© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Sergey Zolotuxin Rusiyaya qarşı [Böyük Palata] (Sergey Zolotukhin v. Russia [GC]), ərizə № 14939/03
10.02.2009-cu il tarixli qərar [Böyük Palata]
7 saylı Protokolun 4-cü maddəsi
Eyni əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ
"Xırda xuliqanlığa" görə inzibati qaydada həbsə alınma və sonra eyni faktlarla əlaqədar olaraq "xuliqanlığa" görə cinayət təqibinə məruz qalma: pozuntu baş verib
Faktlar – 2002-ci ilin yanvarında ərizəçi rəfiqəsini icazəsiz olaraq hərbi hissəyə gətirdiyinə görə həbs edildi və rayon daxili işlər şöbəsinə gətirildi. Protokola əsasən, o, sərxoş vəziyyətdə idi, kobudluq edir, söyüş söyürdü və tutularkən qaçmağa cəhd etmişdi. Elə həmin gün rayon məhkəməsi onu polis əməkdaşlarını təhqir etməkdə və rayon polis bölməsinə gətirildikdən sonra ictimai qaydanı pozmaqda təqsirkar hesab etdi. İnzibati hüquqpozmalar haqqında məcəllənin 158-ci maddəsinə uyğun olaraq, xırda xuliqanlığa görə ona üç günlük inzibati həbs cəzası təyin olundu. Sonradan eyni hadisələrlə əlaqədar olaraq ona qarşı cinayət işi qaldırıldı. Polisləri söyməsi və polis bölməsinə gətirildikdən sonra ictimai qaydanı pozması ilə əlaqədar olaraq ona qarşı Cinayət Məcəlləsinin 213-cü maddəsi əsasında xuliqanlıq ittihamı irəli sürüldü. O, həmçinin Cinayət Məcəlləsinin 319-cu maddəsi əsasında inzibati hüquqpozma haqqında protokolu tərtib etmiş hakimiyyət nümayəndəsini təhqir etmə əməlində ittiham olundu. Bundan başqa, o, Cinayət Məcəlləsinin 318-ci maddəsi əsasında vəzifəli şəxsi güc tətbiqi ilə hədələməkdə ittiham olundu, belə ki, iddia edildiyinə görə, o, polis bölməsinə gətirilərkən yolda polis mayorunu öldürməklə hədələmişdi. 2002-ci ilin dekabrında rayon məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 318-ci və 319-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsirkar hesab etdi, 213-cü maddədə nəzərdə tutulmuş cinayətin törədilməsi məsələsində isə ona bəraət verdi, çünki bu maddə üzrə onun təqsiri lazımi qaydada sübuta yetirilməmişdi.
Hüquqi məsələlər – 7 iyun 2007-ci il tarixli qərarında Məhkəmənin Palatası yekdilliklə 7 saylı Protokolun 4-cü maddəsinin pozulduğunu müəyyən etdi. Cavabdeh dövlətin vəsatəti əsasında iş yenidən baxılmaq üçün Böyük Palataya verildi. Bu maddənin məqsədləri üçün "cinayət ittihamının" mövcudluğu məsələsində Böyük Palata Palatanın gəldiyi bu nəticəni təsdiq etdi ki, ərizəçiyə qarşı birinci araşdırma milli qanunvericiliyə əsasən inzibati araşdırma hesab edilsə də, konkret olaraq xırda xuliqanlıq əməlinin xarakterini və sanksiyasının ağırlığı nəzərə alsaq, həmin araşdırma cinayət prosesinə bərabər sayıla bilər. Hər iki halda hüquq pozuntularının eyni olması məsələsinə gəlincə, Məhkəmə əvvəlki işlərdə bu məsələyə müxtəlif yanaşmalar nümayiş etdirərək faktların hüquqi tövsifindən asılı olmayaraq onların eyniliyinə, hüquqi təsnifatına (eyni faktlar müxtəlif hüquq pozuntularına səbəb ola bilər), yaxud hər iki hüquq pozuntusuna xas olan ümumi mühüm elementlərin mövcudluğuna xüsusi əhəmiyyət verib. Bu müxtəlif yanaşmaların 7 saylı Protokolun 4-cü maddəsi ilə təmin edilən əsas hüquqla bir araya sığmayan hüquqi qeyri-müəyyənlik mənbəyi olduğunu nəzərə alaraq, Məhkəmə Konvensiyanın məqsədləri üçün "eyni cinayət" termininin məhz nəyi bildirdiyini dəqiq müəyyənləşdirməyi qərara aldı.
Məhkəmə digər beynəlxalq hüquqi sənədlərdə, konkret olaraq Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı, Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyası və İnsan hüquqları haqqında Amerika Konvensiyasında nəzərdə tutulmuş eyni əmələ görə təkrar məhkum edilməmək və cəzalandırılmamaq hüququnun əhatə dairəsini tədqiq edərək qeyd etdi ki, ikinci cinayət birinci ilə eyni faktlara aiddirsə, yaxud həmin faktlar birinci cinayətin əsasını təşkil etmiş faktlarla "mahiyyətcə" eynidirsə, 7 saylı Protokolun 4-cü maddəsi bu halda şəxs barəsində cinayət işi qaldırılmasını və ya onun məhkəməyə cəlb olunmasını qadağan edən maddə kimi şərh olunmalıdır. Bu təminat birinci iş üzrə bəraət və ya ittiham hökmü qüvvəyə mindikdən sonra yeni araşdırmanın başlandığı hallara şamil olunur. Hazırkı işdə ərizəçinin Cinayət Məcəlləsinin 319-cu və 318-ci maddələri əsasında cinayət təqibinə məruz qalması məsələsində 7 saylı Protokolun 4-cü maddəsi üzrə hər hansı məsələ meydana çıxmır, çünki onun mayora qarşı davranışı ilə bağlı ittihamlar ilk dəfə cinayət prosesində irəli sürülmüşdü və bunlar təkrarən irəli sürülmüş ittihamlar deyildi. Lakin xuliqanlıq ittihamı ilə bağlı vəziyyət fərqlidir, belə ki, ərizəçi bu əmələ görə İnzibati hüquqpozmalar haqqında məcəllənin 158-ci maddəsi əsasında inzibati icraat çərçivəsində cəzalandırılmış, sonra isə Cinayət Məcəlləsinin 213-cü maddəsi əsasında cinayət təqibinə məruz qalmışdı. Ərizəçiyə qarşı inzibati və cinayət işi başlanması üçün əsas təşkil etmiş faktlar bir-birindən yalnız bir elementlə – polisi güc tətbiqi ilə hədələmə ittihamı ilə fərqlənirdi və buna görə də onlar mahiyyətcə eyni faktlar hesab edilməlidir. İkinci icraatın birincinin təkrarı olması məsələsinə gəlincə, Məhkəmə Palatanın gəldiyi bu nəticə ilə razılaşdı ki, inzibati icraat çərçivəsində ərizəçi barəsində çıxarılmış üç günlük həbs qərarı qüvvəyə minmiş yekun qərar idi. Cinayət prosesində ərizəçiyə bəraət verilməsi faktı onun eyni əmələ görə iki dəfə cinayət təqibinə məruz qaldığı barədə iddiasına təsir göstərmir. Məhkəmə xatırlatdı ki, 7 saylı Protokolun 4-cü maddəsində üç fərqli təminat əks olunur və nəzərdə tutulur ki, şəxs eyni cinayətə görə 1) məhkəməyə cəlb olunmamalı, 2) məhkum edilməməli və ya 3) cəzalandırılmamalıdır. Bu işdə bəraət hökmünün çıxarılması ərizəçini qurban statusundan məhrum etməyib, çünki o, yalnız əleyhinə kifayət qədər sübut olmadığına görə bəraət alıb. Rusiyanın dövlət orqanları eyni əmələ görə iki dəfə cəzalandırılmamaq prinsipini pozduqlarını prosesin heç bir mərhələsində etiraf etməyiblər. Beləliklə, Cinayət Məcəlləsinin 213-cü maddəsi əsasında ərizəçiyə qarşı başlanmış icraat artıq onun İnzibati hüquqpozmalar haqqında məcəllənin 158-ci maddəsi əsasında cəzalandırıldığı eyni hüquq pozuntusu ilə əhəmiyyətli dərəcədə əlaqədar idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 1500 avro təyin olundu.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy