Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
İsmoilov (Ismoilov) və digərləri Rusiyaya qarşı - 2947/06
Qərar 24.4.2008 [I Bölmə]
Maddə 6
6-cı Maddənin 2-ci bəndi
Cinayət törətməkdə ittiham olunmaq
Başqa ölkədə cinayət prosesinin mövcud olmasının 6 § 2-ci Maddənin müvafiq ekstradisiya prosesinə tətbiq olunması üçün kifayət etməsi: pozuntu
Faktlar - 12 nəfər Özbəkistan və 1 nəfər Qırğızıstan vətədaşı olan ərizəçilər 2005-ci ilin iyun ayında Rusiyada həbs olunmuşlar. Onlarla bağlı Özbəkistan hökumətinin ekstradisiya müraciəti vardı, belə ki, hökumət onların 2005-ci ilin may ayında Özbəkistanın Əndican şəhərində iğtişaşları maliyyələşdirdiklərini iddia edirdilər. Ərizəçilər 2007-ci ilin mart ayınadək ekstradisiya ilə bağlı həbsdə saxlanmış və daha sonra azadlığa buraxılmışlar. 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı ərizəçilərə qaçqın statusu vermiş və onların Özbəkistana qayıdacaqları təqdirdə təqib və işgəncələrə məruz qalacaqlarını müəyyən etmişdir. Rusiya dövlət orqanları onlara qaçqın statusu və ya sığınacaq verməkdən imtina etmişdir. Əksinə, baş prokuror köməkçisi onların terror aktı və digər cinayət əməllərini “törətdiklərini” qeyd edərək və Rusiya hökumətinin Özbək hökumətindən onların ölkəyə qayıdacaqları təqdirdə heç bir işgəncəyə məruz qalmayacaqları və ölüm cəzasına məhkum edilməyəcəkləri barədə təminat aldıqdan sonra onların ekstradisiya olunmaları haqqında qərar qəbul etmişdir. Ekstradisiya qərarları Rusiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, lakin ərizəçilər Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən müvəqqəti tədbirlər səbəbindən ekstradisiya olunmamışlar.
Hüquqi məsələlər - Maddə 6 § 2: Tətbiq olunma - Ərizəçilər Rusiya daxilində heç bir cinayət törətməkdə ittiham olunmamışlar. Onlara qarşı ekstradisiya prosesi bu səbəbdən Konvensiyanın 6-cı maddəsi mənasında cinayət ittihamının müəyyənləşdirilməsi deyildi. Buna baxmayaraq, ərizəçilərin ekstradisiyası barədə qərar, onların cinayət qaydasında təqibi üçün verilmişdi. Ekstradisiya prosesi bu səbəbdən, ərizəçilərə qarşı Özbəkistandakı cinayət prosesinin birbaşa nəticəsi və müşaiyətedici elementi hesab olunurdu. Məhkəmə, bu səbəbdən hesab etmişdir ki, Özbəkistandakı cinayət prosesi və ekstradisiya prosesi arasında sıx əlaqə mövcud idi və öz növbəsində 6§ 2-ci maddənin əhatə dairəsinin bu ekstradisiya prosesinə genişlənməsi əsaslandırılmış hesab oluna bilər. Bundan əlavə, ekstradisiya qərarlarının mətni göstərir ki, prokuror ərizəçiləri "cinayət törətməkdə ittiham olunan şəxslər" hesab edir və bu, öz-özlüyündə Konvensiyanın 6 § 2-ci maddəsinin tətbiq olunması üçün bir faktor idi. Məhkəmə daha sonra hesab etmişdir ki, ekstradisiya qərarı, əgər onu dəstəkləyən əsaslandırma hissəsi, hökmlərin operativ hissəsi kimi, mahiyyətcə şəxsin təqsirinin müəyyənləşməsinə bərabər olarsa, 6 § 2-ci maddə altında məsələ qalxa bilər. Hazırki işdə ekstradisiya qərarlarında göstərilirdi ki, ərizəçilər Özbəkistanda terror və digər cinayət əməlləri “törətdikləri” üçün ekstradisiya olunmalıdırlar. Bu bəyanat ərizəçilər barədə "şübhəli vəziyyət"i ifadə etməklə məhdudlaşmır və heç bir qeyd-şərt və ya istisna olmadan, artıq müəyyənləşmiş fakt kimi onların cinayətin törətdiklərini bəyan edir. Ekstradisiya qərarlarının mətni, ərizəçilərin təqsiri ilə bağlı bəyanatdır və bu bəyanat ictimaiyyətin onların təqsirli olduğuna inanmasına və Özbəkistan məhkəmə orqanları tərəfindən faktların qiymətləndirilməsinə də təsir edə bilərdi.
Nəticə: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy