S.L. və J.L. Xorvatiyaya qarşı – ərizə № 13712/11
7.5.2015 tarixli qərar [I Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
Pozitiv öhdəliklər
Daşınmaz əmlakın mübadiləsi haqqında müqavilə bağlanarkən yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqlarının dövlət tərəfindən qorunmaması: pozuntu baş verib
Faktlar – Ərizəçilər, yəni anaları vasitəsilə təmsil olunan yetkinlik yaşına çatmayan iki bacı 1997-ci ildə 60.000 avroya villa aldılar. Ana, habelə ərizəçilərin qanuni qəyyumu və ikinci ərizəçinin atası olan Z.L. bu daşınmaz əmlakın təmirinə 40.000 avro sərf etdilər.
2001-ci ilin oktyabrında Z.L. altı il müddətinə azadlıqdan məhrum edildi və ailə maliyyə çətinlikləri keçirdi. Z.L.-in müdafiəçisi olan vəkil Sosial Təminat Mərkəzinə müraciət etdi ki, daşınmaz əmlakın mübadiləsi haqqında müqavilə bağlanmasına icazə verilsin və həmin müqavilə əsasında villa 55.000 avro dəyərində mənzilin müqabilində vəkilin qayınanasının adına keçirilsin. Ərizəçilər bu əmlakların dəyəri arasındakı fərqin qarşılığında 5.000 avro kompensasiya almalı idilər.
Mərkəz ana ilə müsahibə apardıqdan sonra (müsahibə ona görə tələb olunurdu ki, villanın mülkiyyətçisi olan ərizəçilər yetkinlik yaşına çatmayan şəxs idilər) müraciəti təmin etdi. 2001-ci ilin dekabrında əmlaklar mübadilə olundu. Sonradan ərizəçilər mübadilə haqqında müqavilənin ləğv olunması üçün mülki iddia qaldırdılar və belə əsas gətirdilər ki, Sosial Təminat Mərkəzi əmlakların dəyərini və onların ailə vəziyyətini, xüsusən Z.L.-in həbsdə olmasını və ananın narkotik aludəçisi olduğunu nəzərə almayıb. Bu iddia və ərizəçilərin sonrakı apellyasiya şikayətləri rədd edilərək belə əsas gətirildi ki, Mərkəzin qərarından yalnız inzibati qaydada şikayət verilə bilər.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Məhkəmə onu müəyyənləşdirməli idi ki, dövlət ərizəçi uşaqların üstün maraqlarını yetərincə nəzərə alıbmı və onların mülkiyyət hüquqlarını qoruyubmu? İlk problem mübadilə edilmiş əmlakların real nisbi dəyərində idi, belə ki, daxili məhkəmələr villanın dəyərinin (100.000 avro) mənzilinin dəyərinə (55.000 avro) necə uyğun hesab edildiyini izah etməmişdilər.
Sosial Təminat Mərkəzinin davranışına gəlincə, işin hallarını qiymətləndirmək üçün onun etdiyi yeganə hərəkət ana ilə söhbət aparmaqdan ibarət idi. Digər qanuni qəyyumların heç biri ilə mübadilə haqqında müqavilənin layihəsi ilə bağlı müsahibə aparılmamışdı. Bundan başqa, haqlı olaraq gözləmək olardı ki, Mərkəz mübadilə olunan əmlakların real vəziyyətini və ya dəyərini qiymətləndirəcək, amma o bunu etmədi. Eynilə, Z.L.-in həbsdə olmasından və ailənin maliyyə problemlərindən xəbərdar olduğuna baxmayaraq, Mərkəz ərizəçilərin ailə vəziyyətini öyrənmək üçün lazımi səy göstərməmişdi, yəni mülkiyyətçi qismində ərizəçilərin maraqlarının valideynlərinin qərəzli və (və ya) ehtiyatsız hərəkətlərindən yetərincə qorunub-qorunmadığını qiymətləndirməmişdi. Mərkəz ailənin vəziyyəti barədə əlavə məlumat almaq üçün heç bir cəhd göstərməmiş, yaxud ərizəçilərin maraqlarının qorunması üçün xüsusi qəyyumun təyin edilməli olub-olmadığını qiymətləndirməmişdi. Bir sözlə, o, mübadilə haqqında müqavilənin hələ uşaq yaşında olan ərizəçilərin üstün maraqlarına uyğun olub-olmadığını qiymətləndirməmişdi.
Bundan əlavə, ərizəçilərin sərəncamında olan yeganə hüquqi müdafiə vasitəsi mülki məhkəmələrdə iddia qaldırmaq idi. Lakin mülki məhkəmələr təkcə bu əsasa görə işin konkret hallarını qiymətləndirməmiş və ərizəçilərin mülki iddiasını rədd etmişdilər ki, mübadilə haqqında müqavilənin bağlanmasına icazə vermiş Mərkəzin qərarından yalnız inzibati qaydada şikayət verilə bilər. Bununla da onlar maraqların mümkün münaqişəsinə aid sübutlara əhəmiyyət verməmiş, ərizəçilərin ailə və maliyyə vəziyyətini və Mərkəzin ərizəçilərin üstün maraqlarını qorumadığı barədə iddiaları nəzərə almamışdılar, halbuki daxili qanunvericiliyə əsasən onlar bu iddiaları uşağın maraqlarının üstün tutulması prinsipinə uyğun olaraq diqqətlə araşdırmağa borclu idilər.
Beləliklə, milli hakimiyyət orqanları mübahisə predmeti olan mübadilə haqqında müqavilənin bağlanması zamanı hələ uşaq olan ərizəçilərin mülkiyyət hüquqlarını qorumaq üçün zəruri tədbirlər görməmiş və onların 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunan hüquqlarına müdaxilə təşkil edən tədbirlərdən şikayət etmələri üçün ağlabatan imkan yaratmamışdılar.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: bu maddə üzrə qərar çıxarılması təxirə salındı.
Həmçinin bax: Lazarev və Lazarev Rusiyaya qarşı (qərardad), 16153/03, 24 noyabr 2005-ci il, (80 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy