© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Stanev Bolqarıstana qarşı [Böyük Palata] (Stanev v. Bulgaria [GC]), ərizə № 36760/06
17.01.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Hüquq qabiliyyətinin bərpa edilməsini istəyən şəxsin məhkəməyə birbaşa müraciət imkanının olmaması: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Psixi çatışmazlığı olan şəxslər üçün pansionatda yaşayış şəraiti: pozuntu baş verib
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrumetmə
Qanunla nəzərdə tutulmuş qayda
Ərizəçinin psixi çatışmazlığı olan şəxslər üçün pansionata yerləşdirilməsi: pozuntu baş verib
5-ci maddənin 4-cü bəndi
Məhkəmə prosesinin keçirilməsi
Psixi çatışmazlığı olan şəxslər üçün pansionata yerləşdirilmənin qanuniliyi məsələsindən şikayət etməkdən ötrü hüquqi müdafiə vasitələrinin olmaması: pozuntu baş verib
Maddə 13
Səmərəli hüquqi müdafiə vasitəsi
Psixi çatışmazlığı olan şəxslər üçün pansionatda pis yaşayış şəraitinə görə kompensasiyaya nail olmaqdan ötrü hüquqi müdafiə vasitələrinin olmaması: pozuntu baş verib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh dövlətdən tələb edildi ki, hüquq qabiliyyətinin bərpa edilməsini istəyən şəxslərin məhkəməyə səmərəli şəkildə müraciət imkanını təmin etmək üçün ümumi tədbirlər görsün.
Faktlar – 2000-ci ildə ərizəçinin qohumlarından ikisinin ərizəsi əsasında məhkəmə onu qismən hüquq qabiliyyəti olmayan şəxs elan etdi və belə əsas gətirdi ki, o, şizofreniyadan əziyyət çəkir. 2002-ci ildə ərizəçi öz iradəsi əleyhinə qismən qəyyumluğa verildi və ucqar dağlıq ərazidəki kəndin yaxınlığında yerləşən, psixi çatışmazlığı olan şəxslər üçün nəzərdə tutulan pansionata qəbul edildi. 2003-cü və 2004-cü illərdə buraya rəsmi səfərlərindən sonra İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) bu qənaətə gəldi ki, pansionatda saxlanma şəraitini qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabər hesab etmək olar. 2004-cü və 2005-ci illərdə ərizəçi vəkilinin vasitəsilə prokurordan və merdən xahiş etdi ki, qəyyumluqdan azad edilməsi üçün məhkəmədə iş qaldırsınlar, amma vəsatətləri rədd edildi. Eynilə onun qəyyumu da məhkəmədə bu barədə iş qaldırmaqdan imtina edərək hesab etdi ki, pansionat onun yaşayışı üçün ən münasib yerdir, çünki onun müstəqil yaşamaq üçün vəsaiti yoxdur. 2006-cı ildə vəkilinin təşəbbüsü ilə ərizəçi müstəqil psixiatr tərəfindən müayinə olundu və psixiatr bu qənaətə gəldi ki, şizofreniya diaqnozu düzgün deyil, amma ərizəçi spirtli içkilərə meyllidir və ola bilsin ki, bu iki simptom səhv salınıb. Amma onun cəmiyyətə təkrar inteqrasiyası mümkündür və onun pansionatda qalması sağlamlığı üçün olduqca zərərlidir.
Hüquqi məsələlər – 5-ci maddənin 1-i bəndi
a) 5-ci maddənin 1-i bəndinin tətbiqinin mümkünlüyü – Ərizəçinin pansionata yerləşdirilməsi milli hakimiyyət orqanlarının gördüyü tədbir idi, belə ki, müvafiq tədbir ərizəçinin pansionatda yerləşdirilməsi barədə ilkin vəsatətdən sonra və tədbirin həyata keçirilməsi prosesində dövlət orqanlarının və sosial təsisatların öz vəzifəli şəxsləri vasitəsilə atdığı müxtəlif addımların nəticəsi idi. Ərizəçi elə bir korpusda yerləşdirilmişdi ki, oranı tərk edə bilmirdi, binadan kənarda keçirdiyi vaxtlarda və gedə bildiyi yerlərdə isə həmişə nəzarətə və məhdudiyyətlərə məruz qalırdı. Binanı tərk etmək üçün bu cür icazə sistemi və ərizəçinin şəxsiyyət sənədlərinin müdiriyyətdə saxlanılması onun şəxsi azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Ərizəçi müəyyən yerlərə səfər etmək imkanına malik olsa da, daimi nəzarət altında olurdu və icazə almadan binanı istədiyi vaxt sərbəst surətdə tərk edə bilməzdi. Hökumət sübut edə bilmədi ki, ərizəçinin sağlamlığı onun özü üçün birbaşa təhlükə yaradır və ya müdafiəsi üçün xüsusi məhdudiyyətlərin tətbiqi tələb olunur.
Ərizəçinin pansionatda qalma müddəti göstərilməmişdi və beləliklə qeyri-müəyyən idi, çünki bələdiyyənin qeydiyyat kitablarında onun daimi ünvanı kimi pansionat göstərilmişdi. Hazırda ərizəçi orada qalır və səkkiz ildən çoxdur ki, orada yaşayır. Buna görə də o, yəqin ki, ona tətbiq edilən məhdudiyyətlərin mənfi nəticələrini tam hiss edib. Pansionata qoyularkən onun rəyi soruşulmayıb və o, buraya yerləşdirilməsinə heç vaxt birmənalı şəkildə razılıq verməyib. Daxili qanunvericiliyə əsasən ərizəçinin öz istəyi müəyyən dərəcədə əhəmiyyət daşıyırdı və o, öz vəziyyətini kifayət qədər yaxşı dərk edirdi. Ən azı 2004-cü ildən başlayaraq ərizəçi pansionatı tərk etmək istəyini həm psixiatrlara, həm də hüquq qabiliyyətinin bərpa olunması barədə verdiyi ərizələr vasitəsilə dövlət orqanlarına birmənalı şəkildə ifadə etmişdi.
Hökumətin dəlilləri Məhkəməni buna inandırmadı ki, ərizəçi pansionata yerləşdirilməyə razılıq verib və ya susmaq yolu ilə bunu qəbul edib. Məhkəmə qərara aldı ki, ərizəçinin pansionata yerləşdirilməsi barədə qərarın qəbulunda Bolqarıstan dövlət orqanlarının iştirakını, pansionatı icazəsiz tərk etməyə yol verməyən qaydaları, orada saxlanılmanın müddətini və ərizəçinin buna razılıq verməməsini nəzərə alsaq, araşdırılan vəziyyət azadlıqdan məhrumetməyə bərabərdir və 5-ci maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti –Ərizəçinin razılığını almadan onu psixi çatışmazlığı olan şəxslər üçün pansionata yerləşdirmək barədə qərar Bolqarıstan qanunvericiliyinə əsasən etibarsız idi. Bu nəticə özlüyündə Məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli idi ki, ərizəçinin bu cür azadlıqdan məhrum edilməsi 5-ci maddəyə ziddir. İstənilən halda, bu tədbir Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qanuni tədbir deyildi, çünki həmin maddədə nəzərdə tutulan istisnaların heç biri, o cümlədən 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndi ("ruhi xəstələrin" qanuni həbsə alınması) bu hala şamil oluna bilməzdi. Doğrudur, hazırkı işdə məhkəmə prosesinin gedişində ərizəçinin hüquq qabiliyyətinin olmaması barədə təqdim edilmiş tibbi ekspert rəyində onun əziyyət çəkdiyi xəstəliklər qeyd edilmişdi. Lakin dövlət orqanlarının istinad etdiyi ekspert-psixiatrın rəyindən və ərizəçinin pansionata yerləşdirilməsindən iki ildən artıq vaxt keçmişdi və bu müddətdə onun qəyyumu nə onun səhhətində hər hansı dəyişiklik olduğunu yoxlamış, nə də onunla görüşmüş və ya söhbət etmişdi. Bu müddət həddən artıq çox idi və 2000-ci ildə qəbul edilmiş tibbi rəy 2002-ci ildə pansionata yerləşdirildiyi zaman ərizəçinin psixi sağlamlıq durumunu əks etdirən etibarlı sənəd sayıla bilməzdi. Qeyd etmək lazımdır ki, ərizəçi pansionata yerləşdirilən zaman milli hakimiyyət orqanları psixiatr rəyinin verilməsi barədə göstəriş verməkdən ibarət hər hansı hüquqi öhdəlik daşımırdılar. Sonradan tibbi müayinənin aparılmaması bu qənaətə gəlmək üçün yetərlidir ki, ərizəçinin pansionata yerləşdirilməsi qanunsuz olub. Bundan əlavə, ərizəçinin özünə və ya başqalarına qarşı təhlükə yaratdığı sübuta yetirilməyib.
Məhkəmə həmçinin ərizəçinin səhhətindəki problemlərin onun pansionata yerləşdirilməsini zəruri edib-etmədiyinin qiymətləndirilməsində yol verilən qüsurları qeyd etdi. O, psixiatr nəzarəti altında olsa da, bu nəzarət 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinin məqsədləri üçün onun pansionatda saxlanılmasının zəruri olub-olmadığını mütəmadi surətdə qiymətləndirmək məqsədi daşımırdı. Əslində daxili qanunvericilikdə bu cür qiymətləndirmənin aparılması üçün heç bir norma yox idi. Ərizəçinin pansionata yerləşdirilməsi barədə qərar "qanunla müəyyən olunmuş qaydada" qəbul edilməmişdi və ona 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndi ilə və ya "a"-"f" yarımbəndlərinin hər hansı biri ilə haqq qazandırmaq olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 4-cü bəndi: Hökumət ərizəçinin pansionata yerləşdirilməsinin qanuniliyi məsələsi ilə və bu tədbirin tətbiqinin davam etdirilməsi ilə bağlı ərizəçinin şikayət etməsi üçün birbaşa imkan yaradan hər hansı daxili hüquqi müdafiə vasitəsini göstərmədi. Bolqarıstan məhkəmələri onun pansionata yerləşdirilməsi məsələsinə hər hansı vaxtda və ya hər hansı formada baxmamışdılar və daxili qanunvericilikdə psixi çatışmazlığı olan şəxslərin pansionatda saxlanılmasının zəruriliyi məsələsinə məhkəmə tərəfindən mütəmadi olaraq yenidən baxılması nəzərdə tutulmayıb. Bundan başqa, ərizəçinin pansionata yerləşdirilməsi Bolqarıstan qanunvericiliyində azadlıqdan məhrumetmə kimi qəbul olunmadığına görə bu cür azadlıqdan məhrumetmə tədbirinin qanuniliyi məsələsindən şikayət etmək üçün hər hansı daxili hüquqi müdafiə vasitələri nəzərdə tutmur. Ərizəçinin razılığının olmamasını əsas gətirməklə pansionata yerləşdirilməyə razılığın etibarlılığı məsələsindən yalnız qəyyumun təşəbbüsü ilə şikayət verilə bilərdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 5-ci bəndi: O da sübuta yetirilmədi ki, Məhkəmə hazırkı iş üzrə qərar çıxarmazdan əvvəl ərizəçi qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə görə kompensasiya tələb etmək hüququna malik idi və ya qərar çıxarıldıqdan sonra bunu etmək imkanına malik idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 3: 3-cü maddə istər cinayət prosesi kontekstində həbsə alınma, istərsə də müvafiq şəxsin həyatını və ya sağlamlığını qorumaq məqsədi ilə onu qapalı müəssisəyə yerləşdirmə zamanı dövlət orqanlarının himayəsində olan hər hansı şəxsə qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftarı qadağan edir. Pansionatda qida yetərincə verilmirdi və onun keyfiyyəti aşağı idi. Bina yetərincə qızdırılmırdı və qışda ərizəçi palto ilə yatmalı olurdu. O, həftədə bir dəfə qeyri-gigiyenik və yarıuçuq vanna otağında duş qəbul etməli olurdu. CPT-nin rəyinə əsasən, tualetlər bərbad vəziyyətdə idi və tualetə getmək təhlükəli idi. Nəhayət, paltarlar yuyulduqdan sonra pansionat onları eyni adamlara qaytarmırdı ki, bu da sakinlərdə, yəqin ki, alçalma hissi yaradırdı. Ərizəçi uzun müddət, təxminən yeddi il ərzində (2002-ci ildən 2009-cu ilədək, yəni onun yaşadığı bina təmir olunanadək) yuxarıda qeyd edilən şəraitə bütünlüklə məruz qalmışdı. CPT binaya baş çəkdikdən sonra bu qənaətə gəldi ki, həmin vaxt oradakı yaşayış şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabər sayıla bilər. Bu rəydən xəbərdar olduğuna baxmayaraq, Bolqarıstan Hökuməti həmin pansionatı bağlamaq barədə götürdüyü öhdəliyi yerinə yetirmək üçün 2002-2009-cu illərdə heç bir tədbir görməmişdi. Hökumətin maliyyə ehtiyatlarının olmamasına istinad etməsi ərizəçinin yuxarıda təsvir edilən şəraitdə saxlanılmasına haqq qazandırmaq üçün münasib arqument deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
3-cü maddə ilə birgə götürülməklə 13-cü maddənin pozulub-pozuılmaması: Ərizəçinin pansionatda saxlanılması daxili qanunvericiliyə əsasən azadlıqdan məhrumetmə sayılmırdı. Buna görə də o, "Ziyana görə dövlətin məsuliyyəti haqqında" 1988-ci il tarixli Qanuna əsasən oradakı pis yaşayış şəraitinə görə kompensasiya almaq hüququna malik deyildi. Üstəlik, həmin Qanunun pansionatlarda pis yaşayış şəraiti barədə iddialara tətbiq edildiyini göstərən heç bir məhkəmə presedenti aşkar edilmədi. Hətta fərz etsək ki, ərizəçi öz hüquq qabiliyyətini bərpa edə və pansionatı tərk edə bilərdi, bu cür ləyaqəti alçaldan şəraitdə saxlanıldığına görə ona heç bir kompensasiya təyin olunmayacaqdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 1-ci bəndi: Ərizəçi hüquq qabiliyyətinin bərpası üçün özü müraciət etmək imkanına malik deyildi, o bunu ya qəyyumu vasitəsilə, ya da Mülki Prosessual Məcəllənin 277-ci maddəsində sadalanan şəxslərdən birinin vasitəsilə edə bilərdi. Daxili qanunvericilikdə hüquq qabiliyyətindən tam və qismən məhrum edilən şəxslər arasında fərq qoyulmurdu və şəxsin qəyyumluğa verilməsi üçün əsas olmuş səbəblərin hələ də qüvvədə qalıb-qalmadığının avtomatik olaraq mütəmadi qaydada yoxlanılması nəzərdə tutulmurdu. Üstəlik, ərizəçinin işində sözügedən tədbir hər hansı müddətlə məhdudlaşdırılmamışdı. Məhkəmələrə müraciət hüququ mütləq hüquq olmasa da və şəxsin prosessual hüquqlarının məhdudlaşdırılmasına haqq qazandırmaq mümkün olsa da, hətta şəxs hüquq qabiliyyətindən qismən məhrum edildikdə belə, onun hüquq qabiliyyətinin olmadığı barədə rəyin yoxlanılması üçün məhkəməyə müraciət etmək hüququ müvafiq şəxsin ən mühüm hüquqlarından biridir. Buradan belə nəticə çıxır ki, müvafiq şəxslər bu məsələ ilə bağlı prinsipcə məhkəmələrə birbaşa müraciət etmək hüququna malikdirlər. Bununla belə, dövlət bu cür birbaşa müraciətin həyata keçirilməsi qaydasını müəyyənləşdirməkdə sərbəstdir. Eyni zamanda, milli qanunvericilikdə bu məsələ ilə bağlı məhkəmələrə müraciət hüququna müəyyən məhdudiyyətlərin qoyulması 6-cı maddənin 1-ci bəndinə zidd deyil, bu şərtlə ki, məhdudiyyətlərin yeganə məqsədi həddən artıq miqdarda və açıq-aydın əsassız şikayətlərlə məhkəmələrin yüklənməməsini təmin etmək olsun. Lakin o da aydındır ki, bu problemi birbaşa müraciət imkanını rədd etməklə deyil, daha az məhdudlaşdırıcı vasitələrlə, məsələn şikayətlərin verilməsinin mütəmadilik müddətini məhdudlaşdırmaqla və ya şikayətin qəbuledilən olub-olmadığını işin materialları əsasında öncədən müəyyənləşdirməyə imkan verən sistem tətbiq etməklə həll etmək olardı.
Bundan əlavə, hazırda Avropa səviyyəsində hüquq qabiliyyəti olmayan şəxslərə bu hüququn bərpası üçün məhkəməyə birbaşa müraciət etmək hüququ vermək tendensiyası mövcuddur. Psixi çatışmazlığı olan şəxslərin müdafiəsinə dair beynəlxalq sənədlərdə də onlara mümkün qədər çox hüquqi sərbəstliyin verilməsinin vacibliyi getdikcə daha çox vurğulanır. 6-cı maddənin 1-ci bəndi prinsipcə ərizəçinin işində olduğu kimi qismən hüquq qabiliyyəti olmayan elan edilmiş hər kəsə hüquq qabiliyyətinin bərpası üçün məhkəməyə birbaşa müraciət etmək hüququ verilməsini təmin edən müddəa kimi şərh olunmalıdır. Bu cür birbaşa müraciət Bolqarıstan qanunvericiliyinin müvafiq müddəalarında kifayət qədər aydın şəkildə təmin edilməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 46: Ərizəçinin hüquqlarının pozulmasının doğurduğu nəticələri düzəltmək üçün dövlət orqanları onun pansionatda qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalı idilər. Əgər ərizəçinin pansionata yerləşdirilməsinə özünün razılıq verdiyi müəyyən edilibsə, bu qərardakı heç bir mülahizə onun sözügedən pansionatda və ya psixi çatışmazlığı olan şəxslər üçün nəzərdə tutulan digər müəssisələrdə saxlanılmaqda davam etməsinə yol verməyən mülahizə kimi qəbul edilməməlidir. Lakin ərizəçi pansionata yerləşdirilməsinə etiraz edibsə, dövlət orqanları bu qərarı nəzərə alaraq yubanmadan onun vəziyyətini yenidən araşdırmalı idilər. Qismən fəaliyyət qabiliyyətindən məhrum edilən və fəaliyyət qabiliyyətinin bərpa olunmasını istəyən şəxsin məhkəməyə birbaşa müraciət imkanına malik olmaması ilə bağlı 6-cı maddənin 1-ci bəndinin pozulduğu barədə yuxarıda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə tövsiyə etdi ki, cavabdeh dövlət məhkəməyə real surətdə birbaşa müraciət imkanının təmin olunmasından ötrü zəruri olan ümumi tədbirləri görsün.
Maddə 41: Mənəvi ziyana görə 15.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy