© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No. 168
Noyabr 2013
Söderman İcveçə qarşı – ərizə № 5786/08
12.11.2013 tarixli qərar [BP]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət
Çılpaq uşağın gizli şəkildə videolentə alınmasını cinayət əməli kimi nəzərdə tutan aydın qanunvericilik normalarının olmaması: pozuntu baş verib
Faktlar – 2002-ci ilin sentyabrında 14 yaşında ikən ərizəçi aşkar etdi ki, ögey atası vanna otağında çirkli paltarlar üçün səbətin içərisində videokamera gizlədib. Kamera ərizəçinin duş qəbul etməzdən əvvəl soyunduğu yerə yönəlmişdi. O, dərhal kameranı anasının yanına apardı, anası isə videokadrlara heç kim baxmadan onları yandırdı. Ana ərizəçinin xalası qızının da ərizəçinin ögey atası ilə insidentlər yaşadığını eşitdikdən sonra 2004-cü ilin sentyabrında hadisə barədə polisə xəbər verdi. Ögey ataya qarşı cinayət təqibinə başlanıldı və 2006-cı ildə rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 6-cı fəslinin 7-ci maddəsi əsasında irəli sürülmüş seksual təqib ittihamı üzrə təqsirkar sayaraq məhkum etdi. Lakin apellyasiya şikayətindən sonra apellyasiya məhkəməsi müəyyən etdi ki, seksual təqib cinayətinin anlayışı onun hərəkətlərini əhatə etmir. Apellyasiya məhkəməsi daha sonra hesab etdi ki, bu hərəkətlər ayrıca (müstəqil) cinayət əməlini – uşaq pornoqrafiyasına cəhd etmə cinayətini təşkil edir, amma həmin əməllə bağlı heç bir ittiham irəli sürülmədiyinə görə bu məsələni araşdırmadı. Ali Məhkəmə bu qərardan şikayət təqdim edilməsinə icazə verməkdən imtina etdi.
21 iyun 2012-ci il tarixli qərarında Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə müəyyən etdi ki, Konvensiyanın 8-ci maddəsi pozulmayıb (153 saylı Məlumat bülleteni).
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə daxili məhkəmələrin gəldiyi bu nəticəni təsdiq etdi ki, ögey atanın hərəkəti ərizəçinin şəxsi həyatının toxunulmazlığını pozub. Sözügedən hadisə hər hansı fiziki zorakılığı, qəddar rəftarı və ya təması özündə ehtiva etməsə də, ərizəçinin şəxsi həyatının olduqca intim aspektlərinə təsir göstərmişdi. Milli hakimiyyət orqanlarının səmərəli araşdırma aparmaq öhdəliklərini pozduqlarını göstərən heç bir sübut yox idi. Buna görə də bu işin halları baxımından Məhkəmənin qarşısında duran sual ondan ibarət idi ki, İsveç 8-ci maddədən irəli gələn öhdəliklərinə uyğun olaraq ögey atasının hərəkətlərinə qarşı ərizəçinin müdafiəsini təmin edən adekvat hüquqi baza qəbul etmişdimi? Böyük Palatanın məsələyə yanaşması Palatanın yanaşmasından fərqləndi, belə ki, sonuncu təsdiq etmişdi ki, "yalnız qanunvericilik və praktikadakı və onların tətbiqindəki mühüm boşluqlar İsveçin 8-ci maddə üzrə daşıdığı pozitiv öhdəliklərin pozuntusuna bərabər sayıla bilər". Bu "əhəmiyyətli boşluq" meyarı araşdırmalar kontekstində başa düşülən olsa da, pozitiv öhdəliklərinə riayət etmək üçün cavabdeh dövlətin adekvat hüquqi baza qəbul edib-etmədiyinin qiymətləndirilməsində əhəmiyyət kəsb etmirdi, çünki Məhkəmənin araşdırdığı məsələ belə bir sualla əlaqədar idi ki, bu işin halları baxımından qanunvericilik ərizəçini qəbul edilə bilən səviyyədə müdafiə ilə təmin edirdimi?
Ögey atanın hərəkətinin Cinayət Məcəlləsinə əsasən uşaq pornoqrafiyasına cəhd təşkil etməsi ehtimalına gəlincə, Məhkəmə əmin deyildi ki, həmin hərəkət bu cinayət əməlinin əhatə dairəsinə düşür. İttihamçının ittiham aktında ərizəçinin ögey atasına qarşı həmin ittihamı irəli sürmək məsələsini nəzərdən keçirib-keçirmədiyi barədə heç bir məlumat yox idi. Əvəzində cavabdeh Hökumət prokurorun ittiham aktına nəyə görə bu cinayəti daxil etməməyi qərara almasının bir sıra mümkün səbəblərini sadaladı; xüsusən görüntülərin "pornoqrafik" olduğunu təsdiqləyən yetərli sübutların təqdim edilməsi ilə bağlı bir sıra çətinlikləri qeyd etdi. Ərizəçinin sözlərinə görə, hətta məhv edilmiş kadrlar hələ də mövcud olsaydı belə, oradakı material, çətin ki, pornoqrafik material kimi tövsif oluna bilərdi. "Pornoqrafik şəkil" termininə İsveç Cinayət Məcəlləsində anlayış verilməmişdi və uşaq pornoqrafiyası haqqında maddənin tərtibi üzrə hazırlıq işlərinin gedişində vurğulanmışdı ki, həmin maddənin məqsədi heç də çılpaq uşaqların təsvir edildiyi bütün şəkilləri pornoqrafiya hesab etməklə bu əməli cinayət saymaq deyil.
Cinayət Məcəlləsində nəzərdə tutulmuş seksual təqib cinayəti barəsindəki maddəyə (həmin maddə konkret olaraq şəxsin sözlə və ya hərəkətlə ədəb qaydalarını kobud şəkildə pozmaqla özünü nalayiq apardığı hallara şamil olunur) gəlincə, apellyasiya məhkəməsi hesab etdi ki, ögey ata ərizəçinin xəbəri olmadan ayrıca akt qismində onun görüntülərini videolentə aldığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Həmin vaxt qüvvədə olmuş İsveç qanunvericiliyinə əsasən, seksual təqib cinayətinin müəyyən edilməsi üçün belə bir tələb mövcud idi ki, hüquqpozan zərərçəkənin seksual təqibdən xəbərdar olması niyyətində olmalı, yaxud zərərçəkənin bundan xəbər tutması riskinə qarşı etinasız olmamalıdır. Lakin ərizəçinin işində bu tələb təmin edilməmişdi. Ögey atanın seksual təqib ittihamı üzrə bəraət almasının səbəbi zəruri sübutların olmaması ilə əlaqədar deyildi, əksinə, həmin vaxt onun hərəkətinin qanuna əsasən seksual təqib təşkil etməməsi ilə bağlı idi. Seksual təqib barəsindəki maddənin həmin vaxt qüvvədə olmuş mətni araşdırılan hərəkəti hüquqi cəhətdən əhatə edə bilməzdi və beləliklə, ərizəçini şəxsi həyatına hörmət hüququnun pozulmasına qarşı müdafiə ilə təmin etmirdi.
Onun hüquqlarının müdafiəsindəki boşluqları həmin vaxt mövcud olan hər hansı digər cinayət hüquq normaları aradan qaldırmırdı. Ayrıca akt qismində seksual məqsədlər üçün gizli şəkildə və ya razılığını almadan şəxsin videoçəkilişinin aparılmasını, fotoşəklinin və ya rəsminin çəkilməsini əhatə edən normaların olmaması İsveçdə uzun müddət narahatlıq doğuran məsələ idi. Son dövrdə ərizəçinin işindəkinə bənzər hərəkətləri əhatə etmək üçün nəzərdə tutulmuş yeni qanunvericilik normaları qəbul edildi və 2013-cü ildə qüvvəyə mindi.
Hazırkı işdə, Məhkəmənin rəyinə görə, cavabdeh dövlətin Konvensiyanın 8-ci maddəsindən irəli gələn öhdəliyini yerinə yetirməsi üçün cinayət hüququnun tətbiqi heç də yeganə yol deyildi. Mülki hüquqi müdafiə vasitələrinə gəlincə, ögey ataya bəraət verərkən apellyasiya məhkəməsi ərizəçinin ziyana görə irəli sürdüyü iddia tələbini də rədd etmişdi. Məhkəmə prosedurları məcəlləsinə əsasən, mülki iddia üzrə icraat cinayət işinin icraatı ilə birləşdirilirsə, cinayət məsuliyyəti barədə məhkəmənin gəldiyi nəticə mülki iddianın həlli üçün də məcburi xarakter daşıyır. Bundan başqa, ziyana görə kompensasiya tələbini əsaslandıra bilməsi üçün ərizəçinin əlində hər hansı digər əsas yox idi. Nəhayət, Məhkəmə əmin deyildi ki, İsveç məhkəmələri təkcə Konvensiya pozuntusunun müəyyən edilməsi əsasında ərizəçiyə kompensasiya təyin edə bilərdilər.
Yekun olaraq, Məhkəmə əmin deyildi ki, həmin vaxt qüvvədə olmuş müvafiq İsveç qanunvericiliyi dövlətin 8-ci maddə üzrə daşıdığı pozitiv öhdəliklərin tələbinə uyğun idi və ərizəçinin şəxsi həyatına hörmət hüququnun müdafiəsini təmin edirdi. Ögey atanın törətdiyi əməl onun şəxsi həyatının toxunulmazlığını pozmuşdu və vəziyyəti bu hallar da ağırlaşdırmışdı ki, ərizəçi azyaşlı idi, insident onun öz evində baş vermişdi və hüquqpozan onun etibar edib güvənməli olduğu şəxs, yəni ögey atası idi.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: mənəvi ziyana görə 10.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy