© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
S.H. və başqaları Avstriyaya qarşı [Böyük Palata] (S.H. and Others v. Austria [GC]), ərizə № 57813/00
03.11.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Şəxsi həyata hörmət
Daxili qanunvericiliyə əsasən ekstrakorporal mayalanma üçün donorlardan götürülmüş yumurta hüceyrəsi və spermanın istifadəsinin qadağan olunması: pozuntu baş verməyib
Ərizəçilər nikahda olan iki cütlük idi. Hər iki cütlük sonsuzluqdan əziyyət çəkirdi və övlad sahibi olmaq üçün tibbi yardıma müraciət etmək istəyirdi. Birinci cütlüyün işində yalnız donor spermasından istifadə etməklə ekstrakorporal mayalanma (EKM) onların uşağa sahib olmalarına kömək edə bilərdi, ikinci cütlüyün işində isə genetik bağlılıq üçün donorun yumurta hüceyrəsindən istifadə etməklə EKM-ə ehtiyac vardı. Lakin EKM üçün donor spermasından və ümumiyyətlə donorun yumurta hüceyrələrindən istifadəni qadağan edən "Süni yolla nəsil artırma haqqında" Avstriya Qanununa əsasən, hər iki metod qanunsuz idi. Lakin bu Qanun nəsil artımına yardım üçün digər metodlardan, məsələn, ər-arvadın və ya rəsmi nikahda olmayan cütlüyün öz yumurta hüceyrəsindən və spermasından istifadəyə (nəsil artırmanın homoloji metodları) və müstəsna hallarda qadının reproduktiv orqanlarına donor spermasının yeridilməsinə icazə verirdi. Ərizəçilər Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etdilər, məhkəmə qərara aldı ki, onların ailə həyatına hörmət hüququna müdaxilə baş verib, amma hesab etdi ki, bu müdaxilənin əsası vardı, çünki Qanun qeyri-adi ailə münasibətlərinin yaranmasına (yəni uşağın iki anasının – bioloji və surroqat anasını olmasına) və qadınların istismarına qarşı yönəlmişdi.
1 aprel 2010-cu il tarixli qərarında Palata həm qadın, həm də kişi ərizəçilər barəsində 8-ci maddə ilə birgə götürülməklə 14-cü maddənin pozulduğunu müəyyən etdi (bax: 129 saylı Məlumat bülleteni).
Hüquqi məsələlər – Maddə 8: Cütlüyün uşaq dünyaya gətirmək və bu məqsədlə tibbi yardımdan istifadə etmək hüququ 8-ci maddə ilə qorunur, belə ki, bu seçim şəxsi və ailə həyatının ifadə formasıdır. Müvafiq olaraq, 14-cü maddə bu işə tətbiq edilə bilər. Məhkəmə qeyd etdi ki, ərizəçilərin nəsil artımına tibbi yolla yardım barədə müraciətləri müvafiq qanunvericilik normasının mövcudluğu səbəbindən rədd edilib, onlar həmin normadan daxili məhkəmələrə şikayət etsələr də uğursuzluğa məruz qalıblar. Avropa Məhkəməsi onların şikayətini süni yolla nəsil artırma üsullarından istifadə nöqteyi-nəzərindən araşdırdı. Etiraz edilən tədbir qanunla nəzərdə tutulmuşdu və əhalinin sağlamlığını və ya mənəviyyatını qorumaqdan və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət qanuni məqsədlər daşıyırdı. Konstitusiya Məhkəməsinin qərarından sonra tibb elmində xeyli inkişaf baş vermişdi və bir sıra iştirakçı dövlətlər bunu öz qanunvericiliklərində nəzərə almışdılar. Lakin bu işdə yumurta hüceyrəsindən istifadənin qadağan olunmasına indiki zamanda Konvensiya ilə haqq qazandırmağın mümkün olub-olmadığını müəyyənləşdirmək Məhkəmədən tələb olunmur, ondan tələb olunur ki, Avstriya Konstitusiya Məhkəməsi bu işə baxdığı dövrdə həmin tədbirə Konvensiya ilə haqq qazandırmağın mümkün olub-olmadığını müəyyənləşdirsin.
Hazırda iştirakçı dövlətlərin qanunvericiliyində EKM məqsədi ilə donorun yumurta hüceyrəsindən istifadəyə icazə verilməsinə doğru tendensiya var ki, bu da bu məsələ barədə Avropada konsensusun yarandığını göstərir. Lakin bu konsensus üzv dövlətlərin qanunvericiliyində uzun müddətdən bəri bərqərar olmuş prinsiplərə əsaslanmır, əksinə, hüququn xüsusilə dinamik sahəsi olan bu sahədə inkişafın bir mərhələsini əks etdirir və dövlətlərin bu sahədəki qiymətləndirmə sərbəstliyinin hüdudlarını qətiyyən daraltmır. EKM-dən istifadə tibb sahəsində və elmdə sürətli inkişafın fonunda istər o dövrdə, istərsə də indiki dövrdə həssas mənəvi və etik məsələləri ortaya çıxardığına görə və bu işdə qaldırılan məsələlərin aid olduğu sahədə üzv dövlətlər arasında hələ aydın ümumi razılıq olmadığına görə, Məhkəmə hesab etdi ki, bu sahədə dövlətə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları geniş olmalıdır.
Donorun yumurta hüceyrəsindən istifadə – Süni yolla nəsil artırma kimi həssas məsələdə mənəvi mülahizələr və cəmiyyətin bu cür üsulları qəbul etməyə nə dərəcədə hazır olması ciddi surətdə nəzərə alınmalıdır. Lakin özlüyündə bu mülahizələr süni yolla nəsil artırmanın konkret metodlarını, məsələn, donorun yumurta hüceyrəsindən istifadəni qadağan etmək üçün yetərli əsas deyil. İştirakçı dövlətlər bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malik olsalar da, bu məqsədlə yaradılmış hüquqi baza şəkildə tərtib edilməli və müxtəlif qanuni maraqları yetərincə nəzərə almalıdır.
Avstriyanın qanunverici orqanı süni yolla nəsil artırmanı tam istisna etməmişdi, belə ki, homoloji metodlardan istifadəyə icazə verilirdi. Avstriya qanunvericiliyi belə bir ideyaya əsaslanırdı ki, nəsil artımına tibbi yolla yardım etmə təbii doğuşa maksimum dərəcədə yaxın olmalıdır ki, geniş mənada bioloji və genetik analar arasında potensial münaqişələrdən yaxa qurtarmaq mümkün olsun. Bu cür hərəkət etməklə qanunverici orqan nəsil artımına tibbi yolla yardım etməyə icazə vermək istəyi ilə müasir reproduktiv təbabətin rolu və imkanları ilə əlaqədar cəmiyyətin geniş dairələrində mövcud olan narahatlıq arasında barışdırıcı mövqedə durmağa çalışmışdı. Bundan başqa, Avstriyanın qanunverici orqanı "Süni yolla nəsil artırma haqqında" Qanunda xüsusi təminatlar və ehtiyat tədbirləri nəzərdə tutmuşdu, yəni süni yolla nəsil artımını tətbiq edən şəxslər dairəsini bu sahədə zəruri biliklərə malik olan və peşə etikası qaydalarına əməl etməyə borclu olan ixtisaslaşmış həkimlərlə məhdudlaşdırmışdı; bundan başqa, qanun qametlərin (cinsiyyət hüceyrələrinin) donorluğunu qadağan edirdi. Bu tədbirlər yevgenik seleksiyanın və ondan sui-istifadə edilməsinin potensial təhlükələrinin, eləcə də yumurta hüceyrələrinin donoru qismində çıxış edən, əlverişsiz vəziyyətdə olan qadınların istismarı təhlükəsinin qarşısını almağa yönəlmişdi. Sosial münasibətlərlə bioloji münasibətlərin normadan kənarlaşması ilə bağlı narahatlıqlara gəlincə, uzun müddətdir ki, övladlığa götürmə institutu mövcuddur və hazırda belə münasibətlər üçün yetərli hüquqi baza təşkil edir. Eynilə, donorun yumurta hüceyrəsindən istifadədən irəli gələn problemləri qaneedici şəkildə tənzimləyən hüquqi baza qəbul edilə bilər. Amma analığın genetik ana ilə körpəni bətnində daşıyan ana arasında bölünməsi uşağı övladlığa götürmüş valideynlə uşaq arasındakı münasibətlərdən əhəmiyyətli dərəcədə fərqlənir və bu məsələyə yeni bir aspekt əlavə etmiş olur.
Konvensiyanın 8-ci maddəsinin müddəaları baxımından əsas sual ondan ibarət deyil ki, qanunverici orqan daha ədalətli balansı əsaslı olaraq bərqərar edən başqa qərar qəbul edə bilərdimi, əsas sual ondan ibarətdir ki, həmin anda balansı müəyyən edərkən Avstriyanın qanunverici orqanı bu maddənin ona verdiyi qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmışdımı? Bu məsələni həll edərkən Məhkəmə belə bir fakta önəm verdi ki, EKM məqsədi ilə donorun yumurta hüceyrəsindən istifadəyə icazə verməyin mümkünlüyü məsələsində Avropada yetərincə bərqərar olmuş konsensus var. Beləliklə, Avstriyanın qanunverici orqanı tərəfindən donorun yumurta hüceyrəsindən istifadənin qadağan olunması 8-ci maddəyə ziddir.
b) Donorun spermasından istifadə – Eyni mülahizələr donorun spermasından istifadəyə qoyulan qadağa üçün də əhəmiyyət kəsb edir. Avstriyanın qanunverici orqanının EKM məqsədi ilə donorun yumurta hüceyrəsindən və spermasından istifadəni qadağan edən və eyni zamanda cəmiyyətin uzun müddətdən bəri qəbul etdiyi və ümumən bəyəndiyi üsul olan təbii yolla mayalanma üçün donor spermasından istifadə üsulunu qadağan etməyən "Süni yolla nəsil artırma haqqında" Qanun qəbul etməsi faktı müvafiq maraqların balanslaşdırılmasında əhəmiyyət kəsb edən məsələdir və buna yalnız qüvvədə olan qadağalar kontekstində baxmaq olmaz. Bu, Avstriyanın qanunverici orqanının özünün bu sahədəki prinsipial yanaşmasını ictimai reallıqlarla uzlaşdırmaq üçün məsələyə diqqətli və ehtiyatlı yanaşdığını göstərir. Bu məsələ ilə bağlı Avstriya qanunvericiliyində Avstriya ərazisində icazə verilməyən süni yolla nəsil artırma üsullarından istifadə etmək üçün xaricə yollanmağa qadağa qoyulmamışdı və şəxs bu məsələni xaricdə uğurla həll etdiyi təqdirdə Mülki Məcəllədə atalıq və analıqla bağlı aydın müddəalar nəzərdə tutulmuşdu və həmin müddəalar valideynlərin istəklərini nəzərə alırdı.
c) Nəticə – İşin hallarına aid olan dövrdə Avstriyanın qanunverici orqanı "Süni yolla nəsil artırma haqqında" Qanunun 3-cü maddəsinə uyğun olaraq süni yolla nəsil artırma üçün donorun yumurta hüceyrəsindən istifadənin qadağan olunması məsələsində, yaxud da EKM üçün donor spermasından istifadənin qadağan olunması məsələsində özünün qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmayıb.
Beləliklə, hazırkı dövrə qədər Avstriya parlamenti elmin və cəmiyyətin dinamik inkişafını nəzərə almaqla süni yolla nəsil artırmanı tənzimləyən normaları hərtərəfli şəkildə yenidən nəzərdən keçirməyib. Avstriyanın Konstitusiya Məhkəməsi qeyd etdi ki, tibb elmi və cəmiyyətdə mövcud olan konsensus dəyişə bilər və qanunverici orqan gələcəkdə bunu nəzərə almalıdır. Avropa Məhkəməsi bu işdə 8-ci maddənin pozulmadığını müəyyən etsə də, qeyd etdi ki, bu sahə elə sahədir ki, burada qanunvericilik elmin və hüququn dinamik inkişafından asılı olaraq daim inkişaf edir və iştirakçı dövlətlərin bu sahəyə aid qanunvericiliyə daim yenidən baxmalarına ehtiyac var.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy