© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BİRİNCİ BÖLMƏ
SAVRİDDİN CURAYEV (SAVRIDDIN DZHURAYEV) RUSİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 71386/10)
QƏRAR
Strasburq
25 aprel 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
...
Savriddin Curayev Rusiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),
hakimlər:
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre), sədr,
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Yuliya Laffrank (Julia Laffranque),
Erik Mos (Erik Møse),
Ksenya Turkoviç (Ksenija Turković),
Dmitri Dedov (Dmitry Dedov),
habelə Bölmə Katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,
9 aprel 2013-cü ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Tacikistan vətəndaşı cənab Savriddin Canobiddinoviç Curayev (Savriddin Dzhanobiddinovich Dzhurayev) (“ərizəçi”) tərəfindən 6 dekabr 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı ərizə (№ 71386/10) əsasında başlanıb.
2. Ərizəçini Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan xanım Ye. Ryabinina (E. Ryabinina) və xanım D. Trenina (D. Trenina) təmsil ediblər. Rusiya Hökumətini (“Hökumət”) Rusiya Federasiyasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi cənab G. Matyuşkin (G. Matyushkin) təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia etdi ki, Tacikistana ekstradisiya olunacağı təqdirdə qəddar rəftar riski ilə üzləşəcək və onun ekstradisiyaya qədər həbsdə saxlanılmasının qanuniliyi məsələsinə məhkəmə tərəfindən operativ şəkildə baxılmayıb.
4. 7 dekabr 2010-cu ildə Birinci Bölmənin sədri Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq cavabdeh Hökumətə bildirdi ki, ərizəçi əlavə bildirişə qədər Tacikistana ekstradisiya olunmamalıdır. O, həmçinin Məhkəmə Reqlamentinin 41-ci Qaydasına uyğun olaraq bu işə prioritet qaydasında baxmağı qərara aldı.
5. 16 dekabr 2010-cu ildə Hökumət Məhkəməyə məlumat verdi ki, əlavə bildirişə qədər ərizəçinin Tacikistana ekstradisiya olunmamasını təmin etmək üçün dövlət orqanları müvafiq addımlar atıblar.
6. 31 yanvar 2011-ci ildə şikayət ərizəsi Hökumətə təqdim edildi. Həmçinin qərara alındı ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbulunun mümkünlüyü məsələsinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).
7. 2 noyabr 2011-ci ildə Birinci Bölmənin sədri Məhkəmə Reqlamentinin 54-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq Hökumətdən xahiş etdi ki, Moskvada ərizəçinin iddia edilən oğurlanmasının hallarına aydınlıq gətirən əlavə faktoloji məlumatlar təqdim etsin.
8. 17 yanvar 2012-ci ildə Palata tərəfləri dəvət etdi ki, ərizəçinin iddia edilən oğurlanması və Tacikistana göndərilməsi ilə əlaqədar əlavə yazılı qeydlərini təqdim etsinlər. Nəticədə tərəflər işdəki yeniliklər barədə məlumatları əks etdirən bir neçə əlavə qeydlərini və işin mahiyyətinə dair əlavə qeydlərini Məhkəməyə təqdim etdilər.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1985-ci ildə doğulub. Hazırda o, Tacikistanda azadlıqdan məhrumetmə cəzası çəkir.
A. Ərizəçinin cinayət təqibinə qədərki tarixçəsi
10. 2006-cı ilin iyulunadək ərizəçi Tacikistanın Soqdi rayonunda doğma kəndi Navgilemdə yaşayırdı. O, yerli ərzaq dükanında ticarətçi idi.
11. Ərizəçi Tacikistanı tərk etməsinə qədərki hadisələri aşağıdakı kimi təsvir edib.
12. 2002-ci ildən 2005-ci ilədək ərizəçi məscidə gedib və orada cənab S. Marufovun tədris etdiyi Quranı öyrənib. Sonuncu yerli polis tərəfindən həbsə alınıb və 2006-cı ilin mayında həbsxanada ölüb. Məlumatlara görə ölümündən əvvəl cənab Marufov qəddar rəftara məruz qalıb (aşağıda 102-ci bəndə bax).
13. Cənab Marufovun ölümündən sonra Tacikistanın dövlət orqanları onun tərəfdarlarını təqib etməyə başladılar. Ərizəçi dini fəaliyyətlərinə görə təqib olunacağından ehtiyat edərək ölkəni tərk etdi.
14. Ərizəçi 2006-cı ilin iyununda Rusiyaya gəldi və Moskva ətrafında müxtəlif fəhlə işlərində işlədi.
B. Ərizəçiyə qarşı Tacikistanda cinayət prosesi və daha sonra Rusiyada ekstradisiya prosesi
15. 7 noyabr 2006-cı ildə Tacikistan prokurorluğu ərizəçiyə qarşı cinayət işi açdı və onun məhkəməyəqədər həbsi barədə sanksiya verdi. Ərizəçi Tacikistan Cinayət Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi və 187-ci maddəsinin 2-ci bəndi əsasında 1992-ci ildə müəyyən bir dövrdə bir neçə digər şəxslə birlikdə "Bayat" (Байъат) adlı "gizli cinayətkar təşkilat" yaratmaqda ittiham edildi, sonradan bu təşkilat "Özbəkistan İslam Hərəkatı" (ÖİH) adlı "silahlı cinayətkar dəstə" ilə birləşmişdi. Ərizəçiyə qarşı ikinci ittiham onun 27 sentyabr 2006-cı ildə regional parlamentin üç üzvünə silahlı hücumda iştirak etməsi barədə iddia ilə əlaqədar idi.
16. Elə həmin gün Tacikistan prokurorluğu yuxarıda qeyd edilən ittihamlar əsasında ərizəçinin həbsinə order verdi və onun adını "axtarışda olan şəxslərin" siyahısına saldı.
17. 21 noyabr 2009-cu ildə Rusiya polisi Tacikistanın hakimiyyət orqanlarının verdiyi beynəlxalq axtarış orderi əsasında ərizəçini Moskvada yaxaladı. O, ekstradisiya məsələsinin həllini gözlədiyi müddətdə 21 may 2011-ci ilədək həbsdə saxlanıldı (aşağıda 32-36-cı bəndlərə bax).
18. 21 dekabr 2009-cu ildə və 29 mart 2010-cu ildə Tacikistanın baş prokurorunun müavini rusiyalı həmkarından xahiş etdi ki, ərizəçinin Tacikistana ekstradisiya olunması barədə göstəriş versin.
19. 17 iyun 2010-cu ildə Rusiya baş prokurorunun müavini ərizəçinin Tacikistana ekstradisiya olunması barədə göstəriş verdi. O, digər məsələlərlə yanaşı müəyyən etdi ki, ərizəçi 1992-ci ildən bəri Tacikistanda cinayətkar təşkilat olan ÖİH-in fəaliyyətlərində iştirak etməkdə ittiham olunub. Baş prokurorun müavini həmçinin qeyd etdi ki, 2005-ci ilin sonunda ərizəçi Rusiyaya köçüb və orada ÖİH-in silahlı özəyini yaradıb və 2006-cı ildə ÖİH-in Tacikistandakı liderlərinə ayda 5.000-dək ABŞ dolları göndərib və beləliklə onların terror fəaliyyətlərini, məsələn, dövlət məmurlarının qətlinə yönələn fəaliyyətlərini təmin edib. Baş prokurorun müavini hesab etdi ki, ərizəçinin hərəkətləri həmçinin Rusiya Cinayət Məcəlləsi əsasında da cəzalandırılmalı hərəkətlərdir və onun bəlkə də Moskvada hər hansı cinayət törətmiş olması ekstradisiya olunmasının qarşısını ala bilməz, çünki bununla bağlı heç bir istintaq aparılmayıb və cinayət işi açılmayıb. O, həmçinin beynəlxalq müqavilələr və ya Rusiya Federasiyasının qanunvericiliyi əsasında ərizəçinin ekstradisiyasına mane olan hər hansı hal müəyyən etmədi.
20. Ərizəçi Moskva Şəhər Məhkəməsinin ("Şəhər Məhkəməsi") çıxardığı ekstradisiyası qərarından şikayət edərək bildirdi ki, Tacikistanın dövlət orqanları onun törətmədiyi cinayəti boynuna almasına nail olmaq məqsədi ilə onu işgəncəyə məruz qoyacaqlar. O, analoji vəziyyətdə olan müəyyən ərizəçilərin bu ölkəyə ekstradisiya olunacaqları təqdirdə işgəncə təhlükəsinə məruz qalacaqları ilə bağlı Məhkəmənin geniş presedent hüququna istinad etdi (Xocayev Rusiyaya qarşı, ərizə № 52466/08, 12 may 2010-cu il; və Xaydarov Rusiyaya qarşı, ərizə № 21055/09, 20 may 2010-cu il). Ərizəçi həmçinin ona qarşı Tacikistanda irəli sürülmüş ittihamların ziddiyyətliliyini və hətta absurdluğunu vurğuladı, belə ki, həmin ittihamlara əsasən, o, 1992-ci ildən bəri terror fəaliyyətlərində aktiv iştirak etmişdi, halbuki o zaman hələ balaca uşaq idi.
21. Baş prokurorun müavini Şəhər Məhkəməsinə tacikistanlı həmkarının imzaladığı məktubu təqdim etdi, orada digər məsələlərlə yanaşı aşağıdakı zəmanətlər yer almışdı:
"Biz zəmanət veririk ki, beynəlxalq hüquq normalarına uyğun olaraq [ərizəçi] Tacikistan Respublikasında özünü müdafiə etmək üçün bütün imkanlarla, o cümlədən vəkilin yardımı ilə təmin olunacaq. O, işgəncəyə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayacaq (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına və Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının müvafiq konvensiyalarına və onlara əlavə olunmuş protokollara uyğun olaraq).
Tacikistan Cinayət Məcəlləsində [ərizəçinin] ittiham edildiyi cinayətlərə görə ölüm cəzası nəzərdə tutulmayıb.
Tacikistan baş prokurorluğu zəmanət verir ki, [ərizəçi] barəsində ekstradisiya sorğusunun məqsədi onu siyasi səbəblərə, irqinə, dini əqidələrinə, milliyyətinə və ya siyasi baxışlarına görə cinayət təqibinə məruz qoymaq deyil.
... Tacikistan öhdəlik götürür ki, [ərizəçini] yalnız onun ekstradisiyası üçün əsas təşkil edən cinayətlərə görə cinayət təqibinə məruz qoyacaq və Rusiya Federasiyasının razılığı olmadan üçüncü dövlətə təhvil verməyəcək və cəzasını çəkdikdən sonra Tacikistan Respublikasının ərazisini sərbəst surətdə tərk etməsinə imkan verəcək".
22. 29 oktyabr 2010-cu ildə Şəhər Məhkəməsi açıq məhkəmə iclası keçirdi. O, Rusiya İnsan Hüquqları İnstitutunun eksperti xanım Ye. Ryabininanın Tacikistandakı vəziyyətlə bağlı ekspert qismində dindirilməsi üçün müdafiə tərəfinin qaldırdığı vəsatəti təmin etdi. Ekspert açıq məhkəmə iclasında suallara cavab verərək müvafiq ərizəçilərin Tacikistana mümkün ekstradisiyası ilə əlaqədar Avropa Məhkəməsinin son dövrlərdə qəbul etdiyi dörd qərarın detallarını və ekstradisiyanın Rusiya Federasiyası üçün hüquqi nəticələrini izah etdi (Xocayevin işi üzrə yuxarıda qeyd edilən qərar; Xaydarovun işi üzrə yuxarıda qeyd edilən qərar; İskəndərov Rusiyaya qarşı, ərizə № 17185/05, 23 sentyabr 2010-cu il; və Qaforov Rusiyaya qarşı, ərizə № 25404/09, 21 oktyabr 2010-cu il).
23. Elə həmin gün qəbul etdiyi qərarda Şəhər Məhkəməsi ekstradisiya qərarını qüvvədə saxlayaraq müəyyən etdi ki, ərizəçinin Tacikistana ekstradisiya olunmasına heç bir maneə yoxdur. Rusiyanın Konvensiya üzrə öhdəliklərinə və Avropa Məhkəməsinin presedent hüququna istinadən ərizəçinin gətirdiyi arqumentlər Şəhər Məhkəməsi tərəfindən aşağıdakı əsaslarla rədd edildi:
"... Tacikistanda ərizəçinin dini əsaslara görə təqib oluna biləcəyi ilə və cinayət təqibinin gedişində işgəncəyə məruz qalacağına dair ciddi təhlükə ilə əlaqədar arqumentlər ... məhkəmə tərəfindən əsassız sayılır, çünki bu arqumentlər heç nə ilə təsdiqlənməyən ehtimallara əsaslanır; əksinə, məhkəmə tərəfindən araşdırılmış işin materialları və xüsusən Tacikistan Respublikasının baş prokurorunun müavininin verdiyi yazılı zəmanətlər onları tamamilə təkzib edir...
Tacikistan Respublikasında dini və siyasi səbəblərə görə işgəncə və təqiblərin baş verdiyi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin və digər hüquq müdafiə təşkilatlarının sənədləri ilə təsdiqlənən arqumentlər ... məhkəmə tərəfindən əsassız sayılır, çünki bu sənədlər [ərizəçi] barəsində deyil, başqa şəxslər barəsindədir; bundan əlavə, Tacikistan prokurorluğunun yuxarıda qeyd edilmiş yazılı zəmanətləri bu arqumentləri təkzib edir".
24. 9 dekabr 2010-cu ildə Ali Məhkəmə Şəhər Məhkəməsinin qərarını qüvvədə saxladı. Ekstradisiya olunmasının Konvensiyanın 3-cü maddəsini pozacağı barədə ərizəçinin arqumentləri Ali Məhkəmə tərəfindən rədd edildi və bunun üçün yeganə əsas kimi Tacikistan prokurorluğunun təqdim etdiyi yazılı zəmanətlərin mətni göstərildi.
C. Qaçqın statusu və müvəqqəti sığınacaq üçün müraciət
25. 22 dekabr 2009-cu ildə ərizəçi qaçqın statusu almaq üçün Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) Moskva şəhər bölməsinə ərizə ilə müraciət etdi. O, iddia etdi ki, Tacikistanda dini əqidələrinə görə təqib olunub və ekstradisiya olunacağı təqdirdə işgəncəyə məruz qalacaq.
26. 26 aprel 2010-cu ildə FMX-nin Moskva şəhər bölməsi ərizəni rədd etdi. Bu qərar barəsində 12 may 2010-cu ildə ərizəçiyə məlumat verildi.
27. 26 avqust 2010-cu ildə FMX-nin direktor müavini ərizəçinin bu qərardan verdiyi şikayət ərizəsini rədd etdi. O, ərizəçiyə xatırlatdı ki, ÖİH həm Tacikistanın, həm də Rusiyanın ali məhkəmələri tərəfindən terror fəaliyyətlərini həyata keçirən təşkilat kimi tanınıb. FMX-nin direktor müavini Tacikistanda işgəncələrdən istifadə edilməsinin və məsul dövlət məmurlarının cəzasızlığının beynəlxalq miqyasda geniş tənqid edildiyini qeyd etsə də, ərizəçinin dini əsaslara görə təqibə məruz qalacağından ehtiyatlanmaq üçün hər hansı əsaslı səbəb olmadığını hesab etdi. O, Tacikistan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu qeyd edərək ərizəçinin yalnız müsəlman əqidəsinə görə təqibə məruz qalması ehtimalının olmadığını hesab etdi. Dövlət orqanlarının insanların dini əqidələri üzərində nəzarəti gücləndirmək cəhdlərinə gəlincə, hesab edildi ki, bu, radikal islamın, o cümlədən ÖİH-in təsirini məhdudlaşdırmaq məqsədini daşıyır və bu məqsəd başa düşüləndir. O, bu nəticəyə gəldi ki, ərizəçinin durumu qaçqın statusuna uyğun deyil və onun ərizəsi Tacikistanda cinayət məsuliyyətindən yaxa qurtarmaq niyyətindən qaynaqlanır. O, eyni zamanda qeyd etdi ki, işgəncə və ya qəddar rəftarın qurbanı olma ilə bağlı əsaslı qorxunun mövcudluğu Qaçqınlar haqqında Qanunun 12-ci maddəsi əsasında ərizəçiyə Rusiyada müvəqqəti sığınacaq verilməsi üçün əsas ola bilər.
28. 1 oktyabr 2010-cu ildə ərizəçi FMX-nin qərarından Moskvanın Basmannı rayon məhkəməsinə şikayət etdi. O, iddia etdi ki, FMX Tacikistandakı vəziyyətin hərtərəfli və adekvat təhlilini aparmayıb və bununla bağlı müxtəlif beynəlxalq mənbələrin təqdim etdikləri məlumatları yetərincə nəzərə almayıb. O, bildirdi ki, FMX Tacikistan dövlət orqanlarının onu ittiham etdikləri cinayətlərdə onu təqsirkar hesab edib və faktlar barəsində Tacikistan prokurorluğunun irəli sürdüyü versiyanı faktiki olaraq qəbul edib.
29. 10 noyabr 2010-cu ildə Basmannı rayon məhkəməsi FMX-nin 26 avqust 2010-cu il tarixli qərarını qüvvədə saxladı. O, həmin qərardakı arqumentlərə istinad edərək onları inandırıcı hesab etdi və həmçinin hesab etdi ki, ərizəçi bunun əksini təsdiq edən sübut təqdim etməyib. 6 dekabr 2010-cu ildə Moskva Şəhər Məhkəməsi bu məhkəmənin qərarını qüvvədə saxladı.
30. 24 may 2011-ci ildə ərizəçi Rusiyada müvəqqəti sığınacaq almaq üçün FMX-yə müraciət etdi. 2 iyun 2011-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ərizəçinin nümayəndəsinə məlumat verdi ki, onun durumu bu qurumun nizamnaməsində müəyyən edilmiş meyarlara uyğundur və o, bu qurumun mandatı altında beynəlxalq müdafiə ilə təmin edilmək hüququna malikdir.
31. 6 sentyabr 2011-ci ildə FMX-nin Moskva şəhər bölməsi ərizəçiyə Rusiyada müvəqqəti sığınacaq verdi və bu barədə şəhadətnamə təqdim etdi. Şəhadətnamədə ВУ № 0004219 nömrəsi qeyd edildi və o, ərizəçiyə 8 sentyabr 2011-ci ildə vəkilinin iştirakı ilə təqdim edildi.
...
E. Ərizəçinin iddia edilən oğurlanması və Tacikistana göndərilməsi
1. Hadisələrə dair ərizəçinin versiyası
37. Ərizəçinin yazılı ifadəsinə və onun nümayəndələrinin şahidlərdən və mümkün olan digər mənbələrdən topladıqları əlavə məlumatlara əsasən, onun oğurlanması və Tacikistana göndərilməsi aşağıda göstərildiyi kimi baş verib.
38. 31 oktyabr 2011-ci ildə saat 9 və ya 10 radələrində ərizəçi və dostu Moskvanın cənub-qərb rayonunda maşınla getdikləri zaman Miçurinski prospektində onların yolunu furqon kəsib. Ərizəçinin vəkilinin polisə və istintaq orqanlarına verdiyi təfsilatlı məlumatlara əsasən, insident Moskvada Vernadski prospekti 15 ünvanında saat 11.30 ilə 11.45 arasında baş verib. Ərizəçi və dostu maşından çıxıblar və qaçıb qurtulmağa çalışıblar. Tanımadıqları üç və ya dörd kişi onları təqib ediblər və iki güllə atıblar. Ərizəçinin dostu qaçıb qurtula bilib, ərizəçi isə özlərini təqdim etməyən həmin şəxslər tərəfindən dayandırılıb, dəyənəklə döyülüb və zorla furqona oturdulub.
39. Ərizəçi bir gecə və gündüz ərzində furqonda saxlanılıb. Onu yaxalamış şəxslər onu işgəncəyə və qəddar rəftara məruz qoyublar. Onlar onu döyüblər, tapançanı başına dirəyiblər və öz ölkəsinə qayıtmayacağı təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər. Ərizəçi FMX tərəfindən təqdim edilmiş müvəqqəti sığınacaq şəhadətnaməsini onlara göstərib, amma onlar cavabında ona gülüblər. Ərizəçiyə suallar verən şəxs tacik mənşəli olub.
40. Ertəsi gün axşam ərizəçini oğurlayanlar adi sərhəd və gömrük rəsmiyyətlərindən və təhlükəsizlik yoxlamalarından keçmədən onu birbaşa Moskvanın Domodedovo aeroportunun uçuş zonasına aparıblar. Ərizəçi Tacikistan patruluna təhvil verilib, o isə bilet və ya hər hansı səfər sənədi təqdim etmədən ərizəçini zorla yaxınlıqdakı təyyarəyə mindirib.
41. Ertəsi gün gecə saat 4 radələrində təyyarə Tacikistandakı Xucənd aeroportuna çatıb və orada ərizəçi Tacikistanın hakimiyyət orqanlarına təhvil verilib. Onun vəkil çağırılması barədə tələbləri rədd edilib. Ərizəçinin atasının yazılı ifadəsinə əsasən, ərizəçi Xucənd polis bölməsində qeyri-müəyyən müddət ərzində saxlanılıb və dindirilib. Ərizəçinin atasının yazılı ifadəsində qeyd edib ki, polis əməkdaşları (onlardan biri S.M. kimi göstərilib) ərizəçini heç vaxt törətmədiyi cinayətləri boynuna almağa və Tacikistana könüllü surətdə qayıtdığını söyləməyə məcbur etmək üçün onunla olduqca qəddar rəftar ediblər. Onun atası ifadəsində bildirib ki, 20 dekabr 2012-ci ildə müstəntiq R.R. onun həbs yerində oğlu ilə görüşməsinə icazə verməkdən imtina edib və belə əsas gətirib ki, atası ərizəçinin yaxalanmasında və ölkəyə qaytarılmasında dövlət orqanlarına kömək etməyib.
2. Hökumət tərəfindən təqdim edilmiş məlumatlar
42. Faktlara dair ərizəçinin versiyası ilə əlaqədar Hökumətin təqdim etdiyi məlumatlar aşağıdakılarla məhdudlaşır.
43. Məhkəmənin sorğularından sonra Hökumətdən alınmış 18 noyabr 2011-ci il və 29 fevral 2012-ci il tarixli məktublarda ərizəçinin yeri haqqında və ya dövlət sərhədini keçməsi barədə məlumatlar yer almışdı. Hökumət daha sonra bildirirdi ki, 20 may 2011-ci ildə azad edildikdən ərizəçinin hüquq və azadlıqları heç bir şəkildə məhdudlaşdırılmayıb və qanunvericilik dövlət orqanlarının üzərinə ərizəçi üzərində nəzarəti təmin etmək öhdəliyi qoymayıb, onun ekstradisiyası və ya ölkədən çıxarılması isə Avropa Məhkəməsi tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərə uyğun olaraq dayandırılıb, buna görə də o, ekstradisiya proseduru vasitəsilə Tacikistana təhvil verilməyib.
44. 5 aprel 2012-ci ildə Hökumət Tacikistan baş prokurorunun 26 mart 2012-ci ildə rusiyalı həmkarına göndərdiyi rəsmi informasiyanı Məhkəməyə göndərdi, həmin informasiyaya əsasən, ərizəçi 3 noyabr 2011-ci ildə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin (РОБОП) Soqdi rayon şöbəsinə gələrək "könüllü surətdə təslim olmuş" və Xucəndin 2 saylı istintaq təcridxanasında (СИЗО №2) saxlanılmışdı.
45. 25 fevral 2013-cü ildə Hökumətdən alınmış ən son məlumata əsasən, ərizəçinin oğurlanması və ölkəsinə göndərilməsi ilə bağlı araşdırma davam etməkdədir.
F. Ərizəçini zorla Tacikistana göndəriləcəyi ilə bağlı birbaşa təhlükədən qorumaq barədə müraciətlər
46. 31 oktyabr 2011-ci ildə ərizəçinin oğurlandığı barədə məlumat alan kimi onun nümayəndələri dərhal Rusiyanın səlahiyyətli orqanları ilə təmasa girərək onlardan xahiş etdilər ki, ərizəçinin zorla Rusiya ərazisindən çıxarılmasının qarşısını almaq üçün təcili tədbirlər görsünlər.
47. Noyabrın 1-də saat 15 ilə 17 arasında xanım Ye. Ryabinina, müvafiq olaraq, Moskva şəhər polis idarəsinin rəisinə, FMX-nin direktoruna, baş prokurora və Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəsinə faksla dörd rəsmi müraciət göndərdi. O, həmçinin Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkilindən yardım istədi.
48. Moskva şəhər polis idarəsinin rəisinə məktubunda ərizəçinin nümayəndəsi ərizəçinin hansı şəraitdə oğurlandığını bildirdi. O, həmçinin rəisə ərizəçinin hüquqi statusunu, yəni FMX tərəfindən müvəqqəti sığınacaq verilmiş şəxs olduğunu və ekstradisiyasının qarşısının alınması üçün Avropa Məhkəməsi tərəfindən müvəqqəti tədbirlərin tətbiq edildiyini xatırlatdı. Məktub aşağıda qeyd edilənlərlə yekunlaşırdı:
"[Bu halları] nəzərə alaraq, [ərizəçinin] oğurlanması cəhdinin sonradan onu qanunsuz olaraq Rusiyadan Tacikistana göndərmək məqsədi ilə həyata keçirildiyindən ehtiyatlanmaq üçün tutarlı əsaslar var, belə ki, sonuncunun dövlət hakimiyyəti orqanları onun cinayət təqibi üçün ekstradisiya olunmasına dair sorğu vermişdilər.
Vəziyyəti bu fakt daha da ağırlaşdırır ki, ərizəçinin qardaşı [Ş.T.] sentyabrın 8-də Moskvada yoxa çıxıb və arvadının verdiyi məlumata görə, o, sentyabrın 13-də Xucənddə (Tacikistan Respublikası) həbsxanaya salınıb və hələ də orada həbsdə saxlanılır. Bir müddət əvvəl, bu il avqustun 23-də isə məcburi göndərilməyə qarşı Avropa Məhkəməsi tərəfindən [onun təyin etdiyi müvəqqəti tədbirlər vasitəsilə] müdafiə edilən, sığınacaq axtaran iki digər şəxs – Tacikistan vətəndaşı S.K. və Özbəkistan vətəndaşı A.M. Moskvada yoxa çıxıblar. Onların hər ikisi Tacikistana göndəriliblər və orada həbsdə saxlanılırlar. Onların ölkədən könüllü surətdə getdikləri barədə hər hansı iddia istisna olunur, çünki onların Rusiya Federasiyasının dövlət sərhədini keçmələrinə imkan verən heç bir sənədi yox idi: M.A.-nın vətəndaş pasportu FMX-nin Moskva bölməsi tərəfindən saxlanılırdı, S.K. isə pasportunu bir neçə il əvvəl itirmişdi..."
49. Elə həmin gün Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili də Moskva şəhər polis idarəsinin rəisinə məktub göndərdi, məktubda deyilirdi:
"... [Ərizəçinin] qanunsuz olaraq Tacikistana göndərilməsi cəhdinin həyata keçirildiyindən ehtiyatlanmaq üçün əsaslı səbəblər var, orada isə onun həyatı təhlükə altındadır.
Bu gün, 1 noyabr 2011-ci ildə [ərizəçinin nümayəndəsi] sizdən xahiş edib ki, [ərizəçinin] ilk növbədə Moskva aeroportları vasitəsilə Rusiya Federasiyası ərazisindən zorla çıxarılmasının qarşısını almaq üçün təcili tədbirlər görəsiniz.
Mən sizdən xahiş edirəm ki, [yuxarıdakı] müraciətə mümkün qədər tezliklə baxasınız və [ərizəçini] tapmaq və Rusiya Federasiyası ərazisindən zorla çıxarılmasının qarşısını almaq məqsədi ilə mümkün olan bütün tədbirləri görəsiniz.
Sizdən xahiş edirəm müraciətə baxdıqdan sonra nəticələr barədə mənə məlumat verəsiniz".
50. Bu müraciətlərin hər hansı birinə cavab olaraq müvafiq dövlət orqanları tərəfindən hər hansı qoruyucu tədbirlərin görüldüyü barədə məlumat yoxdur.
51. 7 noyabr 2011-ci ildə Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəliyi ərizəçinin nümayəndəsinə cavab verdi ki, Məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti tədbirlərə uyğun olaraq, Rusiyanın dövlət orqanları onun ekstradisiyasına yol vermirlər və Cəzaların İcrası üzrə Federal Xidmətə (ФСИН), baş prokurorluğa və Daxili İşlər Nazirliyinə müvafiq təlimat göndərilib.
G. Ərizəçinin oğurlanmasından və Tacikistana göndərilməsindən sonra Məhkəmənin Katibi tərəfindən göndərilmiş məktub
52. Hazırkı işdə ərizəçinin oğurlanması barədə şikayətindən və bəzi digər işlərdəki analoji hadisələrdən sonra 25 yanvar 2012-ci ildə Məhkəmənin Katibi Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəsinə məktub göndərdi. Məktubda deyilirdi:
"Məhkəməni sədri ser Nikolas Bratsa mənə tapşırıq verib ki, Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq təyin edilmiş müvəqqəti tədbirlərə baxmayaraq, ərizəçinin Rusiyada yoxa çıxması və sonradan Tacikistana göndərilməsi ilə bağlı onun dərin narahatlığını onun adından sizə çatdırım.
Sədr qeyd edib ki, İskəndərovun işində (ərizə № 17185/05, 23 sentyabr 2010-cu il) ərizəçinin naməlum şəxslər tərəfindən oğurlanması və Tacikistana göndərilməsi və buna izahat verilməməsi ilə bağlı 3-cü maddənin pozuntusuna görə Rusiya Federasiyasının məsuliyyət daşıdığı barədə Məhkəmənin qərar çıxardığı vaxtdan bəri Məhkəmə yuxarıdakı iş də daxil olmaqla dörd digər işdə də bu cür insidentlərin təkrarlanması ilə qarşılaşıb (digər üç iş bunlardır: Abdulxakov Rusiyaya qarşı, ərizə № 14743/11; S.K. Rusiyaya qarşı, ərizə № 58221/10; və Zoxidov Rusiyaya qarşı, ərizə № 67286/10). İndiyədək Hökumət tərəfindən təqdim edilmiş izahatlar ərizəçilərin işlərinə Məhkəmə tərəfindən baxılmayana qədər onların ekstradisiyasının həyata keçirilməyəcəyinə dair Hökumətin rəsmi zəmanətlərinə baxmayaraq onların öz istəkləri əleyhinə Rusiyanın dövlət sərhədini necə keçdiklərinə aydınlıq gətirmir.
Sədr hadisələrin bu cür gedişatından dərin məyusluq keçirir. O, xüsusən bu hadisələrin Məhkəmənin nüfuzuna təsir göstərəcəyindən və təyinat ölkəsində Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə bağlı birbaşa təhlükə olması səbəbindən barələrində müvəqqəti tədbirlər tətbiq edilmiş digər ərizəçilərin işlərində də bu cür qəbuledilməz insidentlərin davam edə biləcəyindən narahatdır. Hadisələrin belə şəkil almasının vəziyyətin ciddiliyinin təzahürü olduğunu hesab edərək, sədr xahiş edib ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Parlament Assambleyasının sədri və Baş katibi bu barədə dərhal məlumatlandırılsınlar.
Sədr həmçinin qeyd edir ki, Məhkəmənin Palatası bu narahatedici və analoqu olmayan situasiyanın aradan qaldırılması üçün Hökumətdən əlavə izahatlar istəyib və ümid edir ki, Rusiyanın səlahiyyətli orqanları Rusiya Federasiyasındakı insidentlərlə bağlı görülən tədbirlər barədə Məhkəməyə dolğun məlumatlar təqdim edəcəklər. Eyni zamanda, sizin dövlət orqanlarınızın diqqətini bu fakta cəlb edirik ki, ekstradisiya və ölkədən çıxarılma ilə əlaqədar olaraq Rusiyaya qarşı qaldırılmış iyirmi beş digər işdə 39-cu Qaydaya uyğun olaraq təyin olunmuş müvəqqəti tədbirlərin tətbiqi davam etdirilir".
53. 5 mart 2012-ci ildə Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəsi məktuba cavab olaraq Katibə məlumat verdi ki, "müvafiq dövlət orqanlarından zəruri məlumatlar alınan kimi" müvafiq informasiyalar təqdim ediləcək.
H. Barəsində etiraz edilən hadisələrlə əlaqədar rəsmi araşdırma aparılması və cinayət işi açılmasından dəfələrlə rəsmən imtina edilməsi
54. 30 noyabr və 2 dekabr 2011-ci ildə Daxili İşlər Naziri ərizəçinin nümayəndəsinə məlumat verdi ki, ərizəçinin oğurlanması barədə onun şikayət ərizəsi Moskvanın Cənub-qərb dairəsi üzrə polis idarəsinə (УВД по Юго-Западному АО ГУ МВД России по г. Москве), sonra isə Moskvanın Cənub-qərb inzibati dairəsinin Qaqarinski rayonlararası istintaq şöbəsinə (Гагаринский МСО СУ по ЮЗАО ГСУ СК РФ) göndərilib. 30 dekabr 2011-ci ildə bu şöbə araşdırma materiallarını Moskvanın Cənub-qərb inzibati dairəsinin Nikulinski rayonlararası istintaq şöbəsinə (Никулинский МСО СУ по ЮЗАО ГСУ СК РФ по г. Москве – bundan sonra "Nikulinski istintaq şöbəsi" adlandırılacaq) göndərməyi qərara aldı.
1. Müstəntiqin cinayət işi açmaqdan birinci imtina qərarı və bu qərarın onun rəisi tərəfindən ləğv olunması
55. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, Nikulinski istintaq şöbəsinin baş müstəntiqi P.K. ilkin araşdırma (проверка сообщения о преступлении – "təhqiqat") apardı.
56. 21 mart 2012-ci ildə P.K. hadisədə cinayət tərkibi olmadığını əsas gətirərək ərizəçinin iddia edilən oğurlanması ilə bağlı cinayət işi açmaqdan imtina etdi...
57. Elə həmin gün Nikulinski istintaq şöbəsinin rəisi S.K. yuxarıda qeyd edilən qərarı ləğv etdi və əlavə araşdırma aparılması üçün işi geriyə – eyni baş müstəntiqə göndərdi...
58. 27 mart 2012-ci ildə Moskva şəhərinin istintaqa prosessual nəzarət üzrə baş istintaq idarəsinin (ГСУ СК России по г. Москве) birinci şöbəsi də məsələ ilə bağlı əlavə araşdırma aparılmasını istədi. Bundan başqa, 30 mart 2012-ci ildə Nikulinski rayonlararası prokurorunun müavini (заместитель Никулинского межрайонного прокурора) müstəntiqdən xahiş etdi ki, ərizəçinin iddia edilən oğurlanmasında Rusiyanın dövlət orqanlarının iştirakının olub-olmadığını aydınlaşdırsın.
2. Müstəntiqin cinayət işi açmaqdan ikinci imtina qərarı və bu qərarın onun rəisi tərəfindən ləğv olunması
59. 20 aprel 2012-ci ildə baş müstəntiq P.K. cinayət işi açmaqdan yenə imtina etdi...
60. 23 aprel 2012-ci ildə Nikulinski istintaq şöbəsinin rəis müavini A.N. bu qərarı ləğv etdi...
3. Müstəntiqin cinayət işi açmaqdan üçüncü imtina qərarı və bu qərarın onun rəisi tərəfindən ləğv olunması
61. 23 may 2012-ci ildə baş müstəntiq P.K. ərizəçinin oğurlanması ilə bağlı cinayət işi açmaqdan yenə imtina etdi...
62. 9 iyun 2012-ci ildə Nikulinski istintaq şöbəsinin rəis müavini A.N. bu qərarı yenə ləğv etdi...
4. Müstəntiqin cinayət işi açmaqdan dördüncü imtina qərarı
63. 9 iyul 2012-ci ildə Nikulinski istintaq şöbəsinin müstəntiqi A.Z. ərizəçinin oğurlanması ilə bağlı cinayət işi açmaqdan imtina etdi. Qərarda faktların qısa təsviri verildikdən sonra deyilirdi:
"... Beləliklə, ilkin araşdırma müəyyən etdi ki, [ərizəçinin] oğurlandığını göstərən heç bir obyektiv məlumat yoxdur".
16 avqust 2012-ci ildə müstəntiq yuxarıda qeyd edilən qərarı ərizəçinin nümayəndələrinə göndərdi.
5. Sonrakı araşdırmalar
64. 25 fevral 2013-cü ildə Hökumət Məhkəməyə məlumat verdi ki, analoji araşdırmalar davam etdirilib və hal-hazırda da davam etməkdədir. İstintaq orqanlarının qəbul etdikləri hər hansı sonrakı qərarlar və ya sənədlər Məhkəməyə təqdim edilmədi. Hökumətin məlumatına əsasən, araşdırma nəticəsində müəyyən edildi ki, ərizəçi Rusiyanın dövlət sərhədini qanunsuz olaraq keçib, Tacikistanın dövlət hakimiyyəti orqanları tərəfindən yaxalanıb və həbsə alınıb. Müstəntiqin cinayət işi açmaqdan imtina barədə 9 iyul 2012-ci il tarixli qərarı naməlum tarixdə onun rəisi tərəfindən yenidən ləğv edildi. Hökumətin bildirdiyinə görə, cinayət işi açmaqdan imtina barədə sonuncu qərar Nikulinski istintaq şöbəsinin rəisi tərəfindən 29 noyabr 2012-ci ildə qəbul edilib, amma yenə də ləğv olunub. Nəticədə işin materialları əlavə araşdırma üçün müstəntiqlərə geri qaytarılıb.
65. Hökumət həmçinin bildirdi ki, Federal Təhlükəsizlik Xidmətinə (FSB) sorğu göndərilib ki, ərizəçinin dövlət sərhədini qanunsuz keçməsi barədə məlumatı yoxlasın. Digər bir sorğu isə Tacikistanın dövlət orqanlarına göndərilib ki, ərizəçinin Tacikistanda yerini müəyyənləşdirsinlər. Lakin 23 yanvar tarixinədək bu sorğulara heç bir cavab alınmayıb.
I. Tacikistanda ərizəçinin cinayət işi üzrə məhkəmə araşdırması
66. Ərizəçinin nümayəndələri Məhkəməyə məlumat verdilər ki, 30 noyabr 2011-ci ildə Tacikistanın Soqdi regional məhkəməsi ərizəçi də daxil olmaqla otuz dörd nəfərə qarşı cinayət işinin araşdırılmasına başlayıb. Ərizəçi Tacikistan Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci bəndi, 186-cı maddəsinin 1-ci bəndi, 187-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 189-cu maddəsinin 3(a) bəndi, 244-cü maddəsinin 4(c) bəndi, 306-cı maddəsi və 307-ci maddəsinin 3-cü bəndi üzrə müxtəlif cinayətlərdə ittiham olunub.
67. 29 yanvar 2012-ci ildən başlayaraq məhkəmə tərəfindən açıq məhkəmə iclasları keçirildi. Məhkəmə iclaslarında iştirak etmiş vəkil R.T. ərizəçinin nümayəndələrinə yazılı ifadə təqdim etdi, ifadədən görünürdü ki, məhkəmə araşdırmasında ərizəçi təqsirkar olduğunu qəbul etməyib. R.T.-nin sözlərinə görə, ərizəçi bildirib ki, Moskvada oğurlanıb, zorla Tacikistana göndərilib və cinayətləri boynuna alması üçün işgəncələrə məruz qalıb.
68. 2012-ci ilin martında və aprelində bu iş üzrə təqsirləndirilən şəxslərin on bir qohumu Soqdi regional prokuroru Ş.K.-dan və Soqdi regional məhkəməsinin sədri N.M.-dən xahiş etdilər ki, otuz dörd nəfər təqsirləndirilən şəxsin cinayət prosesi zamanı dövlət hakimiyyəti orqanları tərəfindən işgəncələrə məruz qaldıqları barədə iddialarını yoxlamaq üçün onların məhkəmə-tibb müayinəsinin keçirilməsi barədə qərar çıxarsınlar. Onların yazılı vəsatətində Tacikistan Konstitusiyasının və Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəalarına istinad edilmişdi, həmin müddəalar işgəncədən istifadə edilməsini qadağan edir və məcburetmə yolu ilə alınan istənilən dəlillərin sübut kimi qəbulunu istisna edirdi. Ərizəçinin anası da ərizəçi barəsində analoji vəsatət verdi. Bu vəsatətlərə dövlət orqanlarının verdiyi cavab barədə heç bir məlumat yoxdur.
69. 19 aprel 2012-ci ildə Soqdi regional məhkəməsi ərizəçini təqsirkar hesab etdi və iyirmi altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Onunla birgə təqsirləndirilən otuz üç nəfər də təqsirkar hesab edildi və səkkiz ildən iyirmi səkkiz ilədək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası aldı.
...
V. RUSİYA BARƏSİNDƏ BUNA BƏNZƏR İŞLƏRƏ DAİR NAZİRLƏR KOMİTƏSİNİN 46-CI MADDƏ ƏSASINDA QƏBUL ETDİYİ QƏRARLAR
121. Hazırkı işdə və bir neçə digər işlərdə Rusiyanın müvəqqəti tədbirlərə məhəl qoymaması ilə bağlı təkrar-təkrar daxil olan şikayətlər barədə Məhkəmədən məlumat aldıqdan sonra (yuxarıda 52-ci bəndə bax) Nazirlər Komitəsi Məhkəmənin İskəndərovun işi üzrə qərarının icrası ilə əlaqədar bu məsələni araşdırdı (bu qərara yuxarıda istinad edilib).
122. 8 mart 2012-ci ildə nazirlərin nümayəndələrinin 1136-cı iclasında qəbul edilmiş Nazirlər Komitəsinin qərarının (CM/Del/Dec(2012)1136/19) bu işə aidiyyəti olan hissəsində deyilir:
"Nümayəndələr:
...
4. İskəndərovun işi ilə əlaqədar xatırlatdılar ki, bu işdə Konvensiyanın pozuntuları ərizəçinin naməlum şəxslər tərəfindən oğurlanması (Məhkəmə onların Rusiya dövlətinin nümayəndələri olduğunu müəyyən edib) və Rusiyanın dövlət orqanları onun ekstradisiyasından imtina etdikdən sonra onun zorla Tacikistana göndərilməsi səbəbindən baş verib;
5. bu cür insidentlərin bundan öncə də digər dörd ərizəçi barəsində baş verdiyi barədə Məhkəmənin məlumatından dərin narahatlıqlarını qeyd etdilər, hazırda onların işləri Məhkəmənin icraatındadır və Məhkəmə Konvensiyanın kobud pozuntuları ilə birbaşa üzləşmələri təhlükəsinin olması səbəbindən onların ekstradisiyasının qarşısını almaq üçün müvəqqəti tədbirlər tətbiq edib;
6. bu durumun onlar üçün böyük narahatlıq mənbəyi təşkil etdiyi barədə Rusiyanın dövlət hakimiyyəti orqanlarının mövqeyini nəzərə aldılar;
7. daha sonra qeyd etdilər ki, Rusiyanın dövlət hakimiyyəti orqanları hazırda bu insidentləri araşdırırlar və Rusiyada həmin insidentlərlə bağlı görülən tədbirlərin nəticələri barədə məlumatları Məhkəmə tərəfindən müvafiq işlərin araşdırılması çərçivəsində Məhkəməyə, İskəndərovun işi ilə bağlı məlumatları isə Komitəyə təqdim etməyi öhdələrinə götürüblər;
8. Rusiyanın dövlət hakimiyyəti orqanlarını dəvət etdilər ki, cənab İskəndərovun oğurlanmasının hallarının üzərinə işıq salınması və gələcəkdə analoji insidentlərin baş verməməsi üçün bütün zəruri tədbirləri görsünlər və həmin tədbirlər barəsində Nazirlər Komitəsinə məlumat versinlər".
123. Sonradan məsələni bir daha araşdırarkən Nazirlər Komitəsi Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirə baxmayaraq ərizəçinin yoxa çıxmasının iddia edildiyi başqa bir işlə qarşılaşdı və bu cür insidentlərin təkrarlanması ilə əlaqədar əvvəlki narahatlıqlarını təkrar etdi və daha sonra aşağıdakıları bildirdi (bax: 6 iyun 2012-ci ildə 1144-cü iclasda qəbul edilmiş qərar – CM/Del/Dec(2012)1144/18):
"Nümayəndələr:
...
3. bu faktı pislədilər ki, bu cür insidentlərlə bağlı Məhkəmənin sədri, Nazirlər Komitəsi və Rusiyanın dövlət hakimiyyəti orqanlarının özləri tərəfindən ifadə edilmiş ciddi narahatlıqlara baxmayaraq, onlara məlumat verilib ki, 29 mart 2012-ci ildə Moskvada daha bir ərizəçi yoxa çıxıb və az sonra onun Tacikistanda həbsdə olduğu aşkar edilib;
4. Rusiyanın dövlət hakimiyyəti orqanlarının bu mövqeyini nəzərə aldılar ki, İskəndərovun işi üzrə araşdırma hələ davam etməkdədir və ərizəçinin oğurlanmasında Rusiya dövlətinin iştirakı hazırda sübuta yetirilməyib;
5. bununla belə, təəssüfləndilər ki, indiyədək nə İskəndərovun işində, nə də buna bənzər hər hansı digər işdə dövlət orqanları ərizəçilərin oğurlanması və öz ölkələrinə göndərilməsi ilə bağlı ölkədaxili araşdırmalarda nəzərə çarpan irəliləyişə nail ola və hər hansı dövlət nümayəndəsinin məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirə bilməyiblər;
6. qeyd etdilər ki, 2012-ci ilin aprelində Nazirlər Komitəsinin 1136-cı iclasda qəbul etdiyi qərarın baş prokurorluğa, İstintaq Komitəsinə, Daxili İşlər Nazirliyinə, Federal Miqrasiya Xidmətinə və Federal Məhkəmə İcraçıları Xidmətinə göndərilməsindən sonra Rusiyanın dövlət hakimiyyəti orqanları tərəfindən verilmiş məlumata əsasən buna bənzər hər hansı başqa insident baş verməyib və Rusiyanın dövlət hakimiyyəti orqanlarını bu suala aydınlıq gətirməyə dəvət etdilər ki, bu tədbirin bu cür qəbuledilməz praktikaya son qoyulması üçün yetərli olduğunu hesab edirlərmi?"
124. 26 sentyabr 2012-ci ildə nazirlərin nümayəndələrinin 1150-ci iclasında qəbul edilmiş qərarla (CM/Del/Dec(2012)1150) Nazirlər Komitəsi aşağıdakı qənaətlərini və qiymətləndirməsini elan etdi:
"Nümayəndələr:
...
4. təəssüflə qeyd etdilər ki, İskəndərovun işində ərizəçinin qanunsuz olaraq Tacikistana göndərilməsinə görə məsuliyyət daşıyan heç bir şəxs bu günədək aşkar edilməyib;
...
6. qeyd etdilər ki, İskəndərovun işində qeyd edilən insidentlərə bənzər hallar Komitə tərəfindən sonuncu dəfə bu işə baxıldıqdan sonra da baş verib və Rusiyanın dövlət hakimiyyəti orqanlarını dəvət etdilər ki, gələcəkdə belə halların təkrarlanmamasını təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini davam etdirsinlər;
7. 14 iyun 2012-ci ildə Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən qəbul edilən və daxili qanunvericilik normalarının Konvensiyanın tələbləri və xüsusən onun 3-cü və 5-ci maddələrinin müddəaları nəzərə alınmaqla necə tətbiq edilməli olduğuna dair mühüm rəhbər tövsiyələri əks etdirən qərarı alqışlardılar;
8. daha sonra məmnunluqla qeyd etdilər ki, bu qəbildən olan qərarlara (Konstitusiya Məhkəməsinin qərarına, baş prokurorun verdiyi təlimatlara və Ali Məhkəmənin Plenumunun qərarlarına) cavab olaraq Rusiyanın dövlət hakimiyyəti orqanları tərəfindən görülmüş tədbirlər artıq onunla nəticələnib ki, Məhkəmə qəbul etdiyi bir sıra qərarlarda Konvensiyanın pozuntularının baş vermədiyi qənaətinə gəlib;
9. Rusiyanın dövlət hakimiyyəti orqanlarını bu qərarların tələb etdiyi qanunvericilik islahatının hazırlanmasında və qəbulunda sürətli irəliləyişləri təmin etməyə çağırdılar".
125. Nazirlər Komitəsi 6 dekabr 2012-ci ildə keçirilmiş nazirlərin nümayəndələrinin 1157-ci iclasında bu məsələnin araşdırılmasını davam etdirdi və aşağıdakı qərarı (CM/Del/Dec(2012)1157) qəbul etdi:
"Nümayəndələr:
1. xatırlatdılar ki, Məhkəmənin qərarını yerinə yetirərkən iştirakçı dövlət Məhkəmə tərəfindən müəyyən edilmiş analoji pozuntuların qarşısını almaq üçün bütün tədbirləri görmək öhdəliyini daşıyır;
2. buna görə də dərin narahatlıqla bildirdilər ki, İskəndərovun işi üzrə qərarda göstərilmiş insidentlərə bənzət halların baş verdiyi barədə iddialarla əlaqədar Məhkəmə və Nazirlər Komitəsi tərəfindən ifadə edilmiş ciddi narahatlıqlara baxmayaraq, onlara məlumat verilib ki, Tacikistana planlaşdırılan ekstradisiyası ilə əlaqədar olaraq barəsində 39-cu Qayda əsasında Məhkəmə tərəfindən müvəqqəti tədbirlərin tətbiq edildiyi daha bir ərizəçi 20 oktyabr 2012-ci ildə Volqoqradda yoxa çıxıb (Latipov Rusiya Federasiyasına qarşı, ərizə № 77658/11);
3. qeyd etdilər ki, təsdiqləndikləri təqdirdə bu cür insidentlər, habelə onlara dövlət orqanları tərəfindən müvafiq reaksiya verilməməsi ümumilikdə bu vəziyyətin Rusiya Federasiyasının Konvensiya üzrə öhdəliklərinə uyğunluğu məsələsini meydana çıxarır;
4. əvvəlki qərarda ifadə etdikləri təəssüf hissi ilə bir daha təkrarladılar ki, indiyədək nə İskəndərovun işində, nə də buna bənzər hər hansı digər işdə dövlət orqanları ərizəçilərin oğurlanması və öz ölkələrinə göndərilməsi ilə bağlı ölkədaxili araşdırmalarda nəzərə çarpan irəliləyişə nail ola və hər hansı dövlət nümayəndəsinin məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirə bilməyiblər;
5. buna görə də Rusiyanın dövlət hakimiyyəti orqanlarını dəvət etdilər ki, konkret olaraq 39-cu Qayda əsasında Məhkəmə tərəfindən müvəqqəti tədbirlərin tətbiq edilə biləcəyi digər şəxslər barəsində onların Rusiya ərazisindən çıxarılmalarına qarşı qoruyucu tədbirlərin görülməsi və Konvensiya öhdəliklərinə ciddi riayət etməklə bütün belə halların səmərəli şəkildə araşdırılması vasitəsilə bu narahatedici və analoqu olmayan situasiyanı əlavə yubanmalara yol vermədən aradan qaldırsınlar;
6. Rusiyanın dövlət hakimiyyəti orqanlarını dəvət etdilər ki, İskəndərovun işində ərizəçinin hazırkı durumu ilə bağlı məlumatları, xüsusən də qəddar rəftara qarşı zəmanətlərlə əlaqədar informasiyaları təqdim etsinlər".
126. Nazirlər Komitəsi tərəfindən 7 mart 2013-cü ildə nazirlərin nümayəndələrinin 1164-cü iclasında bu məsələyə dair qəbul edilmiş sonuncu qərarda (CM/Del/Dec(2013)1164) deyilirdi:
"Nümayəndələr:
1. Rusiyanın dövlət hakimiyyəti orqanlarının bu mövqeyini nəzərə aldılar ki, indiyədək görülmüş tədbirlər Məhkəmə Reqlamentinin 39-cu Qaydası əsasında barələrində Məhkəmə tərəfindən müvəqqəti tədbirlərin təyin edildiyi şəxslərin gələcəkdə oğurlanması və zorla öz ölkələrinə göndərilməsi hallarının qarşısını ala biləcək;
2. bununla belə, ciddi narahatlıqla qeyd etdilər ki, hazırda Rusiya Federasiyasının ərazisindən zorla öz ölkələrinə göndərilmələri ilə bağlı hüquqlarının pozulduğunu və Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirlərə əməl olunmadığını iddia edən xarici vətəndaşların bir neçə şikayət ərizəsi Məhkəmənin icraatındadır;
3. Rusiyanın dövlət hakimiyyəti orqanlarını dəvət etdilər ki, İskəndərovun və Abdulxakovun işləri üzrə qərarlarda göstərilmiş hallara bənzər hallarda artıq görülmüş olan tədbirlərin nə dərəcədə münasib olduğuna aydınlıq gətirsinlər;
4. Rusiyanın dövlət hakimiyyəti orqanlarına bu çağırışlarını bir daha təkrarladılar ki, şəxslərin yoxa çıxması və zorla öz ölkələrinə göndərilməsi ilə bağlı operativ və səmərəli araşdırmaların aparılmasını təmin edən tədbirləri və ərizəçilər barəsində əlavə qoruyucu tədbirləri görmək vasitəsilə belə hallara son qoyulması üçün əlavə yubanmalara yol vermədən zəruri tədbirlər görsünlər və bu barədə Nazirlər Komitəsinə müvafiq qaydada məlumat versinlər;
5. narahatlıq doğuran bu durumun davam etdiyini və Rusiya Federasiyasının Konvensiya üzrə öhdəliklərini nəzərə alaraq, Nazirlər Komitəsinin sədrinə təklif etdilər ki, Nazirlər Komitəsinin ciddi narahatlığına, habelə onun yuxarıda göstərilən tədbirlərin görülməsi üçün dəfələrlə etdiyi çağırışlara rusiyalı həmkarının diqqətini cəlb etmək üçün ona məktub göndərsin;
6. qərara aldılar ki, bu məsələlərə baxılmasını ən geci 1179-cu iclasda (sentyabr, 2013-cü il) (DH) davam etdirsinlər, amma razılığa gəldilər ki, yeni, analoji insident Komitənin diqqətinə çatdırılarsa, həmin insident barədə məlumat aldıqdan sonra bu məsləyə yenidən qayıtsınlar".
HÜQUQİ MƏSƏLƏLƏR
I. FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
127. 2011-ci il oktyabrın 31-dən noyabrın 1-dək baş vermiş hadisələr barədə tərəflər arasında fikir ayrılığı olduğunu nəzərə alaraq, Məhkəmə müvafiq faktları müəyyənləşdirmək üçün öz araşdırmasına başladı.
128. Hadisələrə dair versiyalar arasında ziddiyyətlərin olduğu işlərdə Məhkəmə faktları müəyyən edərkən qaçılmaz olaraq istənilən birinci instansiya məhkəməsinin üzləşdiyi eyni çətinliklərlə üzləşmiş olur (bax: Əl-Məsri "keçmiş Yuqoslaviya respublikası Makedoniyaya" qarşı [BP], ərizə № 39630/09, 151-ci bənd, 13 dekabr 2012-ci il). Məhkəmə bu məsələdə öz funksiyasının yardımçı xarakter daşıdığını nəzərə alır və əgər konkret işin halları onun faktları müəyyənləşdirən birinci instansiya məhkəməsinin funksiyasını öz üzərinə götürməsinə imkan verirsə, o bunu edərkən ehtiyatlı olmalıdır. Bununla belə, Konvensiyanın 3-cü maddəsi üzrə iddialar irəli sürüldükdə, hətta ölkə daxilindəki müəyyən məhkəmə icraatları və istintaqlar artıq aparılmış olsa belə, Məhkəmə öz nəzarət funksiyasını xüsusilə hərtərəfli tətbiq etməlidir (bax: Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 155-ci bənd, sonrakı istinadlarla).
129. Sübutları qiymətləndirərkən Məhkəmə "əsaslı şübhə yeri qoymayan sübut" standartını qəbul edir (bax: Orhan Türkiyəyə qarşı, ərizə № 25656/94, 264-cü bənd, 18 iyun 2012-ci il). Bununla belə, onun məqsədi heç bir halda bu standartı tətbiq edən milli hüquq sistemlərindəki yanaşmanı qəbul etməkdən ibarət olmayıb. Onun funksiyası cinayət işində təqsirlilik və ya mülki işdə məsuliyyət məsələsini həll etməkdən ibarət deyil, iştirakçı dövlətlərin Konvensiya üzrə məsuliyyəti məsələsini həll etməkdir. Məhkəmənin Konvensiyanın 19-cu maddəsində nəzərdə tutulmuş vəzifəsinin (iştirakçı dövlətlərin Konvensiyada təsbit olunmuş əsas hüquqların təmin edilməsi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etmək vəzifəsinin) spesifikliyi onun dəlillər və sübutlarla bağlı məsələlərə yanaşmasını şərtləndirir. Məhkəmədəki icraatda sübutların qəbul edilməsinə və ya onların qiymətləndirilməsi üçün öncədən müəyyən edilmiş formulun tətbiq edilməsinə əngəl törədən hər hansı prosessual maneələr yoxdur. Məhkəmə o nəticələri qəbul edir ki, onlar, onun rəyinə görə, sübutların müstəqil surətdə qiymətləndirilməsi vasitəsilə, o cümlədən faktlardan və tərəflərin məlumat və arqumentlərindən çıxarılan nəticələr vasitəsilə təsdiqlənmiş olur. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, sübutlar faktlara dair kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibedilməz olan analoji ehtimallardan irəli gəlməlidir. Bundan başqa, konkret nəticəyə gəlmək üçün zəruri olan əminlik dərəcəsi və bununla əlaqədar olaraq sübutetmə yükünün (sübutetmə vəzifəsinin) digər tərəfin üzərinə keçməsi məsələsi faktların spesifikliyi ilə, irəli sürülmüş iddianın xarakteri ilə və araşdırma predmeti olan Konvensiyadakı hüquqla qırılmaz surətdə əlaqəlidir (bax (sonrakı istinadlarla): Naçova və başqaları Bolqarıstana qarşı [BP], ərizələr № 43577/98 və 43579/98, 147-ci bənd, ECHR 2005‑VII; İskəndərov Rusiyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, 107-ci bənd; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 151-ci bənd).
130. Məhkəmə həmçinin etiraf edib ki, "affirmanti incumbit probatio" ("bir şeyi iddia edən şəxs həmin şeyi sübut etməlidir") prinsipini Konvensiya üzrə məhkəmə icraatlarına heç də bütün hallarda tətbiq etmək mümkün olmur. Dövlət orqanlarının hadisələr barədə bütünlüklə və ya əsas etibarı ilə məlumatlı olduqları müəyyən hallarda hesab etmək olar ki, sübutetmə yükü, yəni hadisələrə dair qaneedici və inandırdıcı izahat vermək vəzifəsi dövlət orqanlarının üzərinə düşür (bax: Salman Türkiyəyə qarşı [BP], ərizə № 21986/93, 100-cü bənd, ECHR 2000‑VII; D.H. və başqaları Çexiya Respublikasına qarşı [BP], ərizə № 57325/00, 179-cu bənd, ECHR 2000‑VII; və İskəndərov Rusiyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, 108-ci bənd). Prosesdəki tərəf Məhkəmənin istədiyi sübutu təqdim etməkdən və ya informasiyanı verməkdən, yaxud müvafiq informasiyanı öz təşəbbüsü ilə açıqlamaqdan, yaxud da prosesdə hər hansı digər formada səmərəli iştirak etməkdən yayınırsa, Məhkəmə bundan məqsədəuyğun hesab etdiyi nəticələr çıxara bilər (Məhkəmə Reqlamentinin 44C Qaydasının 1-ci bəndi).
131. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, ərizəçi 2011-ci ilin 31 oktyabr axşamından bəri baş vermiş hadisələrin təfsilatlı, konkret və uzlaşan versiyasını təqdim edib. Faktlar ərizəçinin Rusiyanın dövlət orqanlarına verdiyi ifadələrdə, Tacikistandakı açıq məhkəmə iclasında verdiyi ifadədə və ərizəçi və müxtəlif şahidlər tərəfindən Məhkəməyə təqdim edilmiş yazılı məlumatlarda ziddiyyətsiz şəkildə təsvir edilib. Ərizəçinin hadisələrə dair təqdim etdiyi versiya təkzib edilmədiyinə görə Məhkəmə bu versiyanın düzgünlüyünə inanır.
132. Hökumətə gəlincə, Məhkəmə qeyd edir ki, əksinə, ərizəçinin arqumentlərinə və Məhkəmənin təfsilatlı suallarına Hökumətin cavabları ümumi və yayğın xarakterli idi və mahiyyət etibarı ilə dövlət orqanlarının ərizəçinin taleyi barədə məlumatlı olduqlarını (və onun taleyinə görə məsuliyyət daşıdıqlarını) təkzib etməklə məhdudlaşırdı. Eyni zamanda, Hökumət faktlara dair ərizəçinin versiyasını nə təsdiq, nə də təkzib edib. Hökumətin təqdim etdiyi kasad məlumatlar ümumi ifadələrdən və Tacikistanın dövlət hakimiyyəti orqanlarının göndərdiyi məlumatlara neytral istinadlardan ibarət idi, həmin məlumatlara isə nə hər hansı səriştəli qiymət verilmişdi, nə də Hökumətin özü faktları müəyyənləşdirmişdi. Məsələn, insidentin mühüm aspekti ilə bağlı Hökumət sadəcə olaraq 26 mart 2012-ci ildə Tacikistanın baş prokuroru tərəfindən rusiyalı həmkarına ərizəçinin 3 noyabr 2011-ci ildə Tacikistanın dövlət hakimiyyəti orqanlarına "könüllü surətdə təslim olduğu" barədə göndərdiyi rəsmi məlumatı Məhkəməyə göndərmişdi (yuxarıda 44-cü bəndə bax). Hazırkı işdə Hökumətin faktları müəyyənləşdirməkdən yayınması Məhkəməni vadar edir ki, özü faktları müəyyənləşdirsin və Hökumətin bu mövqeyindən məqsədəuyğun hesab etdiyi nəticələri çıxarsın (yuxarıda 130-cu bənddə qeyd edilmiş Məhkəmə Reqlamentinin 44C Qaydasının 1-ci bəndinə bax).
133. Məhkəmə hesab edir ki, tərəflər bunu şübhə altına almırlar ki, ərizəçi Tacikistana qaytarılmasından yaxa qurtarmaq üçün israrlı cəhdlər etdikdən sonra 6 sentyabr 2011-ci ildə Rusiya Federasiyasının müvəqqəti sığınacaq verdiyi şəxs idi (yuxarıda 31-ci bəndə bax). Bu da şübhə altına alınmır ki, 20 may 2011-ci ildə azadlığa buraxıldıqdan sonra Rusiya Federasiyasında ərizəçinin azadlığı məhdudlaşdırılmamışdı. Həmçinin o da şübhə altına alınmır ki, ərizəçi ən geci 3 noyabr 2011-ci ildə Tacikistanın hüquq-mühafizə orqanları tərəfindən Xucənddə həbsə alınmışdı.
134. Yuxarıdakıları nəzərə alaraq və tərəflərin arqumentlərini sərəncamında olan məlumatlarla birlikdə araşdıraraq, Məhkəmə ərizəçinin bu ölkənin dövlət hakimiyyəti orqanlarına "könüllü surətdə təslim olduğu" barədə Tacikistanın rəsmi versiyasını (yuxarıda 44-cü bəndə bax) tənqidi surətdə qiymətləndirməlidir. Baxmayaraq ki, nəzəri cəhətdən hər kəs könüllü surətdə təslim olmaq qərarına gələ bilər, rəsmi versiya əsassız görünür və Məhkəməyə təqdim edilmiş bütün digər materiallarla qətiyyən uzlaşmır. Hər şeydən əvvəl, ərizəçinin Tacikistanın dövlət hakimiyyəti orqanlarına vermiş olduğu iddia edilən "etirafedici ifadə" Məhkəməyə təqdim edilməyib. Bundan başqa, ərizəçinin "etirafına" və "könüllü surətdə təslim olduğuna" dair rəsmi versiya onun özünün Məhkəməyə verdiyi yazılı ifadəyə və Tacikistandakı açıq məhkəmə iclasında verdiyi ifadəyə, habelə müxtəlif mənbələrdən toplanmış məlumatlar əsasında onun nümayəndələrinin hadisələrə dair təqdim etdikləri ziddiyyətsiz versiyaya açıq-aydın ziddir. Üstəlik, "könüllü surətdə təslim olma" ideyası ərizəçinin atasının yazılı ifadəsi ilə uzlaşmır, belə ki, onun ərizəçi ilə görüşməsinə belə bir əsasa görə icazə verilməyib ki, o, Tacikistanın dövlət hakimiyyəti orqanlarının ərizəçini ölkəyə qaytarmaq səylərində onlarla əməkdaşlıq etməyib (yuxarıda 41-ci bəndə bax). Bundan əlavə, baxmayaraq ki, cavabdeh Hökumət Tacikistanın rəsmi versiyasına istinad edib, bu versiyanı hər hansı real elementlə təsdiqləyə bilməyib, hələ ərizəçinin pasportu olmadan və ya Rusiya sərhədini keçdiyinə dair hər hansı rəsmi qeyd olmadan belə qısa müddət ərzində müxtəlif dövlətlərin sərhədləri boyunca necə və nə zaman bu cür uzun səfər etməyi bacardığına dair izahat verilməməsi bir kənara qalsın. Nəhayət, Məhkəmə Tacikistanın "könüllü surətdə təslim olma" barədə rəsmi versiyasını bu məsələ ilə uzlaşdırmağı çətin hesab edir ki, ərizəçinin bundan əvvəlki iki il ərzində Rusiyanın dövlət hakimiyyəti orqanlarına və Məhkəməyə israrlı müraciətlərinin yeganə motivini onun Tacikistana qaytarılmasının qarşısının alınması təşkil edirdi.
135. Buna görə də Məhkəmə Rusiya Hökuməti tərəfindən ona təqdim edilmiş versiyanı, yəni ərizəçinin Tacikistanın dövlət hakimiyyəti orqanlarına "könüllü surətdə təslim olduğu" barədə Tacikistanın rəsmi versiyasını qəbul etmir. Hadisələrə dair ərizəçinin versiyasının ziddiyyətsiz olduğunu, cavabdeh Hökumətin mövqeyinin qeyri-müəyyən və qeyri-inandırıcı olduğunu və sonuncunun hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçi ən geci 3 noyabr 2011-ci ildə zorla Tacikistana qaytarılıb və orada dövlət orqanları onu cinayət işi üzrə məhkəmə araşdırmasına qədər dərhal həbsə alıblar.
136. Bundan başqa, yuxarıda gəldiyi qənaətlərlə əlaqədar olaraq Məhkəmə hesab edir ki, 31 oktyabr 2011-ci ildə Moskvada naməlum şəxslər tərəfindən oğurlanması hadisəsinə dair ərizəçinin versiyası ziddiyyətsizdir və çıxarılan müxtəlif nəticələrlə təsdiqlənir. Həqiqətən, zorla öz ölkəsinə göndərilmə istənilən halda müvafiq şəxsin azadlığının məhdudlaşdırılmasından başlayır. Ərizəçinin Moskvada yaxalanması və zorla Tacikistana göndərildikdən az sonra ətraf mühitdən tam təcrid olunmuş halda həbsdə saxlanılması bu baxımdan qeyri-inandırıcı görünmür. Məhkəmə 2011-ci il oktyabrın 31-dən noyabrın 1-dək ərizəçinin başına gələnlərlə əlaqədar Hökumətin hər hansı alternativ versiya irəli sürməməsindən və ən əsası, həmin hadisələrlə əlaqədar dövlət orqanlarının səmərəli araşdırma aparmaqdan bilərəkdən və israrla imtina etmələrindən belə bir ciddi nəticə çıxarır ki, bu hal ərizəçinin versiyasını təsdiqləyir (aşağıda 193-196-cı bəndlərə bax). Müstəntiqlərin cinayət işi açmaqdan imtina etmələri ilə bağlı verdikləri bu izahat Məhkəmədə xüsusilə təəccüb doğurur ki, ərizəçi Tacikistanda cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmaq məqsədi ilə özünün guya oğurlandığını təşkil etməyə cəhd göstərmişdi (bax: yuxarıda 56-cı və 63-cü bəndlərə bax). Məhkəmə bu ehtimalın tamamilə mənasız olduğunu hesab edir, belə ki, müstəntiqlər həmin vaxt (mart-iyul 2012-ci il) artıq bilirdilər və ya bilməli idilər ki, ərizəçinin Moskvadan yoxa çıxması onun Tacikistanda həbsə alınması, məhkəmə araşdırmasının keçirilməsi və məhkum edilməsi ilə nəticələnib.
137. Nəhayət, Hökumət hadisələrə dair ərizəçinin versiyasını təkzib etmədiyinə görə Məhkəmə bu versiyanı yalnız təsdiq edə bilər ki, ərizəçi, məlumatlarında iddia etdiyi kimi, Moskvadan təyyarə ilə zorla Tacikistana aparılıb. Həqiqətən, ərizəçinin Moskvada oğurlanması ilə qəflətən Xucənddə polislərin əlində peyda olması arasında qısa müddət keçdiyini və bu iki şəhər arasındakı uzun məsafəni (quru yolla təxminən 3.500 km) nəzərə alsaq, ərizəçinin təyyarə vasitəsilə aparıldığını təkzib edən heç nə yoxdur. Məhkəmə Rusiyanın dövlət orqanlarının səmərəli araşdırma aparmaqdan israrla imtina etmələrindən və bunun ardınca ərizəçinin versiyasını təkzib etməmələrindən və ya inandırıcı alternativ versiya irəli sürməmələrindən bir daha ərizəçinin versiyasını təsdiq edən ciddi nəticələr çıxarır.
138. Sonda Məhkəmə bu faktı əsaslı şübhə yeri qalmadan sübuta yetirilmiş hesab edir ki, ərizəçi 2011-ci ilin 31 oktyabr axşamında Moskvada naməlum şəxslər tərəfindən oğurlanıb, onu oğurlayanlar tərəfindən bir və ya iki gün ərzində Moskvada həbsdə saxlanılıb, sonra isə onlar tərəfindən zorla aeroporta aparılıb və Xucəndə (Tacikistan) uçan təyyarənin göyərtəsinə mindirilib, oraya çatdıqda isə Tacikistanın dövlət hakimiyyəti orqanları tərəfindən dərhal həbsə alınıb.
139. Onun zorla Tacikistana göndərilməsində Rusiyanın dövlət hakimiyyəti orqanlarının iştirakı olduğu barədə ərizəçinin iddiasına gəlincə, Məhkəmə hesab edir ki, bu məsələ ərizəçinin 3-cü maddə üzrə şikayətinin bütün digər aspektləri ilə əlaqədardır və həmin maddədən irəli gələn digər məsələlərlə, o cümlədən insidentlə bağlı ölkədaxili araşdırmanın adekvatlığı məsələsi ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.
II. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
140. Ərizəçi əvvəlcə Konvensiyanın 3-cü maddəsi üzrə şikayət etmişdi ki, onun Tacikistana ekstradisiyası qəddar rəftara məruz qalması ilə nəticələnəcək. Sonradan o, bu şikayətinə əlavə olaraq bildirdi ki, Konvensiyanın 3-cü maddəsi artıq pozulub, belə ki, onun Moskvada oğurlanması və qanunsuz olaraq Tacikistana göndərilməsi yalnız Rusiyanın dövlət hakimiyyəti orqanlarının aktiv və ya passiv iştirakı ilə mümkün ola bilərdi.
141. Hadisələrin belə gedişatından sonra Məhkəmə Hökumətdən xahiş etdi ki, Konvensiyanın 3-cü maddəsi üzrə meydana çıxmış iki əlavə məsələnin mahiyyətinə dair əlavə izahatlar təqdim etsin. Birinci məsələ onunla əlaqədardır ki, dövlət orqanları ərizəçini Tacikistana göndərilməsi ilə bağlı real və birbaşa təhlükədən qorumaqdan ibarət pozitiv öhdəliklərini, ola bilsin ki, yerinə yetirməyiblər. İkincisi məsələ isə ərizəçinin oğurlanması və Tacikistana göndərilməsi ilə bağlı onların hərtərəfli və səmərəli araşdırma aparmaqdan ibarət prosessual öhdəliyi ilə əlaqədardır. 3-cü maddədə deyilir:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
A. Tərəflərin arqumentləri
1. Hökumət
142. Hökumət ilk öncə bildirdi ki, ərizəçi qurban statusuna malik deyil, çünki Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərdən sonra onun ekstradisiyası dayandırılmışdı. O, daha sonra iddia etdi ki, istənilən halda ərizəçi Tacikistana ekstradisiya olunacağı təqdirdə qəddar rəftar riskinə məruz qalmayacaqdı. Hökumətin rəyinə görə, hazırkı ərizə üzrə iş Məhkəmə tərəfindən həll edilmiş Tacikistanla bağlı bir neçə əvvəlki işdən fərqlənir, belə ki, ərizəçi adi cinayətlərdə ittiham olunub və hər hansı siyasi əsaslara görə təqib olunmayıb. Bundan əlavə, o, hesab etdi ki, Tacikistan baş prokurorluğunun verdiyi zəmanətlər ərizəçinin qəddar rəftara və ya siyasi təqibə məruz qalmasına qarşı adekvat təminat təşkil edirdi. Hökumət ekstradisiya məsələlərində Tacikistanın zəmanətlərini pozması ilə bağlı hər hansı insidentin olmadığını qeyd etdi. O, həmçinin bildirdi ki, iddia edilən bütün riskləri və açıq məhkəmə iclasında ərizəçinin təqdim etdiyi dəlilləri hərtərəfli araşdırdıqdan sonra Rusiya məhkəmələri bu qənaətə gəlmişdilər ki, ərizəçinin ekstradisiyası üçün heç bir maneə yoxdur.
143. Ərizəçi zorla Tacikistana göndərildikdən və Məhkəmədə əlavə suallar yarandıqdan sonra Hökumət ərizəçinin başına gələnlərə görə məsuliyyət daşıdığını inkar etdi. O, bildirdi ki, 20 may 2011-ci ildə azad edildikdən sonra ərizəçinin hərəkət azadlığı heç bir şəkildə məhdudlaşdırılmamışdı və dövlət orqanları onunla bağlı hər hansı nəzarəti həyata keçirmək öhdəliyini daşımırdılar. Hökumət Məhkəməyə istintaq orqanlarının apardığı ilkin təhqiqat barədə və hadisədə cinayət tərkibi olmadığına görə cinayət işi açmaqdan dəfələrlə imtina edildiyi barədə məlumat verdi.
2. Ərizəçi
144. Ərizəçi əvvəlcə qeyd etdi ki, pozuntu qurbanı olaraq qalır, çünki ekstradisiya qərarına etiraz etmək üçün bütün daxili hüquqi müdafiə vasitələrini tükəndirsə də işinin uğurlu həllinə nail ola bilməyib. Həmin dövrdə ekstradisiya qərarı etibarlı sayılıb və məcburi qüvvəyə malik olub və bu qərara qarşı apellyasiya şikayəti verilməsi nəzərdə tutulmayıb. O, Məhkəmənin bərqərar olmuş presedent hüququna istinad etdi, həmin presedentlərdə analoji vəziyyətdə olan ərizəçilərin qurban statusu tanınırdı. O, daha sonra iddia etdi ki, dövlət orqanları Tacikistanda onun məruz qalacağı qəddar rəftar riskini qiymətləndirməyiblər və bu məsələ ilə bağlı dəfələrlə və ətraflı şəkildə təqdim etdiyi məlumatlara onlardan əsaslı cavab almayıb. Əvəzində dövlət orqanları ekstradisiya qarşısındakı mümkün maneələri dövlətin maraqları baxımından qiymətləndiriblər və Tacikistanın dövlət hakimiyyəti orqanlarının verdiyi diplomatik zəmanətlər əsasında hər hansı riski istisna ediblər, həmin zəmanətlər isə heç bir sübutla təsdiqlənmirdi və buna görə də güvənilə bilən zəmanətlər deyildi. Ərizəçi bu nəticəyə gəldi ki, dövlət orqanlarının tutduqları və Məhkəmədə Hökumət tərəfindən dəstəklənən mövqe həddən artıq formal mövqe idi. Nəhayət, ərizəçi bildirdi ki, onun kimi ÖİH-in fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən digər şəxslər də Tacikistanın dövlət hakimiyyəti orqanları tərəfindən təqib olunurlar və buna görə də Tacikistanda konkret olaraq qəddar rəftar riski altında olurlar. O, bu nəticəyə gəldi ki, ekstradisiya olunması nəticəsində Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalması riskinin real olduğunu göstərən yetərincə sübut vardı.
145. Ərizəçi bildirdi ki, oğurlanmasından sonra dövlət orqanlarına dərhal bu barədə məlumat verilib və xahiş edilib ki, onu zorla Tacikistana göndərilməkdən müdafiə etsinlər. Lakin onlar heç bir təcili və səmərəli tədbir görməyiblər, ərizəçinin şikayətləri isə bir qurumdan digərinə ötürülüb. Dövlət orqanları bu hadisələrlə bağlı hər hansı araşdırma da aparmayıblar. Ərizəçi onun yerinin Hökumət tərəfindən uzun müddət müəyyən edilməməsini dövlət orqanlarının onun oğurlanmasında və zorla Tacikistana göndərilməsində birbaşa iştirak etmələrinin təzahürü hesab etdi. Ərizəçi israrla bildirdi ki, pasportu olmadan, əlində təkcə müvəqqəti sığınacaq şəhadətnaməsi olmaqla dövlət sərhədini qanuni yolla keçə bilməzdi. Bundan başqa, onun icazə olmadan öz istəyi əleyhinə dövlət sərhədini keçməsi mümkün deyildi, çünki 2011-ci ilin yanvarında Domodedovo aeroportunda baş vermiş terror hücumlarından sonra bu aeroportda həmin vaxt güclü təhlükəsizlik tədbirləri görülmüşdü. Onun oğurlanmasında və ölkəsinə göndərilməsində Rusiyanın rol oynadığı barədə arqumentinin təsdiqi olaraq ərizəçi analoji işdə Məhkəmənin gəldiyi nəticələrə istinad etdi (İskəndərovun işi üzrə yuxarıda qeyd edilən qərar, 113-cü bənd). Ərizəçi həmçinin bildirdi ki, onun Rusiya ərazisindən çıxarılması ya iki ölkənin təhlükəsizlik xidmətlərinin birgə əməliyyatının, ya da Rusiyanın dövlət hakimiyyəti orqanlarının köməyi ilə Tacikistan təhlükəsizlik xidmətinin həyata keçirdiyi əməliyyatın nəticəsi olub.
B. Məhkəmənin qiymətləndirməsi
1. Şikayətin qəbulunun mümkünlüyü məsələsi
146. Məhkəmə qeyd edir ki, ərizəçinin ekstradisiyası daxili məhkəmənin yekun qərarı ilə təsdiqlənərək qüvvədə saxlanılıb və Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirlər həmin qərarı ləğv edə bilməzdi, onlar sadəcə olaraq ekstradisiyanın müvəqqəti olaraq dayandırılması ilə nəticələnmişdi. Nəticədə dövlət orqanlarının müvəqqəti tədbirlərə əməl etdiklərini elan etmələri özlüyündə ərizəçini Konvensiya üzrə qurban statusundan məhrum etmir. İstənilən halda, 2011-ci ilin noyabrında ərizəçi zorla Tacikistana göndərildiyinə görə onun qurban statusuna Hökumətin etirazı (belə görünür ki, o, bu etirazını icraatın sonrakı mərhələsində müdafiə etməyib) heç bir məna daşımırdı. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və hər hansı digər əsaslara görə də qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
2. Şikayətin mahiyyəti
147. Məhkəmə öncə qeyd edir ki, hazırkı işdə Konvensiyanın 3-cü maddəsi üzrə müxtəlif məsələlər, yəni dövlət orqanlarının öz pozitiv öhdəliklərini – ərizəçini zorla Tacikistana göndərilməsi ilə bağlı real və birbaşa riskdən qorumaq öhdəliyini yerinə yetirməmələri; onun oğurlanması və ölkəsinə göndərilməsi ilə bağlı hərtərəfli və səmərəli araşdırma aparmaqdan ibarət prosessual öhdəliklərini yerinə yetirməmələri; və nəhayət, etiraz edilən hadisələrdə dövlət nümayəndələrinin iştirakına görə onların məsuliyyət daşıması məsələsi qaldırılır. Məhkəmə həmçinin qeyd edir ki, onun tərəfindən bu məsələlərin həll edilməsi konkret olaraq həmin vaxt ərizəçinin Tacikistanda qəddar rəftara məruz qalacağı ilə bağlı əsaslı riskin mövcudluğu məsələsi ilə əlaqədardır. Buna görə də Məhkəmə öz araşdırmasına ərizəçinin zorla Tacikistana qaytarılacağı təqdirdə bu cür riskə məruz qalıb-qalmayacağının qiymətləndirilməsindən başlayacaq. O, daha sonra 3-cü maddə üzrə meydana çıxan yuxarıdakı üç müxtəlif məsələni bir-birinin ardınca araşdıracaq.
a) Ərizəçi Tacikistana qayıdacağı təqdirdə onun 3-cü maddəyə zidd olan rəftara məruz qalması ilə bağlı real risk mövcud idimi?
i) Ümumi prinsiplər
148. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, müvafiq şəxsin deportasiya olunacağı təqdirdə 3-cü maddəyə zidd olan rəftara məruz qalma riski ilə üzləşəcəyini güman etmək üçün əsaslı səbəblər mövcud olduqda iştirakçı dövlətin həmin şəxsi ölkədən çıxarması 3-cü maddə üzrə məsələni doğura bilər və bununla da dövlətin Konvensiya üzrə məsuliyyətinə səbəb ola bilər (bax: Saadi İtaliyaya qarşı [BP], ərizə № 37201/06, 125-ci bənd, ECHR 2008; və Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 91-ci bənd, A seriyaları, № 161).
149. Ərizəçinin 3-cü maddəni pozan rəftara məruz qalacağı ilə bağlı real riskin mövcud olduğunu güman etmək üçün əsaslı səbəblərin olub-olmadığının qiymətləndirilməsi qaçılmaz olaraq Məhkəmənin təyinat ölkəsindəki vəziyyəti Konvensiyanın həmin maddəsinin standartlarının işığında qiymətləndirməsini tələb edir (bax: Mamatkulov və Askarov Türkiyəyə qarşı [BP], ərizələr № 46827/99 və 46951/99, 67-ci bənd, ECHR 2005‑I). Bu standartlar onu nəzərdə tutur ki, ərizəçinin geri qayıdacağı təqdirdə üzləşəcəyini iddia etdiyi qəddar rəftarın 3-cü maddənin tətbiq dairəsinə düşməsi üçün həmin rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır (bax: Hilal Birləşmiş Krallığa qarşı, ərizə № 45276/99, 60-cı bənd, ECHR 2001‑II).
150. Şəxs ekstradisiya olunacağı təqdirdə 3-cü maddəyə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu güman etmək üçün əsaslı səbəblərin olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: Saadinin işi üzrə yuxarıda adı çəkilən qərar, 128-ci bənd). Bu cür işlərdə iştirakçı dövlətlərin 3-cü maddə üzrə məsuliyyətinin xarakteri şəxsi qəddar rəftar riskinə məruz qoyan hərəkətlərdən asılı olduğuna görə, riskin mövcudluğu ilk növbədə ekstradisiya zamanı iştirakçı dövlətin bildiyi və ya bilməli olduğu faktlar əsasında qiymətləndirilməlidir; bununla belə, ekstradisiyadan sonra ortaya çıxan məlumatların Məhkəmə tərəfindən nəzərə alınmasına heç nə mane olmur. Bu, iştirakçı dövlətin həyata keçirdiyi qiymətləndirməni və ya ərizəçinin qorxusunun əsaslı olub-olmadığını təsdiq və ya təkzib etmək üçün əhəmiyyətli ola bilər (bax: Kruz Varas və başqaları İsveçə qarşı, 20 mart 1991-ci il, 75-76-cı bəndlər, A seriyaları, № 201; Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il, 107-ci bənd, A seriyaları, № 215; və Mamatkulov və Askarovun işi üzrə yuxarıda qeyd edilən qərar, 69-cu bənd).
151. Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu güman etmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan dəlillərin təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə № 38885/02, 167-ci bənd, 26 iyul 2005-ci il). Bu cür sübut təqdim edildikdə ondan irəli gələn hər hansı şübhələri dağıtmaq isə Hökumətin öhdəsinə düşür (bax: Ryabikin Rusiyaya qarşı, ərizə № 8320/04, 112-ci bənd, 19 iyun 2008-ci il).
152. Konkret ölkədəki ümumi vəziyyətin müəyyənləşdirilməsinə gəlincə, Məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların, yaxud hökumət mənbələrinin son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (bax: Saadinin işi üzrə yuxarıda qeyd edilən qərar, 131-ci bənd, sonrakı istinadlarla). Bundan başqa, ekstradisiya sorğusu göndərmiş ölkədə qəddar rəftar riskinin olub-olmadığını qiymətləndirərkən Məhkəmə həmin ölkədəki ümumi vəziyyəti qiymətləndirir və bu zaman bütövlükdə, yaxud ərizəçinin işinin fərdi halları üçün əhəmiyyətli olan hallarda konkret qrupa və ya əraziyə münasibətdə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdığını və ya pisləşdiyini göstərən hər hansı əlamətləri nəzərə alır (bax (müvafiq dəyişikliklərlə): Şamayev və başqaları Gürcüstana və Rusiyaya qarşı, ərizə № 36378/02, 337-ci bənd, ECHR 2005‑III).
153. Eyni zamanda, konkret ölkədə insan hüquqlarına riayət edilməsi ilə bağlı ümumi problemin olduğuna istinad edilməsinin özü təklikdə ekstradisiyadan imtina üçün əsas rolunu oynaya bilməz (bax: Caksıbergenov Ukraynaya qaşı, ərizə № 12343/10, 37-ci bənd, 10 fevral 2011-ci il). Məhkəmənin sərəncamında olan mənbələrdə ümumi vəziyyət təsvir edilirsə, konkret işdə ərizəçinin konkret iddialarının digər sübutlarla təsdiqlənməsi tələb olunur və bu zaman onun qəddar rəftarla bağlı qorxularını əsaslandıran fərdi hallar nəzərə alınır (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda qeyd edilən qərar, 73-cü bənd; Caksıbergenovun işi üzrə yuxarıda qeyd edilən qərar, eyni bənd). Məhkəmə bu cür fərdi halların mövcudluğunun sübutunu yalnız elə fövqəladə hallarda tələb etmir ki, şəxsin təyinat ölkəsinə göndərilməsinin həmin ölkədə mövcud olan ümumi zorakılıq situasiyası səbəbindən hökmən 3-cü maddənin pozulacağına dair real risk doğuracağı açıq-aydın görünür (bax: N.A. Birləşmiş Krallığa qaşı, ərizə № 25904/07, 115-116-cı bəndlər, 17 iyul 2008-ci il; və Sufi və Elmi Birləşmiş Krallığa qaşı, ərizələr № 8319/07 və 11449/07, 217-ci bənd, 28 iyun 2011-ci il). Şəxsi qəbul edən dövlət zəmanətlər verdiyi təqdirdə həmin zəmanətlər Məhkəmə tərəfindən nəzərdən keçirilməli olan daha bir əhəmiyyətli amil təşkil edir. Lakin zəmanətlər qəddar rəftar riskinə qarşı adekvat müdafiəni təmin etmək üçün özlüyündə yetərli deyil. Məhkəmə bunu araşdırmaq öhdəliyini daşıyır ki, zəmanətlər onların praktiki tətbiqi baxımından ərizəçinin qəddar rəftar riskinə qarşı müdafiə ediləcəyi ilə bağlı yetərli təminat təşkil edirmi? Şəxsi qəbul edən dövlətdən alınmış zəmanətlərə önəm verilməsi hər bir halda həmin vaxt mövcud olan vəziyyətdən asılıdır (bax: Saadinin işi üzrə yuxarıda qeyd edilən qərar, 148-ci bənd; Otman (Əbu Qatada) Birləşmiş Krallığa qaşı, ərizə № 8139/09, 187-ci bənd, ECHR 2012, çıxarışlar).
ii) Ümumi prinsiplərin bu işə tətbiqi
154. Məhkəmə qeyd edir ki, ərizəçi daxili məhkəmələrdə iddia edib ki, ekstradisiya olunacağı təqdirdə 3-cü maddəyə zidd olan rəftara məruz qalacağı ilə bağlı real risklə üzləşəcək. Daha sonra qaçqın statusu və sığınacaq almaq üçün verdiyi ərizələrdə o, qəddar rəftara məruz qalacağından ehtiyat etdiyini aydın və birmənalı şəkildə bildirmişdi. Hökumət iddia etdi ki, ərizəçinin arqumentləri daxili məhkəmələr tərəfindən lazımi qaydada nəzərdən keçirilib və rədd edilib.
155. Məhkəmə xatırladır ki, hazırkı işdə olduğu kimi ölkədaxili məhkəmə prosesinin keçirildiyi hallarda daxili məhkəmələrin faktlara verdiyi qiyməti öz qiymətləndirməsi ilə əvəz etmək Məhkəmənin vəzifəsi deyil və bir qayda olaraq, qarşılarındakı dəlilləri qiymətləndirmək həmin məhkəmələrin üzərinə düşür (digər qərarlar arasında bax: Culiani və Qaccio İtaliyaya qarşı [BP], ərizə № 23458/02, 179-180-ci bəndlər, 24 mart 2011-ci il). Lakin bu, daxili hüquqi müdafiə vasitələrindən istifadə etməklə əldə edilmiş nəticələrlə bağlı Məhkəmənin öz məsuliyyətindən boyun qaçırmasına və bütün nəzarət funksiyalarından imtina etməsinə gətirib çıxarmamalıdır, əks halda Konvensiya ilə təmin edilən hüquqlar mahiyyətini itirmiş olardı (bax: "Açıq Qapı" və "Dublin Mamaçaları" təşkilatları İrlandiyaya qarşı, 29 oktyabr 1992-ci il, 69-cu bənd, A seriyaları, № 246-A; və Skordino İtaliyaya qarşı (№ 1) [BP], ərizə № 36813/97, 192-ci bənd, ECHR 2006‑V). Konvensiyanın 19-cu maddəsinə əsasən, Məhkəmənin vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etməkdir.
156. Ekstradisiya və ya deportasiyaya münasibətdə bu o deməkdir ki, ərizəçi cavabdeh Hökumətin istinad etdiyi məlumatların düzgünlüyünə şübhə yaradan tutarlı əsaslar gətirirsə, Məhkəmə əmin olmalıdır ki, ölkədaxili materiallar, habelə digər mötəbər və obyektiv mənbələrin, məsələn, digər iştirakçı və ya qeyri-iştirakçı dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının orqanlarının və nüfuzlu qeyri-hökumət təşkilatlarının yaydığı materiallar iştirakçı dövlətin hakimiyyət orqanlarının həyata keçirdiyi qiymətləndirməni adekvat şəkildə və yetərincə təsdiqləyir (bax: Salah Şix Niderlanda qarşı, ərizə № 1948/04, 136-cı bənd, 11 yanvar 2007-ci il; İsmoilov və başqaları Rusiyaya qarşı, ərizə № 2947/06, 120-ci bənd, 24 aprel 2008-ci il). Müvafiq olaraq, Məhkəmə əvvəlcə ərizəçinin şikayətinə milli səviyyədə adekvat reaksiya verilib-verilmədiyini qiymətləndirəcək.
α) Ölkədaxili icraat
157. Ərizəçi ölkədaxili məhkəmə icraatlarına Hökumət tərəfindən verilmiş qiymətlə razılaşmayaraq iddia etdi ki, Tacikistanda məruz qalacağı qəddar rəftar təhlükəsi ilə bağlı onun dəfələrlə təqdim etdiyi təfsilatlı arqumentlər məhkəmələr tərəfindən formal şəkildə araşdırılıb və mahiyyət etibarı ilə cavabsız qalıb.
158. Həm ekstradisiya, həm də sığınacaq prosedurları çərçivəsində ərizəçinin daxili məhkəmələrə təqdim etdiyi arqumentləri nəzərə alaraq, Məhkəmə inanır ki, o, Konvensiyanın 3-cü maddəsini pozan rəftara məruz qalacağı ilə bağlı təhlükənin mövcudluğu məsələsini ardıcıl olaraq müvafiq orqanlar qarşısında qaldırıb və bir sıra konkret və təfsilatlı arqumentlər irəli sürüb.
159. Sığınacaq prosedurlarına gəlincə, 26 avqust 2010-cu ildə FMX-nin direktor müavini ərizəçinin Tacikistanda işgəncə və ya qəddar rəftar təhlükəsinə məruz qalıb-qalmayacağını araşdırmayıb. Onun qərarı əsasən başqa məsələ ilə – ərizəçinin Tacikistanda siyasi və ya dini əsaslara görə təqib olunub-olunmayacağı məsələsi ilə əlaqədar olub. FMX-dəki prosedur mənfi nəticə ilə yekunlaşdı, lakin eyni zamanda qeyd edildi ki, işgəncə və ya qəddar rəftarın qurbanı olma ilə bağlı əsaslı qorxunun mövcudluğu ərizəçiyə Rusiyada müvəqqəti sığınacaq verilməsi üçün əsas ola bilər. Məhkəmələr FMX-nin qərarındakı arqumentləri inandırıcı hesab edərək ərizəçiyə qarşı hər hansı təhlükənin mövcudluğunu əlavə olaraq nəzərdən keçirmədən sadəcə qərardakı bütün arqumentləri dəstəklədirlər (yuxarıda 29-cu bəndə bax).
160. Ekstradisiya prosedurlarına gəlincə, Məhkəmə qeyd edir ki, Moskva Şəhər Məhkəməsi ərizəçinin qəddar rəftara məruz qalacağı barədə iddiasını nəzərə alıb və 29 oktyabr 2010-cu il tarixli qərarında bu məsələyə çox yığcam şəkildə olsa da toxunub. O, həmçinin Tacikistanda insan hüquqlarının durumu ilə bağlı ərizəçi tərəfindən təqdim edilən və analoji işlərdə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarda yer alan məlumatları, habelə ekspertlərin məlumatlarını və müxtəlif rəylərini işin materialları sırasına daxil edib (yuxarıda 22-ci bəndə bax).
161. Bununla belə, Şəhər Məhkəməsi həmin materiallardan istifadə etməyib və ərizəçinin həmin materiallardan irəli gələn bütün arqumentlərini "heç nə ilə təsdiqlənməyən" və digər dəlillərlə yanaşı Tacikistan Respublikasının baş prokurorunun müavininin verdiyi yazılı zəmanətlərlə "tamamilə təkzib edilən" "ehtimallar" kimi qiymətləndirərək tamamilə səthi və hətta etinasız tərzdə rədd edib (yuxarıda 23-cü bəndə bax). Ərizəçinin şikayətini rədd etmək üçün Şəhər Məhkəməsinin istifadə etdiyi ümumi ifadələr ərizəçinin işinin fərdi hallarının və Konvensiya tələblərinin işığında onun təhlükəsizliyinə qarşı yaranacaq riskin səriştəli şəkildə qiymətləndiriləcəyinə heç bir ümid yeri qoymayıb. Əvəzində Şəhər Məhkəməsi ərizəçiyə qarşı Tacikistanda irəli sürülmüş ittihamları formal şəkildə xatırlatmaqla kifayətlənib və beləliklə işin ən mühüm aspektlərindən birini hərtərəfli şəkildə tədqiq etməyib (bax (müvafiq dəyişikliklərlə): C.G. və başqaları Bolqarıstana qarşı, ərizə 1365/07, 47-ci bənd, 24 aprel 2008-ci il). Məhkəmə bu kontekstdə bunu xüsusilə təəccübləndirici hesab edir ki, Şəhər Məhkəməsi eynilə ərizəçinin 1992-ci ildəki fəaliyyətləri ilə bağlı bəzi ittihamlara qarşı etirazlarına da məhəl qoymayıb, halbuki həmin vaxt yaşının az olması səbəbindən ona qarşı həmin ittihamlar irəli sürülə bilməzdi (yuxarıda 20-ci və 23-cü bəndlərə bax).
162. Son illər Rusiyadan Tacikistana bundan öncə baş vermiş ekstradisiya halları ilə bağlı Məhkəmənin presedent hüququna edilmiş geniş istinadlara gəlincə, Şəhər Məhkəməsi onları işə aidiyyəti olmayan hallar hesab edərək nəzərə almayıb və belə əsas gətirib ki, istər ərizəçinin, istərsə də ekspertin istinad etdikləri dörd məhkəmə qərarı "ərizəçi barəsində deyil, başqa şəxslər barəsindədir" (yuxarıda 22-23-cü bəndlərə bax). Hətta bu nəticəyə gələrkən Şəhər Məhkəməsi müdafiə tərəfinin istinad etdiyi dörd işlə ərizəçinin situasiyası arasında paralellər olmasının mümkünlüyü barədə düşünməyib, hələ Konvensiyanın tələblərini bu işə tətbiq etmək məqsədi ilə həmin qərarlarda müəyyən edilmiş ümumi prinsiplərin bu işə tətbiqi məsələsi bir kənara qalsın.
163. Şəhər Məhkəməsinin Tacikistanın baş prokurorunun müavininin verdiyi zəmanətlərə izahatsız və qeyd-şərtsiz güvənməsi ərizəçinin iddialarını araşdırdığı zaman onun yol verdiyi yuxarıdakı nöqsanları daha da ağırlaşdırmış olub. Şəhər Məhkəməsi bu zəmanətləri ekstradisiya olunmasından sonra ərizəçinin məruz qala biləcəyi hər hansı qəddar rəftar riskinə qarşı qəti təminatlar kimi tərəddüdsüz qəbul edib. Baxmayaraq ki, ərizəçi və ekspert bu zəmanətlərin dəyərliliyinə şübhə ilə yanaşdıqlarını və xüsusən onların yerinə yetirilməsinin mümkünsüzlüyünü vurğulamışdılar, Şəhər Məhkəməsi öz qərarında bu məsələyə toxunmayıb və ərizəçinin ekstradisiyası barədə qərarı qüvvədə saxlamaq üçün zəmanətlərdən qəti arqument kimi istifadə edib. Tacikistanın hakimiyyət orqanlarının zəmanətlərinə Şəhər Məhkəməsinin qeyd-şərtsiz güvənməsi həmin məhkəmənin bu zəmanətlərin praktikada tətbiq edilməklə yerinə yetirilib-yetirilmədiyini və ərizəçinin Konvensiya ilə qadağan olunan rəftara məruz qalma riskindən müdafiə olunacağını yetərincə təmin edib-etmədiyini yoxlamaq öhdəliyi ilə ziddiyyət təşkil edirdi (bax: Saadinin işi üzrə yuxarıda adı çəkilən qərar, 148-ci bənd).
164. Nəhayət, Məhkəmə Rusiya Ali Məhkəməsinin 9 dekabr 2010-cu il tarixli qərarında yuxarıda göstərilən nöqsanların aradan qaldırıldığına dəlalət edən heç nə aşkar etməyib (yuxarıda 24-cü bəndə bax).
165. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, dövlət orqanları öz ölkəsində 3-cü maddəyə zidd rəftara məruz qalacağı ilə bağlı real təhlükənin mövcudluğundan ehtiyatlanması üçün əsaslı səbəblərin olduğu barədə ərizəçinin iddiası ilə əlaqədar müstəqil və ciddi araşdırma aparmayıblar (bax: De Souza Ribeyro Fransaya qarşı, ərizə № 22689/07, 82-ci bənd, 13 dekabr 2012-ci il). Sonradan FMX-nin ərizəçiyə müvəqqəti sığınacaq verilməsi barədə qərarı (yuxarıda 31-ci və 96-97-ci bəndlərə bax), ola bilsin ki, ərizəçinin etirazına səbəb olan və onun ekstradisiyasını qüvvədə saxlayan qərarların doğurduğu nəticələri müəyyən dərəcədə düzəldə bilsə də, Məhkəmə bu məsələ barədə fərziyyə yürütməyi məqsədəuyğun saymır, ona görə ki, hadisələrin sonrakı gedişatı ərizəçinin xeyrinə FMX tərəfindən görülmüş müvəqqəti qoruyucu tədbirin hər hansı faydasını heçə endirib. Hökumət sonuncu məsələ ilə bağlı fərqli fikir ifadə etmədi (yuxarıda 142-143-cü və 146-cı bəndlərə bax).
ß) Ərizəçiyə qarşı riskin Məhkəmənin özü tərəfindən qiymətləndirilməsi
166. Beləliklə, Məhkəmə ona təqdim edilmiş faktlar əsasında özü bu məsələni araşdırmaq məcburiyyətindədir ki, ərizəçinin Tacikistana qaytarılması onu Konvensiyanın 3-cü maddəsini pozan rəftara məruz qoyacaqdımı?
167. Məhkəmə öncə qeyd edir ki, bir sıra milli və beynəlxalq hesabatlar mövcuddur ki, orada Tacikistanın hüquq-mühafizə orqanları tərəfindən ötən bir neçə ildə işgəncələrdən geniş və sistematik istifadə edildiyi barədə və dövlət qulluqçularının cəzasızlığı haqqında ardıcıl məlumatlar verilir. O, ərizəçilərin ekstradisiya olunduqları və ya zorla bu ölkəyə qaytarıldıqları bir neçə işdə ölkədəki vəziyyəti artıq araşdırıb və qeyd edib ki, vəziyyət ciddi narahatlıq doğurur (yuxarıda qeyd edilən bu işlərə bax: Xocayevin işi, 97-ci bənd; Qaforovun işi, 130-131-ci bəndlər; Xaydarovun işi, 104-cü bənd; və İskəndərovun işi, 129-cu bənd). Barələrində 2010-cu ildə Məhkəmə tərəfindən qərar çıxarılmış həmin işlərin hamısında o, bu qənaətə gəlib ki, onlar Tacikistanda siyasi, yaxud dini baxışları və ya fəaliyyətləri ilə bağlı cinayət ittihamları ilə əlaqədar olaraq ciddi işgəncə və ya qəddar rəftar təhlükəsi ilə üzləşiblər.
168. Hazırkı işdə ona təqdim edilən və həmçinin digər yollarla əldə etdiyi materialları araşdırdıqdan sonra Məhkəmə hazırkı mərhələdə həmin ciddi narahatlıqları azalda biləcək hər hansı nəzərə çarpan element aşkar etmir. Həqiqətən də son iki ildə Tacikistanda vəziyyətin köklü surətdə dəyişdiyini göstərən heç nə yoxdur. Əksinə, son dövrlərə – 2011-ci və 2012-ci illərə aid hesabatlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və digər qəddar rəftar növlərinin törədilməsi praktikasının mövcudluğunu təsdiqləyir (yuxarıda 104-107-ci bəndlərə bax). Rəsmən cinayət işi açılmazdan əvvəl polis tərəfindən həbsə alınanların ətraf aləmdən tam təcrid olunmuş halda saxlanılması kimi ümumi praktikanın mövcudluğu işgəncə riskini daha da artırır və məcburetmə yolu ilə alınmış etiraflardan məhkəmədə sübut qismində istifadə edilməsi barədə hələ də məlumatlar var (yenə həmin bəndlərə bax). Məhkəmə Hökumətin arqumentlərində bu son hesabatlarda göstərilənləri təkzib edən və ya Tacikistanda vəziyyətin hiss olunacaq dərəcədə yaxşılaşdığını təsdiq edən heç nə aşkar etmədi. O, eyni zamanda qeyd edir ki, 26 avqust 2010-cu ildə FMX-nin direktor müavininin qəbul etdiyi qərarda Tacikistanda işgəncələrdən istifadə edildiyinin beynəlxalq miqyasda geniş tənqid olunması və buna görə məsuliyyət daşıyan Tacikistanın rəsmi şəxslərinin cəzasızlığı etiraf edilmiş və bu baxımdan hər hansı irəliləyişlərin olduğu barədə məlumat verilməmişdi (yuxarıda 27-ci bəndə bax).
169. Lakin Məhkəmə artıq yuxarıda bildirib ki, konkret ölkədə insan hüquqlarına riayət edilməsi ilə bağlı ümumi problemin olduğuna istinad edilməsinin özü təklikdə ekstradisiyadan imtina üçün əsas rolunu oynaya bilməz. Konkret işdə ərizəçinin konkret iddialarının digər sübutlarla təsdiqlənməsi tələb olunur və bu zaman onun qəddar rəftarla bağlı qorxularını əsaslandıran fərdi hallar nəzərə alınır. Bu sonuncu məsələ Məhkəmə tərəfindən qiymətləndirilməli və bu zaman o, lazım gəldikdə ərizəçinin zorla Tacikistana qaytarılmasından sonra bəlli olmuş informasiyaları nəzərə almalıdır.
170. Ərizəçinin fərdi situasiyasına gəlincə, Hökumət iddia etdi ki, o, hər hansı qəddar rəftar riskinə məruz qalmayıb, belə ki, o, ümumi cinayətlərdə ittiham olunub və hər hansı siyasi əsasa görə təqib olunmayıb. Lakin Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı irəli sürülmüş əsas ittihamlardan biri "gizli cinayətkar təşkilatın", sonra isə Tacikistan prokurorluğu tərəfindən "silahlı cinayətkar dəstə" kateqoriyasına aid edilmiş ÖİH-in fəaliyyətlərində onun iştirakı ilə əlaqədar idi. Rusiyanın dövlət hakimiyyəti orqanları tərəfindən açıq şəkildə etiraf edilmişdi ki, ÖİH "radikal islamı" dəstəkləyir və Tacikistanın dövlət hakimiyyəti orqanları onun təsirini məhdudlaşdırmağa çalışırlar (yuxarıda 27-ci bəndə bax). Buna görə də Məhkəmə Hökumətin bu rəyini heç də qəbul edə bilməz ki, ÖİH-in fəaliyyətlərində ərizəçinin iddia edilən iştirakı dini və ya siyasi fəaliyyətlərlə heç bir əlaqəsi olmayan cinayət ittihamı idi.
171. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, ərizəçi dini rəhbəri cənab Marufvoun iddia edilən qəddar rəftara məruz qalmasından və həbsxanada ölümündən az sonra Tacikistanı tərk edib (yuxarıda 12-ci bəndə bax). Sonuncu hadisələr barəsində nüfuzlu beynəlxalq təşkilat tərəfindən də məlumat verilib (yuxarıda 102-ci bəndə bax) və Məhkəmədəki icraatda onlar heç vaxt təkzib edilməyib. Bu hallar ərizəçinin ona qarşı başlanmış cinayət işinin onun dini baxışları və fəaliyyətləri ilə əlaqədar olması ilə bağlı qorxusunu təsdiq edir. Ərizəçinin BMTQAK-ın mandatı altında beynəlxalq müdafiə ilə təmin edilməli olan şəxs hesab edilməsi və son nəticədə ona Rusiyada müvəqqəti sığınacaq verilməsi də eynilə onun öz ölkəsində məruz qala biləcəyi riskin real olduğunu təsdiqləyirdi (yuxarıda 30-31-ci bəndlərə bax).
172. Bundan başqa, bu məsələdə fikir ayrılığı yoxdur ki, ÖİH-in fəaliyyətləri Tacikistanda qanunla qadağan edilib və Tacikistanın dövlət hakimiyyəti orqanları onu terror təşkilatı hesab edirlər. Müvafiq olaraq, ÖİH-in fəaliyyətlərində ərizəçinin iddia edilən iştirakı və ona qarşı irəli sürülən müvafiq cinayət ittihamları, Məhkəmənin rəyinə görə, milli təhlükəsizlik məsələsini qaçılmaz olaraq meydana çıxarırdı. Bu baxımdan ərizəçinin vəziyyəti Qaforovun işində Məhkəmənin araşdırdığı vəziyyətə oxşar idi (yuxarıda istinad edilən bu işin 132-133-cü bəndlərinə bax). Məhkəmə Şəhər Məhkəməsinin bu mövqeyinə şərik deyil ki, yuxarıdakı iş üzrə qərarın hazırkı işdə ərizəçinin fərdi situasiyasının qiymətləndirilməsinə aidiyyəti yoxdur. Məhkəmənin rəyinə görə, ÖİH-in fəaliyyətlərində iştirakına görə ərizəçinin cinayət təqibinə məruz qalması, Tacikistanın dövlət hakimiyyəti orqanları tərəfindən qeyri-ənənəvi dini qrupların təqib edilməsi kontekstində baxıldıqda, dini fəaliyyətləri ilə bağlı ondan etiraflar alınması məqsədi ilə onun həbsdə qəddar rəftara məruz qalması riskini artırırdı.
173. Yuxarıdakı amilləri nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçinin işinin fərdi halları və üstəlik ekstradisiya sorğusu vermiş ölkədə insan hüquqları ilə bağlı ümumi vəziyyət onun Tacikistanda real qəddar rəftar riski ilə üzləşəcəyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edirdi.
174. Hökumətdən fərqli olaraq Məhkəmə Tacikistanın dövlət hakimiyyəti orqanlarının Rusiya Federasiyasına verdiyi diplomatik zəmanətlərin ərizəçinin Tacikistanda məruz qala biləcəyi riski azaltmış ola biləcəyini düşünmür. Bu zəmanətlər qeyri-müəyyən idi və praktikada onların tətbiq ediləcəyinə dair heç bir təminat yox idi (bax: Saadinin işi üzrə yuxarıda qeyd edilən qərar, 148-ci bənd). Buna görə də onlar ərizəçinin göndəriləcəyi ölkədə qəddar rəftara məruz qalması riski ilə bağlı durumu heç bir şəkildə dəyişə bilməzdi (əks qərar üçün bax: Otmanın işi üzrə yuxarıda qeyd edilən qərar, 207-ci bənd; və Qasayev İspaniyaya qarşı (qərardad), ərizə № 48514/06, 17 fevral 2009-cu il). Həqiqətən məlum oldu ki, həmin zəmanətlərə qətiyyən güvənmək olmazdı, belə ki, ərizəçinin bu ölkəyə zorla göndərilməsi kontekstində sonradan Tacikistanın dövlət hakimiyyəti orqanlarının onunla davranışlarında bütün hüquqi prosedurlardan, o cümlədən Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirdən yan keçmələri bunu göstərdi.
175. İstər ərizəçinin zorla Tacikistana qaytarılması, istərsə də sonrakı hadisələr, şübhəsiz ki, onun qorxularının əsaslı olduğunu təsdiq etdi və göstərdi ki, qəddar rəftar riski nəzəri və süni xarakter daşımırdı. Ərizəçi barəsindəki məhkəmə araşdırmasında iştirak etmiş vəkilin yazılı ifadəsinə əsasən, açıq məhkəmə iclasında ərizəçi oğurlanması, zorla öz ölkəsinə göndərilməsi və ondan etiraf almaq məqsədi ilə işgəncəyə məruz qalması faktından şikayət etmişdi. Lakin qohumlarının rəsmi vəsatətlərinə baxmayaraq, ərizəçinin və onunla birgə təqsirləndirilən şəxslərin məhkəmə-tibb ekspertizasından keçirildiyi barədə heç bir məlumat yoxdur (yuxarıda 67-68-ci bəndlərə bax). Məhkəmə qeyd edir ki, təsvir edilən bu vəziyyət zərərçəkənlərin müstəqil tibb ekspertizası üçün müraciət etməsinə maneə yaradılması ilə bağlı BMT-nin İşgəncələrə qarşı Komitəsinin səsləndirdiyi narahatlıqlara uyğundur (yuxarıda qeyd edilən Xocayevin işi üzrə qərarın 72-ci bəndində Komitənin hesabatından gətirilən sitata və həmçinin yuxarıda qeyd edilən Qaforovun işi üzrə qərarın 93-cü bəndinə bax).
176. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin zorla Tacikistana qaytarılmasının onu Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qoyması riski real idi.
b) Dövlət orqanları ərizəçini zorla Tacikistana göndərilməsi ilə bağlı real və birbaşa təhlükədən qorumaqdan ibarət pozitiv öhdəliklərini yerinə yetirmişdilərmi?
177. Ərizəçi iddia etdi ki, Rusiyanın dövlət orqanları onun zorla Tacikistana göndəriləcəyi təqdirdə real və birbaşa risklə üzləşəcəyini bildikləri halda onu bu riskdən müdafiə etməyiblər.
178. Məhkəmə bunu sübuta yetirilmiş hesab edir ki, rizəçi 2011-ci ilin 31 oktyabr axşamında Moskvada naməlum şəxslər tərəfindən oğurlanıb, təyyarə ilə Tacikistana göndərilməzdən əvvəl onlar tərəfindən bir və ya iki gün ərzində naməlum yerdə saxlanılıb, Tacikistanda isə 3-cü maddəyə zidd olan rəftara real olaraq məruz qalma riski ilə üzləşib (yuxarıda 138-ci və 176-cı bəndlərə bax).
179. Məhkəmə bir daha bildirir ki, iştirakçı dövlətlərin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyi, yəni yurisdiksiyaları daxilində olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək öhdəliyi, 3-cü maddədəki öhdəliklə birgə götürülməklə, dövlətlərdən tələb edir ki, yurisdiksiyaları daxilində olan şəxslərin işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara, o cümlədən adi fiziki şəxslər törədilən bu cür rəftara məruz qalmamasını təmin etmək məqsədi daşıyan tədbirlər görsünlər (bax: Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 198-ci bənd; və Mahmut Kaya Türkiyəyə qarşı, ərizə № 22535/93, 115-ci bənd, ECHR 2000‑III). Bu tədbirlər xüsusən əlverişsiz vəziyyətdə olan şəxslərin səmərəli müdafiəsini təmin etməli və baş verə biləcəyini dövlət orqanlarının bildikləri və ya bilməyə borclu olduqları qəddar rəftarın qarşısını almağa yönələn addımları özündə ehtiva etməlidir (bax: Z və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 29392/95, 73-cü bənd, ECHR 2001‑V; həmçinin bax (müvafiq dəyişikliklərlə): Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998-i il tarixli qərar, Reports of Judgments and Decisions 1998-VIII, pp. 3159-60, 115-ci bənd).
180. Məhkəmənin rəyinə görə, məntiqə əsasən yuxarıdakı prinsiplər fərdin hər hansı şəxs tərəfindən digər dövlətin ərazisinə göndərilməklə işgəncə və qəddar rəftarla bağlı real və birbaşa riskə məruz qaldığı situasiyaya da şamil olunur. İştirakçı dövlətin hakimiyyət orqanları bu real və birbaşa risk barədə məlumatlandırılıblarsa, Konvensiyaya əsasən, səlahiyyətləri çərçivəsində olan və məntiqi düşüncəyə görə riskin qarşısını ala biləcək operativ qabaqlayıcı tədbirlər görməlidirlər (bax (müvafiq dəyişikliklərlə): Osmanın işi üzrə yuxarıda qeyd edilən qərar, 116-cı bənd).
181. Məhkəmə hazırkı işin hallarına qayıdaraq öncə qeyd edir ki, ərizəçinin nümayəndəsi Moskva şəhər polis idarəsinin rəisini, FMX-nin direktorunu, baş prokuroru və Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəsini ərizəçinin 31 oktyabr 2011-ci ildə oğurlandığı barədə məlumatlandırıb və onlardan xahiş edib ki, ərizəçini Tacikistana zorla göndərilməsi nəticəsində məruz qala biləcəyi birbaşa riskdən müdafiə etsinlər (yuxarıda 46-48-ci bəndlərə bax). Məhkəmə razılaşır ki, ərizəçinin nümayəndəsi müvafiq dövlət orqanlarına vaxtında müraciət edib, ərizəçinin əlverişsiz vəziyyəti barədə yetərli dəlillər təqdim edib və onun üzləşdiyi real və birbaşa riskdən müdafiə edilməsinin zəruriliyinə dəlalət edən tutarlı əsaslar gətirib.
182. Bu da önəmlidir ki, ərizəçinin nümayəndəsinin iddia etdiklərini Rusiyanın İnsan hüquqları üzrə müvəkkili dərhal dəstəkləyib və o da ərizəçinin Moskvadan Tacikistana göndərilməsinin, konkret olaraq bunun Moskva aeroportu vasitəsilə həyata keçirilməsinin qarşısını almaqdan ötrü təcili surətdə mümkün olan bütün tədbirlərin görülməsi üçün Moskva şəhər polis idarəsinin rəisinə rəsmi müraciət göndərib (yuxarıda 49-cu bəndə bax).
183. Məhkəmə əmindir ki, səlahiyyətli orqanlar və konkret olaraq Moskva şəhər polis idarəsi ərizəçini oğurlayanlar tərəfindən Moskva aeroportlarından birinin vasitəsilə onun Tacikistana göndəriləcəyi ilə bağlı real və birbaşa təhlükənin mövcudluğunu bilirdilər (və ya bilməli idilər). Həqiqətən ərizəçinin oğurlanmasının halları və bu oğurlanmanın tarixçəsi real riskin mövcudluğuna şübhə yeri qoymurdu və səlahiyyətli orqanları sövq etməli idi ki, onu kimliklərindən asılı olmayaraq digər şəxslərin qanunsuz hərəkətlərindən qorumaq üçün qabaqlayıcı operativ tədbirlər görsünlər (bax (müvafiq dəyişikliklərlə): Koku Türkiyəyə qarşı, ərizə № 27305/95, 132-ci bənd, 31 may 2005-ci il; və Osmanoğlu Türkiyəyə qarşı, ərizə № 48804/99, 76-cı bənd, 24 yanvar 2008-ci il). Məhkəmə eynilə buna da əmindir ki, ərizəçinin nümayəndələrinin təmasa girdiyi dövlət orqanları arasında polis orqanı digərlərindən daha artıq dərəcədə Moskva şəhərində və onun aeroportlarında təhlükəsizliyi təmin etmək və hüquq-mühafizə tədbirləri görmək vəzifəsi daşıyırdı və ərizəçinin müdafiəsinə yönələn təcili və səmərəli tədbirlərin görülməsini təmin etmək üçün zəruri səlahiyyətlərə malik idi.
184. Lakin Hökumət qeyd edilən riskin qarşısını almaq üçün polis və ya hər hansı digər orqan tərəfindən vaxtında görülmüş hər hansı tədbir barədə Məhkəməyə məlumat verməyib. Hökumətin cavabı belə bir ümumi ifadə ilə məhdudlaşıb ki, həmin vaxt ərizəçinin hərəkət azadlığı məhdudlaşdırılmamışdı və dövlət orqanları onunla bağlı hər hansı nəzarəti həyata keçirmək öhdəliyini daşımırdılar.
185. Hökumətin bununla bağlı hər hansı məlumat təqdim etməməsi Məhkəməni vadar edir ki, hər hansı orqan tərəfindən heç bir tədbirin görülmədiyi barədə ərizəçinin rəyini qəbul etsin. Məhkəmə hazırkı işə bənzər işlərdə polislərin qaçılmaz çətinliklərlə üzləşə biləcəyini, bu vəzifənin yerinə yetirilməsinə xas olan obyektiv maneələri və vaxtın məhdudluğunu nəzərə alır. Lakin bu çətinliklər müvafiq orqanları Konvensiyanın 3-cü maddəsindən irəli gələn öhdəliklərini, yəni ərizəçinin Moskva aeroportu vasitəsilə zorla Tacikistana göndərilməkdən müdafiə edilməsi üçün məntiqə əsasən onlardan gözlənilə bilən və səlahiyyətləri çərçivəsində olan operativ qabaqlayıcı tədbirləri görmək vəzifəsini yerinə yetirməkdən azad edə bilməz. Hazırkı işdə dövlət orqanlarının hər hansı belə tədbir görməməsi dövlətin Konvensiyanın 3-cü maddəsindən irəli gələn pozitiv öhdəliklərinin pozuntusuna bərabərdir.
c) Dövlət orqanları səmərəli araşdırma aparmışdılarmı?
186. Ərizəçi iddia etdi ki, onun oğurlanması və zorla Tacikistana göndərilməsi və bunun ardınca qəddar rəftara məruz qalması ilə bağlı şikayəti ilə əlaqədar olaraq cavabdeh dövlətdə Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan hərtərəfli və səmərəli araşdırma aparılmayıb.
187. Məhkəmə xatırladır ki, 3-cü maddə, dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi öhdəliyi ilə, yəni "yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyada ... müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək" öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, şəxs dövlət nümayəndələri tərəfindən işgəncəyə və ya qəddar rəftara məruz qaldığını əsaslı olaraq iddia etdikdə səmərəli rəsmi araşdırma aparılsın. Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağanın olduqca mühüm olmasına baxmayaraq (bax: yuxarıda 93-cü bəndə), həmin qadağa praktikada səmərəsiz ola bilər və dövlət nümayəndələri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxslərin hüquqlarını poza bilərlər (bax: Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, 102-ci bənd, Reports 1998‑VIII; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 182-ci bənd).
188. Qəddar rəftar barədə iddialarla bağlı araşdırma operativ və hərtərəfli olmalıdır. Bu o deməkdir ki, dövlət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün həmişə ciddi səy göstərməli və istintaqa xitam vermək üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər, yaxud belə nəticələrdən qərarları üçün əsas kimi istifadə etməməlidirlər (bax: Assenov və başqalarınin işi üzrə yuxarıda qeyd edilən qərar, 103-cü bənd; Batı və başqaları Türkiyəyə qarşı, ərizələr № 33097/96 və 57834/00, 136-cı bənd, ECHR 2004‑IV, çıxarışlar; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 183-cü bənd). Onlar insidentlərlə bağlı dəlillərin, o cümlədən hal şahidlərinin ifadələrinin və məhkəmə sübutlarının təmin edilməsi üçün imkanları daxilində olan bütün ağlabatan tədbirləri görməlidirlər (bax: Tanrıkulu Türkiyəyə qarşı [BP], ərizə № 23763/94, 104-cü bənd, ECHR 1999‑IV; Gül Türkiyəyə qarşı, ərizə № 22676/93, 89-cu bənd, 14 dekabr 2000-ci il; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 183-cü bənd).
189. Araşdırma icra hakimiyyətindən istər institusional (təşkilati), istərsə də praktiki baxımdan müstəqil olan orqan tərəfindən aparılmalı (bax: Ergi Türkiyəyə qarşı, 28 iyul 1998-ci il, 83-84-cü bəndlər, Reports 1998‑IV; Oğur Türkiyəyə qarşı [BP], ərizə № 21594/93, 91-92-ci bəndlər, ECHR 1999-III; və Mehmet Emin Yüksel Türkiyəyə qarşı, ərizə № 40154/98, 37-ci bənd, 20 iyul 2004-cü il) və zərərçəkənin araşdırmada bu və ya digər formada səmərəli iştirakı təmin edilməlidir (bax: (müvafiq dəyişikliklərlə): Oğurun işi üzrə yuxarıda qeyd edilən qərar, 92-ci bənd; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 184-185-ci bəndlər).
190. Məhkəmə hesab edir ki, Konvensiyanın bu məlum tələbləri ərizəçinin oğurlanması və bunun ardınca Tacikistanda qəddar rəftara və işgəncəyə məruz qalması ilə bağlı dövlət orqanlarının aparmalı olduqları araşdırmaya da şamil olunur. Həqiqətən, yuxarıda qeyd edildiyi kimi, 31 oktyabr 2011-ci ildə ərizəçinin oğurlanmasından dərhal sonra müvafiq məlumat və şikayətlər dövlət orqanlarının diqqətinə çatdırılmışdı və bu, bir ildən artıq davam etmiş ilkin təhqiqatların aparılması ilə nəticələnmişdi.
191. Müəyyən mərhələdə aydın oldu ki, ölkədaxili səviyyədə ərizəçinin işi üzrə Konvensiyanın 3-cü maddəsindən irəli gələn səmərəli araşdırma aparılması üçün əsaslı səbəblər var. Ərizəçinin Moskvada naməlum şəxslər tərəfindən oğurlanmasından dərhal sonra insidentdə Rusiya dövlətinin nümayəndələrinin rol oynaması məsələsində müəyyən şübhələr olsa da, sonradan bütün qanuni prosedurlar pozulmaqla onun Moskva aeroportu vasitəsilə Tacikistana göndəriləcəyi barədə şikayəti dövlət orqanlarının məsələyə ciddi diqqət göstərmələrinə səbəb olmalı idi, belə ki, ərizəçinin nümayəndələri iddia etmişdilər ki, həmin əməliyyatda dövlət nümayəndələri aktiv və ya passiv şəkildə iştirak ediblər. 30 mart 2012-ci ildə Nikulinski rayonlararası istintaq şöbəsinin prokuroru müstəntiqdən açıq-aydın xahiş etmişdi ki, Rusiyanın dövlət orqanlarının ərizəçinin iddia edilən oğurlanmasında iştirak edib-etmədiklərini müəyyənləşdirsin (yuxarıda 58-ci bəndə bax).
192. Bundan başqa, eyni məsələ 17 yanvar 2012-ci ildə Məhkəmə tərəfindən də aydın şəkildə qaldırılmışdı (yuxarıda 8-ci bəndə bax), o, Hökumətə konkret sorğu ilə müraciət etmişdi ki (o bu müraciətində müvafiq dəyişikliklərlə bu iş üzrə qərarına istinad etmişdi: Tseçoyev Rusiyaya qarşı, ərizə № 39358/05, 151-ci bənd, 15 mart 2011-ci il), insidentin mühüm aspektinə, yəni ərizəçini oğurlayan və Tacikistana göndərən şəxslərlə Rusiyanın dövlət orqanları, o cümlədən polis, təhlükəsizlik və sərhəd-nəzarət xidmətləri arasında iddia edilən əlbirlik məsələsinə aydınlıq gətirsin. İnsidentlə bağlı hərtərəfli araşdırma aparmaq tələbi Məhkəmə sədrinin adından Katibin Rusiya Hökumətinə göndərdiyi 25 yanvar 2012-ci il tarixli məktubda israrla təkrarlanmışdı (yuxarıda 52-ci bəndə bax).
193. Bu hadisələrə reaksiya olaraq aparılan, yuxarıda 55-65-ci bəndlərdə qeyd edilən ölkədaxili araşdırmaların nəticələri aydın deyil. Birincisi, müstəntiqlərin hərəkətləri Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsi əsasında sırf "ilkin təhqiqat" aparılması ilə məhdudlaşmış, cinayət işi açmaqdan israrla imtina edilmişdi, halbuki məhz cinayət işinin açılması yuxarıda 187-190-cı bəndlərdə qeyd edilmiş səmərəli araşdırma aparılması barədə Konvensiya tələblərinin yerinə yetirilməsi üçün ən yaxşı və bəlkə də yeganə yol idi. Konkret olaraq 144-cü maddənin məhdud prosessual baza təşkil etdiyi və zərərçəkənin və ya onun nümayəndələrinin araşdırmada səmərəli iştirakının təmin edilmədiyi nəzərə alınarsa, bu işdəki kimi şəxsin əsaslı şikayət təqdim etdiyi bir situasiyada ilkin təhqiqatın yuxarıda qeyd edilən tələblərə cavab verdiyinə Məhkəmədə ciddi şübhələr var (bax (müvafiq dəyişikliklərlə): Kleyn və Aleksandroviç Rusiyaya qarşı, ərizə № 40657/04, 56-58-ci bəndlər, 3 may 2012-ci il).
194. İkincisi, ərizəçinin işində istintaq orqanlarının istifadə etdikləri prosessual strategiya əlavə narahatlıqlar doğurur. Faktiki olaraq, təhqiqatlarını yekunlaşdırarkən və cinayət işi açmaqdan imtina edərkən müstəntiqlərin qəbul etdiyi qərarlar ən azı dörd dəfə onların rəisləri tərəfindən dərhal ləğv edilib və bu qərarların eyni və ya analoji ifadələrlə yenidən qəbul edilməsi bir neçə həftə sonra təkrarlanıb (yuxarıda 55-63-cü bəndlərə bax). Məsələn, baş müstəntiq P.K.-nın cinayət işi açmaqdan imtina barədə 20 aprel 2012-ci il tarixli ikinci qərarının mətni onun 21 mart 2012-ci il tarixli birinci qərarının mətninin sözbəsöz təkrarı idi. Hər iki qərar Nikulinski rayonlararası istintaq şöbəsinin rəisi və ya onun müavini tərəfindən, müvafiq olaraq, 20 aprel və 21 mart 2012-ci ildə qəbul edilmiş eyni məzmunlu qərarlarla ləğv edilmişdi. Onların ardınca müstəntiqlərin ardıcıl olaraq daha iki qərarı qəbul edilmiş, bu qərarlara mahiyyət xarakterli hər hansı yeni element əlavə edilməmişdi. Məhkəmə yalnız bu nəticəyə gələ bilər ki, istintaq şöbəsi tərəfindən eyni qərarların dəfələrlə ləğv edilməsi və yenidən qəbul edilməsi işin icraatının o dərəcədə ləngiməsi ilə nəticələnib ki, araşdırma Konvensiyanın səmərəli araşdırma barədə tələbinə uyğun olmayıb. Təkcə dəyərli vaxtın itirilməsi deyil, həm də istintaq şöbəsi daxilində qapalı dairənin yaranması ərizəçini Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi əsasında müstəntiqlərin qərarlarından məhkəməyə şikayət etmək üçün hər hansı ağlabatan imkandan məhrum edib. Belə olan halda Məhkəmə hesab edir ki, ərizəçi bu qərarlara məhkəmələr tərəfindən yenidən baxılmasına nail olsaydı bunun heç bir əhəmiyyəti olmayacaqdı, çünki bu, yalnız müstəntiqləri digər bir faydasız təhqiqatlar dairəsini yenidən təkrarlamağa sövq edəcəkdi.
195. Üçüncüsü, Məhkəmə qeyd edir ki, müstəntiqlərin qərarlarının mahiyyəti yuxarıda qeyd edilən araşdırma prosesinin qüsurluluğunu tamamilə əks etdirir. Bu qərarlar sadəcə olaraq faktlara və mənasız prosessual vəsatətlərə dair ümumi ifadələr toplusundan və qeyri-inandırıcı ehtimallara istinadlardan ibarət idi. Məsələn, artıq 9 uyun 2012-ci ildə Nikulinski istintaq şöbəsi sorğu göndərmişdi ki, ərizəçinin Tacikistan sərhədini keçib-keçmədiyi və həmin ölkədə həbsdə olub-olmadığı ikinci dəfə yoxlanılsın (yuxarıda 65-ci bəndə bax). Halbuki dövlət orqanları Tacikistan baş prokurorunun rusiyalı həmkarına həmin vaxt ərizəçinin Tacikistanda həbsdə saxlanıldığı barədə 28 mart 2012-ci il tarixli rəsmi məktubundan xəbərdar olmalı idilər (yuxarıda 44-cü bəndə bax). Bu aşkar fakta baxmayaraq, 9 iyul 2012-ci ildə qəbul etdiyi qərarda müstəntiq belə bir anlaşılmaz nəticəyə gəlmişdi ki, ərizəçi tərəfindən dövlət sərhədinin keçildiyi barədə məlumatı nə təsdiq, nə də təkzib etmək mümkün deyil (yuxarıda 63-cü bəndə bax). Eynilə, 2012-ci ilin marıtından iyulunadək müstəntiqlər israrla belə bir fərziyyəyə istinad etdilər ki, ərizəçi, ola bilsin ki, Tacikistanda cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmaq məqsədi ilə özünün guya oğurlandığını təşkil edib. Məhkəmə artıq yuxarıda müəyyən edib ki, bu fərziyyə tamamilə mənasızdır, belə ki, müstəntiqlər həmin vaxt (mart-iyul 2012-ci il) artıq bilirdilər və ya bilməli idilər ki, ərizəçinin Moskvada oğurlanması ilə öz ölkəsində həbsə alınması arasında açıq-aydın səbəbiyyət əlaqəsi var (yuxarıda 136-cı bəndə bax). Eyni zamanda, müstəntiqlər bəzi elementar və sadə istintaq hərəkətlərini həyata keçirməyiblər, məsələn, 2011-ci il noyabrın 1-dən 3-dək Moskvadan Xucəndə hansı təyyarə reysləri ilə uçuşlar həyata keçirildiyini öyrənməyiblər və Domodedovo aeroportunun təhlükəsizlik əməkdaşlarını və inzibati personalını dindirməyiblər, məlumatlara görə ərizəçi təyyarəyə bu aeroportda mindirilmişdi. Bunun əvəzinə müstəntiq ərizəçi tərəfindən Rusiyanın dövlət sərhədinin qanunsuz yolla keçildiyi barədə məlumatın yalnız FSB tərəfindən "yoxlanılmasına" istinad edib və bu ümumi ifadələri dəfələrlə təkrar edib ki, "sərhədi keçən şəxslərin qeydə alınması" Rusiya qanunvericiliyində nəzərdə tutulmayıb.
196. Məhkəmənin rəyinə görə, istintaqın yuxarıda aşkar edilmiş çoxsaylı qüsurlarının xarakteri və həcmi cavabdeh dövlətin Konvensiyanın 3-cü maddəsindən irəli gələn öhdəlikləri ilə açıq-aydın ziddiyyət təşkil edir.
d) Cavabdeh dövlət ərizəçinin zorla Tacikistana göndərilməsində öz nümayəndələrinin passiv və ya aktiv iştirakına görə məsuliyyət daşıyırmı?
197. Tələb olunan sübutetmə standartına uyğun olaraq artıq müəyyən edilmiş olan faktların əsasında Məhkəmə indi onu araşdırmalıdır ki, cavabdeh dövlət ərizəçinin Tacikistana göndərilməsində dövlət nümayəndələrinin iddia edilən iştirakına görə Konvensiya üzrə məsuliyyət daşıyırmı?
198. Ərizəçi bununla bağlı hər hansı şahid ifadələri təqdim etmək imkanına malik olmasa da, iddia edib ki, Moskvanın Domodedovo aeroportu vasitəsilə Tacikistana göndərilməsi Rusiyanın dövlət hakimiyyəti orqanlarının məlumatı və passiv və ya aktiv iştirakı olmadan baş verə bilməzdi.
199. Məhkəmə Hökumətdən xahiş etdi ki, ərizəçinin Rusiya Federasiyasında sərhəd və gömrük rəsmiyyətlərini və digər rəsmiyyətləri icra etmədən öz iradəsi əleyhinə Moskvadan Tacikistana necə və kim tərəfindən göndərildiyini izah etsin. Lakin Hökumət hər hansı izahat təqdim etmədi (yuxarıda 42-45-ci və 124-cü bəndlərə bax). Nəticədə Məhkəmə nə ərizəçinin iddialarının lehinə, nə də əleyhinə heç bir tutarlı sübut almadı.
200. Məhkəmə bu məsələ ilə bağlı onu vurğulamağı məqsədəuyğun hesab edir ki, faktların müəyyənləşdirilməsinin səmərəli şəkildə həyata keçirilməsindən söhbət getdikdə beynəlxalq məhkəmə qismində onun funksiyaları təbii olaraq məhduddur və prinsip etibarı ilə səmərəli praktika ondan ibarətdir ki, faktların müəyyənləşdirilməsi dövlət orqanlarının səlahiyyət dairəsinə aid məsələdir (yuxarıda sadalanan çoxsaylı qərarlardan əlavə həmçinin bax: Demopulos və başqaları Türkiyəyə qarşı (qərardad), ərizələr № 46113/99 və s., 69-cu bənd, ECHR 2010). Bu işdə qaldırılan məsələlərə bənzər mübahisəli məsələlərlə əlaqədar Məhkəmədəki icraat xüsusən cavabdeh dövlətin Konvensiyanın 38-ci maddəsində nəzərdə tutulmuş öhdəliyinə uyğun olaraq Məhkəmə ilə əməkdaşlıq etməsindən, faktların müəyyənləşdirilməsi üçün bütün zəruri şəraiti yaratmasından asılıdır. Konvensiya orqanları dəfələrlə vurğulayıblar ki, bu öhdəlik Konvensiya sisteminin lazımi qaydada və səmərəli fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət daşıyır (digər qərarlar arasında bax: yuxarıda qeyd edilən Tanrıkulu Türkiyəyə qarşı [BP] iş üzrə qərar, 70-ci bənd; və Nazirlər Komitəsinin ResDH(2001)66 və ResDH(2006)45 saylı qətnamələri). Məhkəmənin rəyinə görə, bu işdə Rusiyanın öz öhdəliyini yerinə yetirməsinin yeganə doğru yolu insidentlə bağlı hərtərəfli araşdırma aparmaqdan və onun nəticələri barədə Məhkəməni məlumatlandırmaqdan ibarət idi. Lakin Rusiyanın dövlət orqanları bunu etməkdən açıq-aydın yayınıblar (yuxarıda 193-196-cı bəndlərə bax) və bununla da Məhkəməni bu işdə əhəmiyyət kəsb edən son dərəcə mübahisəli məsələləri dövlət orqanlarının əvəzinə həll etməyə vadar ediblər. İştirakçı dövlətin mühüm məlumatları və dəlilləri təqdim etməkdən yayınması Məhkəməni ərizəçinin mövqeyinin lehinə ciddi nəticələr çıxarmağa sövq edir (Məhkəmə Reqlamentinin 44C Qaydasının 1-ci bəndi). Bununla bağlı Məhkəmə həmçinin rəsmi təhqiqatın necə aparıldığına böyük önəm verir, belə ki, dövlət orqanları, görünür, işin halları ilə bağlı həqiqəti üzə çıxarmaq istəyində olmayıblar (bax: Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 191-193-cü bəndlər).
201. Məhkəmə həmçinin iddialarını sübut edən dəlilləri təqdim etməkdə ərizəçinin qarşılaşdığı obyektiv çətinlikləri də nəzərə alır, belə ki, araşdırılan hadisələr barədə yalnız dövlət hakimiyyəti orqanları məlumatlı olublar. Ərizəçinin iddiaları əsas etibarı ilə İskəndərovun işi üzrə qərarında (yuxarıda istinad edilən həmin işin 113-115-ci bəndləri) Məhkəmənin qəbul etdiyi belə bir təkzibolunmaz ehtimalla təsdiqlənib ki, onun zorla Tacikistana göndərilməsi Rusiyanın dövlət hakimiyyəti orqanlarının məlumatı və passiv və ya aktiv iştirakı olmadan baş verə bilməzdi. Ən son dövrə aid olan digər analoji iş üzrə qərarında da Məhkəmə eyni nəticəyə gəlib (bax: Abdulxakov Rusiyaya qarşı, ərizə № 14743/11, 125-127-ci bəndlər, 2 oktyabr 2012-ci il). Hər iki işdə ərizəçilərin təyyarə ilə Moskvadan və ya onun ətrafındakı regiondan zorla Tacikistana göndərilməsinin halları bu işdəkinə çox oxşar olub.
202. Məhkəmə hazırkı işdə fərqli nəticəyə gəlmək üçün hər hansı səbəb görmür. Həqiqətən də şübhə ola bilməz ki, beynəlxalq uçuşlara xidmət göstərən istənilən aeroport yüksək dərəcədə təhlükəsizlik tədbirlərinə məruz qalır, cavabdeh dövlətin hakimiyyət orqanlarının və xüsusən dövlət sərhəd xidmətinin daimi nəzarəti altında olur. Təkcə elə bu fakt adi vəziyyətlərdə hər hansı fiziki şəxsin zorla uçuş sahəsinə aparılmasını və hər hansı dövlət nümayəndəsinə hesabat vermədən xarici ölkəyə uçan təyyarənin göyərtəsinə oturdulmasını istisna edir. Müvafiq olaraq, hər hansı belə hərəkət konkret aeroporta görə cavabdeh olan və xüsusən uçuş sahəsinə giriş məntəqələrinə faktiki nəzarəti həyata keçirən dövlət nümayəndələrinin icazəsini və ya ən azı razılığını tələb edir.
203. Yuxarıda göstərilən əvvəlki iki analoji işdə olduğu kimi bu işdə də Hökumət qeyd edilən ehtimalı təkzib edən heç bir sübut təqdim etməyib. O, bu barədə hər hansı inandırıcı izahat da təqdim etməyib ki, ərizəçi Rusiya dövlətinin hər hansı rəsmi şəxsinə hesabat verilmədən təyyarənin göyərtəsinə neçə mindirilə və Moskvadan Xucəndə necə uça bilərdi. Bundan başqa, dövlət orqanları ölkədaxili səviyyədə səmərəli araşdırma aparmaqla insidentin hallarına aydınlıq gətirməkdən açıq-aydın yayınıblar. Bu elementlər Məhkəmənin belə nəticəyə gəlməsi üçün kifayətdir ki, bu əməliyyatda dövlət nümayəndələrinin iştirak etməsi səbəbindən cavabdeh dövlət ərizəçinin zorla Tacikistana göndərilməsinə görə Konvensiya üzrə məsuliyyət daşıyır.
204. Məhkəmənin qənaəti xüsusən ona görə narahatedicidir ki, dövlət nümayəndələrinin etiraz edilən hərəkətləri Rusiyada ərizəçiyə müvəqqəti sığınacaq verilməsi barədə FMX-nin qanuni qərarından (Qaçqınlar haqqında Qanunun 12-ci maddəsinin 4-cü bəndinə bax) və Məhkəmənin qərarı ilə təyin olunmuş müvəqqəti tədbirlərə uyğun olaraq (yuxarıda 5-ci bəndə və aşağıda 209-cu bəndə bax) ərizəçinin ekstradisiyasının qarşısını almaq üçün Hökumət tərəfindən rəsmən görülmüş tədbirlərdən yan keçmək məqsədi ilə açıq-aydın qanunsuzluqlarla və səlahiyyətlərdən sui-istifadə ilə xarakterizə olunur. Bu işdəki əməliyyat prosedurları son dövrlərə aid bəzi işlərdə araşdırılmış "fövqəladə təhvilvermə" tədbirləri deyilən tədbirlərdən bir çox cəhətdən fərqlənsə də, Məhkəmənin qənaətləri inandırıcı şəkildə göstərir ki, hazırkı işdə dövlət nümayəndələrinin iştirak etdikləri əməliyyat eynilə "normal hüquq sistemindən kənar" surətdə aparılıb və "bilərəkdən qanuni prosesdən yan keçməklə qanununun aliliyinə və Konvensiya ilə qorunan dəyərlərə qarşı hörmətsizlik edilməklə" həyata keçirilib (bax (müvafiq dəyişikliklərlə): Babar Əhməd və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), ərizələr № 24027/07, 11949/08 və 36742/08, 113-114-cü bəndlər, 6 iyul 2010-cu il; və Əl-Məsrinin işi üzrə yuxarıda qeyd edilən qərar, 239-cu bənd).
e) Nəticələr
205. Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gəlir ki, yuxarıda araşdırılmış hər üç müxtəlif məsələdə, yəni dövlət orqanlarının ərizəçini zorla Tacikistana göndərilməsi ilə bağlı real və birbaşa riskdən qorumaq öhdəliyini yerinə yetirməmələri; insidentlə bağlı səmərəli araşdırma aparılmaması; və bu əməliyyatda dövlət nümayəndələrinin passiv və ya aktiv iştirakı məsələsində Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
...
IV. KONVENSİYANIN 34-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
208. Ərizəçi şikayət etdi ki, zorla Tacikistana göndərilməsi Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirin pozuntusunu təşkil edib və beləliklə onun fərdi şikayət vermək hüququ pozulmuş olub. O, Konvensiyanın 34-cü maddəsinə istinad etdi, həmin maddədə deyilir:
"Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Yüksək Müqavilə Tərəflərindən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Yüksək Müqavilə Tərəfləri bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər".
Məhkəmə Reqlamentinin 39-cu Qaydasında deyilir:
"1. Palata və ya müvafiq hallarda Palatanın Sədri, iş üzrə tərəfin və ya hər hansı başqa maraqlı şəxsin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə, tərəflərin maraqları və ya aparılan araşdırmanın lazımi qaydada həyata keçirilməsinin maraqları baxımından Palatanın fikrincə görülməli olan ilkin tədbirlər barədə tərəfləri xəbərdar edə bilər.
2. Məqsədəuyğun hesab edildikdə konkret halda təyin olunmuş tədbir barədə bildiriş dərhal Nazirlər Komitəsinə göndərilə bilər.
3. Palata təyin etdiyi hər hansı ilkin tədbirin yerinə yetirilməsi ilə bağlı istənilən məsələyə dair tərəflərdən məlumat istəyə bilər".
209. Hökumət iddia etdi ki, ərizəçi Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş şikayət ərizəsi vermək hüququ da daxil olmaqla hüquqlarını hər hansı maneə olmadan həyata keçirmək imkanına malik idi. O, həmçinin 16 dekabr 2010-cu il tarixli məktuba istinad etdi, həmin məktubda 39-cu Qayda əsasında Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərə uyğun olaraq dövlət orqanlarının ərizəçinin Tacikistana ekstradisiya olunmasının qarşısını almaq üçün atdıqları addımlar barədə Məhkəməyə məlumat verilirdi (yuxarıda 5-ci bəndə bax). Müvafiq məktublar Moskva prokurorluğuna və Cəzaların İcrası üzrə Federal Xidmətə göndərilmiş və onlardan xahiş edilmişdi ki, ərizəçinin ölkədən çıxarılmasına və ya Tacikistana ekstradisiya olunmasına, yaxud hər hansı digər formada ölkəni tərk etməyə məcbur edilməsinə yönələn hər hansı tədbir dayandırılsın. Nəticədə ərizəçi ekstradisiya proseduru vasitəsilə Tacikistana təhvil verilmədi.
210. Ərizəçi bildirdi ki, Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirlərə baxmayaraq onun Rusiya ərazisindən çıxarılmasında dövlət nümayəndələrinin iştirak etməsi səbəbindən cavabdeh dövlət məsuliyyət daşıyır ki, bu da qaçılmaz olaraq onun fərdi şikayət vermə hüququnun pozuntusu ilə nəticələnib.
211. Məhkəmə xatırladır ki, Konvensiyanın 34-cü maddəsinə əsasən, iştirakçı dövlətlər fərdi şikayət vermə hüququnun səmərəli şəkildə həyata keçirilməsinə mane ola biləcək hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməkdən çəkinməyi öhdələrinə götürürlər və bu müddəanın Konvensiya sisteminin təməl daşı olduğu ardıcıl olaraq təsdiq edilib. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, cavabdeh dövlətin müvəqqəti tədbiri yerinə yetirməməsi bu hüququn pozuntusu ilə nəticələnir (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda qeyd edilən qərar, 102-ci və 125-ci bəndlər; və Abdulxakovun işi üzrə yuxarıda qeyd edilən qərar, 222-ci bənd).
212. Məhkəmə Konvensiya sistemində müvəqqəti tədbirlərə verilən xüsusi əhəmiyyəti vurğulamaya bilməz. Onların məqsədi təkcə şikayət ərizəsinin səmərəli şəkildə araşdırılmasını təmin etməkdən ibarət deyil, həm də Konvensiyanın ərizəçiyə təqdim etdiyi müdafiənin səmərəli olmasını təmin etməkdən ibarətdir; təyin olunmuş belə tədbirlər sonradan Məhkəmənin yekun qərarının icrasına Nazirlər Komitəsinin nəzarət etməsinə imkan yaradır. Beləliklə, bu cür tədbirlər müvafiq dövlətin Məhkəmənin yekun qərarını icra etməkdən ibarət öhdəliyini yerinə yetirməsinə şərait yaradır, həmin qərar isə Konvensiyanın 46-cı maddəsinə əsasən məcburi qüvvəyə malikdir (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda qeyd edilən qərar, 125-ci bənd; Şamayev və başqaları Gürcüstana və Rusiyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, 473-cü bənd; Aulmi Fransaya qarşı, ərizə № 50278/99, 108-ci bənd, ECHR 2006‑I, çıxarışlar; və Ben Xemais İtaliyaya qarşı, ərizə № 246/07, 82-ci bənd, 24 fevral 2009-cu il).
213. Bundan başqa, müvəqqəti tədbirlərin mühüm əhəmiyyətini bu fakt da təsdiqləyir ki, Məhkəmə prinsip etibarı ilə işin bütün əhəmiyyətli hallarını diqqətlə araşdırdıqdan sonra bu tədbirləri həqiqətən müstəsna hallarda təyin edir. Belə halların çoxunda ərizəçilər həqiqətən həyatlarına və sağlamlıqlarına qarşı təhlükə ilə üzləşir və nəticədə Konvensiyanın mühüm müddəalarının pozuntusunu təşkil edən, sonradan düzəldilməsi mümkün olmayan ciddi ziyana məruz qalırlar. Məhkəmənin bərqərar olmuş presedent hüququndan göründüyü kimi, müvəqqəti tədbirlərin Konvensiya sistemində həyati əhəmiyyətli roluna təkcə onların müvafiq dövlət üçün doğurduğu hüquqi nəticələr deyil, həm də Məhkəmənin təyin etdiyi tədbirlərə iştirakçı dövlət tərəfindən riayət edilməsi məsələsinin son dərəcə mühümlüyü dəlalət edir (119-cu bənddə istinad edilən İzmir Bəyannaməsində iştirakçı dövlətlər tərəfindən və Ben Xemaisin işində[1] Nazirlər Komitəsinin qəbul etdiyi CM/ResDH(2010)83 saylı aralıq qətnaməsində Nazirlər Komitəsi tərəfindən ifadə edilmiş qəti mövqe ilə tanış olmaq üçün həmin bəyannaməyə və qətnaməyə bax)... Bu məsələdə hər hansı zəiflik nümayiş etdirilməsi Konvensiyadakı mühüm hüquqların müdafiəsini qəbuledilməz dərəcədə zəiflətmiş olardı və Konvensiyanın dəyərlərinə və mətninin ruhuna zidd olardı (bax: Sörinqin işi üzrə yuxarıda qeyd edilən qərar, səh. 34‑35, 88-ci bənd); bu, həm də fərdi şikayət vermə hüququnun mühüm əhəmiyyəti ilə ziddiyyət təşkil etmiş olardı və daha ümumi şəkildə götürsək, Avropa ictimai qaydasını tənzimləyən konstitusiya sənədi olan Konvensiyanın nüfuzuna və səmərəliliyinə xələl gətirmiş olardı (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda qeyd edilən qərar, 100-cü və 125-ci bəndlər; həmçinin bax (müvafiq dəyişikliklərlə): Loizidu Türkiyəyə qarşı (ilkin etirazlar), 75-ci bənd, A seriyaları № 310).
214. Hazırkı işi yuxarıdakı prinsiplərin işığında nəzərdən keçirərək, Məhkəmə qeyd edir ki, o, bu işdə müvəqqəti tədbirlər barədə cavabdeh Hökumətə bildiriş verilməsini zəruri edən müstəsna hallar aşkar edib. Tərəflərin maraqları naminə və Məhkəmədəki icraatın lazımi qaydada aparılması üçün 7 dekabr 2010-cu ildə sorğu ilə müraciət edilib ki, ərizəçi əlavə bildirişə qədər Tacikistana ekstradisiya olunmasın. 16 dekabr 2010-cu ildə Hökumət Məhkəməyə məlumat verib ki, dövlət orqanları əlavə bildirişə qədər ərizəçinin Tacikistana ekstradisiya olunmamasını təmin etmək üçün müvafiq addımlar atıblar (yuxarıda 5-ci və 209-cu bəndələrə bax). Görülmüş tədbirlərə baxmayaraq, 2011-ci ilin noyabrında ərizəçi dövlət nümayəndələrinin iştirakı ilə keçirildiyi müəyyənləşdirilən xüsusi əməliyyat vasitəsilə təyyarə ilə zorla Moskvadan Xucəndə göndərilib (yuxarıda 202-203-cü bəndələrə bax).
215. Hökumət bunu qəbul etmədi ki, yuxarıdakı hallar müvəqqəti tədbirin pozulduğunu üzə çıxarır və bildirdi ki, ərizəçinin Tacikistana göndərilməsi ekstradisiya proseduru vasitəsilə baş verməyib, belə ki, həmin prosedur Məhkəmənin 7 dekabr 2010-cu il tarixli qərarından dərhal sonra dayandırılmışdı. Hökumətin arqumenti Məhkəməyə inandırıcı görünmür. Ekstradisiyanı dayandırmaq üçün görülmüş tədbirlər Hökumətin ilkin dövrdə müvəqqəti tədbirlərə riayət etmək istəyinin əlaməti ola bilərdi, amma onlar, Məhkəmənin rəyinə görə, dövləti ərizəçinin işindəki sonrakı hadisələrə görə məsuliyyətdən azad etmir. Hökumət heç bir haqla iddia edə bilməz ki (ola bilsin ki, onun arqumentlərində bu nəzərdə tutulur), hazırkı işdə Məhkəmənin qeyd etdiyi formada müvəqqəti tədbirlər ərizəçinin zorla Tacikistana qaytarılmasının qarşısını ala bilməzdi.
216. Məhkəmə etiraf edir ki, hazırkı işdə tətbiq edilməsi ərizəçi tərəfindən istənilən və Məhkəmənin 7 dekabr 2010-cu il tarixli qərarında göstərilən müvəqqəti tədbir onun ekstradisiyasının qarşısını almağa yönəlmişdi və həmin vaxt ərizəçinin Rusiyadan Tacikistana göndərilməsinin qarşısını almağın ən real hüquqi yolu idi. Baxmayaraq ki, qərarda müvəqqəti tədbirin hansı formada ifadə edilməsi dövlətin 34-cü maddədə nəzərdə tutulmuş öhdəliklərinə riayət edib-etməməsinin Məhkəmə tərəfindən təhlil olunmasında nəzərə alınmalı elementlərdən biridir, Məhkəmə təkcə qərarın mətninə deyil, həm də qərarda göstərilən müvəqqəti tədbirin mahiyyətinə (bax: Paladi Moldovaya qarşı [BP], ərizə № 39806/05, 91-ci bənd, 10 mart 2009-cu il) və təbii ki, məqsədinə diqqət yetirməlidir. Müvəqqəti tədbirin yeganə məqsədi (Hökumət həmin məqsəddən xəbərsiz olduğunu iddia etməyib), hazırkı işdə Məhkəmənin qeyd etdiyi kimi, ərizəçinin Tacikistanın hakimiyyət orqanlarının əlində real qəddar rəftar riskinə məruz qalmasının qarşısını almaq idi. Bu işdəki şikayət barəsində Hökumətə məlumat verildikdən və 30 yanvar 2011-ci ildə Məhkəmə tərəfindən bu işə prioritet verildikdən sonra Hökumətdə müvəqqəti tədbirin məqsədi və ya məntiqi ilə bağlı heç bir şübhə qala bilməzdi. Müvəqqəti tədbirin mahiyyətinin və məqsədinin Hökumət tərəfindən hansı formada başa düşüldüyü onun müxtəlif dövlət orqanlarına göndərdiyi təlimatlardan da görünürdü, belə ki, o, təlimat vermişdi ki, "ərizəçinin ölkədən çıxarılmasına və ya Tacikistana ekstradisiya olunmasına, yaxud hər hansı digər formada ölkəni tərk etməyə məcbur edilməsinə yönələn hər hansı tədbir" dayandırılsın (yuxarıda 209-cu bəndə bax). Dövlət orqanlarının 2011-ci il oktyabrın 31-dəki gözlənilməz hadisələrə qədər təxminən on bir ay ərzində müvəqqəti tədbirə ciddi şəkildə riayət etməsi faktı da göstərir ki, həmin tədbirin məqsədi və hüquqi nəticələri onlarda hər hansı anlaşılmazlıq yaratmırdı.
217. Müvəqqəti tədbirlərin Konvensiya sistemində həyati əhəmiyyətli rol oynadığını nəzərə alsaq, müvafiq dövlət tərəfindən onlara ciddi şəkildə riayət edilməlidir. Buna görə də Məhkəmə ərizəçini digər ölkədaxili prosedurdan istifadə etməklə, yaxud bundan daha pisi, onun açıq-aydın qanunsuz şəkildə özbaşınalıqla ölkədən çıxarılmasına imkan yaratmaqla təyinat ölkəsinə göndərmək üçün dövlət orqanlarının hazırkı işdə təyin olunmuş müvəqqəti tədbirdən yan keçmələrinə şərait yaradılmasını heç cür anlaya bilmir. Məhz bu sonuncu məsələyə görə Məhkəmə hazırkı işdə cavabdeh dövlətin məsuliyyət daşıdığı qənaətinə gəlib (yuxarıda 202-203-cü bəndələrə bax). Bu hərəkətləri ilə dövlət müvəqqəti tədbirin məqsədini, yəni ərizəyə Məhkəmə tərəfindən baxılana qədər status-kvonun saxlanması məqsədini heçə endirmiş olub. Nəticədə ərizəçi Tacikistanda real qəddar rəftar riski ilə üzləşib və onun Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş hüququndan praktiki və səmərəli şəkildə yararlanmasının Məhkəmə tərəfindən təmin edilməsinə maneçilik törədilib.
218. Hökumət müvəqqəti tədbirə riayət edilməsinin qarşısını alan hər hansı obyektiv maneənin olduğunu göstərməyib (bax: Paladinin işi üzrə yuxarıda qeyd edilən qərar, 92-ci bənd). Daha ciddi şəkildə desək, o, ərizəçinin Moskvadan Xucəndə uçan təyyarəyə zorla mindirilməsinə imkan verən dövlət nümayəndələrinin qanunsuz davranışı ilə bağlı hər hansı izahat verməyib; hələ təqsirkarların məsuliyyətə cəlb olunmaması bir yana qalsın (əks qərar üçün bax: Muminov Rusiyaya qarşı, ərizə № 42502/06, 44-cü bənd, 11 dekabr 2008-ci il). Hətta Məhkəmə müvafiq məsələləri tədqiq etdikdən və bu cür qəbuledilməz halların təkrarlanmasının yaratdığı narahatlıq doğuran və analoqu olmayan situasiyaya Hökumətin diqqətini cəlb etdikdən sonra da dövlət orqanları qəbuledilməz inadkarlıqla məsələni araşdırmaqdan imtina ediblər (yuxarıda 52-ci bəndə bax).
219. Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gəlir ki, Rusiya hazırkı işdə Məhkəmə Reqlamentinin 39-cu Qaydası əsasında Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirə etinasız yanaşıb və bununla da Konvensiyanın 34-cü maddəsindən irəli gələn öhdəliyini pozub.
...
VII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
233. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
234. Ərizəçi mənəvi ziyana görə 30.000 avro tələb etdi. O, tələb etdiyi yüksək məbləği əsaslandırmaq üçün zorla Tacikistana göndərildikdən sonra bu ölkədə məruz qaldığı qəddar rəftara və analoji halların yer aldığı İskəndərovun işində Məhkəmənin təyin etdiyi kompensasiya məbləğinə istinad etdi (yuxarıda istinad edilən həmin iş üzrə qərarın 156-cı maddəsinə bax).
235. Hökumət bildirdi ki, pozuntunun baş verdiyinin Məhkəmə tərəfindən müəyyən edilməsi faktı hər hansı mənəvi ziyanı kompensasiya etmiş olar.
236. Məhkəmə xatırladır ki, 41-ci maddə ona səlahiyyət verir ki, zərərçəkən tərəfə məqsədəuyğun hesab etdiyi ədalətli təzminatı təyin etsin. O, qeyd edir ki, hazırkı işdə Konvensiyanın bir neçə pozuntusunu müəyyən edib və onların çoxu son dərəcə ciddi pozuntulardır. Nəticədə ərizəçi, şübhəsiz ki, mənəvi ziyana məruz qalıb və bu ziyan sadəcə pozuntunun müəyyən edilməsi faktı ilə kompensasiya oluna bilməz. Qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə ərizəçinin tələbini bütünlüklə təmin edir və mənəvi ziyana görə 30.000 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
...
VIII. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ
242. Konvensiyanın 46-cı maddəsində deyilir:
"1. Yüksək Müqavilə Tərəfləri, Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
..."
243. Məhkəmə qeyd edir ki, hazırkı işdə Konvensiya ilə qorunan mühüm hüquqlardan birinin (işgəncəyə və qəddar rəftara məruz qalmamaq hüququnun) bir neçə pozuntusu aşkar edildi, bu pozuntuların qarşısı nə daxili hüquqi müdafiə vasitələrinin köməyi ilə, nə də Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərə əməl etmək vasitəsilə alınmamışdı. Məhkəmə daha sonra qeyd edir ki, müvəqqəti tədbirlərin təyin olunmasına və həmin tədbirlərə riayət ediləcəyinə dair Hökumətin zəmanətlərinə baxmayaraq, ərizəçilərin yoxa çıxması və zorla Tacikistana və Özbəkistana göndərilməsi barədə yaxın keçmişdə təqdim edilmiş olan və narahatlıq doğuran şikayətlərə dair işlərdə cavabdeh dövlətin yol verdiyi analoji pozuntular barədə şikayət ərizələrinin mütəmadi olaraq Məhkəməyə təqdim edilməsi davam etməkdədir.
244. Məhkəmə müvafiq məhkəmə qərarlarının icrası prosesində yarana biləcək çətinliklərdən, xüsusən də ərizəçilərin Konvensiyanın şamil olunmadığı dövlətin yurisdiksiyasında olması səbəbindən ortaya çıxan çətinliklərdən tam xəbərdardır. Bu səbəbdən icranın müxtəlif aspektləri ilə, məsələn, ədalətli təzminatların ödənişi ilə və ərizəçi barəsindəki pozuntuların düzəldilməsinə yönələn digər tədbirlərlə bağlı problemlər meydana çıxa bilər. Məhkəmə həmçinin gələcəkdə analoji pozuntuların qarşısını almağa yönələn ümumi tədbirlərin vacibliyini və belə tədbirlərin müəyyən edilməsi və qəbul olunması ilə əlaqədar yarana bilən mümkün məsələlərin əhəmiyyətini heç də az qiymətləndirmir.
245. Məhkəmə bu kontekstdə qeyd edir ki, son on il ərzində iştirakçı dövlətlər onu ardıcıl olaraq sövq ediblər ki, məhkəmə qərarının icrası üçün əsaslı problemlərin və zəruri tədbirlərin müəyyən edilməsində müvafiq dövlətə kömək edən məsələləri təyin etsin (konkret olaraq Nazirlər Komitəsinin 12 may 2004-cü il tarixli Res(2004)3 saylı qətnaməsinə; və Yüksək Müqavilə Tərəflərinin İnterlaken, İzmir və Brayton konfranslarında qəbul etdikləri Bəyannamələrə bax). Buna görə də Məhkəmə öz presedent hüququnu pilot qərar proseduru vasitəsilə və digər formalarda inkişaf etdirib və bununla da Konvensiyanın 46-cı maddəsinin düzgün və səmərəli tətbiqi naminə iştirakçı dövlətlərə və Nazirlər Komitəsinə köməklik göstərib. Məhkəmənin rəyinə görə, bu sahədə müəyyən növ işlərdə onun yardımına ciddi ehtiyac qalmaqdadır.
246. Yuxarıdakı mülahizələri və xüsusən hazırkı iş üzrə qərar vasitəsilə müəyyən edilmiş pozuntuların xarakterini, habelə son dövrlərə aid digər işlərdə analoji pozuntuların təkrarlanmasını və qərarın icrası ilə bağlı sualların yarana biləcəyini nəzərə alaraq, Məhkəmə hazırkı işi Konvensiyanın 46-cı maddəsi üzrə araşdırmağı məqsədəuyğun hesab edir.
A. Ümumi prinsiplər
247. Məhkəmə xatırladır ki, 1-ci maddənin müddəaları nəzərə alınmaqla şərh olunan Konvensiyanın 46-cı maddəsi cavabdeh dövlətin üzərinə belə bir hüquqi öhdəlik qoyur ki, Məhkəmə tərəfindən ərizəçinin pozulmuş hesab edilən hüququnu təmin etmək üçün Nazirlər Komitəsinin nəzarəti altında müvafiq ümumi və (və ya) fərdi tədbirləri həyata keçirsin. Belə tədbirlər ərizəçinin vəziyyətində olan digər şəxslər barəsində də tətbiq edilməli və xüsusən Məhkəmənin pozuntu müəyyən etməsinə gətirib çıxarmış problemlərin həlli vasitəsilə həyata keçirilməlidir. Bu öhdəlik Məhkəmə qərarlarının icrasına nəzarətin gedişində Nazirlər Komitəsi tərəfindən ardıcıl olaraq vurğulanıb (bax: Burdov Rusiyaya qarşı (№ 2), ərizə № 33509/04, 125-ci bənd, ECHR 2009, sonrakı istinadlarla).
248. Məhkəmə qərarına cavab olaraq görülməli olan fərdi tədbirlərə gəlincə, onların əsas məqsədi ilkin hüquqi vəziyyətin bərpasına (restitutio in integrum) nail olmaqdan, yəni Konvensiyanın pozuntusuna son qoymaqdan və pozuntunun nəticələrini kompensasiya etməkdən ibarətdir və bunu elə etmək lazımdır ki, pozuntuya qədər mövcud olmuş vəziyyət mümkün olan dərəcədə bərpa edilmiş olsun (bax: Pyersak Belçikaya qarşı (maddə 50), 26 oktyabr 1984-cü il, 11-ci bənd, A seriyaları, № 85; və Papamixalopulos və başqaları Yunanıstan qarşı (maddə 50), 31 oktyabr 1995-ci il, 34-cü bənd, A seriyaları, № 330-B). Bu öhdəlik beynəlxalq hüququn o prinsiplərini əks etdirir ki, həmin prinsiplərə əsasən, hüquqa zidd hərəkətə görə məsuliyyət daşıyan dövlət hüquqa zidd hərəkət törədilənə qədər mövcud olmuş vəziyyəti bərpa etməkdən ibarət restitusiya öhdəliyini daşıyır, bu şərtlə ki, restitusiya "maddi cəhətdən qeyri-mümkün" olmamalı və onun "həyata keçirilməsi restitusiyadan irəli gələn kompensasiya əvəzinə müqayisəyəgəlməz dərəcədə ağır yükə səbəb olmamalıdır" (Beynəlxalq Hüquq Komissiyasının "Dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyəti haqqında maddələr layihəsi"nin 35-ci maddəsi). Başqa sözlə, restitusiya öhdəliyi bir qayda olsa da, cavabdeh dövlətin bu öhdəlikdən (tam və ya qismən) azad edilə biləcəyi hallar da ola bilər, bu şərtlə ki, o, həmin halların mövcudluğunu sübuta yetirmiş olsun (bax: Verein gegen Tierfabriken Schweiz (VgT) İsveçrəyə qarşı (№ 2) [BP], ərizə № 32772/02, 86-cı bənd, ECHR 2009). Dövlətlər öz hüquq sistemlərini və məhkəmə prosedurlarını elə təşkil etməlidirlər ki, restitusiyaya nail olmaq mümkün olsun (yuxarıdakı iş üzrə qərarın 97-ci bəndinə və Nazirlər Komitəsinin (2000)2 saylı tövsiyəsinə bax).
249. Konvensiyanın 46-cı maddəsi əsasında hərəkət edən Nazirlər Komitəsi yuxarıdakı beynəlxalq hüquq prinsiplərini və cavabdeh dövlətin təqdim etdiyi məlumatları nəzərə almaqla sonuncunun pozuntuya qədərki vəziyyəti mümkün olan dərəcədə bərpa etməkdən ibarət öhdəliyini vicdanla yerinə yetirib-yetirmədiyini qiymətləndirmək vəzifəsini daşıyır. Cavabdeh dövlət bu öhdəliyini yerinə yetirərkən istifadə edəcəyi vasitələri seçmədə prinsipcə sərbəstdir, seçilmiş vasitələrin Məhkəmənin öz qərarında gəldiyi nəticələrə uyğun olub-olmadığını qiymətləndirmək isə Nazirlər Komitəsinin öhdəsinə düşür (bax: Skotsari və Ciuntanın işi üzrə yuxarıda qeyd edilən qərar, 249-cu bənd; və Verein gegen Tierfabriken Schweiz (VgT)-nin işi üzrə yuxarıda qeyd edilən qərar, 241-242-ci bəndlər). Eyni sözlər Məhkəmənin qərarında müəyyən edilmiş pozuntunun baş verməsinə səbəb olan problemi həll etmək üçün cavabdeh dövlətin ümumi tədbirlər görmək öhdəliyini yerinə yetirməsinin qiymətləndirilməsinə də aiddir.
B. Bu işdəki qərarın icrasına yönələn tədbirlər
1. Ədalətli təzminat ödənilməsi
250. Ərizəçinin Tacikistanda həbsdə saxlanılmasının davam etdiyini nəzərə alaraq, Məhkəmə öncə bundan narahatdır ki, cavabdeh dövlət ədalətli təzminat ödəmək öhdəliyini necə yerinə yetirəcək? Məhkəmə cavabdeh dövlətin ərazisindən çıxarıldıqdan sonra əlçatmaz olan ərizəçilərlə bağlı analoji situasiyalarla artıq digər işlərdə üzləşib. Belə işlərin bəzilərində Məhkəmə bildirib ki, cavabdeh dövlət ərizəçilər, onların nümayəndələri və Nazirlər Komitəsi arasında təmaslara şərait yaratmaqla ədalətli təzminatın ödənilməsini təmin etməlidir (bax: Muminov Rusiyaya qarşı (ədalətli təzminat), ərizə № 42502/06, 19-cu bənd və qərarın nəticə hissəsinin "c" bəndi, 4 noyabr 2010-cu il; və Kamaliyevlər Rusiyaya qarşı (ədalətli təzminat), ərizə № 52812/07, 14-cü bənd və qərarın nəticə hissəsinin 1"c" bəndi, 28 iyun 2011-ci il). Digər hallarda isə Məhkəmə qərar çıxarıb ki, təyin olunan təzminatı ərizəçilərin nümayəndələri etibarnamə əsasında onlar üçün saxlamalıdırlar (bax: Hirsi Camaa və başqaları İtaliyaya qarşı [BP], ərizə № 27765/09, 215-ci bənd və qərarın nəticə hissəsinin 12-ci bəndi, ECHR 2012; və Labsi Slovakiyaya qarşı, ərizə № 33809/08, 155-ci bənd və qərarın nəticə hissəsinin 6-cı bəndi, 15 may 2012-ci il).
251. Hazırkı işə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi Tacikistana göndərildikdən sonra, şübhəsiz ki, onunla Məhkəmədəki nümayəndələri arasında, birbaşa olmasa da, təmaslar olub. Bu faktı və ərizəçinin Tacikistanda son dərəcə əlverişsiz vəziyyətdə olduğunu nəzərə alaraq, Məhkəmə ədalətli təzminat qismində ona təyin olunmuş məbləğin ərizəçi üçün onun nümayəndələri tərəfindən etibarnamə əsasında saxlanılmasını məqsədəuyğun hesab edir.
2. Ərizəçinin hüquqlarının bərpasına yönələn digər tədbirlər
252. Məhkəmə bu fikirdədir ki, bu iş üzrə qərarı icra etmək öhdəliyi 41-ci maddə əsasında təyin olunmuş pul kompensasiyasının ödənişi ilə məhdudlaşa bilməz, həmin ödəniş pozuntunun yalnız o nəticələrini düzəltmək məqsədini daşıyır ki, onları başqa yolla düzəltmək mümkün deyil (bax: Skotsari və Ciuntanın işi üzrə yuxarıda qeyd edilən qərar, 250-ci bənd). Konvensiyanın təmin etdiyi müdafiənin şamil olunduğu ərazidən çıxarılmaqla hüquqları pozulmuş ərizəçilərə aid analoji işlərdə ədalətli təzminatın ödənilməsindən əlavə sonrakı fərdi tədbirləri həyata keçirmək öhdəliyi artıq Konvensiya orqanları tərəfindən təsdiqlənib (misal üçün bax: Hirsi Camaa və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərar, 211-ci bənd; Əl-Saadun və Mufdi Birləşmiş Krallığa qarşı, ərizə № 61498/08, 171-ci bənd, ECHR 2010, çıxarışlar; və Nazirlər Komitəsinin sonuncu iş üzrə CM/ResDH(2012)68 saylı qətnaməsi və yuxarıda 121-124-cü bəndlərdə istinad edilən qərarları).
253. Ərizəçinin cavabdeh dövlətin yurisdiksiyası xaricində olması faktı, yəqin ki, sonuncunun onunla təmasda olmasını və onun hüquqlarının bərpasına yönələn tədbirləri həyata keçirməsini daha da çətinləşdirir. Bununla belə, bu elə bir vəziyyətdir ki, cavabdeh dövlət müəyyən edilmiş pozuntuya son qoymaq və onun nəticələrini düzəltmək üçün səlahiyyəti çərçivəsində olan bütün tədbirləri görməkdən ibarət hüquqi öhdəliyindən azad edilə bilməz. Görülməsi zəruri olan konkret tədbirlər hər bir işin xüsusi hallarından asılı olaraq fərqlənsə də, məhkəmə qərarını icra etmək öhdəliyi cavabdeh dövlətin üzərinə belə bir vəzifə qoyur ki, Nazirlər Komitəsi tərəfindən nəzarətin olması şərti ilə, Məhkəmə tərəfindən müəyyən edilən ərizəçinin pozulmuş hüququnu mümkün qədər təmin etmək üçün zəruri ola biləcək hüquqi, diplomatik və (və ya) praktiki vasitələri müəyyənləşdirsin və onlardan istifadə etsin.
254. Məhkəmənin rəyinə görə, bu iş üzrə qərardakı nəticələr bu cür tədbirin görülməsini tələb edir. Beynəlxalq hüququn və beynəlxalq münasibətlərin hazırkı inkişaf vəziyyəti xarici ölkə ərazisində ərizəçini həyatına və sağlamlığına qarşı mövcud təhlükələrdən qorumaq məqsədi ilə cavabdeh dövlətin real müdafiə tədbirləri görməsini mümkün edir (nümunə qismində bax: Əl-Saadun və Mufdinin işi üzrə yuxarıda qeyd edilən qərar, 171-ci bənd; Nazirlər Komitəsinin 8 mart 2012-ci il tarixli CM/ResDH(2012)68 saylı qətnaməsi; Otmanın (Əbu Qatadanın) işi üzrə yuxarıda qeyd edilən qərar, 23-24 və 194-205-ci bəndlər; həmçinin ərizəçinin Türkmənistandan qaytarılmasını təmin etmək üçün Rusiya tərəfindən görülmüş tədbirlərlə bağlı bu işə bax: Qarabayev Rusiyaya qarşı, ərizə № 38411/02, 34-35-ci bəndlər, 7 iyun 2007-ci il). Hazırkı işdə bu cür tədbirlərə xüsusilə ehtiyac var, belə ki, ərizəçiyə Rusiyanın dövlət orqanlarının özləri tərəfindən müvəqqəti sığınacaq hüququ verilib. Xüsusən cavabdeh dövlət bütünlüklə onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə bağlı fərdi tədbirlər görməli, məsələn, Məhkəmənin müəyyən etdiyi prosessual pozuntuları aradan qaldırmaq üçün sözügedən insidentlə bağlı səmərəli araşdırma aparmalıdır (misal olaraq Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirləri yerinə yetirmədiyinə görə rəsmi dövlət nümayəndəsinə qarşı aparılmış icraatla bağlı bu işə bax: Muminov Rusiyaya qarşı iş üzrə yuxarıda qeyd edilən qərar, 44-cü bənd).
255. Buna görə də Məhkəmə əmindir ki, ərizəçi barəsində bu cür tədbirlərin görülməsi üçün zəruri vasitələrdən və prosedurlardan istifadə etmək Rusiya Federasiyasının öhdəsinə düşür. Bu məqsədə nail olmaq üçün mövcud vasitələrin müxtəlifliyini və müvafiq məsələlərin xarakterini nəzərə alsaq, Nazirlər Komitəsi görülməli olan konkret tədbirlərin qiymətləndirilməsində Məhkəməyə nisbətən daha əlverişli vəziyyətdədir. Buna görə də Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuların maksimum dərəcədə aradan qaldırılmasını təmin etmək üçün real, operativ, adekvat və yetərli olan bu cür tədbirlərin qəbul edilməsinə nəzarət Nazirlər Komitəsinə həvalə olunmalı və o, cavabdeh dövlətin təqdim etdiyi məlumatların əsasında və ərizəçinin vəziyyətindəki irəliləyişləri yetərincə nəzərə almaqla bu tədbirlərə nəzarət etməlidir.
3. Analoji pozuntuların qarşısını almağa yönələn ümumi tədbirlər
256. Məsələyə Konvensiyanın 46-cı maddəsi əsasında baxarkən Məhkəmə müəyyən edilmiş pozuntulara bənzər yeni pozuntuların qarşısını almaq üçün ümumi tədbirlərə ehtiyac olduğunu vurğulamağı xüsusilə vacib hesab edir. Bununla bağlı Məhkəmə böyük narahatlıqla qeyd edir ki, hazırkı işdə araşdırılan hadisələrə ayrıca insident kimi baxıla bilməz. Məhkəmə bir daha bildirir ki, ərizəçinin heç bir izahat verilmədən naməlum şəxslər tərəfindən oğurlanması və Tacikistana göndərilməsi ilə bağlı 3-cü maddənin pozuntusuna görə Rusiya Federasiyasının məsuliyyət daşıdığının müəyyən edildiyi İskəndəvorun işi üzrə (yuxarıda istinad edilən) qərarın qəbulundan bəri o, bu cür insidentlərin təkrarlanması halları ilə qarşılaşıb. Məhkəmə artıq Abdulxakovun işində həm 3-cü, həm də 34-cü maddənin pozulduğunu müəyyən edib, həmin işdə ərizəçi bu işdəki ilə eyni vəziyyətdə Moskvada oğurlanmış və Tacikistana uçan təyyarəyə minməyə məcbur edilmişdi (bax: Abdulxakovun işi üzrə yuxarıda qeyd edilən qərar, 124-127-ci bəndlər). O, bu yaxınlarda digər bir ərizəçinin, bu işdəkindən fərqli situasiyada olsa da, hər halda Sankt-Peterburqdan Özbəkistana deportasiyası ilə bağlı eyni pozuntulara məruz qaldığını müəyyən etmişdi (bax: Zoxidov Rusiyaya qarşı, ərizə № 67286/10, 128-142 və 201-211-ci bəndlər, 5 fevral 2013-cü il, qərar hələ qüvvə minməyib). Məhkəmə tərəfindən baxılmalı işlərin siyahısında bu tip şikayətlər yenə var, hətta daha da narahatedici hal ondan ibarətdir ki, onların bəziləri Məhkəmə sədrinin Rusiya Hökumətinə göndərdiyi xəbərdarlıq müraciətindən sonra (yuxarıda 52-ci bəndə bax) və hətta Nazirlər Komitəsinin bu məsələyə dair qəbul etdiyi son qərarlardan sonra baş vermiş insidentlərlə əlaqədardır (yuxarıda 121-124-cü bəndlərə bax).
257. Hazırkı qərarda gəlinən nəticələr bu fikri təsdiq edir ki, hüquqi prosedurlardan (xüsusən Məhkəmənin təyin etdiyi müvəqqəti tədbirdən) yan keçməklə fərdlərin oğurlanması və sonradan təyinat ölkəsinə göndərilməsi hallarının təkrarlanması qanunun aliliyinə qarşı kobudcasına etinasızlığa bərabərdir və o deməkdir ki, müəyyən dövlət orqanlarının fəaliyyətlərində onların Rusiya qanunvericiliyi və Konvensiya üzrə daşıdıqları öhdəlikləri pozan praktika formalaşıb. Belə vəziyyət Rusiyanın ölkədaxili hüquqi qaydası üçün, habelə Konvensiya sisteminin səmərəliliyi və Məhkəmənin nüfuzu üçün ciddi nəticələr doğura bilər.
258. Nazirlər Komitəsinin qərarlarından görmək olar ki, bu vəziyyət Hökumət üçün də "ciddi narahatlıq mənbəyidir" və Hökumət insidentləri yoluna qoymağa çalışır. Nazirlər Komitəsinin müvafiq qərarları dövlət orqanlarında, məsələn, baş prokurorluqda, İstintaq Komitəsində, Daxili İşlər Nazirliyində, Federal Miqrasiya Xidmətində və Cəzaların İcrası üzrə Federal Xidmətdə yayılıb. Hökumət həmçinin bəyan edib ki, Rusiyadakı insidentlərlə bağlı müvafiq işlərin kontekstində "görülmüş tədbirlərin nəticələri barədə" həm Nazirlər Komitəsinə, həm də Məhkəməyə "məlumat təqdim etməyi öhdəsinə götürür" (yuxarıda 122-123-cü bəndlərə bax). Lakin Məhkəmənin yuxarıda gəldiyi nəticələr yetərincə nümayiş etdirir ki, hazırkı işdə heç bir qaneedici tədbir görülməyib və daha ümumi şəkildə desək, qətiyyətli ümumi tədbirlərin hələ də müvafiq dövlət orqanları tərəfindən görülməsi tələb olunur. Bu tədbirlər sırasına ekstradisiya və ölkədən çıxarılma hallarında ölkədaxili hüquqi müdafiə vasitələri ilə təmin edilmənin yaxşılaşdırılması, bu sahədə dövlətin hərəkətlərinin qanuniliyinin təmin edilməsi, potensial qurbanların Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti tədbirlərə uyğun olaraq səmərəli müdafiəsi və belə tədbirlərin hər bir pozuntusunun və ya analoji qanunsuz hərəkətlərin səmərəli şəkildə araşdırılması daxildir.
259. Məhkəmə etiraf edir ki, Rusiya Federasiyasının Ali Məhkəməsinin 14 iyun 2012-ci il tarixli qərarı son dövrdə bu sahədə ölkədaxili məhkəmə praktikasının inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır (yuxarıda 76-cı bəndə bax). Bu inkişaf Məhkəmənin presedent hüququna uyğundur və ekstradisiya və ölkədən çıxarılma hallarında ölkədaxili hüquqi müdafiə vasitələri ilə təmin edilmənin yaxşılaşdırılması ideyasına əla dəstəkdir və bütün iştirakçı dövlətlərə münasibətdə bu ideya Konvensiya orqanları tərəfindən uzun müddətdir ki, təşviq edilir (Böyük Palatanın bu məsələyə dair tutduğu mövqe üçün ən son qərarlar arasında bu qərara bax: De Souza Ribeyro Fransaya qarşı, 82-ci bənd; həmçinin Daxili hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsi haqqında Nazirlər Komitəsinin Rec(2004)6 saylı tövsiyəsinə və Müraciətləri rədd edilmiş sığınacaq axtaranların daxili hüquqi müdafiə vasitəsi ilə təmin edilmə hüququ haqqında Nazirlər Komitəsinin R(98)13 saylı tövsiyəsinə bax. Məhkəmə hesab edir ki, Ali Məhkəmənin qərarının bütün Rusiya məhkəmələri tərəfindən dəqiq şəkildə tətbiq edilməsi hazırkı işdə tənqid edilmiş bu cür nöqsanlara (yuxarıda 161-165-ci bəndlərə bax) məhkəmə orqanları tərəfindən yol verilməməsinə və məhkəmə praktikası vasitəsilə Konvensiya tələblərini birbaşa tətbiq edən ölkədaxili məhkəmələrin formalaşmaqda olan presedent hüququnun daha da inkişaf etdirilməsinə şərait yaradacaq (ən son nümunələr arasında Kulevski Rusiyaya qarşı iş üzrə qərardadda araşdırılmış ölkədaxili məhkəmələrin qərarlarına bax, ərizə № 20696/12, 18-ci və 36-cı bəndlər, 20 noyabr 2012-ci il). Məhkəmə qeyd edir ki, Nazirlər Komitəsinin qərarlarında (yuxarıda 123-124-cü bəndlərə bax) qeyd edildiyi kimi, ümumi məhkəmələr tərəfindən Rusiya Konstitusiya Məhkəməsinin ekstradisiya məsələlərinə dair formalaşmış mühüm presedent hüququ ilə həmahəng olan addımlar atılır və digər səviyyələrdə müsbət tədbirlər görülür. Yuxarıdakıları nəzərə alsaq, ərizəçilərin onları məhkəmə təqibinə məruz qoymaq istəyən dövlətlərə qanunsuz yolla göndərilməsi nəticəsində ölkədaxili hüquq mexanizmlərindən kobudcasına yan keçilməsi kimi vəziyyətlərlə Məhkəmənin qarşılaşması onu xüsusilə narahat edir. Bu qanunsuzluğun təkrarən baş verməsi bütövlükdə Konvensiya sisteminin əsaslandığı daxili hüquqi müdafiə vasitələrinin səmərəliliyini heçə endirə bilər (müqayisə üçün bax: Əl-Saadun və Mufdinin işi üzrə yuxarıda qeyd edilən qərar, 166-cı bənd). Məhkəmənin rəyinə görə, hazırkı məhkəmə qərarından irəli gələn dövlətin öhdəlikləri hazırkı problemin yubadılmadan həll olunmasını tələb edir.
260. Bu cür qəbuledilməz insidentlərlə bağlı səmərəli ölkədaxili araşdırmanın aparılmaması, bu işdəki qərardan göründüyü kimi, əlavə ciddi narahatlıqlar doğurur. Bu tip insidentlərin hər biri ilə əlaqədar olaraq Konvensiyada nəzərdə tutulan səmərəli və operativ araşdırma aparılması tələbi bilavasitə Məhkəmənin zəngin presedent hüququndan irəli gəlir və Nazirlər Komitəsi ilə Parlament Assambleyasının ardıcıl mövqeyi vasitəsilə dəstəklənir, belə ki, sonuncular təkidlə bildiriblər ki, belə halları törədənlər məsuliyyətə cəlb olunmalıdırlar ki, belə hərəkətlərə qarşı dözümsüzlüklə yanaşılacağı barədə hamıya aydın ismarıc göndərilmiş olsun (bax: Assambleyanın 1571 (2007) saylı qətnaməsi və Nazirlər Komitəsinin yuxarıda qeyd edilən CM/Res(2010)25 saylı qətnaməsi). Məhkəmə qeyd edir ki, nə hazırkı işdə, nə də son on səkkiz ayda meydana çıxmış digər analoji işlərdə bu cür ismarıc göndərilməyib.
261. Yuxarıdakı mülahizələr Məhkəməni bu nəticəyə gəlməyə sövq edir ki, 46-cı maddədən irəli gələn öhdəlik cavabdeh dövlət tərəfindən təcili və ciddi addımların atılmasını, o cümlədən hazırkı qərarda müəyyən edilmiş problemlərin həlli üçün zəruri ola biləcək bütün tədbirlərin görülməsini tələb edir. Yuxarıda qeyd edildiyi kimi, ölkədaxili hüquqi müdafiə vasitələrinin daha da inkişaf etdirilməsinə və ekstradisiya məsələlərində həmin vasitələrdən qanunsuz olaraq yan keçilməsi hallarının qarşısının alınmasına ehtiyac duyulması ilə yanaşı, bu qərara cavab olaraq ümumi tədbirlərin qəbul edilməsi iki digər mühüm problemi aradan qaldıracaq və iki müvafiq məqsədə xidmət etmiş olacaq.
262. Birincisi, barələrində Məhkəmənin müvəqqəti tədbirlər təyin etdiyi ərizəçilərin xüsusilə əlverişsiz vəziyyətdə olmaları səbəbindən onlar dövlət tərəfindən təkcə hüquqi cəhətdən deyil, həm də praktiki cəhətdən səmərəli müdafiə ilə təmin edilməlidirlər. Hazırkı işə bənzər işlərdə adi qanunvericilik çərçivəsində nəzərdə tutulmuş ümumi müdafiənin mütəmadi uğursuzluğa düçar olduğunu nəzərə alsaq, bu cür ərizəçilərin qanunsuz oğurlanma və hüquqa zidd olaraq ölkə ərazisindən və Rusiya məhkəmələrinin yurisdiksiyasından çıxarılma hallarına qarşı təcili və səmərəli müdafiədən yararlanmalarını təmin etmək üçün həm qabaqlayıcı, həm də qoruyucu funksiyalar daşıyan müvafiq mexanizm təşkil edilməlidir. Artıq ərazilərinə digər fərdlərin qanunsuz olaraq zorla göndərildiyi və ya deportasiya olunduğu dövlətlər tərəfindən axtarışa verilən ərizəçilər üçün bu cür mexanizmə xüsusilə təcili ehtiyac var. Müvəqqəti tədbirlərin müstəsna məqsəd daşıdığını və onlar yerinə yetirilmədiyi təqdirdə sonradan düzəldilməsi mümkün olmayan ciddi ziyanın baş verməsi ehtimalını nəzərə alsaq, yuxarıdakı məqsəd üçün təşkil edilmiş mexanizmə hüquq-mühafizə orqanının müvafiq səviyyəli səlahiyyətli əməkdaşı tərəfindən ciddi nəzarət edilməli və o, müvəqqəti tədbirlərin bilərəkdən və ya təsadüfən hər hansı qəfil pozuntusu baş verdiyi təqdirdə dərhal məsələyə müdaxilə etmək səlahiyyətinə malik olmalıdır. Ərizəçilərin və onların hüquqi nümayəndələrinin hər hansı fövqəladə hal barədə məlumat vermələri və təxirəsalınmaz müdafiədən ötrü müraciət etmələri üçün müvafiq vəzifəli şəxslərlə asanlıqla təmasa girmələrinə imkan yaradılmalıdır.
263. İkincisi, müvəqqəti tədbirlərin Konvensiya sistemində həyati əhəmiyyətli rola malik olduğunu və müvafiq olaraq, iştirakçı dövlətlərin onlara riayət etməsinin mühüm əhəmiyyət daşıdığını nəzərə alsaq (yuxarıda 211-213-cü bəndlərə bax), mövcud prosedurlar tələb olunan nəticələri verməyə qadir olmadığına görə dövlət bu cür tədbirlərin pozulduğu hər bir halın səmərəli şəkildə araşdırılması üçün ona təklif olunan müvafiq prosedurlardan və institusional (təşkilati) tədbirlərdən istifadə etməlidir. Belə araşdırmaların aparılmasında zəruri səy göstərilməsini və onların tələb olunan keyfiyyət standartına uyğun olmasını təmin etmək üçün müvafiq rəsmi səviyyədə bu cür araşdırmalara ciddi nəzarət edilməsi də tələb olunur.
264. Xüsusi narahatlıq doğuran yuxarıdakı məsələləri vurğulamaqla yanaşı, Məhkəmə ümumi tədbirlərin görülməsi üçün digər vasitələri də istisna etmir, onlardan bəziləri Avropa Şurasının sənədlərində öz əksini tapıb (yuxarıda 108-114-cü bəndlərə bax). Lakin bütün bu məsələlərin hərtərəfli qiymətləndirilməsi çoxsaylı hüquqi, inzibati, praktiki və təhlükəsizlik məsələlərini özündə ehtiva etdiyinə görə onların həlli Məhkəmənin funksiyaları xaricindədir. Buna görə də Məhkəmə bu mərhələdə xüsusi tədbirlər barədə qərarlar çıxarmaqdan vaz keçərək hesab edir ki, yuxarıdakı göstərişlər Nazirlər Komitəsinin nəzarəti altında bu məhkəmə qərarının lazımi qaydada icrasını təmin etməyə kömək edəcək (bax (müvafiq dəyişikliklərlə): Burdovun işi (№ 2) üzrə yuxarıda qeyd edilən qərar, 137-ci bənd; və Ananyev və başqaları Rusiyaya qarşı, ərizələr № 42525/07 və 60800/08, 194-cü bənd, 10 yanvar 2012-ci il). Konvensiyada nəzərdə tutulmuş müvafiq hüquqların təmin edilməsi üçün hansı konkret addımları atacaqlarını Nazirlər Komitəsinə bildirmək Rusiyanın dövlət hakimiyyəti orqanlarının öhdəsinə düşür, onların nəzərdə tutduqları tədbirlərin səmərəliliyini qiymətləndirmək və Konvensiyanın tələblərinə uyğun olaraq onların həyata keçirəcəyi sonrakı tədbirləri izləmək isə Nazirlər Komitəsinin işdir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Ərizəçinin Tacikistanda qəddar rəftar təhlükəsi ilə üzləşəcəyinə, bununla əlaqədar hüquqi müdafiə vasitələrinin olmamasına və onun həbsdə saxlanılmasının qanuniliyi məsələsinə məhkəmə tərəfindən baxılmasının yubadılmasına dair şikayətləri qəbul olunan, ərizədəki qalan şikayətləri isə qəbul olunmayan elan edir;
2. Qərara alır ki, dövlət orqanları ərizəçinin zorla Moskvadan Tacikistana göndərilməsinin qarşısını almaqla ərizəçini real və birbaşa işgəncə və qəddar rəftar təhlükəsindən qorumadıqlarına, insidentlə bağlı səmərəli araşdırma aparılmadığına və həmin əməliyyatda dövlət nümayəndələri iştirak etdiklərinə görə Konvensiyanın 3-cü maddəsi pozulub;
3. Qərara alır ki, cavabdeh dövlət Məhkəmənin göstərdiyi müvəqqəti tədbirləri yerinə yetirmədiyinə görə Konvensiyanın 34-cü maddəsi pozulub;
...
6. Qərara alır ki:
a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qüvvəyə minəcəyi tarixdən sonra üç ay ərzində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i) mənəvi ziyana görə 30.000 (otuz min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği; bu məbləği ərizəçi üçün onun Məhkəmədəki nümayəndələri etibarnamə əsasında saxlamalıdırlar;
...
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 25 aprel 2013-cü ildə qərar barədə yazılı məlumat verilib.
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre)
Sədr
Sören Nilsen (Søren Nielsen)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Redaktə edənin qeydi: Ben Xemais İtaliyaya qarşı (ərizə № 246/07, 24 fevral 2009-cu il).
Full & Egal Universal Law Academy