Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 194
Mart 2016-cı il
***
Soza Qoşa (Sousa Goucha) Portuqaliyaya qarşı – ərizə № 70434/12
22.3.2016 tarixli qərar [IV Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Televiziyada yayımlanan komediya şousunda tanınmış homoseksual aparıcının zarafatla "qadın" adlandırılmasına görə cinayət təqibinə başlamaqdan imtina edilməsi: pozuntu baş verməyib
Maddə 14
Ayrı-seçkilik
Televiziyada yayımlanan komediya şousunda tanınmış homoseksual aparıcının zarafatla "qadın" adlandırılmasına görə cinayət təqibinə başlamaqdan imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – Televiziyanın canlı efirində yayımlanan komediya şousunda tanınmış homoseksual teleaparıcı olan ərizəçini zarafatla "qadın" adlandırmışdılar. O, diffamasiya ilə əlaqədar olaraq televiziya şirkəti, prodüser şirkəti, verilişin aparıcısı və proqram və məzmun üzrə direktorlar barəsində cinayət işi qaldırılması üçün şikayət ərizəsi vermişdi.
Hüquqi məsələlər
Maddə 8: Seksual oriyentasiya şəxsin identikliyinin başlıca tərkib hissəsi olduğuna və cinsi mənsubiyyət ilə seksual oriyentasiya şəxsiyyətin iki fərqli və intim xarakteristikası olduğuna görə, bu iki məfhum barəsində hər hansı yanlış hərəkətə yol vermə şəxsin nüfuzuna qəsd təşkil edir və bu qəsd 8-ci maddənin tətbiqini mümkün edəcək dərəcədə yetərincə ciddi xarakter daşıya bilər.
İddia edilən pozuntu dövlət orqanlarının cinayət təqibinə başlamaqdan imtina etmələri ilə əlaqədar olduğuna görə, araşdırılmalı olan əsas məsələ ondan ibarət idi ki, dövlət pozitiv öhdəliklərinin kontekstində ərizəçinin nüfuzunun qorunması hüququ ilə digər şəxslərin 10-cu maddə ilə təmin edilən ifadə azadlığı hüququ arasında ədalətli balansı təmin etmişdimi?
Hazırkı iş satirik bədii ifadə formaları ilə əlaqədar olan digər işlərdən fərqlənirdi, belə ki, sözügedən zarafat ictimai maraq doğuran müzakirə kontekstində baş verməmişdi və özü-özlüyündə ictimai maraq doğuran hər hansı məsələ ilə əlaqədar deyildi.
Dövlətin 8-ci maddə əsasında ərizəçinin nüfuzunu qorumaq öhdəliyi o halda yaranır ki, işlədilən ifadələr 10-cu maddə nöqteyi-nəzərindən qəbuledilən hesab olunan hədləri aşmış olsun.
Ərizəçinin şikayətini rədd edərkən daxili məhkəmələr ərizəçinin nüfuzunun qorunması hüququna nisbətən cavabdehlərin ifadə azadlığı hüququna üstünlük verməyin zəruri olduğunu birmənalı şəkildə müəyyən etmişdilər. Konkret olaraq, onlar şounun əyləncəli və sərbəst xarakterli olduğunu və adətən orada yumorun işlədildiyini, ərizəçinin ictimai sima olduğunu, habelə cavabdehlərin ərizəçinin nüfuzuna qəsd etmək və ya seksual oriyentasiyasını tənqid etmək niyyətində olmadıqlarını nəzərə almışdılar. Bundan başqa, onlar təkcə ərizəçinin hiss etdiklərini və ya düşündüklərini deyil, həm də sözügedən şounun məntiqli izləyicisinin mübahəsələndirilən zarafatı necə qəbul edə biləcəklərini qiymətləndirmişdilər. Daxili məhkəmələrin rəyinə görə, məntiqli şəxs həmin zarafatı təhqir (diffamasiya) kimi qəbul etməzdi, çünki o, ərizəçinin şəxsiyyətinin xarakteristikaları, davranışı və ya özünüifadə tərzi ilə əlaqədar deyildi. Beləliklə, ərizəçinin nüfuzu naminə televiziya şousunun iştirakçılarının ifadə azadlığının məhdudlaşdırılması 10-cu maddənin tələbləri baxımından qeyri-mütənasib tədbir olardı.
Bu sahədə dövlətə verilən qiymətləndirmə sərbəstliyini nəzərə alsaq, daxili məhkəmələr bir-biri ilə ziddiyyətə girən iki hüquq arasında Konvensiya standartlarına uyğun olaraq ədalətli balansa riayət etmişdilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə: Ərizəçi özü seksual oriyentasiyasını açıq şəkildə bildirmişdi. Buna görə də bu kontekstdə məhkəmələrin bu məsələdən yan keçməsi, çətin ki, mümkün idi. Zarafatın yol verilən həddi aşıb-aşmadığını qiymətləndirərkən onlar zarafatı ərizəçinin davranışının və tok-şounun üslubunun işığında nəzərdən keçirmişdilər, hərçənd ki, mübahisələndirilə bilən şərhlərdən istifadə etmişdilər. Konkret olaraq, ərizəçinin geyiminin "rəngarəngliyini" və adətən qadınların baxdığı teleşoularda aparıcılıq etdiyini nəzərə almışdılar.
Ərizəçi homoseksual olmadığı təqdirdə Portuqaliyanın dövlət orqanlarının fərqli nəticəyə gələ biləcəklərini güman etmək üçün heç bir əsas yox idi. Belə görünür ki, cinayət təqibinə başlamaqdan imtinanın səbəbi işin halları baxımından ifadə azadlığına önəm verilməsindən və cavabdehlərin ərizəçinin nüfuzuna qəsd etmək və ya seksual oriyentasiyasına görə onu təhqir etmək niyyətlərinin olmamasından ibarət idi. Müvafiq olaraq, onun seksual oriyentasiyasının daxili məhkəmələrin qərarlarına təsir göstərib-göstərmədiyi ilə bağlı ehtimallar irəli sürmək mümkün deyil. Baxmayaraq ki, işlədilən ifadələrin müəyyən hissələri mübahisələndirilə bilərdi və onları işlətməmək olardı, həmin ifadələr ayrı-seçkilik xarakteri daşımırdı.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
(Həmçinin bax: Nikovits və "Ferlaqsqruppe Nyus GmbH" Avstriyaya qarşı, ərizə № 5266/03, 22 fevral 2007-ci il; Alveş da Silva Portuqaliyaya qarşı, ərizə № 41665/07, 20 oktyabr 2009-cu il; və Velş və Silva Kanya Portuqaliyaya qarşı, ərizə № 16812/11, 17 sentyabr 2013-cü il)
Full & Egal Universal Law Academy