Şer (Sher) və başqaları Birləşmiş Krallığa qarşı – ərizə № 5201/11
20.10.2015 tarixli qərar [IV Bölmə]
Maddə 5
5-ci maddənin 4-cü bəndi
Həbsin qanuniliyinin yoxlanılması
Terrorizm əleyhinə qanunvericilik əsasında şəxsin ittiham irəli sürülmədən on üç gün həbsdə saxlanması: pozuntu baş verməyib
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Mənzil toxunulmazlığına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Terror fəaliyyətində şübhəli bilinən şəxslərin evlərində axtarış aparılması üçün verilmiş orderin həddən artıq çoxlu əşyaları əhatə etməsi: pozuntu baş verməyib
Faktlar – Pakistan vətəndaşı olan ərizəçilər anti-terror əməliyyatı çərçivəsində tutularaq həbs edilmişdilər. Axtarış obyekti kimi çoxlu sayda əşyaların, o cümlədən yazışmaların, kitabların və elektron avadanlıqların sadalandığı axtarış orderi əsasında onların evlərində təxminən 10 gün ərzində axtarış aparılmışdı. Ərizəçilər ümumilikdə 13 gün həbsdə qaldılar və bunun ardınca rayon hakimi iki ardıcıl məhkəmə iclasında onların həbs müddətinin uzadılması barədə qərar qəbul etdi. Birinci məhkəmə iclasının bir hissəsi qapalı şəkildə keçirildi ki, hakim işin materiallarının ərizəçilərə təqdim edilməyən hissəsini diqqətlə öyrənə və onlar barəsində suallar verə, habelə polis əməliyyatının və aparılmaqda olan istintaqın təfsilatları ilə tanış ola bilsin. Ərizəçilər açıq məhkəmə iclaslarında vəkillə təmsil olundular, amma qağalı iclasda onlara xüsusi vəkil təyin olunmadı. Son nəticədə onlar ittiham irəli sürülmədən azadlığa buraxıldılar.
Konvensiya üzrə icraatda ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında şikayət etdilər ki, həbs müddətinin uzadıldığı məhkəmə icraatında onların işinə çəkişmə prinsipi əsasında baxılması hüququ pozulub və həmçinin 8-ci maddə əsasında şikayət etdilər ki, evlərində axtarış əsassız olaraq həddən artıq çoxlu əşyaları əhatə edən order əsasında aparılıb.
Hüquqi məsələlər
5-ci maddənin 4-cü bəndi: Məhkəmə razılaşdı ki, real terror hücumu təhlükəsi həbs müddətinin uzadılması üzrə icraatın çəkişmə xarakterinə milli təhlükəsizlik səbəblərinə görə müəyyən məhdudiyyətlər qoyulmasına yetərincə haqq qazandırırdı. Həbs müddətinin uzadılması üzrə icraatı tənzimləyən normalar müvafiq qanunvericilikdə aydın və təfsilatlı əks olunmuş və öz xarakterinə görə məhkəmə prosesi olan bu icraatda həmin normalara riayət edilmişdi. Birinci məhkəmə iclasının bir hissəsi qapalı keçirilsə də, rayon hakiminin ərizəçiləri və onların vəkillərini icraatın hər hansı mərhələsində iclas zalından çıxarması tutulmuş şəxslərin maraqlarına xidmət edən addım idi, belə ki, həbs müddətinin uzadılmasının zəruriliyi üçün polislərin gətirdiyi əsasların hakim tərəfindən dərindən öyrənilməsi ona imkan verirdi ki, həbs müddətinin uzadılmasını zəruri edən əsasların olub-olmadığına əmin olsun. Rayon hakimi işin materiallarının hər hansı hissəsinin lüzumsuz yerə ərizəçilərdən gizli saxlanılmamasını təmin etmək baxımından daha əlverişli vəziyyətdə idi.
Bu da aydın məsələ idi ki, rayon hakimi prosesin ədalətliliyinin təmin edilməsi üçün xüsusi vəkilin təyin edilməsini zəruri hesab etdikdə onu təyin etmək səlahiyyətinə malik idi. Bununla bağlı qeyd etmək lazımdır ki, icraatın hər hansı mərhələsində ərizəçilər xüsusi vəkilin təyin olunması üçün müraciət etməmişdilər. Həbs müddətinin uzadılması üçün müraciət etmiş yüksək rütbəli polis əməkdaşı açıq məhkəmə iclaslarında həmi müraciətin səbəblərini şifahi şəkildə izah etmiş, ikinci məhkəmə iclasında isə istintaqın gedişi və müsadirə olunmuş materialların öyrənilməsi barədə ətraflı məlumat vermişdi. Ərizəçilər vəkillə təmsil olunmuşdular və onların vəkili polis əməkdaşı olan şahidi çarpaz dindirmək imkanına malik idi və birinci məhkəmə iclasında bunu etmişdi.
Buna görə də Məhkəmə razılaşdı ki, həbs müddətinin uzadılması barədə müraciətin təmin edilməsi ilə nəticələnmiş icraat zamanı ədalətsizliyə yol verilməyib. Konkret olaraq, qanunvericilikdə xüsusi vəkilin təyin edilməsini bilavasitə nəzərdə tutan müddəanın olmaması icraatı 5-ci maddənin 4-cü bəndinə zidd hala gətirmir.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
Maddə 8: Məhkəmənin qarşısında duran yeganə sual ondan ibarət idi ki, ərizəçilərin evlərində aparılmış axtarış demokratik cəmiyyətdə zəruri idimi? Məhkəmə həbs orderinin obyektlərinin dairəsinin həddən artıq geniş olduğunu qəbul etsə də, qeyd etdi ki, hüquq-mühafizə orqanlarının apardığı axtarış zamanı götürülməli olan əşyaların spesifikliyi hər bir konkret işdə iddiaların xarakterindən asılı olaraq fərqlənir. Planlaşdırılmış iri miqyaslı terror hücumu barədə iddiaların yer aldığı hazırkı ərizəçilərin işinə bənzər işlərdə müəyyən çətinliklər ortaya çıxır, belə ki, hücumun hazırlanmaqda olduğuna əsaslı şübhəsinin yaranması üçün yetərli sübutlar mövcud olsa belə, hücumun güman edilən xarakteri və ya hədəfləri barədə konkret məlumatın olmaması səbəbindən axtarış zamanı götürülməli olan əşyaları dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu cür işlərin mürəkkəbliyi axtarış obyektlərinin dairəsinin yol verilən həddən daha geniş olmasına haqq qazandıra bilər. Şübhəli şəxslərin çox olması və şifrələnmiş dildən istifadə edilməsi çətinlikləri daha da artırır, eyni zamanda vəziyyətin təcili müdaxilə tələb etdiyini də nəzərə almamaq olmaz. 8-ci maddə əsasında axtarış orderinin mətnində axtarılan və müsadirə edilməli olan əşyaların dəqiq xarakterinin ətraflı göstərilməsini tələb etmək çoxlu sayda insan həyatının təhlükə altında olduğu bir vəziyyətdə istintaqın səmərəliliyinə ciddi ziyan yetirə bilər. Bu tip işlərdə axtarış zamanı aşkar edilmiş faktlar əsasında hansı əşyaların terror fəaliyyəti ilə əlaqədar ola biləcəyini və sonradan araşdırılmaq üçün götürülməli olduğunu qiymətləndirməkdə polislərə müəyyən dərəcədə sərbəstlik verilməlidir.
O da əhəmiyyətlidir ki, müsadirə edilmiş əşyalarla bağlı ərizəçilərin sərəncamında sonradan məhkəməyə şikayət etmək və ya ziyanın kompensasiyasını tələb etmək formasında hüquqi müdafiə vasitəsi vardı, amma onlar hər hansı əşyanın götürülməsi ilə bağlı şikayət etməmiş və həmin əşyanın əsasız olaraq götürüldüyünü və ya axtarıldığını iddia etməmişdilər.
Müvafiq olaraq, axtarış orderi həddən artıq axtarış obyektini əhatə edən sənəd sayıla bilməzdi və hakimiyyət orqanları nəticə etibarı ilə ərizəçilərin şəxsi həyatının və mənzillərinin toxunulmazlığı hüququna edilmiş müdaxilənin demokratik cəmiyyətdə zəruri olduğunu düşünməkdə haqlı idilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: A. və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 3455/05, 19 fevral 2009-cu il, 116 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy