Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Sejdovic (Sejdovic) İtaliyaya qarşı [BP] - 56581/00
Qərar 1.3.2006 [BP]
Maddə 6
6-cı Maddənin 3-cü bəndi
Müdafiə hüquqları
Tapılmayan və qaçmış hesab edilən ərizəçinin məhkəmə prosesi haqqında məlumat verilmədən qiyabi məhkəmə icraatında (in abstentia) məhkum edilməsi: pozuntu
Faktlar - Ərizəçi qətl törətməkdə şübhəli bilinmiş və haqqında həbs qətimkan tədbiri seçilmişdi. Buna baxmayaraq, məhkəmədən gizləndiyi üçün o "qaçaq" elan olunmuşdur (latitante). Səlahiyyətli orqanlar şəxsi müdafiə vəkilini seçmək üçün onunla əlaqə yarada bilməmişlər. Əvəzində, ona vəkil təyin etmiş və ona müştərisinin müəyyən tarixdə andlılar məhkəməsi qarşısında məhkəməyə çıxmalı olduğu haqqında məlumat vermişlər. Vəkil məhkəmədə iştirak etmiş, lakin ərizəçi iştirak etməmişdir. Ərizəçi cinayətdə təqsirli hesab edilmişdir. Ərizəçinın vəkilinə Andlılar məhkəməsinin qərarının qeydiyyat şöbəsinə verildiyi barədə məlumat verilmişdir. O, apellyasiya şikayəti verməmiş və hökm nəticədə qüvvəyə minmişdir. İki il altı ay sonra ərizəçi Almaniyada həbs olunmuşdur. Alman səlahiyyətli orqanları İtaliya qanunlarının ərizəçinın iştirakı olmadan həyata keçirilmiş məhkəmə prosesinin yenidən açılması ilə bağlı kifayət qədər dəqiq təminatlar nəzərdə tutmadığı əsası ilə ərizəçinin İtaliyaya ekstradisiyası ilə bağlı müraciəti rədd etmişdir.
Hüquqi məsələlər - Maddə 6: Ərizəçi qiyabi məhkəmə icraatında (in abstentia) mühakimə olunmuşdur. Həbsə alınmazdan öncə o, ittihamlar və ya məhkəmə tarixi haqqında heç bir rəsmi məlumat almamışdır. Araşdırılmalı məsələ, rəsmi məlumat olmadan, məhkəmədə iştirak hüququndan birmənalı imtina və ya ədalət mühakiməsindən qaçması barədə qərara gələ bilməsi üçün ərizəçinın barəsindəki cinayət təqibi və məhkəmə prosesi haqqında məlumatlı olduğunu hesab etmək üçün kifayət qədər əsasın olub-olmadığının müəyyənləşdirilməsidir. Hazırki işdə ərizəçinin məhkəmə prosesi və ona qarşı olan iddialar barədə kifayət qədər məlumatlı olduğu sübut olunmamışdır. Bu səbəbdən, onun məhkəmədən qaçmaq istədiyi və ya məhkəmədə iştirak hüququndan birmənalı olaraq imtina etdiyi hesab edilə bilməz. Araşdırılmalı olan son məsələ, yerli qanunvericiliyin ona yeni məhkəmə prosesində iştirak imkanını kifayət qədər dəqiqliklə nəzərdə tutub-tutmamasıdır. Ərizəçi tərəfindən 670-ci Maddədə qeyd olunan hüquq müdafiə vasitəsindən istifadənin uğur şansı yoxdur. Bundan əlavə, Hökumət tərəfindən istinad edildiyi kimi, 175-ci maddədə qeyd olunan hüquq müdafiə vasitəsi ərizəçiyə öz müdafiəsini təmin etmək üçün yeni məhkəmə prosesinin təşkil olunması və iştirakının təmin olunması kimi imkanlar ilə bağlı heç bir təminat nəzərdə tutmur. Onun apellyasiya şikayəti təqdim etmək və ya yeni məhkəmə prosesi üçün vaxtın yenidən təyin olunmasına nail olacağı başqa bir vasitənin olduğu da iddia edilməmişdir. Nəticədə, in abstentia mühakimə olunmuş və ədalət mühakiməsindən qaçmaq istədiyi və ya məhkəmədə iştirak hüququndan birmənalı imtina etdiyi sübut olunmayan ərizəçi, müdafiə hüquqlarına uyğun şəkildə onu dinləyən məhkəmə tərəfindən ona qarşı ittihamların mahiyyəti üzrə yenidən baxılması imkana malik olmamışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy