İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İSMAYILOVA AZƏRBAYCANA QARŞI
(Şikayət № 18696/08)
Q Ə R A R
STRASBURQ
09 dekabr 2010-cu il
İsmayılova Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sver Erik Jebens,
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
18 noyabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Yaqut Rəşid qızı İsmayılovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət (№ 18696/08) üzrə iş 04 mart 2008-ci ildə başlanılmışdır.
2. Ərizəçini Bakıda vəkil işləyən cənab N.İsmayılov təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi, xüsusən iddia etdi ki, 09 iyun 1999-cu il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6, 13 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.
4. Bölmənin Sədri 04 sentyabr 2009-cu ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1953-cü ildə anadan olmuşdur və Bakıda yaşayır.
6. 22 yanvar 1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 19 yanvar 1998-ci il tarixli sərəncamı əsasında ərizəçiyə Bakıda yeni tikilmiş yaşayış binasında yerləşən mənzilə dair yaşayış orderi verilmişdir.
7. Eyni zamanda, ərizəçiyə məlum olmuşdur ki, həmin mənzil Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan məntəqədən məcburi köçkün olan M. və onun ailəsi tərəfindən zəbt edilmişdir.
8. Ərizəçiyə görə, bir neçə tələblərinə baxmayaraq, M. mənzili tərk etməkdən imtina edərək göstərmişdir ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur.
9. 1999-cu ildə naməlum tarixdə ərizəçi Yasamal rayon məhkəməsində iddia qaldıraraq, M. və onun ailəsinin mənzildən çıxarılmasını xahiş etmişdir.
10. 09 iyun 1999-cu ildə Yasamal rayon məhkəməsi ərizəçinin iddiasını təmin etmişdir. Məhkəmə müəyyən edib ki, ərizəçi 22 yanvar 1998-ci il tarixli order əsasında mənzilin yeganə kirayəçisidir və buna görə, mənzil M. və onun ailəsi tərəfindən qanunsuz zəbt olunub. Bu qətnamədən şikayət verilməmiş və daxili qanunvericiliyə əsasən çıxarılmasından on gün sonra qanuni qüvvəyə minmişdir.
11. Ərizəçiyə görə, M. və onun ailəsi qətnaməni icra etməkdən imtina etmişlər və səlahiyyətli dövlət orqanları onu icra etmək üçün hər hansı tədbir görməmişlər.
12. İş materiallarından görünür ki, ərizəçi Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq, məcburi köçkün ailəsi tərəfindən mənzilindən istifadə olunmasına görə 72.000 EUR tələb etmişdir. 07 may 2008-ci ildə Yasamal rayon məhkəməsi ərizəçinin tələbini əsassız kimi rədd etmişdir. 07 iyul 2008-ci ildə Apellyasiya Məhkəməsi və 10 noyabr 2008-ci ildə Ali Məhkəmə Yasamal rayon məhkəməsinin 07 iyul 2008-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır.
13. Ərizəçi ilə sonuncu kommunikasiya zamanı onun xeyrinə olan 09 iyun 1999-cu il tarixli qətnamə icrasız qalmışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
14. Müvafiq daxili qanunvericilik Gülməmmədova Azərbaycana qarşı iş üzrə qərarda ümumilləşdirilmişdir (№ 38798/07, §§ 18-24, 22 aprel 2010-cu il).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN,
13-cü MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN
1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
15. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçi Yasamal rayon məhkəməsinin 09 iyun 1999-cu il tarixli qətnaməsinin icra olunmamasından şikayət etmişdir.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir».
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
A. Şikayətin məqbuliyyəti
Məhkəmənin ratione temporis səlahiyyəti
16. Məhkəmə xatırladır ki, ərizəçinin xeyrinə olan daxili qətnamə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən, 15 aprel 2002-ci ildən əvvəl çıxarılmışdır.
17. Məhkəmə qeyd edir ki, sözügedən qətnaməni icra etməklə bağlı dövlət orqanlarının davamlı uğursuzluğunu nəzərə alaraq, o, hələ də icra olunmamış qalır. Burada davamlı vəziyyət vardır və buna görə, Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı müddətə təsadüf edən hissəsini araşdırmağa səlahiyyətlidir (baxın, yuxarıda qeyd olunmuş Gülməmmədova, § 26).
2. Daxili vasitələr
18. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməmişdir. Xüsusən, Hökumət bildirib ki, ərizəçi 09 iyun 1999-cu il tarixli qətnamənin icra olunmamasını daxili məhkəmələrdə mübahisələndirə bilərdi.
19. Ərizəçi Hökumətlə razılaşmamış və təkid etmişdir ki, Hökumətin təklif etdiyi vasitələr hazırkı işin halları baxımından müvafiq deyildir.
20. Məhkəmə qeyd edir ki, oxşar etiraz Hökumət tərəfindən Gülməmmədova işində qaldırılmış və Məhkəmə tərəfindən rədd olunmuşdur (baxın, yuxarıda qeyd olunmuş Gülməmmədova, § 30). Məhkəmə həmin işdəki əsaslandırmasına istinad edir və ondan kənara çıxmağa əsas görmür. Buna görə, Hökumətin etirazının bu hissəsi rədd edilməlidir.
Nəticə
21. Məhkəmə daha sonra hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı başqa əsasla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
22. Hökumət bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda məcburi köçkünlərin böyük sayına görə onların məskunlaşdırılması ilə bağlı ciddi problem vardır. Hökumət qeyd edib ki, ərizəçinin xeyrinə olan qətnamə icra oluna bilməzdi, ona görə ki, sözügedən mənzildə yerləşmiş məcburi köçkünlərin yaşaması üçün başqa yer yoxdur.
23. Ərizəçi şikayətini təkrar etmişdir.
24. Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan qətnamə yeddi ildən artıq icrasız qalmışdır.
25. Məhkəmə vurğulayır ki, bu işin faktiki halları Gülməmmədova işində olan hallar, şikayət və hüquqi məsələlərlə oxşardır (yuxarıda qeyd olunub). Məhkəmə xatırladır ki, həmin işdə o, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu müəyyən etmişdir.
26. Malik olduğu bütün materialları araşdıraraq, Məhkəmə hesab edir ki, Hökumət hazırkı şikayətə dair fərqli qənaətə gəlmək üçün hər hansı inandırıcı fakt və ya dəlil irəli sürməmişdir.
27. Xüsusən, Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçinin xeyrinə olan qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Buna baxmayaraq, qətnamə qüvvədə qalmış, lakin onun icrası üçün dövlət orqanları tərəfindən altı ildən artıq müddətdə hər hansı adekvat tədbirlər görülməmişdir. Dövlət orqanlarının sözügedən qətnamənin icrası üçün davamlı və təkidli tədbirlər gördüyü görünmür. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamənin icrasında əhəmiyyətli gecikdirməyə görə Hökumət tərəfindən əsaslı izahat təqdim olunmamışdır.
28. Ərizəçinin mülkiyyət hüququnun iddia olunan pozuntusuna dair dəlillərinə gəldikdə isə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında prosesdə dövlət orqanlarının onun 1 saylı Protokolun 1-ci maddəsi əsasında təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüququnun müdafiəsi ilə məcburi köçkünlərin mənzil təminatının tarazlaşdırılması üçün hər hansı spesifik tədbirlərin görüldüyü müəyyən olunmuşdur. Belə olan halda, əhəmiyyətli müddət ərzində qətnamənin icrasının təmin edilməməsi ərizəçinin həddən artıq fərdi yüklə üzləşməli olduğu vəziyyətin yaranması ilə nəticələnmişdir. Buna qarşı hər hansı kompensasiyanın təqdim olunmaması baxımından, Məhkəmə hesab edir ki, dövlət orqanları məcburi köçkünləri müvəqqəti yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ arasında ədalətli tarazlığa nail ola bilməmişdir (baxın, yuxarıda qeyd olunan Gülməmmədova işi, §§ 43-50).
29. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.
30. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
31. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
Maddi zərər
32. Ərizəçi maddi zərərə görə 73.893,00 avro tələb etmişdir. Bu məbləğdən 14.916 avro itirilmiş kirayə haqlarını və 78.000 avro mənzilin iddia olunan bazar qiymətini və qətnamənin icra olunmamasına görə ərizəşinin borca götürməsi iddia olunan 4.595 avronu əhatə edir. O, xərclənmiş kirayə haqlarını şəhərin müvafiq hissəsində yerləşən mənzillərin kirayə qiymətinin aylıq bazar dərəcəsi barədə məlumata əsasən hesablamışdır. Həmin məlumat bu məsələlərdə ixtisaslaşan birlikdən əldə olunmuşdur.
33. Hökumət bu məsələlərdə ixtisaslaşmış digər şirkətin rəyinə istinadən, iddia edib ki, 2002-ci ilin aprelindən 2009-cu ilin fevralınadək itirilmiş kirayə haqqının məbləği 7.450 ABŞ dolları (USD) təşkil edir. Hökumət daha sonra bildirib ki, sözügedən binanın yarımtikili olduğu nəzərə alınaraq, ərizəçi mənzilin saxlanılması ilə bağlı müəyyən xərcləri çəkməli olacaqdır. Yerli şirkətə görə bu xərclər 7.359 USD təşkil edir.
34. Mənzilin bazar dəyəri və şəxsi borclara gəldikdə, Məhkəmə bu hissəni rədd edir, ona görə ki, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında səbəbli əlaqə görmür.
35. Tələbin itirilmiş kirayə haqqına aid hissəsi ilə bağlı Məhkəmə hesab edir ki, tələblərin bu hissəsi ilə müəyyən olunmuş pozuntu arasında səbəbli əlaqə vardır və ərizçi mənzili üzərində nəzarəti itirdiyi üçün maddi zərərlə üzləşə bilərdi. Tərəflərin dəlillərini araşdıraraq, Məhkəmə itirilmiş kirayə haqqı üçün ərizəçiyə 7.000 EUR kompensasiya təyin edir.
2. Mənəvi zərər
36. Ərizəçi mənəvi zərərə görə 25.000 avro kompensasiya tələb etmişdir.
37. Hökumət iddia edib ki, qətnamənin icrası Konvensiyanın 6-cə maddəsinin iddia olunan pozuntusu üçün kifayət qədər bərpa etməni təşkil edəcək.
38. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində ərizəçiyə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 avro məbləğində kompensasiya təyin edir.
39. Bundan başqa, Məhkəmə hesab edir ki, 20 aprel 1998-ci tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçi bu qətnamənin icrasına nail olmaq hüququna hələ malikdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 09 iyun 1999-cu il tarixli qətnamənin icrasını təmin etməlidir.
B. Xərc və məsrəflər
40. Ərizəçi, həmçinin Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1.500 avro tələb etmişdir. Bu tələb konkretləşdirilməmiş və ya hər hansı sənədlərlə təsdiq olunmamışdır.
41. Hökumət bu tələbi şərh etməmişdir.
42. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədlərin təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.
C. Faiz dərəcəsi
43. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayəti məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;
Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;
Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə daxili məhkəmənin 09 iyun 1999-cu il tarixli qətnaməsinin icrasını təmin etməlidir;
6. Qərara alır ki,
(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində maddi zərərə görə 7.000 EUR (yeddi min avro) və mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 09 dekabr 2010-cu ildə göndərilib.
Soren NilsenXristos Rozakis
Katib Sədr
Full & Egal Universal Law Academy