Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
STANEV BOLQARISTANA qarşı İŞİ
(CASE OF STANEV v. BULGARIA)
(36760/06 saylı ərizə)
QƏRAR
STRASBURQ
17 yanvar 2012-ci il
Bu qərar redaktə məqsədilə təhlil edilə bilər.
Stanev Bolqarıstana qarşı işinə,
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Françoise Tulkens,
Josep Casadevall,
Nina Vajić,
Dean Spielmann,
Lech Garlicki,
Khanlar Hajiyev,
Egbert Myjer,
Isabelle Berro-Lefèvre,
Luis López Guerra,
Mirjana Lazarova Trajkovska,
Zdravka Kalaydjieva,
Ganna Yudkivska,
Vincent A. de Gaetano,
Angelika Nußberger,
Julia Laffranque, hakimlər,
və Vincent Berger, hüquq məsləhətçisi,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
9 fevral və 7 dekabr 2011-ci il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd edilən tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Bolqarıstan vətəndaşı (“ərizəçi”) cənab Rusi Kosev Stanev tərəfindən Məhkəməyə 8 sentyabr 2006-cı il tarixində Bolqarıstan Respublikasına qarşı təqdim olunmuş (36760/06 saylı) ərizə əsasında açılmışdır.
2. Hüquqi yardımla təmin olunmuş ərizəçi Sofiyada işləyən hüquqşünas xanım A. Genova və Budapeştdə yerləşən qeyri-hökumət təşkilatı olan Ruhi Xəstələrə Yardım Mərkəzinin hüquqşünasları xanım V. Lee və xanım L. Nelson tərəfindən təmsil olunmuşdur. Bolqarıstan Hökuməti (“Hökumət”) isə Ədliyyə Nazirliyindən olan Nümayəndələri xanım N. Nikolova və xanım R. Nikolova tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi ruhi xəstəliyi olan insanlar üçün nəzərdə tutulan sosial himayə evinə yerləşdirilməsindən və oranı tərk etmək üçün icazə ala bilməməsindən şikayət etmişdir (Konvensiyanın 5 §§ 1, 4 və 5-ci Maddəsi). Ayrıca və 13-cü Maddə ilə birlikdə götürüldükdə Konvensiyanın 3-cü Maddəsinə əsaslanaraq ərizəçi daha sonra həmin evdəki şəraitdən də şikayət etmişdir. O, həmçinin, bildirdi ki, qismən qəyyumluqdan azad edilməsi ilə bağlı iddia qaldırmaq üçün ona məhkəməyə müraciət etmək imkanı da verilməmişdir (Konvensiyanın 6-cı Maddəsi). Nəhayət, o, iddia etmişdir ki, sosial evdə yerləşdirilməsi də daxil olmaqla, qəyyumluq rejimindən irəli gələn məhdudiyyətlər ayrıca və Konvensiyanın 13-cü Maddəsi ilə birlikdə götürüldükdə onun 8-ci Maddə ilə təmin olunan şəxsi həyatına hörmət edilməsi hüququnu pozmuşdur.
4. Ərizəyə Məhkəmənin Beşinci Bölməsində baxıldı (Məhkəmə Reqlamentinin 52§1-ci Qaydası). 10 noyabr 2009-cu ildə işə qəbuledilənlik və mahiyyəti üzrə baxıldıqdan sonra (54 § 3-cü Qayda), 29 iyun 2010-cu ildə iş həmin Bölmənin Sədri Peer Lorenzen-dən, hakimlər Renate Jaeger, Karel Jungwiert, Rait Maruste, Isabelle Berro-Lefèvre, Mirjana Lazarova Trajkovska və Zdravka Kalaydjieva-dan və həmçinin, Bölmə üzrə katib Claudia Westerdiek-dən ibarət Palatası tərəfindən qəbuledlən elan olundu. 14 sentyabr 2010-cu ildə elə həmin Bölmənin Sədri Peer Lorenzen-dən, hakimlər Renate Jaeger, Rait Maruste, Mark Villiger, Isabelle Berro-Lefèvre, Mirjana Lazarova Trajkovska və Zdravka Kalaydjieva-dan və həmçinin, Bölmə üzrə katib Claudia Westerdiek-dən ibarət Palatası işə baxmadan onu Böyük Palataya göndərdi və tərəflərdən heç biri bu göndərişə etiraz etmədi (Konvensiyanın 30-cu Maddəsi və Qayda 72).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4 və 5-ci bəndlərinə və 24-cü Qaydaya uyğun olaraq müəyyən edilmişdi.
6. Həm ərizəçi və həm də Hökumət işin mahiyyəti üzrə öz yazılı müşahidələrini təqdim etdilər.
7. Əlavə olaraq, yazılı qaydada qeydlərin bildirilməsi üçün Sədrin dəvəti əsasında üçüncü tərəf kimi İnterights qeyri-hökumət təşkilatının şərhləri qəbul edildi (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və Qayda 44 § 3).
8. Dinləmə 9 fevral 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq formada həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökumət adından
Xanım N. Nikolova, Ədliyyə Nazirliyi,
Xanım R. Nikolova, Ədliyyə Nazirliyi,Həmnümayəndələr;
(b) Ərizəçinin adından
Xanım A. Genova,Vəkil,
Xanım V. Lee,
Xanım L. Nelson,Məsləhətçilər.
Məhkəmə tərəflərin çıxışlarını dinlədi. Ərizəçi də iştirak edirdi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1956-cı ildə özünün 2002-ci ilin dekabr ayınadək yaşamış olduğu və həmçinin, yeganə yaxın qohumları olan ögey bacısının və atasının ikinci arvadının yaşadığı Ruse-da anadan olmuşdur. 20 dekabr 1990-cı ildə peşə həkimlərindən ibarət bir kollegiya onun əmək qabiliyyətli olmadığını elan etdi. Həmin kollegiya müəyyən etdi ki, 1975-ci ildə qoyulmuş şizofreniya diaqnozu nəticəsində ərizəçidə 90%-lik əlillik olmuş, lakin o, yardım tələb etməmişdir. Buna əsasən də o, əlilliyə görə pensiya alır.
A. Ərizəçinin qismən qəyyumluğa verilməsi və ruhi xəstəlikləri olan insanlar üçün olan sosial himayə evinə yerləşdirilməsi
10. 2000-ci ildə dəqiq tarixi müəyyən olmayan bir gündə ərizəçinin iki qohumunun tələbi əsasında Ruse regional prokuroru ərizəçinin tam hüquq anlqsız elan olunması üçün Ruse Regional Məhkəməsinə (Окръжен съд) müraciət etdi. Həmin məhkəmə 20 noyabr 2000-ci il tarixli qərarında ərizəçinin 1975-ci ildən bəri adi şizofreniyadan əziyyət çəkməsinə və onun öz işlərini və mənafelərini idarə etmək və öz hərəkətlərinin nəticələrini anlamaq qabiliyyətinin korlandığına əsaslanaraq, ərizəçini qismən anlaqsız elan etdi. Məhkəmə qərara gəldi ki, ərizəçinin vəziyyəti o qədər də ciddi deyil ki, o tam anlaqsız elan olunsun. O, mülahizəsində ayrıca bildirdi ki, 1975-ci ildən 2000-ci ilədək olan müddət ərzində ərizəçi bir neçə dəfə psixiatriya xəstəxanasına qəbul olunmuşdur. Məhkəmə icraatların getdiyi müddətdə verilmiş tibbi ekspert hesabatlarını nəzərdən keçirdi və ərizəçi ilə müsahibə apardı. Bundan əlavə, məhkəmənin müsahibə apardığı digər müəyyən insanların dediklərinə görə, ərizəçi bütün əmlakını satıbmış, dilənçiliklə pul qazanırmış, bütün pullarını alkoqola xərcləyirmiş və içəndə də aqressiv olurmuş.
11. Həmin qərar ərizəçinin müraciəti əsasında verilmiş Veliko Tarnovo Apelyasiya Məhkəməsinin (Апелативен съд) 12 aprel 2001-ci il tarixli qərarı ilə qüvvədə saxlandı və qəyyumun təyin olunması üçün 7 iyun 2001-ci ildə müvafiq olaraq Ruse Bələdiyyə Şurasına göndərildi.
12. Ərizəçinin ailə üzvləri öz üzərlərinə hər hansı qəyyumluq məsuliyyəti götürməkdən imtina etdiklərindən, 23 may 2002-ci ildə Bələdiyyə Şurası şuranın məmuru xanım R.P.-nı 31 dekabr 2002-ci ilədək ərizəçinin qəyyumu təyin etdi.
13. 29 may 2002-ci ildə R.P. Ruse sosial xidmətlərindən ərizəçini ruhi xəstələr üçün olan sosial himayə evində yerləşdirməyi xahiş etdi. O, ərizə formasına psixiatrik diaqnoz da daxil olmaqla bir sıra sənədlər əlavə etdi. 23 iyul 2002-ci ildə sosial xidmətlər ərizəçinin şizofreniyadan əziyyət çəkdiyini, onun ögey bacısının evinə bitişik kiçik və yarı-uçuq bir otaqda yaşadığını və onun ögey bacısının və atasının ikinci arvadının onun qəyyumu olmaq istəmədiklərini bildirdiklərini qeyd edərək, onun maddi vəziyyəti haqqında hesabat hazırladı. Bununla da, sosial himayə evində yerləşdirilmək üçün tələb olunan şərtlər təmin olunmuş hesab edildi.
14. 10 dekabr 2002-ci ildə R.P. və Rila bələdiyyəsində Pastra kəndi yaxınlığında yerləşən və Əmək və Sosial Siyasət Nazirliyinə tabe bir institut olan ruhi xəstəliklərdən əziyyət çəkən böyüklər üçün sosial himayə evi (“Pastra sosial himayə evi”) arasında yerləşdirilmə haqqında razılaşma imzalandı. Ərizəçiyə razılaşma barədə məlumat verilmədi.
15. Elə həmin gün axşam ərizəçi təcili tibbi yardım maşını ilə Ruse-dan təxminən 400 km aralı olan Pastra sosial himayə evinə aparıldı. Məhkəmədən əvvəl, o, bildirdi ki, ona niyə sosial evə yerləşdirilməsi və hansı müddətə yerləşdirilməsi barədə heç nə deyilməyib; Hökumət bununla bağlı mübahisə etmədi.
16. 14 dekabr 2002-ci ildə Pastra sosial himayə evinin direktorunun tələbi əsasında ərizəçi, ev ünvanının Rila bələdiyyəsində olduğu göstərilməklə qeydiyyata alındı. Yerləşmə şəhadətnaməsində deyilirdi ki, onun ünvanı “daimi nəzarətdə” saxlanması məqsədilə dəyişdirilmişdir. 2001-ci ilin fevralında təqdim olunmuş ən axırıncı sübuta görə, həmin vaxt ərizəçi hələ də həmin evdə yaşayırdı.
17. 9 sentyabr 2005-ci ildə ərizəçinin vəkili Rila Bələdiyyə Şurasından müştərisi üçün qəyyum təyin etməyi tələb etdi. 16 sentyabr 2005-ci il tarixli məktubla ona məlumat verildi ki, 2 fevral 2005-ci ildə Bələdiyyə Şurasının qərarı ilə Pastra sosial himayə evinin direktoru ərizəçinin qəyyumu təyin edilmişdir.
B. Ərizəçinin Pastra sosial himayə evində qalması
1. Yerləşdirmə barədə razılaşmanın müddəaları
18. 10 dekabr 2002-ci ildə qəyyum R.P. və Pastra sosial himayə evi arasında imzalanmış razılaşmada (bax yuxarıda bənd 14) ərizəçinin adı qeyd olunmurdu. Orada qeyd olunurdu ki, himayə evi qanunla müəyyən olunmuş məbləğdə ödəniş müqabilində yemək, geyim, tibbi xidmətlər, istilik və təbii ki, qalmaq üçün yer təmin etməli idi. Buradan görünür ki, ərizəçinin bütün əlillik pensiyası həmin məbləğin ödənilməsi üçün himayə evinə köçürülməli idi. Razılaşmada müəyyən olunurdu ki, məbləğin 80%-i göstərilən xidmətlərin haqqının ödənilməsi üçün sərf olunmalı və qalan 20% isə şəxsi xərclər üçün saxlanmalı idi. İşin materiallarında olan məlumata əsasən ərizəçinin əlillik pensiyası, 2008-ci ildə edilmiş dəyişikliklər də nəzərə alınmaqla 130 Bolqarıstan levi (BGN – təxminən 65 avro) məbləğində idi. Razılaşmada sözügedən xidmətlərin göstərilməsi müddəti müəyyən olunmurdu.
2. Ərazinin təsviri
19. Pastra sosial himayə evi Bolqarıstanın cənub-qərbində Rila dağlarının təcrid olunmuş hissəsində yerləşir. Oraya 8 km aralıda yerləşməklə ən yaxın yaşayış məntəqəsi olan Pastra kəndindən palçıq yolla getmək mümkündür.
20. Himayə evi 1920-ci illərdə inşa edilmişdir və üç binadan ibarətdir ki, ruhi sağlamlıq vəziyyətlərinə uyğun olaraq kişi cinsindən olan bütün sakinlər həmin binalarda yerləşdirilir. 2009-cu ilin aprel ayında Sosial Yardım Agentliyi tərəfindən hazırlanmış hesabata görə himayə evində yetmiş üç nəfər yaşayırmış, bir nəfər xəstəxanada idi və iki nəfər də qaçmışdı. Himayə evinin sakinlərindən iyirmi üç nəfəri tamamilə anlaqsız, iki nəfəri qismən anlaqsız və digərləri tam anlaqlı idilər. Hər bir binanın hündür metal hasarla əhatə olunmuş həyətyanı sahəsi var idi. Ərizəçi evin səhhətində ən az problemləri olan və evi ərazisində gəzə və əvvəlcədən razılıq almaqla ən yaxın kəndə təkbaşına gedə bilən şəxslər üçün saxlanmış 3-cü blokunda yerləşdirilmişdi
21. Ərizəçinin bildirdiyinə görə, himayə evi dağılmaq üzrə olan, çirkli imiş və qış mövsümündə nadir hallarda isidilirmiş ki, bu səbəbdən də, o və digər sakinlər qış ərzində öz paltolarını əyinlərindən çıxarmadan yatmaq məcburiyyətində qalırlarmış. Ərizəçi 16 kvadrat metrlik sahəsi olan otaqda digər dörd sakinlə birlikdə qalırdı və yataqlar faktiki olaraq yan-yana idi. Onun yatağının yanında paltarlarını içində saxlaması üçün yalnız bir tumba var idi, lakin o, gecələr paltarları yatağında saxlamağa üstünlük verirdi, çünki, qorxurdu ki, paltarlarını oğurlayıb yerinə köhnə paltarlar qoyarlar. Evin sakinlərinin öz şəxsi geyim əşyaları yox idi, çünki geyimlər yuyulduqdan sonra eyni adamlara qaytarılmırdı.
3. Yemək, gigiyena və sanitar şərait
22. Ərizəçi təsdiq etdi ki, evdə verilən yemək kifayət etmirdi və keyfiyyətsiz idi. Yeməklərin seçilməsində onun heç bir rolu yox idi və hazırlanmasında da kömək etməsinə icazə verilmirdi.
23. Sağlamlıq üçün təhlükəli və köhnə olan hamama girməyə yalnız həftədə bir dəfə icazə verilirdi. Həyətdə yerləşən və qeyri-gigiyenik və təmirsiz olan tualetlər yarımxaraba daldalanacaqlarla örtülmüş yerdə deşiklərdən ibarət idi. Hər bir tualet ən azı səkkiz nəfər tərəfindən istifadə olunurdu. Təmizlik ləvazimatları müntəzəm qaydada verilmirdi.
4. Ən son yeniliklər
24. Hökumət Böyük Palataya təqdim etdiyi materialda bildirdi ki, 2009-cu ilin axırlarında sanitar ərazilər də daxil olmaqla, ərizəçinin məskunlaşdığı evdə bərpa işləri görülmüşdür. Evdə indi mərkəzləşdirilmiş istilik sistemi var idi. Yeməklər müxtəlif idi və menyuda müntəzəm qaydada meyvə və tərəvəzlər, həmçinin ət olurdu. Sakinlərin televizora baxmaq, kitab oxumaq və oyunlar oynamaq imkanları var idi. Dövlət onların hamısını geyimlə təmin edirdi. Ərizəçi bu deyilənləri mübahisələndirmədi.
.
5. Ərizəçinin etdiyi səfərlər
25. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər himayə evinin menecmentində qalırdı və onun evi tərk etməsinə yalnız direktorun xüsusi icazəsi əsasında imkan verilirdi. O, müntəzəm olaraq Pastra kəndinə gedirdi. Məlum olur ki, səfərləri zamanı o, əsasən, kəndlilərə ev işlərində kömək edirdi və ya kəndin restoranında müəyyən işlər görürdü.
26. 2002-2006-cı illər arasındakı dövrdə ərizəçi üç dəfə Ruse-ya məzuniyyətə getmişdir. Hər səfərdə ona on günlük icazə verilmişdi. Səfər 6 BGN (təxminən 30 Avroya) başa gəlmişdir ki, bu məbləğ də ona evin menecmenti tərəfindən ödənilmşdir.
27. Ruse-ya ilk iki səfərindən sonra ərizəçi Pastraya icazə verilmiş məzuniyyət müddətinin sona çatmasından əvvəl qayıtmışdır. Evin direktorunun qeyri-müəyyən tarixdə prokurorluğa verdiyi məlumata görə, ərizəçi ona görə erkən qayıtmışdır ki, o, maliyyə baxımından çətinlik çəkmiş və qalmağa yeri olmamışdır.
28. Üçüncü məzuniyyət 15-25 sentyabr 2006-cı il tarixləri üçün verilmişdi. Ərizəçi müəyyən olunmuş tarixdə qayıtmadıqda, 13 oktyabr 2006-cı ildə evin direktoru bu barədə Ruse şəhər polisinə yazdı və onlardan ərizəçini axtarmağı və onu Sofiyaya göndərməyi xahiş etdi ki, himayə evinin Sofiyadakı əməkdaşları onu götürüb Pastraya geri göndərə bilsinlər. 19 oktyabr 2006-cı ildə Ruse polisi direktora məlumat verdi ki, ərizəçinin harada olduğu müəyyənləşdirilmişdir, lakin polis onu göndərə bilməz, çünki onun axtarışda olması barədə bildiriş yoxdur. O, 31 oktyabr 2006-cı ildə təbii ki, sosial himayə evinin əməkdaşları tərəfindən himayə evinə geri qaytarıldı.
6. Mədəniyyət və istirahət fəaliyyəti üçün imkanlar
29. Ümumi otaqda ərizəçinin saat 15:00-adək istifadə edə biləcəyi bir televizor, bir neçə kitab və bir şahmat taxtası var idi ki, həmin vaxtdan sonra ümumi otaq bağlı saxlanırdı. Həmin otaq qışda isidilmirdi və sakinlər orada olanda paltolarını, papaqlarını və əlcəklərini çıxarmırdılar. Başqa heç bir sosial, mədəni və ya idman tədbirləri olmurdu.
7. Yazışma
30. Ərizəçi bildirdi ki, sosial himayə evinin əməkdaşları ona yazışması üçün lazım olan zərf verməkdən imtina etmişdir və ərizəçinin pulu özündə olmadığından onu satın ala da bilməmişdir. Əməkdaşlar ondan göndərmək istədiyi hər hansı vərəqləri onlara verməyi istəyirdilər ki, onları ərizəçinin əvəzinə özləri zərfə qoyub göndərə bilsinlər.
8. Tibbi müalicə
31. 15 iyun 2005-ci il tarixli tibbi arayışdan (bax yuxarıda bənd 37) məlum olur ki, 2002-ci ildə himayə evinə yerləşdirildikdən sonra ərizəçiyə aylıq psixiatr nəzarəti altında anti-psixotik dərman (carbamazepine (600mg)) verilmişdir.
32. Bundan əlavə, Böyük Palatadakı dinləmədə ərizəçinin nümayəndələri bildirdilər ki, onların müştərisinin vəziyyəti 2006-cı ildən etibarən stabil yaxşılaşmaqda olmuş və son illərdə heç bir psixiatrik müalicə almamışdır.
C. Ərizəçinin Pastrada qaldığı müddət ərzində sosial bacarıqlarının dəyərləndirilməsi və vəkilinin tələbi əsasında hazırlanmış psixiatrik arayışın nəticələri
33. İldə bir dəfə sosial himayə evinin direktoru və evin sosial işçisi ərizəçinin davranışı və sosial bacarıqları ilə bağlı qiymətləndirmə hesabatı hazırlayırdılar. Hesabatlardan görünürdü ki, ərizəçi ünsiyyətcil deyildi, qrup fəaliyyətinə qoşulmaqdansa tək qalmağa üstünlük verirdi, dərmanlarını qəbul etməkdən imtina edirdi və məzuniyyətdə olarkən baş çəkməyə heç bir yaxın qohumu yox idi. Onun ögey bacısı ilə münasibətləri yaxşı deyildi və heç kim dəqiq bilmirdi ki, onun sosial himayə evindən kənarda qalmağa yeri var, ya yox. Hesabatların nəticəsinə görə ərizəçinin cəmiyyətə inteqrasiyası mümkün deyildi və onun cəmiyyətdə özünə yer tapması və gələcəkdə yenidən ailəsinə qayıtması üçün zəruri bacarıq və biliklərə yiyələnməsini təmin etmək lazım idi. Məlum olur ki, ona bu məqsədlə heç bir terapiya təklif olunmamışdır.
34. İşin materiallarından məlum olur ki, 2005-ci ildə ərizəçinin qəyyumu Bələdiyyə Şurasından ərizəçinin cəmiyyətə inteqrasiyasının asanlaşdırılması üçün ona sosial müavinət verilməsini xahiş etmişdir. Bu xahişdən sonra 30 dekabr 2005-ci ildə bələdiyyənin sosial yardım departamenti ərizəçinin “sosial qiymətləndirilməsini” (социална оценка) apardı və qiymətləndirmə nəticəsində məlum oldu ki, o, hətta, qapalı mühitdə də, işləmək qabiliyyətinə malik deyildi, heç bir təlimə və ya təkrar təlimə ehtiyacı yox idi və bu halda ona nəqliyyat, dolanışıq və dərman ehtiyaclarının ödənilməsi üçün sosial müavinət düşürdü. 7 fevral 2007-ci ildə bələdiyyənin sosial yardım departamenti ərizəçiyə 16.50 BGN (təxminən 8 Avro) məbləğində aylıq sosial müavinət təyin etdi. 3 fevral 2009-cu ildə müavinət artırılaraq 19.50 BGN-a (təxminən 10 Avroya) çatdırıldı.
35. Bundan əlavə, 31 avqust 2006-cı ildə vəkilinin tələbi ilə ərizəçi, müntəzəm olaraq sosial himayə evinə gələn psixiatrdan fərqli olan Dr. V.S. və psixoloq xanım İ.A. tərəfindən müayinə olundu. Bu müayinənin nəticəsində hazırlanmış hesabata görə, ərizəçiyə 15 iyun 2005-ci il tarixində qoyulmuş şizofreniya diaqnozu (bax aşağıda bənd 37) düzgün deyildi, çünki, xəstədə heç də onun bütün simptomları görünmürdü. Hesabatda qeyd olunurdu ki, ərizəçinin keçmişdə bu xəstəlikdən əziyyət çəkmiş olduğuna baxmayaraq, müayinə zamanı onda heç bir aqressiya əlaməti görünməmiş, lakin “şifahi aqressiyaya” yüngülvari meyllilik müşahidə olunmuşdur, 2002 və 2006-cı illər ərzində həmin xəstəliklə bağlı heç bir müalicə almamış və səhhəti görünən dərəcədə stabilləşmişdir. Hesabatda o da qeyd olunurdu ki, ərizəçinin ruhi sağlamlığının ağırlaşması riski müşahidə olunmamış və himayə evinin direktorunun fikrincə ərizəçi cəmiyyətə yenidən inteqrasiya etmək iqtidarında olmuşdur.
36. Hesabata görə, ərizəçinin Pastra sosial himayə evində qalması onun səhhəti üçün çox zərərli idi və yaxşı olardı ki, o, evi tərk etsin; əks təqdirdə, burada daha çox qaldıqca o, “institusionallaşma sindromu”nun yaranması riski altında idi. Hesabatda əlavə olaraq o da bildirilirdi ki, onun mümkün cüzi məhdudiyyətlərlə ictimai həyata inteqrasiya etməsinə icazə vermək həm də onun ruhi sağlamlığı və sosial inkişafı üçün də faydalı olardı və nəzarət olunmalı yeganə məsələ onun, 2002-ci ilə qədər müşahidə olunan alkoqoldan sui-istifadəyə meylliliyi idi. Ərizəçini müayinə etmiş ekspertlərin fikrincə alkoqol asılılığı olan şəxsin davranışı şizofreniyadan əziyyət çəkən şəxsin davranışına bənzəyə bilər; buna görə də, ərizəçinin işində sayıqlıq tələb olunur və diqqət edilməlidir ki, iki fərqli vəziyyət səhv salınmasın.
D. Ərizəçinin qismən qəyyumluqdan azad olmaq cəhdləri
37. 25 noyabr 2004-cü ildə ərizəçi öz vəkili vasitəsilə prokurorluqdan tələb etdi ki, onun anlaqlığının bərpa olunması üçün Regional Məhkəməyə müraciət etsin. 2 mart 2005-ci ildə ərizəçinin anlaqlı olmasının bərpa olunması üçün məhkəməyə mümkün müraciətin hazırlanması ilə əlaqədar prokuror Pastra sosial himayə evindən ərizəçinin vəziyyəti ilə bağlı həkim rəyini və digər tibbi arayışları ona göndərməyi tələb etdi. Həmin tələbin ardınca ərizəçi tibbi baxış üçün 31 maydan 15 iyun 2005-ci ilədək psixiatrik xəstəxanaya qəbul edildi. Sonuncu göstərilən tarixdə verilmiş arayışda həkimlər ərizəçidə şizofreniya simptomlarının olduğunu təsdiq etdilər. 2002-ci ildə himayə evinə yerləşdirildikdən sonra ərizəçinin səhhəti pisləşmədiyindən onun oradakı rejimi də dəyişdirilməmişdir. 2002-ci ildən etibarən o, aylıq psixiatr nəzarəti altında dəstəkləyici müalicə almışdır. Psixoloji müayinə nəticəsində ərizəçinin təşviş içərisində, gərgin və şübhəci olduğu aşkar edildi. Onun ünsiyyət qurmaq bacarıqları pis idi və özü də xəstəliyindən xəbərsiz idi. O deyirmiş ki, nəyin bahasına olursa olsun himayə evini tərk etmək istəyir. Həkimlər nə onun yenidən cəmiyyətə qarışmaq qabiliyyəti, nə də onun Pastra sosial himayə evində saxlanmasının lazımlılığı barədə bir fikir bildirmədilər.
38. 10 avqust 2005-ci ildə regional prokuror həkimlərin, Pastra sosial himayə evinin direktorunun və sosial işçisinin ərizəçinin öz qeydinə qala bilmədiyini və müalicə oluna biləcəyi himayə evinin onun üçün ən uyğun yaşayış yeri olduğunu göstərən fikirlərinə əsaslanaraq, ərizəçinin anlaqlığının bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməkdən imtina etdi. Ərizəçinin vəkili müştərisinə evdəki şəraiti nəzərə alaraq orada qalmağın onun maraqlarına uyğun olmadığını dəyərləndirmək imkanının verilməli olmasını iddia edərək, bu imtinanı mübahisələndirdi. O, qeyd etdi ki, ərizəçinin himayə evində müalicə olunması adı altında orada məcburi qalmasının davam etdirilməsi faktiki olaraq onun azadlıqdan məhrum edilməsi, yəni qəbul edilə bilməyən bir vəziyyət deməkdir. Şəxsi onun öz razılığı olmadan heç bir institutda yerləşdirmək olmaz. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, qismən qəyyumluq altında olan şəxs qəyyumunun razılığı ilə öz yaşamaq yerini seçməkdə azaddır. Buna görə də, yaşamaq yerinin seçilməsi prokurorluq xidmətinin səlahiyyəti çərçivəsində olan bir məsələ deyil. Bütün bu etirazlara baxmayaraq, regional prokurorluğun imtina barədə qərarı 11 oktyabr 2005-ci ildə apelyasiya prokuroru tərəfindən və nəticə etibarilə 29 noyabr 2005-ci ildə Ali Kasasiya Məhkəməsində baş prokuror tərəfindən qüvvədə saxlanıldı.
39. 9 sentyabr 2005-ci ildə ərizəçi öz vəkili vasitəsilə Rila merindən onun qismən qəyyumluqdan azad edilməsi üçün məhkəməyə müraciət etməyi xahiş etdi. Rila meri 16 sentyabr 2005-ci il tarixli məktubunda 15 iyun 2005-ci il tarixli tibbi arayışı, himayə evinin direktorunun və sosial işçisinin fikirlərini və prokurorluğun gəldiyi nəticələri nəzərə alaraq bu cür müraciət üçün əsas olmadığını qeyd edərək onun xahişini rədd etdi. 28 sentyabr 2005-ci ildə ərizəçinin vəkili Ailə Məcəlləsinin 115-ci Maddəsinə əsasən merin qərarına yenidən baxılması üçün Dupnitsa Rayon Məhkəməsinə müraciət etdi (bax aşağıda bənd 49). Rayon Məhkəməsi 7 oktyabr 2005-ci il tarixli məktubunda qeyd etdi ki, ərizəçi qismən anlaqsız olduğundan ondan vəkilinin onu təmsil etdiyini təsdiq edən etibarnamə təqdim etməsi tələb olunur və onun qəyyumunun icraata müdaxilə edib etmədiyi də göstərilməlidir. Bundan sonra ərizəçinin vəkili ərizəçi tərəfindən imzalanmış etibarnamənin bir nüsxəsini təqdim etdi. O, həmçinin qəyyumun da maraqlı tərəf kimi icraatlara qoşulmasını və ya ad hoc nümayəndənin təyin olunmasını tələb etdi. 18 yanvar 2006-cı ildə keçirilmiş məhkəmə iclasında Rila merinin nümayəndəsi etiraz edərək bildirdi ki, etibarnamə forması qəyyum tərəfindən də imzalanmadığından etibarsızdır. İclasda iştirak edən qəyyum bildirdi ki, o, ərizəçinin müraciətinə etiraz etmir, lakin ərizəçinin yaşlılığa görə aldığı pensiya onun ehtiyaclarını ödəməyə kifayət etmədiyindən Pastra sosial himayə evi onun üçün ən yaxşı yaşayış yerdir.
40. Dupnitsa Rayon Məhkəməsi qərarını 10 mart 2006-cı ildə verdi. Qərara yenidən baxılması ilə bağlı müraciətin qəbuledilənliyinə gəldikdə məhkəmə müəyyən etdi ki, ərizəçinin vəkilinə onu təmsil etməyi tapşırmasına baxmayaraq, qəyyum etibarnaməni imzalamadığından vəkilin onun adından çıxış etmək hüququ yoxdur. Bununla belə, məhkəmə bildirdi ki, iclas zamanı qəyyum ərizəçinin müraciətini dəstəklədiyindən vəkilin bütün prosessual hərəkətləri etibarlı hesab olunur və bununla da ərizəçinin müraciəti qəbulediləndir. İşin mahiyyətinə gəldikdə isə, məhkəmə qəyyumun qismən qəyyumluq altında olmaqdan azad edilməli ərizəçi üçün müstəqil şəkildə və ərizəçi üçün birbaşa müraciət edə biləcəyini nəzərə alaraq, merin imtina qərarının mübahisələndirilməsində qəyyumun legitim marağının olmadığını hesab edərək ərizəni rədd etdi. Qərar, ondan apelyasiya şikayəti verilmədiyindən qüvvəyə mindi.
41. Sonda, ərizəçi təsdiq etdi ki, o, qəyyumundan bir neçə dəfə qismən qəyyumluq altında olmaqdan azad edilməsi və himayə evini tərk etməsi üçün müraciət etməsini xahiş etmişdir. Lakin, onun xahişləri həmişə rədd edilmişdir.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Qismən qəyyumluq altında olan şəxslərin hüquqi statusu və onların məhkəmələr qarşısında təmsil olunması
42. Şəxslər və Ailə haqqında 9 avqust 1949-cu il tarixli Qanunun 5-ci Bölməsi ilə müəyyən olunur ki, ruhi xəstəlik və ya əqli çatışmazlıq səbəbindən öz maraqlarının qeydinə qala bilməyən şəxslər fəaliyyət qabiliyyətindən tamamilə məhrum edilməli və anlaqsız elan olunmalıdırlar. Bu cür xəstəliklərin daha yüngül formalarından əziyyət çəkən böyüklər fəaliyyət qabiliyyətindən qismən məhrum edilməlidirlər. Fəaliyyət qabiliyyətindən tamamilə məhrum edilmiş şəxslər tam qəyyumluq (настойничество) altına, qismən məhrum edilmiş şəxslər isə qismən qəyyumluq (попечителство – literally “trusteeship”) altına verilir. Qanunun 4 və 5-ci bölmələrinə əsasən qismən qəyyumluq altında olan şəxslər öz qəyyumlarının razılığı olmadan hüquqi əqdlər bağlaya bilməzlər. Bununla belə, onlar gündəlik həyatın bir hissəsi olan adi hərəkətləri edə bilərlər və işlərinə görə əldə edə biləcəkləri resurslara çatımları ola bilər. Müvafiq olaraq, qismən anlaqsız şəxsin qəyyumu da müstəqil şəkildə həmin şəxs üçün məcburi qüvvəyə malik olan hüquqi əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, qismən fəaliyyət qabiliyyətsiz şəxsin razılığı olmadan yalnız qəyyum tərəfindən imzalanmış müqavilələr etibarsızdır.
43. Mülki Prosessual Məcəllənin (“MPM”) 16-cı Maddəsinin 2-ci bəndinə əsasən tam qəyyumluq altında olan şəxslər məhkəmələr qarşısında öz qəyyumları vasitəsilə təmsil olunurlar. Qismən qəyyumluq altında olan şəxslər isə məhkəmə icraatlarında iştirak edə bilərlər, lakin bunun üçün qəyyumlarının razılığı tələb olunur. Buna görə də, fəaliyyət qabiliyyətindən qismən məhrum edilmiş şəxsin qəyyumu onun qanuni nümayəndəsi rolunda çıxış etmir. Qəyyum qismən qəyyumluq altında olan şəxsin adından fəaliyyət göstərə bilməz, lakin həmin şəxsin fərdi əqdləri ilə razılaşdığını və ya razılaşmadığını ifadə edə bilər (Сталев, Ж., Българско гражданско процесуално право, София, 2006 , səh. 171). Qismən qəyyumluq altında olan şəxs o şərtlə özünə vəkil tuta bilər ki, vəkilə verəcəyi etibarnamə qəyyum tərəfindən də imzalanmış olsun (elə orada, səh. 173).
B. Qismən qəyyumluğa verilmə proseduru
44. Şəxsin qismən qəyyumluğa verilməsi proseduru iki mərhələdən ibarətdir: şəxsin qismən anlaqsız elan olunması və qəyyumun təyin edilməsi.
1. Məhkəmələr tərəfindən qismən anlaqsız elan olunma
45. Birinci mərhələ həmin vaxt 1952-ci ilin MPM-nin 275-277-ci Maddələri ilə nizamlanan və yeni 2007-ci il MPM-inin 336-340 cı Maddələrində də dəyişdirilmədən saxlanmış məhkəmə prosedurandan ibarətdir. Şəxsin qismən anlaqsız elan olunması məsələsi onun əri/arvadı və ya yaxın qohumları, prokuror və ya hər hansı digər maraqlı şəxs tərəfindən qaldırıla bilər. Məhkəmə öz qərarını açıq məhkəmə iclasında sözügedən şəxsi müayinə etdikdən sonra və ya bu olmadıqda, ərizəçinin vəziyyəti haqqında ilkin təəssürat formalaşdırdıqdan sonra və şəxsin yaxın qohumları ilə müsahibə apardıqdan sonra verir. Bu yolla əldə edilən məlumatlar kifayət etməzsə, məhkəmə tibbi ekspertiza rəyi kimi digər sübutlara da istinad edə bilər. Dövlətdaxili presedent hüququna əsasən, məhkəmə fəaliyyət qabiliyyətindən məhrumetmə ilə bağlı tələbin əsassız olduğunu işin materiallarında olan digər məlumatlar əsasında müəyyən edə bilmirsə, əlavə ekspert dəyərləndirilməsinin aparılması barədə göstəriş verilməlidir (Решение на ВС № 1538 от 21.VIII.1961 г. по гр. д. № 5408/61 г.; Решение на ВС № 593 от 4.III.1967 г. по гр. д. № 3218/1966 г.).
2. Qəyyumun inzibati orqanlar tərəfindən təyin olunması
46. İkinci mərhələ həmin vaxt 1985-ci ilin Ailə Məcəlləsinin (“AM”) 10-cu Fəsli (109-128-ci Maddələr) ilə nizamlanan qəyyumun təyin olunması üçün inzibati prosedurdan ibarətdir ki, həmin müddəalar yeni 2009-cu il AM-nin 153-174-cü Maddələrində xırda dəyişikliklərlə verilmişdir. İnzibati mərhələ “qəyyumluq orqanı” kimi göstərilən orqan, daha dəqiq desək, mer və ya bələdiyyə şurasının onun tərəfindən təyin olunmuş hər hansı digər məmuru tərəfindən həyata keçirilir.
47. Qəyyumun şəxsin maraqlarını ən yaxşı müdafiə edə bilən qohumları arasından təyin olunmasına üstünlük verilir.
C. Qəyyum tərəfindən görülən tədbirlərə yenidən baxılması və dəyişdirilmənin mümkünlüyü
48. Qəyyum tərəfindən görülən tədbirlərə qəyyumluq orqanı tərərfindən yenidən baxıla bilər. Həmin orqanın tələbi əsasında qəyyum öz fəaliyyəti barədə hesabat verməlidir. Hər hansı pozuntular aşkar edilərsə, qəyyumluq orqanı həmin pozuntuların aradan qaldırılmasını tələb edə və ya sözügedən tədbirlərin görülməsinin dayandırılması barədə göstəriş verə bilər (bax 1985-ci il AM-nin 126-cı Maddəsinin 2-ci bəndi və 125-ci Maddəsi, və 2009-cu il AM-nin 170-ci Maddəsi və 171-ci Maddəsinin 2 və 3-cü bəndləri). Qismən qəyyumluq altında olan şəxslərin qəyyum tərəfindən görülən tədbirlərin dayandırılması üçün merə fərdi yoxsa digər bir şəxs vasitəsilə müraciət edə bilməsi dövlətdaxili qanunvericilikdə aydın müəyyən olunmur.
49. Qəyyumluq orqanı kimi merin qərarları və ya merin qəyyum təyin etməkdən və ya AM ilə müəyyən olunan hər hansı digər tədbiri görməkdən imtina etməsinə məhkəmə qaydasında yenidən baxıla bilər. Onlar maraqlı şəxslər və ya prokuror tərəfindən mahiyyəti üzrə yekun qərar verən rayon məhkəməsi qarşısında mübahisələndirilə bilər (1985-ci il AM-nin 115-ci Maddəsi). Bu prosedur maraqların toqquşması olduqda yaxın qohumların qəyyumun dəyişdirilməsini tələb etməsinə icazə verir (Решение на ВС № 1249 от 23.XII.1993 г. по гр. д. № 897/93 г.). Dövlətdaxili presedent hüququna əsasən, tam anlaqsız elan olunmuş şəxslər bu cür icraatların təşəbbüskarı olan “maraqlı tərəflər” ola bilməzlər (Определение № 5771 от 11.06.2003 г. на ВАС по адм. д. № 9248/2002). Qismən fəaliyyət qabiliyyətsiz elan olunmuş şəxsin bunu edə biləcəyini göstərən dövlətdaxili presedent də yoxdur.
50. Bundan əlavə, qəyyumluq orqanı istənilən vaxt öz vəzifələrini yerinə yetirə bilməyən qəyyumu dəyişdirə bilər (1985-ci il AM-nin 113-cü Maddəsi). 1985-ci il AM-nin 116-cı Maddəsinə əsasən, qismən qəyyumluq altında olan şəxslə öz arasında maraq toqquşması olan şəxs qəyyum təyin edilə bilməz. 1985-ci il AM-nin 123-cü Maddəsi ilə müəyyən olunur ki, qəyyum öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya maraqlar toqquşması olduqda köməkçi qəyyum təyin edilməlidir. Hər iki halda qəyyumluq orqanı ad hoc nümayəndə də təyin edə bilər.
D. Anlaqlığın bərpa olunması proseduru
51. 1952-ci il MPM-nin 277-ci Maddəsinə görə bu prosedur qismən qəyyumluq proseduru ilə oxşardır. Bu prosedur qismən qəyyumluq altında olan şəxs adından müraciət etmək hüququ olan hər kəsə və həmçinin qəyyumluq orqanına və qəyyuma açıqdır. Yuxarıda qeyd olunan müddəa 2007-ci il MPM-nin 340-cı Maddəsində yenidən verilmişdir. 13 fevral 1980-ci ildə Ali Məhkəmənin Plenumu fəaliyyət qabiliyyətindən məhrumetmə proseduru ilə bağlı müəyyən suallara aydınlıq gətirilməsi məqsədilə (5/79 saylı) qərar qəbul etdi. Qərarın 10-cu Bəndi fəaliyyət qabiliyyətinin bərpa olunması proseduru ilə bağlıdır və aşağıdakı kimi verilir:
“Anlaqlığın bərpa olunması proseduranda tətbiq olunan qaydalar anlaqlıqdan məhrumetmə prosedurunu nizamlayan qaydalarla eynidir (MPM-in 277-ci Maddəsi və 275-ci Maddənin 1 və 2-ci bəndləri). Tədbir görülməsi üçün müraciət edən şəxslər və ya yaxın qohumlar prosesdə cavabdeh tərəflər hesab olunurlar. Faktlar dəyişmişdirsə, anlaqlıqdan məhrum ediləcək şəxsin adından müraciət edən tərəf görüləcək tədbirə xitam verilməsini də tələb edə bilər.
Qismən qəyyumluq altında olan şəxslər ya fərdi qaydada, ya da qəyyumlarının razılığı ilə tədbirin ləğv edilməsi üçün müraciət edə bilərlər. Onlar, həmçinin qəyyumluq orqanından və ya qəyyumluq şurasından da onları anlaqlıqdan məhrum etmiş regional məhkəmə qarşısında MPM-nin 277-ci Maddəsinə uyğun olaraq iddia qaldırmağı xahiş edə bilərlər. Bu cür hallarda, onlar tibbi arayış təqdim etməklə göstərməlidirlər ki, ərizə onların maraqlarına uyğundur. Bu cür iddia kontekstində onlar iddiaçı hesab olunacaqlar. Anlaqlıqdan qismən məhrum edilmiş şəxsin qəyyumu, qəyyumluq orqanı və ya (fəaliyyət qabiliyyətindən tam məhrum edilmiş şəxslərlə bağlı olduqda) qəyyumluq şurası anlaqlığın bərpa olunması üçün iddia qaldırmaqdan imtina etdikdə, fəaliyyət qabiliyyətindən məhrum edilmiş şəxs bunu etməyi prokurordan xahiş edə bilər (Постановление № 5/79 от 13.II.1980 г., Пленум на ВС).”
52. Bundan əlavə, Hökumət anlaqlıqdan tamamilə məhrum edilmiş bir şəxsin hüquqi statusuna yenidən baxılması üzrə icraatın qəyyumun tələbi ilə başladıldığı və həmin şəxsin qəyyumluqdan azad edildiyi bir işə də istinad etdi (Решение № 1301 от 12.11.2008 г. на ВКС по гр. Д. № 5560/2007 г., V г.о.).
E. Anlaqlıqdan məhrum edilmiş şəxslərin nümayəndələrinin imzaladığı müqavilələrin etibarlılığı
53. Öhdəliklər və Müqavilələr haqqında 1950-ci il Qanununun 26(2)-ci Bölməsi ilə müəyyən olunur ki, qanunvericiliyə zidd olaraq və ya razılıq olmadan bağlanmış müqavilələr etibarsız hesab olunur.
54. Həmin Qanunun 27-ci bölməsinə əsasən, fəaliyyət qabiliyyətindən məhrum edilmiş şəxslərin nümayəndələri tərəfindən mövcud qaydalara zidd olaraq bağlanmış müqavilələr ləğv edilə bilər. Tamamilə etibarsız hesab olunma məsələsi istənilən halda qaldırıla bilər, müqavilənin ləğv edilməsinə isə yalnız məhkəmə qaydasında baxılır. Qəyyum təyin olunmursa, müqavilənin ləğv olunması məsələsini qaldırmaq hüququ qismən qəyyumluqdan azad edilmə tarixindən üç il sonra müddət baxımından məhdudlaşdırılır. Digər hallarda, sözügedən müddətin axımı qəyyumun təyin olunduğu tarixdən başlayır (Yuxarıda qeyd olunan Qanunun 32(2)-ci bölməsi, 115(1)(e)-ci bölmə ilə birlikdə; həmçinin bax Решение на ВС № 668 от 14.III.1963 г. по гр. д. № 250/63 г., I г. о., Решение на Окръжен съд – Стара Загора от 2.2.2010 г. по т. д. № 381/2009 г. на I състав, Решение на Районен съд Стара Загора № 459 от 19.5.2009 г. по гр. д. № 1087/2008).
F. Anlaqlıqdan məhrum edilmiş şəxslərin yaşayış yeri
55. 1985-ci il AM-nin 120-ci Maddəsi və 122-ci Maddəsinin 3-cü bəndinə görə, anlaqlıqdan məhrum edilmiş şəxslərin yaşayış yeri “istisna səbəblərlə” onların başqa yerdə yaşamaqları tələb olunmazsa, qəyyumlarının ev ünvanı hesab olunur. Yaşayış yeri qəyyumun razılığı olmadan dəyişdirildikdə, qəyyum şəxsin rəsmi ünvana qaytarılması barədə göstəriş verilməsi üçün rayon məhkəməsinə müraciət edə bilər. 2009-cu ilin AM-nin 163-cü Maddəsinin 2 və 3-cü bəndlərinə əsasən bu cür işlər üzrə qərar verməzdən əvvəl məhkəmədən qəyyumluq altında olan şəxslə müsahibə aparmaq tələb olunur. Əgər məhkəmə “istisna səbəblərin” olduğunu müəyyən etsə, o, şəxsin qaytarılması ilə bağlı göstəriş verməkdən imtina etməli və dərhal bələdiyyənin sosial yardım departamentinə bu barədə məlumat verməlidir ki, qoruyucu tədbirlər görülə bilsin.
56. İcrasının dayandırılması mümkün olmasa da, rayon məhkəməsinin göstərişindən regional məhkəmənin sədrinə apelyasiya şikayəti verilə bilər.
G. Anlaqlıqdan məhrum edilmiş şəxslərin ruhi xəstəlikləri olan böyüklər üçün sosial himayə evlərinə yerləşdirilməsi
57. Sosial Yardın haqqında 1998-ci il Qanununa əsasən, tibbi və sosial səbəblərdən əsas ehtiyaclarını özləri işləmək yolu ilə, öz əmlakları hesabına və ya qanunla onların qayğısına qalmaq üçün tələb olunan şəxslər vasitəsilə ödəyə bilməyən şəxslərə sosial yardım təmin olunur (Qanunun 2-ci bölməsi). Sosial yardım ixtisaslaşmış təsisatlarda yerləşdirilmək də daxil olmaqla, müxtəlif maliyyə yardımlarından, digər yardımlardan və sosial xidmətlərdən ibarətdir. Bu cür yardımlar sözügedən şəxslərin ehtiyaclarının fərdi qaydada dəyərləndirilməsi əsasında və onların istəkləri və şəxsi seçimlərinə uyğun olaraq verilir (bölmə 16(2)).
58. Sosial Yardım haqqında 1998-ci il Qanununun icrası ilə bağlı tətbiq olunan qaydalarda (Правилник за прилагане на Закона за социално подпомагане) sosial xidmətlərin göstərilməsi üçün üç kateqoriyadan olan təsisatlar “ixtisaslaşmış təsisatlar” kimi müəyyən olunur: (1) uşaq evləri (valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər, fiziki qüsurları olan uşaqlar üçün evlər, ruhi xəstəlikləri olan uşaqlar üçün evlər); (2) əlilliyi olan böyüklər üçün evlər (ruhi xəstəliyi olan böyüklər üçün evlər, psixi pozuntuları olan böyüklər üçün evlər, fiziki qüsurları olan böyüklər üçün evlər, sensor pozuntuları olan böyüklər üçün evlər, demensiyadan əziyyət çəkən böyüklər üçün evlər) və (3) qocalar evləri (qayda 36(3)). Sosial xidmətlər o zaman ixtisaslaşmış təsisatlarda göstərilir ki, artıq onların cəmiyyət içərisində təmin olunması mümkün deyil (qayda 36(4)). Qanuna uyğun olaraq fəaliyyət qabiliyyətindən məhrum edilmiş şəxsin sosial himayə evinə yerləşdirilməsi dövlətdaxili qanunvericiliklə azadlıqdan məhrumetmə forması hesab olunmur.
59. Eyni qaydada, sosial xidmətlərin əldə edilməsi şərtləri haqqında 16 mart 1999-cu il tarixli, 4 saylı Fərmana (Наредба № 4 за условията и реда за извършване на социални услуги) uyğun olaraq, ruhi xəstəlikləri olan böyüklərə ailə mühitində zəruri tibbi qayğı göstərilməsi mümkün deyildirsə, onlar ixtisaslaşmış sosial himayə evlərinə yerləşdirilirlər (Fərmanın 12-ci bölməsi, 4-cü bəndi və 27-ci bölməsi). Fərmanın 33(1)-ci bölməsinin 3-cü bəndi ilə müəyyən olunur ki, şəxs sosial himayə evinə yerləşdiriləndə həmin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı tibbi arayış verilməlidir. Fərmanın 37(1)-ci bölməsinə əsasən, sosial xidmətlərin göstərilməsi üçün yerləşdirmə barədə Əmək və Sosial Siyasət Nazirliyi tərəfindən təsdiq olunmuş forma əsasında hazırlanmış razılaşma ixtisaslaşmış təsisat və sözügedən şəxs və ya onun qanuni nümayəndəsi arasında imzalanır. Şəxs aşağıdakı hallarda başqa bir himayə evinə köçürülə və ya yerləşdirilmiş olduğu təsisatı tərk edə bilər: (1) özünün və ya qanuni nümayəndəsinin yazılı qaydada həmin təsisatın direktoruna təqdim olunmuş müraciəti əsasında; (2) əgər şəxsin ruhi və/və ya fiziki sağlamlıq vəziyyətində həmin himayə evinin profilinə uyğun gəlməyən dəyişiklik olarsa; (3) aylıq sosial-rifah haqqı bir aydan artıq olan müddətdə ödənilmədikdə; (4) təsisatın daxili qaydaları sistematik şəkildə pozulduqda; və ya (5) narkotik maddələrə aludəçilik təsdiq edildikdə.
60. Bundan əlavə, icbari tibbi müalicə üçün psixiatriya xəstəxanasına qəbul sistemi İctimai Səhiyyə haqqında 1973-cü il Qanununu əvəz etmiş Sağlamlıq haqqında 2005-ci il Qanunu ilə müəyyən olunmuşdur.
H. Maraqlar toqquşması olduqda ad hoc nümayəndənin təyin olunması
61. MPM-nin 16-cı Maddəsinin 6-cı bəndinə əsasən, təmsil olunan şəxslə nümayəndə arasında maraqlar toqquşması olduqda, məhkəmə ad hoc nümayəndə təyin etməlidir. Bolqarıstan məhkəmələri bu müddəanı azyaşlılarla onların qanuni nümayəndələri arasında maraqlar toqquşmasının olduğu müəyyən vəziyyətlərdə tətbiq etmişdir. Beləliklə, ad hoc nümayəndənin təyin olunmaması atalıqla bağlı icraatları (Решение на ВС № 297 от 15.04.1987 г. по гр. д. № 168/87 г., II г. о.), övladlığa götürmüş və bioloji valideynlər arasında mübahisələri (Решение на ВС № 1381 от 10.05.1982 г. по гр. д. № 954/82 г., II г. о.) və ya əmlak mübahisələrini (Решение № 643 от 27.07.2000 г. на ВКС по гр. д. № 27/2000 г., II г. о.; Определение на ОС – Велико Търново от 5.11.2008 г. по в. ч. гр. д. № 963/2008) nizamlayan qaydaların əsaslı pozuntusu hesab olunmuşdur.
I. Dövlətin məsuliyyəti
62. Zərərə görə Dövlətin və Bələdiyyələrin Məsuliyyəti haqqında 1988-ci il Qanununun (Закон за отговорността на държавата и общините за вреди – başlıq 2006-cı ildə dəyişdirilib) 2(1)-ci bölməsinə əsasən Dövlət müəyyən həbs növləri müəyyən edən məhkəmə qərarı nəticəsində, əgər həmin qərar qanuni əsasın olmaması səbəbindən sonradan ləğv olunarsa, fərdlərə dəymiş zərərə görə məsuliyyət daşıyır.
63. Həmin Qanunun 1(1)-ci bölməsinə əsasən Dövlət və bələdiyyələr hakimiyyət orqanlarının və ya məmurlarının öz inzibati vəzifələrini icra edərkən qəbul etdikləri qanunsuz qərarları, etdikləri hərəkət və ya hərəkətsizlikləri nəticəsində fərdlərə və digər hüquqi şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıyırlar.
64. Bir sıra qərarlarda müxtəlif dövlətdaxili məhkəmələr bu müddəanın həbsxanada pis saxlanma şəraiti və ya qeyri-adekvat tibbi müalicə nəticəsində məhbusların məruz qaldığı zərərə də şamil edilə bildiyini müəyyən etmişdir və müvafiq olduğu halda əlaqəli şəxslərin qaldırdıqları kompensasiya tələblərini qismən və ya tam şəkildə təmin etmişdir (реш. от 26.01.2004 г. по гр. д. № 959/2003, ВКС, IV г. о. and реш. № 330 от 7.08.2007 г. по гр. д. № 92/2006, ВКС, IV г. о.).
65. Lakin, yuxarıdakı yanaşmanın sosial himayə evlərindəki pis həyat şəraiti ilə bağlı iddialara da tətbiq olunmasını müəyyən edən heç bir məhkəmə qərarı yoxdur.
66. Bundan əlavə, dövlətdaxili məhkəmələrin presedent hüququndan görünür ki, sözügedən Qanunun 1(1)-ci bölməsinə əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan orqanların müntəzəm dərman təminatı vəzifəsini yerinə yetirə bilməməsi səbəbindən sağlamlıq vəziyyəti pisləşmiş istənilən şəxs həmin inzibati orqanların məsuliyyətə cəlb edilməsini və kompensasiya tələb edə bilər (реш. № 211 от 27.05.2008 г. по гр. д. № 6087/2007, ВКС, V г. о.).
67. Nəhayət, Dövlət və onun hakimiyyət orqanları, misal üçün qəyyumluq altında olan şəxsin ruhi xəstələr üçün sosial himayə evini həmin evin işçilərinin öz daimi nəzarət funskiyasını yerinə yetirə bilməmələri səbəbindən tərk etməsi nəticəsində ölməsi ilə əlaqədar meydana çıxan digər zərər formalarına da görə adi inzibati xəta normaları əsasında məsuliyyət daşıyır (реш. № 693 от 26.06.2009 г. по гр. д. № 8/2009, ВКС, III г. о.).
J. Daxili İşlər Nazirliyi haqqında 2006-cı il Qanununa əsasən polis tərəfindən həbs
68. Bu Qanuna əsasən polisin, inter alia, kəskin ruhi xəstəliyi səbəbindən və öz davranışı ilə ictimai qayda üçün təhlükəli olan və ya öz həyatını açıq-aydın təhlükəyə atan istənilən şəxsi həbs etmək səlahiyyəti vardır (bölmə 63(1)-(3)). Sözügedən şəxs bu cür həbsin qanuniliyini məhkəmə qaydasında mübahisələndirə bilər və məhkəmə bununla bağlı işə dərhal baxmalıdır (bölmə 63(4)).
69. Bundan əlavə, polisin vəzifələrinə itmiş şəxslərin axtarışı da daxildir (bölmə 63(4)).
K. Ruhi xəstəliyi olan böyüklər üçün olan sosial himayə evlərindən qaçmış şəxslərin axtarışları haqqında Ərizəçi tərəfindən təqdim olunmuş məlumatlar
70. Bolqarıstan Helsinki Komitəsi bu tipli sosial himayə evlərindən qaçmış şəxslərin axtarışları ilə bağlı polis stansiyaları ilə sorğu keçirmişdir. Sorğunun nəticələri heç bir vahid ümumi təcrübənin olmadığını göstərir. Bəzi polis məmurları demişdir ki, himayə evinin əməkdaşları onlardan itmiş şəxslərin axtarılmasını istəyəndə onlar bu axtarışı aparır və tapılmış şəxsi himayə evinə bu barədə məlumat vermədən polis stansiyasına aparırdılar. Digər məmurlar bildirirdilər ki, onlar həmin şəxsi axtarırdılar, lakin, tapılan şəxsi həbs etmək səlahiyyətləri olmadığından sadəcə himayə evinin əməkdaşlarına bu barədə məlumat verirdilər ki, həmin əməkdaşlar da özləri gəlib tapılan şəxsi evə aparırdılar.
L. Anlaqlıqdan məhrumetmə ilə bağlı məhkəmə icraatları haqqında ərizəçinin təqdim etdiyi statistika
71. Bolqarıstan Helsinki Komitəsi 2001-ci ilin yanvarından 2009-cu ilin sentyabrına qədər olan müddətdə anlaqlılığın bərpa olunması üzrə həyata keçirilmiş icraatların nəticələri haqqında səkkiz regional məhkəmənin statistik göstəricilərini əldə etdi. Bu müddət ərizəndə 677 nəfər fəaliyyət qabiliyyətindən məhrum edilmişdi. Otuz altı işdə anlaqlılığın bərpa olunması məsələsi qaldırılmışdı: onlardan onu fəaliyyət qabiliyyətindən məhrumetmənin aradan qaldırılması ilə yekunlaşmışdı; səkkiz işdə fəaliyyət qabiliyyətindən tam məhrumetmə qismən məhrumetmə ilə əvəz olunmuşdu; dörd işdə iddia rədd edilmişdi; səkkiz işdə məhkəmələr icraatı dayandırmışdır; və qalan işlərə isə hələ də baxılmamışdır.
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
A. Əlillərin hüquqları haqqında, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 13 dekabr 2006-cı ildə (A/RES/61/106 saylı Qətnamə ilə) qəbul olunmuş Konvensiya
72. Bu Konvensiya 3 may 2008-ci ildə qüvvəyə mindi. Konvensiya Bolqarıstan tərəfindən 27 sentyabr 2007-ci ildə imzalanmışdır, lakin hələ ratifikasiya edilməmişdir. Konvensiyanın müvafiq hissələri ilə aşağıdakılar müəyyən olunur:
Maddə 12
Qanun qarşısında bərabərlik
“1. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin, harada olmaqlarından asılı olmayaraq, hüquq qarşısında bərabər olduqlarını təsdiq edirlər.
2. İştirakçı dövlətlər həyatın bütün sahələrində əlillərin digərləri ilə bərabər səviyyədə hüquq qabiliyyətinə malik olduğunu tanıyırlar.
3. İştirakçı dövlətlər əlillərin öz hüquq qabiliyyətinin həyata keçirilməsi zamanı onların lazım gələ bilən dəstəyi əldə edə bilmələri üçün zəruri tədbirlər görürlər.
4. İştirakçı dövlətlər hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin, insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq, sui-istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunma dərəcəsinə mütənasib olmalıdır.
5. İştirakçı dövlətlər bu maddənin müddəalarını nəzərə alaraq, əlillərin əmlaka sahibliyinə və onun vəsiyyət edilməsinə, şəxsi maliyyə işlərinin idarə olunmasına, habelə bank ssudalarını, ipoteka kreditlərini və maliyyə kreditləşdirilməsinin digər formalarını bərabər şəraitdə əldə etməsinə bərabər hüquqlarının təmin olunması üçün bütün zəruri və səmərəli tədbirləri görür və əlillərin öz əmlakından özbaşına məhrum edilməməsini təmin edirlər.”
Maddə 14
Azadlıq və şəxsi toxunulmazlıq
“1. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə:
(a) azadlıq və şəxsi toxunulmazlıq hüququndan istifadə etməsini;
(b) azadlıqdan qanunsuz və ya özbaşına məhrum edilməməsini və istənilən azadlıqdan məhrumetmənin qanuna uyğun olmasını, əlillyin isə heç bir halda azadlıqdan məhrum edilmək üçün əsas olmamasını təmin edirlər.
2. İştirakçı dövlətlər əlillərin hər hansı bir prosedur əsasında azadlıqdan məhrum edildiyi halda, onların insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun təminatlardan digər şəxslərlə bərabər səviyyədə istifadə etməsinə və onlarla rəftarın bu Konvensiyanın məqsəd və prisiplərinə uyğun olmasına, o cümlədən ağlabatan uyğunlaşmanın təmin edilməsinə təminat verirlər.”
B. Avropa Şurası Nazirlər Komitəsinin anlaqlı olmayan böyüklərin hüquqi müdafiəsinin prinsipləri haqqında R (99) 4 Saylı (23 fevral 1999-cu ildə qəbul olunmuş) Tövsiyəsi
73. Həmin Tövsiyənin müvafiq hissələri ilə aşağıdakılar müəyyən olunur:
Prinsip 2 – Hüquqi müdafiə tədbirlərinin çevikliyi
“1. Anlaqlı olmayan böyüklərin şəxsi və iqtisadi maraqlarının müdafiəsi tədbirləri və digər hüquqi tədbirlər elə əhatəli və çevik olmalıdır ki, anlaqsızlığın fərqli dərəcələrinə və müxtəlif vəziyyətlərə uyğun ola bilsin.
...
4. Müdafiə tədbirləri, müvafiq işlər üzrə, nəzərdə tutulan şəxslərin fəaliyyət qabiliyyətini məhdudlaşdırmayan tədbirlərdən də ibarət olmalıdır.”
Prinsip 3 –Anlaqlılığın maksimum saxlanması
“1. Qanunvericilik çərçivəsi mümkün qədər daha çox tanımalıdır ki, anlaqsızlığın fərqli dərəcələri mövcud ola və fəaliyyət qabiliyyəti müxtəlif vaxtlarda müxtəlif ola bilər. Buna görə də müdafiə tədbiri avtomatik olaraq anlaqlıqdan tamamilə məhrumetmə ilə nəticələnməməlidir. Bununla belə, nəzərdə tutulan şəxsin müdafiəsi üçün zəruri olduqda anlaqlılığın məhdudlaşdırılması mümkün olmalıdır.
2. O cümlədən, müdafiə tədbiri nəzərdə tutulan şəxsi avtomatik olaraq səs vermək və ya vəsiyyət etmək və ya onun sağlamlığına müdaxilə edilməsinə razılıq vermək və ya razılıq verməkdən imtina etmək və ya fəaliyyət qabiliyyətinin imkan verdiyi hər hansı vaxtda şəxsi xarakterli digər qərarlar vermək hüququndan məhrum etməməlidir. ...”
Prinsip 6 – Mütənasiblik
“1. Müdafiə tədbiri zəruri olduqda, o, nəzərdə tutulan şəxsin anlaqlılığının dərəcəsinə mütənasib olmalı və nəzərdə tutulan şəxslə bağlı şərtlərə və həmin şəxsin ehtiyaclarına uyğunlaşdırılmalıdır.
.
2. Müdafiə tədbiri nəzərdə tutulan şəxsin fəaliyyət qabiliyyətinə, hüquqlarına və azadlıqlarına müdaxilənin məqsədlərinə nail olmaq üçün tələb olunan minimal səviyyədə müdaxilə etməlidir. ...”
Prinsip 13 – Şəxsən iştiak etmək hüququ
“Nəzərdə tutulan şəxsin onun anlaqlılığı ilə bağlı istənilən məhkəmə icraatında şəxsən iştirak etmək hüququ olmalıdır.”
Prinsip 14 – Müddət, yenidən baxılma və apelyasiya
“1. Müdafiə tədbirlərinin müddəti, mümkün və müvafiq olduğu qədər məhdud olmalıdır. Vəziyyətin müntəzəm qaydada yenidən baxılması institutuna diqqət yetirilməlidir.
...
3. Adekvat apelyasiya hüquqları təmin olunmalıdır.”
C. İşgəncələrin və Qeyri-insani və ya Alçaldıcı Rəftarın və ya Cəzanın Qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) Bolqarıstana səfərləri barədə Hesabatlar
1. CPT-nin 16-22 dekabr 2003-cü il tarixlərini əhatə edən səfəri barədə 24 iyun 2004-cü ildə dərc olunmuş hesabatı
74. Bu hesabat dövlət orqanları tərəfindən ruhi xəstəlikləri və ya ruhi çatışmazlıqları olan şəxslər üçün olan və Əmək və Sosial Siyasət Nazirliyinə tabe olan sosial himayə evlərinə yerləşdirilmiş şəxslərin vəziyyətini təsvir edir. Hesabatın II.4 Hissəsi Pastra sosial himayə evinə həsr olunmuşdur.
75. CPT qeyd etmişdir ki, həmin ev rəsmi olaraq 105 nəfər üçün nəzərdə tutulmuşdu; orada 92 kişi qeydə alınmışdı ki, səfər vaxtı onlardan yalnız səksən altı nəfəri himayə evində idi. İki sakin evdən qaçmışdı və qalanları da məzuniyyətdə idi. Sakinlərin 90%-i şizofreniyadan əziyyət çəkirdi və qalanlarının da ruhi çatışmazlıqları var idi. Əksəriyyət illərlə həmin evdə yaşayırdı və kimnsə azad edilməsi çox nadir hallarda baş verirdi.
76. CPT-nin bildirdiyinə görə, Pastra sosial himayə evinin təmiri və təmizliyi acınacaqlı vəziyyətdə idi və ev lazımi qaydada isidilmirdi.
77. Xüsusilə də, binalarda su gəlmirdi. Sakinlər həyətdə soyuq su ilə yuyunurdular və adətən təraş olunmamış və çirkli idilər. Sakinlərin həftədə bir dəfə istifadə edə bildikləri vanna otağı bəsit və yarımxaraba vəziyyətdə idi.
78. Tualetlər də eynilə həyətdə yerləşirdi və köhnə örtüklü yerdə qazılmış dəliklərdən ibarət idi. Onlar iyrənc vəziyyətdə idi və onlardan istifadə təhlükəli idi. Bundan əlavə, əsas təmizlik ləvazimatları da nadir hallarda verilirdi.
79. Hesabatda qeyd olunur ki, qida lazımi qaydada təmin olunmurdu. Sakinlərə 750 qram çörək də daxil olmaqla, gündə üç dəfə yemək verilirdi. Heç vaxt süd və yumurta təklif olunmurdu və təzə meyvə və tərəvəz nadir hallarda olurdu. Xüsusi yeməklər üçün heç nə təmin olunmurdu.
80. Himayə evində yeganə müalicə forması dərman verilməsindən ibarət idi. Xroniki psixiatrik xəstələr kimi müalicə olunan və dəstəkləyici terapiyaya ehtiyacı olan sakinlər ambulator xəstələr kimi qeydə alınaraq Dupnitsada olan psixiatra yazdırılmışdılar. Həmin psixiatr iki və ya üç həftədə bir dəfə və həmçinin tələb olunduqda himayə evinə baş çəkirdi. Bundan əlavə, ruhi sağlamlıq vəziyyətlərində dəyişikliklər müşahidə olunardısa, sakinlər yaxınlıqdakı Rila şəhərində həftəlik cərrahiyyə əməliyyatları aparan psixiatra da aparıla bilərdilər. Bütün sakinlər ildə iki dəfə psixiatrik müayinədən keçirdilər ki, bu prosesdə onların dərmanla müalicəsinə yenidən baxılırdı və zərurət olduqda dəyişdirilirdi. Demək olar ki, bütün sakinlər psixiatrik müalicə alırdı ki, bu da xüsusi bir kartda qeyd olunurdu və tibb bacıları tərəfindən idarə olunurdu.
81. Dərmanla müalicədən əlavə, passiv və monoton həyat sürən sakinlər üçün heç bir terapiya tədbirləri təşkil olunmurdu.
82. CPT yekun olaraq müəyyən etdi ki, bu şərtlər qeyri insani və alçaldıcı rəftara gətirib çıxarırdı. O, Bolqarıstan hakimiyyətindən Pastra sosial himayə evinin təcili olaraq dəyişdirilməsini istədi. Bolqarıstan hakimiyyəti 13 fevral 2004-cü il tarixli məktubu ilə verdiyi cavabında həmin sosial himayə evinin Avropanın himayə standartlarına cavab vermədiyini qəbul etdi. Hökumət qeyd etdi ki, həmin himayə evi bağlanacaq və sakinlər digər təsisatlara köçürüləcəklər.
83. CPT daha sonra hesabatının II.7 hissəsində bildirdi ki, əksər hallarda ruhi xəstəlikləri olan şəxslərin ixtisaslaşmış təsisatlarda yerləşdirilməsi faktiki olaraq azadlıqdan məhrumetməyə gətirib çıxarır. Ona görə də, yerləşdirmə proseduru obyektiv tibbi qiymətləndirmə və xüsusilə də psixiatrik qiymətləndirmə kimi müvafiq müdafiə təminatları ilə əhatə olunmalıdır. Həmçinin, bu şəxslərin yerləşdirilməsinin qanuniliyini məhkəmə qaydasında mübahisələndirmək hüququna malik olması da əhəmiyyətli idi. CPT Bolqarıstanda bu hüququn da təmin olunmasını tövsiyyə etdi (bax hesabatın 52-ci bəndi).
2. CPT-nin 10-21 sentyabr 2006-cı il tarixlərini əhatə edən səfəri barədə 28 fevral 2008-ci ildə dərc olunmuş hesabatı
84. Bu hesabatda CPT yenə də sosial himayə evinə yerləşdirmənin qanuniliyinə məhkəmə qaydasında yenidən baxılmanın təmin edilməsini tövsiyyə etdi (bax hesabatın 176-177-ci bəndləri).
85. CPT, həmçinin tövsiyə etdi ki, sakinlərin ruhi xəstəlikləri və/və ya çatışmazlıqları olan şəxslər üçün sosial himayə evlərinə yerləşdirilməsinin qanunun mətninə və ruhuna tamamilə uyğun olmasının təmin edilməsinə çalışılmalıdır. Sosial xidmətlərin göstərilməsi barədə müqavilələrdə sakinlərin qanuni hüquqları, o cümlədən onların kənar bir hakimiyyət orqanına şikayət vermək hüququ göstərilməlidir. Bundan əlavə, müqavilələri başa düşmək iqtidarında olmayan sakinlərə müvafiq qaydada kömək edilməlidir (bax hesabatın 178-ci bəndi).
86. Yekun olaraq, CPT Bolqarıstan hakimiyyətini sosial himayə evinin əməkdaşının həmin təsisatın sakininin qəyyumu təyin edilməsindən irəli gələn maraqlar toqquşmalarından qaçmaq üçün zəruri tədbirlər görməyə çağırdı (bax hesabatın 179-cu bəndi).
87. CPT Bolqarıstana müntəzəm səfəri ərzində 2010-cu ilin oktyabrında Pastra sosial himayə evinə daha bir səfər etdi.
IV. MÜQAYİSƏLİ HÜQUQ
A. Fəaliyyət qabiliyyətinin bərpa olunması üçün məhkəməyə müraciət etmək imkanı
88. Avropa Şurasının üzv olan iyirmi Dövlətin milli qanunvericiliyinin müqayisəli şəkildə araşdırılması göstərir ki, əksər hallarda (Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İsveç, İsveçrə və Türkiyənin) qanunvericilik anlaqlılıqdan məhrum edilmiş hər kəsə həmin məhrumetmə tədbirinin dayandırılması üçün birbaşa olaraq məhkəmələrə müraciət etmək hüququ verir.
89. Ukraynada anlaqlılıqdan qismən məhrum edilmiş şəxslər həmin məhrumetmənin ləğv olunması üçün özləri müraciət edə bilərlər. Bu qayda tamamilə anlaqsız elan edilmiş şəxslərə şamil olunmasa da, onlar da qəyyum vasitəsilə bu məhrumetməni məhkəmə qaydasında mübahisələndirə bilərlər.
90. Latviyada və ya İrlandiyada şəxsi anlaqlılıqdan məhrum edən qərarın ləğv edilməsi ilə bağlı məhkəmə icraatı birbaşa olaraq sözügedən şəxsin öz müraciəti əsasında başladıla bilməz (və orada bu cür müraciət prokuror və ya qəyyumluq şurası tərəfindən təqdim oluna bilər).
B. Anlaqlılıqdan məhrum edilmiş şəxsin ixtisaslaşmış təsisatda yerləşdirilməsi
91. Konvensiyanın Tərəfi olan iyirmi Dövlətin qanunvericiliyinin müqayisəli təhlili göstərir ki, anlaqlılıqdan məhrum edilmiş şəxslərin ixtisaslaşmış təsisatlarda yerləşdirilməsi məsələsi ilə, xüsusilə də yerləşdirmə barədə qərar vermək səlahiyyəti olan hakimiyyət orqanı və sözügedən şəxsə verilən təminatlarla bağlı Avropada vahid yanaşma yoxdur. Buna baxmayaraq, bəzi ölkələrdə (Avstriya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, Portuqaliya və Türkiyədə) şəxsin öz iradəsinə zidd olaraq onun uzun müddətlik sosial himayə evində yerləşdirilməsi ilə bağlı qərarın birbaşa olaraq hakim tərəfindən verildiyini və ya hakim tərəfindən təsdiq olunduğunu görmək olar.
92. Digər hüquq sistemlərində (Belçika, Danimarka, Macarıstan, İrlandiya, Latviya, Luksemburq, Monako və Birləşmiş Krallıq) şəxsin ixtisaslaşmış təsisatda yerləşdirilməsi barədə qərar vermək səlahiyyəti hakim tərəfindən təsdiq olunmasına ehtiyac olmadan qəyyuma, yaxın qohumlara və ya inzibati orqanlara verilir. Həmçinin, yuxarıda qeyd olunan ölkələrdə yerləşdirmə xüsusilə də şəxsin səhhəti, təhlükənin və ya riskin mövcudluğu və/və ya tibbi arayışların verilməsi ilə əlaqədar bir sıra maddi tələblərdən asılıdır. Bundan əlavə, bir sıra dövlətlərin milli hüquq sistemlərində yerləşdirilən şəxslə müsahibə aparılması və ya ona məsləhət verilməsi öhdəliyi, qanunla və ya məhkəmələr tərəfindən yerləşdirməyə xitam verilməsi və ya yenidən baxılması üçün vaxt məhdudiyyətinin müəyyən olunması və hüquqi yardımın mümkünlüyü kimi təminatlar da vardır.
93. Müəyyən ölkələrdə (Danimarka, Estoniya, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Polşa, Slovakiya, İsveçrə və Türkiyədə) şəxs özü yerləşdirilmə barədə ilkin qərarı qəyyumun razılığı tələb olunmadan məhkəmə qaydasında mübahisələndirə bilər.
94. Nəhayət, bir sıra Dövlətlər (Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, İrlandiya, Latviya, Polşa, İsveçrə və Türkiyə) sözügedən şəxsə davamedən yeləşmənin qanuniliyinə müntəzəm olaraq məhkəmə qaydasında yenidən baxılması üçün birbaşa müraciət etmək hüququ verir.
95. Həmçinin, o da qeyd olunmalıdır ki, bir çox ölkələrin fəaliyyət qabiliyyəti və ya ixtisaslaşmış təsisatlarda yerləşdirilməklə bağlı qanunvericiliyi son zamanlarda dəyişdirilmişdir (Avstriya: 2007; Danimarka: 2007; Estoniya: 2005; Finlandiya: 1999; Fransa: 2007; Almaniya: 1992; Yunanıstan: 1992; Macarıstan: 2004; Latviya: 2006; Polşa: 2007; Ukrayna: 2000; Birləşmiş Krallıq: 2005) və ya dəyişdirilmək prosesindədir (İrlandiya). Bu qanunvericilik islahatları sözügedən şəxslərə ya onların statuslarına yenidən baxılması üçün məhkəməyə birbaşa müraciət etmək hüququnun verilməsi, ya da onlar öz iradələrinə zidd olaraq ixtisaslaşmış təsisatlarda yerləşdirildikdə əlavə təminatların verilməsi yolu ilə fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqi müdafiəsinin artırılması üçün həyata keçirilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
96. Ərizəçi iddia etdi ki, onun Pastra sosial himayə evində yerləşdirilməsi Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndini pozmuşdur.
5-ci Maddənin 1-ci bəndinə əsasən:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
(b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
A. İlkin qeydlər
97. Böyük Palata qeyd edir ki, Hökumət etiraz edərək 5-ci Maddənin 1-ci bəndinə əsasən verilmiş şikayətin dövlətdaxili hüquqi müdafiə vasitələrini tükəndirmədiyini iddia etdi.
98. Hökumətin etirazı aşağıdakı arqumentlərə əsaslanırdı. Birincisi, ərizəçi istədiyi vaxt anlaqlılığın bərpa olunması üçün şəxsən özü də MPM-in 277-ci Maddəsinə əsasən məhkəməyə müraciət edə bilərdi və qəyyumluqdan azad olunması onun könüllü şəkildə himayə evini tərk etməsinə icazə verərdi. İkincisi, onun yaxın qohumları AM-nin 113 və 115-ci Maddələri ilə müəyyən olunan imkanlarından istifadə etməmiş və qəyyumluq orqanından onun qəyyumunun dəyişdirilməsini istəməmişdir. Hökumətə görə, imtina edildiyi halda, ərizəçinin qohumları məhkəməyə müraciət edə bilərdilər və məhkəmə də müraciətə mahiyyəti üzrə baxa və münasib olduqda yeni qəyyum təyin edə bilərdi ki, həmin qəyyum da yerləşdirmə barədə razılaşmaya xitam verə bilərdi. Hökumət, həmçinin bildirdi ki, ərizəçinin yaxın qohumları qəyyum R.P. ilə Pastra sosial himayə evi arasında imzalanmış müqaviləni mübahisələndirə bilərdilər. Nəhayət, Hökumət göstərdi ki, ərizəçi özü də qəyyumluq orqanından qəyyumu ilə özü arasındakı maraqlar toqquşması səbəbindən və təsisatı tərk etmək və başqa yerdə yaşamaq istəyi nəzərə alınmaqla ad hoc nümayəndə təyin olunmasını xahiş edə bilərdi (AM-nin 123-cü Maddəsinin 1-ci bəndi).
99. Böyük Palata hesab edir ki, qəbuledilənliklə bağlı 29 iyun 2010-cu il tarixli qərarında Palata müəyyən etmişdir ki, bu etiraz ərizəçinin 5-ci Maddənin 4-cü bəndinə əsasən etdiyi şikayətdən irəli gələn suallarla yaxından əlaqəli olan sualların yaranmasına səbəb olmuşdur və buna görə də, bu etirazı da həmin müddəaya əsasən apardığı mahiyyəti üzrə araşdırmaya qoşdu.
100. Bundan əlavə, hazırkı işdə 5-ci Maddənin 1-ci bəndi ilə müəyyən olunan mənada “azadlıqdan məhrumetmənin” olub-olmadığı barədə sualın həmin müddəaya əsasən verilmiş şikayətin mahiyyəti ilə yaxından əlaqəli olduğunu müəyyən edərək, Palata oxşar qaydada həmin məsələni də mahiyyəti üzrə apardığı araşdırmaya qoşdu. Böyük Palata bu məsələlərlə bağlı Palatanın qərarlarına yenidən baxmağa heç bir əsas görmür.
B. Ərizəçinin 5-ci Maddənin 1-ci bəndi ilə müəyyən olunan mənada azadlığından məhrum edilib-edilməməsi ilə bağlı
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
101. Ərizəçi iddia etdi ki, dövlətdaxili qanunvericilikdə ruhi xəstəlikləri olan insanların sosial himayə təsisatlarına yerləşdirilməsinin “könüllü” hesab olunmasına baxmayaraq, onun Pastra sosial himayə evinə köçürülməsi azadlığının məhdudlaşdırılması idi. O, bildirdi ki, Stork Almaniyaya qarşı (Storck v. Germany (no. 61603/00, ECHR 2005‑V)) işində olduğu kimi onun işində də saxlanmanın obyektiv və subyektiv elementləri mövcud idi.
102. Sosial himayə evində yerləşdirmək tədbirinin mahiyyəti ilə bağlı ərizəçi bildirdi ki, uzaq dağlıq ərazidə yerləşən bir sosial himayə evində yaşamaq fiziki olaraq cəmiyyətin təcrid olunmaq idi. Şəxsiyyətini təsdiq edən heç bir sənədi və pulu olmadığından o, öz təşəbbüsü ilə tərk edə bilməzdi oranı, çünki, əks halda tezliklə polis tərəfindən, Bolqarıstanda geniş yayılmış hal olan adi yoxlanış üçün saxlanılmaq riski ilə üzləşərdi.
103. Sosial himayə evindən çıxmaq üçün icazə almaq lazım idi. Təsisat və onun yaşadığı şəhər arasındakı 420 km məsafə və əlilliyə görə pensiyasını özü ala bilməməsi onun Ruseyə üç dəfədən artıq səfər etməsinə imkan verməmişdi. Ərizəçi daha sonra bildirdi ki, sosial himayə evinin rəhbərliyi bir çox digər hallarda da onun evdən çıxmasına icazə verməmişdir. O, əlavə etdi ki, heç bir qanuni əsası olmayan təcrübəyə görə, himayə evini tərk edən sakinlər icazə verilmiş müddət ərzində qayıtmadıqda qaçaq hesab olunur və polis tərəfindən axtarılırdılar. O, bununla əlaqədar qeyd etdi ki, bir dəfə polis onu Rusedə həbs etmişdi və onu evə geri qaytarmadıqlarına baxmayaraq, direktorun onun geri qaytarılmasını istəməsi onun şəxsi azadlığının əhəmiyyətli şəkildə məhdudlaşdırılması idi. O, bildirdi ki, həbs olumuş və azadlığından məhrum edilməsinin əsasları barədə ona məlumat verilmədən, himayə evinin əməkdaşının onu götürmək üçün gəlməsinədək polis tərəfindən saxlanmışdı. O, himayə evinə məcburiyyət altında aparıldığından aparan şəxslərin evin əməkdaşları olması əhəmiyyətsizdir.
104. Ərizəçi daha sonra qeyd etdi ki, onun himayə evində olması artıq səkkiz ildən çox çəkmişdi və bir gün evi tərk edəcəyi ilə bağlı ümidləri də mənasız idi, çünki bu barədə qərar onun qəyyumu tərəfindən təsdiq olunmalı idi.
105. Yerləşdirilmənin nəticəsinə gəldikdə isə, ərizəçi məruz qaldığı rejimin sərtliyinə diqqət çəkmək istədi. Onun peşə fəaliyyətləri, davranış və hərəkətləri himayə evinin əməkdaşlarının tam və praktiki nəzarəti altında idi. Ondan ciddi gündəlik rejimə əməl etmək, oyanmaq, yatmağa getmək və müəyyən olunmuş vaxtlarda yemək yemək tələb olunurdu. Onun geyimlə, yeməklərin hazırlanması ilə, mədəni tədbirlərdə iştirakı ilə və ya evin bütün sakinləri kişi olduğundan intim münasibətlər də daxil olmaqla digər insanlarla münasibətlər qurmaqla bağlı heç bir azad seçimi yox idi. Ona yalnız səhərlər televizora baxmağa icazə verilirdi. Buna görə də, onun evdə qalmağı səhhətinin nəzərəçarpacaq dərəcədə pisləşməsinə və onda institusionallaşma sindromunun meydana gəlməsinə, başqa sözlə desək, cəmiyyətə qarışmaq və normal həyat yaşamaq qabiliyyətini itirməsinə səbəb olmuşdur.
106. Subyektiv elementlə bağlı, ərizəçi bildirdi ki, bu vəziyyət H.M. İsveçrəyə qarşı (H.M. v. Switzerland (no. 39187/98, ECHR 2002‑II)) işi üzrə araşdırılan vəziyyətdən fərqli idi, çünki həmin işdə ərizəçi uşaq evində yerləşdirilməsinə razılıq vermişdi. O, özü isə heç vaxt bu cür razılıq verməmişdi. Həmin vaxt onun qəyyumu xanım R.P. (bax yuxarıda bənd 12) yerləşdirilmə ilə bağlı onunla məsləhətləşməmişdi və hətta o, onu tanımırdı da, və ona yerləşdirilmə haqqında onun imzalamış olmadığı 10 dekabr 2002-ci il tarixli razılaşmanın (bax yuxarıda bənd 14) mövcudluğu barədə də məlumat verilməmişdi. Bu cür halların mövcudluğu Bolqarıstanda geniş yayılmış təcrübə idi ki, hesab olunurdu ki, hətta qismən də olsa, anlaqlılığından məhrum edilmiş şəxslər öz istəklərini ifadə etmək iqtidarında deyillər. Bundan əlavə, tibbi sənədlərdən də aydın görünürdü ki, ərizəçinin himayə evini tərk etmək arzusu onun istəyinin sərbəst ifadəsi kimi deyil, onun ruhi xəstəliyinin simptomu kimi başa düşülmüşdür.
107. Nəhayət, H.M. İsveçrəyə qarşı (H.M. v. Switzerland ) işində (yuxarıda istinad edilib) hakimiyyət orqanları ərizəçinin uşaq evinə yerləşdirilməsi barədə qərarlarında sosial müdafiə orqanı ilə əməkdaşlıq etməmək nəticəsində ərizəçinin öz evindəki həyat şəraitinin kəskin şəkildə pisləşdiyini göstərən ətraflı araşdırmaya əsaslanmışdılar. İndiki işdə isə, əksinə, ərizəçiyə heç vaxt evində alternativ sosial qayğı təklif olunmamışdı və o, bundan imtina etməmişdi.
(b) Hökumət
108. Palataya təqdim etdikləri yazılı mülahizələrində Hökumət qəbul etdi ki, işin faktiki halları Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndi ilə müəyyən olunan mənada “azadlıqdan məhrumetmə” ilə nəticələnmişdir. Bununla belə, Böyük Palatadakı dinləmə və icraatlarda Hökumət 5-ci Maddənin bu işə tətbiq olunmadığını sübut etməyə çalışdı. Hökumət bununla əlaqədar bildirdi ki, ərizəçi İctimai Səhiyyə haqqında Qanuna uyğun olaraq dövlət orqanları tərəfindən psixiatrik instituta məcburi şəkildə qəbul edilməmişdir, əksinə onun qəyyumunun xahişi ilə mülki hüquqi müqavilə əsasında və sosial yardım haqqında qaydalara uyğun olaraq sosial himayə evində yerləşdirilmişdir. Belə ki, Sosial Yardım haqqında 1998-ci il Qanununa əsasən ruhi çatışmazlıqları olan insanlar da daxil olmaqla, yardıma ehtiyacı olan şəxslər istər birbaşa olaraq özləri, istərsə də öz nümayəndələri vasitəsilə müxtəlif sosial və tibbi xidmətlərin göstərilməsini tələb edə bilərlər (bax yuxarıda bəndlər 57-60). Ruhi xəstəlikləri olan böyüklər üçün olan evlər bu tipli geniş xidmətlər təklif edirdi və bu cür təsisatlarda yerləşdirilməyə azadlıqdan məhrumetmə kimi baxıla bilməzdi.
109. İşin xüsusi hallarına gəldikdə, Hökumət vurğuladı ki, ərizəçi himayə evində yerləşdirilməsinə açıq aşkar və şüurlu şəkildə etiraz etməmişdir və ona görə də həmin tədbirin könüllü olmadığı barədə nəticə çıxarmaq olmaz. Bundan başqa, o, istədiyi vaxt himayə evini tərk edə bilərdi.
110. Bundan əlavə, ərizəçi kənd restoranında işləməyə həvəsləndirilmiş və ona üç dəfə buraxılış verilmişdi. Onun iki dəfə Ruse-dən icazə verilmiş müddətin başa çatmasından əvvəl (bax yuxarıda bənd 27) qayıtmasının səbəbi qalmağa yerinin olmaması idi. Hökumət daha sonra bildirdi ki, ərizəçi himayə evinə heç vaxta polis tərəfindən qaytarılmamışdı. Etiraf olundu ki, 2006-cı ilin sentyabrında himayə evinin direktoru polisdən ərizəçinin axtarılmasını istəməyə məcbur olmuşdu, çünki o, geri qayıtmamışdı (bax yuxarıda bənd 28). Bununla belə, Dodov Bolqarıstana qarşı (Dodov v. Bulgaria (no. 59548/00, 17 yanvar 2008-ci il)) işindən aydın idi ki, Dövlət sosial himayə evlərində yerləşdirilmiş insanların qayğısına qalmaq kimi pozitiv öhdəlik daşıyır. Hökumətin təqdimatına əsasən direktorun atdığı addımlar bu müdafiə vəzifəsinin bir hissəsini təşkil edirdi.
111. Hökumət daha sonra bildirdi ki, ərizəçi anlaqsız idi və müstəqil həyat sürmək üçün onu dəstəkləyən ailə mühitinə, yaşayış yerinə və ya kifayət qədər resurslara malik deyildi. Bununla əlaqədar H.M. İsveçrəyə qarşı (yuxarıda istinad edilib) (H.M. v. Switzerland) və Nielsen Danimarkaya qarşı (Nielsen v. Denmark (28 noyabr 1988-ci il, A Seriyası no. 144)) işlərinə istinad edərək, Hökumət bildirdi ki, ərizəçinin himayə evinə yerləşdirilməsi sadəcə onun maraqlarına xidmət edən müdafiə xarakterli və sosial və tibbi baxımdan müvafiq bir cavab tədbiri idi ki, buna da könüllü olmayan bir tədbir kimi baxmaq olmazdı.
(c) Üçüncü tərəf
112. İnterights aşağıdakı ümumi mülahizələrini bildirdi və qeyd etdi ki, o, mərkəzi və şərqi Avropa ölkələrində ruhi xəstəlikləri olan şəxslərin ixtisaslaşdırılmış təsisatlarda yerləşdirilməsi təcrübəsi ilə bağlı sorğu keçirmişdir. Həmin sorğunun nəticələrinə görə əksər hallarda bu cür təsisatlarda yerləşdirmə de facto azadlıqdan məhrum etmə hesab oluna bilər.
113. Sosial himayə evləri daha çox kənd və ya dağlıq ərazilərdə yerləşirdi ki, ora da getmək asan olmurdu. Şəhər ərazilərinə yaxın yerləşəndə isə onlar hündür divarlarla və ya hasarlarla əhatə olunurdu və darvazaları bağlı saxlanırdı. Bir qayda olaraq, sakinlər yalnız evin direktorunun icazəsi ilə və məhdud müddətə tərk edə bilərdilər evin ərazisini. Kimsə icazəsiz tərk etdikdə polisin həmin şəxsi axtarmaq və himayə evinə qaytarmaq səlahiyyəti var idi. Hüquqi statusuna fərq qoyulmadan, yəni tam, qismən anlaqlı və ya anlaqsız olmasındn asılı olmayaraq bütün sakinlərə eyni məhdudlaşdırıcı rejim tətbiq olunurdu və İnterights-ın fikrincə bu həlledici faktor idi. Yerləşdirmənin könüllü və ya məcburi olması əhəmiyyətli məsələ hesab olunmurdu.
114. Yerləşdirmənin subyektiv aspektinin təhlili ilə bağlı İnterights bildirdi ki, yerləşdirilən şəxslərin razılığı məsələsinə diqqətlə baxılması tələb olunur. Şəxslərin həqiqi istəklərinin müəyyənləşdirilməsi üçün, onların anlaqsız elan olunub-olunmadıqlarından asılı olmayaraq, ciddi cəhdlər edilməlidir. Interights iddia etdi ki, reallıqda riskli, evsiz mövcudluqla sosial himayə evi tərəfindən təklif olunan nisbi təhlükəsizlik arasında seçim qarşısında qaldıqda, mərkəzi və şərqi Avropa ölkələrindəki anlaqsız şəxslər sonuncu versiyanı seçə bilər, sadəcə olaraq ona görə ki, Dövlətin sosial müdafiə sistemi heç bir alternativ xidmətlər təklif etmir. Lakin, bu, sözügedən şəxslərin yerləşdirməyə sərbəst şəkildə razılıq vermiş olması da demək deyildi.
2. Məhkəmənin qiymətləndirilməsi
(a) Ümumi prinsiplər
115. Məhkəmə vurğulayır ki, azadlıqdan məhrumetmə ilə 4 Saylı Protokolun 2-ci Maddəsi ilə təmin olunan hərəkət azadlığının məhdudlaşdırılması arasındakı fərq məhdudiyyətin təbiətində və ya mahiyyətində deyil, sadəcə dərəcəsində və ya gücündədir. Bəzi mübahisəli işlər sırf fikir məsələsi olduğundan bu kateqoriyalardan biri və ya digəri kimi təsnif edilmək prosesi bəzən o qədər də asan olmasa da, Məhkəmə 5-ci Maddənin tətbiq edilənliyi məsələsinin asılı olduğu seçimi etməkdən yan keçə bilməz (bax Guzzardi İtaliyaya qarşı (Guzzardi v. Italy, 6 noyabr 1980-ci il, §§ 92-93, A Seriyası no. 39)). Kiminsə azadlıqdan məhrum edilib edilmədiyini müəyyən etmək üçün ilk olaraq həmin şəxsin konkret vəziyyətinə baxılmalı və sözügedən tədbirin həyata keçirilməsinin tipi, müddəti, effektləri və tərzi kimi silsilə kriteriyalar nəzərə alınmalıdır (bax Storck, yuxarıda istinad edilib, § 71, və Guzzardi, yuxarıda istinad edilib, § 92).
116. Ruhi xəstəlik əsasları ilə azadlıqdan məhrumetmə ilə bağlı Məhkəmə müəyyən etdi ki, hətta, müşayiət olunmadan müntəzəm qaydada xəstəxananın həyətinə çıxmaq imkanı olan və müşayiət olunmadan xəstəxananı tərk etməyin də mümkün olduğu açıq xəstəxana palatasında olduğu müddətdə də şəxs “saxlanmış” kimi hesab oluna bilər (bax Ashingdane Birləşmiş Krallığa qarşı (Ashingdane v. the United Kingdom, 28 may 1985-ci il, § 42, A Seriyası no. 93)).
117. Bundan əlavə, ruhi xəstəlikləri olan şəxslərin təsisatda yerləşdirilməsi ilə bağlı, Məhkəmə müəyyən etdi ki, azadlıqdan məhrumetmə anlayışı təkcə şəxsin xüsusi bir məhdud ərazidə əhəmiyyətsiz olmayan müddətə təcrid edilməsi kimi obyektiv elementdən ibarət deyil. Şəxs yalnız o şərtlə azadlıqdan məhrum edilmiş hesab oluna bilər ki, o, əlavə subyektiv element kimi, sözügedən məhdudiyyətə tələb olunan qaydada razılıq verməmiş olsun (bax Storck, yuxarıda istinad edilib, § 74).
118. Məhkəmə aşağıdakı hallarda azadlıqdan məhrumetmənin olduğunu müəyyən etdi: (a) anlaqsız elan olunmuş və qanuni nümayəndəsinin tələbi ilə psixiatrik xəstəxanaya qəbul edilmiş ərizəçi xəstəxananı tərk etməyə uğursuz cəhd etdikdə (bax Ştukaturov Rusiyaya qarşı (Shtukaturov v. Russia, no. 44009/05, § 108, 27 mart 2008-ci il)); (b) ərizəçi ilkin olaraq klinikaya qəbul edilməsinə razılıq verdikdə, lakin sonradan oradan qaçmağa cəhd etdikdə (bax Storck, yuxarıda istinad edilib, § 76); və (c) ərizəçi psixiatrik təsisata qəbul edilməsinə razılıq vermək iqtidarında olmadıqda və buna baxmayaraq heç vaxt oranı tərk etməyə cəhd etmədikdə (bax H.L. Birləşmiş Krallığa qarşı (H.L. v. the United Kingdom, no. 45508/99, §§ 89-94, ECHR 2004‑IX)).
119. Məhkəmə həmçinin, müəyyən etdi ki, şəxs həbsdə saxlanmasına razılaşmış ola bildiyindən Konvensiyanın müdafiəsindən faydalanmağı itirməməsi üçün azadlıq hüququ demokratik cəmiyyətdə çox vacibdir (bax De Wilde, Ooms və Versyp Belçikaya qarşı (De Wilde, Ooms and Versyp v. Belgium, 18 iyun 1971-ci il, §§ 64-65, A Seriyası no. 12)), xüsusilə də, şəxsin təklif olunan tədbirə razılıq vermək üçün fəaliyyət qabiliyyətsiz olduğu mübahisə edilmədikdə (bax H.L. v. the United Kingdom, yuxarıda istinad edilib, § 90).
120. Bundan əlavə, Məhkəmə bildirdi ki, 5 § 1-ci Maddənin birinci cümləsi Dövlətin üzərinə onun yurisdiksiyası altında olan şəxslərin azadlığını qorumaq kimi bir pozitiv öhdəlik qoyur. Əks tədqirdə, əsassız saxlamadan müdafiə üzrə əhəmiyyətli bir boşluq yaranardı ki, bu da demokratik cəmiyyətdə şəxsi azadlığın vacibliyi ilə bir araya sığmazdı. Buna görə də, Dövlət zəif şəxslərin səmərəli müdafiəsini təmin etmək üçün, azadlıqdan məhrumetmənin qarşısını almaq üçün ağlabatan addımların atılması da daxil olmaqla, müvafiq tədbirlər görmək öhdəliyi daşıyır (bax Storck, yuxarıda istinad edilib, § 102). Bununla da, baxdığı işlərin ayrı-ayrı hallarını nəzərə alaraq, Məhkəmə müəyyən etdi ki, ərizəçinin qəyyumunun tələbi ilə onun psixiatrik xəstəxanada saxlanması (bax Shtukaturov, yuxarıda istinad edilib) və özəl klinikada saxlanması (bax Storck, yuxarıda istinad edilib) nəticəsində dövlət orqanlarının məsuliyyəti yaranmışdır.
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
121. Məhkəmə öz mülahizəsində bildirdi ki, hazırkı işdə anlaqsız şəxsin sosial himayə evində yerləşdirilməsinin 5 § 1-ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrumetmə” olub-olmadığını müəyyən etməyə ehtiyac yoxdur. Bəzi işlərdə yerləşdirmə qəyyumluğa cəlb olunmuş ailələr tərəfindən təşəbbüs edilir və müvafiq sosial himayə təsisatı ilə imzalanmış mülki hüquqi razılaşmalara əsaslanır. Müvafiq olaraq, bu cür işlərdə azadlığa qarşı tətbiq olunan məhdudiyyətlər özəl fərdlərin hərəkətlərinin nəticəsidir və dövlət orqanlarının rolu nəzarətlə məhdudlaşır. Hazırkı işdə Məhkəmədən bu cür təsisatlarda hakimiyyət orqanlarının Konvensiyadan irəli gələ bilən öhdəlikləri ilə bağlı qərar vermək istənməmişdir.
122. Məhkəmə bildirir ki, hazırkı işdə xüsusi hallar mövcuddur. Ərizəçinin ailəsinin heç bir üzvü onun qəyyumluq məsələsinə qarışmamışdır və qəyyumun vəzifələri Dövlət məmuruna (xanım R.P.-yə) həvalə edilmişdi ki, əslində heç vaxt görmədiyi ərizəçi ilə heç bir müqavilə olmadan, Pastra sosial himayə evi ilə danışıqları da o, aparmış və razılaşmanı da o, imzalamışdır. Yerləşdirmə haqqında razılaşma sosial xidmətlər tərəfindən ərizəçi ilə müsahibə aparmamış dövlət müəssisəsində həyata keçirilirdi (bax yuxarıda bəndlər 12-15). Baxamayaraq ki, Ərizəçi lazımi qaydada fikrini bildirə bilərdi və Şəxslər və Ailə haqqında 1949-cu il Qanununa əsasən onun razılığı zəruri idi, onunla onun qəyyumunun seçimləri barədə heç bir məsləhətləşmə aparılmamışdı (bax yuxarıda bənd 42). Belə olan halda, deməli o, Pastra sosial himayə evinə öz xahişi ilə və ya sosial qayğı və müdafiə əldə etmək üçün təsisata qəbul edilmək haqqında könüllü müqavilə əsasında göndərilməmişdi. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən barəsində şikayət edilmiş məhdudiyyətlər özəl fərdlərin hərəkət və təşəbbüslərinin deyil, sosial təsisatda yerləşdirilmək üçün edilmiş ilkin xahişdən başlayaraq müvafiq tədbirin həyata keçirilməsi ərzində dövlət orqanlarının və təsisatların öz rəsmiləri vasitəsilə atdıqları müxtəlif addımların nəticəsidir. Ərizəçinin qəyyumunun pis niyyətlə hərəkət etdiyini göstərən bir şeyin olmadığına baxmayaraq, yuxarıda göstərilən məsələlər hazırkı işi Nielsen (yuxarıda istinad edilib) işindən fərqləndirir. Həmin işdə ərizəçinin anası öz yetkinlik yaşına çatmamış oğlunu xoş niyyətlə psixiatrik müəssisəyə yerləşdirmişdir və Məhkəmə bildirdi ki, sözügedən tədbir lazımi qaydada fikir bildirmək iqtidarında olmayan uşaq üzərində eksklüziv qəyyumluq hüquqlarının icrasını şərtləndirmişdir.
123. Ona görə də demək olar ki, Ərizəçinin sosial himayə evinə yerləşdirilməsi dövlət orqanlarının işidir. Qalır həmin tədbirdən irəli gələn məhdudiyyətlərin 5-ci Maddə ilə müəyyən olunan mənada “azadlıqdan məhrumetmə” olub-olmadığını müəyyənləşdirmək.
124. Obyektiv aspektlə bağlı, Məhkəmə bildirdi ki, ərizəçi tərk edə biləcəyi bir evdə yerləşdirilmişdi, lakin vurğuladı ki, binanın bağlı olub-olmaması məsələsi həlledici deyil (bax Ashingdane, yuxarıda istinad edilib, § 42). Ərizəçinin yaxınlıqdakı kəndə gedə bilməsi həqiqət olsa da, bunu etməsi üçün onun icazə alması tələb olunurdu (bax yuxarıda bənd 25). Bundan əlavə, onun evdən kənarda keçirdiyi vaxt və gedə biləcəyi yerlər həmişə məhdud və nəzarət altında idi.
125. Məhkəmə daha sonra qeyd edir ki, 2002-ci və 2009-cu illər arasında ərizəçiyə Ruse-yə üç qısa müddətli (təxminən on günlük) səfər üçün buraxılış verilmişdi (bax yuxarıda bəndlər 26-28). Məhkəmə fərz edə bilməz ki, ərizəçi xahiş etsəydi daha tez-tez səfərlər edə bilərdi. Lakin, o, bildirir ki, bu cür buraxılış tamamilə, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərini özündə saxlayan və nəqliyyat xərcləri də daxil olmaqla onun maliyyə vəsaitlərini idarə edən himayə evinin rəhbərliyindən asılı idi (bax yuxarıda bəndlər 25-26). Bundan əlavə, Məhkəməyə aydın idi ki, himayə evinin Ruse-dən (təxminən 400 km) uzaqda dağlıq ərazidə yerləşməsi ərizəçi üçün istənilən səfəri, onun gəlirini və öz nəqliyyat xərclərini çəkmək imkanını nəzərə alsaq, çətin və bahalı edirdi.
126. Məhkəmə hesab edir ki, bu buraxılış sistemi və rəhbərliyin ərizəçinin şəxsiyyətini təsdiq edən sənədləri özündə saxlaması ərizəçinin şəxsi azadlığını ciddi şəkildə məhdudlaşdırırdı.
127. Bundan əlavə, ərizəçi 2006-cı ildə buraxılışdan qayıtmadıqda himayə evinin rəhbərliyinin Ruse polisindən onu axtarmağı və evə qaytarmağı xahiş etməsi də bir fakt kimi mübahisə olunmur (bax yuxarıda bənd 28). Məhkəmə bu cür addımların ruhi xəstəlikləri olan şəxslər üçün himayə evinin rəhbərliyinin həmin evin sakinləri qarşısında güman edilən məsuliyyətinin bir hissəsini təşkil etdiyini qəbul edə bilər. O, daha sonra qeyd edir ki, polis ərizəçini himayə evinə kimi müşayiət etməmişdir və ərizəçi himayə evinin əməkdaşlarının gəlib çıxmasına qədər həbs edilmiş olduğunu sübut etməmişdir. Bununla belə, ərizəçinin icazə verilmiş buraxılış müddəti bitdiyindən, himayə evinin əməkdaşları onun istəyini nəzərə almadan onu evə geri qaytardılar.
128. Buna görə də, ərizəçinin müəyyən səfərlər edə bildiyinə baxmayaraq, yuxarıda göstərilmiş faktorlar əsasında və Hökumətin mövqeyinin əksinə olaraq Məhkəmə hesab etdi ki, ərizəçi daimi nəzarət altında olmuşdur və icazə olmadan, öz istədiyi vaxt himayə evini sərbəst şəkildə tərk edə bilməmişdir. Dodov işinə (yuxarıda istinad edilib) istinad edərək Hökumət bildirdi ki, sözügedən məhdudiyyətlər ərizəçinin həyat və sağlamlığının qorunması üçün hakimiyyət orqanlarının pozitiv öhdəlikləri baxımından zəruri olmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən işdə ərizəçinin anası Alsheymer xəstəliyindən əziyyət çəkirdi və xəstəlik nəticəsində onun yaddaşı və digər əqli imkanları o dərəcədə ciddi sıradan çıxmışdı ki, himayə evinin əməkdaşlarına tapşırılmışdı ki, onu nəzarətsiz qoymasınlar. Bununla belə, hazırkı işdə Hökumət ərizəçinin sağlamlıq vəziyyətinin onun həyatını riskə atacaq dərəcədə olduğunu və ya onun həyatını və ətraflarını qorumaq üçün hər hansı xüsusi məhdudiyyətlərin tətbiqinin tələb olduğunu göstərməmişdir.
129. Tədbirin müddətinə gəldikdə isə, Məhkəmə bildirir ki, o dəqiq göstərilməmişdi və buna görə də ərizəçi bələdiyyə reyestrində daimi yaşayış yeri kimi (səkkiz ildən artıq müddətdə yaşadığı və) hələ də qalmaqda olduğu himayə evi göstərilməklə qeydə alındığı vaxtdan etibarən qeyri-müəyyən idi. Bu müddət üzərinə qoyulmuş məhdudiyyətlərin mənfi təsirlərini tam şəkildə hissə edə bilməsi baxımından ərizəçi üçün kifayət qədər uzundur.
130. Tədbirin subyektiv aspekti ilə bağlı isə qeyd olunmalıdır ki, milli qanunvericiliyin tələblərinə (bax yuxarıda bənd 42) zidd olaraq himayə evinə yerləşdirilməsi ilə bağlı ərizəçinin fikri soruşulmamış və o, heç vaxt açıq şəkildə bu yerləşdirilməyə razılıq verməmişdir. Əvəzində, o, təcili tibbi yardım maşını ilə Pastraya aparılmış və rəsmi qaydada təyin olunmuş qəyyumu tərəfindən görülən tədbirin səbəbləri və müddəti barədə məlumat verilmədən himayə evinə yerləşdirilmişdi. Bununla əlaqədar Məhkəmə bildirir ki, bəzən elə vəziyyətlər olur ki, həmin vaxt ruhi xəstəliyi olan şəxsin istəkləri qanuni qaydada, müdafiə tədbirləri kontekstində başqa bir şəxsin istəkləri ilə əvəz edilə bilər və bəzən sözügedən şəxsin həqiqi istəklərini və ya seçimlərini müəyyən etmək çətin olur. Bununla belə, Məhkəmə artıq müəyyən etmişdir ki, şəxsin fəaliyyət qabiliyyətsiz olması heç də həmişə onun öz vəziyyətini anlamaq iqtidarında olmaması demək deyil (bax Shtukaturov, yuxarıda istinad edilib, § 108). Hazırkı işdə, dövlətdaxili qanunvericiliklə ərizəçinin istəklərinə müəyyən bir önəm verilirdi və onun öz vəziyyətindən xəbərdar olduğu görünür. Məhkəmə qeyd edir ki, ən azı 2004-cü ildən etibarən ərizəçi Pastra sosial himayə evini tərk etmək istəyini həm psixiatrlara, həm də fəaliyyət qabiliyyətinin bərpa olunması və qəyyumluqdan azad olunması üçün dövlət orqanlarına etdiyi müraciətləri vasitəsilə açıq şəkildə ifadə etmişdir (bax yuxarıda bəndlər 37-41).
131. Bu faktorlar hazırkı işi H.M. İsveçrəyə qarşı (yuxarıda istinad edilib) (H.M. v. Switzerland) işindən fərqləndirir, çünki həmin işdə ərizəçinin himayə evinə yerləşdirilməsi onun xeyri üçün edilmiş və ərizəçi evə gəldikdən sonra orada qalmağa razılaşmışdı. Bununla əlaqədar, Hökumət hazırkı işdə ərizəçinin Pastra sosial himayə evinə gəldikdən sonra və ya daha sonra orada qalmağa razılaşdığı ilə bağlı heç nə göstərməmişdir. Belə olan halda, Məhkəmə ərizəçinin yerləşdirilməsinə razılıq verdiyinə və ya daha sonra və orada qaldığı müddət ərzində susmaqla qəbul etdiyinə inanmır.
132. Hazırkı işin xüsusi hallarını, xüsusilə də ərizəçinin himayə evinə yerləşdirilməsi ilə bağlı qərarın verilməsində dövlət orqanlarının da iştirak etdiyini və həmin qərarın həyata keçirilməsini, buraxılış qaydalarını, yerləşmənin müddətini və ərizəçinin razılıq verməmiş olduğunu nəzərə alaraq Məhkəmə müəyyən edir ki, hazırkı vəziyyətdə Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndi ilə müəyyən olunan mənada azadlıqdan məhrumetmə olmuşdur. Buna görə də həmin müddəa tətbiq oluna bilər.
C. Ərizəçinin Pastra sosial himayə evinə yerləşdirilməsinin 5-ci Maddənin 1-ci bəndinə uyğun olub-olmaması barədə
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
133. Ərizəçi bildirdi ki, o, Pastra sosial himayə evində yerləşdirilməsinə razılıq vermədiyindən və qəyyumu ilə himayə evi arasında bağlanmış razılaşmanı imzalamadığından həmin razılaşma Şəxslər və Ailə haqqında Qanunu pozurdu. O, əlavə etdi ki, yerləşdirilmə vaxtı ona razılaşmanın mövcudluğu barədə məlumat verilməmiş və o, sonra uzun müddət bundan xəbərsiz olmuşdu, həm də ki, onun, qəyyumu tərəfindən atılmış addımı mübahisələndirmək üçün heç bir imkanı olmamışdır. Ailə Məcəlləsinin 126-cı Maddəsi ilə qəyyumdan öz fəaliyyəti barədə qəyyumluq orqanına (merə) hesabat vermək tələb olunmasına baxmayaraq, qəyyumluq orqanının ona qarşı hər hansı tədbir görmək səlahiyyəti yox idi. Bundan əlavə, ərizəçi ilə bağlı heç bir hesabat hazırlanmamışdı və onun qəyyumlarından bu nöqsanla bağlı izahat vermək tələb olunmamışdı.
134. Ərizəçi daha sonra iddia etdi ki, onun ruhi xəstələr üçün himayə evində yerləşdirilməsi azadlıqdan məhrumetməyə haqq qazandıra bilən, 5-ci Maddə ilə müəyyən olunan əsaslardan heç birinə uyğun gəlmir. Sözügedən tədbir nə ictimai təhlükəsizliyin təmin olunması zərurəti ilə, nə də sözügedən şəxsin təsisatdan kənarda təkbaşına yaşamaq iqtidarında olmaması ilə əsaslandırılmışdır. Bu mövqeyini dəstəkləmək üçün, ərizəçi bildirdi ki, himayə evinin direktoru onun cəmiyyətə inteqrasiya etmək iqtidarında olduğunu hesab etmişdir və heç bir xeyri olmasa da, onu ailəsi ilə yaxınlaşdırmaq üçün cəhdlər edilmişdi. Buna görə də, hakimiyyət orqanları onun himayə evinə yerləşdirilməsinə dair qərarlarında sadəcə o fakta əsaslanmışdılar ki, ailəsi onun qayğısına qalmağa hazır deyildi və onun sosial yardıma ehtiyacı vardı. Onlar zəruri yardımın ərizəçinin azadlığını daha az məhdudlaşdıran alternativ tədbirlər vasitəsilə edilməsinin mümkün olub olmadığını araşdırmamışdılar. Bundan əlavə, Bolqarıstan qanunvericiliyi ilə şəxsi yardım, sosial reabilitasiya mərkəzləri və xüsusi müavinətlər və pensiyalar kimi sosial xidmətlər geniş növləri müəyyən edildiyindən bu cür tədbirlərin mümkünlüyü tamamilə ağlabatan idi. Beləliklə də, hakimiyyət orqanları ərizəçinin sosial ehtiyacları ilə onun azadlıq hüququ arasında ədalətli tarazlaşdırma apara bilməmişdir. Saxlanmanın sırf sosial məsələlərə əsaslanması qanunsuz və 5-ci Maddənin məqsədlərinə zidd olardı.
135. Məhkəmə yerləşdirmənin ruhi xəstələrin azadlıqdan məhrum edilməsinin mümkün olduğunu müəyyən edən 5 § 1 (e) Maddəsinə uyğun olduğunu nəzərə alanda, ərizəçi bildirdi ki, dövlət orqanları həmin müddəanın tələblərini təmin etməmişdir. Yeni psixiatrik qiymətləndirmə olmadan, aydın idi ki, onun himayə evinə yerləşdirilməsinin məqsədi onun tibbi müalicəsi olmamışdır və yerləşdirmə yalnız onun fəaliyyət qabiliyyətsizliyi ilə bağlı icraatların kontekstində verilmiş tibbi sənədlərə əsaslanmışdır. Sənədlər təxminən il yarım əvvəl verilmişdi və onun ruhi xəstələr üçün olan təsisatda yerləşdirilməsi ilə ciddi şəkildə bağlı deyildi. Ərizəçi Varbanov Bolqarıstana qarşı (Varbanov v. Bulgaria (no. 31365/96, § 47, ECHR 2000-X)) işinə istinad edərək bildirdi ki, o, Pastra sosial himayə evinə həmin vaxt ruhi sağlamlığı ilə bağlı heç bir qiymətləndirmə olmadan yerləşdirilmişdi.
(b) Hökumət
136. Hökumət bildirdi ki, ərizəçinin himayə evinə yerləşdirilməsi milli qanunvericiliyə uyğun idi, çünki, qəyyum ərizəçiyə sosial xidmətlərin göstərilməsini müəyyən edən razılaşma imzalamışdı. Bununla da o, öz məsuliyyətinə uyğun olaraq hərəkət etmiş və qəyyumluğu altında olan şəxsin müdafiəsi vəzifəsini həyata keçirmişdir.
137. Ərizəçinin himayə evinə yerləşdirilməsinin yeganə məqsədinin məcburi tibbi müalicə deyil, Sosial Yardım haqqında Qanuna uyğun olaraq ona sosial xidmətlər göstərilməsinin olduğunu nəzərə alaraq, Hökumət bildirdi ki, bu tədbir Konvensiyanın 5 § 1 (e)-ci Maddəsi ilə nizamlanmır. Bununla əlaqədar, hakimiyyət orqanları onun maliyyə və ailə vəziyyətini, başqa sözlə desək onun resurslarının çatışmadığını və gündəlik qaydada ona yardım edə bilən yaxın qohumlarının olmadığını nəzərə almışdır.
138. Hökumət eyni zamanda qeyd etdi ki, ərizəçi istənilən halda 5 § 1 (e) Maddəsi ilə müəyyən olunan mənada “ruhi xəstəliyi olan şəxs” hesab oluna bilərdi. 2000-ci ildə ərizəçinin fəaliyyət qabiliyyətsizliyi ilə bağlı icraatlar zamanı aparılmış tibbi qiymətləndirmə də aydın şəkildə göstərmişdir ki, o, ruhi xəstəlikdən əziyyət çəkirdi və buna görə də hakimiyyət orqanlarının onu oxşar problemli şəxslər üçün olan təsisatda yerləşdirməsi legitim idi. Nəhayət, Ashingdane (yuxarıda istinad edilib, § 44) işinə istinad edərək, Hökumət bildirdi ki, yerləşdirmənin səbəbi, daha dəqiq desək ərizəçinin sağlamlıq vəziyyəti ilə onun yerləşdirildiyi təsisat arasında adekvat əlaqə var idi. Buna uyğun olaraq da, Hökumət iddia etdi ki, sözügedən tədbir 5 § 1 (e)-ci Maddəni pozmamışdır.
(c) Üçüncü tərəf
139. Yuxarıda 112-114-cü bəndlərdə istinad edilən araşdırmalara əsaslanaraq İnterights bildirdi ki, mərkəzi və şərqi Avropa ölkələrində ruhi xəstəliklərdən əziyyət çəkən şəxslərin sosial himayə evinə yerləşdirilməsi yalnız sosial müdafiə vasitəsi hesab olunur və müqavilə hüququ ilə nizamlanır. Bu cür yerləşdirmə milli qanunvericiliklə azadlıqdan məhrumetmə forması hesab olunmadığından, məcburi psixiatrik təcridetmə ilə bağlı mövcud olan prosessual müdafiə tədbirləri buna tətbiq olunmur.
140. İnterights bu qəbildən olan vəziyyətlərin H.L. Birləşmiş Krallığa qarşı (yuxarıda istinad edilib) işində baxılmış vəziyyətlə müqayisə oluna biləcəyini irəli sürdü. Həmin işdə, 2007-ci ilə qədər Birləşmiş Krallıqda ümumi hüquqdakı zərurət doktrinasının ruhi xəstəlikləri olan və asılı olan fəaliyyət qabiliyyətsiz şəxslərin “qeyri-rəsmi” həbsdə saxlanmasına icazə verən sistem tənqid olunurdu. Məhkəmə müəyyən etmişdir ki, bu cür şəxslərin qəbulu və saxlanması ilə bağlı hər hansı müəyyənləşdirilmiş prosessual qaydaların çatışmaması təsirli idi. Məhkəmənin fikrincə, bu nizamlama çatışmazlığı ilə əqli sağlamlıq qanunvericiliyi ilə tənzimlənən rəsmi psixiatrik təcridetməyə tətbiq olunan geniş müdafiə təminatları arasındakı fərq əhəmiyyətli dərəcədə idi. Qəbul edilmənin kim tərəfindən, hansı səbəblərlə, hansı əsasla təklif oluna biləcəyini göstərən rəsmi qəbul proseduru olmadıqda və saxlanmanın müddəti və ya müalicə və ya himayənin xarakteri göstərilmədikdə, xəstəxananın mütəxəssisləri sadəcə özləri münasib bildiyi qaydada və vaxtda apardıqları kliniki qiymətləndirmələri əsasında fəaliyyət qabiliyyətindən məhrum edilmiş şəxsin azadlığı və müalicəsinə tam nəzarət etdiklərini güman etmişlər. Həmin mütəxəssislərin xoş niyyətlə və ərizəçinin maraqlarına ən uyğun formada hərəkət etdiyinə şübhə etməsə də, Məhkəmə bildirdi ki, elə prosedur müdafiə vasitələrinin məqsədi də fərdləri hər hansı yanlış mühakimələrdən və mütəxəssislərin xətalarından qorumaqdır (H.L. Birləşmiş Krallığa qarşı, yuxarıda istinad edilib, §§ 120‑121).
141. İnterights Məhkəməni həmin mövqedə qalmağa və hazırkı işdə sosial himayə evinə qəbulun və orada saxlanmanın qeyri-rəsmi xarakterli olmasının 5-ci Maddə ilə təsbit olunan təminatlara zidd olduğunu müəyyən etməyə çağırdı. Məhkəmələr icraatın heç bir mərhələsində iştirak etməmiş və heç bir başqa müstəqil orqana sözügedən təsisatların monitorinqini aparmaq tapşırılmamışdı. Nizamlamadakı çatışmazlıq və ruhi xəstəliklərdən əziyyət çəkən insanların zəifliyi həddindən artıq məhdud nəzarət mühitində əsas hüquqların pozulmasına şərait yaratmışdır.
142. Üçüncü tərəf daha sonra bildirdi ki, alternativ sosial yardım imkanları az olduğundan bu tipli işlərin əksəriyyətində yerləşdirmə avtomatik olurdu. Üçüncü tərəfin fikrincə, dövlət orqanları insanların şəxsi azadlıqlarını daha az məhdudlaşdıran tədbirlər görmək öhdəliyi daşıyır, lakin, eyni zamanda ruhi xəstəlikdən əziyyət çəkən şəxslərə də tibbi qayğı və sosial xidmətlər göstərilməlidir. Bu, Konvensiya ilə təmin olunan hüquqların nəzəri və illüzion deyil, praktiki və səmərəli olması barədə prinsipin tətbiq edilməsinin bir vasitəsi olardı.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
143. Məhkəmə vurğulayır ki, 5 § 1-ci Maddəyə uyğun olması üçün sözügedən saxlama hər şeydən əvvəl, qanunla müəyyən olunan prosedurlara əməl olunması da daxil olmaqla, “qanuni” olmalıdır; bununla əlaqədar Konvensiya əsasən milli qanunvericiliyə istinad edir və milli qanunvericiliyin maddi və prosessual qaydalarına əməl etmək öhdəliyini müəyyən edir. Bununla belə, əlavə olaraq, tələb olunur ki, azadlıqdan hər hansı məhrumetmə 5-ci Maddənin məqsədinə, yəni fərdlərin qanunsuz hərəkətlərdən qorunmasına uyğun olmalıdır (bax Herczegfalvy v. Austria, 24 sentyabr 1992-ci il, § 63, A Seriyası no. 244). Bundan əlavə, şəxsin saxlanması elə bir ciddi tədbirdir ki, onu ancaq o vaxt əsaslandırmaq olar ki, daha az sərt tədbirlər də nəzərdən keçirilmiş və fərdin və ya ictimaiyyətin, sözügedən şəxsin saxlanmasını tələb edə bilən maraqlarını qorumaq üçün kifayət etməmiş olsun. Bu o deməkdir ki, azadlıqdan məhrumetmənin milli qanunvericiliyə uyğun olması kifayət deyil; o, həm də zəruri olmalıdır (bax Witold Litwa Polşaya qarşı (Witold Litwa v. Poland,) no. 26629/95, § 78, ECHR 2000‑III).
144. Bundan əlavə, 5 § 1-ci Maddənin (a)-dan (f)-ədək olan alt-bəndlərində azadlıqdan məhrumetmənin icazə verilən əsaslarının tam siyahısı verilmişdir; azadlıqdan məhrumetmə tədbiri bu siyahıdakılardan birinə əsaslanmırsa qeyri-qanuni hesab olunur (elə orda, § 49; həmçinin bax, xüsusilə, Saadi Birləşmiş Krallığa qarşı (Saadi v. the United Kingdom) [GC], no. 13229/03, § 43, 29 yanvar 2008-ci il, və Jendrowiak Almaniyaya qarşı (Jendrowiak v. Germany), no. 30060/04, § 31, 14 aprel 2011-ci il).
145. Ruhi xəstəliklərdən əziyyət çəkən şəxslərin azadlıqdan məhrum edilməsinə gəldikdə isə, ən azı aşağıdakı üç şərt təmin olunmazsa, şəxs “ruhi xəstə” olduğuna görə azadlıqdan məhrum edilə bilməz: birincisi, onun ruhi xəstə olduğu inandırıcı şəkildə göstərilməlidir; ikincisi, ruhi xəstəlik o cür və ya o dərəcədə olmalıdır ki, məcburi təcridetməyə haqq qazandırsın; üçüncüsü, davam edən təcridetmənin qüvvəsi bu cür xəstəliyin davamlılığından asılıdır (bax Uinterverp Niderlanda qarşı (Winterwerp v. the Netherlands), 24 oktyabr 1979-cu il, § 39, A Seriyası no. 33; Shtukaturov, yuxarıda istinad edilib, § 114; və Varbanov, yuxarıda istinad edilib, § 45).
146. Yuxarıda göstərilən şərtlərin ikincisinə gəldikdə, ruhi xəstəlikdən əziyyət çəkən şəxsin saxlanması təkcə həmin şəxsin sağalması və ya vəziyyətinin yüngülləşdirilməsi üçün terapiyaya, dərmana və ya tibbi müalicəyə ehtiyacı olduqda deyil, həm də həmin şəxsin özünə və ya başqalarına zərər yetirməsinin qarşısının alınması üçün nəzarətə ehtiyacı olduqda da zəruri ola bilər (bax Hatçison Reid Birləşmiş Krallığa qarşı (Hutchison Reid v. the United Kingdom), no. 50272/99, § 52, ECHR 2003‑IV).
147. Məhkəmə daha sonra vurğulayır ki, azadlıqdan icazə verilən məhrumetmənin əsası ilə saxlamanın yeri və şəraiti arasında bir az əlaqə olmalıdır. Prinsipcə, ruhi xəstə olan şəxsin “saxlanması” 5§1 (e) Maddəsinin məqsədləri üçün yalnız o şərtlə “qanuni” olur ki, saxlama xəstəxanada, klinikada və ya bu məqsədlə səlahiyyətləndirilmiş digər müvafiq institutda həyata keçirilsin (bax Ashingdane, yuxarıda istinad edilib, § 44, və Pankieviç Polşaya qarşı (Pankiewicz v. Poland), no. 34151/04, §§ 42-45, 12 fevral 2008-ci il). Bununla belə, yuxarıda qeyd olunanlardan asılı olaraq, 5 § 1 (e) Maddəsi prinsipcə uyğun müalicə və ya şərtlərlə bağlı deyil (bax Ashingdane, yuxarıda istinad edilib, § 44, və Hutchison Reid, yuxarıda istinad edilib, § 49).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
148. Ərizəçinin Pastra sosial himayə evinə yerləşdirilməsinin 5 § 1-ci Maddənin məqsədləri üçün qanuni olub olmadığını araşdırarkən, Məhkəmə sözügedən tədbirin milli qanunvericiliyə uyğun olub olmadığını, onun 5 § 1-ci Maddənin (a)-dan (f)-ədək alt-bəndlərində şəxsin azadlığı ilə bağlı verilmiş istisnalardan birinə aid olub-olmadığını və nəhayət onun həmin istisnalardan biri ilə əsaslandırılıb əsaslandırılmadığını aydınlaşdırmalıdır.
149. Məhkəmə, müvafiq dövlətdaxili sənədlər əsasında (bax yuxarıda bəndlər 57-59), qeyd edir ki, Bolqarıstan qanunvericiliyində sosial himayə təsisatına yerləşdirmə 5 § 1-ci Maddənin (a)-dan (f)-ədək alt-bəndlərində sadalananlardan birinə əsaslanılaraq verilmiş göstəriş əsasında icra olunan məcburi tədbir kimi deyil, sözügedən şəxsin xahişi ilə görülən qoruyucu tədbir kimi nəzərdə tutulur. Bununla belə, hazırkı işin xüsusi hallarında, sözügedən tədbir nəticəsində ərizəçinin iradəsi və ya istəkləri nəzərə alınmadan onun azadlığı əhəmiyyətli məhdudiyyətlərə məruz qalmışdır ki, bu da öz növbəsində şəxsin azadlıqdan məhrum edilməsinə gətirib çıxarmışdır (bax yuxarıda bəndlər 121‑132).
150. Qanunla müəyyən olunan prosedura əməl olunub olunmaması ilə bağlı, Məhkəmə ilkin olaraq qeyd edir ki, milli qanunvericiliyə əsasən, qismən anlaqsız şəxsin qəyyumunun həmin şəxsin adından hüquqi hərəkətlər etmək səlahiyyəti yoxdur. Bu cür hallarda bağlanan hər hansı müqavilə yalnız o halda etibarlıdır ki, qəyyumla birlikdə onu qismən qəyyumluq altında olan şəxs özü də imzalasın (bax yuxarıda bənd 42). Buna görə də, Məhkəmə müəyyən edir ki, ərizəçinin qəyyumu R.P. tərəfindən, ərizəçinin əvvəlcədən alınmış razılığı olmadan onun ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün sosial himayə evinə yerləşdirilməsi ilə bağlı verilmiş qərar Bolqarıstan qanunvericiliyinə əsasən etibarsızdır. Bu qənaət özü-özlüyündə kifayətdir ki, Məhkəmə müəyyən etsin ki, ərizəçinin azadlıqdan məhrum edilməsi 5-ci Maddəyə zidd olmuşdur.
151. İstənilən halda, Məhkəmə hesab edir ki, (a)-dan (f)-ədək olan alt-bəndlərdən hər hansı biri ilə əsaslandırılmadığından, həmin tədbir Konvensiyanın 5 § 1-ci Maddəsi ilə müəyyən olunan mənada qanuni deyil.
152. Ərizəçi qəbul etdi ki, dövlət orqanları öz fəaliyyətlərində əsasən sosial yardımla bağlı münasibətləri tənzimləyən vasitələrə əsaslanmışdır (bax yuxarıda bənd 134). Bununla belə, o, iddia etdi ki, onun üzərinə qoyulmuş məhdudiyyətlər onun azadlıqdan məhrum edilməsinə bərabər idi ki, buna da 5 § 1-ci Maddənin (a)-dan (f)-ədək olan alt-bəndlərində verilmiş şəxsi azadlıqdan istisnaların heç biri ilə haqq qazandırılmamışdı. Hökumət bildirdi ki, ərizəçinin himayə evinə yerləşdirilməsinin yeganə məqsədi onun sosial qayğı almaq marağını təmin etmək idi (bax yuxarıda bəndlər 136-137). Bununla belə, hökumət hesab etdi ki, əgər Məhkəmə 5 § 1-ci Maddənin tətbiqinin mümkün olduğunu bildirən qərar verərsə, ərizəçinin ruhi xəstəliyini nəzərə alınaraq, sözügedən tədbirin (e) alt-bəndinə uyğun olduğu müəyyən edilməlidir.
153. Məhkəmə qeyd edir ki, ərizəçinin qalmağa yeri və xəstəliyi nəticəsində əmək qabiliyyətli olmadığından, onun sosial yardım almağa hüququ var idi. Məhkəmə hesab edir ki, müəyyən hallarda, ruhi xəstəlikdən əziyyət çəkən şəxsin təsisata yerləşdirilməsinin zəruriliyini dəyərləndirərkən tibbi əsaslardan əlavə, şəxsin rifahı da bir faktor kimi nəzərə alına bilər. Bununla belə, qalmağa yer və sosial yardım kimi obyektiv ehtiyaclar avtomatik olaraq şəxsin azadlığını məhdudlaşdıran tədbirlərin görülməsinə gətirib çıxarmamalıdır. Məhkəmə hesab edir ki, istənilən müdafiə tədbiri mümkün olduğu qədər, öz iradəsini ifadə etmək iqtidarında olan şəxslərin istəklərini əks etdirməlidir. Onların fikrinin soruşulmaması sui-istifadə hallarının və onların hüquqlarının icrasında maneələrin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də, maraqlı şəxslə məsləhətləşmədən görülən hər hansı tədbir bir qayda olaraq onu ehtiyatla yoxlamağı tələb edir.
154. Məhkəmə qəbul etməyə hazırdır ki, ərizəçinin himayə evinə yerləşdirilməsi birbaşa olaraq onun ruhi xəstəliyinin, qismən anlaqsız elan olunmasının və qismən qəyyumluğa verilməsinin nəticəsi idi. Ərizəçinin qəyyumu təyin olunduqdan təxminən altı gün sonra xanım R.P. onu tanımadan və ya onunla tanış olmadan, sənədlər əsasında, ərizəçinin ruhi xəstəlikdən əziyyət çəkən şəxslər üçün himayə evinə yerləşdirilməsi üçün sosial xidmət orqanlarına müraciət etmək qərarı vermişdir. Sosial xidmətlər orqanları da öz növbəsində, müraciətin təmin olunması barədə qərar verərkən eynilə ərizəçinin ruhi xəstəliyinə istinad etdi. Məhkəməyə aydındır ki, əgər ərizəçi ruhi xəstəliyi səbəbindən fəaliyyət qabiliyyətindən məhrum edilməsəydi, o, azadlıqdan məhrum edilməzdi. Buna görə də, hazırkı işə 5 § 1-ci Maddənin (e) alt-bəndinə əsasən baxılmalıdır.
155. Qalır ərizəçinin himayə evinə yerləşdirilməsinin Məhkəmənin ruhi xəstəlikdən əziyyət çəkən şəxslərin saxlanması ilə bağlı presedent hüququ ilə müəyyən olunan tələblərə cavab verib vermədiyini müəyyənləşdirmək (yuxarıda bənd 145-də qeyd olunan prinsiplərə bax). Bununla əlaqədar, Məhkəmə vurğulayır ki, şəxsin “ruhi xəstə” kimi saxlanmalı olması barədə qərar verərkən, milli hakimiyyət orqanlarının müəyyən səlahiyyətlərə malik olduğu tanınmalıdır, çünki hansısa bir iş üzrə onlara təqdim olunmuş sübutları dəyərləndirmək birinci növbədə məhz onların öhdəsinə düşür; Məhkəmənin vəzifəsi isə həmin hakimiyyət orqanlarının qərarlarına Konvensiya əsasında yenidən baxmaqdır (bax Winterwerp, yuxarıda istinad edilib, § 40, və Luberti Italiyaya qarşı (Luberti v. Italy), 23 fevral 1984-cü il, § 27, A Seriyası no. 75).
156. Hazırkı işdə doğrudur ki, ərizəçinin anlaqlılıqdan məhrum edilməsi üzrə aparılan icraatların gedişində mütəxəssis tərəfindən verilən tibbi arayış onun əziyyət çəkməkdə olduğu ruhi xəstəliklərinə istinad edirdi. Lakin, müvafiq müayinə 2000-ci ilin noyabr ayından əvvəl keçirilsə də, ərizəçi Pastra sosial himayə evinə 10 dekabr 2002-ci ildə yerləşdirilmişdir (bax yuxarıda bəndlər 10 və 14). Belə ki, hakimiyyət orqanlarının əsaslandığı psixiatrik mütəxəssis qiymətləndirməsi ilə ərizəçinin himayə evinə yerləşdirilməsi arasında iki ildən artıq müddət keçmişdi ki, həmin müddət ərzində ərizəçinin qəyyumu onun səhhətində hər hansı dəyişikliyin olub olmadığını yoxlamamış və onunla görüşməmiş və ya məsləhətləşməmişdir. Hökumətdən fərqli olaraq (bax yuxarıda bənd 138), Məhkəmə hesab edir ki, bu müddət həddindən artıqdır və 2000-ci ildə verilmiş tibbi rəy ərizəçinin yerləşdirilməsi zamanı onun ruhi sağlamlıq vəziyyətinin müəyyən olunması üçün etibarlı hesab oluna bilməz. Həmçinin, o da qeyd olunmalıdır ki, hakimiyyət orqanlarının yerləşdirmə zamanı psixiatrik arayış tələb etmək öhdəliyi daşımırdı. Hökumət bununla əlaqədar izah etdi ki, tətbiq olunan müddəalar Sağlamlıq haqqında Qanunun deyil, Sosial Yardım haqqında Qanunun müddəaları idi (bax yuxarıda bəndlər 57-60 və 137). Buna baxmayaraq, Məhkəmənin fikrincə yeni tibbi dəyərləndirmənin olmaması ərizəçinin himayə evinə yerləşdirilməsinin 5 § 1 (e)-ci Maddənin məqsədləri baxımından qanunsuz olduğu barədə qərar vermək üçün kifayət edərdi.
157. Əlavə fikir olaraq, Məhkəmə öz mülahizəsində bildirdi ki, bu işdə Maddə 5 § 1 (e)-nin digər tələbləri də təmin olunmamışdır. Yerləşdirmənin xəstəliyin kəskinliyi ilə əsaslandırılması ehtiyacına gəldikdə isə, Məhkəmə qeyd etdi ki, 2000-ci ildə verilmiş tibbi arayışın məqsədi ərəzəçinin sağlamlıq vəziyyətinin onun ruhi xəstəliklərdən əziyyət çəkən insanlar üçün himayə evinə yerləşdirilməsini tələb edib etmədiyini araşdırmaq deyil, yalnız onun hüquqi müdafiəsi məsələsini müəyyənləşdirmək idi. Maddə 5 § 1 (e) həqiqətən də dövlət orqanlarına ruhi xəstəlikdən əziyyət çəkən insanları, hətta heç bir tibbi müalicə nəzərdə tutulmadan da təcrid etmək səlahiyyəti versə də (bax Hutchison Reid, yuxarıda istinad edilib, § 52), bu cür tədbir şəxsin özünün və başqalarının müdafiəsinin təmin edilməsi naminə onun vəziyyətinin ciddiliyi ilə əsaslandırılmalıdır. Bununla belə, hazırkı işdə ərizəçinin, misal üçün psixiatrik vəziyyəti səbəbindən, özü və ya başqaları üçün təhlükəli olduğu göstərilməmişdir; sadəcə müəyyən şahidlərin onun içəndə aqressiv olduğunu bildirməsi (bax yuxarıda bənd 10) bu məqsəd üçün kifayət ola bilməz. Hakimiyyət orqanları ərizəçinin Pastra sosial himayə evində olduğu müddətdə hər hansı zorakı hərəkətlər etdiyi barədə də məlumat verməmişdir.
158. Məhkəmə həmçinin, ərizəçinin təcrid edilməsinə haqq qazandıran xəstəliyin hələ də davam edib etmədiyinə dair qiymətləndirmənin qüsurlarını da qeyd edir. Ərizəçinin psixiatr nəzarəti altında olmasına (bax yuxarıda bənd 31) baxmayaraq, bu cür nəzarətin məqsədi 5 § 1 (e) Maddəsinin məqsədləri baxımından onun Pastra sosial himayə evində saxlanmasına hələ də ehtiyac olub olmadığına dair müntəzəm qiymətləndirmənin təmin edilməsi deyildi. Əslində, bu cür qiymətləndirmənin aparılması müvafiq qanunvericiliklə də təmin olunmurdu.
159. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə bildirir ki, ərizəçinin himayə evinə yerləşdirilməsi barədə göstəriş “qanunla müəyyən olunan prosedura uyğun olaraq” verilməmişdir və onun azadlıqdan məhrum edilməsi 5 § 1-ci Maddənin (e) alt-bəndi ilə əsaslandırılmamışdı. Bundan əlavə, Hökumət hazırkı işdə, (a)-dan (f)-ədək olan alt-bəndlərdə sadalanmış, sözügedən azadlıqdan məhrumetməyə haqq qazandıra bilən digər əsaslardan hər hansı birinin mövcud olduğunu da göstərməmişdir.
160. Bu səbəbdən də, 5 § 1-ci Maddənin pozulmuş olduğu müəyyən edilir.
II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 4 –CÜ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
161. Ərizəçi Pastra sosial himayə evinə yerləşdirilməsinin qanuniliyinə məhkəmə tərəfindən baxılmasının mümkün olmadığından şikayət etmişdir.
O, Konvensiyanın 5-ci Maddəsinin 4-cü bəndinə əsaslanırdı. Həmin müddəaya əsasən:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”
A. Tərəflərin təqdimatları
1. Ərizəçi
162. Ərizəçi bildirdi ki, milli qanunvericilik onun vəziyyəti ilə bağlı onun ruhi xəstəlikdən əziyyət çəkən insanlar üçün himayə evinə yerləşdirilməsinin qanuniliyinə məhkəmə tərəfindən dövri qaydada baxılması kimi heç bir spesifik hüquqi müdafiə vasitəsi təmin etmir. O, əlavə etdi ki, anlaqsız hesab olunması səbəbindən öz adından hüquqi hərəkət edə bilmədiyindən, milli qanunvericilik Pastra sosial himayə evini tərk etməsinə icazə verilməsi üçün ona məhkəməyə müraciət etmək imkanı vermirdi. O, qeyd etdi ki, yerləşdirmə haqqında razılaşmanın, eyni vaxtda həm də himayə evinin direktoru olan qəyyumu ilə özü arasında mənafelər toqquşması səbəbindən ləğv olunmasına çalışması da eynilə mümkün olmamışdır.
163. Ərizəçi daha sonra qeyd etdi ki, onun, MPM-in 277-ci Maddəsi ilə müəyyən olunan proseduru (bax yuxarıda bənd 51) başlatmaq üçün məhkəməyə müraciət etməsinə də icazə verilməmişdir və hətta icazə verilsəydi də, bu hərəkət onun azadlıqdan məhrum edilməsinin qanuniliyinə baxılmasına deyil, sadəcə onun qismən qəyyumluq altında olmasını əsaslandıran şərtlərə yenidən baxılmasına gətirib çıxaracaqdı.
164. O, əlavə olaraq, bildirdi ki, AM-nin 113 və 115-ci Maddələri ilə təmin edilən prosedur (bax yuxarıda bəndlər 49-50) nəzəri olaraq onun yaxın qohumlarına qəyyumunun dəyişdirilməsi üçün merə müraciət etmək və ya meri yerləşdirmə haqqında razılaşmanı ləğv etməyə vadar etmək hüququ verirdi. Lakin, bu onun üçün əlçatmaz olan dolayı bir hüquqi müdafiə vasitəsi idi, çünki, onun ögey bacısı və atasının ikinci arvadı bu proseduru başlatmaq istəmirdilər.
2. Hökumət
165. Hökumət bildirdi ki, ərizəçinin himayə evinə yerləşdirilməsinin məqsədi sosial xidmətlər göstərilməsi olduğundan, o, istənilən vaxt, məhkəməyə ehtiyac olmadan da, yerləşdirmə haqqında razılaşmanın ləğv edilməsi üçün müraciət edə bilərdi. Ərizəçi öz qəyyumu ilə öz arasında mənafelər toqquşmasının olduğunu iddia etdiyindən, hökumət bildirdi ki, ərizəçi AM-nin 123-cü Maddəsinin 1-ci bəndinə əsaslana (bax yuxarıda bənd 50) və qəyyumluq orqanından ad hoc nümayəndə təyin etməyi istəyə bilərdi ki, həmin nümayəndə də sonradan daimi yaşayış yerinin dəyişdirilməsinə razılıq verə bilərdi.
166. Hökumət daha sonra iddia etdi ki, ərizəçinin yaxın qohumları AM-nin 113 və 115-ci Maddələri ilə onlardan bəzilərinə verilən imkandan, yəni qəyyumun dəyişdirilməsi və ya qəyyum tərəfindən edilmiş hərəkətlərin mübahisələndirilmısi üçün qəyyumluq orqanına müraciət etmək imkanından istifadə etməmişdir. Əlavə olaraq bildirildi ki, qəyyumluq orqanı tərəfindən imtina edildiyi halda ərizəçinin qohumları məhkəməyə müraciət edə bilərdilər ki, məhkəmə də işə mahiyyəti üzrə baxa və münasib olsa sonradan yerləşdirmə haqqında razılaşmanı ləğv edə biləcək yeni bir qəyyum təyin edə bilərdi. Hökumətin bildirdiyinə görə, bu, onlara xanım R.P. və Pastra sosial himayə evi arasında imzalanmış razılaşmanı mahiyyəti üzrə mübahisələndirmək imkanı vermiş olardı.
167. Nəhayət, Hökumət bildirdi ki, anlaqlılığın bərpa olunması üçün iddia (MPM-nin 277-ci Maddəsinə əsasən – bax yuxarıda bənd 51) 5 § 4–cü Maddənin məqsədləri baxımından hüquqi müdafiə vasitəsi idi, çünki, əgər ərizəçinin səhhətində hər hansı qənaətbəxş irəliləyiş müşahidə olunsaydı və qəyyumluqdan azad edilsəydi, o, sərbəst şəkildə himayə evini tərk edə bilərdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
168. Məhkəmə vurğulayır ki, 5-ci Maddənin 4-cü bəndi həbsdə saxlanılan şəxslərə onların azadlıqdan məhrum edilməsinin Konvensiya ilə müəyyən olunan mənada saxlamanın “qanuniliyi” üçün əhəmiyyətli olan prosessual və maddi şərtlərə uyğunluğuna yenidən baxılması üçün icraat başlatmaq hüququ verir. 5-ci Maddənin 4-cü bəndinə əsasən “qanunilik” anlayışı eynilə 1-ci bənddəki mənanı daşıyır ki, həbsdə saxlanılan şəxsin öz həbsinin “qanuniliyinə” təkcə dövlətdaxili qanunvericiliyin tələbləri əsasında deyil, həm də Konvensiya, orada təsbit olunmuş ümumi prinsiplər və 5 § 1-ci Maddə ilə icazə verilən məhdudiyyətlərin məqsədləri əsasında baxılması hüququ vardır. 5-ci Maddənin 4-cü bəndi ilə təmin olunan məhkəmə tərəfindən baxılmaq hüququ məhkəmənin, üsul məsələsi də daxil olmaqla işin bütün aspektləri üzrə, öz səlahiyyətini qərar verən hakimiyyət orqanının səlahiyyəti ilə əvəz edə bilməsi üçün deyil. Bununla belə, məhkəmə baxışı şəxsin həbsdə saxlanmasının 5 § 1-ci Maddəyə uyğun olaraq “qanuni” olması üçün əhəmiyyətli olan şərtləri əhatə edəcək dərəcədə geniş olmalıdır (bax E. Norveçə qarşı (E. v. Norway), 29 avqust 1990-cı il, § 50, A Seriyası no. 181-A). İşə yenidən baxan “məhkəmə” sadəcə məşvərətçi funksiyalara malik olmamalı, həm də saxlamanın “qanuniliyi” ilə bağlı “qərar” vermək səlahiyyətinə malik olmalıdır və saxlama qanunsuzdursa şəxsin azad edilməsi barədə qərar verməlidir (bax İrlandiya Birləşmiş Krallığa qarşı (Ireland v. the United Kingdom), 18 yanvar 1978-ci il, § 200, A Seriyası no. 25; Uiks Birləşmiş Krallığa qarşı (Weeks v. the United Kingdom), 2 mart 1987-ci il, § 61, A Seriyası no. 114; Çahal Birləşmiş Krallığa qarşı (Chahal v. the United Kingdom), 15 noyabr 1996-cı il, § 130, Qərarlar haqqında Hesabatlar 1996‑V; və A. və Başqaları Birləşmiş Krallığa qarşı (A. and Others v. the United Kingdom) [GC], no. 3455/05, § 202, 19 fevral 2009-cu il).
169. Məhkəmə baxışının 5 § 4–cü Maddənin tələblərinə cavab verən formaları bu və ya digər yurisdiksiyadan asılı olaraq fərqlənə bilər və azadlıqdan məhrumetmənin sözügedən növündən asılıdır. Araşdırılan sahədə ən münasib sistemin hansı olduğunu tədqiq etmək Məhkəmənin vəzifəsi deyil (bax Shtukaturov, yuxarıda istinad edilib, § 123).
170. Buna baxmayaraq, 5 § 4-cü Maddə sözügedən şəxs üçün çatımlı olmalı olan və ruhi xəstə olan şəxsin saxlanmasının, 5§1(e) Maddəsinin məqsədləri baxımından “qanuni” hesab olunması üçün, cavab verməli olduğu şərtlərə uyğunluğuna baxılmasını mümkün etməli olan hüquqi müdafiə vasitəsi təmin edir (bax Ashingdane, yuxarıda istinad edilib, § 52). Konvensiyanın azadlıqdan məhrumetməyə müstəqil məhkəmə tərəfindən yenidən baxılmalı olmasına dair tələbi Konvensiyanın 5-ci Maddəsinin daşıdığı məqsəd, yəni fərdlərin qanunsuz hərəkətlərdən qorunması məqsədi kontekstində fundamental vaciblik kəsb edir. Burada söhbət həm fərdlərin fiziki azadlığının, həm də onların şəxsi təhlükəsizliyinin qorunmasından gedir (bax Varbanov, yuxarıda istinad edilib, § 58). Həbsdə saxlama ruhi xəstəlik əsasında olduqda, ruhi xəstəlikləri səbəbindən öz adlarından hərəkət etmək üçün tam anlaqlı olmayan şəxslərin maraqlarının qorunması üçün xüsusi prosessual müdafiə vasitələrindən istifadə oluna bilər (bax, digər əvvəlki qərarlar arasında, Winterwerp, yuxarıda istinad edilib, § 60).
171. Məhkəmənin 5-ci Maddənin 4-cü bəndinə əsasən “ruhi xəstələr”lə bağlı presedent hüququndan irəli gələn prinsiplər aşağıdakılardır:
(a) qeyri-müəyyən və ya uzun müddət həbsdə saxlanılan şəxsin prinsip etibarilə, istənilən halda avtomatik dövri məhkəmə baxışı olmadıqda, öz saxlanmasının Konvensiya ilə müəyyən olunan mənada “qanuniliyi” məsələsinə baxılması üçün “ağlabatan intervallarla” məhkəmə qarşısında icraatlar başlatmaq hüququ vardır;
(b) 5-ci Maddənin 4-cü bəndi ilə məhkəmə xarakterli və fərdlərə azadlıqdan sözügedən məhrumetmənin növünə uyğun olan təminatlar verən prosedurun olması tələb olunur; icraatların adekvat təminatlar verib vermədiyini müəyyən etmək üçün onların həyata keçirildiyi şəraitin dəqiq mahiyyətinə fikir vermək lazımdır;
(c) 5-ci Maddənin 4-cü bəndində istinad olunan məhkəmə icraatlarında heç də həmişə 6-cı Maddənin 1-ci bəndi ilə mülki və ya cinayət işləri üzrə icraatlar üçün tələb olunan eyni təminatların olmasına ehtiyac yoxdur. Buna baxmayaraq, sözügedən şəxsin məhkəməyə çatımlılığının olması və ya şəxsən, ya da zərurət olduqda, hər hansı formada təmsilçilik vasitəsilə dinlənilmək imkanının olması çox əhəmiyyətlidir (bax Megyeri Almaniyaya qarşı (Megyeri v. Germany), 12 may 1992-ci il, § 22, A Seriyası no. 237-A).
2. Bu prinsiplərin hazırkı işə tətbiqi
172. Məhkəmə öz mülahizəsində bildirir ki, Hökumət Pastra sosial himayə evinə yerləşdirilməsinin və həmin tədbirin davamedən icrasının qanuniliyini mübahisələndirmək üçün ərizəçiyə birbaşa imkan verən hər hansı dövlətdaxili hüquqi müdafiə vasitəsini göstərməmişdir. O, həmçinin qeyd edir ki, Bolqarıstan məhkəmələri heç vaxt və ya hər hansı formada yerləşdirmə məsələsinə qarışmamışdır və dövlətdaxili qanunvericilik də ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün himayə evinə yerləşdirilməyə məhkəmə tərəfindən avtomatik dövri qaydada yenidən baxılmasını təmin etmir. Bundan əlavə, ərizəçinin himayə evinə yerləşdirilməsi Bolqarıstan qanunvericiliyində azadlıqdan məhrumetmə hesab olunmadığından (bax yuxarıda bənd 58), yerləşdirmənin azadlıqdan məhrumetmə baxımından qanuniliyinin mübahisələndirilməsi üçün dövlətdaxili hüquqi mexanizm də mövcud deyil. Əlavə olaraq, Məhkəmə qeyd edir ki, dövlətdaxili məhkəmələrin təcrübəsinə görə, yerləşdirmə haqqında razılaşmanın etibarlılığı məsələsi razılığın olmaması əsası ilə yalnız qəyyumun təşəbbüsü ilə mübahisələndirilə bilərdi (bax yuxarıda bənd 54).
173. Hökumət anlaqlılığın bərpa olunması üçün MPM-nin 277-ci Maddəsi ilə müəyyən olunan prosedura (bax yuxarıda bənd 167) istinad etdiyindən, Məhkəmə qeyd edir ki, özü-özlüyündə bu prosedurun məqsədi ərizəçinin yerləşdirilməsinin qanuniliyini yoxlamaq deyil, onun hüquqi statusuna yenidən baxılması olacaqdı (bax aşağıda bəndlər 233-246). Hökumət həmçinin, qəyyum tərəfindən edilən hərəkətlərə yenidən baxılması prosedurlarına da istinad etdi (bax yuxarıda bəndlər 165-166). Məhkəmə bu cür hüquqi müdafiə vasitələrinin yerləşdirmənin 5 § 4-cü Maddə ilə tələb olunan qanuniliyinə məhkəmə tərəfindən baxılmasına gətirib çıxara biləcəyinin müəyyən olunmasını zəruri hesab edir.
174. Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, 1985-ci il AM qismən qəyyumluq altında olan şəxsin yaxın qohumlarına qəyyumluq orqanı tərəfindən qəbul olunmuş qərarları mübahisələndirmək hüququ verirdi ki, öz növbəsində qəyyumluq orqanından da yerləşdirmə haqqında razılaşma da daxil olmaqla, qəyyumun etdiyi hərəkətlərə yenidən baxmaq və qəyyum öz vəzifələrini icra edə bilmədikdə onu başqası ilə əvəz etmək tələb olunurdu (bax yuxarıda bəndlər 48-50). Lakin, Məhkəmə qeyd edir ki, həmin hüquqi müdafiə vasitələri ərizəçi üçün birbaşa çatımlı deyildi. Bundan əlavə, nəzəri olaraq həmin hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ olan şəxslərin heç biri cənab Stanevin maraqları üçün hərəkət etmək niyyəti nümayiş etdirmədi və o, özü də, onların razılığı olmadan öz təşəbbüsü ilə hərəkət edə bilmirdi.
175. Ərizəçinin merin qəyyumdan izahat tələb etməsi və ya yerləşdirmə haqqında razılaşmanın icrasını onun etibarsız olması əsası ilə dayandırması üçün merə müraciət etməsinin mümkünlüyü də qeyri-müəyyəndir. İstənilən halda, aydındır ki, ərizəçi fəaliyyət qabiliyyətindən qismən məhrum edilmiş olduğundan, merin etdiyi hərəkətləri mübahisələndirmək üçün qanun ona öz vəsatəti ilə məhkəmələrə müraciət etmək hüququ vermirdi (bax yuxarıda bənd 49); Hökumət bunu mübahisələndirmədi.
176. Ərizəçinin merdən, iddia olunan mənafelər toqquşması əsasında qəyyumunu müvəqqəti olaraq ad hoc nümayəndə ilə əvəz etməsini və sonra yerləşdirmə haqqında razılaşmanın ləğv olunması üçün müraciət etməsini istəməyinin mümkünlüyü ilə bağlı da eyni nəticəyə gəlmək olar. Məhkəmə bununla əlaqədar öz mülahizəsində bildirir ki, merin mənafelər toqquşmasının mövcud olub olmadığını müəyyənləşdirmək səlahiyyəti var (bax yuxarıda bənd 50). Son olaraq, aydındır ki, merin bu addımı atmaqdan imtina etdiyi halda, ərizəçi özü mahiyyəti üzrə baxılması üçün məhkəmələrə vəsatət verə bilməyəcəkdi.
177. Buna görə də, Məhkəmə o nəticəyə gəlir ki, Hökumətin istinad etdiyi hüquqi müdafiə vasitələri ya ərizəçiyə çatımlı deyildi, ya da ki, mahiyyətcə məhkəmə xarakterli deyildi. Bundan əlavə, həmin vasitələrdən heç biri ərizəçinin Pastra sosial himayə evinə yerləşdirilməsinin dövlətdaxili qanunvericilik və Konvensiya ilə müəyyən olunan mənada qanuniliyinə birbaşa olaraq yenidən baxılmasına gətirib çıxarmırdı.
178. Bu mülahizələri nəzərə alaraq, Məhkəmə Hökumətin dövlətdaxili hüquqi müdafiə vasitələrinin tükənməməsi ilə bağlı etirazını rədd edir (bax yuxarıda bəndlər 97-99) və Konvensiyanın 5-ci Maddəsinin 4-cü bəndinin pozulmuş olduğunu müəyyən edir.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 5 –Cİ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
179. Ərizəçi bildirdi ki, ona Konvensiyanın 5-ci Maddəsinin 1-ci və 4-cü bəndləri ilə təmin olunan hüquqlarının iddia olunan pozuntularına görə kompensasiya almaq hüququ verilməmişdir.
O, 5-ci Maddənin 5-ci bəndinə əsaslanırdı. Həmin maddəyə əsasən:
“Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.”
A. Tərəflərin təqdimatları
180. Ərizəçi bildirdi ki, qanunsuz həbsdə saxlamanın kompensasiyaya səbəb ola bildiyi halların məhdud siyahısı Zərərə görə Dövlətin Məsuliyyəti haqqında 1988-ci il Qanununda (bax yuxarıda bəndlər 62-67) verilmişdir və onun öz vəziyyəti həmin hallardan heç birinə uyğun gəlmirdi. O, daha sonra, 5-ci Maddənin 4-cü bəndinin pozuntusuna görə kompensasiyanın iddia edilməsini təmin edən heç bir hüquqi müdafiə vasitələrinin mövcud olmadığından şikayət etdi.
181. Hökumət qeyd etdi ki, 1988-ci il Qanunu ilə müəyyən olunan kompensasiya proseduru o halda tətbiq edilə bilərdi ki, ərizəçinin himayə evinə yerləşdirilməsi haqqında razılaşmanın qanunsuz olduğu müəyyən edilmiş olsun. Yerləşdirmə haqqında razılaşmanın dövlətdaxili qanunvericiliyə və onun öz maraqlarına uyğun olduğu müəyyən edildiyindən, o, sözügedən proseduru başlada bilməmişdir.
B. Məhkəmənin qiymətləndirməsi
182. Məhkəmə vurğulayır ki, 1, 2, 3 və ya 4-cü bəndlərin şərtlərinə zidd olaraq azadlıqdan məhrumetməyə görə kompensasiya tələb edilməsi mümkündürsə, 5-ci Maddənin 5-ci bəndinin tələbi yerinə yetirilmiş hesab olunur (bax Uassink Niderlanda qarşı (Wassink v. the Netherlands), 27 sentyabr 1990-cı il, § 38, A Seriyası no. 185-A, və Houtmən və Mius Belçikaya qarşı (Houtman and Meeus v. Belgium), no. 22945/07, § 43, 17 mart 2009-cu il). Buna görə də, 5-ci bənddə təsbit edilmiş kompensasiya hüququ digər bəndlərdən birinin ya dövlət orqanları, ya da Konvensiya təsisatları tərəfindən pozulmuş olduğunu güman edir. Bununla əlaqədar, 5§5-ci Maddə ilə təmin edilən kompensasiya hüququnun səmərəli şəkildə həyata keçirilməsi kifayət dərəcədə müəyyənliklə təmin edilməlidir (bax Ciulla İtaliyaya qarşı (Ciulla v. Italy), 22 fevral 1989-cu il, § 44, A Seriyası no. 148; Sakık və Başqaları Türkiyəyə qarşı (Sakık and Others v. Turkey), 26 noyabr 1997-ci il, § 60, Hesabatlar 1997-VII; və N.C. İtaliyaya qarşı (N.C. v. Italy) [GC], no. 24952/94, § 49, ECHR 2002‑X).
183. Hazırkı işə gəldikdə, Məhkəmə 5-ci Maddənin 1 və 4-cü bəndlərinin pozulmuş olduğunun müəyyən edildiyini nəzərə alaraq bildirir ki, 5-ci bəndin də tətbiqi mümkündür. Ona görə də, Məhkəmə ərizəçinin bu qərardan əvvəl dövlətdaxili səviyyədə zərərə görə kompensasiya almaq hüququnun olub olmadığını və ya bu qərarın qəbulundan sonra bu cür hüququnun olub olmayacağını dəqiq müəyyənləşdirməlidir.
184. Bununla əlaqədar, Məhkəmə vurğulayır ki, 5 § 5-ci Maddənin pozulmuş olduğu barədə qərar vermək üçün, o, 5-ci Maddənin digər bəndlərinin pozuntularının, istər Məhkəmənin qərarından əvvəl, istərsə də sonra, yerli məhkəmələr qarşısında kompensasiya tələb etmək hüququ yaratmadığını müəyyən etməlidir (bax Brogan və Başqaları Birləşmiş Krallığa qarşı (Brogan and Others v. the United Kingdom), 29 noyabr 1988-ci il, §§ 66-67, A Seriyası no. 145‑B).
185. Yuxarıda istinad edilən presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, birinci olaraq, 5-ci Maddənin 1 və 4-cü bəndlərinin hazırkı işdə müəyyən olunmuş pozuntusunun bu qərarın verilməsindən əvvəl, dövlətdaxili məhkəmələr qarşısında kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilib bilmədiyi müəyyən olunmalıdır.
186. 5-ci Maddənin 1-ci bəndinin pozuntusu ilə bağlı, Məhkəmə bildirir ki, Zərərə görə Dövlətin Məsuliyyəti haqqında 1988-ci il Qanununun 2(1)-ci bölməsi qanuni əsası olmadığından ləğv edilmiş, həbsdə saxlamanın müəyyən növlərini müəyyən edən məhkəmə qərarı nəticəsində dəymiş zərərə görə kompensasiya təmin edir (bax yuxarıda bənd 62). Lakin, bu, hazırkı işə aid deyil. İş materiallarından görünür ki, Bolqarıstan məhkəmələri heç bir mərhələdə tədbirin qanunsuz olduğunu və ya hər hansı formada Konvensiyanın 5-ci Maddəsini pozmuş olduğunu müəyyən etməmişdir. Bundan əlavə, Hökumətin arqumentləri ərizəçinin himayə evinə yerləşdirilməsinin dövlətdaxili qanunvericiliyə uyğun olduğunu göstərməkdən ibarət idi. Buna görə də, Məhkəmə müəyyən edir ki, dövlət orqanları yerləşdirmənin qanunsuz olduğunu qəbul etmədiyindən, ərizəçi yuxarıda göstərilən müddəaya əsasən heç bir kompensasiya tələb edə bilmirdi.
187. Həmin Qanunun 1-ci bölməsinə əsasən, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə kompensasiya tələb etməyin mümkünlüyünə (bax yuxarıda bənd 63) gəldikdə isə, Məhkəmə bildirir ki, Hökumət həmin müddəanın ruhi xəstəlikdən əziyyət çəkən şəxslərin mülki hüquqi razılaşmalar əsasında sosial himayə evlərinə yerləşdirilməsi ilə bağlı işlərə tətbiq edilməsinin mümkün olduğunu göstərən heç bir qərar qəbul etməmişdir.
188. Bundan əlavə, Bolqarıstan qanunvericiliyində yerləşdirmə haqqında razılaşmanın qanuniliyinə məhkəmə qaydasında yenidən baxılmasını təmin edən heç bir hüquqi müdafiə vasitəsi olmadığından, ərizəçi 5 § 4-cü Maddənin pozuntusuna görə kompensasiya almaq üçün əsas kimi Dövlətin məsuliyyəti məsələsini qaldıra bilməzdi.
189. Buradan 5-ci Maddənin 1 və 4-cü bəndlərinin pozuntularının müəyyən olunduğu hazırkı iş üzrə qərarın ərizəçiyə Bolqarıstan qanunvericiliyinə əsasən kompensasiya tələb etmək hüququ verib verməyəcəyi sualı ortaya çıxır. Məhkəmə bildirir ki, müvafiq qanunvericilikdə hər hansı bu cür müdafiə vasitəsinin mövcud olduğu görünmür; və Hökumət də bunun əksini sübut edən heç bir arqument təqdim etməmişdir.
190. Bununla da, ərizəçinin nə hazırkı iş üzrə qərardan əvvəl, nə də qərardan sonra 5-ci Maddənin 1 və 4-cü bəndlərinin pozuntusuna görə kompensasiya almaq hüququnun olduğu və ya olacağı göstərilməmişdir.
191. Buna görə də, 5-ci Maddənin 5-ci bəndi pozulmuşdur.
IV. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN TƏKLİKDƏ VƏ 13-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ İDDİA EDİLƏN POZUNTUSU İLƏ BAĞLI
192. Ərizəçi Pastra sosial himayə evində yaşayış şəraitinin qeyri-məqbul olmasından və bundan şikayət etmək üçün Bolqarıstan qanunvericiliyində səmərəli müdafiə vasitəsinin olmamasından şikayət edirdi. O, Konvensiyanın 3-cü maddəsinə təklikdə və 13-cü maddə ilə birgə götürülməklə istinad edirdi. Bu müddəalarda aşağıdakı ifadələr əks olunur:
Maddə 3
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
Maddə 13
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməməsinə dair ilkin etiraz
193. Böyük Palataya təqdim etdiyi məlumatda Hökumət əvvəlcə Konvensiyanın 3-cü maddəsi ilə təqdim edilən şikayət üzrə dövlətdaxili vasitələrin tükəndirilməməsinə dair etirazını bildirdi. Hökumət Zərərə görə Dövlətin Məsuliyyəti haqqında 1988-ci il tarixli Qanuna əsasən ərizəçinin sözügedən evdə olan şəraitə görə kompensasiya almaq hüququnun olduğunu iddia edirdi.
194. Məhkəmə Reqlamentinin 55-ci Qaydasına uyğun olaraq Məhkəmə ərizənin qəbuledilən olmadığının sübuta yetirilməsi yükünün - xarakter və işin halları buna imkan verirsə - cavabdeh Razılığa gələn Dövlətdə olduğunu və bunun yazılı və ya şifahi qeydlərlə ərizənin qəbuledilənliyi mərhələsində qaldırılmalı olduğunu xatırladır (bax yuxarıda qeyd edilən N.C. İtaliyaya qarşı (N.C. v. Italy), § 44). 55-ci Qayda ilə dövlətdaxili vasitələrin tükəndirilməsinə dair etiraz vaxtsız təqdim edildikdə, estoppel yaranır və belə halda etiraz müvafiq olaraq rədd edilir (bax Velikova Bolqarıstana qarşı (Velikova v. Bulgaria), no. 41488/98, § 57, ECHR 2000‑VI, və Tanrıbilir Türkiyəyə qarşı (Tanrıbilir v. Turkey), no. 21422/93, § 59, 16 noyabr 2000-ci il).
195. Hazırkı işdə Palata tərəfindən işin qəbuledilənlik məsələsinə baxıldığı zaman Hökumət etirazın verilməməsində hər hansı üzrlü səbəbin olmasını bildirməmişdir.
196. Belə olduğu təqdirdə, Hökumətin bu etirazı etmək hüququndan məhrum edilməsini bildirərək, Məhkəmə müvafiq olaraq bu etiraz rədd edir.
B. Konvensiyanın 3-cü maddəsinə əsasən edilmiş şikayətin mahiyyəti
1. Tərəflərin təqdimatları
197. Ərizəçi Pastra sosial himayə evində yaşayış şəraitinin aşağı olmasının, xüsusən də yeməyin az olmasının, sanitar şəraitin bərbad olmasının, istiliyin olmamasının, məcburi müalicənin olmasının, yataq otaqlarında çox adamın yatmasının, müalicəvi və mədəni tədbirlərin olmamasının 3-cü maddə ilə qadağan edilən davranışa bərabər olduğunu iddia edirdi.
198. Ərizəçi Hökumətin də orada olan yaşayış şəraitinin müvafiq Avropa standartlarına uyğun olmamasının artıq 2004-cü ildə etiraf etdiyini və bu şəraitin yaxşılaşdırılacağını vəd etdiyini bildirdi (bax yuxarıda bənd 82). Buna baxmayaraq şərait ən azı 2009-cu ilin sonunadək dəyişdirilməmişdir.
199. Palataya təqdim etdiyi qeydlərində Hökumət evdəki yaşayış şəraitində çatışmamazlıqları etiraf edirdi. Onlar yaşamaq üçün minimal standartların təmin edilməsində əsas maneənin belə təsisatlara ayrılan maliyyə resurslarının yetərsiz olmasını qeyd edirdi. Onların dediyinə görə, Sosial Yardım Agentliyinin yoxlamasından sonra dövlət Pastra sosial himayə evini bağlamaq və onun sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməyi qərarı almışdır. Hökumət yaşayış şəraitinin bütün ev sakinləri üçün eyni olmasını və pis rəftar üçün niyyətinin olmaması səbəbindən ərizəçinin ləyaqəti alçaldan davranışa məruz qalmadığını qeyd etmişdir.
200. Hökumət Böyük Palatada 2009-cu ilin sonundan etibarən evin ərizəçinin yaşadığı hissəsində təmir işlərinin aparılmasını qeyd etmişdir (bax yuxarıda bənd 24).
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
201. 3-cü Maddə demokratik cəmiyyətin ən əsas dəyərlərindən birini müəyyən edir. O, işin hallarından və qurbanın davranışından asılı olmayaraq işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanı mütləq qaydada qadağan edir (bax digər işlərlə yanaşı, Kudla Polşaya qarşı (Kudła v. Poland) [GC], no. 30210/96, § 90, ECHR 2000-XI, və Poltoratskiy Ukraynaya qarşı (Poltoratskiy v. Ukraine), no. 38812/97, § 130, ECHR 2003‑V).
202. 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi nisbidir: o, işin bütün hallarından, məsələn, həmin rəftarın xarakterindən və kontekstindən, törədilmə tərzindən və metodundan, müddətindən, fiziki və ya ruhi təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax Kudlanın işi üzrə yuxarıda istinad edilən qərar, 91-ci bənd; və Poltoratskinin işi üzrə yuxarıda istinad edilən qərar, 131-ci bənd).
203. Rəftar Məhkəmə tərəfindən o halda "qeyri-insani" hesab edilir ki, qəsdən törədilir, fasiləsiz olaraq saatlarla tətbiq edilir, bədən xəsarətinə, yaxud güclü fiziki və ya ruhi iztirablara səbəb olur (bax Labita İtaliyaya qarşı (Labita v. İtaly) [Böyük Palata], ərizə № 26772/95, 120-ci bənd, ECHR 2000‑IV). Rəftar o halda "ləyaqəti alçaldan" hesab edilir ki, qurbanları alçalda və ya təhqir edə biləcək qorxu, əzab və acizlik hissləri doğurur və ola bilsin ki, onların fiziki və mənəvi müqavimətini qırır, yaxud onları öz istəkləri və ya düşüncələri əleyhinə hərəkət etməyə vadar edir (bax Yallo Almaniyaya qarşı (Jalloh v. Germany) [Böyük Palata], ərizə № 54810/00, 68-ci bənd, ECHR 2006‑IX). Bununla əlaqədar olaraq, belə rəftarın qurbanı alçaltmaq və ya təhqir etmək məqsədi daşıyıb-daşımaması məsələsi nəzərə alınmalı olan amildir, hərçənd ki, belə məqsədin olmaması hökmən 3-cü maddənin pozulmadığı barədə nəticə çıxarmağa səbəb ola bilməz.
204. Əzab vermənin və alçaltmanın 3-cü maddənin pozuntusunu təşkil etməsi üçün o, hər bir halda qanuni rəftarın və ya cəzanın müəyyən forması ilə əlaqədar olan qaçılmaz əzabın və alçalmanın hüdudlarından kənara çıxan elementə malik olmalıdır. İnsanı azadlıqdan məhrum edən tədbirlərdə bu element çox zaman mövcud ola bilər. Hər halda demək olmaz ki, azadlıqdan məhrum etmə özlüyündə 3-cü maddə üzrə problem doğurur. Bununla belə, bu maddəyə əsasən, dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir, habelə təmin etməlidir ki, cəza tədbirinin icra tərzi və metodu ona əzab verməsin və ya həbsdə saxlanılmağa xas olan səviyyəni aşan dərəcədə ağır olmasın, habelə həbsdə saxlanmanın praktiki tələbləri nəzərə alınmaqla, onun sağlamlığı və rifahı lazımi qaydada qorunsun, o cümlədən o, zəruri tibbi yardımla təmin edilsin (bax Kudlanın işi üzrə yuxarıda istinad edilən qərar, 92-94-cü bəndlər).
205. Azadlıqdan məhrum edilmənin şəraitini Konvensiyanın 3-cü maddəsi baxımından qiymətləndirərkən həmin şəraitin bütövlükdə təsirləri və azadlıqdan məhrumetmə tədbirinin müddəti nəzərə alınmalıdır (bax Kalaşnikovun işi üzrə yuxarıda istinad edilən qərar, 95-ci və 102-ci bəndlər; Kehayov Bolqarıstana qarşı (Kehayov v. Bulgaria), ərizə № 41035/98, 64-cü bənd, 18 yanvar 2005-ci il; və İovçev Bolqarıstana qarşı (Iovchev v. Bulgaria), ərizə № 41211/98, 127-ci bənd, 2 fevral 2006-cı il). Bununla bağlı nəzərə alınmalı olan mühüm amil saxlanma yerindəki maddi şəraitdən savayı həm də saxlanma rejimidir. Konkret halda məhdudlaşdırıcı rejimin 3-cü Maddəyə zidd rəftara bərabər olub-olmadığını qiymətləndirərkən konkret şərait, rejimin ciddiliyi, müddəti, daşıdığı məqsəd və müvafiq şəxsə təsirləri nəzərə alınmalıdır (bax Kudlanın işi üzrə yuxarıda istinad edilən qərar, 65-ci bənd).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
206. Hazırkı işdə Məhkəmə ərizəçinin Pastra sosial himayə evinə yerləşdirilməsinin (bu hala görə ölkə dövlət orqanları məsuliyyət daşımalıdırlar) Konvensiyanın 5-ci Maddəsi ilə müəyyən olunan mənada azadlıqdan məhrum etməyə bərabər olması qənaətindədir (bax yuxarıda bənd 132). O, daha sonra qeyd edir ki, 3-cü Maddə dövlət orqanlarının himayəsində olan bütün şəxslərə qarşı qeyri-insani və ləyaqəti alçaldan davranışı qadağan etdiyi üçün ərizəçinin işinə də şamil edilir. Məhkəmə 3-cü maddədə pis davranışın qadağan edilməsinin azadlıqdan məhrum etmənin bütün formalarına eyni ilə tətbiq edildiyini və xüsusən də sözügedən tədbirin məqsədinə görə heç bir fərq qoyulmadığını qeyd edir; tədbirin cinayət icraatında saxlama əmrin və ya konkret şəxsin həyatı və sağlamlığını müdafiə etmək məqsədi ilə təsisata qəbul edilməsi heç bir əhəmiyyət kəsb etmir.
207. Məhkəmə öncə qeyd edir ki, Hökumətin fikrincə ərizəçinin yaşadığı bina 2009-cu ilin sonunda təmir edilmiş və onun yaşayış şəraiti yaxşılaşdırılmışdır (bax yuxarıda bənd 200); ərizəçi bunu mübahisələndirmirdi. Buna görə Məhkəmə ərizəçinin şikayətinə 2002-2009-cu illər üzrə baxmağa qərar verir. Hökumət həmin müddətdə ərizəçinin yaşayış şəraitinin onun təsvir etdiyi kimi olmasını imkan etmirdi və eyni zamanda iqtisadi səbəblərə görə evin şəraitdə müəyyən qüsurların olmasını etiraf edirdi (bax yuxarıda bəndlər 198-199).
208. Məhkəmə ərizəçinin digər dörd sakinlə 16 kv.m. sahəsi olan otaq paylaşmasına baxmayaraq onun həm evin içində, həm də çölündə sərbəst hərəkət etməkdə azad olmasını və bu faktın yatmaq üçün nəzərdə tutulan ərazinin əks təsirini azalda bilən fakt olduğunu qeyd edir (bax Valaşınas Litvaya qarşı (Valašinas v. Lithuania), no. 44558/98, § 103, ECHR 2001-VIII).
209. Buna baxmayaraq ərizəçinin fiziki yaşayış şəraitinin digər aspektləri narahatçılıq üçün ciddi əsas yaradır. Xüsusən də yemək az və keyfiyyətsiz idi. Bina yaxşı isidilmirdi və qışda ərizəçi paltoda yatırdı. Ona qeyri-gigiyenik və bərbad gündə olan bir hamamda həftədə bir dəfə çimmək icazə verilirdi. Tualetlər çox pis vəziyyətdə idi və tualetə çıxış İşgəncələrə Qarşı Komitənin (İQK) rəyinə görə təhlükəli idi (bax yuxarıda bəndlər 21, 22, 23, 78 və 79). Bundan başqa, yuyulduqdan sonra insanların paltarı özlərinə qaytarılmırdı (bax yuxarıda bənd 21) və bu da sakinlərdə acizlik hissi yaradırdı.
210. Məhkəmə ərizəçinin sadalanan şəraitdə təxminən yeddi ilə bərabər olan uzun bir müddət ərzində saxlandığını diqqətsiz qoya bilməz. Məhkəmə evə səfər etdikdən sonra oradakı yaşayış şəraitinin sözügedən vaxtda qeyri-insani və ləyaqəti alçaldan davranışa bərabər olmasına dair İQK-nin rəyini də nəzərə almaya bilməz. Bu rəylə tanış olmalarına baxmayaraq 2002-2009-cu illər ərzində Hökumət bu təsisatı bağlamaq vədini yerinə yetirməmişdir (bax yuxarıda bənd 82). Məhkəmə maliyyə resurslarının olmaması kimi Hökumətin arqumentinin ərizəçinin təsvir edilən şəraitdə saxlamaq üçün üzrlü səbəb olmadığına inanır (bax yuxarıda qeyd edilən Poltoratskiy işi, § 148).
211. Buna baxmayaraq Məhkəmə dövlət orqanlarının ləyaqəti alçaldan davranışın qəsdən etmədiyinə inanır. Lakin yuxarıda qeyd edildiyi kimi (bax bənd 203) belə niyyətin olmaması 3-cü maddə ilə pozuntunun olması haqqında nəticəni istisna edə bilməz.
212. Nəticədə Pastra sosial himayə evində təmir işlərinin 2009-cu ilin sonunda aparıldığını qeyd edərək Məhkəmə ümumilikdə götürüldükdə ərizəçinin təxminən yeddi il ərzində məruz qaldığı yaşayış şəraitinin ləyaqəti alçaldan davranışa bərabər olduğunu hesab edir.
213. Buna görə də Konvensiyanın 3-cü Maddəsinin pozulması baş vermişdir.
C. 3-cü maddə ilə birgə götürülməklə 13-cü maddəyə əsasən edilmiş şikayətin mahiyyəti
1. Tərəflərin təqdimatları
214. Ərizəçi onun himayəçisinin razılığı olmadan 1988-ci il tarixli Dəymiş ziyana görə dövlət məsuliyyəti haqqında Qanunda nəzərdə tutulan təzminatın alınması üçün iddia da daxil olmaqla heç bir daxili vasitədən istifadə edə bilmirdi. O, həmçinin, qeyd etmişdir ki, xanım R.P-nin 31 dekabr 2002-ci ildə (bax yuxarıda bənd 12) müddəti bitdikdən və yeni himayəçinin 2 fevral 2005-ci il tarixdə (bax yuxarıda bənd 17) təyin edilənə qədər, yani iki ildən çox bir müddət ərzində onun heç bir himayəçisi olmamışdır. Bundan başqa onun yeni himayəçisi eyni zamanda sosial himayə evinin müdiri idi. Bu səbəbdən evdə olan yaşayış şəraitinə görə hər hansı mübahisə olduğu təqdirdə ərizəçi və onun himayəçisi arasında maraqların toqquşması baş verəcəkdi və ərizəçi onun iddialarının dəstəkləyəcəyini himayəçisindən uma bilməzdi.
215. Hökuməti təqdimatına görə anlaqlılığını bərpa etmək üçün iddia (bax yuxarıda 51-52-ci bəndlər) ərizəçinin öz statusuna baxış keçirməyi təmin edən bir vasitə idi və qismən himayəçilikdən azad edildiyi təqdirdə o, sosial himayə evini tərk edə və şikayət etdiyi yaşayış şəraitinə dözməyə son qoymuş olardı.
216. Hökumət ərizəçinin Pastra sosial himayə evində olan şəraitdən 1988-ci il tarixli Dəymiş ziyana görə dövlət məsuliyyəti haqqında Qanunun 1-ci maddəsi ilə birbaşa iddia ərizəsi verməklə şikayət edə biləcəyini də əlavə etdi (bax yuxarıda 62-67-ci bəndlər).
2. Məhkəmənin qiymətləndirməsi
217. Məhkəmə 13-cü maddənin Konvensiyaya uyğun olan “mübahisə yaradan şikayət”in mahiyyəti ilə məşğul olan və məhkəmə müdafiəsi vasitəsini mümkün edən dövlətdaxili vasitənin mövcud olmasını təmin etdiyinə və ona dair öz oturuşmuş presedent hüququna istinad edir. Tərəfdaş Dövlətlərə bu müddəa ilə öz öhdəliklərinin hansı üsullarla yerinə yetirilməsində müəyyən sərbəstlik verilir. 13-cü maddədəki öhdəliyin əhatə dairəsi ərizəçinin Konvensiya ilə təqdim etdiyi şikayətin təbiətindən asılı olaraq fərqlənir. Bununla yanaşı, 13-cü maddədə tələb olunan vasitə təcrübədə və eyni zamanda qanunda “səmərəli” olmalıdır (bax Mak Qlinchi və digərləri Birləşmiş Krallığa qarşı (McGlinchey and Others v. the United Kingdom), no. 50390/99, § 62, ECHR 2003‑V).
218. O halda ki, hazırkı işdə olduğu kimi, Məhkəmə 3-cü Maddənin pozulduğunu müəyyən edib, pozuntudan irəli gələn qeyri-maddi zərərə görə təzminat, prinsipcə, mümkün vasitələrin bir hissəsi olmalıdır (yenə orada, § 63; və yuxarıda istinad edilən Iovchev işi, § 143).
219. Hazırkı işdə Məhkəmə 1988-ci il tarixli Dəymiş ziyana görə dövlət məsuliyyəti haqqında Qanunun 1(1)-ci Maddəsini pis saxlama şəraiti nəticəsində dəyən ziyandan əzab çəkən dustaqlara tətbiq edilə bilən maddə kimi yerli məhkəmələr tərəfindən şərh olunmasını müşahidə edir (bax yuxarıda 63-64-cü bəndlər). Lakin Hökumətin təqdimatlarına əsasən daxili qanunvericilikdə ərizəçinin Pastra sosial himayə evində yerləşdirilməsi azadlıqdan məhrumetmə yerində saxlama kimi tövsif edilmir (bax yuxarıda 108-111-ci maddələr). Buna görə də ərizəçinin evdəki pis yaşayış şəraitinə görə təzminat ala bilmək hüququ yox idi. Bundan başqa, sosial himayə evlərindəki pis şəraitdən olan şikayətlərdə bu müddəanı tətbiq edən elə bir məhkəmə presedenti yoxdur və Hökumət bunun əksini sübut etmək üçün heç bir dəlil gətirməmişdir. Deyilənləri nəzərə alaraq, Məhkəmə sözügedən vasitələrin 13-cü Maddə mənasında səmərəli olmaması qənaətinə gəlir.
220. Anlaqlılığın bərpası proseduruna Hökumətin istinad etməsinə gəldikdə (bax yuxarıda bənd 215), Məhkəmə hesab edir ki, hətta belə vasitənin nəticəsi olaraq ərizəçinin öz anlaqlılığını bərpa etməsi və evi tərk etməsinin mümkün olması güman edilsəydi, evdə olduğu müddət ərzində onunla edilən davranışa görə ərizəçiyə heç bir təzminat verilməyəcəkdi. Nəticədə, sözügedən vasitə müvafiq olaraq əvəzin ödənilməsini nəzərdə tutmurdu.
221. Buna görə də Konvensiyanın 3-cü maddəsi ilə birgə götürüldükdə 13-cü maddəsinin pozuntusu baş vermişdir.
V. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU İLƏ BAĞLI
222. Ərizəçi Bolqarıstan qanununun ona öz anlaqlılığını bərpa etmək üçün məhkəməyə müraciət etmək imkanı vermədiyini iddia edirdi. O, aşağıda müvafiq hissələri təqdim edilən Konvensiyanın 6-cı Maddəsinə istinad edirdi:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə... işin ədalətli... araşdırılması hüququna malikdir...”
A. İlkin qeydlər
223. Böyük Palata Hökumətin Palata qarşısında daxili vasitələrin tükəndirilməməsini iddia edərək qaldırdıqları etirazı bir daha səsləndirdiyini müşahidə edir. Bu etiraz Mülki Prosesual Məcəlləsinin 277-ci maddəsinə əsaslanır və Hökumətin fikrincə bu maddə ərizəçiyə anlaqlılığını bərpa etmək üçün şəxsən məhkəmələrə müraciət etmək hüququ verir.
224. Böyük Palata 29 iyun 2010-cu ildə Palatanın qəbuledilənlilik məsələsinə dair qərarında Hökumətin qənaətinə görə ərizəçinin öz hüququ statusuna baxış keçirilməsinə imkan yaradan vasitəyə onun çıxışının olmasını mübahisələndirdiyini və həmin arqumentin 6-ci maddənin 1-ci paraqrafı ilə onun şikayətini gücləndirdiyini müşahidə etmişdi. Palata Hökumətin etirazını sözügedən şikayətə mahiyyəti üzrə baxılma mərhələsinə saxlamışdır. Böyük Palata Palatanın bu qərarından yayınmaq üçün heç bir səbəb görmür.
B. Mahiyyət məsələləri
1. Tərəflərin təqdimatları
225. Ərizəçi anlaqlılığını MPM-in 227-ci maddəsi ilə bərpa edilməsinə dair icraatı şəxsən başlamasının mümkünsüz olduğunu və bunun Ali Məhkəmənin 5/79 saylı qərarı ilə nəzərdə tutulduğunu bildirməkdə davam etdi (bax yuxarıda bənd 51). Bu arqumenti dəstəkləmək üçün o, Dupnitsa Rayon Məhkəməsinin belə icraatı başlamaqdan merin himayəçinin etibarnaməni imzalamadığı səbəbindən imtina edilməsinə dair qərarından şikayəti araşdırmaqdan imtina etdiyini bildirmişdir (bax yuxarıda 39-40-cı bəndlər).
226. Bundan başqa anlaqlılığının bərpa edilməsinə dair vəsatətin onun üçün əlçatan olmamasına baxmayaraq, ərizəçi belə vəsatəti dövlət ittihamçısı, mer və onun himayəçisi (evin müdiri) vasitəsi ilə təqdim etməyə cəhd etmişdir. Lakin bu məsələnin məhkəmələrə təqdim edilən ərizələrdə əks edildiyindən onun bütün cəhdləri boşa çıxmışdır. Nəticədə məhkəmə tərəfindən onun işinə baxılması üçün ərizəçinin heç bir imkanı olmamışdır.
227. Hökumət MPM-in 277-ci maddəsinin öz hüquqi statusuna yenidən baxılması üçün ərizəçiyə məhkəməyə birbaşa çıxışın təmin etdiyini qeyd etmişdir. Hökumət ərizəçinin dediyinə əks olaraq Ali Məhkəmənin 5/79 saylı qərarının MPM-nin 277-ci maddəsini məhdud anlaqlı şəxsin himayəçilikdən azad olmaq üçün birbaşa məhkəməyə müraciət etmək hüququna malik olması kimi şərh etdiyini vurğuladı. Belə ərizənin təqdim edilməsi üçün yeganə şərt onların vəziyyətinin yaxşılaşdırılmasını təsdiqləyən sübutun təqdim edilməsi idi. Lakin dövlət prokurorunun tələbi ilə keçirilən (bax yuxarıda bənd 37) ərizəçinin vəziyyətinin hələ də düzəlmədiyi və özü-özünə baxa bilməyə qadir olmadığı nəticəyə gələn tibbi qiymətləndirmədə göstərildiyi kimi, ərizəçidə belə sübut mövcud deyildir. Buna görə Hökumət ərizəçinin öz ərizəsini əsaslandıra bilmədiyindən özü məhkəməyə müraciət etməyə cəhd etmədiyi nəticəsinə gəlmişdir.
228. Hökumət daha sonra müşahidə etmişdir ki, məhkəmələr anlaqlılığın bərpasına dair, misal üçün, himayəçi tərəfindən təqdim edilən ərizələrə, mütəmadi qaydada baxmışdır (bax yuxarıda bənd 52).
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
229. Məhkəmə bir daha xatırladır ki, 6-cı Maddənin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri ilə bağlı istənilən tələbi ilə əlaqədar olaraq məhkəmə və ya məhkəmə funksiyalarını həyata keçirən orqan qarşısında iş qaldırmaq hüququnu təmin edir (bax Qolder Birləşmiş Krallığa qarşı (Golder v. UK), 21 fevral 1975-ci il, 36-cı bənd, A seriyaları, № 18). Mülki hüquqlarının həyata keçirilməsinə müdaxilənin qanunsuz olduğunu hesab etməsi üçün əsaslı səbəbləri olan və həmin tələbi ilə əlaqədar olaraq 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab verən məhkəmədə iş qaldırması üçün ona heç bir imkan yaradılmamasından şikayət edən hər kəs bu tələbi ilə əlaqədar olaraq "məhkəmədə iş qaldırmaq hüququna" (məhkəməyə çıxış bu hüququn bir aspektidir) istinad edə bilər (digər qərarlarla yanaşı, bax Roşe Birləşmiş Krallığa qarşı (Roche v. the United Kingdom) [Böyük Palata], ərizə № 32555/96, 117-ci bənd, ECHR 2005‑X; və Salontaci-Drobnyak Serbiyaya qarşı (Salontaji-Drobnjak v. Serbia), ərizə № 36500/05, 117-ci bənd, 13 oktyabr 2009-cu il).
230. Məhkəmələrə çıxış hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər; dolayısı ilə belə məhdudiyyətlərə ona görə icazə verilir ki, məhkəməyə müraciət hüququ "öz təbiətinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və bu tənzimləmə cəmiyyətin və fərdlərin tələbatlarına və resurslarına müvafiq olaraq zamana və məkana görə fərqli ola bilər" (bax Aşinqdeynin, yuxarıda istinad edilib, bənd 57). Həmin tənzimləmənin həyata keçirilməsində iştirakçı dövlətlər müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər. Konvensiyanın tələblərinə riayət edilib-edilmədiyi barədə yekun qərar vermək Məhkəmənin öhdəsinə düşsə də, bu sahədə hansı siyasətin ən yaxşı siyasət ola biləcəyini müəyyənləşdirmək üçün milli hakimiyyət orqanlarının apardığı qiymətləndirməni öz qiymətləndirməsi ilə əvəz etmək Məhkəmənin funksiyasına daxil deyil. Bununla belə, tətbiq edilən məhdudiyyətlər şəxsin məhkəməyə müraciət hüququnu bu hüququn mahiyyətinə xələl gətirən tərzdə və ya dərəcədə məhdudlaşdırmamalıdır. Bundan başqa, məhdudiyyət qanuni məqsəd daşımırsa və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, belə məhdudiyyət 6-cı maddənin 1-ci bəndinə uyğun olmayacaq (yenə yuxarıdakı qərarın eyni bəndinə bax; həmçinin bir çox digər qərarlar arasında bax Kordova İtaliyaya qarşı (Cordova v. Italy) (№ 1), ərizə № 40877/98, 54-cü bənd, ECHR 2003-I; müvafiq prinsiplərin qısa xülasəsi üçün bax Fayed Birləşmiş Krallığa qarşı (Fayed v. the United Kingdom), 21 sentyabr 1994-cü il, 65-ci bənd, A seriyaları, № 294-B).
231. Bundan başqa, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədini daşıyır. Bu, xüsusən 6-cı maddə ilə təmin olunan hüquqlara aiddir, belə ki, həmin maddədə nəzərdə tutulmuş bütün təminatlarla birlikdə ədalətli məhkəmə araşdırması hüququna demokratik cəmiyyətdə mühüm yer verilir (bax Lixtenşteyn şahzadəsi II Hans-Adam Almaniyaya qarşı (Prince Hans-Adam II of Liechtenstein v. Germany) [Böyük Palata], ərizə № 42527/98, 45-ci bənd, ECHR 2001-VIII).
232. Nəhayət, Məhkəmə qeyd edir ki, "əqli qüsuru olan şəxslərlə" bağlı baxdığı işlərin çoxunda ölkədaxili məhkəmə icraatı onların həbsdə saxlanılması ilə əlaqədar olub və buna görə də həmin işlərə Konvensiyanın 5-ci maddəsi əsaslında baxılıb. Bununla belə, o, dəfələrlə bildirib ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş "prosessual" təminatlar əsasən 6-cı maddənin 1-ci bəndindəki təminatlara oxşardır (misal üçün bax Vinterverp (Winterwerp) işi üzrə yuxarıda istinad edilən qərar, 60-cı bənd; Sançes-Rayse İsveçrəyə qarşı (Sanchez-Reisse v. Switzerland), 21 oktyabr 1986-cı il, 51-ci və 55-ci bəndlər, A seriyaları, № 107; Kampanis Yunanıstana qarşı (Kampanis v. Greece), 13 iyul 1995-ci il, 47-ci bənd, A seriyaları, № 318-B; və İliykov Bolqarıstana qarşı (Ilijkov v. Bulgaria), ərizə № 33977/96, 103-cü bənd, 26 iyul 2001-ci il). Ştukaturovun işində (yuxarıda istinad edilmiş həmin iş üzrə qərarın 66-cı bəndi) şəxsin fəaliyyət qabiliyyəti ilə əlaqədar olan məhkəmə icraatının ədalətli olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə 5-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinə və 4-cü bəndinə aid olan öz presedent hüququnu müvafiq dəyişikliklərlə nəzərə aldı.
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
233. Məhkəmə ilk öncə müşahidə edir ki, hazırkı işdə heç bir tərəf anlaqlılığın bərpası icraatına 6-cı maddənin tətbiq edilməsini mübahisələndirmir. Anlaqlılıqdan qismən məhrum olunan ərizəçi Bolqarıstan qanunlarının onun anlaqlılığını bərpa etmək üçün məhkəməyə birbaşa çıxışını təmin etməməsindən şikayət edirdi. Məhkəmə fəaliyyət qabiliyyətin bərpası prosesinin “mülki hüquq və vəzifələrini” müəyyən etmək üçün birbaşa həlledici olduğunu aydınlaşdırmışdır (bax Matter Slovakiyaya qarşı (Matter v. Slovakia), no. 31534/96, § 51, 5 iyul 1999-cu il). Buna görə hazırkı işdə Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı tətbiq edilə bilər.
234. Ərizəçinin məhkəməyə çıxışının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması və əgər məhdudlaşdırılıbsa, belə məhdudiyyətin legitim (qanuni) məqsədə xidmət edib-etməməsi və həmin məqsədə mütənasib olub-olmaması müəyyənləşdirilməlidir.
235. Məhkəmə ilk öncə anlaqlılığı bərpa etmək üçün Bolqarıstan məhkəmələrinə birbaşa müraciət etmək üçün anlaqlılığı olmayan şəxsin məhkəməyə müraciət etmək hüququna (locus standi) malik olması məsələsinə dair tərəflərin fərqli fikirlərinin olduğunu qeyd edir; Hökumət bu hüququn olmasını iddia edir, lakin ərizəçi bunu rədd edir.
236. Məhkəmə ərizəçinin Bolqarıstan məhkəməsinə ərizə vermək üçün qismən himayə altında olan şəxsdən 1952-ci il tarixli MPM-nin 277-ci maddəsində (sonradan bu müddəa 2007-ci il tarixli MPM-nin 340-cı maddəsi olmuşdu) istinad edilən şəxslərin dəstəyini təmin etmək tələb edildiyinə dair arqumenti ilə razılaşır. Bolqarıstan qanunlarına əsasən məhkəməyə müraciət etmək hüququ olan şəxslərin siyahısı qismən himayəçilikdə olan şəxsləri aydın şəkildə özündə əks etdirmir (bax yuxarıda 45 və 51-ci bəndlər).
237. 1980-ci il tarixli Ali Məhkəmənin qərarına gəldikdə (bax yuxarıda 51-ci bənd), Məhkəmə müşahidə edir ki, qərarın 10-cu bəndinin dördüncü cümləsi ayrılıqda oxunduqda qismən himayəçilik altında olan şəxsin məhkəməyə birbaşa çıxışının olması təəssüratı yarada bilər; Ali Məhkəmə daha sonra izah edir ki, fəaliyyət qabiliyyəti qismən məhdud olan şəxsin himayəçisinin və himayəçi orqanın anlaqlılığın bərpa edilməsi üçün icraatı başlamaqdan imtina etdiyi təqdirdə sözügedən şəxs dövlət ittihamçısından bunu etməyi xahiş edə bilər. Məhkəmənin fikrincə, dövlət ittihamçısının işə müdaxilə etməsinə çalışmaq zərurəti qismən himayə altında olan şəxslər üçün məhkəməyə birbaşa çıxışın olması ilə eyni məna daşımır, çünki burada müdaxilə etmək qərarı prokurorun səlahiyyətinə buraxılır. Bu səbəbdən 1980-ci il tarixli Ali Məhkəmənin qərarının Bolqarıstan qanunlarında belə çıxışın olmasını açıq-aydın təsdiqlədiyini söyləmək olmaz.
238. Məhkəmə Hökumətin qismən himayəçilikdə olan şəxslərin bu statusunun götürülməsi üçün sərbəst şəkildə məhkəməyə vəsatət vermək imkanını göstərən heç bir məhkəmə qərarı təqdim etmədiyini qeyd edir. Lakin Hökumət anlaqlılığı tam olaraq itirmiş şəxsin himayəçisi tərəfindən anlaqlılığın bərpa edilməsinə dair təqdim edilən ən azı bir ərizənin uğurlu olmasını nümayiş etdirmişdir (bax yuxarıda bənd 52).
239. Beləliklə, Məhkəmə ərizəçinin öz himayəçisi və ya MPM-nin 277-ci maddəsində sadalanan şəxslərin vasitəsilə müraciətdən başqa, öz anlaqlılığın bərpa edilməsi üçün şəxsən müraciət edə bilmədiyi qənaətinə gəlmişdir.
240. Məhkəməyə çıxış məsələsinə gəldikdə, Məhkəmə yerli qanunların fəaliyyət qabiliyyətindən tam məhrum edilmiş və ərizəçi kimi qismən anlaqlılığa malik olan şəxslər arasında heç bir fərq qoymadığını vurğulayır. Bundan başqa, daxili qanunvericilik şəxsi himayəçiliyə vermənin əsaslarının hələ də aktual olub-olmamasını yoxlamaq üçün heç bir vaxtaşırı avtomatik nəzarət imkanı nəzərdə tutmur. Nəhayət, ərizəçinin işində sözügedən tədbirə heç bir vaxt məhdudiyyəti qoyulmamışdır.
241. Məlumdur ki, məhkəməyə çıxış hüququ mütləq deyil və öz təbiəti ilə tədqiq olunan sahəni tənzimləmək üçün Dövlətin müəyyən qiymətləndirmə sərbəstliyinə malik olmasını tələb edir (bax Ashingdane, yuxarıda istinad edilib, § 57). Bundan başqa Məhkəmə etiraf edir ki, şəxsin prosedural hüquqlarına qoyulan məhdudiyyətə, hətta şəxsin qismən anlaqlılığından məhrum edildiyi hallarda, şəxsin özünü qorumaq, digərlərinin hüquqlarını qorumaq və ədalətin lazımı qaydada həyata keçirmək naminə olduqda bəraət qazandırıla bilər. Lakin bu hüquqların həyata keçirilməsinin vacibliyi sözügedən şəxsin məhkəmə qarşısında qaldırmaq istədiyi iddianın məqsədindən asılı olaraq dəyişir. Xüsusi olaraq, sözügedən şəxs üçün məhkəməyə müraciət edərək anlaqsız elan edilməsi məsələsinə yenidən baxmağı tələb etmək hüququ ən vacib hüquqlardandır, çünki belə prosedur başlandığı andan anlaqlılıq haqqında qərarın toxunduğu bütün hüquq və azadlıqların həyata keçirilməsi üçün və eyni zamanda şəxsin azadlığına qoyulan məhdudiyyətlər baxımından da həlledicidir (bax Shtukaturov, yuxarıda istinad edilib, bənd 71). Buna görə Məhkəmə bu hüququn anlaqlılığından qismən məhrum edilmiş şəxslərin müdafiəsi üçün ən əsas prosedur hüquqlarından biri olduğunu hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, prinsipcə həmin şəxslər bu sahədə məhkəmələrə birbaşa çıxışdan istifadə edə bilməlidir.
242. Bununla belə, Dövlət bu birbaşa çıxışın hansı prosedur vasitəsi ilə həyata keçirilməsini müəyyən etməkdə sərbəstdir. Eyni zamanda Məhkəmə sadəcə məhkəmələrin çox saylı və əsassız ərizələrlə hədsiz yüklənməsinin qarşısını almaq üçün bu sahədə yerli qanunvericiliyin məhkəməyə çıxış üçün müəyyən məhdudiyyətlər nəzərdə tutmasını 6-cı maddə ilə bir araya sığmadığını hesab edir. Bununla belə, birbaşa çıxışdan avtomatik imtinadan daha az məhdudiyyətli, misal üçün, təqdim edilən ərizələrin sayını məhdudlaşdırmaqla və ya işdə olan sənədlər əsasında onların qəbuledilənlilik məsələsinə ilkin baxışın keçirilməsi sistemini tətbiq etməklə bu problemi həll etmək olar.
243. Məhkəmə bu kontekstdə araşdırılan iyirmi milli hüquq sistemlərindən on səkkizinin öz hüquqi statusuna yenidən baxılmasını istəyən qismən anlaqlılığı məhdudlaşdırılmış şəxslərin məhkəmələrə birbaşa çıxışını tanımasını müşahidə edir. On yeddi dövlətdə bu çıxış hətta qabiliyyəti tam məhdudlaşdırılan şəxslər üçün də açıqdır (bax yuxarıda bəndlər 88-90). Bu hal Avropa səviyyəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərə öz anlaqlılığını bərpa etmək üçün məhkəmələrə birbaşa çıxış imkanının verilməsi tendensiyasının olmasına işarə edir.
244. Məhkəmə əqli qüsurlu şəxslərin müdafiəsi sahəsində olan beynəlxalq sənədlərdə bu şəxslərə mümkün qədər çox hüquqi muxtariyyətin verilməsinə getdikcə artan diqqətini də qeyd etməyi özünə borc bilir. Bu baxımdan Məhkəmə Əlilliyi olan şəxslərin Hüquqları haqqında BMT-nin 13 dekabr 2006-ci il tarixli Konvensiyasına və Avropa Şurasının Nazirlər Komitəsinin Fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqi müdafiəsinin prinsipləri haqqında R(99)4 saylı Tövsiyəsinə istinad edir. Bu sənədlərdə fəaliyyət qabiliyyəti olmayan şəxsləri mümkün qədər çox müdafiə etmək üçün müvafiq prosedur təminatların mövcud olmasını, onların statusuna ara-sıra yenidən baxılmasını və müvafiq hüquqi vasitələrin əlçatan olmasını təmin etməyi tövsiyə edir (bax yuxarıda bəndlər 72-73).
245. Qeyd edilənlərə, xüsusən də müxtəlif dövlətlərin milli qanunvericiliyində və müvafiq beynəlxalq sənədlərdə baş verən tendensiyalara uyğun olaraq, Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafını ərizəçinin işində olduğu kimi qismən anlaqlı elan edilmiş hər kəsə özünün hüquqi statusunun bərpa edilməsi üçün məhkəməyə birbaşa çıxışının, prinsipcə, təmin etməsi kimi şərh edilməlidir.
246. Hazırkı işdə Məhkəmə belə birbaşa çıxışın Bolqarıstanın müvafiq qanunvericiliyində yetərli dəqiqliyi ilə təmin edilmədiyini müşahidə edir. Bu nəticə ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu barədə qərar qəbul etməyə kifayətdir.
247. Yuxarıdakı nəticə Məhkəməni Hökumət tərəfindən istinad edilən dolayı hüquqi vasitələrin ərizəçiyə onun işinin məhkəmə qarşısına çıxarılacağına yetərli təminatların verib-verməməsini araşdırmaqdan azad edir.
248. Buna görə Məhkəmə yerli vasitələrin tükəndirilməməsinə dair etirazını (bax yuxarıda bənd 223) rədd edir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu nəticəsinə gəlir.
VI. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN TƏKLİKDƏ VƏ 13-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ İDDİA EDİLƏN POZUNTUSU İLƏ BAĞLI
249. Ərizəçi Pastra sosial himayə evindəki, oradakı yaşayış şəraiti də daxil olmaqla, məhdud himayəçilik rejiminin onun şəxsi həyat və ev hüquqlarına hörmət edilməsinə əsassız müdaxiləyə bərabər olmasını iddia edirdi. O, bu baxımdan Bolqarıstan qanununun yetərli və əlçatan vasitə nəzərdə tutmadığını da qeyd etdi. O, Konvensiyanın 8-ci maddəsinə təklikdə və 13-cü maddə ilə birgə götürülməklə istinad edirdi.
8-ci maddədə deyilir:
“1. 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
250. Ərizəçi himayəçilik rejiminin onun fərdi işinə fərq qoymadığını, məhdudiyyətlərin avtomatik olaraq hakim tərəfindən anlaqsız şəxs elan edilmiş bütün fərdlərə tətbiq edildiyini qeyd edirdi. O, Pastra sosial himayə evində yaşamaq faktının cəmiyyətin həyatında iştirak etməkdə və öz seçdiyi insanlarla münasibətlər qurmaqda ona mane olduğunu da qeyd etdi. Səlahiyyətli orqanlar cəmiyyətin özündə alternativ müalicə vasitələrinin axtarılmasına və ya şəxsin azadlığını daha az məhdudlaşdıran tədbirlərin görülməsinə cəhd etməmişdir ki, həmin şəxsdə “institusionallaşma sindromu”, yəni sosial bacarıqların və özünəməxsus fərdi xüsusiyyətlərin itirilməsi sindromu, inkişaf etməsin.
251. Hökumət həmin ittihamları mübahisələndirdi.
252. Məhkəmə Konvensiyanın 3, 5, 6 və 13-cü Maddələri üzrə gəldiyi nəticələri nəzərə alaraq, Konvensiyanın 8-ci Maddəsi ilə təklikdə və ya 13-cü Maddə ilə birgə götürülməklə ayrıca iddianın yarandığını hesab etmir. Bu səbəbdən də hazırkı şikayəti araşdırmağa zərurət yoxdur.
VII. KONVENSİYANIN 46 VƏ 41-Cİ MADDƏLƏRİ İLƏ BAĞLI
A. Konvensiyanın 46-cı Maddəsi
253. Konvensiyanın 46-cı Maddəsinin müvafiq hissələrinə əsasən:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. ...”
254. Məhkəmə vurğulayır ki, Konvensiyanın 46-cı Maddəsi ilə Razılığa gələn Tərəflər Məhkəmənin, tərəf olduqları və icrasına Nazirlər Komitəsinin nəzarət etdiyi yekun qərarlarına tabe olmaq öhdəliyi götürür. Bu o deməkdir ki, Məhkəmənin Konvensiyanın və ya ona əlavə edilmiş Protokolların pozuntusunu müəyyən etdiyi qərar cavabdeh Dövlətin üzərinə təkcə əvəzin ədalətli ödənilməsi üçün müəyyən olunmuş məbləğin ödənilməsi öhdəliyini deyil, həm də Nazirlər Komitəsinin nəzarəti altında, öz daxili qanunvericiliyində Məhkəmə tərəfindən müəyyən olunmuş pozuntuya son qoyulması və onun nəticələrinin mümkün qədər aradan qaldırılması üçün ümumi və/və ya müvafiq fərdi tədbirlər görmək öhdəliyi daşıyır (bax Menteş və Başqaları Türkiyəyə qarşı (Menteş and Others v. Turkey) (Maddə 50), 24 iyul 1998-ci il, § 24, Hesabatlar 1998‑IV; Scozzari və Giunta İtaliyaya qarşı (Scozzari and Giunta v. Italy) [GC], nömrələr 39221/98 və 41963/98, § 249, ECHR 2000-VIII; və Maestri İtaliyaya qarşı (Maestri v. Italy) [GC], no. 39748/98, § 47, ECHR 2004-I). Məhkəmə daha sonra qeyd edir ki, Dövlət Konvensiyanın 46-cı Maddəsinə əsasən daşıdığı öhdəliyin həyata keçirilməsi üçün dövlətdaxili hüquq sistemində istifadə edəcəyi vasitələri, Nazirlər Komitəsinin monitorinqi altında, seçməkdə sərbəstdir (bax Scozzari və Giunta, yuxarıda istinad edilib; Brumărescu Rumıniyaya qarşı (Brumărescu v. Romania) (ədalətli kompensasiya) [GC], no. 28342/95, § 20, ECHR 2001-I; və Öcalan Türkiyəyə qarşı (Öcalan v. Turkey) [GC], no. 46221/99, § 210, ECHR 2005‑IV).
255. Bununla belə, cavabdeh Dövlətə 46-cı Maddəyə əsasən daşıdığı öhdəliklərinin icrasına kömək etmək üçün, Məhkəmə mövcud olduğunu müəyyən etdiyi vəziyyətə son qoyulması üçün görülə bilən fərdi və/və ya ümumi tədbirlərin növlərini də göstərməyə çalışa bilər (bax Broniovski Polşaya qarşı (Broniowski v. Poland) [GC], no. 31443/96, § 194, ECHR 2004-V, və Skoppola İtaliyaya qarşı (Scoppola v. Italy) (no. 2) [GC], no. 10249/03, § 148, ECHR 2009‑...).
256. Hazırkı işdə Məhkəmə 5-ci Maddənin pozuntusunu müəyyən etdiyini nəzərə alaraq, hesab edir ki, bu qərarın icra olunması üçün fərdi tədbirlərin göstərilməsi zəruridir. Məhkəmə qeyd edir ki, 5-ci Maddənin pozuntusu, hər hansı azadlıqdan məhrumetmənin “qanunla müəyyən olunan prosedura uyğun” olmalı olması barədə tələbə əməl olunmaması və ərizəçinin azadlıqdan məhrum edilməsinin (e) alt-bəndinə və ya 5-ci Maddənin 1-ci bəndinin hər hansı digər alt-bəndlərinə uyğun olaraq əsaslandırılmaması səbəbindən müəyyən olunmuşdur. Məhkəmə həmçinin, ərizəçinin sosial himayə evinə yerləşdirilməsinə haqq qazandıran hər hansı xəstəliklərin mövcudluğunun və davam etməsinin qiymətləndirilməsindəki qüsurlar barədə də qeyd etdi (bax yuxarıda bəndlər 148-160.
257. Məhkəmə hesab edir ki, ərizəçinin hüquqlarının pozulmasınının nəticələrinin aradan qaldırılması üçün dövlət orqanları onun sözügedən himayə evində qalmaq istəyib istəmədiyini müəyyənləşdirməlidir. Əgər ərizəçinin yerləşdirilməsi ilə razılaşdığı sübut olunarsa, bu qərarın heç bir hissəsi onun Pastra sosial himayə evində və ya ruhi xəstəlikdən əziyyət çəkən şəxslər üçün hər hansı digər himayə evində yerləşdirilməsinin davam etməsinə mane olmamalıdır. Lakin, əgər ərizəçi bu cür yerləşdirməyə etiraz edərsə, dövlət orqanları bu qərar əsasında onun vəziyyətinə təxirə salmadan yenidən baxmalıdır.
258. Məhkəmə qeyd edir ki, anlaqlılıqdan qismən məhrum edilmiş şəxsin anlaqlılığının bərpa olunması üçün məhkəməyə birbaşa müraciət etmək imkanı olmadığından, o, həmçinin 6-cı Maddənin 1-ci bəndinin də pozulmuş olduğunu müəyyən etmişdir (bax yuxarıda bəndlər 233-248). Həmin qərarı nəzərə alaraq, Məhkəmə tövsiyə edir ki, cavabdeh Dövlət bu cür səmərəli imkanın təmin edilməsi üçün zəruri olan ümumi tədbirlərin həyata keçirilməsini də nəzərdə tutsun.
B. Konvensiyanın 41-ci Maddəsi
259. Konvensiyanın 41-ci Maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ya ona dair Protokolların müddəalarının pozulduğunu müəyyən edirsə və əgər Razılığa gələn Yüksək Tərəfin daxili hüququ yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
1. Zərər
260. Ərizəçi maddi zərərlə bağlı hər hansı bir iddia etməsə də, mənəvi zərərə görə 64,000 AVRO tələb etdi.
261. Ərizəçi bildirdi ki, o, sosial himayə evində pis həyat şəraitində yaşamağa məcbur olmuşdur və buna görə də 14,000 AVRO tələb etdi. Pastra sosial himayə evinə yerləşdirilməsi ilə bağlı bildirdi ki, o, 2002-ci ilin dekabrında həmin tədbirin həyata keçirilməyə başlandığı vaxtdan narahatçılıq hiss keçirmiş, ehtiyac içində olmuş və planları pozulmuşdur. O, öz sosial mühitindən uzaqlaşdırıldığından və onun cəmiyyətə yenidən inteqrasiya edə bilməsini daha da çətinləşdirən çox məhdudiyyətli bir rejimə məruz qoyulduğundan, himayə evinə məcburi yerləşdirilməsi həm də onun həyatına əhəmiyyətli dərəcədə təsir etmişdir. O, bildirdi ki, ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün sosial himayə evində qanunsuz olaraq həbsdə saxlanılmaqla bağlı müqayisə ediləsi bir presedent hüququ olmasa da, Məhkəmənin psixiatrik təsisatlarda qanunsuz olaraq saxlanılmaqla bağlı işlər üzrə verdiyi əvəzin ədalətli ödənilməsi barədə qərarlar nəzərə alınmalıdır. O, azadlıqdan aşağıdakı işlərdə olan ərizəçilərdən əhəmiyyətli dərəcədə daha uzun müddətə məhrum edilmiş olsa da,misal olaraq bu işləri göstərdi: Gajcsi Macarıstana qarşı (Gajcsi v. Hungary) (no. 34503/03, §§ 28-30, 3 oktyabr 2006-cı il) və Kayadjieva Bolqarıstana qarşı (Kayadjieva v. Bulgaria) (no. 56272/00, § 57, 28 sentyabr 2006-cı il). O, bununla əlaqədar 30,000 AVRO məbləğin ödənilməsinin ədalətli ola biləcəyini bildirdi. Nəhayət, o, əlavə etdi ki, hüquqi statusuna yenidən baxılması üçün məhkəməyə çatımının olmaması onun şəxsi həyatı sahəsində bir çox azadlıqlarının həyata keçirilməsini məhdudlaşdırmış və əlavə qeyri-maddi zərərə səbəb olmuşdur ki, bunun da aradan qaldırılmasını 20,000 AVRO ilə təmin etmək olar.
262. Hökumət bildirdi ki, ərizəçinin tələbləri həddindən artıq və əsassızdır və iddia etdi ki, əgər Məhkəmə mənəvi zərərlə bağlı hər hansı qərar verməli olsa, məbləğ psixiatriyaya məcburi qəbuletmə ilə bağlı Bolqarıstana qarşı verilmiş qərarlarda müəyyən olunmuş məbləğlərdən artıq olmamalıdır. Hökumət Kayadjieva (yuxarıda istinad edilib, § 57), Varbanov (yuxarıda istinad edilib, § 67), və Kepenerov Bolqarıstana qarşı (Kepenerov v. Bulgaria) (no. 39269/98, § 42, 31 iyul 2003-cü il) işləri üzrə verilmiş qərarlara istinad etdi.
263. Məhkəmə qeyd edir ki, o, hazırkı işdə Konvensiyanın bir neçə müddəalarının, daha dəqiq desək 3, 5 (1, 4 və 5-ci bəndlər), 6 və 13-cü Maddələrin pozuntusunu müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi himayə evinə 2002-ci ilin dekabrından başlayan və hələ də davam etməkdə olan yerləşdirilməsi, həmin yerləşdirilməyə məhkəmə tərəfindən yenidən baxılmasının mümkünsüzlüyü və qismən qəyyumluq altında olamqdan azad edilmişi üçün məhkəməyə müraciət edə bilməməsi nəticəsində iztiraba məruz qalmışdır. Şübhəsiz ki, bu iztirablar onda acizlik və təşviş hissi yaratmışdır. Məhkəmə daha sonra hesab edir ki, yeddi ildən artıq müddətdə yaşamalı olduğu alçaldıcı həyat şəraiti səbəbindən ərizəçi qeyri-maddi zərərə məruz qalmışdır.
264. Məhkəmə, Konvensiyanın 41-ci Maddəsi ilə tələb olunan əsaslarla, hesab edir ki, mənəvi zərərlə bağlı ərizəçiyə ümumilikdə 15,000 AVRO məbləğində kompensasiya ödənilməlidir.
2. Xərclər və məsrəflər
265. Ərizəçi xərclər və məsrəflərlə bağlı heç bir tələb irəli sürməmişdir.
3. Qərarın icrasının gecikdirilməsinə görə faiz
266. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
1. Yerli hüquqi müdafiə vasitələrin tükəndirilməməsi ilə bağlı Hökumətin təqdim etdiyi ilkin etirazları yekdilliklə rədd edir;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndi pozulmuşdur;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 5-ci Maddəsinin 4-cü bəndi pozulmuşdur;
4. Yekdilliklə qərara alır ki, Konvensiyanın 5-ci Maddəsinin 5-ci bəndi pozulmuşdur;
5. Yekdilliklə qərara alır ki, Konvensiyanın 3-cü Maddəsi təklikdə və 13-cü Maddə ilə birgə götürülməklə pozulmuşdur;
6. Yekdilliklə qərara alır ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi pozulmuşdur;
7. Dörd səsə qarşı on üç səslə qərara alır ki, təklikdə və 13-cü Maddə ilə birgə götürülməklə Konvensiyanın 8-ci Maddəsinin pozulub pozulmadığını araşdırmağa zərurət yoxdur;
8. Yekdilliklə qərara alır ki,
(a) cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə qeyri-maddi zərərə görə 15,000 (on beş min) AVRO ödəməlidir ki, bunlar qərarın icra olunduğu tarixin məzənnəsi əsasında Bolqarıstan lev-inə çevrilməlidir və tutula bilən hər hansı vergilər də məbləğin üzərinə gəlinməlidir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
9. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 17 yanvar 2012-ci il tarixində Strasburqda, İnsan Hüquqları Binasında keçirilən açıq məhkəmə iclasında təqdim olunmuşdur.
Vincent BergerNicolas Bratza
HüquqşünasSədr
“Ayrı rəylər tərcümə olunmayıb, lakin onları Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasında qərarın rəsmi ingilis və/və ya fransız dillərində olan versiyasında görə bilərsiniz.”
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy