İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
SOLTANOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(Şikayət № 41177/08, 41224/08, 41226/08, 41245/08, 41393/08, 41408/08, 41424/08, 41688/08, 41690/08 və 43635/08)
Q Ə R A R
STRASBURQ
13 yanvar 2011-ci il
Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər.
Soltanov və digərləri Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Nina Vajiç, Sədr,
Xanlar Hacıyev,
Din Spilman, hakimlər,
Andre Uampaş, Katib müavini,
09 dekabr 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
PROSES
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, iş Azərbaycan Respublikasının aşağıdakı vətəndaşlarının Azərbaycana qarşı verdikləri on şikayət üzrə başlanılmışdır:
- Cənab Hacıbala Soltanov, 1957-ci ildə anadan olmuş, 41177/08 saylı şikayət 28 iyul 2008-ci ildə verilmişdir;
- Cənab Akif İslamov, 1958-ci ildə anadan olmuş, 41224/08 saylı şikayət 28 iyul 2008-ci ildə verilmişdir;
- Cənab Vəkil Verdiyev, 1956-cı ildə anadan olmuş, 41226/08 saylı şikayət 28 iyul 2008-ci ildə verilmişdir;
- Cənab Bayram İsayev, 1959-cu ildə anadan olmuş, 41245/08 saylı şikayət 30 iyul 2008-ci ildə verilmişdir;
- Cənab Fiqani Abbasov, 1953-cü ildə anadan olmuş, 41393/08 saylı şikayət 30 iyul 2008-ci ildə verilmişdir;
- Xanım Sevda Əfəndiyeva, 1955-ci ildə anadan olmuş, 41408/08 saylı şikayət 28 iyul 2008-ci ildə verilmişdir;
- Xanım Rahilə Əhmədova, 1953-cü ildə anadan olmuş, 41424/08 saylı şikayət 28 iyul 2008-ci ildə verilmişdir;
- Cənab Vaqif Kərimov, 1941-ci ildə anadan olmuş, 41688/08 saylı şikayət 04 avqust 2008-ci ildə verilmişdir
- Cənab Alxas Gözəlov, 1946-cı ildə anadan olmuş, 41690/08 saylı şikayət 04 avqust 2008-ci ildə verilmişdir; və
- Cənab Oqtay Məhərrəmov, 1959-cu ildə anadan olmuş, 43635/08 saylı şikayət 04 avqust 2008-ci ildə verilmişdir.
2. Ərizəçiləri Azərbaycanda vəkil işləyən cənab M.Mustafayev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.
3. Bölmənin Sədri 12 mart 2010-cu ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. 14 saylı Protokola əsasən şikayətlər Komitəyə həvalə olunmuşdur.
FAKTLAR
İŞİN HALLARI
4. Bütün ərizəçilər ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında və ya səlahiyyətli daxili dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında mülkiyyət hüquqlarına malikdirlər (baxın, aşağıda I Siyahı).
5. Bütün on işlərin hamısında ərizəçilərin mənzilləri Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Azərbaycanın müxtəlif regionlarından olan məcburi köçkünlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
6. Ərizəçilər məcburi köçkünlərin onların mənzillərindən çıxarılması üçün daxili məhkəmələrdə ayrı-ayrı iddialar qaldırmışlar.
7. Əlavədə (I Siyahı) göstərilmiş tarixlərdə ərizəçilərin tələbləri məcburi köçkünlərin mənzillərdən çıxarılmalarını qət edən məhkəmə qərarları ilə təmin olunmuşdur.
8. Müvafiq qərarlar qəti qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin məcburi köçkün ailələri qərarları yerinə yetirməkdən imtina etmiş və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamələr icra edilməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
9. Müvafiq daxili qanunvericilik Gülməmmədova Azərbaycana qarşı iş üzrə qərarda ümumiləşdirilmişdir (№ 38798/07, §§ 18-24, 22 aprel 2010-cu il).
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN,
13-cü MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN
1-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
10. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçilər onların xeyrinə olan məhkəmə qətnamələrinin icra olunmamasından şikayət etmişlər.
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir».
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»
11. Məhkəmə Reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə müvafiq olaraq, Məhkəmə şikayətlərin ümumi faktiki və hüquqi əsasını nəzərə alaraq, onlara baxılmasının birləşdirilməsini qərara alır.
A. Şikayətin məqbuliyyəti
1. 43635/08 saylı şıkayətdə Məhkəmənin ratione temporis səlahiyyəti
12. Məhkəmə qeyd edir ki, Oqtay Məhərrəmovun işində (43635/08 saylı şikayət) ərizəçinin xeyrinə olan qətnamə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixə, 15 aprel 2002-ci ilədək qəbul olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, həmin qətnaməni icra etmək üzrə dövlət orqanlarının davamlı uğursuzluğu baxımından, o, icrasız qalmışdır. Burada davamlı vəziyyət vardır və buna görə Məhkəmə şikayətin 15 aprel 2002-ci ildən sonrakı müddətə düşən hissəsini araşdırmağa səlahiyyətlidir (baxın, yuxarıda qeyd olunan Gülməmmədova işi, § 26).
2. Nəticə
14. Daha sonra Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən onlar məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
15. Məhkəmə vurğulayır ki, bu işlərin faktiki halları, şikayətlər və hüquqi məsələlər (yuxarıda qeyd olunmuş) Gülməmmədova işində ortaya çıxanlarla eynidir. Məhkəmə xatırladır ki, həmin işdə o, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu müəyyən etmişdir.
16. Malik olduğu bütün materialları araşdıraraq, Məhkəmə hesab edir ki, Hökumət hazırkı şikayətlərə aid fərqli qənaətə gəlmək üçün hər hansı inandırıcı fakt və ya dəlil irəli sürməmişdir.
17. Xüsusən, Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçilərin xeyrinə olan qətnamələrin icrasında müəyyən çətinliklər törətmişdir. Buna baxmayaraq, qətnamələr qüvvədə qalmış, lakin onların icrası üçün dövlət orqanları tərəfindən altı ildən artıq müddətdə hər hansı adekvat tədbirlər görülməmişdir. Dövlət orqanlarının sözügedən qətnamələrin icrası üçün təkidlə və davamlı tədbirlər gördüyü görünmür. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamələrin icrasında əhəmiyyətli gecikdirməyə görə Hökumət tərəfindən əsaslı izahat təqdim olunmamışdır.
18. Mülkiyyət hüquqlarının iddia olunan pozuntusuna aid ərizəçilərin dəlillərinə gəldikdə isə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında prosesdə dövlət orqanlarının ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi ilə məcburi köçkünlərin mənzil təminatının tarazlaşdırılması üçün hər hansı spesifik tədbirlər görməsi müəyyən olunmamışdır. Belə olan halda, qətnamələrin icrasının əhəmiyyətli müddət ərzində təmin edilməməsi ərizəçilərin həddən artıq fərdi yüklə üzləşməli olduqları vəziyyətin yaranması ilə nəticələnmişdir. Buna qarşı hər hansı kompensasiyanın təqdim olunmaması baxımından, Məhkəmə hesab edir ki, dövlət orqanları məcburi köçkünləri müvəqqəti yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə etmək hüquqları arasında ədalətli tarazlığa nail ola bilməmişdir (baxın, yuxarıda qeyd olunan Gülməmmədova işi, §§ 43-50).
19. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir.
20. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
51. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»
A. Zərər
Maddi zərər
22. Ərizəçilər maddi zərərə aid Əlavədə (II Siyahı) göstərilmiş müxtəlif məbləğləri tələb etmişlər. Tələb olunan məbləğlər order və şəhadətnamələrin verildiyi tarixdən etibarən itirilmiş kirayə haqqını əhatə edir. Ərizəçilər tələblərinin əsası kimi oxşar vəziyyətdə olan mənzillərin kirayə haqlarına dair yerli şirkətin rəyini təqdim etmişlər.
23. Hökumət iddia edib ki, ərizəçilər öz tələblərini əsaslandırmamışlar.
24. Məhkəmə hesab edir ki, mənzilləri üzərində nəzarəti itirdikləri üçün ərizəçilər maddi zərərlə üzləşə bilərdilər və müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında hansısa səbəbli əlaqə vardır və mənzili üzərində nəzarəti itirdiyi üçün ərizəçilər maddi zərərlə üzləşməli olmuşlar (müqayisə edin, Radanovic Xorvatiyaya qarşı, № 9056/02, §§ 62-66, 21 dekabr 2006-cı il). Lakin Məhkəmə hesab edir ki, zərər ərizəçilərin tələb etdiyi kimi yaşayış sahəsi orderinin və ya mülkiyyət haqqında şəhadətnamənin deyil, qətnamələrin çıxarıldığı tarixdən hesablanmalıdır.
25. Tərəflərin dəlillərini araşdıraraq və ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə zərərin hesablanmasını ərizəçilərin təqdim etdikləri yerli şirkətin rəyi əsasında həyata keçirəcək.
26. Qərar çıxararkən, Məhkəmə o faktı nəzərə alır ki, ərizəçilər məqbul kirayəçilər tapmaqda qaçılmaz olaraq gecikdirmələrlə üzləşməli və mənzillərin saxlanılması ilə bağlı müəyyən xərcləri çəkməli olardılar. Onlar, həmçinin vergilərin ödənilməsinə cəlb olunardılar (baxın, Prodan Moldovaya qarşı, № 49806/99, § 74, İHAM 2004-III (çıxarışlar); Popov Moldovaya qarşı (№ 1) (ədalətli kompensasiya), № 74153/01, § 13, 17 yanvar 2006-cı il; və yuxarıda qeyd olunmuş Radanovic, § 65). Yuxarıdakıları nəzərə alaraq və ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə itirilmiş kirayə haqqına görə maddi zərər üçün 41177/08; 41224/08; 41226/08; 41245/08; 41393/08; 41408/08; 41424/08; 41688/08 və 41690/08 saylı şikayətlərdəki ərizəçilərin hər birinə 2.500 avro və 43635/08 saylı şikayətdəki ərizəçiyə 7.000 avro kompensasiya təyin edir.
2. Mənəvi zərər
27. Ərizəçilərin hər biri mənəvi zərərə görə 3.000 avro kompensasiya tələb etmişdir.
28. Hökumət maksimum 1.000 avro məbləğində mənəvi zərərə aid ərizəçilərin tələblərini qəbul etməyə hazır olduğunu bəyan etmişdir.
29. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamələrin davamlı icra olunmaması nəticəsində ərizəçilərə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə aşağıdakı kompensasiya məbləğlərini təyin edir:
- 41177/08; 41224/08; 41226/08; 41245/08; 41393/08; 41408/08; 41688/08 və 41690/08 saylı şikayətlərdəki ərizəçilərin hər birinə 1.200 avro və
- cənab Oqtay Məhərrəmova (№ 43635/08) (qərarda səhvən 41408/08 göstərilmişdir) 3.000 avro.
30. Bundan başqa, Məhkəmə hesab edir ki, qətnamələrin qüvvədə qalmasını nəzərə alaraq, onların icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçilər bu qətnamələrin icrasına nail olmaq hüququna hələ malikdirlər. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə ərizəçilərin xeyrinə olan qətnamələrin icrasını təmin etməlidir.
B. Xərc və məsrəflər
31. Ərizəçilər, həmçinin daxili proseslərdə və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə Əlavədə (II Siyahı) göstərilən məbləğləri tələb etmişlər.
32. Hökumət bu tələbi əsassız hesab etmişdir.
33. Məhkəmə qeyd edir ki, hazırkı işdə Məhkəmə qarşısında bütün ərizəçiləri eyni vəkil (cənab M.Mustafayev) təmsil etmişdir. Ərizəçilərlə cənab M.Mustafayev arasında bağlanılmış müvafiq müqavilələrdə göstərilmiş və faktiki həyata keçirilmiş xidmətləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan məbləğlər faktiki təqdim olunmuş hüquqi xidmətlərə uyğun gəlmir və hazırkı işdə zəruri olmamışdır. Daha sonra Məhkəmə şikayətlərin və bütün işlərdə təqdim olunmuş dəlillərin oxşarlığını qeyd edir və bildirir ki, vəkilin bütün işlərdəki dəlillərinin əhəmiyyətli hissəsi ya identic, ya da çox oxşar olmuşdur. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə cənab M.Mustafayev tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə bütün ərizəçilərə birgə 2.000 avro məbləğ təyin edir.
C. Faiz dərəcəsi
63. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
Şikayətləri birləşdirməyi qərara alır;
Şikayətləri məqbul elan edir;
İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;
İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;
Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;
Qərara alır ki, cavabdeh Dövlət üç ay müddətində müvafiq tədbirlərlə ərizəçilərin xeyrinə olan daxili məhkəmə qərarlarının icrasını təmin etməlidir;
7. Qərara alır ki,
(a) Cavabdeh Dövlət üç ay müddətində həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçilərə aşağıdakı məbləğləri ödəməlidir:
(i) zərərə aid:
- Cənab Hacıbala Soltanov (41177/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Akif İslamov (41224/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Vəkil Verdiyev (41226/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Bayram İsayev (41245/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Fiqani Abbasov (41393/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Xanım Sevda Əfəndiyeva (41408/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Xanım Rahilə Əhmədova (41424/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Vaqif Kərimov (41688/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Alxas Gözəlov (41690/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 2.500 (iki min beş yüz) avro maddi zərərə və 1.200 (bir min iki yüz) avro mənəvi zərərə görə;
- Cənab Oqtay Məhərrəmov (43635/08 saylı şikayət) – hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə 7.000 (yeddi min) avro maddi zərərə və 3.000 (üç min) avro mənəvi zərərə görə;
(ii) xərc və məsrəflərə görə bütün ərizəçilərə birgə, hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə, ərizəçilərin nümayəndələrinin bank hesabına ödənilməli olan 2.000 (iki min) avro;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə üç faiz əlavə olunmaqla, Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;
8. Ədalətli kompensasiya üçün ərizəçlərin tələbinin qalan hissəsini rədd edir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 13 yanvar 2011-ci ildə göndərilib.
Andre UampaşNina Vajiç
Katib müavini Sədr
ƏLAVƏ
I Siyahı
Şikayətin nömrəsi
Ərizəçinin adı
Ərizəçilərin əmlak hüquqlarını təsdiq edən sənəd
Daxili qətnamənin çıxarılması tarixi
Məhkəməyə şikayətin verildiyi tarix
41177/08
Hacıbala Soltanov
21 oktyabr 1996-cı il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
28 iyul 2008
41224/08
Akif İslamov
30 oktyabr 2007-ci il tarixli şəhadətnamə
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
28 iyul 2008
41226/08
Vəkil Verdiyev
29 aprel 2005-ci il tarixli şəhadətnamə
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
28 iyul 2008
41245/08
Bayram İsayev
29 aprel 1994-cü il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsi
30 iyul 2008
41393/08
Fiqani Abbasov
9 dekabr 1993-cü il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
30 iyul 2008
41408/08
Sevda Əfəndiyeva
27 mart 1998-ci il tarixli şəhadətnamə
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
28 iyul 2008
41424/08
Rahilə Əhmədova
7 dekabr 2007-ci il tarixli şəhadətnamə
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
28 iyul 2008
41688/08
Vaqif Kərimov
12 aprel 1996-cı il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
4 avqust 2008
41690/08
Alxas Gözəlov
22 noyabr 1996-cı il tarixli şəhadətnamə
Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qətnaməsi
4 avqust 2008
43635/08
Oqtay Məhərrəmov
6 iyun 1997-ci il tarixli şəhadətnamə
Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 1998-ci il tarixli qətnaməsi
4 avqust 2008
II Siyahı
Şikayətin nömrəsi
Ərizəçinin adı
Maddi zərərə görə tələb (EUR)
Xərc və məsrəflərə görə tələb
41177/08
Hacıbala Soltanov
61.200
1.450
41224/08
Akif İslamov
65.280
1.600
41226/08
Vəkil Verdiyev
61.200
1.500
41245/08
Bayram İsayev
57.120
1.450
41393/08
Fiqani Abbasov
53.040
1.450
41408/08
Sevda Əfəndiyeva
51.000
1.450
41424/08
Rahilə Əhmədova
65.280
1.650
41688/08
Vaqif Kərimov
51.000
1.520
41690/08
Alxas Gözəlov
51.000
1.450
43635/08
Oqtay Məhərrəmov
57.120
1.000
Full & Egal Universal Law Academy