© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İKİNCİ BÖLMƏ
SİNAN IŞIK TÜRKİYƏYƏ QARŞI
(Şikayət Nº 21924/05)
QƏRAR
STRASBURQ
2 fevral 2010
QƏTİ
02/05/2010
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş şərtlərə əsasən qəti qərar olacaq. Qərar redaktə xarakterli dəyişikliklərin subyekti ola bilər.
Sinan Işık Türkiyəyə qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:
Françoise Tulkens, Sədr,
Ireneu Kabral Barreto,
Vladimiro Zagrebelski,
Danute Joçiene,
Dragoljub Popoviç,
Andras Sajo,
Işıl Karakaş, hakimlər,
və Sally Dolle, Bölmə Katibi,
15 dekabr 2009-cu il tarixdə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Türkiyə vətəndaşı Cənab Sinan Işık (“ərizəçi”) tərəfindən 3 iyun 2005-ci il tarixdə Məhkəməyə təqdim edilmiş Türkiyə Cümhuriyyətinə qarşı şikayət (Nº 21924/05) əsasında başlanıb.
2. Ərizəçini Ankarada vəkillik fəaliyyəti ilə məşğul olan Cənab K. Genç təmsil edib. Türkiyə hökumətini (“Hökumət”) öz nümayəndəsi təmsil edib.
3. Ərizəçi xüsusilə iddia edib ki, şəxsiyyət vəsiqəsində “İslam” sözünün onun inancına uyğun olaraq “Ələvi” sözü ilə əvəz olunması haqqındakı müraciətinin rədd olunması Konvensiyanın 9-cu maddəsini pozub. O, həmçinin Konvensiyanın 6 və 14-cü maddələrinin pozulduğunu iddia etdi.
4. 15 yanvar 2008-ci il tarixdə İkinci Bölmənin Sədri şikayət üzrə Hökumətlə kommunikasiyalara başlamaq haqqında qərar qəbul etdi. Qərar qəbul edildi ki, Palata şikayətə eyni zamanda həm qəbuledilənlik, həm də mahiyyət üzrə baxsın (29-cu maddənin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Cənab Işık 1962-ci ildə doğulub və İzmirdə yaşayır. O, Türk cəmiyyətində və tarixində dərin kök salmış Ələvi dini icmasının üzvüdür. Xüsusilə Sufizm və İslama qədər mövcud olan müxtəlif inanclardan təsirlənmiş bu inanc bir sıra Ələvi alimləri tərəfindən ayrıca din kimi, digərləri tərəfindən isə İslamın “əsası” və ya “orijinal forması” kimi istinad edilir. Onun dini təcrübə formaları Sünni hüquq məktəblərində mövcud olan namaz, oruc və ziyarət kimi təcrübələrdən bir sıra aspektlərinə görə fərqlənir (bax: Həsən və Eylem Zəngin Türkiyəyə qarşı, Nº 1448/04, 8-ci paraqraf, 9 oktyabr 2007).
6. Ərizəçi qeyd etdi ki, onun doğum, nikah və ölüm məsələləri üzrə qeydiyyat şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində “din” bölməsi olub ki, həmin bölməyə “İslam” yazılıb, baxmayaraq ki, o, həmin dinə etiqad etməyib.
7. 7 may 2004-cü il tarixdə o, İzmir Şəhər Məhkəməsinə müraciət edərək şəxsiyyət vəsiqəsindəki “İslam” sözünün “Ələvi” sözü ilə əvəz edilməsini xahiş edib. Onun şikayətinin müvafiq hissələrində aşağıdakılar qeyd olunur:
“... mənim şəxsiyyət vəsiqəmdə qeyd olunmuş “İslam” sözü həqiqi vəziyyəti əks etdirmir. Türkiyə vətəndaşı olan Ələvi bir vətəndaş kimi, öz bilik və inancıma əsaslanaraq hesab etdim ki, bir şəxs eyni zamanda həm “Ələvi”, həm də “İslam” dininə itaət edə bilməz. Öz Konstitusiyası ilə din və vicdan azadlığını müdafiə edən Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi, mən bu ədalətsizliyə və qorxudan kompensasiya olunmaq üçün göstərilən və müdafiə xarakteri daşıyan və tamamilə əsassız və təhqiramiz sayılan arzuya boyun əyməkdən imtina edirəm.”
8. 9 iyul 2004-cü il tarixdə məhkəmənin müraciəti əsasında Dini İşlər İdarəsinin hüquq məsləhətçisi ərizəçinin şikayəti üzrə rəy verib. O xüsusilə hesab edib ki, şəxsiyyət vəsiqələrində dinlə bağlı hissədə dini və ya etnik mənsubiyyətin qeyd olunması milli birlik, respublikaçı və dünyəvi prinsiplərə ziddir. O, xüsusilə “Ələvi” sözünə etiraz edərək bildirib ki, bu, İslamın alt qrupudur və ayrıca din və ya İslamın bir bölümü (“mezhep”) hesab oluna bilməz. Bu, İslamın Sufizmdən təsirlənən və spesifik mədəni xüsusiyyətə malik olan interpretasiyasıdır.
9. 7 oktyabr 2004-cü il tarixdə məhkəmə aşağıdakı hallara əsaslanaraq ərizəçinin şikayətini təmin edib:
“1. ... şəxsiyyət vəsiqəsində yer alan din bölməsi vətəndaşların dini ilə bağlı ümumi məlumatı nəzərdə tutur. Burda Ələvi inancının (Ələvilik) ayrıca din yoxsa İslamın şərhindən doğan cərəyan olduğunu aydınlaşdırmaq məqsədəuyğundur. Dini İşlər İdarəsinin Sədrliyindən alınan rəydən belə aydın olur ki, Ələvi inancı İslamın Sufizmdən təsirlənən və spesifik mədəni xüsusiyyətləri olan bir qoludur ...Beləliklə, bu inanc müəyyən olunmuş ümumi prinsiplərə uyğun olaraq, özü özlüyündə ayrıca din deyil, İslamın interpretasiyasıdır. Bundan əlavə, şəxsiyyət vəsiqələrində hansısa dinin şərhi və ya müəyyən bölməsi deyil, ümumi olaraq ancaq konkret din əks olunur. Buna görə də “Ələvi” olduğunu iddia edən ərizəçinin şəxsiyyət vəsiqəsində “İslam” yazılması yanlış deyil.
2. Ərizəçi tərəfindən təqdim olunan kitablardan və məqalələrdən belə məlum olur ki, Əli[1] “Allahın aslanı” və ya buna bənzər şəkildə təsvir olunur. Müəyyən şeirlərin müxtəlif izahlar verməsi faktı hələ o demək deyil ki, Ələvi inancı İslamın bir hissəsi deyil. Əli İslamın xəlifələrindən biri olduğundan və Məhəmmədin kürəkəni olduğundan o, İslamın görkəmli şəxsiyyətlərindən biri hesab olunmalıdır ...
3. Məsələn, Xristianlıqda da Katolik və Protestant kimi alt qruplar var ki, onların əsası Xristianlığa söykənir. Odur ki, əgər kimsə İslamın şərhindən doğan konkret bir təriqətə sadiq qalırsa, bu o demək deyil ki, həmin təriqət İslamın bir hissəsi deyil ...”
10. Qeyri-müəyyən tarixdə ərizəçi Kassasiya Məhkəməsinə şikayət edib. Ərizəçi şikayət edib ki, o, öz inancını açıqlamaq məcburiyyətində qalıb çünki onun razılığı olmadan şəxsiyyət vəsiqəsində öz dinini göstərməsi məcburi tələb xarakteri daşıyıb və bu, onun Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan din və vicdan azadlığı hüququnu pozub. O, daha sonra iddia edib ki, Mülki Qeydiyyat Aktında (1587 saylı Qanun) nəzərdə tutulan bu hal Konstitusiyanın 24-cü maddəsinin 3-cü bəndinə ziddir, həmin maddəyə əsasən, “heç kim öz dini inancını və etiqadını açıqlamağa ... məcbur edilə bilməz”. O həmçinin bildirib ki, şikayətində iki halın təmin olunmasını xahiş edib, birinci onun şəxsiyyət vəsiqəsində dini inancını təsvir edən bölmədə “İslam” sözünü çıxarmaq və ikinci, müvafiq bölmədə onun yerinə “Ələvi” sözünü yazmaq. O qeyd edib ki, birinci instansiya məhkəməsi hər iki müraciətə ayrı-ayrılıqda baxıb və müvafiq halın Konstitusiyanın 24-cü maddəsinin 3-cü bəndinə zidd olduğunu hesab edərək birinci müraciəti təmin edib, ikincini isə rədd edib. Sonda, Ərizəçi Dini İşlər İdarəsinin onun inancını İslamın şərhi kimi təsvir etməsinə etiraz edib.
11. 21 dekabr 2004-cü il tarixdə Kassasiya Məhkəməsi hər hansı əsaslandırma göstərmədən aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
II. MÜVAFİQ YERLİ VƏ BEYNƏLXALQ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Yerli qanunvericilik
1. Konstitusiya
12. Türkiyə Konstitusiyasının 10-cu maddəsində deyilir:
“Hər kəs dilindən, irqindən, rəngindən, cinsindən siyasi mövqeyindən, fəlsəfi inancından, dinindən, dini icmalara üzvlüyündən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdir”
...
Dövlət qurumları və inzibati hakimiyyət strukturları bütün hallarda qanun qarşısında bərabərlik prinsipinə uyğun hərəkət etməlidirlər.”
13. 24-cü maddənin müvafiq hissəsində deyilir:
“Hər kəsin vicdan, inam və dini etiqad azadlığı var.
...
Heç kim ibadətə, dini mərasimlərə sitayiş etməyə və dini xidmətlərə qatılmağa və ya öz dini inanclarını və etiqadlarını açıqlamağa məcbur edilə bilməz; heç kim dini inanc və etiqadına görə ittiham və ya təqib oluna bilməz. ...”
14. 136-cı maddədə deyilir:
“Ümumi administrasiyanın bir hissəsi olan Dini İşlər İdarəsi, dünyəvilik prinsipinə uyğun olaraq bütün siyasi baxış və düşüncələrin xaricində qalaraq və milli həmrəylik və vəhdət prinsipinə dayanaraq konkret qanunda nəzərdə tutulan vəzifələrini yerinə yetirməlidir.”
2. Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktı (Nüfus Kanunu) (1587 saylı Qanun)
15. Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktı 43-cü bölməsinin sözügedən vaxtda qüvvədə olan müvafiq hissələrində deyilir:
“Vətəndaşlıq vəziyyətinin qeydiyyatı, şəxslər və ailələr haqqında aşağıdakı məlumatları əks etdirməlidir ...
(a) Mülki statuslarla bağlı məlumat:
(1) Ad və soyad, cins, valideynlərin adları və soyadları, doğulduğu zaman sahib olduğu soyadı;
(2) Doğulduğu tarix, yer və qeydiyyat tarixi (il, ay və gün);
(3) Düzəlişlər ...
(b) Digər məlumatlar
...
(2) Din;
...”
3. Konstitusiya Məhkəməsinin presedentləri
16. Konstitusiya Məhkəməsi, 21 iyun 1995-ci il tarixdə çıxardığı və 14 oktyabr 1995-ci il tarixdə rəsmi hökumət qəzetində dərc olunan qərarı ilə Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktının 43-cü Bölməsinin, Konstitusiyanın 2-ci (dünyəvilik) və 24-cü (din azadlığı) maddələrinə uyğun olduğunu bəyan edib. Konstitusiya Məhkəməsinin hakimləri xüsusilə qeyd ediblər ki:
“Dövlət öz vətəndaşlarının xarakteristikası barədə xəbərdar olmalıdır. Həmin məlumat ictimai siyasət, ümumi maraq və iqtisadi, siyasi və sosial imperativ məqsədlə tələb olunur ...
Dünyəvi Dövlət din məsələsində neytral qalmalıdır. Odur ki, şəxsiyyət vəsiqələrində dinin göstərilməsi vətəndaşlar arasında qeyri-bərabərlik hissi yaratmamalıdır ... Dünyəvi Dövlətdə bütün dinlər bərabərdir. Heç kim başqa birisinin inancına və ya inancsızlığına müdaxilə edə bilməz. Bundan əlavə, qeyd olunan məsələ üzrə müəyyən olunmuş qayda bütün inanclara şamil olunur və buna görə də ayrı-seçkiliyə səbəb ola bilməz ...
“Heç kim öz inancını və əqidəsini açıqlamağa məcbur edilə bilməz” norması həmin şəxsin dininin rəsmi qeydiyyat sənədlərində göstərilməsinin qadağan olunması kimi şərh oluna bilməz. Konstitusiya məcbur etməni qadağan edir.
Məcburetmə şəxsin dini inanc və əqidəsini bəyan etməsini nəzərdə tutur. “Dini inanc və etiqadlar” anlayışı hər bir şəxsin dini ilə bağlı Dövlətin demoqrafik məqsədli mülki qeydiyyat sənədləri üçün əldə olunan məlumatla məhdudlaşmır. Bu, geniş anlayışdır və din və inancla bağlı çoxsaylı faktorları əhatə edir.
“Heç kim öz dini inanc və etiqadını açıqlamağa məcbur edilə bilməz” norması “heç kim öz dini inancına və ya əqidəsinə görə ... ittiham və ya təqib oluna bilməz” norması ilə birlikdə oxunmalıdır. Heç bir halda bu, məcburetmə, ittiham və ya təqibə səbəb ola bilməz.
Bundan başqa, Mülki Məcəllənin 266-cı maddəsinə görə, “yetkinlik yaşına çatmış şəxs öz dinini seçməkdə azaddır”. Nəticədə, mülki sənədində göstərilən dini dəyişmək istəyən hər bir şəxs, bu haqda müvafiq qeydiyyat orqanlarına müraciət edə bilər. Dəyişiklik, mərkəzi hakimiyyət orqanının göstərişi ilə həyata keçiriləcək. Eyni zamanda, dinlə bağlı məlumatın silinməsi və ya onun din kimi qəbul edilməyən başqa bir inancla əvəz olunmasını istəyən istənilən şəxs mülki məhkəmələrə müraciət edə bilər ...
Yekun olaraq, Mülki Məcəllənin 43-cü maddəsi məcburetməyə səbəb olmur. Bu, şəxsin mülki qeydiyyat sənədində ictimai siyasət, ümumi maraq və sosial ehtiyac məqsədilə qeyd olunan və onun dini ilə bağlı olan məlumatdan ibarətdir ...”
Konstitusiya Məhkəməsinin on bir hakimindən beşi əksəriyyətin fikri ilə razılaşmadılar və hesab etdilər ki, Dövlətin mülki qeydiyyat sənədlərində və şəxsiyyət vəsiqələrində dinin göstərilməsi Konstitusiyanın 24-cü maddəsinə ziddir. Azlıq təşkil edən bu hakimlərdən biri hesab etdi ki:
“Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktına əsasən, uşaqların valideynləri və ya qanuni nümayəndələri onların dini haqqında məlumat vermək vəzifəsi daşıyırlar, əks halda heç bir qeyd edilmir. Uşaq yetkinlik yaşına çatmamışdan öncə və onun razılığı olmadan dinin ailə vəziyyətilə bağlı sənədlərə və ya şəxsiyyət vəsiqələrinə daxil edilməsi, faktiki olaraq dinin gündəlik həyatda məcburi şəkildə açıqlanması deməkdir. ... Mülki statusu təsdiq edən sənəddə dinin açıqlanması öhdəliyi və həmin sənədin məktəbdə qeydiyyata alınan zaman və ya hərbi xidmətlə bağlı formallıqların həyata keçirilməsi zamanı təqdim olunması, mənim fikrimcə, əslində “məcburetmə” sayılır.”
4. Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktı (5490 saylı Qanun) və onun icrası mexanizmi
17. 29 aprel 2006-cı ildə qüvvəyə minən (yuxarıda qeyd olunan Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Aktını ləğv edən) Vətəndaş Vəziyyətinin Qeydiyyat Xidmətləri Aktının (Nüfus Hizmetleri Kanunu) 7-ci və 35-ci Bölmələrinin müvafiq hissələrində qeyd olunur:
Bölmə 7
Mülki qeydiyyatda tələb olunan şəxsi məlumatlar
“1. Vətəndaş vəziyyətinin qeydiyyatı hər bir rayonda və kənddə təsis olunub. Bu qeydiyyatlar aşağıdakı məlumatları əks etdirməlidirlər:
...
(e) Din.
...”
35-ci Bölmə
Məlumata düzəliş
“1. Qəti məhkəmə qərarı olmadan vətəndaş vəziyyəti ilə bağlı qeydlərə hər hansı düzəliş edilə bilməz ...
2. Şəxsin dini ilə bağlı məlumat, onun yazılı tələbi ilə daxil edilə və ya dəyişdirilə bilər; bu məqsədlə nəzərdə tutulmuş yer boş buraxıla bilər və ya həmin yerdə məlumat silinə bilər.”
18. Vətəndaş Vəziyyətinin Qeydiyyat Xidmətləri Aktının, müddəalarının icrası ilə bağlı, 29 sentyabr 2006-cı il tarixdə qüvvəyə minmiş 82-ci bölməsinin müvafiq hissələrində deyilir:
82-ci Bölmə
Dinlə əlaqədar olan məlumatla bağlı müraciətlər
“Şəxsin dini ilə bağlı hər hansı məlumat həmin şəxsin yazılı tələbi əsasında daxil edilə, dəyişdirilə, silinə bilər və ya məlumatın yeri boş saxlanıla bilər. Dinlə əlaqədar məlumata dəyişiklik edilməsi və ya məlumatın silinməsi ilə bağlı müraciətlərə heç bir məhdudiyyət tətbiq oluna bilməz.”
5. Dini İşlər İdarəsi
19. Dini İşlər İdarəsi, Dini İşlər üzrə Sədrliyin Yaradılması və Funksiyası haqqında 22 iyun 1965-ci il tarixdə qəbul olunan və 2 iyul 1965-ci ildə rəsmi hökumət qəzetində dərc olunan 633 saylı Qanunla yaradılıb. Birinci Bölmə qeyd edir ki, Baş Nazirə hesabat verən Dini İşlər üzrə Sədrlik İslamın inanc, ibadət və mənəvi prinsiplərinə dair məsələlərə və ibadət yerlərinin idarə edilməsinə məsuldur. İdarə daxilində Dini İşlər üzrə Ali Şura ali qərar qəbuletmə və konsultativ hakimiyyətə sahibdir. Bu Şuranın İdarənin sədri tərəfindən təyin edilən on altı üzvü var. Şura dinlə bağlı suallara cavab vermək səlahiyyətinə sahibdir (633 saylı Qanunun 5-ci bölməsi.
B. Din və ya inanc ilə bağlı olan qanunvericiliyin analizi üzrə Venesiya Komissiyasının tövsiyələri
20. “Din və ya inanc ilə bağlı olan qanunvericiliyin analizi üzrə Venesiya Komissiyasının tövsiyələri” adlanan və Venesiya Komissiyasının 59-cu plenar iclasında qəbul edilən (Venesiya, 18 və 19 iyun 2004-cü il) sənədin müvafiq hissələrində deyilir:
“II. Qanunvericilikdən irəli gələn əsas məsələlər
...
2. “Din” anlayışı. Qanunvericilik tez-tez din və ya əlaqəli terminləri (‘təriqətlər’, ‘ibadətlər’, ‘ənənəvi dinlər’ və s.) müəyyən etmək üçün cəhdlər edir ki, bu da başa düşülən haldır. Beynəlxalq hüquqda bu terminlər üçün ümumi qəbul olunmuş anlayış yoxdur və bir çox Dövlətlər bu terminləri müəyyən etməkdə çətinlik çəkirlər. Bəzi arqumentlər qanunvericilik baxımdan bu cür anlayışın müəyyən edilə bilməyən olmasını iddia edir və bunu din anlayışının təbiətcə ikimənalı olması ilə əsaslandırır. Anlayışla bağlı ümumi yanlış, bir şeyin din hesab olunması üçün Allaha inamın zəruriliyinin tələb edilməsidir. Ən aşkar əks-nümunələr tanrılı olmayan Buddizm və çoxtanrılı Hinduizmdir ...
3. Din və ya inanc. Beynəlxalq standartlar dini ayrılıqda deyil, ‘din’ və ya ‘inanc’ şəklində nəzərdə tutur. ‘İnanc’ anlayışı konkret olaraq dərin vicdanlı inancı nəzərdə tutur ki, bu da insanın vəziyyətinin və dünyanın əsasıdır. Beləliklə, məsələn ateizm və aqnostisizm də digər dini inanclar kimi müdafiə haqqına sahibdir. Qanunvericiliyin qeyri-inanclıların hüquqlarını adekvat şəkildə qorumaması (və ya ümumiyyətlə nəzərdə tutmaması) çox geniş yayılıb. ...
B. Din və ya etiqad azadlığı üzrə beynəlxalq standartların təməlini təşkil edən əsas dəyərlər
Müvafiq beynəlxalq insan hüquqları sənədlərində əks olunduğu kimi, din və inanc azadlığı hüququ ətrafında ATƏT-ə üzv olan dövlətlərdə də geniş konsensus meydana gəldi. Bu regionda qanunvericiliyin qəbul edilməsi zamanı nəzərdə saxlanılmalı olan əsas məsələlər aşağıdakılardan ibarətdir:
1. Daxili azadlıq (forum internum). Əsas beynəlxalq sənədlər təsdiq edir ki, ‘hər kəsin fikir, vicdan və din azadlığı hüququ var’. Dini inancın ifadəsindən fərqli olaraq, forum internum daxilində fikir, vicdan və din azadlığı hüququ mütləq hüquqdur və hər hansı formada məhdudlaşdırıla bilməz. Odur ki, məsələn qanunvericiliyin dini inancın məcburi olaraq açıqlanmasını tələb etməsi yolverilməzdir ...”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 9-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
21. Ərizəçinin, pozulduğunu iddia etdiyi Konvensiyanın 9-cu maddəsində deyilir:
“1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.”
22. Ərizəçi iddia etdi ki, o, öz iradəsi əleyhinə və din və vicdan azadlığı hüququnun pozulması yolu ilə inancını açıqlamağa məcbur edilib çünki şəxsiyyət vəsiqəsində dinini göstərmək tələbi məcburi olub. O bildirdi ki, qeyd edilən hal Konstitusiyanın 24-cü maddəsinin 3-cü bəndinə ziddir çünki həmin maddədə deyilir ki, “heç kim öz dini əqidəsini və etiqadını açıqlamağa məcbur edilə bilməz”. O göstərdi ki, həmin ictimai sənəd istənilən ictimai hakimiyyət orqanının, özəl müəssisələrin tələbi ilə və ya formallıq üçün tələb olunan istənilən hallarda göstərilməlidir.
Ərizəçi həmçinin qeyd etdi ki, o, şəxsiyyət vəsiqəsində “İslam” sözünün yanlış olduğunu bildirərək bu sözün, onun inancı olan “Ələvi” sözü ilə əvəz edilməsini xahiş edib. O, müraciətinin, Dini İşlər İdarəsinin onun inancının sadəcə İslamın şərhindən doğan bir cərəyan olması ilə bağlı verdiyi rəyə əsaslanılaraq rədd edilməsinə qarşı çıxdı.
A. Qəbuledilənlik
1. Daxili hüquqi müdafiə vasitələrin tükəndirilməməsi
23. Hökumət bildirdi ki, şəxsiyyət vəsiqəsində “İslam” sözünün öz inancı kimi göstərdiyi “Ələvi” sözü ilə əvəz edilməsini sadəcə məhkəmə orqanlarından xahiş edən ərizəçi, şikayət etdiyi din və vicdan azadlığı hüququnun pozuntusu ilə bağlı ölkə daxilindəki hüquq müdafiə vasitələrini lazımi qaydada tükəndirməyib. Hökumət qeyd etdi ki, ərizəçi, dininin şəxsiyyət vəsiqəsində göstərilməsinin onun din və vicdan azadlığını pozması ilə bağlı heç vaxt məsələ qaldırmayıb.
24. Ərizəçi tələb olunan müddət ərzində bu məsələ ilə əlaqədar mövqeyini bildirmədi.
25. Məhkəmə təkrar olaraq bildirir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan daxili müdafiə vasitələrinin tükəndirilməsi qaydası ərizəçilərdən tələb edir ki, iddia edilən pozuntu ilə bağlı Məhkəməyə müraciət etməzdən əvvəl, onlara qarşı baş verməsi ehtimal edilən pozuntunun – yerli qanunvericilikdə nəzərdə tutulan və istifadəsi səmərəli və adekvat olan hüquq müdafiə vasitələrindən istifadə edərək – Dövlət tərəfindən mümkün şəkildə aradan qaldırılmasına cəhd etsinlər (bax: digər mənbələrlə yanaşı, Fressoz və Roire Fransaya qarşı [BP], Nº 29183/95, 37-ci paraqraf, AİHM 1999-I).
26. Hazırkı işdə Məhkəmə, müşahidələrinə əsaslanaraq hesab edir ki, ərizəçi, yerli məhkəmələrə etdiyi müraciətində “İslam”ın onun dini kimi göstərildiyi şəxsiyyət vəsiqəsinə sahib olması öhdəliyi ilə razılaşmadığını vurğulamaqla, öz din və vicdan azadlığının konstitusion müdafiəsinə və dünyəvi Dövlətin vətəndaşı olması faktına əsaslanaraq əslində mövcud açıqlamaya açıq-aşkar etiraz edib (yuxarıda 7-ci bəndə bax).
27. Məhkəmə qeyd edir ki, sözügedən vaxtda Türkiyədə şəxsin dininin şəxsiyyət vəsiqəsində göstərilməsi məcburi olub və Konstitusiya Məhkəməsinin 21 iyun 1995-ci il tarixli qərarı ilə bu hal Konstitusiyanın 24-cü maddəsinin 3-cü bəndinə uyğun hesab edilib, baxmayaraq ki, həmin konstitusiyanın müvafiq maddəsində nəzərdə tutulub ki, “heç kim ... öz dini əqidəsini və etiqadını açıqlamağa məcbur edilə bilməz”.
28. Beləliklə, yuxarıda qeyd olunan sözügedən zamana istinad edərək Məhkəmənin heç bir şübhəsi yoxdur ki, ərizəçi şəxsiyyət vəsiqəsində “İslam”ın “Ələvi” inancı ilə əvəz olunmasına dair xahiş edərkən Türkiyə Konstitusiyasının 24-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş din və vicdan azadlığının konstitusion müdafiəsindən yararlanmağa cəhd edib, xüsusilə Kassasiya Məhkəməsinə qədər o, alternativ olaraq qeyd olunmuş dinin silinməsini xahiş edərək dinin məcburi göstərilməsinə qarşı çıxıb (yuxarıda 10-cu bəndə bax).
29. Nəticədə, Məhkəmə hesab edir ki, ərizəçi Türkiyə məhkəmələrinə öz şikayətlərini açıq-aşkar Konvensiyanın 9-cu maddəsi altında təqdim edib. Buna görə də, Hökumətin daxili hüquqi müdafiə vasitələrini tükəndirməmə ilə bağlı ilkin etirazı rədd olunmalıdır.
2. Qurban statusu
30. Hökumət bildirdi ki, ərizəçi dini etiqad azadlığı hüququnun pozuntusunun qurbanı olduğunu iddia edə bilməz. Onlar etiraz etdilər ki, ərizəçinin müraciətinin rədd edilməsi onun dini etiqadının mahiyyətini zədələməyib, çünki dinin şəxsiyyət vəsiqəsində göstərilməsi bütün Türk vətəndaşlarını dini inanclarını və etiqadlarını açıqlamağa məcbur edən tədbir kimi və dini inanclarına uyğun ibadət etmək, onu öyrətmək və təcrübə etmək azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Bundan başqa, Hökumət, Türk məhkəmələrinin presedentlərinə istinad edərək (yuxarıda 16-cı bəndə bax), etiraz etdi ki, müvafiq məlumatın tamamilə silinməsini arzu edən istənilən şəxs mülki məhkəmələrə müraciət edə bilər.
31. Məhkəmə hesab edir ki, Hökumətin, ərizəçinin qurban statusunun olmamasına əsaslanan arqumenti, Konvensiyanın 9-cu maddəsilə verilən şikayətin mahiyyətilə yaxından əlaqədar olan suallar doğurur. Buna görə də Məhkəmə bunu mahiyyətlə birləşdirir (bax: mutatis mutandis, Airey İslandiyaya qarşı, 9 oktyabr 1979, 19-cu paraqraf, Seriyalar A Nº 32).
3. Qəbuledilməyənliklə bağlı digər əsaslar
32. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən sayılmalıdır.
B. Konvensiyanın 9-cu maddəsilə mütənasiblik
1. Tərəflərin arqumentləri
33. Hökumət bildirdi ki, ərizəçinin din azadlığı hüququndan istifadə etməsinə hər hansı müdaxilə olmayıb, çünki şəxsiyyət vəsiqəsində dinin göstərilməsi ilə din və vicdan azadlığı arasında hər hansı birbaşa əlaqə yoxdur. Bu, birinin dini inancını açıqlamağa məcbur edilməsi və ya birinin ibadət etmək, öyrətmək və ya təcrübə etmək yolu ilə dinini ifadə etmək azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
34. Hökumət, Türkiyə Konstitusiya Məhkəməsinin 21 iyun 1995-ci il tarixli qərarına (yuxarıda 16-cı bəndə bax) istinad edərək daha sonra bildirdi ki, dinin şəxsiyyət vəsiqələrində göstərilməsi din və inanc azadlığı hüququnun mahiyyətinə təsir etməyib; Bu, ictimai siyasət, ümumi maraq və sosial imperativlər məqsədilə tələb olunub. Bu, heç bir halda hər hansı şəxsin öz dinini açıqlamağa məcbur edilməsi tədbiri və ya kimisə öz dini inancına görə ittiham və ya təqib etmək məqsədi daşımayıb. Türkiyə Cümhuriyyəti, Konstitusiyada din azadlığını xüsusi olaraq təsbit edən dünyəvi Dövlətdir. Odur ki, şikayət obyekti olan tədbir ərizəçinin din azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməzdi.
35. Daha sonra Hökumət qeyd etdi ki, şəxsiyyət vəsiqəsinin məzmunu hər vətəndaşın arzusu əsasında müəyyən edilə bilməz. İslam dini içərisində çoxsaylı etiqadların (məsələn “Hənəfi” və ya “Şəfi”) və ya mistik inancların (məsələn “Mövləvi”, “Qədiri” və ya “Nəqşəbəndi”) olduğunu nəzərə alaraq ictimai asayişi və Dövlətin neytrallığını qorumaq üçün eyni dinin müxtəlif məzhəbləri və qolları göstərilməməlidir. Dini İşlər İdarəsinin roluna gəlincə, Hökumət bildirdi ki, müvafiq qanunvericiliyə uyğun olaraq, Müsəlman dini ilə bağlı tövsiyə vermək vəzifəsi məhz həmin idarənin vəzifəsidir. Bu idarə dünyəvilik prinsipinə uyğun fəaliyyət göstərib və Müsəlman dininin bütün Müsəlmanlar üçün etibarlı olan fundamental əsaslarını nəzərə almaq məsuliyyəti daşıyır. Bundan başqa, Konstitusiyanın 10-cu maddəsinə (yuxarıda 12-ci bəndə bax) istinad edərək qeyd etdilər ki, Dövlət eyni dinin daxilində müxtəlif təriqətlərə eyni davranılmasını təmin etmək öhdəliyi daşıyır.
36. Müəyyən olunmuş müddət ərzində bu məsələ ilə bağlı öz mövqeyini bildirməyən ərizəçi öz şikayətində qeyd edib ki, şəxsiyyət vəsiqəsində “İslam”ın onun həqiqi inancı olan “Ələvi” ilə əvəz edilməsi barədə müraciətinin rədd edilməsi onun dini təcrübə azadlığı hüququna müdaxiləyə səbəb olub. O həmçinin şikayət etdi ki, o, öz inancını açıqlamağa məcbur edilib çünki şəxsiyyət vəsiqəsində bu qeyd məcburi xarakter daşıyıb.
2. Məhkəmənin qiymətləndirməsi
37. Məhkəmə təkrarən qeyd edir ki, 9-cu maddədə də qeyd edildiyi kimi fikir, vicdan və din azadlığı Konvensiyaya görə “demokratik cəmiyyətin” əsaslarından biridir. Bu ən mühüm elementlərdən biridir ki, dindarların identifikasiyasını və onların həyat konsepsiyasını təşkil edir lakin bu həm də ateistlər, aqnostiklər, skeptiklər və həmçinin bunların heç birinə aid olmayanlar üçün də əhəmiyyətli bir vasitədir. Demokratik cəmiyyətin ayrılmaz hissəsi olan və əsrlər boyu mübarizə nəticəsində qazanılan plüralizm də bundan asılıdır. Dini inanca sahib olub olmamaq və onu təcrübə edib etməmək azadlığı, inter alia, bu azadlıqdan asılıdır (bax: digər mənbələr arasında, Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il, 31-ci paraqraf, seriyalar A Nº 260-A, və Buskarini və Başqaları San Marinoya qarşı [BP], Nº 24645, 34-cü paraqraf, AİHM 1999-I).
38. Din azadlığı əsasən şəxsi vicdan məsələsi olsa da bu həm də dini inancını təkbaşına və ya başqaları ilə birlikdə, ictimai şəkildə və onunla eyni inancda olan digər şəxslərlə birlikdə ifadə etmək azadlığını da əhatə edir. Bundan başqa, Məhkəmə qeyd edir ki, 9-cu maddə neqativ hüquqları nəzərdə tutur, məsələn, dini inanca sahib olmamaq və dini təcrübə etməmək azadlığı (bax: oxşar mənada, Kokkinakis, və Buskarini və Başqaları, yuxarıda qeyd olunub).
39. Məhkəmə qeyd edir ki, Ələvi dini icmasının üzvü olduğunu söyləyən biri, dininin İslam olduğunu göstərən şəxsiyyət vəsiqəsi daşımalı olub. 7 may 2005-ci ildə ərizəçi İzmir Şəhər Məhkəməsinə müraciət edərək dinlə bağlı hissəyə onun öz inancını əks etdirən dinin daxil edilməsini xahiş edib (yuxarıda 7-ci bəndə bax). Daha sonra o, Kassasiya Məhkəməsində dinin məcburi göstərilməsinə etiraz edib və dini inancını açıqlamağa məcbur edilməmək hüququna istinad edərək xahiş edib ki, onun şəxsiyyət vəsiqəsindən din tamamilə silinsin (yuxarıda 10-cu bənddə qeyd olunub). Lakin buna baxmayaraq, Rayon Məhkəməsi, Dini İşlər İdarəsinin, “sadəcə dinin özü şəxsiyyət vəsiqəsində qeyd oluna bilər, hansısa dinin bir qolu və ya təriqəti deyil” rəyinə əsaslanaraq ərizəçinin xahişini rədd edib. Yerli məhkəmə narahatlığını belə izah edib ki, “Ələvi inancı İslamın, Sufizmin təsirinə məruz qalmış bir şərhi olub özünəməxsus xarakterə malikdir” (yuxarıda 9-cu bənddə qeyd olunub).
40. Məhkəmə qeyd edir ki, iş üzrə sözügedən vaxtda tətbiq edilən qanunvericiliyə görə, ərizəçi, bütün digər Türk vətəndaşları kimi, dini əks etdirən şəxsiyyət vəsiqəsi daşımağa məcbur edilib. Həmin ictimai sənəd istənilən ictimai hakimiyyət orqanının, özəl müəssisələrin xahişi ilə və ya sahibinin vətəndaşlıq vəziyyətini tələb edən bütün formal proseslərdə istifadə olunmalıdır.
41. Bununla əlaqədar, Məhkəmə, təkrarən qeyd etməyi zəruri hesab edir ki, Sofianopoulos və Başqaları Yunanıstana qarşı işdə ((dec.), Nº 1977/02, 1988/02 və 1997/02, AİHM 2002-X), Məhkəmə hesab etdi ki, şəxsiyyət vəsiqəsi hər hansı dinin və ya əqidənin tərəfdaşlarının öz dinlərini ifadə etmək hüququnu təmin etmək üçün bir vasitə kimi istifadə oluna bilməz. Lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, birinin dinini və ya inancını ifadə etmək hüququnun həmçinin neqativ aspekti də var, başqa sözlə desək, şəxsin öz dinini və ya inancını açıqlamağa məcbur edilməmək hüququ və onun belə dinə sahib olması və ya sahib olmaması nəticəsinə gəlməyə imkan verən formada hərəkət etməyə məcbur edilməmək hüququ. Beləliklə, Dövlət orqanlarının şəxsin vicdan azadlığına müdaxilə etmək və onun dini inancını aşkar etmək və ya onu, bunu açıqlamağa məcbur etmək kimi bir səlahiyyəti yoxdur (bax: Aleksandridis Yunanıstana qarşı, Nº 19516/06, 38-ci paraqraf, 21 fevral 2008).
Məhkəmə, bu işi din və vicdan azadlığının neqativ aspektindən, yəni, şəxsin öz inancını açıqlamağa məcbur edilməmək hüququ nöqteyi nəzərindən araşdıracaq.
42. Hökumətin, bu məsələnin açıqlanması halının bütün Türk vətəndaşlarının dini etiqadlarını və inanclarını açıqlamağa məcbur edilməsi halı kimi başa düşülməməsi arqumentini Məhkəmə ağlabatan hesab etmir. Bu, şəxsin öz dinini və inancını açıqlamamaq hüququnu riskə atmış olur ki, bu da hər bir şəxsə münasibətdə forum internum hesab olunur. Bu hüquq din və vicdan azadlığının bir hissəsidir. 9-cu maddənin din və ya inancın açıqlanması niyyətilə hər hansı məcburiyyətə icazə verən norma kimi təhlili, həmin maddə ilə təminat verilən azadlığın birbaşa mahiyyətinə ziyan vurmuş olur (bax: mutatis mutandis, Young, Jeyms və Vebster Birləşmiş Krallığa qarşı, 13 avqust 1981, 52-ci paraqraf, seriyalar A Nº 44; həmçinin bax: Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xüsusi rəyinə, yuxarıda 16-cı paraqrafda qeyd olunub).
43. Bundan başqa, nəzərə alsaq ki, şəxsiyyət vəsiqəsi tez-tez istifadə olunan bir sənəddir (məktəbdə qeydiyyatdan keçərkən, vətəndaşlıq vəziyyətinin yoxlanılması zamanı, hərbi xidmət zamanı və s.), belə bir rəsmi sənəddə dini inancın göstərilməsi, sənədi təqdim edən şəxsi inzibati hakimiyyət orqanları ilə münasibətdə ayrı-seçkilik təhlükəsinə məruz qoya bilər (bax: Sofianopoulos və Başqaları, yuxarıda qeyd olunub).
44. Eyni zamanda, Məhkəmə başa düşə bilmir ki, demoqrafik məqsəd daşıyan mülki qeydiyyatlarda və ya şəxsiyyət vəsiqələrində dinin göstərilməsi və bu işə şəxsin dini inancını açıqlamasını mütləq edən qanunvericiliyin də cəlb olunması niyə lazımdır.
45. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi, Dini İşlər İdarəsinin onun inancının sadəcə İslamın şərhindən yaranan bir cərəyan olması barədə verdiyi rəyə əsaslanılaraq onun müraciətinin rədd edilməsinə etiraz edib (yuxarıda 22-ci bənddə qeyd olunub). Bununla bağlı Məhkəmə hesab edir ki, o, hər zaman qeyd edib ki, Dövlətin, dini plüralizm də daxil olmaqla, plüralizmin əsas təminatçısı olduğu demokratik cəmiyyətdə hakimiyyət orqanlarının rolu, bir dini digəri üzərində üstün edən qərarlar qəbul edərək bölünmüş icmanı və ya onun bir hissəsini, həmin icmanın üzvlərinin istəyinin əleyhinə olaraq tək liderlik altında birləşməyə məcbur etmək deyil (bax: Serif Yunanıstana qarşı, Nº 38178/97, 53-cü paraqraf, AİHM 1999-IX). Məhkəmənin presedentlərində də qeyd olunduğu kimi, Dövlətin neytrallıq və qərəzsizlik vəzifəsi, Dövlətə məxsus hər hansı hakimiyyət orqanı tərəfindən dini inancın legitimliyinin qiymətləndirilməsinə ziddir və bu, Dövlətdən tələb edir ki, münaqişədə olan qrupların, hətta onlar eyni qrupun üzvləri olsalar belə, bir-birinə qarşı tolerantlığını təmin etsin (bax: mutatis mutandis, Manoussakis və Başqaları Yunanıstana qarşı, 26 sentyabr 1996, 47-ci paraqraf, 1996-IV Qərarların Hesabatları, həmçinin bax: Bessarabia Metropoliten Kilsəsi və Başqaları Moldovaya qarşı, Nº 45701/99, 123-cü paraqraf, AİHM 2001-XII).
46. Buna görə də Məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanlarının İslam dini məsələlərinə məsul olan hakimiyyət qurumunun verdiyi rəyə əsaslanaraq ərizəçinin dinini qiymətləndirməsi, Dövlətin neytrallıq və qərəzsizlik vəzifəsinə ziddir.
47. Hökumət Məhkəmənin diqqətinə bir faktı çatdırdı ki, Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Xidmətləri Aktına edilən dəyişiklik nəticəsində ərizəçiyə belə bir hüquq verilib ki, dinlə bağlı hissənin boş buraxılması üçün müraciət etsin (yuxarıda 17-18-ci bəndlərdə qeyd olunub)
48. Məhkəmə bildirir ki, 29 aprel 2006-cı il tarixli Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı Xidmətləri Aktına əsasən, vətəndaşlıq vəziyyəti ilə bağlı sənədlər şəxslərin dini ilə bağlı məlumatı əks etdirməkdə davam edir (həmin Aktın 7-ci Bölməsi). Lakin 35(2)-ci bölmədə qeyd edilir ki, “şəxsin dini ilə bağlı məlumat həmin şəxsin yazılı müraciəti əsasında daxil edilə və ya dəyişdirilə bilər; bu məqsədlə nəzərdə tutulmuş hissə boş buraxıla bilər və ya məlumat silinə bilər”.
49. Məhkəmə hesab edir ki, bu dəyişiklik yuxarıda ifadə olunan narahatlığı aradan qaldırmır, çünki şəxsiyyət vəsiqələri, boş qalıb qalmamasından asılı olmayaraq, hələ də dinin qeyd olunması üçün yer nəzərdə tutur. Bundan əlavə, şəxsiyyət vəsiqəsində yazılmış dinlə bağlı məlumatı dəyişdirmək üçün və ya dininin vəsiqədə göstərilməsinə ümumiyyətlə etiraz etmək üçün şəxs, yazılı bəyanat təqdim etməlidir. Baxmayaraq ki, müvafiq qanunvericilik və ya əsasnamələr həmin bəyanatın məzmunu ilə bağlı hər hansı qayda nəzərdə tutmur, Məhkəmə hesab edir ki, dinin silinməsi üçün vətəndaşlıq vəziyyətinin qeydiyyatını həyata keçirən orqanlara müraciət edilməsini nəzərdə tutan faktın özü, şəxsin dinə olan münasibətilə bağlı məlumatın açıqlaması kimi qiymətləndirilə bilər (bax: digər mənbələrlə yanaşı, Folgerö və Başqaları Norveçə qarşı [BP], Nº 15472//02, 98-ci paraqraf, AİHM 2007-III, və Həsən və Eylem Zəngin, yuxarıda 73-cü paraqrafda qeyd olunub).
50. Bu, ərizəçi üçün də keçərlidir. O, hakimiyyət orqanlarını öz inancı barədə məlumatlandırmalıdır ki, həmin məlumat şəxsiyyət vəsiqəsində qeyd olunsun. Vəsiqə bu yolla əldə olunduğuna görə və gündəlik həyatda tez-tez istifadə olunduğuna görə, de facto ərizəçidən, onun iradəsinin əleyhinə olaraq öz dini inancını açıqlamağı tələb edən bir sənəd hesab olunur.
51. Hər bir halda, şəxsiyyət vəsiqələrində dinlə bağlı məlumatı nəzərdə tutan yer olduğu halda bu yer boş buraxılırsa bunun özünəməxsus bir mənası var. Dinlə bağlı məlumatın əks olunmadığı şəxsiyyət vəsiqəsinin sahibləri, öz iradələrinin əleyhinə olaraq və hakimiyyət orqanlarının müdaxiləsi nəticəsində, şəxsiyyət vəsiqələrində dini göstərilən şəxslərdən seçilirlər. Bundan əlavə, şəxsiyyət vəsiqəsində heç bir məlumatın göstərilməməsi ilə bağlı şəxsin xahiş etməli olması faktı həmin şəxsin ən dərin inancları ilə bağlıdır. Odur ki, Məhkəmə hesab edir ki, yenə də şəxsə aid ən intim məqamlardan birinin açıqlanması məsələsi qalxır.
52. Şübhəsiz, bu vəziyyət şəxsin dinini və inancını ifadə etməmək azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, sözügedən məsələ ilə bağlı pozuntu şəxsin şəxsiyyət vəsiqəsində onun inancının (Ələvi) göstərilməsindən imtina edilməsindən deyil, dinin istər könüllü, istərsə də məcburi olaraq şəxsiyyət vəsiqəsində göstərilməsindən yaranır. Buna görə də Məhkəmə yekun olaraq bildirir ki, qanunvericiliyə 29 aprel 2006-cı il tarixdə edilmiş dəyişikliyə baxmayaraq, ərizəçi hələ də pozuntunun qurbanı olduğunu iddia edə bilər və Məhkəmə Hökumətin etirazını rədd edir (yuxarıda 31-ci bənddə qeyd olunub).
53. Odur ki, Konvensiyanın 9-cu maddəsinin pozuntusu baş verib.
III. KONVENSİYANIN 6-CI VƏ 14-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
54. Ərizəçi həmçinin Konvensiyanın 6-cı maddəsinin pozuntusundan şikayətləndi və bunu onunla əsaslandırdı ki, Rayon Məhkəməsi öz araşdırmalarında yalnız, ictimai qurum olan Dini İşlər İdarəsinin rəyinə əsaslanıb. Onun sözlərinə görə, həmin qurum Ələvi inancı üzrə ixtisaslaşmayıb və bu inancla bağlı maraqlı olmayıb, lakin buna rəğmən bu quruma rəy vermək tapşırılıb. O, əlavə olaraq bildirdi ki, əgər məhkəmə Ələvi-Bektaşı Assosiasiyasına (Ələvi assosiasiyalarının özəl federasiyası) rəy vermək üçün müraciət etsəydi, Dini İşlər İdarəsinin rəyindən tamamilə fərqlənən bir rəy almış olardı. Məhkəmə həmin federasiyanın və ya dini işlər üzrə digər mütəxəssislərin rəyinə də müraciət etməli idi. Ərizəçi etiraz edərək bildirdi ki, yerli məhkəmələr prosesi ədalətsiz apararaq qeyri-adekvat istintaq həyata keçirib.
55. Son olaraq, ərizəçi bildirdi ki, o, Ələvi dini icmasının üzvü olduğuna görə müraciəti yerli məhkəmələr tərəfindən rədd edilib. Rayon Məhkəməsi sadəcə Ələvilərin mövcudluğunu ümumiyyətlə inkar edən ictimai qurumun rəyini araşdırıb və yuxarıda qeyd olunan federasiyanın rəyini əldə etməyə cəhd göstərməyib. Ərizəçiyə görə, bu, ayrı-seçkiliyə və nəticədə Konvensiyanın 14-cü maddəsinin pozulmasına səbəb olub.
56. Hökumət bu arqumentə qarşı çıxdı.
57. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda araşdırılan şikayətlə əlaqəlidir və buna görə də qəbuledilən elan olunmalıdır. Lakin, Konvensiyanın 9-cu maddəsi ilə bağlı qiymətləndirməsinə istinad edərək (yuxarıda 53-cü bənddə qeyd olunub), Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizəçinin istinad etdiyi digər normaların pozuntusunun olub olmadığını ayrıca araşdırmağa ehtiyac yoxdur.
IV. KONVENSİYANIN 41-Cİ VƏ 46-CI MADDƏLƏRİNİN TƏTBİQİ
58. Konvensiyanın 41-ci və 46-cı maddələrində deyilir:
41-ci maddə
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
46-cı maddə
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarına riayət etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.”
59. Ərizəçi müəyyən olunmuş müddət ərzində kompensasiya ilə bağlı tələb təqdim etmədi. Buna görə də Məhkəmə hesab edir ki, ona bu halda hansısa məbləğin təyin edilməsinə ehtiyac yoxdur.
60. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə o qərara gəldi ki, şəxsin dininin onun vətəndaşlıq vəziyyəti ilə bağlı sənədlərində və ya şəxsiyyət vəsiqələrində göstərilməsi şəxsin dinini açıqlamamaq azadlığına ziddir (bax: yuxarıda 53-cü paraqraf). Bu nəticələr özü-özlüyündə göstərir ki, ərizəçinin Konvensiyanın 9-cu maddəsilə müdafiə olunan hüququnun pozuntusunun əsasında, şəxsiyyət vəsiqələrində, məcburi və ya könüllü olmasından asılı olmayaraq, dinin göstərilməsi problemi dayanır. Buna görə də Məhkəmə hesab edir ki, dinlə bağlı nəzərdə tutulmuş hissənin ümumiyyətlə ləğv edilməsi bu pozuntuya son qoya biləcək, məqsədəuyğun tədbir ola bilər.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏƏksəriyyətlə ərizəni qəbuledilən elan edir;
İşə mahiyyəti üzrə baxaraq, altı səs bir səsə qarşı, Hökumətin ərizəçinin qurban statusunun olmamasına dair etirazını rədd edir;
Altı səs bir səsə qarşı, Konvensiyanın 9-cu maddəsinin pozulduğunu qərara alır;
Altı səs bir səsə qarşı, hazırkı iş üzrə Konvensiyanın 6-cı və 14-cü maddələrinin pozuntusunun baş verib verməməsini ayrıca araşdırmağa ehtiyac olmadığını qərara alır.
Qərar Fransız dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 2 fevral 2010-cu ildə qərar barədə yazılı məlumat verilib.
Sally DolleFrançoise Tulkens Katib Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq Hakim Kabral Barretonun xüsusi rəyi qərara əlavə olunur.
F.T.
S.D.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1]. Əli İslamın dördüncü Xəlifəsi olub. Ələvilər onu birinci İmam hesab edirlər və o, bu inancda mərkəzi rola malikdir.
Full & Egal Universal Law Academy