Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199
Avqust-sentyabr 2016-cı il
***
Semir Güzel (Semir Güzel) Türkiyəyə qarşı – ərizə № 29483/09
13.9.2016 tarixli qərar [II Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Siyasi partiyanın qurultayına sədrlik etmiş ərizəçinin qurultay nümayəndələrinin kürd dilində danışmasının qarşısını almaması: 10-cu maddə bu işə tətbiq edilə bilər; pozuntu baş verib
Faktlar – Siyasi partiya sədrinin müavini olan ərizəçi sədrlik etdiyi partiya qurultayının iştirakçılarının çıxışları zamanı kürd dilində danışmalarına imkan verdiyinə görə cinayət təqibinə məruz qalmışdı. Araşdırılan dövrdə siyasi partiyanın qurultay və toplantılarında türk dilindən savayı başqa dildən istifadə edilməsi cinayət əməli sayılırdı. Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi şikayət etdi ki, cinayət təqibinə məruz qalması onun Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnu pozub.
Hüquqi məsələlər – Maddə 10: Məhkəmə xatırlatdı ki, 10-cu maddə ifadə edilmiş fikirlərin və məlumatların təkcə mahiyyətinin deyil, həm də ifadə edilmə formasının müdafiəsini nəzərdə tutur. Müəyyən hərəkətin və ya davranış formasının 10-cu maddənin tətbiq dairəsinə düşüb-düşmədiyi barədə qərar verərkən sözügedən hərəkətin və ya davranışın xarakteri qiymətləndirilməli, konkret olaraq onun təzahür formasının xarakteri obyektiv nöqteyi-nəzərdən təhlil edilməli, habelə sözügedən hərəkəti və ya davranışı törətmiş şəxsin məqsədi və ya niyyəti araşdırılmalıdır. Bəzi nümayəndələrin kürd dilində danışmasının qarşısını almadığına görə ərizəçi barəsində cinayət işi başlanmışdı. Ərizəçi hökumət müfəttişinin xəbərdarlıqlarına baxmayaraq bu cür davranmışdı ki, bu da dövləti təmsil edən vəzifəli şəxsə qarşı obyektiv nöqteyi-nəzərdən itaətsizlik aktının təzahürü sayıla bilərdi. Bundan başqa, ərizəçi müəyyən nümayəndələrin kürd dilində danışmasına qurultayın sədri qismində müdaxilə etməməsini özünün bu rəyləri ilə izah etmişdi ki, kürd dili həyatın bütün sahələrində istifadə edilməlidir; kürd dilində danışanlar öz ana dilində danışırlar; və onun çıxışa müdaxilə edərək danışan şəxsi ana dilindən fərqli olan başqa bir dildə danışmağa məcbur etməsi onun tərəfindən nə qanuni, nə də etik davranış olardı.
Məhkəmə bu nəticəyə gəldi ki, özünün konkret davranışı ilə ərizəçi faktiki olaraq Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığı hüququnu həyata keçirmişdi və buna görə də bu maddə hazırkı işə tətbiq edilə bilər. Məhkəmə daha sonra qərara aldı ki, müvafiq qanunvericilik norması (siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi barədə 2820 saylı qanunun 81(c) maddəsi) ərizəçinin cinayət təqibi ilə üzləşəcəyini öncədən görə bilməsinə imkan yaradacaq dərəcədə aydın deyildi və beləliklə, onun ifadə azadlığına müdaxilə qanunla nəzərdə tutulmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 7.500 avro təyin edildi; maddi ziyamla bağlı tələb isə rədd edildi.
Full & Egal Universal Law Academy