SKORDİNO (SCORDINO) İTALİYAYA QARŞI İŞ
(Ərizə Nº 36813/97)
QƏRAR
Strasburq
29 mart 2006-cı il
Qəti qərar üçün müraciətin son müddəti:
26.01.2007
Bu qərar qətidir, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Skordino İtaliyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Cənab L.Vildhaber (L.Wildhaber), Sədr,
Cənab X.L.Rozakis (C.L.Rozakis),
Cənab J.-P.Kosta (J.-P.Costa),
Ser Nikolas Bratsa (Nicolas Bratza),
Cənab B.M.Zupançiç (B.M.Zupanćić),
Cənab L.Kafliş (L.Caflisch),
Cənab K.Birsan (C.Bîrsan).
Cənab K.Yunqvirt (K.Jungwier),
Cənab M.Pellonpyaa (M.Pellonpää),
Xanım M.Tsatsa-Nikolovska (M.Tsatsa-Nikolovska),
Cənab R.Maruste (R.Maruste),
Cənab S.Pavlovski (S.Pavlovschi),
Cənab L.Qarlitski (L.Garlicki),
Xanım A.Gülümyan (A.Gyulumyan),
Cənab E.Mayer (E.Myjer),
Cənab S.E.Cebens (S.E.Jebens),
Xanım M.Del Tufo (M.Del Tufo), ad hoc hakim
və Böyük Palata katibinin müavini Cənab T.L.Erlidən (T.L.Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
1 iyul 2005-ci il və 18 yanvar 2006-cı ildə qapalı müşavirə keçirərək,
yuxarıda göstərilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən dörd İtaliya vətəndaşı: Covanni, Elena, Mariya və Culiana Skordino (“ərizəçilər”) tərəfindən 21 iyul 1993-cü ildə Avropa İnsan Hüquqları Komissiyasına təqdim edilmiş İtaliya Respublikasına qarşı ərizə (Nº 36813/97) əsasında başlanmışdır.
2. Öncə “G.S. və başqaları” adı altında qeyd edilmiş ərizəçilər sonradan adlarının açıqlanmasına razılıq verdilər. Məhkəmədə onları Roma Vəkillər Assosiasiyasından olan cənab N.Paoletti təmsil etmişdir. İtaliya Hökumətini (“Hökumət”) onun nümayəndəsi Cənab İ.M.Braquqlia, digər nümayəndəsi Cənab F.Krisafulli və nümayəndənin müavini Cənab N.Lettyeri təmsil etmişlər.
3. 1 saylı Protokolun 1-ci maddəsinə və Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçilər iddia etmişlər ki, onların öz mülkiyyətlərindən maneəsiz istifadə hüququna əsassız müdaxilə baş vermiş, habelə ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
4. Ərizə Konvensiyanın 11 saylı Protokolunun qüvvəyə mindiyi tarixdə, 1 noyabr 1998-ci ildə Məhkəməyə verilmişdir (11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi).
5. 4. Ərizə Məhkəmənin Birinci Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). İtaliyadan seçilmiş hakim cənab V.Zaqrebelski Böyük Palatada iclasda iştirak etməkdən imtina etmişdir (28-ci Qayda). Buna görə də, Hökumət Xanım M.Del Tufonu onun yerinə ad hoc hakim qismində iclasda iştirak etməyə təyin etmişdir.
6. 27 mart 2003-cü ildə ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə dinləmə keçirildikdən sonra hakimlər Cənab X.L.Rozakis (sədr), Cənab Q.Bonello, Cənab P.Lorensen, Xanım N.Vajiç, xanım S.Botuçarova, Xanım E.Ştayner, ad hoc hakim Xanım M.Del Tufo, habelə Seksiya katibinin müavini Cənab S.Nilsendən ibarət Birinci Seksiyanın Palatası ərizəni qəbulolunan elan etdi (54-cü Qaydanın 3-cü bəndi).
7. 29 iyul 2004-cü il tarixli qərarında (“Palatanın qərarı”) Palata yekdilliklə Hökumətin ilkin etirazını rədd etməyi qərara aldı, habelə yekdilliklə qərara aldı ki, məhkəmə icraatının uzun sürməsi və ədalətsizliyi ilə əlaqədar olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub. O, həmçinin qərara aldı ki, ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə hüququna əsassız müdaxilə edildiyinə görə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.
8. 26 oktyabr 2004-cü ildə İtaliya Hökuməti Konvensiyanın 43-cü maddəsinə və 73-cü Qaydaya uyğun olaraq, işin Böyük Palataya verilməsi barədə ərizə verdi. 2 fevral 2005-ci ildə Böyük Palatanın Komitəsi ərizəni qəbul etdi.
9. Böyük Palatanın təşkili qaydası Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edildi.
10. Ərizəçilər və Hökumət memorandumlarını (yaddaş qeydlərini) təqdim etdilər. Bundan əlavə, üçüncü tərəfin, yəni Polşa, Çexiya və Slovakiya hökumətlərinin qeydləri qəbul edildi və sədr onların yazılı prosedurda iştirakına icazə verdi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi). Ərizəçilər həmin qeydlərə cavab verdilər (44-cü Qaydanın 5-ci bəndi).
11. Dinləmə 29 iyun 2005-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirildi (Məhkəmə Reqlamentinin 59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
Cənab N.Lettyeri, nümayəndə müavini.
b) Ərizəçilərin adından:
Cənab N.Paoletti, Roma Vəkillər Assosiasiyası, vəkil;
Xanım A.Mari, Roma Vəkillər Assosiasiyası, məsləhətçi;
Xanım Q.Paoletti, Roma Vəkillər Assosiasiyası, məsləhətçi.
Məhkəmə Cənab N.Paoletti, Xanım A.Mari və Cənab N.Lettyerinin müraciətlərini və hakimlərin suallarına Cənab Lettyerinin cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
12. Ərizəçilər müvafiq surətdə 1959, 1949, 1951 və 1953-cü ildə anadan olmuşlar və Reggio di Kalabrioda yaşayırlar.
13. 1992-ci ildə ərizəçilər cənab A. Skordinodan Reggio di Kalabrioda bir neçə torpaq sahəsi miras aldılar, onlar torpaq reyestrinə 111-ci qeyd, 105, 107, 109 və 662 nömrəli torpaq sahələri kimi daxil edilmişdi. 25 mart 1970-ci ildə Kalabria Dairə Şurası ümumi inkişaf planını qəbul etdi, həmin plan 17 mart 1975-ci ildə Kalabria Regional Şurası tərəfindən təsdiq edildi. Hazırkı ərizədə qeyd edilən, reyestrə 109 nömrəsi ilə daxil edilən torpaq sahəsinin (1.786 kvadrat metr) müsadirə edilməsinə icazə verildi, məqsəd orada ümumi inkişaf planına əsasən yaşayış binasının tikilməsi idi. Sonradan torpaq sahəsi 20 iyun 1979-cu ildə Kalabria Regional Şurası tərəfindən təsdiq edilmiş ərazi inkişaf planına daxil edildi.
A. Torpaq sahəsinin müsadirəsi
14. 1980-ci ildə Reggio di Kalabria Dairə Şurası qərara aldı ki, “Edilisiya Akvila” kooperativ cəmiyyəti sözügedən torpaq sahəsində tikinti işləri aparacaq. 13 mart 1981-ci il tarixli qərarla icra hakimiyyət orqanları kooperativin həmin torpaq sahəsini tutmasına icazə verdilər.
15. 30 mart 1982-ci ildə 385/1980 saylı Qanuna uyğun olaraq, Reggio di Kalabria Dairə Şurası müsadirəyə görə ödənilməli olan kompensasiyanın behini təklif etdi, behin məbləği 865/1971 saylı Qanuna uyğun olaraq müəyyən edildi. Təklif edilən məbləğ, yəni 606.560 İtaliya lirəsi (İTL), hər kvadrat metrin qiyməti 340 İTL götürülməklə, kənd təsərrüfatı torpaqları üçün qüvvədə olan normalara uyğun olaraq hesablanmışdı, bu şərtlə ki, kompensasiyanın yekun məbləği torpaq sahəsində tikinti işlərinin aparılması üçün ödənilən kompensasiyanın yeni meyarlarını nəzərdə tutan qanun qüvvəyə mindikdən sonra müəyyən edilməli idi.
16. Cənab Skordino təklifi rədd etdi.
17. 21 mart 1983-cü ildə Regional Şura torpaq sahəsinin müsadirəsi haqqında qərar çıxardı.
18. 13 iyun 1983-cü ildə Dairə Şurası beh barədə ikinci təklifini bildirdi, bu dəfə onun məbləği 785.000 İTL idi. Təklif qəbul edilmədi.
19. 15 iyul 1983-cü il tarixli 223 saylı qərarı ilə Konstitusiya Məhkəməsi 385/1980 saylı Qanunu Konstitusiyaya zidd elan etdi və belə əsas gətirdi ki, o, kompensasiyanın təyin olunmasını gələcəkdə qəbul ediləcək qanundan asılı hala salırdı.
20. Bu qərarın nəticəsində 2359/1865 saylı Qanun yenidən qüvvəyə mindi, bu Qanuna əsasən, müsadirəyə görə kompensasiya torpaq sahəsinin bazar qiymətinə uyğun olmalı idi.
21. 10 avqust 1984-cü ildə Cənab A.Skordino 2359/1865 saylı Qanuna uyğun olaraq kompensasiyanın yekun məbləğinin müəyyən edilməsi üçün Dairə Şurasına formal bildiriş göndərdi. 16 noyabr 1989-cu ildə o öyrəndi ki, Reggio di Kalabria Dairə Şurası 6 oktyabr 1989-cu il tarixli qərarı ilə yekun məbləğini 88.414.940 İTL (hər kvadrat metrə 50.000 İTL) olaraq qiymətləndirib.
A. Müsadirəyə görə kompensasiya təyin edilməsi ilə bağlı məhkəmə icraatı
22. 25 may 1990-cı ildə cənab A.Skordino təyin edilmiş kompensasiya məbləğinə etiraz edərək Dairə Şurasına və kooperativə qarşı Reggio di Kalabria Apellyasiya Məhkəməsində iddia qaldırdı.
23. O, iddia etdi ki, Dairə Şurası tərəfindən müəyyən edilmiş məbləğ torpaq sahəsinin bazar qiyməti ilə müqayisədə gülüş doğuracaq dərəcədə aşağıdır və həmçinin tələb etdi ki, kompensasiya 2359/1865 saylı Qanuna əsasən hesablansın. O, həmçinin müsadirə haqqında qərar çıxarılana qədər torpaq sahəsinin zəbt edildiyi müddət üçün, habelə tikinti işləri nəticəsində istifadəyə yararsız hala düşmüş torpaq sahəsi (1.500 kvadrat metr) üçün kompensasiya tələb etdi.
24. İşin məhkəmədə dinlənilməyə hazırlanması 7 yanvar 1991-ci ildə başlandı.
25. Kooperativ müdafiə olunmaq niyyəti barədə məlumat verdi və etirazını bildirərək iddia etdi ki, o, prosesdə tərəf sayıla bilməz.
26. 4 fevral 1991-ci ildə Dairə Şurası müdafiə olunmaq niyyəti barədə hələ məlumat təqdim etmədiyinə görə Reggio di Kalabria Apellyasiya Məhkəməsi elan etdi ki, Dairə Şurası öhdəliyini yerinə yetirməyib torpaq sahəsinin ekspert tərəfindən qiymətləndirilməsi barədə qərar çıxardı. 13 yanvar 1991-ci il tarixli qərarla ekspert təyin olundu və rəyini təqdim etməsi üçün ona üç ay vaxt verildi.
27. 6 may 1991-ci ildə Dairə Şurası müdafiə olunmaq niyyəti barədə məlumat verdi və etirazını bildirərək iddia etdi ki, o, prosesdə tərəf sayıla bilməz. Bu arada ekspert özünün səlahiyyət dairəsi ilə razılaşdı və andiçməni həyata keçirdi.
28. 4 dekabr 1991-ci ildə ekspert rəyini təqdim etdi.
29. 14 avqust 1992-ci ildə 8 avqust 1992-ci il tarixli 359 saylı Qanun (“Dövlət maliyyəsinin sabitləşdirilməsinə yönələn təxirəsalınmaz tədbirlər”) qüvvəyə mindi. Bu Qanunun 5-ci maddəsində tikinti aparılması üçün torpaq sahələrinin müsadirəsinə görə kompensasiyanın hesablanmasının yeni meyarları müəyyən edilmişdi. Qanun davam etməkdə olan məhkəmə proseslərinə birmənalı olaraq tətbiq edilməli idi.
30. 30 noyabr 1992-ci ildə cənab Skordino vəfat etdi. 18 sentyabr 1993-cü ildə ərizəçilər məhkəmə icraatını davam etdirmək niyyətində olduqlarını bəyan etdilər.
31. 4 oktyabr 1993-cü ildə Reggio di Kalabria Apellyasiya Məhkəməsi başqa bir ekspert təyin edərək ona tapşırdı ki, müsadirəyə görə kompensasiyanın məbləğini 359/1992 saylı Qanunun 5-ci maddəsində təsbit olunmuş yeni meyarlara uyğun olaraq qiymətləndirsin.
32. 24 mart 1994-cü ildə ekspert öz rəyini təqdim etdi, o, bu qənaətə gəldi ki, müsadirə tarixində torpaq sahəsinin bazar qiyməti hər kvadrat metr üçün 165.755 İTL olub. 359/1992 saylı Qanunun 5-ci maddəsində təsbit olunmuş yeni meyarlara uyğun olaraq, ödənilməli olan kompensasiya məbləği hər kvadrat metr üçün 82.890 İTL idi.
33. 11 aprel 1994-cü il tarixli dinləmədə tərəflər ekspertin rəyi ilə bağlı qeydlərini təqdim etmək üçün vaxt istədilər. Ərizəçilərin vəkili müstəqil ekspert rəyini təqdim edərək qeyd etdi ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert müsadirə haqqında qərarın şamil olunmadığı, lakin tikinti işləri nəticəsində yararsız hala düşmüş 1.500 kvadrat metr torpaq sahəsinə görə kompensasiya məbləğini hesablamayıb.
34. Dinləmə 6 iyun 1994-cü ildə keçirildi, həmin dinləmədə tərəflər ekspert rəyinə cavab olaraq qeydlərini təqdim etdilər. 4 iyul 1994-cü ilə təyin olunmuş növbəti dinləmə məhkəmənin öz təşəbbüsü ilə əvvəlcə 3 oktyabr 1994-cü ilədək, sonra isə 10 noyabr 1994-cü ilədək təxirə salındı.
35. 29 dekabr 1994-cü il tarixli qərarı ilə məhkəmə daha bir ekspert qiymətləndirməsinin həyata keçirilməsi barədə göstəriş verdi və icraatı 6 mart 1995-ci ilədək təxirə saldı. Lakin işə baxan hakim yerində olmadığına görə bu dinləmə sonradan bir neçə dəfə təxirə salındı. 29 fevral 1996-cı ildə işə baxan hakim ərizəçinin vəsatəti əsasında dəyişdirildi və tərəflər 20 mart 1996-cı tarixli dinləmədə öz arqumentlərini bildirdilər.
36. 17 iyul 1996-cı tarixli qərarı ilə Reggio di Kalabria Apellyasiya Məhkəməsi qərara aldı ki, ərizəçilər həm formal olaraq müsadirə edilmiş torpaq sahəsinə, həm də tikinti işlərinin aparılması nəticəsində yararsız hala düşmüş torpaq sahəsinə görə 359/1992 saylı Qanunun 5-ci maddəsinə uyğun olaraq hesablanmış kompensasiya almaq hüququna malikdirlər. O, həmçinin qərara aldı ki, bu qaydada müəyyən edilmiş kompensasiyadan qanunvericilikdə nəzərdə tutulmuş 40%-lik məbləğ tutulmamalıdır (bu məbləğin tutulması müsadirə olunmuş torpağın sahibinin torpağın təhvil verilməsi haqqında müqaviləni (cessione volontaria) imzalamadığı hallara şamil olunurdu), çünki ərizəçilərin işində Qanun qüvvəyə minərkən torpaq sahəsi artıq müsadirə olunmuşdu.
37. Sonda Apellyasiya Məhkəməsi qərar çıxardı ki, Dairə Şurası və kooperativ ərizəçilərə aşağıdakı məbləğləri ödəməlidirlər:
a) müsadirəyə görə kompensasiya qismində 148.041.540 İTL (1.786 kvadrat metr torpaq sahəsinin hər kvadrat metri üçün 82.890 İTL);
b) yararsız hala düşən və de fakto müsadirə olunmuş sayılan torpaq sahəsinə görə kompensasiya qismində 91.774.043 İTL (1.223,45 kvadrat metr torpaq sahəsinin hər kvadrat metri üçün 75.012,50 İTL); və
c) müsadirədən əvvəl torpaq sahəsinin zəbt olunduğu dövr üçün kompensasiya məbləği.
38. Öhdəliyin icra ediləcəyi tarixə qədər bu məbləğlər indeksləşdirilməli və üzərilərinə faiz hesablanmalı idi.
39. 20 dekabr 1996-cı ildə kooperativ hüquqi məsələlərlə bağlı şikayət verərək iddia etdi ki, məhkəmə icraatında tərəf sayıla bilməz. Müvafiq surətdə 20 və 31 yanvar 1997-ci ildə ərizəçilər və Dairə Şurası da şikayət verdilər.
30 yanvar 1997-ci ildə kooperativ Apellyasiya Məhkəməsinin qərarının icrasının dayandırılması üçün müraciət etdi. 8 avqust 1997-ci ildə onun ərizəsi rədd edildi.
40. 3 avqust 1998-ci il tarixli qərarı ilə (həmin qərar 7 dekabr 1998-ci ildə reyestrə daxil edilib) Kassasiya Məhkəməsi kooperativin şikayətini təmin edərək onun məhkəmə icraatında tərəf olmadığını təsdiq etdi, çünki o, müsadirədən faydalansa da, müsadirədə iştirak etməmişdi. Kassasiya Məhkəməsi Reggio di Kalabria Apellyasiya Məhkəməsinin qərarının qalan hissəsini qüvvədə saxladı.
41. Bu arada, 18 iyun 1997-ci ildə Apellyasiya Məhkəməsinin təyin etdiyi məbləğ Milli Banka depozitə verildi. 30 sentyabr 1997-ci ildə 413/1991 saylı Qanuna uyğun olaraq həmin məbləğdən 20% dərəcəsi üzrə vergi tutuldu.
C. “Pinto” icraatı
42. 18 aprel 2002-ci ildə ərizəçilər “Pinto Aktı” adı ilə tanınan 24 mart 2001-ci il tarixli 89 saylı Qanuna əsasən Reggio di Kalabria Apellyasiya Məhkəməsinə müraciət edərək yuxarıda qeyd edilən məhkəmə proseslərinin həddən artıq uzun sürməsindən şikayət etdilər.
Ərizəçilər məhkəmədən xahiş etdilər ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən etsin və Hökumətlə Ədliyyə Nazirliyinin üzərinə mənəvi ziyana (onlar bunu 50.000 avro məbləğində qiymətləndirdilər) və maddi ziyana görə (onlar hesab edirdilər ki, 359/1992 saylı Qanunun onlara tətbiqi nəticəsində maddi ziyana məruz qalıblar) onlara kompensasiya ödəmək vəzifəsini qoysun
43. 1 iyul 2002-ci il tarixli qərarı ilə (həmin qərar 27 iyul 2002-ci ildə reyestrə daxil edilib) Reggio di Kalabrio Apellyasiya Məhkəməsi müəyyən etdi ki, məhkəmə icraatı həddən artıq uzun çəkib. O, aşağıdakıları qərara aldı:
“... Məhkəmə icraatı 24 may 1990-cı ildə başlamış və 7 dekabr 1998-ci ildə qurtarmışdır. İcraat iki instansiyada aparılmışdı və xüsusi mürəkkəbliyə malik deyildi.
Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququndan görmək olar ki, birinci instansiya məhkəməsində icraat üçün üç illik müddət və ikinci instansiya məhkəməsində icraat üçün iki illik müddət qəbul olunan sayıla bilər.
Ərizəçilər 1992-ci ildə vəfat etmiş cənab A.Skordinonun varisləri qismində icraatı davam etdirmək niyyətlərini elan etmişlər, həmin vaxt ağlabatan müddət həddi hələ aşılmamışdı.
Müvafiq surətdə, gecikdirmə yalnız sonrakı dövrə aid edilə bilər və üç il altı aya bərabərdir.
Gecikdirməyə görə ərizəçilər cavabdehlik daşımırlar, bu, məhkəmə sisteminin qüsurlu fəaliyyətinin nəticəsidir.
Ərizəçilərin iddia etdikləri maddi ziyan icraatın gecikdirilməsi nəticəsində vurulmayıb və buna görə də kompensasiya edilə bilməz.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizəçilər yalnız icraatın həddən artıq uzun sürməsi ucbatından məruz qaldıqları mənəvi ziyana görə, yəni icraatın nəticələri ilə bağlı qeyri-müəyyənliyin uzanmasına və bu qeyri-müəyyənlik ucbatından məruz qaldıqları iztirablara görə kompensasiya almaq hüququna malikdirlər.
Məsələnin ərizəçilər üçün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alaraq, mənəvi ziyana görə onlara 2.450 avro təyin edilir”.
44. Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinə göstəriş verdi ki, ərizəçilərə mənəvi ziyana görə 2.450 avro məbləğini təkbaşına ödəsin. Hökumətə gəldikdə, Apellyasiya Məhkəməsi hesab etdi ki, o, prosesdə tərəf sayıla bilməz.
45. Məhkəmə xərclərinin ödənilməsinə gəldikdə, Apellyasiya Məhkəməsi qərara aldı ki, 1.500 avro məbləğini Ədliyyə Nazirliyi, qalan 1.500 avro məbləğini isə ərizəçilər ödəsin.
46. Ərizəçilər Kassasiya Məhkəməsinə şikayət etmədilər. 26 oktyabr 2003-cü ildə Apellyasiya Məhkəməsinin qərarı qüvvəyə mindi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Müsadirə haqqında
47. 2359/1865 saylı Qanunun 39-cu maddəsində nəzərdə tutulur ki, torpaq sahəsi müsadirə edildikdə ödənilməli olan kompensasiya torpaq sahəsinin müsadirə anındakı bazar qiymətinə uyğun olmalıdır.
48. Konstitusiya Məhkəməsi tərəfindən şərh edilmiş Konstitusiyanın 42-ci maddəsi (bax: Konstitusiya Məhkəməsinin 6 dekabr 1977-ci il tarixli 138 saylı qərarı) torpaq sahəsinin müsadirəsinə görə onun bazar qiymətinə uyğun olan kompensasiya ödənilməsini təmin edir.
49. 865/1971 saylı Qanunda (bu Qanuna 115/1974 saylı Fərmanın 4-cü maddəsi ilə (sonradan həmin Fərman 247/1974 saylı Qanuna çevrilmişdir) və 10/1977 saylı Qanunun 14-cü maddəsi ilə əlavələr edilmişdir) yeni meyarlar müəyyən edilmişdir: torpaq sahələrinin kənd təsərrüfatı və ya tikinti təyinatlı olmasından asılı olmayaraq, onlara görə kompensasiya kənd təsərrüfatı təyinatlı torpaq sahələri üçün nəzərdə tutulan məbləğdə ödənilir.
50. 25 yanvar 1980-ci il tarixli 5 saylı qərarı ilə Konstitusiya Məhkəməsi 865/1971 saylı Qanunu Konstitusiyaya zidd elan etdi və belə əsas gətirdi ki, o, tikinti və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üçün eyni formada kompensasiya ödənilməsini nəzərdə tutmaqla iki fərqli vəziyyətdə eyni cür davranış tərzini müəyyən etmiş olur.
51. 865/1971 saylı Qanunu Konstitusiyaya zidd elan etmiş Konstitusiya Məhkəməsinin qərarı təkcə sözügedən hala deyil, bütün hallara şamil olunur. O, retrospektiv qüvvəyə malikdir, yəni Konstitusiyaya zidd elan edilmiş Qanun daha heç bir nəticəyə səbəb ola bilməz və ya sözügedən qərarın dərc edildiyi gündən sonra daha tətbiq edilə bilməz (bax: 1948-ci il tarixli 1 saylı Konstitusiya Aktının 1-ci maddəsi ilə və 87/1953 saylı Qanunun 30-cu maddəsinin 3-cü bəndi ilə birgə götürülməklə Konstitusiyanın 136-cı maddəsi).
Konstitusiya Məhkəməsi qanunları Konstitusiyaya zidd elan edərkən çox vaxt belə qərarların retroaktiv qüvvəyə malik olduğunu aydın şəkildə elan edir (nümunə üçün bax: 15 dekabr 1966-cı il tarixli 127 saylı qərar). O, bununla bağlı qeyd etmişdir ki, qanunun Konstitusiyaya zidd elan edilməsi onun dərhal ləğv olunduğunu bildirir, çünki bu qərar sözügedən qanunu qüvvəyə mindiyi andan Konstitusiyaya zidd elan edərək ləğv edir və hələ başa çatmayan situasiyalara (habelə qanunla müəyyən edilən hallarda həm də başa çatmış situasiyalara) onun tətbiqini mümkünsüz edir.
Bundan başqa, heç kim, xüsusən də məhkəmələr konkret situasiyanı qiymətləndirərkən Konstitusiyaya zidd elan edilmiş müddəalara istinad edə bilməzlər (hətta bu situasiya həmin müddəalar Konstitusiyaya zidd elan edilməmişdən əvvəl mövcud olsa belə) (bu məsələ ilə bağlı bax: 2 aprel 1970-ci il tarixli 49 saylı qərar; habelə 1985-ci il tarixli 271 saylı qərar, 1985-ci il tarixli 329 saylı qərar və 1986-cı il tarixli 94 saylı qərar).
Oxşar qərar Kassasiya Məhkəməsi tərəfindən də çıxarılmışdı, orada elan edilirdi ki, “qanun Konstitusiyaya zidd elan edildikdə heç bir halda tətbiq edilə bilməz, çünki belə hesab edilir ki, o, heç vaxt mövcud olmayıb və qanunu Konstitusiyaya zidd elan etmiş qərar hələ başa çatmayan bütün situasiyalara münasibətdə retroaktiv qüvvəyə malikdir” (bax: Kassasiya Məhkəməsi, 23 iyun 1979, II bölmə; 15 iyun 1992, V bölmə).
52. Konstitusiya Məhkəməsi qanunu Konstitusiyaya zidd elan etdikdə öncə tətbiq edilən müddəalar, əgər onlar da Konstitusiyaya zidd elan edilməyibsə, yenidən qüvvəyə minir (reviviscenza).
53. 5/1980 saylı qərarla 865/1971 saylı Qanun Konstitusiyaya zidd elan edildikdən sonra parlament 29 iyul 1980-ci il tarixli 385 saylı Qanunu qəbul etdi, həmin Qanun Konstitusiyaya zidd elan edilmiş müddəaların tətbiqini təsdiq etdi (amma bu dəfə müvəqqəti). Qanunda nəzərdə tutulurdu ki, kompensasiya beh formasında ödənilməli, sonra isə onun üzərinə gələcəkdə qəbul edilməli olan, tikinti təyinatlı torpaqlar üçün xüsusi kompensasiya meyarlarını nəzərdə tutan qanun əsasında hesablanacaq ödəniş əlavə olunmalıdır.
54. 15 iyul 1983-cü il tarixli 223 saylı qərarı ilə Konstitusiya Məhkəməsi 385/1980 saylı Qanunu Konstitusiyaya zidd elan etdi və belə əsas gətirdi ki, həmin Qanun kompensasiyanın təyin olunmasını gələcəkdə qəbul ediləcək qanundan asılı hala salıb və Konstitusiyaya zidd elan edilmiş meyarları yenidən tətbiq edib (hətta müvəqqəti olsa belə). Bununla bağlı Konstitusiya Məhkəməsi xatırlatdı ki, qanunverici orqan Konstitusiyaya zidd elan edilmiş qanunun qüvvəsinin dərhal dayandırıldığını dərk etməlidir və qeyd etdi ki, müsadirəyə görə real kompensasiya məbləğlərini nəzərdə tutan müddəaların hazırlanmasına ehtiyac var (serio ristoro).
55. 223/1983 saylı qərarın qəbulu nəticəsində 2359/1865 saylı Qanunun 39-cu maddəsi yenidən qüvvəyə mindi. Bununla da tikinti təyinatlı torpaqlar üçün ödənilməli olan kompensasiyanın məbləği torpaqların bazar qiymətinə uyğun hala gətirildi (nümunə üçün bax: Kassasiya Məhkəməsi, 13 dekabr 1991-ci il tarixli 13479 saylı qərar, I bölmə; 22 fevral 1992-ci il tarixli 2180 saylı qərar, I bölmə; plenar məhkəmə, 29 avqust 1989-cu il tarixli 3815 saylı qərar).
56. Bu arada 8 avqust 1992-ci il tarixli 359 saylı Qanunun 5-ci maddəsi qəbul olundu, həmin maddə struktur tədbirləri qəbul edilənə qədər dövlət maliyyəsinin sabitləşdirilməsinə yönələn “müvəqqəti, müstəsna və təxirəsalınmaz tədbirin” tətbiqini nəzərdə tuturdu. Bu maddə həmin vaxt baxılması gözlənilən və ya davam etməkdə olan bütün məhkəmə işlərinə şamil olunmalı idi. 359/1992 saylı Qanunun 5-ci maddəsi 13 avqust 1992-ci ildə “Rəsmi Qəzet”də dərc olundu və 14 avqust 1992-ci ildə qüvvəyə mindi.
57. 5-ci maddədə nəzərdə tutulurdu ki, tikinti təyinatlı torpaqların müsadirəsinə görə ödənilməli olan kompensasiya aşağıdakı düstur vasitəsilə hesablanmalıdır: torpaq sahəsinin bazar qiyməti üstəgəl son on il üçün illik torpaq rentasının ümumi miqdarı, böl iki, çıx 40% vergi məbləği.
58. Belə hallarda kompensasiyanın məbləği torpaq sahəsinin bazar qiymətinin 30%-inə uyğun gəlirdi. Daha sonra bu məbləğdən 20% faiz dərəcəsi üzrə vergi tutulurdu (413/1991 saylı Qanunun 11-ci maddəsinə uyğun olaraq).
59. Torpağın müsadirəsi müsadirə haqqında qərara deyil, torpaq sahəsinin təhvil verilməsi haqqında “könüllü müqaviləyə” əsaslandıqda, yaxud hazırkı işdə olduğu kimi, 5-ci maddə qüvvəyə minənə qədər həyata keçirildikdə 40%-lik vergi tutulmamalı idi (bax: Konstitusiya Məhkəməsinin 16 iyun 1993-cü il tarixli 283 saylı qərarı). Belə hallarda kompensasiyanın məbləği torpaq sahəsinin bazar qiymətinin 50%-inə uyğun gəlirdi. Sonradan bu məbləğdən də 20% faiz dərəcəsi üzrə vergi tutulurdu (yuxarıda 58-ci bəndə bax).
60. Konstitusiya Məhkəməsi 359/1992 saylı Qanunun təxirəsalınmaz və müvəqqəti xarakterini nəzərə alaraq, qərara aldı ki, onun 5-ci maddəsi və həmin maddənin retroaktiv tətbiqi Konstitusiyaya uyğundur (bax: 16 iyun 1993-cü il tarixli 283 saylı qərar; və 16 dekabr 1993-cü il tarixli 442 saylı qərar).
61. 30 iyun 2003-cü ildə qüvvəyə minmiş “Müsadirə haqqında normalar məcəlləsi” (327/2001 saylı Prezident Fərmanı; sonradan 302/2002 saylı Fərmanla ona dəyişikliklər edildi) müsadirə ilə bağlı mövcud müddəaları və müvafiq presedent hüququnu kodifikasiya etdi.
Məcəllənin 37-ci maddəsində müsadirəyə görə kompensasiyanın hesablanmasının əsas meyarları 359/1992 saylı Qanunun 5-ci maddəsindəki əsas meyarların eyni idi.
B. İcraatın uzun sürməsi ilə bağlı şikayət haqqında
1. “Pinto Aktı” kimi tanınan 24 mart 2001-ci il tarixli 89 saylı Qanun
62. Bu Qanun məhkəmə icraatını ağlabatan müddətdə həyata keçirmək tələbi pozulduğu təqdirdə əvəzin ədalətli ödənilməsini nəzərdə tutur və onun əsasında Mülki Prosessual Məcəllənin 375-ci maddəsinə düzəliş edilmişdir.
II fəsil
Əvəzin ədalətli ödənilməsi
Maddə 2
Əvəzin ədalətli ödənilməsi hüququ
“1. 848 saylı Qanunla ratifikasiya edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin “ağlabatan müddət” haqqında tələbinə riayət edilməməsi ucbatından Konvensiyanın pozulması nəticəsində maddi və ya mənəvi ziyana məruz qalmış hər kəs əvəzin ədalətli ödənilməsi hüququna malikdir.
2. Pozuntunun baş verib-vermədiyini müəyyən edərkən məhkəmə işin mürəkkəbliyini və onun işığında tərəflərin və prosessual məsələləri həll edən hakimin, habelə işdə iştirak etməsi və ya işin həllinə şərait yaratması tələb olunan istənilən dövlət orqanının davranışını nəzərə alır.
3. Məhkəmə ziyanın miqdarını Mülki Məcəllənin 2056-cı maddəsinə uyğun olaraq qiymətləndirir və aşağıdakı qaydaları tətbiq edir:
a) yalnız 1-ci bənddə qeyd edilmiş ağlabatan müddət həddini aşan dövrdə vurulmuş ziyan nəzərə alına bilər;
b) mənəvi ziyanın əvəzi pul məbləği ilə ödənişdən əlavə pozuntunun müəyyən edildiyini hər hansı münasib üsulla ictimaiyyətə çatdırmaqla ödənilə bilər”.
Maddə 3
Prosedur
“1. Əvəzin ədalətli ödənilməsi haqqında tələblər apellyasiya məhkəməsinə verilir, belə işlərə müvafiq dairədə həll edilmiş və ya xitam verilmiş, yaxud baxılması davam etdirilən, mahiyyət üzrə baxış mərhələsində pozuntunun baş verdiyi iddia edilən, məhkəmə orqanının nümayəndələri ilə əlaqədar olan işlərə baxan, Cinayət Prosessual Məcəlləsinin 11-ci maddəsi üzrə yurisdiksiyaya malik olan hakim tərəfindən baxılır.
2. Tələb Mülki Prosessual Məcəllənin 125-ci maddəsində göstərilmiş bütün məlumatların qeyd edildiyi xüsusi vəkalətnaməsi olan vəkil tərəfindən apellyasiya məhkəməsinin dəftərxanasına təqdim edilmiş ərizə vasitəsilə bildirilir.
3. İddia edilən pozuntu ümumi məhkəmələrdəki icraatda baş verdikdə ərizə ədliyyə nazirinə qarşı, hərbi məhkəmələrdəki icraatda baş verdikdə müdafiə nazirinə qarşı və vergi komissiyalarındakı icraatda baş verdikdə maliyyə nazirinə qarşı verilir. Bütün digər hallarda ərizə baş nazirə qarşı verilir.
4. Apellyasiya məhkəməsi ərizəyə Mülki Prosessual Məcəllənin 737-ci və sonrakı maddələrinə uyğun olaraq baxır. Ərizəçi ərizəni və işin məhkəmə baxışına verildiyi haqqında qərarı Palatada dinləmənin keçirilməsindən azı on beş gün əvvəl cavabdeh dövlət orqanına Dövlət Şurası (Avvocatura dello Stato) idarələrində həmin orqanın seçildiyi hüquqi ünvan üzrə təqdim edir.
5. Tərəflər 2-ci maddədə qeyd edilmiş pozuntunun baş verdiyi icraatın prosessual və digər sənədlərinin hamısının və ya bir hissəsinin təqdim edilməsi haqqında qərar çıxarılması üçün məhkəməyə müraciət edə bilərlər və onlar, yaxud vəkilləri iclasda iştirak etdikdə məhkəmə tərəfindən qapalı iclasda dinlənilmək hüququna malikdirlər. Tərəflər iclasın təyin edildiyi gündən azı beş gün əvvəl və ya bu məqsəd üçün tərəflərin müraciət etməsinə apelyasiya məhkəməsinin icazə verdiyi müddət bitənə qədər yaddaş qeydlərini və sənədləri təqdim edə bilərlər.
6. Məhkəmə ona müraciət edildikdən sonra dörd ay ərzində qərar çıxarır. Bu qərardan şikayət Kassasiya Məhkəməsinə verilir. Onun qərarı dərhal qüvvəyə minir.
7. Kompensasiya almaq hüququ olanlara kompensasiyanın ödənişi vəsaitlərin imkan verdiyi hədd daxilində 1 yanvar 2002-ci ildən başlanır”.
Maddə 4
Ərizələrin verilməsi üçün müddətlər və prosedurlar
“Əvəzin ədalətli ödənilməsi haqqında tələb pozuntunun baş verdiyi iddia edilən məhkəmə icraatı davam etdiyi müddətdə, yaxud icraatın sonunda çıxarılmış qərarın qəti qərara çevrilməsindən sonra altı ay müddətində təqdim edilə bilər. Həmin müddətdən sonra təqdim edilmiş tələblər gecikmiş sayılır”.
Maddə 5
Məlumat verilməsi
“Məhkəmə ərizənin qəbul edilməsi haqqında qərar çıxardıqda məhkəmə dəftərxanası onun qərarı barədə tərəflərə, habelə məsuliyyət məsələsi ilə bağlı araşdırma aparılması üçün Audit Məhkəməsinin Dövlət Şurasına və məhkəmə icraatında istənilən qisimdə iştirak etmiş mülki qulluqçulara qarşı intizam icraatına başlayıb-başlamamaq haqqında qərar çıxarılmasına görə cavabdeh olan dövlət orqanlarına məlumat verir”.
Maddə 6
Keçid müddəaları
“1. Bu Qanun qüvvəyə mindikdən sonra altı ay ərzində 848 saylı Qanunla ratifikasiya edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin “ağlabatan müddət” haqqında tələbinin pozulması ilə bağlı şikayət edərək Avropa İnsan Hüquqları Məhkəməsinə vaxtında ərizə vermiş hər kəs bu Qanunun 3-cü maddəsi üzrə şikayət vermək hüququna malikdir, bu şərtlə ki, onun ərizəsi Avropa Məhkəməsi tərəfindən qəbul olunan elan edilsin. Belə hallarda apellyasiya məhkəməsinə verilmiş ərizədə Avropa Məhkəməsinə nə vaxt şikayət edildiyi göstərilməlidir.
2. Müvafiq məhkəmənin dəftərxanası 3-cü maddə üzrə verilmiş istənilən tələb barədə yubanmadan bu maddənin 1-ci bəndində müəyyən edilmiş müddət ərzində xarici işlər nazirinə məlumat verir”.
Maddə 7
Yekun müddəaları
“1. Bu Qanunun icrası üçün 2002-ci ildən 12.705.000.000 İtaliya lirəsi məbləğində müəyyən edilmiş maliyyə xərcləri 2001-2003-cü illər üçün üçillik büdcəyə daxil edilən, cari maliyyə məsuliyyətinin əsas xərclərinin smetasına dair fəsildə nəzərdə tutulan, 2001-ci ildə Xəzinədarlıq, İqtisadi və Maliyyə Planlaşdırması Nazirliyinin proqnozu əsasında formalaşan “xüsusi fondun” vəsaitləri hesabına ödənilir.
2. Xəzinədarlıq, İqtisadi və Maliyyə Planlaşdırması Nazirliyi öz əmri ilə müvafiq büdcə məsələlərini həll etmək səlahiyyətinə malikdir”.
2. İtaliyanın presedent hüququndan çıxarışlar
a) 2004-cü il presedentlərindən kənarlaşma
63. “Pinto” icraatında apellyasiya məhkəmələri tərəfindən çıxarılmış qərarlardan verilmiş şikayətlərə baxan Kassasiya Məhkəməsi 27 noyabr 2003-cü ildə tam tərkibdə iclas keçirərək (Sezioni Unite) dörd qərar (1338, 1339, 1340 və 1341 saylı qərarlar) çıxardı ki (onların mətnləri 26 yanvar 2004-cü ildə reyestrə daxil edilib), həmin qərarlarla apellyasiya məhkəmələrinin qərarları ləğv edildi və işlər yenidən baxılmağa göndərildi. Kassasiya Məhkəməsi qərara aldı ki:
“Strasburq Məhkəməsinin presedent hüququ 89/2001 saylı Qanunun tətbiqi ilə bağlı İtaliya məhkəmələri üçün məcburi qüvvəyə malikdir”.
O, 1340 saylı qərarında digər məsələlərə yanaşı belə bir prinsipi təsdiq etdi ki:
“89/2001 saylı Qanunun 2-ci maddəsinə uyğun olaraq apellyasiya məhkəməsi mənəvi ziyan məsələsini həll edilərkən qaçılmaz olaraq ədalət prinsiplərinə əsaslanmalı olsa da, kompensasiya məbləğini qanunla müəyyən edilmiş hədd daxilində, analoji işlərdə Strasburq Məhkəməsi tərəfindən təyin edilmiş məbləğlərə uyğun olaraq təyin etməlidir. Ağlabatan həddə müəyyən kənarlaşmalara yol verilə bilər.
64. Kassasiya Məhkəməsinin plenar iclasında çıxarılmış 1339 saylı qərardan (26 yanvar 2004-cü ildə reyestrə daxil edilib) çıxarışlar:
“... 2. Bu ərizədə belə bir fundamental məsələ qoyulur: 24 mart 2001-ci il tarixli 89 saylı Qanun icra edilərkən və xüsusən məhkəmə araşdırmasının ağlabatan müddəti haqqında tələbin pozulmasından irəli gələn mənəvi ziyan müəyyən edilərkən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına hansı hüquqi qüvvə verilməlidir? Onlar ümumən sözügedən pozuntunun nəticələri ilə bağlı Avropa Məhkəməsinin müəyyən etdiyi şərh xarakterli rəhbər prinsiplər hesab edilməlidir, yoxsa konkret işdə məhkəmə qərarının çıxarılmasının gecikdirilməsi ilə bağlı Avropa Məhkəməsi tərəfindən çıxarılan və presedent kimi istinad edilə bilən ayrıca qərar sayılmalıdır? ...
Sözügedən Qanunun 2.1-ci maddəsində nəzərdə tutulduğu kimi, əvəzin ədalətli ödənilməsi hüququnu doğuran hüquqi fakt “848 saylı Qanunla ratifikasiya edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin “ağlabatan müddət” haqqında tələbinin pozulmasından” ibarətdir. Başqa sözlə, 89/2001 saylı Qanun kompensasiya hüququnu doğuran faktı müəyyən edərkən İnsan hüquqları haqqında Avropa Konvensiyasının konkret müddəasına istinad edir. Bu Konvensiya onun müddəalarına riayət edilməsini təmin etmək üçün Məhkəməni (iclaslarını Strasburqda keçirən Avropa İnsan Hüquqları Məhkəməsini) təsis etmişdir (19-cu maddə). Müvafiq surətdə, adı çəkilən məhkəmənin sözügedən müddəaların əhəmiyyətini müəyyən etmək və müvafiq surətdə onlara şərh vermək məsələsində səlahiyyəti tanınmalıdır.
89/2001 saylı Qanunda göstərilmiş kompensasiya hüququnu doğuran fakt İnsan hüquqları haqqında Avropa Konvensiyasının pozuntusundan ibarət olduğuna görə, həmin hüquqi faktın bütün elementlərini müəyyən etmək Avropa İnsan Hüquqları Məhkəməsinin işidir, beləliklə, həmin pozuntuya Strasburq Məhkəməsinin presedent hüququnun “tələblərinə uyğun olaraq” son qoyulur, həmin presedent hüququ, söhbət 89/2001 saylı Qanunun tətbiqinə aid olan məsələlərdən gedirsə, İtaliya məhkəmələri üçün məcburi qüvvəyə malikdir.
Buna görə də baş prokurorun (Procuratore Generale) məhkəmədə kifayət qədər müzakirə etdiyi ümumi problemə, yəni İnsan hüquqları haqqında Avropa Konvensiyası ilə daxili məhkəmə sistemi arasındakı münasibətlər probleminə toxunmağa ehtiyac yoxdur. Bu mübahisəli məsələ ilə və müvafiq surətdə, daxili hüquq mənbələri kontekstində İnsan hüquqları haqqında Avropa Konvensiyasının yeri ilə bağlı müxtəlif fikirlərdən asılı olmayaraq, aydındır ki, İtaliyanın məhkəmə sistemində İnsan hüquqları haqqında Avropa Konvensiyasının müddəasının (yəni 6-cı maddənin 1-ci bəndinin “ağlabatan müddət” məsələsinə aid hissəsinin) 89/2001 saylı Qanunla müəyyən edilmiş birbaşa tətbiqi həmin müddəaya Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi şərhdən kənara çıxa bilməz.
Buna əks olan arqument, yəni milli sistemdə 89/2001 saylı Qanunun məhkəmə araşdırmasının ağlabatan müddətdə keçirilməsi hüququna Strasburq Məhkəməsi tərəfindən verilmiş şərhdən xeyli fərqli şəkildə tətbiqinə yol verən arqument 89/2001 saylı Qanunu ədalətlilikdən məhrum edər və İtaliya dövləti tərəfindən İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1-ci maddəsinin pozulmasına səbəb olardı; həmin maddəyə əsasən, “Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər” (o cümlədən 6-cı maddədə nəzərdə tutulmuş məhkəmə işinin ağlabatan müddətdə həll edilməsi hüququnu).
89/2001 saylı Qanunun qəbulunun arxasında dayanan səbəb məhkəmə araşdırmasının müddətinin uzanması ilə bağlı pozuntulara qarşı dövlətdaxili məhkəmə müdafiəsi vasitəsinin təmin edilməsinə olan ehtiyac idi, bundan məqsəd Strasburq Məhkəməsinin şərhinə İnsan hüquqları haqqında Avropa Konvensiyasında açıq-aydın nəzərdə tutulmuş yardımçı xarakter vermək idi (35-ci maddə: “Məhkəmə yalnız ... bütün daxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər”). İnsan hüquqlarının müdafiəsi üzrə Avropa sistemi Avropa Məhkəməsinin yardımçı (əlavə) xarakter daşıdığını nəzərdə tutan prinsipə əsaslanır. Bu prinsip dövlətlərin üzərinə fərdlər üçün ilk növbədə öz daxili hüquq qaydalarında və milli məhkəmə sisteminin orqanları qarşısında İnsan hüquqları haqqında Avropa Konvensiyasının tanıdığı hüquqların müdafiəsini təmin etmək vəzifəsini qoyur. Özü də bu müdafiə “səmərəli” olmalıdır (İnsan hüquqları haqqında Avropa Konvensiyasının 13-cü maddəsi), yəni iddianın Strasburq Məhkəməsinə müraciət etməyə ehtiyac olmadan həll edilməsi mümkün olmalıdır.
89/2001 saylı Qanunda nəzərdə tutulmuş daxili hüquqi müdafiə vasitəsi İtaliya sistemində əvvəllər mövcud olmayıb, nəticədə Avropa Məhkəməsi İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu ilə bağlı İtaliyaya qarşı verilmiş çoxsaylı şikayətlərlə “dolub” (bu ifadə 28 sentyabr 2000-ci ildə Senatın iclasında məruzəçi Follyeri tərəfindən işlədilib). Strasburq Məhkəməsi 89/2001 saylı Qanunun qəbulundan əvvəl qeyd edib ki, İtaliya tərəfindən sözügedən müddəaya riayət edilməməsi “elə bir davamlı situasiyanı əks etdirir ki, o hələ də öz həllini tapmayıb və iddiaçılar həmin situasiya ilə bağlı daxili hüquqi müdafiə vasitəsinə malik deyillər. Müvafiq surətdə, pozuntuların bu cür üst-üstə yığılması Konvensiyaya zidd olan praktikanı təşkil edir (bax: Bottatsi, Di Mauro, Ferrari və A.P.-nin işləri üzrə Avropa Məhkəməsinin 28 iyul 1999-cu ildə çıxardığı dörd qərar).
89/2001 saylı Qanun 6-cı maddənin (ağlabatan müddət haqqında tələbin) “pozulmasının qurbanının” (bu, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 34-cü maddəsində müəyyən edilmiş ifadədir) İnsan hüquqları haqqında Avropa Konvensiyasının 41-ci maddəsində nəzərdə tutulmuş “əvəzin ədalətli ödənilməsi” haqqında tələblə Avropa Məhkəməsinə müraciət etməzdən əvvəl müraciət etməli olduğu daxili hüquqi müdafiə vasitəsini müəyyən edir və pozuntunun baş verdiyi aşkar edildikdə əvəzin ədalətli ödənilməsi Avropa Məhkəməsi tərəfindən yalnız o halda təyin edilir ki, “Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyi” müəyyən edilsin. Beləliklə, 89/2001 saylı Qanun məhkəmə araşdırmasının həddən artıq uzanması ilə əlaqədar olaraq İnsan hüquqları haqqında Avropa Konvensiyasının 41-ci maddəsində nəzərdə tutulmuş əvəzin ədalətli ödənilməsi məqsədi ilə Avropa Məhkəməsinə təqdim edilmiş (o cümlədən sözügedən Qanun qəbul edilməmişdən əvvəl) ərizələrin həmin məhkəmə tərəfindən qəbul olunmayan elan edilməsinə imkan verir (Brusko İtaliyaya qarşı, 6 sentyabr 2001-ci il tarixli qərar).
Lakin Strasburq Məhkəməsi İnsan hüquqları haqqında Avropa Konvensiyasının müəyyən edilmiş pozuntusunun nəticələrinin daxili qanunvericilik vasitəsilə aradan qaldırılmadığını, yaxud yalnız “qismən” aradan qaldırıldığını müəyyən edərsə, onda İnsan hüquqları haqqında Avropa Konvensiyasının yerinə yetirilməsinin və Strasburq Avropa Məhkəməsinin müdaxilələri ilə bağlı subsidiarlıq prinsipinə riayət edilməsinin bu mexanizmi işləmir, çünki bu halda sözügedən 41-ci maddə “pozuntunun qurbanını” müdafiə etmək üçün Avropa Məhkəməsinin müdaxiləsini nəzərdə tutur. Belə hallarda İnsan hüquqları haqqında Avropa Konvensiyasının 34-cü maddəsi əsasında Strasburq Məhkəməsinə fərdi şikayət ərizəsinin verilməsinə yol verilə bilər (Skordino və başqaları İtaliyaya qarşı, 27 mart 2003) və bu zaman Məhkəmə qurbanın hüquqlarının daxili qanunvericilik vasitəsilə adekvat müdafiə olunmadığı qənaətinə gələrək onların müdafiəsi üçün birbaşa hərəkətə keçir. Qurbanın hüquqlarının daxili qanunvericilik vasitəsilə adekvat müdafiə olunub-olunmadığına qiymət verən, əlbəttə ki, Avropa Məhkəməsidir, onun vəzifəsi İnsan hüquqları haqqında Avropa Konvensiyasının hər hansı müddəasının pozuntusu baş verdikdə daxili qanunvericiliyin həmin pozuntunun nəticələrini aradan qaldırmaq iqtidarında olub-olmadığını müəyyən etmək və İnsan hüquqları haqqında Avropa Konvensiyasının 41-ci maddəsini tətbiq etməkdir.
89/2001 saylı Qanunu tətbiq edərkən İtaliya məhkəməsi tərəfindən İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (bu maddənin pozulması faktı milli qanunvericilikdə nəzərdə tutulmalı olan kompensasiya hüququnu əmələ gətirir) müddəalarına Avropa Məhkəməsinin verdiyi şərhdən fərqli şərh verilməsinin mümkünlüyü barədə arqument onu nəzərdə tutur ki, pozuntunun qurbanı milli səviyyədə Avropa Məhkəməsinin yetərli hesab etmədiyi kompensasiya alırsa, onda İnsan hüquqları haqqında Avropa Konvensiyasının 41-ci maddəsində nəzərdə tutulmuş ədalətli kompensasiyanı Avropa Məhkəməsi vasitəsilə almalıdır. Bu, 89/2001 saylı Qanun vasitəsilə İtaliya qanunvericiliyində nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsinin məqsədini zərbə altında qoya və Strasburq Məhkəməsinin müdaxiləsi ilə bağlı subsidiarlıq prinsipinin pozulmasına gətirib çıxara bilər. Buna görə də Skordinonun ərizəsi üzrə yuxarıda adı çəkilən qərarda (həmin ərizə 89/2001 saylı Qanun tətbiq edilərkən İtaliya məhkəmələrinin təqdim etdikləri müdafiənin adekvat olmaması ilə bağlı idi) Avropa Məhkəməsinin təsdiq etdiyi belə bir fikirlə razılaşmaq lazımdır ki, “subsidiarlıq prinsipindən belə nəticə çıxır ki, ... milli məhkəmələr, mümkün olan hallarda, daxili qanunvericiliyi Konvensiyaya uyğun olaraq şərh və tətbiq etməlidirlər”.
... 89/2001 saylı Qanunun qəbul edilməsi üçün hazırlıq sənədləri hətta daha aydın idi. Senator Pintonun qanun layihəsinə aid məruzədə (Senatın 16 fevral 1999-cu il tarixli 3813 saylı icraatı) təsdiq edildi ki, qanunvericilik təşəbbüsü vasitəsilə təklif edilmiş kompensasiya mexanizmi (o, sonradan Qanunun tərkibində qəbul edildi) ərizəçi üçün onun “beynəlxalq məhkəmədə əldə edəcəyi müdafiənin analoqunu” təmin edir, belə ki, orada İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə birbaşa istinadın olması “beynəlxalq səviyyədə mövcud olan eyni müddəanın tətbiqinin hüdudlarını” dövlətdaxili səviyyəyə keçirməyi mümkün edir, “həmin hüdudlar mahiyyət etibarı ilə dövlətdən və Strasburq orqanlarının, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun formalaşmasından asılıdır, beləliklə, həmin Məhkəmənin qərarları ... bu hüdudların müəyyən edilməsində daxili məhkəmələr üçün rəhbər prinsip olmalıdır”.
... 6. Sənədin 3-5-ci bəndlərində əks olunmuş mülahizələrdə mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı 89/2001 saylı Qanunun tətbiqi zamanı Avropa Məhkəməsinin şərhlərinin rəhbər tutulmasının vacibliyi ümumi şəkildə qeyd edilir.
Lakin bu konkret halda milli məhkəmənin mənəvi ziyana görə kompensasiyanı istisna etməsinin mümkünlüyü ehtimalı mövcud olmayan hesab edilməlidir (İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsinə baxmayaraq), çünki Avropa Məhkəməsinin əvvəlki qərarı bunun qarşısını alır, həmin qərarda eyni proseslə bağlı müəyyən edilir ki, qərar çıxarılmasının əsassız olaraq gecikdirilməsi ərizəçiyə mənəvi ziyan yetirilməsi ilə nəticələnmiş, Məhkəmə həmin ziyanın əvəzinin ödənilməsini məhdud müddət üçün təmin etmişdir. Avropa Məhkəməsinin bu qərarından belə nəticə çıxır ki, milli məhkəmə sözügedən qərarda nəzərə tutulmuş müddətdən sonra pozuntunun davam etdiyini müəyyən edibsə, deməli, ərizəçi mənəvi ziyana məruz qalmaqda davam edir və bu, 89/2001 saylı Qanunun tətbiqi vasitəsilə kompensasiya olunmalıdır.
Buna görə də, Roma Apellyasiya Məhkəməsinin etdiyi kimi iddia etmək olmaz ki, sözügedən məhkəmə icraatında məbləğlərin kiçik olması səbəbindən zərərçəkənə kompensasiya düşmür. Zərərçəkənin eyni hərəkət ucbatından mənəvi ziyana məruz qaldığı barədə Məhkəmənin qərar çıxarması faktı bu cür səbəbi istənilən halda əhəmiyyətsiz edir, çünki məhkəmə araşdırmasında nəzərdən keçirilən məbləğlərin kiçik olduğu işlərdə adətən icraatın uzun sürməsinin iztirab və həyəcana səbəbə olduğunu nəzərə alsaq, ağlabatan müddət haqqında tələbə əməl olunmadığının müəyyən edildiyi məhkəmə araşdırmasındakı məbləğin kiçikliyi heç vaxt mənəvi ziyanı istisna edə bilməz; buna görə də bu aspekt kompensasiya məbləğinin azaldılması ilə nəticələnə bilər, amma kompensasiyanı tam istisna edə bilməz.
7. Xülasə, barəsində şikayət verilmiş qərar ləğv olunmalı və iş Roma Apellyasiya Məhkəməsinə göndərilməli, o isə işə başqa tərkibdə baxaraq ağlabatan müddət haqqında tələbin pozulması nəticəsində ərizəçiyə yalnız 16 aprel 1996-cı ildən sonrakı dövr üçün dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qərar çıxarmalı, bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin eyni cür ziyana görə təyin etdiyi ödənişlər kompensasiya məbləğinin müəyyən edilməsində rəhbər tutulmalıdır, özü də kompensasiya məbləği Avropa Məhkəməsinin təyin etdiyi ödənişlərdən fərqlənə bilər, amma bu, ağlabatan çərçivədə olmalıdır (Avropa İnsan Hüquqları Məhkəməsi, 27 mart 2003, Skordino İtaliyaya qarşı)”.
b. Kompensasiya hüququnun başqa şəxslərə keçməsinə dair presedent hüququ
i) Kassasiya Məhkəməsinin 17650/02 saylı qərarı (bu qərar 15 oktyabr 2002-ci ildə reyestrə daxil edilib)
65. Kassasiya Məhkəməsi aşağıdakıları müəyyən etdi:
“... Məhkəmə icraatının əsassız olaraq uzadılmasının qurbanı [“Pinto Aktı” kimi tanınan] 2001-ci il tarixli 89 saylı Qanunun qüvvəyə minməsindən əvvəl vəfat edibsə, bu, əvəzin ədalətli ödənilməsi hüququnun yaranmasının və mərhumun varislərinə keçməsinin qarşısı alır, bu nəticə belə bir ümumi qaydaya əsaslanır ki, şəxs onun ölümündən sonra qəbul edilmiş Qanunun müəyyən etdiyi hüquqa malik ola bilməz...”.
ii) Kassasiya Məhkəməsinin 5264/03 saylı qərarı (bu qərar 4 aprel 2003-cü ildə reyestrə daxil edilib)
66. Kassasiya Məhkəməsinin hakimləri qeyd etdilər ki, ağlabatan müddətdə məhkəmə araşdırması hüququnun pozulmasına görə kompensasiya hüququ Pinto Aktından irəli gəlir. Avropa standartının bərqərar etdiyi mexanizm ərizəçilərin daxili məhkəmələrə müraciət etməsi üçün əsas vermir. Müvafiq surətdə, “əvəzin ədalətli ödənilməsi” hüququ Pinto Aktı qüvvəyə minənə qədər vəfat etmiş şəxs tərəfindən nə əldə edilə, nə də başqalarına ötürülə bilər. Mərhumun sağ ikən Strasburq Məhkəməsinə ərizə verməsi faktı həlledici əhəmiyyət daşımır. Pinto Aktının 6-cı maddəsi, ərizəçilərin iddia etdiyinin əksinə olaraq, Avropa Məhkəməsinin səlahiyyətlərinin daxili məhkəmələrə keçməsini nəzərdə tutan prosessual norma təşkil etmir.
iii) Kassasiya Məhkəməsinin 11950/04 saylı qərardadı (bu qərardad 26 iyun 2004-cü ildə reyestrə daxil edilib)
67. Məhkəmə icraatının uzun sürməsi ilə əlaqədar olaraq 6-cı maddənin 1-ci bəndinin pozulmasından irəli gələn kompensasiya hüququnun varislərə keçməsinin mümkünlüyünə və ya hər hansı yolla keçməsinə aid olan bu işdə Kassasiya Məhkəməsinin Birinci Şöbəsi işi plenar iclasda araşdırılmağa təqdim edərək qeyd etdi ki, presedent hüququnu təşkil edən qərarlarla, yəni varislərlə bağlı əvvəlki qərarlarda Kassasiya Məhkəməsinin qəbul etdiyi məhdudlaşdırıcı yanaşma ilə Pinto aktı və 26 yanvar 2004-cü ildə Kassasiya Məhkəməsinin plenar tərkibdə çıxardığı dörd qərar arasında ziddiyyət vardır, yəni kifayət qədər məhdudlaşdırıcı olmayan şərh belə bir nəticəyə yanlış gətirib çıxara bilərdi ki, kompensasiya hüququ 1955-ci ildə Avropa Konvensiyası İtaliya tərəfindən ratifikasiya edildiyi tarixdən mövcuddur.
iv) Kassasiya Məhkəməsinin plenar iclasının 28507/05 saylı qərarından çıxarışlar (bu qərar 23 dekabr 2005-ci ildə reyestrə daxil edilib)
68. Məsələnin plenar iclasa çıxarılması barədə yuxarıda qeyd edilən qərardada səbəb olmuş işlə bağlı (əvvəlki bəndə bax) Kassasiya Məhkəməsi tam tərkibdə iclas keçirərək, aşağıdakı prinsipləri müəyyən etdi və bununla da məhkəmələrin bundan sonra çıxaracağı qərarların bir-birinə zidd olmasının qarşısını aldı:
1) Konvensiyanı ratifikasiya edərək qüvvəyə mindirmiş 4 avqust 1955-ci il tarixli 848 saylı Qanun vasitəsilə ümumi hüququn prinsiplərinə əsasən fərdin malik olduğu, Konvensiyanın birinci bölməsində nəzərdə tutulmuş və Konstitusiyanın 2-ci maddəsində daha geniş şəkildə verilmiş hüquqlar kateqoriyasına aid olan əsas hüquqlar dövlətdaxili hüquq sisteminə daxil edilmişdir. Bu baxımdan Konvensiyanın müddəaları təsdiqləyici və nümunəvi xarakter daşıyır. ...
2) Bu prinsipi bir daha qeyd etmək lazımdır ki, daxili qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya hüququnu doğuran hərəkət Konvensiyanın 6-cı maddəsinin müvafiq müddəasını pozan hərəkətdir, hamin müddəa isə daxili qanunvericilikdə birbaşa tətbiq edilir.
İnsan hüquqları haqqında Avropa Konvensiyasında nəzərdə tutulan (yaxud hətta öncədən Konstitusiya ilə qorunan) ağlabatan müddətdə məhkəmə araşdırması hüququ ilə əvəzin ədalətli ödənilməsi hüququ (iddia edildiyinə görə, bu hüquq yalnız Pinto Aktı vasitəsilə hüquq sisteminə daxil edilib) arasında fərq qoyulmasına yol vermək olmaz, belə ki, daxili məhkəmələrin təmin etdiyi müdafiə Strasburq Məhkəməsinin təqdim etdiyi müdafiəyə uyğun gəlməlidir, daxili məhkəmələr Avropa Məhkəməsinin presedent hüququna əməl etməyə borcludurlar. ...
3) Buna görə də 89/2001 saylı Qanun qüvvəyə minənə qədər məhkəmə icraatının əsassız olaraq uzadılması nəticəsində şəxsin məruz qaldığı itkilərin əvəzinin ədalətli ödənilməsi hüququ, hətta bu hüquq həmin Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl iddia qaldırmış tərəfin varislərinə keçdikdə belə, daxili məhkəmələr tərəfindən tanınmalıdır, bu şərtlə ki, iddia tələbi artıq Strasburq Məhkəməsinə verilmiş olmasın və Məhkəmə ərizənin qəbuledilənliyi barədə qərar çıxarmasın. ...
3. Hüquqi şəxslərin kompensasiya hüququ ilə bağlı Kassasiya Məhkəməsinin 18239/04 saylı qərarı (bu qərar 10 sentyabr 2004-cü ildə reyestrə daxil edilib)
69. Kassasiya Məhkəməsinin bu qərarı mənəvi ziyana görə hüquqi şəxsə kompensasiya təyin edilməsi barədə Apellyasiya Məhkəməsinin qərarından Ədliyyə Nazirliyinin verdiyi şikayətlə bağlı idi. Kassasiya Məhkəməsi Komingersoll Portuqaliyaya qarşı məhkəmə işi ([GC], ərizə Nº 35382/97, AİHM 2000-IV) üzrə qərara, habelə 26 yanvar 2004-cü ildə plenar iclasda çıxardığı dörd qərara istinadən müəyyən etdi ki, onun presedent hüququ Avropa Məhkəməsinin presedent hüququna uyğun deyil. O, qərara aldı ki, Strasburq Məhkəməsinin meyarlarına uyğun olaraq “hüquqi” şəxslərə ədalətli kompensasiya təyin edilməsinin qarşısında heç bir hüquqi maneə yoxdur. Müvafiq surətdə, Apellyasiya Məhkəməsi haqlı olaraq apellyasiya şikayətini rədd etmişdi.
3. Mənəvi ziyan prezumpsiyası ilə bağlı Kassasiya Məhkəməsinin 8568/05 saylı qərarı (bu qərar 23 aprel 2005-ci ildə reyestrə daxil edilib)
70. Kassasiya Məhkəməsi aşağıdakıları qeyd etdi:
“... Mənəvi ziyanın əvəzinin ödənilməsinin ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından irəli gələn normal, lakin qeyri-avtomatik nəticə olduğunu nəzərə alaraq, hesab edilir ki, bu hüquq onun mövcudluğunu xüsusi olaraq sübut etməyə ehtiyac olmadan (birbaşa və ya prezumpsiya formasında) obyektiv pozuntu faktı əsasında mövcuddur, bu şərtlə ki, müvafiq aktual işdə hər hansı bu cür ziyanın baş vermədiyinə dəlalət edən xüsusi hallar mövcud olmasın (Kassasiya Məhkəməsinin 1338 və 1339 saylı qərarları, 26 yanvar 2004).
Mənəvi ziyana görə kompensasiyanın ədalət prinsipi əsasında qiymətləndirilməsi, 24 mart 2001-ci il tarixli 89 saylı Qanunun 2-ci maddəsində 4 avqust 1955-ci il tarixli 848 saylı Qanunla ratifikasiya olunmuş İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə edilmiş xüsusi istinada əsasən, Strasburq Məhkəməsinin verdiyi şərhə uyğun olaraq Konvensiyaya riayət edilməsindən asılıdır (ona riayət edilməməsi qanun pozuntusu ilə nəticələnir) və buna görə də Avropa Məhkəməsinin baxdığı analoji işlərdə ödənilmiş məbləğlərə təkcə formal cəhətdən deyil, həm də mahiyyətcə mümkün qədər uyğun olmalıdır, müstəsna hallarda konkret iş üzrə fərqli məbləğ təyin edilə bilər, bu şərtlə ki, o, ağlabatan, müvafiq həddi aşmayan və əsaslı olsun (Kassasiya Məhkəməsinin 1340 saylı qərarı, 26 iyun 2004). ...
Kompensasiyanın qiymətləndirilməsində Məhkəmənin presedent hüququ ilə Pinto Aktının 2-ci maddəsi arasındakı fərq 2001-ci il tarixli 89 saylı Qanunun ümumi istiqamətinə, yəni ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına görə düzgün kompensasiya təyin edilməsi məqsədinə təsir göstərməməli (bu istiqamət Avropa Məhkəməsi tərəfindən, digər qərarlarla yanaşı, Skordino İtaliyaya qarşı məhkəmə işi (ərizə Nº 36813/97) üzrə 27 mart 2003-cü il tarixli qərarda təsdiq edilmişdir) və müvafiq surətdə, dövlətdaxili standartın İtaliya Respublikasının Avropa Konvensiyasını təsdiq etməklə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olduğuna, habelə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindəki prinsipin Konstitusiya səviyyəsində formal olaraq tanındığına hər hansı şübhə yeri qalmamalıdır...”.
III. DİGƏR MÜVAFİQ MÜDDƏALAR
A. İtaliyada inzibati, mülki və cinayət məhkəmə icraatının həddən artıq uzun sürməsinə dair üçüncü illik hesabat (2003-cü il)
71. Avropa Şurası Nazirlər Komitəsinin 24 sentyabr 2003-cü ildə düzəlişlər edilmiş (2004)23 saylı məruzəsində (CM/Inf/DH(2004)23) nazirlərin nümayəndələri Pinto Aktının təmin etdiyi hüquqi müdafiə vasitəsinin qiymətləndirilməsi ilə bağlı aşağıdakı qeydlərini bildirdilər:
“... 11. 2001-ci ildə Pinto Aktı vasitəsilə müəyyən edilmiş hüquqi müdafiə vasitəsinə gəldikdə, bir sıra çatışmazlıqlar, xüsusən hüquqi müdafiə vasitəsinin səmərəliliyi və Konvensiyaya uyğun surətdə tətbiqi məsələsində, hələ də qalmaqdadır: konkret olaraq, bu qanun davam etməkdə olan məhkəmə proseslərinin sürətləndirilməsini hələ də təmin etmir. ...
109. Ölkənin 1-ci illik hesabatını nəzərdən keçirərkən Nazirlər Komitəsi belə bir faktla bağlı narazılığını ifadə etdi ki, qanunvericilikdə məhkəmə icraatının tezləşdirilməsi nəzərdə tutulmayıb və onun tətbiqi apellyasiya məhkəmələrinin iş yükünün ağırlaşdırılması riskini doğurub.
...
112. Qeyd etmək lazımdır ki, ölkənin 2-ci illik hesabatını nəzərdən keçirərkən Nazirlər Komitəsi narahatlıqla qeyd etdi ki, Konvensiyanın birbaşa təsiri yoxdur və buna görə də İtaliyanın hakimiyyət orqanlarını milli səviyyədə səylərini artırmağa, habelə Avropa Şurasının bu sahədə səlahiyyətli olan müxtəlif orqanları ilə təmaslarını artırmağa dəvət etdi...”.
B. Məhkəmə icraatının həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq İtaliyaya qarşı qaldırılmış 2183 məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin və Nazirlər Komitəsinin qərarları ilə bağlı (2005)14 saylı aralıq qətnamə (ResDH(2005)114)
72. Bu aralıq qətnamədə nazirlərin nümayəndələri aşağıdakıları qeyd etdilər:
“Nazirlər Komitəsi,
“... məhkəmə icraatının həddən artıq uzun sürdüyü işlərdə 2001-ci ildə qəbul edilmiş (“Pinto Aktı”) daxili hüquqi müdafiə vasitəsinin bərqərar edildiyini, eləcə də Kassasiya Məhkəməsinin son dövrlərdə presedent hüququnun təkmilləşdirildiyini və İtaliyanın hüquq sistemində Avropa Məhkəməsinin presedent hüququnun birbaşa təsirinin artdığını, lakin eyni zamanda bütün qurbanların hüquqlarının səmərəli şəkildə bərpa edilməsi üçün bu hüquqi müdafiə vasitəsinin məhkəmə icraatını sürətləndirməyə qadir olmadığını qeyd edərək;
daxili hüquqi müdafiə vasitəsinin bərqərar edilməsinin dövlətləri onların ümumi öhdəliyindən, yəni pozuntuların kökündə duran struktur problemlərini həll etmək öhdəliyindən azad etmədiyini vurğulayaraq;
göstərilmiş səylərə baxmayaraq, bir çox elementlərin problemin həllinin yaxın gələcəkdə tapılmayacağına dəlalət etdiyini hesab edərək (bunu konkret olaraq statistik məlumatlar, daxili məhkəmələrdə və Avropa Məhkəməsində qaldırılan yeni işlər, hökumət tərəfindən Nazirlər Komitəsinə təqdim edilmiş illik məruzələrdə yer alan məlumatlar və baş prokurorun Kassasiya Məhkəməsinə məruzələri təsdiq edir); ...
demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququna Konvensiyanın verdiyi əhəmiyyəti vurğulayaraq və davamlı və geniş miqyaslı olması ucbatından məhkəmə icraatının həddən artıq uzun sürməsi probleminin İtaliyada qanunun aliliyinə real təhlükə yaratdığını xatırladaraq; ...
İtaliyanın hakimiyyət orqanlarını öz siyasi öhdəliklərinin icrasını gücləndirməyə və ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun İtaliyanın yurisdiksiyasında olan bütün insanlar üçün təmin edilməsini İtaliyanın Konvensiya üzrə öhdəliklərinin və Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsində özlərinin prioritet məqsədinə çevirməyə çağırır...”.
C. “Ədalət mühakiməsinin səmərəliliyi uğrunda Avropa Komissiyası” (CEPEJ)
73. “Ədalət mühakiməsinin səmərəliliyi uğrunda Avropa Komissiyası” Avropa Şurası tərəfindən (2002)12 saylı qətnamə ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır: a) yurisdiksiyalarında olan hər kəsin öz qanuni hüquqlarını səmərəli şəkildə həyata keçirməsini təmin etmək məqsədi ilə üzv dövlətlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və fəaliyyətinin təkmilləşdirilməsi, bununla da ədalət mühakiməsi sisteminə vətəndaşların inamının artırılması; və b) ədalət mühakiməsinin səmərəliliyinə və ədalətliliyinə dair Avropa Şurasının qəbul etdiyi beynəlxalq hüquqi sənədlərin daha yaxşı yerinə yetirilməsinə şərait yaradılması.
74. “Ədalət mühakiməsinin səmərəliliyi uğrunda Avropa Komissiyası” özünün çərçivə proqramında (CEPEJ (2004) 19 Rev 2 § (7) qeyd etmişdir ki, “kompensasiya ilə məhdudlaşan mexanizmlər çox zəifdir, dövlətləri öz iş proseslərini modifikasiya etməyə sövq etmir və gecikdirmə probleminin həllini tapmaq əvəzinə yalnız pozuntunun baş verdiyi sübut edildikdən sonra kompensasiyanı təmin edir”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
75. Ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinin ikiqat pozuntusundan şikayət etdilər, həmin maddədə deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
76. Ərizəçilər iddia etdilər ki, müsadirəyə görə kompensasiyanın adekvat olmaması ucbatından qeyri-mütənasib yükə məruz qalıblar, həmin kompensasiyanın məbləği 359/1992 saylı Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş meyarlara uyğun olaraq hesablanmışdı.
77. Onlar həmçinin 359/1992 saylı Qanunun 5-ci maddəsinin retrospektiv tətbiqindən şikayət etdilər.
A. Ərizəçilərə təyin edilmiş kompensasiyanın məbləği
1. Mülkiyyət hüququna müdaxilə baş vermişdimi?
78. Məhkəmə dəfələrlə qeyd etdiyi kimi yenə də xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: “birinci bəndin birinci cümləsində yer almış birinci norma ümumi xarakterlidir və mülkiyyətindən maneəsiz istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində yer almış ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci bənddə bəyan edilən üçüncü normada təsdiq edilir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna və digər hüquqlara malikdirlər. ... Bu normalar bir-biri ilə əlaqəlidir, buna görə də “əlahiddə” götürülməməlidir: mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələrini təşkil edən ikinci və üçüncü normalar birinci normada əks olunmuş prinsipin işığında şərh edilməlidir” (digər qərarlar arasında bax: Ceyms və başqaları Birləşmiş Krallığa qarşı, 21 fevral 1986, A seriyaları, c. 98, s. 29-30, b. 37 – bu iş üzrə qərarda Sporronq və Lönnrot İsveçə qarşı məhkəmə işində (23 sentyabr 1982, A seriyaları, c. 52, s. 24, b. 61) Məhkəmənin öz qərarını əsaslandırmaq üçün gətirdiyi səbəblər qismən təkrarlanır; həmçinin bax: Müqəddəs monastırlar Yunanıstana qarşı, 9 dekabr 1994, A seriyaları, c. 301-A, s. 31, b. 56; İatridis Yunanıstana qarşı [GC], ərizə Nº 31107/96, b. 55, AİHM 1999-II; və Beyeler İtaliyaya qarşı [GC], ərizə Nº 33202/96, b. 106, AİHM 2000-I).
79. Böyük Palata qeyd edir ki, Hökumət Palatanın çıxardığı nəticələri şübhə altına almayıb, Palata hesab etmişdi ki, hazırkı işdə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan mənada mülkiyyətdən məhrum edilmə baş verib (bax: Palatanın qərarının 84-cü bəndi).
80. Böyük Palata bu məsələyə dair Palatanın təhlili ilə razıdır. Buna görə də, indi o, şikayət edilən müdaxiləni ikinci cümlədəki norma ilə əsaslandırmağın mümkün olub-olmadığını müəyyən etməlidir.
2. Mülkiyyət hüququna müdaxilənin əsaslandırılması
a) Müdaxilə “qanunla nəzərdə tutulmuşdumu” və “ümumi maraqlara müvafiq” idimi?
81. Ərizəçilərin öz mülkiyyətlərindən qanun əsasında məhrum edildiklərini və müsadirənin ictimai maraqlar naminə qanuni məqsəd daşıdığını heç kim şübhə altına almır.
a) Müdaxilənin mütənasibliyi
i. Palatanın qərarı
82. 29 iyul 2004-cü il tarixli qərarında Palata (bax: Palatanın qərarının 98-103-cü bəndləri) aşağıdakı nəticələrə gəldi:
“Məhkəmə qeyd edir ki, ərizəçilər 359/1992 saylı Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş ən yüksək məbləğdə kompensasiya alıblar. Bu məbləğdən 40%-inin tutulması haqqında qayda bu hala həqiqətən tətbiq edilməyib. ...
Məhkəmə qeyd edir ki, kompensasiyanın yekun məbləği hər kvadrat metr üçün 82.890 İTL məbləğində müəyyən edilib, halbuki torpaq sahəsinin hesablanmış bazar qiyməti hər kvadrat metr üçün 165.755 İTL idi. Bundan əlavə, sonradan həmin məbləğdən 20%-lik vergi məbləği çıxılıb. ...
Nəhayət, Məhkəmə müsadirə anı ilə kompensasiyanın yekun məbləğinin hesablanması arasında keçən vaxtı da nəzərdən qaçırmamalıdır. ...
1 saylı Protokolun 1-ci maddəsinin milli hakimiyyət orqanlarına müəyyən qiymətləndirmə sərbəstliyi verdiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərə ödənilmiş məbləğ müsadirə olunmuş mülkiyyətin qiyməti ilə ağlabatan nisbətdə deyil (bax: Papakelas Yunanıstana qarşı [GC], ərizə Nº 31423/96, b. 49, AİHM 1999-II; və Plataku Yunanıstana qarşı [GC], ərizə Nº 38460/97, b. 54, AİHM 2001-I). Buradan belə nəticə çıxır ki, ədalətli balans gözlənilməyib.
Buna görə də, 1 saylı Protokolun 1-ci maddəsi pozulub”.
ii. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
α) Ərizəçilər
83. Ərizəçilər Böyük Palatadan xahiş etdilər ki, Palatanın qərarını təsdiq etsin və iddia etdilər ki, aldıqları kompensasiya mülkiyyətin qiyməti ilə ağlabatan nisbətdə olmayıb. Onlar qeyd etdilər ki, müsadirəyə görə daxili məhkəmələr tərəfindən onlara təyin edilmiş kompensasiya torpaq sahəsinin bazar qiymətinin yarısına uyğun idi. Bu məbləğ 413/1991 saylı Qanuna müvafiq olaraq sonradan 20%-lik vergi məbləği qədər azaldıldı
84. Ərizəçilər daha sonra qeyd etdilər ki, müsadirəyə görə kompensasiya 359/1992 saylı Qanunun 5-ci maddəsində əks olunmuş meyarlar əsasında hesablanıb. Həmin müddəada, torpaq sahəsində aparılacaq işlərin ictimai maraqlara xidmət edib-etməməsindən, müsadirənin daşıdığı məqsədlərdən və müsadirənin baş verdiyi şəraitdən asılı olmayaraq, bütün torpaqlar üçün bərabər səviyyədə kompensasiya nəzərdə tutulmuşdu.
85. Ərizəçilər həmçinin iddia etdilər ki, onların torpaq sahəsi orada kooperativ cəmiyyətinin fiziki şəxslər üçün yaşayış binası tikməsinə şərait yaratmaq üçün müsadirə edilib, daxili qanunvericiliyə (179/1992 saylı Qanunun 20-ci maddəsinə) əsasən, fiziki şəxslər evi aldıqdan beş il sonra bazar qiyməti ilə satmaqda sərbəstdirlər. Buna görə də ərizəçilərin torpaq sahəsinin müsadirəsi fiziki şəxslərin maraqları naminə həyata keçirilib.
86. Ərizəçilər sonda qeyd etdilər ki, Konstitusiya qərara alıb ki, sözügedən kompensasiya meyarları, onların müvəqqəti xarakter daşıdığı nəzərə alınarsa, Konstitusiyaya uyğundur. 179/1992 saylı Qanunun 5-ci maddəsi 30 iyun 2003-cü ilədək qüvvədə olub və həmin tarixdə qüvvəyə minmiş “Müsadirə haqqında normalar məcəlləsinə” daxil edilib.
β) Hökumət
87. Hökumət Palatanın bu məsələyə dair gəldiyi nəticəyə etiraz etdi.
88. O, qeyd etdi ki, müsadirəyə görə kompensasiya hesablanarkən şəxsi maraqlarla ümumi maraqlar arasında balans gözlənilməlidir. Buna görə də, Konstitusiya Məhkəməsinin təsdiq etdiyi kimi, adekvat kompensasiya sözügedən torpaq sahəsinin bazar qiymətindən aşağı ola bilər (Konstitusiya Məhkəməsinin qərarları: Nº 283, 16 iyun 1993; Nº 80, 7 mart 1996; və Nº 148, 30 aprel 1999).
89. Hökumət Məhkəmənin Müqəddəs monastırlar Yunanıstana qarşı (9 dekabr 1994, A seriyaları, c. 301-A); Papakelas Yunanıstana qarşı ([GC], ərizə Nº 31423/96, b. 49, AİHM 1999-II) və Litqou və başqaları Birləşmiş Krallığa qarşı (8 iyul 1986, A seriyaları, c. 102) məhkəmə işləri üzrə qərarlarına və Ceyms və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərarına istinad edərək bildirdi ki, sözügedən şikayət ərizəsinə belə bir prinsipin işığında baxılmalıdır ki, Konvensiya mülkiyyətin tam bazar qiymətinin kompensasiyasını tələb etmir və kompensasiyanın məbləği mülkiyyətin qiyməti ilə ağlabatan nisbətdə olub və zəruri və ədalətli balansın pozulmaması üçün yetərli olub.
Dövlətlərin malik olduqları qiymətləndirmə sərbəstliyini nəzərə alsaq, müsadirəyə görə kompensasiyanın ağlabatan olub-olmadığının qiymətləndirilməsi məsələsini Məhkəmənin öhdəsinə buraxmaq çətindir, çünki Məhkəmə “müvafiq ölkədəki iqtisadi və sosial reallığa bələd olmaqdan çox-çox uzaqdır və buna görə də haqsız qərar çıxarmaq riskindən yaxa qurtara bilməz”.
90. Ərizəçilərə təyin olunmuş məbləğin torpaq sahəsinin dəyərindən çox aşağı olduğunu qəbul etməklə yanaşı, Hökumət bildirdi ki, həmin məbləğ heç də gülünc deyildi və ödənilmiş kompensasiya ilə bazar qiyməti arasındakı fərq ağlabatan və əsaslı idi.
Hökumət bununla bağlı qeyd etdi ki, kompensasiyanın mülkiyyətin tam bazar qiymətindən aşağı olması, 359/1992 saylı Qanunun 5-ci maddəsində nəzərdə tutulduğu kimi, 19-cu əsrin ənənəvi liberalizmindən daha da irəliyə gedən sistemin qurulmasına yönəlmiş “ictimai əhval-ruhiyyəni” və “cari siyasi istəyi” əks etdirirdi.
Hökumət daha sonra qeyd etdi ki, mülkiyyətin “bazar qiyməti” dolaşıq və qeyri-müəyyən anlayışdır, bir çox müxtəlif hallardan asılıdır və mahiyyət etibarı ilə subyektiv xarakterlidir: məsələn, satıcının maliyyə vəziyyəti və ya alıcının xüsusilə güclü marağı ona təsir göstərə bilər. Bundan başqa, adətən torpaq sahəsinin qiymətinin konkret dövrdə analoji torpaq sahəsi ilə bağlı mülkiyyət əqdlərinin müqayisəli tədqiqi əsasında müəyyən edildiyini nəzərə alsaq, onda bu cür tədqiqat müxtəlif əqdlərdəki subyektiv elementləri özündə daşımayacaqdır.
91. Hökumət iddia etdi ki, istənilən halda, torpaq sahəsinin bazar qiyməti daxili məhkəmələrin hesablamalarında 359/1992 saylı Qanunun 5-ci maddəsinə uyğun olaraq nəzərə alınmış amillərdən biri olub. Həmin müddəaya əsasən, bazar qiyməti digər meyarla, yəni torpaq reyestrinə daxil edilmiş qiymət əsasında hesablanan torpaq rentası ilə tənzimlənir.
92. Sonda Hökumət Böyük Palatadan xahiş etdi ki, hazırkı işdə tətbiq edilmiş sistemin, yəni müsadirəyə görə ödənilən kompensasiyanın hesablanması sisteminin əsaslı olduğunu, zəruri və ədalətli balansı pozmadığını elan etsin.
iii. Məhkəmənin qiymətləndirməsi
α) Müvafiq prinsiplərin qısaca sadalanması
93. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir (digər qərarlar arasında bax: Sporronq və Lönnrot İsveçə qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, s. 26; b. 69). Bu balansın gözlənilməsi məsələsi bütövlükdə 1-ci maddənin strukturunda və müvafiq surətdə, həm də ikinci cümlədə öz əksini tapmışdır, həmin cümlə birinci cümlədə bəyan edilən ümumi prinsipin işığında oxunmalıdır. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, o cümlədən şəxsi onun mülkiyyətindən məhrum edərkən tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (bax: “Pressos Compania Naviera S.A.” və başqaları Belçikaya qarşı, 20 noyabr 1995, A seriyaları, c. 332, s. 23, b. 38; Keçmiş Yunanıstan kralı Yunanıstana qarşı [GC], ərizə Nº 25701/94, b. 89-90, AİHM 2000-XII; və Sporronq və Lönnrot İsveçə qarşı məhkəmə işi üzrə yuxadıda adı çəkilən qərar, s. 28; b. 73).
94. Bu tələbə riayət edilib-edilmədiyini müəyyənləşdirərkən Məhkəmə təsdiq edir ki, dövlət həm tətbiq edilən vasitələrin seçərkən, həm də onların tətbiqinin nəticələrinə ümumi maraqlarla, yəni sözügedən qanunun məqsədlərinə nail olmaq niyyəti ilə haqq qazandırmağın mümkünlüyünü qiymətləndirərkən müəyyən qiymətləndirmə sərbəstliyinə malikdir (bax: Çasanyu və başqaları Fransaya qarşı, [GC], ərizələr Nº 25088/94, 28331/95 və 28443/95, b. 75, AİHM 1999-III). Lakin Məhkəmə öz nəzarət səlahiyyətindən imtina edə bilməz və zəruri balansa 1 saylı Protokolun 1-ci cümləsində nəzərdə tutulan mənada ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna xələl gətirmədən riayət edilib-edilmədiyini müəyyənləşdirməlidir (bax: Can və başqaları Almaniyaya qarşı, [GC], ərizələr Nº 46720/99, 72203/01 və 72552/, b. 93, AİHM 2005-də dərc olunmalıdır).
95. Etiraz edilən tədbir görülən zaman zəruri və ədalətli balansa riayət edilib-edilmədiyi və xüsusən ərizəçilərin üzərinə həddən artıq yük qoyulub-qoyulmadığı qiymətləndirilərkən müvafiq qanunvericilikdə nəzərdə tutulan kompensasiya şərtləri önəmlidir. Bununla bağlı Məhkəmə artıq müəyyən edib ki, mülkiyyətin dəyəri ilə ağlabatan nisbətdə olan pul ödənilmədən mülkiyyətin müsadirəsinə yalnız müstəsna hallarda 1 saylı Protokolun 1-ci maddəsi ilə haqq qazandırıla bilər (bax: Müqəddəs monastırların işi üzrə yuxarıda adı çəkilən qərar, s. 35, b. 71; və Keçmiş Yunanıstan kralı Yunanıstana qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 89). Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququnu təmin etmir (bax: Ceyms və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, s. 36, b. 54; və Broniovski Polşaya qarşı [GC], ərizə Nº 31443/96, b. 182, AİHM 2004-V).
96. Doğrudur, bir çox qanuni müsadirə hallarında, məsələn, yol çəkmək və ya “ictimai maraqlara” xidmət edən digər məqsədlər üçün torpaq sahəsi müsadirə edilən zaman yalnız tam kompensasiya mülkiyyətin dəyərinin ağlabatan nisbətdə ödənilməsi sayıla bilər, amma bununla belə bu qaydadan istisnalar da yox deyil (bax: Keçmiş Yunanıstan kralı Yunanıstana qarşı [GC] (əvəzin ədalətli ödənilməsi), ərizə Nº 25701/94, b. 78).
97. Qanuni “ictimai maraq” məqsədini, məsələn, iqtisadi islahatların həyata keçirilməsinə yönələn və ya daha çox sosial ədalətə nail olmaq məqsədini daşıyan tədbirlər mülkiyyətin tam bazar qiymətindən bir qədər aşağı məbləğin ödənilməsini tələb edə bilər (bax: Ceyms və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, s. 36, b. 54). Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı öz presedent hüququnu ümumi şəkildə qısaca təsvir etməsi faydalı olar.
98. Yuxarıda adı çəkilən Ceyms və başqalarının işində nəzərdən keçirilən məsələ icarə sahəsində islahatlara dair qanunvericilik kontekstində torpağı uzun müddət icarəyə götürən şəxslərin öz mülkiyyətlərinə sahiblik etmək səlahiyyətini nəzərdə tutan şərtlərin ədalətli balansa uyğun olub-olmaması məsələsi idi. Məhkəmə həmin şərtlərin ədalətli balansa uyğun olduğunu müəyyən etdi və qərara aldı ki, müsadirə iqtisadi və sosial islahatlar kontekstində baş verib və hətta maraqlı tərəflərin aldıqları məbləğlər mülkiyyətin tam bazar qiymətindən aşağı olsa belə, azad torpaq sahiblərinin üzərinə həddən artıq ağır yük düşməyib.
Litqou və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində (8 iyul 1986-cı il tarixli qərar, A seriyaları, c. 102) Məhkəmə təyyarə və gəmiqayırma sənayesində fəaliyyət göstərən kompaniyaların milliləşdirilməsi ilə bağlı məsələni nəzərdən keçirdi, seçkilərdə qalib gəlmiş partiyanın iqtisadi, sosial və siyasi proqramının tərkib hissəsi olan bu tədbir sağlam təşkilati və iqtisadi dayağı təmin etmək məqsədi daşıyır və dövlət orqanlarının daha çox ictimai nəzarət altında olması və ictimaiyyətə hesabat verməsi niyyətini güdürdü. Məhkəmə qərara aldı ki, bu kontekstdə müvafiq səhmdarlara kompensasiya ödənilməsinə dair razılaşmalar ədalətli idi və səhmlərin tam dəyəri ilə müqayisədə ədalətli və ağlabatan idi.
Məhkəmə müəyyən etdi ki, tam kompensasiya məbləğindən aşağı olan məbləğ, xüsusən mülkiyyət “ölkənin konstitusiya sistemində monarxiyadan respublikaya keçid kimi köklü dəyişikliklər” edilməsi məqsədi ilə müsadirə edilirsə, zəruri ola bilər (bax: Keçmiş Yunanıstan kralının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 89). Dövlət siyasi və iqtisadi rejimdəki dəyişikliklər kontekstində qanunların qəbul edilməsində geniş qiymətləndirmə sərbəstliyinə malikdir (xüsusən bax: Kopetski Slovakiyaya qarşı [GC], ərizə Nº 44912/98, b. 35, AİHM 2004-IX). Məhkəmə bu prinsipi Broniovski Polşaya qarşı məhkəmə işində ölkənin demokratik rejimə doğru keçidi kontekstində təsdiq etdi (Broniovskinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 182) və qeyd etdi ki, “geniş əhatəli, lakin mübahisəli qanunvericilik sisteminin olduğu” ölkəyə bütövlükdə mühüm iqtisadi təsir göstərən, ölkə daxilindəki mülkiyyət münasibətlərini tənzimləyən normalar kompensasiyanı məhdudlaşdıran, mülkiyyətin müsadirəsi və ya restitusiyası ilə bağlı onun bazar qiymətindən aşağı məbləğin ödənilməsinə yol verən qərarların qəbulunu nəzərdə tuta bilər. Məhkəmə “Almaniyanın birləşdirilməsindən ibarət olan müstəsna şəraitdə” müvafiq qanunların qəbulu ilə bağlı məsələyə baxarkən bu prinsipləri bir daha təkrar etdi (bax: fon Maltsan və başqaları Almaniyaya qarşı [GC], ərizələr Nº 71916/01, 71917/01 və 10260/02, b. 77 v. 111-112, AİHM 2005; və Can və başqaları Almaniyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar). Nəhayət, Papakelas Yunanıstana qarşı məhkəmə işində ([GC], ərizə Nº 31423/96, AİHM 1999-II) baxılan məsələ baş yolun inşası məqsədi ilə 150-dən artıq mülkiyyətin, o cümlədən ərizəçilərin mülkiyyətinin bir hissəsinin müsadirəsi ilə bağlı idi. Məhkəmə qərara aldı ki, ərizəçilərə təyin edilmiş kompensasiya toqquşan maraqlar arasında ədalətli balansı pozmayıb, belə ki, o, hər kvadrat metr üçün Andlı Qiymətləndiricilər Assosiasiyası tərəfindən hesablanmış torpağın bazar qiymətindən cəmi 1.621 alman markası məbləğində aşağı idi.
β) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
99. Hazırkı işdə sözügedən müdaxilənin qanunilik tələbinə cavab verdiyinin və əsassız olmadığının artıq müəyyən edildiyini nəzərə alsaq, ərizəçinin mülkiyyətinin tam kompensasiya məbləğindən aşağı məbləğə alınması mahiyyət etibarilə istənilən halda haqsız addım deyildi (müvafiq dəyişikliklərlə bax: Keçmiş Yunanıstan kralı və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 78). Beləliklə, indi onu müəyyən etmək qalır ki, mülkiyyətdən qanuni məhrum edilmə kontekstində ərizəçilərin üzərinə qeyri-mütənasib və həddən artıq ağır yük qoyulmuşdumu?
100. Məhkəmə bildirir ki, ərizəçilərə təyin edilmiş kompensasiya 359/1992 saylı Qanunun 5-ci maddəsində əks olunmuş meyarlar əsasında hesablanmışdı. O, qeyd edir ki, bu meyarlar torpaq sahəsində aparılacaq işlərin ictimai maraqlara xidmət edib-etməməsindən və müsadirənin baş verdiyi şəraitdən asılı olmayaraq tətbiq edilir. Məhkəmə xatırladır ki, onun vəzifəsi müvafiq qanunvericiliyi mücərrəd şəkildə nəzərdən keçirməkdən ibarət deyil; o, mümkün qədər öz vəzifəsini baxdığı konkret işdə qaldırılan problemlərin həlli ilə məhdudlaşdırmalıdır. Bu məqsədlə, o, hazırkı işdə yuxarıda qeyd edilən qanunvericiliyi onun doğurduğu nəticələrin ərizəçilərin mülkiyyətinə göstərdiyi təsirlə bağlı onların şikayəti kontekstində araşdırmalıdır (bax: Müqəddəs monastırların işi üzrə yuxarıda adı çəkilən qərar, b. 55).
101. Hazırkı işdə kompensasiyanın yekun məbləği hər kvadrat metr üçün 82.890 İTL miqdarında müəyyən edilmişdi, halbuki müsadirə tarixində torpaq sahəsinin bazar qiyməti hər kvadrat metr üçün 165.755 İTL idi (yuxarıda 32-ci və 37-ci bəndlərə bax). Beləliklə, müsadirəyə görə kompensasiyanın məbləği sözügedən mülkiyyətin bazar qiymətindən xeyli aşağı idi. Bundan başqa, sonradan ondan 20% vergi məbləği də tutulmuşdu (yuxarıda 41-ci bəndə bax).
102. Hazırkı işdə müsadirə digər işlərdən fərqlidir, belə ki, o, nə iqtisadi, sosial və ya siyasi islahatların tərkib hissəsi qismində həyata keçirilmişdi, nə də hər hansı digər konkret şəraitlə bağlı idi. Buna görə də bu işdə Məhkəmə “ictimai maraqlara” xidmət edən və mülkiyyətin bazar dəyərindən aşağı qiymətə kompensasiya edilməsinə haqq qazandıran hər hansı qanuni məqsəd görmür.
103. Məhkəmə yuxarıda qeyd edilən bütün mülahizələri nəzərə alaraq hesab edir ki, təyin edilmiş məbləğin az olduğunu və mülkiyyətin bazar dəyərindən aşağı qiymətə kompensasiya edilməsinə haqq qazandıran ictimai maraq məqsədlərinin olmadığını nəzərə alsaq, ərizəçilərə təyin edilmiş kompensasiya yetərli deyildi. Beləliklə, ərizəçilərin üzərinə qeyri-mütənasib və həddən artıq ağır yük qoyulub ki, dövlət orqanlarının öz qarşılarına qoyduqları qanuni məqsədlə, yəni ictimai maraq məqsədi ilə buna haqq qazandırıla bilməz.
104. Müvafiq surətdə, 1 saylı Protokolun 1-ci maddəsi pozulub.
B. 359/1992 saylı Qanunun 5-ci maddəsinin “retrospektiv” tətbiqi
105. Ərizəçilər iddia etdilər ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi 1 saylı Protokolun 1-ci maddəsinə zidd olaraq onların öz mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququnu pozub.
1. Palatanın qərarı
106. Palata hesab edib ki, qanunverici orqan tərəfindən hüquqlarına müdaxilə ilə bağlı ərizəçilərin qaldırdığı məsələ Konvensiyanın 6-cı maddəsinin tətbiq dairəsinə düşür və 1 saylı Protokolun 1-ci maddəsinin də pozulub-pozulmadığını ayrıca nəzərdən keçirməyə ehtiyac duymayıb.
2. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
a) Ərizəçilər
107. Ərizəçilər təkrarən bildirdilər ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi qüvvəyə minməmişdən qabaq onların torpaq sahəsi artıq müsadirə edilmişdi və onlar 2359/1865 saylı Qanuna əsasən haqlı olaraq almağa ümid bəslədikləri kompensasiyanı almaq məqsədi ilə məhkəmədə iddia qaldırmışdılar. Sözügedən qanun hələ başa çatmayan müsadirə hallarına və onlarla bağlı məhkəmə proseslərinə (o cümlədən ərizəçilərin məhkəmə proseslərinə) tətbiq edildiyinə görə ərizəçilər almaq hüququna malik olduqları kompensasiyanın əhəmiyyətli hissəsindən məhrum olmuşdular. Buna görə də, həmin qanunun qəbulu 1 saylı Protokolun 1-ci maddəsinə zidd olaraq ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququna müdaxiləyə bərabər idi.
b) Hökumət
108. Hökumət yeni qanunun retrospektiv tətbiqini inkar etdi. İstənilən halda, Hökumət bildirdi ki, Konvensiya qanunların retrospektiv tətbiqini qadağan etmir və hətta fərz etsək ki, qanunverici orqan ərizəçilərin hüquqlarına müdaxilə edib, bu müdaxilə dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları daxilində idi və haqlı müdaxilə idi. Ədalətli balansa gəldikdə, Hökumət qeyd etdi ki, ərizəçilərin kompensasiya hüququ şübhə altına alınmayıb və sözügedən maddə ödənilməli olan kompensasiyanın miqdarı məsələsi ilə məhdudlaşıb.
3. Məhkəmənin qiymətləndirməsi
109. Ərizəçilər 1992-ci il tarixli Qanunun onların məsələsinə retrospektiv tətbiq edilməsinə aid şikayətləri ilə bağlı iddia etdilər ki, torpaq sahələrinin müsadirəsi hallarına öncə tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya hüququndan məhrum ediliblər.
Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı ərizəçilərin şikayəti onların müsadirəyə görə kompensasiyanın yetərli olmaması ilə bağlı şikayətinin (yuxarıda 78-104-cü bəndlərə bax) və məhkəmə prosesinə qanunverici orqanın müdaxiləsi ilə bağlı şikayətinin (aşağıda 111-133-cü bəndlərə bax) əhatə dairəsinə düşür
110. Müvafiq surətdə, Məhkəmə 104-cü və 133-cü bəndlərdə çıxardığı nəticələri nəzərə alaraq, qanunverici orqanın müdaxiləsi ilə bağlı şikayəti 1 saylı Protokolun 1-ci maddəsi üzrə ayrıca araşdırmağı zəruri hesab etmir.
II. MƏHKƏMƏ ARAŞDIRMASININ ƏDALƏTSİZLİYİ İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
111. Ərizəçilər iddia etdilər ki, 359/1992 saylı Qanunun 5-ci maddəsinin qəbulu və onların məsələsinə tətbiq edilməsi onların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququna qanunverici orqan tərəfindən müdaxiləyə bərabərdir, həmin bəndin müvafiq hissələrində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, .... məhkəmə vasitəsi ilə, ... ağlabatan müddətdə işinin ədalətli ... araşdırılması hüququna malikdir...”.
A. Palatanın qərarı
112. Palata müəyyən edib ki, ərizəçilərin müsadirəyə görə kompensasiya almaq məqsədi ilə başladıqları məhkəmə araşdırması ədalətsiz keçirilib və daxili məhkəmələr onlara baxılmağa verilmiş müsadirəyə görə kompensasiya məsələsini həll edərkən etiraz edilən müddəaya əsaslanıblar. Palata qərara alıb ki, bu, mübahisənin həllinə təsir göstərmək məqsədi ilə qanunverici orqan tərəfindən məhkəmə prosesinə müdaxiləyə bərabərdir.
1. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
a) Ərizəçilər
113. Ərizəçilər şikayət edərək bildirdilər ki, 359/1992 saylı Qanunun 5-ci maddəsinin qəbulu və onların məsələsinə tətbiq edilməsi məhkəmə prosesinə qanunverici orqan tərəfindən müdaxiləyə bərabərdir. Onlar digər məsələlərlə yanaşı şikayət etdilər ki, onların işi üzrə məhkəmə araşdırması ədalətli olmayıb, çünki milli məhkəmələrə araşdırılmaq üçün verilmiş müsadirəyə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məsələsi məhkəmə orqanları tərəfindən deyil, qanunverici orqan tərəfindən həll edilmişdi.
114. Bununla bağlı ərizəçilər qeyd etdilər ki, sözügedən müddəada müsadirəyə görə kompensasiyanın hesablanmasının elə meyarları müəyyən edilmişdi ki, həmin meyarlar Reggio di Kalabria Apellyasiya Məhkəməsində kompensasiyaya dair icraat başlayarkən və torpaq müsadirə olunarkən qüvvədə olan qanuna əsasən onların almaq hüququna malik olduqları məbləği ən azı 50% aşağı salırdı.
115. Etiraz edilən müddəa qüvvəyə minənə qədər tətbiq edilən qanuna gəldikdə, ərizəçilər qeyd etdilər ki, 865/1971 və 385/1980 saylı Qanunlar Konstitusiyaya zidd elan edilmiş və buna görə də retrospektiv qayda tətbiq edilməklə ləğv olunmuşdu. Beləliklə, onlar ərizəçilərin işinə tətbiq edilə bilməzdi. 5-ci maddə qüvvəyə minənə qədər tətbiq edilə bilən yeganə müddəa ərizəçilərə tam kompensasiyanı təmin edən 1865-ci il tarixli Qanunun 39-cu maddəsi idi (yuxarıda 49-56-cı bəndlərə bax).
116. Ərizəçilər qeyd etdilər ki, etiraz edilən müddəa sadəcə olaraq maliyyə mülahizələrinə görə düşünülmüşdü, o, mühüm ictimai maraqlara xidmət edən, retrospektiv tətbiqə haqq qazandıran müddəa sayıla bilməzdi və yalnız icraatda olan məhkəmə işlərini cavabdeh dövlət orqanlarına sərfəli olan şəkildə həll etmək məqsədi ilə qəbul edilmişdi.
117. Daha sonra ərizəçilər qeyd etdilər ki, 5-ci maddə Konstitusiya Məhkəməsi tərəfindən ona görə Konstitusiyaya uyğun elan edilmişdi ki, onun qəbulu konkret situasiyanı həll etmək üçün nəzərdə tutulmuş müvəqqəti tədbir idi. Lakin bu müddəa 30 iyun 2003-cü ilədək qüvvədə olub və həmin tarixdən qüvvəyə minmiş “Müsadirə haqqında normalar məcəlləsi”nə daxil edilib.
b) Hökumət
118. İşin Böyük Palataya verilməsini xahiş etdiyi məktubda və Böyük Palataya təqdim etdiyi yazılı və şifahi izahatlarında Hökumət Palatanın bu məsələ barədə çıxardığı qərara ciddi etiraz etdi.
119. İlk növbədə Hökumət yeni qanunun retrospektiv tətbiqini inkar etdi, çünki onun qüvvəsi məhdud idi və o vaxt mövcud olan hüquqi vəziyyət dəyişdikdən sonra həmin qanun ümumən tətbiq edilən prinsipə uyğun olaraq yalnız həll olunmayan işlərə tətbiq edilə bilərdi. İstənilən halda, Hökumət bildirdi ki, Konvensiya qanunların retrospektiv tətbiqini qadağan etmir və hətta fərz etsək ki, qanunverici orqan ərizəçilərin hüquqlarına müdaxilə edib, bu müdaxilə dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları daxilində idi və haqlı müdaxilə idi.
120. Hökumət daha sonra qeyd etdi ki, torpaq sahəsinin tutulduğu və müsadirə haqqında qərarın çıxarıldığı vaxt (müvafiq surətdə 1981-ci ilin martında və 1983-cü ilin martında) 865/1971 saylı Qanunla tətbiq edilən və sonradan 385/1980 saylı Qanuna daxil edilən meyarlar hələ qüvvədə idi, çünki qanunu Konstitusiyaya zidd elan etmiş qərar 15 iyul 1983-cü ilədək hələ çıxarılmamışdı.
Konstitusiyaya zidd elan edilmiş kompensasiya meyarları 359/1992 saylı Qanunun 5-ci maddəsi ilə tətbiq edilən meyarlara nisbətən ərizəçilər üçün az əlverişli idi. Kompensasiya hüququnun müsadirə anında yarandığını nəzərə alsaq, sonrakı qanunun əvvəlki qanunu əvəz etdiyi mövcud şəraitdə Konstitusiyaya zidd elan edilmiş qanun daha əlverişli qanun olacaqdı. Bu halda iddia etmək olardı ki, qanunvericiliyə müsadirəyə məruz qalmış tərəfin zərərinə düzəliş edilmədiyinə görə, yəni 359/1992 saylı Qanunun 5-ci maddəsinin doğurduğu mənfi nəticələr mövcud olmadığına görə yeni qanun ərizəçilərin hüquqlarına müdaxiləyə bərabər tutula bilməz.
121. Lakin Hökumət razılaşdı ki, bu iş əvvəlki qanunvericiliyi əvəz etmək üçün qəbul edilmiş qanunvericiliklə və ya bir-birini əvəz etmiş qanunlarla bağlı deyildi. O, bu məsələ ilə bağlı bir daha bildirdi ki, Konstitusiya Məhkəməsinin qərarları “retrospektiv” xarakterli idi: Konstitusiyaya zidd elan edilmiş qanunlar qüvvədən düşmüş və əvvəl qüvvədə olmuş qanunlar “bərpa olunmuşdu” (yuxarıda 49-56-cı bəndlərə bax). Beləliklə, Hökumət etiraf etdi ki, Konstitusiya Məhkəməsinin qərarları sözügedən iki qanunu öncədən ləğv etmişdi ki, bu da ümumi müsadirə haqqında 1865-ci il tarixli Qanunun müddəalarını “bərpa” etmiş, həmin Qanun dərhal yenidən qüvvəyə minmişdi. Hökumət qeyd etdi ki, buna görə də daxili məhkəmələr 1865-ci il tarixli Qanunda təsbit olunmuş kompensasiya meyarlarını yenidən tətbiq də bilərdilər.
122. Bununla belə, Hökumət iddia etdi ki, ərizəçilərin şikayət etdikləri yeni qanun 1971-ci ildə başlanmış siyasi prosesin tərkib hissəsi idi və köhnəlmiş liberal iqtisadiyyat prinsiplərindən daha da irəliyə getmək üçün ümumi müsadirə haqqında 1865-ci il tarixli Qanunun müddəalarından yaxa qurtarmaq məqsədini daşıyırdı. Bu nöqteyi-nəzərdən qanunların Konstitusiyaya zidd elan edilməsi “boşluq” yaratmışdı, çünki yenidən qüvvəyə minmiş 1865-ci il tarixli Qanun qanunverici orqanın rəhbər tutduğu siyasi, iqtisadi və sosial tələblərə cavab vermirdi. Buna görə də 359/1992 saylı Qanunun 5-ci maddəsi bu baxımdan mövcud boşluğu doldurmuşdu.
123. Hökumət qeyd etdi ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi, demək olar ki, açıq-aydın büdcə mülahizələrinə görə və dövlət maliyyəsinə nəzarət etmək tələbinə cavab vermək məqsədi ilə qəbul edilmişdi. Məhkəmə belə mülahizələri tənqid edə bilməzdi.
124. Nəhayət, Hökumət bildirdi ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi ərizəçilərin qaldırdığı məhkəmə işinin həllinə təsir göstərmək üçün qəbul edilməmişdi.
125. Hökumət bu qənaətə gəldi ki, etiraz edilən müddəanın ərizəçilərin işinə tətbiqi Konvensiya üzrə hər hansı məsələni doğurmur. Öz arqumentlərini müdafiə etmək üçün Hökumət konkret olaraq Forrer-Niedental Almaniyaya qarşı (ərizə Nº 47316/99, 20 fevral 2003), OGIS-Institut Stanislas, OGEC Saint-Pie X, Blanche de Castille və başqaları Fransaya qarşı (ərizələr Nº 42219/98 və 54563/00, 27 may 2004) və Bək Finlandiyaya qarşı (ərizə Nº 37598/97, AİHM 2004-VIII) məhkəmə işlərinə istinad etdi.
2. Məhkəmənin qiymətləndirməsi
126. Məhkəmə bir daha bildirir ki, nəzəri cəhətdən qanunverici orqan mövcud qanunvericilikdən irəli gələn hüquqların tənzimlənməsi üçün mülki məsələlərə dair yeni retrospektiv müddəalar qəbul etmək səlahiyyətinə malik olsa da, qanunun aliliyi prinsipi və Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması anlayışı, ümumi maraqlar naminə labüd səbəblərin mövcud olduğu hallar istisna edilməklə, mübahisənin məhkəmə tərəfindən həllinə təsir göstərmək üçün ədalət mühakiməsinin həyata keçirilməsinə qanunverici orqan tərəfindən hər hansı müdaxiləni istisna edir (bax: Zelinski və Pradal & Gonzales və başqaları Fransaya qarşı [GC], ərizələr Nº 24846/94, 34165/96-34173/96, b. 57, AİHM 1999-VII; “Strən” neftayırma zavodları və Stratis Andreadis Yunanıstana qarşı, 9 dekabr 1994, A seriyaları, c. 301-B; və Papapgeorgiu Yunanıstana qarşı, 22 oktyabr 1997, Qərarlar toplusu, 1997-VI).
127. Məhkəmə qeyd edir ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi qüvvəyə minənə qədər və İtaliya Konstitusiya Məhkəməsinin 25 yanvar 1980-ci il və 15 iyul 1983-cü il tarixli iki qərarı nəzərə alınmaqla, bu işə tətbiq edilməli olan qanun 2359/1865 saylı Qanun idi (yuxarıda 49-56-cı maddələrə bax), onun 39-cu maddəsində mülkiyyətin tam bazar qiyməti məbləğində kompensasiya almaq hüququ nəzərdə tutulmuşdu. Etiraz edilən müddəanın tətbiqi nəticəsində ərizəçilərə ödənilməli olan kompensasiyanın məbləği əhəmiyyətli dərəcədə azaldı.
128. Əvvəlki kompensasiya prinsipi əsasında yekun qərarının qəbul edildiyi hallar istisna olmaqla, hələ başa çatmayan müsadirə halları üzrə və həmin hallarla bağlı davam etməkdə olan məhkəmə prosesləri üzrə kompensasiya təyin edilməsinə tətbiq olunan qanuna dəyişiklik etməklə, 359/1992 saylı Qanunun 5-ci maddəsi onun qüvvəyə minməsindən əvvəl yaranmış və kompensasiya barədə iddialar qaldırılmasına səbəb olmuş situasiyalara (və hətta həmin tarixdə hələ başa çatmayan məhkəmə proseslərinə) yeni kompensasiya qaydaları tətbiq etdi və bununla da retroaktiv qüvvəyə malik oldu.
129. Müsadirə olunmuş torpaq sahələrinin sahibləri bu müddəanın tətbiqi nəticəsində 2359/1865 saylı Qanuna əsasən tələb edə biləcəkləri kompensasiyanın əhəmiyyətli hissəsindən məhrum oldular.
130. Beləliklə, baxmayaraq ki, ərizəçilərin başladığı və hələ başa çatmayan məhkəmə işinə tətbiq edilən müddəaya, yəni 359/1992 saylı Qanunun 5-ci maddəsinə əsasən həmin məhkəmə işi ləğv olunmamışdı, həmin müddəa mübahisənin şərtlərini ərizəçilərin zərərinə retrospektiv qaydada müəyyən etməklə işin nəticəsini qəti şəkildə dəyişdirən təsirə malik olmuşdu. Hökumət bu qanunvericilik normasının konkret hədəfinin hazırkı mübahisə olmadığını bildirsə də, Məhkəmə hesab edir ki, həmin norma dərhal tətbiq edildiyinə görə məhkəmələrin icraatında olan və ərizəçilərin qaldırdıqları işə bənzəyən işlərdə iddiaçılar üçün mənfi nəticələr doğurmuşdu. Etiraz edilən müddəanın açıq-aydın güddüyü məqsəd və doğurduğu nəticə, istənilən halda, dövlətin tərəf olduğu və hələ davam etməkdə olan məhkəmə prosesləri də daxil olmaqla, məhkəmə proseslərində kompensasiya ilə bağlı tətbiq edilən normaları dəyişməkdən ibarət idi (bax: Ananiostopulos və başqaları Yunanıstana qarşı, 9 dekabr 1994, A seriyaları, c. 301-B; və Papapgeorgiu Yunanıstana qarşı, ərizə Nº 39374/98, AİHM 2000-XI).
131. Razılaşmaq olar ki, etiraz edilən qanunun cari kompensasiyaların təyin edilməsinə və hələ başa çatmayan məhkəmə proseslərinə tətbiqi özlüyündə Konvensiya üzrə problem qaldıra bilməz, çünki nəzəri cəhətdən qanunverici orqan dərhal tətbiq edilən qanun vasitəsilə mövcud hüquqi vəziyyəti dəyişmək üçün mülki işlərə müdaxilə etmək səlahiyyətinə malikdir (bax: OGIS-Institut Stanislas, OGEC Saint-Pie X, Blanche de Castille və başqaları Fransaya qarşı, ərizələr Nº 42219/98 və 54563/00, b. 61, 27 may 2004; və Zelinski və Pradal & Gonzales və başqaları Fransaya qarşı [GC], ərizələr Nº 24846/94, 34165/96-34173/96, b. 57, AİHM 1999-VII).
Lakin bu işdə 359/1992 saylı Qanunun 5-ci maddəsi retrospektiv qüvvəyə malik olaraq, müsadirə olunmuş torpaq sahələrinin sahiblərinin, o cümlədən ərizəçilərin müsadirəni həyata keçirmiş dövlət orqanlarından tələb edə biləcəyi kompensasiya tələblərinin əhəmiyyətli hissəsini, çox böyük məbləğləri sadəcə olaraq ləğv etmişdi. Bununla bağlı Məhkəmə yuxarıda gəldiyi nəticəni bir daha xatırladaraq bildirir ki, təyin edilmiş məbləğin az olduğunu və mülkiyyətin bazar dəyərindən aşağı qiymətə kompensasiya edilməsinə haqq qazandıran ictimai maraq məqsədlərinin olmadığını nəzərə alsaq, ərizəçilərə təyin edilmiş kompensasiya yetərli deyildi (yuxarıda 103-104cü bəndlərə bax).
132. Məhkəmənin fikrincə, Hökumət müəyyən hallarda qanunun retrospektiv tətbiqinə haqq qazandıra bilən yuxarıda istinad etdiyi mülahizələrə, yəni büdcə mülahizələrinə və qanunvericinin “aşkar və labüd ictimai maraqlara” xidmət edən siyasi proqramı həyata keçirmək niyyətinə əsasən sözügedən qanunun qəbul edildiyini sübut edə bilmədi (bax: “Milli və Əyalət Tikinti Cəmiyyəti”, “Lids Cari Tikinti Cəmiyyəti”, və “Yorkşir Tikinti Cəmiyyəti” Birləşmiş Krallığa qarşı, 23 oktyabr 1997, Qərarlar toplusu, 1997-VII; OGIS-Institut Stanislas, OGEC Saint-Pie X, Blanche de Castille və başqaları Fransaya qarşı, ərizələr Nº 42219/98 və 54563/00, b. 61, 27 may 2004; Forrer-Niedental Almaniyaya qarşı, ərizə Nº 47316/99, 20 fevral 2003; və Bək Finlandiyaya qarşı, ərizə Nº 37598/97, AİHM 2004-VIII).
133. Buna görə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
III. MƏHKƏMƏ ARAŞDIRMASININ UZUN SÜRMƏSİ İLƏ BAĞLI KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
134. Ərizəçilər iddia etdilər ki, müsadirəyə görə kompensasiya almaq məqsədi ilə qaldırdıqları iş üzrə məhkəmə araşdırmasının müddəti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş “ağlabatan müddət” prinsipinə uyğun həmin bənddə deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, .... məhkəmə vasitəsi ilə, ... ağlabatan müddətdə işinin ... araşdırılması hüququna malikdir...”.
A. Daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi ilə bağlı Hökumətin ilkin etirazı
135. Öncə Palata qarşısında olduğu kimi Hökumət yenə bildirdi ki, ərizəçilər məhkəmə araşdırmasının uzun sürməsinə dair şikayətləri ilə bağlı daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər.
1. Palatanın qərarı
136. Ərizənin qəbuledilənliyinə dair 27 mart 2003-cü il tarixli qərarında Palata Hökumətin etirazını aşağıdakı əsaslara görə rədd etdi:
“Məhkəmə hazırda onun əlində olan, Kassasiya Məhkəməsi tərəfindən çıxarılmış yüz qərarın müqayisəli təhlilinin aparıb. Artıq qeyd edildi ki, ərizəçilərin qeyd etdikləri iki işdə bərqərar edilmiş prinsiplər (bax: “Müvafiq daxili qanunvericilik və praktika”) ardıcıl olaraq tətbiq edilib: həmin prinsiplərə görə, ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququ əsas hüquq hesab edilmir və əvəzin ədalətli ödənilməsi məsələsində Konvensiya və Strasburq orqanlarının presedent hüququ birbaşa tətbiq edilmir.
Məhkəmə Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş kompensasiyanın məbləğinin iddia edilən ziyanla müqayisədə yetərli olmadığına və ya Strasburq orqanlarının presedent hüququnun işığında adekvat olmadığına dair hər hansı şikayətin Kassasiya Məhkəməsi tərəfindən müdafiə edildiyinə dair heç bir nümunə tapmadı. Belə şikayətlər Kassasiya Məhkəməsi tərəfindən rədd edilib və belə əsas gətirilib ki, ya faktlara dair məsələlərə baxmaq onun yurisdiksiyası xaricindədir, ya da şikayətlər birbaşa tətbiq edilə bilməyən müddəalar əsasında qaldırılıb.
...
Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçilərin Kassasiya Məhkəməsində müraciət etmələri mənasız idi, çünki onların şikayəti kompensasiyanın məbləği ilə bağlı idi və buna görə yuxarıda qeyd edilən kateqoriyaların əhatə dairəsinə düşürdü. Bundan başqa, ərizəçilər məhkəmə xərclərini ödəmək riski ilə üzləşə bilərdilər.
Yekun olaraq Məhkəmə belə hesab edir ki, hazırkı işdə daxili hüquqi müdafiə vasitələrini tükəndirmək üçün ərizəçilərin Kassasiya Məhkəməsinə müraciət etmələrinə ehtiyac yox idi. Buna görə də Hökumətin birinci etirazı rədd edilməlidir.
Lakin bu nəticə Pinto Aktına əsasən kompensasiya haqqında tələbi Apellyasiya Məhkəməsində və Kassasiya Məhkəməsində qaldırmaq vəzifəsini şübhə altına almır, bu şərtlə ki, milli məhkəmələrin həmin Aktı Konvensiyanın ruhuna uyğun olaraq tətbiq etmələri və müvafiq surətdə, həmin hüquqi müdafiə vasitəsinin səmərəli olması milli məhkəmələrin presedent hüququndan aydın olsun”.
137. 29 iyul 2004-cü il tarixli qərarı ilə Palata Hökumətin yenidən qaldırdığı etirazı rədd edərək hesab etdi ki, onun arqumentləri ərizənin qəbuledilənliyini şübhə altına ala biləcək dərəcədə güclü deyil (bax: Palatanın qərarının 59-62-ci bəndləri).
2. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
a) Hökumət
138. Hökumət bildirdi ki, ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər, çünki Reggio di Kalabria Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət etməyiblər.
Onun bildirdiyinə görə, Məhkəmə ərizənin qəbuledilənliyinə dair qərarında Kassasiya Məhkəməsinə şikayəti tükəndirilməli olan hüquqi müdafiə vasitəsi hesab etməməklə səhvə yol verib. Hökumət israrla bildirdi ki, Kassasiya Məhkəməsi Pinto Aktına əsasən Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş kompensasiyanın yetərli olmadığı barədə ərizəçilərin şikayətini araşdıraraq onu Konvensiyanın 41-ci maddəsi üzrə Məhkəmənin presedent hüququna əsasən ərizəçilərin ala biləcəyi məbləğlə müqayisə edə bilərdi.
Hökumət bu arqumentini müdafiə etmək üçün Kassasiya Məhkəməsi tərəfindən 26 yanvar 2004-cü ildə plenar iclasda çıxarılmış dörd qərara – 1338, 1339, 1340 və 1341 saylı qərarlara istinad etdi (yuxarıda 63-64-cü bəndlərə bax).
b) Ərizəçilər
139. Ərizəçilər Hökumətin etirazını rədd edərək bildirdilər ki, Böyük Palata ərizənin qəbuledilənliyinə dair Palatanın 27 mart 2003-cü il tarixli qərarını Hökumətin etirazının rədd edilməsi barədə Palatanın 29 iyul 2004-cü il tarixli qərarını təsdiq etməlidir.
Ərizəçilər daha sonra qeyd etdilər ki, Kassasiya Məhkəməsinin presedentlərdən kənarlaşması ərizənin qəbuledilənliyinə dair qərar (Hökumət öz etirazında israr edərkən məhz bu qərara əsaslanıb) və Apellyasiya Məhkəməsinin qərarı qəti qərara çevrildikdən sonra baş verib.
3. Məhkəmənin qiymətləndirməsi
140. Konvensiyanın 1-ci maddəsinə əsasən (həmin maddədə deyilir: “Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər”), Konvensiyanın təmin etdiyi hüquq və azadlıqların həyata keçirilməsinə və təmin edilməsinə görə məsuliyyət ilk növbədə, milli hakimiyyət orqanlarının üzərinə düşür. Buna görə də, məhkəməyə şikayət mexanizmi insan hüquqlarının qorunması üzrə milli sistemlərin yardımçı xarakterli əlavəsidir. Onun yardımçı xarakteri Konvensiyanın 13-cü maddəsində və 35-ci maddəsinin 1-ci bəndində aydın əks olunmuşdur.
141. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qaydanı təsbit edən 35-ci maddənin 1-ci bəndinin məqsədi pozuntulara dair iddialar Məhkəməyə təqdim edilənə qədər iştirakçı dövlətlərə ərizəçilərin iddia etdikləri hüquq pozuntularının qarşısını almaq və ya pozulmuş hüquqları bərpa etmək imkanı verməkdən ibarətdir (digər qərarlar arasında bax: Selmuni Fransaya qarşı [GC], ərizə Nº 25803/94, b. 74, AİHM 1999-V). 35-ci maddənin 1-ci bəndindəki norma 13-cü maddədə əks olunmuş (həmin norma bu maddə ilə sıx əlaqədədir) belə bir ehtimala əsaslanır ki, Konvensiyadakı hüquqlarının pozulduğunu iddia edən fərd səmərəli hüquqi müdafiə vasitəsinə malik olmalıdır (bax: Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 152, AİHM 2000-XI).
142. Lakin Konvensiyanın 35-ci maddəsi yalnız iddia edilən pozuntulara aidiyyəti olan, eyni zamanda əlçatan və səmərəli olan hüquqi müdafiə vasitələrinin tükəndirilməsini tələb edir. Belə vasitələr təkcə nəzəri cəhətdən deyil, həm də praktiki cəhətdən kifayət qədər aydın şəkildə mövcud olmalıdır, belə olmadıqda onlar tələb olunduğu kimi əlçatan və səmərəli olmur (digər qərarlarla yanaşı bax: Vernillo Fransaya qarşı, 20 fevral 1991, A seriyaları, c. 198, s. 11-12, b. 27; Daila Fransaya qarşı, 19 fevral 1998, Qərarlar toplusu, 1998-I, s. 87-88, b. 38; və Mifsud Fransaya qarşı [GC], ərizə Nº 57220/00, AİHM 2002-VIII).
143. Pinto Aktını qəbul etməklə İtaliya “ağlabatan müddət” prinsipinin pozulduğu işlərdə sırf kompensasiya xarakterli hüquqi müdafiə vasitəsini qəbul etmiş oldu (yuxarıda 62-ci bəndə bax).
144. Məhkəmə artıq müəyyən edib ki, Pinto Aktı ilə nəzərdə tutulmuş apellyasiya məhkəmələrinə müraciətdən ibarət hüquqi müdafiə vasitəsi əlçatan idi və onun səmərəliliyini şübhə altına almaq üçün heç bir əsas yox idi (bax: Brusko İtaliyaya qarşı, ərizə Nº 69789/01, AİHM 2001-IX). Bundan başqa, Pinto Aktının xarakterini və onun hansı kontekstdə qəbul edildiyini nəzərə alaraq, Məhkəmə belə hesab edir ki, ümumi prinsipdən, yəni daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında tələbə riayət edilib-edilməməsinin ərizənin verildiyi vaxta istinadən qiymətləndirilməsi prinsipindən kənara çıxmaq üçün əsaslar var. Bu təkcə Aktın qüvvəyə mindiyi tarixdən sonra verilmiş ərizələrə deyil, həm də həmin tarixədək Məhkəmən tərəfindən baxılası işlərin siyahısına daxil edilən ərizələrə aiddir. Məhkəmə digər məsələlərlə yanaşı Pinto Aktının 6-cı maddəsində nəzərdə tutulmuş keçid müddəalarını (yuxarıda 62-ci bəndə bax) nəzərə alır, həmin müddəalar italiyalı iddiaçıların hazırda Məhkəmənin icraatında olan və hələ qəbul olunan elan edilməmiş bütün şikayət ərizələri ilə bağlı milli səviyyədə hüquqi müdafiə vasitəsi əldə etmələrinə həqiqi imkan yaradır (bax: Bruskonun işi, eyni mənbə).
145. Hazırkı işdə Palata qərara alıb ki, ərizəçilər yalnız təyin olunmuş kompensasiyanın məbləğindən və həmin məbləğlə Konvensiyanın 41-ci maddəsi əsasında təyin edilə biləcək məbləğ arasında olan uyğunsuzluqdan şikayət etdikdə, onların daxili hüquqi müdafiə vasitələrini tükəndirmək məqsədi ilə Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət etmələri tələb olunmur. Palata Kassasiya Məhkəməsinin yüzə yaxın qərarını öyrəndikdən sonra bu nəticəyə gəlib. Həmin qərarların heç birində məhkəmə şikayəti müdafiə edərək kompensasiyanın məbləğinin iddia edilən ziyanla müqayisədə yetərli olmadığını və ya Strasburq orqanlarının presedent hüququnun işığında adekvat olmadığını bildirməyib (bax: Skordino İtaliyaya qarşı, ərizə Nº 36813/97, AİHM 2003-IV; yuxarıda 136-cı bənddə sitatdan çıxarışa bax).
146. Məhkəmə qeyd edir ki, 26 yanvar 2004-cü ildə Kassasiya Məhkəməsi plenar iclas keçirərək mənəvi ziyanın mövcudluğu və ya məbləği ilə bağlı mübahisə açılan işlər üzrə dörd qərarı ləğv etdi. Bunu edərkən, o, belə bir prinsipi bərqərar etdi ki, “89/2001 saylı Qanunun 2-ci maddəsinə uyğun olaraq apellyasiya məhkəməsi mənəvi ziyan məsələsini həll edilərkən qaçılmaz olaraq ədalət prinsiplərinə əsaslanmalı olsa da, kompensasiya məbləğini qanunla müəyyən edilmiş hədd daxilində, analoji işlərdə Strasburq Məhkəməsi tərəfindən təyin edilmiş məbləğlərə uyğun olaraq təyin etməlidir. Ağlabatan həddə müəyyən kənarlaşmalara yol verilə bilər” (yuxarıda 63-cü bəndə bax).
147. Məhkəmə Kassasiya Məhkəməsinin presedentlərdən kənarlaşmasını nəzərə alır və öz qərarlarını Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırmaq səylərini alqışlayır. Bundan başqa, o, xatırladır ki, Kassasiya Məhkəməsinin presedentlərdən kənara çıxan qərarlarının, xüsusən 1340 saylı qərarının 26 iyul 2004-cü ildən ictimaiyyətə məlum olduğunu güman etmək ağlabatan olardı. Buna görə də o, hesab edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün məhz həmin tarixdən başlayaraq ərizəçilərdən hüquqi müdafiə vasitələrinin tükəndirilməsi tələb olunmalı idi (bax: Di Sante İtaliyaya qarşı, ərizə Nº 56079/00, 24 iyun 2004; həmçinin müvafiq dəyişikliklərlə bax: Broka və Teksye-Mikolt Fransaya qarşı, ərizələr Nº 27928/02 və 31694/02, b. 20, 21 oktyabr 2003).
148. Hazırkı işdə Palata kimi Böyük Palata da qeyd edir ki, Kassasiya Məhkəməsinə müraciət üçün müddət 26 iyul 2004-cü ildən əvvəl başa çatmışdı və hesab edir ki, belə vəziyyətdə ərizəçilər daxili hüquqi müdafiə vasitələrini tükəndirmək vəzifəsindən azaddırlar.
149. Bu mülahizələrin işığında Məhkəmə hesab edir ki, Hökumətin bu etirazı rədd edilməlidir.
B. “Qurban” statusu ilə bağlı Hökumətin ilkin etirazı
150. Palata qarşısında olduğu kimi Hökumət yenə də iddia etdi ki, ərizəçilərə kompensasiya təyin edərkən Reggio di Kalabria Apellyasiya Məhkəməsi təkcə onların ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiq etməyib, həm də onların itkilərinin əvəzini ödəyib. Buna görə də ərizəçilər “qurban” statusunu itiriblər.
1. Palatanın qərarı
151. Ərizənin qəbuledilənliyinə dair qərarında Palata bildirib ki, daxili məhkəmələrin pozuntunun olduğunu təsdiq etmələrinə baxmayaraq, ərizəçilər Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada “qurban” olduqlarını hələ də iddia edə bilərlər, çünki Pinto Aktına əsasən dövlətdaxili səviyyədə əldə edilmiş kompensasiya onların məruz qaldıqları itkilərin əvəzini ödəyə bilməyib.
2. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
a) Hökumət
152. Cavabdeh Hökumətin bildirdiyinə görə, ərizəçilər daha iddia edilən pozuntunun “qurbanı” deyildilər, çünki Apellyasiya Məhkəməsinin onların xeyrinə qərar çıxarmasına nail olmuşdular, həmin qərarla məhkəmə araşdırmasının müddətinin “ağlabatan müddət” həddini keçdiyi müəyyən edilmiş və kompensasiya təyin olunmuşdu.
153. Pinto Aktına əsasən alınmış məbləğə gəldikdə, Məhkəmə həmin məbləği şübhə altına ala bilməz, çünki daxili məhkəmə öz qərarını ədalət prinsipi əsaslanaraq və əvəzin ədalətli ödənilməsi məsələsində malik olduğu qiymətləndirmə sərbəstliyinə uyğun olaraq çıxarıb. Buna görə də kompensasiyanın səviyyəsinin qiymətləndirilməsi subsidiarlıq prinsipinə və dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinə uyğun olaraq Məhkəmənin səlahiyyəti xaricindədir.
Bununla bağlı Hökumət hesab etdi ki, ziyanın mövcudluğunun etiraf edilməsi və miqdarının müəyyən edilməsi sübutların qiymətləndirilməsinin tərkib hissəsi olaraq daxili məhkəmələrin yurisdiksiyasına aid məsələdir və nəzəri cəhətdən fövqəlmilli məhkəmənin səlahiyyəti xaricindədir. Məhkəmə ona təqdim edilmiş qərarların açıq-aydın əsassız və ya hüquqa zidd olmamasını və məntiqə və sosial kontekstdə təcrübədən çıxarılan dərslərə uyğun olmasını təmin etmək məqsədi ilə onlara yenidən baxmaq səlahiyyətinə malik olsa da, sübutların qiymətləndirilməsinə öz meyarlarını tətbiq edə və ya daxili məhkəmələrin baxışlarını öz baxışları ilə əvəz edə bilməz
154. Bundan başqa, Hökumət qeyd etdi ki, Məhkəmə hüquqi müəyyənlik tələbi ilə dövlətin qiymətləndirmə sərbəstliyi prinsipinə və subsidiarlıq prinsipinə hörmət tələbi arasında ədalətli balansı gözləməlidir. Bu balansı gözləmək səyləri belə bir ümumi qayda ilə tənzimlənməlidir ki, iş üzrə nəzərə alınmalı olan, Strasburq orqanlarının presedent hüququnda qeyri-müəyyən və ya dumanlı şəkildə ifadə edilən hər hansı məsələ hər bir dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinə hörmət haqqında qaydaya uyğun surətdə nəzərdən keçirilməli və dövlətlər sonradan onun Məhkəmə tərəfindən ləğv edilməsindən ehtiyatlanmamalıdırlar.
155. Daha sonra Hökumət İtaliya hüququnda mənəvi ziyanla bağlı meyarları izah etməyi önəmli hesab etdi. Pinto Aktına əsasən, ziyanı qiymətləndirərkən yalnız “ağlabatan” sayıla bilən orta müddətdən kənara çıxan illər nəzərə alınmalıdır. Bundan başqa, mənəvi ziyanın mövcudluğu dolayısı ilə pozuntunun müəyyən edilməsi faktından törəmir. Əksinə, mənəvi ziyanın mövcudluğu Mülki Məcəllənin müvafiq müddəalarına uyğun olaraq müəyyən edilməli və sübuta yetirilməlidir. Amma Kassasiya Məhkəməsi bildirib ki, mənəvi ziyan ağlabatan müddət tələbinin pozulmasının normal nəticəsidir və ərizəçi tərəfindən sübuta yetirilməməlidir. Kassasiya Məhkəməsinin sözlərinə görə, konkret işdə məhkəmə qərarının çıxarılmasını qeyri-adi dərəcədə uzun müddət gözləməsinin ərizəçiyə təşviş və ya iztirab gətirmədiyini, əksinə, onun xeyrinə olduğunu, yaxud ərizəçinin məhkəmə iddiasını və ya apellyasiya şikayətini yanlış arqumentlər əsasında qaldırdığını və qalib gəlmək şansının olmadığını əvvəlcədən bildiyini sübut etmək vəzifəsi dövlətin üzərinə düşür (Kassasiya Məhkəməsinin 8896 saylı qərarı, 29.03-11.05.2004).
156. Nəhayət, Hökumət bildirdi ki, Konvensiyanın 41-ci maddəsinə əsasən, Məhkəmə, zərurət olduqda, əvəzin ədalətli ödənilməsini təyin edib, bəzi hallarda isə qərara alıb ki, pozuntunun müəyyən edilməsi faktı ziyanın ödənilməsi üçün kifayətdir. Belə imkan dövlətlərə də verilməlidir, yəni onlar da fərqli məbləğlər təyin etmək, bəzi hallarda isə heç bir məbləğ təyin etməmək imkanına malik olmalıdırlar.
157. Daha sonra Hökumət Məhkəmədən xahiş etdi ki, qərarlarına verdiyi əsaslandırmaların həm pozuntu ilə, həm də əvəzin ədalətli ödənilməsi ilə bağlı hissələrinin müxtəlif aspektlərini izah etsin. O, bildirdi ki, Məhkəmə daxili məhkəmələrin istifadə etdiyi yanaşmaya əməl etməli və hər bir işdə izah etməlidir ki, prosesin hər bir mərhələsi üçün neçə il “normal” hesab edilməli, işin mürəkkəbliyi nəzərə alınmaqla neçə il qəbul oluna bilən sayılmalı, prosesin hansı müddət ərzində gecikdirilməsi tərəflərə irad tutulmalı, işin nəticəsinin ərizəçi üçün əhəmiyyəti necə müəyyən edilməli və ədalətli kompensasiya bu amillər əsasında necə hesablanmalıdır.
158. Nəhayət, dinləmədə Hökumət bildirdi ki, prosessual xərclərə gəldikdə, ərizəçilər daxili məhkəmələrdən həmin xərclərin əvəzini yalnız qismən alıblar, ona görə ki, əleyhinə məhkəmə iddiası qaldırılmış tərəflərdən biri məhkəmə prosesində tərəf sayıla bilməzdi.
159. Yuxarıda qeyd edilmiş bütün əsaslara görə Hökumət iddia etdi ki, ərizəçilər daha məhkəmə araşdırmasının uzun sürməsi ilə bağlı pozuntunun “qurbanı” sayıla bilməzlər.
b) Ərizəçilər
160. Ərizəçilər bildirdilər ki, onlar hələ də iddia edilən pozuntunun “qurbanıdırlar”, çünki Apellyasiya Məhkəməsinin təyin etdiyi məbləğ gülüncdür və Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyaların səviyyəsi ilə müqayisəyə gəlmir.
161. Ərizəçilər Holtsinger Avstriyaya qarşı (Nº 1) məhkəmə işinə (ərizə Nº 23459/94, b. 21, AİHM 2001-I) istinadən bildirdilər ki, Məhkəmə onların “qurban” statusuna malik olub-olmadıqlarını müəyyən etmək üçün dövlətdaxili səviyyədə alınmış kompensasiyanın məbləğini qiymətləndirmək səlahiyyətinə malikdir. Bunu edərkən Məhkəmə həmin məbləği özünün təyin etdiyi kompensasiya məbləğləri ilə müqayisə edə bilər.
162. Ərizəçilər belə bir məsələyə etiraz etdilər ki, “ağlabatan müddət” prinsipinin pozulduğu müəyyən edildikdən sonra hər hansı kompensasiya ödəməmək mümkündür. Onların bildirdiyinə görə, məhkəmələr məhkəmə araşdırmasının həddən artıq uzun sürdüyünü müəyyən ediblərsə, bu o deməkdir ki, maraqlı tərəflər ərizəçilərin vaxtını “oğurlayıblar”. Həmin vaxtı geri qaytarmaq mümkün olmadığına görə, maddi ziyana görə kompensasiya təyin edilməsi zəruri idi. Bunu etmədikdə pozuntu davam edir. Bununla bağlı ərizəçilər pozuntunun müəyyən edilməsindən irəli gələn və hər kəs üçün eyni olan ziyanın “minimal məbləği” prinsipinə istinad etdilər. Müvafiq amillər, məsələn, işi qaldırmış şəxs üçün işin əhəmiyyəti (bu amil hər bir iş üçün ayrıca qiymətləndirilməlidir) nəzərə alınmaqla həmin minimal məbləğə digər məbləğlər əlavə olunmalıdır.
163. Pinto Aktı vasitəsilə qəbul edilmiş hüquqi müdafiə vasitəsi yalnız kompensasiya xarakteri daşıdığına və pozuntunun qarşısını almağa qadir olan hüquqi müdafiə vasitəsi olmadığına görə ərizəçilər iddia etdilər ki, kompensasiya məbləğinin iddia edilən itkilərin əvəzini ödəyə bilən hesab edilməsi üçün o, yetərli səviyyədə, yəni Məhkəmənin təyin etdiyi məbləğlərlə ağlabatan nisbətdə olmalıdır. Bundan başqa, ərizəçilər qeyd etdilər ki, diffamasiyaya və ya şəxsə xəsarət yetirilməsinə görə daxili məhkəmələrin təyin etdiyi məbləğlər məhkəmə araşdırmasının uzun sürməsi ilə bağlı proseslərdə mənəvi ziyana görə Məhkəmənin təyin etdiyi məbləğlərdən xeyli artıqdır.
164. Yekunda ərizəçilər bildirdilər ki, milli səviyyədə alınmış kompensasiya ilə Məhkəmənin təyin etdiyi ədalətli kompensasiyaların müqayisəsi nəinki mümkün, həm də zəruri idi.
165. Ərizəçilər qeyd etdilər ki, Pinto Aktına əsasən kompensasiya qismində onlara təyin edilmiş məbləğ 2.450 avro idi. Palatanın bildirdiyinə görə, bu məbləğ Məhkəmənin analoji işdə təyin edə biləcəyi məbləğin 10%-ini təşkil edir. Bundan başqa, onlar 1.500 avro məhkəmə xərcləri, üstəgəl 20% əlavə dəyər vergisi, üstəgəl 2% vəkillərin sığorta fonduna yardım, yəni 1.834 avro ödəmişdilər. Beləliklə, onlara təyin edilmiş faktiki kompensasiyanın məbləği, məhkəmə xərcləri çıxıldıqdan sonra, 614 avro, yəni hər birinə 153,50 avro idi.
3. Üçüncü tərəflər
a) Çexiya hökuməti
166. Çexiya Hökumətinin bildirdiyinə görə, Məhkəmə daxili məhkəmələr tərəfindən seçilmiş presedent hüququ siyasətinin nəticələrinin Konvensiyaya uyğun olub-olmadığını yoxlamaqla kifayətlənməlidir. Bu yoxlama Məhkəmə tərəfindən milli hakimiyyət orqanlarına verilmiş qiymətləndirmə sərbəstliyinin hüdudlarından asılı olaraq az və ya çox dərəcədə ciddi olmalıdır. Məhkəmə yalnız bunu təmin etməlidir ki, milli hakimiyyət orqanları Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq onun presedent hüququ ilə bərqərar edilmiş prinsiplərə riayət etsinlər və ya öz daxili qanunvericilik müddəalarını ərizəçilərin Konvensiya ilə qorunan hüquq və azadlıqlarına hörməti təmin edən səviyyədə tətbiq etsinlər, özü də daxili qanunvericilikdə həmin hüquq və azadlıqların dairəsi milli hakimiyyət orqanları tərəfindən Konvensiya müddəalarının birbaşa tətbiqinə nisbətən daha geniş və ya onunla ekvivalent olur. Məhkəmə bundan artıq dərinliyə getməməlidir, yalnız milli hakimiyyət orqanlarının gəldiyi nəticələrin ilk baxışdan hüquqa zidd göründüyü hallar istisna təşkil edir.
167. Çexiya Hökuməti etiraf etdi ki, dövlətdaxili səviyyədə təyin edilən məbləğlərin yetərliliyi kompensasiyaya görə müraciətin həllinin 13-cü maddədə nəzərdə tutulan mənada səmərəlilik meyarlarından biridir. Lakin 13-cü maddənin tətbiqində iştirakçı dövlətlərin qiymətləndirmə sərbəstliyinə malik olduqlarını nəzərə alaraq, Çexiya Hökuməti hesab etdi ki, Məhkəmə sonradan yalnız “məhdud nəzarəti” həyata keçirməli və beləliklə, məhkəmə araşdırmasının həddən artıq uzun sürməsi ucbatından dəymiş mənəvi ziyanın milli hakimiyyət orqanları tərəfindən “qiymətləndirilməsində açıq-aydın səhvə” yol verilmədiyinə əmin olmaqla kifayətlənməlidir.
168. Bundan başqa, Çexiya Hökuməti öz ölkəsində mövcud dövlətdaxili preventiv müdafiə vasitəsindən əlavə kompensasiya məqsədi daşıyan hüquqi müdafiə vasitəsinin olmasını da istədi və Məhkəmədən xahiş etdi ki, bununla bağlı mümkün qədər çoxlu rəhbər prinsiplər təqdim etsin ki, o, şübhəsiz, səmərəli olan hüquqi müdafiə vasitəsini bərqərar edə bilsin.
b) Polşa hökuməti
169. Polşa Hökumətinin bildirdiyinə görə, “ağlabatan müddət” həddinin keçilib-keçilmədiyini müəyyən etmək məqsədi ilə işin faktlarının qiymətləndirilməsi daxili məhkəmələr tərəfindən sübutların araşdırılmasının tərkib hissəsi idi. Buna görə də fövqəlmilli orqanın bu prosesə nə dərəcədə müdaxilə edə bilməsi mübahisəli məsələdir. Əslində hamılıqla qəbul edilib ki, əksər hallarda faktlar daxili məhkəmələr tərəfindən müəyyən edilməlidir, Məhkəmənin vəzifəsi isə Konvensiyaya riayət edilib-edilmədiyini yoxlamaqla məhdudlaşmalıdır. Görünür, Məhkəmənin presedent hüququ daxili məhkəmələrin Məhkəmə tərəfindən bəyənilmiş daxili prosedura uyğun olaraq çıxardıqları qərarlarda ümumi qaydaların konkret işə düzgün tətbiq edilib-edilmədiyinin qiymətləndirilməsi ilə məhdudlaşmalıdır. Faktların qiymətləndirilməsi və kompensasiya məbləğinin hesablanması üçün dəqiq meyarlar yoxdursa, onda daxili məhkəmələrin qərarlarını şübhə altına almaq üçün heç bir əsas yoxdur. Faktların və sübutların qiymətləndirilməsində daxili məhkəmələrin malik olduğu qiymətləndirmə sərbəstliyi bu məsələdə nəzərə alınmalıdır.
170. Bundan başqa, bəzi işlərin konkret halları baxımından sadəcə pozuntunun müəyyən edilməsi faktı səmərəli hüquqi müdafiə vasitəsi tələbinə riayət edilməsi üçün yetərlidir və adekvat kompensasiyaya bərabərdir. Bu qayda Konvensiyanın digər maddələri üzrə Məhkəmənin presedentləri vasitəsilə açıq-aydın bərqərar edilib. Bundan başqa, məhkəmə araşdırmasının həddən artıq uzun sürməsi bəzi hallarda tərəflərin xeyrinə ola bilər və buna görə də onlara kompensasiya ödənilməsinin zəruriliyi ciddi sual altında olur.
c) Slovakiya Hökuməti
171. Slovakiya Hökumətinin bildirdiyinə görə, Məhkəmə adətən məhkəmə araşdırmasının ədalətliliyini qiymətləndirərkən istifadə etdiyi yanaşmanı bu halda da qəbul etməlidir, həmin yanaşmaya əsasən, daxili məhkəmələrin faktual və ya hüquqi səhvlərə yol verdiyinə dair iddiaları araşdırmaq, əgər həmin səhvlər Konvensiya ilə təmin edilən hüquq və azadlıqların pozulması ilə nəticələnməyibsə, Məhkəmənin vəzifəsi deyil. Bundan başqa, Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsi və ya qiymətləndirilməsi ilə bağlı hər hansı qayda müəyyən etmir, buna görə də bu məsələ ilk növbədə milli hüquqla tənzimlənməli və daxili məhkəmələrin öhdəsinə buraxılmalıdır. Müvafiq surətdə, məhkəmə araşdırmasının uzun sürməsi ucbatından vurulmuş mənəvi ziyana görə təyin edilən kompensasiya məbləğlərinə dair daxili məhkəmələrin qərarlarını qiymətləndirərkən Məhkəmə həmin məhkəmələrə bu məsələdə kifayət qədər sərbəstlik verməlidir, çünki daxili məhkəmələr məhkəmə prosesinin gecikdirilməsi barədə qərarlarını Məhkəmənin tətbiq etdiyi meyarlarla eyni olan meyarlar əsasında çıxarırlar, onlar səbəb və nəticələri təhlil etməkdə və beləliklə də mənəvi ziyana görə kompensasiyanı ədalət prinsipi əsasında müəyyən etməkdə daha əlverişli vəziyyətdədirlər.
172. Slovakiya Hökuməti qeyd etdi ki, məhkəmə araşdırmasının uzun sürməsi ilə bağlı Slovakiya Konstitusiya Məhkəməsinin qərarları Məhkəmənin qərarlarına nisbətən daha ətraflı əsaslandırılıb. Slovakiya Hökumətinin bildirdiyinə görə, Məhkəmə daxili məhkəmələr tərəfindən çıxarılan, mənəvi ziyana görə kompensasiya məbləğlərinin təyin edildiyi qərarları araşdırarkən oxşar vəziyyətdə Məhkəmənin təyin etdiyi məbləğlərin bunlardan əhəmiyyətli dərəcədə yüksək olub-olmadığını deyil, yalnız bu qərarların açıq-aydın hüquqa zidd və ədalətsiz olub-olmadığını yoxlamalıdır. Bundan başqa, Slovakiya Hökuməti məhkəmə araşdırmasının uzun sürməsi ilə bağlı daxili məhkəmələr tərəfindən təyin edilmiş məbləğlərin Məhkəmənin təyin etdiyi məbləğlərdən az olduğunu məntiqə uyğun hesab etdi, çünki zərər çəkmiş şəxslər öz işlərini beynəlxalq məhkəməyə çıxarmaqdansa öz ölkələrində daha səmərəli və daha tez kompensasiya ala bilərlər.
4. Məhkəmənin qiymətləndirməsi
a) Məhkəmə araşdırmasının uzun sürməsi ilə bağlı situasiyanın təkrarlanması
173. Məhkəmə qiymətləndirmə işinə müxtəlif Hökumətlərin onun çıxardığı qərarlarda həm pozuntunun müəyyən edilməsinin əsaslandırılması, həm də mənəvi ziyanla bağlı dəqiqliyin olmadığı barədə fikirlərinə cavab verməklə başlayır.
174. O, bunu qeyd etməyi vacib hesab edir ki, məhkəmə araşdırmasının uzun sürdüyü çoxlu sayda işlərin qərar çıxarılması üçün ona təqdim edilməsinin səbəbi ondan ibarətdir ki, müəyyən iştirakçı dövlətlər 6-cı maddənin 1-ci bəndindəki “ağlabatan müddət” haqqındakı tələbə uzun illər ərzində riayət etməyiblər və bu cür şikayətlər üçün daxili hüquqi müdafiə vasitəsini təmin etməyiblər.
175. Müəyyən ölkələrdən, o cümlədən İtaliyadan çoxlu sayda işlərin daxili olması vəziyyəti daha da pisləşdirib. Məhkəmə artıq vurğulayıb ki, İtaliyanın situasiyanı həll edə bilməməsi ucbatından Məhkəmə ciddi çətinliklərlə qarşılaşıb. O, bu məsələ barədə fikrini aşağıdakı kimi ifadə edib:
“Məhkəmə daha sonra diqqəti belə bir fakta cəlb edir ki, Kapuano İtaliyaya qarşı məhkəmə işi (A seriyaları c. 119) üzrə qərarın çıxarıldığı tarixdən, 25 iyun 1987-ci ildən bəri o, artıq 65 qərar çıxarıb və həmin qərarlarda müəyyən edib ki, İtaliyanın müxtəlif bölgələrindəki mülki məhkəmələrdə məhkəmə araşdırmasının “ağlabatan müddət” həddini keçməsi ilə bağlı 6-cı maddənin 1-ci bəndi pozulub.
Eyni ilə, Konvensiyanın keçmiş 31-ci və 32-ci maddələrinə əsasən Komissiyanın tərtib etdiyi 1.400-dən artıq məruzə İtaliyanın eyni səbəbə görə 6-cı maddəni pozduğu barədə Nazirlər Komitəsinin qətnamələr çıxarması ilə nəticələnib.
Pozuntuların tez aşkar edilməsi göstərir ki, bunlar sadəcə ayrı-ayrı hallar deyil və kifayət qədər çoxlu sayda eyni pozuntular üst-üstə yığılmaqdadır. Belə pozuntular hələ də həll olunmayan elə bir situasiyanı əks etdirir ki, bu halda iddiaçılar daxili hüquqi müdafiə vasitəsinə malik olmurlar.
Müvafiq surətdə, pozuntuların bu cür üst-üstə yığılması Konvensiya ilə bir araya sığmayan praktika təşkil edir (bax: Bottatsi İtaliyaya qarşı [GC], ərizə Nº 34884/97, b. 22, AİHM 1999-V; Ferrari İtaliyaya qarşı [GC], ərizə Nº 33440/96, b. 21, 28 iyul 1999; A.P. İtaliyaya qarşı ərizə Nº 35265/97, b. 18, 28 iyul 1999; və Di Mauro İtaliyaya qarşı [GC], ərizə Nº 34256/96, b. 23, AİHM 1999-V)”.
176. Beləliklə, Komissiya kimi Məhkəmə də İtaliyanın prosessual normalarına uyğun olaraq tərəflərin ayağına yazılan gecikdirmələrin səbəblərini illərlə araşdırdıqdan sonra standart qətnamə və qərardadlar çıxarmaq məcburiyyətində qalıb. Bu, mülki məhkəmə araşdırmalarının yubadılması ilə bağlı onun İtaliyaya qarşı 1.000-dən artıq qərar çıxarmasına şərait yaradıb. Bu yanaşma 41-ci maddə üzrə mənəvi ziyana görə kompensasiya təyin edilərkən analoji işlərdə ekvivalent nəticələrə gəlmək üçün ədalətli prinsiplərin balansını müəyyənləşdirməyi zəruri edib.
Bütün bunlar Məhkəmə tərəfindən 1999-cu ilədək Konvensiya orqanlarının təyin etdiklərindən daha yüksək kompensasiya məbləğlərinin təyin edilməsinə, habelə digər pozuntuların müəyyən edildiyi hallarda təyin edilənlərdən fərqlənən məbləğlərin təyin edilməsinə gətirib çıxarıb. Heç də cəza tədbiri olmayan bu artım iki məqsədə xidmət edib. Bir tərəfdən, o, dövlətləri bu problemin hamılıqla qəbul edilə bilən həllini tapmağa həvəsləndirmək məqsədi daşıyıb, digər tərəfdən isə daxili hüquqi müdafiə vasitələrinin olmaması ucbatından ərizəçilərin cəzalandırılmasını aradan qaldırmaq məqsədini güdüb.
177. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Hökumətin iddiasının əksinə olaraq, Palata istər prosesin yubadılmasının qiymətləndirilməsində, istərsə də ədalətli kompensasiya məsələsində özünün əvvəlki praktikasından heç bir halda kənara çıxmayıb. Məhkəmə ağlabatan müddət həddinin keçilməsi məsələsi ilə bağlı xatırladır ki, bu zaman işin halları, habelə Məhkəmənin presedent hüququ vasitəsilə müəyyən edilmiş meyarlar, xüsusən işin mürəkkəbliyi, ərizəçinin və dövlət orqanlarının davranışı və məhkəmə mübahisəsinin ərizəçi üçün nə dərəcədə əhəmiyyətli olması nəzərə alınmalıdır (bir çox digər qərarlar arasında bax: Komingersollun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 19). Bundan başqa, Hökumət Bottatsinin işindən sonra qəbul edilmiş bir çox qərarları daha ətraflı təhlil etsə görər ki, Məhkəmənin qərarlarında təyin edilmiş məbləğlərdə açıq-aydın ümumi cəhətlər var, belə ki, məbləğlər yalnız hər bir işdəki konkret faktlarla əlaqədar olaraq fərqlənir.
b) Məhkəmənin presedent hüququna əsasən bərqərar edilmiş prinsiplər
178. Subsidiarlıq prinsipi ilə bağlı üçüncü tərəflərin qeydlərinə gəldikdə, Məhkəmə qeyd edir ki, Konvensiyanın 34-cü maddəsinə əsasən, o, “istənilən fiziki şəxsdən, ... Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər”.
179. Məhkəmə xatırladır ki, Konvensiyanın pozulduğuna dair istənilən iddia ilə əlaqədar olaraq hüquqi müdafiə vasitəsini təmin etmək vəzifəsi ilk növbədə milli hakimiyyət orqanlarının üzərinə düşür. Bu baxımdan ərizəçinin pozuntunun qurbanı olduğunu iddia etməsinin mümkünlüyü məsələsi Konvensiya üzrə məhkəmə araşdırmasının bütün mərhələlərində aktuallığını saxlayır (bax: Burdov Rusiyaya qarşı, ərizə Nº 59498/00, b. 30, AİHM 2002-III).
180. Məhkəmə həmçinin xatırladır ki, əgər dövlət orqanları Konvensiyanın pozulduğunu tamamilə və ya əsasən etiraf etməyiblərsə və sonra Konvensiyanın pozulması ilə bağlı hüquqi müdafiə vasitəsini təmin etməyiblərsə, ərizəçinin xeyrinə qərarın qəbul edilməsi və ya tədbirin görülməsi prinsipcə onu “qurban” statusundan məhrum etmək üçün kifayət deyil (nümunə üçün bax: Ekkle Almaniyaya qarşı, 15 iyul 1982, A seriyaları, c. 51, s. 32, 69-cu və sonrakı bəndlər; AmyurFransaya qarşı, 25 iyun 1996, Qərarlar toplusu, 1996-III, s. 846, b. 36; Dalban Rumıniyaya qarşı [GC], ərizə Nº 28114/95, b. 44, AİHM 1999-VI; və Yensen Danimarkaya qarşı, ərizə Nº 48470/99, 20 sentyabr 2001, AİHM 2001-X).
181. Şəxsin hələ də Konvensiyanın iddia edilən pozuntusunun qurbanı sayılıb-sayılmaması məsələsinin həlli mahiyyət etibarı ilə Məhkəmənin üzərinə pozuntu faktının baş verməsindən sonra şəxsin olduğu situasiyanı araşdırmaq vəzifəsini qoyur. Məhkəmə araşdırmasının uzun sürdüyü digər işlərdə artıq müəyyən edildiyi kimi, şəxsin dəymiş ziyana görə kompensasiya (Konvensiyanın 41-ci maddəsində nəzərdə tutulmuş ədalətli kompensasiya ilə müqayisə oluna bilən) alıb-almaması məsələsi mühüm məsələdir. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, milli hakimiyyət orqanları pozuntunu aşkar ediblərsə və onların qərarı münasib və yetərli kompensasiya təşkil edirsə, müvafiq tərəf daha Konvensiyanın 34-cü maddəsinin mənası baxımından qurban olduğunu iddia edə bilməz (bax: Holtsinger Avstriyaya qarşı (Nº1), ərizə Nº 23459/94, b. 21, AİHM 2001-I).
182. Tərəflər “qurban” statusu məsələsinin daha ümumi bir məsələ ilə, hüquqi müdafiə vasitələrinin səmərəliliyi məsələsi ilə əlaqələndirirlərsə və mümkün olan ən səmərəli daxili hüquqi müdafiə vasitəsini təmin etmək üçün rəhbər prinsiplərin olmasını istəyirlərsə, onda Məhkəmə bu məsələni daha geniş kontekstdə nəzərdən keçirməyi təklif edir və həmin daxili hüquqi müdafiə vasitəsinin tələb olunan xüsusiyyətlərinə dair müəyyən tövsiyələri təqdim edir, həmçinin nəzərə almaq lazımdır ki, bu tip işlərdə ərizəçinin qurban olduğunu iddia edə bilməsi daxili hüquqi müdafiə vasitəsinin onun hüququnu nə dərəcədə təmin etməsindən asılıdır.
183. Sözün əsil mənasında məsələnin ən yaxşı həlli, bir çox sahələrdə olduğu kimi, pozuntunun qarşısını almaqdır. Məhkəmə xatırladır ki, o, bir çox hallarda bəyan edib ki, 6-cı maddənin 1-ci bəndi iştirakçı dövlətlərin üzərinə öz məhkəmə sistemlərini elə təşkil etmək vəzifəsini qoyur ki, onların məhkəmələri həmin bəndin hər bir tələbinə, o cümlədən işlərə ağlabatan müddətdə baxılması öhdəliyinə cavab versin (digər qərarlar arasında bax: Sübmann Almaniyaya qarşı, 16 sentyabr 1996, Qərarlar toplusu, 1996-IV, s. 1174, b. 55; və Bottatsinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 22). Məhkəmə sistemi bu baxımdan qüsurludursa, məhkəmə araşdırmalarının həddən artıq uzun sürməsinin qarşısını almaq üçün onları sürətləndirmək məqsədi daşıyan hüquqi müdafiə vasitəsi məsələnin ən yaxşı həllidir. Belə hüquqi müdafiə vasitəsi yalnız kompensasiya təqdim edən hüquqi müdafiə vasitəsinə nisbətən inkarolunmaz üstünlüyə malikdir, çünki o, həm də eyni məhkəmə araşdırmalarında bir-birini tamamlayan ardıcıl pozuntuların baş verməsinin qarşısını alır və İtaliya hüququnda nəzərdə tutulmuş kompensasiya təqdim edən hüquqi müdafiə vasitəsi kimi, sadəcə, pozulmuş hüququ sonradan bərpa etmir.
184. Məhkəmə bir çox hallarda təsdiq edib ki, bu tip hüquqi müdafiə vasitəsi müvafiq məhkəmənin qərar çıxarmasını nə qədər tezləşdirirsə, bir o qədər “səmərəli” olur (digər qərarlar arasında bax: Baççini İsveçrəyə qarşı, ərizə Nº 62915/00, 21 iyun 2005; Kunts İsveçrəyə qarşı, ərizə Nº 623/02, 21 iyun 2005; Fer və Lauterburq İsveçrəyə qarşı, ərizələr Nº 708/02 və 1095/02, 21 iyun 2005; Holtsingerin işi (Nº 1) üzrə yuxarıda adı çəkilən qərar, b. 22; Qonsales Marin İspaniyaya qarşı, ərizə Nº 39521/98, AİHM 1999-VII; və Tome Mota Portuqaliyaya qarşı, ərizə Nº 32082/96, AİHM 1999-IX).
185. Həmçinin aydındır ki, məhkəmə araşdırmasının uzun sürməsindən ibarət pozuntuların artıq mövcud olduğu ölkələrdə icraatı tezləşdirmək məqsədi daşıyan hüquqi müdafiə vasitəsi (gələcək üçün nəzərdə tutulsa da) artıq həddən artıq uzanmış olan məhkəmə araşdırması ilə bağlı situasiyanı həll etmək üçün adekvat vasitə olmaya bilər.
186. Müxtəlif tip hüquqi müdafiə vasitələri pozuntuları müvafiq qaydada həll edə bilər. Məhkəmə artıq təsdiq edib ki, cinayət icraatında məhkəmə prosesinin davam etdiyi müddətin aydın və müvafiq şəkildə nəzərə alınaraq ittiham hökmündəki müddətdən çıxılması Məhkəməni qane edir (bax: Bek Norveçə qarşı, ərizə Nº 26390/95, b. 27, 26 iyun 2001).
Bundan başqa, Avstriya, Xorvatiya, İspaniya, Polşa və Slovakiya Respublikası kimi bəzi dövlətlər situasiyanı çox gözəl anlayaraq iki tip hüquqi müdafiə vasitəsini kombinə edirlər, onlardan biri məhkəmə araşdırmasını tezləşdirmək, digəri isə kompensasiyanı təmin etmək məqsədi daşıyır (nümunə üçün bax: Holtsingerin işi (Nº 1) üzrə yuxarıda adı çəkilən qərar, b. 22; Slaviçek Xorvatiyaya qarşı, ərizə Nº 20862/02, AİHM 2002-VII; Marin İspaniyaya qarşı, ərizə Nº 39521/98, AİHM 1999-VII; Fernandes Molina Qonsales və başqaları İspaniyaya qarşı, ərizə Nº 64359/01, AİHM 2002-IX; Mixalak Polşaya qarşı, ərizə Nº 24549/03, 1 mart 2005; Andraşik və başqaları Slovakiyaya qarşı, ərizələr Nº 57984/00, 60226/00, 60237/00, 60242/00, 60679/00, 60680/00 və 68563/01, AİHM 2002-IX).
187. Lakin dövlətlər, məsələn, İtaliya kimi, öz qanunvericiliklərində yalnız kompensasiyanı təmin hüquqi müdafiə vasitəsini nəzərdə tuta bilərlər və həmin vasitə səmərəsiz hesab edilməyə də bilər (bax: Mifsudun işi üzrə yuxarıda adı çəkilən qərar).
188. Kudlya Polşaya qarşı məhkəmə işində (yuxarıda adı çəkilən qərar, b. 154-155) Məhkəmə artıq bildirib ki, Konvensiyanın tələblərinə riayət etmək şərti ilə, iştirakçı dövlətlər fərdləri 13-cü maddənin tələb etdiyi hüquqi müdafiə vasitəsi ilə təmin etmək və həmin maddədə nəzərdə tutulmuş Konvensiya öhdəliklərinə əməl etmək üsulunu seçməkdə müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. O, həmçinin subsidiarlıq prinsipinə dair qaydaların vacibliyini vurğulayıb; belə ki, fərdlər, Məhkəmənin daha məqsədəuyğun hesab etdiyi kimi, ilk növbədə milli hüquq sistemində həllini tapmalı olan şikayətlərini mütəmadi olaraq Strasburq Məhkəməsinə təqdim etmək məcburiyyətində qalmamalıdırlar.
189. Müvafiq surətdə, qanunverici orqan və ya daxili məhkəmələr daxili hüquqi müdafiə vasitəsini qəbul etməklə bu işdə öz həqiqi funksiyalarını yerinə yetirməyə razılıq verirlərsə, Məhkəmə, şübhəsiz ki, bundan müəyyən nəticələr çıxarır.
Dövlət kompensasiyanı təmin edən daxili hüquqi müdafiə vasitəsini qəbul etməklə irəliyə doğru əhəmiyyətli addım atırsa, Məhkəmə həmin dövlətə daha geniş qiymətləndirmə sərbəstliyi verərək imkan yaratmalıdır ki, o, həmin hüquqi müdafiə vasitəsini öz hüquq sisteminə və hüquq ənənələrinə uyğun tərzdə və müvafiq ölkədəki yaşayış standartına uyğun şəkildə təşkil etsin. Xüsusən, digər ziyan növləri üçün, məsələn, şəxsə xəsarət yetirilməsi, qohumun ölümü ilə bağlı dəymiş ziyan və diffamasiya işlərində vurulmuş ziyan üçün dövlətdaxili səviyyədə təyin edilən məbləğlərə və öz daxili inamlarına istinad etmək daxili məhkəmələr üçün daha asan olar (hətta bu, Məhkəmənin analoji işlərdə təyin etdiyi məbləğlərdən daha az məbləğdə kompensasiya təyin edilməsi ilə nəticələnsə belə).
190. Konvensiyanın 19-cu maddəsinə əsasən Məhkəmənin vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərilərinə götürdükləri öhdəliklərə əməl etmələrini təmin etməkdir, lakin eyni zamanda, daxili qanunvericiliyin şərhi və tətbiqi ilə bağlı presedent hüququna uyğun olaraq, faktlara və ya hüquqi məsələlərə dair milli məhkəmə tərəfindən yol verilən səhvləri araşdırmaq onun vəzifəsi deyil (əgər həmin səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqlara xələl gətirmirsə). Bundan başqa, daxili qanunvericiliyin şərh və tətbiq edilməsi ilk növbədə dövlət orqanlarının, xüsusən məhkəmələrin işidir (bax: Can və başqaları Almaniyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 86).
191. Buna görə də, Məhkəmədən tələb olunur ki, daxili qanunvericiliyin şərhi və tətbiqi üsulunun Məhkəmənin presedent hüququnun işığında şərh edilən Konvensiya prinsiplərinə uyğun nəticələr doğurub-doğurmadığını yoxlasın. Bu, xüsusən o hallara aiddir ki, İtaliya Kassasiya Məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi, daxili qanunvericilikdə birmənalı şəkildə Konvensiya müddəalarına istinad edilir. Konvensiyanı öz hüquq sistemlərinə səmərəli şəkildə daxil etmiş və Konvensiya normalarını birbaşa tətbiq edən dövlətlərə münasibətdə Məhkəmənin bu nəzarət funksiyasını həyata keçirmək daha asandır, çünki bu dövlətlərin ən yüksək instansiya məhkəmələri adətən Məhkəmənin müəyyən etdiyi prinsiplərin həyata keçirilməsinə görə məsuliyyət daşıyırlar.
Müvafiq surətdə, daxili məhkəmələrin qiymətləndirmədə açıq-aydın səhvə yol vermələri Məhkəmənin presedent hüququnun yanlış tətbiqinin və ya yanlış şərhinin nəticəsi də ola bilər.
192. Subsidiarlıq prinsipi heç də daxili hüquqi müdafiə vasitələrindən istifadə nəticəsində əldə edilmiş bütün nəticələr üzərində nəzarət funksiyasından imtina etmək demək deyil, əks halda 6-cı maddənin təmin etdiyi hüquqlar mahiyyətini itirmiş olardı. Bu məsələ ilə bağlı xatırlatmaq lazımdır ki, Konvensiya təkcə nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədini daşıyır (bax: Lixtenşteyn şahzadəsi II Hans Adam Almaniyaya qarşı [GC], ərizə Nº 42527/98, b. 45, AİHM 2001-VIII). Bu, xüsusən 6-cı maddədə öz əksini tapmış hüquqlara aiddir, çünki ədalətli məhkəmə araşdırması hüququ 6-cı maddənin təmin etdiyi digər hüquqlarla birlikdə demokratik cəmiyyətdə önəmli yer tutur (müvafiq dəyişikliklərlə bax: Lixtenşteyn şahzadəsi II Hans Adam Almaniyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 45).
c) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
193. Yuxarıdakı prinsiplərdən belə nəticə çıxır ki, Məhkəmə Konvensiya ilə qorunan hüququn pozulmasının dövlət orqanları tərəfindən ən azı mahiyyət etibarilə təsdiq edildiyini və hüquqi müdafiə vasitəsini münasib və yetərli saymağın mümkün olub-olmadığını yoxlamalıdır (müvafiq dəyişikliklərlə bax: Normann Danimarkaya qarşı, ərizə Nº 44704/98, 14 iyun 2001; Yensen Danimarkaya qarşı, ərizə Nº 48470/99, 20 mart 2003; və Nardone İtaliyaya qarşı, ərizə Nº 34368/98, 25 noyabr 2004).
i. Pozuntunun müəyyən edilməsi
194. Birinci şərt, yəni pozuntunun dövlət orqanları tərəfindən müəyyən edilməsi, bu işdə müzakirə mövzusu deyil, ona görə ki, əgər apelyasiya məhkəməsi öncə pozuntunu aydın şəkildə müəyyən etmədən ziyana görə kompensasiya təyin edibsə, Məhkəmə bundan labüd surətdə belə nəticə çıxarmalıdır ki, həmin pozuntu mahiyyət etibarı ilə təsdiq edilib, çünki Pinto Aktına əsasən əgər ağlabatan müddət həddi keçilməyibsə, apellyasiya məhkəməsi kompensasiya təyin edə bilməz (bax: Kapoqrossi İtaliyaya qarşı, ərizə Nº 62253/00, 21 oktyabr 2004).
ii. Hüquqi müdafiə vasitəsinin xüsusiyyətləri
195. İkinci şərtə, yəni hüquqi müdafiə vasitəsini münasib və yetərli olmasına gəldikdə, Məhkəmə artıq qeyd edib ki, hətta daxili hüquqi müdafiə vasitəsi işin baxılmağa verildiyi məhkəmələr tərəfindən vaxtında qərarlar çıxarılması və ya artıq baş vermiş yubanmalara görə zərərçəkən tərəfə adekvat kompensasiya verilməsi baxımından “səmərəli” olsa belə, onu yalnız bu şərtlə həqiqi mənada səmərəli hesab etmək olar ki, məhkəmə araşdırmasının həddən artıq uzun sürməsi ilə bağlı kompensasiya üçün müraciət etmənin özü səmərəli, adekvat və əlçatan hüquqi müdafiə vasitəsi olaraq qalsın (bax: Mifsudun işi üzrə yuxarıda adı çəkilən qərar).
Həqiqətən, kompensasiyaya dair iddiaya baxılmasının həddən artıq yubanması əsasında hüquqi müdafiə vasitəsinin adekvat olmadığı qənaətinə gəlmək olmaz (bax: Paulino Tomas Portuqaliyaya qarşı, ərizə Nº 58698/00, AİHM 2003-VIII; Belinger Sloveniyaya qarşı, ərizə Nº 42320/98, 2 oktyabr 2001; və müvafiq dəyişikliklərlə bax: Önəryıldız Türkiyəyə qarşı [GC], ərizə Nº 48939/99, AİHM 2004-XII).
196. Bu məsələ ilə bağlı Məhkəmə öz presedent hüququnu xatırladır, onun presedent hüququna əsasən, iştirakçı dövlətin daxili hüquq sistemində hər hansı tərəfin xeyrinə çıxarılmış qəti və məcburi qüvvəyə malik məhkəmə qərarı icra edilməsəydi, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Buna görə də məhkəmənin qəbul etdiyi qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılmalıdır (digər qərarlarla yanaşı bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997, Qərarlar toplusu, 1997-II, s. 510-511, 40-cı bənd və sonrakı bəndlər; və Metaksas Yunanıstana qarşı, ərizə Nº 8415/02, b. 25, 27 may 2004).
197. Mülki məhkəmə araşdırmalarının həddən artıq uzandığı işlərdə Məhkəmə artıq qeyd edib ki, məhkəmə qərarının icrası məhkəmə araşdırmasının ikinci mərhələsidir və tərəfin iddia etdiyi hüquq həyata keçirilmirsə, məhkəmə qərarı praktiki cəhətdən səmərəsiz olur (digər qərarlar arasında bax: Di Pede İtaliyaya qarşı və Zappia İtaliyaya qarşı, 26 sentyabr 1996-cı il tarixli məhkəmə qərarları, Qərarlar toplusu, 1996-IV, s. 1384, b. 22, 24, 26 və s. 1411-1412, b. 18, 20, 22; həmçinin müvafiq dəyişikliklərlə bax: Silva Pontes Portuqaliyaya qarşı, 23 mart 1994, A seriyaları, c. 286-A, s. 14, b. 33).
198. Məhkəmə həmçinin qeyd edib ki, məhkəmə prosesinin sonunda dövlətə qarşı məhkəmə qərarı çıxarılmasına nail olmuş fərddən tələbinin təmin edilməsi üçün sonradan yeni məhkəmə prosesinə başlamasını tələb etmək düzgün deyil. Buradan belə nəticə çıxır ki, qərarın icrasını təmin etmək üçün başlanmış məhkəmə prosesindən sonra ərizəçiyə kompensasiya məbləğinin ödənilməsi dövlət orqanlarını məhkəmə qərarının uzun müddət icra edilməməsinə görə məsuliyyətdən azad etmir, habelə adekvat kompensasiyanı təmin etmir (bax: Metaksasın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 19; və Karaxalios Yunanıstana qarşı, ərizə Nº 62503/00, b. 23, 11 dekabr 2003). Bundan başqa, bəzi dövlətlər, məsələn, Slovakiya və Xorvatiya, hətta ödənişin həyata keçirilməli olduğu müddəti (müvafiq surətdə iki və üç ay) qanunvericilikdə nəzərdə tutublar (bax: Andraşik və başqaları Slovakiyaya qarşı və Slaviçek Xorvatiyaya qarşı məhkəmə işləri üzrə yuxarıda adı çəkilən qərarlar).
Məhkəmə razılaşır ki, ödənişi həyata keçirmək üçün dövlət orqanlarına müəyyən vaxt lazımdır. Lakin söhbət həddən artıq uzun sürmüş məhkəmə araşdırmasının nəticələrini kompensasiya etmək məqsədi daşıyan hüquqi müdafiə vasitəsindən gedirsə, kompensasiyanın ödənilməsi üçün nəzərdə tutulan müddət adətən kompensasiya təyin edilməsi haqqında qərar qanuni qüvvəyə mindikdən sonra altı aydan artıq olmamalıdır.
199. Bir çox hallarda Məhkəmənin təkrar etdiyi kimi, dövlət orqanı məhkəmə qərarı üzrə borc öhdəliyinə əməl etməməsinə vəsaitin olmadığını əsas gətirməklə haqq qazandıra bilməz (bir çox digər qərarlar arasında bax: Burdovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 35).
2000. Dövlətdaxili hüquqda ağlabatan müddət haqqında tələbə uyğun kompensasiyanı təmin edən hüquqi müdafiə vasitəsinin olmasına gəldikdə, bu məsələyə aid prosessual normalar adi ziyana görə təyin edilən kompensasiyaya dair normalarla tamamilə eyni olmaya bilər. Məcburi meyar olan “səmərəlilik” meyarına hansı prosedurun cavab verdiyini hər bir dövlət öz məhkəmə sistemində tətbiq edilən qaydalara uyğun olaraq özü müəyyən etməlidir, bu şərtlə ki, həmin prosedur Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətlilik prinsiplərinə uyğun olsun.
201. Nəhayət, Məhkəmə belə hesab edir ki, dövlət məhkəmə sisteminin pis təşkili ucbatından iddiaçıları hüquqi müdafiə vasitəsinə müraciət etməyə müəyyən dərəcədə vadar edirsə, onda iddialar əsaslı olduqda iddiaçıların üzərinə həddən artıq yük düşməsinə yol verməmək üçün bu tip məhkəmə proseslərində məhkəmə xərclərinə dair qaydalar fərqli ola bilər. Bu, paradoksal görünə bilər ki, ərizə verilməzdən əvvəl və ya qərar qəbul edildikdən sonra ödənilməli olan müxtəlif vergilər tətbiq etmək vasitəsilə dövlət Konvensiyanın pozulmasına görə bir əli ilə təyin etdiyi kompensasiyanı o biri əli ilə tutub alır. Məhkəmə xərcləri həddən artıq yüksək olmamalı və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Bu məsələ ilə bağlı Məhkəmə qeyd edir ki, Polşada ərizəçilərin şikayəti əsaslı sayıldıqda onların şikayət ərizəsi vermək üçün ödədikləri məhkəmə xərcləri geri qaytarılır (bax: Çarjinski Polşaya qarşı, ərizə Nº 15212/03, AİHM 2005, hələ nəşr olunmayıb).
202. Ağlabatan müddət haqqında tələbin pozulmasına gəldikdə, iddiaçının üzərindən “qurban” statusunu götürə bilən yetərli kompensasiyanın xüsusiyyətlərindən biri daxili hüquqi müdafiə vasitəsindən istifadə nəticəsində təyin edilən məbləğlə bağlıdır. Məhkəmə artıq qeyd edib ki, ərizəçinin “qurban” statusu dövlətdaxili səviyyədə təyin edilən və barəsində ərizəçinin Məhkəməyə şikayət etdiyi faktlara əsaslanan kompensasiyanın məbləğindən asılı ola bilər (bax: Normann Danimarkaya qarşı, ərizə Nº 44704/98, 14 iyun 2001; və Yensen və Rasmussen Danimarkaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar).
203. Maddi ziyana gəldikdə, onun mövcudluğunun və miqdarının müəyyən edilməsində Məhkəməyə nisbətən daxili məhkəmələr açıq-aydın əlverişli vəziyyətdədirlər. Üstəlik, bu məsələni nə əsas tərəflər, nə də üçüncü tərəflər şübhə altına almayıblar.
204. Mənəvi ziyana gəldikdə, Məhkəmə İtaliya Kassasiya Məhkəməsi kimi (yuxarıda 70-ci bəndə bax: İtaliya Kassasiya Məhkəməsinin 8568/05 saylı qərarı) hesab edir ki, ciddi, lakin etiraz edilə bilən ehtimal mövcuddur ki, həddən artıq uzun sürən məhkəmə prosesləri mənəvi ziyana səbəb olur. O, həmçinin razılaşır ki, bəzi hallarda məhkəmə prosesinin uzun sürməsi yalnız minimal mənəvi ziyana səbəb ola, yaxud ümumiyyətlə heç bir mənəvi ziyana səbəb olmaya bilər (bax: Nardonenin işi üzrə yuxarıda adı çəkilən qərar). Bu halda daxili məhkəmələr yetərli səbəblər göstərməklə qərarlarını əsaslandırmalıdırlar.
205. Bundan başqa, Məhkəmənin fikrincə, kompensasiyanın səviyyəsi daxili hüquqi müdafiə vasitəsinin xüsusiyyətlərindən və səmərəliliyindən asılıdır.
206. Məhkəmə həmçinin tamamilə razılaşır ki, daxili qanunvericilikdə bir neçə hüquqi müdafiə vasitəsini qəbul etmiş dövlət (onlardan biri məhkəmə proseslərinin tezləşdirilməsi, digəri isə kompensasiya təyin edilməsi üçün nəzərdə tutulub) Məhkəmənin təyin etdiyi məbləğlərdən az olsa belə, hər halda ağlabatan məbləğlər təyin etməlidir, bu şərtlə ki, müvafiq qərarlar onun hüquq sisteminə və hüquq ənənələrinə və müvafiq ölkədəki yaşayış standartına uyğun olsun, yubadılmadan qəbul edilsin, əsaslandırılsın və yubadılmadan icra edilsin (bax: Dubjakova Slovakiyaya qarşı, ərizə Nº 67299/01, 10 oktyabr 2004).
Lakin daxili hüquqi müdafiə vasitəsi yuxarıdakı tələblərin hamısına cavab vermirsə, onda təyin edilmiş məbləğin səviyyəsi nəzərə alınmaqla, iddiaçının hələ də “qurban” olduğunu iddia edə bilməsi ehtimalı böyük olur.
207. Hətta ola bilər ki, kompensasiyanın məbləğini təyin edən məhkəmənin özü məhkəmə prosesini ləngitdiyini anlasın və müvafiq surətdə, sonradan buna görə ərizəçinin cəzalandırılmaması və gələcəkdə məhkəmə proseslərinin yubadılmaması üçün olduqca yüksək dərəcədə kompensasiya təyin etsin.
iii. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
208. Pinto Aktında nəzərdə tutulmuş dörd aylıq müddət hüquqi müdafiə vasitəsinin səmərəliliyi üçün zəruri olan cəldlik tələbinə cavab verir. Hazırkı işdə Reggio di Kalabria Apellyasiya Məhkəməsinin “Pinto Aktı” əsasında verilmiş ərizəni araşdırması 18 aprel 2002-ci ildən 27 iyul 2002-ci ilədək, yəni dörd aydan az davam edib ki, bu da qanunla nəzərdə tutulan müddət çərçivəsindədir.
209. Hazırkı işdə ərizəçilər təyin edilmiş kompensasiya məbləğinin ödənilməsində yubanma olduğunu iddia etməyiblər. Buna baxmayaraq, Məhkəmə belə bir faktı vurğulamaq istərdi ki, kompensasiya məqsədi daşıyan hüquqi müdafiə vasitəsinin səmərəli olması üçün o, adekvat büdcə təminatı ilə elə müşayiət olunmalıdır ki, apellyasiya məhkəməsinin kompensasiya təyin edilməsi barədə qərarları reyestrə daxil edildikdən sonra altı ay ərzində kompensasiya məbləğini ödəmək mümkün olsun, belə ki, Pinto Aktına əsasən həmin qərarlar dərhal qüvvəyə minir (yuxarıda 62-ci bəndə bax: Pinto Aktının 3-cü maddəsinin 6-cı bəndi).
210. Prosessual xərclərə gəldikdə, ərizəçilər təyin edilmiş kompensasiyanın təxminən üçdə ikisinə bərabər olan miqdarda məsrəfə məruz qalıblar. Bununla bağlı Məhkəmə hesab edir ki, prosessual məsrəflərin məbləği, xüsusən onlardan tutulan müəyyən xərclər (məsələn, məhkəmə qərarının qeydə alınması üçün) ərizəçilərin kompensasiya almaq səylərinə əhəmiyyətli dərəcədə maneə yarada bilərdi.
211. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş kompensasiyanın məbləğini qiymətləndirərkən Məhkəmə əlində olan material əsasında belə bir məsələni araşdırmalıdır ki, daxili məhkəmə tərəfindən nəzərə alınmış müddət ərzində onun özü eyni vəziyyətdə necə hərəkət edərdi?
212. Dinləmədəki tərəflərin təqdim etdikləri sənədlərə əsasən, bir tərəfdən İtaliyada şəxs ölərkən onun varislərinə mənəvi ziyana görə təyin edilən məbləğlər, habelə şəxsə xəsarət yetirilməsi ilə və ya diffamasiya ilə bağlı işlərdə mənəvi ziyana görə təyin edilən məbləğlər, digər tərəfdən isə məhkəmə araşdırmasının uzun sürməsinə aid işlərdə Məhkəmə tərəfindən 41-ci maddəyə uyğun olaraq təyin edilən məbləğlər arasında qeyri-mütənasiblik yoxdur. Müvafiq surətdə, Pinto Aktı əsasında verilmiş ərizələrlə bağlı apellyasiya məhkəmələrinin adətən təyin etdikləri kompensasiyanın səviyyəsini bu tip mülahizələrlə əsaslandırmaq olmaz.
213. Hətta daxili qanunvericilikdə nəzərdə tutulmuş hesablama metodu Məhkəmənin müəyyən etdiyi meyarlara dəqiqliklə uyğun olmasa belə, presedent hüququnun təhlili apellyasiya məhkəmələrinin analoji işlərdə Məhkəmənin təyin etdiyi məbləğlərlə müqayisədə ağlabatan olmayan məbləğlər təyin etməməsinə imkan verməlidir.
214. Hazırkı işdə Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi ərizəçilərin davranışının məhkəmə araşdırmasının uzanmasına əhəmiyyətli təsir göstərdiyini müəyyən etməyib. O, həmçinin işin mürəkkəb olduğunu da müəyyən etməyib. Apellyasiya Məhkəməsinin qərarında, görünür, yalnız üç il altı ay müddətində davam etmiş prosesin uzun sürməsi və mübahisəli məsələnin ərizəçilər üçün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alınıb. Məhkəmə xatırladır ki, mübahisəli məsələnin ərizəçilər üçün nə dərəcədə əhəmiyyətli olması yalnız yekun nəticəyə münasibətdə qiymətləndirilə bilməz, əks halda hazırda davam edən işlər heç bir dəyərə malik olmazdı. Mübahisəli məsələdə ərizəçilərin maraqlarını bütövlükdə nəzərə almaq lazımdır.
Təyin edilmiş məbləğə gəldikdə, belə görünür ki, prosesin üç il yarım gecikdirilməsinə görə 2.450 avro təyin edilməsi ildə 700 avro, yəni hər ərizəçi üçün 175 avro deməkdir. Məhkəmə qeyd edir ki, bu məbləğ İtaliyanın analoji məhkəmə işlərində adətən təyin edilən məbləğin təxminən 10%-inə bərabərdir. Bu amilin özü belə nəticəyə gəlməyə əsas verir ki, həmin məbləğ onun presedent hüququ baxımından qətiyyən ağlabatan deyil. Məhkəmə bu məsələyə 41-ci maddə kontekstində yenə qayıdacaqdır (aşağıda 272-273-cü bəndlərə bax).
215. Sonda Məhkəmə kompensasiyanın müxtəlif tələblərə cavab vermədiyini nəzərə alaraq hesab edir ki, kompensasiya məbləği yetərli olmayıb. İkinci şərt, yəni kompensasiyanın münasib və yetərli olması şərtinə əməl olunmadığına görə Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçilər hələ də özlərini “ağlabatan müddət” haqqında tələbin pozulmasının “qurbanı” hesab edə bilərlər.
216. Buna görə də Hökumətin bu etirazı da rədd edilməlidir.
C. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə riayət edilməsi
217. Palata öz qərarında müəyyən edib ki, 6-cı maddənin 1-ci bəndi pozulub, çünki prosesin uzun sürməsi “ağlabatan müddət” haqqında tələbə cavab vermir və bu, Bottatsinin işi üzrə qərarda (Palatanın qərarının 69-70-ci bəndlərinə bax) qeyd edilən praktikaya dair digər bir nümunədir.
218. Ərizəçilər ziyana görə təyin edilmiş məbləğin gülünc olmasından şikayət etdilər. Onlar bu fikirdə deyillər ki, Pinto Aktı gələcək pozuntuların qarşısını ala bilər və qeyd etdilər ki, Avropa Şurasının Nazirlər Komitəsi hesab edib ki, İtaliyada məhkəmə araşdırmasının uzun sürməsi halları hələ də çox ciddi məsələ olaraq qalır. Buna görə də onlar Böyük Palatadan xahiş etdilər ki, Palatanın qərarındakı nəticələri təsdiq etsin.
219. Hökumət İtaliyada Konvensiyaya zidd olan “praktikanın” mövcudluğu barədə Bottatsinin işi üzrə qərarda çıxarılmış nəticəyə (bax: Bottatsinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 22) etiraz etdi, çünki hazırkı işdə gələcək pozuntuların qarşısını almaq üçün çoxsaylı tədbirlər görmüş, o cümlədən Pinto Aktını qəbul etmiş dövlət tərəfindən hər hansı dözümsüzlüyə yol verilməyib.
1. Nəzərə alınmalı olan müddət
220. Məhkəmə xatırladır ki, onun presedent hüququ üçüncü tərəflərin mülki prosesə qatılması məsələsinə müəyyən fərq qoyur: əgər ərizəçi dövlətdaxili məhkəmə prosesinə yalnız öz adından qatılıbsa, onda prosesin başlanğıcı qismində nəzərə alınmalı olan müddət həmin tarixdən başlayır, amma ərizəçi varis qismində məhkəmə prosesini davam etdirmək niyyətini bəyan edibsə, bütövlükdə məhkəmə prosesinin uzun sürməsindən şikayət edə bilər (ən son qərarlar arasında bax: M.Ö. Türkiyəyə qarşı, ərizə Nº 26136/95, 19 may 2005).
221. Buna görə də, nəzərə alınmalı olan müddət 25 may 19990-cı ildən, yəni cənab A.Skordinonun Reggio di Kalabrio Apellyasiya Məhkəməsində cavabdehlərə qarşı məhkəmə prosesinə başladığı tarixdən başlayıb və 7 dekabr 1998-ci ildə, yəni Kassasiya Məhkəməsinin qərarı reyestrə daxil edilən zaman başa çatıb. Beləliklə, proses iki yurisdiksiya səviyyəsində səkkiz il yarımdan artıq davam edib.
2. Məhkəmə araşdırmasının müddətinin ağlabatan olub-olmaması
222. Məhkəmə İtaliyaya qarşı 28 iyul 1999-cu il tarixli dörd qərar çıxarmasına İtaliyada məhkəmə proseslərinin uzun sürməsinin (yuxarıda 175-ci bəndə bax) səbəb olduğunu artıq bildirib (bax: Bottatsinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 22; Ferrarinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 21; A.P.-nin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 18; Di Mauronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 23).
223. O, qeyd edir ki, Hökumətin vurğuladığı kimi, o vaxtdan bəri qanunvericilikdə daxili hüquqi müdafiə vasitəsi qəbul edilib. Lakin bu, problemin mahiyyətini həll etməyib, yəni İtaliyada məhkəmə araşdırmalarının həddən artıq uzun sürməsi davam edir. İtaliyada məhkəmə proseslərinin həddən artıq uzun sürməsi ilə bağlı Nazirlər Komitəsinin illik məruzələrindən görünür ki, bu sahədə elə bir əhəmiyyətli dəyişiklik baş verməyib. (Nazirlər Komitəsinin qətnamələri arasında bax: (2004)23 saylı qətnamə [CM/Inf/DH(2004)23] (müvafiq düzəlişlərlə), və (2005)114 saylı aralıq qətnamə [ResDH(2005)114]). Ərizəçilər kimi Məhkəmə də hesab etmir ki, Pinto Aktı vasitəsilə dövlətdaxili səviyyədə hüquqi müdafiə vasitəsinin qəbul edilməsi məhkəmə araşdırmalarının həddən artıq uzun sürməsinin qarşısını alıb. Pinto Aktı, ola bilsin ki, Məhkəməni yeni pozuntular aşkar etmək problemindən azad edib, amma əslində sadəcə olaraq bu problemi onsuz da işi yükü həddindən artıq çox olan apellyasiya məhkəmələrinə tərəf ötürüb. Bundan başqa, bəzi hallarda Kassasiya Məhkəməsinin presedent hüququ ilə (yuxarıda 63-70-ci bəndlərə bax) Məhkəmənin presedent hüququ arasında uyğunsuzluqlar olduğunu nəzərə alsaq, sonuncudan tələb olunur ki, yenə də mövcud pozuntular barədə qərar qəbul etsin.
224. Məhkəmə bir daha vurğulayır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətlərin üzərinə öz hüquq sistemlərini elə təşkil etmək vəzifəsini qoyur ki, onların məhkəmələri həmin bəndin hər bir tələbinə cavab versin. O, ədalət mühakiməsinin həyata keçirilməsinin gecikdirilməməsinin vacibliyini bir daha təsdiq etmək istəyir, çünki bu gecikdirilmə ədalət mühakiməsinin səmərəliliyinə və ona olan inama xələl gətirə bilər (bax: Bottatsinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 22). Bu məsələ ilə bağlı İtaliyanın mövqeyi pozuntuların üst-üstə yığılmasının Konvensiya ilə bir araya sığmayan praktika təşkil etdiyi barədə nəticəni şübhə altına almaq üçün kifayət edəcək qədər dəyişməyib.
225. Məhkəmə qeyd edir ki, hazırkı işdə Apellyasiya Məhkəməsi ağlabatan müddət həddinin keçildiyini müəyyən edib. Lakin bütövlükdə “Pinto Aktı” üzrə məhkəmə araşdırmasının ərizəçilərin “qurban” statusunu itirmələrinə səbəb olmaması ağlabatan müddət həddinin keçilməsinə görə 6-cı maddənin 1-ci bəndinin pozuntusu ilə bağlı ağırlaşdırıcı hal sayılır. Buna görə də Məhkəmə bu məsələyə 41-ci maddə kontekstində yenə qayıdacaqdır.
226. Tərəflərin təqdim etdikləri məlumatların və yuxarıda qeyd edilən praktikanın işığında faktları araşdıraraq və bu məsələ ilə bağlı özünün presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə məhkəmə araşdırması həddən artıq uzun sürüb və “ağlabatan müddət” haqqında tələbə cavab verməyib.
227. Buna görə də 6-cı maddənin 1-ci bəndi pozulub.
IV. KONVENSİYANIN 46-cı VƏ 41-ci MADDƏLƏRİNİN TƏTBİQİ
A. Konvensiyanın 46-cı maddəsi
228. 46-cı maddəyə əsasən:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir”.
1. Müsadirəyə görə kompensasiya
229. Məhkəmənin çıxardığı nəticələrdə nəzərdə tutulur ki, ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən hüququnun pozulması İtaliya qanunvericiliyinin qeyri-normal işləməsindən irəli gələn geniş yayılmış bir problemi qaldırıb, həmin problem çoxlu sayda insanlara təsir göstərib və gələcəkdə də təsir göstərə bilər. Müsadirəyə görə “haqlı olaraq mülkiyyətin dəyəri ilə əlaqələndirilən” kompensasiyanın alınması yolunda əsassız maneələrin yaradılmasının səbəbi hər hansı ayrıca bir insident deyil; eyni zamanda, ərizəçilərin işində baş vermiş hər hansı konkret hadisələr də onun səbəbi deyil. O, qanunun konkret vətəndaşlar kateqoriyasına, yəni torpaq sahələri müsadirə olunmuş şəxslərə tətbiqinin nəticəsidir.
230. Bu problemin mövcudluğu və sistemli xarakteri İtaliyanın məhkəmə orqanları tərəfindən etiraf edilməyib. Lakin Konstitusiya Məhkəməsinin 1983-cü il tarixli 223 saylı (yuxarıda 55-ci bəndə bax) və 1993-cü il tarixli 442 saylı (yuxarıda 60-cı bəndə bax) qərarlarından müəyyən parçalar (həmin qərarlarda Konstitusiya Məhkəməsi qanunverici orqanı real kompensasiya (serio ristoro) haqqında qanunvericilik müddəaları qəbul etməyə çağırıb və qərara alıb ki, 359/1992 saylı Qanunun 5-ci maddəsi təcili və müvəqqəti xarakter daşıdığına görə Konstitusiyaya uyğundur) göstərir ki, Konstitusiya Məhkəməsi qanunverici orqan tərəfindən həll edilməli olan struktur problemini aşkar edib və vurğulayıb.
Məhkəmənin fikrincə, işin faktları İtaliya hüquq sistemində qüsurların olduğunu aşkara çıxarır, həmin qüsurların nəticəsində bütöv bir fərdlər kateqoriyası mülkiyyətlərindən maneəsiz istifadə hüququndan məhrum edilib və ya məhrum edilməkdədir. O, həmçinin hesab edir ki, konkret olaraq ərizəçinin işində aşkar edilmiş qanunvericilikdəki boşluqlar, “Müsadirə haqqında normalar məcəlləsi” vasitəsilə 359/1992 saylı Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş kompensasiya meyarlarının kodifikasiya edildiyini nəzərə alsaq (yuxarıda 61-ci bəndə bax), sonradan çoxlu sayda əsaslı ərizələrin təqdim edilməsinə səbəb ola bilər.
231. Konvensiyanın bərqərar etdiyi mexanizmin səmərəliliyini təmin etmək məqsədi daşıyan tədbirlərin tərkib hissəsi qismində Avropa Şurasının Nazirlər Komitəsi hüquq sistemindəki problemi aşkara çıxaran və köklərini göstərən məhkəmə qərarları ilə bağlı 12 may 2004-cü ildə (2004)3 saylı qətnamə (Res(2004)3) qəbul etdi, həmin qətnamədə (preambulanın yeddinci abzasında) o, problemlərin köklərini aşkara çıxarmaqda və zəruri tədbirləri icra etməkdə müvafiq dövlətə yardım etməkdə maraqlı olduğunu vurğuladıqdan sonra Məhkəməni “Konvensiyanın pozuntusunu müəyyən edən qərarlarında hüquq sistemindəki əsaslı problemin nədən ibarət olduğu barədə və həmin problemin mənbəyi haqqında mülahizələrini bildirməklə (xüsusən problemin, çox güman ki, çoxlu sayda ərizələrin verilməsinə səbəb olacağı hallarda) müvafiq həllin tapılmasında dövlətlərə və məhkəmə qərarlarının icrasına nəzarət etməkdə Nazirlər Komitəsinə kömək etməyə” (qətnamənin I bəndi) dəvət etdi. Bu qətnamənin məqsədi strukturdakı və ya sistemdəki eyni qüsurlara görə silsilə işlərin yığılması ucbatından Məhkəmənin iş yükünün artmasını aradan qaldırmaq idi.
232. Bu məsələ ilə bağlı Məhkəmə diqqəti daxili hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsinə dair Nazirlər Komitəsinin 12 may 2004-cü il tarixli (2004)6 saylı qətnaməsinə (Rec(2004)6) cəlb edir, həmin qətnamədə Nazirlər Komitəsi xatırladıb ki, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş öhdəlikdən, yəni hər kəsin əsaslı iddiası ilə bağlı dövlət orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsinə malik olmasını təmin etmək öhdəliyindən əlavə, dövlətlər həm də ümumi öhdəlik, yəni aşkar edilmiş pozuntuların kökündə duran problemləri həll etmək öhdəliyini daşıyırlar. Nazirlər Komitəsi milli səviyyədə, xüsusən təkrarlanan hallarla bağlı, hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsinin Məhkəmənin iş yükünün azalmasına şərait yaradacağını vurğulayaraq, tövsiyə edib ki, Məhkəmənin milli qanunvericilikdə və ya praktikada struktur çatışmazlıqlarını və ümumi qüsurları qeyd edən qərarlarından sonra üzv dövlətlər mövcud daxili hüquqi müdafiə vasitələrinin səmərəliliyini nəzərdən keçirsinlər və “zərurət olduqda təkrarlanan işlərin Məhkəməyə verilməsinin qarşısını almaq üçün səmərəli hüquqi müdafiə vasitələri yaratsınlar”.
233. Konvensiyanın 41-ci maddəsi əsasında əvəzin ədalətli ödənilməsi barədə ərizəçilər tərəfindən qaldırılmış tələbləri araşdırmazdan əvvəl Məhkəmə işin hallarını nəzərə alaraq və öz iş yükünü qiymətləndirərək öncə Konvensiyanın 46-cı maddəsinin cavabdeh dövlət üçün nə kimi nəticələr doğurduğunu araşdırmağı məqsədəuyğun sayır. O, xatırladır ki, 46-cı maddəyə əsasən Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarlarını icra etməyi öhdələrinə götürürlər, həmin qərarların icrasına isə Nazirlər Komitəsi nəzarət edir. Bu maddənin doğurduğu nəticələrdən biri ondan ibarətdir ki, Məhkəmə pozuntu aşkar etdiyi hallarda cavabdeh dövlət təkcə 41-ci maddədə nəzərdə tutulan əvəzin ədalətli ödənilməsi qaydasında təyin edilmiş məbləğləri müvafiq şəxslərə ödəməkdən ibarət hüquqi öhdəliklə yanaşı, həm də Nazirlər Komitəsi tərəfindən nəzarətin olması şərti ilə, Məhkəmənin müəyyən etdiyi pozuntuya son qoymaq və onun nəticələrini mümkün qədər aradan qaldırmaq üçün öz daxili hüquq sistemində qəbul edilməli olan ümumi və (və ya) fərdi tədbirləri seçmək öhdəliyini daşıyır. Cavabdeh dövlət, Nazirlər Komitəsi tərəfindən müşahidənin olması şərti ilə, Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş hüquqi öhdəliklərini yerinə yetirmək üçün vasitələri seçməkdə azaddır, bu şərtlə ki, həmin vasitələr Məhkəmənin qərarında əks olunmuş nəticələrə uyğun olsun (bax: Skotsari və Ciunta İtaliyaya qarşı [GC], ərizələr Nº 39221/98 və 41963/98, b. 249, AİHM 2000-VIII; və Broniovski Polşaya qarşı [GC], ərizə Nº 31443/96, b. 192, AİHM 2004-V).
234. Bundan başqa, Konvensiyaya, xüsusən onun 1-ci maddəsinə əsasən, iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən daxili qanunvericiliklərinin Konvensiyaya uyğun olmasını təmin etməyi öhdələrinə götürürlər (bax: Maestri İtaliyaya qarşı [GC], ərizə Nº 39748/98, b. 47, AİHM 2004-I).
235. Məhkəmə artıq qeyd edib ki, hazırkı işdə onun müəyyən etdiyi pozuntu çoxlu sayda insanlara, yəni torpaq sahələri müsadirə olunmuş fərdlərə təsir göstərən situasiyanın nəticəsidir (yuxarıda 99-104-cü bəndlərə bax). Artıq Məhkəmədə mülkiyyət müsadirəsinə məruz qalmış şəxslərin verdiyi onlarla ərizə vardır ki, həmin işlərə etiraz edilən kompensasiya meyarları tətbiq edilib. Bu təkcə cavabdeh dövlətin Konvensiya üzrə məsuliyyətini ağırlaşdıran hal deyil, həm də Konvensiyanın bərqərar etdiyi sistemin gələcək səmərəliliyini təhlükə altına alan haldır.
236. Cavabdeh dövlətin Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün hansı tədbirlərin məqsədəuyğun olduğunu müəyyən etmək nəzəri cəhətdən Məhkəmənin işi deyil. Lakin Məhkəmə dövlətin hüquq sistemi ilə bağlı aşkara çıxardığı situasiyanı nəzərə alaraq, qeyd etmək istərdi ki, bu qərarın icrası üçün milli səviyyədə ümumi tədbirlərin görülməsi, şübhəsiz ki, tələb olunur və həmin tədbirlər problemin çoxlu sayda insana təsir göstərdiyini nəzərə almalıdır. Bundan başqa, görülən tədbirlər Məhkəmənin müəyyən etdiyi pozuntunun kökündə duran hüquq sistemindəki qüsurları elə həll etməlidir ki, eyni səbəbə görə verilən çoxlu sayda ərizələr Konvensiyanın bərqərar etdiyi sistemə xələl gətirməsin. Buna görə də belə tədbirlər zərər çəkmiş şəxsləri ərizəçilərin işi üzrə bu qərarda müəyyən edilmiş Konvensiya pozuntusuna görə kompensasiya ilə təmin edən mexanizmi özündə ehtiva etməlidir. Bu məsələ ilə bağlı Məhkəmə milli sistemdə insan hüquqlarının müdafiəsi sahəsində aşkar edilmiş qüsurun vaxtında və səmərəli şəkildə aradan qaldırılmasına yardım göstərməkdə maraqlıdır. Belə qüsur aşkar edildikdə dövlət orqanları, Nazirlər Komitəsi tərəfindən nəzarətin olması şərti ilə, Konvensiya əsasında subsidiarlıq prinsipinə uyğun olaraq zəruri tədbirlər (zərurət olduqda retrospektiv xarakterli tədbirlər) görmək vəzifəsini daşıyırlar, onlar elə etməlidirlər ki, Məhkəmə oxşar işlərdə silsilə pozuntuların baş verdiyi barədə təkrar-təkrar qərarlar çıxarmaq məcburiyyətində qalmasın (bax: Bottatsi İtaliyaya qarşı [GC], ərizə Nº 34884/97, b. 22, AİHM 1999-V; Di Mauro İtaliyaya qarşı [GC], ərizə Nº 34256/96, b. 23, AİHM 1999-V; və Nazirlər Komitəsinin 25 oktyabr 2000-ci il tarixli 135 saylı aralıq qətnaməsi [ResDH(2000)135] (İtaliyada məhkəmə proseslərinin həddən artıq uzanması: ümumi tədbirlər); həmçinin bax: Brusko İtaliyaya qarşı, ərizə Nº 69789/01, AİHM 2001-IX; və Ciakometti və başqaları İtaliyaya qarşı, ərizə Nº 34939/97, AİHM 2001-XII).
237. Cavabdeh dövlətin Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliklərinə riayət edib-etmədiyini qiymətləndirmək üçün Məhkəmə bu işdə aşkar edilmiş hüquq sistemi ilə bağlı situasiyaya son qoymaq üçün İtaliya dövlətinin hansı növ tədbirləri həyata keçirməli olduğunu göstərməyə çalışıb. O, hesab edir ki, cavabdeh dövlət hər şeydən əvvəl müsadirə edilmiş mülkiyyətin dəyəri ilə ağlabatan nisbətdə olan kompensasiya təyin edilməsi yolundakı bütün maneələri aradan qaldırmalı və müvafiq surətdə, qanunverici, inzibati və büdcə tədbirlərini görmək vasitəsilə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş maddi hüquqların qorunması prinsiplərinə, xüsusən də kompensasiya tədbirlərinə tətbiq edilən prinsiplərə uyğun olaraq, mülkiyyətin müsadirəsinin təsir göstərdiyi digər iddiaçıların müvafiq hüquqlarının səmərəli şəkildə və vaxtında qorunmasını təmin etməlidir (yuxarıda 93-98-ci bəndlərə bax).
2. Məhkəmə araşdırmalarının həddən artıq uzun sürməsi
238. Hazırda yüzlərlə iş Məhkəmə tərəfindən həllini gözləyir, bunlar Kassasiya Məhkəməsi əvvəlki presedentlərdən kənarlaşana qədər “Pinto Aktı” üzrə məhkəmə proseslərində apellyasiya məhkəmələrinin təyin etdiyi məbləğlərlə və (və ya) həmin məbləğlərin ödənilməsinin gecikdirilməsi ilə bağlı işlərdir. Məhkəmə İtaliyanın presedent hüququnda baş vermiş təqdirəlayiq inkişafdan və xüsusən Kassasiya Məhkəməsinin plenar iclasının son qərarından (yuxarıda 68-ci bəndə bax) məmnun olduğunu etiraf etsə də, təəssüflə qeyd edir ki, pozuntuya səbəb olmuş bir qüsur düzəldildiyi halda həmin qüsura bənzər digər bir qüsur meydana çıxır: bu dəfə qərarların icrası yubadılır. Bunu dəfələrlə təkrar etməyə ehtiyac yoxdur ki, dövlətlər ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsi üçün hər cür şərait yaratmaqdan ötrü zəruri və adekvat vasitələri təmin etməlidirlər.
239. 12 may 2004-cü il tarixli 6 saylı tövsiyəsində (Rec (2004)6) Nazirlər Komitəsi Konvensiyanın bütün üzv dövlətlərin daxili hüquq sisteminin tərkib hissəsinə çevrilməsi faktını alqışlamaqla yanaşı, üzv dövlətlərə tövsiyə edib ki, daxili hüquqi müdafiə vasitələrinin mövcudluğunu və səmərəliliyini təmin etsinlər. Bununla bağlı Məhkəmə vurğulamaq istərdi ki, daxili hüquqi müdafiə vasitəsinin mövcudluğu zəruri olsa da, kifayət deyil. Daxili məhkəmələr, daxili qanunvericiliyə əsasən, Avropanın presedent hüququnu birbaşa tətbiq etmək iqtidarında olmalıdırlar və müvafiq dövlət onların həmin presedent hüququna bələd olmalarına şərait yaratmalıdır. Məhkəmə bununla bağlı diqqəti Nazirlər Komitəsinin qəbul etdiyi “İnsan hüquqları haqqında Avropa Konvensiyasının və Məhkəmənin presedent hüququnun mətninin üzv dövlətlərdə nəşr olunmasına və yayılmasına dair” 18 dekabr 2002-ci il tarixli (2002)13 saylı tövsiyənin (Rec (2002)13) və “İnsan hüquqları haqqında Avropa Konvensiyası ali təhsildə və peşə təlimlərində” adlı 12 may 2004-cü il tarixli (2002)4 saylı tövsiyənin (Rec (2004)4) məzmununa yönəldir, habelə Nazirlər Komitəsinin qəbul etdiyi “Ədalət mühakiməsinin səmərəliliyi uğrunda Avropa Komissiyası”nın yaradılmasını nəzərdə tutan 2002-ci il tarixli (2002)12 saylı qətnaməni (Rec (2002)12) və 2005-ci ilin mayında Varşava sammitində üzv dövlətlərin dövlət və hökumət başçılarının “Ədalət mühakiməsinin səmərəliliyi uğrunda Avropa Komissiyası”nın qiymətləndirmə və yardım funksiyalarının inkişaf etdirilməsi barədə qəbul etdikləri qərarı xatırladır. 12 may 2004-cü il tarixli (2002)4 saylı tövsiyəsində (Rec (2004)4) Nazirlər Komitəsi həmçinin xatırladır ki, dövlətlər aşkar edilmiş pozuntuların kökündə duran problemləri həll etməkdən ibarət ümumi öhdəlik daşıyırlar.
240. Məhkəmə bir daha xatırladır ki, cavabdeh dövlət, Nazirlər Komitəsi tərəfindən müşahidənin olması şərti ilə, Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş hüquqi öhdəliklərini yerinə yetirmək üçün vasitələri seçməkdə azaddır, bu şərtlə ki, həmin vasitələr Məhkəmənin qərarında əks olunmuş nəticələrə uyğun olsun (bax: Skotsari və Ciunta İtaliyaya qarşı [GC], ərizələr Nº 39221/98 və 41963/98, b. 249, AİHM 2000-VIII; və Broniovski Polşaya qarşı [GC], ərizə Nº 31443/96, b. 192, AİHM 2004-V), Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş öhdəliklərinə əməl etmək üçün cavabdeh dövlət tərəfindən hansı tədbirlərin görülə biləcəyini müəyyən etmək isə Məhkəmənin işi deyil, lakin eyni zamanda, Məhkəmə diqqəti yuxarıda qeyd edilən, bu tip işlərdə şəxsin hələ də “qurban” olduğunu iddia etməsini mümkün edən şərtlərə yönəldir (yuxarıda 173-216-cı bəndlərə bax).
Məhkəmə cavabdeh dövləti dövlətdaxili qərarların təkcə Məhkəmənin presedent hüququna uyğun olmasını deyil, həm də reyestrə daxil edildikdən sonra altı ay ərzində icra edilməsini təmin etmək üçün bütün tədbirləri görməyə dəvət edir.
V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
B. Konvensiyanın 41-ci maddəsi
241. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
1. Maddi ziyan
a. Palatanın qərarı
242. Palata qərarında (111-112-ci bəndlər) aşağıdakıları bildirib:
“Məhkəmə müəyyən etdi ki, ərizəçilərin mülkiyyətinin müsadirəsi qanunilik şərtinə cavab verib və hüquqa zidd olmayıb. İtaliya Hökumətinin hərəkəti ona görə Məhkəmə tərəfindən Konvensiyaya zidd sayıldı ki, ağlabatan kompensasiya ödənilməmişdi, əks halda müsadirə qanuni sayıla bilərdi. Məhkəmə 20%-lik vergi tutulmasını qanunsuz hesab etməsə də işin qiymətləndirilməsində bu amili nəzərə aldı. Nəhayət, Məhkəmə 5-ci maddənin ərizəçilərin işinə tətbiq edilməsi ilə əlaqədar olaraq ərizəçilərin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etdi.
Bu amilləri nəzərə alaraq və qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə ərizəçilərə 410.000 avro təyin edilməsini ağlabatan hesab edir”.
b. Tərəflərin arqumentləri
i) Ərizəçilər
243. Ərizəçilər 2359/1865 saylı Qanuna əsasən ala biləcəkləri kompensasiya məbləği ilə 359/1992 saylı Qanuna uyğun olaraq onlara təyin edilmiş məbləğ arasındakı fərqin onlara ödənilməsini tələb etdilər. Bu məbləğ torpaq sahəsinin müsadirə edildiyi 1983-cü ildə 123.815,56 avroya bərabər idi. Bu məbləğin üzərinə 2005-ci il üçün qanunla nəzərdə tutulmuş məcmu faiz (297.849,76 avro) və indeksləşdirilmiş məbləğ (123.815,56 avro) əlavə olunmalıdır. Beləliklə, 2005-ci il üçün indeksləşdirilmiş kapital və üst-üstə yığılmış faizlər 620.403,16 avroya bərabərdir. Ərizəçilər Palatanı onlara yetərli faiz təyin etmədiyinə görə tənqid etdilər.
244. Ərizəçilər həmçinin müsadirəyə görə verilən kompensasiya məbləğindən çıxılmış 20%-lik vergi məbləğinin onlara qaytarılmasını tələb etdilər, bu məbləğ də indeksləşdirilməli və 2005-ci il üçün faizlər bu məbləğdə də nəzərə alınmalıdır. Onda bu məbləğ 137.261,34 avroya bərabər olur.
ii) Cavabdeh dövlət
245. Hökumət bildirdi ki, işin mahiyyəti üzrə təqdim etdiyi arqumentlərin işığında Konvensiyanın 41-ci maddəsi üzrə heç bir məbləğ təyin edilməməlidir. Hökumət qeyd etdi ki, Məhkəmə bununla razı olmasa, ədalətli kompensasiya son dərəcə diqqətlə hesablanmalı olan məbləğədək azaldılmalıdır və sözsüz ki, Palatanın təyin etdiyi məbləğdən və torpaq sahəsinin bazar qiymətindən aşağı olmalıdır.
c. Məhkəmənin qiymətləndirməsi
246. Məhkəmə xatırladır ki, pozuntunun müəyyən edildiyi barədə onun çıxardığı qərar cavabdeh dövlətin üzərinə belə bir hüquqi öhdəlik qoyur ki, pozuntuya son qoysun və onun nəticələrinə görə elə kompensasiya ödəsin ki, həmin kompensasiya pozuntudan əvvəl mövcud olmuş vəziyyəti mümkün qədər bərpa edə bilsin (bax: İatridis Yunanıstana qarşı (əvəzin ədalətli ödənilməsi) [GC], ərizə Nº 31107/96, b. 32, AİHM 2000-XI).
247. Hər hansı işdə tərəf olan iştirakçı dövlətlər pozuntunun müəyyən edildiyi Məhkəmə qərarını yerinə yetirmək üçün vasitələri seçməkdə prinsipcə azaddırlar. Qərarın icra üsulunun seçilməsində bu sərbəstlik iştirakçı dövlətlərin Konvensiya üzrə birinci dərəcəli vəzifəsinə – Konvensiyanın təmin etdiyi hüquq və azadlıqları (maddə 1) təmin etmək vəzifəsinə xas olan seçim azadlığını əks etdirir. Pozuntunun xarakteri ilkin hüquqi vəziyyətin bərpasına imkan verirsə, onda bunu həyata keçirmək vəzifəsi cavabdeh dövlətin üzərinə düşür, Məhkəmənin bunu etməyə nə səlahiyyət, nə də praktiki cəhətdən imkanı var. Digər tərəfdən, əgər milli qanunvericilik pozuntunun nəticələrinin kompensasiyasına yol vermirsə, yaxud yalnız qismən yol verirsə, 41-ci maddə Məhkəməyə səlahiyyət verir ki, zərər çəkmiş tərəfə məqsədəuyğun hesab etdiyi kompensasiyanı təyin etsin (bax: Brumaresku Rumıniyaya qarşı (əvəzin ədalətli ödənilməsi) [GC], ərizə Nº 28342/95, b. 20, AİHM 2001-I).
248. Məhkəmə artıq müəyyən edib ki, bu işdə nəzərdən keçirilən müdaxilə qanunilik şərtinə cavab verir və hüquqa zidd deyil (79-80-ci bəndlərə bax). İtaliya Hökumətinin hərəkəti ona görə Məhkəmə tərəfindən Konvensiyaya zidd sayıldı ki, yetərli kompensasiya ödənilməmişdi, əks halda müsadirə qanuni sayıla bilərdi (99-104-cü bəndlərə bax). Bundan başqa, Məhkəmə artıq müəyyən edib ki, 359/1992 saylı Qanunun 5-ci maddəsinin retrospektiv tətbiqi ərizəçiləri onların işinə tətbiq edilməli olan 2359/1865 saylı Qanun əsasında mülkiyyətin bazar qiymətinə uyğun kompensasiya almaq imkanından məhrum edib (yuxarıda 127-133-cü bəndlərə bax).
249. Bu işdə Məhkəmə hesab edir ki, müəyyən edilmiş pozuntuların xarakteri əvvəlki vəziyyətin bərpa edilə biləcəyini güman etməyə imkan vermir (bax: Papamixalopulosun işi üzrə yuxarıda adı çəkilən qərar (keçmiş 50-ci maddə), bu işdə pozuntuya qədərki vəziyyətin bərpası mümkün idi). Buna görə də, mülkiyyətin dəyərinə ekvivalent olan kompensasiya təyin edilməlidir.
250. Mülkiyyətdən bu cür məhrum edilmənin qanuniliyi cavabdeh dövlətin ödəməli olduğu kompensasiya məbləğinin müəyyən edilməsində istifadə edilməli olan meyarlara labüd surətdə təsir göstərir, çünki qanuni müsadirənin maddi nəticələri qanunsuz müsadirəyə görə təyin edilən kompensasiya ilə bir tutula bilməz (bax: Keçmiş Yunanıstan kralı və başqaları Yunanıstana qarşı (əvəzin ədalətli ödənilməsi) [GC], ərizə Nº 25701/94, b. 75, AİHM 2002).
251. Məhkəmə Papamixalopulos və başqaları Yunanıstana qarşı məhkəmə işində (bax: Papamixalopulosun işi üzrə yuxarıda adı çəkilən qərar (keçmiş 50-ci maddə), s. 59, b. 36 və 39) analoji mövqe tutdu. O, bu işdə de fakto qanunsuz müsadirə (torpağın 1967-ci ildən yunan donanması tərəfindən zəbt olunması) ilə bağlı pozuntu müəyyən etdi, bu pozuntu həmin iş üzrə əsas qərarın qəbul edildiyi 24 iyun 1993-cü ilədək iyirmi beş ildən artıq davam etmişdi. Buna görə də, Məhkəmə Yunanıstan Hökumətinə göstəriş verdi ki, ərizəçilərə məruz qaldıqları ziyana görə və dövlət orqanlarının torpağı özlərində saxlamaları ucbatından mülkiyyətdən istifadənin mümkünsüzlüyü ilə bağlı itkilərə görə torpağın cari qiymətinə uyğun məbləğ təyin etsin və torpaq zəbt olunandan bəri orada inşa edilmiş binaların mövcudluğu ilə əlaqədar olan qiymət artımı da nəzərə alınsın.
252. Məhkəmə bu yanaşmanı İtaliyaya aid iki işdə də nümayiş etdirdi, bu işlər qanunilik prinsipinə cavab verməyən müsadirələrlə bağlı idi. Birinci işdə, yəni “Belvedere Alberghiera S.r.l.” İtaliyaya qarşı məhkəmə işində (əvəzin ədalətli ödənilməsi, ərizə Nº 31524/96, b. 34-36, 30 oktyabr 2003) o, qərara aldı ki:
“Pozuntunun kökündə qanunsuz müsadirə dayandığına görə, kompensasiya labüd olaraq mülkiyyətin tam dəyərini əks etdirməlidir.
Buna görə də Məhkəmə maddi ziyanla bağlı qərara alır ki, ərizəçiyə təyin edilməli olan kompensasiya mülkiyyətin zəbt edildiyi tarixdə mövcud olan dəyəri ilə məhdudlaşmamalıdır. Bu səbəbdən Məhkəmə sözügedən torpağın cari dəyərinin və ziyanla bağlı digər bəndlərin qiymətləndirilməsi üçün ekspertə müraciət etmişdir.
Məhkəmə qərara alır ki, dövlət ərizəçiyə torpağın hazırkı dəyərini ödəməlidir. Dövlət orqanlarının 1987-ci ildən torpağı özlərində saxlamaları ucbatından torpaqdan istifadənin mümkünsüzlüyünə görə ərizəçinin məruz qaldığı itkilər və mülkiyyətin dəyərinin aşağı düşməsinə görə kompensasiya da həmin məbləğə əlavə olunmalıdır. Bundan başqa, cavabdeh dövlət ekspertin rəyinə dair qeydlərini bildirmədiyinə görə, mehmanxana fəaliyyətindən gələn gəlirlərin itirilməsinə görə kompensasiya da təyin olunmalıdır”.
253. İkinci işdə isə (Karbonara və Ventura İtaliyaya qarşı (əvəzin ədalətli ödənilməsi), ərizə Nº 24638/94, b. 40-41, 11 dekabr 2003) Məhkəmə elan etdi ki:
“Buna görə də, Məhkəmə maddi ziyanla bağlı qərara alır ki, ərizəçiyə təyin edilməli olan kompensasiya mülkiyyətin zəbt edildiyi tarixdə mövcud olan dəyəri ilə məhdudlaşmamalıdır. Bu səbəbdən Məhkəmə sözügedən torpağın cari dəyərinin və ziyanla bağlı digər bəndlərin qiymətləndirilməsi üçün ekspertə müraciət etmişdir. Bu dəyər hipotetik şərtlərdən, yəni torpağın 1970-ci ildəki vəziyyətdə olduğunun ehtimal edilməsindən asılı deyil. Ekspert rəyindən aydın olur ki, o vaxtdan bəri binaların, o cümlədən məktəbin tikilməsi səbəbindən torpağın və ətraf yerlərin (torpağın yeri şəhərsalma potensialı baxımından yaxşı imkanlara malikdir) qiyməti artıb.
Məhkəmə qərara alır ki, dövlət ərizəçilərə məruz qaldıqları ziyana görə kompensasiya ödəməli, habelə dövlət orqanlarının 1970-ci ildən torpağı özlərində saxlamaları ucbatından torpaqdan istifadənin mümkünsüzlüyünə görə ərizəçinin məruz qaldığı itkiləri, torpağın cari dəyərini və torpaq üzərində inşa edilmiş binalardan əldə edilən gəlirləri ödəməlidir. Bundan başqa, cavabdeh dövlət ekspertin rəyinə dair qeydlərini bildirmədiyinə görə, mehmanxana fəaliyyətindən gələn gəlirlərin itirilməsinə görə kompensasiya da təyin olunmalıdır.
Kompensasiya məbləğinin müəyyən edilməsinə gəldikdə, Məhkəmə ərizəçilərin məruz qaldığı ziyanın qiymətləndirilməsi ilə bağlı ekspert rəyində çıxarılmış nəticələri qəbul edir. Həmin məbləğ 1.385.394,60 avroya bərabərdir”.
254. Mülkiyyətdən qanunsuz məhrum edilmə ilə bağlı olan yuxarıdakı üç işin təhlili göstərir ki, ərizəçilərin məruz qaldığı itkiləri tam kompensasiya etmək üçün məbləğlər təyin edərkən Məhkəmə cari əmlak bazarında torpağın hazırkı dəyərini nəzərə alıb. O, həmçinin mümkün olan hallarda müsadirəni həyata keçirmiş dövlət orqanının inşa etdiyi binaların dəyərinin hesablanması əsasında sözügedən torpağın potensialını müəyyən edərək maliyyə itkilərini kompensasiya etməyə çalışıb.
255. Yuxarıda qeyd edilən işlərdə təyin edilmiş məbləğlərdən fərqli olaraq, bu işdə müəyyən edilməli olan kompensasiya etiraz edilən müdaxilənin nəticələrinin tam aradan qaldırılması ideyasını əks etdirmir. Hazırkı işdə həqiqətən adekvat kompensasiya ödənilməyib, lakin eyni zamanda 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasının əsasını təşkil edən qanunsuz müsadirə baş verməyib.
256. Adekvat kompensasiyanın məbləğini (həmin məbləğ mülkiyyətin tam dəyərini əks etdirməyə də bilər) təyin edərkən Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı qərarlarında müəyyən etdiyi meyarlara əsaslanmalıdır, həmin meyarlara əsasən, mülkiyyətin dəyəri ilə ağlabatan nisbətdə olan məbləğ ödənilmirsə, mülkiyyətdən məhrum edilmə adətən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən haqq qazandırılması mümkün olmayan qeyri-mütənasib müdaxilə təşkil edir (bax: Ceyms və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, s. 36, b. 54). Məhkəmə xatırladır ki, bir çox qanuni müsadirə hallarında, məsələn, yol çəkmək və ya “ictimai maraqlara” xidmət edən digər məqsədlər üçün torpaq sahəsi müsadirə edilən zaman yalnız tam kompensasiya mülkiyyətin dəyərinin ağlabatan nisbətdə ödənilməsi sayıla bilər (bax: Keçmiş Yunanıstan kralı Yunanıstana qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar (əvəzin ədalətli ödənilməsi), b. 36). Lakin qanuni “ictimai maraq” məqsədini, məsələn, iqtisadi islahatların həyata keçirilməsinə yönələn və ya daha çox sosial ədalətə nail olmaq məqsədini daşıyan tədbirlər mülkiyyətin tam bazar qiymətindən bir qədər aşağı məbləğin ödənilməsini tələb edə bilər (yenə eyni qərara bax).
257. Hazırkı işdə Məhkəmə kompensasiya məbləğinin torpağın bazar dəyərindən xeyli aşağı olduğunu və yuxarıda 95-ci bənddə əks olunmuş qaydadan kənara çıxmağa haqq qazandıran “ictimai maraq” əsaslarının olmadığını nəzərə alaraq, “ədalətli balansa” riayət edilmədiyini müəyyən edib, həmin qaydaya əsasən, ictimai maraq mövcud yoxdursa və söhbət mülkiyyətin “xüsusi müsadirəsindən” gedirsə, adekvat kompensasiya mülkiyyətin bazar dəyərinə uyğun olmalıdır (yuxarıda 99-104-cü bəndlərə bax).
Buradan belə nəticə çıxır ki, hazırkı işdə müsadirəyə görə adekvat kompensasiya mülkiyyətin bazar dəyərinə uyğun olmalıdır. Müvafiq surətdə, Məhkəmə torpağın bazar dəyəri ilə ərizəçilərin milli səviyyədə aldıqları kompensasiya arasındakı fərqə bərabər olan məbləği ərizəçilərə təyin edəcəkdir.
258. Palata kimi Böyük Palata da mülkiyyətin müsadirə anındakı qiymətinə, yəni məhkəmələrin təyin etdiyi ekspertlərin daxili məhkəmə araşdırmasında tərtib etdikləri rəylərində qeyd edilmiş qiymətə (1983-cü ildə hər kvadrat metrə 165.755 İTL; yuxarıda 32-ci və 37-ci bəndlərə bax) əsaslanmağı məqsədəuyğun hesab edir, ərizəçilər də öz tələblərində məhz bu qiymətə əsaslanıblar (yuxarıda 243-244-cü bəndlərə bax). Kompensasiya məbləğinin adekvat olmamasına səbəb ola bilən müxtəlif halları, məsələn, uzun müddət keçdiyinə görə inflyasiya ucbatından ödənilən məbləğin az ola biləcəyini nəzərə alsaq (bax: “Strən” neftayırma zavodları və Stratis Andreadis Yunanıstana qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, s. 90, b. 82; həmçinin müvafiq dəyişikliklərlə bax: Motais de Narbonne Fransaya qarşı (əvəzin ədalətli ödənilməsi), ərizə Nº 48161/99, b. 20-21, 27 may 2003), onda dövlətdaxili səviyyədə alınmış məbləğ çıxıldıqdan və torpağın 1983-cü ildəki bazar qiyməti ilə indiki qiyməti arasındakı fərq hesablandıqdan sonra müəyyən edilən məbləğ inflyasiyanın təsiri nəzərə alınmaqla cari məbləğə çevrilməlidir. Bundan başqa, ərizəçilərin torpaqdan məhrum edilməsindən uzun müddətin keçdiyini nəzərə alaraq, həmin məbləğin üzərinə faiz (ən azı qismən) hesablanmalıdır. Məhkəmənin fikrincə, bu faiz qanunla nəzərdə tutulan adi faiz dərəcəsi formasında olmalıdır. Nəhayət, müsadirəyə görə dövlətdaxili səviyyədə təyin edilmiş kompensasiya məbləğindən 20% vergi tutulmasına gəldikdə, Palata kimi Böyük Palata da bu verginin tətbiqinin qanunsuz olduğunu müəyyən etmədi, lakin faktlara qiymət verərkən bu amili nəzərə aldı (yuxarıda 101-ci bəndə bax).
259. Yuxarıdakı amilləri nəzərə alaraq və ədalət prinsipi əsasında qərar verərək, Məhkəmə ərizəçilərə 580.000 avro təyin edilməsini ağlabatan hesab edir, həmin məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
2. Məhkəmə araşdırmasının uzun sürməsi nəticəsində dəymiş mənəvi ziyan
a. Palatanın qərarı
260. Palata öz qərarında bu məsələ ilə bağlı müəyyən etdi ki, 41-ci maddənin tətbiqi məsələsi hələ qərar çıxarmaq üçün hazır deyil və onun həllini sonraya saxladı (Palatanın qərarının 115-ci bəndinə bax).
b. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
i) Ərizəçilər
261. Ərizəçilər məhkəmə araşdırmasının uzun sürməsi ucbatından hər birinin məruz qaldığı mənəvi ziyana görə kompensasiyanı 6.000 avro, yəni ümumilikdə 24.000 avro məbləğində hesabladılar.
ii) Cavabdeh Hökumət
262. Hökumət Məhkəmənin bu tip pozuntularla bağlı mənəvi ziyana görə müəyyən etdiyi meyarlara prinsipcə etiraz etmədi və ondan xahiş etdi ki, yalnız ağlabatan müddət həddini keçən və dövlətin cavabdehlik daşıdığı gecikdirmələr nəzərə alınmaqla hesablanan ədalətli kompensasiya məbləğini göstərsin. O, həmçinin Məhkəmədən xahiş etdi ki, kompensasiyanın hesablanması üçün onun müəyyən etdiyi meyarlar bir il üçün konkret məbləğin müəyyən edilməsi ilə məhdudlaşmasın və digər amillər, məsələn, işin nəticəsinin tərəflər üçün nə dərəcədə əhəmiyyətli olduğu da nəzərə alınsın.
263. Hazırkı işə gəldikdə, Hökumət bunu qeyd etməklə kifayətləndi ki, 41-ci maddə üzrə heç bir məbləğ təyin edilməməlidir.
c. Prosesə qatılan üçüncü tərəflər
i) Çexiya Hökuməti
264. Çexiya Hökuməti preventiv xarakterli hüquqi müdafiə vasitəsini qəbul etməkdən əlavə, kompensasiya xarakterli hüquqi müdafiə vasitəsini nəzərə tutan qanunu qəbul etməyi də qərara alıb, buna görə də o, elə bir qanun qəbul etməyi özünə borc bilir ki, həmin qanun əsasında davranışın nəticələrini öncədən görmək mümkün olsun. O, bununla bağlı çətinlikləri qeyd edərək bildirdi ki, nə Konvensiya, nə də Məhkəmənin presedent hüququ bu məsələyə yetərincə aydınlıq gətirir. O, Məhkəmənin istifadə etdiyi meyarlara, o cümlədən “analoji” sayıla bilən işlərə və “ağlabatan” nisbətin ən yuxarı səviyyəsinə dair əlavə informasiya verilməsini xahiş etdi.
ii) Polşa Hökuməti
265. Polşa Hökumətinin bildirdiyinə görə, Məhkəmə əvəzin ədalətli ödənilməsinin nədən ibarət olduğunu göstərməlidir. Əgər bu, dəqiq şəkildə göstərilməsə, yəqin ki, dövlətdaxili presedent hüququ ilə Məhkəmənin presedent hüququ arasında uyğunsuzluqlar yaranacaqdır. Ərizəçilər və hökumətlər əvəzin ədalətli ödənilməsi ilə bağlı Məhkəmənin presedent hüququndan irəli gələn ümumi qaydaları müəyyən etməyin əvvəlki kimi çox çətin olduğunu düşünəcəklər. Müvafiq surətdə, daxili məhkəmələr Məhkəmənin presedent hüququna güvənə və onlara uyğun qərarlar çıxara bilməyəcəklər.
iii) Slovakiya Hökuməti
266. Slovakiya Hökumətinin bildirdiyinə görə, mənəvi ziyanı müəyyən edərkən Məhkəmənin əsaslandığı mülahizələr onun qərarının əsaslarının tərkib hissəsini təşkil etməlidir. Yalnız bu yolla Məhkəmənin qərarları məhkəmə araşdırmasının gecikdirilməsi ucbatından vurulan mənəvi ziyana görə kompensasiya məbləğlərinin müəyyən edilməsində daxili məhkəmələr üçün aydın təlimata çevrilə bilər.
Slovakiya Hökumətinin bildirdiyinə görə, bütün bu aspektləri rəqəmlərə çevirmək və ya hər bir situasiyanı qabaqcadan görə bilmək mümkün deyil. Slovakiya Hökuməti Məhkəmənin dövlətdaxili məhkəmə prosesinin uzun sürməsindən irəli gələn mənəvi ziyana görə təyin edilən kompensasiya məbləğlərinin hesablanmasına imkan verən dəqiq formul müəyyən edəcəyini və ya dəqiq məbləğlər göstərəcəyini gözləmir. Onun fikrincə, daha əhəmiyyətli olan budur ki, Məhkəmə öz qərarlarını elə əsaslandırsın ki, məhkəmə prosesinin müddətinin ağlabatan olub-olmadığını qiymətləndirərkən tətbiq edilməli olan meyarlar məhkəmə prosesinin gecikdirilməsindən irəli gələn mənəvi ziyana görə təyin edilən məbləğin müəyyən edilməsində nəzərə alına bilsin. Yuxarıda qeyd edilənlərdən belə məlum olur ki, ərizəçilərə analoji işlərdə təyin edilən məbləğ təyin edilməlidir.
d. Məhkəmənin müəyyən etdiyi meyarlar
267. Hökumətlərin dediklərinə cavab olaraq Məhkəmə öncə bildirir ki, “analoji işlər” dedikdə, o, eyni sayda yurisdiksiyalarda eyni illər ərzində davam edən, ərizəçilər üçün eyni dərəcədə əhəmiyyətli olan, ərizəçilərin davranışları eyni olan və eyni ölkə ilə əlaqədar olan hər hansı iki məhkəmə prosesini nəzərdə tutur.
Bundan başqa, o, Slovakiya Hökumətinin belə bir fikrinə şərik çıxır ki, hər bir halı əhatə edən ətraflı izahatların siyahısını təmin etmək qeyri-mümkün və qeyri-praktiki məsələdir və hesab edir ki, bütün zəruri elementləri onun əvvəlki qərarlarında tapmaq mümkündür, həmin qərarları Məhkəmə presedentlərinin toplandığı məlumat bazasından əldə etmək olar.
268. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi dövlətdaxili səviyyədə pozuntunun baş verdiyini müəyyən edən qərar çıxarılmasına nail olubsa və daxili hüquqi müdafiə vasitəsindən istifadə etməklə kompensasiya alıbsa, onda 41-ci maddəyə əsasən mənəvi ziyan başlığı altında onun təyin edəcəyi məbləğ onun presedent hüququnda qeyd edilən məbləğlərdən az ola bilər. Dövlətdaxili hüquqi müdafiə vasitəsinin mövcudluğu nəinki Konvensiyada təsbit edilmiş subsidiarlıq prinsipinə tam uyğundur, həm də bu cür hüquqi müdafiə vasitəsi Avropa Məhkəməsinə müraciət edilməsinə nisbətən həm yaxın, həm əlçatan, həm də tez başa gələndir və burada icraat ərizəçinin öz dilində aparılır; beləliklə, bu vasitənin öz üstünlükləri vardır ki, onları nəzərə almaq lazımdır.
269. Lakin Məhkəmə hesab edir ki, ərizəçi daxili hüquqi müdafiə vasitələrini tükəndirdikdən sonra hələ də “qurban” olduğunu iddia edə bilərsə, onda kompensasiya apellyasiya məhkəməsi tərəfindən təyin edildiyi və yubadılmadan ödənildiyi təqdirdə, Məhkəmənin təyin etdiyi məbləğlə müqayisədə açıq-aydın əsassız hesab edilməyən məbləğlə apellyasiya məhkəməsinin təyin etdiyi məbləğ arasındakı fərq ərizəçiyə təyin olunmalıdır.
270. Prosesdə elə mərhələlər olmuşdur ki, bu zaman ərizəçilər 26 yanvar 2004-cü ildə Kassasiya Məhkəməsinin mövqeyinin dəyişməsindən sonra öz işlərini təkrarən apellyasiya məhkəməsinə verə bilməzdilər və buna görə də həmin müddət daxili məhkəmələr tərəfindən nəzərə alına bilməzdi, yaxud elə mərhələlər də olmuşdur ki, prosesin yubadılması ikinci pozuntunun müəyyən edilməsinə əsas verəcək qədər uzun sürməmişdir, ərizəçilərə həmçinin bu mərhələlərlə bağlı məbləğ də təyin edilməlidir (Kassasiya Məhkəməsinin 1339 saylı qərarı, yuxarıda 64-cü bəndə bax).
271. Nəhayət, Hökumətə göstəriş verilməlidir ki, dövlət tərəfindən kompensasiyanın ödənilməsi yubadıldığına görə həmin yubadılmanın ərizəçilərdə doğurduğu ümidsizliyin əvəzində ərizəçilərə əlavə məbləğ ödəsin
e. Yuxarıdakı meyarların bu işə tətbiqi
272. Məhkəmə bu işin hallarını nəzərə alaraq (yuxarıda 220-221-ci bəndlərə bax) hesab edir ki, daxili hüquqi müdafiə vasitələri mövcud olmasaydı, o, ərizəçilərə 24.000 avro təyin edərdi. O, qeyd edir ki, Apellyasiya Məhkəməsi ərizəçilərə 2.450 avro təyin edib, bu, Məhkəmənin onlara təyin edə biləcəyi məbləğin təxminən 10%-i qədərdir. Məhkəmənin fikrincə, onun presedent hüququ ilə bərqərar edilmiş meyarları nəzərə alsaq, bu amil özlüyündə açıq-aydın əsassız nəticəyə gətirib çıxarır.
Məhkəmə İtaliyanın öz hüquq sistemində seçmiş olduğu daxili hüquqi müdafiə vasitəsinin xüsusiyyətlərini, eləcə də bu milli hüquqi müdafiə vasitəsinin mövcudluğuna baxmayaraq hüquq pozuntusunu müəyyən edildiyini nəzərə alır və ədalət prinsipi əsasında qərar çıxararaq hesab edir ki, ərizəçilərə 8.400 avro təyin edilməlidir.
Dövlət tərəfindən kompensasiya ödənişinin yubadılmasından irəli gələn hər hansı “sonrakı ümidsizlik” hissi ilə bağlı ərizəçilər tərəfindən heç bir iddia irəli sürülmədiyinə görə yuxarıdakı məbləğə hər hansı başqa məbləğ əlavə edilməməlidir.
273. Müvafiq surətdə, ərizəçilər mənəvi ziyana görə ümumi məbləği 8.400 avroya bərabər olan (yəni hər biri 2.100 avro) kompensasiya almaq hüququna malikdirlər, həmin məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
3. Müəyyən edilmiş digər pozuntularla bağlı mənəvi ziyan
a. Palatanın qərarı
274. Palata öz qərarında bu məsələ ilə bağlı müəyyən etdi ki, 41-ci maddənin tətbiqi məsələsi hələ qərar çıxarmaq üçün hazır deyil və onun həllini sonraya saxladı (Palatanın qərarının 115-ci bəndinə bax).
b. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
i) Ərizəçilər
275. Ərizəçilər məhkəmə araşdırmasının ədalətsiz olması və mülkiyyətlərindən maneəsiz istifadə hüququna müdaxilə edilməsi ucbatından hər birinin məruz qaldığı mənəvi ziyanın kompensasiyası qismində 6.500 avro tələb etdilər. Beləliklə, ərizəçilər mənəvi ziyana görə kompensasiya bəndi üzrə ümumilikdə 25.000 avro tələb etdilər.
ii) Cavabdeh Hökumət
276. Cavabdeh Hökumət bu məsələ ilə barəsində heç bir fikir bildirmədi.
c. Məhkəmənin qiymətləndirməsi
277. Məhkəmə hesab edir ki, ərizəçilər, mülkiyyətlərindən maneəsiz istifadə hüququna əsassız müdaxilə nəticəsində və məhkəmə prosesinin ədalətsizliyi ucbatından, yəqin ki, müəyyən mənəvi ziyana məruz qalıblar və pozuntunun müəyyən edilməsi faktı həmin ziyanı yetərincə kompensasiya edə bilməz.
278. Məhkəmə işin faktlarını nəzərə alaraq və ədalət prinsipi əsasında qərar çıxararaq, ərizəçilərin hər birinə bu bənd üzrə 1.000 avro, yəni ümumilikdə 4.000 avro təyin edir, həmin məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
4. Məhkəmə xərcləri və digər məsrəflər
a. Palatanın qərarı
279. Palata bu bənd üzrə əvəzin ədalətli ödənilməsi məsələsinin həllini sonraya saxladı.
b. Məhkəmə qarşısındakı tərəflərin arqumentləri
i. Ərizəçilər
280. Ərizəçilər tələblərini təsdiq edən sübutedici sənədlər təqdim edərək, daxili məhkəmələrdə çəkdikləri məhkəmə xərclərini və digər məsrəfləri 16.355,99 avro məbləğində qiymətləndirdilər, bundan 1.500 avro onların “Pinto Aktı” əsasında başladıqları prosesdə ödədikləri məhkəmə xərclərinə uyğundur (yuxarıda 45-ci bəndə bax).
281. Avropa Məhkəməsindəki icraata çəkdikləri xərclərə gəldikdə, ərizəçilər məhkəmə xərclərinin və digər məsrəflərin qəbzlərini təqdim etdilər (həmin qəbzlər tətbiq edilən milli tariflərə uyğun olaraq tərtib edilmişdi) və icraatın başlanğıcından Palatanın qərarının qəbul edilməsinə qədər çəkdikləri xərclərə görə 46.313,70 avro tələb etdilər. Bu məbləğin üzərinə 19.705 avro əlavə olunmalıdır, həmin məbləğ ərizəçilərin Böyük Palatadakı icraata çəkdikləri məhkəmə xərclərini və digər məsrəfləri özündə ehtiva edir.
ii. Cavabdeh Hökumət
282. Hökumət yalnız bunu qeyd etməklə kifayətləndi ki, Pinto Aktı əsasında başlanmış prosesdə ərizəçilərin çəkdiyi bəzi xərclər prosesdə tərəf olmayan cavabdehə qarşı məhkəmə iddiasının qaldırılması ilə bağlı olub.
c. Məhkəmənin qiymətləndirməsi
283. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, 41-ci maddə üzrə məhkəmə xərcləri və digər məsrəflər faktiki və zəruri olaraq çəkilməyibsə və miqdarca ağlabatan deyilsə, onlara görə kompensasiya təyin olunmur. Bundan başqa, məhkəmə xərclərinin əvəzi yalnız pozuntu müəyyən edildiyi təqdirdə ödənilə bilər (nümunə üçün bax: Beyeler İtaliyaya qarşı (əvəzin ədalətli ödənilməsi) [GC], ərizə Nº 33202/96, b. 27, 28 may 2002; və Şahin Almaniyaya qarşı [GC], ərizə Nº 30943/96, b. 105, AİHM 2003-VIII).
284. Daxili məhkəmələrdə ərizəçilərin qaldırdığı iş əsasən Məhkəmədə iddia etdikləri Konvensiya pozuntularının həlli məqsədini daşıyırdı, buna görə də daxili proseslərdə çəkdikləri məhkəmə xərcləri onların kompensasiya tələblərinin qiymətləndirilməsində nəzərə alına bilər. Lakin Məhkəmə hesab edir ki, vəkillərin qonorarları üçün tələb edilən məbləğ həddən artıq böyükdür.
285. Strasburqdakı icraata çəkilmiş məhkəmə xərclərinə və digər məsrəflərə gəldikdə, Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ikiqat pozuntusunu müəyyən edib, buna görə də, ərizəçinin arqumentləri ilə razılaşır.
Məhkəmə iddia edilən xərclərin zəruri və faktiki olaraq çəkildiyinə şübhə etmir və ərizəçilərin təqdim etdiyi sənədlərin ətraflı və dəqiq olduğunu və onların maraqları naminə böyük həcmdə iş görüldüyünü etiraf edir, amma bununla belə, o, vəkillər üçün tələb edilən qonorarların məbləğini həddən artıq böyük hesab edir. Buna görə də Məhkəmə, hesab edir ki, bu xərclərin əvəzi yalnız qismən ödənilməlidir.
286. Məhkəmə işin faktlarını nəzərə alaraq, daxili məhkəmələrdəki və Strasburqdakı icraata çəkdikləri bütün xərclərə görə ərizəçilərə ümumilikdə 50.000 avro təyin edir, həmin məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
5. İcranın gecikdirilməsinə görə faiz
287. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, müsadirəyə görə kompensasiya məbləğinin yetərli olmaması ilə bağlı 1 saylı Protokolun 1-ci maddəsi pozulub;
2. Qərara alır ki, 359/1992 saylı Qanunun 5-ci maddəsinin bu işə retrospektiv tətbiqi ilə bağlı şikayəti 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırmağa ehtiyac yoxdur;
3. Qərara alır ki, 359/1992 saylı Qanunun 5-ci maddəsinin bu işə tətbiqi ilə bağlı 6-cı maddənin 1-ci bəndi pozulub;
4. Məhkəmə icraatının uzun sürməsi ilə əlaqədar şikayət verilərkən daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı Hökumətin ilkin etirazını rədd edir;
5. Qərara alır ki, ərizəçilər Konvensiyanın 34-cü maddəsinin 1-ci bəndinin məqsədləri baxımından “ağlabatan müddət” prinsipinin pozulmasının “qurbanı” olduqlarını iddia edə bilərlər;
6. Qərara alır ki, məhkəmə icraatının uzun sürməsi ilə bağlı 6-cı maddənin 1-ci bəndi pozulub;
7. Qərara alır ki:
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i. maddi ziyana görə – 580.000 (beş yüz səksən min) avro;
ii. mənəvi ziyana görə – 8.400 (səkkiz min dörd yüz) avro üstəgəl 4.000 (dörd min) avro, yəni ümumilikdə 12.400 (on iki min dörd yüz) avro;
iii. məhkəmə xərclərinə və digər məsrəflərə görə – 50.000 (əlli min) avro;
iv. yuxarıdakı məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği.
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
8. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 29 mart 2006-cı ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan edilmişdir.
T.L. Erli (T.L. Early)
Katib müavini
Luzius Vildhaber (Luzius Wildhaber)
Sədr
Full & Egal Universal Law Academy