© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ştukaturov Rusiyaya qarşı (Shtukaturov v. Russia), ərizə № 44009/05
27.03.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Psixi pozuntusu olan pasiyentin fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi barədə qərar çıxarılması üçün keçirilmiş məhkəmə araşdırmasının ədalətliliyi məsələsi və pasiyentin həmin qərardan şikayət etmək imkanına malik olmaması və sonradan psixiatriya xəstəxanasına yerləşdirilməsi: pozuntu baş verib
Maddə 34
Şikayət vermə hüququna maneə yaradılması
Ərizəçinin vəkili ilə əlaqə saxlaması üçün ilkin tədbir görülməsi barədə Avropa Məhkəməsinin qəbul etdiyi qərara baxmayaraq, psixiatriya xəstəxanasının pasiyenti olan ərizəçinin vəkili ilə əlaqə saxlamasına dövlət orqanları tərəfindən icazə verilməməsi: 34-cü maddənin tələblərinə riayət edilməyib
Faktlar – İş üzrə ərizəçi qismində səhhəti psixi pozuntu həddində olan və rəsmən əlil elan olunan yetkinlik yaşına çatmış şəxs çıxış edirdi. Anası onun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş və belə əsas gətirmişdi ki, o, müstəqil yaşamağa qadir deyil və qəyyuma ehtiyacı var. Həmin məhkəmə araşdırması barədə ərizəçiyə rəsmən məlumat verilməmişdi.
2004-cü ilin dekabrında rayon məhkəməsi rayon prokurorunun və elə həmin il bir müddət öncə ərizəçinin yerləşdirildiyi psixiatriya xəstəxanasının nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda ərizəyə baxdı. Məhkəmə iclası barəsində ərizəçiyə məlumat verilməmişdi, buna görə də o, iclasda iştirak etmədi. 10 dəqiqə davam etmiş araşdırmadan sonra rayon məhkəməsi Mülki Məcəllənin 29-cu maddəsi əsasında ərizəçini fəaliyyət qabiliyyəti olmayan şəxs elan etdi, həmin maddəyə əsasən, bu tədbir öz hərəkətlərinin mənasını anlamayan və ya hərəkətlərini idarə edə bilməyən şəxslər barəsində qəbul edilirdi. Bu qərarı qəbul edərkən rayon məhkəməsi ərizəçinin şizofreniyadan əziyyət çəkdiyi barədə psixiatr rəyini nəzərə aldı. Ərizəçinin anası onun qəyyumu təyin edildi və beləliklə, bütün məsələlərdə onun adından hərəkət etmək səlahiyyəti əldə etdi. Bundan sonra ərizəçi vəkillə əlaqə saxladı və işi müzakirə etmək və şikayət ərizəsi tərtib etmək üçün onunla görüşdü. Vəkilin rəyinə görə, ərizəçi mürəkkəb hüquqi məsələləri tam anlamaq və müvafiq göstərişlər vermək iqtidarında idi. Şikayət ərizəsi baxılmadan geri qaytarıldı və belə əsas gətirildi ki, ərizəçi fəaliyyət qabiliyyətinə malik deyil və şikayəti yalnız rəsmi qəyyumu vasitəsilə verə bilər. 2005-ci ilin noyabrında anası ərizəçini psixiatriya xəstəxanasına yerləşdirdi. Ərizəçi ilə vəkilinin görüşməsinə icazə verilmədi, amma ərizəçi vəkilə onun adından Avropa Məhkəməsinə şikayət ərizəsi təqdim etmək səlahiyyəti verən ərizə forması ötürə bildi. 2005-ci ilin dekabrından başlayaraq ərizəçinin ətraf aləmlə təmaslarına icazə verilmədi. Ərizəçi ilə vəkili dəfələrlə müxtəlif orqanlara, o cümlədən rayon prokurorluğuna ərizəçinin xəstəxanadan buraxılması tələbi ilə müraciət etdilər, amma cəhdləri uğursuz nəticələndi. Rayon prokuroru vəkilə izah etdi ki, ərizəçi rəsmi qəyyumunun təşəbbüsü ilə xəstəxanaya yerləşdirilib və onun xəstəxanadan buraxılması ilə bağlı bütün məsələlər qəyyumu tərəfindən həll edilməlidir. 2006-cı ilin martında Avropa Məhkəməsi özünün Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Rusiya Hökumətinə göstəriş verdi ki, ərizəçi ilə vəkilinin Avropa Məhkəməsinin icraatındakı işi müzakirə etmək məqsədi ilə görüşmələri üçün onları zəruri vaxt və yerlə təmin etsin. Lakin dövlət orqanları Məhkəmənin qəbul etdiyi bu tədbirin onlar üçün məcburi qüvvəyə malik olmadığını hesab edərək onu yerinə yetirməkdən imtina etdilər. Ərizəçi 2006-cı ilin mayında xəstəxanadan buraxıldı, amma belə görünür ki, sonradan o, anasının tələbi ilə yenidən xəstəxanaya yerləşdirilib.
Hüquqi məsələlər – a) Ərizəçinin fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi barədə qərarın çıxarıldığı məhkəmə prosesində 6-cı maddənin 1-ci bəndinin tələblərinə riayət edilib-edilməməsi məsələsi: Məhkəmə araşdırmasının nəticəsi ərizəçi üçün önəmli idi, çünki həyatın bütün sahələrində onun sərbəstliyinə təsir göstərirdi və azadlığına potensial məhdudiyyətlər qoyulmasını nəzərdə tuturdu. Bundan başqa, ərizəçi araşdırmada ikili rola malik idi, belə ki, o, nəinki maraqlı şəxs idi, həm də məhkəmə araşdırmasının əsas subyekti idi. Müvafiq olaraq, ərizəçinin məhkəmə araşdırmasında iştirakı istər öz arqumentlərini irəli sürə bilməsinin təmin olunması üçün, istərsə də onun psixi vəziyyəti barədə məhkəmənin öz rəyinin formalaşması üçün zəruri idi. Beləliklə, səhhətindəki problemlərə baxmayaraq nisbətən müstəqil olan ərizəçini məhkəmə iclasına çağırmadan və dinləmədən işi yazılı sübutlar əsasında həll etmək barədə hakimin qərarı əsassız idi və məhkəmə araşdırmasının çəkişmə xarakteri daşıması prinsipini pozurdu. 10 dəqiqəlik məhkəmə iclasının bütün müddəti ərzində passiv qalmış xəstəxana nümayəndəsinin və rayon prokurorunun iclasda iştirakı məhkəmə araşdırmasının çəkişmə xarakterini təmin etməmişdi. Bundan başqa, ərizəçinin qərardan şikayət etməsinə imkan yaradılmamışdı, belə ki, onun apellyasiya şikayəti geri qaytarılmışdı. Beləliklə, rayon məhkəməsindəki icraat ədalətli deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
8-ci maddənin tələblərinə riayət edilib-edilməməsi məsələsi: Dövlət orqanlarının ərizəçinin şəxsi həyatına müdaxiləsi həyatın bütün sahələrində onun qeyri-müəyyən müddətə rəsmi qəyyumundan tam asılı hala düşməsi ilə nəticələndi. Bu müdaxilədən yalnız qəyyumun vasitəsilə şikayət etmək olardı, lakin qəyyum ərizəçi barəsində görülmüş tədbirə xitam verilməsinə yönələn bütün cəhdlərə etiraz edirdi. Avropa Məhkəməsi qərarların qəbulu prosesindən kənarlaşdırıldığını nəzərə alaraq ölkədaxili icraatda prosessual pozuntulara yol verildiyini artıq müəyyən edib. Rayon məhkəməsinin qərarına haqq qazandırmaq üçün gətirdiyi əsas da adekvat deyildi, belə ki, onun qərarı yalnız tibbi rəyə əsaslanmışdı, həmin rəydə isə ərizəçinin nə dərəcədə fəaliyyət qabiliyyətli olması, xəstəliyinin onun sosial həyatına, sağlamlığına və mülkiyyət maraqlarına təsiri, habelə öz hərəkətlərinin mənasını nə dərəcədə anlaması və ya hərəkətlərini nə dərəcədə idarə etməsi kifayət qədər təhlil edilməmişdi. Qanunvericiliyin hər bir konkret psixi xəstəlik halına "xüsusi yanaşmanı" təmin etməli olduğu barədə Nazirlər Komitəsinin tövsiyəsinə baxmayaraq, Rusiya qanunvericiliyi tam fəaliyyət qabiliyyətinin olmasını və tam fəaliyyət qabiliyyətinin olmamasını fərqləndirir, aralıq halları isə nəzərdə tutmurdu. Beləliklə, ərizəçinin şəxsi həyatına müdaxilə digər şəxslərin maraqlarının müdafiəsindən və sağlamlığının qorunmasından ibarət qanuni məqsədə mütənasib deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ərizəçinin psixiatriya xəstəxanasına yerləşdirilməsinin 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinin tələblərinə uyğunluğu məsələsi: Bu şikayətin qəbulunun mümkünlüyü məsələsi ilə əlaqədar olaraq Hökumət bildirdi ki, ərizəçinin psixiatriya xəstəxanasına yerləşdirilməsi milli qanunvericiliyə əsasən "könüllü" tədbir idi və buna görə də "azadlıqdan məhrumetmə" təşkil etmirdi. Lakin işin hallarını, xüsusən də ərizəçinin xəstəxanadan buraxılmasına nail olmaq üçün cəhdlər etdiyini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, ərizəçi hüquqi cəhətdən öz rəyini ifadə etmək iqtidarında olmasa da, xəstəxanada uzun müddət saxlanılması ilə razılaşdığını da söyləmək olmazdı. Beləliklə, bu şikayət qəbulediləndir. Şikayətin mahiyyətinə gəlincə, Hökumət ərizəçinin xəstəxanaya yerləşdirilərkən ruhi xəstə olduğunu inandırıcı şəkildə sübut edə bilmədi, belə ki, o, ərizəçinin anasının nəyə görə onun xəstəxanaya yerləşdirilməsini tələb etdiyinə dair izahat vermədi və xəstəxanaya yerləşdirildiyi anda səhhətinin hansı vəziyyətdə olduğu barədə tibbi sənədlər təqdim etmədi. Müvafiq olaraq, ərizəçinin səhhətinin onun azadlıqdan məhrum edilməsini tələb etdiyi "inandırıcı şəkildə sübuta yetirilmədi".
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 4-cü bəndinin tələblərinə riayət edilib-edilməməsi məsələsi: Ərizəçinin xəstəxanaya yerləşdirilməsi barədə qərarların qəbulunda məhkəmələr iştirak etməmişdilər və bu cür vəziyyətlərdə şəxsin psixiatriya xəstəxanasına yerləşdirilməsinin qanuniliyi məsələsinin məcburi qaydada məhkəmə tərəfindən yoxlanılması milli qanunvericilikdə nəzərdə tutulmamışdı. Bundan başqa, ərizəçi xəstəxanada uzun müddət saxlanılmasından şikayət edə bilməzdi, çünki hüquqi cəhətdən bu imkandan məhrum idi, yaxud anasının vasitəsilə məhkəmə araşdırmasına da başlaya bilməzdi, çünki anası onun xəstəxanadan buraxılmasının əleyhinə idi. Nəhayət, cinayət təqibi orqanlarının apardığı araşdırmanın ərizəçinin azadlıqdan məhrum edilməsinin qanuniliyi məsələsinə nə dərəcədə aidiyyəti olduğu naməlum qaldığına görə, həmin araşdırma bu tədbirin "qanuniliyinin" məhkəmə tərəfindən yoxlanılmasının bir forması sayıla bilməz. Ərizəçinin xəstəxanaya yerləşdirilməsinin könüllü tədbir olmadığını, psixi vəziyyətinin isə məhkəmə tərəfindən cəmi bir dəfə on ay əvvəl qiymətləndirildiyini nəzərə alsaq (həmin qiymətləndirmə ciddi pozuntularla müşayiət olunmuş məhkəmə araşdırması çərçivəsində aparılmışdı və həmin məhkəmə araşdırmasındə ərizəçinin xəstəxanaya yerləşdirilməsinin zəruriliyi məsələsinə baxılmamışdı), ərizəçinin azadlıqdan məhrum edilməsinin qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasına nail olmaq imkanına malik olmaması 5-ci maddənin 4-cü bəndini pozmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Konvensiyanın 34-cü maddəsinin və Məhkəmə Reqlamentinin 39-cu qaydasının tələblərinə riayət edilib-edilməməsi məsələsi: Ərizəçinin vəkili ilə əlaqə saxlamasına qoyulmuş qadağa onun xəstəxanada olduğu bütün müddət ərzində davam etdi, digər şəxslərlə əlaqələrinə qoyulmuş qadağa isə bu müddətin böyük bir hissəsi ərzində qüvvədə oldu. Bu məhdudiyyətlər ərizəçinin işinə Avropa Məhkəməsində baxılmasına nail olmasını, demək olar ki, mümkünsüz etmişdi, hərçənd ki, dövlət orqanları onun şikayət ərizəsi barədə məlumatlı olmalı idilər. Bundan başqa, Məhkəmə Reqlamentinin 39-cu qaydasına uyğun olaraq Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş ilkin tədbiri yerinə yetirməkdən imtina etmiş və belə əsas gətirmişdilər ki, bu tədbir hər hansı konkret orqana deyil, bütövlükdə dövlətə ünvanlanıb, Rusiya qanunvericiliyi isə belə tədbirlərin məcburiliyini nəzərdə tutmur və bundan əlavə, ərizəçi anasının icazəsi olmadan hərəkət edə bilməzdi və ərizəçinin vəkili onun qanuni nümayəndəsi sayılmırdı.
Bu cür şərh Konvensiyanın müddəalarına zidd idi, belə ki, Konvensiya üzrə araşdırma zamanı kimlərin ərizəçinin nümayəndəsi ola biləcəyini milli məhkəmələr deyil, Avropa Məhkəməsi müəyyən edir. Bundan başqa, ilkin tədbir məcburi qüvvəyə malik idi, çünki onun yerinə yetirilməməsi, həmin tədbiri yerinə yetirməkdən imtina edənin bütövlükdə dövlət, yaxud hər hansı dövlət orqanı olmasından asılı olmayaraq, Konvensiyanın 34-cü maddəsinin pozuntusunun müəyyən edilməsi ilə nəticələnə bilərdi. Beləliklə, ərizəçinin vəkili ilə görüşlərinə və ünsiyyətinə uzun müddət maneə yaratmaqla və ilkin tədbiri yerinə yetirməkdən yayınmaqla 34-cü maddədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdu.
Nəticə: 34-cü maddənin tələblərinə riayət edilməyib (yekdilliklə).
41-ci maddə: Kompensasiya məsələsi hələ baxılmaq üçün hazır olmadığına görə təxirə salındı.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy