© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BİRİNCİ BÖLMƏ
ŞALK VƏ KOPF AVSTRİYAYA QARŞI
(Ərizə no 30141/04)
QƏTNAMƏ
STRASBURQ
24 iyun 2010
QƏTİ
22/11/2010
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Şalk və Kopf Avstriyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (birinci bölmə), hakimlər :
Christos Rozakis, sədr,
Anatoly Kovler,
Elizabeth Steyner,
Dean Spielman,
Sverre Erik Jebens,
Giorgio Malinverni,
George Nicolau,
və André Wampach, Bölmə katibinin müavinindən ibarət Palatada,
25 fevral və 3 iyun tarixlərində qapalı müşavirə keçirərək,
Yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul etdiyi aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Avstriya vətəndaşları cənab Horst Michael Schalk və Johan Franz Kopf (“ərizəçilər”) tərəfindən, 5 avqust 2004-cü ildə Avsriya Respublikasına qarşı yönəldilmiş ərizə (no. 30141/04) əsasında başlanmışdır.
2. Ərizəçiləri Vyanada vəkillik fəaliyyəti ilə məşğul olan xanım K. Mayer təmsil etmişdir. Avstriya Hökumətini (« Hökumət ») onun nümayəndəsi Avropa və Beynəlxalq İşlər Federal Nazirliyində beynəlxalq hüquq departamentinin müdiri, səfir Cənab H. Tichy tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər, xüsusilə ondan şikayət edirlər ki, hər ikisi eyni cinsə mənsub olduqlarından, evlənməkləri və ya münasibətlərinin başqa yolla hüquqi olaraq tanınması imkanı olmaması səbəbilə, ayrı-seçkiliyə məruz qalmışlar.
4. 8 yanvar 2007-ci ildə, birinci seksiyanın sədri ərizə barədə Hökumətə məlumat verməyə qərar verdi. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, həm də qərara alınmışdır ki, ərizənin qəbuledilənliyi və mahiyyəti barədə məsələyə birgə baxılsın.
5. Həm ərizəçi, həm də Hökumət işin qəbuledilənliyi və mahiyyəti üzrə öz müşahidələrini təqdim etmişlər. Hökumət həmçinin yazılı qaydada əlavə qeydlərini təqdim etmişdir. Bunadan başqa, Sədrin icazəsi ilə, yazılı qaydada fikirlərini bildirilməsi üçün Britaniya Hökumətinin də üçüncü tərəf kimi şərhləri qəbul edilmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Qayda 44 § 2). Bundan əlavə, dörd qeyri-Hökumət təşkilatı müdaxilə üçün Sədrin icazəsindən sonra, üçüncü tərəf kimi qeydlərini təqdim etmişdir ; bu təşkilatlar FIDH (Fédération Internationale des ligues des Droits de l’Homme, İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya), CIJ (International Commission of Jurists, Beynəlxalq Hüquqşünaslar Kommissiyası), AIRE mərkəzi (Advice on Individual Rights in Europe, Avropada Fərdi Hüquqlar üzrə Məsləhət) və ILGA-Europedır (International Lesbian and Gay Association, Beynəlxalq Lezbiyan və Gay Assosiasiyası). Bu təşkilatlara da məhkəmə iclasında çıxış etmək üçün Sədr tərəfindən icazə verilmişdir.
6. Dinləmə 25 fevral 2010-cu ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq formada həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər :
– Hökumət adından
Xanım B. Ohms, Federal kanslerlik, agent müavini
Xanım G. Paschinger, Federal Avropa və Beynəlxalq İşlər Nazirliyi,
Cənab M. Stormann, Federal Ədliyyə Nazirliyi, müşavirlər.
– ərizəçilər adından
Cənab K. Mayer, vəkil
Cənab H. ŞALK, ərizəçi
– Üçüncü tərəf kimi qeyri-hökumət təşkilatları adından:
Cənab R. Wintemute, Kings College, London, vəkil
Xanım A. Jernow, Beynəlxalq Hüquqşünaslar Kommissiyası, məsləhətçi
Məhkəmə Xanım Ohms, Cənab Mayer və Cənab Wintermute-un müraciətlərini dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçilər müvafiq olaraq, 1962-ci və 1960-cı illərdə anadan olmuşdur. Onlar homoseksual cütlükdürlər və Vyanada yaşayırlar.
8. 10 sentyabr 2002-ci ildə, ərizəçilər Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinə (Standesamt) müraciət edərək, onların evlənmələri üçün zəruri prosesə başlamalarını xahiş etmişlər.
9. 20 dekabr 2002-ci il tarixli qərar ilə, Vyana bələdiyyəsi (Magistrat) ərizəçilərin müraciətini rədd etmişdir. Mülki Məcəllənin 44-cü maddəsinə əsaslanaraq (Allgemeines Bürgerliches Gesetzbuch), bələdiyyə qeyd etmişdir ki, ancaq əks cinsdən olan şəxslər nikah bağlaya bilərlər. O əlavə etmişdir ki, hazırki qanunvericiliyə əsasən, eyni cinsdən olan iki şəxsin nikahı mövcud deyil və etibarsızdır, və belə nəticəyə gəlmişdir ki, ərizəçilər hər ikisi kişi olduğundan, nikah bağlaya bilməzlər.
10. Ərizəçilər, Vyana Hökumət rəhbərinə (Landeshauptmann) müraciət etmişlər. 11 aprel 2003-cü il tarixli qərar ilə, Hökumət rəhbəri bələdiyyənin hüquqi rəyini təsdiq etmişdir. Bundan başqa, o, eyni cinsdən olan iki şəxsin nikahını tanımayan İnzibati Məhkəmənin təcrübəsinə istinad etmişdir. O əlavə etmişdir ki, Konvensiyanın 12-ci maddəsi yalnız müxtəlif cinsdən olan şəxslərin nikah hüququnu qoruyur.
11. Ərizəçilər, nikahın hüquqi olaraq qeyri-mümkünlüyünün onların şəxsi və ailə həyatına hörmət və ayrı-seçkiliyə məruz qalmama hüququnu pozmasından şikayət etmək üçün Konstitusiya şikayəti irəli sürmüşlər. Onlar iddia etmişlər ki, nikah anlayışı mülkü məcəllənin qüvvəyə mindiyi 1812-ci ildən bəri təkamülə uğramışdır. Xüsusilə, uşaq doğumu və tərbiyəsi artıq nikahın ayrılmaz hissəsi sayılmır. Hal-hazırda nikah, həyatın bütün aspektlərini əhatə edən daimi ittifaq kimi qəbul edilir. Homoseksual cütlüklərin evlənmələrinin qadağan olunması üçün heç bir obyektiv bəraət ola bilməz, və Avropa İnsan Hüquqları Məhkəməsi hesab edir ki, cinsi orientasiyaya aid fərqliliklər, xüsusilə ciddi səbəblərlə əsaslandırılmalıdır. Başqa dövlətlər ya homoseksual cütlüklərin evlənməsinə icazə verir, ya da eyni cinsdən olan şəxslər arasında nikaha ekvivalent olan bir status tanımaq üçün qanunvericiliklərində müəyyən dəyişikliklər etmişlər.
12. Son olaraq, ərizəçilər, özlərinin mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulduğunu iddia etmişlər. Onlar iddia etmişlər ki, homoseksual cütlüyün bir üzvü vəfat etdikdə, digəri ayrı-seçkiliyə məruz qalır, çünkü o vergi hüququ baxımından, evli cütlüyün sağ qalmış üzvünə nəzərən əlverişsiz vəziyyətdə olur.
13. 12 dekabr 2003-cü ildə, Konstitusiya Məhkəməsi (Verfassungsgerichtshof) ərizəçilərə rədd cavabı vermişdir. Onun qərarının müvafiq hissələrində deyilir :
« Mübahisələndirilən qərar ilə nəticələnən inzibati proses yalnız nikahın qanuniliyi məsələsinə aiddir. Buna görə, yeganə araşdırılacaq şikayət o olmuşdur ki, Mülki Məcəllənin 44-cü maddəsi, yalnız « əks cinsdən olan şəxslər » arasında bağlanan nikahı tanıyır və icazə verir. Mülkiyyət hüququnun pozulması iddiası isə, belə vəziyyətin əsaslandırılmamış olduğunu göstərməyə cəhd etmək üçün daha bir vasitədir.
Nikah ilə əlaqədar, Konstitusiya statusuna malik İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 12-ci maddəsində deyilir :
« Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. »
Nə Avstriya Federal Konstitusiyasında qeyd edilən bərabərlik prinsipi, nə də İnsan Hüquqları Avropa Konvensiyası (maddə 12-də istifadə olunan « qadın və kişi » terminlərinin göstərdiyi kimi) tələb etmir ki, əsasən valideyn ola bilmək imkanı üzərinə qurulan nikah konsepsiyası başqa növ münasibətlərə uzansın. Bundan əlavə, nə ər və arvadın boşanmasnın (və ya ayrılması) mümkünlüyü, nə də uşaq dünyaya gətirmək imkanının və ya arzusunun olub-olmaması faktı nikahın mahiyyətinə heç bir şəkildə təsir etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün « Cossey Birləşmiş Krallığa qarşı » işində (27 sentyabr 1990, seriya A, n184 – transseksualların xüsusi halı) hesab etmişdir ki, nikahın bu « ənənəvi » konsepsiya ilə məhdudlaşması obyektiv şəkildə əsaslandırılmışdı və müşahidə etmişdir ki :
« nikahın ənənəvi konsepsiyasına bağlılıq, nikah məqsədləri ilə şəxsin cinsinin müəyyən edilməsində bioloji meyarın əsas götürülməsinə davam edilməsinə kifayət edən əsas verir » [§ 46]
[Kristin Quduin Birləşmiş Krallığa qarşı ([Böyük Palata], no 28957/95, CEDH 2002‑VI) qərarı ilə transseksualların xüsusi məsələləri üzrə məhkəmə təcrübəsinə sonradan edilən dəyişikliklər, hazırki işdə ortaya qoyulan ümumi məsələnin qiymətləndirilməsinə hər hansı dəyişiklik etmək lazım olduğu nəticəsinə gəlməyə imakan vermir.]
Homoseksual münasibətlər özəl həyat anlayışına daxildir və Konvensiyanın 8-ci maddəsi ilə qorunur – bu Konvensiya həmçinin özünün 14-cü maddəsində obyektiv olamayan səbəblərlə ayrı-seşkiliyi qadağan edir. Lakin bu fakt nikah qanunvericiliyinin dəyişdirilməsi öhdəliyi yaratmır.
Hazırki işdə, qanunun evli cütlüklər üçün xüsusi qaydalar nəzərdə tutaraq, homoseksual münasibətlərə qarşı hansı sahədə ayrı-seçkilik etdiyini araşdırmağa ehtiyac yoxdur. Nə Konstitusiya məsələləri, nə də hüquqi siyasi-məsələlər üzrə qanunverici məsləhət etmək Konstitusiya Məhkəməsinin vəzifəsi deyildir.
Qısaca, əssassız olduğu üçün şikayət rədd edilməlidir. »
14. Konstitusiya Məhkəməsinin qərarı 25 fevral 2004-cü ildə şikayətçilərin vəkilinə təqdim edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ MÜQAYİSƏLİ HÜQUQ:
A. Avstriya hüququ
1. Mülki Məcəllə
15. Mülki Məcəllənin 44-cü maddəsində (Allgemeines Bürgerliches Gesetzbuch) aşağıdakılar nəzərdə tutulur:
“Nikah müqaviləsi ailə münasibətlərinin təməlini təşkil edir. Bu müqaviləyə əsasən, fərqli cinsiyyətdən olan iki şəxs daimi ər-arvad münasibətləri daxilində birlikdə yaşayacaqlarına, övlad sahibi olacaqlarına və onları böyüdəcəklərinə və bir-birilərinə qarşılıqlı yardımçı olacaqlarına dair hüquqi niyyətlərini elan edirlər”.
Bu müddəa qüvvəyə mindiyi 1 yanvar 1812-ci il tarixindən bəri dəyişdirilməmişdir.
2. Qeydiyyata alınan partnyorluq haqqında qanun
16. Qeydiyyata Alınan Qartnyorluq haqqında Qanunun (Eingetragene Partnerschaft-Gesetz) məqsədi eyni cinsli cütlüklərin münasibətlərinin tanınmasını təmin edən rəsmi mexanizm yaratmaq ve həmin münasibətlərə hüquqi qüvvə verməkdən ibarətdir. Bu məqsədlə, Avropa dövlətlərinin bu sahədə olan inkişafı nəzərə alınmışdır (qanun layihəsi barədə izahedici məlumat Erläuterungen zur Regierungsvorlage, 485 der Beilagen XXIV GP).
17. Qeydiyyata Alınan Partnyorluq haqqında Qanun 135/2009 saylı Federal Hüquq Qəzetinin I.Bölməsinde nəşr edilərək 1 yanvar 2010-cu ildə qüvvəyə minmişdir. Qanunun 2-ci maddəsində deyilir:
“Qeydiyyata alınan partnyorluq, eyni cinsli iki şəxs tərəfindən təsis edilə bilər. Həmin şəxslər qarşılıqlı hüquq və öhdəliklər çərçivəsində davamlı münasibət yaradırlar”.
18. Qeydiyyata alınan partnyorluğun yaranmasına, onun nəticələrinə və xitamına dair qaydalar nikah münasibətlərini tənzimləyən qaydalarla oxşarlıq təşkil edir.
19. Qeydiyyata alınan partnyorluq, tərəflərin daimi qaydada birlikdə yaşamasını nəzərdə tutur: fəaliyyət qabiliyyətinə malik və yetkinlik yaşına çatmış olan iki şəxs arasında təsis edilir (maddə 3). Qeydiyyata alınan partnyorluq, yaxın qohumluq münasibətlərində olan və ya artıq evli olan, eləcə də, başqa bir şəxslə partnyorluq münasibətində olan şəxslə yaradıla bilməz (maddə 5).
20. Evli şəxslərdə olduğu kimi, qeydiyyata alınan partnyorlar da hər baxımdan birlikdə yaşamalı, eyni evi paylaşmalı və bir-birilərinə hörmət və köməklik göstərməlidirlər (maddə 8, 2 və 3-cü bəndlər). Həmçinin, ev işlərindən məsul olan və hər hansı gəliri olmayan partnyor, digər partnyoru gündəlik hüquqi aktlarda təmsil etmək səlahiyyətinə malikdir (maddə 10). Qeydiyyata alınan partnyorlar aliment baxımından evli şəxslərlə eyni öhdəliyə malikdirlər (maddə 12).
21. Qeydiyyata alınan partnyorluğun ləğvi səbəbləri, nikahın ləğvi və ya boşanma səbəbləri ilə eynidir. Qeydiyyata alınan partnyorluğun ləğvi partnyorlardan birinin ölümü halında gerçəkləşir (maddə 13). Qeydiyyata alınan partnyorluğun ləğvi, həmçinin məhkəmə qaydasında digər əsaslarla da mümkündür: partnyorluq yaratmaq istəyinin olmaması (maddə 14), partnyorlardan birinin və ya hər ikisinin qüsuru və ya aradan qaldırılması mümkün olmayacaq fərqliliklər (maddə 15).
22. Qeydiyyata Alınan Partnyorluq haqqında Qanun, qüvvədə olan qanunvericiliyə bir sıra dəyişikliklər gətirərək, partnyorların vərəsəlik hüququ, əmək və sosial müdafiə hüququ, vergi hüququ, inzibati hüquq, şəxsi məlumatların məxfiliyi hüququ, pasport və qeydiyyat məsələləri və eləcə də, əcnəbilərin hüquqları sahəsində ər-arvadın sahib olduqları hüquqlara bərabər olmasını təmin edir.
23. Bununla bərabər, yalnız eyni cinsdən olan şəxslərin qeydiyyata alınan partnyorluq yaratması halını nəzərə almaqla, hələ də, nikah və partnyorluq anlayışları arasında fərqliliklər davam edir. Aşağıdakı fərqliliklər, qeydiyyata alınan partnyorluq qanununun qəbulundan əvvəl ictimai müzakirəyə səbəb olmuşdur: nikahın vətəndaş vəzyiyyəti aktlarının qeydiyyatı idarəsində qeydiyyata alınmasına baxmayaraq, qeydiyyata alınan partnyorluq rayon inzibati orqanlarında həyata keçirilir. Soyadın seçilməsi ilə bağlı qaydalar nikaha daxil olan şəxslərin soyad seçimindən fərqlənir. Məsələn, qanun partnyorların ortaq soyad seçdiklərində bunu “xüsusi soyad” olaraq müəyyənləsdirdiyi halda, ər-arvadın ortaq soyad seçimini “ailə soyadı” olaraq elan edir. Bununla belə, ən mühüm fərqlilik, tərəflərin valideynlik hüquqlarında əks olunmuşdur. Nikahin tərəfləri olan ər-arvaddan fərqli olaraq, partnyorlar övladlığa götürmə hüququna malik deyillər; həmçinin, partnyorlardan biri digərinin övladını övladlığa götürə bilməz (maddə 8, 4-cü bənd). Süni mayalanma da qadağan edilir (maddə 2, 1-ci bənd, Süni Mayalanma qanunu, For tpflanzungsmedizingesetz).
B. Müqayisəli Hüquq
1. Avropa Birliyi hüququ
24. 7 dekabr 2000-ci il tarixində imzalanan və 1 dekabr 2006-ci ildə qüvvəyə minən Avropa Birliyi Əsas İnsan hüquqları Xartiyasının 9-cu maddəsində deyilir:
“Nikaha daxil olmaq və ailə qurmaq hüququ bu hüquqların həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq təmin edilir”.
25. Xartiyanın Şərhinin müvafiq hissəsinə əsasən:
“Bəzi dövlətlərin daxili qanunvericiliyində nəzərdə tutulan yeni yanaşmalar və inkişaf sayəsində eyni cinsli cütlüklərin qəbulu və onlara qarşı açıqlıq mövcud olsa da, digər dövlətlər bu cütlüklərin nikah hüququnu açıq şəkildə istisna edən ictimai siyasət yeritməkdədir. Hal-hazırda eyni cinsli münasibətlər çox məhdud şəkildə və onlara nikah imkanı verilməyəcək dərəcədə tanınmaqdadır. Başqa sözlə, əksər dövlətlərin daxili hüququ nikaha daxil olmaq istəyən tərəflərin fərqli cinsiyyətə malik olması ideyasından çıxış edir. Buna baxmayaraq, Hollandiya və Belçikanın da daxil olduğu bəzi qrup dövlətlərdə, eyni cinsli şəxslərin nikahına qanunla icazə verilir. Skandinaviya dövlətləri və bəzi digər dövlətlər, əmlak bölgüsü, vərəsəlik hüququ və s. kimi nəticələri nikah münasibətlərini tənzimləyən müddəların partnyorluq münasibətlərinə də tətbiq olunması barədə qanun qəbul etmişlər. Eyni zamanda, “qeydə alınmış partnyor” ifadəsinin, bu birliklərin nikah münasibətləri tərəflərindən fərqləndirilməsi məqsədilə bilərəkdən seçildiyini və şəxslərin münasibətlərinin tanınmasına dair alternativ üsul olaraq qəbul edildiyini qeyd etmək zəruridir. Nəticədə, bu yeni institut nikaha daxil olması mümkün olmayan cütlüklər üçün nəzərdə tutulmuşdur və eyni cinsli şəxslərin nikah münasibəti tərəflərinin əldə etdikləri status və üstünlüklərə malik olmadığını göstərməkdədir.
Dövlətlərin daxili qanunvericiliyində nikaha dair müddəaların müxtəlifliyinə diqqət çəkmək məqsədilə, Xartiyanın 9-cu maddəsi daxili qanunvericiliyə göndəriş edir. İfadə edilmə şəklindən də göründüyü kimi, bu maddə digər beynəlxalq sənədlərə münasibətdə daha geniş məna əhatə edir. İnsan hüquqlarının müdafiəsinə yönəlmiş digər beynəlxalq vasitələrin əksinə olaraq, 9-cu maddənin müddəalarının açıq şəkildə “qadın və kişi” ifadəsinə yol vermədiyindən, eyni cinsli şəxslər arasındakı münasibətlərin nikah olaraq tanınması istisna olunmur. Buna baxmayaraq, dövlətlərin üzərinə daxili hüquq çərçivəsində belə nikahın tanınması öhdəliyi qoyulmamışdır. Beynəlxalq məhkəmələr və komitələr nikah hüququnun eyni cinsli cütlükləri də əhatə edəcək şəkildə tanınması barədə tərəddüd keçirməkdədirlər (...)”.
26. Mövzuyla bağlı Avropa Birliyinin bir sıra direktivləri mövcuddur.
Ailələrin təkrarən birləşməsi hüququna dair 22 sentyabr 2003 tarixli 2003/86/EC saylı Avropa Şurası Direktivi, üzv dövlətlərin ərazisində qanuni səkildə yaşayan üçüncü bir dövlətin vətəndaşlarının ailələri ilə yenidən birləşmək hüququnun qaydalarını nəzərdə tutur.
Direktivin “ailə üzvləri” başlığını daşıyan 4-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“Üzv dövlətlər IV başlığa uyğun olaraq, birləşən ilə uzun müddətli sabit münasibətləri mövcud olan üçüncü bir dövlətin vətəndaşını nikahda olmayan partnyor qismində tanıya, və ya 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada, birləşən ilə qeydə alınmış partnyor münasibətində olan üçüncü bir dövlətin vətəndaşının ölkə ərazisinə girişinə və yaşamasına icazə verə bilər (...)”.
Avropa Parlamenti və Şuranın 29 aprel 2004-cü il 2004/38/EC saylı Direktivi Avropa Birliyi vətəndaşlarının və onların ailə üzvlərinin üzv dövlətlərin ərazisində sərbəst səyahət və yaşamaq hüquqlarını nəzərdə tutur:
Direktivin 2-ci maddəsi aşağıdakı anlayışı nəzərdə tutur:
“2) “Ailə üzvü”:
a) Həyat yoldaşı;
b) Qəbul edən dövlətin qanunvericiliyində göstərilən qaydalara riayət olunması şərtilə qeydə alınmış partnyorluq münasibətlərini nikaha bərabər qəbul etdiyi halda, Avropa Birliyi vətəndaşının qeydiyyata alınmış partnyorluq münasibətində olduğu partnyoru;
c) 21 yaşından kiçik olan aşağı nəsildən gələn qohumları və ya öhdəsinə götürməkdə mükəlləf olduğu şəxslər və b) bəndində göstərilmiş partnyorun aşağı nəsildən olan qohumları;
d) Baxmaqla mükəlləf olduğu üst nəsil qohumları və ya (b) bəndində göstərilmiş partnyorun üst nəsil qohumları;”
2. Avropa Şurası üzv dövlətlərində müvafiq qanunvericiliyin vəziyyəti
27. Hal hazırda Belçika, İspaniya, Hollandiya, Norveç, Portuqaliya və İsveç olmaqla, qırx yeddi Avropa Şurası üzv dövlətlərindən sadəcə altısı eyni cinsli cütlüklərin nikahına imkan verir.
28. Əlavə olaraq, eyni cinsli cütlüklərin nikaha daxil olmalarına icazə verməmələrinə baxmayaraq, qanunvericilikdə dəyişiklik edərək, onların münasibətlərini qeydiyyatdan keçirmələrinə imkan verəcək şəkildə tənzimləyən on üç üzv dövlət mövcuddur: Andora, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İslandiya, Lüksemburg, Sloveniya, İsveçrə və Böyük Britaniya. Bir sözlə, eyni cinsli cütlüklərin on doqquz üzv dövlət ərazisində nikaha daxil olmaq və ya qeydiyyata alınmış partnyorluq münasibətlərini tanıtdırmaq hüquqları mövcuddur (bax: Burden v. the United Kingdom [GC], no. 13378/05, § 26, ECHR 2008).
29. İrlandiya və Lixtenşteyndə isə, eyni cinsli cütlüklərə qeydiyyata alınmış partnyorluq imkanı nəzərdə tutan islahatlar işlənib hazırlanmaqda və planlaşdırılmaqdadır. Əlavə olaraq, Xorvatiya, eyni cinsli cütlüklərin birlikdə yaşamalarını qəbul edən, amma qeydiyyatdan keçmə imkanı yaratmayan, məhdud qaydalar nəzərdə tutan qanunu qəbul etmişdir.
30. Məhkəmənin əlindəki məlumatlara əsasən, bu dövlətlərin böyük əksəriyyəti sözügedən qanunvericilik dəyişikliklərini keçən on il müddətində etmişlərdir.
31. Qeydiyyata alınan partnyorluğun hüquqi nəticələri dəyişkəndir: əsasən nikah münasibətlərindən irəli gələn hüquqi nəticələrə yaxın olmaqla bərabər, məhdudiyyətlərdə hüquqların tanınması da mümkündür. Partnyorluq münasibətlərindən irəli gələn nəticələri üç böyük qrupa ayırmaq mümkündür: maddi nəticələr, valideynlik nəticələri və digər nəticələr.
32. Maddi nəticələr partnyorluğun müxtəlif növ vergi, sağlamlıq sığortası, sosial sığorta ödəmələri və təqaüdlər üzərindəki təsirləridir. Dövlətlərin bir çoxunda, partnyorlar nikah tərəflərinin sahib olduqları statusa bənzər statusa sahibdirlər. Bu vəziyyət eləcə də, ortaq mülkiyyət və borc hüququ, ayrılma hallarında alimentin müəyyənləşdirilməsinə dair qaydalar, partnyorun ehtiyatsızlıqdan ölümü halında təzminat və vərəsəlik hüquqları kimi digər maddi nəticələrə də aid edilir.
33. Valideynlik məsələsində nəticələr qismində, hər dövlətdə müxtəlif şəkildə təzahür edən qeydiyyata alınan partnyorların tibbi müdaxilə yolu ilə mayalanması halları və ya övladlığa götürmə məsələləridir.
34. Digər nəticələr isə, partnyorun soyadından istifadə etməsi, xarici partnyorun yaşayış icazəsi və vətəndaşlıq vəziyyətinə təsiri, şahidlik etməkdən imtina, tibbi məsələlərdə valideynin statusu, partnyorun ölümü halında kirayə müqaviləsinin ötürülməsi və hüquqa uyğun olaraq transplantasiya məsələlərini əhatə edir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ŞİKAYƏTİN SİYAHIDAN ÇIXARILMASINA DAİR HÖKUMƏTİN TƏLƏBİ
35. Şifahi çıxışında Hökumət, Qeydiyyata Alınan Partnyorluq Qanununun eyni cinsli cütlüklərə, fərqli cinsli şəxslərin daxil olduğu nikah münasibətlərində sahib olduqları səviyyədə hüquqi statusa sahib ola bilmə imkanı verdiyini iddia etmişdir. Hökumət məsələnin tənzimlənmiş olduğunu və beləliklə də, şikayətin Məhkəmənin siyahısından çıxarılmasının əsaslandırıldığını iddia etmişdir. Hökumət Konvensiyanın müvafiq 37-ci maddəsinin 1-ci paragrafına istinad edir:
“1. Əgər işin halları aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:
(...)
b) məsələ öz həllini tapıbsa və ya;
(...)
Bununla belə, əgər bu Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmağa davam edir”.
36. Məhkəmə, Konvensiyanın 37-ci maddəsinin 1(b) bəndinin işin hallarına tətbiq olunmasına qərar vermək üçün iki sualı cavablamalıdır: ilkin olaraq, Məhkəmə, iddiaçılar tərəfindən birbaşa olaraq şikayət edilən halların hazırda mövcudluğunu, ikinci olaraq da, Konvensiyanın mümkün pozuntusunun nəticəsi olaraq yaranmış halların aradan qaldırılıb-qaldırılmadığını araşdırmalıdır (bax: Shevanova v. Latvia (siyahıdan çıxarılma) [BP], no 58822/00, § 45, 7 dekabr 2007).
37. Məhkəmə müşahidə edir ki, iddiaçıların şikayətlərinin əsasını, eyni cinsli cütlük olaraq, nikah hüquqlarının olmaması faktı təşkil edir. Bu vəziyyət qeydiyyata alınan partnyorluq qanununun qüvvəyə mindiyi vaxtdan sonra da davam edir. Hökumətin də qeyd etdiyi kimi, istinad edilən qanun, eyni cinsli cütlüklərin, nikaha bənzər və ya onunla müqayisə edilə biləcək bir statusa malik olmalarına icazə verməsinə baxmayaraq, onlara yalnız müxtəlif cinsli cütlüklər üçün nəzərdə tutulan nikaha daxil olmaq hüququnu verməmişdir.
38. Məhkəmə, şikayətin siyahıdan çıxarılması üçün vacib olan şərtlərin mövcud olmadığını nəzərə alaraq, Hökumətin tələbini rədd edir.
II. KONVENSİYANIN 12-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçilər, dövlət orqanlarınin nikahın bağlanması müraciətlərinə verdikləri rədd cavabının aşağıdakıları nəzərdə tutan Konvensiyanın 12-cı maddəsinin pozuntusu olduğunu iddia edirlər.
“Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər”.
Hökumət bu iddianı qəbul etmir.
A. Qəbuledilənlik
40. Məhkəmə hər ikisi də kişi cinsinə mənsub olan və nikah hüququ tələb edən ərizəçilərin şikayətlərinin Konvensiyanın 12-ci maddəsinin əhatə dairəsinə düşüb-düşmədiyi məsələsinin Hökumət tərəfindən ortaya qoyulduğuna diqqət çəkir. Bununla belə, Hökumət rationae materiae uyğunsuzluğu səbəbi ilə şikayətin qəbul ediləməz olduğu halına istinad etməmişdir. Məhkəmə, məsələnin kifayət qədər qarışıq olması səbəbindən, onun qəbulediləlik mərhələsində həll oluna bilməyəcəyi qənaətindədir.
41. Tərəflərin arqumentlərinə əsaslanaraq, Məhkəmə hazırki şikayətin Konvensiya üzrə mühüm faktlar və hüquqi məsələlər ehtiva etdiyini və mahiyyəti üzrə araşdırmanın zəruri olduğunu hesab edir. Bu səbəbdən Məhkəmə, şikayətin Konvensiyanın 35.3-cü maddəsinə münasibətdə mahiyyəti baxımından əsassız olmadığı qənaətindədir. Şikayətin qəbul edilməməzliyini əsaslandıra biləcək heç bir digər hal müəyyən edilməmişdir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
42. Hökumət, Məhkəmənin təcrübəsini nəzərə alaraq, ərizəçilərin Konvensiya ilə qorunan hər hansı hüquqlarının pozulmadığı qənaətinə gələn Konstitusiya Məhkəməsinin qərarına istinad edir.
43. Məhkəmə qarşısındakı şifahi çıxışlarında Hökumət, nikah haqqının təbiəti etibarilə, istər 12-ci maddənin birmənalı təfsirinin, istərsə də, Məhkəmənin təcrübənin nəticəsi olaraq, fərqli cinsli cütlüklər üçün, məhdud şəkildə nəzərdə tutulduğunu qeyd etmişdir. Hökumət, nikah institutuna münasibətdə Konvensiyanın qəbulundan bu yana, cəmiyyətdə əsaslı dəyişikliklərin mövcudluğunu nəzərə alaraq, Avropada eyni cinsli cütlüklərə nikah hüququnun tanınmasına dair konsensusun olmadığını və eləcə də, Əsas İnsan Hüquqları haqqında Avropa Birliyi Xartiyasının 9-cu maddəsinin mətnindən də bu qənaətə gəlmənin qeyri-mümkünlüyünü qeyd etmişdir. Çünki həmin maddənin müddəaları eyni cinsli şəxslərin nikah münasibətlərinin tənzimlənməsini ölkədaxili hüquqa həvalə edir.
44. Ərizəçilər, bu günkü cəmiyyətdə, artıq övlad dünyaya gətirmənin və onu maariflədirmənin nikahın əsasını təşkil etmədiyini və eləcə də, nikah institutunun həyatın bütün sferalarını əhatə edən bir ittifaq olduğu fikrini müdafiə edirlər. Əsaslı dəyişikliklərə məruz qaldığından, nikah institutunun artıq eyni cinsli şəxslər üçün imtinasını əsaslandıra biləcək səbəblər qalmamışdır. 12-ci maddənin yalnız qadın və kişilərin qarşı cinslə birlikdə nikah hüququna malik olduqları qismində açıqlanmasına zərurət qalmamışdır. Əlavə olaraq, ərizəçilər 12-ci maddədə müvafiq “dövlətdaxili qanunvericiliyə” göndərişin olmasını, dövlətlərə nikah məsələlərində qeyri-məhdud səlahiyyətlərin verildiyi ideyası qismində təfsirinin yolverilməzliyi qənaətindədirlər.
2. Müdaxilə edən üçüncü tərəflərin təqdimatları
45. Böyük Britaniya Hökuməti 12-ci maddənin, Məhkəmənin təcrübəsinə müvafiq olaraq, “müxtəlif bioloji cinsli şəxslər arasındakı ənənəvi nikah” qismində çıxış etdiyi qənaətindədir (bax: Sheffield and Horsham v. the United Kingdom 30 iyul 1998, § 66, Reports of Judgments and Decisions 1998‑V). Hökumət bu anlayışa yenidən qayıtmaq üçün heç bir əsas olamadığını qeyd edir.
46. Məhkəmə, bu günün tələblərinə cavab verəcək şəkildə şərh edilməsi zəruri olan Konvensiyanın canlı alət olduğunu qeyd etmiş və beləliklə də, standartlar baxımından üzv dövlətlər arasında konsensus mövcud olduğu halda, məhkəmə təcrübəsinin inkişafı məqsədilə bu yanaşmaya müraciət etmişdir. Nümunə olaraq, Məhkəmə Christine Goodwin Böyük Britaniya qarşı (BP), no 28957/95, ECHR 2002-VI) işində üzv dövlətlərin çoxunun bu tipli nikahlara icazə verdiklərini nəzərə alaraq, bir şəxsin keçirmiş olduğu əməliyyat nəticəsində sahib olduğu cinsdən olmayan digər bir şəxs ilə nikahı məsələsinə dair mövqeyini yenidən gözdən keçirmişdir. Bundan fərqli olaraq, eyni cinsli şəxslərin nikahını nəzərdə tutan normalarla əlaqədar konsensus mövcud deyildir. Üçüncü tərəf olan Hökumətinin arqumentlərini Məhkəməyə təqdim etdiyi dövrdə sadəcə üç üzv dövlətin eyni cinsli şəxslərin nikahına icazə verdiyini və digər iki dövlətin isə bu mövzuda təkliflər üzərində işlədiyini qeyd etmək zəruridir. Bu nikahlar, sosial, siyasi ve dini sahələrdə mübahisələr doğuran həssas bir məsələdir. Məsələ ilə bağlı konsensus olmaması səbəbindən, dövlətlər çox geniş mülahizə səlahiyyətinə malikdirlər.
47. Dörd qeyri-hökumət təşkilatı Məhkəməni, bu yaranmış fürsətdən istifadə edərək, nikah anlayışını genişləndirib, eyni cinsli şəxslərə də aid etməyə çağırır. Fərqli cinsli şəxslərin nikaha daxil ola bilmələrinə baxmayaraq, eyni cinsli şəxslər üçün bu imkanın olmaması cinsi baxımdan fərqli rəftara gətirib çıxarır. Onlar Karner Avstriyaya qarşı (no 40016/98, §37, ECHR 2003-IX) işinə istinad edərək iddia edirlər ki, bu tip fərqlilik yalnız “bir sıra xüsusi səbəblərin mövcudluğu” halında mümkündür. Bununla belə, bu səbəblərin mövcud olmadığını vurğulayıb, eyni cinsli şəxslərin nikahının qadağan edilməsinin, ənənəvi nikah və ailə münasibətlərinin qorunmasına xidmət etmədiyi kimi, həmin şəxslərə nikah imkanının verilməsinin də, nikahın ənənəvi əhəmiyyətini azaltmayacağına diqqət yetirirlər. Əlavə olaraq, evlilik institutu kifayət qədər dəyişikliklərə məruz qalmış və Məhkəmənin Christine Godwin (yuxarıdakı istinad, § 98) işində də qeyd etdiyi kimi, övlad sahibi olmağın qeyri-mümkünlüyü nikah hüququnun aradan qaldırılmasına dəlalət etmir. Dörd qeyri-hökumət təşkilatının da qeyd etdiyi kimi, Christine Godwin işi və hazırki iş arasındakı fərq Avropa konsensusu məsələsi ilə bağlıdır. Bununla belə, həmin təşkilatlar sözügedən fərqli rəftara münasibətdə obyektiv və haqlı səbəblərin yoxluğu şəraitində, Avropa konsensusuna da daha az önəmin verilməli olduğunu iddia edirlər.
48. Nəhayət, bu təşkilatlar, Cənubi Afrika Konstitusiya Məhkəməsinin, Ontario və Britaniya Kolumbiyasının (Kanada) appellyasiya məhkəmələrinin, Amerika Birləşmiş Ştatlarının Konnektikut, İowa və Massaçusetts ştatlarının apellyasiya məhkəmələrinin, eyni cinsli şəxslərin nikahına qadağa qoyulması faktının ayrı-seçkilik olduğunu elan edən qərarlarına əsaslanmışlar.
3. Məhkəmənin qiymətləndirməsi
a. Ümumi prinsiplər
49. Məhkəmənin əsaslı təcrübəsinə əsasən, 12-ci maddə, bir qadın və kişinin nikah və ailə qurmaq hüququnu təmin edir. Bu hüququn həyata keçirilməsi şəxsi, sosial və hüquqi müstəvidə bir sıra nəticələrin yaranmasına səbəb olur. Nikah hüququ “Razılığa gələn Yüksək Tərəflərin daxili qanunvericiliyinə” tabedir, lakin daxili qanunvericiliklə nəzərdə tutulan məhdudiyyətlər, sözügedən hüququn mahiyyətinə zərər verə biləcək formada və ya dərəcədə ola bilməz (B. and L. v. the United Kingdom, no. 36536/02, § 34, 13 sentyabr 2005, və F. v. Switzerland, 18 dekabr 1987, § 32, A seriyasi no 128).
50. Məhkəmə, eyni cinsdən olan iki şəxsin nikah hüququna malik olub-olmadıqları barədə şikayəti daha əvvəl araşdırmadığını qeyd edir. Bununla belə, Məhkəmənin transseksuallarla (sonradan cinsiyyətini dəyişmiş şəxslər) bağlı təcrübəsindən bəzi prinsiplər çıxarıla bilər.
51. Çoxsaylı ərizələrin əsasını təşkil edən məsələlərdən biri də, əməliyyat keçirmiş olan transseksualların, sonradan əldə etmiş olduqları yeni cinəmənsub biri kimi əksi cinsə mənsub şəxslə nikah hüququna malik olmamalarının 12-ci maddənin pozuntusu olub-olmaması ilə bağlıdır. Daha əvvəlki qərarlarında Məhkəmə hesab etmişdir ki, 12-ci maddənin əsasını təşkil edən ənənəvi nikah konsepsiyasına bağlılıq, Razılığa gələn Dövlətin nikah münasibətlərinə daxil olacaq şəxsin cinsinin müəyyənləşdirilməsində bioloji meyarın əsas götürməsinə davam etməsinə kifayət qədər əsas verir. Nəticə etibarilə, bu məsələ Razılığa gələn Dövlətin, nikah hüququnu daxili qanunvericiliklə tənzimlənməsi səlahiyyəti daxilində həyata keçirilməsini nəzərdə tutur (yuxarıda istinad edilən Sheffield və Horsham, § 67, Cossey v. the United Kingdom, 27 sentyabr 1990, § 46, A seriyası no 184, və Rees v. the United Kingdom, 17 oktyabr 1986, § 49-50, A seriyası no 106).
52. Christine Goodwin (yuxarıda istinad edilən, § 100-104) işində Məhkəmə, bu təcrübəsindən imtina etmişdir: Məhkəmə 12-ci maddədə bir qadın və kişinin nikah hüququna münasibətdə istifadə edilən ifadələrin, cinsi sırf bioloji meyarlar əsas alınaraq müəyyən edən ifadələr qismində qəbul edilməsinin artıq məcburi olmadığını göstərmişdir. Bu məqsədlə, Məhkəmə, Konvensiyanın qəbulundan bəri keçən müddət ərzində, cəmiyyətdə nikah institutunun əsaslı dəyişikliklərə uğradığına diqqət çəkmişdir. Eləcə də, Məhkəmə, 12-ci maddənin mətnindən fərqli şəkildə tərtib edilmiş Əsas İnsan Hüquqları barədə Avropa Birliyi Xartiyasının 9-cu maddəsinə də istinad etmişdir. Nəticədə Məhkəmə, əldə etmiş olduqları yeni cinsləri ilə transseksualların nikahı məsələsində geniş miqyaslı bir konsensusun olduğuna diqqət yetirmişdir. Son olaraq Məhkəmə, əməliyyat keçirmiş bir transseksual şəxsin, əldə etdiyi yeni cinsində, nikah hüququnun olmaması faktını Konvensiyanın 12-ci maddəsinin pozuntusu kimi dəyərləndirmişdir.
53. Məhkəmənin sonrakı iki işi də, hazırkı məsələ ilə əlaqəlidir: Parry v. the United Kingdom (qərar), no. 42971/05, AİHM 2006-XV, və R. and F. v. the United Kingdom (qərar), no. 35748/05, 28 noyabr 2006). Hər iki işdə, ərizəçilərdən biri qadın, digəri isə, keçirmiş olduğu əməliyyat nəticəsində kişi cinsindən qadın cinsinə keçmiş olan transseksualdan ibarət evli bir cütlükdür. Ərizəçilər, Konvensiyanın 12-ci maddəsinə müvafiq olaraq, 2-ci ərizəçinin cinsiyyət dəyişikliyinin tam və hüquqi qaydada tanınması üçün müraciət edəcəkləri halda, nikahlarının xitamına məcbur ediləcəkləri əsası ilə şikayət edirlər. Məhkəmə bu şikayəti açıq-aydın əsassız hesab edərək, rədd etmişdir. Məhkəmə, daxili qanunvericiliyin, cinsin doğumla və ya sonradan keçirilən əməliyyat nəticəsində əldə edilməsindən asılı olmayaraq, yalnız fərqli cinsiyyətə malik şəxslər üçün nikah hüququnu nəzərdə tutduğunu qeyd etmiş və eyni cinsli şəxslərin nikahına yol vermədiyini elan etmişdir. Eləcə də, 12-ci maddə, ənənəvi nikah anlayışını qadın və kişi arasındakı ittifaq olaraq elan edir. Məhkəmə çoxsaylı dövlətlərdə nikah hüququnun, eyni cinsli cütlükləri də əhatə edə biləcək şəkildə tənzimləndiyini elan etsə də, bu seçimin həmin dövlətlərdə nikahın rolunu əks etdirdiyini qeyd etmiş və 1950-ci il Konvensiyasında istinad edilən hüququn təfsirindən bu nəticənin çıxarılmasını mümkün hesab etməmişdir. Məhkəmə, əvvəlcədən mövcud olan evliliklərdə cinsiyyət dəyişikliklərinin nəticələrinin tənzimlənməsi məsələsini dövlətlərin mülahizə səlahiyyətləri çərçivəsində olduğunu qeyd etmişdir. Buna əlavə olaraq Məhkəmə, cütlüklərin, transseksual tərəfin yeni cinsiyyətinin hüquqi şəkildə tanınmasını təmin edilməsi üçün boşanması halında, ərizəçilərin mülki partnyorluq yaratma imkanına sahib olacaqları faktının şikayət edilən cinsiyyətin tanınması rejiminin mütənasibliyinə xidmət edəcəyini qeyd etmişdir.
b. Qeyd olunan prinsiplərin hazırki işə tətbiqi
54. Məhkəmə 12-ci maddənin nikah hüququnu yalnız kişi və qadın üçün nəzərdə tutduğunu qeyd edir. Fransız dilində olan versiyası isə aşağıdakı kimidir: “l’homme et la femme ont le droit de se marier”. Eləcə də, həmin maddə ailə yaratmaq hüququnu da özündə ehtiva edir.
55. Ərizəçilər 12-ci maddənin məzmununun, nikah hüququnu bir kişinin bir qadınla və ya bir qadının bir kişiylə evlənə bilməsi kimi şərhinə qarşı çıxırlar. Məhkəmə ayrılıqda baxıldıqda, 12-ci maddədə istifadə olunan sözlərin iki kişi və ya iki qadın arasındakı nikahı istisna etməyəcək şəkildə şərh oluna biləcəyini müşahidə edir. Bununla bərabər, Konvensiyanın digər müddəaları, ehtiva etdikləri hüquq və azadlıqların “hər kəs” üçün nəzərdə tutulduğunu və “heç kimin” qadağan olunmuş bəzi rəftarlara məruz qalmayacağını göstərməkdədir. 12-ci maddədəki söz seçiminin bilərəkdən seçilmiş olduğunu qəbul etmək zəruridir. Eləcə də, Konvensiyanın qəbulu zamanı mövcud olmuş şərait də nəzərə alınmalıdır. 1950-ci illərdə nikah, ənənəvi qaydada fərqli cinsə malik şəxslərin birliyini nəzərdə tuturdu.
56. Nikah hüququ ilə ailə qurmaq hüququ arasındakı münasibətlərə gəldikdə isə, Məhkəmə, cütlüyün övlad düşünməyinin və ya dünyaya gətirməyinin qeyri-mümkünlüyü halının nikah hüququnu aradan qaldırmayacağını qeyd etmişdir (yuxarıda istinad edilən Christine Goodwin, § 98). Bununla belə, bu nəticicə eyni cinsli şəxslərin nikahına münasibətdə hər hansı qərara gəlməyə imkan vermir.
57. Hər bir halda ərizəçilər, 12-ci maddənin hərfi mənasına əsaslanmırlar. Ərizəçilər əsasən, Konvensiyanın canlı alət olduğunu və bu günün şərtləri nəzərə alınaraq şərh olunmalı olduğunu ifadə edən Məhkəmə təcrübəsinə əsaslanmışlar (E.B. v. France [GC], no 43546/02, § 92, ECHR 2008-... və yuxarıda istinad edilən Christine Goodwin, § 74-75). Ərizəçilər şikayətlərində 12-ci maddəni, günümüz şərtlərində eyni cinsli cütlüklərin nikah hüququnu tanımaq və ya başqa sözlə, üzv dövlətləri, daxili qanunvericiliklərində bu halı nəzərə almağa məcbur edən şəklində təfsirinin lazım olduğunu iddia edirlər.
58. Məhkəmə bu arqument ilə razılaşmır. Hər nə qədər, Christine Goodwin qərarında nikah institutunun, Konvensiyanın qəbulundan bu yana əsaslı dəyişikliklərə məruz qalmış olduğunu qeyd etsə də, Məhkəmə eyni cinsli şəxslərin nikahına münasibətdə Avropada konsensus olmadığı qənaətindədir. Hazırda qırx yeddi Üzv dövlətdən yalnız altısı eyni cinsli şəxslərin nikahına imkan verir (bax: yuxarıdakı paragraf 27).
59. Cavabdeh Hökumətin və Britaniya Hökumətinin də qeyd etdiyi kimi, hazırki işin və Christine Goodwin işinin fərqləndirilməsi zəruridir. Istinad edilən işdə (yuxarıda istinad olunmuş, § 103), Məhkəmə transseksualların əldə etmiş olduqları cinslə daxil olacaqları nikaha münasibətdə vahid standartlar olduğunu elan etmişdir. Əlavə olaraq, həmin iş cinsiyyətin bioloji kriteriyalar əsasında deyil, tərəflərdən birinin cinsiyyət dəyişdirməsinin də daxil olduğu digər kriteriyalar nəzərə alınaraq, fərqli cinsə malik şəxslər arasındakı nikahla əlaqəlidir.
60. Konvensiyanın 12-ci maddəsi ilə Əsas İnsan Hüquqları haqqında Avropa Birliyi Xartiyasının 9-cu maddəsi arasındakı qarşılaşdırmaya gəlincə, Məhkəmə hazırda Xartiyanın bilərəkdən qadın və kişi anlayışını tərk etdiyini göstərir (bax: yuxarıda qeyd edilən Christine Goodwin, § 100). 2009-cu ilin dekabr ayından etibarən hüquqi cəhətdən məcburi xarakterə malik olan Xartiyanın şərhində də qeyd edildiyi kimi, 9-cu maddə, insan hüquqlarının müdafiəsinə yönəlmiş digər sənədlərin müddəalarından daha geniş məna kəsb edir (bax: yuxarıdakı paragraf 25). Eyni zamanda, daxili qanunvericiliyə edilən göndəriş, eyni cinsli şəxslərin nikahına icazə verən və ya bu tip nikahları açıq bir şəkildə qadağan edən dövlətlərin qanunvericiliklərində mövcud olan fərqliliyi əks etdirir. Xartiyanın 9-cu maddəsi daxili qanunvericiliyə göndəriş etməklə, bu nikahla icazə verilib verilməməsi məsələsini dövlətlərin öhdəsinə buraxır. Şərhdə də qeyd olunduğu kimi: “eyni cinsli şəxslərin münasibətlərinin tanınması baxımından heç bir əngəlin olmadığı ehtimal edilə bilər. Bununla belə, daxili qanunvericiliyin bu tip nikahları nəzərdə tutmaq kimi öhdəliyi mövcud deyildir”.
61. Xartiyanın 9-cu maddəsini də nəzərə alaraq, Məhkəmə, Konvensiyanın 12-ci maddəsində nəzərdə tutulmuş nikah hüququnun yalnız fərqli cinsiyyətlərə malik şəxsləri əhatə etdiyi ideyasını tərk etməkdədir. Nəticə olaraq, 12-ci maddənin ərizəçilərin şikayətinə tətbiqi istisna olunmur. Bununla belə, eyni cinsli şəxslərin nikahının icazəsi və ya qadağan edilməli Üzv dövlətlərin daxili qanunvericiliyinə əsasən tənzimlənməlidir.
62. Bu baxımdan Məhkəmə müşahidə edir ki, nikah cəmiyyətdən cəmiyyətə fərqlənən əsaslı sosial və mədəni mənaya malikdir. Məhkəmə cəmiyyətin ehtiyaclarını müəyyənləşdirmək və onlara cavab vermək baxımından daha uyğun mövqedə olan yerli orqanların qərarlarını öz qərarları ilə əvəz etməməlidir (yuxarıda istinad edilən B. and L. v. the United Kingdom, § 36).
63. Nəticədə, Məhkəmə Konvensiyanın 12-ci maddəsinin cavabdeh Hökumət üzərinə ərizəçilər kimi eyni cinsə malik cütlüklərin nikah hüquqlarının tanınması öhdəliyini qoymadığını elan edir.
64. Beləliklə, Konvensiyanın 12-ci maddəsi pozulmamışdır.
III. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
65. Ərizəçilər nikah hüququndan məhrum edilmiş olmaları və qeydiyyata alınmış partnyorluq qanununun qüvvəyə minməsindən öncə münasibətlərinin hüquqi olaraq tanınmasını təmin edən vasitə olmadığından Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsinə əsasən cinsi oriyentasiya səbəbiylə ayrı-seçkiliyə məruz qaldıqları barədə şikayət edirlər.
Konvensiyanın 8-ci maddəsində deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.
Konvensiyanın 14-cü maddəsində deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.
A. Qəbuledilənlik
1. Daxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi
66. Hökumət yazılı ifadəsində iddia etmişdir ki, ərizəçilər yerli orqanlar qarşısında nikah hüquqlarının olmamasından şikayət etmişlər və bu səbəbdən də, onların münasibətlərinin hüquqi olaraq tanınmasına dair heç bir digər mümkün vasitənin olmaması məsələsindən irəli gələn birbaşa və ya dolayı yolla irəli sürülmüş şikayətlər, daxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi səbəbiylə qəbuledilməzdir. Lakin Hökumət Məhkəmə qarşısındakı şifahi çıxışlarında bu məsələyə yenidən qayıtmamışdır. Əksinə, Hökumət qeydiyyata alınan partnyorluq məsələsinin də şikayətin əsasını təşkil edə biləcək məsələlərdən biri kimi qiymətləndirilməsini mümkün hesab etmişdir.
67. Ərizəçilər, eyni cinsli cütlük olaraq ayrı-seçkiliyə məruz qaldıqları faktının da şikayətin bir hissəsini təşkil etdiyini və öz konstitusiya şikayətlərində 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə aid Məhkəmə təcrübəsinə istinad etdiklərini qeyd edirlər.
68. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi, sonradan Strasburgda ediləcək şikayətlərin mahiyyət etibarilə və eləcə də, daxili sistemdə müəyyən olunmuş müddətdə və qaydada, daxili qurumlar qarşısında qaldırılmalı olduğunu nəzərdə tutur (bax: Akdivar and Others v. Turkey, 16 sentyabr 1996, § 66, Reports of Judgments and Decisions 1996-IV).
69. Hazırki işdə, yerli məhkəmə prosesləri, rəsmi dövlət orqanlarının ərizəçilərin nikahına yol verməməsi faktı ilə bağlı olmuşdur. İşin hallarının baş verdiyi tarixdə qeydiyyata alınan partnyorluq mümkün olmadığından, ərizəçilərin nikaha daxil olmaq halından başqa, münasibətlərini hüquqi cəhətdən tanıtdıra biləcəkləri digər bir vasitənin mümkünlüyü ehtimalını nəzərə almaq çətindir. Bu səbəbdən də, ərizəçilərin konstitusiya şikayətləri həmçinin, nikah hüququnun olmaması faktına söykənmişdir. Bu baxımdan, ərizəçilər ən azından mahiyyət etibarilə, münasibətlərini hüquqi cəhətdən tanıtdıra biləcəkləri digər hər hansı mümkün yolun olmadığından da şikayətlənirlər. Buna baxmayaraq, Konstitusiya Məhkəməsi məsələni həll etmək imkanına sahib olmuş və həqiqətən də, bəzi hüquqları evli olmayan cütlüklərə münasibətdə məhdudlaşdıraraq, hüququn hansı sahələrinin eyni cinsli şəxsləri ayrı seçkiliyə məruz qoyacağını müəyyənləşdirmənin qanunverici orqanın səlahiyyətinə daxil olduğunu qeyd etmişdir. Bu halda Məhkəmə, ərizəçilərin daxili hüquq müdafiə vasitələrini tükəndirmək öhdəliyini yerinə yetirdiklərinə inanır.
70. Hər bir halda Məhkəmə, alternativ hüquqi tanıma məsələsinin, hazırki şikayətin əsasını təşkil edən bir məsələ olaraq, nikah hüququnun olmaması məsələsi ilə sıx şəkildə əlaqəli olmasının diqqətə alınmasına dair Hökumətin fikrini paylaşır.
71. Bu səbəblərdən, Məhkəmə ərizəçilərin 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə istinadən qaldırdıqları şikayət ilə bağlı daxili hüquq müdafiə vasitələrini tükəndirmədiklərinə dair Hökumətin etirazını rədd edir.
2. Ərizəçilərin qurban statusu
72. Hökumət Məhkəmə qarşısındakı şifahi çıxışlarında, qeydiyyata alınan partnyorluq qanununun qüvvəyə minməsindən sonra ərizəçilərin hələ də iddia etdikləri pozuntunun qurbanı olmalarının davam edib etmədiyi məsələsini yenidən qaldırmışdır.
73. Məhkəmə xatırladır ki, ərizəçinin qurban statusu, həmin ərizəçiyə Məhkəmə qarşısında şikayət etdiyi hallar əsasında dövlətdaxili sistemdə təzminat ödənilib-ödənilməməsi və yerli orqanlar tərəfindən pozuntunun tanınıb-tanınmamasından asılıdır. Yalnız bu iki halın mövcud olduğu zaman Konvensiyanın subsidiarlıq mexanizmi bir şikayətin baxılmasına mane olur (bax: nümunə olaraq, Scordino v. Italy (qərar), no 36813/97, ECHR 2003-IV).
74. Hazırki işdə Məhkəmə ikinci şərtin yerinə yetirilmədiyini nəzərə alaraq, ilk şərtin yoxlamaq məcburiyyətində deyildir. Hökumət, qeydiyyata alınan partnyorluq qanununun, Konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə deyil, siyasət seçimi çərçivəsində qəbul edildiyini açıqca ifadə etmişdir (bax: aşağıdakı paragraf 80). Bu səbəbdən, istinad edilən qanunun qəbulu, ərizəçilər tərəfindən iddia edilən Konvensiya pozuntusunun tanınması hesab oluna bilməz. Bu səbəbdən, Məhkəmə Hökumətin, ərizəçilərin 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozuntusu halının qurbanı olduqlarını iddia edə bilməyəcəkləri barədə etirazını rədd edir.
3. Nəticə
75. Məhkəmə, tərəflərin arqumetləri əsasında, şikayətin Konvensiya çərçivəsində mahiyyət baxımından ciddi hüquqi və maddi məsələlər ortaya qoyduğunu hesab edir. Məhkəmə bu səbəbdən, hazırki şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi anlamında açıq şəkildə əsaslandırılmamış olmadığı qənaətindədir. Şikayətin qəbuledilməz elan edilməsi üçün heç bir başqa əsas da yoxdur.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
76. Ərizəçilər şikayətlərinin əsasını, eyni cinsli cütlük olmaları səbəbindən ayrı-seçkiliyə məruz qaldıqları faktının təşkil etdiyini iddia edirlər. Ərizəçilər, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin tətbiq oluna bilməsinə dair Hökumət ilə eyni mövqedən çıxış edərək, cinsiyyətə əsaslanan fərqliliklərdə olduğu kimi, cinsi oriyentasiyanın fərqliliklərinin qəbulu və əsaslandırılması üçün xüsusilə ciddi səbəblərin olması zərurətini qeyd edirlər. Bununla belə, ərizəçilər, nikah hüququndan məhrum edildikləri faktını əsaslandıra biləcək bu tip ciddi səbəblərin Hökumət tərəfindən təqdim edilmədiyini iddia edirlər.
77. Məhkəmənin Karner (yuxarıda istinad edilən iş, § 40) qərarından belə çıxır ki, ənənəvi ailənin qorunması kifayət qədər vacib və legitim məqsəddir, lakin bu məqsədə nail olmaq üçün müəyyən fərqləndirmələrin tətbiq olunmasının məcburi olduğunu açıqca sübut etmək lazımdır. Ərizəçilər iddialarında eyni cinsli cütlüklərin nikah hüququndan məhrum edilməsinin, ənənəvi ailənin qorunması baxımından məcburi olduğu ideyasını dəstəkləyəcək heç bir əsasın olmadığını iddia edirlər.
78. Ərizəçilər şifahi çıxışlarında qeydiyyata alınan partnyorluq haqqında qanunun qəbuluna münasibət bildirərək, evlilik ilə qeydiyyata alınan partnyorluq arasındakı fərqlərin ayrı-seçkilik yaratdığını iddia edirlər. Həmçinin, qeydiyyata alınan partnyorluq haqqında qanunun, evlilikdən fərqli olaraq, nişanlanmaya imkan vermədiyini, qeydiyyata alınan partnyorluğun rayon inzibati orqanlarında qeydiyyata alındığına istinad edirlər. Partnyorun ehtiyatsızlıqdan ölümü halında təzminat tələb etmək hüququnun olmaması və eləcə də, “ailələr”in malik olduğu bəzi üstünlüklərin partnyorlara və onlardan birinin eyni evdə yaşayan övladlarına aid edilib-edilməyəcəyi məsələsi tam həll edilməmişdir. Cinsi oriyentasiyaya əsaslanan fərqləndirmənin xüsusi ciddi səbəblərə görə əsaslandırılması tələb olunsa da, Hökumət heç bir belə ciddi səbəb göstərməmişdir.
79. Hökumət, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddənin bu işə tətbiq olunduğunu qəbul etmişdir. Bu günə qədərki Məhkəmə təcrübəsi eyni cinsli şəxslərin münasibətlərini “şəxsi həyat” olaraq elan etsə də, həmin münasibətlərin “ailə həyatı” ifadəsi çərçivəsində nəzərə alınması üçün kifayət qədər əsaslar mövcuddur.
80. 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin tələblərinə riayət olunmasına gəlincə, Hökumət, eyni cinsli cütlüklərə münasibətlərinin evlilikdən fərqli hər hansı hüquqi formada tanınıb-tanınmaması qərarını verməyi qanunvericinin səlahiyyətində olduğunu göstərir. Hökumət həmçinin göstərir ki, Avstriya qanunvericilik orqanları eyni cinsli şəxslərə belə bir imkanın verilməsini nəzərdə tutan qərar qəbul etmişdir. 1 yanvar 2010-cu il tarixində qüvvəyə minən Qeydiyyata Alınan Partnyorluq haqqında Qanununa əsasən, eyni cinsə malik cütlüklər evliliyə çox bənzəyən bir status müəyyən edən qeydiyyata alınan partnyorluq təsis edə bilərlər. Yeni qanun mülki hüquq, cinayət hüququ, əmək hüququ, sosial sığorta hüququ, vergi hüququ, inzibati hüquq, şəxsi məlumatların qorunması hüququ, pasport və qeydiyyat hüququ kimi bir sıra müxtəlif sahələri əhatə edir.
2. Üçüncü tərəflərin təqdimatları
81. 8-ci maddənin tətbiqi məsələsilə ilə əlaqədar, Böyük Britaniya Hökuməti qeyd edir ki, hər nə qədər Məhkəmə praktikası eyni cinsli münasibətləri “ailə həyatı” anlayışına daxil etməsə də, gələcəkdə bu münasibətlərin həmin anlayışa daxil edilməsi istisna olunmamalıdır. Bununla belə, 8-ci maddə ilə irgə götürülmüş 14-cü maddə eyni cinsli cütlüklərin nikah hüququ əldə etməsini və ya onların münasibətlərinin hüquqi tanınmasını təmin edəcək digər alternativ üsulların yaradılması öhdəliyini nəzərdə tutan müddəa qismində çıxış etməməlidir.
82. Tətbiq edilən fərqli rəftarın əsaslandırılmasına münasibətdə, Britaniya Hökuməti ərizəçilərin Məhkəmənin Karner işinin arqumentlərinə istinadını əsassız hesab edir. Həmin qərarda Məhkəmə, kirayə qanununa uyğun olaraq, eyni cinsli cütlüklərin heteroseksual cütlüklərə təmin edilən müdafiədən kənarda saxlanılmasının, ənənəvi mənada ailə münasibətlərinin qorunmasına yönəlmiş legitim məqsədə nail olmaq üçün zəruri olmadığını qeyd etmişdir. Hazırki işdə məsələ fərqlidir: məsələ nikah hüququ və digər hər hansı formada hüquqi tanınmanın təmin olunmasıdır. Eyni cinsli və heteroseksual cütlüklərə bu fərqli rəftarın əsası Konvensiyanın 12-ci maddəsində birbaşa göstərilmişdir.
83. Son olaraq üçüncü tərəf kimi iştirak edən Hökumət qeyd edir ki, Birləşmiş Krallıqda 2005-ci ilin dekabr ayında qüvvəyə minən 2004-cü il tarixli Mülki Partnyorluq haqqında Qanun eyni cinsli cütlüklərə münasibətdə vahid qeydiyyat sistemi yaratmışdır. Bununla belə, sözügedən qanun, sosial ədalət və ya bərabərliyin təmini baxımından siyasi seçim nəticəsi olaraq qəbul edilmişdir və Konvensiya bu tip bir imkanın yaradılmasına yönəlmiş pozitiv öhdəlik nəzərdə tutmur. Hökumətin qənaətincə, bu mövqe Məhkəmənin Courten v. the United Kingdom (no 4479/06, 4 noyabr 2008) işində qəbul etdiyi qərarda özünü göstərir.
84. Dörd qeyri-hökumət təşkilatı Məhkəməyə təqdim etdikləri ortaq təqdimatlarında xahish etmişlər ki, Məhkəmə birlikdə yaşayan partnyorlar arasındakı eyni cinsli münasibətlərin “ailə həyatı” anlayışına daxil olub-olmadığı barəsində fikrini bildirsin. Həmin qeyri hökumət təşkilatları, Karner (yuxarıdakı istinad, § 33) işində bu məsələnin cavabsız qalmasına diqqət çəkirlər. Onlar iddia edirlər ki, eyni cinsli cütlüklərin heteroseksual cütlüklərdə olduğu kimi uzunmüddətli hissi və cinsi münasibəti ehtiva edən bir münasibəti təsis edə biləcəkləri faktı artıq qəbul edilir və heteroseksual cütlüklərdə olduğu kimi, onların da münasibətlərinin hüquqi cəhətdən tanınmasına ehtiyac var.
85. Məhkəmə 12-ci maddənin Razılığa gələn Tərəflər üzərinə eyni cinsli cütlüklərin nikahına icazə verilməsi öhdəliyi qoyduğunu elan etməməsi halında, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin eyni cinsli cütlüklərin hüquqi tanınmasına yönəlmiş alternativ bir üsulun təsis edilməsi öhdəliyinin mövcud olub-olmaması məsələsinə aydınlıq gətirməlidir.
86. Qeyri-hökumət təşkilatları bu suala müsbət şəkildə cavab verir: ilk olaraq, hər hansı alternativ üsul irəli sürmədən eyni cinsli cütlüklərin evlilik halında tanınan bəzi haqq və üstünlüklərdən (məsələn sağ qalan partnyorun ölmüş partnyorun əmək haqqıını alması) məhrum edilməsi dolayı yolla ayrı seçkiliyə səbəb olur (bax: Thlimmenos v. Greece (BP), no 343/67, § 44, ECHR 2000-IV). İkincisi, onlar ərizəçilərin Karner (yuxarıdakı istinad) qərarına əsaslanaraq irəli sürdükləri arqumentləri ilə razıdırlar. Üçüncüsü, müdaxilə edən tərəflər bildirirlər ki, Avropadakı konsensusun vəziyyətinə görə nikah bağlamaq imkanı olmasa da, münasibətin alternativ hüquqi tanınması baxımından üzv Dövlətlərin öhdəliklər daşıması ideyasına verilən dəstək get-gedə artır. Hal-hazırda dövlətlərin təxminən 40 faizi eyni cinsli cütlüklərin, evlilik və ya başqa alternativ ad altında münasibətlərinin hüquqi baxımdan qeydiyyata alınmasına icazə verir (bax: yuxarıdakı 27-28-ci paragraflar).
3. Məhkəmənin dəyərləndirməsi
a. 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin tətbiqi
87. Məhkəmə cinsi orinetasiyaya əsaslanan ayrı-seçkilik mövzusunda çox saylı şikayət ərizəsini gözdən keçirmişdir. Bunlardan, yetkinlik yaşına çatmış şəxslər arasındakı homoseksual münasibətlərin cinayət qanunvericiliyinə əsasən qadağan olunması (bax: Dudgeon v. the United Kingdom, 22 oktyabr 198, A seriyası no; Norris v. Ireland, 26 oktyabr 1988, A seriyası no 142; ve Modinos v. Cyprus, 22 aprel 1993, A seriyası no 259) və homoseksualların ordudan tərxisi (bax: Smith and Grady v. the United Kingdom, no 33985 / 96 və 33986 / 96, ECHR 1999-IV) barədə şikayətlərə sadəcə 8-ci maddə tətbiq edilmişdir. Digərləri isə, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddə əsasında araşdırılmışdır. Bunlar cinayət qanunvericiliyində homoseksual cinsi əlaqəyə razılıq yaşı fərqlilikləri (L. and V. v. Austria, no 39392/98 və 39829/98, ECHR 2003-I), valideynlik hüquqlarının verilməsi (Salgueiro da Silva Mouta v. Portugal, no 33290/96, ECHR 1999-IX), övladlığa götürmə icazəsi (Fretté v. France, no 36515/97, ECHR 2002-I və yuxarıda istinad edilən E.B. v. France) və ölmüş partnyorun kirayə hüquqlarının ötürülməsi hüququ (yuxarıda istinad edilən Karner) kimi məsələləri əhatə etmişdir.
88. Hazırki işdə ərizəçilər şikayətlərini 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddə əsasında irəli sürmüşlər. Məhkəmə bu yanaşmaya əsaslanaraq məsələnin tədqiqinə davam edəcəkdir.
89. Məhkəmənin təcrübəsinə əsasən, 14-cü maddə Konvensiya və onun Protokollarında nəzərdə tutulan müddəaları tamamlayır. Yalnız həmin müddəaların təsbit etdiyi “hüquq və azadlıqların istifadəsi” ilə əlaqəli şəkildə nəticə yaratması səbəbindən 14-cü maddənin müstəqil tətbiqi mümkün deyildir. Eləcə də, 14-cü maddənin tətbiqi üçün istinad edilən bu maddələrin pozuntusu halı ilkin şərt deyildir və bu mənada 14-cü maddə avtonom xarakter daşıyır. Amma sözügedən şikayətlər Konvensiya maddələrindən bir və ya bir neçəsinin tətbiqi dairəsinə daxil olmazsa, 14-cü maddəyə əsaslanmaq mümkün olmayacaqdır (bax: məsələn, yuxarıda istinad edilən E.B. v. France, § 47, Karner §32 və Petrovic v. Austria, 27 mart 1998, § 22, Reports 1998‑II).
90. Hazırki şikayətdə ərizəçilər kimi eyni cinsli cütlüyün münasibətlərinin Konvensiyanın 8-ci maddəsinin nəzərdə tutduğu mənada “şəxsi həyat” anlayışına daxil olması mübahisələndirilmir. Bununla belə, Məhkəmə tərəflərin arqumentləri əsasında ərizəçilərin münasibətlərinin “ailə həyatı” təşkil edib-etmədiyini də araşdırmağı məqsədəuyğun hesab edir.
91. Məhkəmə fərqli cinsdən olan cütlüklərə dair təcrübəsini yeniləyərək, ailə anlayışını bu maddə çərçivəsində yalnız nikah hüququna əsaslanan münasibətlərlə məhdudlaşdırmamış və anlayışın evli olmadan birlikdə yaşayan şəxslər arasındakı de facto “ailə” bağlarını da əhatə edə biləcəyini göstərmişdir. Bu tip münasibətdən dünyaya gələn uşaq doğumundan etibarən “ailə” birliyinin parçasını təşkil edir (Elsholz v. Germany (BP), no 25735/94, § 43, ECHR 2000-VIII, Keegan v. Ireland, 26 may 1994, § 44, A seriyası no. 290, və Johnston and Others v. Ireland, 18 dekabr 1986, § 56, A seriyası no. 112).
92. Buna baxmayaraq, Məhkəmə təcrübəsi eyni cinsli bir cütlüyün arasındakı hissi və cinsi münasibətlərin yalnız “şəxsi həyat” anlayışını təşkil etdiyini elan etmiş və uzun müddət birlikdə yaşayan cütlüklərin vəziyyətinin “ailə həyatı” təşkil etmədiyi nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən Məhkəmə müşahidə etmişdir ki, Avropa dövlətlərinin bəzilərində homoseksuallar arasındakı stabil münasibətlərin hüquqi və rəsmi tanınması tendensiyasının artmasına baxmayaraq, Razılığa gələn Dövlətlər arasında çox kiçik ortaq mövqenin olmasına görə bu sahədə hələ də dövlətlərin mülahizə səlahiyyətləri genişdir (Mata Estevez v. Spain (qərar), no 56501/00, ECHR 2001-VI və ordakı istinadlar). Eyni cinsli cütlükdə sağ qalan partnyora ölmüş partnyorunun “ev” anlayışına daxil olan kirayə hüquqlarının ötürülməsini nəzərdə tutan Karner işində Məhkəmə bilərəkdən məsələnin həm də ərizəçinin “şəxsi həyat və ailə həyatını” əhatə edib-etmədiyi barədə sualı açıq saxlamışdır.
93. Məhkəmə 2001-ci ildə Mata Estevez işində qərar verdikdən sonra, bir sıra dövlətlərdə eyni cinsli cütlüklərə münasibətdə sürətli bir inkişafın olduğunu qeyd edir. Həmin tarixdən etibarən kifayət qədər Avropa dövləti eyni cinsli cütlüklərin hüquqi tanınmasını barədə qanunlar qəbul etmişlər. Eləcə də, bəzi Avropa Birliyi hüququndan irəli gələn müddəalarda da eyni cinsli cütlüklərin “ailə” anlayışına daxil edilməsi tendensiyasının artması müşahidə olunur (bax: yuxarıdakı paragraf 26).
94. Bu inkişafı da nəzərə alaraq, Məhkəmə eyni cinsli bir cütlüyün, heteroseksual cütlüyün əksinə 8-ci maddə çərçivəsində “ailə həyatına” sahib ola bilməyəcəyi fikrini davam etdirməsinin süni olacağı qənaətindədir. Yəni, birlikdə yaşayan və stabil münasibətə malik olan ərizəçilərin münasibətləri, eyni vəziyyətdəki heteroseksual cütlükdə olan kimi “ailə həyatı” anlayışına daxildir.
95. Bu səbəbdən Məhkəmə hazırki şikayətin faktlarının 8-ci maddənin mənası baxımından “şəxsi həyat” anlayışına daxil olduğu kimi, “ailə həyatı” anlayışına da daxil olduğu qənaətinə gəlir. Deməli, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddə bu işə tətbiq olunur.
b. 8-ci maddə ilə birgə göürülmüş 14-cü maddəyə riayət olunması
96. Məhkəmə təcrübəsində bir şikayətin 14-cü maddə əsasında irəli sürülə bilməsi üçün eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar mövcud olmalıdır. Obyektiv və ağlabatan bir səbəbin mövcud olmaması, qanuni məqsədin daşınmaması və ya istifadə edilən vasitələrlə nail olunması nəzərdə tutulan məqsəd arasında proporsionnalığın olmaması halında, bu tip fərq ayrı-seçkilik hesab ediləcəkdir. Bununla belə, Razılağa gələn Dövlətlər oxşar vəziyyətlərdə fərqliliklərin lazım olması və bu fərqliliyin hansı dərəcədə olması məsələlərində geniş mülahizə səlahiyyətinə malikdirlər (bax: yuxarıda istinad edilən Burden, § 60).
97. Bir tərəfdən Məhkəmə dəfələrlə, cinsi mənsubiyyətə əsaslanan fərqliliklərdə olduğu kimi, cinsi oriyentasiyaya əsaslanan fərqli rəftarın da xüsusilə ciddi səbəblərlə əsaslandırılması zərurətini qeyd etmişdir (yuxarıda istinad edilən, Karner, § 37, L. and V. v. Austria, § 45, və Smith və Grady, § 90). Digər tərəfdən, məsələ iqtisadi və ya sosial sahədəki strategiya ilə əlaqədardırsa, Dövlətə Konvensiyaya əsasən geniş mülahizə səlahiyyəti tanınır (bax: məsələn, Stec and Others v. the United Kingdom (BP), no. 65731/01, §52, ECHR 2006-VI).
98. Mülahizə səlahiyyətinin dairəsi işin hallarına görə, mövzuya və kontekstə görə dəyişir: bu baxımdan Razılığa gələn Dövlətlərin hüquq sistemləri arasında ortak dəyərlərin olmaması önəmli amillərdən birini təşkil edir (yuxarıda istinad edilən Petrovic, § 38).
99. Hər nə qədər tərəflər, ərizəçilərin heteroseksual cütlüklərlə eyni vəziyyətdə olub-olmadığı məsələsinə aydınlıq gətirməsələr də, Məhkəmə eyni cinsli cütlüklərin də eynilə heteroseksual cütlüklər kimi sabit və məsuliyyətli münasibətlərə qadir olması qənaətindədir. Yəni, ərizəçilər münasibətlərinin hüquqi cəhətdən tanınması və qorunması məsələsində heteroseksual cütlüklərə olduqca bənzər bir vəziyyətdədirlər.
100. Ərizəçilər ilkin olaraq, evlənmələrinin mümkün olmaması və Qeydiyyata Alınan Partnyorluq Qanununun qüvvəyə minməsindən öncə münasibətlərinin hüquqi cəhətdən tanınmasıını təmin edəcək alternativ bir vasitənin olmaması səbəbiylə ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edirlər.
101. Ərizəçilər iddia edirlər ki, 12-ci maddəyə əsasən nikaha girmək hüquqları olmasa belə, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəyə əsasən belə hüquqları vardır. Lakin Məhkəmə bu yanaşmanı qəbul etmir. Məhkəmə Konvensiyanın bütöv şəkildə oxunması zərurətini və bu səbəbdən maddələrin bir-biri ilə harmoniya təşkil etdiyini qeyd edir (bax: yuxarıda istinad edilən Johnston and Others, § 57). Konvensiyanın 12-ci maddəsinin Razılığa gələn Dövlətlər üzərində eyni cinsli cütlüklərin nikahına icazə vermək öhdəliyi qoymamasını nəzərə alaraq, daha geniş məqsədlər və məna əhatə etməsi səbəbilə, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəni belə bir öhdəlik yaratmasını iddia etmək düzgün deyildir.
102. Ərizəçilərin, şikayətlərinin ikinci hissəsinə, yəni alternativ hüquqi tanınmanın mövcud olmadığı faktına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilər Məhkəməyə şikayətlərini təqdim etdikləri zaman münasibətlərinin Avstriya hüququna görə tanınmasını təmin edəcək hər hansı bir vasitə yox idi. Bu vəziyyət Qeydiyyata Alınan Partnyorluq Qanununun qüvvəyə mindiyi 1 yanvar 2010-cu il tarixinə qədər davam etmişdir.
103. Məhkəmə bu baxımdan bir daha təkrar edir ki, fərdi şikayətdən irəli gələn bir ərizəyə baxılması prosesində o öz fəaliyyətini mümkün qədər konkret halın araşdırılması ilə məhdudlaşdırmalıdır (yuxarıda istinad edilən F. v. Switzerland, § 31). Hazırda ərizəçilərin qeydiyyata alınan partnyorluğa girməsinin mümkün olduğunu nəzərə alaraq, Məhkəmənin eyni cinsli cütlüklərin hüquqi olaraq tanınmasını təmin edəcək mexanizmin olmaması faktının 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozuntusu olub-olmadığını dəyərləndirməsinə ehtiyac yoxdur.
104. Hazırki şikayətdə həll olunmalı məsələ, cavabdeh Dövlətin ərizəçilərin münasibətlərinin hüquqi cəhətdən tanınmasını nəzərdə tutan qeydiyyata alınan partnyorluq haqqında qanun qüvvəyə minməzdən əvvəl belə bir mexanizmi təmin etmək öhdəliyinini olub-olmamasıdır.
105. Məhkəmə eyni cinsli cütlüklərin hüquqi tanınmasına dair Avropada yaranmaqda olan konsensusa diqqət çəkir. Bundan əlavə, bu tendensiya son onillikdə daha da artmaqdadır. Bununla belə, həmin cütlükləri hüquqi olaraq tanıyan dövlətlərin sayı çoxluq təşkil etmir. Bu səbəbdən, sözügedən sahə, konsensusun olmadığı və beləliklə, Dövlətlərin hüquqi dəyişikliklər etməsi üçün geniş mülahizə səlahiyyətinə malik olduqları sahə kimi qiymətləndirilməlidir (yuxarıda istinad edilən Courten və M.W. v. the United Kingdom (qərar), no. 11313/02, 23 iyun 2009, hər iki qərar Böyük Britaniyadakı Mülki Partnyorluq haqqında Qanunla bağlıdır).
106. 1 yanvar 2010-cu il tarixində qüvvəyə minən Avstriya Qeydiyyata Alınan Partnyorluq haqqında Qanunu yuxarıda bəhs edilən inkişafı açıq bir şəkildə ifadə etməkdədir və yeni ortaya çıxmaqda olan Avropa konsensusun bir hissəsidir. Avstriya qanunvericisi, Qeydiyyata Alınan Partnyorluq Qanununu daha əvvəl qəbul etmədiyi üçün tənqid edilə bilməz (bax: mutatis mutandis, yuxarıda istinad edilən Petrovic, § 41).
107. Nəhayət, Məhkəmə ərizəçilərin nikah və qeydiyyata alınan partnyorluq arasındakı bəzi fərqliliklər səbəbiylə hələ də ayrı-seçkiliyə məruz qaldıqları barədəki iddiasını araşdıracaqdır.
108. Məhkəmə qeyd edir ki, Konvensiyanın 12-ci maddəsi və eləcə də, 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddəsinə əsasən Dövlətlərin nikah hüququnu yalnız heteroseksual cütlüklər üçün nəzərdə tutması halı onların mülahizə səlahiyyəti dairəsindədir. Bununla belə, ərizəçilər iddia edir ki, əgər bir Dövlət eyni cinsli cütlüklər üçün alternativ hüquqi tanıma imkanı nəzərdə tutursa, bu yeni vasitə, adı fəqli olsa belə, hər baxımdan və hər sahədə nikaha bərabər bir status təklif etməlidir. Məhkəmə bu arqument ilə razılaşmır. Əksinə, Məhkəmə hesab edir ki, bu alternativ tanımanın statusu məsələsində Dövlətlər geniş mülahizə səlahiyyətinə sahibdirlər.
109. Məhkəmə Qeydiyyata Alınan Partnyorluq haqqında Qanunun ərizəçilərə evliliyə bərabər və ya ona bənzər bir hüquqi status əldə etmə imkanını yaratdığını qeyd edir (bax: 18-23-cü paragraflar). Maddi nəticələr baxımından çox kiçik fərqliliklər mövcud olsa da, valideynlik hüquqları baxımından bu fərqliliklər kifayət qədər böyükdür. Bununla belə, bu vəziyyət bütünlükdə digər Dövlətlərdəki vəziyyətə uyğundur (bax: 32-33-cü paragraflar). Bundan əlavə, hazırki şikayətdə bu fərqliliklərin hər birinin ayrı-ayrı araşdırılmasına ehtiyac yoxdur. Məsələn, ərizəçilər süni mayalanma və ya övladlığa götürmə məsələlərindəki məhdudiyyətlər barədə şikayət etmədiklərindən, bu fərqliliklərin əsasli olub-olmadığı hazırki işin əhatə dairəsindən kənardır. Bütövlükdə, cavabdeh Dövlətin qeydiyyata alınan partnyorluq vasitəsilə təmin edilən hüquq və öhdəliklərə dair seçimində mülahizə səlahiyyətindən kənara çıxdığına dair heç bir göstərici yoxdur.
110. Bu səbəbdən, Məhkəmə 8-ci maddə ilə birgə götürülmüş 14-cü maddənin pozuntusu halının mövcud olmadığını elan edir.
IV. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
111. Ərizəçilər evli cütlüklərlə müqayisədə iqtisadi sahədə, xüsusilə vergi sahəsində əlverişsiz şəraitdə olduqlarından şikayət etmişlər. Onlar aşağıda qeyd edilən 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusundan şikayət edirlər:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər dövlət rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
Qəbuledilənlik
112. Hökumət yazılı çıxışlarında ərizəçilərin iqtisadi sahədə məruz qaldıqları iddia edilən ayrı-seçkiliyə dair irəli sürdükləri şikayətlərinin daxili hüquq müdafiə vasitələrinin tükəndirilməmiş olması səbəbilə qəbulediləbilməz elan olunması fikrini irəli sürmüşdür. Lakin, Məhkəmə qarşısındakı şifahi çıxışlarında bu fikri yenidən səsləndirməmişdir.
113. Məhkəmə qeyd edir ki, ərizəçilər iqtisadi, xüsusilə vergi sahəsində ayrı-seçkilik məsələsinə, Konstitusiya Məhkəməsi qarşısında irəli sürdükləri eyni cinsli bir cütlük olaraq nikah hüquqlarının olmaması səbəbindən ayrı-seçkiliyə məruz qaldıqları barədəki əsas şikayətlərini təsvir etmək məqsədilə toxunmuşlar.
114. Hazırki işin halları çərçivəsində Məhkəmənin, ərizəçilərin daxili hüquq müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi məsələsini araşdırmasına ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, ərizəçilər ona ünvanladığı şikayətində iddia etdikləri 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə bağlı hər hansı ətraflı məlumat verməmişlər. Bu səbəblə, Məhkəmə hesab edir ki, şikayət əsaslandırılmamışdır.
115. Məhkəmə şikayətin açıq-aşkar əsaslandırılmamış olduğunu elan edir və onu, Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü paragraflarına əsasən rədd edir.
BU ƏSASLARLA MƏHKƏMƏ:Şikayətin siyahıdan çıxarılmasına dair Hökümətin tələbini yekdilliklə rədd edir;
Elan edir ki, ərizəçilərin şikayətləri Konvensiyanın 12-ci maddəsinə əsasən qəbulediləndir (1 səsə qarşı 6 səs);
Elan edir ki, ərizəçilərin şikayətlərinin Konvensiyanın 8-ci maddəsiylə birgə götürülmüş 14-cü maddəsinə əsasən qəbulediləndir (yekdilliklə);
Elan edir ki, şikayətin qalan səsi qəbuledilməzdir (yekdilliklə);
Elan edir ki, Konvensiyanın 12-ci maddəsinin pozuntusu baş verməmişdir (yekdilliklə);
Elan edir ki, Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 14-cü maddəsinin pozuntusu baş verməmişdir (3 səsə qarşı 4 səs).
Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən 24 iyun 2010-cu ildə İngilis dilində yazılı olaraq elan edilmişdir.
André WampachChristos Rozakis
Katib müaviniSədr
Hazırki qətnaməyə, Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq, aşağıdakı rəylər əlavə olunur:
– Hakimlər Rozakis, Spielmann və Jebensin birgə fərqli rəyləri ;
– Hakim Malinverninin, hakim Kovlerin də qoşulduğu razılaşma rəyi.
C.L.R.
A.M.W.
Ayrıca rəylər tərcümə olunmamışdır, lakin qətnamənin Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy