İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İSRAFİLOVA VƏ AĞALAROV AZƏRBAYCANA QARŞI
(16806/11 və 61696/11 nömrəli ərizələr)
QƏRAR
STRASBURQ
10 oktyabr 2013-cü il
Bu qərar qətidir, lakin qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
İsrafilova və Ağalarov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Komitə qismində,
Sədr – Julia Laffranq,
Hakimlər -
Xanlar Hacıyev,
Dmitri Dedov,
və Bölmə katibinin müavini Andre Vampakdan ibarət tərkibdə,
17 sentyabr 2013-cü ildə qapalı müzakirə keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının iki vətəndaşı - xanım Rozaxanım İsrafilova (birinci ərizəçi) və cənab Miryusif Ağalarovun (ikinci ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2011-ci ilin müvafiq olaraq 28 fevral və 20 sentyabr tarixlərində təqdim etdikləri iki ərizə (16806/11 və 61696/11 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçini Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab R.Mustafazadə, Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdirlər.
3. 2012-ci il 4 iyul tarixində ərizələr Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
4. Ərizəçilər müvafiq olaraq 1950 və 1946-cı illərdə anadan olmuş və Sumqayıt şəhərində yaşayırlar.
5. Birinci ərizəçi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında mənzilinə sahiblik və istifadə hüquqlarına, ikinci ərizəçi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş çıxarış əsasında mənzili üzərində mülkiyyət hüququna malikdir (baxın: Əlavə - I Cədvəl).
6. Hər iki işdə ərizəçilərin mənzilləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın müxtəlif rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.
7. Ərizəçilər ölkə məhkəmələri qarşısında ayrı-ayrılıqda mülki iddia qaldıraraq məcburi köçkünlərin mənzillərindən çıxarılmalarını tələb etmişlər.
8. Əlavədə göstərilmiş tarixlərdə ərizəçilərin iddiaları ölkə məhkəmələri tərəfindən təmin olunmuş və məcburi köçkünlərin mənzillərindən çıxarılmasına göstəriş verilmişdir.
9. Birinci ərizəçi tərəfindən təqdim edilmiş 16806/11 nömrəli ərizə üzrə işdə qətnamənin nəticə hissəsində onun icrasının məcburi köçkünlərin doğma torpaqlarına və ya digər müvəqqəti yaşayış yerlərinə köçürülənə qədər təxirə salınması nəzərdə tutulmuşdur.
10. Bu qətnamələrdən apellyasiya şikayəti verilməmiş və qətnamələrin qəbul edilməsi zamanı qüvvədə olan qanunvericiliyə uyğun olaraq bir ay müddətində onlar qüvvəyə minmişdir. Lakin məcburi köçkün ailələri bu qətnamələri yerinə yetirməkdən imtina etmiş və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayət etmələrinə baxmayaraq qətnamələr icra olunmamışdır.
11. Ərizəçilər icra orqanlarına qarşı məhkəmədə iddia qaldıraraq onların hərəkətsizliyindən şikayət etmiş və qətnamələrin tez bir zamanda icra olunmasını xahiş etmişlər. 2010-cu il 19 mart tarixində Sumqayıt şəhər məhkəməsi xanım İsrafilovanın iddiasını təmin etməmişdir. 2010-cu il 11 may tarixində Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini mümkünsüz hesab etmişdir. 2011-ci il 21 may tarixində Sumqayıt şəhər məhkəməsi cənab Ağalarovun iddiasını təmin edərək qətnamənin dərhal icra olunmasına göstəriş vermişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
12. Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli ərizə, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİ VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI
13. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək xeyirlərinə çıxarılmış qətnamələrin icra olunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin......mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır....”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
14. Məhkəmə hesab edir ki, ərizələrə baxılması, onların faktiki və hüquqi dəlillərinin eyni olması nəzərə alınaraq, Məhkəmənin Prosedur Qaydalarının 42-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq bir icraatda birləşdirilməlidir.
A. Ərizələrin mümkünlüyü
15. Məhkəmə hesab edir ki, ərizələr Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə bu ərizələr mümkün hesab edilir.
B. Ərizələrin mahiyyəti
16. Məhkəmə qeyd edir ki, bu işlərin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun müəyyən edildiyi “Gülməmmədova” işindəki ilə (yuxarıda qeyd edilmişdir) eynidir.
17. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı ərizələrlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
18. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçilərin xeyirlərinə olan qətnamələrin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamələr qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları onlara əməl edilməsi üçün heç bir adekvat tədbir görməmişdir. Qeyd olunan qətnamələrin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Hökumət qətnamələrin uzun müddət icra edilməməyinə bəraət qazandıran hər hansı dəlil irəli sürməmişdir.
19. Ərizəçilərin mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlı təqdim etdikləri izahatlara gəlincə, ərizəçilərin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlaklarından maneəsiz istifadə hüquqları ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda, qətnamələrin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçilərin son dərəcə ağır duruma düşmələri ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçilərin əmlaklarından maneəsiz istifadə hüquqlarının müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişdirlər (baxın: yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43-50-ci bəndlər).
20. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
1. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
2. Ərizəçilər ədalətli kompensasiya ilə bağlı tələb irəli sürməmişdirlər. Buna görə də Məhkəmə hesab edir ki, onlara hər hansı kompensasiya verilməməlidir.
23. Bununla belə, Məhkəmə hesab edir ki, qətnamələr hazırda da qüvvədə qaldıqları üçün dövlətin onları icra etmək vəzifəsi mübahisə oluna bilməz. Buna görə də hər iki iş üzrə ərizəçilərin müvafiq qətnamələrin icra olunmasını tələb etmək hüquqları vardır. Məhkəmə bir daha təkrar edir ki, 6-cı maddənin pozulması zamanı pozulmuş hüquqların bərpasının ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6-cı maddənin tələblərinin pozulmayacağı təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın: “Piersack Belçikaya qarşı” (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Cildi, 85-ci nömrə). Təsbit edilmiş pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir. Buna görə də o hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə ərizəçilərin xeyirlərinə olan qətnamələrin icrasını təmin etməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizələrə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;
2. Ərizələri mümkün hesab edir;
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
4. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
5. Qərara alır ki, cavabdeh dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində ərizəçilərin xeyirlərinə olan ölkə məhkəmələrinin qətnamələrinin icra olunmasını təmin etməlidir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 10 oktyabr 2013-cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre VampakJulia Laffranq
Katibin müavini Sədr
ƏLAVƏ
İş №
Ərizəçinin adı
Ərizəçinin əmlak hüquqlarını təsdiq edən sənədlər
İcra edilməli olan qətnamənin qəbul edildiyi tarix
Şikayətin Məhkəməyə göndərildiyi tarix
Ərizəçinin nümayəndəsi
16806/11
Rozaxanım İsrafilova
1996-cı il 120 dekabr tarixli order
Sumqayıt şəhər məhkəməsinin 2006-cı il 7 mart tarixli qətnaməsi
2011-ci il 28 fevral
Ruslan Mustafazadə
61696/11
Miryusif Ağalarov
2008-ci il 3 aprel tarixli çıxarış
Sumqayıt şəhər məhkəməsinin 2010-cu il 21 oktyabr tarixli qətnaməsi
2011-ci il
20 sentyabr
Ruslan
Mustafazadə
Full & Egal Universal Law Academy