Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
SEYDİÇ VƏ FİNSİ BOSNİYA VƏ HERSEQOVİNAYA qarşı İŞİ
(CASE OF SEJDIĆ AND FINCI v. BOSNIA AND HERZEGOVINA)
(27996/06 və 34836/06 saylı ərizələr)
QƏRAR
STRASBURQ
22 dekabr 2009
Bu qərar yekun qərardır, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Seydiç və Finsi Bosniya və Herseqovinaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Jean-Paul Costa, Sədr,
Christos Rozakis,
Nicolas Bratza,
Peer Lorenzen,
Françoise Tulkens,
Josep Casadevall,
Giovanni Bonello,
Lech Garlicki,
Khanlar Hajiyev,
Ljiljana Mijović,
Egbert Myjer,
David Thór Björgvinsson,
George Nicolaou,
Luis López Guerra,
Ledi Bianku,
Ann Power,
Mihai Poalelungi, hakimlər,
və Vincent Berger, Hüquq məsləhətçisi
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
3 iyun və 25 iyun 2009-cu ildə qapalı müşavirə keçirərək,
25 iyun 2009-cu ildə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Bosniya və Herseqovinanın iki vətəndaşı cənab Dervo Seydiç və cənab Yakob Finsi (“ərizəçilər”) tərəfindən müvafiq olaraq 3 iyul və 18 avqust tarixlərində Məhkəməyə təqdim edilmiş Bosniya və Herseqovinaya qarşı şikayətlər (27996/06 və 34836/06 saylı ərizələr) əsasında açılıb.
2. Ərizəçilər şikayət ediblər ki, qaraçı (roma) və yəhudi mənşəli olduqları üçün Bosniya və Herseqovinanın Xalqlar Palatasına və Sədrliyinə seçkilərdə iştirak edə bilməyiblər. Onlar Konvensiyanın 3, 13 və 14-cü Maddələrinə və 1 saylı Protokolunun 3-cü Maddəsinə və 12 saylı Protokolunun 1-ci Maddəsinə istinad ediblər.
3. Şikayətlər Məhkəmənin Dördüncü Palatasının icraatına verilib (Məhkəmə Reqlamentinin 52-ci Maddəsinin 1-ci bəndi). 11 mart 2008-ci ildə həmin Bölmənin Palatası şikayətlər barədə Hökumətə məlumat verməyi qərara alıb. Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinin müddəlarına əsasən, Məhkəmə qərara aldı ki, şikayətlərə mahiyyəti üzrə baxılması onların qəbuledilənliyinə baxılması ilə eyni vaxtda keçirilsin. 10 fevral 2009-cu ildə Palata hakimlər Nicolas Bratza, Lech Garlicki, Giovanni Bonello, Ljiljana Mijović, David Thór Björgvinsson, Ledi Bianku və Mihai Poalelungi və həmçinin Bölmə Katibinin müavini Fatoş Aracıdan ibarət tərkibdə öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etdi və tərəflərdən heç biri buna etiraz etmədi (Konvensiyanın 30-cu Maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası). Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci Maddəsinin 2 və 3-cü Maddələrinin müddəalarına və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına müvafiq olaraq müəyyən olundu.
4. Tərəflər işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı yazılı müşahidələrini təqdim etdilər. İş üzrə yazılı müşahidələrini təqdim etmək icazəsi verilən Venesiya Komissiyasından, Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzindən (AİRE Centre) və Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü Proqramından (Open Society Justice Initiative) üçüncü-tərəfin qeydləri alındı (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü Qaydasının 2-ci bəndi).
5. İşə açıq baxılması 3 iyun 2009-cu ildə Strasburqda İnsan Hüquqları Binasında keçirildi (54-cü Qaydanın 3-cü bəndi). Məhkəmədə iştirak etdilər:
(a) Hökumət tərəfindən
Xanım Z. Ibrahimović,Nümayəndənin Müavini,
Xanım B. SkalonjićNümayəndənin Köməkçisi,
Cənab F. Turčinović,Məsləhətçi;
(b) Ərizəçilər tərəfindən
Cənab F.J. Leon Diaz,
Xanım S. P. Rosenberg,
Cənab C. Baldwin,Vəkillər.
Məhkəmə xanım İbrahimoviç, cənab Leon Diaz, xanım Rozenberg və cənab Baldwinin çıxışlarını dinlədi. Dinləmədə həmçinin ikinci ərizəçi də iştirak edirdi.
FAKTLAR
I. İŞİN HALLARI
A. Hazırkı işlə bağlı ümumi məlumat
6. Bosniya və Herseqovinanın Konstitusiyası (bundan sonra “Konstitusiya” və ya Ərazilərin Konstitusiyasından fərqləndirmək lazım gəldikdə “Dövlət Konstitusiyası”) 21 noyabr 1995-ci ildə Deytonda paraflanmış və 14 dekabr 1995-ci ildə Parisdə imzalanmış Bosniya və Herseqovinada Sülh haqqında Ümumi Çərçivə Sazişinə (Deyton Sülh Razılaşması) əlavədir. Sülh müqaviləsinin tərkib hissəsi olduğundan, Konstitusiya ona demokratik legitimlik verə biləcək prosedurlardan istifadə olunmadan hazırlanmış və qəbul olunmuşdur. Bu yeganə haldır ki, konstitusiya heç zaman müvafiq ölkənin rəsmi dillərində rəsmən nəşr olunmamışdır, lakin o, xarici dildə - ingilis dilində razılaşmış və nəşr olunmuşdur. Konstitusiya Bosniya və Herseqovinanın bir Dövlət olaraq hüquqi mövcudluğunun davam etdiyini təsdiq etdi, bununla belə onun daxili strukturunu dəyişdi. Konstitusiyaya müvafiq olaraq, Bosniya və Herseqovina iki Ərazidən ibarətdir: Bosniya və Herseqovina Federasiyası və Srpska Respublikası. Deyton Sülh Sazişi Brçko ərazisində Ərazilər arasındakı sərhədin müəyyən olunmasını həll etmədi, lakin tərəflər bu məsələnin arbitraj məhkəməsinə verilməsi barədə razılığa gəldilər (Deyton Sülh Sazişinin 2-ci Əlavəsinin V maddəsi). Arbitraj məhkəməsinin 5 mart 1999-cu il qərarına əsasən dövlətin müstəsna suverenliyi altında Brçko dairəsi yaradıldı.
7. Konstitusiyanın Preambulasında, boşnaklar, xorvatlar və serblər “dövləti təsis edən xalqlar” (red. bundan sonra “təsisçi xalqlar”) kimi təsvir edilir. Dövlət səviyyəsində, “təsisçi xalqları”n hər hansı nümayəndəsinin iradəsi əleyhinə qərarın qəbul edilməsini qeyri-mümkün edən hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi mexanizmləri yaradılmışdı. Bu mexanizmlərə həyati əhəmiyyətli maraqlara veto və Ərazinin vetosu, ikipalatalı sistem (Bosniya ve Herseqovinadan beş boşnak və eyni sayda xorvatdan və Srpska Respublikasından beş serbdən ibarət Xalqlar Palatası), eləcə də Bosniya və Herseqovinadan bir boşnak və bir xorvatdan və Srpska Respublikasından bir serbdən ibarət kollektiv Prezidium daxil idi (daha ətraflı məlumat üçün bax aşağıda 12-ci və 22-ci bəndlər).
B. Hazırkı işin halları
8. Ərizəçilər müvafiq olaraq 1956-cı və 1943-cü illərdə anadan olublar. Onlar nüfuzlu ictimai mövqe tuturdular və hələ də tuturlar. Cənab Seydiç hal-hazırda ATƏT-in Bosniya və Herseqovinadakı Missiyasında Qaraçıların Müşahidəçisidir; o, əvvəllər Bosniya və Herseqovinanın Qaraçılar Şurasının (yerli Qaraçılar cəmiyyətinin yüksək nümayəndəli orqanı) və Qaraçıların Məşvərətçi Komitəsinin (yerli qaraçılar cəmiyyətinin və müvafiq nazirliklərin nümayəndələrindən ibarət müştərək orqan) üzvü idi. Cənab Finsi hal-hazırda Bosniya və Herseqovinanın İsveçrədəki səfiridir; əvvəllər Bosniya və Herseqovinada Dinlərarası Şuranın Sədri və Dövlət Qulluğu İdarəsinin Rəhbəri vəzifələrini tutub.
9. Ərizəçilər özlərinin müvafiq olaraq qaraçı və yəhudi mənşəli olduğunu bildirirlər. Onlar özlərini “təsisçi xalqlar”dan hər hansı birinə mənsubiyyətini bəyan etmədiyindən, Xalqlar Palatasına (Dövlət parlamentinin ikinci palatası) və Prezidiuma (Dövlət başçısı funksiyasını icra edən kollektiv orqan) seçkilərdə iştirak etmək hüququna malik deyillər. Cənab Finsi bununla bağlı 3 yanvar 2007-ci ildə rəsmi təsdiq almışdır.
II. MÜVAFİQ BEYNƏLXALQ VƏ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Deyton Sülh Sazişi
10. 21 noyabr 1995-ci ildə Deyton yaxınlığında Rayt-Patterson Hərbi Hava Qüvvələri Bazasında (ABŞ) paraflanmış və 14 dekabr 1995-ci ildə Parisdə (Fransa) imzalanmış Deyton Sülh Sazişi, keçmiş Yuqoslaviya və Kontakt Qrupu üzrə Beynəlxalq Konfransın himayəsi altında keçirilən 44 aylıq aralıq danışıqların kulminasiyası oldu. Saziş 14 dekabr 1995-ci ildə qüvvəyə mindi və özündə on iki Əlavəni birləşdirir.
1. Əlavə 4 (Bosniya və Herseqovinanın Konstitusiyası)
11. Konstitusiya “təsisçi xalqlar” (boşnaklar, xorvatlar və serblərə aid olduğunu bəyan edən şəxslər) və “digərləri” (etnik azlıqların üzvləri və qarışıq nikahda olan, fərqli etnik qruplara məxsus valideynlərdən doğulan şəxslər və digər səbəblərdən özlərini hər hansı xüsusi qrupa aid etməyən şəxslər) arasında fərq qoyur. Keçmiş Yuqoslaviyada şəxsin etnik mənsubiyyəti öz-təsnifat sistemi vasitəsilə, yalnız onun özü tərəfindən müəyyən olunurdu. Beləliklə, müəyyən dili bilmək və ya xüsusi dinə aid olmaq kimi obyektiv meyarlar tələb olunmurdu. Eyni zamanda şəxsin müvafiq etnik qrupun digər üzvləri tərəfindən qəbul olunması tələbi də yox idi. Konstitusiyada şəxsin etnik mənsubiyyətinin müəyyən olunması barədə müddəalar yoxdur: görünür ki, ənənəvi öz-təsnifat sisteminin kifayət etməsi ehtimal olunur.
12. Yalnız özünün “təsisçi xalqlar”a aid olduğunu bəyan edən şəxslər Xalqlar Palatasına (Dövlət parlamentinin ikinci palatası) və Prezidiuma (Dövlət başçısı funksiyasını icra edən kollektiv orqan) seçkilərdə iştirak etmək hüququna malikdirlər. Aşağıda Konstitusiyanın müvafiq müddəaları nəzərdə tutulur:
Maddə IV
“ Parlament Assambleyası iki palatadan ibarətdir: Xalqlar Palatası və Nümayəndələr Palatası.
1. Xalqlar Palatası. Xalqlar Palatası 15 nümayəndədən ibarətdir, bunlardan üçdə ikisi Federasiyadan (beş xorvat və beş boşnak daxil olmaqla) və üçdə biri Srpska Respublikasındandır (beş serb).
a. Federasiyadan təyin olunmuş xorvat və boşnak nümayəndələr müvafiq olaraq Federasiyanın Xalqlar Palatasına xorvat və boşnak nümayəndələri tərəfindən seçilirlər [1]. Srpska Respublikasından nümayəndələr Srpska Respublikasının Milli Assambleyasından seçilirlər [2].
b. Ən azı üç boşnak, üç serb və üç xorvat nümayəndəsinin iştirak etməsi şərtilə, Xalqlar Palatasının doqquz üzvü kvorum təşkil edir.
2. Nümayəndələr Palatası. Nümayəndələr Palatası 42 üzvdən ibarətdir, bunlardan üçdə ikisi Federasiyanın ərazisindən, üçdə biri Srpska Respublikasının ərazisindən seçilir.
a. Nümayəndələr Palatasının üzvləri Parlament Assambleyası tərəfindən qəbul olunmuş seçki qanunvericiliyinə müvafiq olaraq bilavasitə öz Ərazilərindən seçilirlər. Bununla belə, birinci seçkilər Ümumi Çərçivə Sazişinə edilən Əlavə 3-ə müvafiq olaraq keçirilir.
b. Nümayəndələr Palatasına seçilən bütün üzvlərin əksəriyyəti kvorum təşkil edir.
3. Prosedurlar.
a. Hər palata formalaşandan və ona seçkilərdən sonra 30 gündən gec olmayaraq Sarayevoda toplanır.
b. Hər palata səs çoxluğu ilə öz daxili qaydalarını qəbul edir və öz üzvlərinin arasından Sədr və Sədr müavinləri funksiyalarını icra etmək üçün bir serb, bir boşnak və bir xorvat seçir və bununla da, bu üç seçilən şəxsdən hər biri növbə ilə Sədr vəzifəsini tutur.
c. Bütün qanunvericilik aktları hər iki palata tərəfindən təsdiq olunmalıdır.
d. Hər iki palatada bütün qərarlar iştirak edənlərin və səs verənlərin səs çoxluğu ilə qəbul edilir. Nümayəndələr və Üzvlər bu səs çoxluğuna hər Ərazidən Nümayəndələrin və Üzvlərin səslərinin ən azı üçdə birinin daxil olması üçün əlindən gələni edirlər. Əgər səs çoxluğuna hər Ərazidən Nümayəndələrin və ya Üzvlərin səslərinin üçdə biri daxil olmursa, Sədr və Sədr müavinləri komissiya yaradırlar və səsvermədən sonra üç gün ərzində təsdiq əldə etməyə cəhd edirlər. Bu cəhdlər uğursuz olduqda, iştirak edənlərin və səs verənlərin səs çoxluğu ilə qərarlar qəbul edilir, bir şərtlə ki, əleyhinə səs verənlərin sayına hər Ərazidən seçilən Nümayəndələr və ya Üzvlərin üçdə ikisi və ya daha çoxu daxil olmasın.
e. Parlament Assambleyasının təklif etdiyi qərarın yuxarıda qeyd olunan 1 (a) bəndinə əsasən seçilən boşnak, xorvat və serb nümayəndələrinin səs çoxluğu ilə müvafiq olaraq boşnak, xorvat və serb xalqlarının həyati maraqları nöqteyi-nəzərindən dağıdıcı olduğu elan oluna bilər. Belə təklif edilən qərarın təsdiq olunması üçün Xalqlar Palatasında boşnak, xorvat və serb nümayəndələrinin əksəriyyətinin iştirakı və səs çoxluğu tələb olunur.
f. Boşnak, xorvat və serb nümayəndələrinin əksəriyyəti (e) bəndinin tətbiqinə etiraz etdikdə, Xalqlar Palatasının Sədri bu məsələnin həlli üçün dərhal, müvafiq olaraq boşnak, serb və xorvat nümayəndələri tərəfindən seçilmiş üç nümayəndədən ibarət Birgə Komissiya çağırır. Komissiya beş gün ərzində məsələni həll edə bilməzsə, iş Konstitusiya Məhkəməsinə göndərilir; Konstitusiya Məhkəməsi onu sürətləndirilmiş qaydada müəyyən olunmuş prosedura müvafiqliyi baxımından yoxlayır.
g. Xalqlar Palatası Prezidium və ya Palatanın özü tərəfindən buraxıla bilər, bir şərtlə ki, Palatanın bu qərarı boşnak, xorvat və ya serb xalqlarından ən azı ikisinin nümayəndələrinin əksəriyyətini əhatə edən əksəriyyət tərəfindən təsdiq olunur. Bununla belə, bu Konstitusiya qüvvəyə mindikdən sonra ilk seçkilərdə seçilən Xalqlar Palatası buraxıla bilməz.
h. Parlament Assambleyasının qərarları dərc olunduqdan sonra qüvvəyə minir.
i. Hər iki palata iclasları barədə tam hesabat dərc edir və reqlamentlərində müəyyən olunmuş xüsusi hallar istisna olmaqla iclaslarını açıq keçirirlər.
j. Nümayəndələr və Üzvlər Parlament Assambleyasında vəzifə öhdəliklərinin icrası zamanı yol verdikləri hər hansı hərəkətlərə görə cinayət və ya mülki qaydada məsuliyyətə cəlb oluna bilməzlər.
4. Səlahiyyətlər. Parlament Assambleyası aşağıdakılara görə məsuliyyət daşıyır:
a. Konstitusiyaya əsasən zəruri olan Prezidiumun qərarlarının həyata keçirilməsi və ya Assambleyanın öhdəliklərinin icrası üçün qanunvericiliyin qəbulu.
b. Bosniya və Herseqovina institutlarının fəaliyyəti və Bosniya və Herseqovinanın beynəlxalq öhdəliklərinin maliyyələşdirilməsi üçün gəlir mənbələri və məbləğləri ilə bağlı qərarların qəbulu.
c. Bosniya və Herseqovina institutlarının maliyyələşdirilməsi üçün büdcənin təsdiqi.
d. müqavilələrin ratifikasiyasına razılıq verilməsi ilə bağlı qərarın qəbul olunması.
e. öhdəliklərinin icrası üçün və ya Ərazilərin qarşılıqlı razılığı ilə ona təyin olunan digər məsələlərin həlli.”
Maddə V
“Bosniya və Herseqovinanın Prezidiumu üç Üzvdən ibarətdir: Federasiyanın ərazisindən birbaşa olaraq seçilən bir boşnak və bir xorvat, və Srpska Respublikasının ərazisindən birbaşa olaraq seçilən bir serb.
1. Seçki və səlahiyyət müddəti.
a. Prezidiumun üzvləri Parlament Assambleyasının qəbul etdiyi seçki qanununa əsasən birbaşa olaraq hər Ərazidə seçilir (hər seçici Prezidiumda bir yeri doldurmaq üçün səs verir). Bununla belə, birinci seçki Ümumi Çərçivə Sazişinə edilmiş Əlavə 3-ə müvafiq olaraq keçirilir. Prezidiumda hər hansı boş yer, Parlament Assambleyası tərəfindən qəbul edilən qanuna uyğun olaraq, müvafiq Ərazidən olan nümayəndə tərəfindən tutulmalıdır.
b. Birinci seçkilər zamanı seçilən Prezidiumun Üzvlərinin səlahiyyət müddəti iki ildir; növbəti seçkilərdə seçilən Üzvlərin səlahiyyət müddəti dörd ildir. Üzvlər təkrar bir dəfə seçilə bilərlər və bundan sonra dörd il müddətinə seçilə bilməzlər.
2. Prosedurlar.
a. Prezidium, bütün iclaslarının lazımı qaydada bildirişini nəzərdə tutan öz prosedur qaydalarını müəyyən edir,
b. Prezidiumun Üzvləri öz aralarından Sədr təyin edirlər. Prezidiumun birinci səlahiyyət müddətində ən çox səs almış Üzv Sədr olur. Bundan sonra, rotasiya və ya digər yolla Sədrin seçilməsi üsulu IV Maddənin 3-cü bəndi nəzərə alınaraq Parlament Assambleyası tərəfindən müəyyən olunur.
c. Prezidium bütün Prezidium qərarlarının razılıqla qəbul olunmasına səy göstərir (yəni, V Maddənin 3-cü hissəsinin (a)-(e) bəndləri ilə əlaqədar məsələlər üzrə qərarlar). Razılığın əldə olunması ilə bağlı bütün səylər uğursuz olarsa, belə qərarlar bununla belə, aşağıdakı “d” bəndinə müvafiq olaraq iki Üzv tərəfindən qəbul oluna bilər.
d. Prezidiumun qərarı ilə razılaşmayan üzv onun seçildiyi ərazidən Prezidiumun Qərarının Ərazinin həyati maraqları üçün dağıdıcı olduğunu bəyan edə bilər, bir şərtlə ki, o, bunu qərarın qəbulundan sonra üç gün müddətində etsin. Belə bir qərar dərhal, əgər bu bəyanat Serb Üzvü tərəfindən edilirsə, Srpska Respublikasının Milli Assambleyasına, boşnak üzvü tərəfindən edilirsə, Federasiyanın Xalqlar Palatasının boşnak Nümayəndələrinə və ya xorvat üzvü tərəfindən edilirsə, xorvat Nümayəndələrinə göndərilir. Əgər bu bəyanat göndərildikdən sonra on gün ərzində bu şəxslərin üçdə iki səs çoxluğu ilə təsdiq olunursa, mübahisələndirilən Prezidium qərarı qüvvəyə minmir.
3. Səlahiyyətlər. Prezidium aşağıdakılara görə məsuliyyət daşıyır:
a. Bosniya və Herseqovinanın xarici siyasətinin aparılması.
b. Bosniya və Herseqovinanın səfirlərinin və digər xarici nümayəndələrinin təyin olunması; bunlardan üçdə ikisindən çoxu olmamaqla, Federasiyanın ərazisindən seçilə bilər.
c. Bosniya və Herseqovinanın beynəlxalq və Avropa təşkilatlarında və institutlarında təmsil edilməsi və Bosniya və Herseqovinanın üzv olmadığı belə təşkilatlara və institutlara qəbul olunması.
d. Danışıqların aparılması, denonsasiya və Parlament Assambleyasının razılığı ilə Bosniya və Herseqovinanın müqavilələrinin ratifikasiya olunması.
e. Parlament Assambleyasının qərarlarının icrası.
f. Nazirlər Şurasının tövsiyəsi əsasında Parlament Assambleyasına illik büdcənin təklif olunması.
g. Parlament Assambleyasının xahişi ilə, lakin ildə bir dəfədən az olmayaraq, Prezidiumun xərcləri barədə hesabatın verilməsi.
h. Zərurət olduqda Bosniya və Herseqovinada beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələndirmə.
i. Parlament Assambleyası tərəfindən üzərinə qoyulan və ya Ərazilər tərəfindən razılaşdırılan öhdəliklərin icrası üçün zəruri olacaq digər belə funksiyaların həyata keçirilməsi.”
13. Hazırkı iş üzrə mübahisə predmeti olan Konstitusiyanın müddəaları gələcəkdə Deyton Sülh Sazişinin əsasını təşkil edəcək Razılaşdırılmış Əsas Prinsiplərə daxil edilməmişdir (bax 26 sentyabr 1995-ci il tarixli Əlavə Razılaşdırılmış Əsas Prinsiplərin 6.1 və 6.2 bəndləri). Məlumatlara əsasən beynəlxalq vasitəçilər münaqişə iştirakçılarının bəzilərinin güclü tələblərinə əsasən həvəssiz olaraq son mərhələdə bu müddəaları qəbul ediblər (bax Nystuen[3], Sülhə nail olma və ya İnsan Hüquqlarının Qorunması: Deyton Sülh Sazişində Etnik Ayrı-seçkilik normaları arasındakı Münaqişələr, Martinus Nijhoff Nəşriyyatı, 2005, səh., 192, (Nystuen, Achieving Peace or Protecting Human Rights: Conflicts between Norms Regarding Ethnic Discrimination in the Dayton Peace Agreement, Martinus Nijhoff Publishers, 2005, p. 192) və O’Brien[2], Bosniyada Deyton Sazişi: Davamlı Atəşkəs, Daimi Danışıqlar, Zartman və Kremenyuk toplusunda (red.) (O’Brien, The Dayton Agreement in Bosnia: Durable Cease-Fire, Permanent Negotiation, in Zartman and Kremenyuk (eds)), Ədalət Əleyhinə Sülh: Gələcəyə və Keçmişə yönəlik Nəticələr üzrə Danışıqlar. Rouman & Littlfild Nəşriyyatı, 2005, səh., 105 (Peace versus Justice: Negotiating Forward- and Backward-Looking Outcomes, Rowman & Littlefield Publishers, 2005, p. 105).
14. Çox güman ki, bu müddəaların insan hüquqlarına zidd olduğu barədə yaxşı məlumatlı olan beynəlxalq vasitəçilər, Konstitusiyanı dinamik bir alətə çevirməyə və onların təsirinin yox edilməsi üçün imkan yaradılmasına xüsusi əhəmiyyət veriblər. Buna görə də, Konstitusiyaya II Maddənin 2-ci bəndi əlavə olunub (bax yuxarıda istinad edilən Nystuen kitabı, səh. 100). Maddədə deyilir:
“İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında və ona dair Protokollarda əks olunan hüquq və azadlıqlar Bosniya və Herseqovinada birbaşa qüvvəyə malikdir. Onlar bütün digər qanunvericilik aktlarına münasibətdə üstün qüvvəyə malikdir.”
Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi U 5/04 saylı 31 mart 2006-cı il tarixli və U 13/05 saylı 26 may 2006-cı il tarixli qərarlarında Avropa İnsan Hüquqları Konvensiyasının Konstitusiyaya münasibətdə üstün qüvvəyə malik olmaması barədə qərar versə də, AP 2678/06 saylı 29 sentyabr 2006-cı il tarixli qərarında fərqli nəticəyə gəldi. Sonuncu qərarda, məhkəmə şikayətçinin etnik mənşəyinə görə (Srpska Respublikasından boşnak) Prezidiuma seçkilərdə iştirak etmək hüququnun olmaması barədə ayrı-seçkiliklə bağlı şikayətə baxdı və onu mahiyyəti üzrə rədd etdi. Hakimlərinin əksəriyyətinin qərarında, bu işə aid olan hissədə deyilirdi (qərarın ingilis dilində tərcüməsi Konstitusiya Məhkəməsi tərəfindən təqdim olunub):
“18. Şikayətçilər iddia edirlər ki, onların hüquqları pozulub, belə ki, Bosniya və Herseqovinanın Konstitusiyasının II Maddəsinin 2-ci bəndinə əsasən İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında və ona dair Protokollarda əks olunan hüquq və azadlıqlar Bosniya və Herseqovinada birbaşa qüvvəyə malikdir və onlar bütün digər qanunvericilik aktları ilə münasibətdə üstün qüvvəyə malikdir. Buna görə də, şikayətçilər hesab edirlər ki, İliyaz Pilavın Bosniya və Herseqovinanın Prezidiumuna namizədliyi müstəsna olaraq onun milli/etnik mənşəyinə görə rədd edilmişdir, bu isə Avropa Konvensiyasının 12 saylı Protokolunun 1-ci Maddəsinin pozuntusudur; Maddəyə əsasən qanunla təsbit olunmuş istənilən hüquqdan istifadə ayrı-seçkilik olmadan təmin olunmalıdır və heç kəs milli/etnik mənşə daxil olmaqla, hər hansı əsasa görə dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
...
22. Şübhəsiz ki, Bosniya və Herseqovina Konstitusiyasının V Maddəsinin müddəaları, eləcə də 2001-ci il tarixli Seçki Qanununun 8-ci Maddəsinin müddəaları məhdudlaşdırıcı xarakterə malikdir; belə ki, onlar Srpska Respublikası ərazisində yaşayan boşnakları və xorvatları, Bosniya və Herseqovina Federasiyasının ərazisində yaşayan serbləri Bosniya və Herseqovinanın Prezidiumuna seçkilərdə iştirak etmək imkanından məhrum etməklə vətəndaşların hüquqlarını məhdudlaşdırır. Bununla belə, bu müddəaların məqsədi Prezidiumun bu üç təsisçi xalqın nümayəndələrindən ibarət olmasını təmin etmək üçün, təsisçi xalqların mövqeyini möhkəmləndirməkdir. Bosniya və Herseqovinadakı hazırkı vəziyyəti nəzərə alaraq, milliyyətcə serb olan və birbaşa olaraq Srpska Respublikasının ərazisindən seçilən digər namizədlərlə müqayisədə fərqli rəftar şərtlərində şikayətçilərin hüquqlarına münasibətdə mövcud olan, Konstitusiya və 2001-ci il Seçki Qanunu ilə müəyyən olunan bu məhdudiyyət hazırkı anda əsaslıdır, belə ki, belə rəftar üçün ağlabatan əsaslandırma mövcuddur. Buna görə də, Bosniya və Herseqovinada mövcud vəziyyəti və onun konstitusion hüquq qaydasının xüsusi xarakterini hesaba alaraq, eləcə də Konstitusion müddəaları və qanunvericiliyi nəzərə alsaq, Bosniya və Herseqovinanın və Mərkəzi Seçki Komissiyasının mübahisələndirilən qərarları şikayətçilərin Avropa Konvensiyasının 12 Saylı Protokolunun 1-ci Maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 25-ci Maddəsi altında hüquqlarını pozmur, belə ki, adı çəkilən qərarlar əsassız deyil və qanuna söykənir. Bu o deməkdir ki, onlar qanuni məqsəd daşıyır, ağlabatan qaydada əsaslandırılıb və onlar şikayətçilərin hüquqlarının məhdudlaşdırılmasının bərqərar olmuş sülhün qorunması, dialoqun davam etdirilməsi və nəticə etibarilə Bosniya və Herseqovinanın Konstitusiyasının və 2001-ci il Seçki Qanununun adı çəkilən müddəalarını dəyişdirmək üçün şəraitin yaradılması baxımından ümumi cəmiyyətin maraqlarına mütənasib olduğunu nəzərə alaraq, şikayətçilərin üzərinə hədsiz yük qoymur.”
15. Konstitusiyaya dəyişikliklərə münasibətdə X Maddədə deyilir:
“1. Dəyişiklik edilməsi proseduru: bu Konstitusiyaya Nümayəndələr Palatasında iştirak edənlərin və səs verənlərin üçdə ikisi daxil olmaqla, Parlament Assambleyasının qərarı ilə dəyişiklik edilə bilər.
2. İnsan Hüquqları və Əsas Azadlıqlar. Konstitusiyaya edilən dəyişiklik bu Konstitusiyanın II Maddəsində istinad edilən hər hansı hüquq və azadlığı aradan qaldıra və ya azalda bilməz və ya hazırkı bəndi dəyişdirə bilməz.”
26 mart 2009-cu ildə Parlament Assambleyası yuxarıdakı prosedura müvafiq olaraq ilk dəfə Konstitusiyaya uğurla dəyişiklik etdi. Bu dəyişiklik Brçko dairəsinin statusuna aid idi.
2. Əlavə 10 (Sülh nizamlanmasının mülki aspektlərinin həyata keçirilməsi barədə Saziş)
16. Sülh nizamlanmasının mülki aspektlərinin həyata keçirilməsi barədə Saziş Ali Nümayəndənin - Bosniya və Herseqovina üzrə beynəlxalq administratorun mandatını müəyyən edir. Bu vəzifə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının icazəsi ilə sülh prosesində fəal iştirak edən Dövlətlərin qeyri-rəsmi birliyi tərəfindən (Sülh Sazişinin həyata keçirilməsi üzrə Şura) BMT Nizamnaməsinin VII Bölməsinə müvafiq olaraq məcburetmə tədbiri qismində yaradılıb (bax BMT-nin Təhlükəsizlik Şurasının 1031 saylı 15 dekabr 1995-ci il tarixli Qətnaməsi).
17. Məlumdur ki, Ali Nümayəndənin səlahiyyətləri genişdir (bax Beriç və Başqaları Bosniya və Herseqovinaya qarşı işi üzrə qərar (Berić and Others v. Bosnia and Herzegovina) 36357/04 saylı və d., ECHR 2007‑XII). O, dəfələrlə adi qanunlar qəbul edib və Ərazilərin Konstitusiyalarına dəyişiklik edib (Dövlət Konstitusiyasından fərqli olaraq, Ərazilərin Konstitusiyaları Deyton Sülh Sazişinin tərkib hissəsi deyil). Bununla belə, Ali Nümayəndənin səlahiyyətlərinin Dövlət Konstitusiyasına şamil olub-olunmaması tam aydın deyil. Deyton Sülh Sazişində bu məsələ ilə əlaqədar heç nə deyilmir, lakin Dövlət Konstitusiyasında çap səhvi ilə bağlı epizod mənfi cavab verilməli olduğunu təklif edir. Deyton Sülh Sazişinin qüvvəyə minməsindən bir neçə ay sonra, Deyton danışıqlarında iştirak etmiş bəzi beynəlxalq hüquqşünaslar anladı ki, V Maddənin 2 (c) bəndindəki istinad səhvdir (bu bənd III Maddənin 1 (a)-(e) bəndlərinə deyil, V Maddənin 3 (a)-(e) bəndlərinə istinadı nəzərdə tuturdu). 1996-cı ilin noyabr ayında Ali Nümayəndə cənab Bildt Birləşmiş Ştatların Dövlət Katibi cənab Kristoferə məktubla müraciət edərək, Deyton Sülh Sazişinə edilmiş Əlavə 10-a istinad etməklə səhvi düzəltməyi təklif etdi. Cənab Kristofer hesab etdi ki, cənab Bildtin Əlavə 10-a əsasən nəzərdə tutulan səlahiyyətləri Dövlət Konstitusiyasına şamil olunmur (bax yuxarıda istinad edilən Nystuenin kitabında onların yazışmalarının mətni, səh. 80-81). Bundan sonra, tezliklə, qeyd olunan səhv hər hansı rəsmi qərar olmadan düzəldildi: Ali Nümayəndə sadəcə olaraq Bosniya və Herseqovinanın Prezidiumuna məlumat verdi və Dövlət Konstitusiyasının düzəldilmiş versiyası nəşr olundu. Hazırkı iş üzrə əhəmiyyət kəsb edən odur ki, bundan sonra Ali Nümayəndələrin rəsmi mövqeyi nəzərdə tuturdu ki, onların səlahiyyətləri Dövlət Konstitusiyasına şamil olunmur (Lord Eşdaunun Ali Nümayəndə qismində Venesiya Komissiyasındakı nitqi bunu təsdiq edir (bax Venesiya Komissiyasının 60-cı Plenar İclasından Sessiya Hesabatı, CDL-PV(2004)003, 3 noyabr 2004-cü il, səh. 18). Nitqin hazırkı işə aid olan hissəsində deyilir:
“Əgər Bosniya və Herseqovina Avropa İttifaqına və NATO-ya üzv olmaq istəyirsə, o, yalnız tam funksional dövlətə malik olmalıdır. Bosniya və Herseqovinanın siyasi liderləri artıq başa düşməyə başlayıblar ki, onlar seçim qarşısındadırlar: cari Konstitusiyanı qüvvədə saxlamaq və onun iqtisadi, sosial və siyasi nəticələrini çəkmək və ya Bosniya və Herseqovinanı Avropa İttifaqının tərkibində sabit, funksional və firavan ölkəyə çevirmək üçün tələb olunan dəyişiklikləri Konstitusiyaya etmək.
Mən inanmıram ki, Bosniya və Herseqovinanın əhalisi Konstitusiyalarının onların təhlükəsizliyi və firavanlığı yolunda bir maneəyə çevrilməli olduğuna inansın.
Lakin biz bu maneəni onların əvəzinə qaldıra bilmərik.
Sülh Sazişinin həyata keçirilməsi üzrə Şura və özüm də daxil olmaqla ardıcıl gələn Ali Nümayəndələr daimi olaraq o mövqedə idilər ki, tərəflərin Deyton Sazişini yerinə yetirməsi şərtlərində - və burada Srpska Respublikasının Haaqa Tribunalına uyğunluğu münasibətində sual işarəsi qalır, Bosniya və Herseqovinanın Konstitusiyası beynəlxalq ictimaiyyət tərəfindən deyil, yalnız Bosniya və Herseqovinanın Parlament Assambleyası tərəfindən müəyyən olunmuş qaydada dəyişdirilə bilər. Başqa sözlə desək, Deyton Sazişininin yerinə yetirilməsini nəzərdə tutsaq, Ali Nümayəndənin səlahiyyətləri Deyton mətnləri ilə başlayır və başa çatır, və orada təsbit olunan Konstitusiyaya hər hansı dəyişiklik Bosniya və Herseqovinanın xalqı və onların seçdiyi nümayəndələri tərəfindən nəzərdən keçirilməlidir.”
B. 2001-ci il Seçki Qanunu
18. 2001-ci il Seçki Qanunu (Bosniya və Herseqovinanın 23/01 saylı 19 sentyabr 2001-ci il tarixli Rəsmi Qəzetində dərc edilib; qanuna dəyişikliklər
7/02 saylı 10 aprel 2002-ci il, 9/02 saylı 3 may 2002-ci il, 20/02 saylı 3 avqust 2002-ci il, 25/02 saylı 10 sentyabr 2002-ci il, 4/04 saylı 3 mart 2004-cü il, 20/04 saylı 17 may 2004-cü il, 25/05 saylı 26 aprel 2005-ci il, 52/05 saylı 2 avqust 2005-ci il, 65/05 saylı 20 sentyabr 2005-ci il, 77/05 saylı 7 noyabr 2005-ci il, 11/06 saylı 20 fevral 2006-cı il, 24/06 saylı 3 aprel 2006-cı il, 32/07 saylı 30 aprel 2007-ci il, 33/08 saylı 22 aprel 2008-ci il və 37/08 saylı 7 may 2008-ci il tarixli Rəsmi Qəzetlərdə dərc edilib) 27 sentyabr 2001-ci il tarixdə qüvvəyə minib. Bu Qanunun müvafiq müddəalarında deyilir:
Bölmə 1.4 § 1
“On səkkiz (18) yaşına çatmış Bosniya və Herseqovinanın hər bir vətəndaşının bu qanuna müvafiq olaraq seçmək və seçilmək hüququ vardır.”
Bölmə 4.8
“Seçkilərdə namizədliyini qeydə almaq üçün müstəqil namizəd Mərkəzi Seçki Komissiyasına seçkidə iştirak barədə ən azı aşağıdakılardan ibarət ərizə təqdim etməlidir:
1. Bosniya və Herseqovinanın Prezidiumuna seçkilərdə qeydiyyatdan keçmiş seçicilərin bir min beş yüz (1.500) imzası; ...”
Bölmə 4.19 §§ 5 -7
“Namizədlər siyahısında hər bir namizədin adı və soyadı, onların şəxsi eyniləşdirmə nömrəsi (JMBG), daimi yaşayış ünvanı, “təsisçi xalqlar”a və ya “digər”lər qrupuna mənsubiyyətinin bəyanatı, qüvvədə olan şəxsiyyət vəsiqəsinin nömrəsi və onun verilmə yeri, eləcə də siyasi partiyanın sədrinin və ya koalisiyada olan siyasi partiyaların sədrlərinin imzaları olmalıdır. Hər bir namizədin namizədliyini təsdiq etməsi barədə bəyanatı, bu Qanunun 1.10 bölməsinin 1(4) bəndində nəzərdə tutulan maneələrin mövcud olmaması barədə bildiriş və bu Qanunun 15.7 bölməsində nəzərdə tutulan onun əmlak vəziyyəti barədə bildiriş siyahıya əlavə olunmalıdır. Bəyanat və bildirişlər lazımi qaydada təsdiq olunmalıdır.
(Əvvəlki) bənddə istinad edilən konkret “təsisçi xalqlar”a və ya “digər”lər qrupuna mənsubiyyət barədə bəyanat, siyahının təqdim olunduğu seçki mərhələsində belə bəyanatın tələb olunduğu seçki və ya inzibati vəzifəni tutmaq hüququnu həyata keçirmək məqsədilə istifadə olunmalıdır.
Namizəd “təsisçi xalqlar”a və ya “digər”lər qrupuna mənsubiyyəti barədə bəyan etməmək hüququna malikdir. Lakin əgər o, öz mənsubiyyətini bəyan etməzsə, bu, belə bəyanatın tələb olunduğu seçki və ya inzibati vəzifəni tutmaq hüququndan imtina hesab olunacaq.”
Bölmə 8.1
“Bosniya və Herseqovina Federasiyasının ərazisindən birbaşa olaraq seçilən Bosniya və Herseqovina Prezidiumunun üzvləri – bir boşnak və bir xorvat Bosniya və Herseqovina Federasiyasında seçici qismində qeydiyyata alınmış şəxslər tərəfindən seçilir. Bosniya və Herseqovina Federasiyasında seçici qismində qeydiyyata alınmış şəxs Prezidiuma seçkilərdə boşnak və ya xorvat namizədə səs verə bilər, lakin eyni zamanda hər ikisinə səs verə bilməz. Eyni təsis xalqından namizədlər arasında ən çox səs toplamış boşnak və ya xorvat Prezidiuma üzv seçilir.
Srpska Respublikasının ərazisindən birbaşa olaraq seçilən Bosniya və Herseqovinanın Prezidiumunun üzvü – bir serb - Srpska Respublikasında seçici qismində qeydiyyata alınmış şəxslər tərəfindən seçilir. Ən çox səs toplamış namizəd Prezidiuma üzv seçilir.
Bosniya və Herseqovinanın Prezidiumunun üzvləri dörd (4) il müddətinə seçilir.”
Bölmə 9.12a
“Bosniya və Herseqovinanın Xalqlar Palatasında Bosniya və Herseqovina Federasiyasından xorvat və boşnak nümayəndələr müvafiq olaraq xorvat və boşnak partiyalarının birliyi tərəfindən Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasına seçilirlər.
Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasında xorvat və boşnak nümayəndələr müvafiq təsisçi xalqların arasından nümayəndələr seçirlər.
Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasında serb nümayəndələri və “digər” qruplarının nümayəndələri Bosniya və Herseqovina Federasiyasından Bosniya və Herseqovinanın Xalqlar Palatasına boşnak və xorvat nümayəndələrinin seçilməsi prosesində iştirak etmirlər.
Srpska Respublikasından nümayəndələr (beş serb) Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasına Srpska Respublikasının Parlament Assambleyası tərəfindən seçilirlər.
Srpska Respublikasının Milli Assambleyasında boşnak və xorvat nümayəndələr və “digər” qrupların nümayəndələri Srpska Respublikasından nümayəndələrin Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçilməsi prosesində iştirak edirlər.”
Bölmə 9.12c
“Bosniya və Herseqovinanın Xalqlar Palatasına boşnak və ya xorvat nümayəndələr elə qaydada seçilməlidirlər ki, Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasında boşnak və ya xorvat nümayəndələrinin qrupunda iştirak edən hər bir siyasi birlik və ya boşnak və ya xorvat nümayəndələrinin qrupundan hər bir nümayəndə boşnak və ya xorvat nümayəndələrin Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçki siyahısında bir və ya bir neçə namizədi irəli sürmək hüququna malik olsun.
Hər siyahıya Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçiləcək nümayəndələrin sayından artıq sayda namizədlər daxil ola bilər.”
Bölmə 9.12e
“Bosniya və Herseqovinanın Xalqlar Palatasına Srpska Respublikasından namizədlərin seçkisi elə qaydada həyata keçirilməlidir ki, Srpska Respublikasının Milli Assambleyasında hər siyasi partiya və ya hər nümayəndə serb nümayəndələrinin Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçki siyahısında bir və ya bir neçə namizədi irəli sürmək hüququna malik olsun.
Hər siyahıya Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçiləcək nümayəndələrin sayından artıq sayda namizədlər daxil ola bilər.”
C. Birləşmiş Millətlər Təşkilatı
19. 21 dekabr 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində qəbul olunan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair Beynəlxalq Konvensiya, Bosniya və Herseqovinaya münasibətdə 16 iyul 1993-cü ildə qüvvəyə mindi. Onun 1-ci maddəsinin müvafiq hissəsində deyilir:
“Bu Konvensiyada «irqi ayrı-seçkilik» ifadəsi məqsədi, yaxud nəticəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın hər hansı digər sahəsində insanın hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, istifadə olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irqi, dərinin rəngi, nəsil, milli, yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutulmanı bildirir”.
Konvensiyanın 5-ci maddəsinin müvafiq hissəsində aşağıdakılar deyilir:
Bu Konvensiyanın 2-ci maddəsində ifadə olunmuş əsas öhdəliklərə müvafiq olaraq, iştirakçı dövlətlər irqi ayrı-seçkiliyin bütün formalarını qadağan və ləğv etməyi və irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər bir insanın, xüsusilə aşağıdakı hüquqları həyata keçirməyə münasibətdə, qanun qarşısında bərabərliyini təmin etməyi öhdələrinə götürürlər:
...
c) siyasi hüquqlar, o cümlədən ümumi və bərabər seçki hüququ əsasında keçirilən seçkilərdə iştirak etmək və səs vermək və öz namizədliyini irəli sürmək hüququ, ölkənin idarə olunmasında, eləcə də bütün səviyyələrdə dövlət işlərinə rəhbərlikdə iştirak etmək hüququ, habelə dövlət qulluğuna girməkdə bərabərlik hüququ;
...”
Bu müqavilənin icrasına nəzarət etmək üçün müstəqil ekspertlər qrupundan ibarət yaradılan orqan - İrqi Ayrı-seçkiliyin Ləğvinə dair Komitənin Bosniya və Herseqovinaya dair “yekun müşahidələrin” müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur (11 aprel 2006-cı il tarixli CERD/C/BİH/CO/6 saylı sənəd, § 11):
“Komitə dərin narahatlığını bildirir ki, Dövlət Konstitusiyasının IV və V maddələrinə əsasən Bosniya və Herseqovinanın Xalqlar Palatasına və üç üzvdən ibarət Prezidiumuna, yalnız qanuna əsasən Bosniya və Herseqovinanın “təsisçi xalqları” (boşnaklar, xorvatlar və serblər) qrupuna aid olan şəxslər və həmçinin yaşadığı Ərazidə dominant əksəriyyət təşkil edən (məs., Bosniya və Herseqovina Federasiyasında boşnaklar və xorvatlar və Srpska Respublikasında serblər) qrupa məxsus şəxslər seçilə bilər. Beləliklə, mövcud qanunvericilik strukturu “digərlər” qrupuna aid olan şəxslərin, yəni boşnak, xorvat və ya serblərdən başqa milli azlıqlara və ya etnik qruplara aid olan şəxslərin Xalqlar Palatasına və Prezidiuma seçilmək imkanını istisna edir. Baxmayaraq ki, iştirakçı dövlətin əsas siyasi institutlarının üçtərəfli strukturuna ola bilsin ki, haqq qazandırıla bilərdi və ya bu, hətta ilkin olaraq iştirakçı dövlətin ərazisində silahlı münaqişədən sonra sülhün bərqərar olması üçün zəruri idi, Komitə qeyd edir ki, müəyyən etnik qrupların xeyrinə xüsusi imtiyaz və üstünlüklər verən hüquqi fərqlər Konvensiyanın 1-ci Maddəsinə və 5-ci Maddəsinin (c) bəndinə uyğun deyil. Komitə daha sonra qeyd edir ki, bu ilk növbədə o hallara aiddir ki, xüsusi imtiyaz və üstünlüklərin verilməsinə zərurət artıq mövcud deyil (1-ci Maddənin 4-cü bəndi və 5-ci Maddənin (c) bəndi). Komitə iştirakçı dövləti etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların seçmək və seçkilərdə iştirak etmək hüquqlarının həyata keçirilməsi üçün bərabər imkanların təmin olunması məqsədilə Dövlət Konstitusiyasının və Seçki Qanunun müvafiq müddəalarına dəyişikliyi davam etdirməyə çağırır.”
20. 16 dekabr 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində qəbul olunan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Bosniya və Herseqovinaya münasibətdə 6 mart 1992-ci ildə qüvvəyə mindi. Paktın hazırkı işə aid olan müddəaları aşağıdakılardır:
Maddə 2 § 1
“Hazırkı Paktda iştirak edən hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğumu və digər halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi və onların bu hüquqlarını təmin etməyi öhdəsinə götürür.”
Maddə 25
“Hər bir vətəndaş, 2-ci maddədə xatırlanan ayrı-seçkiliklərin heç birinə yol verilmədən və heç bir əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
(a) dövlət işlərinin aparılmasında həm bilavasitə, həm də azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək;
(b) ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi müntəsəm seçkilərdə səs vermək və seçilmək;
(c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq.”
Maddə 26
“Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bununla bağlı ayrı-seçkiliyin bütün növləri qanunla qadağan olunmalıdır və qanun istənilən əlamətə: irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğumu və ya digər halları ilə bağlı əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli müdafiə təminatı verməlidir.”
Bu müqavilənin icrasına nəzarət etmək üçün müstəqil ekspertlər qrupundan ibarət yaradılan orqan - İnsan Hüquqları Komitəsinin Bosniya və Herseqovinaya dair “yekun müşahidələrin” müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur (22 noyabr 2006-cı il tarixli CERD/C/BİH/CO/6 saylı sənəd, § 8):
“Komitə narahatlığını bildirir ki, 26 aprel 2006-cı ildə Konstitusiyaya müvafiq dəyişikliyi etməkdən imtinadan sonra, Dövlət Konstitusiyası və Seçki Qanunu “Digərlər”, yəni iştirakçı Dövlətlərin “təsisçi xalqlar”dan birinə (boşnaklar, xorvatlar və serblər) aid olmayan şəxsləri Bosniya və Herseqovinanın Xalqlar Palatasına və üç üzvdən ibarət Prezidiumuna seçilmək imkanından məhrum etməkdə davam edir (2-ci, 25-ci və 26-cı maddələr).
İştirakçı Dövlət şəffaflıq prosesində və bütün maraqlı tərəflərin daxil olduğu iştirakçıların geniş dairəsi əsasında, etnik mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşlara Paktın 25-ci maddəsində nəzərdə tutulan hüquqlardan istifadənin bərabər imkanlarına təminat verən seçki sistemini qəbul etmək üçün konstitusiya islahatı üzrə danışıqları yenidən açmalıdır.”
D. Avropa Şurası
21. 2002-ci ildə Avropa Şurasına üzv olan Bosniya və Herseqovina “Hüquq vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) dəstəyi ilə bir il ərzində öz seçki qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunluğu baxımından nəzərdən keçirməyi və zərurət olduqda ona müvafiq dəyişikliklər etməyi” öhdəsinə götürdü (bax Avropa Şurasının Parlament Assambleyasının 22 yanvar 2002-ci il tarixli 234 (2002) saylı Rəyi, § 15 (iv) (b)). Bundan sonra, Avropa Şurasının Parlament Assambleyası sonradan qoşulduğu bu öhdəlik barədə Bosniya və Herseqovinaya vaxtaşırı xatırlatmalar edirdi və “etnik mənsubiyyətə əsaslanan nümayəndəlik mexanizminin vətəndaşlıq prinsipinə əsaslanan nümayəndəlik mexanizmi ilə əvəz olunması, xüsusilə də, “Digərlər”ə qarşı ayrı-seçkiliyə son qoyulması məqsədilə” 2010-cu ilin oktyabrınadək yeni Konstitusiya qəbul etməyə çağırırdı (bax 23 iyun 2004-cü il tarixli 1383 (2004) saylı Qətnamə, § 3; 29 iyun 2006-cı il tarixli 1513 (2006) saylı Qətnamə, § 20 və 30 sentyabr 2008-ci il tarixli, 1626 (2008) saylı Qətnamə § 8).
22. Venesiya Komissiyası, Avropa Şurasının konstitusiya hüququ məsələləri üzrə məşvərətçi orqanı, bununla bağlı bir sıra rəylər qəbul edib.
Bosniya və Herseqovinada konstitusion vəziyyət və Ali Nümayəndənin səlahiyyətləri barədə Rəyin (11 mart 2005-ci il tarixli CD-AD (2005)004 saylı sənəd) hazırkı işə aid olan hissəsində aşağıdakılar deyilir:
“1. Avropa Şurasının Parlament Assambleyası 23 iyun 2004-cü ildə “Bosniya və Herseqovinada demokratik institutların gücləndirilməsi barədə 1384 saylı Qətnamə qəbul etdi. Qətnamənin 13-cü bəndində Venesiya Komissiyasından Bosniya və Herseqovinada bir neçə konstitusion məsələləri araşdırmaq xahiş olunur.
...
29. Bosniya və Herseqovina ciddi iqtisadi problemlərlə üzləşən və Avropaya inteqrasiyada iştirak etmək arzusunda olan keçid ölkəsidir. Ölkə bu vəziyyətin nəticəsində yaranan çoxsaylı problemlərin öhdəsindən, güclü və effektiv hökumət olduğu halda gələ biləcək. Lakin dövlət orqanlarının fəaliyyətinə dair konstitusion qaydalar güclü hökumət qurmağa deyil, əksəriyyətin digər qruplara mənfi təsir edən qərarların qəbul etməsinin qarşısını almağa yönəlib. Aydındır ki, münaqişədən sonrakı vəziyyətdə etnik qruplar arasında hökumətə yalnız majoritar prinsip əsasında formalaşmağa imkan verən kifayət qədər etibar yox idi (və olmur). Belə bir vəziyyətdə bütün əsas qruplara, Bosniya və Herseqovinaya münasibətdə təsisçi xalqlara, konstitusion normalar qəbul etməyə və onlar tərəfindən qorunduğunu hiss etməyə imkan verən xüsusi təminatlar müəyyən olunmalıdır. Buna görə də Bosniya və Herseqovinanın Konstitusiyası təsisçi xalqların maraqlarının qorunmasını, yalnız onların maraqlarını əks etdirən ərazi vahidinin təmin olunması ilə deyil, eləcə də dövlət orqanlarının formalaşdırılması və onların fəaliyyət qaydalarının müəyyən olunması ilə təmin edir. Belə bir vəziyyətdə həqiqətən, bir tərəfdən bütün təsisçi xalqların maraqlarını qorumaq zəruriliyi və digər tərəfdən effektiv hökumətə malik olmaq zəruriliyi arasında tarazlığa riayət olunmalıdır. Lakin Bosniya və Herseqovinanın Konstitusiyasında təsisçi xalqların maraqlarının qorunmasını təmin edən çoxlu müddəalar var, xüsusilə də: Parlament Assambleyasının həyati əhəmiyyət kəsb edən maraqların vetosu, ikipalatalı sistem və etnik əsasda formalaşan kollektiv Prezidium. Bu müddəaların birgə təsiri effektiv idarəetməni mümkünsüz etmirsə də, son dərəcə çətinləşdirir. İndiyədək bu sistem Yüksək Nümayəndənin birinci dərəcəli roluna görə az və ya çox dərəcədə fəaliyyət göstərib. Lakin bu rol davamlı deyil.
Həyati əhəmiyyət kəsb edən maraqların vetosu
30. Təsisçi xalqların maraqları əleyhinə hər hansı qərarların qəbul olunmamasını təmin edən ən əsas mexanizm həyati əhəmiyyətli maraqların vetosudur. Əgər Xalqlar Palatasında boşnak, xorvat və serb nümayəndələrinin əksəriyyəti Parlament Assambleyasının təklif edilən qərarının onların xalqlarının həyati əhəmiyyətli maraqlarına zidd olduğunu bəyan etsə, boşnak, serb və xorvat nümayəndələri bu qərarın qəbul olunması üçün onun lehinə səs verməli olacaqlar. Digər xalqların nümayəndələrinin əksəriyyəti bu müddəanın qəbul olunmasına etiraz edə bilər. Belə halda barışıq proseduru nəzərdə tutulur və prosessual qanunauyğunluğa əməl olunub-olunmaması barədə yekun qərarı Konstitusiya Məhkəməsi qəbul edir. Qeyd etmək lazımdır ki, Konstitusiyada həyati əhəmiyyətli maraqların vetosuna anlayış verilmir, lakin Ərazilərin Konstitusiyalarında (həddən artıq geniş) anlayış verilir.
31. Aydındır və bir çox müsahiblər təsdiq edir ki, bu prosedur qərarların qəbul edilməsi prosesinin təcrid olunması ilə bağlı ciddi risk daşıyır. Digərlər hesab edir ki, bu prosedurdan nadir hallarda istifadə olunduğundan bu riskə həddindən artıq dəyər verməyə dəyməz və Konstitusiya Məhkəməsi 25 iyun 2004-cü il tarixli qərarında bu anlayışa şərh verməyə başlayıb (bax “Ali Təhsil” haqqında Çərçivə Qanuna münasibətdə həyati əhəmiyyətli maraqların vetosu barədə U-8/04 saylı qərar). Qərarda doğrudan da göstərilir ki, Konstitusiya Məhkəməsi hesab etmir ki, həyati əhəmiyyətli maraq hər bir parlament üzvünün mülahizəsinə buraxılmaqla tamamilə subyektiv anlayışdır və Məhkəmə nəzarətinə məruz qalmayacaq. Əksinə, Məhkəmə həyati əhəmiyyətli maraqların vetosundan istifadəyə haqq qazandıran arqumentləri nəzərdən keçirərək, bir arqumenti qəbul etdi və digərini rədd etdi.
32. Bununla belə, Komissiya hesab edir ki, Konstitusiyada həyati əhəmiyyətli maraqlara dəqiq və ciddi anlayış vermək zəruridir. Veto səlahiyyətləri ilə bağlı əsas problem onlardan istifadə deyil, onların qabaqlayıcı təsiridir. Bütün maraqlı olan siyasətçilər vetonun mümkünlüyünün mövcudluğunu yaxşı dərk etdiklərindən, qərarına veto qoyula biləcəyi gözlənilən məsələlər hətta səsverməyə çıxarılmayacaq. Veto institutu mövcud olduğundan xüsusilə barışmaz mövqe tutan və kompromisə getməkdən imtina edən nümayəndələr güclü mövqedədirlər. Doğrudur ki, Konstitusiya Məhkəməsinin bundan sonrakı presedent hüququ həyati əhəmiyyətli maraqlara anlayış verə bilər və bu mexanizmin tətbiqi ilə əlaqədar yaranan riskləri azalda bilər. Lakin bu uzun müddət çəkə bilər və həmçinin görünür ki, Məhkəmə üçün Konstitusiyanın mətnində hər hansı göstərişləri nəzərdə tutmadan, belə vacib siyasi əhəmiyyətə malik olan məsələni yalnız Məhkəmənin mülahizəsinə buraxmaq məqsədəuyğun deyil.
33. Bosniya və Herseqovinanın hazırkı vəziyyətində, həyati əhəmiyyətli maraqların vetosunun tamamilə ləğv olunmasını tələb etmək qeyri-real görünür. Bununla belə, Komissiya hesab edir ki, Konstitusiyanın mətnində həyati əhəmiyyətli maraqlara aydın anlayışın verilməsi vacib və təxirəsalınmazdır. Bu anlayış üç təsisçi xalqın nümayəndələri ilə razılaşdırılmalıdır, lakin o, Ərazilərin Konstitusiyalarında mövcud olan, həyati əhəmiyyətli maraqlara praktiki olaraq hər şeyi daxil edən anlayışa uyğun gəlməməlidir. Bu anlayış həddən artıq geniş olmamalıdır, lakin əsas etibarilə dil, təhsil və mədəniyyət kimi sahələrdə müvafiq xalqların xüsusilə vacib hüquqlarına diqqət yetirməlidir.
Ərazilərin vetosu
34. Həyati əhəmiyyətli maraqların vetosuna əlavə olaraq, Konstitusiyanın IV Maddəsinin 3 (d) bəndində, hər bir Ərazidən nümayəndələrin üçdə ikisi tərəfindən qoyula bilən veto nəzərdə tutulur. Təcrübədə göründüyü kimi potensial olaraq daha çox Srpska Respublikasına aid olan bu veto, həyati əhəmiyyətli maraqların vetosunun mövcudluğu baxımından lazımsız görünür.
İkipalatalı sistem
35. Konstitusiyanın IV Maddəsində hər ikisi eyni səlahiyyətlərə malik olan Nümayəndələr Palatası və Xalqlar Palatası olmaqla ikipalatalı sistem nəzərdə tutulur. İkipalatalı sistemlər federal dövlətlərə xasdır və buna görə də, təəccüblü deyil ki, Bosniya və Herseqovina Konstitusiyasında ikipalatalı sistem nəzərdə tutulur. Bununla belə, federal dövlətlərdə ikinci palatanın məqsədi adətən kiçik ərazilərin daha geniş təmsilçiliyini təmin etməkdir. Bir palatanın tərkibi əhalinin sayı əsasında müəyyən olunur, digər palatada isə ya bütün ərazilər eyni sayda yerlərə malik olur (İsveçrə, ABŞ), ya da ən azından kiçik ərazilər daha çox sayda nümayəndələrlə təmsil olunur (Almaniya). Bosniya və Herseqovinada bu tamamilə fərqlidir: hər iki palatada üzvlərin üçdə ikisi Bosniya və Herseqovina Federasiyasındandır, fərq ondan ibarətdir ki, Xalqlar Palatasında yalnız Federasiyadan boşnaklar və xorvatlar və Srpska Respublikasından serblər təmsil olunur. Buna görə də, Xalqlar Palatası dövlətin federal xarakterini əks etdirmir, əksinə təsisçi xalqların maraqlarının əlavə müdafiə mexanizmini təşkil edir. Konstitusiyaya əsasən Xalqlar Palatasının əsas funksiyası əslində, həyati əhəmiyyətli maraqların vetosu qoyulan palata rolunu oynamaqdır.
36. Bu sistemin nöqsanı ondan ibarətdir ki, Nümayəndələr Palatası qanunverici işin həyata keçirildiyi və səslərin əksəriyyətinə nail olmaq üçün zəruri olan güzəştlərin əldə olunduğu palata olur. Xalqlar Palatası yalnız veto palatası olaraq neqativ rol oynayır, belə ki, onun üzvləri qanunvericilik prosesinin uğurlu həyata keçirilməsində maraqlı olmadan, öz tapşırıqlarının müstəsna olaraq öz xalqlarının maraqlarının müdafiə olunmasında görürlər. Buna görə də, həyati əhəmiyyətli maraqların veto hüququnu Nümayəndələr Palatasına vermək və Xalqlar Palatasını ləğv etmək üstün görülür. Bu, proseduru sürətləndirərdi və istənilən xalqın qanuni maraqlarını təhlükə altına qoymadan qanunvericiliyin qəbulunu sadələşdirərdi. Bu, həmçinin Xalqlar Palatasının formalaşmasının ayrı-seçkilik problemini həll edərdi.
Kollektiv Prezidium
37. Konstitusiyanın V Maddəsində nəzərdə tutulur ki, kollektiv Prezidium bir boşnak, bir xorvat və bir serb üzvdən ibarətdir və sədr vəzifəsi növbəlik əsasında icra olunur. Prezidium öz qərarlarını konsensus əsasında qəbul etməyə çalışır (V Maddənin 2 (c) bəndi). Qərar səslərin çoxluğu ilə qəbul olunduqda, azlıqda qalan üzv onun üçün həyati əhəmiyyət kəsb edən maraqların vetosunu qoya bilər.
38. Kollektiv Prezidium çox qeyri-adi institutdur. Dövlət Başçısının təmsilçilik funksiyalarının bir şəxs tərəfindən icra olunması daha asandır. İcra hakimiyyətinin başında artıq bir kollegial orqan – Nazirlər Şurası dayanır, və əlavə ikinci kollegial orqanın yaradılması effektiv qərar qəbulu nöqteyi-nəzərindən əlverişli görünmür. Bu, qərar qəbuletmə proseslərinin təkrarlanması riskini yaradır və Nazirlər Şurasının və Prezidiumun səlahiyyətlərini fərqləndirmək çətin olur. Bundan əlavə, Prezidium ya nazirliklərdə olan zəruri texniki biliklərə malik olmur, ya da əsaslı kadr ehtiyacı duyur, bu isə əlavə bürokratiya təbəqəsi yaradır.
39. Buna görə də, kollektiv Prezidium funksional və ya effektiv görünmür. Bosniya və Herseqovinaya münasibətdə, bütün vacib qərarların qəbul olunması prosesində bütün təsisçi xalqlardan nümayəndələrin iştirakını təmin etmək ehtiyacı baxımından, onun mövcudluğu yenə də əsaslandırılmış görünür. Bosniya və Herseqovina üçün mühüm səlahiyyətləri olan vahid Prezidentin nəzərdə tutulması əslində çətin görünür.
40. Buna görə də, icra hakimiyyətini bütün təsisçi xalqların təmsil olunduğu kollegial orqanda - Nazirlər Şurasında cəmləşdirmək ən yaxşı həll olardı. Bu halda, Dövlət Başçısı kimi vahid Prezident qəbuledilən olar. Ölkənin çoxmillətli xarakterini nəzərə alaraq, Prezidentin bütün xalqlar tərəfindən geniş etimaddan istifadə edəcəyini təmin edən, Parlament Assambleyasında səs çoxluğu ilə dolayı seçkisi, birbaşa seçkilərə nisbətən daha üstün görünür. Yeni seçilmiş Prezidentin sələfi ilə eyni təsis xalqına aid ola bilməməsini təmin edəcək rotasiya qaydaları nəzərdə tutula bilər.
...
74. Hazırkı işdə, təsisçi xalqlar arasında dövlət orqanlarındakı vəzifələrin bölgüsü Bosniya və Herseqovinada sülhün bərqərar olmasını mümkün edən Deyton Sazişinin əsas ünsürü idi. Bu baxımdan, ayrı-seçkiliyə yol verilməsi nöqteyi-nəzərindən problemli ola biləcək, lakin sülhə və sabitlliyə nail olmaq və bundan sonra insan itkilərinin qarşısını almaq üçün zəruri olan normaların legitimliyini inkar etmək çətindir. Buna görə də, (Bosniya və Herseqovinanın) Konstitusiyasının mətninə belə qaydaların həmin zaman daxil edilməsi tənqidə layiq deyil, hətta baxmayaraq ki, onlar ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş Konstitusiyanın ümumi mahiyyətinə ziddir.
75. Bu əsaslandırmanı Konstitusiya qüvvəyə mindiyi vaxtdan Bosniya və Herseqovinada baş verən hadisələrin kontekstində nəzərdən keçirmək lazımdır. Bosniya və Herseqovina Avropa Şurasının üzvüdür və buna görə də, ölkəni ümumi Avropa standartlarına uyğun olaraq qiymətləndirmək lazımdır. O, hazırda Avropa İnsan Hüquqları Konvensiyasını və ona dair 12 Saylı Protokolu ratifikasiya edib. Yuxarıda qeyd olunduğu kimi, Bosniya və Herseqovinada vəziyyət müsbət mənada inkişaf edib, lakin nəinki sadəcə əksəriyyətin iradəsini əks etdirən, eləcə də etnik qruplar arasında səlahiyyətlərin və vəzifələrin bölgüsünə təminat verən siyasi sistem tələb edən hallar qalmaqdadır. Buna görə də, müxtəlif qrupların lazımi təmsilçiliyini təmin edən seçki qanunvericiliyinin normalarını müəyyən etmək cəhdi əvvəlki kimi qanunidir.
76. Lakin buna beynəlxalq standartlarla ziddiyyətə girmədən nail olmaq olar. Problemləri konsessual demokratiya sistemi deyil, ərazi və etnik meyarların qarışığı və xüsusilə həssas görünənlərə müəyyən siyasi hüquqlardan açıq-aşkar imtina edilməsi yaradır. Ölkədəki siyasi tarazlığı saxlamaqla Prezidiumla bağlı normaları beynəlxalq standartlara uyğunlaşdırmaq üçün yenidən formalaşdırmaq etmək mümkün görünür.
77. Prezidiumun çox-millətli tərkibi, məsələn, eyni millətə və ya Digərlərə Prezidiumun birdən artıq olmayan üzvünün aid ola bildiyini nəzərdə tutmaqla və hər iki Ərazinin təmsilçiliyini təmin edən seçki sistemini müəyyən etməklə, ayrı-seçkiliyə yol verməyən üsulla təmin oluna bilərdi və ya, yuxarıda təklif olunduğu kimi, Komissiyanın mövqeyinə əsasən üstün tutulan, məsələnin daha radikal həlli kimi, kollektiv Prezidium ləğv oluna bilər və dolayı yolla seçilən çox məhdud səlahiyyətlərə malik olan Prezidentlə əvəz oluna bilər.
...
80. Xalqlar Palatası tam qanunvericilik səlahiyyətlərinə malik olan Palatadır. Beləliklə, (Avropa İnsan Hüquqları Konvensiyasının) 1 Saylı Protokolunun 3-cü Maddəsi tətbiq olunur və etnik əsaslara görə hər hansı ayrı-seçkilik (Konvensiyanın) 14-cü Maddə ilə qadağan olunur. Bununla da, mümkün ayrı-seçkiliyin əsaslandırılması üçün Prezidiuma münasibətdə irəli sürülən eyni mülahizələr irəli sürülə bilər. Sülh və sabitliyin maraqları baxımından Parlamentdə etnik tarazlığın təmin olunmasına cəhd qanunauyğundur, lakin bu, etnik mənsubiyyətə görə ayrı-seçkiliyə o halda haqq qazandıra bilər ki, bu məqsədə nail olmaq üçün başqa vasitələr mövcud olmasın və azlıqların hüquqlarına lazımı şəkildə riayət edilsin. Xalqlar Palatasında, məsələn, hər bir təsisçi xalqın nümayəndələrinin tutması üçün yerlərin maksimum sayını müəyyən etmək olar və ya, yuxarıda qeyd edildiyi kimi, Komissiyanın üstün tutduğu, məsələnin daha radikal həlli seçilə bilər və Xalqlar Palatası sadəcə ləğv oluna bilər və həyati əhəmiyyətli milli maraqların mexanizmi Nümayəndələr Palatasında həyata keçirilə bilər.”
Bosniya və Herseqovinanın Prezidiumuna seçkilər barədə müxtəlif təkliflər üzrə (20 mart 2006-cı il tarixli CDL-AD(2006)004 saylı) Rəyin müvafiq hissəsində deyilir:
“1. Bosniya və Herseqovinanın Prezidiumunun Sədri cənab Süleyman Tihiç, 2 mart 2006-cı il tarixli məktubunda Venesiya Komissiyasından bu ölkənin Prezidiumuna seçkilər barədə üç müxtəlif təkliflər üzrə Rəy təqdim etməyi xahiş edib. Bu xahiş Bosniya və Herseqovinada əsas siyasi partiyaların arasında konstitusiya islahatları ilə bağlı danışıqların çərçivəsində daxil olub. Bu islahat üzrə tam təkliflər paketinə münasibətdə razılığın əldə olunması üçün Prezidiuma seçkilər məsələsinin həll olunması qalır.
...
Təklif I üzrə Qeydlər
8. Təklif I seçkilər barədə və Federasiya ərazisindən seçilən bir boşnak və bir xorvat və Srpska Respublikasının ərazisindən seçilən bir serb olmaqla Prezidiumun hazırkı tərkibi barədə qüvvədə olan normaların saxlanmasından ibarətdir. Özünün (Bosniya və Herseqovinada konstitusion vəziyyət və Ali Nümayəndənin səlahiyyətləri barədə Rəyində) Komissiya Digəriləri, o cümlədən boşnak və xorvatları Srpska Respublikasından və serbləri Federasiyadan Prezidiuma seçilmək imkanından formal olaraq məhrum edən belə normanın, Avropa İnsan Hüquqları Konvensiyasının 12 Saylı Protokoluna uyğunluğu ilə bağlı ciddi narahatlığını bildirdi. Buna görə də, bu normanı olduğu kimi saxlamaq olmaz və Təklif I rədd edilməlidir.
II Təklif üzrə Qeydlər
9. Konstitusiyaya daxil etmək üçün mətn formasında deyil, Konstitusiyanın mümkün məzmununun qısa xülasəsi kimi tərtib olunan II Təklif, Prezidiumun iki üzvünün Federasiyadan və bir üzvünün Srpska Respublikasından birbaşa seçilməsi sistemini saxlayır, bununla belə, namizədlərin etnik mənsubiyyəti ilə bağlı hər hansı tələblər irəli sürülmür. Beləliklə, Venesiya Komissiyasının Rəyində göstərilən de jure ayrı-seçkilik aradan qaldırılardı və bu təklifin qəbul olunması irəli bir addım təşkil edərdi. Təklifdə həmçinin hər 16 aydan bir Prezidiumun yeni Sədrinin növbəlik əsasında dəyişməsi nəzərdə tutulur. Kollektiv Prezidiumun qalması çərçivəsində, bu, rasional həll kimi görünür.
10. Əksinə, Təklifdə Prezidiumun çoxmillətli tərkibi barədə aydınlıq gətirilmir. Kollektiv Prezidium təsisçi xalqlardan birinin nümayəndəsinin hər hansı bir dövlət orqanında dominant olmamasını təmin etmək üçün təqdim edilmişdi və bu məqsədlə bu institutun saxlanması güman edilir. Göründüyü kimi, bu Təklifə əsasən, məsələn, Prezidiuma Federasiyadan iki boşnak seçmək mümkün olacaq. Hüquqi olaraq, bu nöqsanı elə bu Təklif çərçivəsində, Prezidiumun birdən artıq olan üzvünün eyni zamanda eyni təsis xalqına və ya Digərlər qrupuna aid ola bilmədiyini nəzərdə tutmaqla aradan qaldırmaq mümkün ola bilərdi. Komissiyanın anladığına görə bu təklif qəbul olunduğu halda, həqiqətən belə normanın Konstitusiyaya daxil edilməsi ehtimal edilir.
11. Lakin, problem ondadır ki, ola bilsin ki, ən çox səs toplamış namizədlər Prezidiuma seçilə bilməyəcəklər. Tamamilə mümkündür ki, Federasiyada iki boşnak ən çox səs toplasın. Belə halda, daha çox səs toplamış namizəd daha az səs toplamış namizədin xeyrinə Prezidiumdan kənarlaşdırılmalı olacaq. Bu məsələlər adi qanunlarla deyil, Konstitusiya səviyyəsində aydın şəkildə tənzimlənməlidir.
12. Növbəti nöqsan ondan ibarətdir ki, de facto Srpska Respublikasından boşnak və xorvatların və Federasiyadan serblərin əvvəlki kimi üstün tutduqları namizədi seçmək üçün real imkanları olmayacaq.
13. Bundan əlavə, Dövlət Başçısının seçkiləri əvvəlki kimi Ərazilərin bazasında baş tutacaq, baxmayaraq ki, onların Dövlətin möhkəmləndirilməsi üzrə ümumi yanaşma çərçivəsində Dövlət səviyyəsində keçirilməsi arzuedilən olardı.
14. Az əhəmiyyətli bir məsələ olaraq, təklifdə həmçinin Prezidium üzvlərinə siyasi partiyada rəhbər vəzifə tutmağa icazə veriləcək. Bunun, Prezidiumu icra hakimiyyəti orqanından (kollektiv) dövlət başçısına çevrilməsi ilə bağlı konstitusion islahatın ümumi məqsədinə uyğun olduğu görünmür.
15. Ümumilikdə, II Təklif hazırkı konstitusion vəziyyəti əhəmiyyətli şəkildə yaxşılaşdırmağa imkan verir. Bununla belə, onun bir sıra nöqsanları var; o cümlədən digərləri ilə müqayisədə daha az səs toplamış namizədlərin seçilməsi təhlükəsi var və o, hakimiyyət səlahiyyətlərinin Nazirlər Şurasına verilməsi və Dövlət səviyyəsinin möhkəmləndirilməsi üzrə konstitusion islahatın ümumi məqsədlərinə kömək etmir.
III Təklif
16. III Təklif Prezidiuma dolayı seçkilərin mürəkkəb prosedurunu təqdim etməklə, mövcud konstitusion vəziyyətdən daha nəzərəçarpan şəkildə fərqlənir. Yuxarıda qeyd olunduğu kimi, Komissiyanın üstün tutduğu əsas variant məhdud səlahiyyətlərə malik olan vahid Prezidentin dolayı seçkisidir. Lakin kollektiv Prezidiumun saxlandığı halda da, Komissiya dolayı seçkiləri üstün hesab edir.
17. Hər şeydən əvvəl, səbəb ondan ibarətdir ki, konstitusion islahatın əsas məqsədlərindən biri Prezidiumun səlahiyyətlərinin məhdudlaşdırılması və icra hakimiyyətinin Nazirlər Şurasında mərkəzləşdirilməsidir. Əgər Prezidium, onun üzvləri birbaşa ümumi səsvermə yolu ilə seçildiyinə görə legitimliyə malikdirsə, bu dəyişikliyi etmək daha çətin olacaq.
18. Bundan əlavə, dolayı seçkilərdə Prezidiumun arzuolunan çoxmillətli tərkibini təmin edən mexanizmləri işləyib hazırlamaq daha asandır. Onlar müxtəlif etnik qruplar arasında əməkdaşlıq və güzəştlərin axtarışı üçün daha çox imkanlar təklif edirlər, o zaman ki, de facto milli meyarlara əsaslanan birbaşa seçkilər seçiciləri, ümumilikdə bütün ölkənin maraqlarını digərləri ilə müqayisədə daha yaxşı müdafiə edə bilən namizədə deyil, müvafiq təsis xalqının maraqlarının ən yaxşı müdafiəçisi hesab olunan namizədə səs verməyə təhrik etsinlər.
19. Nəhayət, Təklifdə Dövlət Parlamentinə seçkilər barədə məsələyə toxunulur. Dövlət Başçısı seçkilərinin bu səviyyədə keçirilməsi əslində arzuolunandır və Dövlətin möhkəmləndirilməsi üzrə ümumi məqsədə uyğundur.
20. Beləliklə, ümumi yanaşma baxımından, III Təklif üstün hesab olunur. Buna baxmayaraq onun bəzi nöqsanları var.
21. Hər şeydən əvvəl, bu təklif çoxsaylı mərhələlərinə və pat vəziyyətinin yaranma mümkünlüyünə görə mürəkkəb görünür. Nominasiyalar Nümayəndələr Palatasının və ya Xalqlar Palatasının üzvləri tərəfindən irəli sürülə bilər, namizədlərin seçilməsi Xalqlar Palatasında üç müxtəlif etnik qrupların iclaslarında baş tutur və bundan sonra namizədlərin siyahısı Xalqlar Palatasında üç etnik qrup tərəfindən və Nümayəndələr Palatası tərəfindən təsdiq olunur.
22. Təklifin parametrləri çərçivəsində, üzvləri ümumxalq səsverməsində seçildiyinə görə demokratik legitimliyə malik olan orqan kimi Nümayəndələr Palatasına daha çox diqqət yetirən, sadələşdirilmiş prosedur üstün görünür. Namizədləri irəli sürmək imkanı Nümayəndələr Palatasının üzvlərinə verilməlidir, namizədlərin seçilməsi bütün təsisçi xalqların maraqlarına riayət olunduğunu təmin etmək üçün Xalqlar Palatasında üç müxtəlif etnik qrupun iclaslarında baş tuta bilər və namizədlərin siyahısı, bütün üç üzvün ümumilikdə Bosniya və Herseqovina xalqının nümayəndələri kimi legitimliyə malik olduğunu təmin edərək, Nümayəndələr Palatasının tərkibinin çoxluğu ilə təsdiq olunmalıdır.
23. Bundan əlavə, Prezident və vitse-Prezidentlər vəzifələrinin necə bölüşdürülməsinə aydınlıq gətirilməlidir. Hazırda III Təklif dolayısı ilə bu vacib qərarın üç müxtəlif etnik qrup arasında qeyri-rəsmi razılaşmalarda qəbul olunacağını zənn edir; belə ki, Prezidium Sədrliyinə və onun müavinliyinə namizədlərin siyahısı Nümayəndələr Palatasına təqdim olunmalıdır və seçimin hansı qaydada aparılmalı olduğu barədə hər hansı göstərişlər yoxdur. Bu, bütün mümkün olan variantlardan ən pisi kimi görünür və onun pat vəziyyətini yaratmaq ehtimalı vardır. II Təklifdə nəzərdə tutulan yeni Sədrin növbəlik əsasında seçilməsi daha real görünür.
24. III Təklifdə həmçinin Venesiya Komissiyasının üstünlük verdiklərinə uyğun olmayan aspektlər var. Yuxarıda qeyd olunan Rəyində, Komissiya Xalqlar Palatasının ləğv olunmasının lehinə dəlillər irəli sürüb. Buna görə də, Prezidiumun seçilməsində ona böyük rolun verilməsi müsbət addım hesab oluna bilməz. Etnik qruplara verilən rol təsisçi xalqlara mənsub olmayan namizədlərin seçilməsini son dərəcə inanılmaz edir. Bununla belə bu hazırkı Təkliflə bağlı deyildir, amma siyasi vəziyyəti əks etdirir. Təklif ən azından təmin edir ki, Nümayəndələr Palatasında “Digərlər” qrupunun nümayəndələri səsvermədə iştirak etsinlər və Federasiyadan serblər və Srpska Respublikasından boşnaklar və xorvatlar artıq əlverişsiz vəziyyətdə olmasınlar, belə ki, onların Dövlət parlamentindəki nümayəndələri öz seçimləri ilə namizədlərə səs verə biləcəklər.
25. Hətta kollektiv Prezidiumun mövcudluğu çərçivəsində, daha üstün görünən dolayı seçkilər üçün həll yollarını işləyib hazırlamaq olar. Məsələn, Nümayəndələr Palatasına eyni təsisçi xalqdan və ya “Digərlər” qrupundan olmayan üç namizəddən ibarət siyahılar təqdim oluna bilər və səsvermə belə siyahılar əsasında baş tuta bilər. Bu, bununla belə, III Təklifə düzəliş deyil, ayrı təklif olacaq.
26. Ümumilikdə, III Təklif də hazırkı vəziyyəti əhəmiyyətli şəkildə yaxşılaşdırmağa imkan verir. Əgər ona 22-ci və 23-cü bəndlərdə təklif edildiyi kimi düzəliş edilərsə, o, konstitusion islahatın birinci mərhələsində məsələnin həlli kimi (ideal olmasa da) münasib görünər.
Nəticələr
27. Sonda, Komissiya Bosniya və Herseqovinadakı siyasi partiyaları, qarşıda gələn 2006-cı oktyabr seçkilərindən əvvəl hərtərəfli konstitusiya islahatı keçirməyə səy etmək üçün cəsarət tapmağı qətiyyətlə alqışlayır. Komissiya təsdiq edir ki, bu mərhələdə keçirilən islahat ölkənin aydın şəkildə ehtiyac duyduğu hərtərəfli islahata doğru bir addım olmaqla, müvəqqəti xarakter daşıya bilər.
28. Komissiyaya təqdim edilən üç təklifə münasibətdə, birinci təklifin qəbul olunmasını bu məsələ ilə bağlı konstitusion islahatın yalnız iflası kimi qiymətləndirmək olar və buna görə rədd olunmalıdır.
Əksinə, həm II Təklif, həm də III Təklif, bəzi əlavə və düzəlişlərlə, hazırkı mərhələdə irəliyə doğru mühüm addımlar hesab olunmağa layiqdir, lakin heç bir halda məsələnin ideal həlləri hesab olunmurlar.
29. Komissiya II Təklif və III Təklif arasında tərəddüdlə də olsa, yuxarıda göstərilən bəzi düzəlişlərlə III Təklifə üstünlük verərdi. Prezidiumun səlahiyyətlərinin azaldılması ilə bağlı konstitusion islahatın məqsədinə uyğun olan dolayı seçkilər Prezidiumun tarazlaşdırılmış tərkibinin təmin olunmasını asan edir və ona görə də, onlar bu – qeyri-adi – institutun mənasına (raison d’être) daha yaxşı uyğun gəlir. Bundan əlavə, Təklifdə Bosniya və Herseqovina Dövlətinin möhkəmləndirilməsi üzrə ümumi məqsədə müvafiq olaraq, seçkilərin Dövlət səviyyəsində keçirilməsi məsələsi qaldırılır. Lakin, bu sahədə konstitusion islahatın son məqsədini nəzərdən qaçırmaq olmaz: gələcəkdə aid olduğu etnik qrupdan əlavə, hamının etibarından istifadə etdiyini təmin edən qaydada seçilmiş vahid Prezidentə malik olmaq.”
Bosniya və Herseqovinanın Konstitusiyasına dəyişikliklər barədə layihə üzrə (12 iyun 2006-cı il tarixli CDL-AD(2006)019 saylı) Rəyin müvafiq hissəsində aşağıdakılar nəzərdə tutulur:
“1. Bosniya və Herseqovinanın Prezidiumunun Sədri cənab Süleyman Tihiç, 21 mart 2006-cı il tarixli məktubunda Venesiya Komissiyasından Bosniya və Herseqovinada siyasi partiya liderlərinin 18 mart 2006-cı ildə nail olduğu konstitusion islahatın birinci mərhələsinin şərtləri barədə razılaşmanın mətni ilə bağlı Rəy verməyi xahiş edib. Konstitusion islahat təcili olaraq aparılmalı olduğundan, 2006-cı ilin oktyabr ayına təyin edilən parlament seçkilərində nəzərə alınmasını mümkün etmək üçün o, Venesiya Komissiyasının Rəyini “qısa müddətdə” əldə etmək arzusunda olduğunu bildirdi.
...
Parlament Assambleyası barədə Konstitusiyanın IV Maddəsinə II Düzəliş
22. Düzəlişin əsas məqsədi iki bərabər palatadan ibarət parlamentin ikipalatalı təşkilindən, Xalqlar Palatasının (...) əsas etibarilə həyati əhəmiyyətli milli maraqların vetosu ilə bağlı olan yalnız məhdud səlahiyyətlərə malik olduğu yeni sistemə keçiddən ibarətdir. Sistematik olaraq Nümayəndələr Palatasını (...) birinci yerə qoyaraq, Maddənin yeni strukturu bu məqsədi əks etdirir.
Bu islahat Venesiya Komissiyasının Xalqlar Palatasının ləğv olunması və Dövlət orqanlarında qərarların qəbulu prosesinin sadələşdirilməsi ilə bağlı tövsiyəsi istiqamətində addım olacaq.
...
24. (d) yarımbəndinə əsasən Xalqlar Palatasında üzvlərin sayı 15-dən 21-ə artırılır. Bu Palatada üzvlüyün artırılmasını əsaslandıran mülahizələr az aydındır, belə ki, Palatanın səlahiyyətləri əhəmiyyətli dərəcədə ixtisar edilir. Lakin bu məsələ tamamilə milli hakimiyyət orqanlarının səlahiyyətindədir. Əgər onlar hesab etsə ki, bu artım Palatada bütün siyasi spektrin layiqincə təmsil olunmasını təmin etmək üçün tələb olunur, o zaman bu addım haqlı görünəbilər.
25. Daha problematik olan hal odur ki, (d) yarımbəndinə əsasən əvvəlki kimi yalnız üç təsis xalqından birinə mənsub olan şəxslər bu Palatanın üzvləri ola bilərlər. Özünün (Bosniya və Herseqovinada konstitusion vəziyyət və Ali Nümayəndənin səlahiyyətləri barədə) Rəyində Venesiya Komissiyası qeyd edib ki, bu Palatanın əvvəlki tərkibinin analoji qaydada, Avropa İnsan Hüquqları Konvensiyasının 1 Saylı Protokolunun 3-cü Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsinə ziddiyyət təşkil etdiyi görünür.
26. İslahatdan sonra Xalqlar Palatası artıq tam qanunvericilik palatası deyil, əsasən həyati əhəmiyyətli milli maraqların vetosu ilə bağlı məsələyə baxan orqan olacaq. Buna görə də, 1 saylı Protokolun 3-cü Maddəsini və bununla (Konvensiyanın) 14-cü Maddəsinin hələ də tətbiq olunub-olunmayacağı mübahisəli görünür. Lakin bu müddəanın (Konvensiyanın) 12 Saylı Protokoluna uyğunluğu problemi qalır. Bu Protokolla bağlı hər hansı presedent hüququnun olmadığı təqdirdə, o, yalnız ehtiyatla təfsir oluna bilər...
27. Hazırkı işdə qanuni məqsədi həyati əhəmiyyətli milli maraqlara veto qoyan bilən bu Palatanın əsas rolunda görmək olar. Bosniya və Herseqovinanın Konstitusiyası bu vetonu qoymaq hüququnu üç təsis xalqına həvalə edir və bunu “Digərlər” qrupuna vermir. Bu baxımdan görünür ki, “Digərlər”i bu Palatanın tərkibinə daxil etmək tələb olunmur. Palatanın digər öhdəlikləri - Prezidiumun seçkilərində iştirak etmək və Konstitusiyaya dəyişiklikləri təsdiq etmək tənqidə məruz qalsa da, başqa nəticəyə gətirmir. Onlar göstərir ki, Xalqlar Palatasının funksiyası Nümayəndələr Palatasının formalaşmasında əks olunan demokratik prinsiplərin tətbiqinin üç təsisçi xalq arasındakı tarazlığın pozulmamasını təmin edən islah mexanizmi olmaqdır. Görünür ki, Bosniya və Herseqovinada hələ də belə mexanizmə ehtiyac duyulur. Belə halda Xalqlar Palatasında təmsilçiliklə bağlı Digərlər qrupu ilə qeyri-bərabər rəftara haqq qazandıran bu ehtiyaca qanuni məqsəd kimi baxmaq mümkün görünür.
...
Prezidium barədə Konstitusiyanın V Maddəsinə III Düzəliş
43. Düzəlişlərin əsas məqsədi Nazirlər Şurasının səlahiyyətlərini möhkəmləndirmək və onun səmərəliliyini artırmaq və Prezidiumun rolunu azaltmaqdır. Bu tamamilə (Bosniya və Herseqovinada konstitusion vəziyyət və Ali Nümayəndənin səlahiyyətləri barədə) Venesiya Komissiyasının Rəyinə uyğundur. Bundan əlavə, Komissiya kollektiv Prezidiumun əvəzinə vahid Prezidentin olmasını üstün tutardı. Lakin, bunun hazırkı anda siyasi baxımdan mümkün olmadığı görünür. Bununla belə, III Düzəliş bu istiqamətdə ilk addımı atır.
...
46. Sonuncu sessiyasında Venesiya Komissiyası Prezidiuma seçkilər barədə üç alternativ təklif üzrə Rəy qəbul etdi (CDL-AD(2006)004). Hazırkı anda bu müzakirəni yenidən açmaq məqsədəmüvafiq deyil. Lakin əgər Nümayəndələr Palatası Xalqlar Palatasının təklifini təsdiq etməkdən imtina edərsə, bu çətin vəziyyətdən çıxmaq üçün mexanizmin olmaması narahatlıq doğurur.
...”
23. İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası (RDAK) irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, anti-semitizm və dözümsüzlüyə qarşı mübarizə sahəsində ixtisaslaşmış Avropa Şurasının müstəqil insan hüquqları üzrə monitorinq orqanıdır. Özünün 13 dekabr 2002-ci ildə qəbul edilmiş 7 saylı ümumsiyasi tövsiyəsində, RDAK irqçiliyi “irq[3], dərinin rəngi, dil, din, milliyyət və ya milli və ya etnik mənşə kimi əsasların şəxsə və ya bir qrup şəxsə qarşı hörmətsizliyə və yaxud hər hansı şəxsin və ya bir qrup şəxsin üstünlüyünə haqq qazandırmasına inam” kimi müəyyən edir.
E. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
24. 2006-cı ildə keçirilən ümumi seçkilər haqqında hesabatda, Avropada seçkilərin müşahidəsi üzrə rəhbər təşkilat - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) aşağıdakı nəticələrə gəldi:
“Bosniya və Herseqovinada 1 oktyabr ümumi seçkiləri 1995-ci il tarixli Deyton Sazişindən sonra tamamilə Bosniya və Herseqovinanın hakimiyyət orqanları tərəfindən təşkil olunan ilk seçkilər idi. Bu seçkilərin keçirilmə qaydası ümumilikdə demokratik seçkilər üzrə beynəlxalq standartlara uyğun idi, lakin, xüsusilə də səslərin hesablanması ilə bağlı gələcək səylərə ehtiyac var. Buna görə də, ümumiyyətlə, bu seçkilər demokratiyanın və hüququn aliliyinin möhkəmləndirilməsində gələcək inkişafı ifadə edir. Lakin təəssüf ki, etnik əlamətə görə seçkilərdə iştirak etmək hüququna qoyulan konstitusion məhdudiyyətlər səbəbindən, bu seçkilər yenidən Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 12 saylı Protokolunu, Avropa Şurası qarşısında götürülən öhdəlikləri, eləcə də ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.3-cü maddəsini pozmuşdur.”
F. Avropa İttifaqı
25. 2008-ci ildə Bosniya və Herseqovina Avropa İttifaqı ilə Sabitləşdirmə və Birləşmə Sazişini (SBS) imzaladı və ratifikasiya etdi və bununla da Avropa ilə Əməkdaşlıq prioritetlərinə riayət etmək öhdəliyi götürdü. Bosniya və Herseqovinanın bir ildən iki ilədək müddətə icra olunması gözlənilən əsas prioritetlərindən biri “Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Şurasına qəbul olunduqdan sonra götürdüyü öhdəliklərə tam riayət olunmasını təmin etmək üçün, Bosniya və Herseqovinanın Prezidiumunun üzvləri və Xalqlar Palatasının nümayəndələri ilə bağlı seçki qanunvericiliyini dəyişdirmək”dən ibarətdir. (bax Bosniya və Herseqovina ilə Avropa Əməkdaşlığının prinsipləri, prioritetləri və şərtləri barədə Avropa Şurasının 18 fevral 2008-ci il tarixli 2008/211/EC saylı qərarına Əlavə və 2006/55/EC saylı ləğvetmə qərarı, Avropa İttifaqının L 80/21 saylı Rəsmi Jurnalı (2008)). 14 oktyabr 2009-cu ildə Avropa Komissiyası Avropa İttifaqının genişləndirilməsi sahəsində onun siyasətini izah edən illik strateji sənədini qəbul etdi. Həmin tarixdə əldə olunmuş nəticələr barədə hesabatlar dərc edildi, həmin hesabatlarda Komissiya namizəd ölkələrin və potensial namizədlərin (Bosniya və Herseqovina kimi) son bir il ərzində nailiyyətlərini müşahidə edir və qiymətləndirir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏÇİLƏRİN ƏSAS ŞİKAYƏTLƏRİ
26. Ərizəçilər şikayət ediblər ki, qaraçı və yəhudi mənşəli olduqlarına görə Xalqlar Palatasına və Prezidiuma seçkilərdə iştirak etmək imkanına malik olmayıblar və bu onların fikrincə, irqi ayrı-seçkiliyə bərabər tutulmalıdır. Onlar 14-cü Maddəyə, 1 Saylı Protokolun 3-cü Maddəsinə və 12 Saylı Protokolun 1-ci Maddəsinə istinad ediblər.
Konvensiyanın 14-cü Maddəsində nəzərdə tutulur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
Konvensiyanın 1 Saylı Protokolunun 3-cü Maddəsində nəzərdə tutulur:
“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə ağlabatan dövriliklə gizli azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
Konvensiyanın 12 saylı Protokolunun 1-ci Maddəsində nəzərdə tutulur:
“1. Qanunla təsbit olunmuş hər hansı hüquqdan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
2. Heç kəs 1-ci bənddə nəzərdə tutulan əsaslar daxil olmaqla hər hansı əsasa görə dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.”
A. Qəbuledilənlik
27. Cavabdeh Dövlət Avropa Məhkəməsinin şəxsə görə (ratione personae) səlahiyyəti ilə bağlı hər hansı etiraz qaldırmasa da, Məhkəmə bu məsələyə vəzifəsi olduğuna görə (ex officio) baxılmasını zəruri hesab edir.
1. Ərizəçilər “zərərçəkmiş” olduqlarını iddia edə bilərlərmi
28. Məhkəmə təkrar edir ki, Konvensiyanın 34-cü maddəsinə əsasən şikayət vermək üçün şəxs, qeyri-hökumət təşkilatı və ya bir qrup şəxslər Konvensiyada nəzərdə tutulan hüquqların pozulmasının qurbanı olduqlarını iddia etmək imkanına malik olmalıdırlar. Pozuntunun qurbanı olduğunu iddia etmək üçün şəxs mübahisə edilən tədbirin birbaşa təsirinə məruz qalmalıdır. Buna görə də, Konvensiya tanıdığı hüquqların şərhi üçün actio popularis-in (red. pozuntunun qurbanı olmayan fərdi şəxslər və ya təşkilatlar tərəfindən ictimai maraqların müdafiəsi üçün iddia) verilməsini nəzərdə tutmur və fərdi şəxslərə milli qanunvericiliyin müddəasından şikayət vermək imkanı vermir, sadəcə ona görə ki, onlar bu müddəanın birbaşa təsirinə məruz qalmadan hesab edirlər ki, o, Konvensiyanı poza bilər. Bununla belə, əgər ərizəçilər birbaşa olaraq bu qanunvericiliyin təsirinə məruz qala bilən kateqoriya şəxslərə aiddirlərsə və ya əgər öz davranışlarını dəyişdirmək məcburiyyətindədirlərsə və ya təqib olunmaq təhlükəsindədirlərsə, iddia edə bilərlər ki, həyata keçirilən fərdi tədbirlərin təsirinə məruz qalmadıqları situasiyada qanun onların hüquqlarını pozur (bax Börden Birləşmiş Krallığa qarşı (Burden v. the United Kingdom) № 13378/05, Böyük Palatanın 29 Aprel 2008-ci il tarixli qərarı, § § 33-34 və orada istinad edilən digər qərarlar).
29. Hazırkı işdə ərizəçilərin ictimai həyatda fəal iştirakını nəzərə alaraq, onların həqiqətən Xalqlar Palatasına və ya Prezidiuma seçkilərdə iştirak etmək imkanını nəzərdən keçirəcəyi tamamilə məntiqi olardı. Buna görə də, ərizəçilər güman edilən ayrı-seçkiliyin qurbanları olduqlarını iddia edə bilərlər. Bu işdə ölkə Konstitusiyasının Konvensiyaya uyğunluğu məsələsinin qaldırılması bu baxımdan yersizdir (bax, analogiya üzrə, Rekvenyi Macarıstana qarşı (Rekvényi v. Hungary) işi üzrə Böyük Palatanın qərarı, № 25390/94, ECHR 1999‑III).
2. Cavabdeh Dövlətin üzərinə məsuliyyət qoyula bilərmi
30. Məhkəmə qeyd edir ki, Bosniya və Herseqovinanın Konstitusiyası, özü beynəlxalq müqavilə olan Deyton Sazişinə əlavədir (bax Yeliçiç Bosniya və Herseqovinaya qarşı işi (Jeličić v. Bosnia and Herzegovina) № 41183/02, ECHR 2005‑XII). Lakin onu dəyişdirmək səlahiyyəti açıq şəkildə yerli hakimiyyət orqanı olan Bosniya və Herseqovinanın Parlament Assambleyasına verilib (bax yuxarıda 15-ci bənd). Bundan əlavə, yuxarıda 17-ci bənddə qeyd olunan təcrübə təsdiq edir ki, Bosniya və Herseqovina üzrə beynəlxalq administratorun (Ali Nümayəndə) səlahiyyətləri Dövlət Konstitusiyasına şamil olunmur. Belə halda, Konstitusiyanın mübahisə edilən müddəalarının qəbul olunmasına görə cavabdeh Dövlətin üzərinə məsuliyyət qoyula bilib-bilməməsi ilə bağlı məsələni kənara qoyaraq (bax yuxarıda 13-cü bənd), Məhkəmə hesab edir ki, o, hər bir halda onu qüvvədə saxladığına görə məsuliyyət daşıyır.
3. Nəticə
31. Məhkəmə ərizəçilərin əsas şikayətlərini qəbuledilən elan edir.
B. Şikayətin mahiyyəti
1. Ərizəçilərin təqdimatları
32. Bosniya və Herseqovinanın vətəndaşları olmalarına baxmayaraq, ərizəçilər Konstitusiyaya əsasən irqi/etnik mənsubiyyətinə görə Xalqlar Palatasına və Prezidiuma seçkilərdə iştirak etmək hüququndan məhrum ediliblər (Timişev Rusiyaya qarşı (Timishev v. Russia) işdə (№ 55762/00 və № 55974/00 ərizələr, § 56, ECHR 2005‑XII) Məhkəmə etnik ayrı-seçkiliyin irqi ayrı-seçkiliyin bir növü olduğu barədə nəticəyə gəlib). Ərizəçilər bildirdilər ki, aydın şəkildə irqi və ya etnik mənsubiyyətə əsaslanan rəftarda fərqliliyə haqq qazandırıla bilməz və bu birbaşa ayrı-seçkiliyə bərabərdir. Bununla əlaqədar onlar Məhkəmənin presedent hüququna (xüsusilə də, yuxarıda istinad edilən Timişev Rusiyaya qarşı (Timishev v. Russia) işdə qərar, § 58 və D.H. və başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) işi, № 57325/00, Böyük Palatanın qərarı, § 176, ECHR 2007‑...) və Avropa İttifaqının qanunvericiliyinə (Avropa Şurasının 29 İyun 2000-ci il tarixli 2000/43/EC saylı irqi və ya etnik mənşəyindən asılı olmayaraq şəxslər arasında bərabər rəftar prinsipini müəyyən edən “İrq Direktivi”; direktivin 2-ci Maddəsi dəqiq olaraq rəftarın hər hansı obyektiv mülahizələrlə əsaslandırıla bilməsi mümkünlüyünü dolayı ayrı-seçkilik anlayışına daxil edir, lakin birbaşa ayrı-seçkiliyin anlayışında belə mümkünlüyü nəzərdə tutmur) istinad etdilər. Onlar daha sonra bildirdilər ki, ayrı-seçkiliyin əsaslandırılmasının qeyri-mümkünlüyü seçkilərdə iştirak etmək hüququ ilə bağlı işlərdə xüsusilə vacibdir (onlar Əziz Kiprə qarşı (Aziz v. Cyprus) işə istinad etdilər, № 69949/01, § 28, ECHR 2004‑V).
33. Hətta əgər güman etsək ki, əsaslandırma mümkün idi, ərizəçilər qeyd edirlər ki, şikayətin əsasını (birbaşa irqi və etnik ayrı-seçkilik) və tətbiq olunduğu sahəni (dövlət idarəçiliyinin ali səviyyəsində siyasi iştirak və təmsilçilik) nəzərə alsaq, cavabdeh Hökumət obyektiv və ağlabatan əsaslandırma üçün çətinlik çəkəcək. Bundan əlavə, bu istisnanın davam etdiyi müddətin uzunluğu cavabdeh Hökumətin bunu əsaslandırmasımı daha da çətinləşdirir (onlar BMT-nin İnsan Hüquqları Komitəsinin Silva və Başqaları Uruqvaya qarşı iş üzrə (Silva and Others v. Uruguay) 8 aprel 1981-ci il tarixli qərarına istinad etdilər, § 8.4). Ərizəçilər belə nəticəyə gəldilər ki, hazırkı işdə cavabdeh Hökumət rəftarda fərqliliyin əsaslandırıldığını göstərə bilməyib.
2. Hökumətin təqdimatları
34. Hökumət Jdanoka Latviyaya qarşı (Ždanoka v. Latvia) işə istinad etdi (№ 58278/00, ECHR 2006‑IV); həmin işdə Məhkəmə bir daha təsdiq etmişdir ki, konstitusiya quruluşu çərçivəsində parlament seçkilərinin idarə olunması və parlamentin tərkibi ilə bağlı normaları müəyyən edərkən Razılığa gələn Tərəflər geniş sərbəstlikdən istifadə edirlər və bu zaman istifadə olunan meyarlar hər bir Dövlətə xas olan tarixi və siyasi faktorlardan asılı olaraq dəyişə bilər. Bosniya və Herseqovinada cari konstitusiya quruluşu son dövrdə Avropa tarixində ən dağıdıcı münaqişələrdən sonra bağlanan sülh müqaviləsinin nəticəsidir. Onun başlıca məqsədi üç əsas etnik qrup – “təsisçi xalqlar” arasında sülhün və dialoqun bərqərar olması idi. Hökumət bildirdi ki, “təsisçi xalqlar”a aidiyyatını bəyan etməmiş şəxsləri Xalqlar Palatasından və Prezidiumdan xaric edən mübahisələndirilən konstitusiya müddəalarını, bu halları nəzərə almaqla qiymətləndirmək lazımdır. Onlar iddia etdilər ki, xüsusilə də mono-etnik siyasi partiyaların mühüm rolunu və Bosniya və Herseqovinanın beynəlxalq idarəçiliyinin davam etməsini nəzərə alaraq, sadəcə əksəriyyətin mövqeyini əks etdirəcək siyasi sistem üçün vaxt hələ də yetişməmişdir.
35. Hökumət Məhkəmədən hazırkı işlə Əzizin (Aziz) işini (yuxarıda istinad edilən) fərqləndirməyi təklif etdi: Kiprin Hökumət nəzarəti altında olan hissəsində yaşayan Türk kiprliləri istənilən parlament seçkilərində səs verə bilmədikləri halda, “Digərlər” qrupuna aid olan Bosniya və Herseqovina vətəndaşları (hazırkı işdə ərizəçilər kimi) Bosniya və Herseqovinanın Nümayəndələr Palatasına və Ərazilərin qanunverici orqanlarına seçkilərdə iştirak etmək hüququna malikdirlər. Onlar belə nəticəyə gəldi ki, rəftarda fərqlilik konkret hallarda əsaslandırılıb.
3. Üçüncü tərəflərin təqdimatları
36. Venesiya Komissiyası özünün 22 oktyabr 2008-ci il təqdimatlarında bildirdi ki, hazırkı işdə mübahisələndirilən konstitusion müddəalar ayrı-seçkilik qadağasını pozur. Bu təqdimatlar yuxarıda 22-ci bənddə istinad edilən Rəylərə uyğun gəlir.
37. Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzi (AİRE Centre) və Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü Proqramı (Open Society Justice Initiative) özlərinin 15 avqust 2008-ci il tarixli təqdimatlarında oxşar mövqe tutdular. Razılığa gələn Tərəflərin hüquq sistemlərinin analizinə əsaslanaraq, Avropada Fərdi Hüquqlar üzrə Məsləhət Mərkəzi bu nəticəyə gəldi ki, Avropa ölkələri onunla bağlı konsensusa gəliblər ki, şəxsin seçkilərdə iştirak etmək hüququndan anadangəlmə və ayrılmaz xüsusiyyətlərinə görə deyil, yalnız öz davranışının nəticəsinə görə imtina etmək olar. Açıq Cəmiyyət İnstitutunun Ədalət Təşəbbüsü Proqramı qeyd etdi ki, ölkənin siyasi həyatında iştirak, vətəndaş və Dövlət arasında hüquqi bağlılığı saxlayan hüquq və vəzifələrdən birini təmsil edir. Əksər yurisdiksiyalarda, seçmək, seçilmək və seçkilərdə iştirak etmək hüquqları vətəndaşla əcnəbi arasında ən aydın fərqdir. Xüsusilə də, irqi və etnik mənsubiyyət kimi şübhəli əsaslara görə bu hüquqlara qoyulan məhdudiyyətlər, buna görə də, nəinki ayrı-seçkilikdir, hətta vətəndaşlığın özünün mənasını sarsıdır. Ölkənin siyasi həyatında iştirak vətəndaşlıqla bağlı vacib hüquq olmaqla yanaşı, xüsusilə də etnik azlıqlar üçün vacibdir və onların təcrid olunmasından çəkinmək və inteqrasiyası üçün əhəmiyyətlidir. Bu xüsusilə də etnik münaqişənin bitməsindən sonra yaranan vəziyyətdə o zaman doğrudur ki, etnik mənsubiyyətə əsaslanan qanunda möhkəmlənmiş fərqliliklər bütün xalqlar arasında həyat qabiliyyətli çoxmillətli Dövlətə vacib olan konstruktiv və sabit münasibətlərin qurulmasına kömək deyil, gərginliyi yalnız ağırlaşdıra bilər.
4. Məhkəmənin qiymətləndirməsi
(a) Bosniya və Herseqovinanın Xalqlar Palatası ilə əlaqədar
38. Ərizəçilər Konvensiyanın 1 Saylı Protokolunun 3-cü Maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsinə, 1 Saylı Protokolunun 3-cü Maddəsinə ayrılıqda və 12 saylı Protokolun 1-ci Maddəsinə istinad ediblər. Məhkəmə hesab edir ki, bu şikayətə əvvəlcə ilk istinad edilən müddəalara əsasən baxılmalıdır.
(i) 1 Saylı Protokolunun 3-cü Maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsinin tətbiqi
39. Məhkəmə xatırladır ki, 14-cü Maddə Konvensiyanın və ona dair Protokolların digər maddi-hüquqi müddəalarına əlavədir. O, müstəqil mövcud deyil və yalnız bu müddəalarla təminat verilən “hüquq və azadlıqlardan istifadə”yə münasibətdə qüvvəyə malikdir. Baxmayaraq ki, 14-cü Maddənin tətbiqi bu müddəaların öncədən pozulmasını ehtimal etmir – və bu mənada bu Maddə muxtardır -, baxılan faktlar Konvensiyanın bir və ya daha çox Maddələrinin tətbiq dairəsinə düşməyənədək, bu Maddə tətbiq oluna bilməz (bax, digər qərarlarla yanaşı, Əbdüləziz, Kabales və Balkandali Birləşmiş Krallığa qarşı işi (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom), 28 may 1985-ci il, § 71, Seriya A № 94; Petroviç Avstriyaya qarşı işi (Petrovic v. Austria), 27 mart 1998-ci il, § 22, Qərarlar toplusu 1998-II; və Şahin Almaniyaya qarşı iş (Şahin v. Germany), Böyük Palatanın qərarı, № 30943/96, § 85, ECHR 2003-VIII). Beləliklə, 14-cü Maddədə nəzərdə tutulan ayrı-seçkiliyin qadağan olunması, Konvensiya və Protokollara əsasən hər bir Dövlətin təminat verməli olduğu hüquq və azadlıqlardan istifadədən kənara çıxır. Bu həmçinin Konvensiyanın istənilən Maddəsinin ümumi fəaliyyət dairəsinə düşən, Dövlətin könüllü olaraq təmin etməyə qərar verdiyi əlavə hüquqlara da tətbiq olunur. Bu prinsip Məhkəmənin presedent hüququnda yaxşı möhkəmlənib (bax “Belçikada təhsildə dillərdən istifadə üzrə qanunların müəyyən aspektlərinə aid” iş Belçikaya qarşı (İşin mahiyyəti) (Case “relating to certain aspects of the laws on the use of languages in education in Belgium” v. Belgium (Merits), 23 iyul 1968-ci il, § 9, Seriya A № 6; Stek və Başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. the United Kingdom) № 65731/01 və № 65900/01, Böyük Palatanın qərarı, § 40, ECHR 2005‑X; və E.B. Fransaya qarşı (E.B. v. France) iş, № 43546/02, Böyük Palatanın qərarı, § 48, ECHR 2008‑...).
40. Buna görə də, Məhkəmə Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərin 1 Saylı Protokolun 3-cü Maddəsinin “əhatə dairəsinə” və ya “sahəsinə” düşüb-düşməməsi barədə qərar verməlidir. Bununla əlaqədar, Məhkəmə xatırladır ki, bu müddəa yalnız “qanunverici orqana” seçkilərə və ya ən azından əgər o, iki və daha artıq palatadan ibarətdirsə, onlardan birinə seçkilərə tətbiq olunur. Lakin “qanunverici” sözü hər bir Dövlətin konstitusiya quruluşu (bax Metyus Birləşmiş Krallığa qarşı (Matthews v. the United Kingdom) iş, № 24833/94, Böyük Palatanın qərarı, ECHR 1999-I, § 40) və xüsusilə də, onun konstitusional adətləri və müvafiq palatanın qanunverici səlahiyyətlərinin dairəsi nəzərə alınmaqla təfsir edilməlidir. Bundan əlavə, hazırlıq materialları (travaux préparatoires) göstərir ki (cild VIII, səh. 46, 50 və 52), Razılığa gələn Tərəflər üzvləri seçilməyən palatalar daxil olmaqla müəyyən parlamentlərin xüsusi vəziyyətini nəzərə almışlar. Beləliklə, hər bir və bütün ikipalatalı sistemlərdə hər iki palataya seçkilər keçirilməsinin mütləq vəzifə kimi təfsir oluna biləcək terminlərdən çəkinmək üçün 1 Saylı Protokolun 3-cü Maddəsi diqqətlə tərtib olunmuşdu (bax Matye-Mohin və Klerfayt Belçikaya (Mathieu-Mohin and Clerfayt v. Belgium) qarşı iş, 2 mart 1987-ci il qərarı, § 53, Seriya A № 113). Lakin eyni zamanda aydındır ki, 1 Saylı Protokolun 3-cü Maddəsi üzvləri birbaşa seçkilər vasitəsilə seçilən parlamentin istənilən palatasına tətbiq olunur.
41. Bosniya və Herseqovinanın Xalqlar Palatasına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üzvləri Ərazilərin qanunverici orqanları tərəfindən təyin olunduğundan tərkibi dolayı seçkilərin nəticəsində formalaşır. Bundan əlavə, Məhkəmə müəyyən edir ki, burada həlledici amil onun istifadə etdiyi qanunverici səlahiyyətlərin həcmidir.
Xalqlar Palatası qanunvericiliyin qəbul olunmasına nəzarət etmək üçün həqiqətən geniş səlahiyyətlərdən istifadə edir: Konstitusiyanın IV Maddəsinin 3-cü bəndinin (c) yarımbəndi xüsusilə nəzərdə tutur ki, hər iki palatanın təsdiqi olmadan hər hansı qanunvericilik aktı qəbul oluna bilməz. Bundan əlavə, Xalqlar Palatası Nümayəndələr Palatası ilə birgə Dövlət institutlarının fəaliyyətinin maliyyələşdirilməsi və Bosniya və Herseqovinanın beynəlxalq öhdəliklərinin icrası üçün gəlir mənbələri və məbləğləri barədə qərar verir və Dövlət institutlarının büdcəsini təsdiq edir (bax Konstitusiyanın IV Maddəsinin 4-cü bəndinin (b)-(c) yarımbəndləri). Nəhayət, onun razılığı müqavilələrin ratifikasiyası üçün zəruridir (bax Konstitusiyanın IV Maddəsinin 4-cü bəndinin (d) yarımbəndi və V Maddəsinin 3-cü bəndinin (d) yarımbəndi). Buna görə də, Xalqlar Palatasına seçkilər 1 Saylı Protokolun 3-cü Maddəsinin əhatə dairəsinə düşür.
Müvafiq olaraq, 14-cü Maddə 1 Saylı Protokolun 3-cü Maddəsi ilə birgə götürülməklə qəbulediləndir.
(ii) 1 Saylı Protokolun 3-cü Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə uyğunluq
42. Məhkəmə xatırladır ki, ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “qanuni məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (bax, digər qərarlarla yanaşı, Andreyeva Latviyaya qarşı (Andrejeva v. Latvia) iş, № 55707/00, Böyük Palatanın qərarı, § 81, 18 fevral 2009-cu il). Razılığa gələn Tərəflərin bu sahədə mülahizə sərbəstliyinin dairəsi hallardan, işin predmetindən və ilkin şəraitdən asılı olaraq dəyişəcək (elə orada § 82).
43. Etnos və irq əlaqəli anlayışlardır. İrq anlayışının kökü dərinin rəngi və ya üz cizgiləri kimi morfoloji xüsusiyyətlər əsasında insanların yarımnövlərə bioloji təsnifatı ideyasında olduğu halda, etnos anlayışının mənşəyi xüsusilə ümumi milliyyət, dini inam, ümumi dil və ya ümumi mədəniyyət və ənənələrlə qeyd olunan sosial qruplar ideyasındadır. Şəxsin etnik mənsubiyyətinə əsasən ayrı-seçkilik irqi ayrı-seçkiliyin bir formasıdır (bax yuxarıda 19-cu bənddə qeyd olunan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair Beynəlxalq Konvensiya tərəfindən qəbul olunmuş anlayışa və yuxarıda 23-cü bənddə qeyd olunan İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası tərəfindən qəbul olunmuş anlayışa). İrqi ayrı-seçkilik ayrı-seçkiliyin xüsusilə qatı növüdür və onun təhlükəli nəticələri baxımından o, hakimiyyət orqanlarından xüsusi sayıqlıq və qəti reaksiya tələb edir. Məhz bu səbəbdən müxtəlifliyi təhlükə kimi deyil, mənəvi zənginliyin mənbəyi kimi qəbul edən cəmiyyətin demokratik idealını möhkəmləndirməklə, hakimiyyət orqanları irqçiliyə qarşı mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər (bax Naçova və başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) iş, № 43577/98 və № 43579/98, Böyük Palatanın qərarı, § 145, ECHR 2005‑VII, və yuxarıda istinad edilən Timişev (Timishev) Rusiyaya qarşı qərar, § 56).
44. Bu kontekstdə, rəftarda fərqlilik irqi və ya etnik mənsubiyyətə əsaslanırsa, obyektiv və ağlabatan əsaslandırma anlayışı mümkün olduğu qədər sərt təfsir olunmalıdır (bax yuxarıda istinad edilən D.H. və Başqaları Çexiyaya qarşı iş (D.H. and Others v. the Czech Republic), § 196). Məhkəmə həmçinin qərara alıb ki, müstəsna və ya həlledici dərəcədə şəxsin etnik mənşəyinə əsaslanan rəftarda fərqliliyə pluralizm və müxtəlif mədəniyyətlərə hörmət prinsipləri əsasında qurulan müasir demokratik cəmiyyətdə hər hansı obyektiv mülahizələrlə haqq qazandırıla bilməz (yenə də orada § 176). Digər tərəfdən 14-cü Maddə Razılığa gələn Tərəflərə qruplar arasındakı “faktiki bərabərsizliyi” düzəltmək üçün onlarla fərqli davranmağı qadağan etmir. Əslində, müəyyən hallarda fərqli rəftar vasitəsilə bərabərsizliyi düzəltməyə cəhd olunmaması, obyektiv və ağlabatan əsaslandırma olmadığı halda bu Maddənin pozulmasına gətirib çıxara bilər (yuxarıda istinad edilən “Belçikada təhsildə dillərdən istifadə üzrə qanunların müəyyən aspektlərinə aid” iş Belçikaya qarşı (Case “relating to certain aspects of the laws on the use of languages in education in Belgium” v. Belgium), § 10; Thlimmenos Yunanıstana qarşı iş (Thlimmenos v. Greece), № 34369/97, Böyük Palatanın qərarı, § 44, AİHM2000‑IV; və yuxarıda istinad edilən D.H. və Başqaları Çexiyaya qarşı iş (D.H. and Others v. the Czech Republic), § 175).
45. Bu işə gəldikdə Məhkəmə qeyd edir ki, Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərdə iştirak edə bilmək üçün şəxs özünü “təsisçi xalqlar”dan birinə aid olduğunu bəyan etməlidir. Müvafiq olaraq qaraçı və yəhudi mənşəli olduqlarını bildirən və özlərinin “təsisçi xalqlar”dan birinə aid olduqlarını bəyan etmək istəməyən ərizəçilər nəticədə istisna ediliblər (bax yuxarıda 11-ci bənd). Məhkəmə qeyd edir ki, bu istisna qaydası ən azından Konvensiyanın Preambulasında əks olunan Konvensiyanın ümumi məqsədlərinə, xüsusilə də sülhün bərqərar olması məqsədinə geniş mənada uyğun gələn bir məqsəd daşıyıb. Mübahisələndirilən konstitusion müddəalar qəbul olunanda, bu əsasla bağlı çox davamsız atəşkəs qüvvədə idi. Bu müddəalar soyqırım və “etnik təmizləmə” ilə əlamətdar olan qəddar münaqişəyə son qoymağa yönəlmişdi. Bu münaqişənin təbiəti elə idi ki, “təsisçi xalqların” (yəni, boşnaklar, xorvatlar və serblər) razılığı sülhün təmin olunması üçün zəruri idi. Bu, mütləq əsaslandırmadan, sülh danışıqlarında digər icma nümayəndələrinin (yerli qaraçi və yəhudi icmaları kimi) iştirak etməməsini və münaqişədən sonra cəmiyyətdə “təsisçi xalqlar” arasında səmərəli bərabərliyi ilə bağlı danışıq iştirakçılarının qayğılarını izah edə bilər.
46. Bununla belə, bu işdə Məhkəmə zamana görə (ratione temporis) yalnız Bosniya və Herseqovina tərəfindən Konvensiyanın və ona dair 1 Saylı Protokolun ratifikasiyasından sonrakı müddəti yoxlamaq səlahiyyətinə malikdir. Məhkəmənin Konvensiyanın ratifikasiyasından sonra Konstitusiyanın mübahisələndirilən müddəalarının qüvvədə saxlanmasının “qanuni məqsəd” daşıyıb-daşımaması barədə qərara gəlməsinə ehtiyac yoxdur, belə ki, aşağıda ifadə edilən səbəblərə görə mövcud sistemin əvvəlki halda saxlanması hər bir halda mütənasiblik tələbinə cavab vermir.
47. Əvvəla, Məhkəmə Deyton Sülh Sazişi imzalandıqdan sonra Bosniya və Herseqovinada mühüm müsbət dəyişikliklər müşahidə edir. Doğrudur ki, bu inkişaf həmişə ardıcıl olmayıb və hələ problemlər var (bax, məsələn, Avropa Komissiyası tərəfindən hazırlanan və 14 oktyabr 2009-cu ildə nəşr edilən Avropa İttifaqına üzvlüyə potensial namizəd kimi Bosniya və Herseqovina üzrə inkişaf barədə sonuncu hesabat, sənəd SEC/2009/1338). Bununla belə, elə oldu ki, 2005-ci ildə münaqişənin sabiq iştirakçıları hərbi qüvvələr üzərində nəzarəti həyata keçirməkdən imtina etdilər və onları kiçik, professional orduya çevirdilər; 2006-cı ildə Bosniya və Herseqovina NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qoşuldu; 2008-ci ildə o, Avropa İttifaqı ilə Sabitləşdirmə və Birləşmə Sazişini imzaladı və ratifikasiya etdi; 2009-cu ilin mart ayında o, ilk dəfə olaraq Dövlət Konstitusiyasına uğurla dəyişiklik etdi; və bu yaxınlarda Bosniya və Herseqovina 1 yanvar 2010-cu ildən başlayaraq iki-illik müddətə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçildi. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən məcburedici tədbir kimi ölkədə beynəlxalq idarəçiliyin saxlanması onu nəzərdə tutur ki, regiondakı vəziyyət hələ də əvvəlki kimi “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” təşkil edir; bununla belə, görünür ki, bu idarəçiliyin başa çatması üçün hazırlıqlar aparılır (bax Avropa İttifaqının İcma məsələləri, Ümumi Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi cənab Xavyer Solananın və Avropa İttifaqının Genişlənmə məsələləri üzrə Komissarı cənab Olli Renin 10 noyabr 2008-ci il tarixli “Bosniya və Herseqovinada Avropa İttifaqının Siyasəti: İrəliyə Yol” (EU’s Policy in Bosnia and Herzegovina: The Way Ahead) hesabatı və Beynəlxalq Böhran Qrupunun 9 mart 2009-cu il tarixli “Bosniyanın Natamam Keçidi: Deyton və Avropa arasında” (Bosnia’s Incomplete Transition: Between Dayton and Europe) hesabatı).
48. Bundan əlavə, Məhkəmə Hökumətlə razıdır ki, Konvensiya Bosniya və Herseqovinaya xas olan hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi mexanizmlərindən tamamilə imtina olunmasını tələb etmir və əksəriyyətin sadəcə mövqeyini əks etdirən siyasi sistem üçün zaman yetişməyib; bununla belə, Venesiya Komissiyasının Rəyləri (bax yuxarıda 22-ci bənd) aydın şəkildə göstərir ki, digər icmaların nümayəndələrinin ölkənin siyasi həyatından avtomatik olaraq tam çıxarılmasına aparmayan hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi mexanizmləri mövcuddur. Bununla əlaqədar, Məhkəmə xatırladır ki, eyni məqsədə nail olan alternativ vasitələrin mümkünlüyü bu sahədə vacib amildir (bax Qlor İsveçrəyə qarşı iş (Glor v. Switzerland), № 13444/04, 30 aprel 2009-cu il, § 94).
49. Nəhayət, 2002-ci ildə Avropa Şurasının üzvü olmaqla və Konvensiyanı və ona dair Protokolları qeyd-şərtsiz ratifikasiya etməklə, cavabdeh Dövlət könüllü olaraq müvafiq standartlara uyğunlaşmağa razılıq verib. Xüsusilə də o, “bir il ərzində Hüquq vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) köməyi ilə seçki qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunluğu baxımından nəzərdən keçirməyi və zərurət olduqda ona dəyişiklik etməyi” öhdəsinə götürüb (bax yuxarıda 21-ci bənd). Həmçinin, 2008-ci ildə Avropa İttifaqı ilə Sabitləşdirmə və Birləşmə Sazişini ratifikasiya edərək, cavabdeh Dövlət üzərinə, bir ildən iki ilədək müddətdə, “Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Şurasına qəbul olunduqdan sonra götürdüyü öhdəliklərə tam riayət olunmasını təmin etmək üçün, Bosniya və Herseqovinanın Prezidiumunun üzvləri və Xalqlar Palatasının nümayəndələri ilə bağlı seçki qanunvericiliyini dəyişdirmək” öhdəliyi götürüb (bax yuxarıda 25-ci bənd).
50. Beləliklə, Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçilərin Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərdə iştirak etmək iqtidarında olmamasının davam etməsi obyektiv və ağlabatan mülahizələrlə əsaslandırılmayıb və buna görə də, 1 saylı Protokolun 3-cü Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəni pozub.
(iii) 1 Saylı Protokolun 3-cü Maddəsi ayrı götürülməklə və 12 saylı Protokolun 1-ci Maddəsinin pozulması ilə bağlı şikayətlər
51. Əvvəlki bənddə gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, Xalqlar Palatası ilə əlaqədar, 1 Saylı Protokolun 3-cü Maddəsinin ayrıca götürülməklə və ya 12 Saylı Protokolun 1-ci Maddəsinin pozulub-pozulmaması ilə bağlı şikayəti ayrıca araşdırmağa zərurət yoxdur.
(b) Bosniya və Herseqovinanın Prezidiumu ilə əlaqədar
52. Ərizəçilər yalnız 12 Saylı Protokolun 1-ci Maddəsinə istinad etdilər.
(i) 12 saylı Protokolun 1-ci Maddəsinin tətbiqi ilə bağlı
53. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü Maddəsi “[bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan” istifadə zamanı ayrı-seçkiliyi qadağan etdiyi halda, 12 saylı Protokolun 1-ci Maddəsi müdafiənin dairəsini “qanunla təsbit olunmuş istənilən hüquqa”dək genişləndirir. Beləliklə o, ayrı-seçkiliyin ümumi qadağasını nəzərdə tutur.
54. Ərizəçilər onları Bosniya və Herseqovinanın Prezidiumuna seçkilərdə iştirak etmək hüququndan məhrum edən konstitusion müddəaları mübahisələndirirlər. Nəticə etibarilə, Prezidiuma seçkilərin 1 Saylı Protokolun 3-cü Maddəsinin əhatə dairəsinə düşüb-düşməməsindən asılı olmayaraq (bax Boşkoski keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı iş (Boškoski v. “the former Yugoslav Republic of Macedonia”), № 11676/04, ECHR 2004‑VI), bu şikayət “qanunla təsbit olunmuş hüquqa” aiddir (bax yuxarıda 18-ci bənddə sitat gətirilən 2001-ci il tarixli Seçki Qanununun 1.4-cu və 4.19-cu bölmələri), buna görə də 12 Saylı Protokolun 1-ci Maddəsi tətbiq olunur. Bu, Məhkəmədə mübahisələndirilmədi.
(ii) 12 Saylı Protokolun 1-ci Maddəsinə uyğunluq
55. Konvensiyanın 14-cü Maddəsi ilə bağlı Məhkəmənin təcrübəsində ayrı-seçkilik anlayışına müvafiq şərh verilib. Xüsusilə də, bu məhkəmə təcrübəsi aydınlıq gətirib ki, “ayrı-seçkilik” obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir (bax yuxarıda 42-44-cü bəndlər və onlarda istinad edilən mənbələr). Müəlliflər eyni termindən – ayrı-seçkilikdən 12 Saylı Protokolun 1-ci Maddəsində istifadə ediblər. Bu müddəaların tətbiq dairələri arasında fərq olmasına baxmayaraq, bu terminin 12 Saylı Protokolun 1-ci Maddəsindəki mənası 14-cü Maddədəki mənası ilə eyni olması nəzərdə tutulub (bax 12 Saylı Protokola İzahedici Qeyd, 18-ci bənd). Buna görə də, Məhkəmə 12 Saylı Protokolun 1-ci Maddəsi kontekstində eyni termini tətbiq edərək, yuxarıda qeyd edilən “ayrı-seçkilik” termininə verilən sabit şərhdən geri çəkilmək üçün heç bir əsas görmür (Konvensiyanın 12 Saylı Protokolunun 1-ci Maddəsinə oxşar – lakin eyni olmayan müddəa - Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 26-cı Maddəsi üzrə BMT-nin İnsan Hüquqları Komitəsinin presedent hüququ ilə bağlı bax Novak, MSHP-in Kommentariyası (Nowak, CCPR Commentary) N.P. Engel Nəşriyyatı, 2005-ci il, səh., 597-634).
56. Hazırkı iş üzrə ərizəçilərin “təsisçi xalqlar”a mənsubiyyətini bəyan etməməsi, həmçinin onları Prezidiuma seçkilərdə iştirak etmək imkanından məhrum etdi. Xalqlar Palatasına seçkilərlə bağlı Konstitusiyada təsbit olunmuş oxşar ilkin şərtlər rəftarda ayrı-seçkilik xarakterli fərqliliyə bərabər tutularaq, artıq Konvensiyanın 14-cü Maddəsinin pozuntusu kimi tanınıb (bax yuxarıda 50-ci bənd) və bundan əlavə 14-cü Maddə və 12 Saylı Protokolun 1-ci Maddəsi ilə qadağan edilən ayrı-seçkiliyin anlayışları eyni qaydada şərh olunmalıdır (bax əvvəlki bənd). Nəticə etibarilə, ərizəçiləri Prezidiuma seçkilərdə iştirak etmək imkanından məhrum edən konstitusion müddəalar həmçinin ayrı-seçkilik və 12 Saylı Protokolun 1-ci Maddəsinin pozuntusu hesab olunmalıdır; Məhkəmə hesab etmir ki, bu münasibətlə Bosniya və Herseqovinanın Xalqlar Palatası və Prezidiumu arasında hər hansı fərq qoyulmalıdır. Müvafiq olaraq, yuxarıda 47-49-cu bəndlərdə ətraflı təsvir edilən əsaslara görə 14-cü Maddənin kontekstində, Məhkəmə müəyyən edir ki, Prezidiuma seçkilər iştirak etmək üçün mübahisələndirilən ilkin şərtlər 12 saylı Protokolun 1-ci Maddəsinin pozuntusunu təşkil edir.
II. ƏRİZƏÇİLƏRİN DİGƏR ŞİKAYƏTLƏRİ
A. Konvensiyanın 3-cü Maddəsi
57. Birinci ərizəçi qeyd etmişdir ki, qaraçı mənşəli olduğuna görə Prezidiuma və Xalqlar Palatasına seçkilərdə iştirak etmək imkanından məhrum olması faktiki olaraq onu və qaraçı icmasının digər üzvlərini, eləcə də Bosniya və Herseqovinada digər milli azlıqların üzvlərini ikinci-dərəcəli vətəndaşlar statusuna endirib. Onun fikrincə, bu, Konvensiyanın 3-cü Maddəsini pozaraq, onun insan ləyaqətinin xüsusi təhqirinə bərabər tutulur. Maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.
58. Əvvəlki işlərdə Məhkəmə qərara gəlmişdi ki, irqi ayrı-seçkilik müəyyən hallarda özlüyündə 3-cü Maddənin mənası baxımından ləyaqəti alçaldan rəftara bərabər tutula bilər (bax Şərqi Afrika Asiyalıları Birləşmiş Krallığa qarşı iş üzrə (East African Asians v. the United Kingdom) Komissiyanın 14 dekabr 1973-cü il tarixli hesabatı, № 4403/70 və d., § 208, Qərarlar və Hesabatlar Toplusu, 78-ci cild, və Kipr Türkiyəyə qarşı iş (Cyprus v. Turkey), Böyük Palatanın qərarı, № 25781/94, § 310, ECHR 2001‑IV). Lakin bu işdə Məhkəmə qeyd edir ki, şikayət edilən fərqli rəftar ərizəçinin şəxsiyyətinə hər hansı nifrət və ya hörmətsizliyi göstərmir və eləcə də bu, onun ləyaqətini alçaltmayıb və belə məqsəd güdməyib, yalnız yuxarıda 45-ci bənddə istinad edilən məqsədə nail olmağa yönəlib.
Buna görə də, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aydın əsassızdır və 35-ci Maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
B. Konvensiyanın 13-cü Maddəsi
59. Ərizəçilər Konvensiyanın 13-cü Maddəsinə əsasən şikayət ediblər ki, ayrı-seçkiliklə bağlı şikayətləri ilə əlaqədar səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıblar. 13-cü Maddədə nəzərdə tutulur:
“[Bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
60. Məhkəmə xatırladır ki, 13-cü Maddə Konvensiyaya zidd olması əsası ilə ilkin qanunvericiliyin normalarından milli dövlət hakimiyyəti orqanı qarşısında şikayət verməyə icazə verən hüquqi müdafiə vasitələrinə təminat vermir (bax A. və Başqaları Birləşmiş Krallığa qarşı iş (A. and Others v. the United Kingdom), Böyük Palatanın qərarı, № 3455/05, 19 fevral 2009-cu il, § 135). Hazırkı iş həyata keçirilən fərdi tədbirlərə deyil, konstitusion müddəaların məzmununa aiddir, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin mənası baxımından açıq-aydın əsassızdır və 35-ci Maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
61. Konvensiyanın 41-ci Maddəsində nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
62. Ərizəçilər maddi ziyanla bağlı hər hansı tələb irəli sürməyib. Mənəvi ziyanla bağlı birinci ərizəçi 20.000 AVRO və ikinci ərizəçi 12.000 AVRO tələb edib. Hökumət bu tələblərin əsassız olduğunu bildirdi.
63. Məhkəmə hesab edir ki, pozuntunun tanınması özlüyündə ərizəçilərin çəkdiyi hər hansı mənəvi ziyana görə əvəzin kifayət qədər ədalətli ödənilməsini təşkil edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
64. Birinci ərizəçinin təmsilçiliyi əvəzsiz olaraq (pro bono) həyata keçirilirdi və o, yalnız onun vəkilinin 3 iyun 2009-cu il tarixdə Məhkəmə baxışında iştirak etdiyinə görə 1.000 AVRO tələb etdi. İkinci ərizəçi bütövlükdə iş üzrə 33.321 AVRO tələb etdi. Bu məbləğə saatda 82.45 AVRO olmaqla Palata və Böyük Palata qarşısında ərizənin, müşahidələrin və əvəzin ədalətli ödənilməsi üzrə iddianın hazırlanmasına görə onun iki vəkilinin və hüquqi komandanın daha bir üzvünün - Azlıqların Hüquqları üzrə Beynəlxalq Qrupdan (Minority Rights Group International) xanım Sintiya Morelin 270 iş saatının haqqı, “Expert Consultancy İnternational Ltd” şirkətinin eksperti Cənab Zoran Payiçin ekspert rəyini hazırladığına görə haqqı, ərizəçinin Nyu-Yorkda və Sarayevoda vəkillərlə görüşlərinin təşkilinə görə xərclər və Böyük Palatada işə baxılması ilə bağlı xərclər daxildir. Ərizəçi izah etdi ki, üçüncü hüquqşünasın, xanım Sintiya Morelin cəlb edilməsi işdə ünvanlanan məsələlərin dairəsi və mürəkkəbliyi baxımından zəruri idi.
65. Hökumət bildirdi ki, yuxarıda qeyd edilən xərclər lüzumsuz olaraq çəkilib və həddən artıqdır. Xüsusilə də, Hökumət ikinci ərizəçinin qonorarları yerli hüquqşünaslara nisbətən müqayisəedilməz dərəcədə yüksək olan və işə təyinatı səyahət və rabitə xərclərinin artmasına təsir edən xarici hüquqşünasların xidmətlərindən istifadə etmək zəruriliyini mübahisələndirdi.
66. Məhkəmə Hökumətlə onunla razılaşmır ki, ərizəçilər onları Məhkəmə qarşısında təmsil etmək üçün yerli hüquqşünasları seçməlidirlər, belə ki hüquqşünaslar xarici hüquqşünaslarla eyni keyfiyyətdə xidmət təklif edə bilərlər (hazırkı işdə göründüyü kimi). Müvafiq olaraq, hazırkı işdə ərizəçilərin tələb etdiyi məbləğlər arasındakı fərq özü-özlüyündə o demək deyil ki, bu məbləğlərdən daha böyüyü lazımsız olaraq çəkilib və ya əsassızdır. Bununla belə, Məhkəmə hesab edir ki, ikinci ərizəçinin tələb etdiyi məbləğ həddən artıqdır və ikinci ərizəçiyə bu bölmə altında 20.000 AVRO təyin edir. Birinci ərizəçinin xərclər və məsrəflərlə bağlı tələbləri tam təmin olunmalıdır.
C. İcranın gecikdirilməsinə görə faiz
67. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Yekdilliklə ərizələri birləşdirməyi qərara alır;
2. Səs çoxluğu ilə elan edir ki, Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərdə iştirak etmək hüquqlarının olmaması ilə bağlı ərizəçilərin əsas şikayətləri qəbuledilən hesab edilsin;
3. Yekdilliklə elan edir ki, Bosniya və Herseqovinanın Prezidiumuna seçkilərdə iştirak etmək hüquqlarının olmaması ilə əlaqədar ərizəçilərin əsas şikayətləri qəbuledilən hesab edilsin;
4. Yekdilliklə elan edir ki, şikayət qalan hissələrdə qəbuledilməyən hesab edilsin;
5. Üç səsə qarşı on dörd səslə qərara alır ki, ərizəçilərin Bosniya və Herseqovinanın Xalqlar Palatasına seçkilərdə iştirak etmək hüquqlarının olmaması ilə əlaqədar 1 Saylı Protokolun 3-cü Maddəsi ilə birgə götürülməklə 14-cü Maddə pozulub;
6. Yekdilliklə qərara alır ki, eyni şikayəti 1 Saylı Protokolun 3-cü Maddəsi altında ayrıca götürülməklə və ya 12 Saylı Protokolun 1-ci Maddəsi altında araşdırmağa ehtiyac yoxdur;
7. Bir səsə qarşı on altı səslə qərara alır ki, ərizəçilərin Bosniya və Herseqovinanın Prezidiumuna seçkilərdə iştirak etmək hüquqlarının olmaması ilə əlaqədar 12 Saylı Protokolun 1-ci Maddəsi pozulub;
8. Yekdilliklə qərara alır ki, pozuntunun tanınması özlüyündə ərizəçilərin çəkdiyi hər hansı mənəvi ziyana görə əvəzin kifayət qədər ədalətli ödənilməsini təşkil edir;
9. (a) bir səsə qarşı on altı səslə qərara alır ki, cavabdeh Dövlət üç ay ərzində birinci ərizəçiyə xərclərə və məsrəflərə görə 1.000 AVRO (bir min avro) ödəməlidir. Bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə konvertasiya olunan Bosniya və Herseqovina markasına çevrilməlidir və birinci ərizəçidən bu məbləğdən tutula biləcək hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır;
(b) iki səsin on beş səsə qarşı səslə qərara alır ki, cavabdeh Dövlət üç ay ərzində ikinci ərizəçiyə xərclərə və məsrəflərə görə 20.000 AVRO (iyirmi min avro) ödəməlidir. Bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə konvertasiya olunan Bosniya və Herseqovina markasına çevrilməlidir və ikinci ərizəçidən bu məbləğdən tutula biləcək hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır;
(c) yekdilliklə qərara alır ki, yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı yuxarı kredit faizinə bərabər olan faiz məbləği və onun üzrərinə daha üç faiz əlavə edilməlidir;
10. Əvəzin ədalətli ödənilməsi haqqında ikinci ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 22 dekabr 2009-cu ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Vincent BergerJean-Paul Costa Hüquq məsləhətçisi Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Bosniya və Herseqovina Federasiyasının Xalqlar Palatasının üzvləri Kantonların parlamentləri tərəfindən təyin olunur (Bosniya və Herseqovina Federasiyası on Kantondan ibarətdir). Kantonların parlamentlərinin üzvləri birbaşa seçilirlər.
[2] Srpska Respublikasının Milli Assambleyasının üzvləri birbaşa seçilirlər.
[3] Xanım Nystuen Avropa İttifaqının Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Konfransının həmsədri, Avropa İttifaqının nümayəndə heyətinin Kontakt qrupda rəhbəri Cənab Bildtin Hüquq məsləhətçisi qismində Deyton danışıqlarında və konstitusiya hüququ məsələləri ilə bağlı əvvəlki müzakirələrdə iştirak edib. Bundan sonra, 1997-ci ilə qədər, o, cənab Bildt Bosniya və Herseqovina üzrə Ali Nümayəndə olduğu dövrdə, onun hüquq məsləhətçisi qismində işləyib.
[2] Cənab O’Brien Kontakt Qrupun hüquqşünası qismində Deyton Danışıqlarında, həmçinin 1994-cü ildən 2001-ci ilədək keçmiş Yuqoslaviya ilə bağlı mühüm danışıqların əksəriyyətində iştirak edib.
[3] Bütün insanlar eyni bioloji növə aid olduğundan, RDAK müxtəlif “irqlərin” mövcudluğuna əsaslanan nəzəriyyələri rədd edir. Lakin bu Tövsiyədə RDAK adətən səhvən “başqa irqə” aid edilən şəxsləri hüquqi müdafiədən kənarda saxlamamaq üçün bu termindən istifadə edir.
Full & Egal Universal Law Academy