© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
ŞATŞAŞVİLİ (SCHATSCHASCHWILI) ALMANİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 9154/10)
QƏRAR
Strasburq
15 dekabr 2015-ci il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Şatşaşvili Almaniyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
İşıl Karakaş (Işıl Karakaş),
Andras Sayo (András Sajó),
Luis Lopes Gerra (Luis López Guerra),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Draqolyub Popoviç (Dragoljub Popović),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Kristina Pardalos (Kristina Pardalos),
Angelika Nyussberger (Angelika Nußberger),
Yuliya Laffrank (Julia Laffranque),
Helen Keller (Helen Keller),
Andre Potoki (André Potocki),
Pol Mahoni (Paul Mahoney),
Valeriu Qritsko (Valeriu Griţco),
Yon Fridrik Kölbro (Jon Fridrik Kjølbro),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
4 mart 2015-cü ildə və 8 oktyabr 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Gürcüstan vətəndaşı cənab Zviadi Şatşaşvili (Swiadi Schatschaschwili) (“ərizəçi”) tərəfindən 12 fevral 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Almaniya Federativ Respublikasına qarşı ərizə (№ 9154/10) əsasında başlanıb.
2. 29 dekabr 2013-cü il tarixli məktubla ərizəçinin vəkili Məhkəməni məlumatlandırdı ki, ərizəçi ona əsil adının Avtandil Sisvadze olduğu barədə məlumat verib. Məhkəmə tərəflərə məlumat verdi ki, şikayət ərizəsi üzrə icraatı "Şatşaşvili Almaniyaya qarşı" (Schatschaschwili v. Germany) adı altında davam etdirəcək. Bu, ərizəçinin hazırkı məsələ ilə bağlı ölkədaxili məhkəmələrdə aparılmış icraatda göstərilən adına, habelə Məhkəməyə təqdim etdiyi ərizədə göstərdiyi adına uyğun idi.
3. Hüquqi yardımla təmin edilmiş ərizəçini Bremendə vəkillik fəaliyyəti ilə məşğul olan cənab H. Mayer-Myus (H. Meyer-Mews) təmsil edib. Almaniya Hökumətini (“Hökumət”) onun nümayəndələri, Federal ədliyyə və istehlakçıların müdafiəsi nazirliyindən olan xanım A. Vittlinq-Fogel (A. Wittling-Vogel), cənab H.-Y. Berens (H.-J. Behrens) və xanım K. Ber (K. Behr) təmsil ediblər.
4. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndinə istinadən konkret olaraq iddia etdi ki, onun işi üzrə məhkəmə araşdırması ədalətsiz olub, çünki ona qarşı cinayət prosesinin hər hansı mərhələsində nə onun özünə, nə də vəkilinə şahidləri dindirmək imkanı verilməyib və onun məhkum edilməsi üçün Qottingen regional məhkəməsi 2007-ci ilin fevralında Qottingendə onun tərəfindən törədildiyi iddia edilən cinayətdən zərər çəkən və həmin cinayətin yeganə birbaşa şahidləri olan şəxslərin ifadələrinə əsaslanıb.
5. Ərizə Məhkəmənin Beşinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 15 yanvar 2013-cü ildə Hökumət şikayət ərizəsinə dair qeydlərini təqdim etdi. 17 aprel 2014-cü ildə hakimlər Mark Villiger (Mark Villiger) (sədr), Angelika Nyussberger, Boştyan M. Zupançiç (Boštjan M. Zupančič), Enn Pauer-Forde, (Ann Power-Forde), Qanna Yudkivska (Ganna Yudkivska), Helena Yaderblom (Helena Jäderblom) və Aleş Peyçhal (Aleš Pejchal), habelə Bölmənin katibi Klaudiya Vesterdikdən (Claudia Westerdiek) ibarət tərkibdə təşkil edilmiş Beşinci Bölmənin Palatası yekdilliklə ərizəni qismən qəbul olunan elan etdi və qərar çıxardı. O, iki səsə qarşı beş səslə qərara aldı ki, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndi ilə birlikdə götürülməklə 6-cı maddənin 1-ci bəndi pozulmayıb.
6. 15 iyul 2014-cü ildə ərizəçi Konvensiyanın 43-cü maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü Qaydasına uyğun olaraq işin Böyük Palatanın icraatına verilməsi barədə vəsatət verdi. 8 sentyabr 2014-cü ildə Böyük Palatanın kollegiyası həmin vəsatəti təmin etdi.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi. İşə baxılmasında daha iştriak edə bilməyən hakimlər Josep Kasadeval (Josep Casadevall) ilə İzabella Berronu (Isabelle Berro) yekun müşavirələrdə ehtiyat hakimlər Yon Fridrik Kölbro və Andras Sayo əvəz etdilər (24-cü Qaydanın 3-cü bəndi).
8. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə yaddaş qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi). Bundan əlavə, yazılı prosedurda üçüncü tərəf qismində iştirak etməsinə 3 noyabr 2014-cü ildə sədr tərəfindən icazə verilmiş Çexiya Hökumətinin qeydləri qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 3-cü bəndi).
9. Prosesə qatılmaq hüququ barədə məlumatlandırılmış (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və 44-cü Qaydanın 4-cü bəndi) Gürcüstan Hökuməti bu hüququnu həyata keçirmək istəyində olduğunu bildirmədi.
10. 4 mart 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) cavabdeh Hökumətin adından:
nümayəndə:
cənab H.-Y. Berens (H.-J. Behrens), Federal ədliyyə və istehlakçıların müdafiəsi nazirliyi,
məsləhətçilər:
cənab H. Satsger (H. Satzger); Münhen Universitetində cinayət hüququ üzrə professor,
cənab F. Tsimmerman (F. Zimmermann), Münhen Universitetində hüquq məsələləri üzrə köməçki,
cənab H. Petsold (H. Paetzold), Federal ədliyyə və istehlakçıların müdafiəsi nazirliyi,
cənab K. Tegethoff (C. Tegethoff); hakim, Aşağı Sansoniya əyalətinin ədliyyə nazirliyi;
b) ərizəçinin adından:
vəkil:
cənab H. Mayer-Myus (H. Meyer-Mews), hüquqşnas,
məsləhətçilər:
cənab A. Rotter (A. Rotter), hüquqşnas,
cənab Y. Lam (J. Lam), hüquqşnas.
Məhkəmə cənab Mayer-Myus ilə cənab Berensin çıxışlarını, habelə hakimlər tərəfindən verilmiş suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
11. Ərizəçi 1978-ci ildə anadan olub. Şikayət ərizəsini təqdim edərkən o, Rosdorf (Almaniya) həbsxanasında saxlanırılırdı. Hazırda Suramidə (Xaşuri bələdiyyəsi, Gürcüstan) yaşayır.
A. Kassel və Qottingendəki hadisələrin daxili məhkəmələr tərəfindən müəyyən edilmiş halları
1. Kasseldə törədilmiş cinayət
12. 14 oktyabr 2006-cı ildə axşam ərizəçi və kimliyi bilinməyən cinayət ortağı Kasseldə qadınların yaşadığı mənzildə iki Litva vətəndaşını – L. və I.-ni qarət etdilər.
13. Cinayətkarlar bilirdilər ki, mənzil fahişəlik üçün istifadə olunur və onun iki qadın sakininin orada zinət əşyaları və nağd pul saxladıqlarını düşünürdülər. Onlar axşama doğru mənzilin yaxınlığından keçdilər ki, orada heç bir müştərinin və ya aradüzəldənin olmadığına əmin olsunlar. Az sonra onlar geri qayıtdılar və qapının zənginə cavab vermiş L.-ə güc tətbiq etdilər. Ərizəçi əsil silaha bənzəyən qaz tapançasını hər iki qadına tuşladı və pulların saxlandığı yeri deməyəcəkləri təqdirdə onları güllələyəcəyi ilə hədələdi. Onun cinayət ortağı qadınları nəzarətdə saxladığı müddətdə ərizəçi bir hissəsini mənzildən topladığı və bir hissəsini zorla qadınlardan aldığı 1.100 avronu və altı mobil telefonu götürdü.
2. Qottingendə törədilmiş cinayət
14. 3 fevral 2007-ci ildə bir neçə cinayət ortağı ilə birlikdə hərəkət edən ərizəçi Latviya vətəndaşları olan, Almaniyada müvəqqəti yaşayan və fahişəliklə məşğul olan iki qadını – O. və P-ni onların Qottingendəki mənzilində qarət etdi.
15. Cinayətdən bir gün əvvəl 2 fevral 2007-ci ildə axşam ərizəçi ilə birlikdə təqsirləndirilənlərdən biri O. və P-nin tanışı olan digər cinayət ortağı R. ilə birlikdə O. və P-nin mənzilinin yaxınlığından keçdi. Onlar bu iki qadının mənzildə tək olub-olmadıqlarını və orada zinət əşyaları saxlayıb-saxlamadıqlarını yoxlamaq istəyirdilər və mətbəxdə seyf olduğunu aşkar etdilər.
16. 3 fevral 2007-ci ildə saat 20 radələrində ərizəçi və daha bir cinayət ortağı B. özlərini potensial müştəri kimi qələmə verərək O. və P-nin mənzilinə girə bildilər, başqa bir cinayət ortağı mənzilin yaxınlığında parklanmış avtomobildə, digər birisi isə binanın qarşısında onları gözləyirdilər. Mənzilə daxil olan kimi B. gödəkçəsində gəzdirdiyi bıçağı çıxardı. P. cinayətkarlardan qurtulmaq üçün yerdən təxminən iki metr hündürdə olan eyvandan tullandı və qaçıb getdi. Ərizəçi onun dalınca tullandı, amma bir neçə dəqiqə sonra küçədə həmin yerin yaxınlığından keçən adamlar peyda olduqda təqibdən vaz keçdi. Belə olan halda ərizəçi qadınların mənzilinin olduğu binanın qarşısında gözləyən, onunla birlikdə təqsirləndirilən şəxsə mobil telefonla zəng vurdu və dedi ki, qadınlardan biri eyvandan tullanıb və ərizəçi onu təqib etsə də cəhdi uğursuz olub. Ərizəçi onunla birlikdə təqsirləndirilən şəxslərlə görüş yerini razılaşdırdı, B. cinayət yerini tərk edən və onlara qoşulan kimi onlar maşınla ərizəçini həmin yerdən götürəcəkdilər.
17. Bu arada B. mənzildə O.-ya güc tətbiq etdikdən sonra bu qadınların pullarını harada saxladıqlarını deməyəcəyi və ya onun üçün seyfi açmayacağı təqdirdə onu bıçaqla öldürəcəyi ilə hədələdi. Həyatı üçün qorxuya düşən O. seyfi açdı və B. oradan 300 avro götürdü, həmçinin O. öz pul qabındakı 350 avronu da ona verdi. B. pulları və P.-nin mobil telefonunu, habelə mənzildəki stasionar telefonu götürərək saat 20.30 radələrində mənzili tərk etdi və o biri təqsirləndirilən şəxslərə qoşuldu. Sonra təqsirləndirilən şəxslər və B. razılaşdırılmış görüş yerində maşınla ərizəçini götürdülər. Saat 21.30 radələrində P. mənzilə, O.-nun yanına gəldi.
18. O. və P. cinayətin səhərisi hadisə barədə qonuşları E-yə xəbər verdilər. Sonra onlar qorxudan Qottingendəki mənzillərini bir neçə günlüyə tərk etdilər və Kasseldə törədilmiş cinayətdən zərər çəkənlərdən biri olan rəfiqələri L.-in yanında qaldırlar, onlar hadisə baş verdikdən bir gün sonra cinayət barəsində ona ətraflı məlumat vermişdilər.
B. Qottingendəki hadisələrlə bağlı istintaq prosesi
19. 12 fevral 2007-ci ildə L. Qottingendə O.-ya və P.-yə qarşı törədilmiş cinayət barəsində polisə məlumat verdi. 2007-ci il fevralın 15-i ilə 18-i arasında O. və P. 2 və 3 fevral 2007-ci il hadisələri ilə əlaqədar olaraq polis tərəfindən bir neçə dəfə dindirildilər. Bu müsahibələr zamanı onlar hadisələrin yuxarıda göstərilən gedişatını təsvir etdilər. Polis O. və P.-nin sənədlərini yoxladıqdan sonra müəyyən etdi ki, onların Almaniyada qalması və işləməsi Almaniyanın immiqrasiya və kommersiya qanunvericiliyinə uyğundur.
20. Şahidlər polis tərəfindən dindirilərkən qarşıdakı günlərdə Latviyaya qayıtmaq niyyətində olduqlarını bildirdiklərinə görə 19 fevral 2007-ci ildə cinayət təqibi orqanı işin istintaqını aparan hakimdən xahiş etdi ki, sonrakı məhkəmə araşdırmasında istifadə edilə biləcək etibarlı ifadə almaq üçün şahidləri dindirsin (“eine[r] im späteren Hauptverfahren verwertbare[n] wahrheitsgemäße[n] Aussage”).
21. Bunun ardınca 19 fevral 2007-ci ildə O. və P. işin istintaqını aparan hakim tərəfindən dindirildilər və hadisələrin yuxarıda göstərilən gedişatını yenidən təsvir etdilər. Həmin vaxt ərizəçiyə qarşı istintaq aparıldığı barədə ona məlumat verilməmişdi ki, istintaq hərəkətləri risk altında olmasın. Eləcə də onun barəsində hələlik həbs orderi verilməmişdi və hələ onu vəkil təmsil etmirdi. İşin istintaqını aparan hakim, Cinayət Prosessual Məcəlləsinin 168"c" bəndinə uyğun olaraq, şahidlərin onun tərərfindən dindirilməsi prosesinə ərizəçini dəvət etməmişdi (aşağıda 56-cı bəndə bax), çünki ehtiyat edirdi ki, onun qənaətincə cinayətdən xeyli dərəcədə şoka düşən və iztirab keçirən şahidlər ərizəçinin yanında həqiqəti söyləməkdən qorxarlar. Həmin dindirmədə şahidlər mümkün qədər tezliklə Latviyaya qayıtmaq niyyətində olduqlarını təsdiq etdilər.
22. Şahidlər O. və P. dindirmədən az sonra Latviyaya qayıtdılar. Sonradan ərizəçi 6 mart 2007-ci ildə həbs edildi.
C. Qottingen regional məhkəməsində keçirilmiş məhkəmə araşdırması
1. Məhkəmənin O. və P.-ni dindirmək cəhdləri və O. və P.-nin məhkəmə araşdırmasına qədər verdikləri ifadələrin qəbul edilməsi
23. Qottingen regional məhkəməsi O. və P.-ni sifarişli məktubla 24 avqust 2007-ci ildə keçiriləcək məhkəmə iclasına çağırdı. Lakin hər iki şahid məhkəmə iclasında iştirak etməkdən imtina edərək 9 avqust 2007-ci il tarixli tibbi arayışı əsas gətirdilər, orada deyilirdi ki, onlar qeyri-sabit post-travmatik emosional və psixoloji durumdadırlar.
24. Buna görə də regional məhkəmə 29 avqust 2007-ci ildə hər iki şahidə sifarişli poçt göndərişi ilə məktub göndərərək məlumat verdi ki, onları Almaniyada keçiriləcək məhkəmə iclasına məcburi qaydada gətirtmək səlahiyyətinə malik olmasa da, məhkəmə iclasında onları şahid qismində dinləmək istərdi. Məhkəmə vurğuladı ki, onlar Almaniyada müdafiə altında olacaqlar və məhkəmə iclasına gəlməyə görə çəkəcəkləri bütün xərclər onlara kompensasiya olunacaq və bir neçə seçim variantı təklif edərək soruşdu ki, onlar hansı şəraitdə məhkəmə iclasında iştirak etmək istərdilər. Hər iki məktubun alındığını təsdiqləyən bildiriş məhkəməyə göndərilsə də, P.-dən heç bir cavab alınmadı. O. isə, öz növbəsində, regional məhkəməyə yazılı məlumat verdi ki, hələ də cinayətin psixoloji travması altındadır və buna görə də nə məhkəmə iclasında şəxsən iştirak etməyə, nə də audiovizual rabitə vasitəsilə ifadə verməyə razı deyil. O. daha sonra bildirdi ki, 2007-ci ilin fevralında polis və işin istintaqını aparan hakim tərəfindən aparılmış müsahibələr zamanı verdiyi ifadələrə heç nə əlavə edə bilməz.
25. Bununla belə, regional məhkəmə hüquqi yardım barədə sorğudan sonra O. və P.-nin Latviya qanunvericiliyinə əsasən Latviyada məhkəmə qarşısına çıxmağa borclu olacaqlarını nəzərə alaraq, "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası"na əlavə edilmiş "Avropa İttifaqının üzvü olan dövlətlər arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 29 may 2000-ci il tarixli Konvensiya" (aşağıda 64-66-cı bəndlərə bax) əsasında hüquqi yardım üçün Latviyanın hakimiyyət orqanlarına sorğu göndərməyi qərara aldı. O, xahiş etdi ki, şahidlər Latviyadakı məhkəmə tərəfindən dindirilsinlər və dindirmənin audiovizual görüntüləri qeydə alınsın ki, onların ifadəsi regional məhkəmənin iclasına sərdlik edən hakim tərəfindən aparılacaq dinləmədə dinlənilsin (audiovisuelle Vernehmung). O, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndinə istinadən hesab etdi ki, hakimlər və ittiham tərəfi kimi müdafiəçi vəkil və təqsirləndirilən şəxs də ilk dəfə şahidlərə suallar vermək hüququna malik olmaılıdır.
26. Lakin səlahiyyətli Latviya məhkəməsi tərəfindən 13 fevral 2008-ci ilə təyin olunmuş O. və P.-nin şahid qismində dinlənilməsinin keçirilməsi həmin dinləməyə sərdlik edən Latviya hakimi tərəfindən həmin tarixdən az öncə ləğv olundu. Sonuncu bu qənaətə gəldi ki, şahidlər yenidən tibbi arayışları əsas gətirərək cinayət nəticəsində hələ də post-tramatik pozuntudan əziyyət çəkdiklərini sübut ediblər və Qottingen hadisələrini yenidən yaşamaq onların vəziyyətinin daha da ağırlaşması təhlükəsini yarada bilər. Bundan başqa, O. iddia etdi ki, təqsirləndirilən şəxslərin təhdidlərindən sonra mümkün qisasçılıq hərəkətlərindən qorxur.
27. Regional məhkəmənin sorğusu əsasında şahidlər tərəfindən Latviya məhkəməsinə təqdim edilmiş tibbi arayışların surətlərini alan regional məhkəmə 21 fevral 2008-ci il tarixli məktubla Latviya məhkəməsinə məlumat verdi ki, Almaniyanın cinayət qanunvericiliyinin normalarına əsasən, şahidlər ifadə verməkdən imtina etmələrini yetərincə əsaslandırmayıblar. Regional məhkəmə Latviyanın səlahiyyətli hakiminə təklif etdi ki, şahidlər dövlət səhiyyə sisteminin həkimi (Amtsarzt) tərəfindən müayinə olunsunlar, yaxud alternativ olaraq, məhkəmə iclasına məcburi qaydada gətirilsinlər. Sonuncu təklif cavabsız qaldı.
28. 21 fevral 2008-ci il tarixli qərarla regional məhkəmə şahidlərin məhkəməyəqədər araşdırmada verdikləri ifadələrin qəbul edilməsinə qarşı təqsirləndirilən şəxslərdən birinin vəkili tərəfindən irəli sürülmüş etirazı rədd edərək qərara aldı ki, O. və P.-nin polis və işin istintaqıını aparan hakim tərəfindən dindirilməsi haqqında protokollardakı qeydlər Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 1.2 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmə iclsında oxunsun (aşağıda 61-ci bəndə bax). O hesab etdi ki, həmin müddəaların tələb etdiyi kimi şahidlərin yaxın gələcəkdə dindirilməsini mümkünsüz edən qarşısıalınmaz maneələr mövcuddur. Məhkəmə araşdırmasının gedişində şahidlər O. və P.-ni dindirmək mümkün deyildi, çünki onlar istintaq mərhələsində ifadə verdikdən az sonra öz ölkələrinə – Latviyaya qayıtmışdılar və əsas məhkəmə araşdırmasında onların ifadələrinin dinlənilməsinə yönələn bütün cəhdlər boşa çıxmışdı, məcburiyyət tədbiri tətbiq etmək üçün isə məhkəmənin əlində heç bir vasitə tox idi. Məhkəmələrin azadlıqdan məhrumetmə ilə əlaqədar olan icraatları tez bir zamanda aparmağa borclu olduqlarını və təqsirləndirilən şəxslərin artıq xeyli müddət ərzində həbsdə saxlandıqlarını nəzərə alaraq, məhkəmə bu fikirə gəldi ki, bundan sonra da prosesi gecikdirmək üçün heç bir əsas yoxdur.
29. Regional məhkəmə vurğuladı ki, polisə və daha sonra işin istintaqını aparan hakimə bir neçə dəfə ifadə vermiş O. və P.-nin sonradan məhkəmə araşdırmasında ifadələrindən imtina edəcəklərini göstərən heç bir əlamət istintaq mərhələsində mövcud olmayıb. O hesab etdi ki, O. və P.-nin məhkəməyəqədər araşdırmada verdikləri ifadələrin məhkəmə prosesində sübut qismində qəbul edilməsinin müdafiə tərəfi üçün məhdudiyyətlər yaranması ilə nəticələnəcəyinə baxmayaraq, bütövlükdə məhkəmə araşdırması ədalətli şəkildə və Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndinə uyğun surətdə aparıla bilər.
2. Regional məhkəmənin qərarı
30. 25 aprel 2008-ci il tarixli qərarla Qottingen regional məhkəməsi yuxarıda qeyd edilmiş faktları nəzərdən keçirərək ərizəçini digər təqsirləndirilən şəxslərlə birlikdə, müvafiq olaraq, 14 oktyabr 2006-cı ildə Kasseldə və 3 fevral 2007-ci ildə Qottingendə törətdiyi əməllərə görə, yəni məcburiyyət tətbiq etməklə ağırlaşdırıcı hallarla pulqoparma və ağırlaşdırıcı hallarla soyğunçuluq əməllərinə görə iki bənd üzrə məhkum etdi. O, məhkəmə araşdırmasında vəkillə təmsil olunmuş ərizəçiyə doqquz il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdi.
a) Kasseldəki cinayətə dair mövcud sübutların qiymətləndirilməsi
31. Regional məhkəmənin ərizəçi tərəfindən Kasseldə törədilmiş cinayətlə bağlı faktlara dair qənaətləri məhkəmə araşdırmasında zərərçəkənlər L. və I-nin verdikləri ifadələrə əsaslanırdı, onlar tərəddüd etmədən cinayətkar kimi ərizəçini göstərmişdilər. Bundan başqa, həmin məhkəmə qeyd etdi ki, onların ifadələri ilkin istintaq zamanı hadisə yerinə baş çəkmiş və L. və I-ni dindirmiş polis əməkdaşlarının məhkəmə araşdırmasında verdikləri ifadələrlə təsdiqlənir. Bu elementləri nəzərə alaraq, regional məhkəmə hesab etdi ki, öncə təqsirsiz olduğunu iddia etmiş, sonradan isə L. və I-nin mənzilində olduğunu və qadınlarla mübahisə etdikdən sonra yalnız 750 avro oğurladığını etiraf etmiş ərizəçinin arqumentləri təkzib olunur.
b) Qottingendəki cinayətə dair mövcud sübutların qiymətləndirilməsi
i) O. və P.-nin ifadələri
32. Qottingendəki cinayətə dair faktları müəyyənləşdirərkən regional məhkəmə konkret olaraq ittiham tərəfinin əsas şahidləri (maßgebliche[n] Belastungszeuginnen) hesab olunan zərərçəkənlər O. və P.-nin məhkəməyəqədər araşdırma zamanı dindirilərkən polislərə və işin istintaqını aparan hakimə verdikləri ifadələrə əsaslandı.
33. Həcmi 152 səhifəyə yaxın olan qərarında regional məhkəmə qeyd etdi ki, məhkəməyəqədər araşdırma zamanı aparılmış O. və P.-nin dindirilməsinin protokollarındakı qeydlərin sübutedici dəyərinin azalmasından xəbərdardır. Bundan başqa, o, bu faktı nəzərə aldı ki, nə ərizəçi, nə də onu müdafiə edən vəkil prosesin hər hansı mərhələsində Qottingendəki cinayətin birbaşa şahidləri olmuş şəxsləri dindirmək imkanına malik olmayıblar.
34. Regional məhkəmə qeyd etdi ki, istintaq mərhələsində O. və P.-nin dindirilməsi göstərdi ki, onlar cinayətin hallarını təfsilatlı və ziddiyyətsiz şəkildə təsvir ediblər. Onların ifadələrindəki xırda uyğunsuzluqları öz yaşayış yerlərini və məşğuliyyətlərini hakimiyyət orqanlarına açıqlamamaqda maraqlı olmaları ilə və insident zamanı və ondan sonra məruz qaldıqları psixoloji gərginliklə izah etmək olardı. Şahidlər polislə problemlərinin olacağından və cinayətkarların qisasından qorxurdular. Onların hadisədən dərhal sonra cinayət barədə məlumat verməmələri və polisə yalnız 12 fevral 2007-ci ildə bu barədə rəfiqələri L.-in məlumat verməsi bununla izah olunurdu.
35. Regional məhkəmə daha sonra bu fakta diqqət yetirdi ki, O. və P. polis tərəfindən dindirilərkən onlara şübhəli şəxsləri tanımaları üçün bir neçə fotoşəkil təqdim edildiyi zaman ərizəçini tanımamışdılar. O qeyd etdi ki, insident zamanı şahidlərin diqqəti özü ilə bıçaq gəzdirən cinayətkara yönəlmişdi, ərizəçi isə mənzildə yalnız qısa müddətə qalmışdı. Şahidlərin ərizəçini tanıya bilməmələri göstərirdi ki, müdafiə tərəfinin iddiasının əksinə olaraq, onlar ifadələrini verərkən ərizəçini qəsdən ittiham etmək niyyətində deyildilər. Bundan başqa, məhkəmə hesab etdi ki, şahidlərin məhkəmə araşdırmasına gələ bilməməsi onunla izah oluna bilər ki, cinayəti xatırlamaları və bu barədə onlara suallar verilməsi onlar üçün ağırdır və buna görə də məhkəməyə gəlməmələri onların ifadələrinin etibarlılığına təsir göstərmir.
ii) Əldə olan əlavə sübutlar
36. Faktları müəyyənləşdirərkən regional məhkəmə daha sonra aşağıdakı əlavə sübutları nəzərə aldı: cinayət baş verdikdən az sonra O. və P.-nin bu barədə xəbər verdikləri bir neçə şahidin, yəni zərərçəkənlərin qonşusu E.-nin və onların rəfiqəsi L.-in məhkəmə araşdırmasında verdiyi ifadələri, habelə məhkəməyəqədər araşdırma zamanı O. və P.-ni dindirmiş polis əməkdaşlarının verdikləri ifadələri və işin istintaqını aparmış hakimin məlumatlarını; ərizəçinin və onunla birlikdə təqsirləndirilən şəxslərin mobil telefonlarından dinləmə yolu ilə əldə edilmiş məlumatları və təqsirləndirilən şəxslərdən birinin maşınındakı peyk əsaslı qlobal məkan təyini sistemi ("GPS") qəbuledicisinin vasitəsilə əldə edilmiş coğrafi məkan barədə informasiyaları; sözügedən vaxtda zərərçəkənlərin mənzilində olduğunu məhkəmə araşdırması zamanı ərizəçinin etiraf etməsini; və Kasseldə və Qottingendə baş vermiş cinayətlərin törədilmə üsullarının oxşarlığını.
37. Regional məhkəmə vurğuladı ki, şahidlər O. və P.-nin məhkəməyə gələ bilməyəcəyi bəlli olan kimi o, zərərçəkənlərin ifadələrinin etibarlılığını yoxlamaq üçün sözügedən hadisələrlə bağlı O. və P. ilə təmasda olmuş mümkün qədər çoxlu sayda şahidlərin məhkəmə araşdırmasında dinlənilməsini təmin edib.
38. Regional məhkəmənin rəyinə görə, məhkəməyəqədər araşdırmadakı ifadələrində O. və P.-nin hadisələrlə bağlı ətraflı təsvirlərinin cinayətdən sonra səhər qonşuları E.-yə verdikləri məlumata uyğun olması faktı onların ifadələrinin etibarlılığının və həqiqətə uyğunluğunun ciddi təzahürü idi. E. daha sonra ifadəsində bildirmişdi ki, ahıl qadın olan digər bir qonşu 3 fevral 2007-ci ildə axşam saat 21.30 radələrində pəncərəsinin qarşısında P.-nin qaçdığını görərək qorxmuş və hirslənmiş, ona zəng vurmuş və xahiş etmişdi ki, nə baş verdiyini öyrənmək üçün onunla birlikdə qadınların mənzilinə getsin. Amma qonşuları qapının zəngini çalarkən O. və P. cavab verməmişdilər.
39. Regional məhkəmə daha sonra qeyd etdi ki, O. və P.-nin hadisələrlə bağlı təsvirləri həm də onların rəfiqəsi L.-in cinayətdən sonra O. və P. ilə söhbətlərini yada salaraq söylədikləri ilə uyğun gəlirdi.
40. Bundan əlavə, regional məhkəmə qeyd etdi ki, məhkəməyəqədər araşdırma mərhələsində O. və P.-ni dindirmiş üç polis əməkdaşı və işin istintaqını aparan hakim məhkəmə araşdırmasında bildirmişdilər ki, O. və P.-nin ifadələrini etibarlı hesab edirlər.
41. Regional məhkəmə vurğuladı ki, nə müdafiə tərəfi, nə də məhkəmənin özü məhkəmə araşdırmasında və ya dindirmə zamanı audiovizual rabitə vasitəsilə əsas şahidlərin davranış tərzini müşahidə etmək imkanına malik olmadığına görə şahidlərin ifadələrinin etibarlılığına polis əməkdaşlarının və işin istintaqını aparmış hakimin verdikləri qiymətin düzgünlüyünün qiymətləndirilməsinə xüsusi diqqətlə yanaşmalı olub. Məhkəmə daha sonra vurğuladı ki, şahidlərin qonşusu E.-nin və onların rəfiqəsi L.-in verdikləri ifadələri nəzərə alarkən o, bu fakta xüsusi diqqət yetirib ki, onların ifadələri başqasından eşitdikləri sözlərə əsaslanıb və buna görə də xüsusi diqqətlə qiymətləndirilməlidir.
42. Bu kontekstdə o da əhəmiyyətlidir ki, O. və P.-nin ifadələri, habelə məhkəmə araşdırmasında dinlənilmiş əlavə şahidlərin ifadələri digər mühüm və qəbul edilə bilən sübutlarla, məsələn, təqsirləndirilən şəxslərin mobil telefonlarından dinləmə yolu ilə və GPS vasitəsilə əldə edilmiş informasiyalarla təsdiqlənirdi. Sözügedən informasiyalar müvafiq dövrdə Qottingendə narkotiklərlə bağlı cinayətkarlıq mühitində reketçilik və pulqoparma şübhəsi əsasında təqsirləndiriləm şəxsə qarşı aparılan cinayət istintaqının gedişində polis tərəfindən həyata keçirilmiş müşahidə tədbirləri kontekstində toplanmışdı.
43. Coğrafi məkan məlumatlarından və ərizəçi və onunla birlikdə təqsirləndirilən şəxslərdən birinin 3 fevral 2007-ci ildə axşam saat 20.29-da və 20.31-də iki mobil telefonla apardıqları söhbətlərin qeydə alınmış məzmunundan belə çıxırdı ki, ərizəçi B. ilə birlikdə zərərçəkənlərin mənzilində olub və zərərçəkənlərdən biri qaçdığı zaman onu təqib etmək üçün eyvandan tullanıb, amma onu tuta bilməyib, B. isə bu müddətdə mənzildə qalıb. Bundan başqa, GPS məlumatlarının təhlili göstərirdi ki, təqsirləndirilən şəxslərdən birinin maşını 3 fevral 2007-ci ildə axşam saat 19.58-dən 20.32-dək hadisə yerinin yaxınlığında parklanıb, bu müddət sözügedən soyğunçuluğun baş verdiyi vaxtla üst-üstə düşürdü.
44. Bundan başqa, ərizəçi və onunla birlikdə təqsirləndirilən şəxs soyğunçuluqda iştiraklarını və ya cinayəti öncədən planlaşdırdıqlarını inkar etmişdilər, onların məhkəmə araşdırmasında verdikləri ifadələr ən azı təsdiq edirdi ki, təqsirləndirilən şəxslərdən biri R. ilə birlikdə cinayət ərəfəsində axşam vaxtı zərərçəkənlərin Qottingendəki mənzilinə gedib və onların hamısı cinayət baş verən zaman zərərçəkənlərin mənzilinin yaxınlığında parklanmış maşında olublar. Sonradan təqsirləndirilən şəxs əvvəlcə mənzildə insident zamanı başqa cinayətkarla R-in olduğunu bildirmişdi. Daha sonra ərizəçi ifadələrində dəyişiklik etdi və bildirdi ki, qadınların fahişə qismində göstərdikləri xidmətlərdən istifadə etmək məqsədi ilə 3 fevral 2007-ci ildə zərərçəkənlərin mənzilinə onunla B. gəlmişdi. Sonra isə o etiraf etdi ki, eyvandan tullanıb qaçan P.-ni təqib edib. O izah etdi ki, bunu onun qonşuları və ya polisləri çağırmaması üçün edib, çünki özünün cinayətkar keçmişini nəzərə alaraq, o, öncə Kasseldə fahişələrlə analoji hadisə zamanı üzləşmiş olduğu problemlər ucbatından işə düşəcəyindən qorxurdu.
45. Nəhayət, regional məhkəmə hesab etdi ki, mənzildə fahişəliklə məşğul olan zərər çəkmiş iki əcnəbi qadına qarşı cinayətlərin çox oxşar tərzdə törədilməsi ərizəçinin Qottingendə törədilmiş cinayətdə iştirak etdiyini göstərən əlavə element idi.
46. Regional məhkəmənin rəyinə görə, birlikdə götürülmüş halda sübutlar toplusu ümumən hadisələrin ardıcıl və dolğun mənzərəsini yaradırdı və bu mənzərə şahidlər O. və P. tərəfindən təqdim edilmiş versiyanı təsdiqləyir və məhkəmə araşdırmasının gedişində ərizəçinin və onunla birlikdə təqsirləndirilən şəxslərin hadisələrə dair irəli sürdükləri ziddiyyətli versiyaları təkzib edirdi.
D. Federal ədalət məhkəməsindəki icraat
47. Vəkillə təmsil olunan ərizəçi 23 iyun 2008-ci ildə Qottingen regional məhkəməsinin hökmündən hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayəti verdi. O şikayət etdi ki, prosesin hər hansı mərhələsində Qottingendə törədilmiş cinayətin yeganə birbaşa və əsas şahidlərinə suallar vermək imkanına malik olmayıb ki, bu da Konvensiyanın 6-cı maddəsinin 1 və 3"d" bəndlərinin pozuntusudur. İşin istintaqını aparan hakim tərəfindən O. və P.-nin dindirilməsindən əvvəl cinayət təqibi orqanları Federal ədalət məhkəməsinin presedent hüququna zidd olaraq (ərizəçi 25 iyul 2000-ci il tarixli məhkəmə qərarına istinad etdi – aşağıda 58-59 və 62-ci bəndlərə bax) ona müdafiəçi vəkilin təyin olunmasını tələb etmədiklərinə görə onların ifadələri məhkəmə araşdırmasında sübutlar sırasından çıxarılmalı idi.
48. 9 sentyabr 2008-ci ildə Federal baş prokuror vəsatət verdi ki, ərizəçinin hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayəti Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq yazılı prosedurda açıq-aydın əsassız şikayət kimi Federal ədalət məhkəməsi tərəfindən rədd edilsin (aşağıda 63-cü bəndə bax). Federal baş prokuror iddia etdi ki, ərizəçinin O. və P.-yə suallar verə bilməsi məsələsində prosesin "tam uğursuzluqla" (“Totalausfall des Fragerechts”) xarakterizə olunması həqiqət olsa da, bütövlükdə proses ədalətli idi və O. və P.-nin şahid ifadələrini sübutlar sırasından çıxarılmaq üçün heç bir əsas yox idi.
49. Federal baş prokuror hesab etdi ki, məhkəmə iclasında oxunmuş şahid ifadələrinə dair protokoldakı qeydlərin məzmunu regional məhkəmə tərəfindən diqqətlə və tənqidi şəkildə qiymətləndirilib. Bundan başqa, zərərçəkənlərin ifadələri ərizəçinin regional məhkəmə tərəfindən məhkum edilməsi üçün nə yeganə, nə də həlledici əsas idi, çünki sonuncunun qənaətləri əlavə mühüm sübutlara əsaslanmışdı. Çoxlu sayda təsdiqedici dəlillər göstərirdi ki, ərizəçi ittiham tərəfinin iki şahidinin ifadələrinin etibarlılığını şübhə altına almaq və özünü effektiv şəkildə müdafiə etmək üçün yetərincə imkana malik idi.
50. Regional məhkəmənin gətirdiyi əsaslarla razılaşaraq Federal baş prokuror daha sonra qeyd etdi ki, O. və P.-ni şahid qismində dindirmək məsələsində müdafiə tərəfinin hüquqlarının məhdudlaşdırılmasında hakimiyyət orqanlarının təqsirkar olduqlarını göstərən heç nə yoxdur. Cinayət təqibi orqanları işin istintaqını aparan hakimin keçirdiyi dinləmədə vəkilin iştirak etməsi üçün ərizəçiyə vəkil təyin etməyə borclu deyildilər. Şahidlərin cinayət təqibi orqanları ilə ardıcıl əməkdaşlığını nəzərə alaraq, onların öz ölkələrinə qayıtdıqdan sonra daha məhkəmə araşdırmasında dindirilmək üçün əlçatan olmayacaqlarını güman etmək üçün hakimiyyət orqanlarının əlində heç bir əsas yox idi, xüsusən də ona görə ki, Latviya qanunvericiliyinə əsasən onlar ən azı dinləmədə videorabitə vasitəsilə iştirak etməyə borclu idilər.
51. 30 oktyabr 2008-ci il tarixli qərarla Federal ədalət məhkəməsi, Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinin 2-ci bəndinə istinad edərək, ərizəçinin hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayətini açıq-aydın əsassız şikayət kimi rədd etdi.
52. Dinlənilmək hüququnun (Anhörungsrüge) pozulduğu barədə ərizəçinin şikayətini rədd etmiş 9 dekabr 2008-ci il tarixli qərarında Federal ədalət məhkəməsi qeyd etdi ki, Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinin 2-ci bəndi əsasında apellyasiya şikayətini rədd etmiş istənilən qərar hökmən Federal baş prokurorun əsaslandırılmış vəsatətinə əsaslanmalıdır.
E. Federal konstitusiya məhkəməsindəki icraat
53. Federal ədalət məhkəməsinin 30 oktyabr və 9 dekabr 2008-ci il tarixli qərarlarından verdiyi 30 dekabr 2008-ci il tarixli konstitusiya şikayətində ərizəçi konkret olaraq şikayət etdi ki, onun ədalətli məhkəmə araşdırması hüququ və Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndində nəzərdə tutulmuş müdafiə hüquqları pozulub. O iddia etdi ki, nə özü, nə də vəkili prosesin hər hansı mərhələsində O. və P.-yə suallar vermək imkanına malik olmayıblar.
54. 8 oktyabr 2009-cu il tarixli qərarla Federal konstitusiya məhkəməsi hər hansı əsas gətirmədən ərizəçinin şikayətinə baxmaqdan imtina etdi (iş № 2 BvR 78/09).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. İstintaq proseslərinin aparılmasına aid müvafiq normalar və praktika
55. Cinayət Prosessual Məcəlləsinin 160-cı maddəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulur ki, cinayət törədildiyinə dair şübhə ilə əlaqədar faktları araşdırarkən dövlət ittihamı orqanları təkcə ittihamedici halları deyil, həm də bəraətverici halları araşdırmalı və sonradan əldə edilməsi mümkünsüz ola biləcək sübutların götürülməsini təmin etməlidirlər.
56. Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 2-ci bəndinə əsasən, prokuror, təqsirləndirilən şəxs və müdafiəçi əsas məhkəmə icraatı başlanmazdan əvvəl şahidin məhkəmə tərəfindən dindirilməsində iştirak etmək hüququna malikdirlər. Təqsirləndirilən şəxsin iştirakı istintaqın məqsədlərinə ziyan yetirə bilərsə, xüsusən onun yanında şahidin həqiqəti söyləməyəcəyi riski mövcud olarsa, hakim təqsirləndirilən şəxsin iştirakına icazə verməyə bilər (Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 3-cü bəndi). İlkin dinləmələrdə iştirak etmək hüququna malik olan şəxslərə dinləmələrin təyin olunduğu vaxt barədə qabaqcadan məlumat verilməlidir (Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 5-ci bəndi).
57. Cinayət Prosessual Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə əsasən, istintaq prosesində müdafiəçi vəkil təyin oluna bilər. Prokurorluq orqanı əsas məhkəmə prosesində müdafiəçi vəkilin yardımının məcburi olduğunu hesab etdiyi təqdirdə onun təyin olunması barədə vəsatət verir. Müdafiəçi vəkilin yardımı, digər hallarla yanaşı, əsas məhkəmə prosesi zamanı regional məhkəmənin birinci instansiya qismində işə baxdığı halda, yaxud təqsirləndirilən şəxsin ağır cinayət əməlində ittiham edildiyi halda məcburi sayılır (Cinayət Prosessual Məcəlləsinin 140-cı maddəsinin 1.1 və 1.2-ci bəndləri).
58. 25 iyul 2000-ci il tarixli presedent xarakterli qərarında (qərar rəsmi məlumat bülletenlərində dərc olunub BGHSt, 46-cı cild, 96-cı və sonrakı səhifələr) Federal ədalət məhkəməsi bu qənaətə gəldi ki, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndinin işığında şərh olunan Cinayət Prosessual Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndi istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, ittiham tərəfinin əsas şahidi işin istintaqını aparan hakimə sübutların təmin edilməsi məqsədi ilə ifadə verirsə və təqsirləndirilən şəxs onun ifadəsinin dinlənilməsində iştirak etmirsə, vəkillə təmsil olunmayan təqsirləndirilən şəxs üçün vəkil təyinatı məsələsini nəzərdən keçirsinlər.
59. Federal ədalət məhkəməsi vurğuladı ki, çarpaz dindirmə hüququna hörmət edilməsi işin istintaqını aparan hakim tərəfindən şahidlərin dindirilməsindən əvvəl iş üzrə təyin olunmuş vəkilin işi təqsirləndirilən şəxslə müzakirə etməsinə imkan yaradılmasını tələb edir, bunda məqsəd onun lazımi sualları vermək imkanına malik olmasıdır. Məhkəmə həmçinin qeyd etdi ki, işin istintaqını aparan hakimin aparacağı dinləmə barədə vəkilə məlumat verməmək üçün əsaslı səbəblər olarsa, yaxud vəkilin təyin olunması və iştirakı istintaqın uğurla aparılmasına təhlükə yarada bilərsə, istintaq zamanı təqsirləndirilən şəxsə vəkil təyin edilməsi zəruri olmaya bilər. Bundan başqa, dinləməyə qədər vəkilin işi təqsirləndirilən şəxslə müzakirə etməsi nəticəsində istintaqın məqsədlərinə ziyan yetirilə bilərdisə, Federal ədalət məhkəməsi araşdırdığı işdə təqsirləndirilən şəxsə vəkil təyin edilməsinin zəruri olub-olmadığını həll etməyə borclu deyildi.
B. Məhkəmə araşdırmasının aparılmasına dair müvafiq normalar və praktika
60. Cinayət Prosessual Məcəlləsinin 250-ci maddəsində təsbit olunmuş prinsipə əsasən, faktın sübutu hər hansı şəxsin müşahidəsinə əsaslanırsa, həmin şəxs məhkəmə araşdırmasında dindirilməlidir. Bu dindirmə onun öncə dindirilməsinə dair protokoldakı qeydlərin və ya onun yazılı ifadəsinin oxunması ilə əvəz edilməməlidir.
61. Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsində bu prinsipdən bir sıra istisnalar nəzərdə tutulur. 251-ci maddənin 1.2-ci bəndinə əsasən, şahid vəfat edibsə və ya öncədən təyin edilə bilən real müddət ərzində hər hansı başqa səbəbdən məhkəmə tərəfindən dindirilməsi mümkün deyilsə, şahidin dindirilməsi digər dindirməyə dair protokoldakı qeydlərin oxunması ilə əvəz edilə bilər. Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulur ki, şahid öncə hakim tərəfindən dindirilibsə, onun sonradan bir daha dindirilməsi həmin şahidin dindirilməsinə dair protokoldakı qeydlərin oxunması ilə əvəz edilə bilər; bu qayda şahidin əsas dinləmədə iştirak etməsinin qarşısını alan, qeyri-müəyyən müddətə uzanan xəstəlik, halsızlıq hallarına və ya digər qarşısıalınmaz maneələrin olduğu hallara da aiddir.
62. Yuxarıda qeyd edilən 25 iyul 2000-ci il tarixli qərarında (yuxarıda 58-59-cu bəndlərə bax) Federal ədalət məhkəməsi bu qənaətə gəldi ki, təqsirləndirilən şəxsə Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulduğu kimi vəkilin təyin edilməməsi işin istintaqını aparmış hakim tərəfindən alınmış ifadənin sübutlar sırasından çıxarılması ilə nəticələnməyib, amma onun sübutedici dəyərini azaldıb. Belə vəziyyətdə proses bütövlükdə götürülmüş halda nəzərdən keçirilməlidir. Bir qayda olaraq, ittiham hökmü müdafiə tərəfinin çarpaz dindirmək imkanına malik olmadığı şahidin ifadəsinə yalnız o halda əsaslana bilər ki, həmin ifadə ona münasibətdə müstəqil olan digər mühüm amillərlə təsdiqlənmiş olsun. Bundan başqa, birinci instansiya məhkəməsi həmin ifadəni xüsusi diqqətlə qiymətləndirməyə borcludur və həmçinin bu faktı nəzərə almalıdır ki, işin istintaqını aparmış hakimin məhkəmə araşdırmasında təqdim etdiyi məlumat başqa şəxsin ifadəsinə əsaslanıb.
C. Hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayətinə dair normalar
63. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinin 2-ci bəndinə əsasən, hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayəti üzrə qərar çıxaran məhkəmə prokurorluğun əsaslandırılmış vəsatəti əsasında müttəhimin hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayətinə baxmadan onu rədd edə bilər, bu şərtlə ki, həmin şikayəti açıq-aydın əsassız hesab etmiş olsun. Bu qərar yekdilliklə qəbul edilməlidir.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
64. Almaniya və Latviya arasında cinayət işləri üzrə qarşılıqlı yardım, konkret olaraq, "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası"na əlavə edilmiş "Avropa İttifaqının üzvü olan dövlətlər arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 29 may 2000-ci il tarixli Konvensiya" ilə tənzimlənir.
65. "Avropa İttifaqının üzvü olan dövlətlər arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 29 may 2000-ci il tarixli Konvensiya"da şahidlərin videokonfrans vasitəsilə dinlənilməsinin mümkünlüyü nəzərdə tutulur. Bu cür dinləmələr sorğu verən üzv dövlətin məhkəmə orqanının iştirakı ilə aparılmalı və sorğunu alan üzv dövlətin məhkəmə orqanı tərəfindən həyata keçirilməlidir. Şahid sorğu verən və ya sorğunu alan üzv dövlətin qanunvericiliyinin ona verdiyi ifadə verməmək hüququndan istifadə edə bilər (adı çəkilən Konvensiyanın 10-cu maddəsinin 5-ci bəndi). Hər bir üzv dövlət bunu təmin etmək üçün zəruri tədbirlər görməlidir ki, şahidlər onun ərazisində dinlənildikdə və ifadə vermək öhdəliyi daşdıqları halda ifadə verməkdən imtina etdikdə, onun milli qanunvericiliyi, sanki həmin dinləmə onun öz milli proseduruna uyğun olaraq aparılıbmış kimi, bu dinləməyə eyni qaydada şamil edilmiş olsun (adı çəkilən Konvensiyanın 10-cu maddəsinin 8-ci bəndi).
66. "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyası"nın 8-ci maddəsində nəzərdə tutulur ki, şahid sorğu verən iştirakçı dövlətin məhkəməyə gəlmək barədə çağırışına cavab vermədikdə, əgər sonradan sorğu verən iştirakçı dövlətin ərazisinə könüllü surətdə daxil olmazsa və burada yenidən müvafiq qaydada məhkəməyə çağırılmazsa, heç bir cəzaya məruz qalmır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1 VƏ 3"d" BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
67. Ərizəçi şikayət etdi ki, onun işi üzrə məhkəmə araşdırması ədalətsiz olub və tərəflərin bərabərliyi prinsipi pozulub, çünki ona qarşı cinayət prosesinin hər hansı mərhələsində nə onun özünə, nə də vəkilinə 2007-ci ilin fevralında Qottingendə onun tərəfindən törədildiyi iddia edilən cinayətin yeganə şahidləri və zərərçəkənləri olan O. və P-ni dindirmək imkanı verilməyib. O, Konvensiyanın 6-cı maddəsinə istinad etdi, həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir:
"1. Hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir...
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq; ..."
68. Hökumət bu arqumentə etiraz etdi.
A. Palatanın qərarı
69. Palata qərara aldı ki, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndi ilə birlikdə götürülməklə 1-ci bəndinin pozuntusu baş verməyib.
70. Əl-Havayya və Tahiri Birləşmiş Krallığa qarşı iş üzrə qərarında ([BP], ərizələr № 26766/05 və 22228/06, ECHR 2011) Məhkəmənin müəyyən etdiyi prinsipləri tətbiq edərək Palata bu qənaətə gəldi ki, şahidlərin məhkəmə araşdırmasında iştirak etməməsi üçün üzrlü səbəb vardı. Regional məhkəmə şahidlərin dindirilə bilməsi üçün ağlabatan dərəcədə səylər göstərmişdi. Bu məsələdə bütün cəhdlərin faydasız olması faktına görə həmin məhkəməni təqsirkar saymaq olmaz. Bundan başqa, Palata hesab etdi ki, sözügedən şahid ifadələri ərizəçi barəsindəki ittiham hökmü üçün yeganə və ya həlledici əsas təşkil etməsə də, şübhəsiz ki, onun təqsirkar olduğunun müəyyən edilməsində əhəmiyyətli çəkiyə malik olub.
71. Bununla belə, Palatanın rəyinə görə, zərərçəkənlərin şahid ifadələrinin sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin öz işində üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün yetərincə balanslaşdırıcı amillər mövcud idi. O hesab etdi ki, regional məhkəmə daxili qanunvericilikdə nəzərdə tutulmuş prosessual təminatlara riayət edib. Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinə əsasən (yuxarıda 56-cı bəndə bax), bir qayda olaraq, məhkəməyəqədər araşdırma mərhələsində şahidin hakim tərəfindən dindirilməsində təqsirləndirilən şəxsin və müdafiəçi vəkilin iştirakına icazə verilir. Bununla belə, həmin vaxt hələ vəkili təyin olunmamış ərizəçinin O. və P.-nin dindirilməsində iştirakına imkan verilməməsinə Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 3-cü bəndinə uyğun olaraq haqq qazandırmaq olardı. İşin istintaqını aparan hakimin belə bir narahatlığı əsaslı idi ki, şübhəli şəxslər və ya onların vəkilləri dinləmə barədə məlumatlandırıldıqdan sonra şübhəli şəxslər şahidlərə təzyiq göstərə və beləliklə davam etməkdə olan istintaqa zərər yetirə bilərdilər. Palata həmçinin Hökumətin bu arqumentini nəzərə aldı ki, artıq bir neçə dəfə ifadə vermiş olan şahidlərdin ifadələri dinlənildiyi dövrdə sonradan onların məhkəmə araşdırmasında ifadə verməkdən imtina edəcəklərini öncədən görə bilmək mümkün deyildi.
72. Bundan başqa, Palata qeyd etdi ki, regional məhkəmə O. və P.-nin şahid ifadələrinin sübutedici dəyərinin azaldığını nəzərə alaraq həmin ifadələri hərtərəfli yoxlamışdı. Həmin məhkəmə həmçinin hadisədən dərhal sonra hadisə barəsində zərərçəkənlərin məlumat verdikləri iki şahidin – E. və L.-in ifadələrini də nəzərə almışdı. Şahidlərin ziddiyyətsiz ifadələrini həmçinin dinlənilmiş telefon danışıqları, GPS sistemi vasitəsilə müşahidə və insident zamanı zərərçəkənlərin mənzilində olduqları barədə ərizəçinin öz etirafı da təsdiqləyirdi. Bundan başqa, Kassel və Qottingendəki cinayətlərin törədilmə üsullarının oxşarlığı da məhkəmənin qənaətlərini təsdiqləyirdi. Buna görə də bütövlükdə məhkəmə prosesi ədalətli idi.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
73. Ərizəçinin bildirdiyinə görə, onun Konvensiyanın 6-cı maddəsinin 1 və 3"d" bəndlərində nəzərə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ, o cümlədən onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququ pozulub. O vurğuladı ki, nə özü, nə də vəkili əsas şahidlər olan O. və P.-yə prosesin hər hansı mərhələsində suallar vermək imkanına malik olmayıblar.
a) Bu işə tətbiq edilə bilən prinsiplər
74. Böyük Palataya təqdim etdiyi qeydlərində ərizəçi razılaşdı ki, (yuxarıda qeyd edilən) Əl-Havayya və Tahirinin işində Məhkəmənin formalaşdırdığı prinsiplər onun işinə tətbiq edilə bilər. O vurğuladı ki, həmin presedentə əsasən, müdafiə tərəfinə ittiham tərəfinin şahidini çarpaz dindirmək imkanının verilməməsi, müstəsna hallar istisna olmaqla, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndinin pozulması ilə nəticələnir.
b) Şahidlər O. və P.-nin məhkəmə araşdırmasında iştirak etməməsi üçün əsaslı səbəb var idimi?
75. Ərizəçinin bildirdiyinə görə, şahidlər O. və P.-nin onun işi üzrə məhkəmə araşdırmasında iştirak etməməsi üçün əsaslı səbəb yox idi. Qottingendəki cinayətin onlar üçün doğurduğu iddia edilən psixoloji nəticələr istintaq mərhələsində bu şahidlərin polisə və işin istintaqını aparan hakimə ifadə vermələrinə mane olmamışdı. Bundan başqa, Qottingen regional məhkəməsinin özü hesab etmişdi ki, bu şahidlərin məhkəmə araşdırmasında iştirak etməməsi üçün yetərli əsas yoxdur. Dövlət hakimiyyəti orqanları bu şahidlərin məhkəmə araşdırmasında dinlənilməsinə nail olmaq üçün əlavə cəhdlər göstərməli, xüsusən bunu Latviya ilə siyasi səviyyədə ikitərəfli danışıqlar aparmaq yolu ilə etməli idilər.
c) Məhkəmədə iştirak etməyən şahidlərin ifadəsi ərizəçinin məhkum edilməsi üçün yeganə və həlledici əsas idimi?
76. Ərizəçinin rəyinə görə, onun məhkum edilməsi Qottingendəki hadisələrin yeganə birbaşa şahidləri olmuş O. və P.-nin verdikləri ifadəyə ən azı həlledici dərəcədə əsaslanmışdı. Şahidlər O. və P.-nin verdikləri ifadə nəzərə alınmasaydı, əldə olan digər sübutlar əsasında onun təqsirkar olduğu qənaətinə gəlmək olmazdı.
d) Müdafiə tərəfinin öz işində üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün yetərincə balanslaşdırıcı amillər mövcud idimi?
77. Ərizəçi bu fikirdə oldu ki, şahidlərin məhkəmə araşdırmasında iştirak etməməsi nəticəsində müdafiə tərəfinin üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün hər hansı balanslaşdırıcı amillər mövcud deyildi.
78. Ərizəçi bildirdi ki, regional məhkəmə O. və P.-nin verdikləri şahid ifadələrini xüsusi diqqətlə qiymətləndirməyib. O, bu faktı nəzərə almayıb ki, şahidlərin yetirincə əsaslı səbəb olmadan məhkəmə araşdırmasında iştirak etməməsi onların ifadəsinin etibarlılığına təsir göstərib. Üstəlik, bəzi əlavə ifadələrin başqalarının sözlərinə əsaslanması və işin istintaqını aparmış hakimə ərizəçinin suallar vermək imkanına malik olmaması prosesdə tərəflərin bərabərliyini təmin etmək üçün yetərincə balanslaşdırıcı amillər sayıla bilməzdi. Almaniyanın cinayət prosessual qanunvericiliyinə əsasən ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı təkcə ittihamedici halları deyil, həm də bəraətverici halları araşdırmağa borclu olması faktı (yuxarıda 55-ci bəndə bax) onun ittiham tərəfinin şahidlərini çarpaz dindirmək imkanından məhrum olmasını kompensasiya etmirdi, çünki ittiham orqanları onun işində bəraətverici halları araşdırmamışdılar.
79. Ərizəçi konkret olaraq vurğuladı ki, daxili qanunvericilikdə nəzərdə tutulan, onun müdafiə hüquqlarının qorunmasına yönələn prosessual təminatdan məhrum edilib, belə ki, işin istintaqını aparan hakim tərəfindən şahidlər O. və P.-nin dinlənilməsində onu təmsil edən vəkilin iştirakına icazə verilməyib. Federal ədalət məhkəməsi tərəfindən təfsir edilmiş Cinayət Prosessual Məcəlləsinin qüvvədə olan normalarına (140-cı maddə ilə birlikdə götürülməklə 141-ci maddənin 3-cü bəndi – yuxarıda 57-ci bəndə bax) əsasən (ərizəçi həmin məhkəmənin 25 iyul 2000-ci il tarixli qərarına istinad etdi – yuxarıda 58-59 və 62-ci bəndlərə bax), ittiham orqanı istintaq mərhələsində ərizəçinin təmsil olunması üçün vəkil təyin etməli idi. Bu, əsas şahidlərin işin istintaqını aparan hakim tərəfindən dinlənilməsindən əvvəl edilməli idi, belə ki, Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 3-cü bəndinə əsasən ərizəçi həmin dinləməyə çağırılmamışdı. Belə olan halda müdafiəçi vəkil Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 2-ci bəndinə əsasən şahidlərin dinlənilməsində iştirak etmək hüququna malik idi (Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 5-ci bəndində sadalanan hallar istisna təşkil edirdi, amma hazırkı işdə belə hallar yox idi). Bu arqumentinin təsdiqi olaraq, o, Hümmer Almaniyaya qarşı iş üzrə qərarında (ərizə № 26171/07, 42-ci və sonrakı bəndlər, 19 iyul 2012-ci il) Məhkəmənin gəldiyi nəticələrə istinad etdi.
80. Ərizəçi vurğuladı ki, praktiki olaraq şahidlərin polis tərəfindən dindirilməsindən əlavə yalnız işin istintaqını aparan hakim tərəfindən istintaq prosesində dinlənilməsi o halda baş verir ki, sonradan sübutların əldə edilməsi təhlükə altında olsun. İşin istintaqını aparan hakimin apardığı dindirmələrə dair protokoldakı qeydlər polis tərəfindən aparılmış dindirmələrə nisbətən daha yumşaq şərtlər altında məhkəmə araşdırmasında oxuna və sübut kimi qəbul edilə bilərdi (Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 1 və 2-ci bəndləri – yuxarıda 61-ci bəndə bax). Beləliklə, işin istintaqını aparan hakimin apardığı dinləmələrdə Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 2-ci bəndinə uyğun olaraq təqsirləndirilən şəxsin və vəkilin iştirak etməsi təqsirləndirilən şəxsin Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndində nəzərdə tutulmuş hüququnun təmin edilməsi üçün önəmli idi.
81. Ərizəçinin bildirdiyinə görə, sadəcə olaraq ərizəçinin və hətta onun vəkilinin yanında şahidlərin ifadə verməkdən qorxacaqları barədə işin istintaqını aparan hakimdə yanlış təəssürat yaranması səbəbindən onun bu hüquqdan məhrum edilməsi əsaslı deyildi və həm də bu qorxunun səbəbi ona bildirilməmişdi. İstənilən halda, bu, onun və vəkilinin həmin dinləməyə buraxılmamasına haqq qazandırmırdı, belə ki, həmin qorxunu aradan qaldırmaq üçün müxtəlif vasitələr vardı. Şahidlər O. və P. işin istintaqını aparan hakim tərəfindən dindirildikdən az sonra Almaniyanı tərk edəcəklərinə görə dinləmə ərəfəsində ərizəçiyə vəkil təyin etmək olardı və hətta bilavasitə həmin dinləmədən əvvəl ərizəçini həbs etmək və beləliklə də onun və ya ən azı vəkilinin şahidləri şəxsən dindirməsinə imkan yaratmaq olardı və bu zaman sonuncuların hədələnməkdən qorxmasına ehtiyac qalmazdı.
82. Ərizəçinin rəyinə görə, fahişə kimi işlədiklərinə görə kommersiya və ya vergi qanunvericiliyinə əsasən cəzalandırıla biləcəkləri ehtimal olunan şahidlər O. və P.-nin Almaniyada ona qarşı məhkəmə prosesində ifadə vermək üçün sonradan əlçatan olmayacaqları ehtimalını istintaq orqanları öncədən nəzərə ala bilərdilər. Bununla belə, o vurğuladı ki, tutulmasından sonra işin istintaqını aparan hakim tərəfindən şahidlərin onun yanında təkrarən dindirilməsini onun tələb etməsi üçün hər hansı əsas yox idi, çünki o güman edirdi ki, məhkəmə araşdırmasında şahidləri çarpaz dindirə biləcək və istənilən halda, o həbs edildiyi zaman şahidlər artıq Almaniyanı tərk etmişdilər.
2. Cavabdeh Hökumət
83. Hökumətin bildirdiyinə görə, ərizəçiyə qarşı aparılmış cinayət prosesi Konvensiyanın 6-cı maddəsinin 1 və 3"d" bəndlərinin müddəalarına uyğun idi, baxmayaraq ki, ərizəçi prosesin hər hansı mərhələsində şahidlər O. və P.-ni çarpaz dindirmək imkanına malik olmamışdı.
a) Tətbiq edilə bilən prinsiplər
84. Hökumətin rəyinə görə, (yuxarıda qeyd edilən) Əl-Havayya və Tahirinin işi üzrə qərarında Məhkəmə tərəfindən müəyyən edilən və hazırkı işə tətbiq edilə bilən prinsiplərin çərçivəsini daraltmaq və ya onlara dəyişiklik etmək üçün heç bir əsas yoxdur, həmin prinsiplərə əsasən, şahidlərin çarpaz dindirilməsi müəyyən hallarda istisna edilə bilər. Həmin qərarda ümumi hüquq sistemi kontekstində məhkəmənin gəldiyi nəticələr müəyyən dəyişikliklərlə kontinental hüquq sistemlərinə də şamil olunmalıdır. Əgər bu prinsiplər tətbiq edilmiş olsaydı, çarpaz dindirmə prinsipindən istisnaların çərçivəsi kontinental hüquq sistemlərində, məsələn, Almaniyanın hüquq sistemində daha geniş olardı. Sonuncu sistem sübutların etibarlılığının qiymətləndirilməsində peşəkar hakimlərin təcrübəsinə daha çox əsaslanır və sübutların qiymətləndirilməsi qərarların əsaslandırıcı hissəsində öz əksini tapmaqla daha şəffaf şəkildə aparılır.
85. Hökumət əlavə etdi ki, müqayisəli hüquq materiallarının onun tərəfindən aparılmış təhlili göstərir ki, Konvensiyanın iştirakçısı olan və Almaniya sistemi ilə müqayisə oluna biləcək cinayət hüququ sisteminə malik olan dövlətlərin heç birində müttəhimin dinləmə zamanı ittiham tərəfinin şahidlərini çarpaz dindirmək hüququ məhdudlaşdırıla bilməyən hüquq kimi nəzərdə tutulmayıb. Üstəlik, bir çox digər hüquq sistemlərində, hətta təqsirləndirilən şəxs həmin mərhələdə şahidi dindirmək imkanına malik olmadıqda belə, şahidin əvvəlki ifadələrinə dair protokoldakı qeydlərdən istifadə edilməsi qadağan olunmur.
b) Şahidlər O. və P.-nin məhkəmə iclasında iştirak etməmələri üçün əsaslı səbəb var idimi?
86. Hökumətin rəyinə görə, şahidlər O. və P.-nin məhkəmə iclasında iştirak etməmələri üçün Məhkəmənin presedent hüququnda müəyyən edilmiş əsaslı səbəb var idi. Regional məhkəmə Almaniyada qanuni şəkildə yaşayan və işləyən şahidlərin şəxsən və ya Latviya məhkəmələrinin köməyi ilə videokonfrans vasitəsilə məhkəmə araşdırmasında dinlənilməsi üçün bütün ağlabatan cəhdləri göstərmişdi. O, bu şahidləri məhkəmə iclasına çağırmışdı. Şahidlərin tibbi arayışlar təqdim etməsindən sonra məhkəmə onların iştirakını təmin etməyə yenidən cəhd göstərərək onlara məlumat vermişdi ki, onlar müdafiə altında olacaqlar və xahiş etmişdi ki, hansı şəraitdə ifadə verməyə hazır olduqlarını bildirsinlər. Regional məhkəmə Latviyada yaşayan, Latviya vətəndaşları olan şahidləri Almaniyadakı dinləmədə iştirak etməyə məcburi qaydada gətirtmək səlahiyyətinə malik deyildi, çünki Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən məcburiyyət tədbirləri qadağan edilmişdi (yuxarıda 66-cı bəndə bax).
87. Hökumət bildirdi ki, belə olduqda regional məhkəmə Latviyanın hakimiyyət orqanlarından xahiş etdi ki, qüvvədə olan normalara uyğun olaraq hüquqi yardım göstərilməsi yolu ilə şahidləri Latviyadakı məhkəməyə çağırsınlar ki, onları videkonfrans vasitəsilə dindirmək mümkün olsun. Lakin Latviya məhkəməsi yenidən tibbi arayışlar təqdim etmiş şahidlərlə ilkin müzakirə apardıqdan sonra dinləməni ləğv etdi. Şahidlərin ifadə verməkdən imtina etmələrinin səbəblərinin yoxlanılması və yaxud onların dindirilməsi üçün əlavə yolların axtarılması barədə regional məhkəmənin Latviya məhkəməsinə verdiyi sorğu cavabsız qaldı. Şahidlərin dinlənilməsinin fərqli üsullarla, məsələn, öncə Məhkəmədəki icraatda ərizəçi tərəfindən göstərilmiş siyasi səviyyədə ikitərəfli danışıqlar aparılması yolu ilə həyata keçirilməsinin mümkün olduğuna dəlalət edən heç nə yox idi.
c) Məhkəmədə iştirak etməyən şahidlərin ifadəsi ərizəçinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi?
88. Hökumət bildirdi ki, regional məhkəmənin bu məsələdə həlledici olan rəyinə görə, O. və P.-nin verdikləri şahid ifadələri ərizəçi barəsindəki ittiham hökmünün əsaslandırılması üçün "əhəmiyyətli" (“maßgeblich”) idi. Lakin şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlamaq üçün həm də bir sıra digər sanballı sübutlar, o cümlədən polislin müşahidə tədbirlərinin nəticələri və ərizəçinin özünün verdiyi məlumatlar mövcud idi. Bu elementlərin işığında sözügedən şahidlərin ifadəsinin "həlledici sübut" təşkil edib-etməməsi barədə sualı, Məhkəmənin presedent hüququnun məqsədləri üçün, açıq saxlamaq olardı, çünki istənilən halda, müdafiə tərəfinin şahidləri dindirmək imkanına malik olmamasını kompensasiya etmək üçün yetərincə balanslaşdırıcı amillərin olması zəruri idi və ərizəçinin işində onlar mövcud idi.
d) Müdafiə tərəfinin öz işində üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün yetərincə balanslaşdırıcı amillər mövcud idimi?
89. Hökumətin bildirdiyinə görə, ərizəçinin şahidlər O. və P.-ni dindirməsinin mümkünsüzlüyü şahid ifadələrinin etibarlılığını hərtərəfli və tənqidi şəkildə qiymətləndirmiş regional məhkəmə tərəfindən yetərincə kompensasiya edilmişdi. Regional məhkəmə ittiham tərəfinin bu iki şahidinin ifadələrini bir sıra vasitələrlə, o cümlədən müxtəlif dindirmələrdə onların verdiyi ifadələrlə müqayisə etməklə xüsusi diqqətlə qiymətləndirmişdi.
90. Hökumət iddia etdi ki, Almaniyadakı cinayət prosesində həm məhkəmə, həm də ittiham orqanı qanunla təqsirləndirilən şəxsə qarşı istər ittihamedici halları, istərsə də bəraətverici halları araşdırmağa borclu idilər. Bu, təqsirləndirilən şəxsin ittiham tərəfinin şahidlərini çarpaz dindirmək imkanına malik olmamasını qismən kompensasiya etmişdi.
91. Şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlayarkən regional məhkəmə həmçinin sübutları təsdiqləyən çoxlu sayda elementlərə, o cümlədən həm başqasının sözləri əsasında verilmiş ifadələrə, həm də ərizəçinin müşahidəsi əsasında əldə edilmiş fiziki dəlillərə əsaslanmışdı. Müşahidə tədbirləri sırasına, konkret olaraq, ərizəçinin mobil telefonundan götürülmüş coğrafi məkan məlumatlarının təhlili və cinayət törədilən anda təqsirləndirilən şəxslərdən biri ilə apardığı telefon söhbətinin qeydə alınması daxil idi, həmin söhbət zamanı o, şahidlərdən birinin eyvandan tullandığını və dalınca düşmüş ərizəçidən qaçıb gizləndiyini bildirmişdi.
92. Bundan başqa, ərizəçi istintaq mərhələsində O. və P.-nin dindirilməsini aparmış şəxslərin, demək olar ki, hamısını çarpaz dindirmək imkanına malik idi; həmçinin regional məhkəmə də dindirmə zamanı şahidlərin davranışı və emosional vəziyyəti ilə əlaqədar həmin şəxslərin dediklərini dinləmişdi.
93. İstintaq mərhələsində nə ərizəçiyə, nə də vəkilinə şahidlər O. və P.-ni dindirmək imkanının verilmədiyinə gəlincə, Hökumət iddia etdi ki, işin istintaqını aparan hakim şahidlərin müdafiəsini təmin etmək və həqiqəti müəyyən etmək üçün Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinə uyğun olaraq ərizəçinin dinləmədə iştirakını istisna etmişdi. Cinayətkarlardan bərk qorxmuş şahidlər ərizəçinin yanında dolğun və həqiqətə uyğun ifadələr verməyə bilərdilər. Onların qisasa məruz qalacaqlarından qorxmaları üçün əsaslı səbəblər vardı, çünki ərizəçi Kasseldə analoji soyğunçuluq törətməkdə şübhəli bilinirdi.
94. Bundan başqa, ərizəçini təmsil etmək üçün təyin olunan müdafiəçi vəkilin sonuncunu həmin dinləmə barədə və dinləmədə şahidlərin verdikləri ifadələr haqqında məlumatlandıracağından qorxmaq üçün şahidlərin əsasları olduğuna görə, onlar müdafiəçinin yanında da düzgün ifadə verməyəcəkdilər və ya ümumiyyətlə ifadə verməyəcəkdilər. Hökumət izah etdi ki, Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 5-ci bəndinə əsasən, işə baxan məhkəmə ərizəçi üçün təyin olunmuş hər hansı vəkilə dinləmə barədə məlumat verməyin istintaqın uğurla aparılmasına təhlükə yaradacağını hesab edərdisə, dinləmə barədə vəkilə məlumat verməyə bilərdi. Buna görə də, Federal ədalət məhkəməsinin presedent hüququna uyğun olaraq (Hökumət həmin məhkəmənin 25 iyul 2000-ci il tarixli qərarına da istinad etdi – yuxarıda 58-59 və 62-ci bəndlərə bax), işin istintaqını aparan hakim tərəfindən keçirilən dinləmə zamanı müdafiəçi vəkilin təyin olunması və dinləmədə iştirakı tələb olunmurdu.
95. Hökumət qeyd etdi ki, həbs edildikdən sonra ərizəçi istintaq prosesində şahidlərin onun iştirakı ilə təkrarən dindirilməsini tələb etməmişdi. Hökumət vurğuladı ki, O. və P.-nin məhkəmə iclasına gəlməyəcəklərini öncədən görmək mümkün deyildi, çünki həmin mərhələdə həbsdə olan ərizəçinin və onun cinayət ortaqlarının onlara zərər yetirməsi ehtimalı az idi. İstənilən halda, ərizəçi bu barədə heç vaxt vəsatət verməmişdi ki, kimlikləri və yerləri ona məlum olan şahidlərə hansı sualları vermək istəyir, yaxud onların ifadələrinin etibarlılığını hansı əsaslara görə şübhə altına almaq fikrindədir.
3. Üçüncü tərəf qismində prosesə qatılmış Çexiya Hökuməti
96. Çexiya Hökuməti hesab etdi ki, hazırkı iş Məhkəməyə imkan verir ki, (yuxarıda qeyd edilən) Əl-Havayya və Tahirinin işi üzrə qərarında formalaşdırdığı prinsiplərə aydınlıq gətirsin və onları təkmilləşdirsin. O, bu fikirdədir ki, məhkəmədə iştirak etməyən şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsinə dair prinsiplər həmin işdə ümumi hüquq sistemi kontekstində qəbul edilib və kontinental hüquq sistemlərinə tam şamil oluna bilməz. O hesab etdi ki, Məhkəmə müvafiq hüquq sisteminin spesifik xüsusiyyətlərini nəzərə almalıdır.
97. Prosesə qatılmış Hökumət hesab etdi ki, məhkəmədə iştirak etməyən şahidin ifadələrinin sübut kimi qəbul edilməsi üçün əsaslı səbəblərin olub-olmadığını araşdırmazdan əvvəl (o, yuxarıda qeyd edilən Əl-Havayya və Tahirinin işi üzrə qərarın 120-ci bəndinə istinad etdi) Məhkəmə etiraz edilən ifadənin təqsirləndirilən şəxsin məhkum edilməsində yeganə və ya həlledici sübut təşkil edib-etmədiyini yoxlamalıdır, necə ki, o bunu, məsələn, Sarkizov və başqaları Bolqarıstana qarşı işdə (ərizələr № 37981/06, 38022/06, 39122/06 və 44278/06, 58-ci bənd, 17 aprel 2012-ci il) və Damir Sibqatullin Rusiyaya qarşı işdə (ərizə № 1413/05, 54-56-cı bəndlər, 24 aprel 2012-ci il) etmişdi. O iddia etdi ki, məhkəmədə iştirak etməyən şahidin ifadəsi həlledici olmadığı təqdirdə müdafiə tərəfinə həmin şahidə suallar vermək imkanının verilməməsi üçün əsaslı səbəbin mövcud olduğunu sübut etməyə ehtiyac yoxdur. Bundan başqa, Məhkəmə buna aydınlıq gətirməlidir ki, məhkəmədə iştirak etməyən şahidin ifadəsini sübut qismində qəbul etmək üçün impossibilium nulla obligatio est ("icranın mümkünsüzlüyü səbəbindən öhdəliyin aradan qalxması") prinsipini hələ də əsaslı səbəb kimi qəbul edirmi? Bu xüsusən o işlər üçün aktualdır ki, həmin işlərdə şahid milli məhkəmələrin ərazi yurisdiksiyasını tərk etmiş olur, sonuncular isə şahidin sonradan məhkəmə araşdırmasında iştriakını məcburi qaydada təmin etmək səlahiyətinə malik olmurlar.
98. Çexiya Hökuməti daha sonra vurğuladı ki, şahid ifadəsinin işin nəticəsi üçün mühümlüyünü qiymətləndirmək milli məhkəmələrin işidir. Sözügedən ifadənin həllediciliyinin və ya mühümlük dərəcəsinin Məhkəmə tərəfindən ətraflı təhlilinin aparılması dövlət hakimiyyəti orqanlarının müəyyən qiymətləndirmə sərbəstliyinə malik olması prinsipi ilə və Məhkəmənin dördüncü instansiya hesab edilməməsi doktrinası ilə ziddiyyət təşkil edir.
99. Çexiya Hökumətinin bildirdiyinə görə, (yuxarıda qeyd edilən) Əl-Havayya və Tahirinin işi üzrə qərarında Məhkəmənin qəbul etdiyi dəyişkən xarakterli yanaşma ifadənin yeganə və ya həlledici sübut təşkil etməsi məsələsində onun presedent hüququnu öncədən proqnozlaşdıra bilmək imkanını azaldır. O, Məhkəmənin bu məsələyə aydınlıq gətirməsini təklif etdi ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının qarşısını almaq üçün hansı balanslaşdırıcı amillər yetərli sayılmalıdır?
C. Böyük Palatanın qiymətləndirməsi
1. Müvafiq prinsiplərin qısa xülasəsi
a) Ümumi prinsiplər
100. Məhkəmə bir daha bildirir ki, 6-cı maddənin 3"d" bəndində yer alan təminatlar həmin maddənin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspektləridir (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd); buna görə də o, ərizəçinin hər iki bənd üzrə şikayətlərini birlikdə götürülmüş halda nəzərdən keçirəcək (bax: Vindiş Avstriyaya qarşı, 27 sentyabr 1990-cı il, 23-cü bənd, A seriyaları, № 186; və Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992-ci il, 43-cü bənd, A seriyaları, № 238).
101. Məhkəmənin 6-cı maddənin 1-ci bəndi üzrə əsas işi bütövlükdə cinayət prosesinin ədalətliliyini qiymətləndirməkdir (digər qərarlarla yanaşı bax: Taske Belçikaya qarşı [BP], ərizə № 926/05, 84-cü bənd, ECHR 2010, sonrakı istinadlarla). Bu qiymətləndirməni apararkən Məhkəmə prosesi bütövlükdə nəzərdən keçirməli, o cümlədən sübutların hansı yolla əldə edildiyini araşdırmalı və bu zaman müdafiə tərəfinin hüquqlarını, eləcə də cinayət törədənin lazımi qaydada məsuliyyətə cəlb olunmasında ictimaiyyətin və zərərçəkənlərin maraqlı olduqlarını (bax: Qefgen Almaniyaya qarşı [BP], ərizə № 22978/05, 163 və 175-ci bəndlər, ECHR 2010) və zərurət olduqda şahidlərin hüquqlarını (Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd, sonrakı istinadlarla; və Hümmerin işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd) nəzərə almalıdır.
102. İttiham tərəfinin şahidinin məhkəmədə iştirak etmədiyi və onun öncə vermiş olduğu ifadənin sübut kimi qəbul edildiyi hallarda tətbiq edilməli olan prinsiplər (yuxarıda qeyd edilən) Əl-Havayya və Tahirinin işi üzrə Böyük Palatanın 15 dekabr 2011-ci il tarixli qərarında qısa icmal şəklində verilib və təkmilləşdirilib.
103. Məhkəmə həmin qərarda 6-cı maddənin 3"d" bəndinin bu prinsipi təsbit etdiyini bir daha bildirib ki, təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl adətən ona qarşı bütün sübutlar onun iştirakı ilə keçirilən açıq dinləmədə ona təqdim edilməlidir ki, o, əks arqumentini irəli sürə bilsin (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd).
104. Bu kontekstdə Məhkəmə cinayət işi üzrə məhkəmə prosesinin hazırlanması üçün istintaq mərhələsinin mühümlüyünü vurğulamalıdır, çünki bu mərhələdə əldə edilən sübutlar məhkəmə araşdırmasında nəzərdən keçiriləcək cinayət ittihamlarının çərçivəsini müəyyən edir (bax: Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 54-cü bənd, ECHR 2008). Söhbət cinayət prosesindən getdiyi hallarda Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi "hər hansı cinayət ittihamı" ilə bağlı qərar vermək səlahiyyətinə malik "məhkəmə" tərəfindən işin ədalətli şəkildə araşdırılmasını təmin etməkdən ibarət olsa da, buradan heç də belə nəticə çıxmır ki, bu maddə məhkəməyəqədər icraata tətbiq edilmir. Belə ki, ilkin mərhələdə 6-cı maddənin müddəalarına riayət edilməməsi səbəbindən məhkəmə araşdırmasının ədalətliliyinə ciddi şəkildə xələl gətirilməsi ehtimalı mövcud olarsa, 6-cı maddə (xüsusən onun 3-cü bəndi) hələ iş məhkəməyə göndərilməzdən əvvəl aktuallıq kəsb edə bilər (bax: Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd – həmin bənddə bu işə istinad edilib: İmbrioşia İsveçrəyə qarşı, 24 noyabr 1993-cü il, 36-cı bənd, A seriyaları, 275-ci bənd).
105. Lakin polis tərəfindən aparılmış dindirmə və hakim tərəfindən aparılmış istintaq zamanı alınmış ifadələrin sübut qismində istifadə olunması özlüyündə 6-cı maddənin 1 və 3"d" bəndlərinə zidd deyil, bu şərtlə ki, müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş olsun. Bir qayda olaraq, bu hüquqlar tələb edir ki, müttəhimin ona qarşı ifadə vermiş şahidin ifadəsini şübhə altına ala və ona suallar verə bilməsi üçün ya şahid öz ifadəsini verdiyi zaman, ya da prosesin sonrakı mərhələsində müttəhimə yetərli və lazımi imkan yaradılsın (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd, sonrakı istinadlarla; həmçinin bax: A.G. İsveçə qarşı (qərardad), ərizə № 315/09, 10 yanvar 2012-ci il; və Trampevski keçmiş yuqoslav respublikası Makedoniyaya qarşı, ərizə № 4570/07, 44-cü bənd, 10 iyul 2012-ci il).
106. Əl-Havayya və Tahirinin işi üzrə qərarında Məhkəmə bu nəticəyə gəldi ki, məhkəmədə iştirak etməyən və məhkəməyəqədər araşdırmada verdiyi ifadə müttəhimə qarşı yeganə və ya həlledici sübut təşkil edən şahidin ifadəsinin sübut qismində qəbul edilməsi avtomatik olaraq 6-cı maddənin 1-ci bəndinin pozulması ilə nəticələnmir. O hesab etdi ki, "yeganə və ya həlledici sübut" deyilən qaydanın (həmin qaydaya əsasən, təqsirləndirilən şəxs prosesin hər hansı mərhələsində şahidi dindirmək imkanına malik olmadıqda ittiham hökmü yalnız və ya həlledici dərəcədə həmin şahidin ifadəsinə əsaslanırsa, məhkəmə araşdırması ədalətsiz olur; ibid., 128 və 147-ci bəndlər) adaptiv tərzdə tətbiq edilməsi Məhkəmənin 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququna yanaşdığı ənənəvi üsul ilə, yəni bütövlükdə prosesin ədalətli olub-olmadığını araşdırmaq üsulu ilə ziddiyyət təşkil edir. Bununla belə, bu cür ifadənin sübut kimi qəbul edilməsi məhkəmə araşdırmasının ədalətliliyini təhlükə altına ala biləcəyinə görə digər amillərlə tarazlaşdırılmalı olan mühüm amil sayılır (ibid., 146-147-ci bəndlər).
107. Əl-Havayya və Tahirinin işi üzrə qərarda formalaşdırılmış prinsiplərə əsasən, məhkəmədə iştirak etməyən və məhkəmə araşdırmasında dindirilməyən şahidin ifadələrinin sübut qismində qəbul edildiyi məhkəmə prosesinin Konvensiyanın 6-cı maddəsinin 1 və 3"d" bəndlərinə uyğunluğunu yoxlamaq üçün üç pillədən ibarət araşdırma aparmaq zəruridir (ibid., 152-ci bənd). Məhkəmə aşağıdakıları araşdırmalıdır:
i) şahidin məhkəmədə iştirak etməməsi üçün və müvafiq olaraq, məhkəmədə iştirak etməyən şahidin yoxlanıla bilməyən ifadələrini sübut kimi qəbul etmək üçün əsaslı səbəb var idimi (ibid., 119-125-ci bəndlər);
ii) məhkəmədə iştirak etməyən şahidin ifadəsi müttəhimin məhkum olunması üçün yeganə və ya həlledici əsas idimi (ibid., 119 və 126-147-ci bəndlər); və
iii) yoxlanıla bilməyən ifadənin sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin üzləşdiyi çətinlikləri kompensasiya etmək və bütövlükdə götürülmüş halda məhkəmə araşdırmasının ədalətliliyini təmin etmək üçün yetərincə balanslaşdırıcı amillər, o cümlədən ciddi prosessual təminatlar var idimi (ibid., 147-ci bənd)?
108. İştirakçı dövlətlərin fərqli hüquq sistemləri kontekstində və konkret olaraq həm ümumi hüquq, həm də kontinental hüquq sistemləri kontekstində yuxarıdakı prinsiplərin tətbiqinin mümkünlüyünə gəlincə, Məhkəmə bir daha bildirir ki, hüquq sistemləri və prosedurları arasındakı əhəmiyyətli fərqlərin, o cümlədən cinayət işləri üzrə məhkəmə araşdırmalarında sübutların qəbulu məsələsinə fərqli yanaşmaların onun tərəfindən nəzərə alınması önəmli olsa da, son nəticədə o, daxil olmuş şikayətin hansı hüquq sisteminə aid olmasından asılı olmayaraq 6-cı maddənin 1 və 3"d" bəndlərinə riayət edilməsini yoxlayarkən eyni standartı tətbiq etməlidir (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 130-cu bənd).
109. Bundan başqa, fərdi şikayətlərdən irəli gələn işlərdə Məhkəmənin vəzifəsi müvafiq qanunvericiliyi mücərrəd şəkildə araşdırmaqdan ibarət deyil. Bunun əvəzinə o, mümkün qədər icraatındakı işdə qaldırılmış məsələləri araşdırmaqla kifayətlənməlidir (bir çox digər qərarlar arasında bax: N.C. İtaliyaya qarşı [BP], ərizə № 24952/94, 56-cı bənd, ECHR 2002-X; və Taskenin işi üzrə yuxarıda istinad edilən qərar, 83-cü bənd). İşləri araşdırarkən Məhkəmə, əlbəttə ki, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin qəbulu və buna müvafiq olaraq prosesin ədalətliliyini təmin etmək üçün təminatların mövcudluğunun zəruriliyi kimi məsələlərlə qarşılaşdıqda Konvensiyanın iştirakçısı olan dövlətlərin hüquq sistemləri arasındakı fərqləri nəzərə alır. Hazırkı işdə o, konkret olaraq, yoxlanıla bilməyən şahid ifadəsinin sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün yetərincə balanslaşdırıcı amillərin olub-olmadığını araşdırarkən bu cür fərqləri nəzərə alacaq (müqayisə üçün bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 146-cı bənd).
b) Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üç pilləsi arasında əlaqə
110. Məhkəmə hesab edir ki, yoxlanıla bilməyən ittihamedici şahid ifadəsinin qəbul edildiyi məhkəmə araşdırmasının Konvensiyaya uyğunluğunun araşdırılması məsələsi ortaya çıxdıqda, Əl-Havayya və Tahirinin işi üzrə qərarda formalaşdırdığı prinsiplərin onun sonrakı presedent hüququna tətbiqi məsələsi Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın yuxarıda göstərilən üç pilləsi arasındakı əlaqəyə aydınlıq gətirmək zərurətini yaradır. Aydın məsələdir ki, yoxlamanın üç pilləsinin hamısı (Əl-Havayya və Tahirinin işi üzrə qərarda göstərildiyi kimi) o halda araşdırılmalıdır ki, birinci pillə ilə ("şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi") ikinci pillədəki sualların ("məhkəmədə iştirak etməyən şahidin ifadəsi müttəhimin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi") cavabı müsbət olsun (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 120 və 147-ci bənd). Lakin Məhkəmə birinci və ya ikinci sualdan hər hansı birinin cavabı mənfi olduğu halda da yoxlamanın hər üç pilləsinin eynilə araşdırılmalı olub-olmadığına, habelə pillələrin araşdırılma ardıcıllığına aydınlıq gətirməlidir.
i) Şahidin məhkəməyə gəlməməsi üçün əsaslı səbəbin olmaması özlüyündə 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozuntusuna səbəb ola bilərmi?
111. Şahidin məhkəməyə gəlməməsi üçün əsaslı səbəbin olmamasının (Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın birinci pilləsi) özlüyündə 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozuntusuna səbəb olub-olmaması barədə suala gəlincə, Məhkəmə Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın ikinci və üçüncü pillələrini araşdırmağa ehtiyac olmadan aşağıdakıları qeyd edir. Əl-Havayya və Tahirinin işi üzrə qərarında o hesab etdi ki, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin sübut qismində qəbul edilməsi üçün əsaslı səbəbin mövcud olması tələbi həmin ifadənin yeganə və ya həlledici olub-olmadığını nəzərən keçirməzdən əvvəl araşdırılmalı olan "ilk məsələdir" (ibid., 120-ci bənd). Məhkəmə daha sonra qeyd etdi ki, 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozulduğunu hətta o işlərdə də müəyyən edib ki, həmin işlərdə məhkəmədə iştirak etməyən şahidin ifadəsi nə yeganə, nə də həlledici idi və şahidi dindirmək imkanının olmaması ilə bağlı heç bir əsaslı səbəb göstərilməmişdi (ibid., sonrakı istinadlarla).
112. Məhkəmə qeyd edir ki, şahidin ifadə verməyə çağırılmamasını əsaslandırmaq tələbi onun presedent hüququnda bu sualla əlaqədar olaraq formalaşıb ki, "müttəhimin məhkum edilməsi yalnız və ya həlledici dərəcədə məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadəyə əsaslanırdımı" (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 128-ci bənd)? Bundan başqa, o, təkrarən bildirir ki, "yeganə və ya həlledici sübut" deyilən qaydadan kənara çıxdığı Əl-Havayya və Tahirinin işi üzrə qərarının kökündə duran məntiqi izah fərqlilikləri nəzərə almayan qaydadan imtina etməkdən və məhkəmə prosesinin ədalətliliyini yoxlayarkən prosesi bütövlükdə götürməkdən ibarətdir (ibid., 146-147-ci bəndlər). Lakin yoxlanıla bilməyən ifadə işin nəticəsi üçün yeganə və ya həlledici əsas olmadığı və hətta ola bilsin işin nəticəsinə heç bir təsir göstərmədiyi hallarda təkcə şahidin məhkəməyə əsaslı səbəb olmadan gəlməməsi ucbatından məhkəmə araşdırması ədalətsiz hesab edilsəydi, bu, fərqlilikləri nəzərə almayan yeni qaydanın yaranmasına bərabər olardı.
113. Məhkəmə qeyd edir ki, Əl-Havayya və Tahirinin işi üzrə qərarın çıxarılmasından sonra qaldırılmış bir sıra işlərdə məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsinə ümumi yanaşma tətbiq edib və bu zaman Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın hər üç pilləsini nəzərə alıb (bax: Salixov Rusiyaya qarşı, ərizə № 23880/05, 118-ci və sonrakı bəndlər, 3 may 2012-ci il; Əsədbəyli və başqaları Azərbaycana qarşı, ərizələr № 3653/05, 14729/05, 20908/05, 26242/05, 36083/05 və 16519/06, 134-cü bənd, 11 dekabr 2012-ci il; Yevgeni İvanov Rusiyaya qarşı, ərizə № 27100/03, 45-50-ci bəndlər, 25 aprel 2013-cü il; və Şandru Rumıniyaya qarşı, ərizə № 33882/05, 62-70-ci bəndlər, 15 oktyabr 2013-cü il). Lakin digər işlərdə təkcə ittiham tərəfinin şahidinin məhkəmə araşdırmasında əsaslı səbəb olmadan iştirak etməməsi 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozulduğunu müəyyən etmək üçün yetərli hesab edilib (bax: Rudniçenko Ukraynaya qarşı, ərizə № 2775/07, 105-110-cu bəndlər, 11 iyul 2013-cü il; və Nikolitsas Yunanıstana qarşı, ərizə № 63117/09, 35-ci bənd, 3 iyul 2014-cü il – lakin bu sonuncu işdə Məhkəmə Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın növbəti pillələrini də araşdırıb; bax: ibid., 36-39-cu bəndlər). Digər işlərdə isə fərqli yanaşma tətbiq edilib: ittiham tərəfinin şahidinin məhkəmə araşdırmasında əsaslı səbəb olmadan iştirak etməməsi prosesin ədalətsiz sayılması üçün həlledici amil hesab edilib, baxmayaraq ki, şahidin ifadəsi işin nəticəsinə açıq-aydın heç bir təsir göstərməmişdi (bax: Xodorkovski və Lebedev Rusiyaya qarşı, ərizələr № 11082/06 və 13772/05, 709-716-cı bəndlər, 25 iyul 2013-cü il; Cevat Soysal Türkiyəyə qarşı, ərizə № 17362/03, 76-79-cu bəndlər, 23 sentyabr 2014-cü il; və Suldin Rusiyaya qarşı, ərizələr № 20077/04, 56-59-cu bəndlər, 16 oktyabr 2014-cü il). Böyük Palata yuxarıdakıları (111-112-ci bəndlərə bax) nəzərə alaraq hesab edir ki, şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olmaması özlüyündə məhkəmə araşdırmasının ədalətsiz olduğu qənaətinə gəlmək üçün əsas ola bilməz. Onu da qeyd etmək lazımdır ki, ittiham tərəfinin şahidinin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyi qiymətləndirilərkən digər amillərlə balanslaşdırılmalı olan və balansı 6-cı maddənin 1 və 3"d" bəndlərinin pozuntusuna doğru dəyişə bilən mühüm amildir.
ii) Yoxlanıla bilməyən şahid ifadəsi nə yeganə, nə də həlledici sübutdursa, yetərincə balanslaşdırıcı amillərin olması bu halda da zəruridirmi?
114. Əl-Havayya və Tahirinin işi üzrə qərarında Məhkəmə ittiham hökmlərinin yalnız və ya həlledici dərəcədə məhkəmədə iştirak etməyən şahidlərin ifadəsinə əsaslandığı hallarda sübutların etibarlılığının ədalətli və düzgün şəkildə qiymətləndirilməsini təmin etmək üçün yetərincə balanslaşdırıcı amillərin mövcud olması tələbini nəzərdən keçirdi (ibid., 147-ci bənd).
115. Məhkəmədə iştirak etməyən şahidin ifadəsinin ərizəçinin məhkum edilməsi üçün əsas olmuş yeganə və ya həlledici sübut təşkil etmədiyi işlərdə yetərincə balanslaşdırıcı amillərin mövcudluğunu yoxlamağın zəruri olub-olmadığı sualına gəlincə, Məhkəmə bir daha bildirir ki, ümumiyyətlə bütövlükdə götürülmüş halda prosesin ədalətliliyini araşdırmağı zəruri hesab edir. Bu yoxlamaya, ənənəvi olaraq, yoxlanıla bilməyən sübutların təqsirləndirilən şəxsə qarşı ittihamlar üçün mühümlüyünün yoxlanılması və müdafiə tərəfinin öz işində üzləşdiyi çətinlikləri kompensasiya etmək üçün məhkəmə orqanlarının gördüyü balanslaşdırıcı tədbirlərin nəzərdən keçirilməsi daxildir (Qani İspaniyaya qarşı, ərizə № 61800/08, 41-ci bənd, 10 fevral 2013-cü il, sonrakı istinadlarla; həmçinin bax: Fafroviç Polşaya qarşı, ərizə № 43609/07, 58-63-cü bəndlər, 17 aprel 2012-ci il; Sellik və Sellik Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 18743/06, 54-55-ci bəndlər, 16 oktyabr 2012-ci il – bu işdə məhkəmədə iştirak etməyən şahidin ifadəsi "mühüm" sübut kimi xarakterizə olunmuşdu; Beqqs Birləşmiş Krallığa qarşı, ərizə № 25133/06, 156-159-cu bəndlər, 6 noyabr 2012-ci il – bu işdə məhkəmədə iştirak etməyən şahidin ifadəsi yalnız dolayı sübutlarldan biri kimi xarakterizə olunmuşdu; Ştefançiç Sloveniyaya qarşı, ərizə № 18027/05, 42-47-ci bəndlər, 26 oktyabr 2012-ci il – bu işdə məhkəmədə iştirak etməyən şahidin ifadəsi ərizəçi barəsindəki ittiham hökmünün əsaslandığı bir neçə elementdən biri kimi xarakterizə olunmuşdu; və Qarofolo İsveçrəyə qarşı (qərardad), ərizə № 4380/09, 52 və 56-57-ci bəndlər, 2 aprel 2013-cü il; həmçinin bax: Matıtsina Rusiyaya qarşı, ərizə № 58428/10, 164-165-ci bəndlər, 27 mapt 2014-cü il; və Hornkasl və başqaları Birləşmiş Krallığa qarşı, ərizə № 4184/10, 150-151-ci bəndlər, 16 dekabr 2014-cü il – hər iki işdə məhkəmədə iştirak etməyən şahidin ifadəsinin az əhəmiyyət daşıdığı nəzərə alınaraq balanslaşdırıcı amillərin mövcudluğu yoxlanılmamışdı).
116. Məhkəmənin işi bütövlükdə götürülmüş prosesin ədalətli olub-olmadığını müəyyənləşdirməkdən ibarət olduğuna görə o, yetərincə balanslaşdırıcı amillərin mövcudluğunu təkcə o işlərdə yoxlamalı deyil ki, həmin işlərdə məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadə ərizəçinin məhkum edilməsinin yeganə və ya həlledici əsasını təşkil edir. O bunu həm də o işlərdə yoxlamalıdır ki, həmin işlərdə daxili məhkəmələrin sübutların əhəmiyyətliliyinə verdikləri qiymət onun tərəfindən dəyərləndirildikdən (bu məsələ aşağıda 124-cü bənddə daha ətraflı qeyd olunub) sonra sözügedən ifadənin yeganə və ya həlledici əsas təşkil edib-etmədiyi aydın olmur, amma bununla belə, o əminliklə hesab edir ki, həmin ifadə əhəmiyyətli çəkiyə malik olub və onun qəbulu müdafiə tərəfinə çətinliklər yaradıb. Məhkəmə araşdırmasının ədalətli hesab edilməsi üçün zəruri olan balanslaşdırıcı amillərin səviyyəsi məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadənin çəkisindən asılıdır. İfadə nə qədər önəmlidirsə, bütövlükdə prosesin ədalətli hesab edilməsi üçün balanslaşdırıcı amillər bir o qədər mühüm çəkiyə malik olmalıdır.
iii) Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üç pilləsinin ardıcıllığı məsələsi
117. Məhkəmə qeyd edir ki, Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş tələb, yəni şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olması (birinci pillə) və daha sonra məhkəmədə iştirak etməyən şahidin ifadəsinin sübut kimi qəbul edilməsi üçün əsaslı səbəbin olması məsələsi ifadənin yeganə və ya həlledici sübut təşkil edib-etmədiyi məsələsi (ikinci pillə; ibid., 120-ci bənd) nəzərdən keçirilməzdən əvvəl araşdırılmalı olan ilkin məsələ hesab edilib. Bu kontekstdə "ilkin" sözü zaman mənasında başa düşülməlidir: birinci instansiya məhkəməsi əvvəlcə şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olub-olmadığını və daha sonra məhkəmədə iştirak etməyən şahidin ifadəsinin sübut kimi qəbul edilməsinin mümkünlüyünü müəyyənləşdirməlidir. Yalnız həmin şahidin ifadəsi qəbul edildikdən sonra birinci instansiya məhkəməsi, təqdim edilmiş bütün sübutları nəzərə almaqla, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin mühümlüyünü və konkret olaraq, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin müttəhimin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas təşkil edib-etmədiyini məhkəmə araşdırmasının sonunda qiymətləndirə bilər. Bütövlükdə prosesin ədalətli olması üçün balanslaşdırıcı amillərin tələb olunan əhəmiyyətlilik dərəcəsi məhkəmədə iştirak etməyən şahidin ifadəsinin çəkisindən asılıdır (üçüncü pillə).
118. Yuxarıdakılar nəzərə alınmaqla, bir qayda olaraq, Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üç pilləsini həmin qərarda müəyyən edilmiş ardıcıllıqla araşdırmaq məqsədəuyğundur (yuxarıda 107-ci bəndə bax). Lakin yoxlamanın hər üç pilləsi bir-biri ilə qarşılıqlı əlaqəlidir və onlar birlikdə götürülmüş halda sözügedən cinayət prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirməyə xidmət edir. Buna görə hər hansı konkret işdə bu pillələri fərqli ardıcıllıqla yoxlamaq məqsədəuyğun ola bilər, bu xüsusən o hallara aiddir ki, pillələrdən biri prosesin ədalətliliyinin və ya ədalətsizliyinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıyır (bu məsələ ilə bağlı, məsələn, bu işlərə bax: Neçto Rusiyaya qarşı, ərizə № 24893/05, 119-125 və 126-127-ci bəndlər, 24 yanvar 2012-ci il; Mitkus Latviyaya qarşı, ərizə № 7259/03, 101-102 və 106-cı bəndlər, 2 oktyabr 2012-ci il; Qaninin işi üzrə yuxarıda istinad edilən qərar, 43-45-ci bəndlər; Şandrunun işi üzrə yuxarıda istinad edilən qərar, 62-66-cı bəndlər – bu işlərin hamısında ikinci pillə, yəni məhkəmədə iştirak etməyən şahidin ifadəsinin yeganə və ya həlledici sübut təşkil edib-etmədiyi məsələsi birinci pillənin, yəni şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəbin olub-olmadığının araşdırılmasından əvvəl yoxlanıldı).
c) Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üç pilləsinin hər birinə aid prinsiplər
i) Şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi?
119. Şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən mövcud olmalıdır, yəni məhkəmənin əlində şahidin məhkəmə iclasında iştirak etməsini təmin etməyin mümkünsüzlüyünə dair tutarlı faktoloji və hüquqi əsaslar olmalıdır. Bu mənada şahidin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb varsa, buradan belə nəticə çıxır ki, məhkəmədə iştirak etməyən şahidin yoxlanıla bilməyən ifadələrinin birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi üçün əsaslı və ya üzrlü səbəb var. Şahid məhkəmədə bir sıra səbəblərdən, məsələn, vəfat etməsi və ya qorxması (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 120-125-ci bəndlər), səhhəti (misal üçün bax: Bobeş Rumıniyaya qarşı, ərizə № 29752/05, 39-40-cı bəndlər, 9 iyul 2013-cü il; Vronçenko Estoniyaya qarşı, ərizə № 59632/09, 58-ci bənd, 18 iyul 2013-cü il; və Matıtsinanın işi üzrə yuxarıda istinad edilən qərar, 163-cü bənd), yaxud da əlçatan olmaması ilə əlaqədar iştirak etməyə bilər.
120. Şahidin əlçatan olmaması ilə əlaqədar məhkəmədə iştirak etmədiyi hallarda Məhkəmə şahidin iştirakını təmin etmək üçün birinci instansiya məhkəməsindən bütün ağlabatan cəhdlərin göstərilməsini tələb edir (bax: Qabrielyan Ermənistana qarşı, ərizə № 8088/05, 78-ci bənd, 10 aprel 2012-ci il; Tseber Çexiya Respublikasına qarşı, ərizə № 46203/08, 48-ci bənd, 22 noyabr 2012-ci il; və Kosteçki Polşaya qarşı, ərizə № 14932/09, 65 və 66-cı bəndlər, 4 iyun 2013-cü il). Daxili məhkəmələrin müvafiq şahidin yerini müəyyənləşdirə bilməməsi və ya şahidin məhkəmə prosesinin keçirildiyi ölkədə olmaması 6-cı maddənin 3"d" bəndinin tələblərinin təmin edilməsi üçün özlüyündə yetərli sayılmır, həmin bəndin tələbinə görə, iştirakçı dövlətlər təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri dindirməsi və ya bu şahidlərin dindirilməsinə nail olması üçün pozitiv tədbirlər görməlidirlər (bax: Qabrielyanın işi üzrə yuxarıda istinad edilən qərar, 81-ci bənd; və Luçiç Xorvatiyaya qarşı, ərizə № 5699/11, 79-cu bənd, 27 fevral 2014-cü il). Belə tədbirlər 6-cı maddənin təmin etdiyi hüquqların faktiki olaraq həyata keçirilməsini təmin etmək üçün iştirakçı dövlətlərin göstərdiyi səylərin tərkib hissəsini təşkil edir (bax: Qabrielyanın işi üzrə yuxarıda istinad edilən qərar, 81-ci bənd, sonrakı istinadlarla). Əks halda şahidin məhkəmədə iştirak etməməsində dövlət hakimiyyəti orqanları təqsirkar sayılırlar (bax: Tseberin işi üzrə yuxarıda istinad edilən qərar, 58-ci bənd; və Luçiçin işi üzrə yuxarıda istinad edilən qərar, 79-cu bənd).
121. Son nəticədə əlçatan olmayan hesab etdikləri şahidin məhkəmədə iştirakını təmin etmək məqsədi ilə öncə bütün ağlabatan səyləri göstərmək üçün daxili məhkəmələrin həyata keçirməli olduqları konkret tədbirlərin siyahısını tərtib etmək Məhkəmənin işi deyil (bax: Tseberin işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd). Bununla belə, aydın məsələdir ki, onlar dövlət hakimiyyəti orqanlarının, o cümlədən polisin köməyi ilə şahidi aktiv surətdə axtarmalı (bax: Salixovun işi üzrə yuxarıda istinad edilən qərar, 116-117-ci bəndlər; Prajina Rumıniyaya qarşı, ərizə № 5592/05, 47-ci bənd, 7 yanvar 2014-cü il; və Luçiçin işi üzrə yuxarıda istinad edilən qərar, 79-cu bənd) və əgər beynəlxalq hüquqi yardım mexanizmləri mövcuddursa, bir qayda olaraq, şahid xaricdə yaşadığı təqdirdə beynəlxalq hüquqi yardım üçün müraciət etməlidirlər (bax: Qabrielyanın işi üzrə yuxarıda istinad edilən qərar, 83-cü bənd; Fafroviçin işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; Luçiçin işi üzrə yuxarıda istinad edilən qərar, 80-ci bənd; və Nikolitsasın işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd).
122. Şahidin məhkəmədə iştirakını təmin etmək üçün hakimiyyət orqanlarının bütün ağlabatan səyləri göstərməsinin zəruriliyi şahidin məhkəməyə gəlmək iqtidarında olmadığını əsaslandırmaq üçün gətirilən səbəblərin daxili məhkəmələr tərəfindən ciddi şəkildə yoxlanılmasını və hər bir şahidin konkret situasiyasının nəzərdən keçirilməsini nəzərdə tutur (bax: Neçtonun işi üzrə yuxarıda istinad edilən qərar, 127-ci bənd; Damir Sibqatullinin işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; və Yevgeni İvanovun işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd).
ii) Məhkəmədə iştirak etməyən şahidin ifadəsi müttəhimin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi?
123. Məhkəmədə iştirak etməyən şahidin sübut qismində qəbul edilmiş ifadəsinin müttəhimin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas təşkil edib-etmədiyi sualına (Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın ikinci pilləsi) gəlincə, Məhkəmə bir daha bildirir ki, "yeganə" sübut ifadəsi yalnız təqsirləndirilən şəxsin əleyhinə olan sübut kimi başa düşülməlidir (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 131-ci bənd). "Həlledici" sübut ifadəsi isə dar çərçivədə şərh olunmalı və işin nəticəsinə təsir göstərə biləcək dərəcədə mühümlüyü və ya əhəmiyyətliliyi bildirən ifadə kimi başa düşülməlidir. Yoxlanıla bilməyən şahid ifadəsi digər təsdiqedici dəlillərlə təsdiqlənərsə, onun həlledici olub-olmamasının qiymətləndirilməsi təsdiqedici dəlilin ciddilik dərəcəsindən asılıdır; təsdiqedici dəlil nə qədər ciddi olarsa, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin həlledici sübut təşkil etməsi ehtimalı da bir o qədər az olar (ibid., 131-ci bənd).
124. Avropa Məhkəməsi dördüncü instansiya məhkəməsi qismində hərəkət etmək funksiyasını daşımadığına görə (bax: Nikolitsasın işi üzrə yuxarıda istinad edilən qərar, 30-cu bənd), ərizəçinin məhkum edilməsinin yalnız və ya həlledici dərəcədə məhkəmədə iştirak etməyən şahidin ifadələrinə əsaslanıb-əsaslanmadığını müəyyənləşdirmək üçün aparacağı araşdırmanın başlanğıc nöqtəsi kimi daxili məhkəmələrin qərarlarına nəzər salacaq (bax: Beqqsin işi üzrə yuxarıda istinad edilən qərar, 156-cı bənd; Kosteçkinin işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd; və (bax: Hornkaslın işi üzrə yuxarıda istinad edilən qərar, 141 və 150-ci bəndlər). Məhkəmə daxili məhkəmələrin apardığı qiymətləndirməni "yeganə" və "həlledici" sübut terminlərinə özünün verdiyi anlayışın işığında nəzərdən keçirməli və müəyyənləşdirməlidir ki, daxili məhkəmələrin sübutların əhəmiyyətliliyinə verdikləri qiymət qəbuledilməz və ya əsassız idimi (müqayisə üçün, məsələn, bu işlərə bax: Makqlinn Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 40612/11, 23-cü bənd, 16 oktyabr 2012-ci il; və Qarofolonun işi üzrə yuxarıda istinad edilən qərar, 52-53-cü bəndlər)? Bundan əlavə, əgər məhkəmələr bu məsələyə dair mövqelərini bildirməyiblərsə və ya onlar mövqeləri aydın deyilsə, o, məhkəmədə iştirak etməyən şahidin ifadəsinin əhəmiyyətliliyini özü qiymətləndirir (müqayisə üçün, məsələn, bu işlərə bax: Fafroviçin işi üzrə yuxarıda istinad edilən qərar, 58-ci bənd; Piçugin Rusiyaya qarşı, ərizə № 38623/03, 196-200-cü bəndlər, 23 oktyabr 2012-ci il; Tseberin işi üzrə yuxarıda istinad edilən qərar, 54-56-cı bəndlər; və Nikolitsasın işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd).
iii) Müdafiə tərəfinin öz işində üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün yetərincə balanslaşdırıcı amillər var idimi?
125. Yoxlanıla bilməyən şahid ifadəsinin məhkəmə araşdırmasında sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin öz işində üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün yetərincə balanslaşdırıcı amillərin olub-olmadığı sualına (Əl-Havayya və Tahirinin işi üzrə qərarda müəyyən edilmiş yoxlamanın üçüncü pilləsi) gəlincə, Məhkəmə bir daha bildirir ki, bu balanslaşdırıcı amillər həmin ifadənin etibarlılığının ədalətli və düzgün şəkildə qiymətləndirilməsinə imkan yaratmalıdır (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 147-ci bənd).
126. Məhkəmədə iştirak etməyən şahidin yoxlanıla bilməyən ifadəsinə daxili məhkəmələrin ehtiyatla yanaşmalarını Məhkəmə mühüm təminat hesab edir (müqayisə üçün bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 161-ci bənd; Qanenin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd; və Brzuşinski Polşaya qarşı, ərizə № 23789/09, 85-86-cı bəndlər, 17 sentyabr 2013-cü il). Məhkəmələr məhkəmədə iştirak etməyən şahidin ifadələrinin daha az çəkiyə malik olması faktından xəbərdar olduqlarını nümayiş etdirməlidirlər (məsələn, müqayisə üçün bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 157-ci bənd; Bobeşin işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd). Bu kontekstdə Məhkəmə onu nəzərə alır ki, daxili məhkəmələr ifadəni nə üçün etibarlı hesab etdiklərini ətraflı şəkildə əsaslandırıblarmı və eyni zamanda əldə olan digər sübutları da nəzərə alıblarmı (bax: Brzuşinskinin işi üzrə yuxarıda istinad edilən qərar, 85-86-cı bəndlər; Prajinanın işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd; və Nikolitsasın işi üzrə yuxarıda istinad edilən qərar, 37-ci bənd)? Eynilə, o, məhkəmədə iştirak etməyən şahidlərin ifadəsinə necə yanaşmalı olduqları barədə birinci instansiya məhkəməsi hakiminin andlılara verdiyi hər hansı təlimatları da nəzərə alır (misal üçün bax: Sellik və Sellikin işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd).
127. Bu kontekstdə məhkəmədə iştirak etməyən şahidin istintaq mərhələsində verdiyi ifadənin videoyazısının birinci instansiya məhkəməsindəki dinləmədə nümayiş etdirilməsi də əlavə təmin ola bilər, bu, məhkəməyə, habelə ittiham və müdafiə tərəflərinə imkan verər ki, dindirildiyi zaman şahidin davranışını müşahidə etsinlər və onun ifadəsinin etibarlılığı barədə təəssüratlarını formalaşdırsınlar (bax: A.G. İsveçə qarşı iş üzrə yuxarıda istinad edilən qərar; Çmura Polşaya qarşı, ərizə № 18475/05, 50-ci bənd, 3 aprel 2012-ci il; D.T. Niderlanda qarşı (qərardad), ərizə № 25307/10, 50-ci bənd, 2 aprel 2013-cü il; Yevgeni İvanovun işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd; Rosin Estoniyaya qarşı, ərizə № 26540/08, 62-ci bənd, 19 dekabr 2013-cü il; və Qonzales Naxera İspaniyaya qarşı (qərardad), ərizə № 61047/13, 54-cü bənd, 11 fevral 2014-cü il).
128. Məhkəmə araşdırması zamanı digər bir əhəmiyyətli təminat isə yoxlanıla bilməyən şahid ifadəsinin doğruluğunu təsdiqləyən sübutun olmasıdır (digər qərarlarla yanaşı bax: Sika Rumıniyaya qarşı, ərizə № 12036/05, 76-77-ci bəndlər, 9 iyul 2013-cü il; Brzuşinskinin işi üzrə yuxarıda istinad edilən qərar, 87-ci bənd; və Prajinanın işi üzrə yuxarıda istinad edilən qərar, 58 və 60-cı bəndlər). Bu cür sübutlar sırasına, digər dəlillərlə yanaşı, hadisələrin baş verməsindən dərhal sonra onlar barədə məhkəmədə iştirak etməyən şahidin məlumat verdiyi şəxslər tərəfindən məhkəmə araşdırması zamanı verilmiş ifadələr (bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 156-cı bənd; Makqlinnin işi üzrə yuxarıda istinad edilən qərar, 24-cü bənd; D.T. Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd; və Qonzales Naxeranın işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd), cinayətlə bağlı qorunub saxlanmış əlavə faktoloji sübutlar, o cümlədən məhkəmə sübutları (misal üçün bax: Makqlinnin işi üzrə yuxarıda istinad edilən qərar, 24-cü bənd – DNT analizinin sübutları), yaxud zərərçəkənin xəsarətləri ilə və ya ifadələrinin etibarlılığı ilə bağlı ekspert rəyləri (müqayisə üçün bax: Qaninin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd; Qonzales Naxeranın işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; və Rosinin işi üzrə yuxarıda istinad edilən qərar, 61-ci bənd) daxildir. Bundan əlavə, Məhkəmə aşağıdakıları məhkəmədə iştirak etməyən şahidin ifadəsini təsdiqləyən mühüm amil hesab edir: məhkəmədə iştirak etməyən şahidin ona qarşı törədildiyi iddia edilən cinayət barəsində söylədikləri ilə onun gizli razılığa gəldiyi sübut edilməyən digər bir şahidin hadisə barəsində söylədikləri arasında ciddi oxşarlığı; və ya eyni müttəhimin bu cinayətlə müqayisə oluna bilən hər hansı cinayəti törətməsini. Əgər həmin digər şahid məhkəmə araşdırmasında ifadə veribsə və onun ifadəsi çarpaz dindirmə yolu ilə yoxlanılıbsa, bu, xüsusilə ciddi təsdiqedici amil sayılır (müqayisə üçün bax: Əl-Havayya və Tahirinin işi üzrə yuxarıda istinad edilən qərar, 156-cı bənd).
129. Bundan başqa, şahidin məhkəmədə iştirak etmədiyi və məhkəmə araşdırmasında dindirilməsinin mümkün olmadığı işlərdə müdafiə tərəfi üçün məhkəmə araşdırmasının gedişində şahidə dolayı formada, məsələn, yazılı şəkildə suallarını təqdim etmək imkanının yaradılması mühüm təminatdır (bax: Yevgeni İvanovun işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd; və Şoler Almaniyaya qarşı, ərizə № 14212/10, 60-cı bənd, 18 dekabr 2014-cü il).
130. Yoxlanıla bilməyən şahid ifadəsinin məhkəmə araşdırmasında sübut qismində qəbulu nəticəsində müdafiə tərəfinin öz işində üzləşdiyi çətinlikləri aradan qaldıran digər bir mühüm təminat ərizəçiyə və ya müdafiəçi vəkilə istintaq mərhələsində şahidi dindirmək imkanının yaradılmasıdır (digər qərarlarla yanaşı bax: A.G. İsveçə qarşı iş üzrə yuxarıda istinad edilən qərar; Qaninin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd; və Şandrunun işi üzrə yuxarıda istinad edilən qərar, 67-ci bənd). Məhkəmə bu kontekstdə hesab edir ki, istintaq mərhələsində istintaq orqanları şahidin məhkəmə araşdırmasında dinlənilə bilməyəcəyi qənaətindədirlərsə, o halda müdafiə tərəfinin ilkin istintaq zamanı zərərçəkənə suallar verməsinə imkan yaradılması önəmlidir (bax: Rosinin işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci və ondan sonrakı bəndlər, xüsusən 57-ci və 60-cı bəndlər; Vronçenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 61 və 63-cü bəndlər – hər iki iş seksual cinayətdən zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxsin məhkəmə araşdırmasında iştirak etməməsi ilə əlaqədar idi və bunda məqsəd həmin uşağın sağlamlığını qorumaq idi; həmçinin müqayisə üçün bax: Ayqner Avstriyaya qarşı, ərizə № 28328/03, 41-42-ci bəndlər, 10 may 2012-ci il; və Trampevskinin işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd). Bu cür məhkəməyəqədər dinləmələrin təşkili çox zaman mühüm şahidin məhkəmə araşdırmasında ifadə verməyə gələ bilməməsi ilə əlaqədar riski öncədən aradan qaldırmaq məqsədini daşıyır (bax: Çmuranın işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd).
131. Bundan əlavə, müttəhimə imkan yaradılmalıdır ki, hadisələrə dair öz versiyasını təqdim etsin və məhkəmədə iştirak etməyən şahidin ifadəsində digər şahidlərin ifadələri ilə uyğun gəlməyən və ya ziddiyyət təşkil edən məqamları göstərməklə həmin ifadənin etibarlılığını şübhə altına alsın (bax: Ayqnerin işi üzrə yuxarıda istinad edilən qərar, 43-cü bənd; D.T. Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd; Garofolonun işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; və Qaninin işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd). Şahidin kimliyi müdafiə tərəfinə məlumdursa, sonuncu həmin şahidin yalan danışmasının kökündə hansı motivlərin dayandığını təyin edə və araşdıra bilər və beləliklə onun ifadəsinin etibarlılığını, birbaşa üzləşdirilməyə nisbətən az dərəcədə olsa da, hər halda effektiv şəkildə şübhə altına ala bilər (bax: Tseberin işi üzrə yuxarıda istinad edilən qərar, 63-cü bənd; Garofolonun işi üzrə yuxarıda istinad edilən qərar, 56-cı bənd; Sikanın işi üzrə yuxarıda istinad edilən qərar, 73-c3 bənd; və Brzuşinskinin işi üzrə yuxarıda istinad edilən qərar, 88-ci bənd).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
a) Şahidlər O. və P.-nin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi?
132. Hazırkı işdə Məhkəmə əvvəlcə onu araşdıracaq ki, birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən şahidlər O. və P.-nin məhkəmədə iştirak etməməsi üçün əsaslı səbəb var idimi və nəticədə məhkəmədə iştirak etməyən şahidlərin yoxlanıla bilməyən ifadələrini sübut kimi qəbul etmək üçün əsaslı və ya üzrlü səbəb var idimi (yuxarıda 119-cu bəndə bax)?
133. Şahidlərin məhkəmə araşdırmasında iştirakını təmin etməmək üçün regional məhkəmənin əlində əsaslı faktoloji və ya hüquqi səbəblərin olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə öncə qeyd etmək istərdi ki, ərizəçinin haqlı olaraq vurğuladığı kimi, regional məhkəmə şahidlərin sağlamlıq durumunu və ya qorxusunu onların məhkəmə araşdırmasında iştirak etməmələri üçün üzrlü səbəb kimi qəbul etməmişdi.
134. Bunu bu fakt da göstərir ki, regional məhkəmə 29 avqust 2007-ci il tarixli məktubla Latviyada yaşayan şahidlərdən xahiş etmişdi ki, məhkəmə iclasına gəlsinlər, halbuki onlar qeyri-sabit post-travmatik emosional və psixoloji durumda olduqlarını göstərən tibbi arayışları əsas gətirərək öncə bu məhkəmənin çağırışı üzrə gəlməkdən imtina etmişdilər (yuxarıda 23-24-cü bəndlərə bax). Bundan əlavə, şahidlərin hələ də post-travmatik pozuntudan əziyyət çəkdiklərini yenidən əsas gətirmələri nəticəsində Latviya məhkəməsi tərəfindən dinləmə ləğv edildikdən sonra regional məhkəmə Latviya məhkəməsinə bildirmişdi ki, Almaniyanın cinayət qanunvericiliyinin normalarına əsasən, şahidlər ifadə verməkdən imtina etmələrini yetərincə əsaslandırmamışdılar. Buna görə də regional məhkəmə Latviya məhkəməsinə təklif etmişdi ki, şahidlərin sağlamlıq durumu və ifadə vermək iqtidarında olub-olmamaları dövlət səhiyyə sisteminin həkimi tərəfindən yoxlanılsın, yaxud alternativ olaraq, həmin məhkəmə onları Latviyadakı dinləməyə məcburi qaydada gətirilsin. Latviya məhkəməsi bu təkliflərə cavab verməmişdi (yuxarıda 26-27-ci bəndlərə bax).
135. Yalnız şahidlərin dindirilməsinə yönələn bu cəhdlər boşa çıxdıqdan sonra regional məhkəmə bu qənaətə gəldi ki, yaxın gələcəkdə onun bu şahidləri dindirməsinə imkan verməyən qarşısıalınmaz maneələr mövcuddur. Buna görə də regional məhkəmə Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 1.2 və 2.1-ci bəndlərinə istinadən şahidlərin istintaq mərhələsində dindirilməsinin protokolundakı qeydləri məhkəmə prosesində sübut kimi qəbul etdi (yuxarıda 28-ci bəndə bax). Beləliklə, regional məhkəmənin bu tədbirə əl atmasının səbəbi şahidlərin sağlamlıq durumu və ya qorxusu (maddi-hüquqi və ya faktoloji səbəb) deyil, məhkəmə iclasında iştirak etmək üçün onların əlçatan olmaması və həmin məhkəmənin onları məhkəmə iclasına məcburi qaydada gətirtmək səlahiyyətinə malik olmaması (yəni prosessual və ya hüquqi səbəb) idi.
136. Əlçatan olmadıqlarına görə ittiham tərəfinin şahidlərinin məhkəmədə iştirak etmədiyi hallarda tələb olunduğu kimi, Məhkəmə şahidlərin iştirakının təmin edilməsi üçün birinci instansiya məhkəməsinin bütün ağlabatan cəhdləri göstərib-göstərmədiyini araşdırmalıdır (yuxarıda 120-ci bəndə bax). O bununla əlaqədar olaraq qeyd edir ki, regional məhkəmə müdafiə tərəfinin, məhkəmənin özünün və ittiham tərəfinin şahidlər O. və P.-ni dindirə bilmələri üçün xeyli pozitiv tədbirlər görmüşdü.
137. Regional məhkəmə Almaniyada məhkəmə iclasında ifadə verməkdən imtina etməkdən ötrü hər bir şahidin təqdim etdikləri tibbi arayışlarda göstərilmiş əsasları tənqidi şəkildə araşdırmış, yuxarıda göstərildiyi kimi, bu əsasları məhkəmədə iştirak etməməyə haqq qazandırmaq üçün yetərsiz hesab etmiş və şahidlərlə şəxsən əlaqə yaradaraq onlara məhkəmədə ifadə vermələri üçün müxtəlif variantlar təklif etmişdi, şahidlər isə təklifi rədd etmişdilər.
138. Bundan sonra regional məhkəmə beynəlxalq hüquqi yardım üçün müraciət etdi və şahidlərin Latviya məhkəməsinə çağırılmaları üçün sorğu verdi ki, regional məhkəmənin iclasına sədrlik edən hakim onları videorabitə vasitəsilə dindirə bilsin və müdafiə tərəfi onları çarpaz dindirmək imkanına malik olsun. Lakin dinləmə Latviya məhkəməsi tərəfindən ləğv edildi, belə ki, o, şahidlərin təqdim etdikləri tibbi arayışlar əsasında ifadə verməkdən imtina etmək üçün göstərdikləri səbəbi qəbul etdi. Regional məhkəmə şahidlərin məhkəmədə iştirak etməmək üçün gətirdikləri yuxarıda qeyd edilən əsasları yenidən tənqidi şəkildə yoxlayaraq hətta Latviya məhkəməsinə təklif etdi ki, şahidlərin sağlamlıq durumu dövlət səhiyyə sisteminin həkimi tərəfindən yoxlanılsın, yaxud həmin məhkəmə şahidləri dinləməyə məcburi qaydada gətirtsin, amma bu təklif cavabsız qaldı (ətraflı şəkildə yuxarıda 23-27-ci bəndlərə bax).
139. Bu elementləri nəzərə alan Böyük Palata bu məsələdə Palatanın gəldiyi nəticəni paylaşaraq hesab edir ki, regional məhkəmə şahidlər O. və P.-nin məhkəmədə iştirakını təmin etmək üçün mövcud qanunvericilik çərçivəsində (yuxarıda 64-66-cı bəndlərə bax) bütün ağlabatan cəhdləri göstərmişdi. Öz ölkələrində yaşayan Latviya vətəndaşları O. və P.-nin məhkəmədə iştirakını təmin etmək üçün Almaniya ərazisində onun səlahiyyəti daxilində hər hansı digər ağlabatan vasitələr yox idi. Konkret olaraq, Məhkəmə hesab edir ki, ərizəçinin təklif etdiyi kimi Latviya Respublikası ilə siyasi səviyyədə ikitərəfli danışıqlardan sonra ağlabatan müddət ərzində şahidlərin dinlənilməsinə nail olmağın mümkünlüyünə dəlalət edən heç nə yoxdur. Buna görə də, impossibilium nulla est obligatio ("icranın mümkünsüzlüyü səbəbindən öhdəliyin aradan qalxması") prinsipinə uyğun olaraq, şahidlərin məhkəmədə iştirak etməməsində ölkədaxili məhkəməni təqsirkar saymaq olmazdı.
140. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin nöqteyi-nəzərindən, şahidlər O. və P.-nin məhkəmədə iştirak etməməsi üçün və nəticədə onların məhkəməyəqədər araşdırma mərhələsində polisə və işin istintaqı aparmış hakimə verdikləri ifadələrin sübut qismində qəbul edilməsi üçün əsaslı səbəb var idi.
b) Məhkəmədə iştirak etməyən şahidlərin ifadəsi ərizəçinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas idimi?
141. Məhkəmədə iştirak etməyən şahidlərin verdiyi ifadənin əhəmiyyətliliyini və konkret olaraq onların verdiyi ifadənin ərizəçinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas olub-olmadığını qiymətləndirərkən Məhkəmə ilk növbədə daxili məhkəmələrin qiymətləndirməsini nəzərə alır. O qeyd edir ki, regional məhkəmə O. və P.-ni ittiham tərəfinin mühüm şahidləri (“maßgebliche[n] Belastungszeuginnen”) hesab edib, amma əldə olan digər sübutlara da istinad edib (yuxarıda 32 və 36-cı bəndlərə bax). Öz növbəsində Federal ədalət məhkəməsi ərizəçinin hüquqi məsələlərlə əlaqədar apellyasiya şikayətini rədd edərkən ümumən federal baş prokurorun gətirdiyi əsaslara istinad etmişdi. Sonuncu iddia etmişdi ki, sözügedən şahid ifadələri ərizəçinin regional məhkəmə tərəfindən məhkum edilməsi üçün nə yeganə, nə də həlledici əsas idi, çünki regional məhkəmənin qənaətləri əlavə mühüm sübutlara əsaslanmışdı (yuxarıda 49-cu bəndə bax).
142. Məhkəmə hesab edir ki, O. və P.-nin şahid ifadələrinə ərizəçiyə qarşı tək (yəni yeganə) sübut kimi baxmayan daxili məhkəmələr aydın şəkildə göstərməyiblər ki, sözügedən şahid ifadələrini, Əl-Havayya və Tahirinin işi üzrə qərarında Məhkəmənin müəyyən etdiyi kimi (həmin qərar daxili məhkəmələrin hazırkı iş üzrə qərarından sonra çıxarılmışdı), "həlledici", yəni işin nəticəsini həll edə biləcək əhəmiyyətə malik sübut hesab edirlərmi (yuxarıda 123-cü bəndə bax)? Bu baxımdan regional məhkəmənin şahid iafədələrini “maßgeblich” (bu söz "mühüm" anlayışından əlavə, həm də "önəmli", "əhəmiyyətli" və ya "həlledici" kimi tərcümə oluna bilər) kimi təsnifləşdirməsi birmənalı deyil. Bundan başqa, zərərçəkənlərin ifadələrinin ərizəçinin məhkum edilməsi üçün yeganə və ya həlledici əsas təşkil etdiyini inkar edən federal baş prokurorun gətirdiyi əsaslara Federal ədalət məhkəməsi tərəfindən ümumən istinad edilməsi (yuxarıda 49-cu bəndə bax) prokurorun hər bir arqumenti ilə həmin məhkəmənin razılaşması kimi başa düşülə bilməz.
143. Daxili məhkəmələrin qənaətlərini nəzərə almaqla şahid ifadəsinin əhəmiyyətini özü qiymətləndirərkən Məhkəmə mövcud olan əlavə ittihamedici sübutları nəzərə almalıdır (yuxarıda 123-cü bəndə bax). O qeyd edir ki, regional məhkəmənin əlində cinayətlə əlaqədar konkret olaraq aşağıdakı əlavə sübutlar vardı: 3 fevral 2007-ci ildə axşam O. və P.-nin hadisələr barədə onlara verdikləri məlumatlar əsasında şahidlərin qonşusu E.-nin və rəfiqəsi L.-in məhkəmə iclasında verdikləri ifadələr; sözügedən vaxtda O. və P.-nin mənzilində olmasının və P.-ni təqib etmək üçün eyvandan tullanmasının ərizəçi tərəfindən məhkəmə araşdırmasında etiraf edilməsi; coğrafi məkan məlumatları və cinayət baş verən zaman təqsirləndirilən şəxslərdən biri ilə ərizəçi arasında aparılan, ərizəçinin mənzildə, yəni cinayət hadisəsi yerində olduğunu və mənzilin aradan çıxmış sakinlərindən birini təqib etmək üçün eyvandan tullandığını üzə çıxaran iki mobil telefon söhbətinin qeydə alınması; sözügedən vaxtda təqsirləndirilən şəxslərdən birinin maşınının şahidlərin mənzilinin yanında parklandığını üzə çıxaran GPS məlumatları; və nəhayət, 14 oktyabr 2006-cı ildə ərizəçi və cinayət ortağı tərəfindən Kasseldə törədilmiş cinayətlə əlaqədar sübutlar.
144. Məhkəmə bu sübut elementlərini nəzərə alaraq yalnız onu qeyd edə bilər ki, O. və P. sözügedən cinayətin yeganə şahidləri idilər. Məhkəmələrin əlində olan digər sübutlar ya başqalarının sözlərinə əsaslanan ifadələrdən, ya da sadəcə dolayı sübutlardan və digər sübutlardan ibarət idi ki, onlar da özlüyündə soyğunçuluğun və pulqoparmanın sübutu üçün həlledici əhəmiyyət daşımırdı. Bu elementləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, məhkəmədə iştirak etməyən şahidlərin ifadəsi ərizəçinin məhkum edilməsində "həlledici", yəni aparıcı sübut idi.
c) Müdafiə tərəfinin öz işində üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün yetərincə balanslaşdırıcı amillər var idimi?
145. Bundan əlavə, Məhkəmə üçüncü pillədə müəyyənləşdirməlidir ki, məhkəmədə iştirak etməyən şahidlərin ifadələrinin həlledici sübut kimi qəbul edilməsi nəticəsində müdafiə tərəfinin öz işində üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün yetərincə balanslaşdırıcı amillər var idimi? Yuxarıda göstərildiyi kimi (125-131-ci bəndlərə bax), bu kontekstdə aşağıdakı elementlər əhəmiyyət kəsb edir: birinci instansiya məhkəməsinin yoxlanıla bilməyən ifadələrə yanaşması, əlavə ittihamedici sübutların mövcudluğu və ciddiliyi və məhkəmə araşdırmasında bilavasitə şahidləri çarpaz dindirmək imkanının olmamasının kompensasiya edilməsi üçün görülmüş prosessual tədbirlər.
i) Birinci instansiya məhkəməsinin yoxlanıla bilməyən ifadələrə yanaşması
146. Məhkəmədə iştirak etməyən şahidlər O. və P.-nin ifadələrinə daxili məhkəmələrin yanaşmasına gəlincə, Məhkəmə qeyd edir ki, regional məhkəmə həmin ifadələrə ehtiyatla yanaşıb. O öz qərarında aydın şəkildə qeyd edib ki, bu şahidlərin ifadələrinin etibarlılığını xüsusi diqqətlə qiymətləndirməyə borclu idi, çünki məhkəmə araşdırmasında nə müdafiə tərəfi, nə də məhkəmə şahidlərə suallar vermək və onların davranışını müşahidə etmək imkanına malik idilər.
147. Məhkəmə bu kontekstdə qeyd edir ki, məhkəmə araşdırmasında regional məhkəmə işin istintaqını aparmış hakim tərəfindən şahidlərin dindirilməsinin videoyazısına baxmaq imkanına malik deyildi, çünki heç bir videoçəkiliş aparılmamışdı. O qeyd edir ki, müxtəlif hüquq sistemlərində birinci instansiya məhkəmələri bu imkandan istifadə edirlər (yuxarıda 127-ci bənddə göstərilmiş nümunələri müqayisə et) ki, bu da onlara, habelə müdafiə və ittiham tərəflərinə şahidin dindirilən zaman necə davrandığını müşahidə etmək və şahidin ifadəsinin etibarlılığına dair özlərində aydın təsəvvür formalaşdırmaq imkanı verir.
148. Hərtərəfli şəkildə əsaslandırılmış qərarında regional məhkəmə aydınlıq gətirdi ki, yoxlanıla bilməyən şahid ifadələrinin sübutedici dəyərinin azalması faktından xəbərdardır. O, istintaq mərhələsində O. və P.-nin təkrar-təkrar verdikləri ifadələrin məzmununu müqayisə etdi və bu qənaətə gəldi ki, şahidlər cinayətin hallarını ətraflı və ziddiyyətsiz şəkildə təsvir ediblər. Birinci instansiya məhkəməsi hesab etdi ki, şahidlərin ifadələrindəki xırda uyğunsuzluqları öz məşğuliyyətlərini hakimiyyət orqanlarına açıqlamamaqda maraqlı olmaları ilə izah etmək olar. O daha sonra qeyd etdi ki, şahidlərin ərizəçini tanıya bilməmələri göstərirdi ki, onlar ifadələrini verərkən ərizəçini qəsdən ittiham etmək niyyətində deyildilər.
149. Bundan başqa, Məhkəmə qeyd edir ki, şahidlərin ifadələrinin etibarlılığını qiymətləndirərkən regional məhkəmə həmçinin onların ifadələri ilə əlaqədar davranışlarının müxtəlif aspektlərini nəzərdən keçirdi. O, bu faktı nəzərə aldı ki, onlar cinayət barədə polisə dərhal məlumat verməmiş və yetərincə üzrlü səbəb olmadan məhkəmə araşdırmasına gəlməmişdilər. O hesab etdi ki, bu davranışın izahı vardı, yəni şahidlər polislə problemlərinin olacağından və ya cinayətkarların qisasçı hərəkətlərindən qorxurdular və keçirdikləri hissləri bir daha yaşayacaqları və cinayət barədə dindiriləcəkləri onları narahat edirdi ki, bu onların ifadələrinin etibarlılığına təsir göstərmirdi.
150. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, regional məhkəmə iş üzrə məhkəmə iclasında iştirak etməyən şahidlərə güvənməyin mümkünlüyünü və onların ifadələrinin etibarlılığını diqqətlə araşdırmışdı. O, bu kontekstdə qeyd edir ki, onun yoxlanıla bilməyən şahid ifadələrinə birinci instansiya məhkəməsinin yanaşmasını yoxlamaq vəzifəsini bu fakt asanlaşdırır ki, regional məhkəmə, adətən kontinental hüquq sistemində olduğu kimi, qarşısındakı sübutları qiymətləndirərkən həmin qiymətləndirməni əsaslandırmışdı.
ii) Əlavə ittihamedici sübutların mövcudluğu və ciddiliyi
151. Məhkəmə qeyd edir ki, regional məhkəmənin əlində, yuxarıda göstərildiyi kimi (143-144-cü bəndlərə bax), O. və P.-nin ifadələrini təsdiqləyən əlavə ittihamedici ifadələr və dolayı sübutlar vardı.
iii) Məhkəmə araşdırmasında bilavasitə şahidləri çarpaz dindirmək imkanının olmamasının kompensasiya edilməsi üçün görülmüş prosessual tədbirlər
152. Məhkəmə qeyd edir ki, ərizəçinin 3 fevral 2007-ci il hadisələrinə dair öz versiyasını təqdim etməsinə (o, bu imkandan istifadə etmişdi), habelə başqasının məlumatları əsasında ifadə vermiş digər şahidləri məhkəmə araşdırmasında çarpaz dindirməklə kimlikləri ona bəlli olan şahidlərin ifadələrinin etibarlılığını şübhə altına almasına imkan yaradılmışdı.
153. Bununla belə, Məhkəmə qeyd edir ki, ərizəçi şahidlər O. və P.-yə dolayı yolla, məsələn, yazılı formada suallar vermək imkanına malik deyildi. Üstəlik, istintaq mərhələsində nə ərizəçiyə, nə də vəkilinə bu şahidləri dindirmək imkanı verilməmişdi.
154. Məhkəmə bu kontekstdə ərizəçiyə müdafiəçi vəkil təyin etməkdən və işin istintaqını aparan hakim tərəfindən şahidlərin dindirilməsində vəkilin iştirakına icazə verməkdən imtina edilməsinin daxili qanunvericiliyə uyğunluğu məsələsində tərəflər arasında fikir ayrılığının olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, hazırkı icraatın məqsədləri üçün onun bu məsələyə dair son instansiya qismində qərar verməsinə ehtiyac yoxdur. O bir daha xatırladır ki, Konvensiyanın 6-cı maddəsinə uyğunluq məsələsini araşdırarkən onun funksiyası daxili məhkəmələrin daxili qanunvericiliyə uyğun şəkildə hərəkət edib-etmədiklərini müəyyənləşdirmək deyil (müqayisə üçün bax: Şenk İsveçrəyə qarşı, 12 iyul 1988-ci il, 45-ci bənd, A seriyaları, № 140; Yallo Almaniyaya qarşı [BP], ərizə № 54810/00, 94-cü bənd, ECHR 2006‑IX; və Heqlas Çexiya Respublikasına qarşı, ərizə № 5935/02, 84-cü bənd, 1 mart 2007-ci il), bütövlükdə götürülmüş halda məhkəmə araşdırmasının ədalətliliyini işin konkret halları baxımından qiymətləndirməkdir və buraya sübutların əldə edilməsi üsullarının qiymətləndirilməsi də daxildir (müqayisə üçün yuxarıda 101-ci bəndə bax).
155. Məhkəmə hazırkı işdə bunu qeyd etməyi kifayət hesab edir ki, Almaniya qanunvericiliyinin müddəalarına əsasən, cinayət təqibi orqanları ərizəçi üçün vəkil təyin edə bilərdilər (Cinayət Prosessual Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndi ilə birlikdə götürülməklə 141-ci maddəsinin 3-cü bəndi). Vəkil işin istintaqını aparan hakimin şahidi dindirməsində iştirak etmək hüququna malik idi və bir qayda olaraq, dindirmə barədə məlumatlandırılmalı idi (Cinayət Prosessual Məcəlləsinin 168"c" maddəsinin 2 və 5-ci bəndləri). Lakin Cinayət Prosessual Məcəlləsində mövcud olan və Federal ədalət məhkəməsi tərəfindən şərh edilməklə təsdiqlənən bu prosessual təminatlardan (yuxarıda 58-59-cu bəndlərə bax) ərizəçinin işində istifadə olunmamışdı.
156. Məhkəmə vurğulamaq istərdi ki, Konvensiyanın 6-cı maddəsinin 3"d" bəndi ittiham tərəfinin şahidlərinin bilavasitə məhkəmədə çarpaz dindirilməsinə aiddir və bu zaman istintaq mərhələsində ittiham tərəfinin şahidlərindən ifadələrin alınması üsuluna böyük önəm verilir və əgər əsas şahidlərin birinci instansiya məhkəməsi tərəfindən dindirilməsi mümkün deyilsə və buna görə də istintaq mərhələsində alınmış ifadə birbaşa məhkəmə iclasında təqdim edilirsə, həmin üsul məhkəmə araşdırmasının özünün ədalətliliyinə zərər yetirə bilər (müqayisə üçün yuxarıda 104-cü bəndə bax).
156. Belə olan halda bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinin müəyyənləşdirilməsi üçün bunu müəyyən etmək olduqca önəmlidir ki, istintaq mərhələsində şahid dindirilərkən həmin şahidin məhkəmə araşdırmasında dindirilə bilməyəcəyi ehtimalı hakimiyyət orqanları tərəfindən nəzərə alınmışdımı? İstintaq orqanları müvafiq şahidin birinci instansiya məhkəməsində dindirilə bilməyəcəyini əsaslı olaraq düşünürlərsə, istintaq mərhələsində müdafiə tərəfinə həmin şahidə suallar vermək imkanının yaradılması önəmlidir (həmçinin bu qərarlarla müqayisə et: Vronçenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 60-cı və sonrakı bəndlər; və Rosinin işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci və sonrakı bəndlər – bu işlərdə seksual cinayətdən zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxslərə istintaq mərhələsində vəd edilmişdi ki, sonrakı prosedurlarda onlara cinayət barədə suallar verilməyəcək).
158. Məhkəmə bununla bağı qeyd edir ki, ərizəçi şahidlərin məhkəmə araşdırmasında iştirak etməyəcəklərini öncədən görməyin mümkünsüz olduğu barədə regional məhkəmənin qənaətinə etiraz edib. O, ərizəçi ilə razılaşır ki, şahidlər işin istintaqını aparan hakim tərəfindən ona görə dindirilmişdilər ki, onların dərhal Latviyaya qayıdacaqları ilə əlaqədar olaraq cinayət təqibi orqanları onların ifadələrinin alına bilməyəcəyi təhlükəsini nəzərə almışdılar. Bunu ittiham tərəfinin sonradan keçiriləcək məhkəmə araşdırmasında istifadə etmək məqsədi ilə tez bir zamanda O. və P.-dən etibarlı ifadə almaq üçün işin istintaqını aparan hakimə verdiyi vəsatətdə gətirdiyi əsasdan görmək olar (yuxarıda 20-ci bəndə bax). Məhkəmə bu kontekstdə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 1-ci bəndinə əsasən, öncə işin istintaqını aparan hakim tərəfindən dindirilmiş şahidin dindirilməsinə dair protokoldakı qeydlər polis tərəfindən aparılmış dindirmələrə nisbətən daha yumşaq şərtlər altında məhkəmə araşdırmasında oxuna bilər (Cinayət Prosessual Məcəlləsinin 251-ci maddəsinin 2-ci bəndi; yuxarıda 61-ci bəndə bax).
159. Məhkəmə qeyd edir ki, hazırkı işdə hakimiyyət orqanları bundan xəbərdar idilər ki, şahidlər O. və P. polislə problemlərinin olacağından və cinayətkarların qisasçı hərəkətlərindən qorxduqlarına görə cinayətkarlara qarşı dərhal ittihamlar irəli sürməkdə israrlı olmayacaqlar, Almaniyada yalnız müvəqqəti yaşayırlar, ailələri isə Latviyada qalıb və həmçinin izahat veriblər ki, mümkün qədər tezliklə öz ölkələrinə qayıtmaq istəyirlər. Belə olan halda bu fakt həqiqətən inandırıcı görünür ki, cinayət təqibi orqanları sonradan Almaniyada məhkəmə araşdırmasında bu şahidlərin ərizəçiyə qarşı ifadələrini dinləməyin mümkün olmayacağı ehtimalını qiymətləndirmişdilər.
160. Buna baxmayaraq, cinayət təqibi orqanları ərizəçiyə belə bir imkan verməmişdilər ki, onu təmsil etmək üçün təyin olunan vəkil istintaq mərhələsində şahidlər O. və P.-ni dindirsin (daxili qanunvericilik normalarına uyğun olaraq ona bu imkan verilə bilərdi). Bu cür hərəkət etməklə onlar öncədən görülməsi mümkün olan riski öz üzərlərinə götürmüşdülər və sonradan bu risk gerçəkləşmişdi, belə ki, nə təqsirləndirilən şəxs, nə də onun vəkili prosesin hər hansı mərhələsində O. və P.-ni dindirmək imkanına malik olmamışdılar (işin istintaqını aparan hakim tərəfindən ittiham tərəfinin şahidlərinin dindirilməsində vəkilin iştikarının mühümlüyü ilə əlaqədar müqayisə üçün Hümmerin işi üzrə yuxarıda istinad edilən qərarın 43 və 48-ci bəndlərinə bax).
iv) Bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi
161. Bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyini qiymətləndirərkən Məhkəmə mövcud olan balanslaşdırıcı amilləri nəzərə alacaq və O. və P.-nin verdikləri ifadələrin ərizəçinin məhkum edilməsində "həlledici" olduğu barədə gəldiyi qənaətin işığında onları bütöv halda nəzərdən keçirəcək (yuxarıda 144-cü bəndə bax).
162. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin əlində ərizəçinin təqsirkar sayıldığı cinayətlə əlaqədar bəzi əlavə ittihamedici sübutlar vardı. Bununla belə, Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasında şahidləri bilavasitə çarpaz dindirmək imkanının olmamasını kompensasiya etmək üçün hər hansı prosessual tədbirlərin görüldüyü nəzərə çarpmır. Məhkəmənin rəyinə görə, müttəhimə və ya vəkilinə ən azı məhkəməyəqədər araşdırma mərhələsində ittiham tərəfinin əsas şahidini dindirmək imkanının yaradılması təqsirləndirilən şəxsin müdafiə hüquqlarını təmin edən mühüm prosessual təminat təşkil edir və bu imkanın olmaması bütövlükdə məhkəmə prosesinin 6-cı maddənin 1 və 3"d" bəndlərində nəzərdə tutulmuş ədalətliliyi məsələsi yoxlanılarkən balansı əhəmiyyətli dərəcədə əks tərəfə dəyişmiş olur.
163. Doğrudur, birinci instansiya məhkəməsi məhkəmədə iştirak etməyən şahidlərə güvənməyin mümkünlüyünü və onların ifadələrinin etibarlılığını diqqətlə qiymətləndirmiş və beləliklə şahidlərin çarpaz dindirilməsinin mümkünsüzlüyünü kompensasiya etməyə cəhd göstərmişdi və həmçinin ərizəçiyə Qottingendəki hadisələrə dair öz versiyasını təqdim etmək imkanı verilmişdi. Bununla belə, onun məhkum edildiyi cinayətin yeganə birbaşa şahidləri olmuş şəxslərin ifadələrinin mühümlüyünü nəzərə alsaq, görülmüş balanslaşdırıcı tədbirlər yoxlanıla bilməyən ifadələrin etibarlılığının ədalətli və düzgün şəkildə qiymətləndirilməsinə imkan yaratmaq üçün yetərli deyildi.
164. Məhkəmə hesab edir ki, belə vəziyyətdə ərizəçinin prosesin hər hansı mərhələsində şahidlər O. və P.-ni dindirmək və ya dindirilmələrinə nail olmaq imkanına malik olmaması bütövlükdə məhkəmə araşdırmasının ədalətsiz olmasına gətirib çıxarıb.
165. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1 və 3 "d" bəndlərinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
166. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
167. Ərizəçi Palatadakı icraatda Hökumətin qeydlərinə cavab olaraq təqdim etdiyi 25 iyun 2013-cü il tarixli qeydlərində ədalətli təzminat üçün heç bir tələb irəli sürmədi. O, 30.000 avro məbləğində kompensasiya istədi, habelə məhkəmə xərclərinə və digər məsrəflərə görə 10.000 avro tələb etdi, hər iki tələb ərizə formasında qeyd edilib və Böyük Palatadakı icraatda irəli sürülüb, amma hər hansı əlavə təfsilatlar və yazılı sübutlar təqdim edilməyib.
168. Hökumət Məhkəmədəki icraatda ədalətli təzminat məsələsi ilə bağlı şərh bildirmədi.
169. Məhkəmə Reqlamentinin 60-cı Qaydasının 2-ci bəndinə əsasən, ərizəçi işin mahiyyətinə dair qeydlərini təqdim etməsi üçün təyin edilmiş müddət ərzində bütün tələblərini tərkib elementləri üzrə ətraflı bölməklə və müvafiq təsdiqedici sənədləri və ya ödəniş qəbzlərini əlavə etməklə təqdim etməlidir. Ərizəçi bu tələbləri yerinə yetirməzsə, Məhkəmə onun tələbini bütünlüklə və ya qismən rədd edə bilər (60-cı Qaydanın 3-cü bəndi və 71-ci Qayda). 15 may 2013-cü il tarixli məktubunda Məhkəmə ərizəçinin diqqətini bu fakta cəlb etdi ki, hətta ədalətli təzminatla bağlı istəklərini prosesin hər hansı əvvəlki mərhələsində bildirmiş olsa belə, bu tələblərin tətbiqi qüvvədə qalır.
170. Məhkəmə qeyd edir ki, Palatadakı icraatda ərizəçi bunun üçün təyin olunmuş müddət ərzində müvafiq təsdiqedici sənədlərlə birlikdə ədalətli təzminatla bağlı hər hansı tələb irəli sürməyib. Eynilə, Məhkəmədəki icraatda hüquqi yardımla təmin edilmiş ərizəçi Böyük Palatadakı icraata çəkdiyi əlavə məhkəmə xərcləri və digər məsrəflərlə əlaqədar hər hansı yeni kompensasiya tələblərini, tələb olunan təsdiqedici sənədlərlə birlikdə, təqdim etməyib. Buna görə də Məhkəmə, 60-cı Qaydanın müddəalarını nəzərə alaraq, Konvensiyanın 41-ci maddəsi üzrə heç bir təzminat təyin etmir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Səkkiz səsə qarşı doqquz səslə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1 və 3"d" bəndləri pozulub;
2. Ədalətli təzminat haqqında ərizəçinin tələbini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 15 dekabr 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy