Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 85
Aprel 2006-cı il
***
Skordino (Scordino) İtaliyaya qarşı (№ 1) [BP] – ərizə № 36813/97
29.3.2006 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ağlabatan müddət
Məhkəmə prosesinin həddən artıq uzun sürməsindən zərər çəkənlər üçün kompensasiya xarakterli hüquqi müdafiə vasitəsinin təmin edilməsi çərçivəsində təyin edilmiş kompensasiya məbləğinin yetərli olmaması və ödənilməsinin gecikdirilməsi: pozuntu baş verib
Ədalətli məhkəmə araşdırması hüququ
Qanunun qüvvəsinin geriyə şamil olunması səbəbindən müsadirəyə görə kompensasiyanın məbləğinin yetərli olmaması: pozuntu baş verib
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndi
Mülkiyyətdən məhrumetmə
Müsadirəyə görə kompensasiyanın məbləğinin yetərli olmaması: pozuntu baş verib
[Bu icmal Böyük Palatanın 29 mart 2006-cı il tarixli aşağıdakı qərarlarını da əhatə edir: Koçarella (Cocchiarella) İtaliyaya qarşı (ərizə № 64886/01); Muski (Musci) İtaliyaya qarşı (ərizə № 64699/01); Rikkardi Pitsatti (Riccardi Pizzati) İtaliyaya qarşı (ərizə № 62361/00); Mostaççolo (Mostacciuolo) İtaliyaya qarşı (№ 1) (ərizə № 64705/01); Mostaççolo İtaliyaya qarşı (№ 2) (ərizə № 65102/01); Apiçella (Apicella) İtaliyaya qarşı (ərizə № 64890/01); Zullo (Zullo) İtaliyaya qarşı (ərizə № 64897/01); və Prokaççini (Procaccini) İtaliyaya qarşı (ərizə № 65075/01)]
Faktlar: Skordinonun işi: 1992-ci ildə ərizəçilərə miras qismində torpaq sahəsi qaldı, həmin sahə mənzil tikintisi məqsədi ilə 1983-cü ilin martında müsadirə olunmuşdu. Onlar torpağı miras qoymuş şəxsin 25 may 1990-cı ildə başladığı məhkəmə prosesini davam etdirmək niyyətlərini elan etdilər, həmin işdə müsadirəyə görə verilən kompensasiyanın məbləği mübahisə predmeti idi. Bina tikintisi üçün nəzərdə tutulan torpaq sahəsinin müsadirəsinə görə kompensasiyanın məbləğinin hesablanmasının yeni meyarlarını müəyyən edən 1992-ci il tarixli 359 saylı qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq Apellyasiya Məhkəməsi ekspertə tapşırıq verdi ki, yeni qanunla müəyyən edilmiş meyarlara uyğun olaraq kompensasiyanın məbləğini müəyyənləşdirsin. Ekspert torpağın müsadirə tarixindəki bazar dəyərini bir kvadrat metr üçün 165.755 italyan lirəsi (İTL) məbləğində və 1992-ci il tarixli qanunla müəyyən edilmiş meyarlara uyğun olaraq ödənilməli kompensasiyanı 82.890 italyan lirəsi (İTL) məbləğində qiymətləndirdi. Müvafiq olaraq, 17 iyul 1996-cı il tarixli qərarla Apellyasiya Məhkəməsi müsadirəyə görə ərizəçilərə verilməli olan kompensasiyanı ekspertin rəyi əsasında təyin etdi. 7 dekabr 1998-ci ildə saxlanılmaq üçün məhkəmə katibliyinə verilmiş qərarla Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin bu məsələyə dair qərarını qüvvədə saxladı. 18 aprel 2002-ci ildə ərizəçilər 24 mart 2001-ci il tarixli "Pinto qanunu" əsasında Apellyasiya Məhkəməsinə müraciət etdilər və iştirakçısı olduqları məhkəmə prosesinin həddən artıq uzanmasına görə kompensasiya tələb etdilər. 27 iyul 2002-ci ildə saxlanılmaq üçün məhkəmə katibliyinə verilmiş 1 iyul 2002-ci il tarixli qərarla Apellyasiya Məhkəməsi müəyyən etdi ki, məhkəmə prosesi həddən artıq uzun sürüb. O, qərar çıxardı ki, Ədliyyə Nazirliyi ərizəçilərə yalnız mənəvi ziyana görə ümumilikdə 2.450 avro ödəməlidir, məhkəmə xərclərini ödəmək vəzifəsini isə tərəflər arasında bölüşdürdü.
İtaliyaya qarşı qaldırılan, eyni tarixdə baxılmış olan digər səkkiz analoji işdə (Koçarella, Muski, Rikkardi Pitsatti, Cüzeppe Mostaççolo (№ 1), Cüzeppe Mostaççolo (№ 2), Apiçella, Zullo və Prokaççininin işlərində) iştirakçısı olduqları mülki prosesin həddən artıq uzun sürməsindən "Pinto qanunu" əsasında İtaliya məhkəmələrinə şikayət etmiş bütün ərizəçilər şikayətlərində bildirmişdilər ki, itkilərinə görə təyin olunmuş kompensasiyanın məbləğini gülünc məbləğ hesab edirlər. Bütün bu işlərdə İtaliyanın məhkəmələri məhkəmə prosesinin müddətinin ağlabatan müddət həddini aşdığı qənaətinə gəlmiş və işin hallarına müvafiq olaraq ərizəçilərə 1.000 avrodan 5.000 avroyadək kompensasiya təyin etmişdilər.
Hüquqi məsələlər
1 saylı Protokolun 1-ci maddəsi (Skordinonun işi): Ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə hüququna müdaxilə qanunla nəzərdə tutulmuşdu və cəmiyyətin maraqlarının qorunmasından ibarət qanuni məqsəd daşıyırdı. Müdaxilənin mütənasibliyinə gəlincə, tam bazar dəyərindən aşağı məbləğdə kompensasiyanın təyin edilməsi özü-özlüyündə ərizəçilərin mülkiyyətinin dövlət tərəfindən alınmasını qanunsuz etmirdi. Lakin 1992-ci il tarixli 359 saylı qanunla müəyyən edilmiş meyarlar əsasında hesablanaraq ərizəçilərə təyin edilmiş kompensasiyanın məbləği sözügedən mülkiyyətin bazar dəyərindən çox-çox aşağı idi və bu hala "cəmiyyətin maraqlarının" qorunmasından ibarət qanuni məqsəd ilə haqq qazandırmaq olmazdı. Müvafiq olaraq, ərizəçilərin üzərinə qeyri-mütənasib və həddən artıq ağır yük qoyulmuşdu ki, buna da dövlət orqanları tərəfindən cəmiyyətin maraqlarının qorunması kimi qanuni məqsəd ilə haqq qazandırıla bilməzdi. Bu qənaəti nəzərə alaraq, Məhkəmə hesab etdi ki, qanunverici orqan tərəfindən baş vermiş müdaxilə ilə bağlı şikayəti ayrıca olaraq 1 saylı Protokolun 1-ci maddəsi əsasında araşdırmağa ehtiyac yoxdur.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 6 (prosesin ədalətliliyi) (Skordinonun işi): 1992-ci il tarixli qanun qüvvəyə minməzdən əvvəl hazırkı işə tətbiq edilməli olan qanunda mülkiyyətin tam bazar dəyəri məbləğində kompensasiya nəzərdə tutulmuşdu. 1992-ci il tarixli qanunun tətbiqi nəticəsində ərizəçilərə ödənilməli olan kompensasiyanın məbləği əhəmiyyətli dərəcədə azalmışdı. Hökumət qeyd etdiyi mülahizələrin (büdcə mülahizələrinin və qanunverici orqanın siyasi proqramı həyata keçirmək niyyətinin) qanunun qüvvəsinin geriyə şamil olunmasına haqq qazandırmaq üçün tələb olunan "aşkar və inandırıcı ictimai maraq" mülahizələri təşkil etdiyini sübut edə bilmədi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə 46-cı maddəyə əsasən cavabdeh dövləti dəvət etdi ki, mülkiyyətin müsadirəsinin təsirinə məruz qalmış bütün şikayətçilərə münasibətdə maddi hüquqların müdafiəsi prinsiplərinə və xüsusən kompensasiya tədbirlərinə şamil olunan prinsiplərə uyğun olaraq müvafiq qanunverici, inzibati və büdcə tədbirləri vasitəsilə sözügedən hüququn səmərəli və operativ şəkildə həyata keçirilməsini təmin etsin.
Maddə 6 (bu hissə doqquz işin hamısına aiddir):
Hökumətin ilkin etirazları: daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi: Məhkəmə artıq müəyyən edib ki, Pinto qanununda nəzərdə tutulmuş apellyasiya məhkəmələri qarşısında hüquqi müdafiə vasitəsi əlçatan idi və onun səmərəliliyini şübhə altına almaq üçün heç bir əsas yox idi. Bundan başqa, o, öncə gəldiyi bu qənaəti xatırlatdı ki, İtaliya Kassasiya Məhkəməsinin 26 yanvar 2004-cü il tarixli qərarında özünün presedent hüququndan kənarlaşmasını məntiqli addım hesab etmək olar, həmin qərarda o belə bir prinsip müəyyən etmişdi ki, apellyasiya məhkəmələri "Pinto" icraatlarında təyin edilən kompensasiyaların məbləğini AİHM-nin presedent hüququ əsasında müəyyənləşdirməlidirlər və bu qərar 26 iyul 2004-cü ildən etibarən ictimaiyyətin diqqətinə çatdırılmışdı. Buna görə də Avropa Məhkəməsi qərara aldı ki, həmin tarixdən başlayaraq ərizəçilərdən tələb olunurdu ki, Konvensiyanın 35-ci maddəsinin məqsədləri üçün həmin hüquqi müdafiə vasitəsindən istifadə etsinlər. Bu doqquz işdə Kassasiya Məhkəməsinə verilmiş şikayət üzrə icraat 26 iyul 2004-cü ildən əvvəl başa çatmışdı, buna görə də ərizəçilər daxili müdafiə vasitələrini tükəndirmək vəzifəsindən azad idilər: ilkin etiraz rədd edildi.
Ərizəçilərin "qurban" statusu: Bu məslə ilə bağlı Məhkəmə onu yoxlamalı idi ki, dövlət orqanları Konvensiya ilə qorunan hüququn pozulduğunu ən azı mahiyyət etibarı ilə etiraf ediblərmi və bu pozuntunun kompensasiyası münasib və yetərli sayıla bilərmi? Sözügedən məhkəmə prosesinin həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq Konvensiyanın pozuntusunun baş verdiyi barədə qənaət mübahisə doğurmur. Kompensasiyanın xarakterik xüsusiyyətlərinə gəlincə, kompensasiya üçün qaldırılmış məhkəmə işinin həddən artıq yubadılması bu hüquqi müdafiə vasitəsinin adekvat olub-olmamasına təsir göstərə bilərdi. Hətta Məhkəmə razılaşsa ki, ödəniş etmək üçün dövlət orqanlarına vaxt lazım idi, həddən artıq uzun sürən məhkəmə icraatının doğurduğu nəticələri düzəltmək üçün nəzərdə tutulmuş kompensasiya xarakterli hüquqi müdafiə vasitəsi təşkil edən prosedurlar kompensasiya qərarının qüvvəyə mindiyi tarixdən etibarən altı aydan çox çəkməməlidir. Bundan başqa, kompensasiya ilə əlaqədar hüquqi müdafiə vasitəsi təşkil edən prosedurların ağlabatan müddətdə aparılması üçün ziyana görə qaldırılan iddialara şamil olunan ümumi prosessual normalara nisbətən onların daha operativ prosessual normalar əsasında aparılması məqbul idi, bu şərtlə ki, həmin prosedurlar Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətlilik prinsiplərinə uyğun olmalı idi. Nəhayət, milli məhkəmə sisteminin qeyri-qənaətbəxş təşkili səbəbindən dövlətin prosesdəki iddiaçıları kompensasiya xarakterli hüquqi müdafiə vasitəsinə əl atmağa sövq etdiyi bu tip məhkəmə proseslərində məhkəmə xərclərinə dair qaydaların fərqli olması ağlabatan olardı ki, bu da iddia əsaslı olduğu hallarda prosesdəki tərəflərin üzərinə həddən artıq yük düşməməsinə imkan yaradardı. Ərizəçinin qurban statusunu itirib-itirməməsinə gəlincə, bu, barəsində Avropa Məhkəməsinə şikayət etdiyi faktlar əsasında ölkədaxili səviyyədə ona təyin olunmuş kompensasiyanın məbləğindən də asılıdır. Hazırkı işdə Pinto qanununda nəzərdə tutulmuş dörd aylıq müddət hüquqi müdafiə vasitəsinin səmərəli sayılması üçün zəruri olan operativlik tələbinə cavab verirdi. Lakin Kassasiya Məhkəməsinə şikayət ilə əlaqədar risk mövcud idi, belə ki, onun qərar çıxarması üçün maksimum müddət müəyyən edilməmişdi. Məhkəmə bu doqquz işdə qərara aldı ki, hətta qərar çıxarılması üçün qanunla müəyyən edilən müddət bəzən ötmüş olsa belə, bütövlükdə icraatın müddəti ağlabatan sayıla bilər. Lakin bu hal yolverilməz idi ki, Skordinonun işindən savayı qalan işlərdə ərizəçilər onlara təyin edilmiş kompensasiyanı almaq üçün bir neçə ay gözləməli olmuş, bəzən hətta məcburi icra prosedurlarına başlamalı olmuşdular. Qeyd etmək vacibdir ki, kompensasiya xarakterli hüquqi müdafiə vasitəsinin səmərəli olması üçün həmin vasitə adekvat büdcə təminatı ilə müşayiət olunmalıdır ki, kompensasiya təyin edilməsini nəzərdə tutan və Pinto qanunu əsasında dərhal icra edilməli olan apellyasiya məhkəmələrinin qərarları saxlanılmaq üçün məhkəmə katibliyinə verildikdən sonra altı ay ərzində icra edilmiş olsun. Prosessual xərclərə gəlincə, konkret məbləği müəyyənləşdirilmiş olan məsrəflər (məsələn, məhkəmə qərarının qeydiyyatı üçün rüsumun məbləği) ərizəçilərin kompensasiyaya nail olmaq cəhdlərinə əhəmiyyətli dərəcədə əngəl törədə bilər. Məhkəmə növbəti şikayətlərin təqdim edilməsinə səbəb ola biləcək problemlərin kökünü mənbəyindəcə kəsmək məqsədi ilə Hökumətin diqqətini bu müxtəlif aspektlərə cəlb etdi. Apellyasiya Məhkəməsi tərəfindən təyin olunmuş kompensasiyanın məbləğini qiymətləndirərkən Məhkəmə bu məsələni nəzərdən keçirdi ki, onun özü eyni vəziyyətdə olsaydı, sərəncamındakı materiallar əsasında daxili məhkəmə tərəfindən nəzərə alınmış müddətlə bağlı hansı qərarı verərdi? O qeyd edib ki, bu doqquz işdə İtaliya məhkəmələri tərəfindən təyin edilmiş məbləğlər İtaliyada bir qayda olaraq analoji işlərdə təyin edilən məbləğlərin ən aşağı halda 8%-ini, ən yuxarı halda isə 27%-ini təşkil edirdi. Yekun olaraq Məhkəmə hesab etdi ki, müxtəlif tələblərə riayət edilməyib və buna görə də kompensasiyanın məbləği yetərli deyil. Müvafiq olaraq, ərizəçilər hələ də "ağlabatan müddət" tələbinin pozuntusunun "qurbanı" olduqlarını iddia edə bilərlər: ilkin etiraz rədd edildi.
Prosesin müddətinin 6-cı maddənin tələblərinə uyğunluğu: Məhkəmə ədalət mühakiməsinin ləngimələr olmadan həyata keçirilməsinin vacibliyini bir daha təsdiq etmək niyyətini ifadə etdi. Bu məsələ ilə bağlı İtaliyanın mövqeyində "Pinto" prosedurları meyarının tətbiqindən sonra üst-üstə yığılan pozuntuların Konvensiyaya zidd praktika təşkil etməsi qənaətini sual altına almaq üçün yetərli sayıla biləcək dəyişiklik baş verməyib. Bu doqquz işdə İtaliya məhkəmələri icraatların müddətinin ağlabatan müddət həddini aşdığını qəbul ediblər. Lakin bütövlükdə götürüldükdə "Pinto" prosedurları ərizəçilərin "qurban" statusunu itirmələrinə gətirib çıxarmayıb ki, bu da icraatların müddətinin ağlabatan müddət həddini aşması səbəbindən baş vermiş 6-cı maddənin 1-ci bəndinin pozuntusunu ağırlaşdıran haldır. Müvafiq olaraq, Məhkəmə hesab etdi ki, bu doqquz işdə icraatlar həddən artıq uzun sürüb və "ağlabatan müddət" tələbinə cavab verməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə 46-cı maddəyə əsasən cavabdeh dövləti dəvət etdi ki, daxili məhkəmələrin qərarlarının təkcə Məhkəmənin presedent hüququna uyğun olmasını deyil, həm də qərarlar saxlanılmaq üçün məhkəmə katibliyinə verildikdən sonra altı ay ərzində onların icra edilməsini təmin etmək üçün bütün zəruri tədbirləri görsün.
O, 41-ci maddəyə əsasən bu doqquz iş üzrə ərizəçilərə mənəvi ziyana və məhkəmə xərclərinə və digər məsrəflərə görə müxtəlif pul məbləğləri təyin etdi. O, Skordinonun işində ərizəçilərə həmçinin maddi ziyana görə kompensasiya təyin etdi.
Full & Egal Universal Law Academy