləri ərizəçiyə ödəməlidir:
i) maddi ziyan ilə bağlı olaraq 3,390 AVRO (üç min üç yüz doxsan avro), üstəgəl bu məbləğdən tutula biləcək bütün vergılər və
ii) mənəvi ziyan ilə bağlı olaraq 12,000 AVRO (on iki min avro), üstəgəl bu məbləğdən tutula biləcək bütün vergılər;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
...
Qərar inglis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə əsasən 19 aprel 2012-ci ildə yazılı şəkildə açıqlanmışdır.
Claudia WesterdiekPeer Lorenzen
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1]. Təxminən 455,300 avro (EUR) və 3,390 avro.
Full & Egal Universal Law Academy