© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSI
BÖYÜK PALATA
SÖDERMAN (SÖDERMAN) İSVEÇƏ QARŞI məhkəmə işi
(Ərizə № 5786/08)
QƏRAR
Strasburq
12 noyabr 2013-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Söderman İsveçə qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Josep Casadeval (Josep Casadevall), sədr,
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Korneliu Birsan (Corneliu Bîrsan),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Bianku (Ledi Bianku),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Kristina Pardalos (Kristina Pardalos),
Yuliya Laffrank (Julia Laffranque),
Paulo Pinto de Albukerke (Paulo Pinto de Albuquerque),
Linos-Aleksandr Sitsilyanos (Linos-Alexandre Sicilianos),
Erik Mos (Erik Møse),
Helen Keller (Helen Keller),
Helena Yaderblom (Helena Jäderblom),
Yohannes Silvis (Johannes Silvis),
habelə Katib Erik Friberqdən (Erik Fribergh) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
3 aprel və 25 sentyabr 2013-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən İsveç vətəndaşı (“ərizəçi”) xanım Eliza Söderman (Eliza Söderman) tərəfindən 21 yanvar 2008-ci ildə Məhkəməyə təqdim edilmiş İsveç Krallığına qarşı ərizə (№ 5786/08) əsasında başlanıb.
2. Ərizəçini Stokholmda vəkillik fəaliyyəti ilə məşğul olan cənab Y. Söderqren (J. Södergren), cənab K. Lyuis (K. Lewis) və cənab K. Krafurd (C. Crafoord) təmsil ediblər. İsveç Hökumətini ("Hökumət") onun nümayəndələri, Xarici İşlər Nazirliyindən olan cənab A. Rönkvist (A. Rönquist), xanım Q. İsaksson (G. Isaksson) və cənab O. Vidqren (O. Widgren) təmsil ediblər.
3. Ərizəçi iddia etdi ki, İsveç dövləti onu 14 yaşında olduğu vaxt vanna otağında çılpaq halda videoya çəkməyə cəhd edərkən ögey atası tərəfindən onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar olaraq onu hüquqi müdafiə vasitələri ilə təmin etmək öhdəliyini yerinə yetirməyib. O, həmçinin Konvensiyanın 13-cü maddəsinə istinad etdi.
4. Ərizə Məhkəmənin Üçüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). Bölmənin sədri adının açıqlanmaması barədə ərizəçinin vəsatətini təmin etdi (Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 3-cü bəndi) və iş "E.S. İsveçə qarşı" (E.S. v. Sweden) adlandırıldı. 1 fevral 2011-ci ildə Məhkəmə öz Bölmələrinin tərkibini dəyişdi (Məhkəmə Reqlamentinin 25-ci Qaydasının 1-ci bəndi) və ərizə yeni təşkil olunmuş Beşinci Bölmənin icraatına verildi. 12 iyun 2012-ci ildə hakimlər Din Şpilmann (Dean Spielmann) (sədr), E. Fura (E. Fura), K. Yunqvirt (K. Jungwiert), M. Villiger (M .Villiger), E. Pauer-Forde (A. Power-Forde), H. Yudkovska (G. Yudkivska) və A. Pototskidən (A. Potocki), habelə Bölmə katibi K. Vesterdikdən (C. Westerdiek) ibarət tərkibdə təşkil edilmiş Palata qərarını elan etdi. O, yalnız 8-ci maddə üzrə şikayətə baxmağı qərara alaraq onu yekdilliklə qəbul olunan elan etdi və üç səsə qarşı dörd səslə həmin maddənin pozulmadığını qərara aldı. Həmin qərara D. Şpilmann, M. Villiger və E. Pauer-Fordenin qərarla üst-üstə düşməyən birgə rəyi əlavə olundu.
5. 19 sentyabr 2012-ci ildə ərizəçi Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palataya göndərilməsi barədə vəsatət verdi və 19 noyabr 2012-ci ildə Böyük Palatanın kollegiyası vəsatəti təmin etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
7. Ərizəçi və Hökumət hər biri Böyük Palataya işin mahiyyəti üzrə yazılı qeydlərini təqdim etdilər.
8. Bundan əlavə, Böyük Palatanın sədrinin üçüncü tərəf qismində yazılı icraatda iştirak etməsinə icazə verdiyi Gent Universitetinin İnsan Hüquqları Mərkəzinin şərhləri qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi).
9. 22 mart 2013-cü ildə Böyük Palatanın sədri ərizəçinin anonimliyinin götürülməsi barədə ərizəçinin 12 mart 2013-cü il tarixli vəsatətini təmin etdi.
10. 3 aprel 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
vəkil:
cənab A. Rönkvist (A. Rönquist), Xarici İşlər Nazirliyi, nümayəndə, səfir və hüquqi məsələlər üzrə baş direktor;
məsləhətçilər:
cənab Q. İsaksson (G. Isaksson), Xarici İşlər Nazirliyi, müştərək nümayəndə, xüsusi məsləhətçi;
cənab M. Safsten (M. Säfsten), Ədliyyə Nazirliyi, baş hüquq məsləhətçisi;
xanım V. Lanq (V. Lång), Ədliyyə Nazirliyi, direktor müavini;
cənab K. Rozenmüller (C. Rosenmüller), Ədliyyə Nazirliyi, hüquq məsləhətçisi.
b) ərizəçinin adından:
cənab Y. Söderqren (J. Södergren), vəkil;
cənab K. Lyuis (K. Lewis), vəkil;
cənab K. Krafurd (C. Crafoord), vəkil.
Dinləmədə ərizəçi də iştirak etdi.
Məhkəmə ərizəçinin adından cənab Krafurdun, cənab Lyuisin, cənab Söderqrenin və cənab Rönkvistin çıxışlarını, habelə hakimlər Ziemele, Sitsilianos, Pinto de Albukerke və Zupançiçin verdikləri suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
11. Ərizəçi 1987-ci ildə anadan olub və Ludvikada yaşayır.
12. 2002-ci ilin sentyabrında 14 yaşında ikən o, aşkar etdi ki, ögey atası vanna otağında çirkli paltarlar üçün səbətin içərisində videokamera gizlədib, kamera işlək rejimdədir və onun duş qəbul etməzdən əvvəl soyunduğu yerə yönəlib. İnsidentdən dərhal sonra videolent yandırıldı və heç kim onu görmədi.
13. İki il sonra 2004-cü ilin sentyabrında anası insident barədə polisə xəbər verdi. 5 oktyabr 2004-cü ildə ərizəçiyə rəsmən vəkil (målsägandebiträde) təyin olundu.
14. 21 oktyabr 2005-ci ildə prokuror ögey ataya qarşı Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndi əsasında seksual təqib (sexuellt ofredande) ittihamı irəli sürdü. Ögey ata həmçinin 2003-cü ilin yazında və yayında ərizəçinin xalası qızı 16 yaşında ikən onun belini sığalladığına və onunla cinsi əlaqədə olmaq istəyini ifadə etdiyinə görə seksual təqiblə bağlı iki bənd üzrə ittiham edildi. Ona qarşı dördüncü ittiham 2003-cü il yayın sonunda ərizəçi paltarını soyunarkən pəncərədən ərizəçinin otağına baxması ilə əlaqədar irəli sürüldü.
15. 20 yanvar 2006-cı ildə vəkillə təmsil olunan ərizəçi ziyana görə 25.000 İsveç kronu (SEK) tələb etdi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına görə kompensasiya qismində 15.000 SEK və keçirdiyi üzüntüyə və iztiraba görə 10.000 SEK) və bu tələb üzrə icraatın cinayət işinin icraatına birləşdirilməsini istədi. Ərizəçi bu xüsusi mülki iddia tələbini "ögey atasına qarşı məhkəmə təqibinə səbəb olmuş cinayət hərəkəti" ilə əsaslandırdı, amma Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun hər hansı konkret maddələrini göstərmədi.
16. Ərizəçi, onun ögey atası, anası və xalası qızı Falun rayon məhkəməsində (Falu Tingsrätt) ifadə verdilər. Ərizəçi izahatında bildirdi ki, 2002-ci ilin sentyabrında sözügedən gündə o, duş qəbul etməyə hazırlaşarkən ögey atası vanna otağında nəsə edirdi. Ərizəçi kameranı aşkar etdikdə o, işlək rejimdə idi, vızıltılı səs çıxarır və bərq vuran işıq saçırdı. Ərizəçi kameranın düymələrinin heç birinə toxunmadı. O, kameranı dəsmalın arasına bükərək ağlaya-ağlaya anasının yanına getdi. Sonra ögey atası kameranı onun anasından götürdü. Sonradan ərizəçi anası ilə ögey atasının videloenti yandırdıqlarını gördü, amma o, həmin videloentə çəkilənlərin ona aid kadrlar olub-olmadığına əmin olmadı.
17. Ərizəçinin anası ərizəçinin ifadəsini təsdiq etdi və əlavə etdi ki, videolentə nələrin çəkildiyini bilməyib, çünki o, videolentdəki kadrları görmədən videolent yandırılıb. Ana ərizəçinin xalası qızının da təqsirləndirilən şəxslə insident yaşadığını eşitdiyi 2004-cü il tarixinədək insident barədə polisə xəbər verməyib.
18. Ögey ata izahatında bildirdi ki, ərizəçinin anası ilə 1997-ci ildən 2003-cü ilin payızınadək yaşayıb. Onlar digər məsələlərlə yanaşı sözügedən insidentə görə ayrılıblar. O, gizli kamera ilə görüntülər çəkməyə cəhd etmək istəyib, amma bu, impulsiv hərəkət olub. O, kameranın işlək rejimdə olduğuna və ya kadrların lentə alındığına əmin olmayıb. Ərizəçinin anası kadrların heç birinə baxmadan videolenti yandırıb.
19. 14 fevral 2006-cı il tarixli qərarla rayon məhkəməsi ögey atanı Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndi əsasında irəli sürülmüş seksual təqiblə bağlı ittihamların dörd bəndinin hamısı üzrə təqsirkar hesab etdi. Seksual təqiblə bağlı birinci ittihama gəlincə, o, müəyyən etdi ki, ögey ata çirkli paltar səbətinin içərisində videokameranı gizlətməkdə və vanna otağının adətən soyunmaq üçün istifadə olunan hissəsinə yönəltməkdə seksual niyyət güdüb. O, əlavə etdi ki, kameranın çıxardığı və ərizəçinin eşitdiyi vızıltılı səs qəti şəkildə belə düşünməyə əsas verir ki, kamera işlək vəziyyətdə olub və faktiki olaraq çəkiliş aparıb. Əks təqdirdə kameranı çirkli paltar səbətindəki paltarların arasında gizlətməyin heç bir mənası yox idi. Çirkli paltar səbətində dəliyin olması bu strategiyanın kifayət qədər ustalıqla düşünüldüyünü göstərir. Sonradan heç kəsin videolentdəki görüntülərin məzmununu yoxlamadığına baxmayaraq, mövcud vəziyyətdə bunu sübuta yetirilmiş saymaq olar ki, ərizəçi çılpaq halda olarkən ögey ata həqiqətən onu videolentlə alıb.
20. Ögey ata barəsində icrası təxirə salınmaqla ittiham hökmü çıxarıldı və eyni zamanda yetmiş beş saatlıq məcburi ictimai işləri yerinə yetirmək cəzası təyin olundu. Bundan başqa, qərar çıxarıldı ki, o, ziyanın əvəzində ərizəçiyə 20.000 SEK məbləğini ödəsin.
21. Apellyasiya şikayətindən sonra 16 oktyabr 2007-ci ildə Svea Apellyasiya Məhkəməsi (Svea hovrätt) ögey atanı ərizəçinin xalası qızına qarşı törədilmiş seksual təqiblə bağlı ittihamların iki bəndi üzrə təqsirkar hesab etdi və buna görə ona qarşı icrası təxirə salınmaqla ittiham hökmü çıxarıldı və ümumilikdə 3.000 SEK olmaqla altmış gün ərzində hər gün 50 SEK cərimə ödəməsi barədə qərar qəbul edildi.
22. Apellyasiya Məhkəməsi ərizəçiyə qarşı törədildiyi iddia edilən seksual təqiblə bağlı ittihamlarla əlaqədar ögey ataya bəraət verdi.
23. 2002-ci ildəki insidentə gəlincə, Apellyasiya Məhkəməsi bunu sübuta yetirilmiş hesab etdi ki, ögey ata vanna otağında videokamera yerləşdirib və ərizəçi duş qəbul etməyə hazırlaşarkən çəkiliş sistemini işə salıb. Lakin çəkilişin həqiqətən aparılıb-aparılmadığı aydın deyil. Məhkəmə fikrini davam etdirərək bildirdi ki, ögey atanın motivi seksual məqsədlə ərizəçinin görüntülərini gizli şəkildə videolentə almaq idi. Bu motiv nəzərə alınmaqla bu məsələ də dəqiq müəyyən edilmiş hesab olundu ki, ögey ata ərizəçinin çəkilişdən xəbər tutması niyyətində olmayıb. Məhkəmənin bildirdiyinə görə, ögey ata ərizəçinin çəkilişdən xəbər tutması riskinə qarşı heç də etinasız olmayıb. Bu hərəkətin Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada hüquqi cəhətdən seksual təqib təşkil edib-etmədiyini qiymətləndirərkən Apellyasiya Məhkəməsi yatmış sevgilisini gizlicə videolentə alan və bu zaman masturbasiya edən kişinin barəsində Ali Məhkəmənin çıxardığı qərara (NJA 1996 p. 418) istinad etdi. Həmin kişi seksual təqib ittihamı üzrə bəraət almışdı, ona görə ki, sevgilisinin videolentə alınmasından xəbər tutmasını istəməmişdi. Bundan başqa, Ali Məhkəmə sözügedən qərarında bildirmişdi ki, özlüyündə ayrıca akt qismində şəxsin razılığını almadan videoçəkiliş aparmağa İsveç qanunvericiliyində ümumi qadağa qoyulmayıb. Apellyasiya Məhkəməsi bu məntiqdən çıxış edərək və ərizəçinin şəxsi həyatının toxunulmazlığı baxımından ögey atanın videoçəkiliş apardığı situasiyanın açıq-aydın həssas xarakter daşıdığını və ərizəçinin yaşı və ögey atası ilə qohumluq münasibəti baxımından pozuntunun xüsusilə ciddi olduğunu müəyyən etdiyinə baxmayaraq, hesab etdi ki, ögey ata ərizəçinin xəbəri olmadan ayrıca akt qismində onun görüntülərini videolentə aldığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə qeyd etdi ki, ərizəçi ögey atasının onun görüntülərini videolentə almağa cəhd etməsindən xəbər tutub, amma bu, onun ögey atasının niyyətinə daxil deyildi.
24. Apellyasiya Məhkəməsi bu məsələ ilə bağlı daha sonra qeyd etdi ki, ərizəçinin yaşını nəzərə alsaq, bu akt ən azı nəzəri cəhətdən "uşaq pornoqrafiyasına cəhd göstərmə" (försök till barnpornografibrott) cinayətidir. Lakin ögey ataya qarşı belə ittiham irəli sürülmədiyi üçün həmin cinayətə görə onun məsuliyyət daşıyıb-daşımadığını Apellyasiya Məhkəməsi araşdıra bilməz. Yekun olaraq, məhkəmə ögey atanın hərəkətinin son dərəcə qınanmalı davranış olduğu qənaətinə gəlsə də, ona bəraət verildi, ərizəçinin ziyana görə kompensasiya tələbi isə rədd edildi.
25. 2003-cü il yayın sonunda baş vermiş insidentə gəlincə, Apellyasiya Məhkəməsi bunu sübuta yetirilmiş hesab etdi ki, ögey ata ərizəçiyə gizli şəkildə baxmaq istəyib. Beləliklə, məhkəmə bu hərəkəti qınanmalı davranış hesab etsə də, ögey ata bu hadisə zamanı ərizəçinin onu görməsini istəmirdi.
26. 12 dekabr 2007-ci ildə Ali Məhkəmə (Högsta domstolen) bu qərardan şikayət təqdim edilməsinə icazə verməkdən imtina etdi.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Seksual təqib
27. Seksual təqib cinayəti (və uşaq pornoqrafiyası; aşağıya bax) dövlət ittihamının tətbiq dairəsinə düşür və dövlət ittihamı çərçivəsində obyektivlik prinsipi tətbiq edilir, həmin prinsipə əsasən, prokuror məhkum edilmə üçün yetərincə şərtlərin mövcud olmadığını hesab edərsə, cinayət təqibi həyata keçirilməməlidir. Seksual təqib haqqında maddə Cinayət Məcəlləsində (Brottsbalken, 1962:700) öz əksini tapıb, 1 aprel 2005-ci ilədək həmin Məcəllədə bunlar nəzərdə tutulmuşdu:
Cinsi cinayətlər haqqında 6-cı fəsil, maddə 7
"1) Şəxs bu Fəslin əvvəlki hissələrində göstərilənlərdən fərqli şəkildə seksual tərzdə yaşı on beşdən aşağı olan uşağa toxunarsa, yaxud uşağı seksual hərəkətlər etməyə və ya seksual aktda iştirak etməyə sövq edərsə, seksual təqibə görə cərimə və ya maksimum iki ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunur.
2) Seksual təqibə görə cəza o şəxs barəsində təyin olunur ki, həmin şəxs məcburetmə, şirnikləndirmə və ya digər hüquqa zidd təsir vasitəsilə on beş yaşına çatmış, amma on səkkiz yaşı olmayan şəxsi seksual hərəkətləri özündə ehtiva edən akta cəhd etməyə və ya həmin aktda iştirak etməyə sövq edir (əgər həmin akt pornoqrafik şəkillərin istehsalının bir elementidirsə və ya şəklin istehsalına aid olmayan bir şəraitdə pornoqrafik poza təşkil edirsə).
3) Bu müddəalar həmçinin şəxsin digər şəxsə qarşı təhqiramiz sayıla biləcək tərzdə davrandığı, yaxud sözlə və ya hərəkətlə ədəb qaydalarını kobud şəkildə pozmaqla digər formada özünü nalayiq apardığı hallara şamil olunur".
28. 1 aprel 2005-ci ildə bu maddənin müddəaları 6-cı fəslin 10-cu maddəsinin tərkibinə daxil edildi və aşağıdakı şəkli aldı:
"1) Bu Fəslin əvvəlki hissələrində göstərilənlərdən fərqli şəkildə seksual tərzdə yaşı on beşdən aşağı olan uşağa toxunan, yaxud uşağı seksual hərəkətlər etməyə və ya seksual aktda iştirak etməyə sövq edən şəxs seksual təqibə görə cərimə və ya maksimum iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
2) Bu müddəalar həmçinin şəxsin digər şəxsə qarşı təhqiramiz tərzdə davrandığı, yaxud sözlə və ya hərəkətlə ədəb qaydalarını kobud şəkildə pozmaqla digər formada özünü nalayiq apardığı və beləliklə həmin şəxsin cinsi toxunulmazlığına xələl gətirə biləcəyi hallara şamil olunur".
29. Qeyd etmək lazımdır ki, seksual təqib aktı tamamlanmamış qaldıqda, məsələn, belə cinayətə yalnız cəhd etmə və ya hazırlaşma baş verdikdə şəxs məsuliyyətə cəlb oluna bilməz (əks hallar üçün bax: Cinayət Məcəlləsi, 23-cü fəsil, maddə 1)
30. Sonradan bu maddənin tərtibi üzrə hazırlıq işləri zamanı bildirilmiş fikirlər əsasında Cinsi cinayətlər üzrə 2008-ci il komissiyası aşağıdakıları bəyan etdi:
"Bizim rəyimizə görə, ... tamamilə aydındır ki, seksual təqib haqqında maddənin ikinci bəndi həmçinin huşsuz və yatmış vəziyyətdə olan şəxslərə qarşı yönələn hərəkətləri də özündə ehtiva etməlidir. Buna görə də həmin bənd şəxsi həyatın toxunulmazlığına qarşı cinayətlər kateqoriyasına deyil, cinsi cinayətlər kateqoriyasına aiddir. Seksual təqib cinayətinin necə tövsif edilməsini müəyyənləşdirmək üçün bu mülahizədən başlanğıc nöqtəsi kimi istifadə etsək, o halda şəxsin digər şəxs tərəfindən seksual müdaxilə təşkil edən formada gizli şəkildə videolentə alındığı və ya fotoşəklinin çəkildiyi situasiyaları da seksual təqib kimi qiymətləndirmək olar".
B. Uşaq pornoqrafiyasına cəhd etmə
31. Cinayət Məcəlləsinin müvafiq müddəalarında deyilir:
İctimai qayda əleyhinə cinayətlər haqqında 16-cı fəsil, maddə 10a
"1) uşağın pornoqrafik formada şəkilini çəkən;
2) uşağın bu cür şəklini yayan, ötürən, istifadəsinə icazə verən, nümayiş etdirən və ya hər hansı digər formada başqa şəxsin ixtiyarına verən;
3) uşağın bu cür şəklini əldə edən və ya təklif edən;
4) uşağın bu cür şəkillərinin alıcısı və satıcısı arasında əlaqə yaradan və ya bu cür şəkillərin istifadəsinə şərait yaratmaq üçün hər hansı buna bənzər hərəkətlər edən;
5) uşağın bu cür şəklini saxlayan şəxs
– uşaq pornoqrafiyası cinayətinə görə maksimum iki il müddətinə azadlıqdan məhrumetmə ilə, yaxud həmin əməl az əhəmiyyətli cinayətdirsə, cərimə və ya maksimum altı ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Uşaq dedikdə hələ cinsi yetkinliyə çatmayan, yaxud yaşı 18-dən aşağı olan şəxs nəzərdə tutulur. Şəxs cinsi yetkinliyə çatıbsa, yuxarıda 2-5-ci bəndlərdə göstərilən əməllərin törədilməsinə görə məsuliyyət yalnız o halda tətbiq edilə bilər ki, təsvir olunan şəxsin yaşının on səkkizdən az olması şəkildən və ya onunla bağlı hallardan bəlli olsun.
..."
32. 2011-ci il yanvarın 1-dək bu maddənin ikinci hissəsi belə idi:
"Uşaq dedikdə hələ cinsi yetkinliyə çatmayan, yaxud yaşının on səkkizdən az olması şəkildən və ya onunla bağlı hallardan bəlli olan şəxs nəzərdə tutulur..."
33. "Pornoqrafik şəkil" termininə qanunun mətnində anlayış verilməyib. Bu maddənin tərtibi üzrə hazırlıq işləri zamanı bildirilmişdi ki, pornoqrafik cinayətlər barədə maddənin müddəaları təkcə rəsmləri deyil, həm də bütün növ şəkilləri, o cümlədən nəşrlərdəki şəkilləri, habelə fotoşəkilləri və teleyayım və videoçəkiliş vasitələri ilə yayımlanan pornoqrafik filmləri və görüntüləri özündə ehtiva edir (Governmental Bill 1978/79:179 p. 9). Bundan başqa, həmçinin deyilmişdi ki:
"Müəyyən diqqətlilik tələb olunur ki, cinayət sayılan əməllərin dairəsi həddən artıq genişləndirilmiş olmasın və ya onların qiymətləndirilməsi çətinləşdirilməsin. Hər bir çılpaq uşaq şəklinin və ya uşağın cinsiyyət üzvlərinin təsviri kimi qəbul edilə biləcək bütün şəkillərin nümayişini, hətta belə şəkillər bəzi insanların cinsi instinktlərini oyatsa belə, cinayət əməli saymaq niyyətimiz yoxdur. Şəklin qanunsuz hesab edilməsi üçün adi qavrayışa və ümumi dəyərlərə əsasən onun pornoqrafik olması şərtdir".
34. Qanunvericiliyə yenidən baxıldıqdan (qanun 2010:1357) və nəticədə, yuxarıda qeyd edildiyi kimi, 16-cı fəsildə 10a maddəsinin ikinci hissəsinə 1 yanvar 2011-ci ildə dəyişiklik edildikdən sonra, digər məsələlərlə yanaşı, anlayışla bağlı aşağıdakılar bəyan edildi (İsveç Hökumətinin rəsmi məlumat bülleteni, SOU 2007:54 p. 77):
"Şəkil o halda pornoqrafik sayıla bilər ki, elmi və ya incəsənət baxımından hər hansı dəyərə malik olmasın və kobud və şirnikləndirici formada seksual motivi nümayiş etdirmiş olsun (qanun 1970:125 p 79 et seq.). Təkcə uşaqların cəlb olunduğu açıq-aydın seksual məna kəsb edən şəkillər deyil, həm də uşaqların bir və ya bir neçə yetkin yaşlı şəxslə bu cür hərəkətləri etdiyini göstərən şəkillər uşaq pornoqrafiyası cinayətləri barəsindəki maddənin tətbiq dairəsinə düşür. Şəkildə uşaq seksual instinktləri oyadan tərzdə göstərilibsə və şəkil çəkilərkən uşaq seksual hərəkətlərdə iştirak etmirsə, bu əmələ cinayət qanunvericiliyi tətbiq edilə bilər. Şəkil müxtəlif üsullarla çəkilə bilər, o cümlədən real uşağın videosu, fotosu və ya təsviri çəkilə bilər. Müxtəlif üsullardan istifadə etməklə az və ya çox dərəcədə sənət əsəri olan şəkillər də yaradıla bilər. Cinayət məsuliyyətinin yaranması üçün şəkildəkinin real uşaq olması vacib deyil; uydurma uşaqların şəkilləri də bu sıraya daxildir".
35. Konkret olaraq bu cinayətə cəhd etməyə gəlincə, Cinayət Məcəlləsində deyilir:
16-cı fəsil, maddə 17
"Qiyam hazırlayan və onu həyata keçirmək üçün sövdələşməyə girən şəxs ... 23-cü fəslin müddəalarına uyğun olaraq məhkum edilir. Eyni qayda həmçinin ... 10a maddəsinin birinci bəndində qeyd edilən uşaq pornoqrafiyası cinayətinə cəhd etməyə də şamil olunur..."
23-cü fəsil, maddə 1
"Cinayət törətməyə başlayan, amma onu başa çatdırmayan şəxs, əgər edilmiş hərəkətlər cinayətin başa çatdırılması təhlükəsini yaradıbsa və ya bu cür təhlükə təsadüfi hallar ucbatından aradan qalxıbsa, bu məqsəd üçün qanunda xüsusi müddəaların mövcud olduğu hallarda cinayət törətməyə cəhd etməyə görə məhkum olunur.
Cinayətə cəhdə görə cəza başa çatdırılmış cinayətə tətbiq edilən cəzadan ağır olmamalı və əgər başa çatdırılmış cinayətə görə cəza iki il və ya daha artıq müddətə azadlıqdan məhrumetmədirsə, o halda həmin cəza ən azından azadlıqdan məhrum etmə cəzası olmalıdır".
C. Digər müvafiq qanunvericilik normaları
36. Məhkəmə prosedurları məcəlləsinin (Rättegångsbalken 1942:740) bu işə aidiyyəti olan hissəsində deyilir:
17-ci fəsil, maddə 3
"Məhkəmə qərarı prosesdəki tərəfin hüquqa uyğun olaraq tələb etdiyindən savayı başqa bir məsələ barəsində qəbul edilməməli və ya tələb etdiyindən artıq məsələləri əhatə etməməlidir; məhkəmə qərarı tərəfin iddiasının əsası qismində irəli sürdüyü hallardan savayı başqa hallara əsaslanmamalıdır".
22-ci fəsil, maddə 7
"Cinayət nəticəsində xüsusi icraat qaydasında qaldırılan mülki iddia cinayət ittihamlı ilə birlikdə irəli sürüldükdə və ittihamda göstərilən cinayətin cəzalandırılmalı olmadığı müəyyən edildikdə, buna baxmayaraq mülki iddiaya baxıla bilər".
29-cu fəsil, maddə 6
"... Xüsusi icraat qaydasında qaldırılan mülki iş cinayət işi ilə bir icraatda birləşdirilibsə və məhkəmə cinayətin cəzalandırılmalı olduğu barədə qərar çıxarıbsa, o halda mülki işə hökmən baxılmalıdır".
30-cu fəsil, maddə 3
"Məhkəmə qərarı yalnız barəsində hüquqa uyğun olaraq ittiham irəli sürülmüş əmələ və ya qanunla məhkəmənin cinayət işləri üzrə yurisdiksiyasına aid edilən məsələyə aid ola bilər. Tələbdə göstərilmiş cinayət əməlinin hüquqi tövsifi və ya qanunun tətbiq edilə bilən müddəaları məhkəmə üçün məcburi xarakter daşımır".
37. Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun bu işə aidiyyəti olan hissəsində deyilir:
2-ci fəsil, maddə 1
"Hər hansı şəxs bilərəkdən və ya ehtiyatsızlıqdan digər şəxsə zərər yetirərsə və mülkiyyətinə ziyan vurarsa, yetirdiyi zərəri və ya vurduğu ziyanı kompensasiya etməlidir".
2-ci fəsil, maddə 3
"Hər hansı şəxs digər şəxsə, yaxud onun azadlığına, dincliyinə və ya ləyaqətinə qarşı təcavüzü özündə ehtiva edən cinayət törətməklə onun hüquqlarını ciddi şəkildə pozarsa, pozuntunun vurduğu ziyanı kompensasiya etməlidir".
D. Gizli çəkiliş aparma ilə bağlı ölkədaxili praktika
38. Özü ilə sevgilisi arasındakı cinsi əlaqəni gizli şəkildə videolentə almış və sonradan həmin videonu bir neçə şəxsə göstərmiş şəxs barəsində 16 oktyabr 1992-ci il tarixli qərarında (NJA 1992 p. 594) Ali Məhkəmə bildirdi ki, digər şəxsin razılığı olmadan onun videoçəkilişini aparmaq İsveç qanunvericiliyinə əsasən qadağan olunmur. Məhkəmə daha sonra bildirdi ki, bu mülahizə hətta sözügedən hərəkətin müvafiq fərdin şəxsi həyatının toxunulmazlığını ciddi şəkildə pozduğu hallara da aiddir. Bəzi müstəsna hallar istisna olmaqla, bu cür hallarda yalnız Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 1-ci fəslinin 3-cü maddəsi (Qanunun indiki versiyasında 2-ci fəslin 3-cü maddəsi) ilə birlikdə götürülməklə cinayət qanunvericiliyinin diffamasiya barəsindəki müddəalarında nəzərdə tutulan müdafiə tətbiq edilir. Ali Məhkəmə bu qənaətə gəldi ki, təqsirləndirilən şəxs videonu başqalarına göstərməklə diffamasiya əməlini törədib.
39. Sevgilisini yatmış halda gizlicə videoya çəkən və bu zaman masturbasiya edən kişi ilə bağlı Ali Məhkəmənin sonrakı qərarı (NJA 1996, p. 418) 27 iyun 1996-cı ildə çıxarılmışdı. Rayon məhkəməsi müəyyən etmişdi ki, onun hərəkətləri, digər əməllərlə yanaşı, seksual təqib təşkil edir, amma Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu cinayət üzrə ona bəraət vermişdilər. Ali Məhkəmə qərarında bildirdi ki, özlüyündə ayrıca akt qismində şəxsin razılığını almadan videoçəkiliş aparmağa İsveç qanunvericiliyində ümumi qadağa qoyulmayıb.
40. Ali Məhkəmənin 23 oktyabr 2008-ci il tarixli digər bir qərarı (NJA 2008 p. 946), digər məsələlərlə yanaşı, keçmiş sevgilisini başqa bir kişi ilə intim vəziyyətdə gizlicə videolentlə almış və sonradan videonu təsviredici yazılarla birlikdə elektron poçtla başqalarına göndərmiş şəxs barəsində idi. Apellyasiya Məhkəməsi bu videoçəkilişin seksual təqib təşkil etdiyini, elektron poçtla göndərilən bəzi kadrların isə diffamasiya təşkil etdiyini müəyyən etdi və həmin şəxsin keçmiş sevgilisinə şəxsi həyatının toxunulmazlığının pozulmasına görə kompensasiya təyin etdi. Ali Məhkəmə seksual təqib barəsindəki ittihamla əlaqədar çıxaırlmış qərardan şikayət verilməsinə icazə verdi. Ali Məhkəmə həmin şəxsə seksual təqib cinayəti üzrə bəraət verdi və eyni zamanda təkrarən bildirdi ki, İsveç qanunvericiliyində gizli çəkiliş aparılmasına qarşı ümumi qadağa yoxdur. Məhkəmə həmçinin qeyd etdi ki, gizli çəkilişin cinayət əməli təşkil etmədiyi hallarda heç bir kompensasiya təyin oluna bilməz. Bu məsələ ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinə ehtiyac olduğu artıq 1960-cı illərdə İsveç qanunvericiliyi üzərində iş aparılarkən etiraf edilsə də, məhkəmə onu da qeyd etdi ki, indiyədək konkret nəticə əldə edilməyib. Məhkəmə onda belə bir ciddi sual yarandığını bildirdi ki, müvafiq fərdin şəxsi həyatının toxunulmazlığını ciddi şəkildə pozan şəraitdə videoçəkiliş aparılmasının İsveç qanunvericiliyində tamamilə cəzasız qalması Konvensiyanın 8-ci maddəsinin tələblərinə necə uyğun ola bilər? Bu rəyindən çıxış edərək məhkəmə daha sonra bildirdi ki, bu hala tətbiq edilə bilməyən daxili qanunvericilik normalarını Konvensiyaya uyğun tərzdə şərh etməklə cəza təyin etmək qanuni olarmı? Bu məsələ ilə bağlı məhkəmə Konvensiya pozuntularının kompensasiyasına dair ölkədaxili presedent hüququna istinad etdi. Bununla belə, məhkəmə qeyd etdi ki, Konvensiyanın digər tələbi ondan ibarətdir ki, törədildiyi zaman qanun əsasında açıq-aydın cinayət təşkil etməyən əmələ görə heç kim cəzalandırılmamalıdır. Sözügedən çəkilişin qüvvədə olan cinayət qanunvericiliyi normasının tətbiq dairəsinə düşmədiyi müəyyən edildikdən sonra həmin əməl cəzasız qaldı və heç bir kompensasiya təyin olunmadı.
E. Gizli çəkiliş aparılması ilə bağlı son dövrlərin qanunvericilik işi
41. 2004-cü ildə Hökumət Şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komitəyə (Integritetsskyddskommittén) tapşırıq verdi ki, şəxsi həyatın toxunulmazlığının müdafiəsi üçün ümumi qanunvericilik normalarına ehtiyac olub-olmadığını araşdırsın (fərdi məlumatların qorunmasına, fərdlərə qarşı cinayətlərə və məlumatların məxfiliyinə dair qanunvericilik normalarından savayı). Bu arada Cinayət Məcəlləsinə yenidən baxıldı və 2005-ci ilin aprelində seksual təqib barəsindəki maddəyə seksual məqsədlər üçün gizli çəkiliş aparmanı əhatə edən dəyişiklik edildi (yuxarıda 28-30-cu bəndlərə bax).
42. 2008-ci ildə Şəxsi həyatın toxunulmazlığının müdafiəsi üzrə komitə Cinayət Məcəlləsinə qanunsuz fotoşəkil çəkmə barədə ümumi müddəanın daxil edilməsini təklif etdi və 2011-ci ilin yanvarında Ədliyyə Nazirliyi qanunsuz fotoşəkil çəkmə haqqında hesabat təqdim etdi (Ds 2011:1), orada təklif olunurdu ki, müəyyən situasiyalarda fotoşəkil çəkmə və videoçəkiliş aparma cinayət əməli sayılsın. 1 mart 2012-ci ildə Hökumət "Şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə" adlanan təklifin baxılmaq üçün Hüquq Şurasına (Lagrådet) göndərilməsi barədə sənədi təsdiq etdi. Sonuncu isə təklifi digər səbəblərlə yanaşı ona görə tənqid etdi ki, o, İsveç Konstitusiyasının tərkib hissəsini təşkil edən Mətbuat azadlığı haqqında Qanuna və İfadə azadlığı haqqında Fundamental Qanuna uyğun olaraq məlumatları dərc etmək məqsədi ilə əldə edənlərin müdafiəsindən ötrü təsbit olunmuş prinsiplər üçün mənfi nəticələr doğura bilər.
43. Nəticədə 20 dekabr 2012-ci ildə Hökumət şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmənin cinayət əməli sayılması barədə təklifin əhatə dairəsində dəyişiklikləri nəzərdə tutan yeni təklif qəbul etdi. Hüquq Şurası təklifin mahiyyətinə dair hər hansı şərh bildirmədi və 7 fevral 2013-cü ildə Hökumət 20 dekabr 2012-ci ildə Hüquq Şurasına göndərilmiş təklifə uyğun olaraq şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmənin cinayət əməli sayılması barədə qanun layihəsini İsveç parlamentinə təqdim etdi. Qanun (SFS 2013:366) 29 may 2013-cü ildə parlament tərəfindən qəbul edildi və 1 iyul 2013-cü ildə qüvvəyə mindi. O vaxtdan Cinayət Məcəlləsinin azadlıq və sülh əleyhinə cinayətlər haqqındakı 4-cü fəslinin 6a maddəsində aşağıdakılar nəzərdə tutulur:
"Evin içərisində və ya vanna otağında, soyunub-geyinmə otağında və ya digər bu kimi yerdə olan şəxsin şəklini texniki vasitələrin köməyi ilə qanunsuz olaraq gizlicə çəkən hər hansı şəxs şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkməyə görə cərimə ilə və ya maksimum iki il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu hərəkətə onun məqsədi ilə və digər hallarla haqq qazandırmaq olarsa, heç bir cinayət məsuliyyəti tətbiq edilmir.
Birinci bəndin müddəaları dövlət orqanındakı vəzifə borcunu yerinə yetirərkən texniki vasitələrin köməyi ilə hər hansı şəxsin şəklini çəkən şəxsə şamil olunmur.
Konkret desək, duş və ya vanna otağında şəxsin icazəsi olmadan gizlicə onun şəklini çəkmək şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə əməli kimi cəzalandırılır. Şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə cinayətini törətmək məqsədi ilə kameranı müəyyən yerə qoymaq və ya "işlək vəziyyətə gətirmək" də bu cür cinayəti törətməyə hazırlıq kimi cəzalandırılır.
F. Uşaq pornoqrafiyası cinayəti ilə bağlı ölkədaxili praktika
44. Yaşı on beşdən yuxarı, amma on səkkizdən aşağı olan müəyyən yeniyetmələrin fotoşəklinin çəkilməsi və ya videolentə alınması barəsindəki 25 fevral 2005-ci il tarixli qərarında (NJA 2005 p. 80) Ali Məhkəmə bildirdi ki, müvafiq şəxslər açıq-aydın cinsi yetkinliyə çatıblar və təkcə şəkillərdən və ya onların təqdimatından onların on səkkiz yaşa çatıb-çatmadıqlarını təyin etmək mümkün deyil. Onların yaşını şəkilləri müşayiət edən hər hansı mətndən və ya hər hansı digər hallar əsasında müəyyənləşdirmək də mümkün deyil. Belə olan halda, şəkillərin çəkilməsinə görə məsuliyyət daşıyan şəxsin müvafiq şəxslərin yaşından xəbərdar olub-olmamasından asılı olmayaraq, bu hərəkət uşaq pornoqrafiyası təşkil edən cinayət sayıla bilməz.
G. Konvensiya pozuntularına görə kompensasiya ilə bağlı ölkədaxili praktika və davamlı qanunvericilik işi
45. Digər müddəalarla yanaşı, cinayət prosesinin həddən artıq uzun sürməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin iddia edilən pozuntusundan doğan ziyanın kompensasiyası barədə fərd tərəfindən İsveç dövlətinə qarşı qaldırılmış iddia tələbləri barəsindəki 9 iyun 2005-ci il tarixli qərarında (NJA 2005 p. 462) Ali Məhkəmə bildirdi ki, iddiaçının bu maddədə nəzərdə tutulmuş hüququ pozulub. Bu qərarına əsaslanaraq və Konvensiyanın 6-cı və 13-cü maddələrinə və Avropa Məhkəməsinin həmin maddələr üzrə presedent hüququna, xüsusən Kudla Polşaya qarşı işə ([BP], ərizə № 30210/96, ECHR 2000‑XI) istinad edərək Ali Məhkəmə bu nəticəyə gəldi ki, iddiaçı hər hansı digər hüquqi müdafiə vasitəsinin olmaması ilə əlaqədar maddi ziyana görə bilavasitə mülki məsuliyyətə dair İsveç qanunvericiliyinə əsasən, mənəvi ziyana görə isə Konvensiyanın 13-cü maddəsinə əsasən dövlətdən kompensasiya almaq hüququna malikdir.
46. Həmçinin uzun müddət həbsdə saxlanılma ilə və Konvensiyanın 5-ci maddəsi ilə əlaqədar olaraq 4 may 2007-ci ildə (NJA 2007 p. 295), habelə Konvensiyanın 8-ci maddəsi ilə əlaqədar olaraq 21 sentyabr 2007-ci ildə (NJA 2007 p. 584) analoji qərarlar çıxarıldı.
47. Ali Məhkəmənin 29 oktyabr 2007-ci il tarixli qərarı (NJA 2007 p. 747) ziyanın kompensasiyası ilə bağlı özəl sığörta şirkətinə qarşı fərdin qaldırğdığı iddia barəsində idi. İddia tələbi iddiaçı barəsində məxfi müşahidənin həyata keçirilməsi ilə əlaqədar olaraq Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə bağlı idi. Ali Məhkəmə qeyd etdi ki, Konvensiya fərdlərin üzərinə öhdəliklər qoymur. Məhkəmə daha sonra bildirdi ki, hətta dövlət Konvensiya əsasında pozitiv öhdəliklər daşısa belə, hərəkətlərin nəticələrini öncədən görmə prinsipində təsbit olunan qanunun aliliyi kimi dəyəri nəzərə alsaq, fərd birbaşa Konvensiya əsasında digər bir fərdə kompensasiya ödəməyə məcbur edilə bilməz.
48. Konvensiyanın iddia edilən pozuntusu əsasında kompensasiya əldə etmək hüququ sonradan Ali Məhkəmə tərəfindən onun dekabr 2009-cu il (NJA 2009 N 70), iyun 2010-cu il (NJA 2010 p. 363) və aprel 2012-ci il (NJA 2012 p. 211) tarixli qərarlarında təsdiqləndi.
49. Bundan başqa, ədliyyə naziri Konvensiyanın pozuntularına görə fərdlərə kompensasiya təyin olunması ilə bağlı müxtəlif qərarlar qəbul etdi.
50. Nəhayət, 2009-cu ilin mayında Hökumət qanunvericiliyin cari durumunun araşdırılması üçün mülki hüquq pozuntularına və Konvensiya pozuntularına görə məsuliyyət üzrə komitə (en särskild utredare) təşkil etməyi qərara aldı. 2010-cu ilin dekabrında komitə hesabatını (Skadestånd och Europakonventionen, SOU 2010:87) Hökumətə təqdim etdi. O, Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanuna Konvensiya pozuntularının səbəb olduğu maddi və mənəvi ziyana görə fiziki və hüquqi şəxslərin dövlətdən və ya bələdiyyədən kompensasiya almasına imkan yaradan dəqiq müddəa daxil edilməsini təklif etdi. Kompensasiya üçün dövlət orqanlarına qarşı qaldırılan iddiaya ümumi məhəkəmlər tərəfindən baxılmalı idi və onlar ilk növbədə Konvensiyada nəzərdə tutulmuş hüququn pozulub-pozulmadığını müəyyənləşdirməli idilər. Təklifin məqsədi, artıq mövcud olan digər hüquqi müdafiə vasitələrinin tətbiqi ilə yanaşı, İsveçin Konvensiyanın 13-cü maddəsindən irəli gələn öhdəliklərini yerinə yetirməsini təmin etmək idi.
III. BEYNƏLXALQ KONVENSİYALAR
A. Uşaq hüquqları haqqında Birləşmiş Millətlər Təşkilatının 1989-cu il Konvensiyası
51. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyası beynəlxalq hüquqa əsasən iştirakçı dövlətlər üçün, o cümlədən Avropa Şurasına üzv olan bütün dövlətlər üçün məcburi qüvvəyə malikdir. Konvensiya İsveç tərəfindən 29 iyun 1990-cı ildə ratifikasiya olunub. Onun müvafiq maddələrində deyilir:
Maddə 19
1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər.
2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalanmış kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində məlumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə başlamaq üçün səmərəli prosedurlar daxil edilir".
Maddə 34
"İştirakçı dövlətlər uşağı seksual istismarın və seksual yola çəkmənin bütün formalarından müdafiə etməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıların qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər:
a) uşağın hər hansı qanunsuz seksual fəaliyyətə sövq və ya məcbur edilməsi;
b) istismar məqsədilə uşaqlardan fahişəlikdə və ya digər qanunsuz seksual praktikada istifadə edilməsi;
c) istismar məqsədilə uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda istifadə edilməsi".
B. Uşaqların seksual istismardan və seksual zorakılıqdan müdafiəsi haqqında Avropa Şurasının Konvensiyası
52. Bu konvensiyanın iştirakçısı olan dövlətlər uşaqlara qarşı seksual istismarın və seksual zorakılığın bütün formalarının qarşısını almaq üçün zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görməyə və bilərəkdən edilən müəyyən hərəkətləri, o cümlədən uşaq pornoqrafiyası ilə bağlı hüquq pozuntularını cinayət əməli saymağa borcludurlar. Konvensiya İsveç tərəfindən 25 oktyabr 2007-ci ildə imzalanıb və 1 iyul 2010-cu ildə qüvvəyə minib. İsveç Konvensiyanı 28 iyun 2013-cü ildə ratifikasiya edib. VI fəslin ("Maddi cinayət hüququ") müvafiq hissələrində deyilir:
Maddə 18 – Seksual zorakılıq
"1. Tərəflərin hər biri bilərəkdən törədilən aşağıdakı əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini təmin edən zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görür:
a. milli qanunvericiliyin müvafiq müddəalarına əsasən seksual xarakterli hərəkətlər etmək üçün qanunla nəzərdə tutulmuş yaşa çatmayan uşaqla seksual xarakterli hərəkətlər etmək;
b. aşağıdakı hallar mövcud olmaqla uşaqla seksual xarakterli hərəkətlər etmək:
- məcbur etmə, güc tətbiq etmə və ya hədələmə; yaxud
- qazanılmış etibardan, nüfuzdan və uşaq üzərində təsirdən sui-istifadə etmə (o cümlədən ailə daxilində); yaxud
- uşağın xüsusilə əlverişsiz vəziyyətindən, xüsusən əqli və ya fiziki imkanlarının məhdudluğu və ya asılı halda olması ucbatından bu cür vəziyyətə düşməsindən sui-istifadə etmə.
2. 1-ci bəndin məqsədləri üçün tərəflərin hər biri uşaqla seksual xarakterli hərəkətlər etmənin qadağan olunduğu yaş həddini müəyyən edir.
3. 1-ci maddənin "a" bəndinin müddəaları qarşılıqlı razılıq əsasında yetkinlik yaşına çatmayanlar arasında baş verən seksual xarakterli hərəkətlərə şamil olunmur.
Maddə 20 – Uşaq pornoqrafiyasına aid cinayətlər
"1. Tərəflərin hər biri bilərəkdən və hüquqa zidd olaraq törədilən aşağıdakı əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini təmin edən zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görür:
a. uşaq pornoqrafiyasını istehsal etmək;
b. uşaq pornoqrafiyasını təklif və ya təqdim etmək;
c. uşaq pornoqrafiyasını yaymaq və ya ötürmək;
d. uşaq pornoqrafiyasını özü üçün və ya başqa şəxs üçün almaq;
e. uşaq pornoqrafiyasını saxlamaq;
f. informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə bilərəkdən uşaq pornoqrafiyasına çıxış əldə etmək.
2. Bu maddənin məqsədləri üçün "uşaq pornoqrafiyası" termini real və ya modelləşdirilmiş açıq seksual hərəkətlər edən uşağı təsvir edən istənilən materialları, yaxud əsasən seksual məqsədlərlə uşağın cinsi orqanlarının istənilən təsvirini bildirir.
3. Tərəflərin hər biri aşağıdakı pornoqrafik materialların istehsalı və saxlanması ilə əlaqədar 1-ci bəndin "a" və "e" yarımbəndlərini bütünlüklə və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər:
- yalnız mövcud olmayan uşağın modelləşdirilmiş və ya real təsvirlərindın ibarət edən materialların;
- 18-ci maddənin 2-ci bəndində nəzərdə tutulan yaş həddinə çatmış uşağın iştirakını özündə ehtiva edən təsvirlərin (əgər belə təsvirlər uşaqların razılığı ilə və yalnız şəxsi istifadə üçün saxlanılırsa).
4. Tərəflərin hər biri 1-ci bəndin "f" yarımbəndini bütünlüklə və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər".
Maddə 21 – Uşağın pornoqrafik materiallarda iştirakına aid cinayətlər
"1. Tərəflərin hər biri bilərəkdən törədilən aşağıdakı əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini təmin edən zəruri qanunvericilik tədbirlərini və ya digər tədbirləri görür:
a. uşağı pornoqrafik materiallarda iştiraka cəlb etmə və ya belə materiallarda iştiraka sövq etmə;
b. uşağı pornoqrafik materiallarda iştiraka məcbur etmə, yaxud bundan mənfəət götürmə, yaxud da bu məqsədlər üçün uşağı digər formada istismar etmə;
c. uşaqların iştirak etdiyi pornoqrafik materiallarda bilərəkdən iştirak etmə.
2. Tərəflərin hər biri 1-ci bəndin "c" yarımbəndinin tətbiqini 1-ci bəndin "a" və ya "b" yarımbəndinə uyğun olaraq uşaqların iştiraka cəlb olunduğu və ya məcbur edildiyi hallarla məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.
..."
IV. MÜQAYİSƏLİ HÜQUQ
53. Məhkəmənin sərəncamında olan məlumatlardan, o cümlədən Avropa Şurasının üzvü olan otuz doqquz ölkə ilə bağlı araşdırmalardan belə məlum olur ki, uşaq pornoqrafiyası həmin dövlətlərin hamısında cinayət sayılır.
54. Ayrıca akt qismində seksual məqsədlər üçün gizli şəkildə (razılığını almadan) uşağın videoçəkilişini aparmaq, fotoşəklini və ya rəsmini çəkmək araşdırılmış dövlətlərin otuz üçündə (Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Krallıq və Ukraynada) ya uşaq pornoqrafiyası kimi cinayət sayılır, ya da hər hansı konkret cinayət əməli hesab olunur, üzv dövlətlərin qalan altısında (Azərbaycan, Danimarka, Fransa, keçmiş Yuqoslaviya respublikası Makedoniya, Monako və Litvada) isə yalnız pornoqrafik materialları yaymaq niyyəti sübut edildikdə şəxs məhkum edilə bilər. Sonuncu ölkələrin çoxunda sözügedən hərəkət Cinayət Məcəlləsinin cinsi cinayətlərə aid digər normaları əsasında qanunsuz sayıla bilər.
55. Ayrıca akt qismində qeyri-seksual məqsədlər üçün gizli şəkildə (razılığını almadan) şəxsin (uşağın və ya yetkinlik yaşına çatmış şəxsin) videoçəkilişini aparmaq, fotoşəkilini və ya rəsmini çəkmək araşdırılmış dövlətlərin iyirmi beşində (Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Danimarka, Finlandiya, Fransa, keçmiş Yuqoslaviya respublikası Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İtaliya, Litva, Lüksemburq, Monako, Monteneqro, Niderland, Polşa, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə və Ukraynada) cinayət əməli sayılır, yəni şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusu hesab olunur. Şəxsi həyatın toxunulmazlığına aid cinayətləri öz cinayət məcəllələrinə daxil etməyən qalan on dörd üzv dövlətdən on birində şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntularına qarşı mülki hüquqi müdafiə vasitələri nəzərdə tutulub. Araşdırılmış üzv dövlətlərin üçündə gizli şəkildə (razılığını almadan) şəxsin şəklini çəkməklə bağlı mülki iddia qaldırılması üçün mülki hüquqi prosedur da nəzərdə tutulmayıb.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ VƏ 13-CÜ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI
56. Ərizəçi şikayət etdi ki, İsveç dövləti 8-ci maddədə nəzərdə tutulmuş öhdəliyini, yəni 14 yaşında ikən onu çılpaq halda vanna otağında gizlicə videoya çəkməyə cəhd edərkən ögey atası tərəfindən şəxsi həyatının toxunulmazlığının pozulmasına qarşı hüquqi müdafiə vasitələri ilə onu təmin etmək öhdəliyini yerinə yetirməyib. O, həmçinin Konvensiyanın 13-cü maddəsinə istinad etdi.
57. Məhkəmə bir daha xatırladır ki, işdəki faktlara hüquqi xarakteristika verilməsində yetərincə təcrübəyə malikdir (misal üçün bax: Aksu Türkiyəyə qarşı [BP], ərizələr № 4149/04 və 41029/04, 43-cü bənd, ECHR 2012). Hazırkı işdə o, hesab edir ki, ərizəçinin şikayəti Konvensiyada nəzərdə tutulmuş hüquq və ya azadlığın milli səviyyədə həyata keçirilməsindən ötrü dövlət tərəfindən onun üçün təmin edilməli olan hüquqi müdafiə vasitələrinə aid deyil, yalnız ögey atasına qarşı onun üçün təmin edilməli olan hüquqi müdafiə vasitələrinə aiddir. Buna görə də şikayət təkcə Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılmalıdır, həmin maddədə aşağıdakılar nəzərdə tutulur:
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
A. Palatanın qərarı
58. 21 iyun 2012-ci il tarixli qərarında Palata da hesab etdi ki, şikayət təkcə Konvensiyanın 8-ci maddəsi üzrə araşdırılmalıdır. O, razılaşdı ki, İsveç qanunvericiliyində gizli videoçəkiliş aparma barəsində heç bir müddəa olmasa da, qüvvədə olan qanunlar ən azından nəzərə cəhətdən bu işdəki hərəkətləri əhatə edirdi. O, qeyd etdi ki, ögey atanı ittiham edərkən dövlət ittihamçısı və 14 fevral 2006-cı ildə onu məhkum edərkən rayon məhkəməsi hesab etdilər ki, barəsində şikayət edilən hərəkətə seksual təqib haqqında norma tətbiq edilə bilər. Müvafiq olaraq, baxmayaraq ki, həmin vaxt İsveçin presedent hüququnda (bax: NJA 1996 p. 418) analoji qərara rast gəlmək olardı, yalnız Apellyasiya Məhkəməsi qərarını çıxardıqdan sonra aydın oldu ki, ögey ata ərizəçinin özünün videolentə alınmasından xəbər tutması niyyətində olmadığına görə bu hərəkət hüquqi cəhətdən seksual təqib təşkil etmir. Palata həmçinin xatırlatdı ki, Apellyasiya Məhkəməsi seksual təqib məsələsində ögey ataya bəraət verdiyi qərarında qeyd edib ki, ən azı nəzəri cəhətdən onun hərəkətləri Cinayət Məcəlləsində nəzərdə tutulmuş uşaq pornoqrafiyasına cəhd təşkil edib. Lakin ittiham tərəfi ögey ataya qarşı belə ittiham irəli sürmədiyinə görə Apellyasiya Məhkəməsi onun həmin cinayətə görə məsuliyyət daşıyıb-daşımadığını araşdıra bilməzdi. Nəhayət, Palata qeyd etdi ki, ərizəçinin ixtiyarında mülki hüquqi müdafiə vasitələri vardı və vəkillə təmsil olunmuş ərizəçi ziyanla bağlı iddia tələbi üzrə icraatı cinayət işinin icraatı ilə birləşdirmək seçimini etmişdi. Belə olan halda Palata bu nəticəyə gəldi ki, İsveçin qanunvericiliyində və praktikasında o dərəcədə əhəmiyyətli boşluq yoxdur ki, İsveçin 8-ci maddə üzrə öhdəliklərinin pozulmasına bərabər sayıla bilsin.
B. Tərəflərin arqumentləri
1. Ərizəçi
59. Ərizəçi iddia etdi ki, İsveçin hüquq sistemində ögey atasının konkret hərəkətlərindən onu müdafiə etmək üçün hər hansı hüquqi müdafiə vasitəsi nəzərdə tutulmayıb.
60. Birincisi, seksual təqib barəsindəki maddəyə gəlincə, ittiham hökmünün çıxarılması üçün tələb olunurdu ki, ögey ata ərizəçinin videoya çəkilməsindən xəbər tutması niyyətində olsun, burada məntiq ondan ibarətdir ki, şəxs seksual təqibdən xəbərdar deyilsə, həmin təqibə məruz qalmış sayıla bilməz. Müvafiq olaraq, ərizəçinin rəyinə görə, ögey atası həmin maddənin bu cür şərhi əsasında seksual təqib itthamı üzrə bəraət alıb. O, elə şərh edilə bilərdi və edilməli idi ki, əməlin törədildiyi anda ərizəçinin videoçəkilişdən xəbərdar olub-olmamasından asılı olmayaraq bu hərəkət cinayət sayılsın. Müvafiq olaraq, ərizəçi hesab etdi ki, seksual təqib barədə maddənin şərhi tənqidə layiq idi, xüsusən ona görə ki, sözügedən hərəkətə cinayət hüququnun digər normaları şamil olunmurdu.
61. İkincisi, ərizəçi, digər məsələlərlə yanaşı, uşaq pornoqrafiyası haqqında maddənin tərtibi üzrə hazırlıq işlərinə və profesor Madlen Leyonhufvudun (Madeleine Leijonhufvud) hüquqi rəyinə istinadən iddia etdi ki, ögey atası uşaq pornoqrafiyasına cəhd etmə maddəsinə görə də məhkum edilə bilməzdi, çünki onun hərəkəti həmin maddənin əsas tələbinə, yəni görüntülərin pornoqrafik xarakter daşıması tələbinə uyğun deyildi. Hazırkı işdə adi gündəlik situasiyada duş qəbul etməzdən əvvəl soyunan on dörd yaşlı qızın görüntüləri Cinayət Məcəlləsinin 16-cı fəslinin uşaq pornoqrafiyasına aid olan 10a maddəsində nəzərdə tutulan mənada pornoqrafik sayıla bilməzdi. Videokadrların pornoqrafik olması üçün ögey ata kadrlarla manipulyasiya etməli, o cümlədən ərizəçinin ona lazım olan pozanı alması barədə niyyətini ortaya qoymalı, yaxud kadrları hər hansı digər formada pornoqrafik kontekstdə təqdim etməli idi. İş daxili məhkəmələrin icraatında olarkən ögey atanın videokadrlarla nə edəcəyi barədə ehtimallar yürütmək mümkün deyildi, çünki onlar məhv edilmişdi. Ərizəçinin rəyinə görə, bu səbəbdən ittiham aktında ittihamçının uşaq pornoqrafiyası cinayətini göstərməməsi və ya həmin akta əlavə etməməsi başa düşülən idi, çünki bu ittihamın heç bir uğur perspektivi yox idi.
62. Yuxarıda qeyd edilən səbəblərdən ərizəçi cinayətləri təqib etmək və ya Məhkəmə prosedurları məcəlləsinin 22-ci fəsli əsasında ziyanın kompenasiyasına nail olmaqda ona yardım göstərmək vəzifəsini yerinə yetirməməkdə ittiham tərəfini prosessual əsaslara görə tənqid etmədi. Əksinə, o, bu qənaətə gəldi ki, hazırkı işdə qanunverici orqan və milli məhkəmələr müvafiq pozitiv öhdəliklərini yerinə yetirməyiblər, belə ki, qanunverici orqan qanunvericilikdəki boşluğa görə, məhkəmələr isə ərizəçiyə ziyanın kompensasiyasını təyin etmədiklərinə görə cavabdehlik daşıyırlar.
63. Qanunverici orqana gəlincə, ərizəçi qeyd etdi ki, şəkli çəkilən insanın şəxsi həyatının toxunulmazlığının mühüm aspektlərini pozan bir situasiyada azyaşlının sadəcə olaraq videolentə alınması və ya şəklinin çəkilməsi o halda cinayət əməli deyil ki, görüntülər adi qavrayışa və ümumi dəyərlərə əsasən obyektiv olaraq pornoqrafik sayılmasın. Yetkinlik yaşına çatmış şəxslərə gəlincə, onlar üçün bu cür müdafiə ümumiyyətlə mövcud deyil. Ərizəçi hesab etdi ki, gizli və ya qanunsuz çəkiliş aparmanın uzun illər cinayət əməli sayılmaması 8-ci maddənin pozuntusuna bərabərdir. O, qeyd etdi ki, bu sahədə müdafiənin zəif olduğu məlum idi və 1966-cı ildən bəri müzakirə olunurdu. Onun rəyinə görə, bu çatışmazlığı qanunvericilikdə "əhəmiyyətli" və ya "yetərincə əhəmiyyətli olmayan" çatışmazlıq kimi "kəmiyyətcə qiymətləndirmək" bu işin 8-ci maddə üzrə araşdırılmasının məqsədləri üçün yetərli deyildi. Bu mülahizə bu qənaətə gəlmək üçün kifayətdir ki, İsveçin hüquq sistemində şəxsi həyatın toxunulmazlığı hüququnun müdafiəsi yetərli səviyyədə olmayıb (və indi də belədir) və ərizəçi bu çatışmazlığın qurbanıdır. Ərizəçi qeyd etdi ki, gizli çəkiliş aparma ilə bağlı qanunvericilik təklifi ərizəçinin işi barədə Hökumətə məlumat verildikdən sonra irəli sürülüb və belə görünür ki, xüsusən işin Böyük Palatanın icraatına verilməsi barədə onun vəsatəti Böyük Palata tərəfindən təmin edildikdən sonra davamlı qanunvericilik təşəbbüsləri sayəsində kifayət qədər irəliləyişə nail olunub ki, bu da bu sahədə qanunvericilik vasitəsilə müdafiəyə təcili ehtiyac olduğunu göstərir.
64. Nəhayət, daxili məhkəmələrdəki cinayət prosesinin nəticəsinə istinadən ərizəçi iddia etdi ki, İsveçin hüquq sistemi onu ögey atasının hərəkətlərindən qoruyacaq mülki hüquqi müdafiə vasitəsi ilə təmin etməyib. O, bildirdi ki, ögey atasının bəraət almasına baxmayaraq, məhkəmələr Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanuna və ya təkcə Konvensiyaya əsasən ərizəçiyə kompensasiya təyin edə bilərdilər. O, qeyd etdi ki, daxili məhkəmələr hüquqi məsələlərin tövsifində yetərincə təcrübəyə malikdirlər və buna görə də tərəflərin hər hansı hüquq normalarına istinad etmələrinə ümumiyyətlə ehtiyac yox idi. Bundan başqa, cinayət nəticəsində xüsusi ittiham qaydasında iddia tələbi irəli sürüldüyünə və Cinayət Prosessual Məcəlləsinin 22-ci fəslinin 7-ci maddəsi tətbiq edildiyinə görə məhkəmələr, hətta cinayət əməlinin cəzalandırılmalı olmadığı qənaətinə gəldikdə belə, iddia tələbi üzrə qərar çıxarmağa borclu idilər. Müvafiq olaraq, ərizəçinin rəyinə görə, o, hər hansı konkret hüquq normasına istinad etməsə belə, daxili məhkəmələr öz təşəbbüsləri ilə onun iddia tələbi üzrə qərar çıxarmalı idilər.
2. Hökumət
65. Hökumət iddia etdi ki, hazırkı işdə İsveç 8-ci maddə üzrə pozitiv öhdəliyini yerinə yetirib. Sözügedən əməl İsveçin cinayət qanunvericiliyinin, yəni seksual təqibə və uşaq pornoqrafiyası cinayətinə aid müddəaların tətbiq dairəsinə düşürdü və belə güman etməyə əsas verən heç bir element yox idi ki, ibtidai istintaq və cinayət təqibi səmərəli şəkildə aparılmayıb və ya hər hansı digər formada İsveçin qanunvericiliyinə və ya 8-ci maddəyə zidd şəkildə aparılıb. Ögey ata əməlinə görə cinayət təqibinə məruz qalmışdı, amma zəruri sübutlar olmadığına görə məhkum edilə bilməzdi. Bununla belə, bu işdə çəkindirici sanksiyalar mövcud idi və onların arxasında səmərəli hüquq-mühafizə mexanizmləri dayanırdı.
66. Hökumət ilk növbədə qeyd etdi ki, Məhkəmə dəfələrlə bildirib ki, hətta azyaşlının zorlanması kimi olduqca ağır cinayətlərə aid işlərdə belə, 8-ci maddə üzrə adekvat müdafiəni təmin etmək məsələsində dövlətlər geniş qiymətləndirmə sərbəstliyə malikdirlər (misal üçün bax: M.C. Bolqarıstana qarşı, ərizə № 39272/98, 154-cü bənd, ECHR 2003‑XII) və yalnız qanunvericilik və praktikadakı və onların tətbiqindəki mühüm boşluqlar İsveçin həmin maddə üzrə daşıdığı pozitiv öhdəliklərin pozuntusuna bərabər sayıla bilər.
67. Hazırkı işdə ögey ata Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndi üzrə seksual təqibdə ittiham olunmuşdu və həm rayon məhkəməsi, həm də Apellyasiya Məhkəməsi müəyyən etmişdilər ki, onun hərəkəti bu cinayət əməlini təşkil edən obyektiv meyarlara uyğun gəlir, amma sonuncu bu qənaətə gəlmişdi ki, həmin maddə üzrə cinayət məsuliyyəti üçün tələb olunan subyektiv elementi, yəni ögey atanın ərizəçinin videolentə alınmasından xəbər tutması niyyətində olduğunu sübut etmək mümkün deyil. Beləliklə, ona bəraət verilməsinin səbəbi müvafiq hərəkəti əhatə edən cinayət hüquq normasınnın olmaması deyil, ögey atada ittiham hökmü üçün zəruri olan niyyətin olduğunu və müvafiq olaraq, cinayət törədildiyini dövlət ittihamçısının sübut edə bilməməsi idi. Hökumət bu kontekstdə qeyd etdi ki, Konvensiya cinayət təqibinin məhkum edilmə ilə nəticələnməsinə təminat verilməsini tələb etmir (misal üşün bax: Öneryıldız Türkiyəyə qarşı, [BP], ərizə № 48939/99, 147-ci bənd, ECHR 2004‑XII).
68. Hökumət qeyd etdi ki, seksual təqib barəsindəki müddəalara 1 aprel 2005-ci ildə dəyişiklik edilib və onlar Cinayət Məcəlləsinin 6-cı fəslinin 10-cu maddəsinə daxil edilib. Yeni mətnə əsasən, cinayət məsuliyyəti üçün mühüm amil ondan ibarətdir ki, hərəkət "şəxsin cinsi toxunulmazlığını poza biləcək tərzdə" törədilməlidir. Cinsi cinayətlər üzrə 2008-ci il komissiyasının dəyişklik edilmiş maddə barəsində bildirdiyi fikirlərə istinadən Hökumət qeyd etdi ki, 1 aprel 2005-ci ildən sonra seksual təqib barəsindəki maddə həmçninin bu işdəkinə bənzər situasiyaları, yəni şəxsi həyatın toxunulmazlığına seksual xarakterli müdaxilə təşkil edən tərzdə gizli şəkildə digər şəxsin videoçəkilişinin aparılmasını və ya fotoşəklinin çəkilməsini də əhatə edirdi.
69. Apellyasiya Məhkəməsi 16 oktyabr 2007-ci il tarixli qərarında bildirdi ki, bu hərəkət ən azı nəzəri cəhətdən uşaq pornoqrasiyasına cəhd etmə cinayəti təşkil edir. Həm seksual təqib, həm də uşaq pornoqrasiyası obyektvlik prinsipinin tətbiqini nəzərdə tutan dövlət ittihamının tətbiq dairəsinə düşürdü, həmin prinsipə əsasən, prokuror ittiham hökmü üçün şərtlərin olmadığını hesab edərsə, cinayət təqibi həyata keçirilmir. Hazırkı işdə ögey atanın nə üçün uşaq pornoqrasiyasına cəhd etmədə də ittiham olunmadığını göstərən heç bir sənəd yoxdur. Buna görə də Hökumət prokurorun ittiham aktına nəyə görə yalnız seksual təqib cinayətini daxil etməyi qərara almasının konkret səbəbləri ilə bağlı hər hansı nəticə çıxara bilməz. Uşaq pornoqrafiyası ilə bağlı cinayət təqibinin həyata keçirilməməsinin bir neçə səbəbi ola bilərdi.
70. Bunun bir səbəbi ondan ibarət ola bilərdi ki, bu cür cinayətin baş verməsi üçün zəruri şərtlər, prokurorun rəyinə görə, mövcud deyildi. Buna misal olaraq belə bir meyarı göstərmək olar ki, görüntülər adi qavrayış əsasında "pornoqrafik" sayılmalı idi. Bu o deməkdir ki, heç də bütün çılpaq uşaq təsvirləri və ya uşağın cinsi orqanlarını göstərən şəkillər, hətta onlar bəzi şəxslərdə cinsi ehtiras oyatsa belə, cəzaya səbəb ola bilməz. Şəkildə əks olunanlar və uşağın şəkildə necə təqdim edilməsi, o cümlədən təsvirlərin şəkildən kəsilib götürülmüş olması bu qiymətləndirmə üçün əhəmiyyət kəsb edir.
71. İkincisi, həmin vaxt sözügedən maddənin mətnində uşağın cinsi yetkinliyinin başa çatmaması, yaxud əgər başa çatıbsa, təsvirlərdən (görüntülərdən) və orada əks olunmuş şəraitdən uşağın yaşının 18-dən az olmasının açıq-aydın bəlli olması barədə tələbin yer alması ittiham tərəfində bu cinayətə görə məhkum olunmanın təmin ediləcəyi ilə bağlı gözləntinin olmamasına şərait yarada bilərdi.
72. Üçüncüsü, ərizəçinin anasının 2002-ci ilin sentyabr insidentindən dərhal sonra videolenti məhv etməsi və 2004-cü ilin sentyabrınadək ərizəçi ilə anasının hadisə barədə polisə məlumat verməməsi və beləliklə də məlumat verilərkən insidentdən uzun müddət keçməsi görüntülərin "pornoqrafik" olduğunu və 2002-ci ilin sentyabrında hadisə baş verən zaman ərizəçinin cinsi yetkinliyinin başa çatmadığını və ya görüntülərdə əks olunmuş şəraitdən onun yaşının 18-dən az olmasının açıq-aydın bəlli olduğunu ittiham tərəfinin sübut etmək imkanlarını azalda bilərdi.
73. Ərizəçinin kompensasiya tələbinə gəlincə, Hökumət qeyd etdi ki, Məhkəmə prosedurları məcəlləsinin 29-cu fəslinin 6-cı maddəsinə əsasən bu cür iddia tələbi üzrə icraat cinayət işinin icraatı ilə birləşdirilirsə, cinayət məsuliyyəti barədə məhkəmənin gəldiyi nəticə xüsusi ittiham qaydasında qaldırılmış mülki iddia üçün də məcburi xarakter daşıyır. Müvafiq olaraq, Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 2-ci fəslinin 3-cü maddəsi əsasında Apellyasiya Məhkəməsinin kompensasiya təyin etməsi mümkün deyildi, çünki Cinayət Məcəlləsində nəzərdə tutulan mənada cinayət əməli törədilməmişdi. Bununla belə, Hökumətin rəyinə görə, vəkillə təmsil olunmuş ərizəçi cinayət prosesində ziyanın kompensasiyası üçün ögey atasına qarşı iddia tələbinin əsası qismində ögey atasının ittiham aktında göstərilmiş hərəkətini deyil, başqa əsası, konkret olaraq ögey atasının ona ehtiyatsızlıqdan zərər yetirməsi faktını göstərə bilərdi, Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 2-ci fəslinin 1-ci maddəsində nəzərdə tutulmuş bu əsas istənilən fiziki və ya psixoloji zərəri əhatə edirdi. Həmin maddəyə əsasən bilərəkdən və ya ehtiyatsızlıqdan törədilən qeyri-cinayət xarakterli hərəkətlərin səbəb olduğu zərərə görə də kompensasiya təyin oluna bilərdi.
74. Hökumət qeyd etdi ki, məhkəmələr yeganə əsas qismində Konvensiyanın 8-ci maddəsinə istinad etməklə ziyana görə kompensasiya təyin edə bilməzdilər. Bunun səbəbi ondan ibarət idi ki, baxmayaraq ki, Konvensiyanın müddəaları İsveç qanunvericiliyinə daxil edilmişdi və İsveç Ali Məhkəməsi dövlətin səbəb olduğu Konvensiya pozuntularından doğan ziyana görə fərdə İsveç qanunvericiliyinin konkret normalarına istinad edilmədən kompensasiya təyin edilməsinin mümkünlüyü prinsipini müəyyən etmişdi, Ali Məhkəmənin baxdığı bir işdə çıxadığı qərara (NJA 2007, p. 747) əsasən bu prinsip fərdlər arasındakı iddia tələblərinə tətbiq edilə bilməzdi, çünki fərd Ali Məhkəmənin presedent hüququ əsasında öncədən müəyyən edə bilməzdi ki, hansı hallarda ziyana görə kompensasiya ödəməyə borcludur.
75. Nəhayət, gizli və qanunsuz çəkiliş aparma ilə bağlı indiyədək davamlı olaraq aparılan qanunvericilik işi "Şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə" adlanan təklifin 1 mart 2012-ci ildə Hökumət tərəfindən təsdiqlənməsi ilə nəticələnmişdi, 20 dekabr 2012-ci il tarixli təklif vasitəsilə dəyişikliklərə məruz qalan bu təklif 7 fevral 2013-cü ildə mahiyyət etibarı ilə Hüquq Şurası tərəfindən təsdiqlənmişdi. Konkret desək, duş və ya vanna otağında şəxsin icazəsi olmadan gizlicə onun şəklini çəkmək şəxsi həyata müdaxilə təşkil edən şəkil çəkmə əməli kimi cəzalandırılırdı. Şəxsi həyata müdaxilə təşkil edən şəkil çəkmə cinayətini törətmək məqsədi ilə kameranı müəyyən yerə qoymaq və ya "işlək vəziyyətə gətirmək" də bu cür cinayəti törətməyə hazırlıq kimi cəzalandırılırdı.
76. Yuxarıdakıları nəzərə alaraq, Hökumət iddia etdi ki, həmin dövrdə İsveç qanunvericiliyində gizli və ya qanunsuz çəkiliş aparma hərəkətləri barəsində konkret müddəanın olmaması ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət edilməsi hüququnun pozulmasına səbəb olan hal sayılmamalıdır.
3. Üçüncü tərəfin qeydləri
77. Gent Universitetinin İnsan Hüquqları Mərkəzi hesab etdi ki, Palatanın tətbiq etdiyi "əhəmiyyətli boşluq" meyarı pozitiv ölhəliklərlə bağlı Məhkəmənin praktikasında yer alan standartların səviyyəsini aşağı salmağa bərabərdir. Onun rəyinə görə, Böyük Palata bunun əvəzinə "hüquqların prioritetliyi" və "səmərililik" prinsiplərini təsbit etməlidir. Sonuncu prinsip tələb edir ki, mütənasiblik məsələsinin təhlili zamanı ictimai maraqlara nisbətən Konvensiya hüquqlarına prinsip etibarı ilə üstünlük verilməlidir və dövlət öz hərəkətsizliyinin mütənasibliyini sübut etmək vəzifəsini daşımalıdır. Sonuncu mülahizə Konvensiyada nəzərdə tutulan hüququn müdafiəsinə qadir olan vasitələrin praktikada mövcud olmasını tələb edir. Araşdırma aparmaqdan ibarət pozitiv öhdəlik kontekstində araşdırmada işin hallarını və ya hüquqpozanların məsuliyyətini müəyyənləşdirmək imkanlarına xələl gətirən hər hansı qüsurun olması araşdırmanın səmərəlilik standartına cavab verməməsinə səbəb olur.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
78. Məhkəmə bir daha xatırladır ki, 8-ci maddənin məqsədi mahiyyət etibarı ilə şəxsi dövlət orqanlarının qanunsuz müdaxilələrindən müdafiə etməkdən ibarətdir. Lakin bu maddə dövlətin üzərinə sadəcə bu cür müdaxiləyə yol verməmək vəzifəsi qoymur: bu əsas neqativ öhdəlikdən əlavə, həm də şəxsi və ya ailə həyatına real olaraq hörmət edilməsi hüququndan irəli gələn pozitiv öhdəliklər də mövcuddur. Bu öhdəliklər hətta fərdlərin öz aralarındakı münasibətlər sahəsində də şəxsi həyata hörmətin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlərin görülməsini özündə ehtiva edə bilər (digər qərarlarla yanaşı, bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il, 32-ci bənd, A seriyaları, № 32).
79. Fərdlərin öz aralarındakı münasibətlər sahəsində Konvensiyanın 8-ci maddəsinə riayət edilməsinin təmin olunmasına yönələn vasitələrin seçilməsi, istər dövlətin öhdəliklərinin pozitiv, istərsə də neqativ olduğu hallarda prinsip etibarı ilə iştirakçı dövlətlərin öz sərbəst mülahizələri əsasında həll edə biləcəkləri məsələdir. Şəxsi həyata hörmətin təmin edilməsinin müxtəlif üsulları var və dövlətin öhdəliyinin xarakteri iş üzrə araşdırılan şəxsi həyatın konkret aspektindən asılıdır (misal üçün bax: Fon Hannover Almaniyaya qarşı (№ 2) [BP], ərizələr № 40660/08 və 60641/08, 104-cü bənd, ECHR 2012; Odievre Fransaya qarşı [BP], ərizə № 42326/98, 46-cı bənd, ECHR 2003‑III; Evans Birləşmiş Krallığa qarşı [BP], ərizə № 6339/05, 77-ci bənd, ECHR 2007‑I; və Mosli Birləşmiş Krallığa qarşı, ərizə № 48009/08, 109-cu bənd, 10 may 2011-ci il). Əgər söhbət fərdin mövcudluğunun və şəxiyyətinin xüsusilə mühüm aspektindən gedirsə, yaxud araşdırılan hərəkətlər şəxsi həyatın ən intim aspektlərini əhatə edirsə, dövlətin malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudları, müvafiq olaraq, daralmış olacaq (yeni eyni mənbələrə bax).
80. Fərdin fiziki və psixoloji toxunulmazlığının digər şəxslərdən müdafiəsi ilə əlaqədar olaraq Məhkəmə əvvəlki işlərdə qərara alıb ki, dövlət orqanlarının pozitiv öhdəlikləri (bəzi hallarda Konvensiyanın 2-ci və ya 3-cü maddəsindən, digər hallarda isə təklikdə və ya 3-cü maddə ilə birgə götürülmüş halda 8-ci maddəsindən irəli gələn pozitiv öhdəliklər) fiziki şəxslərin zorakı hərəkətlərinə qarşı müdafiəni təmin edən adekvat hüquqi baza qəbul etmək və onu praktikada tətbiq etmək vəzifəsini özündə ehtiva edə bilər (digər qərarlarla yanaşı, bax: Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998-ci il, 128-30-cu bəndlər, Reports of Judgments and Decisions 1998‑VIII; Bevakva və S. Bolqarıstana qarşı, ərizə № 71127/01, 65-ci bənd, 12 iyun 2008-ci il; Sandra Yankoviç Xorvatiyaya qarşı, ərizə № 38478/05, 45-ci bənd, 5 mart 2009-cu il; A Xorvatiyaya qarşı, ərizə № 55164/08, 60-cı bənd, 14 oktyabr 2010-cu il; və Dordeviç Xorvatiyaya qarşı, ərizə № 41526/10, 141-143-cü bəndlər, ECHR 2012).
81. Xüsusilə əlverişsiz vəziyyətdə olan uşaqlara gəlincə, onları 3-cü və 8-ci maddələrin tətbiq dairəsinə düşən zorakılıq aktlarından müdafiə etmək üçün dövlət tərəfindən tətbiq edilən tədbirlər səmərəli olmalı və barəsində dövlət orqanlarının xəbərdar olduğu və ya xəbərdar olmağa borclu olduğu hüquqa zidd rəftarın qarşısını almağa yönələn ağlabatan addımları və şəxsin toxunulmazlığın bu cür ciddi pozuntularına qarşı çəkindirici tədbirləri özündə ehtiva etməlidir (bax: Z və başqaları Birləşmiş Krallığa qarşı [BP], ərizə № 29392/95, 73-cü bənd, ECHR 2001‑V; və M.P. və başqaları Birləşmiş Krallığa qarşı, ərizə № 22457/08, 108-ci bənd, 15 noyabr 2011-ci il). Belə tədbirlər insan ləyaqətinə hörmətin təmin edilməsinə və uşağın üstün maraqlarının müdafiəsinə yönəlməlidir (bax: C.A.S. və C.S. Rumıniyaya qarşı, ərizə № 26692/05, 82-ci bənd, 20 mart 2012-ci il; və Pritti Birləşmiş Krallığa qarşı, ərizə № 2346/02, 65-ci bənd, ECHR 2002‑III).
82. Konkret olaraq, şəxsi həyatın təməl dəyərlərini və mühüm aspektlərini əhatə edən ciddi hallara, məsələn, uşaqlara qarşı zorlama və seksual zorakılıq hərəkətlərinə gəlincə, üzv dövlətlərin üzərinə səmərəli cinayət qanunvericiliyi normalarının mövcudluğunu təmin etmək vəzifəsi düşür (misal üçün bax: X və Y Niderlanda qarşı, 26 mart 1985-ci il, 27-ci bənd, A seriyaları, № 91; və M.C. Bolqarıstana qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 150-ci bənd). Bu öhdəlik həmçinin digər beynəlxalq müqavilələrdən, məsələn, Uşaq hüquqları haqqında Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 19-cu və 34-cü maddələrindən və Uşaqların seksual istismardan və seksual zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyasının VI fəslindən ("Maddi cinayət hüququ") irəli gəlir (yuxarıda 51-ci və 52-ci bəndlərə bax).
83. Belə ciddi hərəkətlərlə bağlı dövlətin 3-cü və 8-ci maddələrdən irəli gələn pozitiv öhdəliyi, yəni şəxsin fiziki toxunulmazlığını təmin etmək öhdəliyi cinayət istintaqının səmərəliliyinə aid məsələlərə (digər qərarlar arasında bax: C.A.S. və C.S. Rumıniyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd; M.P. və başqaları Bolqarıstana qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 109-110-cu bəndlər; və M.C. Bolqarıstana qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 152-ci bənd) və pozulmuş hüquqların bərpası və kompensasiya hüququ məsələlərinə də şamil oluna bilər (bax (müvafiq dəyişikliklərlə): C.A.S. və C.S. Rumıniyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 72-ci bənd), hərçənd ki, cinayət əməllərini törədənlərin məsuliyyətə cəlb olunmasına yönələn hərəkətlərdə hər hansı ciddi nöqsanlara yol verilməyibsə, hər hansı şəxs barəsində hökmən cinayət təqibinin həyata keçirilməsinə və ya ittiham hökmünün çıxarılmasına nail olmaq kimi mütləq hüquq mövcud deyil (misal üçün bax: Breknell Birləşmiş Krallığa qarşı, ərizə № 32457/04, 64-cü bənd, 27 noyabr 2007-ci il; və Şula Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 18727/06, 4 yanvar 2007-ci il).
84. Yuxarıda istinad edilən X və Y Niderlanda qarşı və M.C. Bolqarıstana qarşı işlərdə araşdırılmış hərəkətlər qədər ciddi pozuntu təşkil etməyən hərəkətlərə gəlincə, məsələn, bir işdə dövlətin uşağı qərəzli niyyətlə aldadılmaqdan müdafiə etmək öhdəliyi Məhkəmə tərəfindən 8-ci maddə üzrə araşdırılıb (bax: K.U. Finlandiyaya qarşı, ərizə № 2872/02, 45-49-cu bəndlər, ECHR 2008-V). Həmin işdəki hərəkət hər hansı fiziki zorakılığı özündə ehtiva etmirdi, amma həmin iş adi bir iş də sayıla bilməzdi, çünki barəsində şikayət edilən situasiya nəticəsində uşağın fiziki və mənəvi sağlamlığına potensial təhlükə yarana bilərdi, yəni o, pedofillərin yaxınlıq cəhdlərinin hədəfinə çevrilə bilərdi. Həmin hərəkət daxili qanunvericiliyə əsasən cinayət əməli təşkil edirdi və Məhkəmə hesab etdi ki, ərizəçinin praktiki və səmərəli müdafiəsi əsil hüquqpozanın müəyyən edilməsinə və ədalət mühakiməsinə cəlb olunmasına şərait yaradan hüquqi müdafiə vasitəsinin mövcudluğunu tələb edirdi.
83. Lakin daha ümumi şəkildə götürsək, fərdlər arasında baş verən, psixoloji toxunulmazlığın pozuntusunu təşkil edən və ağırlıq dərəcəsi az olan hərəkətlərlə bağlı dövlətin 8-ci maddədən irəli gələn öhdəliyi, yəni müdafiəni təmin edən adekvat hüquqi baza qəbul etmək və onu praktikada tətbiq etmək öhdəliyi konkret hərəkətə şamil olunan səmərəli cinayət hüquq normasının mövcudluğunu heç də həmişə tələb etmir. Belə ki, hüquqi baza səmərəli müdafiəni təmin edə bilən mülki hüquqi müdafiə vasitələrindən də ibarət ola bilər (bax (müvafiq dəyişikliklərlə): X və Y Niderlanda qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 24 və 27-ci bəndlər; və K.U. Finlandiyaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd). Məsələn, Məhkəmə qeyd edir ki, şəxsin şəkillərindən (görüntülərindən) başqaları tərəfindən sui-istifadə edilməsinə qarşı bəzi əvvəlki işlərdə üzv dövlətlərdə mövcud olan hüquqi müdafiə vasitələri mülki hüquqi xarakterli idi və ola bilsin ki, prosessual vasitələrlə, məsələn, məhkəmə qadağasının tətbiqi ilə birgə istifadə oluna bilərdi (digər qərarlarla yanaşı, bax: Fon Hannover Almaniyaya qarşı (№ 2) iş üzrə yuxarıda istinad edilən qərar; Reklos və Davurlis Yunanıstana qarşı, ərizə № 1234/05, 15 yanvar 2009-cu il; və Şüssel Avstriyaya qarşı (qərardad), ərizə № 42409/98, 21 fevral 2002-ci il).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
86. Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi ögey atanın hərəkətinin ərizəçinin şəxsi həyatının toxunulmazlığını pozduğunu müəyyən edib (yuxarıda 23-cü bəndə bax). Məhkəmə bu qənaətlə razılaşır və hesab edir ki, bir tərəfdən, vəziyyəti bu hallar ağırlaşdırıb ki, ərizəçi azyaşlı idi, insident onun özünü təhlükəsiz hiss etməli olduğu yerdə, yəni öz evində baş vermişdi və hüquqpozan onun etibar edib güvənməli olduğu şəxs, yəni ögey atası idi. Hadisə ərizəçinin şəxsi həyatının olduqca intim aspektlərinə təsir göstərmişdi. Digər tərəfdən, Məhkəmə qeyd edir ki, sözügedən hüquq pozuntusu hər hansı fiziki zorakılığı, qəddar rəftarı və ya təması özündə ehtiva etməyib. Ögey atanın hərəkətinin birmənalı şəkildə qınanmalı olduğu barədə daxili məhkəmələrin qənaətini qeyd etməklə yanaşı, Məhkəmə hesab edir ki, sözügedən hərəkətin ağırlıq dərəcəsi uşaqların zorlanması və seksual zorakılığa məruz qalması ilə bağlı yuxarıda istinad edilən və təkcə 8-ci maddə üzrə deyil, həm də 3-cü maddə üzrə araşdırılan presedent hüququndakı kobud pozuntu təşkil edən hərəkətlərin ağırlıq dərəcəsinə çatmayıb (yuxarıda 81-ci bəndə bax).
87. Sonuncu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, ərizəçi seksual təqib cinayətinin şərhi ilə bağlı cinayət-hüquqi müdafiə vasitəsinin olmamasından və İsveç qanunvericiliyində gizli və ya qanunsuz çəkiliş aparmanın nəzərdə tutulmamasından şikayət etməkdən savayı həm də şikayətləndi ki, İsveçin hüquq sistemi onu ögey atasının hərəkətindən müdafiə edəcək mülki hüquqi müdafiə vasitəsi ilə təmin etməyib. Daha konkret desək, ərizəçi iddia etdi ki, daxili məhkəmələr ya Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanun, ya da Konvensiya əsasında ona kompensasiya təyin etməməklə pozitiv öhdəliklərini yerinə yetirməyiblər. Müvafiq olaraq, ərizəçi ögey atasının hərəkətinə qarşı onu müdafiə etmək üçün İsveçin 8-ci maddədən irəli gələn öhdəliyini yerinə yetirməsindən ötrü cinayət hüququnun tətbiqinin yeganə yol olduğunu iddia etmədi.
88. Ərizəçi İsveçin dövlət orqanlarının həyata keçirdikləri cinayət istintaqının səmərəliliyi məsələsindən şikayət etmədi. Məhkəmə ərizəçinin şəxsi həyatının toxunulmazlığının təmin edilməsində istintaq və cinayət təqibi orqanlarının öz vəzifələrini səmərəsiz şəkildə yerinə yetirdiklərini və ya ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının yetərli müdafiəsini təmin etmək üçün səmərəli cinayət təqibi həyata keçirməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirmədiklərini göstərən hər hansı sübut aşkar etmədi.
89. Bu ilkin müşahidələri nəzərə almaqla, Məhkəmə daha sonra icraatındakı bu işin konkret halları baxımından İsveçdə ərizəçini ögey atasının konkret hərəkətlərinə qarşı müdafiə ilə təmin edən adekvat hüquqi bazanın olub-olmadığını araşdıracaq və bu məqsədlə ərizəçinin sərəncamında olduğu iddia edilən hər bir hüquqi müdafiə vasitəsini qiymətləndirəcək.
90. Qeyd etmək lazımdır ki, bu yanaşma Palatanın yanaşmasından fərqlənir, belə ki, sonuncu təsdiq etmişdi ki, "İsveçin qanunvericiliyində və praktikasında o dərəcədə əhəmiyyətli boşluq yoxdur ki, İsveçin 8-ci maddə üzrə öhdəliklərinin pozulmasına bərabər sayıla bilsin". Bunlar zorlamaya və seksual zorakılığa qarşı müdafiənin təmin edilməsi ilə bağlı dövlətin Konvensiyanın 3-cü və 8-ci maddələrindən irəli gələn pozitiv öhdəliklərinin hüdudları ilə əlaqədar olaraq M.C. Bolqarıstana qarşı iş üzrə qərarda işlədilmiş ifadələr idi (yuxarıda istinad edilən həmin qərarın 167-ci bəndi). Lakin həmin qərarda Məhkəmə "əhəmiyyətli boşluq" meyarını "araşdırmadakı qüsurlar barədə iddialara" tətbiq edərək qeyd etdi ki, onlar yol verilmiş adi "səhvlərə və ya ayrıca xətalara" aid iddialar deyildi (yenə həmin qərarın 168-ci bəndi) və qərara aldı ki, bu nöqsanlar "əhəmiyyətli" çatışmazlıqlar idi (misal üçün bax: yuxarıda sitat gətirilmiş qərarın 179-cu və 184-cü bəndləri; həmçinin bax: M. və C. Rumıniyaya qarşı, ərizə № 29032/04, 112-ci və sonrakı bəndlər, 27 sentyabr 2011-ci il; müqayisə üçün bu fərqli qərara da bax: Siliadin Fransaya qarşı, ərizə № 29032/04, 130-cu bənd, ECHR 2005‑VII – bu işdə bu ifadələr qanunvericilik və praktikanın Konvensiyanın 4-cü maddəsi ilə bağlı araşdırılması ilə əlaqədar işlənmişdi).
91. Böyük Palata hesab edir ki, bu "əhəmiyyətli boşluq" meyarı araşdırmalar kontekstində başa düşülən olsa da, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş pozitiv öhdəliklərinə riayət etmək üçün cavabdeh dövlətin adekvat hüquqi baza qəbul edib-etmədiyinin qiymətləndirilməsində əhəmiyyət kəsb etmir, çünki Məhkəmənin araşdırdığı məsələ belə bir sualla əlaqədardır ki, bu işin halları baxımından qanunvericilik ərizəçini qəbul edilə bilən səviyyədə müdafiə ilə təmin edirdimi?
a) Uşaq pornoqrafiyası
92. Məhkəmə öncə qeyd edir ki, tərəflərin ona təqdim etdiyi qeydlərin xeyli hissəsi İsveç qanunvericiliyində uşaq pornoqrafiyasına cəhd etmə cinayətinin mövcudluğuna və həmin cinayətin araşdırılan bu işə aidiyyəti məsələsinə həsr olunub. Bunun kökü ondan qaynaqlanır ki, 16 oktyabr 2007-ci il tarixli qərarında ərizəçinin ögey atasına seksual təqib cinayəti üzrə (Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndi) bəraət verərkən Apellyasiya Məhkəməsi ifadə etdiyi rəydə təsdiq etmişdi ki, ərizəçinin yaşını nəzərə alsaq, sözügedən hərəkət ən azı nəzəri cəhətdən Cinayət Məcəlləsinin 16-cı fəslinin 10a maddəsində nəzərdə tutulmuş uşaq pornoqrafiyasına cəhd təşkil edib (yuxarıda 31-ci və 32-ci bəndlərdə əks olunmuş normalara bax). Lakin ərizəçinin ögey atasına qarşı belə ittiham irəli sürülmədiyi üçün həmin cinayətə görə onun məsuliyyət daşıyıb-daşımadığını Apellyasiya Məhkəməsi araşdıra bilməzdi (yuxarıda 24-cü bəndə bax).
93. Hökumətin rəyi bundan ibarət oldu ki, ərizəçinin işində sözügedən hərəkət müəyyən hallarda təkcə seksual təqib barəsindəki normaların tətbiq dairəsinə deyil, həm də uşaq pornoqrafiyasına cəhd etməyə aid normaların tətbiq dairəsinə düşə bilərdi.
94. Lakin həmin vaxt ərizəçinin ögey atasına qarşı ittiham irəli sürərkən dövlət ittihamçısının uşaq pornoqrafiyasına cəhd etmə məsələsini nəzərdən keçirib-keçirmədiyi barədə hər hansı məlumat olmadığını etiraf etsə də, Hökumət prokurorun ittiham aktına nəyə görə bu cinayəti daxil etməməyi qərara almasının bir sıra mümkün səbəblərini sadaladı, xüsusən görüntülərin "pornoqrafik" olduğunu təsdiqləyən yetərli sübutların təqdim edilməsi ilə bağlı bir sıra çətinlikləri qeyd etdi (yuxarıda 69-72-ci bəndlərə bax). Məsələn, o, qeyd etdi ki, ərizəçinin anası 2002-ci ilin sentyabr insidentindən dərhal sonra videolenti məhv etmişdi və 2004-cü ilin sentyabrınadək ərizəçi ilə anası hadisə barədə polisə məlumat verməmişdilər və beləliklə də məlumat verilərkən insidentdən uzun vaxt keçmişdi.
95. Məhkəmə daha sonra bu faktı qeyd etdi ki, ərizəçinin digər məsələlərlə yanaşı uşaq pornoqrafiyası haqqında maddənin tərtibi üzrə hazırlıq işlərinə və mütəxəssisin hüquqi rəyinə istinadən (yuxarıda 61-ci bəndə bax) bildirdiyi rəyə görə, hətta videokadrlar mövcud olsaydı belə, onun ögey atası uşaq pornoqrafiyasına cəhd etməyə görə məhkum oluna bilməzdi. Bunun səbəbi o idi ki, bu cinayət üçün zəruri şərt yox idi, yəni sözügedən kadrlar "pornoqrafik" deyildi. On dörd yaşlı qızın digər adi gündəlik situasiyalarda olduğu kimi duş qəbul etməzdən əvvəl soyunduğunu göstərən kadrlar Cinayət Məcəlləsinin uşaq pornoqrafiyası barəsindəki 16-cı fəslinin 10a maddəsində nəzərdə tutulan mənada pornoqrafik sayıla bilməzdi. Videokadrların pornoqrafik olması üçün ögey ata kadrlarla manipulyasiya etməli, o cümlədən ərizəçinin ona lazım olan pozanı alması barədə niyyətini ortaya qoymalı, yaxud kadrları hər hansı digər formada pornoqrafik kontekstdə təqdim etməli idi. Hazırkı işdə uşaq pornoqrafiyasına cəhd ittihamı irəli sürülsəydi, onun heç bir uğur perspektivi olmayacaqdı. Ərizəçi Məhkəmədən xahiş etdi ki, onun şikayətini araşdırarkən müvafiq milli qanunvericilik normasında bu cinayətin mövcud olmasına əhəmiyyət verməsin.
96. Məhkəmə qeyd edir ki, "pornoqrafik şəkil" termininə Cinayət Məcəlləsində anlayış verilməyib, ərizəçinin istinad etdiyi hazırlıq işlərində isə deyilir ki, "müəyyən diqqətlilik tələb olunur ki, cinayət sayılan əməllərin dairəsi həddən artıq genişləndirilmiş olmasın və ya onların qiymətləndirilməsi çətinləşdirilməsin. Hər bir çılpaq uşaq şəklinin və ya uşağın cinsiyyət üzvlərinin təsviri kimi qəbul edilə biləcək bütün şəkillərin nümayişini, hətta belə şəkillər bəzi insanların cinsi instinktlərini oyatsa belə, cinayət əməli saymaq niyyətimiz yoxdur. Şəklin qanunsuz hesab edilməsi üçün adi qavrayışa və ümumi dəyərlərə əsasən onun pornoqrafik olması şərtdir (yuxarıda 33-cü bəndə bax).
97. Bunları nəzərə alsaq, belə görünür ki, uşaq pornoqrafiyasına cəhd etmə cinayətinə aid normanın araşdırılan konkret hərəkətlə əlaqədar ərizəçinin müdafiəsini təmin etməsi ehtimalı sırf nəzəri xarakter daşıyır. Məhkəmə ögey atanın hərəkətinin həmin cinayətə aid normanın tətbiq dairəsinə düşdüyünə əmin deyil və işin konkret halları baxımından bu hərəkətə görə həmin norma əsasında ittiham irəli sürüləcəyi təqdirdə ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun müdafiəsi üçün bunun hansı nəticələri doğuracağı barədə ehtimallar yürütməyə ehtiyac görmür.
b) Seksual təqib
98. Digər bir sual ondan ibarətdir ki, seksual təqib cinayətinə dair norma ərizəçini Konvensiyanın 8-ci maddəsi ilə tələb olunan müdafiə ilə təmin edirdimi? 1 aprel 2005-ci ilədək Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsinin 3-cü bəndinin seksual təqib barəsindəki müvafiq müddəalarında deyilirdi:
"[Seksual təqibə görə cəza] həmçinin şəxsin digər şəxsə qarşı təhqiramiz sayıla biləcək tərzdə davrandığı, yaxud sözlə və ya hərəkətlə ədəb qaydalarını kobud şəkildə pozmaqla digər formada özünü nalayiq apardığı hallara da şamil olunur".
99. Ögey ata 14 fevral 2006-cı ildə rayon məhkəməsi tərəfindən müvafiq qaydada məhkum edildi. Apellyasiya Məhkəməsi 16 oktyabr 2007-ci il tarixli qərarı ilə ona bərəat verdi, çünki belə hesab etdi ki, hüquqi cəhətdən onun hərəkəti seksual təqib təşkil etmir. Apellyasiya Məhkəməsi bunu sübuta yetirilmiş hesab etdi ki, ögey atanın motivi ərizəçinin görüntülərini seksual məqsədlə gizli surətdə videolentə almaq olub. Buna görə də bu məsələ dəqiq müəyyən edilmiş hesab olundu ki, ögey ata ərizəçinin çəkilişdən xəbər tutması niyyətində olmayıb. Məhkəmənin bildirdiyinə görə, ögey ata ərizəçinin çəkilişdən xəbər tutması riskinə qarşı heç də etinasız olmayıb. Apellyasiya Məhkəməsi daha sonra Ali Məhkəmənin çıxardığı qərara (NJA 1996 p. 418) istinad etdi, həmin qərarda digər məsələlərlə yanaşı deyilirdi ki, özlüyündə ayrıca akt qismində şəxsin razılığını almadan videoçəkiliş aparmağa İsveç qanunvericiliyində ümumi qadağa qoyulmayıb. Apellyasiya Məhkəməsi bu məntiqdən çıxış edərək və ərizəçinin şəxsi həyatının toxunulmazlığı baxımından ögey atanın videoçəkiliş apardığı situasiyanın açıq-aydın həssas xarakter daşıdığını və ərizəçinin yaşı və ögey atası ilə qohumluq münasibəti baxımından pozuntunun xüsusilə ciddi olduğunu müəyyən etdiyinə baxmayaraq, hesab etdi ki, ögey ata ərizəçinin xəbəri olmadan ayrıca akt qismində onun görüntülərini videolentə aldığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə bir daha bildirdi ki, hətta ərizəçi sonradan videoçəkilişdən xəbər tutsa da, bu, onun ögey atasının niyyətinə daxil deyildi. 12 dekabr 2007-ci ildə Ali Məhkəmə bu qərardan şikayət təqdim edilməsinə icazə verməkdən imtina etdi.
100. Beləliklə, 6-cı fəslin 7-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş seksual təqib cinayətinin müəyyən edilməsi üçün belə bir tələb mövcud idi ki, hərəkəti törədərkən hüquqpozan zərərçəkənin seksual təqibdən xəbərdar olması niyyətində olmalı, yaxud zərərçəkənin bundan xəbər tutması riskinə qarşı etinasız olmamalıdır. Başqa sözlə, zərərçəkən seksual təqibdən xəbərdar deyilsə, onu seksual təqibə məruz qalmış hesab etmək olmaz. Yada salmaq lazımdır ki, ögey ata ərizəçinin xalası qızı 16 yaşında ikən ona qarşı nalayiq davrandığına, yəni onun belini sığalladığına və onunla cinsi əlaqədə olmaq istəyini ifadə etdiyinə görə seksual təqiblə bağlı iki bənd üzrə ittiham edilərək məhkum olunmuşdu (yuxarıda 14-cü bəndə bax).
101. Seksual təqib barəsindəki maddənin Apellyasiya Məhkəməsi tərəfindən bu cür şərhi digər bir işdə 23 oktyabr 2008-ci il tarixli qərarda (NJA 2008 p. 946) Ali Məhkəmə tərəfindən təsidq edildi (yuxarıda 40-cı bəndə bax). Ali Məhkəmə həmin işdə şəxsə seksual təqib cinayəti üzrə bəraət verdi və eyni zamanda təkrarən bildirdi ki, İsveç qanunvericiliyində gizli çəkiliş aparılmasına qarşı ümumi qadağa yoxdur. O, daha sonra qeyd etdi ki, bu məsələ ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinə ehtiyac olduğu artıq 1960-cı illərdə İsveç qanunvericiliyi üzərində iş aparılarkən etiraf edilsə də, indiyədək konkret nəticə əldə edilməyib. Məhkəmə onda belə bir ciddi sual yarandığını bildirdi ki, müvafiq fərdin şəxsi həyatının toxunulmazlığını ciddi şəkildə pozan şəraitdə videoçəkiliş aparılmasının İsveç qanunvericiliyində tamamilə cəzasız qalması Konvensiyanın 8-ci maddəsinin tələblərinə necə uyğun ola bilər?
102. Ərizəçi iddia etdi ki, seksual təqib barədə maddənin 1 aprel 2005-ci ilədək qüvvədə olmuş mətninin şərhi tənqidə layiq idi. Bu tənqidin təkcə qanunverici orqana qarşı deyil, həm də 16 oktyabr 2007-ci il tarixli qərarında Apellyasiya Məhkəməsinin həmin maddəyə verdiyi şərhə qarşı yönəlməsinə və sonradan digər bir işdə Ali Məhkəmə tərəfindən təsdiq edilməsinə gəlincə, Məhkəmə bir daha xatırladır ki, daxili məhkəmələrin qiymətləndirməsini özününkü ilə əvəz etmək onun vəzifəsi deyil. Daxili qanunvericiliyin şərhinə aid problemlərin həlli milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir (bax: Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı [BP], ərizə № 13279/05, 49-cu bənd, 20 oktyabr 2011-ci il). Lakin Məhkəmə ərizəçi ilə razılaşır ki, ögey atanın seksual təqib ittihamı üzrə bəraət almasının səbəbi, Hökumətin iddia etdiyi kimi, zəruri sübutların olmaması ilə əlaqədar deyildi, əksinə, Apellyasiya Məhkəməsinin qeyd etdiyi kimi, həmin vaxt onun hərəkətinin qanuna əsasən seksual təqib təşkil etməməsi ilə bağlı idi.
103. Seksual təqib barəsindəki maddəyə 1 aprel 2005-ci ildə, yəni hazırkı işdə müvafiq hərəkət 2002-ci ilin sentyabrında törədildikdən sonra və cinayət prosesində ögey atanın bəraət almasından əvvəl dəyişiklik edildi. Həmin tarixdən sonra seksual təqib barəsindəki müddəalar həmçinin şəxsin digər şəxsə qarşı təhqiramiz tərzdə davrandığı, yaxud sözlə və ya hərəkətlə ədəb qaydalarını kobud şəkildə pozmaqla digər formada özünü nalayiq apardığı və beləliklə "həmin şəxsin cinsi toxunulmazlığına xələl gətirə biləcəyi" hallara da şamil olundu. Sonradan Cinsi cinayətlər üzrə 2008-ci il komissiyası bildirdi ki, onun rəyinə görə, dəyişiklik edilmiş maddə həmçinin huşsuz və yatmış vəziyyətdə olan şəxslərə qarşı yönələn hərəkətləri də özündə ehtiva etməlidir və şəxsin digər şəxs tərəfindən seksual müdaxilə təşkil edən formada gizli şəkildə videolentə alındığı və ya fotoşəklinin çəkildiyi situasiyalarda da həmin maddədən istifadə etmək olar.
104. Məhkəmə qeyd edir ki, Hökumət dəyişiklik edilmiş seksual təqib barəsindəki maddənin 1 aprel 2005-ci ildən sonra gizli çəkiliş hallarına tərbiq edildiyinə dair ölkədaxili presedent hüququnun heç bir nümunəsini təqdim etməyib. İstənilən halda, bu fakt bu qənaətə gəlmək üçün kifayətdir ki, seksual təqib barəsindəki maddənin 1 aprel 2005-ci ilə qədər qüvvədə olmuş və 16 oktyabr 2007-ci il tarixli qərarında Apellyasiya Məhkəməsi tərəfindən (Ali Məhkəmə qərardan şikayət təqdim edilməsinə icazə vermədikdən sonra həmin qərar qüvvəyə minmişdi) şərh edilmiş mətni araşdırılan hərəkəti hüquqi cəhətdən əhatə edə bilməzdi və beləliklə, ərizəçini Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun pozulmasına qarşı müdafiə ilə təmin etmirdi.
c) Gizli çəkilişlə bağlı son dövrün qanunvericiliyi
105. Həmçinin belə qənaətə gəlmək olmur ki, ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarının maddi-hüquqi müdafiəsindəki yuxarıda qeyd edilən boşluqları həmin vaxt mövcud olan hər hansı digər milli qanunvericilik normaları aradan qaldırırdı. Bununla bağlı Məhkəmə qeyd etməyə bilməz ki, belə normaların olmaması İsveçdə uzun müddət narahatlıq doğuran məsələ idi və ayrıca akt qismində seksual məqsədlər üçün gizli şəkildə (razılığını almadan) şəxsin (uşağın və ya yetkinlik yaşına çatmış şəxsin) videoçəkilişini aparmaq, fotoşəkilini və ya rəsmini çəkmək barədə müddəa bir çox digər üzv dövlətlərin ya cinayət, ya da mülki qanunvericiliyində nəzərdə tutulmuşdu (yuxarıda 55-ci bəndə bax). Ali Məhkəmənin 23 oktyabr 2008-ci il tarixli qərarına (NJA 2008 p. 946) əsasən (yuxarıda 40-cı bəndə bax), bu məsələ ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinə ehtiyac olduğu artıq 1960-cı illərdə İsveç qanunvericiliyi üzərində iş aparılarkən etiraf edilsə də, indiyədək konkret nəticə əldə edilməyib. Məhkəmə onda belə bir ciddi sual yarandığını bildirdi ki, müvafiq fərdin şəxsi həyatının toxunulmazlığını ciddi şəkildə pozan şəraitdə videoçəkiliş aparılmasının İsveç qanunvericiliyində tamamilə cəzasız qalması Konvensiyanın 8-ci maddəsinin tələblərinə necə uyğun ola bilər (həmçinin yuxarıda 101-ci bəndə bax)?
106. Məhkəmə qeyd edir ki, Hökumətin 20 dekabr 2012-ci ildə təqdim etdiyi "Şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə" adlı ən son təklifi parlament tərəfindən qəbul edilib. Konkret desək, 1 iyul 2013-cü ildə qüvvəyə minmiş yeni müddəalara əsasən, duş və ya vanna otağında şəxsin icazəsi olmadan gizlicə onun şəklini çəkmək şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə əməli kimi cəzalandırılır. Şəxsi həyata müdaxilə təşkil edən fotoşəkil çəkmə cinayətini törətmək məqsədi ilə kameranı müəyyən yerə qoymaq və ya "işlək vəziyyətə gətirmək" də bu cür cinayəti törətməyə hazırlıq kimi cəzalandırılır (yuxarıda 43-cü bəndə bax).
107. Məhkəmə daha sonra qeyd edir ki, bu qanunvericilik müddəaları hazırkı işdə araşdırılan hərəkətə bənzər hərəkətləri əhatə etmək məqsədini daşıyır. O, sözügedən qanun layihəsi parlamentə təqdim edilməzdən əvvəl İsveç Konstitusiyasının tərkib hissəsini təşkil edən Mətbuat azadlığı haqqında Qanunda və İfadə azadlığı haqqında Fundamental Qanunda təsbit olunmuş prinsiplərin, xüsusən kütləvi informasiya vasitələri üçün məlumat alanların müdafiəsinə aid prinsiplərin diqqətlə nəzərdən keçirildiyini də qeyd edir. Bununla belə, bu məsələ şübhə doğurmur ki, ərizəçi 2002-ci ildə baş vermiş insidentlə əlaqədar olaraq yeni qanunvericilik normalarına istinad edə və şəxsi həyatına hörmət hüququnun müdafiəsi üçün onlardan istifadə edə bilməzdi.
d) Mülki hüquqi müdafiə vasitələri
108. Bu işdə, Məhkəmənin rəyinə görə, cavabdeh dövlətin Konvensiyanın 8-ci maddəsindən irəli gələn öhdəliyini yerinə yetirməsi üçün cinayət hüququnun tətbiqi heç də yeganə yol deyildi. Müvafiq olaraq, belə bir sual yaranır ki, ərizəçinin sərəncamında mülki hüquqi müdafiə vasitəsi var idimi?
109. Bununla bağlı qeyd etmək lazımdır ki, ərizəçi ögey atasına qarşı qaldırdığı mülki iddia üzrə icraatı ona qarşı qaldırılmış cinayət işinin icraatı ilə birləşdirmişdi. Beləliklə, 20 yanvar 2006-cı ildə vəkillə təmsil olunan ərizəçi ziyana görə 25.000 SEK tələb etdi: şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına görə kompensasiya qismində 15.000 SEK və keçirdiyi üzüntüyə və iztiraba görə 10.000 SEK. Ərizəçi iddia tələbini "ögey atasına qarşı məhkəmə təqibinə səbəb olmuş cinayət hərəkəti" ilə əsaslandırdı.
110. Hökumətin bildirdiyinə görə, bu tələb qismən Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 2-ci fəslinin 1-ci maddəsinə və qismən də 3-cü maddəsinə əsaslanmışdı (yuxarıda 37-ci bəndə bax).
111. Ögey atanı məhkum etmiş 14 fevral 2006-cı il tarixli qərarında rayon məhkəməsi ona göstəriş verdi ki, ziyanın əvəzində ərizəçiyə 20.000 SEK məbləğini ödəsin. Lakin ögey atanın hərəkətinin seksual təqib təşkil etməməsi səbəbindən 16 oktyabr 2007-ci il tarixli qərarında ona bəraət verərkən Apellyasiya Məhkəməsi ərizəçinin ziyana görə iddia tələblərini də rədd etdi. Hökumət bununla bağlı qeyd etdi ki, Məhkəmə prosedurları məcəlləsinin 29-cu fəslinin 6-cı maddəsinə əsasən bu cür iddia tələbi üzrə icraat cinayət işinin icraatı ilə birləşdirilirsə, cinayət məsuliyyəti barədə məhkəmənin gəldiyi nəticə xüsusi ittiham qaydasında qaldırılmış mülki iddia üçün də məcburi xarakter daşıyır. Müvafiq olaraq, Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 2-ci fəslinin 3-cü maddəsi əsasında Apellyasiya Məhkəməsinin kompensasiya təyin etməsi mümkün deyildi, çünki Cinayət Məcəlləsində nəzərdə tutulan mənada cinayət əməli törədilməmişdi. Bu nəticə Ali Məhkəmənin 23 oktyabr 2008-ci il tarixli sonrakı qərarında (NJA 2008 p. 946) bildirdiyi bu rəyə uyğun idi ki (yuxarıda 40-cı bəndə bax), İsveç qanunvericiliyində gizli çəkiliş aparılmasına qarşı ümumi qadağa yoxdur və çəkiliş aparma cinayət əməli təşkil etmirsə, ziyana görə kompensasiya təyin oluna bilməz.
112. Bununla belə, Hökumət iddia etdi ki, ərizəçi cinayət prosesində ziyanın kompensasiyası üçün ögey atasına qarşı iddia tələbinin əsası qismində ögey atasının ittiham aktında göstərilmiş hərəkətini deyil, başqa əsası, konkret olaraq ögey atasının ona ehtiyatsızlıqdan zərər yetirməsi faktını göstərə bilərdi, Mülki hüquq pozuntularına görə məsuliyyət haqqında Qanunun 2-ci fəslinin 1-ci maddəsində nəzərdə tutulmuş bu əsas istənilən fiziki və ya psixoloji zərəri əhatə edirdi (yuxarıda 73-cü bəndə bax).
113. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, istintaq zamanı və ya cinayət işi üzrə məhkəmə prosesinin gedişində ögey ata kameranı işlək vəziyyətdə çirkli paltar səbətinə təsadüfən qoyduğunu heç vaxt iddia etməyib. Əksinə, o, etiraf edib ki, bu, bilərəkdən edilmiş impulsiv hərəkət idi. Buna görə də, Məhkəmənin rəyinə görə, müvafiq hərəkətin seksual təqib cinayəti hesab etmədiyi bir vəziyyətdə ərizəçinin və onun vəkilinin sadəcə ərizəçinin iddia tələbinə baxılmasını təmin etmək üçün ehtiyatsızlıq arqumentini irəli sürə biləcəklərini gözləmək düzün olmazdı.
114. Müvafiq olaraq, Məhkəmə seksual təqib barəsindəki maddənin sözügedən hərəkəti əhatə etmədiyi və gizli çəkiliş aparmanın ümumiyyətlə cinayət təşkil etmədiyi bu konkret situasiyada əmin deyil ki, ərizəçinin sərəncamında mülki hüquqi müdafiə vasitəsi var idi.
e) Konvensiya əsasında kompensasiya
115. Nəhayət, Məhkəmə ərizəçinin bu iddiasını nəzərdən keçirdi ki, cinayət prosesində milli məhkəmələr ona təkcə Konvensiya əsasında kompensasiya təyin edə bilərdilər, amma öz təşəbbüsləri ilə bunu etmək istəməyiblər.
116. Hökumətin qeyd etdiyi kimi, baxmayaraq ki, Ali Məhkəmə İsveç qanunvericiliyində bunu nəzərdə tutan konkret müddəa olmasa da Konvensiya pozuntularının fərdə yetirdiyi ziyana görə ona dövlət tərəfindən kompensasiya təyin olunması prinsipini bərqərar edib, bu, fərdlər arasındakı iddialara şamil oluna bilməz, çünki Məhkəmənin presedent hüququ əsasında fərdin hansı hallarda ziyanın kompensasiyasını ödəməli olduğunu öncədən görə bilməsi çətin ola bilər (NJA 2007 p. 747, yuxarıda 47-ci bəndə bax). İsveçin Konvensiya pozuntularına görə ölkədaxili kompensasiya praktikasını (yuxarıda 45-50-ci bəndlərə bax), o cümlədən Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarını nəzərə alaraq, Məhkəmə iddia edilən bu kompensasiya vasitəsinin real olaraq mövcud olduğuna və yuxarda müəyyən edildiyi kimi, araşdırılan konkret situasiyada mülki hüquqi müdafiə vasitəsi mövcud olmadığı halda onu əvəz edə biləcəyinə əmin deyil.
f) Nəticə
117. Yuxarıda qeyd edilən bütün mülahizələri nəzərə alaraq, Məhkəmə əmin deyil ki, 2002-ci ilin sentyabrında ərizəçinin ögey atasının konkret hərəkəti, yəni seksual məqsəd üçün ərizəçini vanna otağında çılpaq halda gizli şəkildə videoya çəkmək cəhdi baş verdiyi zaman qüvvədə olan müvafiq İsveç qanunvericiliyi cavabdeh dövlətin müəyyən qiymətləndirmə sərbəstliyinə malik olmasına baxmayaraq 8-ci maddə üzrə onun daşıdığı pozitiv öhdəliklərin tələbinə uyğun idi və ərizəçinin şəxsi həyatına hörmət hüququnun müdafiəsini təmin edirdi. Sözgüedən hərəkət ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnu pozmuşdu və bu faktlar vəziyyəti daha da ağırlaşdırırdı ki, o, yetkinlik yaşına çatmayan şəxs idi, insident onun özünü təhlükəsiz hiss etməli olduğu yerdə, yəni onun evində baş vermişdi və hüquqpozan onun etibar etməli olduğu şəxs, yəni ögey atası idi. Lakin Məhkəmə yuxarıda müəyyən etdi ki, ərizəçinin işinin konkret halları baxımından şəxsi həyatının toxunulmazlığının sözügedən pozuntusuna qarşı onun səmərəli müdafiə ilə təmin edilməsinə imkan yaradan nə cinayət-hüquqi, nə də mülki-hüquqi müdafiə vasitəsi İsveç qanunvericiliyində mövcud deyildi.
Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
118. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
A. Ziyan
119. Ərizəçi mənəvi ziyana görə kompensasiya üçün 20.000 avro tələb etdi.
120. Hökumət hesab etdi ki, bu məbləğ həddən artıq yüksəkdir. Onun rəyinə görə, 3.000 avrodan artıq olmayan məbləğ ərizəçiyə dəymiş ziyanın kompensasiyası üçün kifayət edər.
121. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan sadəcə 8-ci maddənin pozuntusunun müəyyən edilməsi ilə kompensasiya oluna bilməz. O, ədalət prinsipi əsasında qərar çıxararaq mənəvi ziyana görə ərizəçiyə 10.000 avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
122. Ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 516.410 SEK (təxminən 60.500 avroya uyğun məbləğ) tələb etdi, əlavə dəyər vergisinin (ƏDV) də daxil olduğu bu məbləğə aşağıdakı məbləğlər daxildir:
i) 146.250 SEK – Palatadakı icraatda vəkilin bir saatlıq işinin dəyəri 1.800 SEK olmaqla 65 saatlıq işinin zəhmət haqqına çəkilmiş xərclərə görə (bu məbləğə ƏDV daxil deyil);
ii) 353.750 SEK – Böyük Palatadakı icraatda vəkilin bir saatlıq işinin dəyəri 2.000 SEK olmaqla 141,50 saatlıq işinin zəhmət haqqına çəkilmiş xərclərə görə (bu məbləğə ƏDV daxil deyil);
iii) 11.021 SEK – hüquqi rəyin alınmasına görə;
iv) 5.389 SEK – ərizəçinin üç vəkilinin Böyük Palatadakı icraatda iştirak edərkən çəkdikləri səfər və cib xərclərinə görə.
Sonuncu bəndlə əlaqədar olaraq ərizəçi həmçinin Böyük Palatadakı icraatda iştirak edərkən özünün və üç vəkilinin çəkdikləri 3.260,60 avroya bərabər təyyarə biletlərinin xərclərinə və qalma xərclərinə görə kompensasiya tələb etdi.
123. Hökumət istər saatların miqdarı, istərsə də bir saatlıq haqq baxımından vəkillərin qonorarlarını həddən artıq yüksək hesab etdi. O, ümumilikdə 80 saatlıq işə görə ödənişi və İsveçdə bir saatlıq hüquqi yardım üçün ödənilən qonorara (2013-cü ildə bu məbləğ ƏDV-siz 1.242 SEK idi) uyğun haqqı ağlabatan hesab etdi. İcraatla bağlı digər məsrəflərə gəlincə, Hökumət hesab etdi ki, hüquqi rəyə çəkilmiş xərc zəruri deyildi. O, tələb olunan qalan məbləğlərə etirazını bildirmədi.
124. Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, ərizəçi yalnız o halda çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, həmin xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun.
125. İstər Palatadakı, istərsə də Böyük Palatadakı icraatla bağlı vəkillərin qonorarlarına gəlincə, Məhkəmə bir saatlıq işə görə ərizəçilərin iddia etdikləri zəhmət haqqı məbləği ilə razılaşa bilər. Hazırkı işdə sərəncamındakı sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə ərizəçiyə 25.000 avro (ƏDV daxil olmaqla) məbləğini təyin etməyi ağlabatan hesab edir (misal üçün bax: X və başqaları Avstriyaya qarşı [BP], ərizə № 19010/07, 163-cü bənd, ECHR 2013; Nada İsveçrəyə qarşı [BP], ərizə № 10593/08, 245-ci bənd, ECHR 2012; və Əl-Cedda Birləşmiş Krallığa qarşı [BP], ərizə № 27021/08, 117-ci bənd, ECHR 2011).
126. Böyük Palatadakı icraata çəkilmiş məhkəmə xərclərinə və digər məsrəflərə gəlincə, belə görünür ki, onların məbləğinə beş nəfər üçün təyyarə biletlərinin dəyəri daxildir. Məhkəmə yalnız ərizəçinin və onun üç vəkilinin səfər xərclərinə görə kompensasiya təyin edə bilər. Buna görə də o, bu bənd üzrə ərizəçiyə 4.700 avro təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
127. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulub;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki:
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin valyutasına çevrilməlidir:
i) mənəvi ziyana görə 10.000 (on min) avro üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə 29.700 (iyirmi doqquz min yeddi yüz) avro üstəgəl bu məbləğlə bağlı ərizəçidən tutula bilən hər hansı vergi məbləği;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
3. Ədalətli təzminat barəsində ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 12 noyabr 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Josep Casadeval (Josep Casadevall)
Sədr
Erik Friberq (Erik Fribergh)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy